Электронная библиотека » Həsən Seyidbəyli » » онлайн чтение - страница 5

Текст книги "Cəbhədən cəbhəyə "


  • Текст добавлен: 28 октября 2022, 20:41


Автор книги: Həsən Seyidbəyli


Жанр: Современная зарубежная литература, Современная проза


сообщить о неприемлемом содержимом

Текущая страница: 5 (всего у книги 19 страниц) [доступный отрывок для чтения: 6 страниц]

Шрифт:
- 100% +

– Elə bax, Əlibala Əsədovu götürək. Atası əlildir. Əlil olmamışdan qabaq travmay parkında işləyirdi. Bir gün hardasa içib tramvay altına düşüb, bir qıçını kəsiblər, ana-sı da ki savadsız, evdar qadındır. Qardaşları evlənib, hə-rəsi bir rayonda işləyir. Bir bacısı ərdədir. Bacısının əri yaxşı ailədəndir. Özü də mexanikdir. Ailəsində, qohumla-rında nə bir oğru, nə bir quldur var. Bəs bu Əlibala kimə baxıb bu yola düşüb? Bəs sürücü Şəfi Atamoğlanovu gö-türək. Əlində sənəti, altında minik maşını. Tez-tez rayon-lara gedir, kolxozlarda olur, görür camaat necə işləyir. Fəhlələrinin, kolxozçuların, kəndlilərin arasında dolanır. Nəcib insanlarla qaynayıb-qarışır. Bəs bu Şəfi niyə birdən-birə gəlib o oğruya, quldura qoşulub? Bəs niyə sən, mən oğurluq etmirik. Sənin əlində gözəl sənətin var, mən də bu yaxınlarda diplom alacağam. Heç işimdən də narazı deyiləm. Çox çətin işdir, amma lazımlıdır. Axı biz yoxsul yaşamırıq. İstədiymizi yeyirik, istədiyimizi geyirik. Hələ mən öz maşınımın yarısını Ələddinin ailəsinə verirəm. Bəs niyə sən, mən oğru olmuruq, bu iki nəfər oğru olur? Axı onlar da bizim kimi adamlardır. Heç bir şeyləri biz-dən əskik deyil, bizim atamız cəbhədə həlak oldu, amma Əlibalanın atası əlildir. Əlibala özü ki, əlil deyil, qolu-qıçı, başı yerindədir!

İndi də fikirli-fikirli qardaşının üzünə baxıb soruşdu:

– Buna sən nə deyirsən, Seymur? Axı, sən ağıllı oğlan-san, savadlı oğlansan.

Seymur gülümsünüb peysərini qaşıdı:

– Nə deyim vallah, sən bilən yaxşıdır.

Lakin Teymur ondan əl çəkmək istəmirdi:

– Niyə Şəfi Atamoğlanov, Əlibala Əsədov, yaxud o Ələddini öldürənlər oğru, quldur, cani olublar?

Seymur bir müddət fikirləşdi, sonra dedi:

– Mənə belə gəlir ki, adamın öz canından gəlməlidir.

– Necə yəni?

– Mənim ağlım kəsəni belədir ki, biri yaxşı alim olur, amma hamı yaxşı alim ola bilmir axı… Deməli, biri yaxşı alim olmağı bacarır, o biri bacarmır. Amma o da alim ki-mi yaşamaq istəyir, ya da baxıb görür mən yaxşı yaşayı-ram, mənim hər şeyim var, amma onunku yoxdur, əlində də bir sənət yoxdur ki, o da mənim kimi yaşasın. Gözü götürmür, gəlir mənim evimi soyur… Axı adamların ha-mısı bir cür olmur. Görürsən ki, biri paxıldır, yalançıdır, biri təmizkardır, biri pintidir. Bu oğrular da belə…

Teymur başını buladı:

– Yox, Seymur, belə deyil.

Belə vaxtlarda Seymur papağını götürüb qapıya tərəf gedir, üzr istəyir, işə tələsdiyini bildirirdi. Deyəsən, bö-yük qardaşının dedikləri ona xoş gəlmirdi.

Seymurun bu hərəkəti nədənsə Teymura çox toxunurdu.

Cavahirin gözlərindəki təşviş daha da artırdı. O, tez-tez Teymurun başına hərlənib təkrar-təkrar deyirdi:

– Ana sənə qurban, sən də özünə iş tapdın, nə gecən var, nə də gündüzün! Camaatın evini yıxırsan. O tutulan uşaqların ata-anası sənə qarğış elər axı!

Teymur gülümsəyib cavab verirdi:

– Biz camaatın evini yıxmırıq, tikirik, ana. Camaatın evini yıxmaq istəyənləri tutub islah edirik.

– Axı, ay bala, belə açığı, qorxuram özünə düşmən qa-zanasan, – deyə Cavahir rahatlıq bilmirdi. – Bəyəm sənin üçün başqa sənət qəhətdir? Bir də gördün ki, bir yolkəsəni tutdun, onun da qohum-qardaşı sənə tələ qurdu. Bəs mən başıdaşlı buna necə davam gətirərəm. Hər dəfə sən işə ge-dəndə ağlıma min cür fikir gəlir, yerimdə qovruluram, yata bilmirəm. Sən davada olanda da belə idim, indi də beləyəm. Elə bilirəm ki, sən yenə də davadasan.

Anasını gözüyaşlı və narahat görən Teymur onu başa salmaq üçün az qalırdı ki, cəbhədən Bakıya qayıtdığı ge-cəki əhvalatı və onun özünü ağır vəziyyətə salan canilər haqqında danışsın. Amma yenə də özünü saxlayırdı:

– Elədir, ana, bu da bir növ cəbhədir, – deyə anasının saçlarını oxşayır, xırdalaşmış qəşəng ala gözlərindən öpürdü.

