Электронная библиотека » Kamal Abdulla » » онлайн чтение - страница 2


  • Текст добавлен: 28 сентября 2022, 18:22


Автор книги: Kamal Abdulla


Жанр: Современная зарубежная литература, Современная проза


сообщить о неприемлемом содержимом

Текущая страница: 2 (всего у книги 10 страниц) [доступный отрывок для чтения: 3 страниц]

Шрифт:
- 100% +

Laokoon… Laokoon…

yaxud bir romanın “gerçək” yazılma tarixçəsi
Tanış və yad sonsuz lüğət

Heç zaman etmədiyi, hətta edə biləcəyini ağlına belə gətirmədiyi bir işin “peşinə” düşdüyünün fərqində idi. Qələmi ələ alıb səhifə-səhifə uydurma uydurmaq, özü də elə uydurmaq ki, mətnin ən uzaq hissələri bir-birini təkzib etməsin, bir-birilə həmahəng şəkildə qaynayıb-qarışsın – ona elə gəlirdi ki, bu iş ömründə onun işi ola bilməz və o, ağlını itirib belə bir işə girişsə də öhdəsindən heç vədə gəlmək iqtidarında olmayacaq.

Sonralar, çox sonralar bu nəhəng iş bitəndən sonra, bu əməli-müşkil ilə savaşıb arxasını yerə vurandan sonra Vaqifin beyni sanki aydınlığa qovuşdu. O, nəhayət, belə bir adi həqiqətə inandı ki, hər adam yer üzünə öz əlahiddə missiyasını yerinə yetirmək üçün gəlir və bu mənada onun – Vaqifin missiyası məhz qələmi əlinə alıb yazmaq, yazmaqdır. Və bunu bir daha anlayandan sonra o, yazdığı mətnin içinə girməyə başladı. Onun diqqətini sözlərin məkanı, sözlərin sözlərlə dərindəki münasibəti, şəkilçilərlə sözlərin özünəməxsus dialoqu, sözlərin qəribsəmiş kimi qalmış tanış mənası çəkdi. Bütün bunların artıq mətnin ümumi mənası ilə elə bir əlaqəsi yox idi. Bunun daha çox mətnin oxunarkən fikir verilmədiyi qeyri-tanış səthi ilə əlaqəsi var idi. Bu səthin öz “dil”i var idi. Orada gizli olsa da, müəyyən proseslər gedirdi: söz, bəzən oxunuşda bu bilinməsə də, yanındakı sözü tanımırdı, ondan uzaqlaşmaq, onu unutmaq istəyirdi… Uzlaşmalar çətinliklə bir-birinə uyğun gəlirdi. Bu, təlatümlü dənizin dibindəki səssiz ahənglə müqayisə edilə bilərdi, amma buna əksinə müqayisə demək daha düzgün olardı. Mətnin dibində rüzgar qopur, üzdə isə hər şey sakit, rahat…

Mətnin üzdə olan dünyası hələ ki, onu qane edirdi. Bu dünyanın təlatümdən uzaq quruluşu onun üçün daha maraqlı idi, dərinə enmək üçün xüsusi həvəs gərək öz-özünə yarana idi, o isə hələ yaranmamışdı. Yazmağa girişdiyi haman əməli-müşkilin, o fantom əsərin birinci cümləsi ilə sonuncu cümləsi arasında yer tutan və onun özünün “sonsuz lüğət” adlandırdığı mürəkkəb və nəhayətsiz çoxluğun içindən çıxıb gələn tanış sözlər, ifadələr, şəkilçilər, köməkçi sözlər, hətta durğu işarələri o istədiyi an itaətkar bir şəkildə mətn içində öz yerlərini dinməz-söyləməz tuturdular – eynən nizam-intizamlı əskərlər kimi. Bu mənzərə bəzən çox gözəl bir sahmanla başa çatırdı. Bəzən onun özü buna mat qalırdı. Amma qəribə olan bu deyildi. Qəribə olan o idi ki, Vaqif bütün bu əməldən gözlədiyi ləzzət dərəcəsini almırdı. Niyə belə idi – bu, aydın deyildi. Əsl ləzzət hissi – o gözəl və böyük an sonra gəlirdi. Yazı prosesinin əsl ləzzəti gözlənilməz bir yerdə “gizlənmişdi”. Bu ləzzət son nöqtəni qoyandan sonra ortaya çıxırdı. Bu zaman o artıq ona tanış mətnlə işləməyə başlayırdı. Bu zaman o tanış mətnə yad mətn kimi baxmağa çalışırdı. Mətndən bir müddət uzaqlaşır, onu “unudur”, sonra yenidən sözləri kənardan seyr edir, nəyisə dəyişir, tanış sözlər mətni tərk edir, başqa tanış sözlər mətnə daxil edilirdi. Mətnlə işləmək çox zövqlü bir iş idi. Əsl ləzzət hissini də Vaqif bu zaman almışdı. O bu ləzzət hissini əvvəllər keçirdiyi heç bir hissə dəyişməzdi.

Yazıb bitirdiyi romanın əlyazmasını birinci dəfə oxumağa başlarkən özündən xəbərsiz dodaqlarına təbəssüm qonmuşdu. Əgər yer üzünə öləndən sonra dəfələrlə gəlmək ideyası həqiqətə uyğundursa, deməli, o, əvvəlki həyatında redaktor olub. Bu işi bəyənmişdi. Amma bir müddətdən sonra fikir verib gördü ki, mətnlə işlərkən qəribə hallar baş verir. Əvvəl ehtiyatla, sonra həvəslə, daha sonra haman o ləzzətlə artıq hazır mətni redaktə edib dəyişdirdiyi təzə şəkilçilər, sözlər, cümlələr, durğu işarələri, o gördü ki, mətn içində özlərini sanki birtəhər hiss edirlər. Hər biri, elə bil ki, əvvəlki mətnə münasibətdə, Qazi Bürhanəddin demişkən, “qədd tutub” durur, köhnə əhatədə özlərini yad ünsür kimi aparır, köhnə mətnin içində heç cür əriyə bilmirdilər. Redaktədən sonrakı ünsürlər sanki ona məlum tanış “sonsuz lüğət”in içindən çıxmamışdılar.

Vaqifin qəlbini qəribə bir şübhə hissi bürüməyə başlayırdı. Bəlkə bu dəyişmələrlə gələn yeni sözlər, ifadələr və sairə onun yaxşı tanıdığı, bildiyi, əsəri yazarkən külli-ixtiyar sahibi kimi içinə girib istədiyini götürdüyü haman tanış sonsuz lüğətin hissəcikləri deyil?! Bu hissəciklər bəlkə başqa, ona tanış olmayan, tamam başqa sonsuz lüğətə məxsus idilər?! Ona yad olan sonsuz lüğətə?! Belə ola bilərdimi?! Əgər belə olsa idi, o zaman onun taleyində neçə sonsuz lüğətin mövcudluğu mümkün idi?! Doğrudanmı, görəsən, onun tanıdığı sonsuz lüğət yeganə deyil, ona paralel başqa sonsuz lüğətlər də var?! Dəyişmələrin axı limiti ola bilməzdi, dəyişmələr axı sonsuza məhkum idi. Belə olan təqdirdə lüğətlər də məntiqlə sonsuz olmalı idilər. Və “sonsuz lüğət” adından da göründüyü kimi özünü doğruldurdu.

Sonsuz lüğətlərin içində itib batmaq ehtimalı Vaqifi qorxutmurdu. O, bir sonsuz lüğəti o biri ilə əvəzləməyə şövqlə davam edirdi. Onu qorxudan başqa şey idi. O biri, başqa “sonsuz lüğət”in müdaxiləsi mətnin onun tərəfindən əvvəlcədən nəzərdə tutulmuş ideologiyasını dəyişə bilməzmiydi?! Bu sualın cavabını o bilmirdi, amma ona təkidlə cavab axtarmaqdan da usanmırdı.

Bu yazdığı mətn digərlərinə bənzəməyəcəkdi. Özü özünü bu əlçatmaz xülyaya inandırmaq istəyirdi. İnandırdıqca inandıra bilmirdi. Amma istəyirdi. Beynində bütün buna qədər yazdıqları bir-birinə qarışır, bir-birini məhv etməklə məşğul olur, nəhayətdə anlaşılan o olurdu ki, tutalım, təsvir etdiyi o qızın surəti həm tanıdığı heç kiminki deyil, həm də onların hamısının cəmidir. Özünə təskinlik verməkdən isə bir şey çıxmırdı. “Hər adam ömrü boyu bir kitab yazır” – bunu kim söyləmişdi, Vaqifin yadında deyildi. Bəlkə də özünün sözləri idi – indi xatırlaya bilməyəcəkdi. Deyəsən, o, özünün ən çox qorxduğu bir xəstəlik zonasına girirdi: başqalarının dedikləri ilə öz dediklərini artıq bir-birindən ayıra bilmirdi. Özümü deyib bunu, ya bir başqa yerdən oxuyub – çox zaman onun özü üçün belə bu incə sərhəd xəttini ayırmaq asan olmurdu.

Bundan daha qorxulu başqa bir zona var idi, sanki bunun davamı idi. Başqalarının dediklərini özününkü saymaq zonası. Allahına şükür edirdi ki, o, bu həddə hələ çatmayıb. Vaqifin həddi, sadəcə, bu deyilənlərin bir-birinə qarışmış həddi idi. Əgər onun özü bunu qətiyyən bilmədən, bu isə əlbəttə ki, bilərəkdən ömründə ola bilməzdi, hiss etmədən başqalarının fikrini öz adından vermək həddinə gəlib çıxsaydı, bu hədd hardansa gəlsəydi və onu tapsaydı, daha ayaqlarını uzadıb rahatca ölməyi arzulamaq olardı. Necə deyərlər, “həyatdan ayrılmağın tam min cür üsulu var və insanlıq onlardan yalnız biri ilə – ölümlə tanışdır”. Nə qədər çalışdı, bunun da özünün, ya başqasının fikri olduğunu xatırlaya bilmədi.

Hər şey isə sanki çox adi bir məsələ ilə başlamışdı. O, ilk dəfə bu qəribə sadəliyi həyata keçirəndə ona gülməli gəlmişdi ki, bu qorxulu məqamı indiyənədək heç kim sezməyib və həqiqəti su üzünə çıxara bilməyib. Yaxud çıxarmaq istəməyib. Sanki sadə bir şey idi. O, öz sözünü başqasının, özü də reallıqda olmayan bir başqasının adından bu mətnə salmışdı. Bu ad, elə bil, başqa, yad bir sonsuz lüğətin içindən gəlib bizim tanış “sonsuz lüğət”dəki adların sırasında şəstlə dayanmışdı. Əsl casus kimi onu bizimkilərdən ayırmaq mümkün deyildi. İlk dəfə ona son dərəcə ağır gələn bu iş get-gedə asanlaşdı. Onun sevimli məşğələsinə döndü. Yad “sonsuz lüğət”dən gələnlər əvvəl-əvvəl ad şəklində, sonra söz şəklində, sonra da ideyalar, fikirlər şəklində bahar seli kimi gəlməyə başladılar və yavaş-yavaş onun tanış sonsuz lüğətlə yazılmış mətnlərinə dolub bu mətnləri onun özü üçün də bəzən tanınmaz etdilər. Bağdadilər, Təbrizilər, Dərdəçarələr, Hacı Mir Həsən ağa Səyyahlar, daha kimlər bu həyatda olmamışdılar, amma onun mətnində onlar artıq var idilər və onların varlığına inananlar da var idi. Bu, qəribə və maraqlı bir oyun idi.

Bu oyun ona Troya qalasının qapısı ağzına dikilmiş nəhəng taxta atla olan oyunu xatırladırdı. Troyalılar on il davam edən qanlı müharibədən sonra bir səhər ayılıb İlion qalası önündə yunanların buraxıb getdiyi nəhəng bir at gördülər. Onlar güman etdilər ki, yunanlar uzun müharibədən bezərək gəmilərinə minib öz şəhərlərinə geri dönməzdən əvvəl bu nəhəng taxta atı Troyaya hədiyyə kimi qoyub gediblər. Troyalılar atı içəri çəkib aparmaq, ya da aparmamaq üstündə qızğın mübahisələr etməyə başladılar. Orda bir saçları dağınığ kahin var idi. O, bu atın ətrafına fırlanıb canfəşanlıq edir və hədiyyəni qəbul etməmələri üçün troyalılara yalvarırdı. Bu, Apollon məbədinin kahini Laokoon idi. Amma ona inanan yox idi. Laokoon inamsızlıq simvolu olmuşdu. Yalvarışı baş tutmayanda və troyalılar bu ağlı çaşmış qocaya heç bir fikir verməyib atı kəndirlərlə bağlayıb qalanın divarlarından içəri çəkib keçirəndə Laokoon son ümidlə əlindəki nizəni atın taxta bədəninə sərasər vuraraq onda deşiklər açmağa çalışdı. Bu zaman…


…ona elə gəlirdi ki, mətni ilə bağlı bu qaranlıq və naməlum işləri gördüyü və “heç nələr”i mətninə daxil etdiyi üçün bu prosesin özü sonunda onu gətirib belə bir qəribə unutqanlıq zonasının içinə salmışdır. Həyatda hər şeyi gözəl anlayan, başa düşən Vaqif öz mətninin içində artıq çaş-baş qalmağa başlamışdı. Anlamadığı məqamlar get-gedə artır, çoxalırdı. Buna belə də demək olardı: hansısa sonsuz lüğət ondan öz intiqamını almağa başlamışdı. Ona elə gəlirdi ki, bu, tanış “sonsuz lüğət”dir. Tanış sonsuz lüğət qəribə bir təkidlə onu yad sonsuz lüğətə doğru itələyirdi, onun ənginliklərində batmağa sövq edirdi.

“Xətircəm gedin, Vaqif müəllim”

…di gəl ki, bu axşam da əvvəlcədən nəzərdə tutduğu kimi hərəkət edə bilməyəcəkdi. Axşam üçün artıq razılaşdırdığı planı dəyişməli idi. Əvvəlcədən nəzərdə tutulmayan bir görüşü heç cür buraxa bilməzdi.


Firəngizin sözünü yerə salmaq, bunun üçün lap elə yüz dənə olsa da bəhanə uydurmaq, əslində, sui-qəsd kimi bir şeydir.

Qəzetdən intervü üçün gələnləri xeyriyyə işləri üzrə müavini Qüdrət müəllimin yanına göndərməyi qərara aldı. Qüdrət müəllimi yanına çağırdı. Özünü işinin peşəkarı sayan Qüdrət müəllim yaşda Vaqifdən böyük idi, amma özünü bəzən uşaq kimi aparırdı. Qüdrət müəllim Vaqifi dinləyib üzdə göstərməsə də, ürəyində bərk sevindi. Əlindəki dəftəri açıb ona təkrar-təkrar deyilənləri bir əmr kimi yazmağa hazır şəkildə durdu.

– Vaqif müəllim, hansı məsələlərin üstündə xüsusi dayanmamı istərdiz? – Qüdrət müəllimin səsi quru çıxdı, o, bütün vücudu ilə peşəkar ciddilik tərzi aldı. Sanki hansısa dünya problemini həll etməyə gedəcəkdi.

– Çox da özünü həlak eləmə, bir az yumşaq ol. Gedişata baxarsan. Bunlar bizdən xeyli yazıblar. İşimizi ümumi şəkildə bilirlər. Bu hissəni onlara burax. Sən son proyektdən danış. Avropadakı türk təşkilatları ilə əlaqəmiz onlar üçün çox maraqlı olmalıdır. Türk qardaşlarımızın bizə göndərdikləri dərmanlar, bu dərmanların cəbhə bölgəsində birbaşa əsgərlərə paylanması. Məncə, bunların üzərində dayansan, yaxşı olar.

– Dərmanların qruplaşdırılması üçün yaradılan komissiyalar, sizin bir dəstə adamla cəbhə bölgəsinə getməniz… Dərmanları özünüzün bir-bir əsgərlərə verməniz… – Qüdrət müəllimin özündənarxayınlığı səsinə də sirayət etdi.

– Hə. Daha o tərəfini də deyərsən ki, biz nə üçün dil və tibb komissiyaları yaratdıq.

– Hansı tərəfi deyirsiz? – Qüdrət müəllim çox səmimi şəkildə söhbətin nədən getdiyini başa düşməyib bir anlıq çaşdı.

– Qüdrət, biz niyə alman dili mütəxəssislərini Universitetdən bura çağırdıq? Niyə hər dərmanın adını bizim həkimlər komissiyamızın üzvləri üçün bir-bir aydınlaşdırdıq? On gün gəlib burda iş gördü adamlar… Niyə??

Qüdrət susub qaldı. Vaqif düşündü: “Doğrudanmı, o boyda həngamənin bu adama heç bir dəxli olmadı?!”

Vaqifin ürəyi qısıldı, yenə də Qüdrət müəllimə sadə bir məsələni balaca uşaq kimi izah etmək, necə deyərlər, çeynəyib-çeynəyib ağzına qoymaq lazım gəlirdi.

Cavab hələ də gəlmirdi.

“Bu adam mənim axırıma çıxacaq…”

– Bunu axı mən dəfələrlə demişəm. Onun üçün ki, alman dərmanları, Qüdrət, Almaniya bazarı üçündür. Yəni, onların daxili ehtiyacı üçün. Bu dərmanların adı beynəlxalq standartlara uyğun deyil. Bizim həkimlər o adları bilmirlər. Onlar üçün o adları tərcümə etmək lazım idi. Yüz dəfə danışmışıq axı bunu…Yadından çıxıb? – Vaqif müəllimin səsi codlaşdı.

– Aydındı, Vaqif müəllim, aydındı. Narahat olmayın, aydındı. Burda nə var ki… “Mən özüm yüz dəfə səndən də yaxşı intervü vermişəm. Məni öyrədənə bax…”

Vaqif anladı ki, daha bundan o tərəfə Qüdrət müəllimə təsir edib intervüyə hazırlaşdırmaq mümkün olmayacaq. Qüdrət bir nöqtəni beyninə yanışdırdısa, o nöqtəni o beyindən çıxarmaq asan məsələ deyil.

Vaqif narazı bir halda söhbətin bitməsi işarəsini verdi. Qüdrət müəllim dərhal dəftər-qələmini götürüb nədənsə işgüzar bir qaş-qabaq içində, Vaqifə elə gəldi ki, üzərinə düşən məsuliyyətin ağırlığını beynində götür-qoy edə-edə, əslində isə, Vaqifi ürəyində yamanlaya-yamanlaya cabinetdən çıxdı.

Gec idi, Firəngiz ilə görüş vaxtına az qalırdı. Vaqif müəllimin ürəyinin dərinliyindən bir nigarançılıq boylanmaqdaydı. Diplomatını əlinə alıb otağından çıxarkən bir gözü telefonda, köməkçisi Rüxsarəyə belə dedi:

– Gözdə-qulaqda olun, Qüdrət intervü verəndə yanında bir adam olsun. Buna mənim inamım yoxdu. Heç olmasa Nəmidə… Ehtiyac olsa, cavablara düzəliş eləsin.

– Oldu, Vaqif müəllim, siz xətircəm gedin. Biz həll edərik. – Rüxsarə onu arxayın etdi.

İntervü alanlar bir saatdan sonra gəlməli idilər. Vaqif Rüxsarənin sözlərinə baxmayaraq işdən nigaran getdi.

Bənövşəyi şarf

İşdən çıxan kimi Vaqifə elə gəldi ki, o tamam başqa bir dünyaya düşdü. Asudə nəfəs aldı. Xeyli yüngülləşdi. Bu başqa dünya ona nələr verəcəkdi, Vaqif bunu hələ bilmirdi, amma ümid eləyirdi ki, istədiklərini bu yeni və başqa dünyadan ala biləcək.

Küçələrdə maşınların sayı gözlənilməyən dərəcədə az idi.

…Vaqif görüş yerinə çatanda maşının yan pəncərəsindən baxıb gördü ki, Firəngiz artıq rəngbərəng kuklalar kimi bəzənmiş qəzet kioskunun yanında durub onu gözləyir. Qızın ətrafı qəribə səslər ahəngini içinə yığmışdı. Vaqifin sevdiyi bənövşəyi şarf qızın boynunda idi. Maşın düz bənövşəyi şarfın yanında dayandı.

– Salam. – Firəngiz maşının qapısını açıb içəriyə, onun yanına elə cəld keçdi ki, daha doğrusu, elə cəld özünü qabaq oturacağa atdı ki, elə bil, buna cavab olaraq maşının dayanması ilə yerindən tərpənməsi az qala eyni vaxtda baş verdi. Yerini rahatlaya-rahatlaya Firəngiz şarfı, nədənsə, boynundan açıb arxaya çevrilmədən arxa oturacağa atdı. “Belə…”

Aeroport yoluna qədər heç biri dinmədi. “…Bu adam heç birsöz demədi. Elə bil, üç gün deyil, bir saatdır ayrılmışıq…”.

Şarfı bilə-bilə arxaya atdı. Bilir ki, bu şarf mənim xoşuma gəlir, onunçün belə edir…”

Daha heç biri heç nə barədə düşünmədi. Aralarındakı sükut az qala haray çəkməyə başladı. Elə ki, aeroport yoluna çıxdılar və maşınların gediş-gəlişi tək-tük oldu, Vaqif üzünü Firəngiz tərəfə döndərmədən yenə də irəli baxa-baxa, bir qədər zarafatvari şəkildə, bir qədər də saymazyana:

– Hə, nədi susmusan? Nə vacib işin varmış? – deyə bu lal sükutun daha da uzanmaması üçün soruşdu.

Vaqif səsinə şuxluq verməyə çalışdı. Firəngiz tezinciyən idi. Qızın bugünkü halı isə, Vaqif hiss edirdi ki, ən azından, qorxuludur. Hələ telefonla danışdıqları vaxt Vaqifin dalağı sancmışdı. “Vaqulya, səninlə vacib, özü də çox vacib işim var…” – deyən Firəngizin səsindən duyulurdu ki, Vaqif hansısa qurulmuş bir plana qurban gedir. Bəzən Firəngizin heç bir işi olmadığı vaxt da özündən nəsə uydurub onu zorla görüşə çıxarmağı vardı. Öz istəyinə o, hər şeyi qurban verə bilərdi. Vaqifin işini-gücünü, halını, yorğunluğunu, vacib görüşlərini saymaza alardı. “Bu da belə bir plan olmasın?!”

Firəngizdən səs çıxmırdı. “Ölsəm də, danışmaram”.

Yenə bir qədər sükut içində yol getdilər. Təzə maşın sürəti yağ kimi canına çəkirdi. Vaqif bir müddət ləzzətlə maşından gələn ahəngdar motor səsini dinlədi. Maşın ki təzə idi, onun ən kiçik müdaxiləsinə belə anında cavab verirdi. Hətta ona hərdən elə gəlirdi ki, maşın onun təkcə əl, ya ayaq hərəkətini deyil, fikirlərini də oxuya bilir. Sözəbaxan bir uşaq kimi nə istəsə onu da yerinə yetirir. Təzə maşın balaca uşaq kimi olur. Köhnələndə, yəni uşaq böyüyəndə, maşın kimi o da sözə baxmaya bilər.

– Saat 10-da evdə olmalıyam. – Handan hana Firəngizin səsi çox uzaqdan, nəhayət ki, təşrif buyurub gəldi. Bu, daha çox bir pıçıltı idi.

“O zaman bağa nəyə gedirik?!” Vaqif bu axşamkı görüşlə bağlı müxtəlif variantları beynindən keçirməyə başladı. “Hara getsək…” – nə qədər düşündüsə ağlına maraqlı heç nə gəlmədi.

Yenə bir qədər sükut içində yol getdilər. Birdən Vaqifin, elə bil, beyni işıqlandı:

– Elə isə gedək dəniz qırağına, bir az hava alaq. Gör bir nə gözəl havadı. Nə deyirsən?

– Bax da… – Bu dəfə qızın səsi əməlli-başlı incik çıxdı.

– Çay içəkmi bizim yerdə? O vacib dediyin iş nə idi, nigaran qaldım…

– Çay içmək pis olmazdı. Aslanın yanını demirsən?! Ora gözəl yerdi… – Firəngiz bir balaca ara verib Vaqifin o biri sualına belə bir laübali cavab verdi. – Səni görmək istədim. Bu vacib ola bilməz?!

Əlbəttə, bu dəfə də hər şey Vaqifin təsəvvür etdiyi kimi idi. Bu görüşün vacibliyi adi şıltaq idi, vəssəlam. “Hayıf o intervüdən. Qüdrət onun içinə… qoysun, sən də bax”. Vaqifin qanı qaralsa da bu, bir azdan maşının şüşələrini yalayan sərin payız mehi kimi uçub getdi. Maşın dəniz kənarına yaxınlaşdıqca onun da əhvalı düzəlməyə başladı. “İş həmişə var, bu gözəl hava isə…”

Vaqifin getmək üçün nəzərdə tutduğu “sevimli yer”i Bilgəh sanatoriyasını ötüb keçdikdən dərhal sonra, dənizə tərəf başlayan kəskin enişin dibində yerləşən “Şəbəkə” adlı restoran idi. Bu restoran Bilgəhdə düz dənizin qırağında tikilmişdi. Gözəl yer idi. Kəskin eniş şəbəkə kimi burula-burula səni “yalançı” (psevdo) çin üslubunda tikilmiş bu restoranın qabaq qapısına qədər gətirirdi. Restoranın arxa tərəfindəki balkondan isə düz dənizin qırağına qədər piyada getmək olurdu. Stollardan bəzisini restoranın içindən çıxarıb dənizin lap kənarına gətirib qoymuşdular. Yemək yeyən üçün yeməyi bura gətirirdilər, çay içən üçün çayı. İstəsəydin, ayaqqabını çıxara bilərdin və dənizin ləpələri hərdən ayaqlarını yalayacaqdı… Şairlər deyən kimi, dənizin məşum, ləpələrin romantik pıçıltısı buranı sevgililərin sevimli yerinə çevirmişdi. Burda onların da bəyənib-seçdikləri yer var idi. Bu yer qumların arasında itib batmış qoca bir qayalığın yeganə iri gözünün bərəldiyi bir az kənar yer idi. Stollarını bu bərəlmiş gözün yanına qoydurardılar. “Şəbəkə”yə tez-tez getmələrinin əsas səbəbi isə Vaqifin orada işləyən dostu Aslan idi. Aslan “bufetçik” idi, restoranın “canı” devin canı quşda olan kimi onun əlində idi, çox şeyi o idarə edirdi. Aslanın «Şəbəkə»də olması Vaqifə münasib idi – bu, istənilən an gərginləşə biləcək söhbətin mülayimləşməsi, hər hansı münaqişənin zarafat üslubuna keçməsi demək idi.


… Vaqif və Firəngiz hələ Aeroport yolunda olarkən “Şəbəkə”də onların düz dəniz qırağında quma batmış qayalığın bərəlmiş yeganə gözünün yanındakı sevimli stollarının arxasından iki nəfər – yaşlı kişi və gənc qadın ayağa qalxdılar və xörəkpaylayan oğlana yediklərinin pulunu ödəyib tələsmədən, bir-birinə qısıla-qısıla çıxışa doğru yönəldilər. Kənardan baxan onları bir adam kimi görərdi. Stol boşaldı və xörəkpaylayan oğlan stolun üstünü təmizləməyə, qab-qaşığı, şüşələri, stəkan-badələri yığışdırmağa başladı…

– Sən məni, doğrudan, sevmirsən? – Maşın aeroport yolunun enişinə, şəhərə doğru gedəndə isə yoxuşuna çatanda qaşqabağını tökmüş Firəngiz maşının qabaq şüşəsindən təsəvvür etmədiyi uzaqlara baxa-baxa sükutu pozdu. Aşağıda sol tərəfdə aeroportun enmə zolaqlarına bir-birinin dalınca uçub enən təyyarələr gözə dəyməyə başladı. Maşın sürətini artırdı.

Ünsiyyətdə olan iki adam arasında “sevirsən, sevmirsən…” sorğu-sualından daha gözəl, daha ləzzətli və daha maraqlı heç nə ola bilməz. İllah da ki, bu sorğu-sual bir-birini sevən iki adam arasında olsun.

– Allahdan qorx. – Vaqif məsələni zarafat məcrasına salmaqdan hələ də ümidini kəsməmişdi. O, özünü ilıq bir mübahisənin içində hiss elədi. Kefi bir az düzəldi.

– Sən məni… – Firəngiz “Allah” sözündən həqiqətənmi qorxdu, ya da qorxan kimi oldu, amma nə oldusa, sözünü tamamlamadı. Ya da ola bilər ki, tamamlamaq istəmədi.

– Sən sözlü adammışsan ki… Belə bir… axmaq sözü sənə kim dedi? Quşlar xəbər gətirdi?!

– Heç kim. Quşların bura dəxli yoxdu. Onları qatma söhbətə. Mövzunu çaşdırma. Mən özüm bu fikrə gəlmişəm. Sən məni sevmirsən. Onun üçün də sənin cavabına mənim ehtiyacım yoxdur.

– Həəə, quşların da məsələyə dəxli yoxdusa, deməli, məsələ, həqiqətən, qəlizdi. Çox mürəkkəb problemdi. Müxtəlif tarixi rəqəmlərə baş vurmaq lazım gələcək. Razısan mənimlə?!

Bu, Vaqifin dostu Rizvanın iki kəlmədən bir yeri gəldi-gəlmədi işlətdiyi və yaxın dostların söz lüğətinə daxil olmuş ifadə idi. “Ay Rizvan, oyunun olsun, yaxşı söz salmısan mənim ağzıma. Razısan mənimlə?!”

– Bəlkə bu məsələni biz çay içə-içə təhlil edək? Məsələn, kiçik bir dəyirmi masa formatında… Nə deyirsən? Razısan mənimlə? – Vaqif bir daha Rizvanı təkrar etdi.

– Sən nə danışırsan?! Təhlilə ehtiyac-filan yoxdu. Razı deyiləm səninlə. Yox bir, dəyirmi masa… Ələ salmısan məni? Məni evə apar. Evə istəyirəm. Əlbəttə, əgər qaçırmaq fikrin yoxdusa… “Heç vaxt inanmaram ki, bu adam məni götürüb qaçırsın. Elə bircə bu qalmışdı. Bu olsa-olsa hansısa başqa bir dünyada ola bilər…”

Maşın aeroportu sürətlə arxada qoydu. Vaqif artıq hər şeyi anlamışdı. Bir halda ki, mövzu əvvəlcədən müəyyənləşib, deməli, məsələ o düşündüyündən daha qəlizdir. Ona görə də dərhal qərara aldı ki, qızın sözlərinə heç bir fikir verməsin. Ümid “Şəbəkə”yə və Aslana qalırdı.

Firəngiz maşının aeroport döngəsində şəhərə tərəf, yəni evə tərəf geri dönmədiyini sanki görmədi və özünü o yerə qoymadı. “Deməli, qaçırır…” Firəngizin yan pəncərəyə dikilib qalmış gözlərinin içinə ilıq bir təbəssüm doldu, dodaqları qaçdı.

Payızın ortaları olsa da, əsasən, yay restoranı kimi tanınan “Şəbəkə”nin hələ də gur vaxtı idi. Aslan bufetin piştaxtasının arxasında onları uzaqdan görüb xörəkpaylayanlardan birini tez yanına çağırdı, Vaqifə əl elədi, “siz gedin oturun, mən sonra sizə yaxınlaşaram…” Vaqif və Firəngiz restoranın içinə girmədən onları girəcəkdə qarşılayan xörəkpaylayan oğlanın dalınca gedib dəniz ləpəsinin adamın ayağına toxunmağına lap az qalan bir yerində haman quma batmış qoca qayalığın bərəlmiş gözünün yanında təzəcə təmizlənmiş stolun arxasına keçib oturdular.

Xörəkpaylayan oğlan onları köhnə müştəri kimi salamladı:

– Xoş gəlmisiz. Həmişə siz gələsiz… Təzə balığımız var.

– Sağ ol. Bizə hələlik çay gətir… – Vaqif ona baxmadan dedi.


Vaqif yerini rahatladı və elə bil, ancaq indi, dənizin mehi ona dəydikdə hiss elədi ki, necə yorulub. Yorulmaq yalnız hər hansı bir fiziki iş görməklə üzə çıxmır. Zehni əməyin də nəticəsində yorula bilərsən. Elə bircə Qüdrət müəllim yetər ki, onunla gün ərzində ünsiyyətdə olan adamın başının üstünü yorğunluq dənizdəki 9-cu val kimi alsın. Bura isə Allah, Allah necə də sakit, necə də həzindir. Bu ki bir başqa, tamam başqa dünyadır. Payız mehi adamı az qala bihuş edir, dənizin səsi ahəstə-ahəstə “sən axı yazıqsan, sənə niyə bu qədər zülm edirlər?!” pıçıldayır. 9-cu valın ən uzaq hənirtisi belə buralarda eşidilmir. Dünya burada gözəl dünyadır. Tütçev deyən kimi təsadüfi cizgilərini silsən bu dünyanı ancaq sevmək olar. Ondan ancaq ləzzət almaq olar. “Şəbəkə” ətrafındakı dünyanın heç bir təsadüfi cizgisi yoxdur. O, bütöv və …laldır.

“Vaxt vardı, Tütçev də mənim üçün tanış olmayan “sonsuz lüğət”in bir qəribə, sirli parçası idi. İndi isə necə də tanış və doğmadır…” Bütün cizgilər əsas və aparıcıdır. Bütün cizgilər adamı onun sevdiklərinə gətirir – anasına, qardaşına, Firəngizə… Bir də, əlbəttə ki, Kitaba.

Kitab onun, yaxınları belə deyir, Vaqifin əbədi məhəbbətidir. Məqalə məqalə dalınca. Esse esse dalınca, şeir şeir dalınca yazıldı. Özü də səbəbini bilmirdi ki, niyə bunu edir. Bu yazılanları Kitabmı ona yazdırır, yoxsa o özü bu şəkildə Kitaba addım-addım yaxınlaşır, öz izzəti-hörmətini bu şəkildə bildirmək istəyir?!

Kitab bir qəliz və müşkil məsələ idi. Onun içinə girmək – çalışıb heç kimin görmədiyini, demədiyini ortaya qoymaq demək idi. Bunu etmək əgər mümkün deyilsə, bu işə başlamağın özü mənasızdır. Sadəcə, deyilənləri başqa şəkildə, tanış sonsuz lüğətin registri vasitəsilə dəyişmək o deməkdir ki, sən heç nə etməmisən. Nə isə etmək – tamam başqa vasitələrdən istifadə etmək deməkdir. Nə isə etmək yad sonsuz lüğətin ölçüləri ilə Kitaba yanaşmaqdır.

“Bu necə olur ki, dənizin ahəstə-ahəstə layla deyən anlaşılmaz səsini başa düşmək olur, Qüdrətin qışqırtı dolu səsini-sözünü —yox. Qüdrətin səsi hərdən bilinmirdi ki, hansı sözləri tələffüz edir, deyir… deyir…” Belə çıxır ki, Qüdrət də bir başqa tanış olmayan, yad sonsuz lüğətin alətidir?! O zaman, həqiqətən, sonsuz lüğətlərin özü də sonsuzdur.

Birdən-birə Vaqifin əməlli-başlı yatmağı gəldi. Ayıb olmasaydı, elə buradaca, qumun üstünə bir adyal atıb üstünə uzanardı. Əvvəlcə sağa-sola ağnayardı. Sonra başını yerin təkinə girmiş qayanın gözünün üstünə qoyub bu qumlara əsir olmuş qayanın yanında daş kimi düşüb qalardı. Yorğunluğu ancaq belə çıxa bilərdi. Bəlkə də çıxmazdı. Çünki bu yorğunluq saatların, günlərin yorğunluğu deyildi, ayların, illərin, minillərin yorğunluğu idi. Bu yorğunluq nəhayət, Qüdrətin, Atakişinin, Nəmidənin, Rüxsarənin yorğunluğu idi. Sonsuz sayda tanış olan sonsuz lüğətlərin yorğunluğu idi.

– Sən, yəni, indi mənə deyəcəksən ki, guya məni sevirsən? – Firəngiz fürsəti fövtə vermədi, elə masa arxasına oturan kimi maşındakı söhbətə qayıtdı. O öz qadın fəhmi ilə hiss eləmişdi ki, bayaqkı söhbətin təzəliyi itməkdə, unudulmaqdadı. – Üç gündür məni axtarmırsan… Gün ərzində bir dəfə mənə zəng eləməmisən. Xəbərin yoxdu, ölmüşəm, qalmışam… eh… bezmişəm mən. Belə də münasibət olar?! Mən heç nə başa düşmürəm.

“Hər şey təzədən?! Niyə axı, ay Allah?! Heç olmasa sevdiyim insanla beynim niyə dincələ bilmir?! Niyə bu şəraiti sən mənə yaratmırsan?!”

Bəlkə də bu söhbəti hərləyib-fırlayıb məzəyə çevirmək olardı. Bəzən elə belə də olurdu. Aslan vaxtında yetişirdi. Amma bu səfər Firəngizin çox tutqun olsa da, həm də çox, diqqətli bir halı vardı. Sözünün hərlədilməsinə, ya da fırladılmasına izin verən adama Firəngiz bu axşam heç oxşamırdı. “Bir tərəfdən baxanda, bəlkə də haqlıdı. Ata nəvazişi – yox, bir dostu, rəfiqəsi – yox. Bu adam nəvaziş axtarır. Səhərdən axşama qədər anasının yanında. Öldürsən də atasına zəng eləməz. Aslan lazımdı, Aslan!..”

Firəngizin atası Sovet İttifaqı adlanan ölkə dağılandan sonra Moskvaya köçüb orada yaşayırdı. Qəşəng dostları, biznesi vardı. Əvvəllər Firəngiz ilə anasını da yaşamağa yanına çağırardı, indi daha çağırmır. Amma onların dolanışığını getdiyi gündən bu günəcən əməlli-başlı təmin edir. Atasının Firəngizdən ötrü ürəyi gedirdi. Ən böyük arzusu Firəngizlə öz yeni ailəsini, iki balaca uşağını tanış eləmək idi. Yeni arvadı həkim idi. Onu da buna razı salmışdı. Amma Firəngiz də yerinə düşdü, düşmədi, baxmazdı, tərslik eləməyi bacarırdı. Bu günəcən atasını da, onun təzə ailəsini də yaxına buraxmamışdı. Demək olmaz ki, anasının təsiri ilə belə edirdi. Artıq özü də bilmirdi ki, niyə belə edir. Görmək istəmirdi, vəssəlam. Vaqifə də bu barədə hər hansı söhbəti salmağı qadağan eləmişdi.

Firəngiz illər boyu bu barədə uzun-uzadı düşünərək özünü inandırmışdı ki, hər insan öz təbiətinə görə xoşməramlı məxluqdur. Nahaqdan deyildir ki, hər bir adam – Firəngizin özü də istisna olmamaqla – ata-anasını sevir və ilkin xislətinə görə istəyir ki, ata və anası da bir-birini beləcə sevsin. İnsanın ən böyük istəyi ətrafında sevgi yaratmaqdır. Bunu edə bilməyəndə o ruhdan düşür, öz məhəbbətini içində əzməyə çalışır. Bu da alınmayanda, onun bütün mübarizəsi özünə qarşı çevrilir, özü-özünü didməyə, içəridən yeməyə başlayır. Anası əvvəllər Firəngizi melanxolik əhvalda görərkən qorxa-qorxa təklif edərdi ki, “bəlkə Moskvaya gedəsən?! Gəzərsən, havanı, suyunu dəyişərsən…” Firəngiz ona heç bir cavab verməzdi, sərt şəkildə söhbəti dəyişərdi. Anası da payını götürərdi. Daha axır vaxtlar anası ona belə təkliflər etmir.


Vaqif ilk bahardakı gilas ağaclarının budaqları kimi dənizdə uzaqlarda çox ehmalca hələlik yalnız ağarmaq istəyən xəfif ləpələri bilici gözlərilə axtarmadan tapdı. “Görəsən, nə zaman xəzriyə dönər?!” düşünüb hələlik zərif, itib görünən bəyaz ləpələrə peşmanlıq dolu bir nəzər saldı və üzünü guya ki, məcburən (hər-halda belə alındı) Firəngizin gözəl çöhrəsinə tutdu:

– Yaxşı, danış görüm, başımın bəlası, nə olub, nə olmayıb? Niyə belə birtəhərsən? Daha doğrusu, niyə belə aqressivsən?! Kim səni fitilləyib mənim üstümə göndərib?! Gəmilərin harda, nə zaman batdı?! – Vaqifin bütün sualları eyni cür monoton səsləndi.

Xörəkpaylayan oğlan əlindəki podnosda çay, limon, paxlava, şirniyyat, qənd gətirib gəldi. Səliqə ilə və böyük bir ədəblə bunları stolun üstünə düzməyə başladı. İşini qurtarandan sonra ədəblə:

– Başqa nə lazım olsa, mən burdayam, – deyib aralandı.


Payız təzə girsə də, havalar hələ isti və kifayət qədər nəmişli idi. Ciyərdolusu nəfəsi ancaq dəniz sahilində almaq olurdu. Günəş batmışdı, qaranlıq isə hələ düşməmişdi. Şər qarışan vaxt idi. Gün ərzinin Vaqif üçün ən sevimli vaxtı. “Şəbəkə”nin üstünü yavaş-yavaş ağ-qara buludlar alırdı. Uzaqdakı ləpələr bəyazlıqlarını daha itirmir, qoruyub saxlaya bilirdilər. “Yəni, yağış yağar?!” – Vaqif düşündü. Restoranın işıqları yandı. Restorandan aşıq səsi eşidildi. Burada sifariş verib restorandakı aşıq dəstəsini yemək otağına çağırmaq olurdu. Bir qədər keçdi və bu aşıq səsinə uzaqdakı evlərin hansındansa balaca bir uşağın ağlamaq səsi qarışdı. Bu uşaq necə ağlayırdısa adamın ürəyi parça-parça olurdu. Ağlamaq səsi aşıq musiqiçisini çox asanlıqla öz tanış ahəngindən çıxardı. Aşıqlar susub uşağın ağlamasının nə zaman kəsəcəyini səbr və təmkinlə gözləməyə başladılar.

Vaqif əlini atıb çaydanı aldı və armudu stəkanlara çay süzməyə başladı. Çayın zərif ətri buğ-buğ olub ətrafa yayıldı. Aslan onların xətrinə çaya bir-iki tel zəfəran atdırmışdı.

– Bah-bah, bunun qoxusuna baxırsan? Paxlava istəyirsən? Özləri burda bişirir, – deyə Vaqif stolun üstünü nəzərdən keçirib çayı süzə-süzə soruşdu.

– Yox, sağ ol. Necə baxım mən bunun qoxusuna?! Heç qoxuya da baxarlar?! Qoxunu da görərlər?! Bu da bizim çoxbilmiş professorumuz. – Firəngiz çay stəkanını burnuna tutdu. – Nə qoxusu olacaqdı ki… Zəfəran vurublar da. Yavaş, ağzın yandı… uff… – Firəngiz dözməyib qaynar çaydan bir qurtum almış və indi də ufuldayan Vaqifə acıya-acıya baxıb o da ufuldadı.


Страницы книги >> Предыдущая | 1 2 3 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации