Электронная библиотека » Əli Şamil » » онлайн чтение - страница 7


  • Текст добавлен: 28 сентября 2022, 18:22


Автор книги: Əli Şamil


Жанр: Биографии и Мемуары, Публицистика


сообщить о неприемлемом содержимом

Текущая страница: 7 (всего у книги 21 страниц) [доступный отрывок для чтения: 7 страниц]

Шрифт:
- 100% +
Ukraynada türksoylu xalqlara münasibət

Ukraynada türksoylu xalqlara maraq son illər yaranmayıb. 19-cu yüzildən burada istedadlı şərqşünaslar yetişiblər. Onların əksəriyyətinin də yaradıcılığı Azərbaycanla bağlı olub. Qulakın, İvan Dzyubanın, Aqatangel Kırımskinın, Aleksandr Baqrinin əsərlərində bunu aydın görmək olar.

Aqatangel Kırımskinin “Nizami və müasirləri”, “Qafqaz Albaniyası və ya Quzey Azərbaycan”, “Şəki” və b. əsərləri Azərbaycanşünaslığa dəyərli töhfədir. 1930-cu illərdə Azərbaycanın ali məktəblərində dərs deyən və elmi araşdırmalar aparan Aleksandr Baqrinin Hənəfi Zeynallı ilə birgə topladığı və nəşr etdirdiyi nağıllarara yazdığı ön söz bu gün də elmi əhəmiyyətini itirməyib. Onların 1935-ci ildə Moskvada nəşr etdirdikləri 73 nağıl və “Aşıq Qurban dastanı” folklorumuzun rusdilli oxucular arasında yayılmasında böyük rol oynamışdır.

Ukrayna müstəqillik əldə etdikdən sonra ölkədəki azsaylı xalqlara diqqət və qayğını xeyli artırdı. Dərnəklərini, iqtisadi qurumlarını qeydiyyatdan keçib, sərbəst fəaliyyət göstərmələri üçün şərait yaratdı. Hökumət rəhbərləri, məmurlar onların fəaliyyətlərinə yardımçı oldular.

Yaranmış imkandan respublikada yaşayan türksoylu xalqlar da yararlandı. Onlar yalnız ədəbi-bədii toplantılar keçirməklə, mədəniyyətlərini, adət-ənənələrini qoruyub saxlamaqla kifayətlənmədilər, soyköklərini də araşdırıb, təbliğ etməyə başladılar. Bu işdə Ukraynada yaşayan qaqauzlar xüsusi fəallıq göstərirlər. Onlar yalnız qaqauzların tarixini, mədəniyyətini, folklorunu öyrənməklə kifayətlənmir, bölgənin azsaylı xalqlarına çevrilmiş Kırım tatarlarının, noqayların, karaimlərin, kırımçaqların rusdilli qaynaqlarda qreklər (yunanlar) yazılan urum türklərinin, soyköklərinin türklərlə bağlı olduğuna inanan kazak qruplarının bir araya gəlməsinə çalışır, bu mövzuda simpoziumlar, toplantılar, festivallar təşkil edirlər.

Öncəki illərdə keçirilən “Ukraynada türkcə danışan xalqların 1-ci və 2-ci Uluslararası simpozium”ları uğurlu olmuş və müsbət təsirini göstərmişdi.

Ukraynada 20-yə yaxın türksoylu xalq yaşayır. Onlardan yeddisinin dövləti və həmin dövlətlərin də Kiyevdə böyük elçiliyi var. Lakin öncəki toplantılarda yalnız Türkiyə səfirliyinin əməkdaşları iştirak ediblər. Builki simpoziumda isə Azərbaycan səfirliyinin əməkdaşları fəallıq göstərirdilər.

Səfirliyimizin fərəh doğuran işi

Azərbaycanın nazirliklərinin və səfirliklərinin əməkdaşlarının elmi toplantılar deyil, iqtisadi məsələlər müzakirə olunan yığıncaqlara daha çox meyil etdiklərini bilirdim. Səfirliklərin əməkdaşları çox az hallarda Azərbaycan alimlərinin xaricdəki elmi konfranslarda iştirakına maraq göstərirlər. Elmi toplantılara dəvətlər elm və ali təhsil ocaqlarından göndərilir. Buna görə də səfirliklərin çox vaxt elmi toplantılardan ya xəbəri olmur, xəbəri olduqlarına da elə əhəmiyyət vermirlər. Çünki Xarici İşlər Nazirliyi də bu mövzuda onlardan hesabat tələb etmir.

Taras Şevçenko adına Kiyev Milli Universitetinin Filoloji İnstitutu Türkoloji Bölümü, Türkiyə Xalq Kültürü Araşdırmaları Kurumu, Ukrayna Qaqauzlar Birliyinin müştərək təşkilatçılığı ilə 2012-ci il sentyabrın 18-23-də Kiyev şəhərində “Ukraynada türkcə danışan xalqların III Uluslararası simpoziumu” keçirməyi planlaşdırması səfirliyimizin diqqətindən yayınmayıbmış. Səfirlik Azərbaycan Xarici İşlər Nazirliyinə müraciət edərək respublikamızda yaşayan alimlərin bu toplantıda iştirakına yardımçı olmasını xahiş etmişdi. Nazirlikdən də Elmlər Akademiyasının institutlarına, ali təhsil ocaqlarına, mövzu ilə bağlı olan təşkilatlara məktublar göndərilmişdi.

Azərbaycan alimlərindən bir çoxu simpoziumda iştirak etmək üçün müraciət etmişdilər. Lakin işlədikləri təşkilatlar onların yol xərclərini ödəmədiklərindən, xeyriyyəçi də tapılmadığından simpoziuma qatıla bilməmişdilər. Cəmi üç nəfər – AMEA Dilçilik İnstitutunun əməkdaşı, professor İsmayıl Kazımov, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin müəllimi, filologiya üzrə fəlsəfə doktoru Allahverdi Məmmədli və bu sətirlərin müəllifi simpoziumda iştirak edirdi.

Kiyevdə keçiriləcək simpozium haqqında səfirliyimiz alimlərə bilgi verməklə qalmamışdı. Təşkilatçılara qonaqların qarşılanmasında və başqa məsələlərdə yardımçı olmuşdu. Öncədən təşkilatçılar və Taras Şevçenko adına Kiyev Dövlət Universitetinin rəhbərliyi ilə danışıqlar apararaq simpozium keçirildiyi günlərdə ali təhsil ocağında Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı sərgi açılmasına icazə almışdılar.

Səfirliyimizdə çalışanların bu uğuruna sevinməyə bilməzdim. Çünki indiyədək on xarici ölkədə 60-dan çox uluslararası elmi toplantıda məruzə etmişəm. Heç birində səfirlik əməkdaşlarının sərgilər təşkil etdiklərinin, Kiyevdə olduğu kimi fəallıq göstərdiklərinin şahidi olmamışdım. Səfirlik əməkdaşları sərgi təşkil etmək, respublikamızın mədəniyyətini universitetdə, eləcə də xarici ölkələrdən gəlmiş elm adamlarının qarşısında nümayişinə nail olmaqla kifayətlənməmiş, respublikamızdan getmiş alimlərin qarşılanmasına, yola salınmasına yardımçı olmuş, toplantı salonlarında əyləşərək oxunan məruzələri dinləmişdilər.

Düşünürdüm ki, bu Ukraynaya son illərdə səfir təyin olunan fəlsəfə elmlər doktoru Eynulla Mədətlinin şəxsi təşəbbüsüdür. Onu Naxçıvanda işləyən vaxtdan tanıyırdım. Təşkilatçılıq bacarığından, milli mədəniyyətimizin təbliğindəki xidmətindən xəbərdar idim. Ukraynadan geri dönəndə aldığım bir xəbər də məni bərk sevindirdi. İnstitutumuzun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Afaq Xürrəmqızı həmin günlərdə Polşada keçirilən bir toplantıdan geri dönmüşdü. O da Polşadakı səfirliyimizin elm və mədəniyyətə diqqət yetirməsindən, iştirak etdiyi toplantının əsas təşkilatçısının da səfirliyimiz olduğundan fərəhlə söz açırdı.

Düşündüm ki, bəlkə, Azərbaycan Xarici İşlər Nazirliyi səfirliklərimizə elm və mədəniyyət məsələlərinə də diqqəti artırmaq haqqında göstəriş verib?! Kaş belə olaydı və getdiyimiz hər ölkədə səfirliklərimizin fəaliyyətindəki nöqsanlara görə xəcalət çəkməyəydik, əksinə, yaxşı işlərini eşidib qürur duyaydıq.

Simpoziumun təşkili

Kiyevdə keçirilən elmi simpoziumun əsas ağırlığını öz üzərinə götürən 1988-1993-cü illərdə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirmiş, hazırda T.Şevçenko adına Kiyev Dövlət Universitetinin Türkologiya kafedrasının müəllimi, Ukrayna Qaqauzları Cəmiyyətinin sədr müavini, şair Tudora Arnaut idi. Milli oyanış, müstəqillik uğrunda qızğın mübarizə gedən zaman Bakıda yaşamış, 20 yanvar hadisələrinin şahidi olmuş, Azərbaycanın rayonlarını gəzmiş Tudora Arnautun istər şeirlərində, istər elmi-publisistik əsərlərində, istərsə də ictimai fəaliyyətində Azərbaycan məsələsi çox qabarıqlığı ilə özünü göstərir.

Simpozium proqramına səkkiz ölkədən 70-ə yaxın məruzə daxil edilmişdi. Məruzələrin özətləri – tezisləri öncədən çap olunduğundan gözdən keçirəndə gördüm ki, əksəriyyəti mənim üçün olduqca diqqətçəkəndir. Proqramı gözdən keçirib dinləmək istədiyim məruzələri işarələdim. Özüm üçün nələri öyrənəcəyimi müəyyənləşdirdim. Təəssüf ki, istəyimə çata bilmədim. Məruzələrin çox az qisminə qulaq asa bildim. Dörd bölmədə işini davam etdirən toplantıda ya dinləmək istədiyim məruzələrin vaxtı üst-üstə düşürdü, ya da bu salondan çıxıb o birisi salonu tapanadək dinləmək istədiyim məruzənin yarısı oxunmuş olurdu.

Məruzələri dinləyə bilməsəm də, ruhdan düşmədim. Fikirləşdim ki, yaxın vaxtlarda kitab şəkilində çap olunar, oradan oxuyar və suallarımı da internet vasitəsi ilə məruzəçilərə göndərib cavab alaram.

Valeriy Marçenko və Anatoliy Lupinos

Simpoziumun təşkilatçıları qonaqların Ukraynanın müstəqillik əldə etdikdən sonra qazandığı nailiyyətlərlə, eləcə də tarixi əhəmiyyətli yerləri, memarlıq abidələri, muzeyləri ilə tanış olmaları üçün gözəl proqram hazırlamışdılar. Lakin mən bu proqrama qatılmadım.

Öncədən planlaşdırmışdım ki, Ukrayna millətçilərinin yaratdıqları Svaboda Partiyasına gedim.

Ukrayna millətçilərindən ilk tanıdığın adam Valeriy Marçenko (16.09.1947-07.10.1984) idi. Onunla tələbəlik illərində yataqxanada tanış olmuş, bir neçə dəfə də çayxanada yaşıdlarımızla birlikdə söhbət etmişdik. Açığını desəm, onun bir-iki anti-sovet replikasını eşitsəm də, millətçi-dissident olduğundan xəbərsizdim. Xəbərim olsaydı, yəqin ki, münasibətlərimiz sıxlaşardı. Onun həbs edildiyini universiteti bitirib təyinat aldığımız günlərdə eşitdim.

Valeriy Marçenkonun həm Azərbaycan, həm də Ukrayna cinayət maddəsi ilə ittiham edilməsi, millətçilikdə suçlanması qəribəmə gəldi. Ukraynalı bir gəncin Azərbaycanlı millətçisi kimi həbs edilməsi mənə inandırıcı gəlmədi. Təyinatla Naxçıvana işləməyə gedəndən sonra onu unutdum. M.Qorbaçov yenidənqurma və aşkarlıq şüarlarını ortaya atandan sonra Valeriy Marçenko haqqında eşitdim. Tofiq Abdin olmasaydı, bəlkə, Valeriy Marçenkonu tamam unudacaqdım.

1988-ci ildə Bakıda mitinqlər başlayanda Tofiq Abdinlə görüşdüm. Söhbət zamanı o, Azərbaycanın yaxın dostu, Azərbaycan nəsrini Ukrayna dilinə çevirən, millətçi Valeriy Marçenkonun 1973-cü ildə 6 il həbs cəzasına, 2 il sürgünə məhkum olunduğunu, 1983-cü ilin oktyabrında yenidən “Anti-sovet təbliğatına və təşviqatına görə” 5 il həbs cəzasına məhkum edildiyini, 1984-cü ili də Leninqraddakı həbsxana xəstəxanasında tək-tənha, valideynlərindən, dostlarından uzaqda keçindiyindən yana-yana danışdı. Ürəyimdə çox heyifsiləndim ki, Bakıda olarkən onunla niyə yaxından tanış olmamışdım.

Ukrayına dissidentləri arasında yaxından tanıdığım Anatoliy Lupinos idi. Onunla tanışlığımıza səbəb Naxçıvanın Qarabağlar kəndində doğulub, Ukraynada yaşayan Etibar Teymurov olmuşdu. Milli azadlıq hərəkatının fəallarından olan Etibar Teymurov AXC Naxçıvan Vilayət Təşkilatının Ukraynadakı qeyri-rəsmi nümayəndəsi idi.

Anatoliy Lupinosu da Naxçıvana Etibar bəy gətirmişdi. Əslində Anatoliy Lupinosun ömür yolu, siyasi fəaliyyəti haqqında heç bir bilgim yox idi. Arıq, ucaboylu, saqqallı bu adam geyiminə, səliqə-səhmanına fikir vermirdi. Şəxsi gigiyenaya əməl etmədiyi ilk görüşdən hiss edilirdi. İlk görüşümüzdə tər qoxusunun məni vurması yadıma Nazim Hikməti saldı. Nazim Hikmət haqqında xatirələrdə oxumuşdum ki, Moskvada yaşadığı vaxtlarda onu çimdirmək problemə çevrilirmiş. Buna görə də bəzən xanımı Nazim Hikmətin bədənini lasyonla silmək məcburiyyətində qalırmış.

Xalq Cəbhəsi Naxçıvan Vilayət Təşkilatının çayxanasında adətən 20-100 nəfər olardı. Oraya gələnlərin siyasi, elmi, tarixi biliklərini artırmaq üçün xalq cəbhəsi fəalları məruzələr hazırlayıb çayxanada əyləşənlər üçün oxuyardılar. Alimləri, sənət adamlarını da çıxışa dəvət edərdik. Gələn qonaqlarımızın da cəbhəçilər qarşısında çıxış etmələri, onların suallarını cavablandırmaları adət halını almışdı. Bəzən belə məruzə oxumalar, görüşlər gündə iki dəfə olurdu.

Anatoliy Lupinos da ənənəmizə sadiq qaldı. Etibar Teymurov çayxanada əyləşənlərə Anatoliy Lupinosun ömür yolu haqqında geniş bilgi verdi. Sonra sözü qonağa verdik. O, açıq havada böyük həvəslə Ukraynadakı vəziyyətdən danışdı. Dinləyənlərin sayı 25–30 nəfər olardı. Axşam isə cəbhənin həyətinə 100 nəfərə yaxın adam yığılmışdı. Çayxanada oturmağa yer yox idi. Binanın və həyətə girişin pilləkənlərində, ikinci mərtəbədəki balkonda oturanlar da vardı. Gündüz Anatoliy Lupinosu dinləyənlər tanışlarına da xəbər verdiklərindən gələnlər belə çox idi.

Açığını deyim, Anatoliy Lupinosa görə cəbhəçilərin belə çox toplaşacağını gözləmirdim. Cəbhəçilərdən bir neçə nəfərini Anatoliy Lupinosu axtarmağa göndərdik. Arxasınca gedənlər onları yeməkxanada tapmışdılar. Etibar Teymurov nə üçün gəldiklərini deyəndə Anatoliy Lupinos süfrədə yeməyi yarıda qoyub gəlmişdi.

Sonralar da bir neçə dəfə görüşdük. Çox məntiqli danışan, savadlı və cəsarətli adam idi.

Repressiyaya məruz qalmış bir ailədə 1937-ci il iyunun 27-də doğulan Anatoliy 1956-cı ildə, anti-sovet fəaliyyətinə görə həbs edilərək Mordvadakı siyasi dustaqlar saxlanan 7 saylı həbsxanaya göndərilmişdi.

İosif Stalinin ölümündən sonra repressiya olunanlara, siyasi görüşlərinə görə həbs olunanlara bəraət verildiyi bir zamanda 20 yaşlı universitet tələbəsinə, gənc şairə 6 il həbs cəzası verilməsi Sovetlər Birliyini idarə edənlərin ikiüzlülüyündən xəbər verirdi.


Şəkil 20. Şəkildə Ukrayınalı dissident Anatoliy Lupinos.


Anatoliy Lupinos həbsxanada olarkən 2 min nəfərə yaxın dustaq rejimə etiraz əlaməti olaraq işə çıxmır. Həbsdə olanların yaratdıqları tətil etiraz komitəsinə Anatoliy Lupinos da daxil edilir. 7 saylı həbsxanaya xüsusi qüvvələr yeridilir. Onlar tətil iştirakçılarına qəddarlıqla divan tuturlar. Təşkilat Komitəsinin üzvlərinə yenidən məhkəmə qurulur. Anatoliy Lupinosa 10 il həbs cəzası verilir və Vladimir şəhərindəki sərt rejimli 10 saylı həbsxanaya göndərilir.

Xüsusi təyinatlıların vurduğu zərbələrdən və uzun müddət karserdə saxlandığından iflic keçirir və ayağı normal hərəkət etmir. Onu Mordvadakı 3 saylı həbsxananın xəstəxanasına göndərirlər.

1967-ci ildə şikəstliyini nəzərə alıb həbsdən azad edirlər. İki il müalicə olunur və universitetin fəlsəfə fakültəsinə sənəd verir. İmtahanlardan uğurla keçsə də, onun fəlsəfə fakültəsində oxumasına icazə verilmir. 1969-cu ildə yenidən imtahan verib Ukrayna Kənd Təsərrüfatı Akademiyasının iqtisadiyyat fakültəsinin qiyabi şöbəsinə qəbul olunur.

1971-ci il may ayının 22-də Şevçenko poeziya axşamlarında oxuduğu şeirə görə onu yenidən həbs edirlər. İstintaqdan sonra məhkəmə həkimlərin saxta rəyinə əsaslanıb onu 3 illik məcburi müalicəyə göndərir. Lakin bu “müalicə” üç il çəkmir. Onu ölkənin müxtəlif şəhərlərindəki ruhi-əsəb xəstəxanalarında saxlayırlar.

1983-cü ildə məcburi müalicədən qurtulan Anatoliy Lupinos bir müddət dincəldikdən sonra yenidən siyasi mübarizə meydanına atılır. “Yaşıl dünya” Assosasiyasının, Ukrayna Xalq Rux təşkilatının qurucularından və Helsinki İnsan Haqları Təşkilatı Ukrayna təşkilatının, eləcə də “Momerial” təşkilatının Ukrayna şöbəsinin üzvlərindən olur.

1990-cı ildən sonra isə fəaliyyətini UNO-UNSO-da (Ukrayna Xalq Özünümüdafiə Ordusu) davam etdirir. O, harada Sovetlər, Rusiya əleyhinə mübarizə gedibsə, oraya can atıb. Çecenlər, İnquşlarla, Ukraynlarla və başqa xalqlarla birgə Rusiya hərbçilərinə qarşı döyüşüb.

Naxçıvandakı hərbi hissələrdə xidmət edən ukraynalı əsgər və zabitlərin vətənlərinə aparılmasında Anatoliy Lupinosun rolu böyük oldu.

Onun Heydər Əliyevlə iki görüşünün iştirakçısı olmuşam. Birinci görüşdə Heydər Əliyev onun haqqında bizdən bilgi aldıqdan sonra yanına aparmağımızı istədi. SSRİ-nin yüksək rəhbər vəzifələrində işləmiş, KQB generalı olmuş Heydər Əliyevlə Sovet rejiminin məhv etməyə çalışdığı şair-dissident Anatoliy Lupinosun söhbəti mənim üçün olduqca maraqlı idi.

İlk görüşdə Heydər Əliyev qısa suallar verir, necə deyərlər, Anatoliy Lupinosu danışdırırdı. Ukraynadakı dissidentlərin sayının çoxluğundan söz düşəndə Heydər Əliyev dedi ki, mən Azərbaycanda dissidentlərin həbsinə imkan vermədim, onları qorudum.

Anatoliy Lupinosun Heydər Əliyevə təşəkkürünü bildirəcəyini, onu öyəcəyini gözləyirdim. Amma tərsinə oldu. Anatoliy Lupinos dedi ki, Siz Azərbaycan xalqına ağır zərbə vurubsunuz. Milli azadlıq hərəkatı lideri, siyasi xadim həbsxanada yetişər. Sizin onları qoruduğunuzun acı nəticəsidir ki, bu gün Azərbaycanda siyasətçilər yox dərəcəsindədir.

Heydər Əliyevi diqqətlə izləyirdim. O, elə bil bu sözləri eşitmirdi. Söhbətin mövzusunu dəyişib Ukraynadakı Rux təşkilatının üzərinə gətirdi.

Azərbaycan Xalq Cəbhəsi ilə Ukraynanın Rux Millətçi hərəkatı arasında körpü yaradılmasında Anatoliy Lupinosun rolu böyük idi. Onun təşkilatçılıq bacarığı və Əbülfəz Elçibəyin səmimiyyəti sayəsində Bakı qarnizonunun podpolkovniki Aleksandr Slyusarev “Ukrayna Zabitlər Birliyi” adlı cəmiyyət yaratmışdı. Bu cəmiyyət cəbhəçilərimizlə sıx əməkdaşlıq edirdi. 1992-ci il martın 22-də Aleksandr Slyusarev Anatoliy Lupinosla birlikdə yaratdıqları hərbi dəstə ilə müdafiə nazirinin kabinetinə girərək onu məcbur etmişdilər ki, ukraynalı əsgər və zabitlərin vətənə dönmələri haqqında əmr imzalasın. Əmrə əməl etməyənləri hərbi qanunlarla cəzalandırılacağı bildirilmişdi. Belə bir əmrin verilməsi keçmiş Sovet general və zabitlərini bərk qəzəbləndirmişdi.

Anatoliy Lupinosun mülki şəxslər arasında deyil, hərbçilər arasında da böyük nüfuzu vardı. Naxçıvanın Qıvraq kəndindəki hərbi hissənin komandanlığına göstəriş verilibmiş ki, oradakı hərbi texnika, hərbi sursat Ermənistana daşınsın. Anatoliy Lupinosun tapşırığı ilə hərbi hissənin komandiri olan ukraynalı komandir Rusiyanın əmrini pozaraq hərbi texnikanı və hərbi sursatı Ermənistana aparmadı, Naxçıvanda yeni yaradılan hərbi hissəyə təhvil verdi.

Anatoliy Lupinos Azərbaycana tək gəlmirdi. Bəzən Ruxun üzvlərilə, bəzən ukraynalı deputatlarla, bir dəfə də gənc bir keşişlə gəlmişdi. Keşişlə gəlməsindən istifadə edərək dedik ki, Kiyev xristianların dini mərkəzlərindən biri olub. Sonradan dini mərkəz Moskvaya daşınıb. Bu yanlışlığı düzəltmək gərəkdir. Söhbət zamanı Bakıda 3 xristian kilsəsi olduğunu söylədik. Təklif etdik ki, Ukraynadan keşiş gəlsin. Biz – yəni cəbhəçilər kilsələrin birini ukraynalılar üçün ayıraq. Ukraynalı keşiş moizələr oxusun, ayinlər icra etsin. Biz də təbliğat aparaq, Azərbaycanda nə qədər ukraynalı var, həmin kilsəyə gətirək.

Təklifimiz Anatoliy Lupinosun ürəyindən olsa da, gənc keşiş qəti şəkildə etiraz etdi. Bizim təklifimizi xristian dini içərisinə nifaq toxumu əkmək kimi dəyərləndirdi.

Anatoliy Lupinosun Naxçıvandakı hərbi hissələrə daxil olması, oradakı ukraynalı əsgər və zabitlərlə görüşməsi üçün hər vasitəyə əl atırdıq. Hərbi hissə komandirləri buna mane olmaq istəyəndə cəbhəçilər təxribata əl atırdılar. Hərbi hissələrə gedən suyu, işığı kəsir, yollarında ekskavatorlar, traktorun arxasına qoşulmuş kotanlar qoyur, buldozerlə kanallar qazaraq onların hərəkətlərini məhdudlaşdırırdılar.

Anatoliy Lupinos ukraynalı zabit və əsgərlərin vətənə dönmələrinin vacibliyini inandırıcı faktlarla, bəzən də ana, vətən haqqında söylədiyi duyğusal şeirlərlə vurğulayırdı. Rusbaşlı, içdiyi hərbi anda sadiq qalacaqlarını söyləyən zabitləri vətənə xəyanətdə suçlamaqdan, onları hədələməkdən, söyüb təhqir etməkdən çəkinmirdi. Onun bu metodu təsirsiz qalmadı.

Ukraynalı əsgər və zabitlərin əksəriyyəti vətənə dönməyə razılaşdılar. Onsuz da cəbhəçilər hərbi hissədən kənara çıxan əsgərlərin böyük bir qismini “oğurlayıb” vətənlərinə yola salmışdılar. Əsas məsələ zabitlərin və onların ailələrinin yola salınması idi.

Əlbir işimiz öz bəhrəsini verdi. 1992-ci ildə Ukrayna Əsgər və Zabit Anaları Cəmiyyətinin rəhbərləri və bəzi ictimai xadimlər də Naxçıvana gəldi. Naxçıvandan gedəcək əsgər və zabitlər, onların ailə üzvlərinin sayı müəyyənləşdirildi. Zabitlərin ev əşyalarını yükləmək üçün konteynerlər alındı. Dəmiryolu İdarəsinin rəhbərliyi ilə danışıqlar aparıldı. Hərbçilərin yüklərinin vağzala daşınmasında, konteynerlərə vurulmasında cəbhəçilər olduqca fəal iştirak edirdilər.

Yalnız hərbçilər və onların ailə üzvlərini aparmaq məsələsi qalırdı. Anatoliy Lupinosun və Ukrayna Əsgər və Zabit Anaları Cəmiyyətinin təşkilatçılığı sayəsində Kiyevdən iki sərnişin təyyarəsi gəldi. Təyyarələr problemsiz gəlmişdilər. Getmələri isə problemə çevrilmişdi. Naxçıvandakı diviziyanın komandiri və ya hansısa hərbi hissə komandiri məsələ haqqında Moskvaya xəbər vermişdi. Moskvadan təyyarəçiləri hədələmişdilər. Ukraynalı əsgər və zabitləri aparsalar, onların təyyarəsini havada vuracaqlarını söyləmişdilər. Narahatçılıq və qorxu işi poza bilərdi. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev qonaqları, təyyarəçiləri, Naxçıvandakı diviziyanın komandirini və bir neçə hərbçini, yüksək vəzifəli bir neçə adamı, jurnalistləri kabinetinə toplayıb vəziyyəti geniş müzakirə etdi.

Hər şey qaydasında gedirdi. Lakin təyyarəçilər qorxu hissindən xilas ola bilmirdilər. Çıxış edənlərin əksəriyyəti bu qənaətdə idi ki, sərnişin təyyarəsini vurmaq olmaz. Təyyarəçilər deyirdilər ki, Sovet hərbçiləri beynəlxalq qanunlara əməl etmirlər.

Heydər Əliyev təyyarə kapitanlarından hansı marşrutla gəldiklərini xəbər aldı. Onlar müəyyənləşdirilmiş hava xəttilə Kiyevdən Krasnodara, oradan da Çeçenistan, Dağıstan üzərindən keçib Azərbaycana gəldiklərini dedilər.

Heydər Əliyev dedi ki, sizin təyyarəni vura biləcək raketlər Armavir ətrafındadır. Mən Ermənistan prezidenti Levon Ter-Petrosyanla danışacam. Onlar sizə Ermənistan üstündən hava xəttini təmin edəcəklər. Oradan Gürcüstan üzərinə keçər və Qara dənizə doğru uçarsınız. Qara dəniz üzərindən də sərnişin təyyarələrinin hava xəttilə Kiyevədək uçuşunuzu təmin edərsiniz. Bununla da sizin təhlükəsizliyiniz təmin edilmiş olar.

Təyyarəçilər Heydər Əliyevin bu fikri ilə razılaşdılar. Həmin gün ukraynalı hərbçiləri və onların ailələrini aparan təyyarələr Naxçıvandan havalandılar. Hansı marşrutla uçduqlarını bilmədik. Onu bildik ki, sağ-salamat Kiyevə çatıblar.

2000-ci il fevralın 5-də Anatoliy Lupinos dünyasını dəyişəndə Əbülfəz Elçibəy dəfndə iştirak etmək üçün Ələsgər Siyablının başçılığı ilə Azərbaycandan nümayəndə heyəti göndərmişdi.

Внимание! Это не конец книги.

Если начало книги вам понравилось, то полную версию можно приобрести у нашего партнёра - распространителя легального контента. Поддержите автора!

Страницы книги >> Предыдущая | 1 2 3 4 5 6 7
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации