Электронная библиотека » Hüseyn Cavid » » онлайн чтение - страница 1

Текст книги "Azər"


  • Текст добавлен: 13 января 2023, 17:52


Автор книги: Hüseyn Cavid


Жанр: Зарубежные стихи, Зарубежная литература


Возрастные ограничения: +16

сообщить о неприемлемом содержимом

Текущая страница: 1 (всего у книги 6 страниц) [доступный отрывок для чтения: 2 страниц]

Шрифт:
- 100% +

Hüseyn Cavid
Azər

DÜŞÜNDÜM Kİ…

 
Düşündüm ki, əməl çəmənzarında
Açar qızıl güllər, zümrüt yapraqlar;
Düşündüm ki, ömrün ilk baharında
Al şəfəqlər saçar qonça dodaqlar.
 
 
Düşündüm ki, susar qanlı tufanlar,
Keçər zalım fırtınalar, böhranlar,
Çəkilir dumanlar, sönər vulkanlar,
Ninni söylər bana coşqun ırmaqlar.
 
 
Düşündüm ki, bitər hicran dəmləri,
Unutdurur canan həp sitəmləri.
Gülzarı süslərkən xoş qədəmləri
Boyun bükər mənəkşələr, zanbaqlar.
 
 
Yazıq!.. Ortalığı zülmətlər aldı,
Ölüm yarı yardan aralı saldı,
Həsrətlər içində ruhum bunaldı,
Qanatdı gönlümü xain dırnaqlar.
 
Ay qız11
  Ay – ey yerinə qullanılmışdır


[Закрыть]
 
Ey səhər yıldızı, ey yosma dilbər!
Utanma gül, bunca nazlanış yetər.
Gül!.. Sussun bülbüllər, qızarsın güllər
Hər gülüşündən, hər sözündən, ay qız!
 
 
Gözlərimdə dünya gülər, sən gülsən;
Qiyamət olmaz ki, insafa gəlsən!?
Aləm bilir, nələr çəkdim, ah, bilsən,
Nələr çəkdim sənin yüzündən, ay qız!
 
 
Nazlı xuramanı seyr etdikcə bən,
Vurğun gönül rəqs edər sevincindən,
Olmazmı aşiqə bir busə versən
O ahu baqışlı gözündən, ay qız!?
 

AZƏR DÜŞÜNÜRKƏN…

“Ə”22
  Hər parçanın əvvəlində “Ə” – əruz, “H” – heca vəznini göstərir.


[Закрыть]
 
Azər düşünür… Bəlkə otuz yıldır o hər an
Düşkün bəşərin eşqini, fəryadını inlər.
Yaqdıqca yaqar beynini bir kölgəli böhran,
Əflaka sorar dərdini, yıldızları dinlər.
Göz qırparaq ancaq ona yıldızlar edər naz,
Dilsiz və sağır göylər onun halını duymaz.
 
 
Bəsləndi küçük duyğusu azadə çocuqkən,
Pək incə tərənnümlər öpən neylər içində.
Vurğundu o həp şer ilə ahəngə əzəldən,
Ağlar və gülümsərdi təğənnilər içində.
Hər gün yaralar qəlbini bir sıtmalı röya,
Hər gün uyutur dərdini bir nəşəli xülya.
 
 
Atəşkədələr, fırtınalar yavrusu Azər
Coşduqca alevlər və köpüklər kibi çılğın…
Bəzən bayılıb sərəli bir heykələ bənzər,
Yorğun gözü həsrətli üfüqlər kibi dalğın.
Bəzən o baqışlar yenə şimşək kibi parlar,
Qəsvət savuran hiçliyi bir anda yaqarlar.
 
 
Bir gün acı bir sis o gülümsər yüzü sardı,
Yalnızlığa imrəndi, uzaqlaşdı bəşərdən.
Bir qulbəyə saqlandı ki, ıssızca məzardı,
Məhrum idi dünyayı saran xeyr ilə şərdən,
Yıllarca dalıb getdi o böhranlı qəfəsdə,
İnsanları özlərdi hər atəşli nəfəsdə.
 
 
“Sərsəm, dəli, xudbin!” – deyə itham ilə hər kəs
Bəhs etdilər Azərdən, o aldırmadı əsla!
Həp onca bir alqışla söyüşdən köpürən səs,
Arif keçinənlər ona yan baqmada hala.
Möminlərə sorsan edəcək küfrünə fərman,
Dinsizlərə get, onda bulur şübhəli iman.
 
 
Azər daha çoq zevq alır aydın gecələrdən,
Hətta sarışın Ay ona gülmüşdü bir aqşam.
Gülmüşdü bulutlar arasından süzülürkən,
“Hürr ol!” deyə qəlbində doğurmuş yeni ilham.
Artıq o sönük çərçivə şən Azəri sıqmış,
Səyyah olaraq Ayla bərabər yola çıqmış…
 
 
Sevdirmiş içindən ona bir cilvə həyatı,
İnsanlara qoşmaq və qavuşmaq dilər əlan.
Duymaq və duyurmaqda bulur zevqi, nişatı,
Yalnızlığa, ıssızlığa qəlbən edər isyan.
İstər bulut olsun da dənizlər kibi aqsın,
İstər Günəş olsun da qaranlıqları yaqsın.
 
Gecə aydınlığı və gün doğuşu
“Ə”
 
İştə aydın və sərin yaz gecəsi
Veriyor Azərə uçmaq həvəsi,
Asmalıqdan yürüyor rəqs edərək,
Hər bəyaz kölgə birər canlı çiçək…
Nəşədən səndələyən hər yapraq
Sallanır sanki gümüş bir leylaq.
İncə, yaldızlı, sədəf qumlardan
Keçiyorkən… Ona heyran-heyran
Busələr ərz edərək baqdı gülər
Ta uzaqdan çökən atəşkədələr.
Daldı röyalara etdikcə məraq -
Əski məbudları xatırlayaraq.
 
 
Yürüyor, həp yürüyorkən Azər
Duydu sahildə dərin zümzümələr.
Sanki hər zümzümə eylər ilham,
Gecənin ruhuna bir tatlı pəyam.
Bütün əşya hərəkətsiz, səssiz,
Yalnız inlər kibi sevdalı dəniz.
Dalğacıqlar öpüşüb titrərkən
Baqışırlardı göyün gözləri şən,
Yol uzun… yolçu yorulmuş artıq,
Dinlənib durdu saatlarca… yazıq!
O dəmin gördüyü dilbər mehtab,
Xasta bir çöhrəyə bənzərdi xərab.
Ona dan yıldızı bakir bir qız
Kibi heyrətlə gülümsər yalınız.
İştə üstün gəliyor zülmətə nur;
Bəlli, bəsbəlli – səhər yaqlaşıyor.
Sönüyor can çəkişən yıldızlar.
Azər açmış da qanat sanki uçar,
O, Günəşdən daha əvvəl oyanan,
Canlanan şəhrə yanaşmış əlan.
Bir yeşil bağça ki, sahil boyuna
Nəşə sərpərdi, həmən qoşdu ona.
Seyr edib bağçayı dinləndi bir az,
Serçələr, gördü, edər razü niyaz.
Həpsi birdən ötüşüb qaynaşaraq
Ninnilər söylədilər oynaşaraq.
Qopdu bir ləhzədə çığlıq, tufan,
Hər ağac dalğası bir başqa cihan…
Bunca alqışlara bais yalnız
Şu dənizdən doğan altın bir qız.
… İştə dalmış duruyor bir rəssam,
   O da almaqda Günəşdən ilham,
Durmadan yalvarıyor fırçasına,
Yazıyor, həp pozuyor… Sanki ona
Gəldi yorğunluğa bənzər bir hal,
Süzərək Azəri zənn etdi xəyal:
Bət-bəniz yoq, gözü düşmüş çuqura,
Bəlkə vurğun kibi bir şey… Olur a!
Xayır, alnında zəka şöləsi var,
Bəlli, ilhamını bir eşq oyalar.
Sordu: “Kimsin, nerədənsin, əhbab!?”
Ona Azər gülərək verdi cavab.
 
Azərin cavabı
“H”
 
 Bən yetişdim atəşlə su
 Öpüşdüyü bir ölkədən.
 İzliyorkən sevgi yolu
 Acı duydum hər kölgədən.
 
 
 Bir yoqsulum, hər diləyim
 Diz çökdürür zənginləri.
 Bir arifim, bilmədiyim,
 Aşar durur ənginləri.
 
 
 Bən mülayim bir dənizim,
 Atəşlidir dalğalarım.
 Sülhə qoşan bir acizim,
 Əskik olmaz qavğalarım.
 
 
 Bir avcıyım, eşq umarım
 Hər ahunun gözlərindən.
 Dərd əhliyim, rəmz anlarım
 Hər şairin sözlərindən.
 
 
 Bir aşiqim, feyz alırlar
 Bəndən irfan çobanları.
 Bir çobanım, qaval çalar,
 İnlətirim vicdanları.
 
 
 Bən əbədi hürriyyətin
 Sevdalı bir cilvəsiyim.
 Anlaşılmaz bir xilqətin
 Parlar, sönər şöləsiyim.
 
 ***
“Ə”
 
Süzərək Azəri heyran-heyran,
Bir rica eylədi rəssam ondan,
Göstərib bir qocaman daş, dedi: “Gəl,
Yapayım rəsmini, bir baq, nə gözəl!?
Seyrə dal sən yeni doğmuş Günəşi,
Nə də xoş mənzərə!.. Baq, varmı eşi?
Doğuyor sanki dənizdən bir qız,
Həm də altın saçı yaldız-yaldız.”
Güldü Azər, oturub daldı həmən,
Fərq olunmazdı o bir heykəldən.
Bitirib levhəyi yorğun rəssam:
Qalq, əzizim! dedi qalq!.. İştə tamam!..
Bir qadar aqça da ikram etdi.
Süzdü Azər onu heyrətlə, dedi:
– Arqadaş! Aqça niçindir əcəba!
O sənin rəsmin için…
                                   ha, ha, ha!..
Güldü, həp güldü… baqıb rəsmə dedi:
“Nə Günəş!? Sanki baqır bir təpsi…
Hələ gözlər!.. Şu bənim gözlərimin,
Söylə, mənası nədir? İnsaf için.
Bənziyor yapdığın Azər guya
Buzlar üstündə şaşırmış çocuğa.
Deyəcək yoq şu mübarək dənizə,
Acırım sərf edilən səyinizə.
Seyr edənlər şu gözəl levhənizi
Bəni yoq, bəlkə görür onda sizi.
Sanki ölgün boyalardan nə çıqar!?
Burda sənətdən iraq hər şey var.
İncəsənət dediyin pək tənnaz
Bir gözəl qız ki, çabuq ram olamaz.
Başqadır ondakı həşmət, əzəmət,
Bir təsadüflə yaqın gəlməz, əvət.
Bəlkə yıllarca dayansan nazına,
Sadə, bir kərrə gülümsər o sana.
Yoqsa əzmində əgər səbrü səbat,
Boş əməkdir çəkiyorsun, heyhat!..”
 
 
Süzdü rəssam onu altdan-yuqarı,
Saçaraq gözləri kin dalğaları.
Alıb əşyasını nifrətlə, həmən
Qaçdı hiddət köpürən sahildən.
Ondan ayrılmayaraq Azər də
Girdi is33
  İs – his


[Закрыть]
yağdıran Altın şəhərə44
  Bakı


[Закрыть]
.
Həp yürür, həp düşünürkən… yolda
Rast gəlib bir sarışın qızcığaza,
Gördü, ağlar da silər göz yaşını…
Dedi: “Yavrum, bu nə? Qaldır başını,
Söylə dərdin nə?..” Çocuq iç çəkərək
Dedi: “Annəm, ögey annəm döyəcək,
Verəcək bəlkə müəllim də cəza!..”
Dur, niçin?
                                   -Sorma!
                                   -Bu hiç oldumu ya!?
-Ah, qapıb qaçdı əlifbamı dəmin
Bir sokaq yavrusu, çapqın, miskin!
-Ya baban yoqmu?
                                   O, işdən qovulan
Bir fəqir işçi, səqət bir insan.
Hiç məraq etmə, quzum, iştə para,
Sağalır elm ilə hər türlü yara.
Oqşayıb Azər onun saçlarını,
Dedi: “Get, bilgi al, öyrən yarını.”
Bir fərəh gəldi qızın gözlərinə,
Utanıb durdu… təşəkkür yerinə
O soluq çöhrə gülümsündü həzin,
Qoşaraq getdi kitab almaq için.
 
 
Bunu gördükdə uzaqdan yaramaz
Bir çocuq olmaz on üçdən yaşı az
Soqulub Azərə həp əl açaraq:
Para ver, bən də acım söylədi baq!
Sağlam insanda bu adət nə idi?
Baqdı Azər ona heyrətlə, dedi:
“Sana layiqmi dilənmək, ay oğul!
Durma get, haydı, çalış, bir iş bul.”
Öylə boş sözləri dinlərmi çocuq?
Sırıtıb izliyor, ayrılması yoq.
Qaldı Azər şu sırıtqanlığa mat,
Ona eşq etdi bir atəşli tokat.
Seyr edənlər bunu həzm etmədilər,
“Mərhəmətsiz, qaba insan!..” dedilər.
Dinləyib onları Azər gülərək
Dedi: Əzdad ilə doğdum, gerçək.
Bir əlim iştə su, atəş bir əlim,
Çarpacaq qəlbim, əgər sussa dilim.
Acıdım gərçi dəmincik birinə,
Sonra atdım da toqat digərinə.
Sizi, yoq şübhə ki, ürkütdü bu hal,
Nə yaparsın, həpiniz kor, abdal!
Öylə quş var ki, yiyorlar ətini,
Quş var, ət ver də, duyar ləzzətini.
Bir toqat var, doyurur ac qarını,
Mərhəmət var ki, zəhərlər yarını.
 

MƏSCİDDƏ

 
Bir gün Azər dolaşırkən… yüksək,
Ulu bir məbəd önündən keçərək,
Baqdı savrulmada hər pəncərədən
Duyğusuz göylərə çığlıq, şivən.
Pək məraq etdi, həmən girdi o da,
Şaşırıb durdu, nə dəhşət, əcəba!?
Toplaşıb bir yerə ipsiz dəlilər;
Kimi gürlər, kimi sızlar, inlər.
Kimi bir yanda çamurlar yüzünü,
Kimi dırnaqla didər qaş-gözünü.
Biri küllər savururkən başına,
Yalvarır digəri həp göz yaşına.
Kimi bir daş, kimi zəncir alaraq
Qəhr edər kəndini; gözlərdən iraq!..
Fırlayıb minbərə bir şeyx o zaman
“Əlverir söylədi fəryadü fəğan.
Yetişir inlədiniz, ağladınız,
Dul qadınlar kibi yas saqladınız.
Gəlin artıq azacıq kəndinizə,
Qanlı göz yaşları cənnətdə sizə
Əbədi zevq, səadət verəcək,
Olacaq həmdəminiz huri, mələk…”
 
 
Dinliyorkən onu hər kəs… birdən
Yeni bəhs açdı cəhənnəmlərdən.
Qorqudan titrəşərək həp təkrar
Mələşib ağladılar, ağladılar…
Ən nihayət bitirib sözlərini,
Açdı ətrafı süzən gözlərini.
Şimdi artıq sıra gəlmiş paraya,
Gümüş, altın birikib bir araya,
Doldu bir ləhzədə şeyxin qucağı,
Satılır altına cənnət bucağı.
 
 
Qaldı Azər şu tuhaf “alverə” mat,
Acılar duydu içindən, heyhat!..
“Nə əcayib sürü, yahu, bunlar,
Öndə rəhbərlik edər maymunlar.
Cühəla elm, fəzilət satıyor,
Xalqı əfsunlayaraq aldatıyor.
Kəndi əxlaqı sönükkən həpsi
Yeltənir verməyə əxlaq dərsi.
Sadə minbərdə deyil, çoq yerdə
Göz boyar həp şu qaranlıq pərdə.
Hanki bir sərxoşu söylətdim, inan
Bəhs edər, gördüm, o huşyarlıqdan.
Nerdə beş kölgə görür ördəklər
Başlayıb nitqə həmən saz köklər.
Rəqsi təlim ediyor aqsaqlar,
Əzəmət düşkünüdür alçaqlar.
Zevqə biganə səfillər bol-bol
Şerü sənətdə arar bir yeni yol.
Sadədil, hissə uyan abdallar
Həp siyasi kəsilib at nallar.
Bir yığın kor qılavuzluq yaparaq
Göstərir zülməti aydın, parlaq.
Hər gülər yüzdə ölüm, qan görürəm,
Pək yaqın dostları düşman görürəm.
Yurdu sarmış qabalıq, yaltaqlıq,
Yüksəliş varsa, səbəb alçaqlıq…”
 
 
Süzdülər Azəri şaşqın-şaşqın…
Azərin dərdi başından aşqın,
Mütəəssir, düşünürkən, birdən
Gördü vaiz eniyor minbərdən.
Ona yaqlaşdı həmən pək sakin,
Saçıyorkən əsəbi gözləri kin.
 
 
Dedi: Şeyxim! Bir az da insaf et,
Nə olur, bir qadar da düz yol get.
Bizi qandırma; haq verib, haqq al,
Sən deyilsin namuslu bir baqqal.
Həp yalan sat da altın al, nə demək!?
Göz yaşından doğarmı huri, mələk.
Ən gözəl dindir iştə dini-həyat,
Başqa yol yoq, ya fənn, ya mevhumat!..
İstər uy dinə, istər uy fənnə,
Çağırır xalqı kəndi cənnətinə.
Biri nəqd iştə, nisyədir birisi,
Çoq olur bəlli, nəqd müştərisi.
Artıq əfsanə devri keçdi, yetər!
Oqşamaz ruhu əski bilməcələr.
Can çəkişdikcə köhnə zevqü şüar
Yeni bir cilveyi-dəha parlar.
O da yoq şübhə sarsılır bir gün,
Başqa bir ictihad olur üstün.
Əski dahilər “iştə haq” dedilər,
Çırpınıb bir həqiqət izlədilər,
O həqiqət bu gün xəyal oluyor,
Dünkü şən bağcalar bu gün soluyor.
Dəyişirkən, əvət bəşər qafası,
Dəyişir Tanrıının da siması.
 
Ş e y x
(çılğın)
 
Sus yetər, ah, şərəfsiz, Allahsız!..
 
A z ə r
 
Qızma, şeyxim, sizin yaratdığınız
Tanrı ölmüş də, yoqdur ağlayanı.
 
Ş e y x
(yanındakılara)
 
Nə diyor, baq, halaldır iştə qanı.
Bəlli, həp söylədiklərin həzyan,
Bizi dünyada yoqmu bir yaşatan?..
 
A z ə r
 
Yaşatan varsa iştə xilqətdə,
Mədə… həp mədə… həzrəti-mədə…
 
(əlini şeyxin qarnına vuraraq istehzalı təbəssümlə)
 
Baq, həqiqət də, bəlkə haq da budur,
Səni hər kim doyursa Tanrın odur.
Din için, firqə, ya siyasət için
Nerdə bəslənsə bir ədavət, kin,
Nerdə qan, ya ölüm, ələm görsən,
Buna yalnız səbəb sənin mədən…
 
Ş e y x
(heyrətlə)
 
Saçma, həp saçma, anlamam səni bən,
Nə demək məqsədin şu vəsvəsədən?
 
A z ə r
 
Şeyxim, aldatma xalqı, dinlə bəni,
Bütün əfsunlu sözlərin xülya…
Gəl bıraq göylərin hekayəsini,
Enəlim kəndi doğma yurdumuza.
 
 
Burda cənnət də var, cəhənnəm də,
Onu, yoq şübhə, bizləriz yaratan.
“Cifə” zənn etdiyin şu aləmdə
Başqa zevq almaq üzrə hər insan.
 
 
Kimi cəhl atəşində qavrularaq,
Həp yanar, qəhr olur səfalətdən.
Kimi irfanla şadkam olaraq,
Dəm vurur nəşədən, səadətdən.
 
(Camaata)
 
Gönlünüz cənnət istiyorsa əgər,
Şeyximiz başqa nəğmə bulmalıdır.
Mütəvəkkil duran şu məbədlər
Həp kütübxanə, məktəb olmalıdır.
 
 
O zaman fəzlü mərifət günəşi
Ölgün, azğın cihanı həp süslər.
Şu sönük toprağın bulunmaz eşi,
Qurulur hər bucaqda cənnətlər.
 
 
O zaman qanlı, kinli qüvvətlər
Səni dəhşətləriylə inlətməz.
Şərəfin, bənliyin olub da hədər,
Ayaq altında çeynənib getməz!..
 

ƏSKƏRLƏR TƏLIM EDƏRKƏN…

 
Son baharın acı bir nəşəsi var,
Azərin gönlünü həsrətlə yaqar.
Sanki bir kölgə kayar yollardan,
Onu heyrətlə süzər hər insan.
O da hər çöhrədə bir rəmz anlar,
Hər keçən kölgəyi süzdükcə dalar.
Onca dünya qoca bir səhnə demək,
Hər kəs aktörlük edər bilmiyərək.
Kimi arif, kimi dilbər və əsil,
Kimi qurnaz, kimi divanə, səfil…
Kimi cani… düşünür fitnə-fəsad.
Kimi zevq əhli, dilər hər kəsi şad.
Kimi pək sadədil, oynaq, şaqraq,
Kimi pək duyğusuz, abdal və bunaq…
Kimi ismət, kimi naz, işvə satar,
Kimi həp varlığa bir təkmə atar.
 
 
Göz yumub onlara Azər, köpürən,
Gürləyən şəhrə vida etdi həmən.
Endi bir bağçaya, sahil boyuna,
Sandı hər dalğa salam eylər ona…
Bağça solmuş da ağaclar çıplaq,
İçli bülbülləri ötməz şakaraq.
Can çəkişməkdə soluq yapraqlar,
Nə çiçəklər, nə gülən güllər var.
Hər xiyabanda fəqət əskərlər
Qoşaraq “arş!” deyə təlim eylər.
Bağırır onbaşılar: bir, iki, üç!..
Parlar əllərdə silah… Qayəsi: güc!..
Bir yığın işsiz adam bir yanda
Dalaraq seyrə, bulur zevq onda.
Ürəfa taslağı bir qaç kişi də
Ediyor onları tənqid: iştə!
 
 Birinci tamaşaçı
 
Nə fəlakət!.. Ölüb-öldürmək için
Saçıyor paslı gönüllər həp kin.
 
 İkinci tamaşaçı
 
İştə təlim olunur cəlladlıq,
Yazıq, insandakı vicdana yazıq…
 
 Üçüncü tamaşaçı
 
Ah, nə xoşdur əbədi sülh olsa,
Bəşəriyyət acıdan qurtulsa…
 
 Dördüncü tamaşaçı
 
Zalım əllər nə qadar üstünsə,
Qurtuluş yoqdur əzilmiş cinsə.
 
 Beşinci tamaşaçı
 
Ən fəlakətli böyük yanğınlar
Bir qıvılcımlı xətadan başlar.
 
 Altıncı tamaşaçı
 
Qanatım olsa uçardım da həmən,
Qurtulurdum bəşərin şərrindən.
 
 Yeddinci tamaşaçı
 
Nə səadət!.. Ola insan dərviş,
Hiç də aldırmaya dünya nə imiş.
 
 
Dinləyib onları Azər gülərək,
Düşünüb durdu, bu sözlər nə demək!?
Parlayan gözləri diqqət saçaraq
Yaqlaşıb söylədi: Yahu, bana baq!
 
(Acı gülüşlə son seyirciyə)
 
Əvət, ən xoş təranə, ən eyi yol:
Hər çeşit qeydi at da dərviş ol!..
Yaşayıb qayğısızca bir köşədə,
Zevqə dal… Ən gözəl həyat iştə!
Məskənin daima şən ormanlar,
Həmdəmin xoş baqışlı ceylanlar.
 
(Bu sırada bir qaç dəliqanlı da Azərin ətrafına toplanır)
 
Kələbəklər qoşarkən oynaşına
Yürü, en bir yeşil pınar başına.
Quşlar ötdükcə sən də dəmsaz ol,
Gülüşən hər çiçəklə həmraz ol.
Nə öc al kimsədən, nə əz, nə əzil,
Nə qan iç, uf!.. Nə qanlı göz yaşı sil!
 
 Birinci tamaşaçı
 
Bu, fəqət şairanə bir xülya!..
Ruha uyğun sevimli bir röya!..
 İkinci tamaşaçı
Pək gözəl söylədiklərin, heyhat,
Nerdə? Kim sürdü öylə tatlı həyat?
 
   Üçüncü tamaşaçı
 
Barışıb həp sevişsə millətlər,
Bəlkə azcıq susar şu vəhşətlər.
 
Azər
(Acı gülümsəyişlə)
 
… Əvət, insan olursa insanlar,
Şübhəsiz, parlayıb da vicdanlar
Sevgi nurilə kainatı bəzər,
Bıraqıb kini, qurt qoyunla gəzər.
Bəlli.. Ta əskidən böyük başlar
Sülh için uğraşıb çalışmışlar.
Çıqaraq hərbə qarşı həp ürəfa,
Əbədi sülh içində buldu şəfa.
Kimi “qan-qan!..” deyib də çıldıraraq,
Sülhə düşman kəsildi, iştə məraq…
Bizcə kim haqlı! Qan dökənlərmi?
İmrənib sülhə, diz çökənlərmi?
O nə? Həp dalğa keçdiniz… əcəba,
Hanki xoş, hanki pək dikənli, qaba…
Şübhə yoq, sülhə meyl edər hər kəs,
Çünki hər gözdə parlıyor bu həvəs.
Pək böyük səltənətsə dərvişlik,
Olamam bən o xasta fikrə şərik.
Ölü, miskincə ömrə bin nifrət!..
Sizi bən sülhə eyləməm dəvət.
Əbədi sülh ümidi haqqı boğar,
Yaşamaqçın fəqət mübarizə var.
Çarpış, elmi bir inqilab ilə sən
Qəhrəman ol, öc al da vəhşətdən.
Bənliyin şimdi inliyorsa, yarın
Qalibiyyətlə parlasın alnın.
Səni yalnız öyündürür qüvvət,
Qüvvətin varsa, haq sənindir, əvət.
Lakin insanda yoqsa əqlü zəka,
Sadə qüvvətdə yoq səmər əsla.
Əldə meyar olursa əqlin əgər,
Ölçülür pək qolayca xeyr ilə şər.
Dedilər: “Zülmə qarşı durma, əyil!”
Dedilər: “Hərbə qoş, ya əz, ya əzil!”
Bən derim: “Həpsi laf, inanma, saqın!
Rəhbər olsun da qüvvətin, ağlın.
Yeri gəldikdə sülh için çabala,
Öylə yer var ki, hərbi alqışla.
Quzu gördünmü sev, o, kin bilməz;
Canavar qarşı gəlsə parçala, əz.
Qüvvət üstündə varsa əqli-səlim,
Sana həp kainat olur təslim!”
 

QƏRBƏ SƏYAHƏT

 
İlk baharın son gecəsi… dan yıldızı gülümsərkən,
Azər məraq edib çıqdı Qərbə doğru səyahətə.
Yorğun dənizdən sahilə bayğın rüzgarlar əsərkən,
Xülya dolu Altın şəhər dalmışdı istirahətə.
 
 
Azər səhər havasını nuş edərək səfa buldu,
Ətrafını seyr edərkən tren gəldi, yolçu doldu,
O da atəş ocağına vida edib rəvan oldu,
Rast gəldi həp yol boyunca bin bir çeşit qiyafətə.
 
 
Gurultulu vaqonlarda hər millətdən nümunə var,
Tanışdıqca hər gönüldə qarşılıqlı sevgi doğar,
Yaşayışdan bəhs edərkən biri gülsə, biri ağlar,
Kimi məsud olub, kimi uğramış bir fəlakətə.
 
 
Tren keçilməz yolları oraq kibi kəsib biçdi,
Qarşı gəldikcə yar-qaya bir oq kibi dəlib keçdi,
Bir gün Azər yeni doğan Günəşdən bir xəbər seçdi:
“Orta Qərbə varılmış da, yol iriyor nihayətə”.
 
 
Hər gönüldə çocuqca bir məraq alevlənib durdu,
Pəncərələr qarşısında seyr edənlər həlqə vurdu,
Hər tərəfdən yeşilliklər nəzərləri oqşıyordu,
Dalğalı gül bağçaları isyan edərdi cənnətə.
 
 
Süslü köylər trenləri qarşılardı ara-sıra.
Hər guşə bir gəlin kibi gülümsərdi yolçulara,
Əmək pərisi munisdi hər gəncə, hər ixtiyara,
İşsiz qalanlar, şübhə yoq, məhkum idi səfalətə.
 
 
Erkək-qadın həp çalışır arı kibi qaynaşaraq,
Dalğalandıqca tarlalar altın kəsər elmas oraq,
Dolğun öküzlər, inəklər bənzərdi gözlərdən iraq
Şəhərlərdə dərisinə sığmayan əhli-sərvətə.
 
 
İştə Qərbin şən göbəyi!.. Tren durdu, Azər endi,
Pəncərələrdən fışqıran çiçəklərə pək imrəndi,
Hər səhnəyi süzüb gəzdi, az görüb də çoq öyrəndi,
Məftun oldu gözlərdəki ciddiyyətə, nəzakətə.
 
 
Bir gün çiçək bağçasında bir gənc ona doğru qoşdu,
Sevincindən hoplayaraq ırmaq kibi daşıb coşdu,
Avropanın hər səhnəsi, hər cilvəsi onca xoşdu,
“Baq!” dedi: “Rast gəldinmi hiç bir böylə əzmü himmətə?
 
 
Gözəllikdə örnək almış köy şəhərdən, şəhər köydən,
Hər yer sanki bir rəssamın sənətidir həmən-həmən,
Varlı-yoqsul bir musiqi dinlər, əvət, hər qulbə şən…
Hər gönüldə bir həvəs var incəliyə, nəzafətə.
 
 
Hər ocaqda, hər bucaqda bilgi, hünər məbədi var,
Hər yüzdə ruh yüksəkliyi, hər gözdə bir zəka parlar,
Çəlik əsəblər durmadan həp yeni bir zəfər arar,
Hər qafada bir iman var əməkdəki səadətə.
 
 
Gözəl!.. Şu nəşələr dolu həşmət dünyası pək gözəl,
Hürriyyət izləyən geniş, sağlam havası pək gözəl,
Yer deyil, göyləri sarsan yılmaz dəhası pək gözəl,
Böyük-küçük həp tapınır ancaq və ancaq qüvvətə.
 
 
Bu yerlərdə yalan, qərəz, qayğısızlıq da yoq deyil,
Kölgəli vicdanlar da çoq… zahirdə pək kibar, əsil.
Süslər içində qıvrılan gövərçinlər də var: səfil…
Fəqət yenə həp üstündür fəzilət eşqi zillətə.
 
 
İşçiləri çoq dinlədim bulunduqca bir arada,
Hər gün yeni çəkişmə var mədənlərdə, fabrikada,
Ağırlıqdan, sıqıntıdan kəskin çıqışlar olsa da,
Zorla-xoşla həpsi yenə cəlb olunur itaətə.
 
 
Burda əsla dilənçi yoq… mərhəmət yoq çünki ona,
Yan baqılır aciz, səfil, ölü, cahil bir insana.
Şərqin böyük bir şairi55
  Rabindranat Taqorun o günlərdə avropalılara verdiyi konfranslara işarət.


[Закрыть]
odur ki, varsa hər yana,
Aman bilməz Qərbi hər gün dəvət edər mərhəmətə”.
 
 
Azər həmən gülümsədi, əvət, dedi, pək haqqı var,
Həp “sevgi”dən zevq alırlar öylə zərif ixtiyarlar.
Çoqdan bəri Şərqin sazı həp bu ruhda inlər, ağlar,
Saqın! Qulaq verir sanma həris başlar o dəvətə.
 
 
Hindin əzilmiş bənliyi yapsa hər sözdə möcüzə,
Soyuqqanlı Qərb alışmış göz süzə, ya dodaq büzə.
Məzlum ellər için ancaq bir yol varsa: mübarizə!
Onsuz, şübhə yoq, irəməz Şərq aləmi hürriyyətə.
 
 
Əvət, ancaq mübarizə bənlik verir hər millətə,
Nəşə sərpən yalnız odur hər şəxsə, hər cəmiyyətə.
Hər yurdu irdirən odur özlədiyi səadətə,
Odur ancaq qavuşduran insanları məhəbbətə!
 
Berlin

AZAD ƏSİRLƏR

“Ə”
 
Möhtəşəm bir salon… ahəngi-şətarətlə gülər:
Badələr, zümzümələr, şəşəələr, dəbdəbələr.
Sanki elmasla donanmış hər yer,
İştə billur kürəciklər və sütunlarda dönər
                                  Bir yığın rəng ilə nur;
Çağlayanlar kürələrdən daşaraq,
Süzülən gözləri oqşar və öpərkən… şaqraq,
                                  İncə bir şer oqunur.
 
 
Dəyişib məclisin əvvəlki bədaye rəngi,
Musiqi inləyərək başladı rəqs ahəngi.
Hər gönül kəndinə bir eş bularaq,
Qoyulub rəqsə, haman zevq ilə sərməst olaraq,
                               Bükülüb qıvrılaraq,
Sardı şən gözləri bayğın bir hal;
Çalğılar incələrək söndü işıqlar, dərhal
                               Doğdu bir başqa şəfəq.
Saçılıb qumral üfüqdən parlaq,
Bir yığın yıldıza bənzər yapraq,
Uçdular gizli qonan busələr üstündə bir az
                               Olaraq məhrəmi-raz.
Sonra bir qaz kəsilib hər divar,
Ərz edib durdu bir eşsiz gülzar.
Saçdı fəvvarələr ətrafa çiçək, rəngü ziya,
                               Bu deyil bir röya…
O gözəl mənzərə birdən soldu,
Musiqi susdu, qədəhlər doldu.
Oldu ülfət və məhəbbət dəmsaz
                               Sərpərək işvəvü naz.
Çökdü bir incə qaranlıq… yalınız
Parlayıb səhnədə şən bir yıldız,
Tatlı, cazib səsi cəlb etdi məraq,
                               Çırpınıb sızlayaraq.
 
“H”
 
Eşsiz bir yuvanın yeşil qoynunda
Öpərdi ruhumu bayğın nəfəslər.
Aldatdı, ah, əvət, bəni aldatdı
Yaldızlı sevgilər, xain həvəslər.
 
 
Vəhşi güllər qarşımda diz çökərdi,
Qumrular peşimcə boyun bükərdi.
Hər gün içimdə bir şəfəq sökərdi,
Oqşardı gönlümü sevdalı səslər.
 
 
Gülümsərkən bana çoban yıldızı,
Sanırdım kəndimi göylərin qızı,
Ömrümdə duymazkən incə bir sızı,
Qırdı qanatımı altın qəfəslər.
 
“Ə”
 
Qapanıb pərdə, həmən coşdu pərəstiş, alqış…
         Rəqsə dəvət edərək çalğı səsi,
Yenidən parladı hər çöhrədə sevdalı baqış,
         Yenidən doğdu sarılmaq həvəsi.
Yenidən doldu qədəhlər, hər kəs
         Azacıq aldı nəfəs;
Səhnədən parladı xoş bir mehtab,
         Verdi hər qəlbə cavab.
Canlı heykəllər! O hər süsdən uzaq, saf, üryan
         Gül bədənlər veriyor ruha qida.
Musiqi məbədinin Tanrısı dilbər qız da
         Düşünür ortada heyran-heyran.
Bu nə sənət, nə zərafət, nə məlahət derkən,
         Pərdələr endi həmən.
Çıqdı hər kəs, azacıq möhtəris insan qaldı,
         Məclis artıq yeni bir rəng aldı.
Süzüldü nəşəli gözlər, gönüllər açdı çiçək,
         Hər avcı buldu şikar.
Beş-on _ulanmadı zəngin də sonradan gələrək
         Saçıldı altınlar.
Dəmin üryan duran pərilər də
Süslənib qondular birər masaya;
Hər qədəh buldu çarə bir dərdə,
Kimsə dünyayı almıyordu saya.
Nəşədən döndü möhtəris qafalar,
Çılğın eşlər çəkildi lojalara.
Pərdələrdən duyuldu qahqahalar,
Daha məhrəmcə zevqə gəldi sıra.
Saçıb da ortaya məğrur Amerika sərvətini,
Əmərdi işvəli Avropanın bəkarətini.
Fəqət bu süslü tamaşaya qarşı Azərdə
                  Oyandı nifrətlər.
Yaqında rəngi soluq üç qadın gəlib dərdə,
                  Açıldı söhbətlər.
 
Birinci qadın
 
Bənim qızım daha gənc… iştə qaldıq ətməksiz,
         Nə yaparsın, dikənli bir yaşayış!..
Şu kirli cənnətə vardıq qarardı gözlərimiz,
         Qızı sapdırdı bir yığın alqış.
 
İkinci qadın
 
Bənim də qavğada məhv oldu qardaşımla ərim,
         İki qız qaldı, bir də yoqsulluq.
 
(Bir lojayı göstərir)
 
Nə iş bulundu, nə eş… Ah, şu nadir incilərim
         Şimdi hər zevqi oqşayan məxluq…
 
Üçüncü qadın
 
Bənimki iştə şu al pərdədən gülüb də bana,
         “Bir az da bəklə!” diyor.
Nə çarə, bəklərim, az-çoq nə aqça gəlsə ona
         Bənimlə sərf ediyor.
İncə bir yaş bəlirdi gözlərdə,
Acı bir iz bıraqdı Azərdə,
         Düşündü: “Bəlkə!..” dedi.
“Bir zaman bəlkə dünkü Asiyada,
Əski Qafqasda, vəhşi Afrikada
Qızı cəbrən satıb alırlarmış.
Ona Avropa xalqı pək fahiş
Bir fəlakət demiş də hayqırmış,
Tablo yapmış, rəsimlər aldırmış.
    Gülmüş, əylənmiş, eyləmiş heyrət,
    Bəsləmiş bəlkə bir yığın nifrət…
             Fəqət bu hal nə idi!?
Bunu görməzmi incə gözlüklər?
Satılır burda qızlar azadə,
Həm təbii bir iş qadar sadə.
Ana bir yanda titrəyib bəklər.”
 
 
Mədəniyyətdə çırpınan vəhşət
Daha yaldızlı, şairanə, əvət.
Burda öz istəgilə cariyələr
Sana şaqraqca ninnilər söylər.
Bir qəfəs xoşdur, altın olsun da,
Ac gövərçinlər əylənir onda…
 
 
“Bıraq, bıraq, yetişir! Bitdim, ah, aman, imdad!..”
“Nədir bu səs?” der ikən qopdu sisli bir fəryad,
Həmən birinci qadın qoşdu kəndi yavrusuna:
“Mələk qızım!” dedi: “Kimlər müsəllət oldu sana?”
 
 
İpəkli pərdə açıldıqda qönçə solmuşdu,
Səbəb cinayətə bir kirli şəhvət olmuşdu.
O şən salonda fəqət dalğalandı hüznü sükut,
Sükut içində gülümsərdi süslü bir tabut…
 
Berlin, ağustos 1926

Страницы книги >> 1 2 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации