Текст книги "Sur üfürülənə qədər Sarı Saltuk Baba"
Автор книги: Çinar Ata
Жанр: Современная зарубежная литература, Современная проза
сообщить о неприемлемом содержимом
Текущая страница: 1 (всего у книги 16 страниц) [доступный отрывок для чтения: 5 страниц]
Çinar Ata
Sur üfürülənə qədər
Sarı Saltuk baba
Məhəmməd Bozqurda…
İçindəkilər
Piri-Türküstan Əhməd Yəsəvi Babanın Ocağı
•
Əhli-Beytin əmanəti
•
İman və Nəsib
•
Ər meydanı “Nam salma, ad alma”
•
Hünkar Hacı Bektaş Vəli və Qul Sarı Saltuk
•
Mərhaba Monastır, GünaydınFlorina
•
“Bəldətu'l-İkbal”da gözləyən
•
Tanrının itləri
•
Bizans, Desise, Ahval
•
Qırmızı çarıqlı Sultan
•
Dəşt-i Təbil
•
Zümrüdü Ankanın zühuru
•
Keyumərs kimdir? Barak Baba kimdir?
•
Erlikin kölgəsi
•
Qurdlar İttifaqı
•
Hülakunun əfəndisi
•
Taxta qılınc və könüllərin fəthi
•
İrqlərin fövqündə
Müqəddəs cihad idealı
•
Hələlik, Üsküp
Haqqını halal et, Sarayevo
Cezb-i hâlet peydâ kılgan Hakk’nı tapar,
Şemşîr-i din kolga alıb, nefsni çapar,
Kayda barsa, sırlar körüb, büküb yapar,
Ehlin tabsa, şerhin kılur, dostlarım-â.
Hakk’a âşık bolgan kullar tabtı murad,
Hızr, İlyâs dâim berur âb-ı hayat,
Tâ kıyâmet körmegeyler hergiz memât,
Gor içinde agâh ybabar, dostlarım-â.1
Allahın adıyla!
Dünya bir dənizdi: nə göy vardı, nə torpaq – hər yer ucsuz-bucaqsız, sonsuz su içindəydi.2 Cəbrayıl çox vaxt dəryada uçdu, Haqq bir ovuc torpaq, dəryaya saçdı, dərya süzülüb yer olmadımı?3
Pəri qızları su üzərində cadulu rəqslərinə hələ başlamamış, qara çadır yıxılmamışdı. Uca dağların başından duman dağılmamış, ağ qızlar adəm oğlunu hələ aldadıb qaçırmamışdı. Ağsaqqallar, ağbirçəklər səccadələrini qara torpağa sərməmişdi. Günəş Turana üzünü göstərməmişdi. Gecə qaradan qara, şeytan bəxtsizlərin ən bəxtsiziydi. Biz Ötükənin, Ötükən bizimdi. Sevr Dağı bizim üçün, biz Sevr Dağı üçün darıxırdıq. Urum elində, cənubda, şimalda, məğribdə, məşriqdə…
Piri Türkistan Əhməd Yəsəvinin xəlifəsi, Seyid Battal Qazinin nəvəsi Seyid, Şərif, Xıdır, Saltuk bəy, Məhəmməd Buxari, Sarı Saltuk və təbdili-qiyafətdəkilər – Stevi Nikola, Sveti Naum, Əziz Spiridion, Əziz Söyti Nikola, Aya Dimitri, Kiliğra Sultan, Sytzigan, Baba Syrgiannes, Baba Saruca, Saltuk ət-Türkü…
Kəşflər sahibi, Nizami-aləm iddiasının qazi övliyası, uluğ qoca Sarı Saltuk babamızın Hünkar Hacı Bektaş Vəlinin icazəsiylə çıxdığı müqəddəs səfərdə “himmətlərini” “tələb edənlərə”, “nəsibi qədər” təqdim etmək məqsədilə – Kitabi-Sarı Saltuk baba Cemaziyelahirin iyirmi birində, hicri min dörd yüz otuz yeddidə yazılıb tamam oldu.
Görklü Tanrı, çətin işimizi asan et, dilimiz topuq vurmasın, fərasətimizi ali et! Ağ sözümüzə qara salıb hikmətini kəsmə! Səni xatırlamağa həvəslənən könlümüzü soyutma! Rəqiblərimizi üstümüzə güldürmə! Müqəddəs Məhəmmədin ərlərini və Onun ən nadirləri əziz Türkləri əzəl və əbədi yolunun davamçıları qıl!
“Kitab-i Sarı Saltukbaba”nı oxuyanları üçlər, yeddilər, qırxlar məclisində İmam Zeynalabidin ilə cəm et!
“… and olsun, biz sizə açıqlayıcı ayələr, sizdən əvvəl gəlib keçənlərdən bir misal və Allaha qarşı gəlməkdən çəkinənlər üçün bir öyüd endirdik.”4
Gün ağardı, sis dağıldı, quru torpağa nəm düşdü. Qönçə gülə döndü. Şəfəq işıqlarıyla qapımızı döyən “Ünsüz Qoca” ata babam, “Reyhan-i Pir Vəkili” “Hazırlan, gedirik!” – dedi. Getdik səndən, ondan, bizdən – bildiyimiz hər şeydən uzaqlara getdik. Heybətin adını qoyana, “dayan” deyənə qədər getdik. Vardıq Anatolia deyilən Urum elinə…
Piri Türkistan Əhməd Yəsəvi babanın ocağı
Ravilər rəvayət edir ki, yer üzünə əzəmətlə oturmuş sinəsi uca dağlar Uluğ Tanrının qüdrət nişanıydı. Çalab müqəddəs torpaqları yaqut və almazlarla boyamışdı. Torpaqdan fışqıran abi-həyat nazlı nəğmələr söyləyərək ayaqlarının arasında dolaşırdı. Kimsə bu cür parıltını nə görmüş, nə də haqqında eşitmişdi. Yer üzü yaradıldığı gündən bu yana belə ehtişam yaşanmamışdı. Rəngarəng quşlar səmada uçuşanda göy qurşağını qısqandırırdı. İrəm bağları qədər gözəl, Pompey düzənlikləri qədər bərəkətli bu torpaqlarda xain-xain gəzən qara ölüm nə etsə də, üstünə axın-axın gələn Oğuz övladlarının qarşısını kəsə bilməmişdi.
Qoca dünya hər məharətini göstərmiş, Firdevsi hazırlamışdı. Adəmə cənnətdə təqdim edilən nemətlər əziz diyarda bu yurdun varislərinə həvalə edilmişdi. Cənnət və göz yaşı, qan və aclıq… Bu torpağın sakinləri – İsanın və Musanın davamçıları uzun zamandır yalnız hüzn mövsümü yaşayırdı. Qəhqəhə nədir? Heç uşaqlar da gülməyi bilmirdi. Doğulandan bəri ətraflarında gülümsəyən bir kimsə, insan görməmişdilər.
Papa Urbanın adamları, Hülakülər cəhənnəmi gətirib, cənnətin üzərinə tökmüş, Cəhənnəmi söndürəcək nə bir damla su, nə bir nəfəslik hava qoymuşdular. Hər dindən minlərlə, on minlərlə insan – xristian, yəhudi cəhənnəmin talan etdiyi bu bənzərsiz cənnət üçün başlarını göyə qaldırıb bir səda gözləyirdi. Səlibçilər və Tanrının itləri iki istiqamətdən irəliləyir, zülm yüksəlirdi. “Göylərin və yerin hökmdarlığının Allaha aid olduğunu bilməzsinizmi? Allahdan başqa dost və köməkçiniz yoxdur”5 səsiylə gözlərini bu səfər şərqə çevirdilər. Allahın dostları, Tanrının yer üzündəki kölgələri Rum diyarına irəliləyirdi.
Məğribdən peydahlanan Romanın zülmünə məşriqdən zühur edən Xorasanın mərhəməti cavab verəcəkdi. “Üzləri dəridən qalxan kimi yumru, geniş, gözləri sanki nəzər muncuğu kimi olan uzun saçlı atlıların”6 onlara su gətirməsini gözləyirdilər. Üfüqə qıyqacı baxmaqdan gözləri qıyılmış zakirlər Rum diyarına çay kimi axmağa başladılar.
Nəhayət, səmadan cavab gəldi: “Yalan, hiylə, kin, nəfs və küfr mütləq diz çökdürüləcək”. Malazgirt düzənliyində doğan günəşlə birgə gəldilər. Cənnətin üzərinə tökülən cəhənnəmi təmizləməyə gələnlər, yaraları sarımaq üçün heybələrindən çıxardıqları Məhəmmədi şəfqət ilə məzlumları salamladılar. Hər aman diləyənə, “köməyə yetiş!” deyənə mədəniyyət və hikmətlə dərman oldular. Günəşin doğulduğu yerdən gələnlər özlərini sovuran qovurucu səmum yelləri qarşısında dəmir barmaqlarını dağların zirvəsinə batırdılar. Tutuna bilməyib sovrulanları sinələrinə sıxıb yurdsuzlara yurd, aşsızlara aş tapdılar. Buxaradan gətirdikləri eşq mayasını Rum diyarında dəryalara bəxş etdilər.
İlahi əmrlə yüz minlərlə fərsəx kənardan məzlumların himayəçisi olmaq üçün yola çıxanlar qarşısına keçən fitnəni şəfqət və salamla aşaraq Şəhəri-Haynupun7 qabağına qədər gəldilər. Qan, gözyaşıyla sulanan bu diyara iki dünyanın ilahi müjdəsini gətirdilər.
Böyük babaları Kırvandan8 tərəkəmə tayfalarıyla köçmüş, Qaradəniz yaylalarını yurd tutmuşdular. Ədalətli bəylərdən – bəyin oğlu, soyu müqəddəs Şərif də müjdəçilərin öndə gedənlərindəndi. Cemaziyələvvəl ayının ikisində, hicri altı yüz iyirmi dördüncü ildə səhərə yaxın bahar yağışlarıyla “Bektaşiliyin sarışın dərvişi”9 bu aləmə təşrif etdi.
Yaşıdlarından daha görkəmli, qüvvətli olan Türkmən balası10 hər uşaq kimi atasını çox sevərdi. Atası Həsən Qaziylə onun arasında bir dastanlıq mənəvi bağ vardı. Atası döyüşdə olmadığı zamanlar evdə, bazarda, yaylada həmişə Şəriflə əl-ələ gəzərdi. Bir an olsun, Şərifi çiynindən yerə qoymazdı. Şərif və Seyid bir soydan gəldiyinə, nəslin davamçısı olduğuna görə ayrı diqqətlə böyüdülürdü. Göstərilən bu vasvasılıq heç vaxt imtiyaz mənasını vermirdi. Qədər yoldaşları; obalarındakı, qəsəbələrindəki hər müsəlman nə qədər rahatsa, onlar da o qədər rahat, yoldaşları nə qədər qəmlilərsə, o qədər qəmliydi. Rum diyarına gələn hüzn onların da xanasına süfrə açmışdı. Seyid Həsənin mahdumu olması sarışın, qumral, güclü və ulu babaları Həzrəti Həsən və Həzrəti Hüseyn kimi gözəl olması hər kəsin diqqətini çəkmişdi. Gedərkən davamlı göylərə baxardı.11 Bunu görən, izləyən əhali ona “Göygöz” dedilər. Uşaq yaşlarından ağıllı, hər hərəkətinin yerini biləndi. Çox az danışardı. Saatlarla eyni otaqda yanlarında dayandığı insanlardan heç nə istəməz, “acmısan?” deyə soruşulmadıqca “yemək verin” deməzdi.
O gün pis nəsə olmuşdu. Anasının “bu gün-sabah gələcək” dediyi atası hələ gəlməmişdi. Atı bağçanın qarşısına bağlanmışdı, amma özü yoxdu. Balaca Xıdır ətrafda qaçışanların təlaşından, anasının ona yaxınlaşmamasından pis nəsə olduğunu hiss etmişdi. Qumral oğlancığını qucağından endirməyən, həmişə yanında saxlayan anası hıçqırıqla ondan qaçır, uzaqlaşırdı. Evin içində, bağçada, küçədə, anasıyla hər qarşılaşmasında eyni şey olurdu. Bu qarşılaşmalarda Xıdırı qucaqlayıb anasından uzaqlaşdırırdılar. Nə olduğunu bilmədən səhər oyandığından bəri belə gün keçirmişdi. Qaranlıq bir hüzn gəlib obalarına, evlərinə, bağçalarına çökmüşdü.
İri daşlardan hörülən divarın ortasındakı kiçik pəncərə, önünə yağan qarla örtülmüşdü. Yığılan qar altından sızan işıq otağı işıqlandırmağa kifayət etmirdi. Yerdəki kilimlər həmişə çox təmiz olardı. Anası o qədər işin arasında mütləq hər yeri silər süpürər, səliqəsizliyi heç sevməzdi. Bu gün tanımadığı çox insan gəlmiş; çəkmələrindən, çarıqlarından, məstlərindən qopan qar hər yeri islatmış, palçıq etmişdi.
Başqa vaxt olsa, otağının ucundakı ocaq mütləq yandırılardı. Üstündə, şübhəsiz, yemək olar, yemək yoxsa, mütləq bir su qazanı ocağın üzərində pıqqıldayardı. Gün içindəki yuxu fasilələrində qara ocaq ona saatlarla laylay çalardı. Gecə yatdıqları zaman xaric yanan ocaqları sönmüşdü. Təəssüf ki, kimsə bunun fərqində deyildi. Bu ocaq işi anasının vəzifəsi idi. Gənc anası Rəbi12 bir az əvvəl ağlamaqdan huşunu itirmişdi.
Künclərdə və otaqlarda ayrı-ayrı toplaşanlar gəlib ona baxır, daha yüksək səslə ağlayaraq uzaqlaşırdılar. Qaş qaralanda soyuq dözülməyəcək hal almışdı. Kiçik əlləri soyuqdan göyərmişdi. Oyanandan bir şey yeməmişdi. Ac və donmuş halda nə edəcəyini düşünərkən axıra qədər açıq qapıdan çölə çıxdı. Qar üzərində ayaqyalın qaçaraq yaxınlıqdakı axırın qapısına söykəndi. Elə böyük qapı deyildi; ağac budaqlarından düzəlmiş, üzəri keçə ilə örtülmüşdü, qapı cırıldayaraq aralandı. Qapının açılmasıyla içəridəki sərt, isti hava özünü bürüdü. Axırdakı bir neçə keçi, qoyun, toyuq və yaşlı döyüş atı içərini isindirmişdi. Kiçik axırın pəncərəsi olmadığı üçün üzərlərinə bağlanan qapıyla birlikdə içərisi zindan kimi qaranlıqdı. Əlhavasına heyvanların arasından keçdi, samanın üzərində yatan bir keçiyə sarılıb yuxuya getdi.
Qara bəxtlərinə yanmaqdan Şərifi unudanlar birdən onun yoxluğunu fərq etdilər. Gecənin irəliləyən saatlarında ortalarda görə bilmədikləri kiçik Şərifi axtarışa çıxıdılar. Qoca Seravil Lələ yavaşca taxta qapını itələdi. Əlindəki yağ lampası üzünün yarısını işıqlandırırdı, üzünün digər yarısı görünmürdü. Yad adam olsa, gördüyünə salavat gətirərdi. Yaşlılığın verdiyi yorğunluqla çox xəstə görkəmdəydi, beli bükülmüşdü. Kürəyindəki donqarı başından yüksəkdə dayanırdı. Qəddini dikəldəcək halı yoxdu. Gözləri də o qədər yaxşı görmürdü. Tez-tez xırıltılı nəfəs alıb-verdiyi eşidilirdi. Şamın işığına bütün heyvanlar oyanıb hərəkət etməyə, səs çıxarmağa başladı. Səssizliyin pozulub ətrafın işıqlanmasıyla Şərifin qucaqladığı keçi yerindən qalxanda uşaq da oyandı. Qapıdan baxan yaşlı adam görməsə də, kiçik Xıdır gələnin kim olduğunu seçə bilmişdi.
– Lələ, sənsən?
– Xızır-r-r, ordasan, bala?
– Seravil Lələ, sənsən?
– Mənəm, quzum, gəl bura. Niyə bura girmisən? Saatlardır səni axtarırıq. Nəsə olub, yaralanmısan? Niyə orada yatırsan? Yanında kimsə var? Yanıma gələ biləcəksən?
– Acam, donuram.
– Vay, vay, vay! Ay Allah, sən bizə kömək ol!
Çöldəki izdiham daha da artmış, addım basacaq yer qalmamışdı. İndi səhərdən toplanan kəndlilərdən daha çox atlı və piyada əsgər gəlmişdi. Qruplaşmalar azalmış, kiçik kəndə dərin səssizlik çökmüşdü. Evin önünə gətirilən taxtın üzərində övrət yerləri örtülmüş nəhəng bir adam lüm-lüt yatırdı. Keçələrlə ətrafı çevrilmiş, yanında hazırlanan böyük qazanlarla su isidilirdi.
Seravilin qucağındakı Xıdırı görənlər rahatlayıb Allaha şükür edirdilər. Qaçırıldığını, oğurlandığını düşündükləri Sərdarın balasını qarşılarında görüb rahatlaşmışdılar. Qarışıqlıq keçəndən sonra aralarında ciddi müzakirə başladı. Bəziləri “son dəfə göstərək”, bəziləri də “uşağı üzməyin, atasını ən son gördüyü şəkildə xatırlasın, etməyin, göstərməyin”, – deyirdi. Qaranlıqda kütlənin içindən çıxıb gələn Rəbi kimsədən soruşmadan, kimsəyə izah etmədən Seravilin qucağındakı Xıdırı götürüb evin qarşısındakı atasının yanına apardı.
Böyük qazi ölməmiş, bir az əvvəl yuxuya getmiş kimi gülümsər vəziyyətdə uzanmışdı. Qaranlıqda seçə, məşəllərin işığında görə bilsin deyə Rəbi Xıdırın üzünü atasının yüzünə yaxınlaşdırdı. Kiçik uşaq atasının üzünə yağan qarı kiçik əlləriylə təmizləyir, üzünü öpür, gözlərini açmağa çalışır, saqqalını çəkişdirirdi. Bunu oyun zənn etmişdi. Atasına sarılmaq üçün əyiləndə anası təkrar huşunu itirib yerə yıxıldı.
Yerə diyirlənən Rəbinin saçları açıldı, başındakı yaylığı palçığa bulandı. Ətrafda o qədər çox yad adam vardı ki, bir tanış, qohum olmadığı üçün bu yad adamlar uzanıb qadını yerdən qaldırmağa cəsarət edə bilmədi. Əli-üzü palçığa bulanmış Xıdır ayağa qalxdı. Kürəyi üstə yıxılan anasının palçıqlı örtüyünü götürüb üzünün, saçlarının üzərinə atdı. Kiçik uşaq ağlamırdı, amma çox qorxmuşdu. Ətrafında gəzən silahlı adamları tanımadığı üçün kimsəni yanlarına yaxınlaşmağına imkan vermirdi. Hərdənbir hıçqırır, ağlamsınır, sonra təkrar ətrafına hücum edirdi. Anasına kürəyini vermiş, ona yaxınlaşmaq istəyənlərə təpik və yumruq atırdı. Zorla qucağına götürməyi bacaranların üzünü cırmaqlayır, var gücüylə havalanmış kimi qışqırırdı. Yerdən tapdığı böyük çubuqla yaxınlaşanları vurur, mənasız səslər çıxarır, qışqırırdı. Ətrafı açılınca arxasına dönüb anasının üzünü silir, onu öpür, saçlarını tumarlayırdı. Bu əzizləmə çox qısa sürür, dərhal arxasını dönüb əlindəki çubuqla onu və anasını yerdən qaldırmaq istəyənlərə təkrar hücum edirdi.
İlk andan bəri yaşananları kənardan seyr edən Sivaslı qazilərdən ulu Sərdar Əbdüləziz işin hara çatacağını, uşağın nələr edə biləcəyini görmək üçün həm özü müdaxilə etmir, həm də ailə yaxınlarının müdaxilə etməsinə icazə vermirdi. Kimsə bu qara gündə bu işin nə olduğunu anlaya bilmədi. Şərifin yaxınları başına toplanmış, Rəbini və özünü yerdən qaldırmaq üçün əsgərlərdən icazə istəyir, qışqırıb çağırırdı. Əbdüləziz “kimsə yaxına getməsin, mən icazə verənə qədər kimsə yaxınlaşmasın” deyə nərə çəkdi.
Şərifin qonşularından fərqli paltarlar geyən bu adamların hamısı atası kimi geyinmişdi. Hər kəsin qorxduğu, çəkindiyi bu qışqıran adam da atası kimiydi. Onun da belində böyük qılınc, kürəyində kaman, sadaq, sinəsində zireh, üzündə dərin yara izləri vardı. Ondan qorxsa da, ürəyində ona qarşı izaholunmaz güvən meydana gəlmişdi. Çevrənin ortasında yerdə yatan qadının ətrafında, əlində çubuğuyla vurnuxan uşağın yanına çömən gənc qazi, onu sakitləşdirməyə çalışıb danışmağa başladı.
– Dayan görüm, yalmansız sarı aslanım, nə oldu sizə, maşallah, bu nə hikkədir! Kim nə etdi sənə, əmilərə niyə vurursan?
– …
– Yanıma gəl görüm. Sənə qoz verim, acsan?
– Ac? Ac olsam, nə olacaq ki?
– Yaxşı, elə isə çubuğu ver, sənə qoz və çörək verim, istəmirsən?
– İstəyirəm, amma çubuğu vermərəm! Anama nəsə edəcəksiniz!
– Amma anan üşüyüb, bax, əli-üzü palçıq olub, onu oyandırmalıyıq! Yerdə palçığın içində yatısın? Üşüyüb.
– Yatsın, atam da yatır. Özü də paltarlarını çıxarıb yatır. Atam oyananda anamı oyandırar. Gedin buradan, indi atam oyanıb ağzınızın payınızı verəcək!
– Atan bir daha oyanmayacaq! O ölüb. Bir daha oyana bilməyəcək. İndi bizimlə gedəcək, bir də gələ bilməyəcək.
– Getsin, sonra yenə gələr. O, heç burada qalmır ki, həmişə kafir qovmağa gedir! O bizi heç vaxt atıb getməz! Oyananda sizə nələr edəcək, görəcəksiniz!
Döyüşlərdə aldığı yaralardan üzü qorxunc hal alan Əbdüləziz birdən ayağa qalxıb kütlənin arasından çıxarkən gözyaşlarını göstərmədən təlimat verdi:
– Qazinin yaxınlarıyla biri maraqlansın, əsla onu incitməyin. Bundan sonra bu sarı aslan bizim övladımızdır! Səlcuqlu xəzinəsində ulu pusatdır13.
Rumelinin hər qarışında at çapan və bu torpaqlarda səlibçilərlə vuruşmadığı yer olmayan Şərif Xıdırın atası şanlı Sərdar Seyid Həsən sui-qəsdlə Amasiyada öldürüldükdən sonra gənc qadını dözə bilmədi. Ərinin qırxı çıxmamış Şərifi tək qoyub ərininin ardınca Rəbbinin hüzuruna getdi. İki dünyada Şərifin sahibi də, səcdəsi də Mövlası idi. Son nəfəsini təslim edənə qədər, Əbdüləzizin dediyi kimi, Səlcuqlunun xas malı, fədaisi idi.
Əbdüləziz Xıdırın kiçik yaşında çox fərqli üstünlükləri, nəsibi olduğunu anlayan ilk adam idi. Bu yetimə ilk dəstəyi verəcək kəs o idi. Kilimlərin naxışından, naxışların ilməyindən, sağılan hər qoyunun, keçinin südündən, doğan günəşdən, gecə çıraq olan aydan, düzənliklərdə yaşıllaşan hər tumurcuqdan bir nəsib dərərdi. Rəsul nəvəsinin könülündəki qırıqları təmizləyərkən yenidən aydın könül qurdu.
Monqol hücumları və taxt döyüşləriylə darmadağın olan Səlcuqlu hansı atəşi söndürəcəyini belə bilməz vəziyyətə gəlmişdi. Dövlət yox idi, bircə qayda vardı, bircə qanun etibarlı idi: Necə olursa olsun həyatda qalmaq. Aclıq, soyuq, vəba epidemiyaları, daha nə qədər xəstəliklər, dövlətin yoxluğunda ortaya çıxan quldurlar, haramılar… Hamısı Rumelinə yurd salmağa gələn türklərin boyununa minmişdi. Bütün bu bəlaların üstündə monqol bəlasıyla da məşğul olmaları, mübarizə aparmaları lazım idi. Monqolların kuklası olan sultanlar, monqollara xidmət etmək üçün xalqı ölümünə vergilərlə qovururdu. Sultanın çarəsizliyi, acizliyindən monqolların hədsizliklərinə cavab verilmirdi. Müsəlman türklər bu qədər düşmən arasında çabalayırdı. Sultanların taxt mübarizəsi ətraf ellərdəki kafirləri də qızışdırmışdı.
Bu atəş çəmbərindəki gənc Şərif Xıdır, müəllimi Əbdüləzizin əmrində döyüşlərə qatılmağa başlamışdı. Döyüşlərdən başqa məna aləmində özü üçün hazırlanan nəsibləri ala bilmək adına könülünü genişlətməyə, duru hala salmağa cəhd göstərirdi.
Şərif Xıdır iki aydır Xristian torpaqlarından qənimət yığmaq üçün hazırlanan diviziyalarla, Rum elində gecə-gündüz at çapıb, döyüşlərə qatılmışdı. Kəndinə dönəndə gecə yarısı olmuşdu. Evə girmədən əvvəl qənimətlər ağılına gəldi. Gözləri yumulur, bədəni sıxılırdı. Ağrıdan nəfəs almaqda çətinlik çəkirdi. Amma bütün bu ağrıların haradan gəldiyini anlamır, harasının yaralı olduğunu xatırlamırdı. Heç cür özünə gələ bilmirdi. Bu halına baxmayaraq, günlər sonra kəndinə dönə bilmişdi.
Ona bağışlanan qənimətlərdən kənddəki şəhid xanımlarına, yetimlərinə mütləq haqq ayırardı. Gecə yarısını keçdiyi üçün evlərin qapılarını döymədi. “Naməhrəmləri oyandırmayaq”, – dedi. Atların üzərindəki yüklərdən şəhid evinin qapısına bolca mal, yemək, axça asır, bir neçə addım atıb uzaqlaşınca qapı açılıb hədiyyələr səssizcə içəri aparılırdı.
Ona düşən iki qənimət atdan birini illər əvvəl şəhid olan atasının dostu Başvermiş bəyin həyətinə qoyub, ikinci atı verəcəyi evə doğru yönəlmişdi. Çox yorğun, bitab düşmüşdü, günlərdir yolda idi. Gedənlərin ağrısı çox təzə və dözülməz idi. Yüyəni öz yəhərinə bağlı madyan narahat şəkildə arxasınca izləyirdi. Mübarək heyvan sanki indi yaşanacaqları hiss etmiş kimi kişnəyir, şahə qalxmağa çalışır, yeri göyü dağıdırdı.
Aylar əvvəl buradan birlikdə ayrıldıqları uşaqlıq yoldaşı Ərsagun bir küffar qalası qarşısında, qollarında şəhidliyə çatmış, onu çox uzaq diyarlarda, öz əlləriylə torpağa vermişdi. Gecənin zülmət qaranlığında Ərsagunun evinə irəliləyərkən birdən özünə gəldi:
– Ay Allah, mən nə edirəm, əstəğfürullah, – dedi.
Birdən atının yüyənin çəkdi. Özünə gəlmiş, etdiyi səhvin fərqinə varmış amma iş-işdən keçmiş idi. Qaranlıqda hara gəldiklərinə baxınca Ərsagunun evinin bağçasına beş-on arşın qaldığını fərq etdi. Olduğu yerdə donub qalmış, bütün bədənini od basmışdı.
Hər dəfə döyüşdən dönərkən əvvəl yol üzərindəki ilk ev olan Ərsagunun evinə baş çəkər, qapıda vidalaşıb kəndin yuxarılarındakı öz evinə doğru gedərdi. Ərsagunun yoxluğuna necə alışacaqdı? O yanındaymış kimi evinin önünə qədər gəlmişdi. Yəhərinə bağlı halda ardınca gələn döyüş atını nə qədər qənimət malını və qızılı Ərsagunun xanımı üçün ayırmışdı.
Gecənin bu vaxtında uşaq-muşaq yatarkən burada nə axtarırdı? “Alın, bunlar atanızın qalan əşyalarıdır, bunlar da sizə hədiyyələrim. Atanız şəhid olub, başınız sağ olsun!” – deyəcəkdi? Donmuş, olduğu yerdə nəfəs almadan qalmışdı. Narahat atların çıxardığı səslər çoxdan ev əhalisini oyandırmış, qaranlıq ev, yandırılan şamlarla işıqlanmışdı. “Qaça biləcək yer olsa, buxarlanıb uçsam, ay Allah!” – dedi. Oyanan uşaqların sevinc qışqırıqları bütün məhəlləni oyandırmağa yetmişdi. Aylardır görmədikləri atalarının döndüyünü zənn edən uşaqlar sanki dəli olmuşdu. Bütün evlərdə şamlar yandırılmağa və qapılar aralanmağa başlamışdı.
– Ay Allah, kaş mən də şəhid olsaydım, ya da bir uçurumdan aşağı düşsəydim, bir çayda boğulub getsəydim, bura bu şəkildə dönməsəydim, – deyə dua edirdi, – Bunu necə fikirləşmədim? Səhər kəndin ağsaqqallarını götürüb bu vəzifəni yerinə yetirərdik. İndi mən nə edəcəyəm? Rəbbim, sən mənə kömək et, canımı buradaca al, xilas olum.
Atının yüyənini necə çəkmişdisə, o şəkildə də donub qalmışdı. Sıxılan heyvan da olduğu yerdə dönür, kişnəyir, üzərindəkini atmaq, yüyəndən xilas olmaq üçün çırpınırdı. Bu qədər səs-küydən sonra ətraf evlərdən səsi eşidənlər qaçaraq evlərindən çıxmış, ətrafını bürümüşdü.
Evdən ilk çıxan Ayqız idi. Çarıqlarını da geymədən qaçaraq çıxdığı qapıdan bir neçə addım atıb dayandı, ətrafa baxmağa başladı. Heç danışmadan Şərifin arxasına qaçdı, küçənin alt tərəfinə doğru atılıb oraları yoxladı. Uşaqlar onun bu hallarından qorxub bağrışmağa başladılar. Hər kəs gerçəyi anlayır, amma anladığını hələ özünə etiraf edə bilmirdi. Birdən başındakı örtünü yerə atıb saçlarını yolmağa başlayan hamilə gəlin səs çıxarmadan yerə diz çöküb çığırmağa başladı. Həm çığırır, həm də saçlarını yolurdu. Dırnaqlarıyla cırdığı üzündən qan axmağa başlamışdı. Uşaqların böyük olanı Şərifin üzəngisini tutdu:
– Əmi, atam hanı? Bəs birlikdə dönəcəkdiniz? Sən niyə gəldin, atam niyə gəlmədi?
– …
– Əmi, qurban olum, atam hanı? Səninlə getməmişdi? Atam haradadır, Allah eşqinə?
Yerdə saçlarını yolan Ayqız əllərini tutmağa çalışan qoca arvadların əlindən sıyrılıb bir anda Şərifin üzərinə atıldı. Atının üzərində səndələyən Şərifi yerə çəkməyə, ona sarılmağa çalışırdı. Gözü qaralan, nəfəsi kəsilən gənc qazi atının yanında çırpınan Ərsagunun xanımına, uşaqlarına baxanda bir an zaman və məkan anlayışını itirib boş-boş ətrafını seyr etməyə başladı. Son olaraq bədənindəki sarınmış yaralardan, sinəsindən axan qanın paltarını islatdığını gördü. Yaralarını əliylə yoxlayanda bütün bədəninin qan içində olduğunu fərq etdi. Günlərdir heç dayanmadan at sürmüş, özündən xəbəri olmamışdı.
Danışacaq halı qalmamışdı. Kəndlilərin köməyiylə atından endirilərkən Ərsagunun xanımı və uşaqları Şərifin xalatına və şalvarına sarılmış, hıçqıraraq ağlayırdılar. Bacısı qədər yaxın olduğu Ayqıza sarılmaq üçün cəhd edəndə yıxıldı. Çox qısa zaman içində bütün kənd ayağa qalxmış, döyüşə gedən ərlərdən yalnız Şərifin döndüyünü görmüş, gedib gələ bilməyənlərin ağrısı qazi Çepni kəndinə çökmüşdü. Kəndin ağsaqqalları bu iztirabları o qədər çox yaşamışdılar ki, bu ağrıların təcrübəsi bir neçə saatda kəndi sükunətə boğmuşdu. Şərif uzanalı bir neçə saat olmuş, ya da olmamışdı ki, azan səsi evi doldurdu. Hamısı şam ağaclarından tikilmiş məscid kəndin Qara dənizə baxan zirvəsində idi. Uzaqdan baxanda adi küləklə uçub dağılacaq kimi görünən məscidin ağacdan minarəsinə çıxan Çepni imamı yanıq səsiylə səhər azanını oxuyurdu.
Günlərdir dağda-dərədə gəzdiyi üçün bu tanış ülvi səslə oyandırılmaq bütün yorğunluğunu, ağrısını götürdü. Evin çöl divarında asılan keçi dərisindən hazırlanmış su tulumunu kimsə doldurmuşdu. Yəqin, o döyüşdə olanda buradan keçən başqa qazi birliyindən döyüşçülər gəlib burada dincəlmiş, bir neçə gün qalmışdı. Bəli, diqqətli baxınca burada kiminsə qaldığı sezilirdi. Hətta gedərkən qapının arxasındakı mismara bir neçə kilim və qurudulmuş ət asıb getmişdilər.
Ayağa qalxdı, qurudulmuş ətdən böyük bir parça qoparıb çeynəməyə çalışdı. Çox gözəldi, hisə verilib qurudulmuşdu. Həddindən artıq duzlu və yağlı olduğu üçün iştahını açdı. Dəstəmaz almaq üçün qalxmışdı, amma sonuna qədər əlindəkini yedi. Bir parça qoparıb onu da bitirdi.
Dəriyə doldurulan suyun təzəliyini yoxlamaq üçün bir udum aldı. Yeni doldurulmuşdu. Doldurulalı bir neçə gün ancaq olardı. Yatmazdan əvvəl yaralarını yenidən təmizləmiş, sarımış, məlhəm vurmuşdu. Dəstəmazını alıb məscidə gedərkən ətrafı bürümüş şehlər otların üzərindən Şərifə atlamaq üçün sanki yarışırdılar. Məscidə çatana qədər az qala belinə kimi islandı.
Namaz bitənədək heç kəslə danışmadı. İmamdan sonra məscidə ilk o gəlmişdi. Arxasınca gəlib ətrafa çökən kəndlilər başıyla salam verir, o da “xoş gördük” mənasında əlini sinəsinə qoyurdu. Təsbihatdan sonra imam da daxil olmaqla bütün camaat sırayla gəlib hal-xətir etdilər, başsağlığı dilədilər, qucaqlaşdılar. Ayaqüstü edilən xoşbeş sonrası kəndlilər ocağın isidə bilmədiyi soyuq məsciddən evlərinə tələsdilər.
Məscidin içindəki ağacdan düzəldilməyən yeganə yer kiçik, daş ocaq idi. Odu sönmüş, hər kəs kimi ocaq da yuxuya getmişdi. Ocağın önünə sıçrayan közləri əlinə aldığı kiçik budaqla ocağın içinə doğru itələdi, özünə yer təmizlədi. Evi bomboş və soyuq idi. Onu gözləyən kimsə də yox idi, ayaqları evə geri aparmadı. “Yolda Ayqız ilə, uşaqlarla, ya da başqa şəhid xanımı ilə qarşılaşmayım” keçirdi içindən. Bəlkə, istilənər deyə, isti kül önündə, oradaca uzandı.
Bu bahar aylarında, günlərdir at belində yağışlar altında düşmən qovub, sıxışdırıb baş götürmək, baş vermək asan iş deyildi. Çox yorğun idi, yerə uzanar-uzanmaz gözləri yumuldu dərin yuxuya getdi.
Bir nəfəs aralığı qədər olmamışdı ki, heç kəsin qalmadığı kiçik, ağac məscid bir anda çöllər qədər dolub daşmışdı. Heç tanımadığı yüzlərlə, minlərlə ulu, minlərlə pir nə vaxt gəlib bu qədər nizamlı şəkildə düzülmüşdü? Yaralarına görə yenə mühakiməsini itirdiyini, xəyal gördüyünü düşündü. “Bu məscid nə qədər də böyükmüş, bura məhşər yeridirmi, ay Allah?!” – düşündü. Bu qədər çox qul olsun, bir nəfəs də eşidilməsin. Hər kəs ədəblə gözləyirdi. Mehraba kürəyini vermiş aypara formasında camaata tərəf oturan ağsaqqalların içində ən hörmətlisi Şərif Xıdıra baxmağa başladı. Mavi gözlərindən Xıdırın üzərinə çaylar daşırdı, boğulmamaq üçün mədət istəyirdi. Xacə Qul Əhmədin gözlərinə baxmaq mümkün deyildi. Döyüş meydanlarında aslan olan bu igidə pir hümmət etdikcə əriyib yox olurdu. O insan dəryası içində, bir quş uçuşu üçün yer tapsa yox olub, qaçıb gedəcəkdi.
Məna məclisində pirin sağında-solunda bardaş qurub oturan Sadr Baba, Sufi Danişmend Baba, Süleyman hakim Baba, Mənsur Baba, Əbdülməlik Baba, Tac Baba, Zengi Baba14 səs çıxarmadan burada təcəlli etmələrinin hikmətlərinin zühur etməsini gözləyirdilər.
Piri Türkistan tam qarşısında, dizləri dizlərinə dəyəcəyi nöqtədə bir nəfərlik yer saxlatdırmışdı. Heç danışmadan Şəriflə göz-gözə gəlincə “qalx burada otur” işarəsini verdi. Nə vaxt qalxdı, nə vaxt gedib Sultanın qarşısında dizlərini ona söykədi, anlaya bilmədi. Şərifin sağ əlini iki əlinin arasına alıb asta-asta danışmağa başladı ulu çinar:
– “Ey oğul, “Bismillah” deyib bəyan edərək hikmət söyləməyə gəldim sənə, tələb etsən, inci, cövhər saçarıq sənə. Bu incilər üçün çox möhkəm riyazətlər etdik. Riyazəti möhkəm çəkib qanlar udduq. “İkinci dəftər” sözlərini açdıq. Söz söyləməyə gəldik. Sözü söylədik. Hər kim olsa, camala talib, canı cana bağlayıb, damarı əlavə edib, qəribə, yetim, kasıbların könlünü oxşayıb könlü qırıq olmayan kəslərdən qaçdıq gəldik. Sən də bu Rum elində bu gündən sonra bunu edəcəksən. Harada görsən, könlüqırıq məlhəm olacaqsan, məzlum yolda qalsa, yoldaşı olacaqsan, məhşər günü dərgahına yaxın olacaqsan, mənəm-mənəmlik güdən kəslərdən qaçacaqsan.
Qərib, kasıb, yetimləri Rəsul soruşdu o gecə, Meraca çıxıb Haqq camalını gördü o gecə. Geri qayıdıb yerə endiyində kasıbların halını soruşdu o gecə. Sən də qəribləri axtarıb tapacaqsan bu Rum ellərində. Ümmət olsan, qəriblərə uyacaqsan; ayə və hədisi hər kim desə, duyar olacaqsan; ruzi, nəsib hər nə versə, tox gözlü olacaqsan; tox gözlü olub şövq şərabını içəcəksən.
Mədinəyə Rəsul çatıb oldu qərib, qəriblikdə çətinlik çəkib oldu həbib, cəfa çəkib Yaradana oldu yaxın, qərib olub mənzillərdən keçəcəksən sən də. Ağıllısansa, qəriblərin könlünü al, Mustafa kimi eli gəzib yetim axtar, dünyaya tapınan soysuzlardan üzünü çevir, üz çevirərək dərya olub daşacaqsan.”15
Ulu pir əyilib kürəyinə əl çəkdi. Nəfəs verdi:
– Bundan belə bizim aramızda sənin adın Məhəmməd Buxari16 olsun, səni çağıracağımız zaman bu şəkildə səslənək, ey oğul.
Qalx görüm ayağa, indi belinə bağlayacağım bu qurşağın içində qırx ayrı toxumu dörd ayrı boxçaya bükdük. Hər boxçada sənə lazım olan on ayrı toxum tapacaqsan. Getdiyin yerlərdə bunları yaşıllaşdırıb böyüdəcəksən, həyat verəcəksən. Biz də həmişə yanında olacağıq, yoldaşlar göndərəcəyik.
Bu belindəki qılıncı da olduğun yerə qoy. Bundan sonra başqa silahlara ehtiyacın olmayacaq. Sənin də, mənim də babamız Həzrəti Məhəmməd Əfəndimizdən qalan bu qılıncı bağlayacağam belinə. Gördüyün kimi, bu qılınc illərdir qurumayan xurma budağıdır, adı da Urcundur17, bunun hikmətlərini döyüş meydanlarında görəcəksən. Küffar elində müsəlmanlara yurd yeri açarkən önünə Stevi Nikola adında qara cadugər, əjdaha çıxacaq onları da bu qılıncınla yox edəcəksən.
Sənə gətirdiyimiz hədiyyələr bu qədər deyil, bir azdan, biz gedəndən sonra dəniz kənarına en. Orada yaşayacaqların sənin üçün çətin olacaq. Allah indidən səbir versin. Səni orada qədim bir dostumuz gözləyir. Səfərə çıxmazdan o da sənə bəzi hədiyyələr verəcək. Bəlkə də, ilk toxum orada cücərər, bilmək olmaz”.
Yaşadığı, eşitdiyi, gördüyü hallar Şərifi qan-tərə batırmışdı. “Bu gördüklərim və yaşadıqlarım xəyaldır.” İçində “Mən kiməm ki, bu halları yaşaya bilim, mənə nə olur əstəğfürillah,” – dedi. Əhməd Yəsəvi, dönüb gedərkən Xıdır təkrar ocağın önünə qoyulduğunu fərq etdi. Arxasındakı öləzimiş ocaq az qala paltarlarını yandıracaqdı. Külləri belə soyuyan ocaq alovlanırdı. “Nə vaxt, kim bu qədər odunu gətirib ocağı yandırdı” düşünərkən özünü təkrar ocağın qarşısında uzanmış şəkildə gördü. Ədəblə dərhal yığışıb pir tərəfə, mehraba doğru atılıb ayağa qalxdı. Qalxdı, amma heç kəs qalmamışdı. Yüzlərlə adam, xacə, xəlifələri Allahın bir əziz qulu yox idi.
Ağlını itirməmək üçün salavat gətirməyə başladı. Gördükləri, yaşadıqları, ona izah edilənlər, bu gözəl nemətlər yuxu idimi, deyə qəhr olarkən ocaqda hərarətlə yanan atəşə baxdı. Ocaq yanırdı. Yatmadan əvvəl sönən ocaq, Pir Həzrətlərinin az əvvəlki halda alovlandırdığı alov düz yanında idi. Yuxu deyildi bunlar, birdən əlini belinə atdı. Toxumların sarılı olduğu qurşaq üzərində idi. Xurma budağından Urcun da belində asılı idi. Həyəcanla, yüksək imanla qibləyə dönüb səcdəyə düşdü.
Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?