Текст книги "Hekayələr"
Автор книги: Фазиль Искандер
Жанр: Современная русская литература, Современная проза
Возрастные ограничения: +12
сообщить о неприемлемом содержимом
Текущая страница: 3 (всего у книги 12 страниц) [доступный отрывок для чтения: 3 страниц]
– Bir az dincələk, – dedim, – güc toplayaq. Sabah qızların yanına gedək.
O, nədənsə duruxdu.
– Bilirsən, Kamal, – dedi, – bu haqq-hesabı qurtarmaq lazımdır.
– Niyə qurtaraq? – soruşdum.
– Rahat qoymayacaqlar, sonra pis olacaq.
– Nədən qorxursan? – dedim. – Əgər o, xəbər veribsə, onsuz da heç nə dəyişəsi deyil.
– Yox, qurtardı. Mən pas.
– Özün bilən yaxşıdır. Ancaq mən gedəcəm. Yaxşı, bəs Qreta səni soruşsa, nə deyim?
– Nə istəyirsən de. – O, kompotunu araq kimi birnəfəsə içib öz otağına getdi.
Aleksey həmişə komandanlığa həddən artıq ciddi yanaşırdı. Bir də görürdün fərəqət komandası ilə mil dayanıb onların öyüd-nəsihətinə elə qulaq asır ki, elə bil uçuşdan salamat qayıdıb-qayıtmamağı onlardan asılıdır. Mən bu xasiyyətinə görə ona tez-tez sataşırdım.
– Sən vəhşisən, – deyə cavabında gülürdü, – biz ruslar isə rəhbərliyi damarlarımızla hiss edirik.
Bəli, axşam alman qızlarımızın yanına getdim. Yolda gedə-gedə fikirləşirdim ki, onlara nə deyim. Axır qərara gəldim ki, deyim xəstələnib. Bəlkə, sonra ağlı başına gəldi.
Evə girəndə mənimki üstümə atıldı. Qreta isə yerindəcə donub-qaldı. Gözünün üstünə düşən qara teli elə bil bir az da qaraldı.
– Alyoşa?! – deyə o, nəhayət, dilləndi.
– Krank77
Krank (alm.) – xəstə
[Закрыть], – dedim. – Alyoşa krank. Yəni xəstədir.
– Krank, oder toten?88
Krank, oder getötet (alm.) – xəstədir, yoxsa öldürülüb
[Закрыть] – deyə o, ciddi soruşdu və düz gözlərimə baxdı. Elə fikirləşirdi ki, onu öldürüblər. Mən isə düzünü deməyə qorxurdum.
– Nayn, nayn, – dedim, – qrip.
– O, – onun rəngi-ruhu özünə gəldi, – das ist nixte.
Bəli, biz həmişəki kimi oturduq, yedik, içdik, rəqs etdik. Katya bir neçə dəfə mənə göz vurdu ki, onun bacısı ilə rəqs edim. Mən də rəqs edirdim, yazıq qız gah gülümsəyirdi, gah da saralıb solurdu. Darıxdığına görə utanırdı. Məlum məsələdir: qız dostuma bir könüldən min könülə aşiq olmuşdu.
Mən Katya ilə tək qaldıqdan sonra o, göy gözləri ilə mənə baxıb soruşdu:
– Mayor?
Belə yerdə necə yalan deyəsən, axı onun gözlərində həqiqətin özü yazılmışdı. Mən çiynimi çəkdim.
– Yazıq Qreta, – o dedi. Yadımdan çıxıb almanca necədir.
– Yer libt, – dedim, – yer libt Qreta99
Er liebt Greta (alm.) – o, Qretanı sevir
[Закрыть]!
– Ya, ya, – Katya dedi və nə isə əlavə etdi, mən belə başa düşdüm ki, Aleksey sevir, ancaq qorxu daha güclüdür.
– Mayor papir? – soruşdu və əli ilə də göstərdi ki, yəni donos yazıb. Almanlar bir işarədən qanandırlar.
Mən yenə də çiynimi çəkib qapıya tərəf göstərdim:
– Yer ist krank… – yəni xəstədir.
– Bura bax, adam dilində danış! – Sandro əmi onun sözünü kəsdi. – Nə var, qarğa bazarı açmısan burda: “Qar, qar, qar!”
– Belə xatırlamaq daha asandır, – deyə Kamal öz fleqmatik öküz gözləri ilə Sandro əmiyə baxdı.
– Yaxşı, yaxşı, danış. – Sandro əmi bilirdi ki, əgər Kamal söhbətinə ara versə, onu yenidən işə salmaq üçün xeyli yanacaq lazım olacaq.
– Hm-m-m, – Kamal bir az mızıldayıb tez də öz söhbətinə qayıtdı. – Sözün kəsəsi, mən çox ümid edirdim ki, Aleksey fikrini dəyişər. Səhəri gün mən onu görüb tanımadım. Bir gecəyə qaralmışdı.
– Nə olub sənə? – soruşdum.
– Heç, – dedi. – Gecə yata bilməmişəm. Qreta necədir?
– Səni gözləyir. Mən dedim ki, sən xəstəsən.
– İnandı?
– O inandı, ancaq bacısı başa düşür.
– İndi qurtarmaq yaxşıdır. Onsuz da mən evlənə bilməyəcəm, uzatmağın nə mənası var?
– Ay axmaq, – dedim, – kimdir səni evlənməyə məcbur edən? Ancaq nə qədər ki biz burdayıq, nə qədər ki sağıq, niyə də görüşməyək?!
– Sən məni başa düşməzsən. Sənin üçün bu, vaxt keçirməkdir, mən isə birinci dəfədir sevirəm.
Bu yerdə mən lap hirsləndim:
– Əgər qorxmusansa, eləcə də de. Gop eləmə.
Beləcə biz bir-birimizə qarşı bir az soyuduq. Ondan sonra mən bir-iki dəfə də qızların yanında oldum. Hər dəfə də Qretaya yalan satırdım, ancaq hiss edirdim ki, o daha inanmır, əriyib solur. Ona yazığımız gəlirdi, qızın bu halı Katya ilə məni də sıxırdı.
Mənim Alekseyə də yazığım gəlirdi. O vaxtdan məndən qaçırdı. Həmişə qanıqara gəzirdi. Bizi isə heç hara çağırıb-eləmirdilər. Mən fikirləşirdim ki, mayor biz fikirləşdiyimizdən yaxşı adam imiş. İki gündən sonra mən Alekseyə yaxınlaşdım.
– Qulaq as, – dedim, – görürsən, mayor düşündüyümüz qədər pis adam deyilmiş. İndiyə kimi xəbər verməyibsə, deməli, hər şey qurtarıb. Mən görürəm axı, sən özündə deyilsən. Bu cür əhvali-ruhiyyə ilə sən bir gün öz təyyarənlə göydən yerə dəyəcəksən.
– Nə olsun, – dedi, – yəni indiyə kimi itirdiyimiz oğlanlar bizdən əskik idi?
Hə, gördüm bu xına daha o xınadan deyil. Ancaq özümü o yerə qoymadım. Biz cəbhəçilər belə söhbətləri sevmirdik. Əgər təyyarəçi qəmlənib burnunu sallayırsa, deməli, o, bugün-sabahlıqdır.
– Əlbəttə, yox, – dedim. – Ancaq müharibə qurtarır, belə bir vaxtda öz günahı üzündən həlak olmaq axmaqlıq olardı.
O harası isə ağrıyırmış kimi üz-gözünü turşutdu və dedi:
– Sən daha mənim haqqımda yalan danışmaya bilərsən. Bu gün, deyəsən, qəsəbədə onu gördüm, o da məni gördü.
– Bəsdir, – dedim, – gicləmə. Bu axşam gedək onlara. O yazıq əriyib gedir.
– Yox, – dedi, – mən getməyəcəm.
İndi də mənliyi, ay nə bilim daha nəyi ona mane olurdu. Aleksey məğrur oğlan idi, göydə o heç kimə aman vermirdi, ancaq komandanlıq qarşısında qorxu onun təbiətində idi.
Bəli, həmin axşam mən yenə də yeməkdən-içməkdən götürüb qızların yanına getdim. Yuxarı qalxdım, heç fikir də vermədim ki, dəhlizdəki böyük güzgü yerində deyil. Həmişə oturduğumuz otağa girəndə bacıların ikisi də üstümə atıldı. Mənim Katyam elə bil cin atına minmişdi. Qretanın üzü isə sevincdən alışıb-yanırdı. Mən fikirləşdim ki, bəlkə, Alyoşa günorta mənsiz bura gəlib.
– Mayor ist dib! – Katya qışqırırdı, yəni mayor oğrudur, əli ilə də otağı göstərirdi. – Mayor hap-hap.
– Ya, ya, – Qreta sevinclə təsdiq etdi və boş otağı göstərdi.
– Mayor ist dib! Mayor ist nixt gestapo! Zaqe Alyoşa!
Yəni Alyoşaya deyərsən.
– Bu biabırçılıq! – qoca qışqırdı. – Antifaşistin ev hap-hap.
İndi bütün bunlar gülməli səslənir, ancaq o vaxt bu biabırçılıqdan mənim damarlarımda qanım dondu. Əlbəttə, belə şeylər olurdu, biz hamımız bunu bilirdik. Amma bir var, kimisə haradasa qarət edələr, bir də var, qarət olunanı şəxsən tanıyasan, üstəlik, bu adamlar sənin havadarlığına ümid bəsləyən köməksiz qadınlar ola. Mən hələ ömrümdə bu cür xəcalət çəkməmişdim.
Üstəlik, Qreta sevincindən özünə yer tapa bilmirdi, onun nur saçan gözlərinə baxmaq olmurdu. O elə fikirləşmişdi ki, əgər mayor onların evini qarət edibsə, deməli, o, enkevededən deyil və əgər belədirsə, Alyoşa üçün qorxmağa dəyməz. Ona necə başa salasan ki, hər şey olduqca mürəkkəbdir, baxmayaraq ki mayor doğrudan da qərargah tulası idi.
Mən indi başa düşdüm ki, niyə mayor gecə saat üçdə motosikletdə fırlanır: göz qoyurmuş harada nə var. Yalnız buna görə o bizi satmayıb.
Mən Qretaya söz verdim ki, Alyoşaya hər şeyi danışacam, qocaya da yalandan dedim ki, mayordan şikayət edəcəyəm. Axı onları birtəhər sakitləşdirmək lazım idi. Qızlar haradansa ayağı qırıq kətillər tapıb gətirdilər. Biz əyləşib şam etdik və mən qoca ilə möhkəm içdim.
O biri gün mən hər şeyi Alekseyə danışdım. O, deyəsən, bir az canlandı.
– Yaxşı, – dedi, – sabah gedib vidalaşarıq. Deyəsən, bugün-sabah bizim yerimizi dəyişəcəklər.
Ancaq biz qızlarla vidalaşa bilmədik. Bizi elə həmin gecə başqa yerə keçirdilər. Yeni aerodrom həmin yerdən iki yüz kilometr aralı yerləşmişdi.
Alekseyin rəngi-ruhu hələ də öz yerinə gəlməmişdi və mənə həmişə elə gəlirdi ki, o, mütləq həlak olmalıdır. Elə həmin gün o yaralananda, sözün düzü, mən rahat nəfəs aldım. Yara yüngül idi və bir azdan onu Rusiyaya hospitala göndərdilər.
Bu dəfə biz kiçik bir şəhərdə yaşayırdıq. Bir dəfə yoldaşlarla kafeyə getmişdik. Ordan çıxıb girişdə dostumuzu gözləyirdik. Birdən yoldaşlarımdan biri dedi:
– Kamal, o alman qızı gözünü səndən çəkmir.
Baxıb gördüm ki, bizdən bir on beş metr aralıda xoşsifət bir qız dayanıb mənə baxa-baxa gülümsəyir. Mən bir az, əlbəttə, sərməst idim, gic kimi mən də gülümsədim, özüm də ona yaxınlaşıram ki, tanış olum.
Aman Allah, bu ki Katyadır! Necə olub, mən onu tanıya bilməmişəm! O, palto geyinib, başına papaq qoymuşdu, mən onu belə paltarda görməmişdim. Sən demə, məni axtarırmış!
Bəli, mən dostlarımla xudahafizləşib yenidən kafeyə girdim.
– Qreta necədir? – soruşdum.
– O, Qreta trauriq, – deyə ah çəkib başını buladı.
Mən başa saldım ki, Alyoşa yaralanıb, onu arxaya göndəriblər. Biz Katyanın qonaq qaldığı bir qadının evində gecələdik. Gecə o, bir neçə dəfə ağladı, ah-uf elədi, elə hey deyirdi:
– Şikzal…
Yəni tale. Mən hiss edirdim ki, o nə isə demək istəyir, ancaq cürət eləmir. Səhər duranda, nəhayət, dedi ki, hamilədir. Altdan-yuxarı öz ağıllı, diqqətli gözləri ilə baxıb soruşdu:
– Kinder?
Mən ona nə cavab verə bilərdim?! Necə başa salaydım ki, bu onun üçün mayoru qovmaq deyil, burda məsələ başqa cürdür, daha mürəkkəbdir.
– Nayn, – dedim və o, başını aşağı saldı.
Elə həmin gün biz ayrıldıq və mən onu bir daha görmədim. Alekseylə isə biz otuz ildən sonra bizim alayın veteranlarının görüşündə rastlaşdıq.
Ölkənin hər tərəfindən gəlmiş veteranlar bir mehmanxanada yerləşmişdilər. Həmin axşam mehmanxananın restoranında indi general rütbəsi almış keçmiş alay komandirimiz başda olmaqla veteranların ziyafəti olmalı idi. Bütün bu müddət ərzində mənim Alekseydən xəbərim olmamışdı, heç bilmirdim sağdır, yoxsa yox.
Nömrəmi alıb aşağı, inzibatçının yanına düşdüm. Soruşdum ki, Aleksey Starostin adında adam gəlib, ya yox. O öz kitabına baxıb başını tərpətdi: bəli, gəlib, filan nömrədə yaşayır.
Ziyafətə iki saat qalmış onun otağına qalxdım. Aman Allah, vaxt bizi nə günə salırmış! Məgər mən özüm kimi saçı tökülmüş bu keçələ başqa yerdə rast gəlsəydim, onda uzaq qırx dördüncü ildə qırmızı salxımlı Prussiya quşarmudunun budağını qıran o cavan, gözəl-göyçək təyyarəçidən bir nişanə tapa bilərdimmi? O isə mənə baxır, əlbəttə, tanıya bilmirdi, yəqin, fikirləşirdi ki, bu keçəl gonbul, görəsən, məndən nə istəyir! Yalnız mən güləndə tanıdı.
– A-a-a, Kamal! – dedi. – Qaflan dişlərdən başqa heç nə qalmayıb.
Bəli, biz qucaqlaşdıq, öpüşdük və mən onu öz otağıma apardım. Mən özümlə yaxşı «İzabella» götürmüşdüm. Oturduq, içdik, köhnə günləri yada saldıq. Əlbəttə, fraularımız da yada düşdü.
– Ah, Qreta! – o dərindən ah çəkdi. – Sən təsəvvür eləmirsən, o mənim üçün nə demək idi! Sən təsəvvür eləmirsən, Kamal! Sonra mən ordudan tərxis edildim, evləndim, sərnişin təyyarəsində uçdum; sənin kimi, mənim də iki uşağım var. İndi dispetçer xidmətinin rəisi işləyirəm, raykomda da, yoldaşlar arasında da hörmətim var. Ancaq dərindən fikirləşəndə təəccüblənirəm. Yadındadır, Yeseninin sözləri: “Həyatım mənim, yoxsa sən yuxu idin?” Hərdən mənə elə gəlir ki, mənim həyatım iyirmi dörd yaşında Şərqi Prussiyada qurtarıb. Bütün qalan həyatım isə qəribə, uzun-uzadı epiloqa oxşayır! Başa düşürsən, Kamal!
Bu yerdə təsəvvür edin ki, Alekseyin gözü yaşardı. Mən onu, əlbəttə, sakitləşdirdim və o, birdən-birə ziyafətə tələsdi.
– Qurtar görək, Alyoşa, – dedim. – Heç olmasa, bir saat təklikdə oturaq. Bizim yerimizi heç kim tutmaz. Onsuz da ziyafət bütün gecəni davam edəcək.
– Yox, Kamal, gedək. Səkkiz tamamda general təntənəli surətdə görüşü açacaq. Yaxşı deyil, gedək.
Nə deyəsən belə adama? Getdik. Onun təbiəti belə idi, ancaq göydə heç nədən qorxmurdu, əla təyyarəçi idi.
Kamal söhbətini qurtarıb bir-bir məclisdəkiləri nəzərdən keçirdi.
– Allaha şükür, qurtardı, – Sandro əmi dedi. – Bir az da keçsəydi, biz hamımız almanca danışmağa başlayacaqdıq.
Hamı güldü, knyaz isə qədəhlərə konyak süzüb dedi:
– Öz işində də səni o qədər ötməyib.
– Hə, – Kamal dedi, – dispetçer xidmətinin rəisi – elə bir vəzifə deyil.
– Nə qədər ki sizi başqa yerə keçirməmişdilər, o, həmin qızı atmamalıydı, – Sandro əmi dedi və bir qədər də fikirləşib əlavə etdi: – Səncə, niyə o, axırıncı gün qızlarla vidalaşmağa razılıq verdi?
– Aydın məsələdir, – Kamal cavab verdi, – başa düşdü ki, mayor bizi satmayıb, deməli, bizi heç kim izləmirdi.
– Dəli, belə çıxır ki, sənin hekayəni mən sənə başa salmalıyam. O öz qızı ilə vidalaşmağa razılıq verəndə artıq bilirdi ki, həmin gecə sizi başqa yerə köçürəcəklər.
– Yox, – Kamal güldü, – belə şeyləri son dərəcə məxfi saxlayırlar.
– Necə yəni yox, sənə deyirəm hə! – Sandro əmi etiraz etdi. – Mən yaxşı bilirəm, yoxsa sən?! O, komandanlığın ətrafında fırlanıb, kimsə ona xəlvətcə xəbər verib.
– İşiniz olmasın kişiynən! – deyə knyaz qədəhini qaldırdı. – O yazığı tale onsuz da cəzalandırıb. Yaxşısı budur, gəlin bu qədəhləri də bizi yaxşı cəbhə hekayətinə qonaq etdiyinə görə Kamalın sağlığına içək.
– Hərə bir şeyə qonaq edir, Kamal da hekayətə, – Sandro əmi knyazın sözlərini dəqiqləşdirib istehza ilə Kamala baxdı. – Əmisinin çörəyini əlindən alır. Ancaq «qar, qar!» bizə daha lazım deyil.
– Mənim isə o adama yazığım gəlir, – balaca Xaçik dilləndi, – yazıq sevirmiş… Ona görə də ağlayırmış… Sevməsəydi, ağlamazdı da…
– Yox, əşi, – Kamal razılaşmadı və birdən sözünü kəsib barmağını qulağına soxaraq böyük bir ləzzətlə onu təmizləməyə başladı. İndi Kamalın hərəkəti nehrədə yağ çalxalayan adamın, ya da əlüzyuyan tasın zibilini itələyib təmizləməyə çalışan santexnikin hərəkətini xatırladırdı.
Kamalın bu hərəkəti çox uzun çəkdi. O, qulağını təmizləyərkən aldığı həzdən üz-gözünü turşudur, yanındakıları tamam unudurdu, bu da, nədənsə, onların xətrinə dəyirdi. Sandro əmi məzəmmətlə ona baxırdı. Öz abxaz şüuru ilə tamamilə dərk etməsə də, o bu hərəkətlərdə freydizm ədəbsizliyinin adamı əsəbiləşdirən çalarlarını görürdü.
– Nə yox e?!.. – nəhayət, Sandro əmi dözmədi.
Kamal sakitcə barmağını qulağından çıxardıb onun ucuna baxdı: sanki çaldığı yağın keyfiyyətini yoxlamaq istəyirdi. Görünür, o bu keyfiyyətdən razı qalmadı, çünki onun sifətində iyrəncəli anlaşılmazlıq ifadəsi yarandı; elə bil ki çalxalanma prosesindən aldığı ləzzətlə onun acı nəticəsi arasındakı fərq onu məyus etmişdi. Həmin ifadə ilə Kamal o biri əli ilə cibindən dəsmalını çıxarıb barmağını sildi və yenidən onu cibinə dürtdü. Nəhayət, heç nə olmayıbmış kimi sözünü qurtardı.
– … Sadəcə olaraq «İzabella» onu bir az məst eləmişdi, o, həddən artıq şəraba aludə olmuşdu.
Qadınlarla maraqlanan hər bir kişi kimi Kamal da hadisənin romantik tərəfinə əhəmiyyət vermirdi.
– Akop ağa, – Xaçik qışqırdı, – hərəyə bir dənə də kope, zaxmat olmasa.
– Bu saat, – Akop ağa səs verdi və üstünə türksayağı qəhvə dəmləmək üçün isti qumla dolu tava qoyduğu piştaxtanın arxasından boylandı.
– Bağışla, sən Allah, – Xaçik mənə müraciət etdi, – sən burada hamıdan cavansan. Orada qarpız gətiriblər. İki dənəsini gətir. İstəyirəm bir foto eləyim: «Knyaz, əlində də qarpız».
– Yaxşı görək, – knyaz etiraz etdi, – qarpızsız da keçinərik.
– Gətir, gətir, – Kamal Xaçikin tərəfini saxladı, – yaxşı fikirdir – knyazın əlində qarpız, biz də knyazın yanında.
Restoran göyərtəsinin o biri başında qarpız satırdılar. Nədənsə hələ uşaqlıqdan həmişə qarpız deyəndə mənim yadıma dəniz düşüb. Bilmirəm, bəlkə, onun dalğavarı zolaqları dənizi xatırladır? Ya da ola bilər ki, bu, dəniz mövsümü ilə qarpız mövsümünün eyni vaxta düşməsindəndir: çox vaxt qarpız yemək mərasimi dəniz sahilində baş verir. Ola da bilər ki, dənizdə də, qarpızda da suyun çox olmağındandır.
Suya tullanmaq üçün qoyulmuş üç qüllənin altında gündən qaralmış uşaqların çığırtısından qulaq tutulurdu. Suya tullananlar ordan nə isə qışqırırdılar, qüllədə duranlar da oradan sudakılara qışqırırdılar.
Bəziləri dayanmadan gözəl sıçrayışla tullanırdılar, o biriləri isə uzun-uzadı yan-yörələrinə baxırdılar və bu cəsarətsizliyi onunla izah edirdilər ki, onları gözlənilmədən suya itələyə bilərlər.
Və arasıkəsilmədən qüllədən suya gündən qaralmış uşaq bədənləri uçurdu – gah başı üstə, gah ayağı üstə, gah da qaranquş sıçrayışı ilə. Onlar suya düzgün girəndə suyun səsi qısa olurdu – «buk», bir balaca bədənlərini əyib maili girəndə isə uzun şappıltı səsi gəlirdi. Beləcə dayanıb onlara baxır, suyun səsinə qulaq asırdım: «buk, buk!» «şap, şap!» «şapşarap! buk!»
Müharibədən əvvəl uşaq vaxtı mən də bura gələrdim. O vaxt burada tamam başqa qüllə var idi. Onun lap yuxarısında bilyard otağı vardı və uşaqlardan ən cəsarətliləri onun damına dırmaşıb oradan suya tullanardılar.
O keçmiş illərə nəzər salaraq mən həmin uşaqları görürdüm, ancaq onların arasında özümu tapa bilmirdim. Çox təəssüf, ancaq görə bilmirdim ki, bilmirdim.
Buraya, bizim «Dinamka» adlandırdığımız su hovuzunun ərazisinə üzgüçülük və suya tullanmaqla məşğul olanlardan başqa heç kimi buraxmırdılar.
Ancaq buraya gələn uşaqlardan çoxusu heç bir bölməyə üzv deyildilər, onlar hasardan keçib dəmir nərdivanla birbaşa qülləyə dırmaşırdılar. Mən də o yolla keçirdim. Ancaq bu çox yorucu iş idi: sahildən paslanmış dəmir hasarın üstü ilə səksən metr sürünməli olurduq. Buna görə də mən hərdən su stansiyasına girişin qabağında dayanıb gözləyirdim. Burada o zamanlar mənə yaşlı görünən kök bir qadın gözətçilik edirdi.
Məsələ burasındadır ki, hər gün buranın bilyard otağına bizim həyətdən bir oğlan gəlirdi. Onun iyirmi yaşı olardı, adı Vaxtanq idi. Ancaq uşaqdan tutmuş böyüyə kimi hamı onu nəvazişlə Vaxtik çağırırdı.
Hər dəfə oyunu qurtardıqdan sonra o, su stansiyasını işgüzar və xoş əhvali-ruhiyyəli bir yerişlə tərk edirdi, sanki demək istəyirdi ki, bax mən indicə vacib və xoş bir işi başa çatdırdım, elə bu saat da başqa bir vacib və xoş işə girişəcəm. Belə vaxtda mən elə yer seçirdim ki, o məni görə bilsin və o da hər dəfə məni görürdü. Görən kimi də təbəssümlə girişi gözləyən qadına nə isə deyirdi, o da bu təbəssümdən əriyib muma dönür və məni buraxırdı.
Hərdən mən onu beləcə gözləyəndə bir də görürdün ki, haradansa arxadan gəldi. Belə hallarda o, xeyirxah əlini başıma qoyub sığallayır, ya da onu qarpız kimi sıxırdı, mən isə buna dözüb gülümsəyirdim, guya ağrı hiss eləmirəm. Biz dayanmadan gözətçi qadının yanından keçirdik, qadın isə Vaxtanqın təbəssümünü görüb indi məni tanımağı lazım bilirdi.
Vaxtanq olmayanda isə o məni tanımaq istəmirdi və bu məni həmişə təəccübləndirirdi. Mən heç vaxt özümü gözə soxmurdum, ancaq onun yanında dayanırdım və o istəsəydi, yadına salardı ki, mən həmin oğlanam və içəri keçməyə icazə verərdi. Yaxşı, tutaq ki, içəri buraxmaq istəmirdi, heç olmasa, tanıyaydı. Yox, heç vaxt tanımırdı. Yalnız Vaxtanq gəlib çıxanda, əlini mənim başıma qoyanda qadının birdən-birə elə bil yaddaş işığı yanırdı və o məni tanımalı olurdu.
Nədənsə Vaxtanq mənim yaddaşımda yay mövsümü ilə bağlı qalıb, hərçənd mən onu, əlbəttə, ilin bütün fəsillərində görürdüm. Budur, o, göy ipək köynəkdə, ağ şalvarda və ağ parusin ayaqqabılarda bayram əhvali-ruhiyyəsi ilə körpünün taxta döşənəyi ilə gedir və yüngül meh gah onun şalvar üstündən buraxdığı köynəyi yelləyir, gah da onu möhkəm, qamətli bədəninə yapışdırırdı.
Yaxşı yadımdadır onun iradəli sifəti və bu sifəti iradəli edən çənəsi, lakin mən hələ o vaxt başa düşürdüm ki, iradədən xəbər verən bu çənə, əslində, iradənin özünə bir kinayədir, çünki onda nəyə isə nail olmaq həvəsi deyil, artıq əldə edilmiş və ya beş dəqiqədən sonra əldə ediləcək xoşbəxtliyin ifadəsi var idi: çıxışda onu həmişə qız, çox vaxt isə qızlar gözləyirdilər.
– Ah, bağışlayın, qızlar, gecikmişəm! – deyərək o, saatına baxır və qayğısız halda qızlarla birgə gülürdü. Bu hərəkəti ilə o, işgüzar adamları yamsılayırdı.
Maraqlıdır ki, bütün günü su stansiyasında bilyard oynayan Vaxtanq və onun dostları, demək olar, heç vaxt çimmirdilər. Hiss olunurdu ki, bu onlar üçün keçmiş mərhələdir. Lakin isti günlərdən birində onlar dəstə ilə bilyard otağından çıxıb öz dəbli paltarlarını çıxartdılar və məlum oldu ki, onlar möhkəm əzələli, qədd-qamətli cavanlardır.
Onlar qeyri-müəyyən cinsdən olan gözəl heyvanlar kimi səs-küylə şənlənir, gah qaranquş sıçrayışı ilə, gah havada fırlanaraq, gah da şaquli halda suyu yarırdılar. Hiss olunurdu ki, nə vaxtsa onlar yaxşı idmançı olublar.
Sonra elə sudaca topaldıqaç oynayırdılar. Onlar ustalıqla suya baş vurur, bir-birindən gizlənirdilər və mən birinci dəfə gördüm ki, Vaxtanq suyun altında arxası üstə üzərək onu izləyən oğlana göz qoyur.
Hər dəfə güclü təkan vurduqca sudan köpük çıxırdı. Vaxtanq getdikcə mavi suyun dərinliklərinə qərq olur, hərdən yoxa çıxırdı. Onun arxasınca cuman oğlan suyun üzünə çıxır, yan-yörəsinə baxırdı ki, birdən Vaxtanq sudan çıxar. Bir müddətdən sonra Vaxtanq, axır ki, onun arxasında sudan çıxır və «hop!» – suyun dibindən götürdüyü bir ovuc qumu onun peysərinə çırpırdı.
Deyirlər bir dəfə Vaxtanq mərclə qüllənin başındakı bilyard otağının pəncərəsindən birbaşa dənizə tullanmışdı. Bir var otağın damından tullanasan, orada sürət yığmaq üçün imkan var, pəncərədən isə adam özünü suya çatdırmayıb kəlləsi üstə taxta döşənəyə dəyə bilərdi. Ancaq mən Vaxtanqın bilyard otağının pəncərəsindən tullanmağına inanıram; o, çox cəsarətli idi, onda qayğısız bir cürət var idi.
Vaxtanq və onun dostları sahildə bir qədər çimdikdən sonra qabaqcadan danışıblarmış kimi hamısı bir yerdə açıq dənizə üzürdü. Sonra bir-bir qayıdır, əzələli qolları ilə turnikdə dartınır, fınxırırdılar, bir ayağı üstə hoppanıb başlarını silkələyirdilər ki, qulaqlarına dolmuş suyu çıxarsınlar. Sonra paltarlarını götürüb sanki qatara gecikirlərmiş kimi hay-küylə qüllənin taxta nərdivanında tarap-turup sala-sala bilyard otağına tələsirdilər.
Hanı onlar? Gəzdilər, keflərini sürdülər, sonra isə səsləri kəsildi, yox oldular. Mənim yadımda isə onlar müharibədən qabaqkı qızıl gəncliyimizin idealları kimi qaldılar. Onların hərəkətləri, səliqə ilə qırxılmış peysərləri o dövrün idealı Duqlas Ferbenksi xatırladırdı.
Vaxtanqın ailəsi bizim küçəyə yaxınlarda köçmüşdü. Onların qəşəng evinin tikilməsi, sitrus bitkilərindən canlı hasarın çəkilməsi, sonra əsas evə eyvan vasitəsilə birləşən kiçik evin tikilməsi mənim yaxşı yadımdadır.
– Vaxtik evlənəndə… cavanlar üçün… – atasının qonşularla bu məzmunda söhbətlərini də xatırlayıram.
Bağçalarında yelləncək də düzəltmişdilər.
– Vaxtikin uşaqları olanda…
Onlar ailədə üç nəfər idilər: ata, ana və oğul. Bizim küçənin sakinlərinin nəzərində onlar varlı idilər. Xeyirxah varlılardan idilər. Vaxtanqın atası hansısa ticarət müəssisəsinin müdiri idi. Bundan başqa biz onun haqqında heç nə bilmirdik. Bundan artıq bilmək heç lazım da deyildi. Ümumiyyətlə, məsələ bunda deyil.
Bazar günləri, ya da işdən sonra Vaxtanqın atası əyninə həkim xalatına bənzər bir xalat geyinib gözlüyünü taxır və balaca bağçada qurdalanırdı. O, qızılgül budaqlarını yerə çaldığı taxtalara bağlayır, meyvə ağaclarının və meyvələrin qurumuş budaqlarını kəsib atırdı. Doğrudur, Vaxtanqın atası gürcü idi, yəni yerli adam idi, ancaq belə vaxtlarda mənə elə gəlirdi ki, o, əcnəbidir.
Ara günləri ata ilə oğul çox vaxt küçədə rastlaşırdılar. Ata işdən qayıdırdı, oğul isə gəzməyə gedirdi. Küçənin sakinləri eyvana çıxıb, ya skamyada əyləşib səssiz kinoya baxırlarmış kimi böyük ləzzətlə ata ilə oğulun görüş səhnəsini izləyirdilər.
Onların duruşundan görünürdü ki, ata oğulu saxlayıb yavaşca onun axşam harada olacağını öyrənmək istəyir. Oğul isə kinayəli ehtiramla (çox güman ki, onun bu kinayəsi atasının onun sirlərini öyrənmək cəhdindən doğurdu) atasına tərəf əyilir və sanki bununla demək istəyirdi: “Ata, məgər həyatın gözəlliyinə qərq olmaq istəyən adamı saxlamaq olar?”
Sonra onlar ayrılırdılar: ata təbəssümlə oğlunun arxasınca baxır, oğul isə çevrilərək əl eləyir və yoluna davam edirdi. Maraqlıdır ki, bu görüşlər zamanı oğul heç vaxt atasından pul istəmirdi. Axı hamı bilirdi ki, Vaxtanq heç vaxt heç kimi əlini cibinə salmağa qoymurdu. Aydın məsələ idi ki, onların evində oğuldan pul gizlətmək heç kimin ağlına belə gəlməz. O da məlum idi ki, Vaxtanqın atası elə ona görə işləyir ki, oğlu sağa-sola pul xərcləyə bilsin.
Oğlundan ayrılandan sonra ata yavaş-yavaş yoluna davam edir, gülümsər sifətlə küçənin sakinləri ilə salamlaşırdı. Belə hallarda o, küçəmizin ən sevimli və hörmətli adamına çevrilirdi.
– İstəsəydi, narkom kimi maşında gəzərdi…
– Özu istəmir – sadə adamdır.
– Yox, onun ürəyi xəstədir, ona görə piyada gəzir.
– Adam deyil, qızıldır, qızıl.
Bəlkə də, bizim küçədə bu ailəni sevməyən və ya ona paxıllıq edənlər var idi, ancaq mən belələrini tanımırdım. Əgər belələri var idisə, onlar öz paxıllığını və ya nifrətini başqalarından gizlətməyə çalışırdılar. Mənim yaddaşımda yalnız camaatın onlara məhəbbəti, bu ailənin var-dövləti və səxavəti haqda söhbətlər qalıb. Mənim dostumun böyük qardaşı Xristo Vaxtanqın evi tikilərkən orada işləyən atasına kömək edirdi. O, həmin evdə işləyən fəhlələrə verilən cürbəcür ləziz yeməklər haqda ağızdolusu danışırdı.
– Təkcə çörək nəyə desən dəyər! – deyirdi. – Bax belə götürüb sıxırsan – elə bil pambıqdır, buraxırsan – elə bil nəfəs alır.
Əlbəttə, Varlı Dərzi də bizim kuçədə dövlətli adam sayılırdı. Ancaq Varlı Dərzi öz həyatını eləcə var-dövlət yığmağa sərf eləmişdi.
Vaxtanqgildə isə məsələ başqa cür idi. Vaxtanqın valideynləri, görünür, çoxdan varlı idilər, hər halda, onlar artıq dövlətə can atmırdılar, gözləri tox idi və bu ailə küçəmizin sakinləri üçün ideal idi, xoşbəxtlik zirvəsinin nümunəsi idi; onlar bu xoşbəxtliyi öz gözləri ilə görə bildikləri üçün həmin ailəyə minnətdar idilər.
Əlbəttə, onların hamısı, demək olar ki, hamısı bu cür xoşbəxtliyə can atırdı. Lakin həyat onları bu və ya digər dərəcədə sıxmış, incitmişdi və nəhayət, onlar öz kommunal mənzillərində və miskin evlərində qərar tutub amansız həyatla barışmışdılar. Onlar Vaxtanqın ailəsinin gözəl evinə, bağına, onların ehtiyacsız həyatına baxdıqca başa düşürdülər ki, onların arzusu təxəyyül deyil, realdır, doğru arzudur, sadəcə olaraq onların taleyi uğursuz olub və bunu anladıqları üçün həmin ailəyə minnətdar idilər. Əgər bu ailənin bəxti gətirib xoşbəxt olubsa, onda gərək başqalarına da bu xoşbəxtliyi görüb ondan həzz almağa icazə verələr. Onlar isə nəinki icazə verirdilər, hətta onların əliaçıqlığından hərdən qonşulara da pay düşürdü.
Hərdən axşamdan bir qədər keçmiş mən xalamla kinodan qayıdarkən Vaxtanqın atası ilə anasının qapı ağzında qəşəng kətillərdə oturub oğullarını gözlədiklərini görürdük. Adətən, onların qabağında nazikayaqlı masa olurdu, masanın da üstündə bir şüşə «Borjomi» və bir neçə dilim qarpız. Vaxtanqın atası qarpız yeyərkən bir az kənara əyilərdi ki, sıçrantısı üstünə düşməsin və hərdən xalamla bir-iki kəlmə kəsərdi. Ancaq necə yeyərdi! O vaxtlar o mənim gördüyüm yeganə adam idi ki, qarpızı yavaş-yavaş, tələsmədən yeyirdi! Özü də hiss olunurdu ki, o bunu özünü göstərmək üçün eləmir, onun yemək tərzi belədir. Mən onda başa düşdüm varlı olmaq nə deməkdir. Varlı o adam
Внимание! Это не конец книги.
Если начало книги вам понравилось, то полную версию можно приобрести у нашего партнёра - распространителя легального контента. Поддержите автора!Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?