Текст книги "Marina"
Автор книги: Карлос Сафон
Жанр: Современная зарубежная литература, Современная проза
сообщить о неприемлемом содержимом
Текущая страница: 3 (всего у книги 12 страниц) [доступный отрывок для чтения: 3 страниц]
Yeddinci fəsil
Gecə yuxuda gördüm ki, böyük kaleydoskopun içindəyəm. Dəhşətli varlıq kaleydoskopu fırladırdı, varlığın gözünü linzadan görürdüm. Dünya optik illüziyada əriyib yoxa çıxırdı. Həşəratlar. Qara kəpənəklər. Birdən yuxudan ayıldım, elə bil damarlarımdan isti kofe axırdı. Bütün günü özümdə olmadım.
Dərslər mənim stansiyamda dayanmayan qatar kimi yanımdan sivişib keçirdi. Müəllim özümdə olmadığımı hiss elədi.
– Adətən, fikrin göylərdə olur, – dedi. – Bu günsə, deyəsən, yerdəsən. Xəstələnməmisən?
Ona qeyri-müəyyən jestlə cavab verib lövhənin üstündəki saata baxdım. Dördün yarısı idi. Dərsin qurtarmağına iki saat qalmışdı. Əbədiyyət qədər. Yağış damcıları pəncərə şüşələrini döyəcləyirdi.
Zəng çalınan kimi qaça-qaça sinifdən çıxdım. Sonsuz dəhlizlərdən keçib küçəyə çatdım. Bağlar və fəvvarələr yuxulu toranlığa bürünmüşdü. Nə çətirim vardı, nə də papağım. Göyüzü tutqundu, verandaların işıqları yanan kibrit çöplərini xatırladırdı.
Yağışdan yaranan gölməçələrin üstündən tullana-tullana qaçırdım. Nəhayət, Marinagilin kvartalına çatdım. Küçələrdən axan yağış suyu kəsilmiş damardan axan qanı xatırladırdı. Cücə kimi islanmışdım, adamsız küçələrdən qaça-qaça keçirdim. Kanalizasiya barmaqlıqları ayaqlarımın altında guruldayırdı. Şəhər elə bil qara okeanın altında qalıb batırdı.
On dəqiqə sonra Marinagilin imarətinin hasarına çatdım. Corabıma qədər islanmışdım. Birdən arxadan, gəldiyim tərəfdən səs eşitdim. Elə bildim kimsə məni güdür. Amma dönüb baxanda heç kimi görmədim. Bircə yağış damcıları gölməçələrin suyunu şappıldadırdı.
Həyətə girdim. İldırım çaxıb imarətə aparan cığırı aydınlatdı. Fəvvarədəki mələklər məni girişdə salamladı. Soyuqdan əsə-əsə mətbəxin qapısına yaxınlaşdım. Ev qaranlığa qərq olmuşdu. Germanın elektrik enerjisi haqda dediklərini xatırladım. Burda yadıma düşdü ki, məni heç kim dəvət eləməyib. Artıq ikinci dəfəydi ki, bu evə icazəsiz soxulurdum. Getmək istədim, amma hava daha da korlanırdı. Soyuqdan əllərim ağrıyırdı, barmaqlarımın ucunu hiss eləmirdim. İt kimi öskürürdüm, gicgahlarım döyünürdü. Soyuq və yaş paltarım əynimə yapışmışdı.
– Marina! – deyə səsləndim.
Səsimin əks-sədası malikanənin dəhlizlərində yox oldu. Ancaq kölgələri görürdüm. Arada ildırım çaxanda içərini bir anlıq işıqlandırırdı. Buna görə də ancaq ayrı-ayrı kadrlar yadımda qalırdı, elə bil şəkillərə baxırdım.
– Marina, – deyə təkrarladım. – Mənəm, Oskar…
Ehtiyatla qabağa addımlamağa başladım. Getdikcə yaş ayaqqabım fırçıldayırdı. Dünən nahar etdiyimiz zalın girişində dayandım. İçəridə heç kim yox idi.
– Marina? German?
Cavab gəlmirdi. Yarıqaranlıqda balaca tumbanın üstünə şamla kibrit qoyulduğunu gördüm. Barmaqlarımın keyi açılmadığı üçün kibriti altıncı cəhddə yandıra bildim.
Nəhayət, şam yandı. Onun titrək işığı zalı doldurdu. Dünən Marinayla Germanın getdiyi tərəfə getməyə başladım.
Dəhliz başqa bir zala aparırdı, orda da bu zaldakı kimi böyük büllur çilçıraq asılmışdı. Mebellərin üstünə döşəkağı salınmışdı. İkinci mərtəbənin pilləkənlərini gördüm. Yuxarı çıxmaq üçün yaxınlaşanda bir cüt sarı gözün məni izlədiyini hiss etdim, dalınca mırıltı eşidildi. “Kafka” – rahatlayıb fikirləşdim. Pişik o saat qaranlıqda qeyb oldu. Dayanıb ətrafa boylandım. Getdikcə yerdəki toz təbəqəsində ayaq izlərim qalmışdı.
– Kimsə var? – deyə soruşdum, amma yenə cavab almadım.
Bir neçə on il qabaq bu zalın necə göründüyünü təsəvvür etməyə çalışdım: orkestr, rəqs edən onlarla cütlük… İndi isə bura batan gəminin göyərtəsinə oxşayırdı. Divarlardan yağlı boyayla çəkilmiş rəsmlər asılmışdı. Hamısında eyni qadın təsvir olunmuşdu. Onu tanıdım, bura birinci dəfə gələndə rəsmini gördüyüm qadın idi. Rəsmlər o qədər möhtəşəm idi ki, təsvir etməyə söz çatmaz. Görəsən, hansı rəssamın əl işləriydi? Bütün rəsmləri eyni rəssamın çəkdiyinə şübhə etmirdim. Zalın hansı tərəfində dayanmağımdan asılı olmayaraq, qadının nəzərləri daim üstümdəydi. Qadın Marinaya çox oxşayırdı. Birdən ayağıma nəsə toxundu, bu Kafka idi. Əyilib boz tüklərini tumarladım.
– Kafka, sahibən haradadır?
Cavabında kədərlə miyovuldadı. Ev boş idi. Yağışın damı döyəclədiyini aydın eşitmək olurdu. Deyəsən, Germanla Marina harasa getmişdi. Heç kim görməmiş evdən getməyi qərara aldım.
– İkimizdən birimiz burda artığıq, – Kafkaya dedim. – Bu, mənəm.
Birdən Kafka nədənsə qorxdu, tükləri biz-biz dayandı, miyovuldadı.
Pişiyi nə qorxuda bilərdi? Bu iy. Çürüyən meyit iyi. Dünən oranjereyadan gələn iy kimi. Ürəyim bulandı. Pəncərədən bayıra baxdım, fəvvarədəki mələklərin siluetlərini sezdim. İntuisiyam nəsə qəribə şeylər baş verdiyini dedi. Heykəllərin arasında əlavə bir fiqur da vardı. Diqqətimi cəmləyib pəncərəyə yaxınlaşdım. Heykəllərdən biri öz oxu ətrafında fırlanırdı. Elə heyrətləndim ki, yerimdə donub qaldım. Fiqurun dəqiq konturlarını seçə bilmirdim. Hiss edirdim ki, o qəribə varlıq məni izləyir. Mənim də onu izlədiyimi bilir. Pəncərənin qabağında donub qalmışdım. Bir neçə saniyə sonra fiqur kölgələrə qarışdı.
Növbəti dəfə ildırım çaxanda varlıq yerində yox idi. Onunla bir yerdə çürüntü iyinin də yoxa çıxdığını hiss elədim.
Ağlıma Germanla Marinanı gözləməkdən daha yaxşı fikir gəlmədi. Küçəyə çıxmaq üçün əldən getmirdim. Yağış da bayaqkı kimi yağmağa davam edirdi. Böyük kresloda oturub gözləməyə başladım. Yağışın səsi və böyük zalın divarlarında titrəşən şam işığı yavaş-yavaş əsəblərimi sakitləşdirdi, mürgüləməyə başladım. Bir qədər sonra böyük qapının səsi, dalınca da ayaq tappıltıları eşidildi. O saat ayıldım. Ürəyim bərk-bərk döyünməyə başladı. Dəhlizdən yaxınlaşan səsləri eşitdim. Qapıya düşən şam işığı getdikcə yaxınlaşırdı. Kafka qapıya tərəf qaçdı, Germanla Marina zala girdilər. Marina soyuq nəzərlərlə mənə baxmağa başladı.
– Burda nə edirsən, Oskar?
Dodaqaltı nəsə mızıldandım. German mehribanlıqla gülümsəyib mənə baxdı.
– İlahi, Oskar. Siz tamam islanmısınız! Marina, Oskar üçün təmiz dəsmal gətir… Gedək, Oskar, buxarını yandıraq. Yağış elə bil vedrədən tökülür.
Buxarının qabağında oturub Marinanın gətirdiyi isti bulyonu içə-içə bura nə üçün gəldiyimi danışmağa başladım, amma fəvvarənin yanında gördüyüm qəribə varlıq haqda heç nə demədim. German mənə axıracan qulaq asdı, simasında narazılıq əlaməti yox idi. Amma Marina haqda bunu demək olmaz. O, baxışlarıyla məni yandırırdı. Evlərinə bu cür gəlməyimin dostluğumuza xələl gətirə biləcəyindən qorxdum. Təxminən, yarım saat buxarının yanında oturduq. Mən heç nə danışmadım.
