Автор книги: Əli Şamil
Жанр: Биографии и Мемуары, Публицистика
сообщить о неприемлемом содержимом
Текущая страница: 6 (всего у книги 21 страниц) [доступный отрывок для чтения: 7 страниц]
Satıcıların ucuz malları turistlərə baha satması
Avtobus Aşağı Göygölün yanında yenə durdu. Burada da iki saatlıq fasilə verdilər. Gölün ətrafında gəzinib, alver edib, şəkil çəkdirdik. Nazik parçadan, uzun, milli ornamentli bir paltar diqqətimi çəkir. İstəyirəm dostum Aydın Kərimin kiçik qızı Sevda üçün alım. O, AMEA Hüquq və İnsan Haqları İnstitutunun doktoranturasına sənəd vermişdi. Ondan az bal toplayan hansı nazirinsə gəlini olduğu üçün tələbə biletini almışdı. Sevda isə “havada qalmışdı”. Yüksək vəzifəsi və nüfuzu olan bir neçə nəfər onun haqlı olduğunu bilsə də köməklik edə bilməmişdi. Sənət sahəsində məşhur olan nüfuzlu bir şəxs (Məşhur heykəltəraş, Azərbaycan Respublikasının xalq rəssamı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Eldar Ömərov) işə qarışandan sonra AMEA rəhbərliyi Hüquq və İnsan Haqları İnstitutunun doktoranturasına əlavə yer ayırmışdı. Sevdanın imtahanlardan sonra keçirdiyi həyəcan imtahanlardakından qat-qat çox olmuşdu.
Açığını deyim, mən ona heç bir kömək edə bilməsəm də, həyəcanla hadisələrin gedişini izləyirdim. Sevda gələn il də imtahan verib doktoranturaya qəbul oluna bilərdi, gedib xarici ölkələrin nüfuzlu ali məktəblərində də oxuya bilərdi. Buna onun savadı da, dil bilgisi də çatardı. Biz istəmirdik ki, Sevdanın inamı qırılsın, Azərbaycandakı bürokratik əngəllərdən, saxtakarlıqdan bezib xarici ölkələrə üz tutsun.
Gözüm tutduğu bu paltarı almaqla bir növ Sevdaya “rüşvət vermək”, küskünlüyünü aradan götürmək istəyirdim. İstəyirdim Sevda düşünsün ki, Azərbaycanda onun haqqını yeməyə çalışanlar olsa da, zəhmətini dəyərləndirənlər, öz haqqı uğrunda mübarizəsini alqışlayanlar da var.
Paltarın qiymətini xəbər aldım. Satıcı min rubl dedi. Xanımım paltarın parçasına baxan kimi onun 300–400 rubldan baha olmadığını deməsi satıcını bərk hirsləndirdi. Mən də paltarı almayıb göl ətrafında gəzməyi qərara aldım. Həmin paltardan başqa yerdə görmədim. Geri qayıdanda satıcı bizi dilə tutub 800 rublmuzu alaraq paltarı bizə verdi. Bunu ona görə belə təfsilatı ilə deyirəm ki, oxucular turistlərin çox getdiyi yerlərdə satıcıların mallarını iki-üç qat baha qiymətə satmağa çalışmasını, alıcıları dilə tutmasını bilsinlər. Biz Nalçikdə, qaldığımız “Mayak” sanatoriyasından 1500–2000 metr aralıda malkarların açdığı bazarda həmin paltarın 500 rubla satışa qoyulduğunu gördük. Bir az bazarlıq etsəydik, 400–350 rubla ala biləcəkdik.
Sirrləri yeni-yeni açılan Aşağı Göygöl
Aşağı Göygölün ətrafında bir-birindən o qədər də uzaq olmayan 5 kiçik dağ gölü var: Aşağı Göygöl, Yuxarı Göygöl (O, iki göldən ibarətdir), Qurugöl, Sirligöl.
Turistləri əsasən Aşağı Göygölə aparırlar. Dəniz səviyyəsindən 809 metr yüksəklikdə yerləşən, sahəsi 0,0216 kvadratmetr olan gölü maraqlı edən yalnız gözəlliyi deyil. Ətrafı enliyarpaqlı ağaclarla örtülmüş, güzgü kimi hər şeyi özündə əks etdirən göl uzun illər sirrini qoruyub saxlaya bilib. Gölü öyrənmək istəyən neçə-neçə araşdırıcı, peşəkar akvalanq burada ya boğulub ölub, ya da yoxa çıxıb.
Son illər mühəndis-texniklərin yaratdıqları akvalanq-kabinələr insanların həyatını xilas edir. Onunla gölün dərinliyinə enən akvalanqlar müxtəlif dərinliklərdə yeraltı axınlar, mağaralar olduğunu görüblər. Öyrəniblər ki, gölün dərinliyi 279 metrdir.
Vulkan püskürməsindən yaranan göldən axan su ətrafdakı bulaqların suyundan çox soyuqdur. Belə ki, yay-qış burada suyun temperaturu 9,3 dərəcə olur. Suyunun tərkibindəki minerallara görə qış sərt keçən illərdə də göl donmur. Təsadüfi halda çaydan gölə gələn balıqlar da həmin dəqiqə ölür.
Malkarların Çerek göl adlandırdıqları gölün suyu həmişə göy rəngdə olmur, hava dəyişəndə sürməyi çalarda da olur. Dünyanın çox az göllərindəndir ki, suyun 22 metr dərinliyində olan hər hansı bir əşyanı normal gözlə görmək mümkün olur.
Avtobus sürücüsü bizi axşam yeməyinə çatdırmaq üçün yaman tələsirdi. Bir neçə dəfə döngələrdə az qaldı qarşıdan gələn maşınlarla toqquşsun.
Malkar aydınları ilə bölgənin demoqrafiyası haqqında söhbətimiz
Avqustun 8-də axşamüstü malkar tanışlar yenə gəldilər. Keçən dəfə həkimimiz Safulya Batırbiyevanın bacısının ad günü olduğundan bizimlə getməmişdi.Bu dəfə böyük həvəslə dəvətimizi qəbul etdi. Sanatoriya şəhərindəki süni gölün sahilindəkirestoranda oturduq. Burada oturmaq bizə daha xoş idi. Çünki qaldığımız “Mayak” sanatoriyasında axşamlar ya akkardionda, sintizatorda çalır, ya da maqnitafon tipli cihazlarda lentlər fırladırdılar. Onları da səsgücləndiricilərə qoşurdular. Qocası da, cavanı da atılıb düşürdü. Səsdən nə sanatoriyanın həyətində oturmaq, gəzişmək olurdu, nə də otaqda yazıb-oxumaq. Ətrafımızdakı sanatoriyaların əksəriyyətində də vəziyyət belə idi.
Musiqinin səsini azaltmaq, yaxud sakitlik yaratmaq haqqında düşünməyə də dəyməz. Bunu bir mədəniyyət göstəricisi kimi qəbul edirlər. Bilmirəm, bu Sovet dövrünün yadigarıdır, yoxsa keçmişdə də Rusiyanın şəhər, kənd və qəsəbələrində belə imiş.
Kiçik bilgisayarımı özümlə götürsəm də, səs-küy işləməyə imkan vermirdi.
Tanışlar söhbətə yenə giley-güzarla başladılar. Ahmed Sozayev gileylənirdi ki, şeirlərini nəşr edib, qonorar verən yoxdur. Sponsor tapıb kitabı nəşr etdirəndə də onu satmaq müşkülə çevrilir. Təntənəli toplantılar, yubiley tədbirləri də azalıb. Bir sözlə, dinləyici auditoriyasını itiriblər. Şeir oxumağa yer qalmayıb. Açıq-aşkar görünürdü ki, Ahmed Sovet dövrünün xiffətini çəkir. Lenin Komsomolu mükafatı aldığı günlərə, partiya-sovet rəhbərlərinin yubiley tədbirlərinə, Qələbə günü, Oktyabr Sosialist İnqilabının ildönümü, Leninin anadan olmasının ildönümlərində keçirilən toplantılarda şeir oxuduğu günlərə qayıtmaq istəyir.
Kitab nəşrinin çətinliyindən, qonorar ala bilmədiklərindən çox gileylənəcəklərini görüb söhbətin mövzusunu dəyişməyə çalışdım. Xəbər aldım ki, Kabarda-Balkar Respublikasında yaşayan malkarların sayı nə qədərdir?
Ahmed gülərək dedi:
– Gəlmə xalqların hamısının sayı gündən-günə azalır, bir ermənilərdən başqa. Son 20–30 ildə ermənilərin sayı iki dəfədən çox artıb. 5–6 min nəfəri keçib. Bilmirəm, bizimlə yaxın ləhcədə danışan, eyni dinin daşıyıcısı olan azərbaycanlılar niyə bu cənnət kimi yerləri qoyub gedirlər. Eyni dildə danışan qaraçaylar da burada qalmaq istəmir. Hakim xalq olan ruslar da.
Maraq məni bürüdü, xəbər aldım ki, ermənilər təbii artımlamı saylarını 5–6 min nəfərə çatdırıblar? Cavab verir ki, təbii artım hesabına deyil, Qafqazın güneyindən köçənlərin hesabına artıblar.
Mən gülərək:
– Ahmed bəy, Kabarda-Balkar Respublikasının əhalisinin sayı 900 minə yaxındır. Onun da 120–130 mini malkardır. Əksəriyyət də rusdillidir. Belə olan halda sizin şeirlər kitabına kim pul verəcək, kim alıb oxuyacaq?
Ahmed bəy dedi:
– Rus dilində çap olunan kitablarımı da alan yoxdur. Professor Hamid Malkonduyev, Burxan Berberov və başqaları da kitablarını rus dilində yazırlar. 400–500 tirajla çap olunur. Onları da alan yoxdu. Sovet dövründə kitab azı 10 min, bəzən də 50-100 min tirajla çap olunurdu. Qısa müddətdə də satılıb qurtarırdı.
– Hörmətli şairimiz, birincisi, son illər dünyada kitab oxuyanların sayı sürətlə azalır, interneti izləyənlərin sayı artır. Mən internet izləyirəm, nə sizin, nə Hamid Malkonduyev və Burxan Berberovun, ümumiyyətlə, tanıdığım malkar şair və alimlərinin yazılarını internet saytlarında görmürəm. Əhalisi və təbii artımı az olan xalqların tarix səhnəsindən silinməsi normaldır, – dedim.
Bu yerdə söhbətimizə Safulya Batırbiyeva da qoşuldu:
– Hocam, təbii artım düzəlməyə doğru gedir. Sovet dövründə təbii artım yüksək idi. 1990-cı illərdən azalmağa başladı. 1999-2006-cı illərdə təbii artım çox aşağı düşdü. İndi 1993-cü ilin səviyyəsinə çatmışıq, – dedi.
– Mən təkcə sizləri qınamıram. Babalarımızı da qınayıram. İki gün öncə Abay qalasını görməyə getmişdik. Orada yaşı 80-ni haqlamaqda olan Azretlə görüşüb söhbət etdik. Onun keçmişdən, soylar arasındakı qan düşmənçiliyindən söylədikləri ürəyimi göynətdi. Babalarımız bir-biri ilə dalaşmaqdansa, birləşib xalqımız üçün iş görsəydilər, bizlər də bu gün oturub gileylənməzdik. Başqa problemlərdən danışardıq, – dedim.
Başı yeməyə qarışmış Hamid Malkonduyev dikəldi və əlini süfrədən çəkərək dedi:
– Azreti yaxşı tanıyıram. Ondan xeyli folklor nümunəsi toplamışam. Dediyində həqiqət var, lakin elmi əsası yoxdu. Ruslara qarşı savaşda qaraçay-malkarlar qabardalılardan çox itki verdi. Sonra da Osmanlı dövləti ilə Çar Rusiyası arasında bağlanmış müqaviləyə görə də bizim babalarımızın çoxu buradan köçdü. 1918-1920-ci illərdəki döyüşlərdə ölənlərlə yanaşı aclıqdan, yoluxucu xəstəlikdən ölənlərin sayı da çox oldu. Ən ağır zərbəni isə İkinci Dünya Savaşı və sürgün vurdu. 34 min malkar 1926-cı ildə Kabarda-Balkar Respublikası əhalinin 15 faizini təşkil edirdi. Bu da ruslardan çox olduğumuzun göstəricisi idi. Sürgündən geri döndükdən sonra əhalinin siyahıyaalınması 1959-cu ildə aparıldı. Malkarlar onda 34 min nəfər idilər. Bu da təxminən 8 faiz demək idi. 1989-cu ilədək malkarlar 8–9 faizdə də qaldılar. Son siyahiyaalma göstərdi ki, biz burada 120 min nəfərə yaxınıq. O da 13–14 faiz deməkdir.
Burxan Berberov da müzakirəyə qoşularaq:
– Elə bilməyin azalan malkarlardır. Son illərdə Karaçay-Balkar Respublikasında sayı ən çox azalan xalq ukrainlərdir. 1926-ci ilin siyahıyaalmasında onlar 11 faiz idilərsə, indi 0,5 faizdən azdılar. Ruslar 1939-1989-cu illərə 35 və 31 faiz idilərsə, indi onların sayı da 22 faizə enib. Xulamo-Bezinqiyev, Çeqem, Çerek, Elburus rayonlarının əhalisinin yüzdə 70–95 faizi malkarlardır, – dedi.
Söhbətimiz çox uzandı. Mövzudan mövzuya keçdik. Gah Türkiyədən danışdıq, gah Azərbaycandan. Açıq-aydın görünürdü ki, dünyanı hərbi gücü ilə sarsıdan Sovetlər Birliyinin çöküşü həmsöhbətlərimi yaman karıxdırıb. Yeni böyük qardaş, hami axtarırlar. Azərbaycanın, Türkiyənin onlara kömək etməsini, kitablarını çap etdirib qonorar vermələrini, ildə bir neçə aylığa universitetlərə mühazirə oxumağa dəvət edilmələrini istəyirlər. Amma fikirləşmirlər ki, rus dilindən başqa bir dil bilməyən və öyrənmək də istəməyən, öz dillərində danışmayan professorları, şairləri heç bir xarici ölkə dəvət etməyəcək. Deyəsən, bunu özləri də başa düşür. Ona görə də Putinə böyük rəğbətləri var. Hələ də gözləyirlər ki, Putin Rusiya Federasiyasını keçmiş Sovetlər Birliyi kimi bir dövlətə çevirəcəkdir.
Şəkil 19. Soldan: Ahmed Sozayev, Hamid Malkanduyev, Əli Şamil və Burxan Berberov.
Keçən dəfə görüşəndə mən onlara Bakıdan gətirdiyim kitabları bağışlamışdım. Ariuka Qelyayeva, Yuruslan Bolatova, Boris Tatuyevin istədikləri kitabları da Burxan Berberova vermişdim ki, onlara çatdırsın. Bu dəfə də onlar mənə kitab gətirmişdilər. Bu kitablar arasında Ahmed Sozayevin son illərdə yazdığı şeirlər toplusu, Burxan Berberovun 2011-ci ildə “KBİQİ” nəşriyyatında çap etdirdiyi “Тема народной трагедии и возрождения в карачаево-балкарской поэзии (на материале устной и письменной словесности 1943–2000 гг)”, xanımı Zuxra Kuçukovanın 2015-ci ildə “Elburus” nəşriyyatında çap etdirdiyi “Карачаево-балкарская вертикаль”, Hamid Malkonduyevin 2015-ci ildə “Peçatnıy dvor” nəşriyyatında çap etdirdiyi “Историко-героические песни карачаево-балкарского народа (конец XIV–XVIII века)” və 2017-ci ildə “Print sentr” nəşriyyatında çap etdirdiyi “Карачаево-балкарский нартский эпос. Теория. Историзм. Самобытность” kitabları da vardı.
Ayrılanda Bakıya nə vaxt gedəcəyimizi xəbər aldılar. Bildim ki, bizi yola salmaq istəyirlər. Gələndə də hədiyyə gətirəcəklər. Bu kasıb aydınları xərcə salmamaq üçün: “Dəqiqləşdirməmişik. Gediş biletləri də almamışıq”, – dedim. Təklif etdilər ki, bazar günü bir daha görüşək, Nalçikdən kənarda olan tanışlarım və şəxsən tanımadığım malkar vətənpərvərləri də gəlsinlər. Mən qeyri-müəyyən cavab verdim və şənbə günü yola çıxmazdan əvvəl də telefonla sağollaşdım.
Baş tutmayan geri dönüş planı
Murtuza İsgəndər oğlu ilə razılaşmışdıq ki, geri dönəndə yenidən Vladiqafqaza gedək. Bir neçə gün qalaq, azərbaycanlılarla görüşümüzü təşkil etsinlər. Oradan Hərbi Gürcüstan Yolu (Kazbek aşırımından keçən yol Hərbi Gürcüstan Yolu adlandırılır.) ilə Borçalıya gedək, tələbəlik dostum Osman Əhmədoğlunun qonağı olaq. Keçəli kəndindən uzun illər tanıdığım insanlarla dərdləşək.
Həmin günlərdə Moskva televiziyası gündə bir neçə dəfə xəbər verirdi ki, Kazbek aşırımındakı sərhəd keçid məntəqəsində basırıq yaranıb. Adamlar üç gündür gömrüyü keçə bilmir. Növbələrə səbrim çatmadığından geri dönüş planını dəyişdik. Qatara bilet alıb birbaşa Bakıya gəldik.
15 sentyabr 2017-ci il
Ey gözəl Kırım
Ukraynada iki simpozium
2012-ci ilin sentyabrında Ukraynada ard-arda türkologiyaya dair iki elmi toplantı təşkil edilmişdi. Biri Kiyevdə, biri də Simferopolda (Ağməscid. Kırım tatarları şəhərin adını Акъмесджид kimi yazırlar). Kiyevdəki “Ukraynada türkcə danışan xalqların III Uluslararası simpoziumu”, Simferopoldakı isə “Vəfatının birinci yıldönümündə Cengiz Dağcı Uluslararası simpoziumu” adlanırdı. Hər iki toplantıya göndərdiyim məruzəni hakimlər bəyənmişdilər.
Kiyevdə türkcə danışan xalqların 1-ci və 2-ci Uluslararası simpoziumlarına gedə bilməsəm də, toplantıda iştirak edənlər, oxunan məruzələr haqqında geniş bilgim vardı. Bilirdim ki, həmin toplantıların hazırlanmasında Azərbaycan (indiki Bakı) Dövlət Universitetinin keçmiş tələbəsi, qaqauz şairi və araşdırıcısı Tudora Arnautun əməyi çox olub. Simpoziumlardan öncə mövzuların seçilməsi, məruzələri dəyərləndirəcək hakimlər haqqında məsləhətləşirdik. Belə toplantıları Kiyev, Odessa, Lvov, Xarkov kimi böyük şəhərlərlə yanaşı Bolqrad şəhərində də keçirməyi planlayırdıq.
Bu da səbəbsiz deyildi. Ukraynanın Bolqrad şəhəri Moldova, Rumınya və Bolqarıstan sərhəddinə yaxındadır. Qaqauzlar da toplu şəkildə oraya yaxın bölgələrdə yaşayırlar. Düşünürdük ki, elmi toplantını orada keçirsək Moldova, Rumınya və Bolqarıstanda yaşayan qaqauzların müəllimləri, oxumuşları, milli düşüncəliləri gəlib oxunan bildiriləri dinləyərlər.
Planımız gözəl olsa da, onu reallaşdırmağa Rusiyanın hökumət adamları ilə yanaşı, qaqauzların, ukrainlərin Rusiyaya xidmət edən imperiya sevdalıları da əngəl olacaqlarını bilirdik. Həmişə imperiya sevdalılarının, keçmişi qorumaq istəyənlərin milliyyətindən, dinindən asılı olmayaraq çox rahat bir-birilə dil tapdıqlarını, birləşib yeniliyə qarşı durduqlarını görmüşdük.
Simferopolda (Ağməscid) keçiriləcək Cengiz Dağcıya həsr edilmiş simpoziuma dəvəti Kırımdan deyil, Türkiyədən almışdım. Mühacirətdə yaşayan böyük tatar yazıçısı haqqında ilk bilgini Sovetlər çökməyə başlayanda alsam da, əsərlərini Türkiyəyə yollar açılandan sonra oxuya bildim. Ondakı vətən və millət sevgisinə heyran qaldım. Əsərlərini dost-tanış arasında yaymaqla qalmadım, Cengiz Dağcını millətsevər, imkanlı dostlarım vasitəsilə Azərbaycana gətirməyə də can atdım. Lakin buna nail ola bilmədik. Səbəb isə Cengiz Dağcının xəstəliyini, qocalığını bəhanə gətirməsi oldu.
İkinci Dünya Savaşından sonra mühacir həyatı yaşayan Cengiz Dağcı Londonda dünyasını dəyişdi. Onu yaxından tanıyanlar cənazəsini doğulduğu kənddə dəfn etmək istədilər. Türkiyənin Xarici İşlər Naziri Əhməd Davudoğlunun[6]6
2009–2014-cü illər arasında Türkiyə Cümhuriyyətinin Xarici İşlər Naziri olmuşdur.
[Закрыть] işə qarışması ilə məsələ həll olundu. Londondan Türkiyəyə gətirilən cənazəni başda Əhməd Davudoğlu olmaqla nazirlərin, deputatların, siyasi partiya rəhbərlərinin, yazıçıların, iş adamlarının iştirak etdiyi 200 nəfərə yaxın bir heyət Kırıma gətirdi.
2011-ci ilin sentyabrın 21-də Cengiz Dağcının cənazəsi doğulduğu kənddə – Qızıldaşın köhnə qəbiristanlığında torpağa verildi. Mən də dəfn mərasimində iştirak etməyə, əsərlərini sevə-sevə oxuduğum yazıçının qəbri başında Fatihə verməyə can atdım. Səfər xərclərini ödəməyə nə maaşım çatdı, nə də xeyriyyəçi tapa bildim. Azərbaycan orada təmsil olunsun deyə tanıdığım ictimai-siyasi təşkilatların rəhbərlərinə zəng vurdum, onlarla dəfn mərasimində iştirak etmənin niyə vacib olduğu mövzusunda uzun-uzadı söhbət etdim. Heyif ki, heç bir nəticəsi olmadı. Beləcə, Cengiz Dağcının dəfn mərasimində Azərbaycandan iştirak edən olmadı.
Bildiyimə görə, həmin günlərdə Azərbaycanda Cengiz Dağcının həyatı və yaradıcılığı, ölümü, dəfni haqqında bir neçə məqalə çap edən yeganə qəzet “525-ci qəzet” oldu. Qəzet səhifələrində yazıçının ölümü ilə bağlı ağrı-acılarını oxucu ilə bölüşdürən qələm sahiblərindən biri Tofiq Abdin, digəri mən idim. Məqalə yazmaqla ruhum sakitləşməmişdi. Kırıma gedib yazıçının qəbri üzərində Fatihə oxumaq istəyirdim. Simpozium istirakçılarının xərclərini təşkilatçılar ödəməsi mənim istəklərimi reallaşdırırdı.
Türkiyədən və xarici ölkələrdən gələnlər İstanbula toplaşıb oradan Simferopola uçacaqdılar. Mənə haradan, nə vaxt gəlməyim məsələsində sərbəstlik vermişdilər. Bu da Kiyevdəki simpoziuma qatılmağıma imkan yaratmışdı.
Bir-birindən min kilometr aralıda olan iki şəhərdə keçirilən toplantıda iştirak etmək yorucu idi. Cengiz Dağcının qəbri üzərində Fatihə oxumaq, mənəvi rahatlıq tapmaq istəyi üstün gəldi. Uzun illər idi, Kırımda olmamışdım. Sürgündən geri dönən insanlarla görüşmək, onların durumundan xəbər tutmaq marağı da məni maqnit kimi çəkirdi. Odur ki, “Ya Allah!” deyib səfərə çıxdım.
Elm ardınca deyil, diplom üçün gedənlər
Taras Şevçenko adına Kiyev Milli Universiteti Filoloji İnstitutu Türkoloji Bölümünün, Türkiyə Xalq Kültürü Araşdırmaları Kurumu və Ukrayna Qaqauzlar Birliyi ilə birlikdə 2012-ci il sentyabrın 18-23-də keçirəcəyi “Ukraynada türkcə danışan xalqların III Uluslararası simpoziumu”na getmək üçün Azərbaycan Hava Yollarının təyyarəsinə bilet aldım. Biletin qiyməti Ukrayna Hava Yollarınınkına nisbətən baha idi. Yol xərclərimi Simferopolda keçiriləcək simpoziumda ödəyəcəkdilər deyə biletin bahalığına, ucuzluğuna baxmadım.
Ucuz biletlə getsəm, iki gün öz hesabıma hoteldə qalmalı və yeyib-içməliydim. Kiyevdə də elə bir vacib işim yox idi. Demək, iki gün Kiyevdə boş-bikar qalmalıydım. Ona görə Azərbaycan Hava Yollarından bilet aldım. Təyyarə səhər tezdən Bakıdan çıxırdı. Kiyevlə Bakı arasındakı saat fərqi və təyyarənin sübh tezdən uçması simpoziumun açılışına çatmağıma imkan yaradırdı.
Təyyarədəkilərin az qala üçdə biri Azərbaycan Dövlət Tələbə Qəbulu Komitəsinin testlərindən keçid balı toplaya bilməyən gənclər və onların valideynləri idi. Onlar Ukrayna ali məktəblərində “oxumağa” gedirdilər. Heç bir xarici dil bilməyən, Ukrayna və rus dillərində gedəcəkləri ünvanı belə xəbər almağa qadir olmayan, getdikləri ölkə, onun ali təhsil ocaqları haqqında bilgisiz bu gənclərlə söhbətdən gəldiyim nəticə bu oldu: Oğlanlar oxumaq istəməsələr də, valideynləri onları zorla göndərirlər. Valideynlərinin istəyinə qarşı dura bilməyən bu gənclər narazılıqlarını açıq büruzə verirdilər. Qızlar isə şən və üzügülər idilər. Çünki onlar bu səfərə oxumaq, təhsil almaq kimi deyil, dörd il gəzib dolanmaq, yaşıdlarına təkəbbürlə xaricdə oxuduqlarını nümayiş etdirmək kimi baxırdılar. Buna görə də valideynlərindən razı idilər
Onlar dörd il sonra Ukraynanın ən nüfuzlu ali məktəblərinin diplomu ilə idarə və təşkilatların qapılarını döyəcək, valideynlərinin, qohumlarının imkanlarından yararlanıb iş tapacaq, vəzifə tutacaqlar. Sonra da başlayacaqlar savadlı, bacarıqlı yaşıdlarını lağa qoymağa və onları müxtəlif üsullarla sıxışdırmağa. Allah vətəni və milləti belə savadsız, nadan, cəmiyyət üçün təhlükəli vəzifə sahiblərindən qorusun!
Kiyevdəki savadlı, qabiliyyətli tələbələr isə azlıqda qaldıqlarından bunların arasında görünməz olacaqlar. Onlar Azərbaycana gəldikdə, bəlkə də, özlərini dolandırmağa bir iş tapa bilməyəcəklər. Ona görə də əksəriyyəti Ukraynada qalacaq, özlərinə güzəran quracaqlar.
Simpoziumun təşkilatçıları bizi qarşılamaq üçün öncədən Kiyevə nə vaxt və hansı reyslə gedəcəyimi xəbər verməyimi istəmişdilər. Onlara əziyyət verməmək üçün xəbər vermədim. Buna görə də məni qarşılayan olmadı. Metroyadək gəncləri qarşılamağa gələn qohumlarının maşını ilə getdim.
Şevçenko adına Universitetdə
Oradan da metro xətlərini dəyişə-dəyişə Universitet stansiyasında endim. Səfər çantam çiynimdə, yüksək əhval-ruhiyyə ilə Taras Şevçenko adına Kiyev Milli Universitetinə yollandım. Universitetin qarşısına çatanda pilləkənlərdə duran, orta yaşlı bir nəfərin diqqətlə mənə baxdığını gördüm. Yaxınlaşdıqda mehribanlıqla mənə əl uzatdı. Görüşdük. “Kitabınızın arxa səhifəsində şəklinizi verməsəydiniz Sizi tanımayacaqdım”, ‒ dedi və “Filoloji İnstitutun Türkologiya kafedrasının müdiri Volodimir Podvoyni”, ‒ deyə özünü təqdim etdi.
Tudora Arnaut onun bir neçə məqaləsini mənə göndərdiyindən qiyabi tanıyırdım. Bunu deyəndə üzü güldü və Tudora xanıma təşəkkürünü bildirdi. Birlikdə onun rəhbərlik etdiyi kafedraya qalxdıq. Bura kiçik bir kitabxananı xatırladırdı. Divar boyu rəflərdə dünyanın müxtəlif ölkələrində türkologiya mövzusunda çap olunmuş kitablar vardı. Azərbaycan bölməsində bir neçə kitabımı görəndə qürurlandım. Kitablarımın hamısı səliqə ilə rəfdə yerləşdirildiyi halda “Uyğur, Qaqauz, Quzey Qafqaz türklərinin folkloru və ədəbiyyatı” kitabı elə qoyulmuşdu ki, arxa səhifəsindəki şəklim aydın görünür, qısa özkeçmişim oxunurdu.
Volodimir Podvoyninin bir fincan qəhvəsinə qonaq olub söhbət edirdik. Otağa ucaboylu, yaraşıqlı, sarışın bir qız girdi. Volodimir Podvoyni bizi tanış edərək dedi: “Hocamızı “Elit” hotelinə aparın. Bu tanışlığınız yalnız türkcə danışığınızın yaxşılaşmasına kömək etməyəcək, gələcəkdə elmi simpoziumlarda iştirakınıza da səbəb olacaqdır. Ali Şamil hocamız sanki bir körpüdür. Bizlərə dünyanın müxtəlif ölkələrində düzənlənən simpoziumlar və yeni nəşrə başlayan elmi jurnallar haqqında bilgi verir. Üzünü görmədiyimiz, adresini bilmədiyimiz alimlərlə əlaqə qurmamıza da yardımçı olur”.
Onun xoş sözləri hər ikimizin təbəssümünə səbəb oldu. Qız böyük həvəslə səfər çantamı alıb dəhlizə çıxdı. Onun arxasınca getməli oldum.
O, dəhlizədə gəzişən tələbələr arasından ucaboylu, qaraqaş-qaragöz bir qızı çağırdı: “Hocamız Azərbaycandan gəlib, burada olduğu müddətdə Azərbaycan türkcəsində istədiyin qədər danışa bilərsən, Azərbaycanla bağlı suallar verə biləsən”, – deyərək məni təqdim etdi. Mənim: “Yəqin ki, qonorarı sizə çatacaq”, – zarafatımı başa düşmədilər. Bir-birinə baxdılar. Sanki “nə qonorarı” deyə bir-birindən soruşurdular. Sifətimdəki təbəssümdən zarafat etdiyimi anlayıb gülüşdülər.
Hərəsi səfər çantamın bir tərəfindən yapışdı. Sonra da: “Hocam, çantanız ağırdır, görünür, içərisində kitablar var. Bizim zəhmət haqqımızı kitabla ödəməli olacaqsınız”, – deyərək incə bir yumorla zarafatımı cavabsız qoymadılar.
“Elit” hotelinə doğru yollandıq. Taras Şevçenko adına Kiyev Milli Universitetində Türkiyə türkcəsi ilə yanaşı, Azərbaycan türkcəsi də öyrədilir. Tələbələrin bu dilləri ekzotika xatirinə seçmədiklərinin şahidi oldum. Gənclər Türk dilini öyrənməyə gələcəkdə daha gəlirli iş tapmaq, firavan yaşamaq, dünyaya çıxmaq vasitəsi kimi baxırlar. Özü də bu dili öyrənənlərin sayı gündən günə artır.
Sonrakı günlərdə Kiyevdə taksiyə minəndə, restorana gedəndə və başqa xidmət sahələrində çalışanların Türkcə beş-üç kəlmə bildiklərinin və bu dildə danışmağa cəhd etdiklərinin şahidi oldum.
Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?