Zaman keçdikcə Teymurun öz çətin işi haqqındakı təsəvvürü get-gedə genişlənir və beynində doğan saysız-hesabsız suallar cavab tapmaq üçün tez-tez müəllimlərlə söhbət edir, məsləhətləşirdi. Bəzən ona elə görünürdü ki, ayrı-ayrı müəllimlərin verdikləri cavab bir növ ehkam xa-rakteri daşıyır, onu təmin edir. Ona elə gəlirdi ki, cinayət, həm də düşünülmüş cinayət şaxəli bir ağacdır. Bu ağacın dərin kökləri, iri kötüyü, saysız-hesabsız budaqları var. Möhkəm kök salmış belə ağacı asanlıqla yıxıb məhv et-mək mümkün deyil, özü də bu ağac zəhərli meyvələr gə-tirir. Bu meyvələrin dadı bəzən onları yeyənlərə şirin, ləz-zətli gəlir, huşunu dumanlandırır, ağlını çaşdırır, zəhərləyir. Bəzən də sağalması mümkün olmayan xəstəliklərə düçar edir. Belə ağaclar göz qabağında bitmir. Belə ağac-ları axtarıb tapmaq, bütün budaqları, meyvələri, kötüyü və kökləri ilə bir yerdə qoparmaq, məhv etmək lazımdır. Kapitan Tərlanov isə qaranlıqda yolunu kəsən, ona mane olan budaqları taparaq sındırıb tələsik irəliləyir; bir də geri qayıdıb o şaxəli ağacı axtarmırdı.

Haqqında gedən xoşagəlməz söz-söhbətə baxmayaraq, Teymur əvvəlki kimi məhəllənin papiros çəkən yeniyet-mələrinə və tək-tük anaşa çəkən cavanlarına rahatlıq ver-mirdi. Son zamanlar həyətləri, evləri bir-bir gəzib uşaqla-rın ata-anası ilə ciddi söhbət aparır, tapşırırdı ki, yeniyet-mələrə göz olsunlar. Axı o, uşaqların, yeniyetmələrin da-ha tez təsir altına düşdüklərini yaxşı bilirdi. “Uşalıqdan yaxşı tərbiyə görən, böyüyəndə də yaxşı adam olur” – deyə tez-tez təkrar edirdi. Bəzən evlərdə ata-analar inci-yib Teymura ağır cavab qaytarırdılar: “Camaat deyər ki, görəsən, bizim uşaq nə eləyib, milis işçisi evimizə ayaq açıb”. Teymur bir həyətin adamlarından qonşu həyətdə yaşayan uşaqlar haqqında xəbər alanda, çox vaxt: “Biz nə bilək!” – deyə cavab verirdilər. Teymur yavaş-yavaş ma-raqlı bir şeyi kəşf etməyə başladı: anadan olub, boya-başa çatdığı uşaqlıq illərinin əziz xatirələri ilə bağlı olan bu məhəllənin çox qəribə bir mənzərəsi var idi. Dar dalanlar, bir-birinin böyrünə qısılmış kələ-kötür evlər, həmişə bağlı qapılar… Elə bil, bütün bu evlərin, qapıların üstündən iri hərflərlə: “Mənimdir”, “Özümünküdür”, “Heç kəsə dəxli yoxdur!” – sözləri yazılmışdı. Bir-birindən təcrid olun-muş, bir-birindən küsmüş, bir-birinə dal çevirmiş evlər… Nə yaxşının pisdən xəbəri var, nə pisin yaxşıdan.

Teymuru kədərləndirən, düşündürən bu məsələlərlə bərabər onu sevindirən, fərəhləndirən, ruhunu oxşayan hallar da çox idi. Həyatı qədər sevdiyi Bakının bir çox kü-çələri gündən-günə gözəlləşir, qol-qanad açıb böyüyürdü. Gah bu küçədə, gah o küçədə yaşıl xiyabanlar salınır, yeni-yeni məhəllələrə asfalt döşənir, trolleybus xətləri çə-kilir, şəhərin ucqar yerləri gələcək böyük tikintilər üçün planlaşdırılırdı. Adamın üzünə gülən qaynar zəhmət, se-vinc, mahnı dolu Bakıda nəcib adamlarla yanaşı, bir ovuc cinayətkarın da yaşayıb çirkin işlərlə məşğul olduğunu hər gün duyub hiss edən Teymur Cahangi-rov çox qəzəblənirdi. Yenə də tez-tez onu düşündürən, ona əziyyət ve-rən suallara cavab tapmaq üçün çoxlu mütaliə edir, elmi-nəzəri kitablarla yanaşı, Maksim Qorkinin, F.N.Dostoyev-skinin, Stefan Sveyqin, Drayzerin əsərlərini oxuyurdu. Hər kitabı başa vurub özü üçün qeydlər edir, nədənsə yanaqlarında xırda, qəşəng xallar səpələnmiş o qızı –Lə-manı, onun qoca tədris hissə müdiri Cəfərzadənin çəkdiyi şəkillər haqqında dediklərini, “Məni başa düşürsünüz-mü?”, yaxud “Nizaminin şeirlərini oxumuşsunuzmu?” –deyə soruşduğunu xatırlayırdı. “Axı nə üçün Ləman mənim az mütaliə etdiyimi, az kitab oxuduğumu, hətta Ni-zaminin şeirlərini oxumadığımı düşünürdü? Kim bilir, yəqin ki, bunu mənim gözlərimdən də oxumaq çətin de-yildir?”