Sonra German mənə xeyirli gecələr arzulayıb getdi. Elə bildim Marina bu saat əlimdən tutub bayıra atacaq, deyəcək ki, bir də bura gəlməyim. “İndi başlayacaq”, – deyə fikirləşdim. Nəhayət, Marina istehzayla gülümsədi.
– Mənə belə gəlir ki, sən çox tərssən.
– Çox sağ ol, – deyə mexaniki cavab verdim. Açığı, daha ağır sözlər gözləyirdim.
– Bəlkə, burda nə qələt elədiyini deyəsən?
Buxarının alovu onun gözlərində əks edirdi. Qalan bulyonu içib gözlərimi aşağı saldım.
– Əslinə qalsa… bilmirəm. – dedim. – Məncə, mən… bilirəm ki, mən…
Yazıq görkəmim köməyimə çatdı, Marina yanıma gəlib əlimdən tutdu.
– Mənə bax!
Ona baxdım. O, mənə canıyananlıq qarışıq simpatiyayla baxırdı.
– Sənə hirslənmirəm, eşidirsən? – dedi. – Səni burda görəcəyimi gözləmirdim, ona görə təəccübləndim. Hər bazar ertəsi Germanla San-Pablodakı həkimə gedirik. Ona görə sən gələndə evdə deyildik. Bir də bazar ertəsi qonaq qəbul etmək üçün çox da yaxşı gün deyil.
Utandım.
– Bir də eləmərəm, – dedim.
Bayaq fəvvarənin yanında gördüyüm varlıq haqda Marinaya danışmaq istəyəndə, o əyilib üzümdən öpdü. Onun dodaqları yanağıma yapışan kimi paltarlarım qurudu, sözlər dilimə yapışdı. Marina mənim səssiz mızıldanmağımı eşitdi.
– Nə? – deyə soruşdu.
Ona baxıb başımı yellətdim.
– Heç nə.
Şübhəli tərzdə qaşını qaldırdı, amma israr etmədi.
– Yenə bulyon istəyirsən?
– Hə, çox sağ ol.
Marina fincanı alıb doldurmaq üçün mətbəxə getdi. Sakitcə oturub qadının rəsmlərinə baxmağa başladım. Marina qayıdanda hara baxdığımı sezdi.
– Bu rəsmlərdəki qadın…
– O, mənim anamdır, – Marina dedi.
– Çox güman, bu rəsmləri çox məşhur rəssam çəkib, – dedim. – Heç vaxt belələrini görməmişəm.
Marina cavab verməyə tələsmədi.
– Bəlkə də, inanmayacaqsan, amma bu rəssam artıq on altı ildir ki, daha rəsm çəkmir. Bu tablolar seriyası onun yeganə əsəridir.
– Belə çəkdiyinə görə, yəqin ki, ananı çox yaxşı tanıyırmış, – dedim.
Marina nüfuzedici tərzdə mənə baxdı.
Portretlərdəki qadın da mənə belə baxışlarla baxırdı.
– O, anamı heç kimin tanımadığı kimi tanıyırdı. O rəssam mənim atamdır.
Səkkizinci fəsil
O gecə buxarının qabağında Marina Germanın və malikanələrinin əhvalatını mənimçün danışdı. German Blau imkanlı, çiçəklənən Kataloniya burjuası ailəsində doğulmuşdu. Blau soyadı dillərdən düşmürdü, heç bir yığıncaq, heç bir qalmaqal onlarsız keçmirdi. Şayiələrə görə, German heç də böyük Patriarx Blaunun oğlu deyildi, o, anası Dianayla azad rəssam Kvim Salvatın gizli sevgi macərasının meyvəsi idi. Salvat böyük rəssam idi, əsasən, portretlər çəkirdi. O, həm fantastik qiymətə imkanlı adamların portretini çəkirdi, həm də onları lağ obyektinə çevirirdi. Bu şayiənin düz olub-olmadığını heç kim deyə bilməz, amma bir şey yəqin idi ki, German nə xarici görünüşcə, nə də xaraktercə ailəsinin heç bir nümayəndəsinə oxşamırdı. Onu rəssamlıqdan başqa heç nə maraqlandırmırdı, bu da ətrafındakıları şübhəyə salırdı. Xüsusən, onun atasını.
Oğlunun on altı yaşı tamam olan ərəfələrdə atası deyib ki, onun ailəsində tənbəllərə, avaralara yer yoxdu. Əgər German rəssam olmaq fikrini dəyişdirməsə, onda onu zavoda yükdaşıyan, daşyonan işinə göndərəcək, ya da hərbi işə getməyə məcbur edəcək. Qısası, elə yerə göndərəcək ki, orda oğlunu əməlli-başlı tərbiyə edib adam olmağa kömək eləsinlər. German isə evdən qaçmağı seçdi və iyirmi dörd saat sonra onu tutub evə qaytardılar.
German evin böyük oğlu idi. Atası ondan tamamilə əlini üzəndən sonra bütün diqqətini ikinci oğluna cəmlədi. Qaspar böyük qardaşından fərqli olaraq yaman həvəsli idi və ailə işlərini davam etdirmək istəyirdi. Amma ata Germanın gələcəyindən narahat olduğu üçün Sarrya kvartalındakı həmin bu yarıatılmış malikanəni onun adına saldı.
– Ailəmizə layiq olmasan da, oğlumun küçədə qalmağına razı ola bilmərəm, – atası Germana dedi.
Əvvəllər bu malikanə yüksək cəmiyyətin çox yığışdığı yerlərdən biriydi, amma yavaş-yavaş gözdən düşməyə başlamışdı. Onu lənətləmişdilər. Deyilənlərə görə, Dianayla Salvat məhz burda görüşürdü.
Beləliklə, bu malikanə Germana qaldı.
Bir müddətdən sonra German anasının köməkliyiylə həmin bu Kvim Salvatın şagirdi oldu. Elə birinci gün Salvat Germana baxıb dedi:
– Birincisi, sənin atan deyiləm, ananı da uzaqdan-uzağa tanıyıram. İkincisi, rəssamın həyatı risklərdən, qeyri-müəyyənlikdən və kasıblıqdan ibarətdir. Sən o həyatı seçmirsən, o həyat səni seçir. Əgər düzgün seçim etdiyinə şübhəylə yanaşırsansa, onda gəldiyin yerə qayıt.
German orda qaldı.
Salvatın yanında keçən təhsil illəri German üçün təzə üfüqlər açdı. German birinci dəfə kiminsə ona, onun istedadına inandığının fərqinə vardı. Özünü başqa adam kimi hiss eləməyə başladı. Birinci yarım il ərzində bütün ömrü boyu öyrəndiyindən daha çox şey öyrəndi. Salvat ancaq gecələr işləyirdi. Xarici görünüşü ayıdan fərqlənməsə də, mahir rəssam hesab olunurdu. Olduqca gözəl modellər, yüksək cəmiyyətə mənsub xanımlar ona poza vermək üçün arasıkəsilməz axınla emalatxanasına gəlirdi və German təxmin edirdi ki, onlar tək şəkil çəkdirmək üçün gəlmir. Rəssamın şərabdan, poeziyadan yaxşı başı çıxırdı, qədim şəhərlər və məhəbbət oyunları haqda da biliyi həddindən çox idi. Qırx yeddi illik həyatını çox dolu yaşamışdı və tez-tez təkrarlayırdı ki, adamlar elə yaşayırlar ki, elə bil heç vaxt ölməyəcəklər, bu onların səhvidir. O, həyata da, ölümə də gülümsəyirdi. O, şəhərin ən yaxşı aşpazlarından daha yaxşı yemək bişirirdi və onların hamısının cəmindən daha çox yeyirdi.
Bir yerdə olduqları vaxt ərzində Salvat Germanın təkcə müəllimi yox, həm də ən yaxın dostu oldu. German rəssam və şəxsiyyət kimi formalaşmağında təkcə Kvim Salvata borclu olduğunu bilirdi.
Salvat işığın sirrini bilən azsaylı seçilmişlərdən biriydi. O, işığın nazlı balerinaya oxşadığını deyirdi. İşıq onun əlində bədəni işıqlandırıb ruhun qapılarını açan açara dönürdü.
– Şəkil işıqla yazılmış məktubdur. Əvvəlcə əlifbanı öyrənmək lazımdır, sonra qrammatikanı. Ancaq bundan sonra öz üslubunu formalaşdıra bilərsən.
Salvat Germanın dünyagörüşünün formalaşmağında da əvəzsiz rol oynadı. German onun sayəsində Parisdə, Vyanada, Berlində, Romada oldu.
Tezliklə German başa düşdü ki, Salvat təkcə çəkməkdə yox, həm də əsərlərini satmaqda mahir idi, onun uğurunun sirri bunda idi.
– Sənət əsəri alan min adamdan cəmisi birinin nə aldığına dair təsəvvürü olur, – Salvat təbəssümlə deyirdi. – Qalan adamlar isə rəsm əsərini almır, rəssamı alır, rəssam haqqında eşitdiklərini, onun haqda gəzən şayiələri və özlərinin onun haqda fikirləşdiklərini alır. Bu alverlə hansısa loğmanın eleksir satmağı arasında qətiyyən fərq yoxdur. Fərq ancaq qiymətlərdədir.
1938-ci ilin 16 iyulunda Kvim Salvatın böyük ürəyi dayandı.
– Mən min il rəsm çəkə bilərdim, – Salvat ölüm ayağında dedi. – Amma bunun zərrə qədər də xeyri olmazdı, adamlar elə indiki kimi qəddar, ürəksiz və mədəniyyətsiz qalardılar. Mənim sənətimin dərrakəsi yoxdur, German, o heç nəyə xidmət eləmir…
Salvatın dəfninə çoxsaylı sevgililəri, dostları yığışmışdı. Bu gündən dünyadakı İşığın azaldığını və dünyanın boşaldığını hamı başa düşürdü.
Salvat Germana böyük miqdarda pulla emalatxanasını vəsiyyət eləmişdi. Yerdə qalan az miqdarda pulu isə sevgililərinə və dostlarına qoymuşdu. Salvatın yaxın dostu Germana məktub verdi. Bu məktubu Salvat ölümqabağı yazmışdı və öləndən sonra Germana verilməyini tapşırmışdı.
German bütün gecəni ağlaya-ağlaya şəhəri dolaşmışdı. O, limanda olanda dan sökülməyə başladı və sübhün ilk şüalarında Salvatın məktubunu oxudu:
“Əziz German!
Bunu heç vaxt deməmişəm, çünki uyğun məqamı gözləyirdim. Amma qorxuram o məqam heç vaxt gəlməsin. Demək istəyirəm ki, heç vaxt sənin kimi istedadlı rəssama rast gəlməmişəm, German. Sən hələ bunu bilmirsən, başa düşmürsən, amma səndə böyük istedad yatır. Mən sadəcə o istedadı üzə çıxartmağa kömək elədim. Özün də bilmədən, mənə mənim sənə verdiyimdən daha çox şey verdin. İstərdim, layiq olduğun müəllimi tapasan, o sənə nələrsə öyrətsin, mənim kimi özü səndən öyrənməsin. Səndə işıq danışır, German. Qalanları ancaq qulaq asa bilər. Bunu heç vaxt yaddan çıxartma. İndi və həmişə – sənin şagirdinə çevrilən müəllimin və dostun Salvat”.
Bir həftə sonra German Parisə yola düşdü. Orda ona məktəbdə rəsm dərsi keçməyi təklif etdilər, o, on il Barselonaya qayıtmadı. Parisdə portret ustası kimi ad çıxartdı və sonralar heç vaxt onu tərk etməyən ehtirasını kəşf elədi – operaya olan ehtirasını. Onun rəsmləri yaxşı satılmağa başladı və Salvatı tanıyan rəsm alverçisi onun agenti oldu. Müəllim kimi də tanınandan sonra kifayət qədər qazanmağa başladı. Bu qazanc hesabına çox varlı olmasa da, yaxşı yaşayırdı. Məktəb müdirinin sayəsində opera teatrında daimi yer aldı. Çox da yaxşı yer deyildi, ordan səhnənin iyirmi faizi görünmürdü, amma musiqi o qədər gözəl idi ki, zalda və ya lojada oturmağınız fərq eləmirdi.
Operada birinci dəfə onu gördü. On doqquz yaşlı opera müğənnisinin adı Kirsten Auermann idi və gələcək üçün çox böyük ümidlər verirdi. Elə həmin gecə tamaşadan sonra qızla tanış oldu. Səhnənin dalına keçib özünü “Mond” qəzetinin musiqi tənqidçisi kimi təqdim etdi və qıza əl uzatdı. Amma daha danışa bilmədi.
– Tənqidçi üçün fransızca pis danışırsınız və çox susursunuz, – deyə qız zarafat etdi.
German onda yəqinləşdirdi ki, nə hesabına olur-olsun, bu qızla evlənməlidir. Hətta həyatda axırıncı elədiyi iş bu olsa da. Qızın ürəyini ələ almaq üçün Salvatda gördüyü hiylələri işlətməyə çalışdı. Amma Salvat yeganə idi, ona oxşamağa çalışmaq əbəs idi. Beləcə altı il davam edən və 1946-cı ilin yay gecəsində Normandiyadakı balaca kilsədə başa çatan siçan-pişik oyunu başladı.
Evləndikləri vaxt hələ də Avropadan müharibə havası çəkilməmişdi. Müəyyən vaxtdan sonra Barselonaya gəlib Sarrya kvartalındakı malikanədə yerləşdilər. German olmadığı müddətdə malikanə ruhlar muzeyinə dönmüşdü. Amma Kirstenin şən xarakteriylə üç həftəlik yır-yığış hər şeyi qaydasına saldı.
Beləliklə, bu malikanənin tarixindəki ən parlaq səhifə açıldı. Germanın ikinci nəfəsi açılmışdı, yorulmadan çəkirdi. Tezliklə rəsmləri yüksək dairələrdə tanınmağa başladı və “Blau” imzalı rəsmləri almaq yüksək cəmiyyət nümayəndələrinin atributuna çevrildi. Atasının da münasibəti dəyişdi, tezliklə o da oğluyla fəxr etməyə, hara çatdısa, onu tərifləməyə başladı. “Həmişə onun istedadlı olduğuna və haçansa şöhrət qazanacağına inanmışam”, “Bütün Blaularda olduğu kimi, onun da qanında var”, “Heç bir ata oğluyla mənim kimi fəxr eləmir” – atasının tez-tez təkrarladığı frazalar idi. Atası bu sözləri o qədər dedi ki, axırda hamı ona inanmağa başladı. Əvvəllər Germana heç salam verməyən agentlər və sərgi salonlarının sahibləri, indi onun qabağında quyruq bulayırdı. Amma German bu şöhrət dövründə də Salvatın məsləhətlərini unutmurdu.
Kirstenin səhnə karyerası da zirvəyə qalxırdı. Qrammafon valları yazılmağa başlayan dövrlərdə Kirsten səsini əbədiləşdirən müğənnilərdən biri oldu. O illər Sarrya malikanəsinin tarixindəki ən sevinc dolu illər oldu, o illərdə hər şey mümkün görünürdü, üfüqdə onların xoşbəxtliyinə kölgə salan heç nə yox idi. Kirstenin səhhəti tamamilə pisləşənə qədər heç kim onun başgicəllənmələrinə və özündən getmələrinə fikir vermirdi. Bunu səs-küylü şöhrətin, daimi səfərlərin və əsəb pozuntusunun ayağına yazdılar.
Kirsten həkim Kabrilsin yanında müayinədən keçəndən sonra, həkim ona iki xəbər verdi. Bu xəbərlər onun bütün həyatını dəyişdirdi. Birincisi, Kirsten hamilə idi. İkincisi, qanındakı xəstəlik onu günbəgün ölümə yaxınlaşdırırdı. Bir illik ömrü qalmışdı. Ən çoxu, iki il. Həmin gün həkimdən çıxan kimi Kirsten Via Avqustdakı zərgər emalatxanasına gedib German üçün qızıl saat sifariş verdi, arxasında “İçində işıq danışan Germana. K.A.” yazısını həkk etdirdi.
Saat onların hələ nə qədər vaxtları qaldığını göstərirdi.
Kirsten səhnədən də imtina etdi. Axırıncı dəfə “Liseo” teatrında səhnəyə çıxıb sevimli bəstəkarı Delibanın “Lakme” operasından parçalar oxudu. Bir də heç vaxt onun səsinə oxşayan səs olmayacaq.
Kirsten hamilə olduğu vaxtlarda German onun portretlərini çəkdi. Həmin portretlər indi malikanənin divarlarından asılıb. Amma o portretləri satmaq heç vaxt ağlına gəlməyib.
1964-cü ilin altı sentyabrında Sarrya malikanəsində anasına oxşayan qız övladı dünyaya gəldi. Onun adını Marina qoydular.
Yarım ildən sonra Kirsten Auerman Germanla ömrünün ən gözəl saatlarını keçirtdiyi və qızına həyat verdiyi otaqda vəfat etdi. German axırıncı dəqiqəyə qədər arvadının əlini buraxmadı. Dan söküləndə Kirstenin meyiti artıq soyumuşdu.
Arvadının ölümündən bir ay sonra German evin çardağında yerləşən emalatxanasına gəldi, qızı Marina da döşəmədə oturub oynayırdı. German fırçanı götürüb kətan üstdə rəsm çəkməyə çalışdı. Onun gözləri doldu və fırça əlindən düşdü. O vaxtdan German Blau daha rəsm çəkmədi. Ondakı işıq əbədi söndü.
Doqquzuncu fəsil
Payızda Germanın malikanəsinə getmək mənimçün gündəlik ritual oldu. Dərslərdə candərdi oturub zəngin haçan vurulacağını gözləyirdim. Bazar ertəsindən başqa hər gün malikanəyə qaçırdım, orda məni təzə dostlarım gözləyirdi. Bazar ertəsi günü isə Marina atasını həkimə aparırdı. Biz yarıqaranlıq zalda kofe içə-içə söhbət edirdik.
German mənə şahmat öyrətməyə başlamışdı. Ciddi-cəhdlə öyrətməyinə baxmayaraq, Marina beş-altı dəqiqənin içində məni mat edirdi, amma mən ümidimi itirmirdim.
Özüm də hiss etmədən, yavaş-yavaş onların həyatını özümünküləşdirirdim. Onların evi, xatirələri… həm də mənim olurdu. Atasını tək qoymaq istəmədiyi üçün Marinanın məktəbə getmədiyini də öyrənmişdim. Oxuyub-yazmağı ona German öyrətmişdi.
– Əgər özün fikirləşə bilmirsənsə, onda coğrafiyadan, riyaziyyatdan öyrəndiyin hər şey boş səsdir, – Marina deyirdi. – Bunu isə məktəblərdə öyrətmirlər. Dərs proqramında fikirləşməyi öyrətmək yoxdu.
German incəsənət, tarix və elm dünyalarını ona açmışdı. Malikanənin böyük kitabxanası Marinanın kainatı olmuşdu. Hər təzə kitabla təzə dünyaya, təzə ideyaya giriş edirdi. Oktyabr gecələrindən birində ikinci mərtəbədə, pəncərə qabağında oturub uzaqda yanan işıqlara baxırdıq. Onda Marina etiraf etdi ki, yazıçı olmaq arzusu var. Doqquz yaşından bu yana hekayə yazırmış, artıq xeyli hekayəsi varmış. Hekayələri oxumaq istədiyimi deyəndə cavab verdi ki, heç ağlıma da gətirməyim.
“Bu da şahmat kimidir”, – deyə fikirləşdim, – “zamanla alınacaq”.
Germanla Marina bir yerdə kitab oxuyanda və ya şahmat oynayanda – mənim varlığımı unutduqları vaxtlarda – onları müşahidə edirdim. Belə vaxtlarda onları bir-birinə bağlayan gözəgörünməz tellər, hamıdan və hər şeydən uzaqda yaratdıqları balaca dünyaları mənə həddindən artıq sehirli görünürdü. Hərdən bu möcüzəyə xələl gətirəcəyimdən qorxurdum. Çox vaxt internata qayıdıb yerimə uzananda, mənə bu bütövlük hissini bölüşməyə icazə verdikləri üçün özümü dünyanın ən xoşbəxt adamı hesab edirdim.
Dostluğumuzu gizli saxlayırdım. Səbəbini özüm də bilmirəm. Heç kimə heç nə demirdim, heç Şefə də. Bir neçə gün ərzində Germanla Marina mənim sirrim olmuşdu. Düzünə qalsa, mən elə bu sirlə yaşamaq istəyirdim.
Bir dəfə German on doqquzuncu əsr əsilzadələri manerası ilə üzr istəyib yatmağa getdi. Portretlər asılmış zalda Marinayla tək qaldıq. Marina müəmmalı tərzdə gülümsəyib dedi ki, mənim haqda yazıb. Bu məni dəhşətə gətirdi.
– Məndən? Məndən yazmısan – nə deməkdir?
– Sənin haqda yazmışam da.
Bu cavabla qane olmalıydım. Marina məni pis yerdə yaxalamışdı.
– Özün haqda bu qədər pis fikirdəsən ki, sənin haqda yazmağım sənə qəribə görünür?
Bu suala cavabım yox idi. Hücuma keçməyə qərar verdim. Bunu mənə German öyrətmişdi, demişdi ki, şahmatda çıxış yolun qalmadığını görsən də, hücuma keç.
– Elədir, elə deyil, – bu başqa məsələdir. Mənim haqdadırsa, ver özüm də oxuyum.
Marina qaşlarını qaldırdı.
– Nə yazdığını bilməyə haqqım var, – inadkarlıq edirdim.
– Bəlkə, xoşuna gəlmədi?
– Bəlkə, xoşuma gəldi?
– Fikirləşərəm.
– Gözləyəcəyəm.
Soyuq havalar Barselonaya həmişəki kimi meteorit sürətiylə gəldi. Bir gündən də az vaxtda temperatur mənfiyə düşdü. Şəhərdə yüngül payız plaşlarının yerinə ağır paltolar görünməyə başladı. Göyüzü artıq polad rənginə çalırdı, küçələrdə adamın qulaqlarını qarsan acı külək hökmranlıq edirdi.
Germanla Marina gözlənilmədən mənə xəz papaq hədiyyə etdi. Çox bahalı papağa oxşayırdı.
– Bunu fikirlərini qorumaq üçün başına qoy, – German dedi. – Başına soyuq olmasın.
Noyabrın ortasında Marina bir həftəlik Madridə gedəcəklərini dedi. La-Pas xəstəxanasında işləyən məşhur həkim Germana eksperimental müalicə üsulu tətbiq etməyə razılaşmışdı. Bu müalicə üsulu Avropada hələlik bir neçə adama tətbiq olunmuşdu.
– Bilmirəm, deyilənlərə görə, bu həkim möcüzələr yaradır, – Marina dedi.
Bir həftə onlarsız qalmaq fikri məni daş kimi əzdi. Bunu gizlətməyə cəhd etsəm də, alınmadı. Marina başa düşüb əlimdən tutdu.
– Cəmi bir həftəlik gedirik, Oskar. Sonra yenə bizi görəcəksən.
Başımı tərpətdim. Marina daha təsəlli vermədi.
– Germanla fikirləşdik ki… Sən hələlik Kafkayla evə göz-qulaq ola bilərsən?
– Əlbəttə. O nə sözdür?
Marinanın üzü işıqlandı.
– Kaş bu həkim dedikləri kimi yaxşı olaydı, – dedim.
Marina mənə baxdı. Dodaqları gülümsəyirdi, amma gözlərində kədər görünürdü.
– Kaş ki.
Madrid qatarı Fransa vağzalından səhər saat doqquzda çıxacaqdı. Dan sökülən kimi internatdan çıxdım. Marinayla Germanı vağzala aparmaq üçün qalan cibxərcliyimə taksi sifariş verdim. O səhər yerə göyümtül duman çökmüşdü, gün çıxdıqca duman dağılırdı.
Yolda çox danışmadıq. Bircə fırlanan taksometrin səsi gəlirdi.
– Nahaq əziyyət çəkdin, Oskar, – German dedi.
– Heç bir əziyyəti yoxdur, narahat olmayın, – dedim. – Hava yaman soyuqdur, piyada getməyinizə icazə verə bilməzdim.
Vağzala çatanda German kafedə oturdu, bizsə Marinayla sifariş olunmuş biletləri götürməyə getdik.
Sağollaşanda German məni elə bərk qucaqladı ki, az qaldı ağlayım. Sonra özü vaqona minib Marinayla məni tək qoydu ki, rahat sağollaşa bilək.
Sakitcə bir-birimizə baxdıq.
– Belə… – dedim.
– Kafkaya süd verəndə südü qızdırmaq yadından çıxmasın, çünki…
– Onun soyuq süddən zəhləsi gedir, xüsusən, növbəti ovundan sonra isti süd içməyi xoşlayır, bilirəm.
Vağzal rəisi qırmızı bayrağı qaldırıb işarə verməyə hazırlaşırdı. Marina dərindən nəfəs aldı.
– German səninlə fəxr edir, – dedi.
– Nəyə görə?
– Səninçün darıxacağıq.
– Sənə elə gəlir. Yaxşı, vaxtdır.
Birdən Marina yaxına gəlib dodaqlarımdan öpdü. Özümə gəlməyə macal tapmamış vaqona mindi. Mən dumanı yara-yara gedən qatarın dalınca baxa-baxa perronda qaldım. Qatarın səsi uzaqda itəndən sonra vağzaldan çıxdım, gedə-gedə fikirləşdim ki, hələ də o vaxt fəvvarənin yanında gördüyüm varlıq haqda Marinaya heç nə deməmişəm. Vaxt keçdikcə özümü onu unutmağa məcbur etdim, guya heç belə şey olmayıbmış.
Vağzalın çıxışında yükdaşıyan oğlan qaça-qaça gəlib mənə çatdı.
– Dedilər ki, bunu sizə verim…
O, sarı rəngli zərfi mənə uzatdı.
– Məncə, siz səhv edirsiniz.
– Yox, yox. Senyora dedi ki, bu sizə çatacaq.
– Hansı senyora?
Yükdaşıyan vağzalın Kolumba bulvarı tərəfdəki çıxışını göstərdi.
Vağzalın pilləkənləri duman içindəydi. Orda heç kim görünmürdü. Yükdaşıyan çiyinlərini çəkib getdi.
O çıxışdan çıxdım. Marinayla Sarrya qəbiristanlığında gördüyümüz qara paltarlı qadının siluetini gördüm, qadın at qoşulmuş karetaya mindi. Oturanda bir anlıq dönüb mənə baxdı, üzünə yenə də örpək salmışdı. Sonra qapını örtdü və boz plaşa bürünmüş arabaçı atları hayladı, kareta yerindən tərpəndi.
Kareta yüksək sürətlə Ramblas küçəsinə dönüb gözdən itdi.
Yükdaşıyanın verdiyi zərfin qırağını cırdım. İçində adi vizit kartı vardı. Kartda bunlar yazılmışdı:
Mixail Kolvenik. Prinsesa küçəsi, 33, 2a
Kartın dal tərəfində isə qəbiristanlıqda və oranjereyada gördüyümiz işarə həkk olunmuşdu. Qara kəpənək.
Внимание! Это не конец книги.
Если начало книги вам понравилось, то полную версию можно приобрести у нашего партнёра - распространителя легального контента. Поддержите автора!Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?