Текст книги "Qay Yuli Sezar"
Автор книги: Filipp Friman
Жанр: Биографии и Мемуары, Публицистика
Возрастные ограничения: +12
сообщить о неприемлемом содержимом
Текущая страница: 2 (всего у книги 10 страниц) [доступный отрывок для чтения: 3 страниц]
Sezar güclənir
M.ö. 63-cü il Sezar üçün əlamətdar hadisələrlə dolu, əhəmiyyətli mərhələ oldu. O artıq on il idi ki, kahinlərin baş kollegiyasının üzvü olaraq pontifik vəzifəsini yerinə yetirirdi. Kollegiyaya ömürlük seçilən baş pontifik rəhbərlik edirdi. Baş pontifik dini məsələlərlə bağlı qanun qüvvəsində olan qərarlar qəbul etməklə yanaşı, pontifiklərin senatda təmsilçisi idi.
Həmin il baş pontifik, yaşlı Kvint Metell dünyasını dəyişdikdən sonra Kfint Lutasi Katull və İsavrili Publi Servili ilə birgə Sezar da bu vəzifəyə namizədliyini irəli sürür. O, Romadakı siyasi ab-havanı diqqətlə təhlil edib riskə getmək qərarına gəlmişdi. Onsuz da borcu çox olan Sezar yenidən borca girir – seçicilərin səsini satın almaq üçün ona çoxlu pul lazım idi. Baş pontifik olmaq üçün on yeddi tribdən2222
Trib – Qədim Romada ərazi seçki dairəsi
[Закрыть] doqquzunun dəstəyini qazanmalıydı. O vaxtlar seçiciləri rüşvətlə ələ almaq adi hal sayılırdı, lakin bunu açıq-aşkar etmək olmazdı. Rəqibləri ona öz iddiasını geri götürmək üçün külli miqdarda pul təklif edirlər. Lakin Sezar təkliflə razılaşmayıb daha çox borc götürür. Anası oğlunun necə çətin vəziyyətdə olduğunu başa düşür və seçki günü onu yola salanda ağlamağa başlayır. Sezar anasını öpüb deyir: «Bu gün oğlun ya baş kahin olacaq, ya da onu Romadan sürgün edəcəklər». Nəticədə Sezar seçkilərdə böyük səs çoxluğu ilə qalib gəlir və evə baş pontifik kimi qayıdır. Beləcə, o, Romada nüfuzlu şəxsə çevrilir və keçmiş diktator Sullanın qoyduğu dövlət sistemini dəyişdirməyə çalışır. Bu işdə Sezara xalq tribunu2323
Xalq tribunu – Qədim Romada plebeylərdən seçilən vəzifəli şəxslər. Xalq tribunları plebeylərin hüquqlarını qoruyur və onların xeyrinə qanunlar icra edirdilər. Magistrat və senatın qərarlarını ləğv etmək hüququna malik olan tribunların şəxsiyyəti toxunulmaz sayılırdı.
[Закрыть] Tit Labien kömək edirdi. Onlar birlikdə baş pontifikin seçilməsi qaydasını dəyişdirməyə müvəffəq olurlar. Belə ki, baş pontifiki artıq pontifiklər kollegiyası yox, xalq seçəcəkdi.
Sezarla Labien həmçinin Roma aristokratiyasının hakimiyyətini məhdudlaşdırmaq üçün plan qururlar. Qeyd edək ki, yüz il əvvəl Qrakx qardaşları da buna cəhd etmişdilər. Qədim Romanın məşhur islahatçıları kimi tarixə düşən qardaşlar bu istəklərinə çatmadılar: optimatların güclü müqaviməti ilə üzləşdilər və öldürüldülər. Odur ki ehtiyatlı davranmaq lazım gəlirdi. Əsas məsələ sadə insanların rəğbətini qazanmaq, onların arasında populyarlaşmaq idi. Bu məqsədlə Sezar məhkəmələrdə əyalətlərdən olan sakinlərin maraqlarını qoruyur, onları Roma hakimiyyətinin təzyiqlərindən yayındırmağa çalışır. Məsələn, Şimali İtaliyada canişin olmuş Qay Pizonun əleyhinə məhkəmədə ittihamçı qismində çıxış edir: canişin günahsız bir insanı ölümə məhkum etmişdi. Daha sonra o, Masintu adlı bir numidiyalını2424
Numidiyalı – indiki Tunis və Əlcəzair ərazisində yaşamış qədim tayfa
[Закрыть] məhkəmədə çar Qiemspaldan qoruyur. Ancaq bu dəfə məhkəmə iclasında Sezar hirslənib özündən çıxır və çarın oğlu Yubanın saqqalından yapışır. Çarın oğlu məhkəmədə atasını təmsil edirmiş. Nəticədə məhkəmə prosesini uduzan Sezar başqa çıxış yolu tapır: müttəhimi gizlicə aradan çıxarıb İspaniyaya göndərir…
Onun bu cür davranışları sadə xalq arasında nüfuzunu daha da yüksəldir.
M.ö. 63-cü ildə Sezarın əsas rəqiblərindən biri olan Siseronu konsul seçirlər. Siseron savaş meydanında fərqlənməmişdi, adlı-sanlı nəsildən deyildi, var-dövləti də yox idi. Lakin Forumda çıxış eləyərkən insanlar böyük maraqla onu dinləməyə toplaşırdı.
Siseronun konsul seçilməsindən sonra Sezar onunla və ətrafındakılarla mübahisələrə girməmək üçün ilin sonuna kimi senata gəlmir. Elə həmin il o, pretor seçkilərində qələbə çalır və senat ona pater patriae2525
Pater patriae – latın dilindən tərcümədə «xalqın atası» mənasına gələn, Qədim Romada respublika və ya imperiya qarşısında böyük xidmətləri olmuş şəxslərə verilən ad
[Закрыть] titulu verir. Sezar bütün ömrü boyu bu titulla fəxr etmişdir.
Tezliklə Siseron sadə insanların hüquqlarının müdafiəçisi kimi tanınmağa, pretor vəzifəsinə seçilən Sezar isə dövlət işləri ilə məşğul olmağa başlayır. Elə ilk gün, kapitolidə yeni seçilmiş konsulların şərəfinə bayram tədbiri keçirilərkən Sezar Forumda xalq toplantısı təşkil etdi. O öz hərarətli nitqində bildirdi ki, dövlət xəzinəsindən vəsait ayrılmasına baxmayaraq on beş il əvvəl yanmış Yupiter məbədi hələ də bərpa olunmayıb. Nitqində o, məbədin bərpası üçün ayrılan pulların mənimsənildiyinə işarə vurur. Təklif edir ki, məbədin bərpası Pompeyə tapşırılsın. Toplaşanlar həmin təklifi razılıqla qarşılayırlar. Lakin optimatların sərt müqaviməti ilə üzləşən senat onu təsdiqləmir.
Sezar optimatlarla mübarizəni davam etdirərək xalq tribunu Metell Nepotu dəstəkləyir. Nepot Pompeyin Romaya qayıtmasına çalışırdı. Tezliklə Sezar xoşagəlməz vəziyyətə düşür: Katalina adlı qiyamçının ordusu məğlub olandan sonra sağ qalmış döyüşçülərlə bağlı təhqiqat aparılır. Elə bu vaxt senat tərəfindən qiyamçıların arasına yerləşdirilmiş casus Lutsi Vetti təhqiqata yenicə başlayan Nofi Niqrin yanına gəlir və Sezarın onlarla əlbir olduğunu bildirir. Əlavə edir ki, onun qiyamçıların başçısına yazdığı məktubu təqdim etməyə belə hazırdır. Lakin Sezar özünü müdafiə etməyi bacarır. Bəyan edir ki, qiyamda əli yoxdur, hətta onda olan bütün məlumatları Siserona ötürüb. Konsul onun dediklərini təsdiqləyir. Bundan sonra senat Sezara etibar etdiyini bildirir. Ardınca isə Sezar öz səlahiyyətlərindən yararlanaraq Vettinin bütün əmlakını müsadirə etdirir. Casus özü isə təhqiqatçı ilə birlikdə həbs olunur.
Bundan sonra Sezar canişin kimi yenidən İspaniyaya qayıtmaq fikrinə düşür. Ancaq külli miqdarda borc aldığı insanlarla razılığa gələ bilmir. Həmin adamlar yalnız borcunu ödəyəcəyi təqdirdə gələcək hökmdarın İspaniyaya gedişinə razılıq verəcəklərini bildirirlər. İşi belə görən Sezar ən varlı romalıya – Krassa üz tutur. Krass ona kömək əli uzadır.
Beləcə, Sezar yenidən İspaniyaya yollanır. Yolda yanındakılardan biri ondan soruşur: “Görəsən, İspaniyada da adamlar vəzifə uğrunda bir-birilərini didirlər?”
Sezar cavab verir: “Bilmirəm, ancaq mən Romada ikinci olmaqdansa, burada birinci olmağı üstün tutardım!”
Sezar bilirdi ki, onun siyasi karyerası İspaniyada uğur qazanıb-qazanmayacağından asılıdır. Əgər uğur qazanardısa, konsul vəzifəsinə iddia edə və borclarını qaytara bilərdi. O, işə başlayan kimi dağlıq ərazilərdə məskən salmış luzitanlara2626
Luzitanlar – Pireney yarımadasının cənub-qərb hissəsində (indiki Portuqaliyanın böyük hissəsi) məskunlaşmış iber tayfası
[Закрыть] aşağı enib düzəngahda məskunlaşmağı əmr edir. Heyvandarlıqla məşğul olan bu tayfalar dağlarda tez-tez qarət və soyğunçuluğa əl atırdılar. Sezar təxmin edirdi ki, luzitanlar onun əmrini yerinə yetirməyəcəklər və bu, hərbi əməliyyatlara başlamaq üçün ona bəhanə verəcək. Elə də oldu, Sezar dağlara qoşun yeritdi. Luzitanlar səriştəsiz, bacarıqsız sərkərdələrin başçılıq etdiyi Roma ordularını dəfələrlə məğlubiyyətə uğratmışdılar. Ümid edirdilər ki, bu dəfə də belə olacaq. Ona görə də yaxınlaşan Roma ordusuna müqavimət göstərmədilər. Luzitanlara elə gəlirdi ki, romalılar heyvan sürülərini öz düşərgələrinə qovub aparacaq, beləliklə də başları qarışacaq. Bu zaman gözlənilmədən hücum çəkib, onları asanlıqla məhv etmək planlaşdırılmışdı. Lakin luzitanlar yanılırdı: Sezar İspaniyaya mal-davar üçün gəlməmişdi.
Gələcək hökmdarın legionları tezliklə luzitanların müqavimətini qırdı və onları Atlantik okeanının sahillərinə tərəf çəkilməyə məcbur etdi. Sağ qalan luzitanlar tələm-tələsik yaxınlıqdakı adaya çıxdılar. Sezar onların arxasınca bir dəstə əsgər göndərdi. Qayıqların köməyilə luzitanları təqib edən əsgərlər bir məqamı nəzərə almamışdılar: qabarma zamanı Aralıq dənizində suyun səviyyəsi vur-tut bir neçə düym2727
Düym – ingilis ölçü sistemində uzunluq vahidi; 1 düym 2,54 santimetrə bərabərdir.
[Закрыть], Atlantik okeanında isə bir neçə fut2828
Fut – ingilis ölçü sistemində uzunluq vahidi; 1 fut 30,48 santimetrə bərabərdir.
[Закрыть], özü də çox sürətlə qalxır. Nəticədə döyüşçülər quruya çıxa bilmədilər və adaya sığınan luzitanlar çətinlik çəkmədən onları qırıb-çatdılar. İşi belə görən Sezar İspaniyada yerləşən Qades şəhərindən gəmilər gətizdirdi. Yaxşıca hazırlıq tədbirləri görəndən sonra hücum çəkib adadakı luzitanları darmadağın etdi. Bu hadisə onun şöhrətini artırdı.
Sezar tezliklə İspaniya şəhərlərində əmin-amanlıq yaratdı. Romalı borcverənlərlə ispaniyalı borclular arasındakı mübahisələrə son qoydu. Nəticədə nüfuzu bir az da yüksəldi.
Triumf2929
Triumf – Qədim Romada qalib sərkərdənin qoşunu ilə birgə paytaxta təntənəli surətdə daxil olması
[Закрыть]
Sezar İspaniyada böyük var-dövlət əldə etdi. Həmin dövr tarixçiləri yazırlar ki, o, bütün ispan şəhərlərindən böyük məbləğdə təzminat almış, döyüşlərdən misilsiz qənimət toplamış, öz əsgərlərinin varlanmasına da imkan yaratmışdı.
Sezar İspaniyada bir çox nüfuzlu insanlarla da tanış olmuşdu. Onların sırasında Qadesli Lutsi Korneli Balb da vardı. Balb bir neçə il Pompeyin yanında xidmət etmiş, onun köməyi ilə Roma vətəndaşlığı almışdı. Sonralar Balb Sezar üçün olduqca lazımlı adama çevriləcəkdi.
Konsul seçiləcəyinə artıq heç bir şübhəsi qalmayan Sezar, nəhayət ki, Romaya yollandı. O, fateh kimi qarşılanmağa layiq idi, lakin bu şəkildə qarşılanma mərasimi yalnız senatın təşəbbüsü ilə baş tuta bilərdi. Senatda isə Sezarı gözü götürməyən, ona nifrət edən optimatların mövqeyi hələ də çox güclü idi. Onlar Sezarın xalq arasında daha çox məşhurlaşa biləcəyindən qorxurdular. Bütün bunlara baxmayaraq optimatlar Sezarın İspaniyadakı xidmətlərinə göz yuma bilməzdilər. Odur ki onun şərəfinə təntənəli mərasimin – triumfun keçirilməsinə mane olmamaq qərarına gəldilər.
Triumf, bir qayda olaraq, yürüşlə başlayırdı: insanlar Martius düzənliyində toplaşır, bütün şəhərdən keçərək Foruma doğru irəliləyirdilər. Yürüş Kapitolidə başa çatırdı. Triumfa ali magistratlar başçılıq edir, onların arxasınca hərbi qənimətlər aparılırdı. Al-qırmızı toqa3030
Toqa – Qədim Romada vətəndaşların üst geyimi, qolsuz uzun plaş
[Закрыть] geymiş triumfator magistratların əhatəsində, dörd at qoşulmuş bər-bəzəkli döyüş arabasındaydı. Onun ardınca əsgərlər və döyüşlərdə əsir alınmış adamlar gəlirdi.
Şənlik zamanı tanrıların hökmü də unudulmurdu. Belə ki, arabada fatehin yanında xidmətçisi oturmalı və arabir əyilib onun qulağına pıçıldamalıydı: «Unutma, sən ölümlüsən».
Kapitoliyə gəlib çatandan sonra Sezar Yupiterə qurban gətirdi. Heç gözləmədiyi halda öyrəndi ki, qanuna görə o həm triumfa, həm də konsulluq vəzifəsinə iddia edə bilməz. Belə ki, triumfun keçirilməsini istəyən şəxs Romadan kənarda, konsulluq vəzifəsinə iddia edən isə şəhərdə olmalıdır.
Sezar isə məhz konsul seçimləri zamanı gəlmişdi. O həm triumfun keçirilməsini istəyir, həm də konsulluq vəzifəsinə iddia edirdi.
İşi belə görən gələcək hökmdar senata müraciət etdi. Şəhərdən kənarda olsa da, konsul seçimlərində iştirak etməyə icazə istədi. Senat üzvləri onun xahişini nəzərə almaq istəsələr də, Katon bunun əleyhinə çıxdı. O bildirdi ki, istənilən halda qanuna əməl edilməlidir. Katon məsələyə baxılmasını əngəlləmək üçün uzun bir nitq söylədi.
Ertəsi gün senatın iclası keçirilmədi. Sezarın konsul seçilməsini istəməyən Katon qələbə çaldığını düşünürdü. Sezar növbəti dəfə yalnız bir il sonra konsul vəzifəsinə iddia edə bilərdi. Lakin sonrakı gedişat Katonun yanıldığını göstərdi. Belə ki, Sezar Martius düzənliyindəki düşərgədən çıxıb şəhərə doğru hərəkət etməyə başladı. Heç kəsin ağlına gəlməzdi ki, Sezar triumfdan imtina eləyə bilər. Sezar növbəti dəfə həm dostlarına, həm də rəqiblərinə göstərdi ki, o, qeyri-adi addımlar atmağa qadir siyasətçidir.
İkinci konsul vəzifəsinə Sezarın çoxdankı rəqibi optimat Bibul ilə Lutsi Lutsey adlı varlı senator iddialı idi. Sezar Bibulu sıradan çıxarmaq üçün Lutsiyə birgə hərəkət etməyi təklif etdi. Belə ki, Lutsi öz pullarıyla seçiciləri ələ almalı və onlara Sezarla birlikdə konsul olmağı planlaşdırdığını deməli idi. Bu əməkdaşlıq ikisinə də sərf edirdi: Sezar Lutsinin pullarıyla özünə seçici, Lutsi isə onun şan-şöhrətindən faydalanmaq imkanı qazanırdı.
Sezarın Lutsiylə ittifaq qurduğunu öyrənən optimatlar cavab tədbirləri gördülər. Onlar Sezarın konsul seçiləcəyinə şübhə etmirdilər, lakin Lutseyin onunla eyni mövqedən çıxış etməsini istəmirdilər. Çünki bu, Sezarın daha da güclənməsi deməkdi. Optimatlara isə gələcəkdə onun irəli sürəcəyi təkliflərin qəbul olunmasına əngəl yaradacaq adam lazım idi. Odur ki Bibulun seçilməsindən ötrü hərəkətə keçdilər: seçiciləri rüşvətlə ələ alması üçün ona xeyli vəsait ayırdılar. Katon həmin qanunsuz addımı dəstəkləyərək bildirdi ki, bunu respublikanın maraqlarını qorumaq üçün edirlər. Optimatlar hətta konsulluq müddəti başa çatdıqdan sonra Sezarın nə işlə məşğul olacağını da müəyyənləşdirmişdilər. Adətən, keçmiş konsulları varlı əyalətlərdən birinə canişin göndərirdilər. Lakin Sezara öz planlarını həyata keçirməyə mane olmaq üçün senat yeni bir qanun qəbul etdi. Həmin qanuna görə keçmiş konsullar vəzifə müddəti başa çatandan sonra otlaq yerlərinə və meşə təsərrüfatına nəzarət edəcəkdilər. Bu işi görmək üçün isə qoşun dəstələrinə ehtiyac yox idi. Deməli, Sezarın ixtiyarında heç bir hərbi qüvvə olmayacaqdı…
Triumvirat3131
Triumvirat – Qədim Romada xüsusi məqsədlərlə seçilmiş və ya təyin edilmiş üç şəxsdən ibarət kollegiya və onların arasında bağlanan üçtərəfli saziş
[Закрыть]
Proseslər onunla nəticələndi ki, Sezar və Bibul konsul seçildilər. Gələcək hökmdar başa düşürdü ki, səlahiyyət müddəti başa çatandan sonra o, cəmiyyətdəki siyasi nüfuzunu itirə bilər – optimatlar nəyin bahasına olur olsun, onun hərbi və siyasi karyerasını bitirəcəkdilər. Yuxarıda da dediyimiz kimi, artıq bu məqsədlə qanun da qəbul edilmişdi.
Sezarın bircə yolu qalırdı: optimatları zərərsizləşdirmək! Bunun üçün isə Sezara etibarlı və nüfuzlu adamlar lazım idi. İlk ağlına gələn Pompey oldu. Vaxtilə senatorlar, layiq olmadığı mövqeyə sahiblənmiş adam kimi onu lağa qoysalar da, qoşun başçısı təyin edilməsinə əngəl yarada bilməmişdilər. Pompey isə düşmənlər üzərində çoxsaylı qələbələr qazansa da, Romaya qayıdandan sonra öz istəklərini senata qəbul etdirməyi bacarmamışdı. Odur ki özünə müttəfiq axtarırdı.
Sezar həmçinin var-dövlətinin həddi-hüdudu olmayan Krassla da ittifaq qurmaq niyyətində idi. Senat onu tutduğu mövqeyə layiq olmayan adam sayırdı. Bu səbəbdən Krass optimatlardan narazı idi.
İstər Pompeyi, istərsə də Krassı eyni zamanda öz tərəfinə çəkmək asan məsələ deyildi: axı onların bir-birindən xoşları gəlmirdi. Lakin bu zaman Sezarın daha bir bacarığı üzə çıxdı: o, bir-birinə nifrət edən adamları belə, ümumi məqsəd ətrafında birləşdirməyi bacardı. Yeri gəlmişkən, Sezar hətta Siseronun dəstəyini qazanmağa da cəhd eləmişdi. Ancaq Siseron xeyli düşünüb-daşındıqdan sonra bu təklifi rədd etdi. O, müxtəlif siyasi qruplar arasında tarazlığı pozmamağı, bitərəf qalmağı üstün tutdu.
Əslində isə Romada siyasi qüvvələr arasında tarazlıq çoxdan pozulmuşdu.
Axırda Sezar hətta Siseronun köməyi olmadan da öz məqsədinə çatdı: üç romalı – məşhur sərkərdə, Romanın ən varlı adamı və təcrübəli siyasətçi triumvirat bağladılar. Məqsəd dövlət idarəçiliyini ələ keçirmək idi. Onlar təntənəli surətdə and içdilər ki, bir-biriylə rəqabət aparmayacaqlar. Beləcə, ilk triumvirat baş tutdu.
Optimatlar isə hansı qüvvəylə qarşı-qarşıya gələcəklərini hələ də anlamırdılar.
Konsulun səhvi
Sezar daxilən yumşaq təbiətli, xoşxasiyyət adam idi. Buna baxmayaraq, düşmənlərinə qarşı güzəştsiz davranmağı üstün tuturdu.
Zahirən isə o, romalılarla müqayisədə hədsiz dərəcədə ucaboy, cənublulara nisbətən çox sarışındı. İri, qara, ifadəli gözləri vardı. Xarici görünüşünə xüsusi fikir verən Sezar keçəlini gizlətmək üçün saçlarını arxadan qabağa doğru darayırdı. Qadınların sevimlisi idi, lakin onun özü Katonun ögey bacısı və Brutun (Sezarı qətlə yetirən şəxs) anası Serviliyanı sevirdi. Bəzi tarixçilər hətta sual verirlər: görəsən, Sezar öz qatilinin atası olmayıb ki? Lakin belə fikirləşməyə əsas yoxdur: Brut anadan olanda Sezarın vur-tut on beş yaşı vardı.
Gələcək hökmdarın səhhətində hələ yeniyetmə yaşlarından ciddi problemlər yaranmışdı. O, baş ağrılarından və epilepsiya tutmalarından əziyyət çəkirdi. Həmin dövrlərdə belə bir inanc hökm sürürdü ki, epilepsiya ilahi və ya şeytani xislətin təzahürüdür. İstənilən halda isə o, “seçilmiş” insanların xəstəliyi sayılırdı. Sezar bu xəstəliyə hərbi xidmətdə olarkən tutulmuşdu. Lakin heç vaxt xəstəliyi bəhanə edərək rahat yaşamaq barədə fikirləşmirdi. Konsul olmaq üçün mübarizə aparmağa başlayanda isə artıq vəziyyət düzəlmişdi: Sezarın sağlamlığından şikayəti yox idi.
Pompey və Krassla gizli ittifaq yaradandan sonra Sezar senat üzvləri və magistratlar arasında özünə müttəfiqlər tapmağa çalışırdı. Bunun da səbəbi vardı. Ovaxtkı ənənəyə görə, bütün ciddi, taleyüklü qərarlar, dəyişikliklər öncə senatda müzakirə olunurdu. Sezar bu ənənəni pozmaq istəmirdi, ancaq onu da başa düşürdü ki, öz qanun layihələrini senatdan keçirmək üçün hələ də kifayət qədər gücə malik deyil. Onları qəbul etdirmək üçün Sezar birbaşa xalq toplantısına müraciət etmək məcburiyyətindəydi. Üstəlik, həmin toplantı ona sadiq olan tribunun iştirakıyla aparılmalı idi. Nəhayət, belə bir adam tapıldı: bu, xalq tribunu Publi Vatini idi. Sezar onu öz tərəfinə çəkmək üçün xeyli pul xərcləməli oldu. Sonralar Siseron yazırdı: «Vatini pulsuz heç bir iş görməz».
M.ö. 60-cı ildə Sezar konsul vəzifəsinin icrasına başladı. Onun bu vəzifədə ilk addımı isə müdrikcəsinə atılmışdı. Belə ki, Sezar senat iclaslarının və xalq toplantılarının protokolunu tutmağı tapşırdı. Artıq nə optimatlar, nə də populyarlar3232
Populyarlar – e.ə. II əsrin sonu – I əsrdə Romada ideya-siyasi cərəyan, plebeylərin mənafeyinin müdafiəçiləri
[Закрыть] mühüm məsələlərin həllində öz narazı mövqelərini gizlədə bilməzdilər. Beləcə, sadə xalq hər şeydən agah olacaq və Sezarın rəqiblərinə qarşı çıxacaqdılar.
Həmin mühüm məsələlərdən biri barədə isə daha ətraflı danışmaq lazımdır. Çünki bu, Roma tarixinin ən önəmli islahatlarındandır. Konsul seçildikdən az sonra Sezar torpaq haqqında qanun layihəsini senata təqdim etdi. Həmin illərdə Roma dövlətinin paytaxtında torpaqsız kəndlilər və ehtiyatda olan əsgərlərin (Pompeyin veteran döyüşçüləri də daxil olmaqla) sayı həddən artıq çox idi. Beləcə, onlar dövlət xərclərinin artmasına və sabitliyin pozulmasına səbəb olurdular. Sezar senatda çıxış edərək bildirdi ki, bu adamlar öz ailələri ilə birlikdə İtaliya hüdudlarındakı dövlətə məxsus torpaqlara yerləşdirilməlidir. O, xüsusi olaraq qeyd etdi ki, bu təklifdə dövlət büdcəsinə və ayrı-ayrı senatorlara gəlir gətirən torpaqlar nəzərdə tutulmur. Sezar bu məsələylə bağlı başqa təkliflər də irəli sürdü: bundan sonra heç bir torpaq sahibinin mülkü müsadirə olunmayacaq; yalnız mülk sahibi könüllü olaraq satmaq istədiyi halda dövlət onun torpaqlarını satın ala biləcək və s.
Senatorları qanun layihəsi ilə tanış etdikdən sonra Sezar onların qeydlərini və rəylərini dinləməyə hazır olduğunu bildirdi. Öz növbəsində senatorlar qanun layihəsində ciddi qüsurlar tapmasalar da, onu təsdiqləmək istəmədilər. Onlar başa düşürdülər ki, bu təklifi qəbul etsələr, xalq arasında Sezarın nüfuzu daha da artacaq. Katon da senatorları dəstəklədi: söz alıb həmişəki kimi qəsdən uzun-uzadı nitq söyləməyə başladı. Bir azdan məlum oldu ki, o, iclas qurtarana kimi danışmaq fikrindədir. Katonun bu hərəkəti Sezarı özündən çıxardı: onu həbsə atmağı əmr etdi.
Şübhəsiz, konsulun Katonu həbs etməyə səlahiyyəti çatırdı. Bununla belə, mənəvi baxımdan Sezar həddini aşmışdı, yəni aristokratların senatdakı liderini aşağılamışdı. Eyni zamanda bütün rəqiblərinə açıq şəkildə meydan oxumuşdu. Optimatlar bu vəziyyətlə barışa bilməzdilər, odur ki nümayişkaranə tərzdə Katonla birlikdə həbsxanaya doğru getməyə başladılar. Sezarın öz davranışı ilə mövcud ənənələri kobud şəkildə pozduğunu düşünən mötədil senatorlar belə bərk qəzəbləndilər və iclası tərk etdilər. Sezar onlardan birinə üz tutub niyə getdiyini soruşanda belə cavab aldı: «Sənin kimi ənənələrə hörmətini itirmiş biri ilə burada qalmaqdansa, Katonla həbsxanada oturaram».
Səhvini başa düşən, həmçinin Katonun xalq arasında əzabkeş kimi tanınmasını istəməyən Sezar onu azad etdirdi. Eyni zamanda bildirdi ki, əgər senatorlar onunla əməkdaşlıq etmək istəmirlərsə, onda öz təkliflərini birbaşa Roma xalqı ilə müzakirə edəcək.
Bu hədə bir işə yaramadı və qanun layihəsi xalq toplantısına çıxarıldı. Toplantıda Sezar irəli sürdüyü təkliflər barədə ətraflı danışdı, sonra isə Bibuldan xahiş etdi ki, bununla bağlı öz mövqeyini bildirsin. Lakin Bibul dodaqaltı mızıldandı ki, bu il torpaq islahatı nəzərdə tutulmayıb. Onda Sezar toplaşanlara müraciət edərək dedi: «Bibul razılıq verməsə, qanun qəbul olunmayacaq».
Toplaşanlar qanun layihəsini bəyənmişdilər. Odur ki Bibulu yola gətirməyə çalışdılar, ancaq buna nail ola bilmədilər. «Hamınız lehinə olsanız da, qanun qəbul edilməyəcək», – o belə deyib toplantını tərk etdi.
İşi belə görən Sezar Pompeylə Krassa üz tutaraq onların fikrini soruşdu. Cavabında Pompey və Krass tribunaya qalxıb gələcək hökmdarla həmfikir olduqlarını bəyan etdilər. Veteranların torpaqla təmin olunmasına çalışan Pompey qanunun dərhal qəbul edilməsini istəyirdi. O, toplaşanlara bəyan etdi ki, qılınc qurşanıb islahatçı Sezarı obstruksionist3333
Obstruksionistlər – qanunverici orqanda azlıqda olub çoxluğa qarşı çıxanlar
[Закрыть] senatorlardan qorumağa hazırdır.
Bunu eşidən kütlədən şadyanalıq nidaları qopdu. Toplantıda iştirak edən Katon birdən-birə başa düşdü ki, Sezar optimatların gözü önündə iki nüfuzlu, qüdrətli şəxsiyyətlə birləşərək yenilməz ittifaq yaradıb; bundan sonra Sezarı təhlükəli, Roma dövlətinin əsaslarını sarsıtmaq istəyən adam kimi göstərmək çətin olacaq. Onsuz da xalq arasında böyük nüfuz sahibi olan Sezar indi həm də qüdrətli siyasi
Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?