Текст книги "İsa Muğanna xatirələrdə"
Автор книги: Коллектив авторов
Жанр: Биографии и Мемуары, Публицистика
сообщить о неприемлемом содержимом
Текущая страница: 2 (всего у книги 8 страниц) [доступный отрывок для чтения: 2 страниц]
direktor təyin olunmuşdu. Babamın vəfatından iki il sonra yay aylarında Göyqılınca gedəndə Yerevan Pedaqoji İnstitutunun tarix fakültəsində qiyabi oxuyurdu. Günlərin birində atam Yerevandan Göyqılınca gələndə qabağına yüyürdüm. Qəbiristanm yanından keçəndə babamın qəbrinin yanında dayandı. Burada mən Alı əminin oxuduğu bayatını xatırlayıb, atamdan soruşdum ki, “Alı əmi babama niyə “qərib” dedi?”.
Qəbirdən aralananda atam bayatını təkrar etdi. Sonra qəbiristanla binənin arasında yol yoxuş
olduğuna görə məni qucağına alıb, ömrümdə unutmadığım bir söhbət başladı.
– Bizə Qəriblər deyiblər, Şolloy balam. Çünki biz lap qədimlərdə Rey şəhərində yaşamışıq.
Müharibələr olub. Şəhərdən-şəhərə köçə-köçə, gəlib Muğan düzündə şəhər salmışıq. Sonra ruslar bizi o axırıncı şəhərimizdən sürüblər. Gəlib Qazax qəzasında Padişahlıq kəndini salmışıq. Sonra da Muğanlıya köçmüşük. Alı əmi yaydan-yaya Dərəçiçəkdən “Göyqılınc”a gəlirdi, çalıb oxuyurdu. Hərdən də Muğanlıya cavanların toyuna gəlirdi. Gecələr bizdə qalanda “Aşıq Qərib” dastanından oxuyurdu, “Sıx ormanda ötən bülbül, ötmə, bülbül, mən Qəribəm!” – Alı əmi bu mahnını oxuyanda baban həmişə ağlayırdı. Rus çarı Birinci Aleksandr Muğannaları Muğandan sürəndə1 babamın otuz yeddi yaşı olub. Hələ orda – Muğanda ikən babası Musa ağadan və atası Hüseyn ağadan dərs alıb, elm öyrənib. Muğan düzünü çox sevirmiş. Buna görə də ordan ayrı qalmağa dözəmmirdi, qoca yaşlarında da “Aşıq Qərib” dastanından o mahnını eşidəndə
ağlayırdı. Babamın ürəyi belə ürək olub.
Deyirəm, məndən ötrü atam babamı əvəz edirdi.
“Nəslin günəşi” İsa əfəndi, Hüseyn əmilərim kimi atam da sifətcə, boy-buxunca gözəl idi. O qədər gözəl ki, kənddə “Mustafa müəllimin vurğunu” olmayan qız-gəlin az-az tapılardı. Bu gəlinlərdən biri mənim zehnimdə həkk olunub, sanki beynimdə dilə gəlib “məni də yaz, məni də yaz”, – deyir.
Bu gəlin, demək olar ki, əlli yaşında qadın idi. “Çoban Qaranın arvadı” adı ilə çağrılırdı. Elə
1 Sürgün 1879-cu ildə olub
10
qeyri-adi vurğun idi ki, hətta ərinin gözünün qabağında göz yaşı tökə-tökə deyirdi: “Məni boşa. Mustafasız ölərəm.” Anam Xədicəyə də ismarlamışdı ki, “qabağında qulluqçuluq eliyərəm. Ərim boşasın məni, Mustafaya gedim.” Həftədə, on gündə bir dəfə atama naxışlı dəsmal göndərirdi. 1942-ci ilin fevralında atam Tiflisdəki üç aylıq siyasi rəhbər (“politruk”) kurslarına gedəndən sonra çoban Qaranın arvadı oraya –
Tiflisə də naxışlı dəsmallar, üstü şəkərli “qatlama” çörəklər göndərirdi. 1942-ci ilin yayında atam Şəmkirdə
və Şamaxının yaxınlığındakı Çuxuryurd adlanan yerdə 416-cı diviziyanın təşkilində olanda, bu əlli yaşlı gəlin oralara da yol tapıb, “qatlama” göndərirdi. Atam cəbhəyə – döyüşə gedəndən sonra bu gəlin məktəb uşaqlarından əlinə keçəni yolun ortasında saxlayır, uşağı çantasından dəftər çıxardıb, dəftərdən vərəq cırdırıb atama məktub yazmağa məcbur edirdi. 1946-cı ildə atam Almaniyanın Küstrin şəhərində ordudan tərxis olunub qayıdanda gəlin o qədər ağlayıb-sıtqayıb, ərinə o qədər yalvarmışdı ki, axırda çoban Qara atamın yanına gəlib demişdi: “Bu Allahın işidi, arvadım həqq aşiqidi. Boşayıram, al.” Atam “iki arvad ala bilmrəm”,– deyib, nəhayət, arvadın əlindən yaxasını qurtara bilmişdi.
O ili Səməd Vurğunun qardaşı Mehdixan Vəkilov bizim rayonda raykomun birinci katibi idi. Atamı cəbhədən gətirən qatarı zurnaçılarla qarşılayıb, rayonun ziyalıları ilə birlikdə atamı restorana qonaq apardı və orada təklif etdi ki, cəbhədən beş ordenlə qayıtmış Mustafa Hüseynov rayonun icraiyyə komitəsinin sədri olsun. Atam razılaşmadı. Səbəbi bu idi ki, müharibə illərində ailəsi aclıq çəkmişdi; anamdan, nənəmdən, bibimdən başlayaraq, beş uşağın beşi də, necə deyərlər, hörümçəkdən can diləyirdi. Buna görə
də atam elə o restoranda hər şeyi açıb danışıb Mehdixandan xahiş etdi ki, ailənin vəziyyətini nəzərə alıb onu yaylaqda fermaların dolandırıcısı vəzifəsinə göndərsin. “Ailəmi az-çox cana-qana gətirim, sonra vəzifə
haqqında fikirləşərəm”, – dedi.
Atam bizi yaylaqda fermaların dolandırıcısının “Studobekker” maşınına doldurub, Dilicanın başının üstündəki dağ belində, Göyçə gölünün sahilindəki malakan kəndi Semyonovkaya apardı. O ili mən doğrudan da “hörümçəkdən can diləyirdim”.
Müharibə illərində nələr çəkdiyimi sizə çatdırmaq üçün deməliyəm ki, Muğanlının bütün cavanları, əsgər yaşlı kişiləri – hamı səfərbərliyə alınmışdı; Qazaxın “vayenkom”u elə bil müharibənin başlanmasını gözləyirdi ki, Muğanlıdakı Muğannaların yurdunu xaraba qoysun; o biri kəndlərdən fərqli olaraq, Muğanlıdakı əsgər yaşı ötmüş, qocalmağa başlamış kişiləri də həkim komissiyasma salıb, yaşlarını azaldaraq səfərbərliyə almışdı. Kəndin, kolxozun işləri arvadların, uşaqların ümidinə qalmışdı. Gündüzlər məktəbdə
dərs qurtaranda kotan məci tuturdum, axşamlar həyətyanı sahələrdə qarğıdalı alağı kətmənləyirdim, gecələr qarğıdalı suvarırdım. Yadımdadır ki, bir gecə kəndarası arxa su buraxıb, iki oğlunun ikisi də müharibədə ol-an mamamın (bibimin) qarğıdalı sahəsini suvarırdım. Gecə əldən-ayaqdan düşüb sahənin ayağında arxın içində uzandım ki, ağrılarım bir az kəssin. Bilməmişəm, gözümə yuxu gedib, su gəlib məni basıb, axıb-gedib yolu da batırıb. Birdən kiminsə qışqırtısına oyanıb sahədən çıxdım. Kolxozumuzun sədri Əsgəroğlu Həmidi atın belində gördüm. Qışqırdı ki, “kimdi bu yolu bu hala salan?”. Dedim: “Mənəm, ay Həmid dayı. Bilməmişəm, gözümə yuxu gedib, su gəlib məni basıb, axıb gedib yolu da xarab eləyib.” Paltarımın ətəklərindən, şalvarımdan su süzülürdü. Əsgəroğlu üst-başıma baxdı, qəmləndi, başını endirib, atını sürüb getdi. Ertəsi günü əllərim kotanın məcində, axşama qədər səndələyə-səndələyə ayaq üstə mürgülədim.
Bu həyat tərzinə, üstəlik, aclıq da qarışmışdı.
Bir yaz səhəri anam un çuvalını tərsinə çevirib oxlovla çırpdı, bir kündəlik də un çıxmadı. Anam ağlayıb məni dayımgilə göndərdi: “Get dayını çağır, görək bir çarə tapırmı.”
Dayım məndən cəmi üç yaş böyük idi, on yeddi yaşı vardı, enlikürək, sümüklü oğlan idi.
Həyətimizə gələn kimi atımızı yəhərlədi. Əkin sahəmizdə bir qoç saxlayırdıq. Dayım qoçu çəkib yəhərin qaşına aldı. Mənə dedi: “Üzəngidən yapış”. Mən üzəngidən tutdum. Qaratəpə bazarına qədər beş kilo-metrlik yolu atın yanınca yortdum. Qaratəpə indiki “Qardabani” adlanan şəhərdir. Müharibə vaxtı orada gürcü yox idi, şəhər bizim respublikanın ərazisində Qarayazı rayonu adlanırdı. Taxılı, qarğıdalısı, arpası nisbətən bol olan yer idi. Ətraf ərazilərdən – Gürcüstandan, Ermənistandan oraya bazarlığa gəlirdilər.
Dayımla Qaratəpəyə çatanda gördük bir kişi bazar yoxuşunun ayağında oturub, bir köhnə, yamaqlı 11
xurcunda iki pud taxıl – kərdigər satır. Dayım atdan düşmədən dedi: “Bu qoçu verim, taxılını ver.” Kişi dərhal razılaşdı. Qoçu atın belindən endirib belindəki kəmərinə bağladı, yamaqlı xurcunu atın tərkinə
qaldırdı. Mən yenə üzəngidən yapışdım. Dayım atı çapdı. Kəndimizin ayağına, meşəyə yetişəndə qan-tər içində idim. Dayım atdan düşdü, məni ayağımdan qaldırıb yəhərə mindirdi: “Sür İsgəndər ağanın dəyirmanına. Deynən, mən Muğanlıda Mustafa müəllimin oğluyam. Çörəyimiz yoxdu. Anam dedi, bu taxılı nobata qoymasın, una dəyişdirsin. Uşaqlar acdı.” Sürdüm atı, getdim. İsgəndər ağa Səməd Vurğunun əmisi idi. “Vayenkomat”dan gizlənib, çiynində beşaçılan, belində patrondaş, meşədə qaçaqlıq eləyirdi, həm də dəyirman saxlayırdı. Amma gündüzlər dəyirmana yaxın getmirdi. Xoşbəxtlikdən, bu dəfə İsgəndər ağanı dəyirmanda tapdım. Dayımın dediyi kimi dedim. İsgəndər ağa atamla yaxın idi. Mənim “uşaqlar acdı” dediyimi eşidəndə gözləri doldu. Xurcunu atın belindən endirib dəyirmana apardı. Taxılı bir çuvala boşaldıb, əvəzində xurcunun hər gözünə iki çanaq un tökdü, bir çanaq da xurcunun hər iki gözünə doldurub yumruqlan ilə bastalayıb, atın belinə qaldırdı. “Sür. İti sür, anan gözləyir”, – dedi. Həyətimizə çatanda atın tükündən tər damırdı. Qızbəs bibim xurcunu düşürməyi gözləmədən, iki ləyən un götürüb teştə tökdü.
Çardağın altında ocaq yanırdı. Sac asılmışdı. Bibim biləklərini çırmayıb xəmir yoğurdu, tez-tələsik kələfətir bişirdi, parçalayıb uşaqlara payladı. O kələfətirin istiliyini indi də ağzımda hiss edirəm.
Atam orduya gedəndən sonra Qırax Kəsəmən kəndinin Çəndirli nəslindən Səlim adında balacaboy, çopur bir ədəbiyyat müəllimini bizim artıq onillik olan məktəbimizə direktor göndərmişdilər. Səlim müəllim çox sərt adam idi. Kolxozun sahələrində işləməyə, qoyun-quzu otarmağa gedən uşaqları şapalaqla-yırdı. Hərdən yuxarı sinif şagirdlərini öz həyətyanı sahəsində qarğıdalı alağı kətmənləməyə aparırdı.
Qısası, Səlim müəllimdən hamı qorxurdu. Bir dəfə uşaqları yenə alaq kətmənləməyə aparmışdı. Mən də
getmişdim. Səlim müəllim ikimərtəbə evin balkonunda dayanıb uşaqlara göz qoyurdu. Birdən necə oldusa məni çağırdı: “İsa, bura gəl.” Qısıla-qısıla getdim. “Yuxarı gəl. Sən kətmən vurmayacaqsan. Sənə ayrı iş
tapşıracam”, – dedi. Mən yuxarı çıxanda içəri çağırdı, kitab tərəcəsindən bir sarı cildli kitab götürüb mənə
tərəf uzatdı. “Al, sən bunu oxuyacaqsan”, – dedi. Bu, Stivensonun “Dəfinələr adası” romanı idi. Kitab əlimdə, mat-məəttəl, direktorun üzünə baxa-baxa qaldım. Niyə məhz məni çağırmışdı? Niyə kitab verirdi? Azca qımışdı. “Sən ayrı nəsildənsən. Muğannalar kətmən vurmamalıdırlar, kitab oxumalıdırlar. Get evinizə, otur oxu”, – dedi.
Evə getdim, bir də səhərisi, uşaqlar yenə qarğıdalı alağı kətmənləyəndə getdim, kitabı verdim.
Səlim müəllim təəccüblə üzümə baxıb soruşdu ki, “niyə qaytarırsan?”. Dedim: “Oxumuşam”. Heyrətləndi, dedi: “Gecə yatmamısan?”. Dedim: “Yatmamışam”. Xeyli duruxdu. Çiyinlərini çəkə-çəkə o baş-bu başa yeriyib, kitab tərəcəsinin qabağında dayandı. Yenə bir kitab götürüb mənə uzatdı. “Al, bunu da oxu, görək necə Muğannasan sən”, – dedi. Bu dəfəki kitab Puşkinin “Kapitan qızı” romanı idi. Apardım, səhərisi yenə
kitabla qayıtdım. “Çox sağ olun. Maraqlı kitabdı”, – dedim. Səlim müəllim yenə bir xeyli üzümə baxa-baxa qaldı. Sonra tərəcədən Mehdi Hüseynin “Kin” povestini verdi. “İndi özümüzünkülərdən oxu”, – dedi. O
gündən başlayaraq, direktorun tərəcəsindəki bütün kitabları oxudum. Günlərin birində Əbülhəsənin
“Dünya qopur” romanını oxuyandan sonra bir dəftərdə özümün “İnqilab” adlı hekayəmi apardım. Səlim müəllim evində oturmağa mənə yer göstərməyi də unudub, hekayəni ayaq üstə oxudu. Özümə qaytarıb, qısaca: “Muğannasan. Yenə yaz”, – dedi.
Bu möcüzəli hadisə haqqında mən ömrüm boyu düşünmüşəm və bu qərara gəlmişəm ki, kəndimizdə məktəb direktorluğuna layiq müəllimlər olsa da, Qırax Kəsəmən kəndinin ədəbiyyat müəlliminin bizə direktor təyin edilməsi, Səlim müəllimin məni başqa uşaqlardan seçib, “sənə başqa iş
tapşıracam”, – deməsi də, ilk hekayəmi ayaq üstə oxuyub “Muğannasan” deməsi də təsadüfi deyildi. O vaxt mən nə mütaliə həvəsində idim, nə yazıçılıq həvəsində. Hətta, nəslimizin – Muğannaların kimlər olduğundan xəbərsiz idim. l946–cı ildə atam ordudan tərxis olunub bizi “Semyonovka” kəndinə aparanda da Səlim müəllimin möcüzəsi haqqında fikirləşirdim.
Bu heyrətli hadisəyə ikinci bir hadisəni də əlavə etməliyəm. Müharibədən bir neçə il əvvəl, üçüncü-dördüncü siniflərdə oxuyanda mən hər gün qənd yeməyə dadanmışdım. Dərsdən sonra atam kəndin 12
ortalığında adamlarla söhbət edəndə yanına gedib deyirdim: “Ay dədə, bir abbası ver, qənd alacam.”
Atam dinməz-söyləməz, abbasını ovcuma qoyandan sonra dükandan bir parça qənd alıb, ləzzətlə
xırtıldada-xırtıldada evə gedirdim. Hər gün qənd yeməyim onunla nəticələndi ki, azı dişlərimin hamısı ağrımağa başladı. Qırx altıncı ildə Semyonovka kəndində ağrılar o qədər şiddətləndi ki, atam yaxınlıqdakı fermadan iki at alıb məni təcili olaraq Dilicana, diş həkiminə aparmağa məcbur oldu. Həkim azı dişlərimin hamısının ortasını yonub-çökəldib, “nervi öldürən dərman” doldurdu, üstünü sementlə örtüb, atama ermənicə nə isə dedi, atam isə “daha ağrımayacaq”, – dedi. Diş ağrılarım elə həkimin evindən çıxanda kəsildi. Semyonovkaya qayıdanda bir gecə dəftərlərimi çıxarıb, yeddilik lampanı çarpayının altına qoyub, üzü üstə uzanıb yazmağa başladım. Çarpayının altına girməyim yatanlarımızı işıqdan qorumaq üçün idi.
Atamla anam bir-birinə baxıb, gülümsədilər, mənə heç nə deməyib çarpayılarına uzandılar. Mən bir neçə
gün belə vəziyyətdə yazıb, çarpayının altında işləməyə vərdiş etdim. Bir səhər, nəhayət, atam dilləndi: “Nə
yazırsan?”. Dedim: “Özüm də bilmirəm”. Doğru deyirdim; bir növ stixiyalı yazırdım. Atam bir az fikrə
getdi. Sonra “Nəslimizdən yaz. Bizim nəsil heç bir nəslə bənzəməz”, – dedi. Hiss etdim ki, bu sözləri boş-boşuna demirdi. Amma nədənsə heç nə danışmadı. Mən bunun səbəbini soruşanda isə qəribə, müəmmalı sözlər dedi: “Mən səhv elədim. Sənin hələ ali təhsilin yoxdu. Nəslimizin haqqında yazmaqdan ötrü hökmən ali təhsilin olmalıdı.”
Bu sözlər məni atamın hələ Almaniyada olduğu vaxtlara qaytardı. Qırx beşinci ildə maarif nazirliyi
“Kamal attestatı” təsis etmişdi. Bizim rayonda bütün məktəblərin onuncu siniflərinin şagirdlərini Dağ
Kəsəmən kəndindəki məktəbə yığmışdılar. Məktəbin binasında yataqxana, pulsuz yemək üçün kafe təşkil edilmişdi. Nazirliyin çap etdirdiyi bülleten üzrə imtahan verirdik. Bu kəndin ab-havasına görəmi buranı seçmişdilər, yoxsa bu məktəbin keyfiyyətcə bütün məktəblərdən seçildiyinə görəmi, bunu bilmirəm. Amma o məktəbdə keçən günlərimi yaxşı xatırlayıram. Səhər tezdən yataqxanadan çıxıb, kafedə çay içərək imtahan otağına gedirdik. Yadımdadır, həmin otaqda gördüyüm müəllimlərin heç biri salamımızı almırdı.
İmtahan otağında elə zəhmli sükut olurdu ki, istər-istəməz qorxu canımızı alırdı. Amma Muğanlıda aldığım imtahan vərəqəsində qiymətlərim bütün fənlərdən “əla” olduğuna görə özümü toxtaq saxlayırdım. Dağ
Kəsəmən məktəbi məni qızıl medala təqdim etməli idi. Bunu hərdən müəllimlər özləri dilə gətirirdilər:
“Sən qızıl medala namizədsən”. Bu sözlər məni daha da ürəkləndirirdi.
“İmtahanlar qurtardı” deyilən günün axşamı şagird yoldaşım Teymur Bünyadovun bacısı Zəkiyyə
müəlliməni məktəbin qabağında gördüm. Yanında bir kənd adamı dayanıb, qıçları arasında bir burmabuynuz qoç tutmuşdu. Dağ Kəsəmənin müəllimləri məktəbə yığışanda kişi qoçu yerə yıxdı, belindən xəncər çıxarıb qoçu kəsdi, soymağa başladı. Bir az sonra məktəbin qabağında ocaq alovlanırdı, kabab şişləri tüstülənirdi. Bir tanımadığım kəndli də gəldi, belindəki xurcunu endirdi, yerə süfrə saldı, xurcundan çoxlu çaxır şüşələri çıxartdı, “probka”larını partapart açdılar. Yeyib-içməyə başladılar.
Mən məktəbin qabağındakı ağacın altında dayanmışdım. Ürəyimə daman şübhə məni bu ağacın altında saxlamışdı. Tərpənə bilmirdim. Nəhayət, məktəbin direktoru dizləri üstə qalxıb tost dedi: “İçək sevimli şagirdimiz Teymur Bünyadovun qızıl medalının şərəfinə. Sağ olsun Zəkiyyə müəllimə ki, belə
qardaş yetirib.”
Məni heyrət bürüdü. Teymur xəstə idi, kitab-zad oxuyan deyildi. Muğanlı məktəbindən verilən arayışda qiymətlərinin hamısı “orta”, “yaxşı” idi. Bəs bu qızıl medal söhbəti nə idi? Mən nə edəcəyimi bilmədən, ağacın altında donub qalmışdım. Birdən yanımda bir müəllim gördüm. Bu, Tovuz orta məktəbindən çağırılmış fizika müəllimi Qara müəllim idi. Əlini mənim çiynimə qoyub dedi: “Fikir eləmə. Medalı Teymur Bünyadova verirlər. Sən medalsız da qəbul olunacaqsan ali məktəbə.”
Yaş məni boğdu. Ağacın altından çıxıb yataqxanaya getdim. Ertəsi günü Muğanlıda da gözümün yaşını yığa bilmirdim. Anam məsləhət gördü ki, raykom katibi Mehdixan Vəkilova şikayət eləyim. Həmin gün raykomda idim. İş gününün axırında Mehdixan Vəkilov məni qəbul elədi. Əvvəllər evimizdə olmuşdu.
Mənim vətən müharibəsi qəhrəmanı Mustafa Hüseynovun oğlu olduğumu bilirdi. Evimizə “M-l”
maşınında hətta hədiyyə düyü, qənd aparmış və mənim necə oxuduğumu soruşub cavabımdan razı 13
qalmışdı. Məni gülər üzlə qarşıladı. “'Əyləş”, – dedi.
Mən dərdimi danışdım.
Mehdixan Vəkilov elə gülümsəyə-gülümsəyə başını tərpədirdi: “Başa düşürəm, başa düşürəm”, –
deyirdi. Axırda da gülə-gülə: “Sən instituta medalsız da girə bilərsən. Teymuru tanıyıram. O da yaxşı oğlandı. Özü də xəstədi. Qoy alsın medalını”, – dedi.
Göz yaşımı birtəhər yığıb kabinetdən çıxdım. Demə, evdə məni daha sarsıntılı hadisə gözləyirmiş.
Qatardan düşüb kəndə gedəndə anamın əmisioğlu Niyazi dayımı evimizdə gördüm. Mənim medalsız qaldığımı eşidib gəlmişdi. “Günah Zəkiyyə müəllimədədi. Qonaqlığı o təşkil eləyib”, – dedi. Sonra mənim Bakıya qəbul imtahanlarına getməyimdən söz düşəndə Niyazi dayımın üzü tutuldu. “Darülfünuna getməyəcəksən. Ədəbiyyat boş şeydi. Bu saat bizim xalqa həkim lazımdı. Tibb institutuna getməlisən”,–
dedi. “Sapsağlam adamları vayenkomatda həkim komissiyasında neqodnı çıxartdırıb əsgərlikdən sax-lamışam. Müharibə yenə ola bilər. Həkim komissiyası da yenə lazım ola bilər. Get həkim ol!”, – dedi.
Niyazi dayım Tiflisdə rus dilində meşə institutunu bitirmişdi, meşə mühəndisi işləyirdi. Kənddə ən hörmətli adamlardan sayılırdı. Sözündən çıxa bilmədim. Bakıya gedəndə tibb institutuna qəbul imtahanlarının hamısından “yaxşı” qiymət alıb müalicə fakültəsinə qəbul olundum. Lakin açığını deyim ki, bu instituta lap birinci gündən nifrət elədim. Şəhərin müxtəlif tərəflərində yerləşən institut binaları arasında,
tramvaylarda,
avtobuslarda
sərnişin sıxlığından sıxıla-sıxıla getməkdən, piyada yüyürüb-yıxılmaqdan zəhləm getdiyi kimi, mühazirələrdə tələsə-tələsə yazdığım fənlərin məzmunundan, hətta adlarından (“Astialogiya”, “Mialogiya”, “Sindismalogiya”) zəhləm gedirdi. Çox könülsüz oxuyurdum. Sessiya imtahanları başlayanda yazı-pozularımdan ayrıldım, buna görə özümə də nifrət etdim.
Birinci kursun axırıncı imtahanının vaxtı çatdı. Tələbələri “Semaşko”nun ölüxanasına apardılar.
Masanın üstündə bir çılpaq rus meyiti uzadılmışdı, iy verirdi. Tələbələr “pinset”, “linset” adlanan cərrahlıq alətləri götürüb meyitin müxtəlif əzalarını yarırdılar. Balacaboy, daim qəzəbli doktor Hacıyev hamını acılaya-acılaya “Mialogiya” (əzələ) fənninin incəliklərindən danışırdı. Hacıyev müharibədə, bəzən cəbhənin təhlükəli yerlərində, çadırlarda cərrahlıq eləyə-eləyə çox kobudlaşmışdı. Əsəbləri pozulduğuna görə, bizə də zülm eləyirdi. Mənə növbə çatanda, “pinset”, “linset”i ovcuma basıb “kanalı yar, göstər”, –
dedi. Baxdım ki, “pinset”lə “linset” meyitin ətindən, qanından bulaşıqlıdır. İyrənib, çiyrinib, alətləri Hacıyevin ayaqlarının üstünə ataraq birdən qapıya yönəldim. Meyitxananın pillələrini sürətlə düşə-düşə
arxaya baxdım. Arxamca gələn yox idi. “Əlvida, doktor Hacıyev!” – dedim. Sonra “Əlvida, tibb institutu!”
– dedim və ordan birbaş yaşadığım evə – anamın əmisi, otuz yeddinci il qurbanı Mahmud Yolçuyevin mənzilinə getdim. Taleyim belə gətirdi ki, həmin gün əsgərlikdən bir qohumum yaralı qayıdıb kəndə
getməyə hazırlaşırdı. Öpüşüb görüşdük. Soruşdu ki, “harda oxuyursan?” Dedim: “Heç yerdə. Sənnən kəndə
gedəcəm.” Belə də elədim. Stansiyadan piyada getdik. Qohumlarımız xəbər tutub qabağımıza yüyürdülər.
Gələnlərin arasında Niyazi dayımı gördüm. Əsgər qohumumuzla görüşüb mənə baxanda üstümə yeridi, acıqlı-acıqlı dedi: “Sən niyə burdasan sessiya vaxtı?”
Mən xeyli susdum, amma cavab verməli oldum: “Çıxmışam institutdan”, – dedim. Dayımın şapalağı qulağımın dibində şappıldadı. Tab gətirməyib üzü üstə tozun içinə yıxıldım. Dayımın haqsızlığını hələ institutda ikən bilsəm də, belə insafsızlığını gözləmirdim. Buna görə də sarsılıb üzü üstə qaldım. Anam yanımda peyda oldu. Qolumdan tutub ayağa qaldırdı. Ağlaya-ağlaya dayıma: “Sən bilmirsənmi ki, bu nəslin oğlanları da, qızları da könül adamlarıdılar. Könülləri olmayan işə getməzlər!”– dedi. Dayım duruxdu. Sonra gedə-gedə: “Elə ona görə qırılırlar də,” – dedi.
O gecə Almaniyaya, atama məktub yazdım: “Niyazi dayım deyir hökmən medinstitutda oxumalısan. Mənim isə könlüm ədəbiyyatadır”.
Yarım aydan sonra atamdan məktub aldım: “Könlün harayadır, oraya da gedəcəksən”.
Bu hadisə qırx altıncı ilin yazında oldu. Atam tezliklə gəldi və dediyim kimi, bizi '“studobekker”
maşınına doldurub Semyonovkaya apardı.
“Studobekker” Naxçıvandan duz daşıyırdı. Yaylaqdakı fermalardan atla duz aparmağa gəlirdilər.
14
Amma heç vaxt əliboş gəlmirdilər. Toğlu, qoç gətirirdilər. Kabab, piti, bozartma yeyib cana-qana gəlirdik.
Avqustun axırında babamın “Göyqılınc” yaylağına getdik və sentyabrın axırına qədər orada qaldıq.
Məni dərd almışdı. Axı institutlarda, o cümlədən darülfünunda qəbul imtahanları çoxdan qurtarmış, dərslər başlanmışdı. Atam məni bu il də dərsdən qoyurdu? Bir dəfə cəsarətimi toplayıb soruşdum ki, “məni niyə
saxladın oxumaqdan?”. Sakitcə gülümsündü: “Qorxma. Hər şey qaydasında olacaq. Mənə lazım olan sənin sağlamlığındı”, – dedi. Kəndə qayıdana qədər çaş-baş qaldım. Atamın özünün işi yaxşı gedirdi. Mehdixan Vəkilov yeni iş təklif eləmişdi: rayon maarif şöbəsinin müdiri. Atam yenə etiraz eləmişdi: “Müəllimlik təcrübəmi itirmişəm. Müharibə illərində Qarayazı meşəsi elə qırılıb, elə seyrəlib ki, tamaşasına gedəndə
adamı yaş boğur. Meşə təsərrüfatı idarəsinə göndər, meşə bərpa olunmalıdı.” Mehdixan Vəkilov razılıq vermədi: “İnstitut qurtarmısan. Yaxşı tarixçisən. Sənətini atma”, – dedi. Amma bir neçə gün sonra gəlib Qarayazı meşəsini gəzdi, atama: “Sən haqlısan. Meşəmizi bərpa elə”, – dedi. Beləliklə, atam meşə təsərrüfatı idarəsinin direktoru təyin edildi. Bundan sonra günlərin birində məni çağınb, “Hazırlaş, Bakıya gedirik”, – dedi. Dedim: “Ay dədə, axı dərslər çoxdan başlanıb.” Yenə sakitcə gülümsündü. “Gedərik, görərsən”, – dedi. Yalnız Bakıda məlum oldu ki, darülfünunda filologiya fakültəsinin dekanı atamın komandiri olduğu diviziyanın siyasi rəhbəri Səmədzadənin qardaşıdır, atamla Çuxuryurdda tanış olub.
Məlum olub ki, Səmədzadələr Şamaxının yaxınlığındakı Muğanlı kəndindəndirlər, Muğanna nəslindəndirlər. Babaları bizim ulu babamızla birlikdə Muğan düzündəki şəhərimizdən sürülüb. O ulu babamın nəticələri olan bu Səmədzadə qardaşları atamla Çuxuryurdda tapışıb dostlaşıblar.
Dekan Həbibulla Səmədzadə məni kabinetinin qabağındakı balaca qəbul otağında qoyub, atamın qoluna girib içəri apardı. Nə isə danışdılar. Sonra məni kabinetinə çağırdı. Atam çıxdı. Dekan mənə dedi:
“Səməd Vurğundan, Osman Sarıvəllidən şeir de.” Mən pərt olsam da, vəziyyətdən çıxmağa çalışdım:
“Keçən il tibb institutunda çox əziyyət çəkmişəm. Şeirlər yadımdan çıxıb. Amma qəbul eləsəniz, söz verirəm ki, əla qiymətlərlə oxuyaram”, – dedim. Daha heç bir söhbət olmadı.
– Sən çıx. Atanı çağır gəlsin, – dedi.
Atam içəri keçəndə qapı yarımçıq qaldı. Səmədzadənin səsini eşitdim:
– Fəhmli uşaqdı. Götürürəm, – dedi.
Sonra məni çağırıb masasının qabağında saxladı. Siyirtmədən bir imtahan vərəqi çıxarıb bütün fənlərdən əla qiymət yazdı. Vərəqi mənə verib, gülümsünərək dedi:
– Dördüncü mərtəbəyə çıx. Tarix fakültəsinin dekanı Məmməd Şıxlı müəllimə de, Həbibulla müəllim deyir, bu qazaxlı oğlana bir “yaxşı” qiymət yazsın. Sonra düş birinci mərtəbəyə – qəbul imtahanlarının katibəsinin yanına, vərəqi ver ona, işə tiksin.
Birinci mərtəbədə balaca pəncərə arxasında oturan qız vərəqi alıb dedi:
– Auditoriyaya getmək istəyirsənsə, pilləkənlə aşağı düş, yeddinci auditoriyada dərs getməlidi.
Atamı yola salandan sonra yeddinci auditoriyaya girəndə tələbələr sükut içində skamyalarda oturmuşdular. Auditoriyanın o başında orta boylu, nurani bir adam gəzinirdi. Məlum oldu ki, müəllimdir, təzəcə gəlib.
– Mən yazıçı Mir Cəlalam, – dedi. – Sizə ədəbiyyat nəzəriyyəsindən dərs deyəcəm. Bu gün hekayə
janrından danışacam.
Keçib arxadakı boş skamyada təkcə oturdum. Yazıçını birinci dəfə gördüyümdənmi, yoxsa onun danışdıqlarındanmı, nədənsə bir vaxt elə bil yuxudan ayılıb özümü lap birinci skamyada oturan gördüm.
Mir Cəlaldan sonra auditoriyaya daha gələn olmadı.
O vaxtlar darülfünun adlanan universitetin Kommunist küçəsindəki binasından çıxıb, sevinə-sevinə
anamın əmisi, otuz yeddinci il qurbani Mahmud Yolçuyevin «Kaqanoviç № l» ünvanındakı mənzilinə
getdim. Mahmud Yolçuyev maarif nazirliyinin məsul işçisi imiş. Zeynalabdin Tağıyev və Nəriman Nərimanovla yaxınlığına görə tutulub sürgün olunmuşdu. Dördotaqlı mənzilinin iki otağı müsadirə edilib başqa vətəndaşa verilmişdi. Qalan iki otaq da təzə divarlarla yarıbayarı kəsilmişdi. İki dar otaqda Mahmud Yolçuyevin universitetdə kimya laboratoriyasında işləyən qızı Züleyxa – “Zülya xalam”, politexnik 15
institutunda oxuyan oğlu Əziz və tikiş fabrikində işləyən arvadı Mariya Konstantinovna yasayırdılar.
Anamın əmisi Mahmud Yolçuyev çox maarifpərvər adam olduğundan, onun evində nadir kitablar, o cümlədən Firdovsinin “Şahnamə” dastanının “Siyavuş” hissəsinin tərcüməsini gördüm, atamı kəndə yola salandan sonra “Siyavuş”u oxudum.
Zülya xala mətbəxdə mənim üçün balaca masa və balaca “qribok” lampa qoymuşdu. Əziz dayım elə
birinci gecədən başlayaraq, “qribok” lampanın işığında yazdığım hekayələrimə görə məni “Şolloy” adımla əzizləyir, hər dəfə institutdan qayıdanda mənə şirin “peçenye” gətirirdi, “Ye, zehnin iti olsun”, – deyirdi.
Muğanlıdan qohum-əqraba gəldiyi vaxtlar evdə səs-küy olanda Mariya Konstantinovna asta, yorğun səslə
“səs salmayın, Efendi işləyir”– deyirdi. Belə qayğıkeş qohumlar arasında mən özümü xoşbəxt hiss eləyirdim və nə yazdığımdan asılı olmayaraq böyük həvəslə yazıb-pozurdum.
Bir axşam “qribok”umu yandınb masanın arxasına keçəndə mətbəxin qapısında Zülya xalamın səsini eşitdim:
– Mehdi gəldi, – dedi.
Mən istər-istəməz maraqlanıb pəncərəyə doğru əyildim və həyətdə orta boylu, dolu sifətli, qarayanız bir adamın ağır, gen addımlarla darvaza tərəfdən gəldiyini gördüm. Aylar keçəcək, atam Bakıya, meşə təsərrüfatı nazirliyinə gələndə bir axşam məni masamdan ayırıb, “Gəl səni Mehdi Hüseynnən görüşdürüm”, – deyib “Kaqanoviç № l”dəki evin birinci mərtəbəsində, balaca-dar bir kabinetdə oturan Mehdi Hüseynin masasının qabağına aparacaqdı. Nə vaxt, hardan tanış imişlər, bilmədim. Amma şad bir xəbər bildim. Mehdi Hüseyn atamla əmiuşağı imiş. Bir-birinə “əmioğlu” deyib, öpüşüb-görüşdülər. Atam mənə işarə ilə:
– Oğlumdu. İsa əfəndinin adını daşıyır, – dedi.
Kürsüdə oturandan sonra isə:
– İsa əfəndi “İslam tarixi” yazmışdı. Məhəmməd peyğəmbərin OdƏr – türk olduğunu sübut eləmişdi. Bu İsa əfəndi nə sübut eləyəcək, məlum deyil. Amma yazmağına yazır, – dedi.
Sonra keçmişlərdən, Mahmud Yolçuyevdən, Zeynalabdin Tağıyevin kompanyonu “Məmməd xozeyindən” – Məmməd Nəsibovdan, babamın bir-birinin ardınca ölən və öldürülən oğullarından danışdılar. Axırda atam yenə mənə baxdı.
– Bu, altıncı uşağımdı. Belə görürəm, hələ yenə olacaq uşağım, – dedi. Bir az susub, – Bunu sənə
oğulluğa verirəm. İstəyirəm, taleyi sənin taleyin kimi olsun, – dedi. Yenə bir az ara verib, – Qan qohumluğu sizi bir-birinizə yaxınlaşdırar, ata-oğul eliyər, – dedi.
Atam gedəndən sonra Mehdi Hüseynin evindən ayağım kəsildi. Amma payıza yaxın yenə bir hadisə
baş verdi.
Mətbəxin qapısı ağzında Zülya xalamın səsini eşitdim:
– Ay Mehdi, bu uşağı görürsənmi? Neftin qıt vaxtı səhərə qədər lampa yandınr, elə hey yazır, yazır.
Bir baxsana, görək bunun yazdığında bir şey varmı.
Həyətdən, şüşələrin arxasından Mehdi Hüseynin gözləri mənə dikilmişdi. Baxdı, baxdı, sonra pillələri qalxıb, gəlib böyrümdə dayandı. Masanın küncündəki dəftərlərdən lap üstündəkini götürüb qabağıma qoydu.
– Oxu görüm, – dedi.
Mən özümü itirmişdim. Hekayəni başlanğıcdan oxumaq əvəzinə Mehdinin açdığı səhifədən yarımçıq bir cümləni oxudum: “Onun ayaqları altında gömgöy ilk bahar otları göy soğan kimi xışıldayırdı”.
Mehdi Hüseyn:
– Bəsdi, – dedi.
– Bacarırsan, yaz, – dedi və dönüb, yorğun-yorğun getdi.
Bir cümlə! Belə rəy!.. Əllərim titrəyirdi. Sifətim alışıb yanırdı. Bu heyrətli hadisənin üstündən nə
qədər keçdi, bilmədim. Günlərin birində onu yenə böyrümdə gördüm. Sifəti həmişəki kimi ciddi idi.
Dilləndi ki:
16
–Yazırsan?
Dedim:
–Yazıram.
Dedi:
– Bizə niyə gəlmirsən? Evə gəl. Yazdıqlarından oxu. Mən “Azərbaycan” jurnalının redaktoruyam.
Gətir oxu. Bəyənsəm, çap eliyəcəm.
Bir kəlmə də danışa bilmədim.
O vaxt, Zülya xalamın dediyi kimi, teatr azarına tutulmuşdum. Gündüz saat on ikidə gündüz tamaşasına, dərsdən sonra da axşam tamaşasma gedirdim. Üstəlik də pyes yazmağa başlamışdım. Mənim qeyri-adi rejimim Zülya xalamı lap cana doydurmuşdu. Günlərin birində açılışdı:
– Bilirsənmi nə var, Əfəndi? (Nədənsə mənə Əfəndi deməyə başlamışdılar) Kaqanoviç 4-də bir rus qarısı var. Otağını kirayəyə verir. Get hələlik orda elə cızma-qaranı. Sonrasına baxarıq.
Bu söhbətdə darülfünunun ikinci kursunda oxuyan, şeir yazan mamaoğlum Vidadi də iştirak edirdi.
– Mən tutmuşam o evi. Gedək, kravatın yanına bir kravat da sığışdırmaq olar, – dedi.
Beləliklə, mənzilim dəyişdi. Yoldaşlarım, dostlarım əmələ gəldi. Əli Tudə, Balaş Azəroğlu, İsmayıl Şıxlı Vidadinin yanına gəlirdilər. Mənlə də dostlaşmışdılar. Altı kvadratmetrlik otaqda Vidadi, Əli, Balaş
şeir oxuyur, çay içirdilər. Mənim də ürəyimdən bir pərdəlik pyeslərimi oxumaq keçirdi, lakin günlərin birində Vidadi də Zülya xalam kimi danışdı:
– Bir masamız var, onu da bu tutub. Yazdığı da nədi? Bir pərdəli pyes.
Məsləhət gördülər ki, gecələr masanı Vidadiyə verim, özüm də pyes yazmaqdan əl çəkim, oçerkdən-zaddan başlayım.
İsmayıl dedi:
– Hekayə yazmaqdan niyə əl çəkdin? Mən də hekayə yazıram. “Həkimin nağılı” adında hekayəm çıxıb. Oxumusan?
Dedim:
– Yox. Oxumamışam.
Dedi:
– Bir pərdəli pyeslərdən heç nə çıxmaz.
Bu söhbətdən sonra teatra getmədim. Vidadi yenə narazı danışdı:
– Təsirə qapılansan.
Bir müddət masanı onun ixtiyarına verib, sarsıntılı gəzdim. “Təsirə qapılansan.”
Qış tətilində kəndə gedəndə hətta özümlə kağız, qələm də aparmadım.
Qış qatı gəlmişdi. Qar kəndi elə basmışdı ki, evimizlə mamamgilin evinin arasında qarı kürəklə
yarıb cığır açmışdım, bu cığırla yeriyən olanda ancaq başı görünürdü.
Mamamın kiçik oğlu Mahmudalı ordudan yaralı qayıtmışdı. Qarın qalınlığına baxmayaraq, iyirmi kalibrli təklülə tüfəngini götürüb hər gün meşəyə ova gedirdi. Bir dəfə mən də atamın qoşalülə tüfəngini götürüb Mahmudalı ilə getdim. Ovçuluğumdan bir şey çıxmasa da, meşədə bir qeyri-adilik gördüm.
Talaları kotanla əkib, dırmıqlayıb, atamın dediyi kimi, “kvadrat yuva” üsulu ilə palıd qozaları, akasiya toxumları və qoz əkmişdilər. Atamın fəhlə briqadası qışın qatısında traktorla yeni-yeni meşəsiz talaları əkirdi. Bir tərəfdə də Kürdən kanal çəkirdilər. Atam qalın qara paltoda, qulaqlı papaqda “Villis” maşınında gah kanal boyunda, gah da əkin sahələrində gəzirdi. Mən ovçuluğu buraxıb “Villis”də atamla gəzməyə
Внимание! Это не конец книги.
Если начало книги вам понравилось, то полную версию можно приобрести у нашего партнёра - распространителя легального контента. Поддержите автора!Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?