Текст книги "Sur üfürülənə qədər Sarı Saltuk Baba"
Автор книги: Çinar Ata
Жанр: Современная зарубежная литература, Современная проза
сообщить о неприемлемом содержимом
Текущая страница: 2 (всего у книги 16 страниц) [доступный отрывок для чтения: 5 страниц]
Saatlar keçmiş, günəş xeyli yüksəlmişdi, amma Şərif qapandığı səcdədə ağlayaraq dua edirdi. İllərdir içinə yığılan bütün ağrısını orada tökdü, Rəbbinə sonsuz şükürlərini bildirdi. Qapandığı səcdədə dua edərkən birdən ağılına Xacənin əmri gəldi: Dəniz kənarındakı qoca. Ayağa qalxıb üz-gözünü sildi. Üst-başını düzəldərkən saatlar əvvəl qeybdən alovlandırılan atəşin şiddətlə yanmağa davam etdiyini fərq etdi. Kimsə gəlməmiş, odun da atan olmamışdı. Türkistandan, Yəsidən, bəxş edilən bu ocağın atəşi nəsib və hümmət olduğu üçün “uluların nəzərləri üzərimizdə olduğu müddətcə sönməz, inşallah” deyə dua etdi. Məscid qapısından çıxarkən heybətli cavanın belində asılı xurma budağının nə olduğu ilə maraqlanan kəndlilər maraqlarını gizləməyə çalışırdılar.
“Şerif dahi ağzın açdı.
Ağzına Hazreti Hızır ağzı yarın virdi,
Eytdi:
Korkma şimden girü, yüri, didi.
Şerif bir ol kadar dahi kuvvet dutup
Velayet ve keramete kadem basdı.”18
Əhli Beytin əmanəti
Günəş zenitə yaxınlaşsa da, növbaharda yaylalar çox sərt küləkləri qonaq etməkdəydi. Dənizdən yuxarı, dağın yamacına doğru əsən qüvvətli fırtına az qala ayaqlarını yerdən kəsəcək nöqtəyə gəlincə böyük bir çinarın altında dincini aldı. Əraziyə görə atı da əldən düşmüşdü. Haynupun19 bu dağ döşləri o qədər dikdi ki, heç keçi də rahatca gəzə bilməzdi. Monqolların qorxusundan qalalarda gizlənən yerli əhali, rumlar və ermənilər həmişə müdafiə halında yaşayırdı. Bu torpaqlar üzərində qanun və nizam qalmamışdı. Hər kəs kölgəsindən qorxurdu. Tekfurlar20 də özlərinə açıq müdaxilə sahəsi tapsa, əhalinin dinini, millətini ayırd etmədən soyub yağmalayırdı. Türklərin bu yalçın dağın başını özlərinə yurd etmələrinin səbəbi də bu idi.
Dəniz kənarındakı torpaqlar, nə qədər gözəl olsa da, həm çox tənha, həm də bütün hücumlara açıq idi. Aylar əvvəl, döyüşə getməzdən qabaq sahilə uğramışdı. Burada sahildə yurd salan türkmən və Çepni əhalisinin təzə vətənlərini nə qədər böyük həyəcanla, imanla qucaqladığını görmüşdü. Onlara dağlar göstərilsə də, bu qorxusuz köçərilər inci kimi sahilləri buraxıb yaylaqlara çıxmamışdı. Dənizlə Zindan dağlarının arasındakı bu düzənlikdə üç yüz-beş yüz çadırlıq köçərilərin halıyla maraqlanmağa başlamışdı. “Başlarına bir şey gəldimi, görəsən?” – deyə, içi-içini yeyirdi.
Düzənliyə enməsinə az qalmışdı ki, önünə ağac evlərdən qurulmuş kiçik meşə kəndi çıxdı. Uşaqlığından bəri bu kəndi tanıyırdı, yaxınından keçərkən kilsənin zəng səslərini eşidərdi. Yuxarıdan aşağıya enərkən ilk fərq edilən öz kəndlərindəki kimi burada da qayın, palıd ağacından evlər və məscidlərinin yerinə böyük kilsənin varlığı idi. Bu dik yamac üzərində qurulmuş kəndin kiçik-kiçik səkilər üzərindəki bağçaları o qədər gözəl təmizlənmişdi ki, elə bil meyvə ağaclarının altındakı otlar bir-bir yolunmuşdu.
Hələ kəndə girmədən nələrinsə yolunda getmədiyini hiss etdi. Bu qədər insanın yaşadığı yerdə bu cür səssizlik çox da xeyrə əlamət deyildi. Nə səs, nə hərəkət vardı. Evlərin arasında irəliləməyə başlayanda əvvəlcə burnuna kəsif qoxu gəldi. Bir az da irəliləyəndə həm meyit, həm də yanıq qoxusu hər yeri bürüdü. Küçələrdə uzanan cəsədləri görəndə qorxuyla atını saxladı. Günlərdir elə ağrılar yaşamış, ruhu o qədər sarsılmışdı ki, bunun xəyal olub-olmadığını anlaya bilmədi.
Buranın xristian kəndi olması narahatlığını daha da coşdurdu. Nə olmuşdusa, olmuşdu, amma bu qədər murdar işin üstündə qalacağı qorxusunu lap artırdı. Atının başını çevirib kənddən tələsik çıxmağa qərar verdi. Qəfil üstü-başı cırılmış rum qızı özünü atın önünə atdı. Onu tapdamamaq üçün atını son anda necə çevirdisə, cığırdan çıxıb atqarışıq ağacların arasında diyirləndi.
Allahdan Şərif atdan yıxılanda ağaca dəymədi, yoxsa bu sürətlə mütləq harasısa qırılardı. Dəliyə dönən at da diyirlənib özündən bir neçə arşın kənarda atılıb ayağa qalxdı. Axınçı instinktiylə tez qaçıb atının biləklərini, boynunu və gözlərini yoxladı, – “çox şükür, bir şey olmayıb,” – dedi. Əlində və üzündə bir neçə kiçik sıyrıq vardı. Döyüşdə aldığı yaralarını yoxladı. Yerdəki cəsədlər, bir anda önünə çıxan gənc qız… Bütün bunların günahkarı Şərif ola bilərdi. Bir an heç arxasına baxmadan aşağıya doğru qaçmağı düşündü. “Nə olubsa, olub mənim günahım nədir? Onsuz da, xristian kəndidir, bundan mənə nə?!” – deyə bilməzdi. O, Səlcuqlu axınçısı idi. Atın cilovundan yapışıb yuxarı dırmandı. Gözəl rum qızı ona baxırdı. Əvvəl özü tullanıb yola çıxdı, sonra qızın da köməyilə atını cığıra çıxardı. Ömründə ilk dəfə gördüyü qız əlindən tutub onu harasa aparmağa çalışır, ağlayaraq nə isə izah edirdi.
Xıdır bir çox duyğunu eyni anda yaşamağa başladı. Əvvəlcə bunun tələ olduğunu düşündü, onu pusquya çəkmiş ola bilərdilər. İkincisi, bu qədər böyük müşkülatın içinə xilaskar kimi girə biləcək vəziyyətdə deyildi. Aydındı ki, kənd hücuma məruz qalmışdı, yanındakı qız da xilaskar axtarırdı. Daha əvvəl gözəl, ya da çirkin heç bir qızı belə saçları, üstü-başı açıq görməmişdi. İçində olduğu vəziyyətdən çıxmaq üçün doğru-dürüst düşünə bilmirdi. Yalnız əllərindən tutub məchula sürüyən gözəl qızın arxasınca yellənə-yellənə gedirdi. Bir qismi yanmış kilsənin önünə çatanda lap narahat oldu.
İçəridən inanılmaz fəryad səsləri gəlirdi. Bilmədiyi, anlamadığı dildə insanlar ağlayır, yalvarır, çırpınırdılar. Böyük ehtimalla bir monqol dəstəsi buradan keçərkən evləri, bağ-bağçaları yandırmış, tuta bildiyi gənc oğlan və qızları götürüb getmişdi. Yaralıları kilsəyə yığmışdılar, nə edəcəklərini bilmədən ağlaşırdılar. Uzun müddət ona nə isə izah etməyə çalışdılar. Xıdırdan nə isə istədilər, amma o heç birini anlamırdı. Gözləməklə nəyinsə həll edilməyəcəyini anlayıb yanındakı qızıl və çörəklərdən bir qismini onlara verib qaçaraq uzaqlaşdı. Adını belə bilmədiyi gözəl gözlü, gözəl saçlı rum qızı nə qədər yalvarsa da, orada dayanmasının mənası qalmamışdı. Heç bir zaman rumların dilini öyrənmək üçün çalışmamışdı. Dikdirdəki meşənin içində yıxılmadan irəliləməyə çalışarkən “Kaş, kaş bir neçə söz də olsa, dediklərini anlaya bilsəydim. Bəlkə, qızdan adını soruşar, öz adımı söyləyərdim. Onunla danışıb nə istədiklərini anlar, yardımçı olardım. Bu qara günlərində onlara kömək edərək kəndləriylə aramızda dostluq qurardıq”, – içindən keçirdi.
Bütün bu duyğulara dalmışkən atının yüyənini möhkəm tutub yıxılmamağa çalışır, sıx meşələrin içindən aşağıya doğru qaçaraq addımlarla enirdi. Uzun əlləş-vuruşdan sonra düzənliyə ayaq basdı. Uzaqdan görünən köçərilərin çadırları haradasa üç-beş qatına çıxmışdı, amma hərəkət yoxdu. Uğursuz səssizlik hər yeri bürümüşdü. Bütün düzənliyi sərt, murdar cəsəd qoxusu örtmüşdü. Bu qorxunc mənzərəni görəndə dəhşətlə atını dördnala çapır, uçurmuş kimi düzənlikdə irəliləyirdi. Yuxarıda bir neçə saat əvvəl yaşadıqlarını indi təkrar yaşamağa başlamışdı. Çadırların az qala hamısı sökülmüş, yanmış, tərs çevrilmişdi. Heç yanda insan görünmürdü. Obanın sərhədinə çatanda atdan yerə atladı. Qaçaraq çadırlar arasında gəzməyə başladı.
Vəhşi monqol dəstəsi burada bir neçə gün əvvəl olmuşdu. Bütün obaya səpələnmiş cəsədlər çürüməyə başlamışdı. Hücum əsnasında qaçıb dağlara sığınan at, qoyun, keçi günlər sonra hər şeydən xəbərsiz obalarına geri dönmüşdü. Çadırların ətrafında gəzir, obadan ayrılmırdılar. Şərif Xıdırın varlığından xəbərdar olan başqaları da vardı, amma onlar açıqda gəzmirdi. Yıxılmamış, yandırılmamış çadırların altından gizləndikləri yerlərdən Şərifi müşahidə edənlər vardı. Necə olmuşdusa, monqol quldurlarının tapa bilmədiyi uşaqlar günlərdir bu viranə içində gizlənib yaşamağa cəhd göstərirdilər.
İlk fərq etdiyi uşağın qorxuyla çadırın altına qaçması Şərifi çox narahat etdi. O anda qəhrindən ürəyinin partlayacağını düşündü. Onları daha çox incitməmək üçün yanlarına getmədi. Özü kimi yetim olan uşaqları sakitləşdirmək üçün heç olmasa, özün Türk olduğunu, yad olmadığını bilmələri lazım idi. Uşaqkən anası Rəbinin söylədiyi laylalardan qışqıra-qışqıra söyləyərək yıxılmış obanın çadırları arasında gəzməyə başladı. Bir uşaq yaddan çıxmasın, unudulmasın deyə, bütün çadırların ətrafında dəfələrlə təvaf edir, layla deyirdi. Gizləndikləri yerdən çıxan körpələr yerdə yumalanır, ağlaşaraq ona yetişməyə çalışırdılar. Analarının, nənələrinin söylədiyi bu ilahi sözlər və mahnılar onları tək-tək gizləndikləri yerlərdən çəkib çıxarmışdı. Ona yaxşıca alışsınlar, qorxuları sakitləşsin deyə uzun müddət körpələrlə düzənlikdə gəzişdilər.
Biri digərini görüb ondan cəsarət alır, hamısı bu karvana daxil olurdu. Obanın ortasındakı meydana çatanda onları gözləyən birinin də olduğunu gördü. Deyəsən, saçları çiyinlərindən aşağıya tökülən ağsaqqal da gizlənib canını qurtaranlardandı.
– Salam-əleyküm, baba, başımız sağ olsun, Allah səbir versin.
– Amin, Məhəmməd Bahadır. Cümlə müsəlmanlara səbri-cəlil lütfkarlıq etsin Həzrəti Allah…
– Bismillah, Sübhənallah.
– Qorxma övladım. Bəli, mən Yəsəvi Həzrətlərinin bəhs etdiyi dənizin kənarındakı qocayam.
– Lap yaxşı.
– Bu günahsızlar günlərdir acdırlar, donublar; hamısı xəstə və könülləri qırıqdır. İşimizi tez tamam edək ki, sən də bu balalara xidmət edəsən.
– Əmr edin, əfəndim, nə etməyim lazımdırsa, yalnız əmr edin!
– Yaxınlaş görüm, gəl önümdə diz çök! Ağızını aç!
– …
– Bu sənə hədiyyə etdiyimiz ağız yardımı ilə inşaallah irşadın tamam olacaq. Bu andan etibarən insanların, cinlərin və məlaikənin danışdığı bütün dilləri danışıb yaza biləcəksən. Allah icazə versə, çətinə düşdüyün vaxtlarda yanında olacağıq. Növbəti görüşümüzə qədər Rəhman köməkçin olsun. Piri Türküstanın sənə əmanət etdiyi ilk toxum bu xaraba olmuş obada canlanacaq. Haydı görək, işin asan olsun.
Arxasına toplaşan uşaqlara baxmaq üçün dönmüşdü ki, Xıdır bir anda yox oldu. Şərif Xıdır Əleyhissalamın bağışladığı ağız yardımından sonra təkrar piriyə səcdə edib ürəyinə yağan himmətləri təkrar etdi:
Eşqim daşdı, ruhum qaçdı haradan tapım
Arxasından eşq atını minib qaçım
Kimi görsəm Xıdır bilib əlin tutum
Xıdır və İlyas kömək edib tutsam mən.21
Yaralı uşaqların yaralarını bir-bir təmizləyib ətrafdan tapa bildiyi təmiz geyimlərlə üstlərini geyindirib yaralarını sarıdı. Tutduğu qoyunlardan iri bir qazanda hamıya çatacaq qədər şorba bişirdi. Ətrafda ağlaşan onlarla uşaq susmaq bilmir, amma yanından uzaqlaşmaq da istəmirdilər. Heç cür bişmək bilməyən yeməyin qoxusu yayıldıqca “qonaqlar” artırdı. Uzaqlarda künc-bucaqda gizlənən, Şərifin gəlişini eşitməyən, heç bir şeydən xəbərdar olmayan yetimlər yeməyin qoxusuna doğru qaçmağa başlamış, yüzə yaxın yetim-yesir ətrafını bürümüşdü. Qazanın başında ətləri qarışdırarkən dayanmadan bu düzənlikdə cücərəcək toxumu düşünürdü.
Obanın bəyinin olduğunu düşündüyü yıxılmış nəhəng çadırı neçə saat əlləşəndən sonra dikəltdi. Günlərdir yemək yeməyən uşaqların ilk dəfə qarınları doymuş, çadırın ortasında qurulan ocağın ətrafında bir-birlərinə sarılıb yatmışdılar. Səhər namazından bəri bir dəqiqədə də oturmayan Şərif Xıdır, çadırın qapısını bağlayıb qapının iç qismində yerə sərdiyi keçə üzərində yuxuya getdi. Ağlaşan o qədər uşağa baxmayaraq, yorğunluq üstün gəldi. Heç yaşamadığı hallar zühur etməyə başlamışdı. Yuxarıda kənd məscidində başına gələn yuxu ilə oyanıqlıq arasındakı o hal yenə canlandı. Uşaqların ətrafında yatdığı ocağın kənarında dayanan nəhəng Alp qucağına yığdığı odunlarla ocağı qalayırdı. Şərifin onu gördüyünü hiss edib salam verdi. Özünü nişan verdi. Gələn Seyidin böyük babalarından Seyid Battal Qazi Həzrətləri idi.
– Soyu təmiz, qanı qanımdan, xasiyyəti xasiyyətimdən mənim pak övladım. Əziz türk oğlu, igid dərvişim, haydı qalx, məni dinlə. Söyləyəcəklərimə qulaq as, haydı bismillah, bu gün çox yorulmusan.
– Çox sağ ol!
– Ciyərimin içi! Qalx, səfərə çıx. Qarşında heç kəs dayana bilməz. Yuxarıdakı dağ yolunda, cığırın sonunda mağara var. Atım Aşkarı orada tapacaqsan. Yaraq-əsləhən, paltarların da oradadı. “Tıği Dahhakı” belinə tax. Keyyusun süngüsünü və digər silahları da götür. Güştape qalxanı və Həzrəti Həmzənin bütün silahları oradadır. Haydı qalx, oyan.22
“Səhərdən bəri Pir Həzrətlərinin verdiyi ilk toxum nədir düşünürsən, mən söyləyim, bərəkət olsun sənə, övladım. Hədisi-şərifdə Əfəndimiz buyurur ki: “Sevdirin, nifrət etdirməyin; asanlaşdırın, çətinləşdirməyin”. Bax, bu küffar torpaqlarını vətən edə bilmək üçün ilk əkəcəyimiz toxum yumşaqxasiyyətlilikdir. Mərhəmət və şəfqətimizlə bu haramı yurdunu cənnət vətən edəcəyik, haydı qalx, bu övladları onları götürməyə gələnlərə təslim et. Bu balalarımızı şəfqətlə qorusunlar. Sonra da mağaraya gedib əmanətlərini götür, savaşa başlaya bilərsən. Bundan sonra sən də fərqinə varmadan bütün toxumlar bir-bir ətrafında cücərəcək” – deyib yox oldu.
Səhər açılırdı. Gün doğmağa başlamışdı. Oyanan uşaqlar yenə ara vermədən ağlayır, çarəsizcə gəzişirdilər. Kiçik olanlar ətrafı və özlərini batırmışdılar. Hər ağlayan, qışqıran körpə digər uşağı ağladırdı. “Yalnız mərhəmətlə bu dərdin, yaranın içindən çıxa bilərəm”, – dedi. Tələsik qalxıb namazını qıldı. Heç birinə kömək edə bilmədi. Qucağına aldığı uşağın yanındakı balaca ayaqlarına sarılır, qucağına çıxmağa çalışırdı. Gecə yatmazdan qabaq möhkəmcə bağladığı çadır qapısındakı kəndiri açdı, özünü çölə atdı.
Cəsəd qoxusu daha da artmışdı. Uşaqlar, yemək, çadır başını o qədər qatmışdı ki, cəsədləri unutmuşdu. Hər yer, obanın hər qarışı meyitlə dolu idi. Böyüklərinin, qohumlarının, tanışlarının cəsədlərini görən uşaqlar çarəsizcə ağlayırdılar.
Arxasına düşən uşaqlarla ətrafa nəzər salarkən “bu işin içindən çıxa bilməyəcəm”, – düşündü. Dünən fərq etmədiyi bir şey diqqətini çəkdi. Barbar monqol dəstəsi buradakı qırğından sonra demək olar ki, heç nəyə toxunmamışdı. Tuta bildikləri heyvanları yanlarında aparsalar da, qiymətli nəyəsə əl vurmamışdılar, yandıra bildiklərini yandırmış, qalanlarını atıb getmişdilər. Soyğunçuluqla irəliləyirdilər. Ağlaşma səsi ərşə qalxmağa başlayanda dünənki yemək qazanının yanına qaçdı. Sönən ocağı təkrar yandırdı. Qazanın içində qalan yeməklə bütün uşaqları doyurdu.
Bu qədər uşağı yuxarı kəndə apara bilməzdi, aparsa da, kim sahib çıxacaqdı ki? Ətrafdan yığdığı sürü: at, inək, inanılmayacaq qədər çox qiymətli əşya və bu qədər uşaqla düzənliyin ortasında gözləməyə başladı. Nə uşaqlardan ayrıla bilir, nə də onlarla birlikdə bir şey edə bilirdi.
Uşaqların ağlaması vaxt keçdikcə Şərifi özündən çıxarırdı. Heç bir şey edə bilməmək və aciz şəkildə oturub gözləmək, ağılını başından etmək üzrə idi. Olduğu yerdə çarəsizcə, hıçqıra-hıçqıra ağlamağa başladı. Özü də yetim idi. Əbdüləzizin dizinin dibində “Quran” xətm edərkən həmişə o ayə gəlib gözünün qarşısında dayanırdı. Bu an yaşadığı bütün halların tək izahı, ürəyində yanan böyük dağlara su səpəcək yeganə xilas o ayələr idi. Allaha sığınmaq və Onda sakitliyə çatmaq qədər gözəl nə ola bilərdi ki? Uşaqkən çətinliyə düşdüyü; anasını, babasını, qəribəliyini düşündüyü zamanlarda tək çarəsi olan ayələri oxumağa başladı:
“… Rəbbin səni tərk etmədi, səndən küsmədi də. Şübhəsiz, sənin üçün son olan, ilkdən xeyirlidir. Və əlbəttə, Rəbbin sənə yaxında verəcək; sən də razı olacaqsan. Səni yetim tapıb böyütmədimi? Və səni çaşmış bir halda tapıb da, doğru yola çatdırmadımı? Səni kasıb tapıb da zəngin etmədimi? Elə isə əsla yetimi əzmə! Və əsla istəyəni danlama! Və Rəbbinin nemətinə gəlincə; ondan danış.23
Təkrar-təkrar ayələri oxuyub mənalarını düşünərkən qarşısında dayandığı dənizlər, ardındakı dağlar qədər böyük sakitlik ürəyinə axdı. Heç bir qorxu əlaməti qalmadı, “bu uşaqların sahibi kimdirsə, gəlib o sahib çıxar”, – dedi. Səssizcə gözləyərkən nə edəcəyinə dair nəsə ağılına gəlmir, bu barədə düşünmürdü də.
Günortaüstü üfüqdə nəhəng toz buludu göyə yüksəlməyə başladı. Ağılına ilk gələn yeni soyğunçu monqol birliyinin yaxınlaşdığı oldu. Alnından, kürəyindən buz kimi tər axdı. Uşaqları gizləyəcəyi, daldalanacaq yer yox idi. Bir an “heç olmasa, atın tərkinə ala bildiyim qədərini götürüb qaçım”, – düşündü, amma “hansını götürəcəyəm, hansını burada qoyacağam” dilemmasına təslim olub mərhəmətsiz, qəddar ölümün gəlib üzərlərini örtməsini gözləməyə başladı.
Düzənlikdən ucu-bucağı olmayan uçqun kimi minlərlə atlı üzərlərinə gəlirdi. Nizami, təpədən-dırnağa silahlı bu ordunun qarşısından, sağından, solundan qaçıb xilas olmaq mümkün deyildi. Ən qabaqda at sürən bayraqdarı seçəndə Şərifin üzərinə sonsuz rahatlıq çökdü. Bayraqdarın əlindəki qara cüt başlı qartal bu igidlərin səlcuq aslanları olduqlarını göstərirdi. Heç bir bəyə, obaya, ya da Anadolu Səlcuqlar Dövlətinə bağlı olmayan bu nəhəng ordu könüllülərdən ibarət qazilər birliyi idi. Yeganə işləri, gecə-gündüz demədən rum elində gəzib ümmət üçün təhdid meydana gətirəcək haramıları yox etmək idi. Müsəlmanların karvanlarını bir yerdən digərinə gedərkən quldurlardan qoruyurdular.
Alplıq adətini bildiyi üçün hərəkət etmədən olduğu yerdə ayağa qalxıb birliklərin məsulunun gəlib onu bəylərinin yanına aparmasını gözlədi. Ətrafı bürüyən toz buludu, kişnərti uşaqları narahat etmiş, hamısı bal pətəyindəki arılar kimi gəlib ətəyindən yapımışdılar.
Mənzərəni görən alplar, o döyüş meydanlarının igid aslanları, ağrı nədir bilməyən qəhrəmanlar hıçqıraraq ağlayır, amma uşaqlara yaxınlaşa bilmirdilər. Birini qucaqlamaq istədikləri zaman daha yüksək səslə ağlamağa başlayırdılar.
Vəziyyətin vahiməsi qarşısında komandir şəxsən Şərifin yanına yaxınlaşıb salam verdi.
– Allah səbir versin, igidim! Bura kimin obasıdır, qırılan hansı boydandır? Bunu kim etdi?
– Mən də sizin kimi yadam, dünən yol keçərkən yanlarına gəlmişəm. Bunu monqol kafirləri etmiş olacaq, rum, ya da erməni olsa, obanı yağmalayardı. Yolüstü qırğın törədib keçiblər, burada dayanmayıblar.
– Allah rəhmət etsin, bizdən istədiyin varmı, igid?
– Gördüyünüz kimi, cənazələr ortadadır, əl yetirsəniz, dəfn edərdik, halım qalmayıb. Gücüm çatmaz.
– Boynumuzun borcudur, narahat olma, o bizim işimizdir. Yolumuz uzundur, başqa deyəcəyin varmı?
– Var, uşaqlar çöldə qırılar, gedəcək yerləri yoxdur. Mən də sizin kimi qaziyəm, buralarda qalmayacağam. Bunları bir türk obasına çatdırmasaq, erməni, rum tutub kölə edər. Mömin canlarıdır, sizə əmanətdir.
– O da bizim işimizdir. Yığdığın qoyun, keçi, at, sürün və bütün bu mallar sənin haqqındır. Çatdırılacaq yerin varmı? Yanına müşayiətçi verimmi?
– Var olasan, bəyim, Allah qılıncını iti etsin. Bunları da bu yetimlərlə birlikdə aparın, sahib çıxanlara miras olaraq paylayarsınız. Balalarımız boyunları bükük getməsin.
– Sən nə igid, nə geniş ürəkli cavansan, maşallah. Əlinlə yığdığın halal nemətini paylayırsan. Zəkatını Allah qəbul etsin. Sənə zəkat düşürmü, bilmirik, amma Allah qəbul etsin. Bizə qatılmaq, bizimlə döyüşə getmək istərsənmi?
– Bəyim icazə versən, dəfndən sonra getməli olduğum yerə çatmaq üçün yola düşüm. Allahın izni ilə, ömürümüz yetsə, bir gün birlikdə kafirə qılınc çalarıq.
– İnşallah, sarı aslanım, maşallah sənə, maşallah!
Şerif anda atın sürdi, şehre geldi.
Şerif’i cebe giymiş gördiler:
Neylersin? didiler.
Eyitti: Silah hazır ittim, gazâya giderem, didi.
Abdu’rahman-ı Suluki gülüp, eyitti:
ya Şerif henüz Harcenevan’da atanı öldürdiler,
sen bundan laf-ı güzaf idersin.
Henüz hüner anun ganın telep itmekdür.
Eğer ersen anı talep idip, kafürlerden hakkun alagör, didi.
Şerif anun sözinden girü incinüp iretesi azm-i harcenevan idüp
Revane oldı, gitti.24
Qurd törəsi
Piri Türkistan Əhməd Yəsəvi Həzrətlərinin onu irşad etməsi və Xıdıra ağız yarını ikram etməsi sonrasında Şərif dörd kitabı bilirdi. Vatikandakı kardinallar da İncili onun kimi anlaya bilməzdilər.
Harcenevan məliyi Tay düzənliyinə gəlib yerləşmişdi. Bura səlibçilərin toplanma nöqtəsi idi. Düzənliyin ortasında üzük daşı kimi dayanan kilsənin bütün sadəliyinə baxmayaraq, ehtişamlı havası vardı. Burada yaşayan qırx zalım cəngavər, keşiş buradan keçməkdə olan karvanları basır, haramılıqlarını kilsəylə ört-basdır etməyə çalışırdı. Düzənlik ətrafında canlı qalmamışdı. Kəndlilər edilən zülmdən bezib baş götürüb qaçmışdılar. Buranın ününü eşidən karvanlar da üzlərini başqa yerlərə çevirmişdilər. Bu qədər cürətli yaşamalarını təkfura25 borclu idilər. Çalıb-çapdıqları qənimətdən payını ayırar, o da hər gün gələr, küfrünü edər, xəracını alıb gedərdi.
Şərif kilsə yaxınlığındakı ağaclıqda, çay kənarında gizlicə dəstəmaz alıb namazını qıldı. Aşkarı və silahlarını oradakı bir mağaraya qoyub birbaşa o kilsəyə gəldi. Kilsədə cəngavərlər və Amasiya təkfuru Tırbanos mübahisə edirdilər. Hərarətli şəkildə danışır, heç cür soyulan karvanın mallarını bölüşdürə bilmirdilər. Soyduqlarının bölgüsünü indi edə bilməyəcəklərini anladılar. Törətdikləri qırğını bir-birlərinə izah edirdilər. Sayca çox və silahlı idilər. Tekfur narahatlığa səbəb olmadığını söylədi. Bütün olanları izləyən Şərif bir yerdə oturub axşam düşməsini, Tırbanosun çadırına getməsini gözlədi.
Nə kisəsində bir dirhəm, nə də heybəsində bir loxma çörəyi vardı. Bir anlıq yandırılmış obanın ətrafından yığdıqları nemətləri düşündü. “Bir-iki əşya, bir-iki loğma yemək götürsəydim…” düşündü. Heç bir əmanətə toxunmadan hamısını yetimlərə dəstək olaraq qoymuşdu. Dərvişliyi qəbul etmək belə bir şey idi, hər halda. Allahın özünə verdiyi maddi və mənəvi nemətləri bölüşdüyü müddətcə nemətlərinin artacağına əmin idi. Maddi, mənəvi nemət nədir ki, deyə dərin düşüncələrə daldı. Ətrafını bürüyən bu qədər keşiş bütün ömürlərini bu məbədlərdə keçirir, riyazətlər edir, qırx müxtəlif nəfs mübarizəsindən keçirdilər, amma heç cür iman nəsib olmurdu. “İnsana zülm edilən heç bir işin sonu xeyir olmaz, bunlar da düzəlməz, riyazət et, get millətin malını soy, sonra cənnəti istə; yox, bu iş belə olmaz. Bu iman və könül də Allahın mənə verdiyi mənəvi nəsibdir,” – deyib həmd etdi.
Ruhanilər silahlılar gedəndən sonra keşiş paltarında oturan Şərifi gördülər. Kor, yaşlı keşiş yaxınlaşdı:
– Kimsən?
– Harcenevan məliyinin qullarındanam. Ruhaniləri dinləmək üçün gəlmişəm.
Bu cavab hamısının xoşuna gəldi. Rahatlaşdılar. Ulu keşişlər qalxıb ortaya çıxdı, kor keşiş ruhanilərlərdən soruşdu:
– Bilirsiniz, bu məhəmmədilər bizə nə üçün qalib gəliblər, səbəb nədir?
– Bilmirik, niyə?
– Çünki peyğəmbərlərinin sözünü tutar, bir-birləri ilə söhbətləşər, iş görəndə məşvərət edərlər.26
– Bu türklər, öldüklərində cənnətə gedirlər?
– Yox, lakin qapıdan baxıb, gedərlər.
Kilsədə cəngavərlərin rum kəndlərindən tutub xidmətçi etdikləri uşaq vardı. İllərdir bu kilsədə rahiblərə xidmət edərdi. Öz aralarında onu müqəddəs hesab etmişdilər və keşiş edəcəkdilər. Bütün söhbətləri dinləyən uşaq dözə bilmədi:
– Ey Zalım! Yalan danışma. İndi hər yerdə türklər sizi evinizdən, mülk və diyarınızdan çıxarırlar. Cənnət qapısından baxan türk, girib sizi cənnətin içindən çıxarmazmı? Eləcə susub dönəcəklərinə inanmıram.
– Sən İncil və Məsihi inkar edirsən?
– Siz inanıb nə faydasını görmüsünüz ki? Görün, türklər necə təpənizə döyürlər?
Bunu eşidən sərxoş cəngavərlər birdən uşağın üstünə doğru şığıdılar. Uşağa yönəlməyən bircə keşiş paltarındakı Şərif olduğu üçün canının qorxusundan özünü onun üstünə atdı. Sanki bütün bu söhbəti, bu sığınmanı etmək üçün hazırlamışdı.
Edəcək bir şey qalmadığını anlayan Şərif ayağa sıçrayıb önünə çıxanı qılınclamağa başladı. Kürəyini kilsənin qapısına verib geri çəkilirdi. İlk fürsətdə kilsənin böyük qapısını bağlayıb içəridəkilərin qaçmalarına mane oldu. Otuz cəngavər cəhənnəmə vasil oldu. Onu da cəhənnəmin kənarında asılı qaldı, yaralı şəkildə inləyirdilər.27 İçlərindəki ən yaşlı, ən qəddar olan qorxunc üzlü kor keşiş yaxınlaşıb dilləndi:
– Sən necə adamsan, bizə nə etdin, bu yaşadıqlarımız yuxudur? Sən gerçəksənmi, bu başımıza gələnlər nədir? Biz bu diyarın ən məşhur döyüşçüləriyik. Ulularıyıq!
– Mən Rəsul nəslindənəm, Həsən ilə Hüseynin şanlı soyundanam.
– Cavan oğlan olasan, belə işlər görəsən? Ağılasığmazdır. Əksər məhəmmədilər sehrdə kamil olarlarmış.
– Sus, lənətlənmiş! Dayan sənə səni bildirim.28
İllərdir həyatını zindan edən keşişlərin aciz hallarına ilk dəfə şahid olan rum oğlan Şərifin gözlədiyi adam olduğunu anladı və qışqırdı:
– Ya Şərif! Məhəmmədi sevirsənsə, bunların boyunlarını vur!
Şərif dua edib himmət gözləyərkən könülünə Pirdən gələnləri söyləməyə başladı:
Tərif etsəm, Əli Allahın aslanıdır
Ki qılınc ilə kafiri qırmaqdadır.
Kafirləri edər imana dəvət;
Verməkdədir hər vaxt İslama qüvvət.
Ki mömin olanını alıb gəlməkdədir;
Qəbul etməyənini qırıb gəlməkdədir.29
Kilsədəki bütün kafirlərin, Anadoludakı türklərə və digər xalqlara cəfa edənlərin bir-bir boyunlarını vurdular. Kilsə içərisində qiymətli nə qədər mal, əşya varsa, qırxdan yetmişə atlara, qatırlara yüklədilər. Kilsə zirzəmisindəki bütün şərab çəlləklərini parçaladılar. Geridə qalan nə varsa, quldur buranı bir daha yurd etməsin deyə kilsəylə birlikdə yandırdılar.
Gecənin qaranlığında keşiş qiyafəsindəki Şərif və rum uşaq səssizcə Türkmən obalarının içlərinə doğru böyük qənimətlə irəliləməyə başladılar. İlk olaraq Aşkarı qoyduğu mağaranın önünə gəldilər. Onları izləyən ola bilər deyə, bura qədər qaranlıqda gəlmişdilər. Mağaranın içinə girib işığın görünməyəcəyinə əmin olduqdan sonra məşəli yandırdılar. Aşkarın əvəzində göy bir at görən Şərif çaşıb qaldı. Əvvəl geri çəkilib əlindəki məşəl ilə bütün mağaranı yoxladı. Aşkarla birlikdə Battal Qazinin verdiyi silahlar da yoxa çıxmışdı.
Atın yalından məktub asılmışdı. Atı ürkütmədən məktubu götürdü. Açar-açmaz mağaranı gül qoxusu bürüdü. Məşəli rum uşağa verib oxumağa başladı:
“Ya Şərif! Bu at, imam Əlinin Zülcənahıdır. Bu ata Həzrəti Rəsul, Həzrəti Əbubəkr, Həzrəti Ömər, Həzrəti Osman, Həzrəti Həsən, Hüseyn və Həzrəti Abbas minib. Yəhərindəki silah da Həzrəti Əlinindir. Bütün bunları götür və Allah yolunda döyüş”30
Sərvər atı çəkib çölə çıxardı. Atı bağlayıb oturdular. Yemək yedilər. Uşaqla Şərif ərəbcə, yunanca, rusca danışırdılar. Şərif uşağın zəkasına heyran qalmışdı. Özünü kilsədə gözləmə sirrini anlamamışdı, amma sübhanallah deyib gözlədi.
Şərif nəhəng bir çinarın gövdəsinə söykənib çəkmələrini çıxardı, ayaqlarını qarşısından axan buz kimi çayın içinə uzatdı. Çox yorulmuşdu. Kilsədə döyüşəndə qollarından, dizlərindən sıyrıqlar almış, ancaq indi bunun fərqinə varmışdı.
Kürəyini çinarın köksünə söykəyib gözlərini yumanda keşişlərin söhbəti ağılına gəldi.
Allah-Təala rəhmətini əta etmək üçün səbəblərə möhtac deyildi. Bir keşişin ağızından öz nemətlərini dərmələrini təmin edirdi. Məfkurələrini reallaşdıra bilmək, bütün insanlığın hüzur tapacağı nizam qurmaq üçün lazım olan keşişin bəhs etdiyi şey idi. Peyğəmbərlərin sözünü tutar, yəni sünnətullaha uyğun əbədi sülhü bu torpaqlarda hakim edə bilərdilər. Bu torpaqlara və ətrafına asayiş gətirmək üçün könüllərin sakitləşməsi lazım idi. Bu nizamı özlərinin yazması qeyri-mümkün idi. Həm belə nizamı yaza bilsələr də, zaman keçdikcə köhnələcək, aciz qalacaqdı. Qurulacaq nizam universal, kamil olmalı idi. Bəşərin əskiklərindən təmizlənmiş nizam ancaq Rəsulullahın sünnətiylə təmin edilə bilərdi.
Sünnəti-seniyəyə uyğunlaşmaq! Həyəcanlanmışdı, yata bilmədi, gözlərini açdı. Ayaqlarını sudan çəkib bardaş qurdu. Yaralarından sızan qan qurumuşdu. Üzündən başlayaraq yaralarını bir-bir yudu. Qurumuş qan izlərini sildi. Buz kimi sudan içdi, dəstəmaz aldı. Yeni yol yoldaşı kənarda səs çıxarmadan onun danışmasını, bir şey söyləməsini gözləyirdi.
Haynuplu Rum oğlana döndü:
– Adını lütf etmədin, igidim.
– Xosrovdur, adım.
Şərif ona Böribek adını verdi. “Qurd kimi güclü olasan” deyə dua etdi.
Uşaq müsəlman olmaq istədi; Yaradan nəsib etdi. Şərif şahid və rəhbər oldu. Uzun-uzun söhbət etdilər. Böribek günahlarına görə tövbə etdi. Şərif şəriət hökmlərini anlayacağı dillə asan şəkildə izah etdi. Şəriətinin təriqətə dönməsinə dua etdilər.
Bura çox da etibarlı yer deyildi. İçində narahatlıq vardı. Özünü tanıyandan mübarizələrlə dolu həyat içində, hər an hər şeyə hazır yaşamışdı. Heç cür yata bilmədi. Səhər açılarkən Tırbanosun adamları gəldi. Bu düşməni gözləyirdi. Qədərə qarşı tədbir olmurmuş, deyə içindən keçirdi. Gələnlərin dörd-beşini öldürdü, qalanları qaçdılar. Tuta bilmədi. Orada çox qalmadılar, atlarını və qənimətlərini götürüb Cezireyi Uşşaka31 gəldilər. Şəhərin hörmətli şəxsləri tərəfindən qarşılanan Şərif və yoldaşı yanlarında gətirdikləri qənimətlərin hamısını kasıblara payladılar. Kasıb və qəmli xalq bu himmət qarşısında onlara dualar etdilər.
Şərifin əlindən xilas olan Tırbanosun casusları onu izləyərək Şəhri-Haynupa arxalarınca, tacir qiyafətində girdilər. Bütün bu işləri edənin kim olduğunu və indi harada qaldığını ağalarına çatdırdılar.
Tırbanos Haynup Əmri Osmana elçilər göndərdi. Onlar elçi kimi deyil, şəhəri fəth edən məğrur kral ədasıyla irəliləyərək Əmrin taxtının qarşısında dayandılar. Rəngarəng paltarları və başlarına qoyduqları kukuletalarıyla saray təlxəklərini xatırladırdılar. Elçilərdən biri, onlara icazə verilmədən əlindəki fərmanı oxumağa başladı:
“Ey müsəlmanların rəhbəri! Mən Harcenevan Tekfuru Tırbanos. Sözü uzatmayacağam, mənə itaət et. Şərifi tutub mənə göndər, öldürüm, intiqam alım. Yoxsa sizi mühasirəyə alıb, qırarıq”.
Bu tərbiyəsiz və cürətkar meydanoxuma məqsədinə çatmışdı. Müsəlmanlar arasında fitnə bir anda yayıldı. Qorxu, ürəklərdəki münafiqliyin atəşini yandırmağa kifayət etdi. Müsəlmanlar arasında mübahisə çıxacağı aydın olanda vəzifəlilər elçiləri dərhal salondan çıxardılar. Qaranlıq zindanda saldılar. Xalqın başbilənlərindən bir neçəsi toplanıb münafiq Əbdürrəhmani-Sulukını danışdırdılar:
– Necə edək? Bu döyüşü bu oğlan çıxardı. Ən yaxşısı Şərifi Tırbanosa verək, bəlanı üzərimizdən dəf edək.
Xalqın içindən bir ağsaqqal dözə bilməyib sözə başladı:
– Ey zalım! Ey münafiq! Bu cəngavərə “get atanın intiqamını al” deyən sən deyilsən?
Bütün bu söhbətləri dinləyən Əmir Osman başını qaldırıb yanındakı köməkçisinin eşidəcəyi səslə:
– Əbdürrəhmani-Sulukinin sözündən mənə nə! Mən demədim ki; indi küffar üzərimizə gələndə Əbdürrəhmani-Sulukının evini başına yıxmayacaqlar, mənim şəhərimi başıma uçuracaqlar. Nə deyirsən bu işə, Dəniz bəy?
– İndi siz Şərifi versəniz sabah gəlib torpaq istəyəcəklər.
– İstəsinlər, bir bostan verib yola salarıq.
– O biri gün də gəlir arvadlarımızı istəyərlər, Osman ağa!
– Sən nə danışırsan! Necə danışırsan? Bu nə danışıqdır? Sevimli qardaşım bu çox ağır olmadımı?
– Eynilə o qədər ağır olsun deyə söyləyirəm! İstəyirsənsə, daha da ağır sözlər deyim! Əziz İslam torpaqları üçün tükün tərpənmir, evdəki huri üç
Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?