Ləmanla görüşdüyü vaxtlar Teymurun həyat, ədəbiy-yat haqqındakı təsəvvürü o qədər də geniş deyildi. Daha doğrusu, onun bildiyi məktəbdə aldığı təhsilin çərçivəsin-dən kənara çıxmışdı. Qiyabi şöbədə oxuduğu müddət ər-zində hüquqşünaslığa dair öyrəndikləri hələ natamam idi. O, özünü sərbəst aparmağı bacaran, öz dəyanətinə, namusuna güvənən, təsviri incəsənətdən, Nizamidən ba-carıqla daşına bilən Ləmandan ancaq bircə şeydə güclü idi. Teymur cəbhə görmüşdü, dəfələrlə ölümlə üzləşmiş-di, yaralanmışdı, günlərlə palçıq içində sürünməli olmuşdu. Həftələrlə düşmənin arxasında meşələrdə qalmışdı. Əziz yoldaşlarının can verdiyini görmüş, onların gözləri-ni öz əlləri ilə qapamışdı. O, fiziki ağrıların nə olduğunu duymuş, cərrahın bıçağı ətini kəsdikdə, sümüyünü qaşı-dıqda, dişlərini qıcayıb çığırmamağa çalışmışdı. O, ata dağı görmüşdü, Ləman isə bütün bunları görməmişdi. Onun atası da, anası da sağ idi. Teymur topların, mərmi-lərin, bombaların gurultusu içərisində düşməni addım-addım izlərkən, qulaqbatırıcı gurultunu dinlərkən, Ləman atasının məharətlə çaldığı tarın təranəsini eşitmişdi. Düzdür, Teymur nə Ləmanın özünü, nə də ata-anasını bu işdə təqsirləndirmirdi. Çünki Ləmanın atası musiqi müəllimi idi, dərs deyirdi. Bu o demək idi ki, o, top səslərinin bir gün kəsiləcəyinə, gözəl çalğıçıların, müğınnilərin yenə də lazım olacağına inanırdı.

Bütün bunlara baxmayaraq son görüşdə Ləman özünü Teymurun qarşısında elə aparmışdı ki, guya o, Teymur-dan həm yaşda böyükdür, həm də ağılda üstündür. Daha doğrusu, o bunu sübut etməyə heç bir cəhd göstərməmiş-di. O soruşmuşdu: “Başa düşürsünüzmü”, yaxud “Oxu-musunuzmu?” Bu suallarından əlavə mənalı baxışlarında da nə isə bir üstünlük duyulurdu. Elə bil, o, Teymurun başa düşməsi üçün çox sadə danışmağa çalışırdı. Elə bil onun inciyəcəyindən və yaxud başa düşməyəcindən qız ehtiyat edirdi. Əlbəttə, Teymur bunu elə o vaxt hiss et-mişdi. Özü də nədənsə inciməmişdi. Bu, ona çox qəribə gəlmişdi. Ancaq hardasa, qəlbinin dərin yerində gizli bir etiraz oyanmışdı, həm də bu etiraz Ləmana qarşı deyil, öz biliyinə, dünyagörüşünün darlığına qarşı doğmuşdu. O, istər-istəməz əlinə keçən kitabları başa vurub təzəsini oxumaq üçün fürsət axtarırdı. Əlbəttə, həyat təkcə cani-lərdən və caniləri axtaranlardan ibarət deyildi. Lakin Tey-mur istər-istəməz, tamamilə kənar hadisələri – insan zə-kasında, insan həyatında, insan psixologiyasında əmələ gələn dəyişiklikləri-onun bu və ya başqa bir hərəkəti nə üçün etdiyini buraxdığı səhvlərlə əlaqələndirir, bu səhvi nə vaxt qəbahətlə çevrildiyini və bu qəbahətin nə vaxt ci-nayət törətdiyini axtarıb tapmağa çalışırdı.

Bəs Teymurun şəxsi həyatı?! Nə üçün o, gəzib-dolanmağa, sevib-sevilməyə, özünə şəxsi həyat qurmağa heç bir həvəs göstərmirdi? Axı, belə şeylər çox vaxt əvvəlcə-dən, düşünülmədən olur. Çünki Teymur “Mənim iyirmi beş yaşım var. Mən daha evlənə bilərəm, indi mən evlən-məliyəm” – deyə müəyyən olanla ailə quran adamlardan deyildi. Teymur kimi adamlar üçün bu çox çətin, həm də son dərəcə incə bir məsələ idi.

“Mən evlənmək istəyirəm” – deyə gəlib orda-burda, bu institutun, o institutun qabağında durub, yaxud bu qonşuya, o qonşuya, bu qohumun, o qohumun evinə adam göndərib qız axtarmaq Teymura qəribə gəlirdi. Tey-mur kimi adamların şəxsi həyatında həlledici rol oynayan təsadüflərin özlərində də bir zərurət, özü də çox mühüm bir zərurət olmalıdır. Məsələn, Teymur Ləmanla çox təsa-düfi görüşüb onu ötürməyə həvəs göstərmişdi. Onun har-da yaşadığını hökmən öyrənmək istəmişdi. Sonra onun kim olduğunu da bilmişdi. Burda bir təsadüf, həmin gecə Ləmanın çığırıb kömək axtarması, ona rast gəlməsi idi. Lakin bu təsadüf, özü də qorxulu əhvalat gəlməsəydi, bəl-kə də Teymur bu qızı ötürməyə o qədər də həvəs göstərməyəcəkdi, əksinə ona sataşmaq istəyən o iki oğlanın ar-dınca gedib, onları tutmağa çalışacaqdı. Deməli, Teymur məhz Ləmanı ötürmək zərurətini hiss edib onunla getmiş, dalandakı gur işıqda onu görmüş, özünə xas olan bir təm-kin, qaraqabaqlıqla Ləmanın işıq saçan, hamını valeh et-məyə qadir olmasa da, Teymurun xoşuna gələn gözəlliyi onun ürəyinin qanını qaynatmışdı.

Əgər Teymur Ləman kimi düşünüb danışa bilsəydi, Ləmanı maraqlandıran mövzulara əl atsaydı, onun ürə-yində hörmət, qibtə oyada bilsəydi, bəlkə də onların ta-nışlığı davam edər, elə bir gün gələrdi ki, onlar məhz biri-biri üçün yarandıqlarını qət edib evlənərdilər. Burda mümkün olmayan heç bir şey yox idi. Çünki Ləman Tey-murun müşahidəsinə görə başqalarına hörmət etməyi ba-carırdı. Bir halda ki, altmış yaşlarında olan o acıdil, xəstə Cəfərzadəyə hörmət etməyi, qayğı göstərməyi bacarırdı, demək, əgər ləyaqəti olardısa, Teymura da bu hörmət və qayğını göstərə bilərdi. Amma Ləman bunu istəmədi. Teymur da ondan incimədi. Lakin insan başqalarına qarşı nə qədər təmkinli və dəyanətli olursa, xasiyyətinin bütün bu keyfiyyətləri onun özünə eyni təsiri göstərmir. Çünki Teymur kimi adamlar belə şərtiliyə yol vermir, özlərini yalançı xəyallarla aldatmır. Buna görə də həyatdan sərt həqiqətdən uzaqlaşmırlar. Bu o demək deyildir ki, onlar səhv etmirlər, belə adamlar ancaq xarici mühitin təsiri və yaxud təcrübənin azlığı ucundan müəyyən səhvlərə yol verirlər; eyni zamanda belələri başqalarından nisbətən daha az səhv edirlər. Buna görə də Teymur öz-özlüyündə Ləmanla onun arasında olan qısa tanışlıq haqqında düşünür, bu tanışlığın nə üçün tez qırıldığının səbəblərini axtarırdı. Bunun bir neçə səbəbi ola bilərdi.

Əvvələn, Teymurun zəhmli, həm də bir qədər yöndəmsiz görünüşü qızın xoşuna gəlməyə bilər, yaxud zöv-qünə uyğun olmaya bilərdi. O biri tərəfdən, Ləman adam-lara ancaq onların xarici görünüşünə görə qiymət verirsə (bunu başqa cür təsəvvür etmək çox çətin idi. Çünki Lə-man rəssam idi. Yəqin ki, o hər şeydə gözəllik axtarırdı), ola bilsin ki, Teymurun öz ağlı, zəkası, mədəniyyəti, dün-yagörüşü ilə onun tələblərinə heç cürə cavab verə bilmə-yəcəyini duyub, tamamilə başqa-başqa adamlar olduqla-rını qət etmişdi. Bir də ola bilərk ki, Teymurun əynindəki milis paltarı rəssam qızın xoşuna gəlməmişdi. Hətta Teymurun öz doğma anası da onun bu işi buraxıb başqa bir sənət axtarmasını istəyirdi. Hər halda bu səbəblərdən biri, bəlkə də hamısı bir yerdə, onun Ləmanla bir daha görü-şməsinə mane olmuşdu.

Teymur ağır təbiətli bir oğlan idi. O, heç kəsin qabağında alçalmazdı. Buna görə də o gecə Ləmanın bir daha onunla görüşməyə səy göstərməməsini xahiş etdiyini unuda bilmir və bir ilə yaxın idi ki, nə onu bir yerdə ax-tarır, nə də ki, rast gəlirdi. Lakin Teymurun işi belə idi ki, o, istər-istəməz daha xırda və böyük hadisələrin şahidi və iştirakçısı olurdu.

Bir gün yoxlamadan qayıdarkən Teymur tramvayın dalınca qaçan, onun qapılarından asılıb çantalarını ha-vada yelləyən, konduktor yaxınlaşanda tramvay hərəkət edə-edə yerə hoppanan, uzaqlaşdıqca təzədən qaçıb tram-vayın dəstəsindən yapışaraq sallanan, konduktora dil göstərən bir neçə məktəblini görüb cibindəki fıştırığını çı-xartdı, milis idarəsində işlədiyi bu neçəvaxtda o ilk dəfə olaraq zildən fit verdi və tramvayı dayandırıb uşaqlara sarı qaçdı. Uşaqlar ətrafa səpələndilər. Teymur bir anlığa ayaq saxlayıb fikirləşdi ki, hansının dalınca qaçsın. Birini ələ keçirsəydi, kifayət idi. O, şapkasını başına tərsinə gey-miş bir oğlanın dalınca qaçdı. Oğlan tələsik adamların arasında soxulub gözdən itdi. Cavan oğlanlardan biri xo-şagəlməz qəhqəhə ilə gülüb Teymura nə isə ağır biz söz atdı. Teymur cəld o biri səkiyə qaçmış iki uşağın dalınca düşdü. Əgər yoldan keçən bir qadın və əlində portfel olan yaşlı bir kişi uşaqlardan birini tutub saxlamasaydılar, bəlkə də Teymur onların dalınca çox qaçmalı olacaqdı. Teymur uşağın əlindən yapışıb, sanki onun dartınaraq: –Əmi burax, daha eləmərəm, burax gedim evə, daha tram-vayın dalına minmərəm, – deyə yalvardığını eşitmirmiş kimi, özü ilə aparıdı. Arabir o dönüb hirsli-hirsli oğlanın üzünə baxırdı. Uşağın on bir-on iki yaşı olardı. Ağbəniz bir oğlan idi, təmiz və səliqəli geyinmişdi. Görünür, dəcəl uşaqlara qoşulub korlanmışdı.

Teymur uşağı birbaş milis şöbəsinə gətirib növbətçiyə təhvil verdi və tapşırdı ki, ünvanını öyrənib atasını, ya-xud anasını çağırsın.

Bir saatdan sonra milis serjantı həmin uşağı Teymurun otağına gətirdi.

– Atası gəlibmi? – deyə Teymur soruşdu.

– Xeyr, yoldaş Cahangirov, bacısı gəlib.

– Çağırın onu bura.

Serjant çox sadə və həm də zövqlə geyinmiş bir qızı içəri buraxdı və qızın da, Teymur Cahangirovun da bir-dən-birə dəyişdiklərini görüb təəccübləndi. Teymur ser-janta tərəf dönüb astadan dedi:

– Sən gedə bilərsən.

Qız Ləman idi. Onlar üz-üzə durub dinməz gülümsündülər. Teymurun təbəssümündə təəccüb və heyrət, Ləma-nın təbəssümündə qəzəb duyulurdu. Bu görüşün təqsir-karı olan Nəriman isə qaşlarını çatıb gözaltı onlara baxır, nə üçün gülümsündüklərini heç cür başa düşə bilmirdi.

– Xoş gördük, Ləman! – deyə Teymur görünüşünə uyuşmayan mehriban bir səslə dilləndi, – Buyur, əyləş!

Ləman nə onun salamını aldı, nə dəəyləşdi. İncik bir tərzdə onu süzüb dedi:

– Görün öz vəzifənizdən nə kimi işlər üçün istifadə edirsiniz?

– Necə məgər?

Ləman qəzəbindən otaqda kiçik uşaq olduğunu belə unudaraq bütün ürəyindəkiləri birnəfəsə Teymura yağ-dırdı:

– Bu yaşa çatmışam, amma milis şöbəsinə bircə dəfə, o da pasportumu almağa gəlmişəm. Niyə bu camaata göz verib, işıq vermirsiniz?! Məni bura nə üçün çağırmısınız? Axı, sizə demişdim ki, bir də mənə yaxın düşməyin. Həm də ki, məni görmək üçün küçədə, evimizin yanında da güdüb yolumu kəsə bilərdiniz. Siz ki bunu yaxşı bacarır-sınız. Daha bu uşağın ürəyini üzmək nə üçün?! Deyin, gö-rüm, mənim qardaşımın təqsiri nədir?

Bu sözlər Teymura çox ağır gəldi. O, gözlənilmədən rəsmiyyətə keçib Ləmanla “Siz” – deyə danışmağa baş-ladı. Özü də başını qaldırmadan danışdı. Ona elə gəlirdi ki, bu təhqiramiz sözəri deyən Ləman deyil, bir başqa-sıdır.

– Təqsirin böyüyü bu uşaqda yox, sizdədir, vətəndaş Əşrəfzadə, sizdə və sizin ata-ananızdadır!

Teymurun səsinin ahənginin birdən-birə dəyişməsi, elə bil, Ləmanı ayıltdı.

– Mənim təqsirim nədir?

– Siz ki, özünüzdən çox-çox yaşlı adamların başına ağıl qoya bilirsiniz…

– Mən kimin başına ağıl qoymuşam?

– Müəlliminiz Cəfərzadənin. Siz yaxşı rəssam olduğunu onun özünə sübut eməyi bacarmışsınız. Elə indicə mə-nim də başıma ağıl qoyurdunuz. Bu ağıldan bir az da qar-daşınızın başına qoysaydınız, pis olmazdı.

Ləman qardaşına sarı dönüb soruşdu:

– Ədə, neyləmisən?

Nəriman gözlərini yerə dikib mızıldana-mızıldana ca-vab verdi:

– Evə tələsirdim… tramvayın dalınca qaçıb mindim.

Teymur acıqlı-acıqlı onun yalanını tutdu:

– Elə isəəks tərəfə gedən tramvaya niyə minirdin? Hələ üstəlik, konduktora da dilini göstərirdin?

Nəriman yenə mızıldandı:

– Dilimi göstərən mən deyildim, Ərəstun idi.

– Sən yenə də o dələduza qoşulmusan?! – deyə Ləman qardaşına yaxınlaşdı.

Teymur cəld soruşdu:

– Siz o uşağın ailəsinə bələdsiniz?

– Lap atasının burnundan düşüb! Atası nə tökür, o da yığır.

– Onun atası nəçidir ki?

Ləman birdən döyüküb dayandı:

– Nə bilim.

Teymur ağır-ağır qalxdı və üzün Nərimana tutub so-ruşdu:

– Ərəstunun familiyası nədir?

Uşaq, bacısına baxıb cavab verdi:

– Namazov…

Teymur yenə də üzünü Ləmana sarı çevirdi:

– Namazovun sənəti nədir?

Ləman bir az da tutuldu:

– Nə bilim… Bizim yuxarı məhəllənin pis tərəflərindən biri də odur ki, qonşular arasında heç bir yaxınlıq yox-dur.

Aralığa sükut çökdü və bu sükut içində Teymur so-yuqqanlıqla dedi:

– Belə çıxır ki, Ərəstunun atası Namazovun nə ilə məşğul olduğunu demək istəmirsiniz?

Ləman pörtdü:

– Mən bura ev yıxmağa gəlməmişəm. Nə sözünüz var deyin, qardaşımı götürüb gedim.

Teymur acı-acı gülümsündü:

– Hm… Sizinlə görüşdüyümüz ilk gecənin axşamı, yə-ni saat doqquzda komsomol iclasında olmuşdunuz. De-məli, siz komsomolçusuz. Amma görün necə cavab verir-siniz? Əgər məhəllə qonşunuz Namazov natəmiz işlər gö-rürsə…

Ləman çiyinlərini çəkdi:

– Belə işlərə siz baxırsınız. Gedin, özünüz axtarın, ta-pın, öyrənin…

Teymur məzəmmətlə başını buladı:

– Siz kimsiniz, biz kimik? Biz də sizin dincliyinizi qo-ruyuruq. Camaat bizə kömək etməsə, biz bir çox cinayətin üstünü aça bilmərik. Hamımızın məqsədi birdir. Nama-zov haqqında nə bilirsinizsə, bizə xəbər verməlisiniz.

– Dedim ki, bilmirəm. Bunun mənə dəxli yoxdur.

– Bəs kimə dəxli var? Sizin qardaşınızı pis yola aparan onun oğlu Ərəstun deyilmi? Bəs Ərəstuna pis tərbiyə ve-rən onun atası deyilmi?

Ləman etinasızlıqla qaşlarını qaldırıb üzünü yana çevirdi:

– Məncə, məsələni bu qədər böyütməyə dəyməz. Gö-rən desin nə olub? Uşaq dəcəllik edib, tramvaya minib, dilini göstərib… Əlbəttə, bu yaxşı iş deyil. Evdə biz ona əməlli-başlı acıqlanacağıq. Amma siz məsələni çox böyü-dürsünüz, yoldaş kiçik leytenant.

Ləman bu sözləri deyib qardaşının əlindən tutdu və qapıya tərəf yollandı. Onlar qapıdan çıxmaq istəyirdilər ki, Teymur Ləmanı çağırdı. Ləman qardaşını bayırda qo-yub özü içəri girdi.

– Məsəl var: “dama-dama göl olar”… Əgər Ərəstun bu gün atasından bir pis şey öyrənəcəksə, sabah gəlib onu məktəb yoldaşlarının arasında yayacaq. Bu gün tramvaya biletsiz mindiyi, dilini göstərdiyi üçün cəzalanmasa, sa-bah daha bir nalayiq iş görəcəkdir. Misal üçün, cibə girə-cək, əllərdən şey qapıb qaçıracaqdır. Sizin də qardaşınız ona qoşulacaq, qumar oynayacaqlar, papiros, anaşa çəkə-cəklər, içki içəcəklər. Pul olmayanda daha böyük cinayət-lərə əl atacaqlar, ev yaracaqlar, yol kəsəcəklər. Görürsü-nüzmü, belə xırda cinayətlərin qabağı alınmayanda bunlar get-gedə böyüyür, cinayət törədir. Axı, bu cinayət si-zin ailəyə kənardan gətirilir. Mən də bilmək istəyirəm ki, bu toxumu yayan kimlərdir? Başa düşürsünüzmü?

Ləman qaşlarını çatıb narazı bir tövrlə dedi:

– Uşaq deyiləm.

Teymur astadan dilləndi:

– Niyə inciyirsiniz? Siz mənə öz sənətinizdən danışıb başa düşüb-düşmədiyimi soruşanda mən incimədim. Hətta siz Nizamini oxuyub-oxumadığımı soruşanda da mən sizdən inci-mədim.

Ləman bir neçə saniyə dinmədi, Sonra Teymura sarı baxmadan soruşdu:

– Daha bir sözünüz yoxdur ki?

Teymur zabitəli səslə cavab verdi:

– Belə çıxır ki, bizə kömək etmək istəmirsiniz. Əlbəttə, bu sizin öz işinizdir, sizi məcbur edə bilmərik. O ki qaldı qardaşınıza, məsləhət görürəm, bir az da onunla məşğul olmağa vaxt tapasınız. Cəfərzadəyə kömək və qulluq et-mək üçün ayırdığınız vaxtın heç olmazsa yarısını qardaşı-nıza sərf edin, yoxsa sonra gec olar. – Teymur stolun arxa-sına keçdi. – Gedə bilərsiniz.

Ləman qapıya sarı gedib, xudahafizləşmədən çıxdı. Gözləmə otağında nədənsə dayandı, fikirləşdi, yenidən qardaşını stullardan birinəəyləşdirib:

– Tərpənmə, bu saat gəlirəm, – deyə geri qayıtdı və Teymurun otağının qapısını açıb içəri girdi.

– Olar?

Teymur onu eyni zəhmli baxışla qarşıladı:

– Buyurun.

Ləman, Namazov haqqında nə bilirdisə Teymura danışdı və onun gizli alverlə məşğul olduğunu da dedi. Teymur Ləmana qulaq asır, eyni zamanda dəftərçəsinə qısa qeydlər edirdi. Arabir özü də Ləmana suallar verirdi:

– Siz bilən Namazov əsasən haralarda olur?

– Bunu deyə bilmərəm. Ancaq onu bir neçə dəfə keç-miş Quba meydanında görmüşəm.

– Bəs siz özünüz ora nə üçün gedirsiniz?

– Necə yəni nə üçün? Yaxşı bilirsiniz ki, alverçilər ma-ğazadan aldıqları qəşəng şeyləri Quba meydanında əridir, bizim kimilərə birə-iki qiymətə satırlar.

– Hm… Namazovun Ərəstundan başqa da övladı var?

– Var … Bir oğlu da var.

– Neçə yaşı var?

– Elə siz yaşda olar.

– Yəni neçə?

– 22-23.

– Başqaları mənə 30-35 yaş verir

Ləman etinasız tövrlə gülümsündü:

– Mən rəssamam… özü də portret yaratmağı çox sevirəm.

– Hm… oğlanın adı nədir?

– Zeynalabdin.

– Harda işləyir?

– Dəmir yolunda. Deyəsən, provodnikdir.

– Çox yaxşı.

Ləman ayağa qalxdı:

– İndi gedə bilərəmmi?

– Əlbəttə.

Amma Ləman yerindən tərpənmədi, başını aşağı salıb dəftərindən, nə isə qeyd edən Teymura bir müddət baxdı. Teymurun zənci saçına bənzəyən cod, qıvrım saçları nə-dənsə onun diqqətini cəlb etdi. Elə bil, kiçik leytenantın sifətini yadda saxlayıb sonra evdə yaratmaq və onun nə təhər adam olduğunu həmin şəkildən öyrənmək istəyirdi. Birdən:

– Mən də sizə bir sual verə bilərəmmi? – deyə soruşdu.

Teymur başını qaldırıb təəccüblə Ləmana baxdı. Elə bil qulaqlarına inanmırdı:

– Əlbəttə.

Ləman, deyəsən, bir az çətinlik çəkirdi.

– Yadınıza gəlirmi, o gecə, məni ilk dəfə evimizə ötürdüyünüz gecə siz məndən şübhələnmişdiniz.

Teymur dinmədi.

– Gizlətməyin, – deyə Ləman xahiş etdi. – Axı ertəsi gün dəgəlib bizim məktəbdə mənim haqqımda məlumat toplamışdınız. Deyin, görüm, siz doğrudanmı məndən şübhələnmisiniz?

– Şübhələnmişdim.

– Elə isə bəs nə üçün o yağışlı gecədə gəlib məni evi-mizə qədər ötürdünüz? Siz şübhələnəndə həmişə belə edirsiniz?

– Yox.

– Mən sizi başa düşmürəm.

– Vaxt gələr başa düşərsiniz.

– Siz elə bilirsiniz ki, biz yenə görüşəcəyik?

– Hər şey hadisədən, bəzən dətəsadüfdən asılıdır.

– Mən çalışaram ki, belə təsadüflər düşməsin, qarda-şım Nəriman da tramvay dalınca qaçmasın, həm də Ərəs-tuna qoşulmasın.

– Lap yaxşı.

– Bəlkə, məndən nə üçün şübhələndiyizin səbəbini indi deyəsiniz.

Teymur təəssüflə başını tərpədib:

– İndi olmaz, – dedi. – Əgər hadisələr imkan versə, mən özüm bunun səbəbini bildirmək üçün sizi axtarıb ta-param. İndi isə yəqin ki, evdə sizdən nigarandırlar. Lə-man, sizdən bir xahişim də var: bu gün Nərimanı evdən bayıra buraxmayın. Əgər məhəllə uşaqlarından onun ya-nına gələn olsa, qoymayın görüşsünlər. Deyin ki, xəstələ-nib. Sözünüzün yalan çıxmaması üçün Nərimanı sabah məktəbə buraxmayın. Bir də Nərimana tapşırın ki, burda olan söhbətlər barədə bir kəlmə də yoldaşlarına deməsin.

– Nigaran qalmayın. – Ləman gülümsündü. – Sağ olun.

Bir saatdan sonra Teymur Cahangirov topladığı əlavə məlumatlarla Tərlanovun yanına getdi. Kapitan Tərlanov Teymurun izahatını dinləyib onu təriflədi və ertəsi günü Namazovu ifşa edəcəyini bildirdi.

– Bəlkə, bir az da göz olaq, görək kimlərləəlaqə sax-layır? – deyə Teymur ehtiyatla dilləndi. Tərlanov onunla razılaşmadı.

– Yoldaş Cahangirov, belə işlərdə hər şey cəldlik tələb edir. Siz onun haqqında məlumat toplayanda, o da şübhələndiyimizi başa düşə bilər, ya yox? Özün bilirsən ki, belələri qazdan ayıq olur. Bir də gördün ki, sən onu qa-marlayınca, o səni qabaqladı, evində, qonşusunda gizlət-diyi malları yox elədi… Sonra sən ona necə sübut edəcək-sən ki, qatıq qara deyil, ağdır?!

Kapitan Tərlanov dediyi kimi də elədi. Səhər Teymur milis serjantı Nağı Babayevi götürüb alverçi Namazovun evinə, kapitan Tərlanov isə iki milis nəfəri ilə Quba mey-danına getdilər.

Quba meydanında rəngi solmuş, köhnə, qolsuz mayka, kişi alt tumanı, köhnə kəmər, yun corab satan Hacı Ələk-bər Namazovun görkəmindən kasıblıq yağırdı. Onun evindən, daha doğrusu, Teymurun ustalıqla axtarıb gizli qapısını tapdığı anbardan çıxan şeylərin qiymətini hesab-lamaq üçün bir gün sərf etmək lazım gəldi.

5

Hacı Ələkbər Namazv 60-65 yaşlarında, ilk baxışda çox zəif, arıq bədənli, əslində gümrah bir kişi idi. Cır-cındır üst-başı, çoxdan qırxdırmadığı üzünün kələ-kötür tükləri, batmış ovurdu, iti çənəsi, danışarkən üst damağından ası-lıb qalmış və dilinə toxunub tərpənən yeganə iri, sarı dişi onu çox qəribə göstərirdi. O, gah gülümsəyir, gah başını bulayıb öz-özünə danışır, quru əlini dizinə çırpır, yanıqlı-yanıqlı dizini ovuşdurur, gah da nə isə hesablayırdı.

Teymur həmişəki kimi yenə də istintaqda iştirak edir-di.

Mayor Səmədov alverçiyə gözlənilməyən suallar verir, lakin daş qayaya rast gələn kimi hacı Ələkbər də özünü möhkəm saxlamağa çalışırdı.

Səmədov əlindəki karandaşı oynada-oynada dedi:

– Bu qədər mal-dövlətin ola-ola bəs niyə dişlərini dü-zəltməmisən, ay kişi?

– Camaat paxıldır, bala, iyirmi ildir, o padvalı gizlində saxlamışdım, heç kəsin xəbəri yox idi. Dişlərimi görsəy-dilər, padvalın qapısı lap çoxdan açılardı.

Səmədov ucadan güldü, gözlərinin ətrafında qırışlar əmələ gəldi. Səmədov hiyləgəralverçinin fikrini azdırmaq üçün qəsdən belə kənar, əhəmiyyətsiz söhbətlərə əl atırdı.

– Kişi, dişsiz də dolanmaq olar?

– Baxma, bala, mənim mədəm öyrəncəlidir, daş da udsam əridər.

Sonrakı sual ağır bir çəkic kimi Hacı Ələkbərin başına dəydi:

– Demək, daş da udsan əridir, eləmi? Odur ki, oğurluq malları da udmusan da!

Hacı Ələkbər bir anlığa duruxub gözlərini döydü, birdən başını geri atdı, göz qapaqları yumuldu və damağını marçıldadıb balaca uşağa nəsihət verirmiş kimi şirin-şirin dedi:

– Keçməz, bala, özünü yorma. Dedim ki, astarveş-çiyəm, o şeylərin hərəsini bir adamdan almışam.

Səmədov gözlərini qıyıb yenə gülümsədi:

– Deməli, sənin hər şeydən başın çıxır, hər şeyin qiymətini bilirsən, qab-qacağın da, pal-paltarın da, xalı-xal-çanın da, büllurun da… hər şeyin!

– Nə gizlədim, bala, bilirəm. Uşaqlıqdan öyrənmişəm. Rəhmətlik atam Muradəli dəllal olub.

– Sənin evindən çıxan malların qiymətini biz təxminən hesablamışıq. Evindən ən azı 460 min manatlıq şey çıx-mışdır.

Hacı Ələkbər uzun, quru barmaqlarını tük basmış üzündə gəzdirib batmış ovurdunu ovuşdurdu və dili üst damağından asılıb qalmış lax dişinə toxuna-toxuna, alver edirmiş kimi dilləndi:

– Xalı-xalçanı, bir də gümüş qab-qacağı ordan çıx!

– Nə üçün?

– Ona görə ki, arvadımın cehizidir.

Səmədov yenə də gülümsündü:

– Yəni belə varlı yerdən evlənmisən?

– Tacir Hacı Muxtarın qızıdır. Fağırın oğlu olmurdu, məni özünə həm kürəkən, həm də oğul bilirdi.

– Elə isə nə üçün arvadının cehizini də o anbarda gizlədirdin?

– Göz-nəzər var, bala. Ərz elədim ki, o qədər paxıllıq eləyən, gözü götürməyən var ki! Müsəlman deyilik? Mü-səlmanın işi elə paxıllıqdır da!

– Yaxşı, tutaq ki, o şeylər arvadın cehizidir. Orda azı 300 min manatlıq mal qalır, onları almaq üçün o qədər pulu hardan tapmısan?

Hacı Ələkbər yenə də adəti üzrə qurumuş barmaqla-rını üzündə gəzdirib batmış ovurdunu ovuşdurdu.

– Axı mən o malları, necə deyərlər, öldürüb almışam: əgər qiyməti min manatdırsa, yüz əlli manata, bəlkə daha ucuz almışam.

– Niyə axı, yəni o malı sənə verəndə bilmirdi ki, malı-nın filan qədər dəyəri var?

– Nə bilim, vallah, camaatın aldığı maaş bəyəm özünə çatır ki? Bir də görürsən, dava-dərmana da çatmır, əlinə nə keçdi, çıxardır bazara. Astarveşçi də görür ki, kişi kə-ləfin ucunu itirib, onun malını öldürür. Birmiz malı öl-dürdük, o birmiz də gərək öldürə. Bizim də öz qanunu-muz var axı! Mal satan görür ki, yüz-yüz əllidən artıq ver-mirlər, axırı satır. İndi, bala, istəyirsiniz məni söyün, istə-yirsiniz döyün, alverin qanunu belədir. Biri udur, biri uduzur. Bir də axı, mən o şeyləri bir ilə, ya iki ilə alıb ora yığmamışam. Hə… Bu gün birinə bir şey lazım olur, başqasında tapılmayanda məndə tapılır. Onda həmin şeyin qiyməti də bahalanır. – Hacı Ələkbər ləzzətlə ağzını mar-çıldatdı, – Alver şirin şeydir, mən də necə deyərlər, bir növ adətkərdə olmuşam. İndi istəyirsiniz söyün, istəyir-siniz döyün, hökumətiniz də…

Səmədovun bayaq gülən üzü birdən-birə ciddiləşdi:

– Sənin sözündən belə çıxır ki, hökumətin camaata verdiyi maaş ona çatmır, o da məcbur olur, malını gətirib sə-nə satsın?

– İndi mən avam adamam, qandığım belədi.

– De, görək, sənin anbarından çıxan oğurluq malları evinə kim gətirirdi?


Страницы книги >> Предыдущая | 1 2 3 4 5 6 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации