Электронная библиотека » Карлос Сафон » » онлайн чтение - страница 2

Текст книги "Marina"


  • Текст добавлен: 28 сентября 2022, 18:22


Автор книги: Карлос Сафон


Жанр: Современная зарубежная литература, Современная проза


сообщить о неприемлемом содержимом

Текущая страница: 2 (всего у книги 12 страниц) [доступный отрывок для чтения: 3 страниц]

Шрифт:
- 100% +

Dördüncü fəsil

Deyəsən, indiyəcən heç vaxt bu qədər dəqiq olmamışdım. Mən Plaza-Sarryadan keçəndə şəhər hələ gecə paltarını soyunmağa macal tapmamışdı. Səhər doqquz ayini üçün çalınan kilsə zəngi meydandakı göyərçin dəstəsini hürkütdü, quşlar uçmağa başladı. Günəş gecəki yağışın izlərini qurudurdu. Kafka məni malikanə olan küçənin girəcəyində qarşıladı. Həyətlərdə bir neçə sərçə vardı, pişik professional sakitliyiylə onları güdürdü.

– Sabahın xeyir, Kafka. Bu gün kimisə öldürməyə macal tapmısan?

Pişik mırıldadı, eşikağası kimi məni qapıdan fəvvarəyə qədər ötürdü. Uzaqdan fəvvarənin qırağında oturan Marinanı gördüm. Fil sümüyü rəngində, çiyinləri açıq paltar geyinmişdi. Dizlərinin üstündə dəri üzlüklü kitabça vardı, Marina diyircəkli qələmlə nəsə yazırdı. Bütün fikri yazdığındaydı, yaxınlaşdığımı hiss eləmədi. Elə bil indi hansısa başqa dünyada idi, bir neçə saniyəlik də olsa, onu bu vəziyyətdə izləmək xoşbəxtliyinə nail olmuşdum. Məncə, onun körpücük sümüklərini ancaq Leonardo da Vinçi çəkə bilərdi, bu gözəlliyi başqa kiminsə çəkə biləcəyi ağlıma gəlmirdi. Kafkanın mırıldanmağı axır ki, Marinanın diqqətini cəlb etdi. Marina gözlərini qaldırdı, nəzərlərimiz toqquşdu. O saat kitabçanı bağladı.

– Hazırsan?

Marina məni Sarryanın küçələriylə qeyri-müəyyən istiqamətə aparmağa başladı və gəzintimizə aid bütün suallara müəmmalı təbəssümlə cavab verdi.

– Hara gedirik? – bir neçə dəqiqədən sonra soruşdum.

– Səbirli ol. Birazdan özün görəcəksən.

Sakitcə onu izləməyə başladım, içimdə elə bir hiss yarandı ki, elə bil mənimlə zarafat edirlər, amma zarafatın nədən ibarət olduğunu hələ başa düşməmişdim. Bonanovo bulvarına düşüb San-Qervasi istiqamətində getməyə başladıq, “Viktor” barının qabağından küçəni keçdik. Barın qabağında bir dəstə modabaz pivə içirdi. Biz yanlarından keçəndə çoxusu eynəyini alnına tərəf itələyib Marinanı başdan-ayağa süzdü. “Gözünüz çıxsın!” – fikirləşdim.

Doktor Ro küçəsinə çatanda Marina sağa döndü. Dar, asfaltlanmamış yolla bir neçə kvartal getdik, 112 nömrəli böyük binanın yanından fırlandıq. Marinanın dodaqlarında yenə müəmmalı təbəssüm oynadı.

– Buradır? – maraqla soruşdum.

Elə bil bu yol heç yerə aparmırdı. Marina sakitcə gedirdi. Sonra yoxuşla yolumuza davam etdik. Uzaqdan hündür ağaclar, çoxlu xaçlar göründü. Sarryanın qədim qəbiristanlığına gedirdik.

Sarrya qəbiristanlığı Barselonanın ən sirli yerlərindəndir. Onu şəhərin xəritəsində axtarsanız tapa bilməyəcəksiniz. Yerli əhalidən və ya taksi sürücülərindən soruşsanız, dəqiq deyən olmayacaq, amma hamı onun haqda eşidib. İşdir, birdən kimsə təsadüfən ora gedib çıxsa, sonra ikinci dəfə yolu tapa bilməyəcək. Buranı tanıyan azsaylı adamlar belə hesab edir ki, bu qəbiristanlıq istəyəndə peyda olan, istəyəndə yoxa çıxan xatirədir.

O sentyabr bazarının səhəri Marina məni məhz bura gətirmişdi ki, sirrini açsın. Qəbiristanlığın ən hündür yerinə çıxıb oturduq. Burdan adamsız qəbiristanlıq ovuc içi kimi görünürdü. Qəbirlərə, gül kollarına baxa-baxa bir xeyli sakitcə oturduq. Marina heç nə demirdi, mən narahat olmağa başlayırdım. Məni bircə şey maraqlandırırdı – bizim burda nə itimiz azmışdı.

– Burda ins-cins yoxdur ki, – ironiyayla dedim.

– Səbr biliyin anasıdır, – Marina dedi.

– Bu ağılsızlıqdır, – deyə cavab verdim. – Burda heç kim yoxdur.

Marina mənasını başa düşmədiyim baxışla mənə baxdı.

– Səhv edirsən. Burda yüzlərlə adamın xatirəsi var. Onların həyatı, hissləri, xəyalları, həyata keçməyən arzuları, intriqaları, yalanları, ömürlərini zəhərə döndərən cavabsız sevgiləri burdadır… Hamısı burda basdırılıb.

Maraqla ona qulaq asırdım, nədən danışdığını tam başa düşməsəm də, bir az utandım. Hər nə olsa da, bunun onun üçün xüsusi mənası vardı…

– Ölümü başa düşməsən, həyatdakı heç nəyi başa düşməyəcəksən, – Marina əlavə etdi.

Yenə onun nə demək istədiyini tam başa düşmədim.

– Düzünə qalsa, bunun haqda çox da fikirləşmirəm, – dedim. – Ölümü deyirəm. Ən azı, ölümü ciddiyə almıram.

Marina sağalmaz xəstəliyin əlamətlərini tapan həkim kimi başını yellətdi.

– Deməli, sən də aydınlanmamışlardansan… – onun sözləri məni daha da maraqlandırdı.

– Aydınlandırılmamış? Sən məni lap çaşdırdın.

Marina başını aşağı saldı, simasına ciddi ifadə qondu, bu ifadə onu yaşlı göstərirdi. O, elə bil məni hipnoz eləmişdi.

– Yəqin ki, sən əfsanəni də eşitməmisən.

– Hansı əfsanəni?

– Belə də bilirdim, – Marina dedi. – Deməli belə, ölümün elçiləri var. Onlar yerdə gəzib başıboş, heç nə haqda fikirləşməyən, bəsirət gözü açılmamış adamları axtarırlar. Bu bədbəxtlərdən hansısa elçinin rastına çıxsa, elçi onu elə tələyə salır ki, başıboşun heç ruhu da incimir. Bu cəhənnəmin qapısıdır. Bu elçilərin gözləri yoxdur, gözlərinin yerində içində qurdlar oynaşan iki dənə qara deşik var. Bu deşiklər görünməsin deyə elçi əlləriylə gözlərini tutur. Qurban artıq tamamilə tora düşəndə elçi üzünü açır, onda qurban vəziyyətini bütün dəhşətiylə başa düşür…

Onun səsi qəbir daşlarının arasında əks-səda verdi, qarnım sancılandı.

Onda Marina pişik kimi hiyləgərliklə gülümsədi.

– Sən mənim başımı aldadırsan, – nəhayət, özümə gəlib dedim.

– Əlbəttə ki.

Beş, ya da on dəqiqə daha sakitcə oturduq. Bu vaxt mənə əbədiyyət qədər uzun göründü. Xəfif meh gülləri yellədirdi. Qəbirlərin arasında iki dənə ağ göyərçin fırlanırdı. Bir dənə qarışqa şalvarıma dırmaşırdı. Heç nə baş vermirdi. Ayağımın keyidiyini hiss etdim, beynim də keyiməyə başlayırdı. Nəsə demək istəyirdim ki, Marina əlini qaldırıb mənə əyilməyi işarə etdi. O, qəbiristanlığın girişinə işarə etdi.

Kimsə gəlmişdi. Uzaqdan qara paltarlı qadına oxşayırdı. Üzünə tül örpək salmışdı. Sinəsində çarpazladığı əllərinə qara rəngli əlcək taxmışdı. Paltarı uzun idi, ayaqları görünmürdü. Elə bil bu simasız fiqur gəzmirdi, torpağın üstündə uçurdu. Bədənim uçundu.

– Kimdir? – deyə pıçıltıyla soruşdum.

– Sss, – Marina sözümü kəsdi.

Gizlənib qara paltarlı qadını güdürdük. O, ruh kimi qəbirlərin arasıyla gedirdi. Əlində qırmızı qızılgül vardı. Qırmızı gül uzaqdan bıçaq yarasına oxşayırdı. Qadın düz bizim görə biləcəyimiz yerdəki qəbirlərdən birinə yaxınlaşdı, arxası bizə dayandı. Bu qəbirin yeganə adsız qəbir olduğuna fikir verdim. Mərmər başdaşında yazı yox idi, bircə qanadları açıq kəpənək şəkli həkk olunmuşdu.

Qara paltarlı qadın beş dəqiqə sakitcə qəbrin qabağında dayandı. Nəhayət, əyilib gülü qəbrin üstünə qoydu. Sonra gəldiyi kimi də yavaş-yavaş getməyə başladı.

Marina hirslə mənə baxıb nəsə demək üçün əyildi. Dodaqlarının qulağıma toxunduğunu hiss etdim, peysərim yandı.

– Onu birinci dəfə üç ay bundan qabaq, təsadüfən görmüşəm. Onda Germanla bir yerdə Reme xalanın qəbrini ziyarətə gəlmişdik… Qadın hər ayın axırıncı bazar günü, səhər saat onda bura gəlir. Həmişə qara paltar geyinir, qara əlcək taxır, üzünü qara örpəklə örtür. Həmişə tək gəlir. Heç vaxt heç kimlə danışmır.

– O, kimin qəbridir?

Mərmərin üstündəki qəribə simvol marağımı alovlandırmışdı.

– Bilmirəm. Qəbiristanlıq siyahısında ad yazılmayıb…

– Bəs bu qadın kimdir?

Marina cavab vermək istəyəndə gördü ki, qadının silueti gözdən itmək üzrədir. Tez əlimdən tutub ayağa durdu.

– Tez ol! Yoxsa onu itirərik.

– Biz bəyəm onu güdəcəyik?

– Bəs sən macəra istəmirdin? – Marina hirslə mənə baxdı, elə bil sarsaq uşağa acıqlanırdı.

Doktor Ro küçəsinə çatdıq, qadın Bonanovo prospektinə döndü. Buludların arasından günəş görünsə də, yenə yağış yağmağa başladı. Qızılı yağış damcılarının altında qadını izləyirdik. Qadın Bonanovo prospektini keçib köhnə malikanələrin yerləşdiyi yoxuş yolla çıxmağa başladı. Biz ağacların dalında gizlənə-gizlənə onu izləməyə davam edirdik. Qadın yolayrıcına çatıb bir müddət dayandı. Biz çox yaşlı ağacın qalın gövdəsinin dalında gizləndik.

– Deyəsən, bizi gördü, – Marinaya dedim.

Elə bildim qadın dönüb bizə baxacaq, qorxudan ürəyim ağzıma gəldi. Amma yox, qadın bir az da dayanıb sağa getməyə başladı. Marinayla ətrafa boylanıb onu izləməyə davam etdik. Tramvay yoluna çatana qədər getdik. Qadın heç yerdə yox idi, amma onun bu tərəfə gəldiyini görmüşdük. Uzaqdan, ağacların və damların üstündən internatın binası görünürdü.

– O, evinə girib, – dedim. – Yəqin, buralarda yaşayır.

– Yox. Bu evlərdə heç kim yaşamır.

Marina barmaqlıqlı hasarın dalındakı qara fasadı göstərdi. Burda bir neçə tərk edilmiş anbar və bir neçə onillik bundan qabaq yanmış malikanə vardı. Qadın gözümüzün qabağında yoxa çıxmışdı.

Getməyə başladıq. Yağış suyundan yaranan gölməçədə göyüzü əks olunurdu. Yağış damcıları bizim əksimizi bulandırırdı. Dalanın axırındakı taxta qapını külək yellədirdi.

Marina mənə baxdı. Sakitcə qapıya yaxınlaşıb içəri boylandıq. Qırmızı kərpicdən tikilmiş divardakı taxta qapı həyətə açılırdı. Bura haçansa bağ olmuşdu, indi bitkilərin hamısı vəhşiləşmişdi. Bağın dərinliyində sarmaşıqla örtülmüş qəribə tikili görünürdü. Bir az baxandan sonra bunun polad karkaslı şüşə oranjereya olduğunu başa düşdüm. Yarpaqların səsi arı vızıltısını xatırladırdı.

– Sən birinci keç, – Marina dedi.

Cəsarətimi toplayıb cəngəlliyi xatırladan bağa girdim. Marina əlimdən tutub dalımca gəlməyə başladı.

Ayağımın səsi otların arasında batırdı. Dərimizi cızan budaqları aralaya-aralaya oranjereyaya yaxınlaşdıq. Marina əlimi buraxıb oranjereyanı gözdən keçirməyə başladı. Sarmaşıq tikilinin hər tərəfini örtmüşdü. Oranjereya bataqlıqda batan saraya oxşayırdı.

– Məncə, oxumuz boşa çıxdı, – dedim. – İllərdir bura heç kim gəlmir.

Marina başını tərpətməklə razılığını bildirdi. Axırıncı dəfə oranjereyaya baxdı.

– Bu lal xarabalıq bizdən çox bilir, – deyə fikirləşdim. – Yaxşı, gedək, – bunu isə bərkdən deyib əlimi uzatdım ki, Marina tutsun.

Marina əlimi geri itələyib oranjereyanın qapısına tərəf getməyə başladı. İstəməsəm də, dərindən nəfəs alıb onu izləməyə başladım. Bu qız keçi kimi tərs idi.

– Marina, – dedim, – burda…

Deyəsən, oranjereyanın qapısını tapdıq. Marina mənə baxdı, sonra əliylə şüşənin palçığını sildi, şüşənin üstündə nəsə çəkilmişdi. Bu qəbiristanlıqdakı adsız qəbrin üstündə çəkilmiş qara kəpənək rəsminin eynisiydi. Marina qapını itələdi, qapı yavaş-yavaş açıldı. İçərinin havası ağır idi. Burdan bataqlıq və bulanıq quyu suyunun iyi gəlirdi. Elə bil sağlam düşüncə məni tərk etmişdi, heç nə düşünmədən qaranlığa addım atdım.

Beşinci fəsil

Ağır hava kölgələrin arasında asılıb qalmışdı. İçəri çox nəmişlik idi. Hardansa yuxarıdan qəribə səs gəlirdi, adətən, külək yellədəndə jalüzdən belə səs çıxır.

Marina yavaş-yavaş qabağa gedirdi. İçəri nəmişlik və bürkü idi. Paltarımız əynimizə yapışdı, alnımız tərlədi. Marinaya yaxınlaşdım, içərinin alatoranlığında gördüm ki, Marina nəyəsə diqqətlə baxır. O qəribə cingilti hələ də kölgələrin arasından eşidilirdi. Bayaqkı kimi hardansa yuxarıdan gəldiyini hiss edirdim.

– Bu, nədir? – Marina soruşdu, səsindən qorxduğunu hiss etdim.

Çiyinlərimi çəkdim.

Damdan günəş şüalarının üstümüzə düşdüyü yerdə dayandıq. Marina nəsə demək istəyəndə yenə o cingiltini eşitdik. Bu dəfə daha yaxından. İki metrdən də yaxın. Düz başımızın üstündən. Sakitcə bir-birimizi süzüb başımızı yuxarı qaldırdıq. Marina əlimdən yapışıb sıxdı. Qız titrəyirdi. Elə mən də.

Biz mühasirəyə alınmışdıq. Başımızın üstündə müxtəlif siluetlər asılmışdı. Təxminən, on dənəsini gördüm, bəlkə də, çox idi. Yarıqaranlıqda əllər, ayaqlar, çiyinlər sallanmışdı. Tərpənməyən bədənlər ordusu iblis marionetləri kimi başımızın üstündəydi. Bədənlər bir-birinə toxunanda bayaq eşitdiyimiz cingilti gəlirdi. Yavaş-yavaş geri çəkilməyə başladıq, Marina təsadüfən rıçağa toxundu. Bir göz qırpımında fiqur ordusu yuxarı dartıldı. Marinanı qorumaq üçün onun üstünə atıldım, ikimiz də yerə yıxıldıq. Bərk zərbə səsi əks-səda verdi, oranjereyanın şüşələri cingildədi. Çox qorxdum, elə bildim ki, şüşələr sınıb üstümüzə töküləcək. Bu an peysərimə nəsə soyuq bir şeyin toxunduğunu hiss etdim. Barmaqlar.

Üzümü çevirdim. Kimsə mənə baxıb gülümsəyirdi. Cansız sarı gözləri parıldayırdı. Gözlər şüşədən idi, baş isə taxtadan yonulmuşdu. Marinanın qorxu dolu qışqırığını eşitdim:

– Bunlar kuklalardır!

Marinanın nəfəsi kəsiləcəkdi.

Ayağa durub bu qəribə məxluqlara baxmağa başladıq, onların nə olduğunu başa düşməyə çalışırdıq. Marionetlər. Taxtadan, dəmirdən və keramikadan hazırlanmış fiqurlar. Hamısı bir mexanizmin trosundan asılmışdı. Marina rıçağa toxunanda mexanizm işə düşmüşdü. Kuklalar damdan yarım metr aralı asılmışdı. Mexanizm hərəkətə düşən kimi kuklalar balet oynayırmış kimi tərpənib yerə yaxınlaşdı.

– Bu, nədir?… – Marina qışqırdı.

Marionetlərə baxdım, aralarında maq, polis, balerina, nar rəngli paltar geyinmiş zadəgan qadın və pəhləvan formasında hazırlanmış kuklalar vardı. Kuklalar normal insan ölçüsündə hazırlanmışdı, əyinlərinə geyindirilmiş paltarlar vaxt keçdikcə cındır parçasına dönmüşdü. Amma bu da hamısı deyildi.

– Onları axıracan düzəltməyiblər, – dedim.

Marina nə demək istədiyimi başa düşdü. Hər kuklada nəsə çatmırdı. Polisin əlləri yox idi, balerinanın gözləri çatışmırdı. Maqın nə əlləri, nə də ağzı vardı… Günəş işığında fiqurları nəzərdən keçirdirdik. Marina yaxınlaşıb balerinaya baxmağa başladı. Balerinanın alnında, saçlarının arasından görünən balaca işarəni mənə göstərdi. Qara kəpənək simvolu. Marina əlini bu simvola tərəf uzatdı, sonra balerinanın saçlarına toxundu. Çimçişib tez əlini çəkdi.

Ola bilməz.

Bütün fiqurların alnına bu simvol həkk olunmuşdu. Bir də rıçağı çevirib marionetləri yuxarı qaldırdıq. Fiqurların havaya qalxmağına baxa-baxa fikirləşdim ki, bu mexaniki bədənlər onları yaradana qovuşmağa tələsiblər.

– Deyəsən, burda nəsə var, – arxadan Marinanın səsini eşitdim.

Marina oranjereyanın küncündəki yazı stolunu göstərirdi. Stolun üstünü qalın toz təbəqəsi örtmüşdü. Stolun üstündə hörümçək gəzirdi, tozun üstündə hörümçəyin xırda izi qalırdı. Oturub tozu üflədim. Sarı duman havaya yayıldı. Stolun üstündə dəri üzlüklü kitab vardı, kitab açıq idi. Köhnə, sarı-qəhvəyi şəklin altında “Arl, 1903” yazılmışdı. Şəkildən siam əkizləri boylanırdı. Qəşəng geyinmiş qızlar dünyanın ən kədərli təbəssümüylə kameraya gülümsəyirdi.

– Gör, təbiət nələrə qadirdir?! – Marina mızıldandı. Belə canlıları bir vaxtlar sirkdə nümayiş etdirirdilər…

Şəkillər məni darmadağın etdi. Təbiətin qəddar siması bu şəkillərdə yatırdı. Günahsız ruhlar əcaib bədənlərdə əsir olmuşdu.

Bir neçə dəqiqə sakitcə albomdakı şəkillərə baxdıq. Hər şəkildə bir cür dəhşətli canlı çəkilmişdi. Amma bir şeyi də deyim ki, bu bədbəxtlərin fiziki qəribəlikləri simalarındakı dəhşətlə, tənhalıqla və kədərlə müqayisə oluna bilməzdi.

– İlahi! – Marina pıçıldadı.

Hər şəklin altında çəkildiyi şəhər və tarix qeyd olunmuşdu: Bueynos Ayres, 1893, Bombey, 1911, Turin, 1930, Praqa, 1933… Bu kolleksiyanı kimin və nə üçün yığdığını ağlıma gətirə bilmirdim. Nəhayət, Marina gözlərini albomdan çəkib qaranlığa tərəf getdi. Mən də onun kimi etmək istədim, amma gördüklərimin aşıladığı dəhşət hissi məni çulğamışdı. Bundan sonra min il yaşasam da, o canlıların simalarını heç vaxt unuda bilməyəcəyəm. Kitabı örtüb Marinaya baxdım. O, titrəyirdi, nə demək və nə etmək lazım olduğunu bilmədiyim üçün özümü köməksiz hiss edirdim. Şəkillər Marinaya çox pis təsir etmişdi.

– Yaxşısan? – deyə soruşdum.

Marina başını tərpətdi. Onun gözləri yumuluydu. Birdən səs eşitdik. Bizi əhatələyən kölgələrə baxdım. Yenə həmin anlaşılmaz səs. Hirsli. Nüfuzedici. Çürüntü iyi hiss etdim. İy qaranlıqdan gəlirdi. İçimdə elə bir hiss yarandı ki, elə bil içəridə tək deyildik. Burda bizdən başqa da kimsə vardı. O, kim idisə bizi güdürdü. Marina tərpənmirdi. Əlindən tutub bayıra çıxartdım.

Altıncı fəsil

Biz bayıra çıxanda yağış küçələri gümüşü rəngə boyamışdı. Günorta idi. Yol boyu heç nə danışmadıq. Evdə German bizi nahara gözləyirdi.

– Xahiş edirəm, ona heç nə demə, – Marina dedi.

– Narahat olma.

Baş verən şey haqda, ümumiyyətlə, danışmaq lazım olmadığını başa düşürdüm. Küçəyə çıxandan sonra oranjereyayla albomun təsir qüvvəsi xeyli azalmışdı. Sarrya meydanına çatanda Marinanın ağardığını və ağır-ağır nəfəs aldığını gördüm.

– Yaxşısan?

Marina əminsizliklə “hə” dedi.

Meydanın çıxışında oturduq. O, gözlərini yumub bir neçə dəfə dərindən nəfəs aldı. Qabağımızda bir dəstə göyərçin qaynaşırdı. Bir anlıq mənə elə gəldi ki, Marina indi huşunu itirəcək. Amma o, gözlərini açıb gülümsədi.

– Narahat olma. Sadəcə başım bir az fırlanır. Çox güman, içəridəki iydəndi.

– Yəqin ki. Bəlkə də, içəridə ölü heyvan vardı. Nə bilim, siçovuldan zaddan nəsə…

Marina gümanımla razılaşdı. Bir az sonra rəngi özünə qayıtmağa başladı.

– Yemək yesək, yaxşı olar. Gedək, German bizi gözləyir.

Durub onlara getdik. Kafka bizi həyətdə qarşıladı. Pişik qınayıcı nəzərlərlə mənə baxdı, gəlib Marinanın ayaqlarına sürtüşməyə başladı. Birdən Germanın qrammafonu oxumağa başladı. Musiqi dəniz ləpələri kimi həyətə yayılmağa başladı.

– Bu nə musiqidir?

– Leo Delib, – Marina cavab verdi.

– Birinci dəfədir eşidirəm.

– Delib fransız bəstəkardır, – Marina mənim savadsızlığıma təəccüblənib izah etdi. – Məktəbdə sizə nə öyrədirlər?

Çiyinlərimi çəkdim.

– Bu ariya onun “Lakme” operasındandır.

– Oxuyan kimdir?

– Anam.

Heyrətlə ona baxdım.

– Anan opera ifaçısıdır?

Marina ötkəm baxışlarla məni süzdü.

– İdi. O, vəfat edib.

German bizi əsas zalda gözləyirdi, bu zal dairəvi formada tikilmişdi. Tavandan böyük büllur çilçıraq asılmışdı. Marinanın atası nümunəvi nəzakətə malik idi. Kostyum geyinmişdi, ağ saçlarını dala daramışdı. Elə bil on doqquzuncu əsrin axırlarından çıxıb gəlmişdi. Gümüş dəst qab-qacaq düzülmüş süfrə arxasında oturduq.

– Bizi ziyarət etdiyinizə görə çox şad olduq, Oskar, – German dedi. – Heyif ki, hər bazar günümüzü belə gözəl adamların əhatəsində keçirtmək müyəssər olmur.

Naxışlı nimçələr əsl incəsənət nümunəsi idi, özü də antikvar idi. Nahar şorbadan və çörəkdən ibarət idi. Başqa heç nə yox idi. Şorbadan iştahaçan qoxu yayılırdı. German birinci mənə qulluq edirdi. Hiss elədim ki, bu təmtəraq mənim şərəfimə hazırlanıb. Gümüş dəstə və şıq geyimə baxmayaraq, onların pulu olmadığını bilirdim, baxsan, bu evdəki bütün pul bircə dənə gümüş nimçəni almağa çatmazdı. Buna görə evdə işıq da yox idi. Evi həmişə şamla işıqlandırırdılar. German fikirlərini mənimlə bölüşdü.

– Oskar, yəqin, bu evə elektrik enerjisinin gəlmədiyinə fikir verdiniz. Çünki biz müasir elmin nailiyyətlərinə çox da inanmırıq. Əgər, elmin gecəni aydınlatmağa gücü çatırsa, onda bəs nə üçün hamını yedizdirib doydurmağa çatmır? Onda bu nə elm oldu?

– Məncə, çatışmazlıq elmdə yox, elmi nailiyyətlərdən necə istifadə etmək lazım olduğunu müəyyənləşdirən adamlardadır, – deyə etiraz etdim.

German bir qədər fikrə getdi, sonra razılıqla başını tərpətdi. Bunu ya nəzakət xətrinə elədi, ya da doğrudan da fikrimlə razılaşmışdı.

– Oskar, görürəm ki, fəlsəfə sizə o qədər də yad deyil. Şopenhaueri oxumusunuz?

Marinanın nəzərlərinin üstümdə olduğunu hiss etdim.

– Bəzi əsərlərindən hissələr oxumuşam, – bu mövzudan yayınmağa çalışdım.

Sakitcə yeməyə davam etdik. German mehribanlıqla mənə baxdı, qızına baxanda isə onu necə sevdiyi hiss olunurdu. Nəsə mənə deyirdi ki, Marinanın çox da dostu yoxdu və Şopenhauerin Oppenqeymardan nəylə fərqləndiyini bilmədiyimə baxmayaraq, German məni evlərində görməyə şaddır.

– Oskar, deyin görüm, bu saat dünyada nələr baş verir?

Sualı elə verdi ki, elə bildim ikinci dünya müharibəsinin qurtardığını desəm, şoka düşəcək.

– Düzünə qalsa, xüsusi heç nə baş vermir, – dedim. Marina diqqətlə məni izləyirdi.

– Tezliklə seçkilər olacaq…

Bu Germanın marağını cəlb etdi, o, ağzına apardığı qaşığı yarı yolda saxlayıb soruşdu:

– Siz kimlərdən yanasınız? Sağçılardan, ya solçulardan?

– Ata, Oskar anarxistdir, – Marina dedi.

Çörək boğazımda ilişdi. Bu sözün nə demək olduğunu bilmirdim, amma o “antixrist” sözünə oxşayırdı. German diqqətlə məni süzdü.

– Yeniyetməlik idealizmi… – deyə mızıldandı. – Başa düşürəm, başa düşürəm. Sizin yaşlarda mən də Bakunini oxuyurdum. Bu xəstəlik kimi bir şeydir…

İttihamedici baxışlarla Marinaya baxdım, o isə adət etdiyi pişik təbəssümüylə cavab verdi.

Nəzərimi yayındırdım. German mehribanlıqla mənə baxırdı. Mən də gülümsəyib qaşığı ağzıma apardım.

Bir az sonra mənimlə üzbəüz oturan German burnunu çəkməyə başladı. Qaşıq əlindən düşəndə Marina durub onun gümüşü rəngli qalstukunu boşaltdı. German dərindən nəfəs aldı. Əlləri yüngülcə əsirdi. Marina atasının çiyinlərindən tutub ayağa durmağına kömək etdi. German itaətlə ayağa durub yorğun təbəssümlə, utana-utana mənə gülümsədi. Elə bil bir anda on beş il qocalmışdı.

– Üzr istəyirəm, Oskar, – o yavaşdan dedi. – İllər verdiyini alır…

Mən də ayağa durdum, jestlə Marinaya kömək təklif etdim. Təklifimi qəbul etmədi, zalda gözləməyimi tapşırdı. German Marinanın çiyninə yaslandı, yavaş-yavaş otaqdan çıxdılar.

– Bizim üçün şərəf idi, Oskar… – uzun, qaranlıq dəhlizdən Germanın zəif səsi eşidildi. – Yenə gəlin, tez-tez gəlin…

Ayaq səslərinin malikanənin dərinliyində yoxa çıxmağına qulaq asdım. Şamların işıqlandırdığı zalda oturub Marinanın qayıtmağını gözlədim. Evin ab-havasını özümə təlqin edirdim. Yarım saat keçdi. Marinanın qayıtmayacağını başa düşəndə narahat olmağa başladım.

Əvvəlcə onu axtarmaq istədim, amma sonra evi icazəsiz gəzməyin pis çıxacağını fikirləşdim. Marina üçün qeyd yazmaq istədim, amma nə qələm vardı, nə də kağız. Hava qaralmağa başlayırdı. İnternata qayıtsaydım, yaxşı olardı. Fikirləşdim ki, sabah dərsdən sonra gələrəm. Marinanı cəmi yarım saatdır görmürdüm, amma yenə bura gəlmək üçün bəhanə fikirləşdiyimin fərqinə varanda təəccübləndim. Mətbəxdən bağa çıxdım. Şəhərin üstündən buludlar keçirdi.

Yavaş-yavaş internata qayıdırdım və günün hadisələri başımda fırlanırdı. Pilləkənlərlə dördüncü mərtəbəyə çıxıb otağıma girəndə fikirləşdim ki, bu, yaşadığım ən qəribə gün oldu. Amma əgər ikinci seansa bilet almaq mümkün olsaydı, heç fikirləşmədən ikisini alardım.


Страницы книги >> Предыдущая | 1 2 3 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации