Автор книги: Kamal Abdulla
Жанр: Современная зарубежная литература, Современная проза
сообщить о неприемлемом содержимом
Текущая страница: 3 (всего у книги 10 страниц) [доступный отрывок для чтения: 3 страниц]
Bax, məsələnin canı da elə burda idi. Qoxuya “baxmaq” istəməyən Firəngiz Vaqif üçün çox maraqlı idi. Bir dəfə qız Vaqifə öz uşaqlığından danışmışdı. Anası ona qaçıb yıxılmaması üçün “ayağının altına bax…” demişdi və balaca Firəngiz dayanıb yerə oturmuş, ayağını qaldırıb altına baxmağa çalışmışdı. “Bu qız ənlik-kirşandan əvvəlki dövrün qanunları ilə düşünə bilir. Kitabın görülməyən tərəflərinə girsə, ancaq Firəngiz girə bilər”.
Dodağı balaca yansa da Vaqif bunu biruzə vermədi. Firəngizə bu gün heç nədə haqq qazandıra bilməzdi. Ani olaraq yadına yenə də hardansa fırlanıb gəlib “gözəlim” Qüdrət düşdü. “Görəsən intervünü adam balası kimi verə bildi?!”
– Pislik eləyiblər sənə zəfəran vurublar çayına?! Yəqin, bunu ediblərsə, hörmət əlaməti olaraq ediblər. Sən yaxşılıq bilən adam deyilsən heç. “Ay, ay, ay… Nahaq belə dedim. Çox nahaq. Çoxmənalı alındı, dəyişmək lazımdı temanı…” Bilirsən, zəfəran ürəyə nə qədər faydalıdır?! Hardan biləsən?! Səninki olsun: “sevirsən-sevmirsən”… Bu qara-qura fikirlər haradan gəlib girir sənin bu gözəl başına? Vallah və billah, mən mat-məəttəl qalmışam, – deyə Vaqif “temanı” dəyişə-dəyişə yarı şux, yarı ciddi şəkildə çaydan ehtiyatla daha bir qurtum aldıqdan sonra Firəngizdən soruşdu.
Firəngiz birdən-birə büzüşdü, üşüyən kimi oldu:
– Hansı qara-qura fikirlər? Mən heç nə bilmirəm. Heç nədən xəbərim yoxdur. Mən evə istəyirəm. “Mən yaxşılıq bilmirəm demək…”
– Evə istəyirsən? Bəs demirdin saat onacan vaxtın var? – Vaqif təəccüb etmədi. O, Firəngizin belə dəyişik hallarına alışqan idi.
– Mən evə getmək istəyirəm. Bu aydın deyil? – Firəngizin səsi bu dəfə xeyli sərt bir təkid çaları ilə doldu.
Vaqifə elə gəldi ki, bir az da keçsə qız ağlayacaq. Ən zəhləsi gedən şey elə bu idi. Kiminsə onun yanında ağlaması və bunun qarşısını almaq üçün onun özünün heç nə edə bilməməsi Vaqif üçün dünyanın min qatı əzabı kimiydi.
– İnsafın olsun, indi gəldik ki… – Vaqif ora-bura boylandı. “Aslan barı ləngiməyəydi. Gəlib öz gic zarafatları ilə ortalığın havasını ancaq o dəyişə bilər”. – Sən deyəcəksən, nəhayət, nədi dərdin, ya deməyəcəksən? – Vaqifin də səsi sərtləşdi.
Firəngizin çiyinləri titrədi. Sinəsinin dərin yerindən yanıqlı bir hıçqırıq boğula-boğula yol alıb üzü yuxarı gəlməyə başladı. “Deməli, belə… mən yaxşılıq bilən adam deyilmişəm. Deyilmişəm. Eləmi?! Allah, mənim niyə bəxtim yoxdu?!” Qızın artıq gözlərindən yaş gəlməyə başladı. O, için-için hıçqırmağa başladı. Vaqif əməlli-başlı təşvişə düşdü:
– Sən allahın, başlama. Sakit ol. Götür, çaydan iç. Nooldu sənə axı?! Bir hadisə baş verməyib ki?! Sən mənim əzizimsən… Sən bəyəm bunu bilmirsən?..
Vaqif stulunu çəkib qızın yanına keçdi. Yanaşı oturdular. Əli ilə Firəngizin çiyinlərini qucaqladı. Qız qəflətən başını onun qoltuğu altında gizlədib hönkürdü. Vaqifin ürəyini, elə bil, kəlbətinə saldılar, ürəyi sıxıldıqca sıxıldı. Tərslikdən elə bu zaman uzaqda ağlayan uşaq kiridi və restorandakı aşıqlar bunu gözləyirmişlər kimi yenə də səslərini başlarına atdılar. Vaqif hər iki əli ilə Firəngizin çiyinlərindən bərk-bərk yapışdı. Kənardan baxan elə bilərdi ki, bu adam qızı bərk-bərk qucaqlayıb. Amma Vaqif yalnız qızın çiyinlərindən bərk-bərk yapışmışdı. Vaqif qızı qucaqlamamışdı və indi buna görə yəni qızı istədiyi kimi qucaqlaya bilmədiyinə görə ürəyində özünü yamanlayırdı. Beynindən keçdi ki, bir azdan bunun bədəlini hökmən verməli olacaq. “Əməlli-başlı izahat yazmalı olacağam…”
Firəngiz “bərk yapışmaq”la “qucaqlamaq” arasındakı fərqi yaxşı bilirdi. Və indi də bu ikisi arasındakı seçimdə öz hissiyyatına güvənərək seçimi “bərk yapışdı”ya verdi. Qəflətən Firəngiz başını Vaqifin əlləri arasından çıxarıb “məni aldada bilməzsən” saçlarını necə gəldi, tələsik düzəltdi. Sonra, elə bil, nə isə xatırladı və sol qaşını təəccüblə yuxarı qaldırdı. “Sol qaş qalxdısa işlər yaxşı deyil…” – Vaqif düşündü.
Firəngiz balaca çantasından bənövşəyi naxışlı bir dəsmal tapıb yenə də çantasından çıxardığı kiçik güzgüyə baxa-baxa üzünə yayılmış göz yaşını bu dəsmalla ciddi-cəhdlə silməyə başladı. Elə bu zaman Firəngizin yadına nə isə düşdü və onun gözləri birdən-birə güldü, üzünə qəribə bir sakitlik çökdü. Qızı, elə bil, bircə anın içində cadu eləyib dəyişdilər. Eynən qara və vahiməli meşənin ortasındakı talaya beləcə sakit-sakit və gözləmədiyin halda qarşısıalınmaz bir axşam çökür.
– Noldu sənə? Nədi, rəngin niyə qaçıb? – Firəngiz Vaqifə baxıb gülməyini güclə saxladı, qızın artıq sözlərinin içi də gülürdü. – Mənə görəmi qanın qaraldı? Niyə danışmırsan? Bir söz de. De, utanma. De görüm, sən niyə özünü belə… yekəxana aparırsan?! Hə, de görüm niyə?! – Firəngiz maşından düşərkən dizinin üstündən götürdüyü bənövşəyi şarfı yenidən boğazına doladı.
Vaqif qızın əhvalının düzəldiyini görüb sakitləşdi:
– Heç nə demirəm. Mən daha heç nə demirəm. Mən yazıq?! Yekəxana?! Sən bax gör, bacarsan, Allahdan qorx. Sən elədiyini adama düşməni də eləməz. – Vaqif incimiş halda stulunu sürütdəyə-sürütdəyə çəkib öz yerinə qayıtdı.
– Olar, biz bu barədə danışmayaq?! Hər şey yaxşıdır. – Firəngiz ciddiləşdi. Ciddilik rejiminə qəflətən keçmək Firəngizə yaraşmırdı, qız süni görünürdü. Bu keçid gərək yavaş-yavaş baş verəydi. Amma buna ən azından vaxt lazım idi.
– Heç narahat olma. Vaqif, mən özüm də bilmədim ki, qəfildən nə oldu mənə. Elə heç nədən, birdən-birə ağlamağım gəldi. Heç nədən, inanırsan?! Məndə olur. Buralar elə gözəldi ki… oy, ay allah… – Firəngiz ətrafa boylanıb sanki ilk dəfə görürmüş kimi içini çəkdi.
– Evə gedəssən, yoxsa bağa gedirik?.. – Vaqif onun dediklərindən heç nə başa düşmədi.
Vaqif dərinə getmək fikrində deyildi. O, qıza baxdıqca bir tərəfdən ürəyində onu yamanlayırdı, o biri tərəfdən yenə də hansısa vəhşi bir hiss onu bu allahın bəlasına tərəf inanılmaz qüvvə ilə dartırdı. “Bağda mən sənə göstərərəm kim kimdi… Yalvara-yalvara qalassan…”
– Hələ çayımızı içək… – Firəngiz heç nə olmayıbmış kimi dilləndi. “Belə yalvararsan…”
Vaqif uzaqdan Aslanın onlara tərəf gəldiyini gördü. “Hardabatıb qalmısan sən? Gəl, çıx da…”
– Aslan gəlir… – Vaqif hər ehtimal Firəngizə xəbərdarlıq etdi.
Firəngiz sakitcə, diqqət çəkmədən dəsmalını və güzgüsünü sürüşdürüb çantasına qoydu. Bənövşəyi şarf hardansa sıçrayıb çıxaraq sanki öz-özünə qızın boğazına dolandı, onun qarayanız sifətinə xüsusi bir yaraşıq verdi. Üzünə-gözünə kəpənək qədər kövrək və şən bir ifadə qondu, Firəngiz tələsmədən, xüsusi işvəli əda ilə çayından bir qurtum aldı. “Mən hazır…” deyə bu dəfə sağ qaşını qaldırıb Vaqifə yenə də işvəli bir baxış atdı. Heç, elə bil, beş dəqiqə əvvəlki qız bu deyildi. “Bundan yaxşı aktrisa çıxar. Noolar, nə bacardınsa elə”.
Aslanın gümrah, amma yenə də yorğun səsi onların başının üstünü aldı:
– Salam, salam. Xoş gəlmisiz. Yol azmısız, deyəsən. Necəsiz? Nə var, nə yox?! Nisə xala neynir?! Vay-vay! Adə, yenə dəymisən bu uşağın xətrinə?! Deməmişəm sənə bunun qədrini bil? – Aslan məclisi diqqətlə gözdən keçirib öz beynində fırlanan və ancaq özünə məlum nəticəyə gəldi. Artıq onu bu nəticədən heç bir dəlil, məntiq uzaqlaşdıra bilməzdi. O, ərklə stul çəkib oturdu. – Çayın dəmi gəlib. Mən də bir stəkan içərəm…
– Salam, Aslançik. Necəsən? – Firəngiz artıq xoşbəxtlik sularında keyflə üzən bir adam kimi danışırdı. – Gətirir ki, bu məni bura. Deyəsən, kiməsə buralarda qısqanır məni. Sən necə bilirsən?! Ya da… Bəlkə başqaları ilə gəlir?! Hə?..
Aslan heç vədə Firəngizin işıq saçan, hiyləgərlikdən büzüşmüş qarayanız üzündən-gözündən başa düşə bilməzdi ki, bir az əvvəl indi guya mehriban olan bu adamların arasında qanqaraçılıq olub. Çünki Aslan gələndən sonra Firəngizin qapqara gözlərinin dərinində artıq heç bir yad qığılcım qalmamışdı. Səsi də xeyli şax olmuşdu. Amma belə bir maskarada Aslanın qəti ehtiyacı yox idi. O, ən azından Vaqifi beş barmağı kimi tanıyırdı. Gözünün ucu ilə baxmağı kifayət idi ki, beynindən bu sözlər gəlib keçsin: “Bu suyusüzülmüş yenə bir zibil qaynadıb. Yoxsa belə niyabəd kimi oturub qalmazdı. Gör bir dodaqları necə büzülüb. Mən sənin bu halını yaxşı bilirəm”.
Vaqif səsindəki kallığı gizlədə bilməsə də Aslana bir ipucu atmaq istədi.
– Çayını iç. Heç nə olmayıb. Özünü nahaq yerə yorma.
Aslana bir işarə kifayət idi. O, Vaqifin bir sözündən tutub quyunun dibindən ağzınacan qalxa bilərdi. Amma bunu istəyəcəkdimi?!
Vaqif üzünü peşman-peşman kənara çevirib inadkar uşaqlar kimi gözlərini dənizdə uzaq bir nöqtəyə zillədi. Vaqif o uzaq nöqtədə enib qalxan artıq ağappaq dalğaların üstündə Qüdrət müəllimin şəklini gördü. “Yenə də bu? Əl çəkməz ki adamdan”. Sonra Qüdrət müəllimin şəkli sulara qarışdı, yox oldu, Vaqif bu dəfə dalğalarda öz şəklini gördü, sonra həm öz şəkli, həm də Qüdrət müəllimin şəkli sahilə tərəf bir müddət yanaşı gəldilər. Sonra bu şəkillər də bir-birinə qarışdı. Dəniz teatrında kamera oyunu beləcə bitdi. Vaqif diksinib bu gördüklərindən ayrıldı. Dənizdə dalğalar yenidən dalğa oldu. Ləpələr getdikcə daha çox ağarır, özləri ilə sahilə sərin meh gətirirdilər. “Xəzri gəlir…”
Firəngiz bir gözü Vaqifdə, beyninə vurmuşdu ki, bu axşam necə olsa da Aslandan nə isə bir söz alsın. Səsinin çox yumşaq, cazibədar, incə yerinə saldı:
– Sən Allah, ay Aslan, sən düz adamsan axı. Həmişə demirsən, mən düz adamam?! Həyat professoruyam?!
– Həri, elədi. Şübhən var?
– Yox, qətiyyən. Mən də onu deyirəm. Bu adam buralara mənsiz gəlir, ya gəlmir? Hə?… Vaqif müəllim, biz indi səni, necə deyərlər, qovub-qovub… nə təhər idi o söz… mərd adam edərik, sən də görərsən… Edək, həyat professoru?!
– Vallah, göydə Allah var. Dil çaşar, düzünü deyər. Qovub-qovub mərd edəcəkmiş… – Vaqif Firəngizi yamsıladı. – O söz sən deyən kimi deyil, o söz belədir. Qova-qova mərdi, yəni məni namərd eləyərlər. Sən bax, indi bununla məşğulsan.
– Necə yəni, sən yəni namərd oldun indi?! – Firəngiz söz burulğanına düşdü və çaşıb qaldı.
– Olar, olar, namərd də olar, niyabəd də olar. Yüz faiz əlindən gələr… Yaxşılıq deyil ki, əlindən gəlməsin?!
“Ufff, nə verdi cavabını… Elə bil, ürəyimi oxudu. Mənə deyirdi – “yaxşılıqbilməyən”, özü bundan çıxdı”. Firəngizin gözlərinə işıq gəldi.
– Sağ ol, Aslançik, Nə dedin… yerində dedin.
– Aslan, ay həyat professoru, Azərbaycanda üç nəfər dinsiz-imansız adam varsa, ikisi sənsən. – Vaqif yanıb töküldüyündən bilmədi daha nə desin. Aslana söz təsir eləyən deyildi. Heç nəyi vecinə almaz, heç nə onu dilxor eləməzdi. İndi də əlini oynada-oynada Firəngizə guya ki, belə dedi: “görürsən də, mənim sözlərimi mənə qaytarır, qoy desin, desin, sən buna inanma…”
“Üç nəfər… varsa, ikisi sənsən” ifadəsi, doğrudan da, Aslandan gəlmə ifadə idi. O da hansısa xanəndədən eşitmişdi, məqamına görə dəyişdirib yeri gəldi-gəlmədi döşəyirdi. Xanəndə də deyirdi ki, guya bunu Habil Əliyev musiqiçilərdən birinə toydan sonra sözləri çəp gələndə deyib. Orjinalı belə idi: “Azərbaycanda üç nəfər əclaf varsa, ikisi sənsən”.
Aslanın məktəb illərindən bəri adı “ingilis füləyi” idi, fərq eləməzdi onunçün kim haqlıdı, kim yox, o məqamda ağlına necə gəldi, elə də danışardı. Ustalıqla işi elə qurardı ki, bir çox qanqaraçı məqamlar gülüş üstündə ertələnərdi.
– Sizə bəs zoğal mürəbbəsi gətirmədilər?! Vay-vay… Buna baxırsan, dilimlə özüm tapşırdım…
– Neynirsən zoğalı, iç həmişə içdiyin kimi qəndlə, burda aranı qarışdırdın, indi rahat gedib işinlə-gücünlə məşğul ola bilərsən. Odu, bufetin qabağında araqçün “kliyent”lər növbəyə düzülüblər. – Vaqif oturan yerdən restoran bufetinin piştaxtası görünürdü.
– Hə… nə tez gəldilər?! Mən zoğalı səninçün demirəm, professor-müəllim. Fira üçün (yəni, Firəngiz üçün) deyirəm. Keçən səfər onun xoşuna gəlmişdi… Sən isə… Utanmırsan, belə şeyləri yaddan çıxarırsan?! Sənə ayıb olsun. – Xeyli teatral bir ciddiliklə Aslan guya ki, havadakı gərginliyi yumşaltdı. Amma intonasiyası elə idi ki, Vaqif tərəfə bircə söyüş qaldı deməsin.
Aslan öz işini görəndən, yəni, əslində, qızı məmnun edəndən sonra dodaqlarının ucu ilə yüngülcə gülümsədi. Bu gülümsəmə, təxminən, belə bir mənanı ifadə edirdi: “Sən, Fira buna fikir vermə, baxma belə danışır, özünü belə dartır. Otuz ildir bir yerdəyik. Mən bu adamın hər üzünü tanıyıram. Həri, həri, mən universitet oxumamışam. Mən, hamı bunu bilir, sən də bilirsən, mən həyat professoruyam. Bu yoldaş isə… – Aslan qiymətverici bir baxışla, zəndlə Vaqifi başdan ayağa diqqətlə süzdü. – Bu isə, Fira, hələ bir adamı da darda qoymayıb. Bu ki var, mən bunu yaxşı tanıyıram. Danışar, danışar, adamı incidər, dili bunun acı istiotdur, amma ürəyi təmizdir”.
Firəngizin hər iki qaşı yuxarı dartıldı, guya ki, Aslanın düşündüklərini o da olduğu kimi başa düşdü və razı-razı başını tərpətdi. “Bax, əsl dost belə olar. Həm söyür, həm də öyür”.
Aslan çayını nəlbəkiyə töküb hortuldada-hortuldada hövlnak içdi, dərindən bir “ah” çəkib durdu ayağa. Əlindəki əzişib-büzüşmüş yaşıl dəsmal ilə boynunun tərini sildi:
– Yaxşı, mən getdim. Ürəyiniz başqa bir şey istəmir? Professor-müəllim, balıq əlasındandı, biləsən… – Aslan qəflətən üzünü yuxarı, səmaya tutdu, başlarının üstündən tələsik keçən ağlı-qaralı buludlara diqqətlə baxdı. – Yağış yağa da bilər, yağmaya da. Amma xəzri – yüz faiz! Damcılasa, keçin içəri, sizinçün kabinet saxlatmışam.
– Yeri get, oğlan, sən yaxşı cayıl deyilsən… – Vaqif onların məclisinin öz dilində məşhur olan bir deyimi xatırladı.
Aslan bu sözlərə fikir verməsə də, yenə də dodaqucu gülümsündü. Firəngizə baxıb sözsüz kinodakı kimi başı ilə Vaqifə işarə edə-edə “buna bənd olma, başı xarabdı bunun…” guya ki, bu şəkildə qızla “müttəfiq” olduğunu bəyan etdi və sonra “müttəfiq”ini zərrə qədər peşmançılıq hissi keçirmədən tərk edib cəld bufetə tərəf, onu gözləyən “kliyent”lərin yanına tələsdi.
On il bir məktəbdə, eyni sinifdə oxumuş bu dostların bir-birinə ərki bitib-tükənməzdi. Yəqin, bunu özləri də bilmirdilər ki, bu ərk onlardan xəbərsiz yavaş-yavaş qəribə bir sevgi hissinə dönmüşdü. Bir-birini nərd oyunu zamanı söyüb bir-birinin abrını alan, bir-birilə dalaşan bu adamlar bir-biri üçün darıxır, bir-birini qısqanır, bir-birini kənar nə vardısa hər şeydən qoruyurdular. Hərdən bir-birilə etdikləri zarafat şit alınırdı, ona görə də yanlarında başqa adam olanda öz həmişəki şit zarafatlarını sonraya saxlardılar. Hər şey yüngülvari məzələnmə ilə keçib gedərdi. Firəngiz də bunu bildiyindən deyilən hər sözün arxasında zarafatdan başqa heç bir şey olmadığını gözəl başa düşürdü. Aslan bufetə geri dönəndən sonra Firəngiz Aslan özü olmadan Aslana müraciətlə, az qala öz-özünə dedi, yəni “qızım, sənə deyirəm… amma qoy gəlinim eşitsin”.
– Sağ ol, ay Aslan. Yaxşı ki, sən varsan. Sən də olmasaydın, mənim qədrimi kim bilərdi?! “Mən axı yaxşılıq bilən deyiləm…” – Firəngiz mənalı-mənalı Vaqifə baxdı, “gördün, bayaq dediklərim hamısı düz idi. Bir dənə zoğal mürəbbəsi nədi ki, onu da yadında saxlamamısan. Belə adam istəyərlər?!” – Bir dənə zoğal mürəbbəsi nədi ki… Professor-müəllim, səninləyəm, eşidirsən məni?! “Professor-müəllim!.. Bu cür onu Aslan çağırır. O da belə çağırırsa, deməli, barışıq əlamətidi”.
Vaqif beynindən keçən adda-budda, sərsəri, cığal fikirlərlə qaçdı-qovduya çıxmağı buraxdı. Güclə Firəngizin sözlərinin əks-sədasını tuta bildi:
– İndi bu İngilis füləyinin sözlərinə sən fikir verəcəksən? Tanımırsan bunu?! Nə deyim, vallah?! Ay qız, mən sənə zoğaldan dağ düzəldərəm, dağ. “Hansı dağın adını çəkim ki, bu tanısın…” Kəpəz dağı. İnanmırsan?! “İnanmadı”.
– İnanıram, inanıram. Kəpəz düzəldərsən. Kəpəz nədi ki?! Kəpəz bir təpədi. Elbrus düzəltməyəcəkdin ki…
Vaqifin yadına düşdü ki, bunlar ailəlikcə Firəngiz məktəbi bitirənə qədər yay aylarında Elbrus dağının ətəyinə istirahətə gediblər. Firəngiz Elbrus dağının az qala üstünə də çıxmışdı, deyəsən. Elbrusu tanımalı idi.
“Kəpəz düzgün olmadı. Kəpəz hardan girdi beynimə?!” – Vaqif düşündü.
– Allahdan qorx, qızım… Allahdan… – Vaqif yenə də özünün son pənahına sığındı. Sonra əlacsız halda yorğun-yorğun əsnədi və stəkandakı çaydan bir qurtum aldı, stulunu üzü dənizə çevirdi, əllərini başının dalında daraqladı və gözlərini yumdu. Guya ki ətrafla əlaqəsini kəsdi. Ətrafındakı sakitlik onu əngin dəniz dibi kimi udmadımı, uddu.
Heç kəs gərək elə bilməsin ki, ətrafla əlaqəsini kəsirsə, ətraf bunu sükutla qarşılayacaq. Elə deyil. Ətraf da bu zaman səninlə əlaqəsini kəsir. Bəlkə hələ sənə düşmən də kəsilir. Sən tənha qalırsan, “ətraf” deyilən reallıqdan kənara atılırsan. Sən olduğun kimi görünmürsən. Sən büzüşmüş, balacalaşmış bir varlığa dönürsən. Vaqif indi qıraqdan baxana bu cür balaca, kimsəsiz, az qala zavallı kimi görünürdü. Dünyaların arasında qalmaq, birindən o birinə keçmək elə də asan deyilmiş. Amma orası da var ki bir tərəfdən balaca görünürsənsə, o biri tərəfdən böyük görünürsən.
Bərəlmiş qayalıq gözü onu sonsuz maraqla izləməkdə idi.
Firəngiz onun bu halına nəzər yetirdikcə ürəyi sızladı. Vaqifin ətrafla əlaqəsinin olub-olmaması, azalıb-azalmaması Firəngizi qətiyyən maraqlandırmırdı. Firəngiz üçün bu halın başqa səbəbi var idi. “Yorulub. İşləməyi də adam kimi deyil. Nə yaşamağı adam kimidi, nə işləməyi, nə də sevməyi… Gözləri çuxura düşüb, ovurdları dərinləşib, hulqumu çıxıb, özü də necə… Saçlarına bax, hələ. Pırpız. Belə saç darayarlar?! Bəs sənin nazını kim çəkəcək?! Niyə mən yox? Niyə? Hələ bu yorğunçuluq… Ay allah, bunun üzündə nə qədər yorğunçuluq yığılıb qalıb… Üzünün, alnının qırışlarının dərinində, harasında istəyirsən orasında eləcə yorğunçuluqdu gizlənib durub. Üzünün hansı yerindən öpürsən, öp, elə bil, yorğun, əzilib-büzüşmüş bir alma qabığını öpürsən. Elə bil, bunun altmış yaşı var. Sənə qurban olaram. Sənsiz bir günüm olmasın. Sən olmasan mən ölləm. Mən olmasam sən də ölərsən, bilirəm. Mən olmasam, sən də öl. Yaşama. Həqiqətən, sənsiz mən ölləm. Yox, yox… sən mənsiz neynərsən, elə, amma ölmə, zarafat elədim, incimə. Səni mən heç kimə, heç kimə vermərəm. Yadında saxla. Bunu yaxşı-yaxşı qulağından sırğa elə, as…”
Vaqifi mürgü aparmışdı. Elə bil, hansısa rəsmi iclasda idi. Bu iclaslardakı belə yuxulara alışmışdı, onlara “beşdəqiqəlik” deyirdi. Elə bil harasa (“dibsiz quyuya”) yuvarlanırdın. Ayılanda da, elə bilirdin, beş gün yatmısan. Bütün yorğunluğun canından çıxırdı. İndi də Vaqif belə hallara alışdığı üçün düz beş dəqiqədən sonra gözlərini açanda bir onu gördü ki, Firəngiz stulunu gətirib qoyub onun stulunun üzbəüzünə, dənizlə onun arasında yer eləyib özünə, gözlərini də qırpmadan diqqətlə dikib onun üzünə, maddım-maddım onu seyr eləməyindədi. Vaqif üzünə dikilmiş bu iri, xambaxan gözlərdən savayı heç nə görmürdü. Bir an əvvəlki ənginlik, genişlik, bir sözlə desək, bir az əvvəlki susqun, başqa rəngli dünya itmişdi. Firəngiz par-par parıldayan qara sifətini az qala onun üzünə dayayıb elə diqqətlə baxırdı ki, elə bil, inanmırdı, bu odu, ya o deyil. Qız tərpənməyə də qorxurdu ki, birdən Vaqifin bu quş yuxusu yarımçıq kəsilər. Vaqif gözlərini açan kimi diksindi:
– Bismillah, bismillah, bu nədi, ay qız??? bir də belə eləmə. Adam qorxudan infarkt olar. Ovsunlayırdın məni?!
… onlar ayağa qalxıb çıxışa doğru irəlilədilər. Arxalarınca baxan haman bərəlmiş göz yenə onları izləməkdə idi.
…“Şəbəkə”dən yoxuşla üzü yuxarı qalxan zaman bu dəfə maşının qabaq şüşəsinə Qüdrət müəllimin əksi gəlib həkk olundu. Qüdrət olmağına Qüdrət idi, amma burnunun altında sağ tərəfdəki bığı yox idi. Bu onu multfilm qəhrəmanlarına bənzədirdi. Hansına – Vaqifin yadına düşmədi. “Bu adam, görəsən, bizi qəzetdə biyabır eləyə bildi, ya yox?!” Qüdrətin qabaq şüşədəki əksinə diqqətlə baxıb birdən onu da fərq elədi ki, bu şəkil yenə də Vaqifin özünə oxşadı. Eynən dənizdəki kimi. “Allah, bir gör, bu adam mənə necə də oxşayır. Bircə bığının o biri yarısı da olmasaydı…”
– Qızım, hara sürüm? Evə, yoxsa… “Evə, evə! Noolar, evə de, yaxşı qız… Yuxum gözümdən tökülür. Bu günlük mənim payıma bəsdir”.
O, risk edib maşının üzünü qızdan bir cavab almadan qətiyyətlə şəhərə tərəf döndərdi.
“Deməli, evə gedirik… Noolar, sən görərsən, cənab professor-müəllim. Sən mənə yalvaranda deyərəm sənə. Heç mənim cavabımı da gözləmədi ki… Aslan düz deyir, niyabəddi bu, niyabəd…” Aslanın zarafatla dediyi bu sözü Firəngiz indi də çox böyük etirazla yada saldı. “O niyə belə dedi?! Ayıb deyil ona?! “Niyabəd” nə sözdü, görəsən?!”
Vaqifin ondan cavab gözləmədən şəhərə tərəf maşını sürməsi Firəngizi əməlli-başlı dilxor eləsə də, bunu üzə vurmaq istəmədi. Bunun guya ürəyindən olduğunu bildirmək istədi. Belə alındı:
– Bir az tez sür. Evdə işim var. – Firəngizin artıq heç cür gizlədə bilmədiyi narazılıq, hətta hikkə dolu soyuq səsi çox uzaqdan gəldi və o, əsəbi halda qolundakı saata baxdı. “Mən niyə bu cür əsəbiləşirəm?! Yəqin işdə yorulub. Bəlkə də hirsləndiriblər… Yaxşı, əgər bu adam həqiqətən yorulubsa, ya da işdə əsəbiləşibsə, o zaman mənim günahım nədir?!”
Maşın yenicə salınmış asfaltın üstüylə şəhərə doğru şütüyürdü. Təzə “Volqa”nın təkərlərinin asfaltla təmasından qopan ruhu dincəldən ləzzətli qıjıltı səsini dinləyə-dinləyə onlar kirimişcə susub oturmuşdular.
– Noolub, incimisən məndən? – Birdən Firəngiz nəvazişlə soruşdu. Əlini uzadıb onun saçlarını qarışdırmaq istədi. Vaqif başını qaçırdı:
– Mən? Yox. Səndən incimək olar? Baha başa gələr. Mən öz qədrimi bilirəm. Neynirsən, saçımla nə işin var? Maşın sürürəm axı…
– Bu saçını bir dəfə adam kimi daraya bilərsən?!
– Yox, mənim belə xoşuma gəlir. Nə istəyirsən sən mənim saçımdan?!
Firəngiz maşının qapısı tərəfə çəkildi, oradaca büzüşüb qaldı. Yenə beyninə dadsız fikirlər girdi. “Deməli, belə oldu. Yox, bunun kimisə peyda olub. Mən mən olmaram bunu dəqiqliyilə öyrənməsəm. Sən görərsən, professor Vaqif müəllim”.
Maşın yenə sükut rejimində yol getməyə başladı.
“Yaxşı, tutalım ki, mən hər şeyi başa düşdüm. Bunun qəfildən belə bir namünasib hərəkətini də, mənimlə oyununu da. Amma nə isə baş verməyinə baş verib. Bunsuz deyil. Mən bunu bilmirəm. Mən bunu… hiss edirəm. Məni aldada bilməz. Kitabın içinə düşmək onun üçün elə də təhlükəli olmamalı idi. Yəqin istəməyəcək. Duyuq düşdümü, görəsən?! Yox, belə olsaydı, başqa bir oyun oynardı. Bu, olsa-olsa ancaq təsadüf ola bilər. Bu günkü oyunun mənası duyuq düşmək deyil. Laokoon… Laokoon… Yaxşı, bəs bu Laokoon kimdi və hardan gəlib girib beynimə?! Səhərin açılmağı ilə gəlib. Səhər tezdən beyin təmiz olur. Laokoon! Köhnə yunan nağıllarının qoxusu gəldi bu addan. Troya ilə bağlıdı. Troya atı ilə. Aha, yadıma düşdü. Bu adam atın qəbul edilməsinə qarşı çıxmışdı və cavabını allahlar tərəfindən aldı. Onun cəzası çox müdhiş, çox ağır oldu. Özü üçün də, oğlanları üçün də.
Belə olur. Tanış olmayan yad sonsuz lüğət bu cür gözlənilmədən, qəfildən gəlir girir beyninə, yəni, daxil olur sənin dünyana. Söz, ya da ad sənin tanış lüğətində boşluğa çevrilir. O boşluğu doldurmaq tələb olunur. Dolduran zaman bu sonsuz lüğət artıq əvvəlki deyil. Onun yeni çərçivələri var. Olmaz! Olmaz belə! İnsanlara etibar, inam gün-gündən azalır. Xeyriyyə məqsədilə göndərilən dərmanları bilmirsən kimə verəsən?! Bir nəfərə də inam qalmayıb. Cəbhədə döyüşüb torpaq uğrunda can qurban edənlərəmi verəsən, yoxsa, yoxsa… Başqa kimə versən, bazara çıxardıb o saat satırlar. İnam yoxdu bu gün heç kəsə. Yaxşı ki, Allahverdi var. Hamıdan yaxşısı odu. Aparıb Ağdamın özündə Allahverdini tapıb onun özünə təhvil vermək hamısından yaxşı oldu… Arxayın olluq ki, dərman ünvanına çatdı. Allahverdinin dəstəsinin uşaqları hərbi tapşırıqdan gəlib necə yorğun-yorğun yatmışdılar. Necə gözəl idilər. Heç deməzdin ki, bunlar bir saat əvvəl döyüşdən gəliblər. Ölüb öldürməkdən qayıdıblar. Pionerlagerdə günorta yatışı. Mışıl-mışıl yatan kim, xoruldayan kim?! Gözlərinin qapağından pudluq daşlar asılıb. Yox, əzizi-mən, dağılmağına dünya həqiqətən, dağılıb. Düzəlməyinə də ümid yoxdur. Kimdi düzəldən?!
Düzəlmirsə, deməli özü də istəmir düzəlməyi. Necəydi o deyişmə?! Bir, iki – daşaltı. Beş, altı – Firəngiz. Yenə də Firəngiz?! Doqquz, on – qapını ört.
Yeddi, səkkiz – qirmızı don. Üç, dörd – bizimki…
Mənim aləmimdə Türkiyəyə getməyi bir balaca təxirə salmaq lazımdır. Qoy qurtarsın torpaq uğrunda savaş, bu həngamə sonra görək necə bir görüntü alır. Sabah Həsənağa gözləyir. Ordan Vaqifin yanına gedirəm. Vaqiflə görüşməm lazımdır. Doqquz, on – qapını ört. Beş, altı – bizimki.
Musa Sərdara qəzetdə çıxan materialı hökmən göndərmək lazımdır. Qoy görsün, onun və Almaniyadakı soydaşlarımızın göndərdiyi dərmanlar necə çatdırılır əsgərlərə. Şəxsən hər birinə. Görək hələ bu qəzet materialı necə çıxır. Babat intervu olmasa bir adam inanmayacaq. Heç mən özüm inanmazdım. Bu allahın bəlası Qüdrət qəzetəçilərə nə dedi, nə demədi?! Uşağa buyur, dalınca yüyür. Beş, altı – qapını ört…”
– Sən hələ çox susassan?! Gəldik çatdıq, ay yoldaş. Professor müəllim, ayıl. Gedirsən bizə?! Sənə zoğallı çay verərdim.
Maşın tanış ensiz küçənin yeganə altımərtəbəli evinin qabağında, öz alışdığı yerində dayandı. Firəngiz bu evdə yaşayırdı. O biri evlərin heç birində Firəngiz yaşamırdı. O biri evlər, elə bil, yox olmuşdular.
“Zoğal söhbəti hələ çox çəkəcək, bu hələ zarafat da edə bilir. Bütün gecəmi zəhərlədi… Nə vecinə…”
– Sağ ol. Gecdi. Evdəkilərə məndən salam de. “Bu da sənin payın”.
– Bax, məndən dəvət eləmək. Gəlməsən, anam üzüləcək… “Di get. Son sözü yenə də mən dedim… Hələ telefonda səni nə gözləyir, görəssən”.
Firəngiz, öz ənənəvi ampluasında olan kimi, ayrılarkən dar paltarının kip yapışdığı bütün bədəni ilə ona tərəf dartınıb març-març üzündən öpdü, özü də bu dəfə bunu min ilin həsrətliləri kimi etdi, son dəfə edəcəyi kimi etdi, sonra astaca maşından sürüşüb düşdü, qaranlıqda qara kölgəyə dönüb (var idi, yox idi?) payızın narın yağışı ilə islanmış bu simasız havasında əridi.
“Laokoon. Laokoon. Elə bil, nəinki dilimizin, heç bizim dünyamızın adamı deyil. Beş, altı – Firəngiz… Hələ bu Firəngiz hardan çıxdı?! Heç hənanın yeridi?! Yəqin, hər adamın bir Firəngizi olur. Ən azından taleyində. Həyatında olmaya bilər. Əsla! Əsla! Əsla! Sözünə inanılası Firəngiz qaldımı bu həyatda?! Məncə, qalmadı. Sonuncu Firəngiz elə indicə yox oldu”.
Maşın sürət yığıb “cinayət yerindən” sürətlə uzaqlaşdı. Hər halda maşına elə gəldi ki, bu “xatalı” yerdən tez sürüşüb aradan çıxmaq lazımdır. Vaqif təəccüblə sükana baxdı: “mən axı gərək ki, qaza basmadım, niyə bu maşın birdən-birə belə bərk getdi?! Beş, altı, yox, doqquz, on – qapını ört!.. Laokoon, Laokoon!! Bu ad hardan gəlib girdi beynimə?! Bu adın bizim bu günümüzlə – mənimlə, mənim anam ilə, Zöhrab ilə, Rüxsarə ilə, Qüdrətlə, Firəngizin atası ilə nə əlaqəsi var?! Bu ad nəyə işarə edir?! Mən bu adın nəyə işarə etdiyini necə çözəcəyəm?! İnanmıram, mən bunu çözə bilim!!..”
Gecə saat on ikinin yarısında Vaqif adətkərdə şəkildə yataq otağına keçdi. Yerinə girib telefonun dəstəyini əlinə aldı və televizorun səsini qısdı. Tanış nömrəni çox tez yığdı. Uzun müddət cavab verən olmadı. Düyməni basıb gözlədi. Cavab zəngi gəlmədi. Beş dəqiqə keçdi. Vaqif yenidən avtomat düyməyə basdı. İkinci zumerdən sonra Firəngizin soyuq “alo” səsi eşidildi.
– Yatmısan? – Vaqif ümidlə soruşdu. Çox istərdi ki, qızın da yuxusu gəlsin. Çünki özünün bərk yuxusu gəlirdi. Bu söhbətlər isə rituala görə azından yarım saat sürməli idi. Bəzən bu yarım saatın iyirmi dəqiqəsi sükuta gedirdi. Gün ərzində baş verənləri nə qədər danışmaq olar?! Onun üçün də daha çox susdular.
– Yox…
– Necəsən? Söhbətə həvəsin var?
– Vaqif, gəl belə danışaq. Mənə minnət qoymaq lazım deyil. Yox, sözümü kəsmə, mən bunu, belə deyək, hiss edirəm. Belə… Sən mənə bir də zəng eləmə. Olar?! Belə yaxşıdı. Səninki səndə, mənimki məndə. Uzun-uzun çənə… nəydi ondan… eləməyək.
– Çənə-boğaz…
– Hə… Çənə-boğaz…
– …
– Eşitdin məni? Sağ ol. Daha bura zəng eləmə, zəhmət olmasa. Zəhmət olmaz ki?! Di, sağ ol. Əlvida.
Bu qəribə və ədalı “əlvida” sözündən sonra telefondan gələn zumer səsləri Vaqifin beynini deşib susmaq bilmirdi ki, susmurdu.
“Yəni bu telefondakı qız bir az əvvəlki Firəngiz idi?! İnanmıram. Stanislavskinin sözü olmasın – inanmıram! Yüz faiz o idi, amma yenə inanmıram. Amma gəl məsələyə başqa tərəfdən baxaq. Vaqif, əzizi – mən, istədiyin bu deyilmiydi? Yat, nə qədər yatırsan. Sabah dərs yox, instituta getməmək olar. Birbaşa ofisə. Sonra teatra. Mən buna… bir daha həqqən zəng etməyəcəyəm. Özü istəsə… özü də edər. “Çənə-boğaz”a bax hələ. Bir sözü də adam kimi saxlamır yadında. Beş, altı – bizimki… yox, Firəngiz… Niyə Firəngiz?! yox, Qüdrət… Laokoon… Firəngiz…”
…Vaqif, axır ki, yuxuya gedəndə Firəngiz boğazında bənövşəyi şarf yenə də haman rəngbərəng qəzet kioskunun yanında durub onu gözləyirdi. Maşın heç cür qıza yaxınlaşıb çata bilmirdi. Firəngiz gah şarfı boğazından açıb çıxarır, havada yelləyir, ona işarə verirdi ki, mən burdayam, inan mənə, mənəm, bu mənəm, özü də burdayam, bura sür maşını, gah da onu təzədən boğazına dolayırdı. Vaqif artıq heç cür inana bilmirdi ki, bu qız Firəngizdir. İnanmırdı və bu inamsızlıq elə yuxudaca ona sonsuz əzab-əziyyət verirdi.
Внимание! Это не конец книги.
Если начало книги вам понравилось, то полную версию можно приобрести у нашего партнёра - распространителя легального контента. Поддержите автора!Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?