Электронная библиотека » Hüseyn Abbaszadə » » онлайн чтение - страница 1

Текст книги "Haradansınız, müsyö Abel?"


  • Текст добавлен: 28 октября 2022, 20:41


Автор книги: Hüseyn Abbaszadə


Жанр: Современная зарубежная литература, Современная проза


сообщить о неприемлемом содержимом

Текущая страница: 1 (всего у книги 4 страниц) [доступный отрывок для чтения: 1 страниц]

Шрифт:
- 100% +

Hüseyn Abbaszadə

HARADANSINIZ, MÜSYÖ ABEL?

(roman)

Tuluza qatarı Parisə səhər tezdən çatdı. Əbil oğlu ilə taksiyə əyləşib ''Rezidans de Mareşon'' mehmanxanasına getdi. O, keçən dəfə paytaxta gələndə də burada qalmışdı. Düşdüyü nömrə bahalı olmasa da, rahat idi. On yaşlı Arman ilk dəfəydi, Parisə gəlirdi. O, atasını tələsdirir, şəhərə baxmağa can atırdı. Əbil isə yorğun idi, yenə ürəyi sancırdı. Bir hovur dincəlmək istəyirdi. O, sifariş verdi, nömrəyə qəhvə gətirdilər. Əbil kresloda uzanıb siqareti tüstülədə-tüstülədə pəncərədən bayıra tamaşa elədi. Çisək idi. Narın-narın yağış çiləyirdi…

İlk dəfə təxminən dörddəbir əsr əvvəl də Paris Əbili belə çiskinli havayla qarşılamışdı. Onda almanlar sovet hərbi əsirlərini eşelonla bura gətirmişdilər. İkinci dəfə Əbil Parisi 49-cu ildə doktor Leskürü cərrahiyə klinikasına müşayiət edəndə görmüşdü. Sonra o, 58-ci ildə viza almağa gəlmişdi. Üçüncü gəlişini heç xatırlamağa dəyməzdi…

Bu, Əbilin dördüncü gəlişiydi. O, qəzetlərdən oxumuşdu ki, Parisdə keçiriləcək Beynəlxalq Rəqs Festivalına Azərbaycan baleti də dəvət olunub. Festivaldan sonra Bakı teatrı Fransanın şəhərlərinə qastrol səfərinə çıxacaqdı. Amma onlar Tuluza şəhərində olmayacaqdılar. Əbil Parisdə yaşayan tanışlarının vasitəsilə Azərbaycan baletinin Şamz Elize teatrında olacaq ilk tamaşasına bilet sifariş eləmişdi, həmyerlilərini görmək istəyirdi.

O, on doqquz yaşlı qızı Suzannanın Parisə yola düşməzdən bir az əvvəl qripə yoluxmasına təəssüf edirdi. Arvadı Azərbaycan baletinə baxmağı çox arzulasa da, naxoş qızını xidmətçi qadının ümidinə qoymağa razı olmamış, Tuluzada qalmışdı. Buna görə də o, Parisə ailəsilə yox, oğlu ilə gəlmişdi. Əbil paytaxtdan Tuluzaya zəng çalmış, evlə danışmışdı. Səsində arxayınlıq hiss olunan arvadı demişdi ki, qızın hərarəti yavaş-yavaş düşür. Əbilə elə gəlmişdi ki, arvadı ona təskinlik vermək üçün belə deyir. Bir gecənin içində Suzannanın yaxşılaşması ağlabatan deyildi.

O, qəhvənin üstündən bir siqaret alışdırdı. Arvadının gözündən iraq: Əbilin siqaret çəkdiyini görsəydi, ərini məhkəmədə danlardı. Axı, onun stenokardiasiyası vardı… Əbil bu gün çox siqaret çəkirdi. Arman atasını tələsdirdi. Əbil köks ötürüb kreslodan qalxdı. Mehmanxanadan çıxdılar.

Qaş qaralana kimi Parisdə dolandılar. Monmartırdakı restoranlardan birində nahar elədilər. Tamaşanın başlamasına bir saat qalmış, teatrın qabağına gəldilər.

Yelisey düzündəki reklamların işıqları göz qamaşdırırdı.

Şamz Elize teatrının bağlanmış kassalarının qarşısına xeyli adam toplanmışdı. Onlar bilet tapmaq ümidilə yan-yörəyə boylanırdılar.

Əbilin iki bileti artıq idi. Bunu bağlı kassanın qarşısında ümidsizliklə gəzişən biletsizlərə deyən kimi onu dərhal araya aldılar. Yerbəyerdən səslər ucaldı:

– Mənə verin, müsyö, xahiş edirəm, mənə verin.

Bir kişi cəld tərpənərək pulu verib ondan biletləri aldı, təşəkkür eləyə-eləyə getdi. Əbilin başına toplaşanlar dağılışdılar.

– Axşamınız xeyir, müsyö Abel.

Tanışları Əbilin adını fransızsayağı “Abel” deyə çağırırdılar. Onun Tuluza şəhərindəki evinin divarına vurulmuş lövhədə “Doktor Abel Heydərov” yazılmışdı.

Əbil dönəndə qarşısında ucaboylu oğlan gördü. O, Tuluza şəhərində yaşayan tanış bir aptekçinin oğluydu. Bir il əvvəl Parisə gəlmişdi. Deyəsən, universitet tələbəsi idi. Oğlanın yanında üzügülər qəşəng bir qız dayanmışdı.

– Oho, Arman, sən də burdasan?! – gənc oğlan Armanın saçlarını tumarladı.

– Nə xoş təsadüf! Teatra gəlmisiniz? Aydındır, müsyö Abel, aydındır. Sizi başa düşürəm. Bu tamaşaya baxmaq üçün Parisə gəlməyə dəyər. Deyəsən, bu balet sizin yerdən gəlib, eləmi?

– Elədir.

Aptekçinin oğlu qızın qoluna girdi.

– Biz də bu tamaşaya baxmaq istəyirdik. Bilet tapa bilmədik.

Əbil təəccübləndi:

– Heyif, məndə ikisi vardı. Bilsəydim, sizə rast gələcəyəm…

– Zərəri yoxdur, təəssüflənməyin, müsyö Abel. Bəlkə, o biri günlərə bilet tapdıq. Tuluzada nə var, nə yox? Bizim qocaların əhvalı necədir?

Onlar bir az söhbət elədilər. Sonra aptekçinin oğlu Əbilgillə soğallaşdı, yanındakı qızla birgə küçənin izdihamına qarışdı.

Əbil qəribə bir vəziyyət keçirirdi: o, sanki kənarda durub özünə tamaşa edirdi. Gözünə, yaşına nisbətən qoca görünürdü. Arıq idi. Gur saçları və bığı çallaşmışdı. Sintetik parçadan dəblə tikilmiş gödək palto geyinmişdi. Yanında duran oğlunun paltosu da onunkundandı. Arman Əbilə necə də bənzəyirdi! Saçları atasının saçları kimi gur, qaşları çatma idi.

Əbil yenə qırxıncı illəri xatırladı. O vaxtlar xəyalına da gəlməzdi ki, 25 ildən sonra atasının ana dilini bilməyən oğlu ilə bərabər Yelisey düzündə Bakı Opera və Balet Teatrının afişasına yad adam kimi ürək sıxıntısı ilə baxacaq…

* * *

“Bir dəfəlik ölmək, hər gün yüz dəfə ölüb-dirilməkdən yaxşıdır. İnsan nə qədər həyəcan keçirərmiş, insanın canı nə bərk olurmuş! Gərək, məni də əsir alanda, elə oradaca güllələyərdilər… Nə yaxşı olardı. Adam öləndə də, özününkülərin arasında ölə.

40-cı ildə Bakıda tibb institutunu bitirdim. Bir il keçməmiş dava başladı. Səfərbərliyə alındım. Məni nişançılıq alaylarından birinə hərbi həkim göndərdilər. Payızda alayımız Xarkov uğrunda gedən döyüşlərdə itki verdi. Sonra mühasirəyə düşdük. Mühasirə həlqəsini yarıb çıxırdıq ki, faşistlərin motorlu hissələri ilə qarşılaşdıq. Tibb sanitar batalyonunda olan xeyli ağır yaralını almanlar oradaca güllələdilər. Məni yüngül yaralılar ilə birlikdə hərbi əsir düşərgəsinə göndərdilər. O vaxtdan sərgərdanlığım başladı…

Əgər onda belə müsibət çəkəcəyimi bilsəydim, əsir düşəndə tərəddüd etmədən gülləni gicgahıma sıxardım. Ancaq mən bir həkim kimi bizim yaralıların hayına qalmışdım. Düşərgədə də gözüm onların üstündə idi. Həkimlik borcumu bacardığım qədər yerinə yetirir, yaralıların əziyyətlərini azaltmaq üçün əlimdən gələni eləyirdim. Bilirdim ki, (Polşada olduğumuz vaxt) düşərgədə gizli mübarizə təşkilatı yaradılıb. Həmyerlilərimin bir çoxu bu təşkilatın üzvüdür. Ancaq nədənsə onlara qoşulmaq istəmirdim.

Hərbi əsir düşərgəsində nələr çəkdiyimizi deməyə lüzum yoxdur. Ondan o qədər yazıblar ki…

43-cü ilin payızında almanlar “Müsəlman legionu” yaratmaq üçün adam toplayırdılar. Polşa və Almaniyadakı düşərgələrdən azərbaycanlı hərbi əsirləri yığır, onların rəyini soruşmadan təşkiletmə məntəqəsinə göndərirdilər. Boyun qaçıranları (belələri lap çox idi) güllələməklə hədələyirdilər. Hədələmək nədir?! İki nəfər qəti etiraz etdiyinə görə, onları gözlərimizin qarşısında güllələdilər.

Həmin payızda bizi Fransaya gətirdilər. Eşelonu böyük keşikçi dəstəsi və zorba köpəklər müşayiət edirdi. Bizi Paris vağzallarının birinin ehtiyat yolunda azca saxlayandan sonra uzağa – ölkənin cənubuna göndərdilər. Fransanın cənubunda olan kiçik Rodez şəhərindəki köhnə kazarmada məskən saldıq. Bura təlim təşkiletmə məntəqəsi adlanırdı. Təlim təşkiletmə məntəqəsində azərbaycanlılardan ibarət könüllülər hissəsi yaratmışdılar. Bu hissə Fransız partizanlarına qarşı döyüş əməliyyatlarında iştirak etməli idi.

Təlim təşkil etmə məntəqəsində əsir azərbaycanlılarından dörd rota düzəltmişdilər. Hər rotanın başında alman zabiti dururdu. Rota komandirinin müavini bir qayda olaraq azərbaycanlı zabit olurdu. Müavinlər tərcüməçilik eləyir, rota komandirinin göstərişlərini özümüzünkülərə yetirirdi.

Rotalardan bizimlə səhərdən-axşama kimi məşq keçir, əməliyyatlara hazırlaşdırırdılar. Təlim təşkiletmə hissəsindəkilərə alman silahı vermişdilər. Ancaq həmin silahlardan istifadə etmək olmazdı. Almanlar ipə-sapa yatmayan bu adamlara çox da etibar etmirdilər. Bizə döyüş sursatı verməyə qorxurdular.

Faşistlər buranı “təlim təşkiletmə hissəsi” adlandırsalar da, əslində, əsir düşərgəsi idi. Hündür hasar içində olan sahənin qapısında alman əsgərləri gecə-gündüz keşik çəkirdi. Bayıra çıxmaq qəti qadağan idi. Ara-sıra hasardan aşmağa cəhd edənləri ya oradaca güllə ilə vurur, ya da tutub möhkəm cəzalandırırdılar. Yalnız rota komandirlərinin müavinləri və tağım komandirləri bayıra çıxa bilərdilər. O da mayor Paul Vaykelin icazəsi ilə.

Məntəqənin qərargahı şəhərdəki “Dumi” adlı mehmanxanada yerləşirdi. Mayor Paul Vaykel və başqa alman zabitləri mehmanxanada qalırdılar. Məntəqə rəisi Vaykelin əsirlər saxlanan yerdə də kabineti vardı. O, günün çox vaxtını mehmanxanada olurdu. Bura isə gözlənilməz bir hadisə baş verəndə gəlir, əsirləri sıraya düzdürür, kimini söyür-hədələyir, günahkarı möhkəm tənbeh edirdi.

Tibb işçilərindən həkim və feltşer də məntəqədən bayıra çıxa bilərdi. Tibb işçiləri deyəndə, orada cəmi iki həkim var idi: Vəkil Əhmədli, bir də mən. Yaşına və tərcübəsinə görə,Vəkil Əhmədli tibb məntəqəsinin rəhbəri idi. Mən isə feldşerlik eləyirdim. Bəstəboy, arıq kişi olan Vəkil yaraşıqlı, məzəli adam idi. Xəstələri müayinə edəndə bir-iki məzəli söz deyir, könüllərini alırdı. Bu, onlara dərmandan daha yaxşı təsir eləyirdi. Dərman dedim, yadıma düşdü. Dərman sarıdan yaman korluq çəkirdik. Çox vaxt xəstələri müalicə olunmaq üçün şəhər xəstəxanasına göndərirdik. Onları bir qayda olaraq Əhmədli müşayiət edirdi. Əslində, bu iş feltşerlərin vəzifəsinə daxil idi. Amma Əhmədli bunu öz öhdəsinə götürmüşdü.

Yanımıza çox adam gələrdi. Tibb məntəqəsi həmişə dolu olurdu. Qoca həkim xəstələrin bəziləri ilə xısın-xısın söhbət edərdi. Mən onun hərbi əsirlərin Polşada yaradılan anti-faşist təşkilatının üzvü olmasından şübhələnirdim. Ancaq üzə vurmurdum. Belə eləyirdim ki, guya heç nədən xəbərim yoxdur. Heç nə görmürəm.

Bir gün könüllülərdən bir dəstəsi düşərgədən qaçıb aradan çıxdı. Onlar gecə yarı silahlarını da özləri ilə götürüb hasardan atılmışdılar. Deyilənə görə, dağlarda fransız partizanları yurd salmışdılar. Bizimkilər onların yanına qaçmışdılar. Kazarmada aləm bir-birinə qarışdı. Axtarış apardılar. Şübhə altında olanları həbs edib, dindirdilər. Sorğu-sualı qəzəbindən zəncir çeynəyən mayor Paul Vaykel özü aparırdı. Ertəsi gün növbə bizə çatdı…

O səhər doktor Vəkil Əhmədli bir nəfəri şəhər xəstəxanasına rentgenə aparmışdı. O, geri qayıdanda keşikçilər qocanı qapı ağzında yaxalamış, Vaykelin yanına sürümüşdülər. Bunu mənə lənkəranlı olan sanitarımız yenicə xəbər vermişdi ki, tibb məntəqəsinə üç nəfər alman əsgəri soxulub, hər yeri axtarmağa başladı. Həkimin kabinetini, mənim Əhmədli ilə yatdığım otağı ələk-vələk elədilər. Heç nə tapa bilmədilər. Getməyə hazırlaşanda əsgərlədən biri Əhmədlinin çarpayısındakı balışı götürüb yoxladı. Oradan bir yığın müraciətnamə çıxdı.

Məni tutub Vaykelin hüzuruna apardılar. Gözləmə otağında çox oturdum. Sonra bir unterofiser gəlib məni içəri itələdi. Təlim təşkiletmə məntəqəsinin rəisi masa arxasından qalxıb mənə sarı gəldi. Mayorun gözlərindən qan damırdı. O, əlindəki müraciətnaməni üzümə çırpıb dedi:

– Buna nə deyirsiniz, Xeybərov?

Tərcüməçi mayorun sözlərini tərcümə elədi.

Mən susurdum. Nə deyə bilərdim?! Vaykel bağırdı:

– Niyə danışmırsan, əclaf?! Siz yaxşılıq qanmazsınız, heyvansınız. Sizə özümüzünkülərdən yaxşı baxırıq. O qayğıya görə bizə təşəkkürünüz budur?!

Mən dedim:

– Bundan xəbərim yoxdur.

– Yalan deyirsən! Sən Əhmədli ilə bir otaqda qalırdın. Ola bilməz ki, onun işlərindən xəbərin olmasın.

Yenə dedim:

– Heç nədən xəbərim yoxdur.

Qəzəbdən Vaykelin sifəti alışdı. Koburdan “Valter” çıxarıb mənə tuşladı. Ölümümü gözümün önünə aldım. Bədənim soyudu: “Demək mənim də axırım da çatdı”…

Atəş açıldı. Güllə lap qulağımın yanından keçib divara dəydi.

– Cavab ver!

Mən susur, dəhşət içində ikinci güllənin açılmasını gözləyirdim. Vaykel daha atəş açmadı. O, tapançasını koburuna qoyub kabinetdə gəzişdi. Sonra yanını masanın qırağına söykəyib mülayim bir tərzdə dedi:

– Xeybərov, bilmirəm, doğru danışırsan, ya yalan deyirsən, amma görürəm ki, ağıllı adama oxşayırsan. Sənin hərəkətlərində, davranışında şübhəli bir şey sezilməyib. Ancaq yadında saxla, böyük Almaniyaya sədaqətlə xidmət etmək lazımdır. Onun çörəyini yeyib təpik atanlar bizdən aman gözləməsinlər. Əhmədli öz cəzasını alacaq. At kimi gəbərəcək. Doktor Xeybərov, bu vaxta kimi feldşer işlədin, kifayətdir. Bu gündən mən səni onun yerinə təyin edirəm. Bir şərtlə, bunun müqabilində bir məsələdə – camaat arasında pozğunluq fəaliyyəti aparanları aşkara çıxarmaqda köməklik etməlisən. Aydındır?

Vəziyyətin belə kəskin tərzdə dəyişməsi məni çaşdırdı. Mayorun astalaşan danışığı, tərcüməçinin yeknəsək səsi, elə bil, haradansa uzaqdan gəlirdi. Hələ ölüm qorxusu canımdan çıxmamışdı. Üzümə sıxılan güllənin səsi qulaqlarımdan getməmişdi.

Vaykel qaşqabağını sallayıb soruşdu:

– Niyə dinmirsən?!

– Sizin dediklərinizi düşünürəm, cənab Mayor!

– Hə, – Vaykel masanın arxasına keçib, yerində əyləşdi. Alışqanı çıxarıb siqaretini yanırdı.

– Doktor Xeybərov, sən öz hərəkətinlə böyük Almaniyaya necə sadiq olmağını sübut etməlisən. Əgər Əhmədlinin vəziyyətinə düşmək istəmirsənsə, onda fəaliyyət göstərməlisən. Özü də tezliklə. İndi get. Təxirə salmadan tapşırığa əməl et.

Ayalaqlarım dalımca gəlmirdi. Lap qabağımda döşəmədə qan laxtalanmışdı. Mən həyəcan içində gözümü döşəməyə dikmişdim. Tərcüməçi çiynimdən yapışıb məni qapıya sarı döndərdi və itələdi.

Bunlar hamısı mənə yuxu kimi gəlirdi.

Mayorun yanından çıxıb tibb məntəqəsinə qayıtdım. Lənkəranlı sanitar yır-yığış elədi. O, mənə çəp-çəp baxaraq, daha heç nə xəbər almadı. Otağımıza keçdim, taqətsiz özümü çarpayının üstünə saldım. Hələ də Vaykelin cəngindən sağ-salamat, zədəsiz– xətərsiz qurtarmağıma inanmırdım.

Məntəqədə sakitlik idi. Həmişə bu vaxtlar doktor Əhmədli mütaliə edirdi. Mayor Vaykelin kabinetinin döşəməsində gözümə dəyən qan gölməçəsi fikirimdən çıxmırdı. Belə görünürdü ki, məndən qabaq doktor Əhmədlini dindirəndə, ona işgəncə versələr də, bir söz qopara bilməyiblər. Qoparsaydılar, rəis belə zəncir çeynəməzdi. Yazıq qoca… “Əhmədlini satan, bizi güdaza verən kim olar? Ağlım kəsmir bizimkilərdən olsun. Bir də insan çiy süd əmib. Bəlkə, elə özümüzünkülərdəndir.”

Elə haldaydım ki, yaşamağa nifrət edirdim… O biri gün səhər təlim təşkiletmə məntəqəsinin camaatını düşərgənin həyətində sıraya düzdülər. Həbs olunmuş yeddi nəfəri gətirdilər. Vəkil Əhmədli də onların arasında idi. Xətrini istədiyim bu xeyirxah insanın halına acıdım. Doktorun başı partlamış, çal saçlarında qan qurumuşdu. Qocanın sifəti gömgöy idi. O, yeriyə bilmirdi. Yoldaşları qoluna girmişdilər. Addımlarını asta-asta atırdı. Mayor Vaykel ağzı köpüklənə-köpüklənə nitq söylədi. Hamını hədələdi. Kimdən bir balaca şübhələnsələr, güllələnəcəyini bildirdi. Sonra keşikçilərə əli ilə işarə elədi. Əsgərlər avtomatları hazır tutdular. Atəş açıldı. Yeddi nəfər bədbəxt qanına bulaşıb hərəkətsiz halda torpağın üstünə sərildi…”

* * *

Geyinib-keçinmiş xanım və ağalar gözəl minik maşınlarında ”Şamz Elize”nin qabağına gəlir, düşür, tələsmədən içəri keçirdilər. Bilet axtaranlarının sayı daha da çoxalmışdı. Qapının qabağı dolmuşdu. Darıxan Arman atasının dirsəyindən tutub dedi:

– Kimi gözləyirik? Biz də içəri keçək. Ayaqüstə durmaqdan qıçlarım ağrıyır.

Əbil indi dərk etdi ki, heç kəsi gözləmir. Ümid eləyirdi, bəlkə, təsadüfən Bakıdan gələn qonaqların biri ilə görüşdü. Əlbəttə, bu çətin ki, mümkün olaydı. Artistlər çoxdan teatrda idilər. Səhnəyə çıxmağa hazırlaşırdılar.

Foye basırıq idi. Əbil bilet yoxlayan qadından tamaşanın proqramını aldı. Oğlu ilə bərabər parterin dördüncü sırasında olan yerlərini tutdular. Qonşuluqlarında iki nəfər qoca əyləşmişdi. Əbildən bilet almış kişi onlara baxıb gülümsündü. Əbil də ona baş əydi. Yenə xəstələnib Parisə gələ bilməyən qızı və arvadı yadına düşdü.

O proqramın üstündəki şəkli oğluna göstərib dedi:

– Arman, bax, bu bizim opera teatrıdır. O şəkilsə sənə haqqında danışdığım Qobustan qayalıqlarıdır.

Oğlan atasından proqramı alıb o üz-bu üzünə çevirdi. Sonra oradan bu axşam göstəriləcək bir pərdəli baletlərin qısa məzmununu oxudu.

– Ata, sən Qobustanda olmusan? – Əbil pıçıltı ilə dedi:

– Çoxdan, özü də bircə dəfə.

– Qayalardakı şəkilləri görmüsənmi?

– Yox, o zaman Qobustanda belə şəkillər hələ aşkar edilməmişdi.

– Burada onların barəsində çox maraqlı yazıblar.

“Maraqlı yazıblar”… O yerlər Arman üçün uzaq, həm də anlaşılmaz bir aləm idi. Əbil üçün isə doğma torpaq həmişəlik itirilmişdi.

Salon dolmuşdu.

Əbil tanış adam görmək arzusu ilə yan-yörəsinə göz gəzdirdi. Lojalara baxdı. Parisdə onun bir neçə tanışı yaşayırdı. Onların heç biri gözünə dəymədi: “Ola bilməz ki, belə tamaşanı buraxsınlar. Görəsən, Mövlud öz həmyerlilərinə baxmağa gəlibmi?”

Salonun işıqları söndü.

Əbilin ürəyi əsirdi. O, pərdənin tez açılmasını, tamaşanın başlamasını istəyirdi. Həm də gizli qorxu və həyəcan keçirirdi. “Görəsən, necə olacaq? Bakı Baleti parislilərin xoşuna gələcəkmi? Axı, onlar hər şeyi bəyənmirlər.”

“Qobustan kölgələri” baletinin coşqun və ehtiraslı uvertürasının sədaları altında pərdə qalxdı.

Ala-qaranlıq səhnədə üzərinə qəribə şəkillər həkk olunmuş Qobustan qayaları göründü. Bu gözəl, əfsanəvi mənzərə Əbili heyran etdi. O, elə ucadan və səylə əl çaldı ki, həndəvərində əyləşənlər dönüb baxdılar. Əbil buna əhəmiyyət vermədi. Alqışlar çoxaldı. Bir-birinə qarışdı. Bütün salonu bürüdü. Musiqi sədaları altında qordebalet rəqsə başladı. Əbil intizar içində ətrafdakılara nəzər saldı. Hamı gözlərini səhnəyə dikmişdi. O, dönüb oğluna baxdı. Armanın ala gözləri sevincdən parlayırdı…

* * *

“… Dediyim kimi, tibb məntəqəsinə çox adam gəlirdi. Əhmədli güllələnəndən sonra birdən-birə onların sayı xeyli azaldı. Sanki rotalarda daha xəstələr olmurdu. Tibb məntəqəsi seyrəlmişdi. Yanıma gündə bir adam ya gəlirdi, ya gəlmirdi.

Nə üçünsə yoldaşlarım məndən gen dolanırdılar. Həyətdə kimə rast gəlirdimsə, üzünü yan tutub keçirdi. Ara-sıra qarşıma çıxanların məni necə nifrətlə süzdüklərini hiss edirdim. Onlar məndən Vəkil Əhmədlini almanların əlinə verməkdə şübhələnirdilərmi?! Mən bu dəhşətli fikri ağlıma gətirməyə belə qorxurdum. Ancaq qorxduğum şey başıma gəldi.

Həmzə adlı bir dostum var idi. Biz onunla Polşanın Otvotski şəhərindəki hərbi əsir düşərgəsində tanış olmuşduq. Həmzə də mənim kimi bakılı idi. Müharibədən qabaq Keşlədəki ət kombinatında işləmişdi. Uşaqların, arvadının qüssəsini eləyir, onların xiffətini çəkirdi. Həmzənin bu nigarançılığını görəndə düşünürdüm, yaxşı ki, mən evlənməmişəm. Dərdimin biri də artardı. Barı indi ailə sarıdan asudəyəm. Anam məni kir-kir kirləmişdi. Deyirdi ki, “Oğlum, evlən, övladın olsun”. İnstitutu bitirdim, başım elə işə qarışdı ki, evlənmək yaddan çıxdı. Bunun ardınca ilə də cəbhəyə getdim. Deyirlər, böyüyün sözünə qulaq asmayan, sonra peşmanlığını çəkir. Amma mən indi dərk edirəm ki, o vaxt anama qulaq asmamaqda çox ağıllı iş görmüşdüm. Yoxsa yazıq qarı hər dəfə atasız qalmış nəvələrinə baxanda ürəyindən qara qanlar keçəcəkdi.

Həmzə ilə söhbətim yaxşı tuturdu. Bəlkə də, bu, bizim xasiyyətlərimizdəki yaxınlıqdan doğurdu. Həmzə də mənim kimi düşərgədə başqalarına qoşulmurdu. Sakitliyi sevirdi. Biz bir-birimizi yaxşı başa düşdürdük. Otvotski düşərgəsində yanaşı yatırdıq. Gecələr yerimizdə uzanıb dərdləşir, Bakını xatırlayırdıq.

Rodezdə də Həmzə boş vaxtlarında tibb məntəqəsinə gələrdi. Mən özüm düzəltdiyim damanı ortaya qoyurdum. Oynayır, mehribanlılıqla söhbət edirdik.

Vəkil Əhmədlinin faciəsindən bəri daha Həmzə də yanıma gəlmirdi. Başqalarının məndən şübhələnməsinə yenə birtəhər haqq qazandırmaq olardı. Çünki onlar məni yaxından tanımırdılar. Ancaq Həmzənin soyuqluğuna, məndən gen gəzməsinə bəraət qazandırmırdım. O, köhnə tanış kimi gəlib mənimlə açıq danışa bilərdi.

Dözmədim. Bir gün nahardan sonra yeməkxananın qabağına gəlib onu gözlədim. Həmzə içəridən çıxanda, yaxınlaşıb gülər üzlə dedim:

– Salam, Həmzə. Niyə görünmürsən?

O, çaşan kimi odlu. Uzun sifəti bir az da uzandı. Çuxura düşmüş qara gözləri, qorxu içində bərəldi.

Yenə soruşdum:

– Niyə görünmürsən?! Axşam gəl, dama oynayaq.

O, üzünü yan çevirib başını əsdirə-əsdirə xırıltılı səslə dedi:

– Mən satqınla danışmaq belə istəmirəm.

Heyrətdən ayaqlarım yerə yapışdı. Elə bil ki, başıma bir qazan qaynar su tökdülər. Pərt oldum.

İki nəfər Həmzənin qoluna girdi. Onlar yeyin-yeyin getdilər. Onlardan birini tanıdım. Arıq, qarayanız oğlan Nəcəf Əşrəfov idi. Nəcəf geri döndü, yumruğu ilə məni hədələdi.

Bir neçə gün keçdi. Yenə azərbaycanlılardan bir dəstə dağlara – partizanların yanına qaçdı.

Təzədən həbs başlandı. Kazarmanı axtardılar. Neçə nəfəri soğru-suala tutdular.


Axşam mayor Vaykel məni çağırtdırdı. Üzümə tərs-tərs baxaraq xəbər aldı:

– Xeybərov, şərtimi yaddan çıxarmamısan ki̇? De, görüm, nə öyrənə bilmisən?

Mən qətiyyətlə dedim:

– Cənab mayor, tapşırığınızı yerinə yetirməyi bacarmaram. Mən yalnız həkiməm… Hamı məndən qaçır. Onlara elə gəlir ki, doktor Əhmədlini mən satmışam.

Vaykel səsini ucaltdı.

– Əhmədli də həkim idi. Lakin bu, onun quldurlarla əlaqə saxlamasına mane olmurdu. Əhmədli cəzasını çəkdi. Onun əlaltıları fəaliyyət göstərir. Batalyonda qarışıqlıq salırlar. Biz bircə-bircə onları tutub, köklərini kəsəcəyik. Xeybərov, sən kimlərin Əhmədlinin yanına tez-tez gəlməsini gərək yadına salasan.

– Cənab mayor, tibb məntəqəsinə o qədər adam gəlirdi ki, onları yadda saxlamaqmı olardı?!

Vaykel mənim bu bəhanələrimə qulaq asmaq istəmədi:

– Sən onların hamısını yadına salıb siyahısını tutmalısan. Bir həftə möhlət verirəm. Eşidirsənmi? Düz bir həftədən sonra, o siyahı mənim masamın üstündə olmalıdır. Əmri icra etməkdən boyun qaçırmağı ağlına gətirmə. Bizdən aman görməzsən. Əhmədlinin aqibətini xatırla!

Hava qaralımışdı. Ürəyimin içini yeyə-yeyə tibb məntəqəsinə gedirdim. Dizlərim qurumuşdu. Elə bil, damarlarımdan axan qan yox, qurğuşun idi. Nə eləyəcəkdim?! Bu başdan ölümü gözə almışdım. Mənim üçün Əhmədlinin yaxın dostlarının siyahısını tutmaq elə çətin bir iş deyildi. Onları tibb məntəqəsində çox görmüşdüm. Lakin nəinki siyahı tutmaq, bu barədə danışmaq belə, məni dəhşətə gətirirdi. Bu vaxt hardansa rəhmətlik atamın sözləri yadıma düşdü – o deyirdi ki, “Oğul, düzlüyə zaval yoxdur. Başını aşağı salıb öz işinlə məşğul olsan, sənə ziyan toxunmaz.” Görünür, bu fikir vaxtı ilə doğru imiş. Amma indi əhəmiyyətini itirmişdi. Düzlüklə başını aşağı salıb başqalarına qoşulmayanda, adam zavala gəlirmiş. Mən ömrüm boyu düzlüklə yaşamış, əyri işlərə qarışmamışdım. Kimsəyə zərərim toxunmamışdı. Amma xətaya düşmüşdüm. Bu fikirlə ikimərtəbəli kazarmanın divar dibi ilə addımlayırdım. Tibb məntəqəsinə çatar-çatmaz bir kərpic lap böyrümdə yerə düşüb parçalandı. Diksindim, divara qısılıb ətrafa göz gəzdirdim. Qaranlıqda uzaqlaşan insan kölgəsi gördüm. O, kazarmanın tinini dönəndə məni hədələdi:

– Əclaf, indi kimi satıb gəlirsən?! Onsuz əvvəl-axır cəzana çatacaqsan. Bu dəfə bəxtin gətirdi, sağ qurtardın.

Ləhcə mənə tanış gəldi. Bu, Nəcəf idi – Nəcəf Əşrəfov. O, yastı-yastı danışığıyla başqalarından fərqlənirdi.

Nə üçün bu gənc oğlan mənə belə nifrət bəsləyirdi. Niyə o düşünürdü ki, mən satqınam?!

Nə gizlədim?! Dəhşət içində yoluma davam elədim. Tibb məntəqəsinə gedəndə ehtiyatla ətrafıma diqqət yetirdim. Bayaqkı hadisədən gözüm qorxmuşdu. Məni təqib edə bilərdilər. Demək, gec-tez aradan götürəcəkdilər…

İ̇çəri girən kimi işığı yandırdım. Məntəqədə məni güdən yox idi. Sanitar öz taxtında yumurlanıb xoruldayırdı. Yaman bərk yatan idi. Onu silkələyə-silkəyə bir təhər ayıltdım. Soruşdum məntəqəyə gələn olmayıb ki?

O, yuxulu gözlərini azacıq açıb, yox – dedi. Nə üçünsə fikrimə elə gəldi ki, bəlkə, elə doktor Əhmədlini Vaykelə bu şeytanlayıb. O dəqiqə də özümə cavab verdim ki, ola bilməz bu sadə və sakit kişi adam satsın.

Öz otağıma keçdim. Paltarlı-paltarlı çarpayıda tirləndim. Vəziyyət elə şəkil almışdı ki, təsəlliverici bir işıq ucu görmürdüm. Elə bil, məni qarğımışdılar. İki tərəfdən üstümə hücum edirdilər. Odla su arasında qalmışdım. Qaçıb qurtarmaq mümkün deyildi. Düşdüyüm həlqə getdikcə daralırdı. Bu iki zərbədən birinin qurbanı olacaqdım. Öz həmyerlilərim məni öldürməyi qət eləmişdilər. Bayaqkı kərpiç yan keçməyib başıma dəysəydi, nəfəsim çoxdan kəsilmişdi. Almanlar isə məndən cavab gözləyirdilər. Hələ qabaqda bir həftə vardı. Ancaq bunun nə əhəmiyyəti?! Lap bir ay olsun. Onsuz da mən Vaykelə siyahı tutub verməyəcəkdim. O da məni…

Xəyalıma gəldi ki, məni də yazıq həkim Əhmədlinin kökünə salıb, güllələməyə aparırlar. Yalnız belə olsaydı, həmyerlilərim məni bağışlayardılar. Üstümdən satqın damğası götürülərdi. Onlar səhv etdiklərini anlayardılar. Çox təəssüf ki, bu, quru xəyal idi. Nə eləyim, cəsarətli deyildim. Hamı qəhrəman olmaz ki… Mən yaşamaq istəyirdim.”

* * *

… Fasilədə camaat teatrın foyesinə axışdı. Arman da çıxmaq istəyəndə Əbil dedi ki, foyedə gəzişməyə həvəsim yoxdur. O, hələ də gördüyü tamaşanın təsiri altında idi. Birinci baletin musiqisi qulaqlarından getməmişdi. Arman xəbər aldı:

– İkinci balet də maraqlı olacaq?

– Çox güman…

– Ata, biz də Bakıya gedək. Mən Qobustana baxmaq istəyirəm. Hamımız birlikdə gedək. Anam da, bacım da, sən də, mən də…

– Yaxşı, imkan olsa gedərik.

– Məgər Bakıya getmək çətindir? Ora turistləri buraxırlar?

– Əlbəttə, buraxırlar…

“Oğul, sənə necə başa salım ki, oranın yolları mənim üzümə bağlıdı. – Əbilin qubarı təzələndi. – Vaxt gələr, böyüyərsən, sənə səbəbini deyərəm, ya da verərəm gündəliyimi, oxuyarsan… Onda görərsən ki, atanın müsibəti necə ağırdır… Ancaq mən Bakını bir də görməyəcəyəm. Bəlkə, oğlum gedib atasının vətənini gördü.”

* * *

“O gün səhərədək gözlərimi yummadım. Yuxusuzluqdanmı, fikirdənmi başım ağrıyırdı. Yaxşı ki, axşamacan yanıma bir xəstə gəlmədi. Heç kəsə gərək olmadım. Boğazımdan yemək də keçmirdi. Ha fikir eləyirdim, görürdüm ki, qaçıb aradan çıxmaqdan savayı ayrı əlac yoxdur. Ancaq necə?! Əsirlərin təlim təşkiletmə məntəqəsindən dəstə-dəstə qaçmasından sonra Vaykel kazarmanın keşiyini gücləndirmişdi.

Ancaq mən qaçmaq üçün bir yol bilirdim. Hasarın sağ divarının üstündən bir neçə daş çıxarılmışdı. Alçaq idi. Oradan aşıb qaçmaq olardı.

Səhər tezdən idman eləmək bəhanəsi ilə həyətdə çox ləngiyib hasarın uçuq yerinə diqqətlə göz yetirdim. O taya necə keçməyi öz-özümdə ölçüb-biçdim. Hasarın qırağında gəzinən keşikçilərin arasındakı məsafəni təxmini təyin etdim. Öyrəndim ki, necə etsəm nisbətən təhlükəsiz olar, əsgərlərin gülləsindən yayına bilərəm. Bu da qorxulu iş idi. Ayrı əlac qalmamışdı.

Bu zaman gözlənilmədən bəxtim gətirdi.

Tibb məntəqəsinə dönəndə bir nəfərin məni gözlədiyini gördüm. Qəbul otağına keçib xəstəni yanıma çağırdım. Nədən şikayətləndiyini soruşdum. Dedi ki, qanlı ishal xəstəliyinə tutulub. Hava işıqlanandan bəri neçə dəfə bayıra gedib. Rəisin möhkəm göstərişi vardı. Yoluxucu xəstəliklərə tutulanlar dərhal başqalarından ayrılmalı, xəstəxanaya göndərilməli idi. Mən “Dumi” mehmanxanasına zəng edib xəstə barədə Vaykelin yavərinə məlumat verdim. O, məni mayorla calaşdırdı. Düşündüyüm kimi də oldu. Vaykel dedi:

– Xəstəni təcili sürətdə xəstəxanaya apar!

Fürsəti əldən vermək olmazdı. Tez dəftərxanaya cumdum. Xəstənin sənədlərini hazırladım. Birdən-birə xasiyyətimə xas olmayan şəkildə cəldləşmişdim. Qorxurdum ki, bu itilik başqalarını şübhəyə salsın, işin üstü açılsın. Hamıdan artıq qoca sanitardan çəkinirdim. Kim bilir ki, o, hansı yuvanın quşu idi. Bəlkə, almanlar onu tibb məntəqəsinə bizi güdməyə qoyublar. Bəlkə də, namuslu, təmiz adamdır. Hər halda ehtiyatlı olmaq lazım idi. Yoxsa heç nədən bütün işləri korlayardı. Özümlə bəzi şeyləri götürsəydim, pis olmazdı. Ancaq keşikçiləri duyuq saya bilərdim. Köhnə çamadanımdan anamın, bacımın şəklini götürüb qoltuq cibimdə gizlətdim. Qürbətdə bu şəkillər mənə hər şeydən qiymətli və əziz idi.

Yola düşdük. Keşikçilər bizi qapıda saxlamadılar. Sənədlərimizi yoxlayıb buraxdılar. Bilirdim ki, onlara rəisin yanından zəng edib bizi buraxmağı tapşırıblar. Həmişə şəhərə xəstə aparanda belə edirdilər.

Təlim təşkiletmə məntəqəsindən uzaqlaşanda, ürəyim sevincdən, az qala, partlayacaqdı. Nəfəsim darıxırdı. Sanki ciyərlərim daralmışdı, hava tutmurdu. Fərəhimdən uçmağa hazır idim. Bəxtim gətirmişdi. Azadlığa çıxmışdım. Vəziyyətin nə ilə nəticələnəcəyini, qaçmağımın mümkün olub-olmayacağını bilməsəm də, sevinirdim.

Müşayiət etdiyim kişini ishal xəstəliyi yaman əldən salmışdı. Yazığın dinib-danışmağa heyi qalmamışdı. Yanıma yavaş-yavaş addımlayırdı. Sifətinin rəngi solmuş, gözləri çuxura düşmüşdü. Şəhərin içində olan xəstəxananın bir hissəsində qocalardan ötrü əlil evi təşkil edilmişdi. Başqa hissəsində fransız vətəndaşlarını – yerli əhalini müalicə edirdilər. Bir hissəsi də almanların ixtiyarına verilmişdi. Bizimkilər burada yatırdılar. Onlara həkimlərdən əlavə rahib və rahibələr də qulluq edirdilər. Burada hər hissənin öz ayrıca yolu vardı. Həyətdə bir kilsə də tikilmişdi. Görünür, xəstəxana hər hansı monastra məxsus idi. Mən xəstəni təhvil verib küçəyə çıxdım. Əvvəl istədim ki, əks istiqamətdə gedib aradan çıxım. Ağlıma gəldi ki, Vaykel mənə inanmır. Birdən şəhərə çıxmağa icazə verib, dalımca adam salar. Odur ki, əvvəlcə təlim təşkiletmə məntəqsinə sarı addımladım.

Yavaş-yavaş gedib hərdən kimsəyə hiss etdirmədən dönüb arxaya baxırdım ki, görüm, dalımca gələn yoxdu ki. Deyəsən, səhv edirdim. Mənimlə heç kəsin işi yox idi. Həndəvərimdə bir kişi, iki qadın var idi. Kişi qoca idi, əlinə çəlik götürmüşdü. Qadınlarsa kimsəyə məhəl qoymadan danışa-danışa gəlib böyrümdən keçdilər. Mən addımlarımı yavaşıtdım. Çəliyini yerə döyə-döyə yeriyən fransızı irəli buraxdım. Hər iki tərəfində bağ olan bir küçəyə buruldum. Küçə seyrəklik idi. Yanımdan gəlib ötənlər mənə əhəmiyyət vermirdilər. Qərara almışdım ki, başqalarının fikrini özümə cəlb etməmək üçün, imkan düşən kimi alman formasını – əynimdəki kiteli çıxarıb atım.

Xəstəxanadan çıxandan təxminən yarım saat sonra şəhərin kənarındakı enişdə idim. Buralara bir az bələdliyim var idi. Bura təzə gəlişimizin ikinci ayı hərbi əsirlərdən biri çəkdiyi əziyyətlərə dözməyib ölmüşdü. Mən onu qəbiristanlığa aparıb basdıranlardan biri idim. Ətrafa diqqət yetirdim. Yol bizim onda getdiyimiz yol idi. Yanılmamışdım. Yadımda qalmışdı ki, o, qabaqda iki yerə ayrılır: biri qəbiristanlığa gedir, biri meşəyə. Mənə ikinci yol lazım idi. Buradan ölkənin içərisinə doğru irəliləyib izi itirə bilərdim.

Üzüaşağı gedən yolda yeyin-yeyin yeriyib iki yol ayrıcına çatdım. Sağa buruldum. Qəbiristanlıq sol cinahda qaldı. Yoldan aralı çay axır, dəmiryolu keçirdi. Bilirdim ki, çayın adı Aveyrondur. Mən çayın üstündən keçən körpüdən dərhal uzaqlaşdım. Almanlar orada keşikçi qoymamış olmazdılar. Yəqin ki, düşərgədən mənim qaçmağımdan duyuq düşmüşdülər. Kim bilir, bəlkə də, mayor Vaykel dalımca it gəzdirən keşikçiləri göndərmişdi. Bu fikir məni çox narahat edirdi. Hövl və qorxudan bədənim su içində idi.

Внимание! Это не конец книги.

Если начало книги вам понравилось, то полную версию можно приобрести у нашего партнёра - распространителя легального контента. Поддержите автора!

Страницы книги >> 1
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации