Электронная библиотека » Elza Səmədli » » онлайн чтение - страница 1

Текст книги "Türkkologiyaya giriş"


  • Текст добавлен: 26 октября 2022, 11:00


Автор книги: Elza Səmədli


Жанр: Прочая образовательная литература, Наука и Образование


сообщить о неприемлемом содержимом

Текущая страница: 1 (всего у книги 6 страниц) [доступный отрывок для чтения: 2 страниц]

Шрифт:
- 100% +

Elza Səmədli
Türkkologiyaya giriş

Ön söz

“Türkologiya giriş” kitabı Xəzər Unversitetində Azərbaycan dili və ədəbiyyatı filologiyası və Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisaslarında təhsil alan tələbələr üçün nəzərdə tutulmuşdur. Dərs vəsaitinin hazırlanma məqsədi türkologiya elmi və tədqiqat sahəsi, türkoloji tədqiqatlar, türk dili və onun aid olduğu dil ailəsi ilə əlaqədar təsnifatlar, türk dillərinin təsnifatı, tarixi mərhələləri haqqında tələbələrə məlumat verməkdir. Eyni zamanda tələbələrin növbəti semestrlərdə “Türk ləhcələrinin müqayisəli qrammatikası” və “Türk xalqları ədəbiyyatları kimi əlaqədar fənlərin daha yaxşı mənimsəməsi üçün özül yaratmaq və ilkin bilik və bacarıq formalaşdırmaqdır.


Tələbələr bu dərs vəsaitindən aşağıdakı bilikləri əldə edəcəklər:

– Türkologiyanın əsas mənbələrini və bu sahədəki əsaslı tədqiqatları,

– Türk dili və onun aid olduğu dil ailəsi ilə əlaqədar təsnifatlar,

– Türk dilinin yaşı və dövriləşdirilməsi haqqındakı nəzəriyyələri,

– Türk dilinin inkişaf mənbələri,

– Tarixi türk ləhcələrinin təsnifatı,

– Göytürk əlifbası,

– Qədim türk dilinin fonetik və morfolojik xüsusiyyətləri,

– Tarixi türk ləhcələrini fonetik və morfolojik xüsusiyyətləri.


Tələbələr bu dərs vəsaitinin tədris prosesi zamanı istifadəsindən aşağıdakı bacarıqlara yiyələnəcəklər:

– Türkologiyanın tədqiqat obyektini təyin edir,

– Türk dilinin aid olduğu dil ailəsinin əsas xüsusiyyətlərini müəyyənləşdirir,

– Türk dilinin tarixi mərhələlərini dövriləşdirir,

– Göytürk əlifbası ilə yazılmış mətnləri latın əlifbasına və müasir Azərbaycan dilinə çevirir,

– Göytürk əlifbası ilə yazılmış mətnləri oxuyur və fonetik-morfolojik təhlil edir.

– Qədim türk dilinin fonetik və morfolojik xüsusiyyətlətini mətnlər üzərində təhlil edir.

– Uyğur türkləri, Uyğur türklərindən qalan əsərlər, Uyğur türkcəsinin əsas xüsusiyyətlərini izah edir,

– Qarluq qrupu türk ləhcələrini fonetik və morfolojik xüsusiyyətlərini müəyyən edir və mətn üzərində təhlil edir,

– Qədim Oğuz türkcəsinin fonetik və morfolojik xüsusiyyətlərini müəyyən edir və mətn üzərində təhlil edir,

Türkologiyanın tədqiqat tarixi və mənbələri

Bu bölmədə öyrənəcəksiniz:

– Türkologiya nəyi öyərənir

– Türkologiyanın tədqiqat sahələri

– Əsas türkoloji tədqiqatlar


Türkologiya türklük haqqında elm deməkdir. Bu elm sahəsi qədim və müasir türk dillərini, onların tarixi inkişaf mərhələlərini və arealını, folklorunu, ədəbiyyatını, tarixini, maddi və mənəvi mədəniyyətini, etnoqrafiyasını, ümümiyyətlə, türklərlə bağlı bütün sahələri öyrənir. Bu sahələri öyrənən tədqiqatçılara və elm adamlarına isə türkoloq deyilir. Türkologiya eyni zamanda türkologiya ilə məşğul olmuş elm adamlarını və onların fəaliyyətlərini öyrənir.

Türkologiyaya yaxın elm sahələri altayşünaslıq və monqolşünaslıqdır. Bu elm sahələri eyni dil qrupuna daxil olan Altay dillərini müqayisəli şəkildə öyrənir.

Türkologiya sahəsindəki tədqiqatlar və nəşrlər Qərbi Avropa ölkələrində başlamışdır. Avropalılar türklər və türk ləhcələri ilə əlaqədar ilk məlumatları müharibə əsirləri və türklər arasında xristiyanlığı təbliğ edən misyonerlər vasitəsi ilə əldə etmişlər. Bundan başqa, avropalılar müxtəlif dillərdə yazılmış qədim dövrlərə aid mənbələri də toplayaraq türklər haqqında dağınıq məlumatları öyrənməyə başlamışlar. Əslində bu elmin tarixi Avropada XIV əsrdən başlanır. Ancaq bu sahəni “Türklərdən bəhs edən elm” kimi genişlətsək, o zaman bu tarix daha qədim dövrlərə latın və Bizans mənbələrinə qədər uzanır. Belə ki, bütün avropa xalqları Ammianus Marcellinus (IV əsr), Priskos (ölm. təxminən 472), Sidonius Apollinaris (V əsr), Jordanes (VI əsr), Prokopios (VI əsr), Menandros Protektor (VI əsr), Gregoire de Tours (ölm. 594) kimi yazıçılardan qədim Türklər haqqında məlumat əldə etmişlər. Əslində qeyd olunan bu əsərlərdə türk dilində bəzi adlar və sözlər də işlənmişdir.

XIV əsrin əvvəllərində avropada türk dilinə aid bir əsər yazılmışdır. Elm aləmində Codex Cumanicus olaraq tanınan bu lüğət kuman türklərinin dilindən bəhs edir. Türk dilinin bu əsərdən daha qədim dövrlərə aid istər runik, istərsə də ərəb hərfli mənbələri ilə yanaşı latın hərfli bu əsər türkologiya üçün əsas mənbələrdən biridir. Türkologiyanın mənbələrindən bəhs edərkən əlbəttə ki, qədim çin mənbələrini unutmaq olmaz. Həm türk xalqının, həm də türk dilinin tarixini öyrənilməsi baxımından misilsiz əhəmiyyətli olan “Çin yıllıkları” qədim türk qəbilə və tayfaları və onları dilləri ilə əlaqədar məlumatlar verir.

Beləliklə, bugün türkologiya elmi adlandırdığımız sahə Avropada vüsət tapmış və zaman-zaman inkişaf etmişdir. Qərbi Avropa ölkələri ilə birliktə türkologiyanın öyrənildiyi və inkişaf etdirirldiyi ölkələrdən biri bugünki Rusiya və əvvəlki Sovet İttifaqı ölkələridir. Türk xalqlarının 70 il ərzində Sovet İttifaqının tərkibində qalması bu ölkədə Türkologiyanın inkişaf etməsinin əsas səbəblərindən biridir. Sovet türkologiya məktəbi beynəlxalq aləmdə xüsusi bir yer tutmaqdadır.

Rusiyada Oktyabr inqilabına qədər olan dövrdəki türkoloji tədqiqatları rus alimi A.N. Kononov “Türk dillərinin öyrənilmə tarixini Oktyabr inqilabına qədərki dövr” adlı əsərində göstərmişdir. O, bu əsərdə Qərbi Avropa, Rusiya və Sovet İttifaqı, Türkiyə, Amerika Birləşmiş Ştatları və Yaponiyadakı türkoloji tədqiqatlara və nəşrlərə yer vermişdir.

A.N.Kononov eyni zamanda həmin dövrdə Rusiyada yetişən türkoloqların həyatlarından və tədqiqatlarından bəhs edən biobiblioqrafiq lüğətdə nəşr etdirmişdir.

Türkologiya sahəsindəki tədqiqatlarla əlaqədar bir başqa dəyərli əsər 1975-ci ildə S.D.Miliband tərəfindən nəşr etdirilən “Sovet şərqşünaslarının biobiblioqrafiq lüğəti”dir.

Türkiyəli alim H.Ərən 1998-ci ildə nəşr etdiyi “Türklük Bilimi Sözlüğü” kitabının I cildində xarici türkoloqların həyat və fəaliyyətlərini incələmişdir.

Dil nəzəriyyələri, Türk dilinin dünya dilləri arasındakı yeri

Bu bölmədə öyrənəcəksiniz:

– Altay dilləri nəzəriyyəsi və tərəfdarları;

– Altay dillərinin ortaq xüsusiyyətləri;

– İskit (Skif) dilləri nəzəriyyəsi;

– Turani dillər nəzəriyyəsi;

– Yafes nəzəriyyəsi;

– Nostratik nəzəriyyə;

– Avrasyatik nəzəriyyə;

– Monogenist nəzəriyyə.

Altay dilləri nəzəriyyəsi

Dünyadakı dil qrupları içində türk dili dilçilər tərəfindən geneoloji sinifləndirmədə Altay dil qrupuna daxil edilir.

Altay dilləri – türk, monqol, tunqus-mancur və XX əsrin ikinci yarısından da koreya və yapon dillərinin eyni mənşədən törəməsini və qohumluğunu qəbul edən nəzəriyyənin adıdır. Bu nəzəriyyəyə görə, bəhs olunan dillər ulu Altay dilindən törəmiş və tədricən müstəqil dillər kimi formalaşmışdır.

Johann Philip Tabbert (von Strahlenberg) və Ural-Altay dilləri nəzəriyyəsi. Əslində Altay dilləri nəzəriyyəsinin başlanğıcı XVIII əsrdə qoyulur. Belə ki, Ural-Altay dilləri nəzəriyyəsinə ilk diqqət çəkən Poltava müharibəsində ruslara əsir düşən İsveçrəli Johann Philip Tabbert (von Stralenberg) olmuşdur. O, “Avropa və Asiyanın şimal-şərq hissəsi” adlı əsəri ilə Ural-Altay məktəbinin qurucusu sayılır. Starlenberg bu əsərində Volqa çayı hövzəsində və Sibirdə yaşayan türk qəbilələrini Kiçik və Böyük Tatarıstan olaraq iki coğrafi qrupa ayırmış və bəhs etdiyi dilləri “Tatar dilləri” adlandırmışdır. Əsərinə “Tabula polyglotta” cədvəlini əlavə edən Strahlenberg Tatar adlandırdığı 32 dil və dialekti 6 qrupa ayırmışdır:

1. Fin-Uqor;

2. Türk-Tatar;

3. Samode yaxud Samoyed;

4. Monqol-Mancurya;

5. Tunquz;

6. Qara dənizlə Xəzər dənizi arasındakı xalqlar.

Təsnifatındakı xətalara rəğmən Ural-Altay dillərinə diqqət çəkməsi baxımından Stralenbergin tədqiqatının türkologiyanın tarixində əhəmiyyətli yer tutur.

Əslində türkologiya elmi üçün Stralenbergin xidməti sadəcə bundan ibarət deyildir. O, tədqiqat üçün Cənubi Sibirdə olan Daniel Messerşimidin yanında yer alaraq Orxun-Yenisey abidələrinin tapılmasında və elm aləminə tanıdılmasında müstəsna xidmətləri olmuşdur. Bundan başqa, yenə o, Messerşimidlə bərabər əldə etdikləri Əbu`l-Qazi Bahadır xanın Şəcərə-i Tərakimə adlı əsərini də elm aləminə tanıtmışdır.

M.A. Kastren və Altay nəzəriyyəsi

Ural-Altay nəzəriyyəsini doğru istiqamətləndirən məşhur finoloq M.A. Kastren bu dillər arasındakı qohumluq əlaqəsinin Hind-Avropa dilləri arasındakı qədər yaxın olmadığına diqqət çəkmişdir.

M.A. Kastren Ural-Altay dillərini 5 qrupa ayırmış və bu dilləri Altay dilləri adlandırmışdır:

1. Fin-Uqor;

2. Samodi, yaxud Samoyed;

3. Türk-Tatar;

4. Monqol;

5. Tunquz dili və dialektlər.

V. Şott və Çud –Tatar dilləri nəzəriyyəsi

Əslində Ural-Altay dillərinin həqiqi müqayisəli tədqiqatı V. Şottla başlamışdır. O, bu dillərin lüğət tərkibindəki uyğunluğa və morfoloji xüsusiyyətlərə əsaslanaraq Ural-Altay qrupuna daxil olan dilləri iki qola ayırmışdır. V.Şott, fin-uqor dillərini birinci qrupa daxil edərək Çud dilləri, türk, monqol, tunqus dillərini isə ikinci qrupa daxil edərək Tatar dilləri adlandırır. V.Şott öz nəzəriyyəsinə Altay yaxud Çud-Tatar olaraq iki ad verməyi uyğun görmüşdür. Ayrıca V. Şott türk ləhçələrindəki [z] səsinin çuvaş və monqol dilində [r] səsi ilə, [ş] səsinin isə [l] səsi ilə əvəzləndiyini və çuvaş dilinin türk dillərindən biri kimi Altay dilləri arasında yer tutmasını ilk dəfə meydana çıxartdı.

Türk və monqol dilləri arasındakı münasibət ilk dəfə V. Şott tərəfindən ortaya atılmış olsa da həqiqi izahı monqol dili məktəbinin qurucusu sayılan Q.İ. Ramstedt tərəfindən verilmişdir. O əvvəlcə monqol və çuvaş dillərindəki [r] və [l] səslərinin qədim türk dilindəki [z] və [ş] səslərindən törədiyini iddia etmiş, daha sonralar isə əksini iddia edərək, qədim türk dilində [z] və [ş] səslərinin mövcud olmadığını, monqol və çuvaş dillərindəki [r] və [l]-dən törədiyinə qərar verir. Bu fərziyyə daha sonra N. Poppe tərəfindən də inkişaf etdirilmişdir.

M.A. Kastren kimi V. Şott da Çud dilləri ilə Altay dilləri arasında ümumi oxşarlıq görmürdü. Onların hər ikisi yaxınlıq və qohumluq əlaqəsini açıq şəkildə hər iki qrupa daxil olan dillərin öz arasında mövcud olduğunu qəbul edirdilər.

F.Wiedemann və Ural-Altay dillərinin ortaq xüsusiyyətləri

1838-ci ildə V. Şottla təxminən eyni vaxtda eston alimi F. Viedemann “Çud xalqının qədim ərazisi və onların mərkəzi Asiya xalqları arasındakı dil qohumluğu haqqında” adlı əsərində fin-uqor dilləri ilə Altay dillərinin ortaq fonetik və qrammatik xüsusiyyətlərini göstərmişdir. Bu xüsusiyyətlər eyni zamanda Ural-Altay dillərini Hind-Avropa dillərindən ayıran xüsusiyyətlərdir.

1. Ahəng qanunu Ural-Altay dilləri üçün səciyyəvidir.

2. Bu dillərdə qrammatik cins kateqoriyası yoxdur.

3. Ön şəkilçilərdən istifadə edilmir, yalnız saylar sözün əvvəlində qeyri müəyyənlik bildirən artikl kimi işlənə bilər.

4. Sözlər morfoloji şəkilçilərin köməyi ilə dəyişir. Yəni təsrif şəkilçilərin vasitəsi ilə əmələ gəlir.

5. İsimlərdə mənsubiyyət şəkilçiləri mövcuddur.

6. Feil formalarla zəngindir.

7. Sifətlər isimlərdən əvvəl gəlir. Yəni təyin edən təyin olunandan əvvəl gəlir.

8. Saylardan sonra isimlər cəm şəkilçisi qəbul etmir.

9. Ön şəkilçilərin əvəzinə son şəkilçi və ya qoşmadan istifadə edilir.

10. Çıxışlıq hal şəkilçisi müqayisə bildirir.

11. Köməkçi feil olaraq “malik olmaq” yerinə “olmaq, etmək və -imək” istifadə edilir.

12. Ural-Altay dillərinin bir çoxunda inkar feillər mövcuddur.

13. Sual ədatından istifadə edilir.

14. Bağlayıcılar yerinə feili sifət, feili bağlama və məsdər tərkiblərindən istifadə olunur.

Beləliklə, Ural-Altay dil qrupu həm M.A. Kastren, həm də V. Şottun tədqiqatları ilə bugünki şəklini alaraq iki qrupa ayrılmış oldu.



Koreya dili Altay dilləri qrupunda: Koreya dilinin Altay dil qrupuna daxil edilməsində rus alimi Polivanovun apardığı tədqiqatların önəmli yeri tutur. Polivanova görə, [z]=[r] və [ş]=[l] dəyişməsi baxımından Koreya dili ilə bu dillər arasında açıq bir qohumluq əlaqaəsi vardır. Hətta koreya dili türk dilinə nisbətən digər Altay dillərinə daha yaxındır. Bundan başqa o, Altay və koreya dilləri arasındakı qohumluq əlaqəsinin həm morfoloji xüsusiyyətlərdə, həm vurğu sistemində, həm də ahəng qanununda özünü göstərməsi mülahizəsini irəli sürmüşdür.

Yapon dili Altay dilləri qrupunda: Yapon dilinin Altay dillərindən kimi qəbul edilməsində Samuel Martine və Roy Andrew Müllerin tədqiqatları dönüş nöqtəsi hesab olunur.

Altayşünaslıqla məşğul olan digər önəmli altayistlər: Altay dilləri nəzəriyyəsinin ən böyük tədqiqatçıları arasında daxil edilməli olan altayistlərdən bəziləri Finlandiyali G. John Ramstedt (1873-1950), Pentti Aalto (1917-1998), alman əsilli Nicolas Poppe (1897-1991), Samuel E.Martin və Roy Andrew Müllerdir.

G. John Ramstedt: Altay dilləri nəzəriyyəsinin həqiqi qurucusu G. Ramstedt yunan, latın, sanskript kimi qədim dilləri ilə yanaşı, ibrani, türk, monqol, koreya və yapon dillərini bilən bir poliqlot kimi tanınmışdır. Altayşünaslıq, monqolşünaslıq və türkologiya sahələri ilə məşğul olan G. Ramstedt, Altay dillərinin istifadə olunduğu ölkələrə səyahət edərək dil materialları toplamış və koreya dili ilə yapon dilini tədqiq edərək bu iki dilin Altay dilləri ilə elmi müqayisəsini aparmışdır. Onun “Altay dilçiliyinin əsasları” adlı əsəri ölümündən sonra çap olunmuşdur.

Pentti Aalto (1917-1998): Helsinki universitetində klassik filologiya, müqayisəli dilçilik, sanskript dili və Altay filologiyasından mühazirələr oxuyan P.Aalto G.Ramstedtin tələbəsidir. O, Monqlustanda, Hindistanda, Türkmənistanda və Koreyada elmi tədqiqatlar aparmış və G.Ramstedtin əsərlərini çap etdirmişdir. P.Aaltonun tədqiqatlarında Ural-Altay dillərinin oxşar qrammatik və leksik xüsusuiyyətlərdən bəhs edilir.

Ahmet Temir, Osman Nedim Tuna, Talat Tekin və Tuncer Gülensoy Türkiyə türkologiyasında altayşünaslıq ilə məşğul olan alimlərdir.

Altay dillərində dair aparılan ən son tədqiqatlardan biri Sergey Starostin, Anna Dibo və Oleg Mudraka aiddir. Bu üç altayşünasın 2003-cü ildə hazırladığı əsərin adı “Altay dillərinin etimoloji lüğəti” adlanır. 3 ciltdə nəşr edilən böyük lüğətdə təxminən 2800 sözün etimologiyası verilmiş və hər sözün 5 altay dili və dialektlərindəki mənaları göstərilmişdir.

Dilçilikdə geniş vüsət tapan Altay dilləri nəzəriyyəsinə etiraz edən alimlər də olmuşdur. Onlardan ən məşhurları Aorelien Sauvageot, Sır Gerard Klauson, Gerhard Doerfer və A.M.Şerbakdır.

Sır Gerard Klausonun əsas etirazı tunqus dilinin lüğət tərkibinin türk və monqol dilləridən çox fərqli olmasıdır. Türk və monqol dillərində ortaq olan sözlərin də türk dilindən alındığını iddia edən G.Klauson alınma sözlərdəki fonetik dəyişmələri də göstərərək, onları tematik qruplar üzrə qruplandırmışdır.

Gerhard Doerferin etirazları da leksika ilə bağlıdır. O, insan orqanizmi ilə əlaqədar 11 əsas (baş, göz, qulaq, burun, ağız, dil, diş, saç, ürək, əl, ayaq) və 5 ikinci dərəcəli (dodaq, barmaq, diz, saqqal, boyun) sözü müxtəlif dillərlə müqayisə edir. Nəticədə G.Doerfer əsas sözlərin çox az dəyişdiyini, ikinci dərəcəli sözlərdə də dəyişmə faizinin az olduğunu, yəni dillər arasında kəlmə alış verişinin olduğunu meydana çıxarmışdır. Onun mülahizəsinə görə, türk, monqol və tunqus dillərində sözlərin heç biri eyni deyildir. Eyni tədqiqatı qohumluq əlaqələrinin möhkəm olduğu Hind-Avropa, sami, dravid, ural dillərinə tətbiq edən G.Doerfer əldə etdiyi nəticəyə görə 16 əsas və 5 ikinci dərəcəli sözdən sami dillərində 16-sı, Hind-Avropa dillərində 13-ü, dravid dillərində 10-u, ural dillərində 8-i eyni olduğu halda, Altay dillərində isə hamısının fərqli olmasını müəyyənləşdirmiş və beləliklə, Altay dillərinin qohumluq nəzəriyyəsinin “iflas etməsi” mülahizəsini irəli sürmüşdür.

R. Rask və İskit (Skif) dilləri nəzəriyyəsi

Stralenbergdən təxminən 100 il sonra XIX əsrin əvvəllərində Danimarkalı alim R.Rask, onun Tatar dilləri adı altında birləşdirməyə çalışdığı dil və ləhcələrə yeni, əslində bir-birləri ilə əlaqəsi olmayan Qrenland, Şimali Afrika, Asiya, Avropa və Qafqaz dillərini də əlavə edərək genişləndirmişdir.

R.Raska görə, bu bir-birindən uzaq və fərqli dillər arasındakı qohumluq əlaqəsi xüsusilə dilin quruluşunda və lüğət tərkibində mövcuddur. R.Raskı bu səhv düşüncəyə aparan nöqtə bu dillərin iltisaqi olması idi.

M. Müller və Turani dillər qrupu

Turan dilləri nəzəriyyəsi M.Müllerin Stralenbergin Ural-Altay nəzəriyyəsinə daxil olan dillərə R.Rask kimi əlavələr edərək, Siyam, Tibet, Cənubi Hind və Malay-Arxipelağı dillərini daxil etməsi ilə yaranmışdır.

M.Müller bu dillərin iltisaqi (agglufination) olması ilə birlikdə bəzi dillərdəki fonetik uyğunluğa əsaslanmışdır. Əhməd Cəfəroğlunun qeyd etdiyi kimi “mahiyət, xarakter, quruluş və morfoloji baxımdan bir-birndən fərqli olan dillər qrupunu bir araya gətirən M.Müller yaratdığı nəzəriyyəni qeyri-müəyyən bir ad olan “Turan” dillər qrupu olaraq adlandırmışdır. (Cəfəroğlu, 1984, s.13)

“Turan” deyimi tarixdə və müasir dövrümüzdə həm siyasi həm də daha müxtəlif mənalarda istifadə olunsa da, Ə.Cəfəroğlu bu adın izahını belə verir: “Firuddin şahın zamanında birləşmiş İran ərazisinin parçalanması nəticəsində bir əraziyə verilən toponimdir. Bilindiyi kimi, Firuddin şahın dövründəki parçalanma nəticəsində İran imperatorluğu 3 qardaş arasında bölüşdürülmüşdür. Bu parçalanmada İran ərazisindəki xalqlar aşağıdakı kimi qruplaşdırılmışdır:

1. Həqiqi İranlılar: Orta Asiya və İranda yerləşən xalq;

2. Ural dənizinin şimal-qərbindəki Sayram, yəni Savromatdakı köçəri xalqlar.

Amudərya və Ural dənizinin şərqindəki Tuir`ya, yəni Turanlılar (Sak və Masagetlər) bunlar tamamiylə köçəri bozqır xalqlarıdır. (Cəfəroğlu, 1984, s.14)

Böyük ailə nəzəriyyələri

Yafetologiya və ya Yafəs nəzəriyyəsi

XIX əsrin sonu və XX əsrin 30-cu illərində yaşamış şotland əsilli Nikolay Yakovleviç Marrın (1864-1934) qurucusu olduğu Yafəs dilləri nəzəriyyəsinə görə bütün dillər və mədəniyyətlər eyni mənbədən ortaya çıxmışdır. Adını Nuh əfsanəsindən alan Yafəs nəzəriyyəsinə görə dillərin inkişafında 4 əsas mərhələ vardır. Birinci mərhələdə sadəcə Çin və bəzi Afrika dilləri, ikinci mərhələdə fin-uqor, türk, monqol dilləri, üçüncü mərhələdə yafəs, hami dilləri, dördüncü mərhələdə sami, Hind-Avropa dilləri yaranmışdır. Marr sal, ber, yon, roş kimi 4 linqvistik ünsürün bütün dillərdə mövcud olduğunu və bütün dillərin kəlmə xəzinəsinin bu elementlərdən əmələ gəldiyini qəbul edir.

Marrın yafəs nəzəriyyəsində çuvaş türkcəsi xüsusi bir yer tutur. O, cuvaş türkcəsini qədim bulqar-xəzər dillərinin davamçısı olaraq, türk-fin-macar dilləri arasında bir körpü kimi görürdü. Ona görə çuvaş dili eyni zamanda iskit və şumer ölü dillərinə aid olduğu kimi, yaşayan gürcü dialektləri ilə də əlaqəlidir. Marra görə, “çuvaş” sözü iber və şumer sözlərinin başqa bir variantıdır.

Nostratik dillər nəzəriyyəsi

Nostratik terminini hind-avropa dilləri üçün ilk dəfə Holger Peterson istifadə etsə də müasir nostratik nəzəriyyəsinin qurucusu rus alimi Vladislav İlliç-Svitiç sayılır. Onun nəzəriyyəsinə görə 6 böyük dil ailəsi (sami-hami, hind-avropa, Ural, dravid, Altay, kartvel) eyni mənşədən törəmişdir və bu dillər böyük bir ailənin üzvüdürlər. V.İlliç-Svitiç 6 dil ailəsinin kəlmə xəzinəsini müqayisə edərək 378 sözün eyni olduğunu təsbit etmişdir. Bu sahədəki tədqiqatlarına 1960-cı ildə başlayan V.İlliç-Svitiçin hazırladığı lüğətlər, ölümündən sonra, Vladimir Dyba tərəfindən çap etdirilmişdir. V.İlliç-Svitiç bu dillərdəki söz köklərinin və bəzi qrammatik formaların müqayisəli-etimiloji təhlilini vermişdir. Lakin Q.Kazımovun da qeyd etdiyi kimi bəzi söz köklərinin müqayisəsini bəzən iki, bəzən üç, bəzən də beş dil ailə arasında aparmaqla məhdudlaşdırmışdır.

Avrasiya dilləri nəzəriyyəsi

Amerikalı dilçi Joseph H.Greenberg tərəfindən ortaya atılan bu nəzəriyyə hind-avropa, Ural, Altay, gilyak, koreya-yapon-aynu, çukça və eskimo-aleut dillərinin böyük bir ailə təşkil etdiyini qəbul edir. O, bu böyük ailəni “Avrasya dilləri” adlandırır.

Greenberg tədqiqatlarında “Avrasya dilləri” böyük ailəsini təşkil edən 7 dil qrupunun fonetik, morfolojik xüsusiyyətlərini və lüğət tərkibini müqayisə edərək, müxtəlif dil qrupları arasındakı oxşarlıqları ortaya qoymuşdur.

Greenberg, Altay dillərinə sadəcə türk, monqol və tunqus dillərini, koreya və yapon dillərini isə aynu dili ilə bir ailəyə daxil etmişdir.

Monogenist nəzəriyyə

Bütün dillərin eyni mənbədən törəməsi fikrini əks etdirən bu nəzəriyyə Paris Dilçilik Cəmiyyəti tərəfindən 1866-cı ildə qadağan edildiyinə görə, dilçilər bu mövzuya ancaq XX əsrdən etibarən qayıda bildilər.

1980-ci illərin əvvəllərində ABŞ-da genetika elminin əldə etdiyi nailiyyətlər, dilçilikdə də monogenist fikirləri yenidən canlandırdı. Genetika elminin əldə etdiyi nəticələr bütün dillərin eyni mənbədən törəməsi mülahizəsi ilə üst-üstə düşürdü. Beləliklə, Amerika dilçilik məktəbində bu mövzudakı tədqiqatların sayı artmağa başladı. Xüsusilə Greenberg, Merritt Ruhlen, John D.Bengston kimi dilçilər önəmli nəticələr əldə etməyə başladılar. Merritt Ruhlen və John D. Bengston 27 sözün bütün dünya dillərində eyni olduğunu ortaya qoymuş və “Qlobal etimologiya” adlı əsərlərini 1994-də elmi dövriyyəyə buraxmışlar.

Qəzənfər Kazımov da “Azərbaycan dilinin tarixi” adlı əsərində bir sıra elmi ədəbiyyatların xülasəsindən yola çıxaraq, verdiyi misallarla dil ailələri arasında möhkəm sərhədlərin olmadığını və yer üzündəki bütün dillərin bir mənşədən, ulu bir dildən törəməsi fikrini qəbul edir.

Hazırlıq üçün tapşırıqlar:

– Altay dilləri nəzəriyyəsinin əsas tərəfdarları kimlərdir və bu nəzəriyyənin əsas müddəaları nədir?

– Altay dilləri nəzəriyyəsinə etiraz edən tədqiqatçıların etiraz səbəblərini izah edin.

– Altay dilləri nəzəriyyəsinin müddəalarını çürüdən dil nəzəriyyələri hansılardır?

– Monogenist nəzəriyyənin əsasını nə təşkil edir və bu nəzəriyyənin dəstəkləyici arqumentləri nələrdir?


Страницы книги >> 1 2 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации