Электронная библиотека » Коллектив авторов » » онлайн чтение - страница 1

Текст книги "İsa Muğanna xatirələrdə"


  • Текст добавлен: 28 октября 2022, 20:40


Автор книги: Коллектив авторов


Жанр: Биографии и Мемуары, Публицистика


сообщить о неприемлемом содержимом

Текущая страница: 1 (всего у книги 8 страниц) [доступный отрывок для чтения: 2 страниц]

Шрифт:
- 100% +


İSA MUĞANNA

XATİRƏLƏRDƏ


“Xatirə Ədəbiyyatı” silsiləsindən 44-cü kitab

1



Ön söz

İsa Muğanna… Bu ad bütün Azərbaycan oxucusuna doğmadır. Ədəbiyyata gəldiyi gündən keşməkeşli bir ömür yolu keçən İsa Muğanna tutduğu qələmə həmişə sadiq qalmış, çətinliklərə, təzyiqlərə

baxmayaraq inandığı yoldan dönməyən dahi bir şəxsiyyət kimi özünü təsdiqləmişdir. Ədəbiyyatımızda, bəlkə də, dünya ədəbiyyatında onun kimi ikinci bir şəxsiyyət yoxdur ki, uzun illər öncə yazdığı əsərlərə

dönə-dönə qayıtsın, məzmununda ciddi dəyişikliklər etsin. Bəlkə də, kimlərsə bunu cəsarətsizlik və

lüzumsuz bir hal kimi qəbul edir. Amma məncə, bu, İsa Muğannanın yazdıqlarına və düşündüklərinə

sədaqətli olmasından və səmimiliyindən irəli gəlir. Çünki qələminə və sözünə şübhə belə olmayan bir sənətkar öz əsərini yenidən işləyir, onu əlavələrlə zənginləşdirirsə, bu, bir də onun səmimi söz ustadı olduğundan xəbər verir.

“Yanar ürək” əsərini yenidən işləyib “İdeal”, “Doğma və yad adamlar” əsərini “İsahəq, Musahəq”

adlandırması, “Qəbiristan”ı, “GurÜn”ü, “Cəhənnəm”i yenidən əlavələrlə işləyib oxuculara təhvil verməsi səbr və əzm istəyir. Heç bir yazıçı bədii əsərinə qarşı bu qədər tələbkar deyil. Amma İsa Muğanna bunu ahıl yaşlarında da edib. Ömür-gün yoldaşı Firuzə xanım belə Muğannanın bu tələbkarlığına bəzən üsyan edib. Söhbətlərimizin birində ustad sənətkar dedi ki, “Gərək “Məşhər”i yenidən işləyim”. Bu zaman Firuzə xanım: “Ay İsa, bəsdir, sən Allah” – deyərək etirazını bildirdi. İsa müəllim isə öz mövqeyində

qaldı və imkan tapan kimi işləyəcəyini dedi.

Bu gün bu xatirələrinin nəşrini hazırlamaq biz nəsib oldu. Pafoslu səslənməsini istəmədiyim bir fikri bura yazmaq istərdim, ön söz yazıb-yazmamağım haqqında çox düşünürdüm. Sərhədsiz bir ideya və

fikir sahibinin əsərləri haqqında nəsə yazmağın məsuliyyəti məni sıxırdı. Amma Ustadım qəbul etdiyim Muğannanın şərəfinə və əsərlərindən təsirlənərək yazdığım “OdƏrlər” romanımın ön sözünə yazdığı rəydəki son cümlə məni cürətləndirdi: Çünki bizim ikimizin taleyi var bu kitabda. Tale birliyi, əbədi yazıçılıq birliyi, gələcək həyat birliyi böyük, nadir xoşbəxtlikdir…

Azərbaycan ədəbiyyatında çox böyük rezonans doğuran “İdeal” əsəri haqqında demək olar ki, ölkəmizin ən böyük alimləri öz tənqidi fikirlərini yazmışdır. İsa Hüseynovun birdən-birə İsa Muğanna olduğunu düşünən və yazanlar da az olmamışdır. Amma onun ta doğulandan Muğanna olub sivilizasiyanın yaradılışından xəbər verən Muğlardan olması nəsil-nəcabətinin keçdiyi həyat yolundan görünür. İsa Muğanna doğulduğu gündən İsa Əfəndi olmuşdur. Hər şeyi bilən ağa, üləma, sayğıdəyər, bilgiyə sahib anlamında işlənən “Əfəndi” kəlməsi İsa Muğanna doğulanda ona verilən ilk ad idi. İlahi bir səs bu adı İsa Muğannanın ata qohumu Hilal xalaya dedizdirib. Müəllif bunu özü belə qeyd edir: “Hilal xala sevinclə xeymədən eşiyə atılıb, deyib: – Gözün aydın, ay Omar ağa, İsa əfəndi gəldi!” İsa Əfəndi Muğannanın əmisi olub. Tarixi sirləri varisləri ilə gələn nəsillərə ötürən Muğlar, Muğannalar İsa Əfəndiyə “Nəslin Günəşi” deyərlərmişlər. Çünki o, SafAğ elminin bilicisi və bu elmi gənclərə

çatdırmaqda görəvləndirilən bir şəxs idi. O dövr üçün “çox təhlükəli “İstoriya İslama” kitabı”nı yazmışdır. Yaradılışın sirlərini qəlbində daşıyan, amma bildiklərinin hamısını OdƏrlərə ötürə bilməyən bir SafAğ alimi idi. Çünki vaxtsız vəfat etmişdir. Bu şanlı və müqəddəs iş İsa Muğannanın çiyninə düşdü və o, bu şərəfli işi ləyaqətlə, yolundan dönmədən həyata keçirdi. Mehdi Hüseynə “Anadil ötəndə”

oçerkinə görə “atamı daha yaxşı tanıyıram” – deyib öz gördüklərindən yazan İsa Muğanna ömrünün sonuna qədər gördükləri və eşitdiklərindən başqa heç nə yazmadı. Gördükləri onun həyatına biçilən yaşam, eşitdikləri isə Bağ Atanın ona babaları, ataları və işıq vasitəsi ilə dedikləridir. İsa Muğannanın yazdıqlarını anlamayan, dərk edə bilməyən şəxs gərək ki, onun 81 yaşında yazdığı “Həyatımdan səhifələr” oçerkini oxusun. O, bir OdƏr nəslinin şəcərəsini təhrifsiz şəkildə bu əsərində yazmış, o əsərləri niyə və necə qələmə aldığını pafossuz qeyd etmişdir. Bu oçerk İsa Muğannanın yaşadıqlarını və

yazdıqlarını özündə əks etdirən bir tezisdir.

İsa Muğanna möcüzəli bir şəxsiyyətdir. “Həyatımdan səhifələr”i oxuyanda bir hadisə məni dəhşətə

2


gətirdi. Çünki İsa Muğannanın və ömür-gün yoldaşı Firuzə xanımın valideynləri rəhmətə gedəndən sonra həm özünün altı bacı-qardaşı, həm də Füruzə xanımın altı bacı– qardaşını evləndirib köçürmək bu kişinin müqəddəs vəzifəsi olur. Onları evlənirib yola salandan sonra, yəni evləndikdən 20 il sonra həyatının sevinci – Sevinc adlı qızı dünyaya gəlib. Bu, doğrudan da bir möcüzədir. Bundan sonra isə “Yanar ürək”,

“İdeal”, “Doğma və yad adamlar” “İsahəq, Musahəq” yazılır, cəmiyyət İsa Hüseynovu İsa Muğanna olaraq tanıyır. Bu o zaman olur ki, İsa Muğanna şəcərənin layiqli yaşamasını təmin edir. Seçilmiş

olduğunu sübut edir. Bundan sonra isə gah silsilənin çağdaş nümayəndələrini Səmədi, gah da ən qədim nümayəndələrini – ƏsƏlməni (Süleyman peyğəmdəri), ƏsƏlEyi (İsa peyğəmbəri), BağhəmOdu (Məhəmməd peyğəmbəri), ÜnƏsimi (Nizami Gəncəvini), Nəsimini yazdı. Yazdı və qəbiristanlığa çevrilmiş beyinləri SafAğ işığı ilə işıqlandırmağa çalışdı. Amma bəzi qəbiristanlıqlar bunu dərk edə

bilmədi. İsa Muğannanın ağlını itirdiyini söylədi və yazdı. Düzdür, İsa Muğannanın SafAğ elmi haqqında dedikləri bir insanın asanlıqla qəbul edə biləcəyi fikirlər deyildi. Bunun üçün gərək beynində SafAğ işığı olsun. Beynində bu işıq olanlar və ya bu işığı görmək istəyənlər onun yazdıqlaranı duya və ya anlaya bilərlər. Hüseyn Cavid heç də təsadüfən “Şeyx Sənan” əsərində Sənanın və Xumarın əl-ələ tutub uçduğunu yalnız ruhu pak olanların gördüyünü yazmamışdır. O pak ruhları – SafAğ işıqlarını yalnız saflaşmışlar görə bilərdi. Nəzərə alsaq ki, beyinlərimizin işığı sönüb, onda biz İsa Muğannanın 40 ilə

yaxın bir zamanda SafAğ elmi haqqında yazdıqlarını necə başa düşə bilərik?

“İdeal” romanındakı “Qapalı dünya”, “Eysar çarmıxda”, “Peyğəmbərin möhürü” kimi hissələri və

ondan sonra bu ideyanı daha da dərinləşdirib “Cəhənnəm”, “Qəbiristanlıq”, “İsahəq, Musahəq”, “İlan dərəsi və ya peyğəmbərin taleyi”, “Qırx kisə qızıl” kimi əsərləri ağlı başında olan heç kim yaza bilməz.

Çünki bu ağıl göylərlə əlaqəyə girə bilmirsə, ordan qidalana bilmirsə, onları düşünə və qələmə ala bilməz, eləcə də anlaya… İnsan göylərlə – Yaradanla əlaqəyə girməyi və onu eşitməyi bacardığı bir zaman ağlı –

SafAğ işığı başındakı kəllə sümüyündən – ət parçasından uçub yaradanla əlaqəyə girdiyi zaman qeyri-iradi fikirlər söylər. İsa Muğanna ağlı başından çıxıb göyləri gəzən və eşidən bir OdƏrdir…


* * *


İsa Muğannanı tarixi keçmişimiz, insanın yaradılışı, mifik düşüncələr maraqlandırsa da, o, çağdaş

cəmiyyətimizdə gedən proseslərə heç bir zaman biganə qalmamışdı. İki eynəyi üst-üstə geyərək, böyük bir lampa işığında oxuyub-yazmasına baxmayaraq milli taleyimizə təhlükə olan bütün məsələləri izləyir, öz analitik düşüncələrini istər müsahibələrində, istərsə son yazdığı povest və romanlarında ürək ağrısı ilə

qələmə alırdı.

Yaranışının tarixi və səbəbləri bilinməyən erməni-türk düşmənçiliyi mövzusunda hələ “Cəhənnəm”

romanında yazmış yazıçı “Qırx kisə qızıl” və “Söz yarası” povestlərində bu mövzuya yenə toxunmuş, düşmənin fitnəkarlığını bir daha göstərməyə çalışmışdır.

İsa Muğanna “İdeal” romanında qoyduğu bir ideyanı – Xalqların vahid kökü və vahid dili ideyasını

“Qırx kisə qızıl” povestində çox anlaşıqlı bir dillə qələmə almışdır. Öz prinsiplərindən vaz keçməyən, bəşərin taleyi düşüncəsinin carçısı olan filosof-yazıçı bu əsərində SafAğ elmini başa düşməyənlərə

müəllimlik etməyi qarşısına məqsəd qoymuşdur. Düzdür, müəllifin bu müəllimliyi – ustadlığı bütün əsərlərində var, amma bu əsərdə ustad sənətkar sanki dediklərinin dərin mənasını anlamayan şagirdlərinə

bütün bu mətləbləri daha asan, daha sadə və bir az da onun ruhuna daha yaxın olan əhvalatlarla yoğuraraq çatdırmışdır.

“Qırx kisə qızıl” povesti bir gəncin – Zahidin dilindən danışılır. Fəlsəfi fikirlərlə yüklü olan bu tale kitabı əsərin baş qəhrəmanı Zahid və Nəsibənin saf sevgisinin təqdimi ilə gərilmiş fikirləri sanki sığallayır, oxşayır. Amma bu şirin sevgi nəğməsi bir həyat fəlsəfəsini özündə daşıyır.

Əsərdə erməninin dilindən danışılan “Aşıq Qərib” dastanının əsli, sözsüz ki, rəmzi mənadadır.

Bütün tarixçilərin gəlidiyi bir qənaət var: bütün insanlığın və türkün qədim tarixi bu gün gizli qüvvələr 3


tərəfindən gizlədilir və ya təhrif edilmiş formada bizə təqdim edilir. İsa Muğanna da “Aşıq Qərib”

dastanının əsl variantını bu əsərdə təqdim etməklə, tarixi şəxsiyyət olan Məmmədhüseyn Təhmasibi bir obraz kimi təsvir etməklə, hətta Məhəmmədhüseyn Təhmasibi bu dastanın əsl variantını nəşr etdirməməkdə

günahlandırmaqla, Ermənistandakı gizli “Matenadaran” kitabxanası haqqında

“Matenadaran əməkdaşı” Karens Karapetyanın dilindən danışmaqla, Mircəfər Bağırovun anti-millət fəaliyyətini təqdim etməklə, Göyçə mahalının ermənilərə necə verilməsini, insanların necə köçürülməsini göstərməklə yazıçı türk dünyasını öz tarixini araşdırmağa, düzgün kimliyini bilməyə səsləyir.

Yazıçının bir çox əsəri kimi, “Qırx kisə qızıl”ı da vərəqlədikcə sanki tarixi bir əsər oxuduğunu, bitirdikdən sonra isə İsa Muğannanın tarixçi və bu əsərin də tarixi əsər olduğunu düşünürsən. Çünki bədii ədəbiyyat olmasına baxmayaraq, o qədər inandırıcı bir dil, fakt var ki, dəhşətə gəlirsən. Bəlkə də, İsa Muğannanın yazdıqları bir tarixdir və oxucuların dəli olmaması üçün adını bədii ədəbiyyat qoyub. Axı nə

qədər də olmasa, bədii ədəbiyyat təxəyyülün məhsulu kimi qəbul edilir. Amma biz dünya ədəbiyyatından da görmüşük ki, bu gün dünyanı heyrətə gətirən texnikaların: yeraltı gəmilərin, vertolyotların nəzəriyyəsi elə ilk dəfə bədii əsərlərin müəllifi Jül Vernin bədii əsərlərində verilmişdir. Sonralar isə alimlər bu fantastik fikirlərdən bəhrələnərək yeni ixtiralar etdilər və bu ixtisarlar bu gün həyatımızın əsas amilinə

çevrildi. Jül Vern deyirdi ki, bir adamın xəyal edəcəyini başqasının reallaşdırması çətin deyil. Bəli, bu gün bəlkə də bizə xəyal kimi görünən İsa Muğanna ideyaları, açılmamış gizlin mətləblər, gizlin tarixlər bir gün bir tarixçi, arxeoloq tərəfindən kəşf ediləcək.

İsa Muğanna yenə bir çox stereotipləri yıxdı. Çünki əsərdə Uğur Mağarov, Mircəfər Bağırov, Məmmədhüseyn Təhmasib, Yemliyanov kimi tarixi şəxsiyyətlər və ya tarixi şəxsiyyətlərin prototipləri var. O, indiyə qədər kimsənin cürət edib söyləmədiyi bir fikri bədii obrazın dilindən təqdim edir:

“Karens necə heyrətləndisə, hətta dizləri üstə qalxdı.

– Professor Məmmədhüseyn Təhmasibi yaxşı tanıyıram mən, – dedi, – Göyçə aşıqlarından dastan toplanmasında iştirak eləmişəm. “Aşıq Qəribi” də mən vermişəm ona. Amma nədənsə mənim verdiyim MətnOdƏrUn variantını yox, savadsız bir aşığın danışdığını yazıb”.

Düzdür, bunu deyən erməni Karanes Karapetyandır və o, həmin Karapetyandı ki, “Taqanroq”

diviziyasında qeyri-adi qəhrəmanlığı ilə fərqlənən azərbaycanlı Uğur Mağarov haqqında iki daşın arasında da olsa, “material” vermişdi KQB-yə. Buna – erməninin dediklərinə inanmaq çox çətindir.

Amma düşünsək ki, Karapetyan bu fikirləri heç bir təzyiq altında deyil, sadəcə vicdanının səsi ilə etiraf etmişdir, bu etiraf isə azərbaycanlıların heç bir vəhşiliyə, fitnəyə baxmadan öz əqidələrindən: insansevərliyindən, qonaqpərvərliyindən, dürüstlüyündən yaranmışdır, deməli, yazıçı Karenesin fikirlərini təqdir edir. Bir anlıq 1930-1940-cı illəri yada salıb gözlərimiz önündə canlandırsaq, o dövrdə bir çox qeyri-adi hadisələrin baş verdiyini görərik. “Dədə Qorqud” dastanını repressiyaya məhkum edən bir rejim necə olur ki, şifahi xalq ədəbiyyatımızın toplanmasına icazə verir və pul ayırır? Azərbaycanda yaşayan türkləri sürgün etməyi düşünən bir rejim necə olur ki, Cənubi Azərbaycan haqqında şeirlər, romanlar yazılmasına start verir? Bəli bu mətləblərin araşdırılmasına böyük ehtiyac var və tarixçilərin bu gizlinlərə

bir daha dönmələrini və heç bir təzyiq olmadan doğru-dürüst tədqiq etmələrini səbrsizliklə gözləyirik.

Əsərdə diqqəti çəkən bir məqam da var: Karanes “Aşıq Qərib” dastanının tədqiqatçısı, əsərin baş

qəhrəmanı Zahidi Məhəmmədhüseyn Təhmasiblə tanış edən bir şəxsdir. Zahidin atası – Uğur Mağarova xəyanət edən Karanes OdƏr tarixinin üzə çıxmasını isətəyən şəxslərdən biri kimi təqdim edilir. Elə buna görə də canıyananlıq edib Zahidi Məhəmmədhüseyn Təhmasiblə görüşdürür və onun aspiranturaya daxil etdirməsini tapşırır. Məhəmmədhüseyn Təhmasib isə onu qəbul edir və Zahidin izinə düşdüyü və bu məqsədlə də yazdığı “Aşıq Qərib” dastanında “tarixi həqiqətlər” əsərini oxuyur və ona deyir: “İlk rəyi respublikanın ən yüksək instansiyasından eşidəcəksən. Yəni mənim fikrimi instansiyanın rəyindən sonra biləcəksən”. Bundan sonra isə “respublikanın ən yüksək instansiyasından” rəy bildirilir: Zahid Mircəfər Bağırovun kabinetinə çağırılır, “”Oxu tar” yazan Müşfiqin yolu ilə gedirsən?” – deyilib istintaqsız, filansız həbs edilir.

4


Bu, diqqətli oxucunu heyrətləndirən bir məqamdır. Çünki Karanes bir zamanlar Zahidin atası ilə

dostluğunu, onlara yaxınlaşmasını gizli erməni kəşfiyyatının əli ilə etdiyini etiraf edərək, haqqında

“material” verib “qızıl medalı” iki “qırmızı medal”la əvəz etdirməsi günahını yuyub, unutqan bir xalqın övladını yenə aldatmışdır. Uğur Mağarov erməni Karanesin OdƏr tarixini bilməsini və ona bəzi mətləblərdən danışmasını xoş niyyət kimi qəbul edib yenə evinə almışdır. Və sonda yenə onun fitnəsi ilə

şəcərənin davamçısı, Uğur Mağarovun oğlu Zahid Mağarovu tələyə salmışdır. Onların kimliyini bilən bu erməni məkrli biri olduğunu bir daha göstərmiş olur və yenə öz əlimizlə susduruluruq. Zahid bu işlərin başında erməni olduğunu əsərdə heç düşünmür də. Çünki o, yazdığı gizlin tarix kitabını ilk dəfə

Məhəmmədhüseyn Təhmasibə vermiş və ondan sonra həbs edilmişdir.

Əsərin müsbət sonluqla bitməsi oxucunu ümidləndirir. Dastan üzərində qurulan, “Qırx kisə”dəki qızılın OdƏr dilindəki sözlər olduğunu məharətlə oxucuya izah edən yazıçı OdƏr həqiqətlərini öyrənən Zahidə axır ki, sevgilisi Nəsibədən “hə” cavabını eşitdirmiş və vüsala çatdırmışdır. Mircəfərin Bağırovun edam edilməsi ilə azadlığa çıxan Zahidi sevgilisi qarşılayır. Bu bir ümid işığıdır. Demək ki, şəcərə hələ də

yaşayır, gizlədilmiş tarixlərin ortaya çıxmasına ümid var. Bu ümidi isə onların yanında olan Nəsibə kimi türk qızlarının dəstəyi isə həyata keçiriləcək. Əsərin qəhrəmanı Zahid sanki İsa Muğannanın protottipidir.

Çünki onun vərəsənin nümayəndəsi olması, dünyagörüşü, taleyi, filoloq olması, öz xalaqızını sevməsi, onunla evlənməsi və sairə bir çox xüsusiyyətlər İsa Muğannanın yenə tanıdıqlarından yazmasına, həm də

çox yaxından tanıdıqlarından yazması ideyasına sadiq qaldığını göstərən amildir. Bu dəfə isə tanıdığı özü və bu gün də ona dəstək olan sevimli ömür-gün yoldaşı Firuzə xanımdır. Bu əsəri yazmaqla İsa Muğanna SafAğ elmi haqqındakı fikirlərin bədii təxəyyülün məhsulu olduğunu yox, bir tarix olduğunu göstərmək istəyib, bəlkə də. Çünki heç bir müsahibəsində, heç bir məqaləsində, heç bir söhbətimizdə mən oxumadım və eşitmədim ki, İsa Muğanna desin, filan obraz bədii obrazdır, bədii priyomdur, bədii təxəyyüldür, bədii təhlildir. “İdeal”dan bu tərəfə yaratdığı OdƏr həqiqətlərini bilən obrazların tarixi şəxslər olduğunu vurğulamağa və oxucularını inandırmağa çalışmışdır həmişə. Anarın bir sözü var: “İsa yazdığına inanan, inandığını yazan bir sənətkardır”. Bəli, o, məhz inandığını yazan sənətkardır. “İnandığı” dediyimiz mətləblər isə ona nəslini tanımasından, tarixi yaxşı bilməsindən gəlir. Bəzən şərti terminlər yaradaraq bəşər övladının yaradılış nəzəriyyəsini ortaya qoymağa çalışır. Amma heç bir ideyasında şovinizm yoxdur. Sadəcə dünyanın şər qüvvələrdən xilasını istəyən və gözləyən bir dahidir İsa Muğanna.


* * *


Sirlərlə dolu Muğanna yaradıcılığına, xatirələrinə ön söz yazmaq bir şərəf idi ki, mənə də nəsib oldu. Əbədi ideyalar carçısı filosof-yazıçının əziz xatirəsi həmişə qəlbimizdədir. İsa Muğanna bəşəriyyətin xoş taleyini ona xəbər verəcək işıq gəmilərindən gözləyirdi, biz də indi onun SafAğAtasına qovuşduğuna inanırıq.


Şəmil Sadiq

filologiya üzrə fəlsəfə doktoru, dosent, yazar,

“Odərlər” tarixi-fəlsəfi romanının müəllifi


5


HƏYATIMDAN SƏHİFƏLƏR

6



Başımda məyusedici sözlər dolaşır:

Çoxdan qalanmış ocaqda od necə tədricən külə çevrilərsə, mən də o cür tədricən külə döndüyümü hiss edirəm. Amma qələmdən əl çəkmək istəmirəm. Bir az da açıq desəm, ömrümün mənasızlığına, puç olmasına heç cür razı olmuram. Buna görə də, beynimdə heç nə qalmadığını, ağlımın yoxa çıxdığını aç-ıq-aydın duysam belə, ömrüm boyu masa arxasında oturmaq, nə isə yazıb-pozmaq vərdişindən birdəfəlik və həmişəlik ayrılmaq istəmirəm. Dediyim kimi, beynimdə heç nə qalmadığını bütün varlığımla duysam da, yenə də qələm götürüb masadakı kağıza doğru əyilirəm, hökmən nə isə yazmaq istəyirəm. Lakin… nə

yazım? Bəlkə elə bu vəziyyətimin özünü, qocalığın fənalığından, dünyamızın faniliyindən yazım? Ya bəlkə

ömrüm boyu yazdıqlarımın ara-bərəsində qalanları, yəni vaxtında yaza bilmədiklərimi yazım? Məsələn, nəyi? Necə, hansı şəraitdə, kimlərin arasında doğulduğumu. Yazmağa necə başladığımı… Belə düşünə-düşünə birdən-birə belə dərk edirəm ki, axı tək özümün yox, bütün nəslimin bioqrafiyası, illərin yox, əsrlərin hadisələri toxunulmamış qalıb. Axı məni qələm götürməyə vadar edən məhz əsrlərin hadisələridir.

Bəs niyə deyirəm ki, beynimdə heç nə qalmayıb? Özüm-özümə böhtan atmırammı? Axı bir qədər dərindən düşünəndə aydın deyilmi ki, nəslimin bioqrafiyasını xalqımın tarixindən ayırmaq olmaz. Xalqımın tarixini isə bütün bəşəriyyətin tarixindən ayırmaq olmaz.

Başlayıram doğulduğum gündən danışım, görək nə çıxır.

Bu əhvalat 1928-ci ildə, iyunun on ikisində olub.

Qazax qəzasının Muğanlı kəndinin camaatı yorğan-döşəklərini, xalı-xalçalarını, taxıl, un çuvallarını, yol azuqələrini arabalara doldurub, arabaların üstündə dəyə çubuqları ilə dəyə tikib, üstünə

qalıf, kilim örtüb yaylağa – “Göyqılınc” yurduna yola düşəndə Qarayazı meşəsinin ortasından keçən qədim karvan yolunda bir hadisə baş verib. Babam Omar birdən-birə arabanın qolunun üstündən yerə atılıb, kəllərin qabağına keçib arabanı saxlayıb, sonra üzünü o biri arabalara tutub, “Siz yolunuzdan qalmayın, mən bu gecə burda qalası oldum”, – deyib. Niyə? Maraqlananlara məlum olub ki, Omar ağanın oğlu Mustafanın arvadı Xədicənin ağrısı tutub. Arabanı bir hündür qol-budaqlı palıdın kölgəsinə çəkiblər, yerdə

balaca dəyə-xeymə tikiblər. Anamı arabadan düşürüb xeymədə yorğan-döşəyin arasına büküblər. Yetər nənəm mərhum böyük əmim Pir Vəlinin arvadı Qızbəs və yaxın qohumumuz Hilal xala xeymədə oturub gözləməyə başlayıblar. Bu vaxt babamın qardaşı oğlu, kənd sovet sədri, çiyni beşaçılanlı Səməd Hüseynov at belində kənd tərəfdən gəlib, tüfəngini çiynindən endirib, xeymənin üstündə bir güllə guruldadıb ki, uşaq tez doğulsun. Həmin anda xeymədən çağa hıçqırtısı eşidilib. Hilal xala sevinclə xeymədən eşiyə atılıb, deyib – “Gözün aydın, ay Omar ağa, İsa əfəndi gəldi!”

İsa əfəndi mənim doğuluşumdan səkkiz il əvvəl, nəslimizin Muğanlıdan əvvəlki kəndi Padişahlıqda dünyasını dəyişmiş əmim idi. Nəriman Nərimanov sosialist ideyaları təbliğ etdiyinə görə həbs olunub Tiflis həbsxanasında bir il yatdıqdan sonra, 1906-cı ildə Bakıya gedərkən SafAğ elmi haqqında məlumat toplamaq üçün yolunu SafAğ alimlərinin kəndi Padişahlıqdan salıb, orada babamla doğma qardaş qədər yaxınlaşdıqdan sonra, 1913-cü ildə Odessadan təhsildən qayıdanda Zeynalabdin Tağıyevin kompanyonu, babamın əmisi oğlu “Xozeyin Məhəmməd”in vasitəsilə SafAğ təhsilli İsa əfəndini, kiçik qardaşı Musa ilə

birlikdə Bakıya çağırtdırıb. Qara şəhərdəki hərbi gimnaziyaya qəbul elətdirib, şəxsən “silsilə”dən, (Həllac Mənsurdan, Firdovsidən, Nizamidən, Nəsimidən, Füzulidən, Yunis İmrədən) özü dərs deyib. Musa gimnaziyanı qurtarmamış xəstələnib Padişahlığa qayıdıb. İsa əfəndi isə gimnaziyanı yasavul (kapitan) rütbəsi ilə qurtarıb, otryad komandiri olub, Rusiyanın Cənub cəbhəsində çar general Denikinlə döyüşüb, 1920-ci ildə Bakıya qayıdanda Nərimanov onu Qazax qəzasına hərbi komissar təyin edib. Həmin ilin yayında Türmən (OdƏrmən) düzündəki qoyun sürülərimizin sərkər çobanı Pir Vəli əmim, kiçik qardaşı Hüseynlə və Hüseynin Salahlı dostu Musa ilə üç at belində, İsa əfəndinin mənzilindəki əşyaları gətirmək üçün Bakıya gedibmiş. Bakıda Nərimanovla görüşüblər. Nərimanov Azərbaycanı Türkiyə ilə birləşdirmək haqqında məktub yazıb Pir Vəli əmimdən xahiş edib ki, məktubu İsa əfəndiyə, o da Türkiyənin Trabzon şəhərində Mustafa Kamal paşaya çatdırsın. Şahidlərin danışığına görə, necə olubsa, Peterburqun 7


beynəlxalq miqyaslı casusu Bünyad bəy məktubdan xəbər tutub, Azərbaycanın o vaxtkı hərbi komissarı Qarayevə xəbər verib. Qarayev isə Tiflis menşeviklərinin lideri Ayollaya teleqram vurub: “Seqodnya iz Baku vıyexali tri vsadnika. U nix pismo Narimanova Mustafe Kamal paşe. Vstreçayte ix na meste Sarıyoxuş”.

Yenə də şahidlərin danışığına görə, Qarayev bu teleqramı vurduqdan sonra Bünyad bəyi qatarla Tiflisə göndərib ki, Sarı yoxuşa getmək üçün Ayollanın dəstəsinə bələdçilik eləsin. Bünyad bəy Qarayevin tapşırığına əməl edib. Ayolla Sarı yoxuşda atlıların qabağını kəsib. Pir Vəli əmim deyib: “Atlardakı yük qardaşım Hüseynin toy tədarüküdür. Əvvəlcə məni vurun, cavanların ölümünü görməyim”. Ayollanın mauzerindən birinci güllə Hüseyni yıxıb. İkinci güllə Musanı yıxıb. Pir Vəli əmim cavanların öldüyünü görüb özünü yarğandan atıb, yaxınlıqdakı qoyun kahalarına doğru qaçıb. Otryad Pir Vəlini gülləyə basıb.

Bir güllə əmimin ağzında dilini qoparıb, ikinci güllə sağ qolunun bazu sümüyünü sındırıb. Kahadakı çobanlar tüfənglərini götürüb “otryad”la atışıb, yüklü atları saldırıblar. Cavanların meyitləri ilə Pir Vəli əmimi arabaya qoyub, kürdən keçirib Padişahlığa aparıblar. Pir Vəli əmim həmin gün keçinib, qadaşı Hüseynin qəbri ilə yanaşı qəbirdə dəfn olunub. Nərimanovun məktubunu İsa əfəndiyə veriblər. İsa əfəndi məsələnin ciddiliyini görüb, elə həmin gün adyutantı ilə birlikdə atlanıb yola düşüb. Lakin Trabzona çata bilməyib. Qazaxın İncə dərəsində Astanbəyli kəndindən keçəndə Müsavat hökumətinin baş naziri ilə

rastlaşıb. Astanbəylidə bir qohumumuzun evində oturub söhbət ediblər. Məlum olub ki, Müsavat naziri Tiflis menşeviklərinin lideri ilə danışıq aparıb, Gəncədə Müsavatı bərpa etmək üçün İncə dərəsinə əsgər yığmaqla məşğuldur.

İsa əmim ev yiyəsindən su istəyib. Ev yiyəsinin qızı, mərhum Hüseyn əmimin nişanlısı su ilə dolu dolçanı nazirə verib ki, İsa əfəndiyə ötürsün. Adyutant görüb ki, nazirin barmağındakı üzük fırlandı, üzükdən dolçaya bir damcı düşdü. Amma xəbər verməyə imkan tapmayıb. İsa əmim elə ordaca xəstələnərək yoldan qayıdıb, Padişahlıqda iki gün yatıb dünyasını dəyişib. İki qardaşın qəbri yanında üçüncü qardaşın qəbri qazılıb.

İndi babamın daha qatı bir faciəsini yazıram.

1918-ci ildə Nuru paşa Türkiyədən öz qoşunu ilə Azərbaycana gələndə Padişahlıqda düşərgə salıb, babamın qonağı olub. Babam oğulları haqqında danışanda Nuru paşa deyib: “Rusa ikisini veribsən, bizə

birini də verməyibsən”. Babam Musa əmimi göstərib deyib: “Bu balacanı apar”.

Musa əmim Nuru paşanın qoşunu ilə birlikdə Qazaxda Şəkərin qalası deyilən yerdə gecələyəndə

qoşuna taun xəstəliyi düşüb. Qoşuna arabada azuqə aparan Hacı Alı əmim Musanın da ağır xəstələndiyini görüb, qardaşını qucağına götürüb qaladan çıxaranda özü də xəstəliyə yoluxub. Padişahlıqda arvad-uşağı evdən çıxarıb, Musanı qucağında saxlayıb və üç gündən sonra bu iki qardaş bir yerdə dəfn olunub.

Babam bu hadisələrdən çox sarsılıbmış. Amma oğullarının ölümündən bir həftə keçməmiş çox qəribə bir hadisə də baş verib. Babam Birinci Şıxlı kəndindən zurnaçılar çağırtdırıb. Arabaya xalça salıb, oğullarının arvadlarını, qızlarını arabaya mindirib, Padişahlıqla Sarıvəlli kəndləri arasında xır yolunda zurnaçılara toy havaları çaldıra-çaldıra gəlinlərini, nəvələrini o baş-bu başa gəzdirib. Padişahlıqda, Şıxlıda, Sarıvəllidə səs yayılıb ki, Omar ağa doqquz yaşlı Mustafanın ümidinə qalıb, qapısı bağlanıb, kişinin başına hava gəlib. Bu kəndlərdə və bütün qəzada heç kəs bilməyib ki, SafAğ alimi olduğuna görə Omar ağa ən uzaq planetdə – əbədiyyətdə oğullarını sağ-salamat görüb, göz yaşları içində sevincinin ifadəsi kimi zurnaçıları çağırtdırıb.

Babam belə baba olub. Atası Hüseyn ağadan SafAğ dərsi aldıqdan sonra Qazaxda “sudya”nın –

hakimin iclasçısı imiş. Hər ayın axırında aldığı məvacibini – on qızılı “sudya”nın masasının üstünə

qoyurmuş ki, istədiyi adamlara iş kəsilməsin və ya cəzaları yüngül olsun.

Babamın iclasçılıqdan çıxmasının və Padişahlığı tərk edib Muğanlıya köçməsinin də maraqlı tarixi var.

1923-cü ildə Nərimanov “Xozeyin Məmməd”ə – Məmməd Nəsibova bir məktub verib Padişahlığa göndərib. Məktubda yazıbmış: “Əxi, məni Moskvaya vəzifəyə aparırlar. Bu gediş o gedişdən deyil. Mənim 8


başıma bir iş gəlsə, səni hökmən həbs edərlər və hətta bütün nəsli qırarlar. Bu məktubu alan kimi Padişahlığı tərk elə, xəlvət bir yerə köç”.

Babam Padişahlıqdakı əhalini Birinci Şıxlıya köçürdüb, özü isə səkkiz ailə ilə birlikdə Qarayazı meşəsinin xəlvət bir guşəsinə, Çinar gölünün sahilinə köçüb, söyüd çubuqlarından səkkiz ev tikdirib. Lakin gizlənə bilməyib. Qazaxın GEPO-sunun adamları malın, qoyunun cəhlimi ilə gəlib o səkkiz evi tapıblar, soruşublar ki, “Kimsiniz, niyə burda yurd salıbsmız?”. Babam GEPO-nun adamlarını birtəhər yola salıb, dərhal, yəni o ilin payızında təzə yurdu da tərk edib, evləri yandırıb meşənin kənarında, açıqlıqda indiki Muğanlı kəndini salıb, Şıxlıdan çoxlu ailə köçürdüb, Muğannalar adı ilə tanınan nəslinə qarışdırıb, özünü təhlükədən xilas edib.

Üç yaşım tamam oldu, dünyada heç nə görmədim, heç nə eşitmədim.

Dörd, beş yaşlanmda gördüyüm bu oldu ki, anamın ətəyindən tutub qohumların evini qapı-qapı gəzdim. Xalalarım məni öpüb, dişləyib əzizlədilər, dayılarım yəhərin qaşında oturdub, at belində

gəzdirdilər. Atam dovşan balaları, çəpişlər, quzular gətirərdi. Evdə səhərdən axşama qədər balaca heyvan-larla oynayardım. Babam məni sinəsində oturdub “Saqqalımın tüklərini sana”, – deyərdi. Mən onun saqqalının tüklərini bircə-bircə qaldırıb, “Bir, iki, beş… on…”, – deyərdim. Sonra əlimdən tutub, evimizin qabağındakı saqqız, palıd ağaclarının arasında gəzdirə-gəzdirə əfsanələr danışardı.

– Anadil quşlarını niyə görmürük? Çünki o quşlar gündüzlər ağacların budaqlarından ayaqlarından asılıb Allaha yalvarırlar, gecələr uçurlar. Niyə belə tərsinə eləyirlər? Çünki Anadillər vaxtilə adam olubmuşlar, peyğəmbərin naxırını otarırmışlar; günlərin birində peyğəmbərin danasını itiriblər. Bu dana sənin gördüyün danalardan deyil, “daaanadı, yəni dünyada nə varsa, hər şeyin bilicisidi. Anadillər belə bir daaananı itirdiklərinə görə çox qəmlənib, Allaha yalvarıblar ki, onları quşa döndərsin, qanadlanıb meşələri gəzib daaananı tapsınlar. Allah o naxırçıları quşa döndərib adlarını da Anadil qoyub ki, Anadillər meşələri gəzə-gəzə o bilicini ana dilində səsləsinlər. Odur ki, Anadillər gündüzlər ayaqlarından asılıb yenə də Allaha yalvarırlar, gecələr hərəsi meşənin bir tərəfındə səslənir: “Quub? Quub”, yəni “tapdınmı?”, “tapmadım”.

Gecələrin birində tapacaqlar, peyğəmbərə şad xəbər aparacaqlar. Deyə bilərsənmi kim olacaq daaana – hər şeyi bilən oğlan? Bax, sən olacaqsan.

Babamla atam, anam məni öz adımla çağırmazdılar. Yəni “İsa”, ya “İsa əfəndi” deməzdilər.

“Şolloy” deyirdilər. Nə deməkdi Şolloy? Babam deyirdi:

– İsa peyğəmbər anadan olanda atası ona “Əsəley” deyib. “Əs” – “'hər şeyi yaradan” deməkdi. “Əl”

– “oğul” deməkdi. “Ey” – “uca” deməkdi. Amma camaat ƏsƏlEyi əzizləyə-əzizləyə “Şolloy” deyib. Biz də

səni çox istədiyimizə görə əzizləyirik, “Şolloy” deyirik. “Şolloy” balam daaanadı, hər şeyi biləndi. Sən böyüyəndə Anadillər səni tapacaqlar, yenə adama dönüb peyğəmbərə şad xəbər aparacaqlar.

Bunun dalınca babam zümzümə ilə bir mahnı oxuyardı:


Şolloyun atı kürəndi,

Yıxıldı, burnu yerə dirəndi,

Şolloyu belə balaca bilməyin,

Şolloy yaman biləndi.


Evimizdə, qohumlarda, qonşularda hamı məni “Şolloy” çağırırdı. Hər kəs öz adımla “İsa” və ya “İsa əfəndi” çağırsaydı, o dəqiqə babamın çəliyi işə düşürdü: “Balamın adı Şolloydu!”. Niyə belə deyirdi? Yetər nənəm qulağıma pıçıldayırdı ki, “Baban İsa əfəndi adını eşitməyə dözmür. O saatca ağlayır.”

Beləliklə, on yaşıma çatana qədər heç kəs məni öz adımla çağırmadı. Kəndimizdə şura hökuməti qurulandan sonra isə, ümumiyyətlə “əfəndi” demək qadağan olundu. Çünki deyirdilər, Əfəndi türkcədi, o da alim deməkdi, şura hökuməti əfəndi alimləri xoşlamır, istəmir türk sözü yayılsın.

Bu söhbətlərə Sovet hökumətinin siyasəti haqqında eşitdiyim ilk sözlər demək olar. Demə, əsl ciddi hadisələr ailəmizin hələ Padişahlıqda olduğu vaxtlar baş veribmiş. Yuxarıda demişəm, 1923-cü ildə

9


Nərimanovun babama göndərdiyi məktuba görə babam kəndin yerini dəyişdikdən iki il sonra daha bir faciə

baş verib.

Babamın Bakı ilə Moskva arasında, yəni Nərimanovla Leninin arasında gedib-gəldiyinə görə “Rus Qurban” çağırılan qaynı xəbər gətirib ki, Nərimanov zəhərlə öldürülüb. Babam yenidən yasa batıb. Bu hadisədən doqquz il sonra “Göyqılınc” yaylağında atamın ailədə söhbətindən eşitmişəm ki, Nəriman Nərimanovun öldürülməsi babam üçün oğullarının ölümünə bərabər itki olub. Həmin yay babam

“Göyqılınc”ın Çınqılı dağ tərəfindən gəlib dəyədə Qızbəs bibimlə anama deyib: “Yerimi salın. Mən köçürəm”.

Sonra əlavə eləyib ki, “Aşıq Alıya adam göndərin gəlsin, üstümdə bayatılasın bir az”. Aşıq Alı Aşıq Ələsgərin bacısı oğlu, babamın dostu idi, “Göyqılınc”ın üç verstliyində Dərəçiçək kəndində olurdu. Atlı göndəriblər, Aşıq Alı gələndə babam hələ canını tapşırmayıbmış. Mən – yeddi yaşlı uşaq babamın can verdiyini hələ başa düşmürdüm. Amma Aşıq Alının sazı köynəkdən çıxarıb ağlaya-ağlaya oxuduğu bayatı yadımdadır:


Əzizim, ulu dağlar,

Çeşməli, sulu dağlar,

Burda bir qərib ölür,

Göy kişnər, bulud ağlar.


Babamın tabutunu “Göyqılınc”ın ayağındakı qəbiristanda qəbrə sallayanda kimsə mənə dedi:

“Babayın gözünə torpaq tök”. Heç nə qanmadım. O adam ovcumu torpaqla doldurdu və sonra ovcumu açıb torpağı tabutun üstünə tökdü. Orada mən birinci dəfə ağladım və atamın qucağına qısıldım.

O gündən başlayaraq atam babanı əvəz etdi.

Atam Qazax seminariyasını bitirib lap cavankən kəndimizdə yeddiillik natamam orta məktəbə


Страницы книги >> 1 2 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации