Текст книги "Dünya tarixinin Turan Dövrü"
Автор книги: Ələsgər Siyablı
Жанр: Прочая образовательная литература, Наука и Образование
Возрастные ограничения: +12
сообщить о неприемлемом содержимом
Текущая страница: 2 (всего у книги 61 страниц) [доступный отрывок для чтения: 20 страниц]
I fəsil
Qədim Mesopotamiya xalqlarının və mədəniyyətinin kökləri haqqında Turan nəzəriyyəsi
XVIII–XIX əsr Avropasının görkəmli tarixçiləri, arxeoloq və linqvistləri dünyanın qədim tarixinin dərindən araşdırılması nəticəsində Turan adlandırılan yeni bir elmi nəzəriyyə irəli sürmüşlər. Bu nəzəriyyəyə görə hələ sami və ari irqi tarix səhnəsinə qədəm qoymadan min illər öncə tarixin ilk dönəmlərində bilim adamlarının turanlılar adlandırılan Ön türklər doğu ərazilərində yerləşən öz ilkin vətənlərindən batıya doğru hərəkət edərək yer üzərinə yayılmış və ilkin bəşər mədəniyyətinin əsasını qoymuşlar.
Bu nəzəriyyə hansısa tək bir bilim adamının subyektiv emosiaonal düşüncəsinin məhsulu deyil, yüzlərlə müxtəlif peşə sahibi bilim adamlarının uzun illər ərzindəki kollektiv fədakar elmi fəalliyətinin nəticəsi idi.
XVIII–XIX yüzilliyin Avropa tarixçiləri, arxeoloqları, linqvistləri Qədim Şərqin xüsusən də Mesopotamiya adlanan İkiçayarasının tarixinin öyrənilməsində, mixi və heroqlif yazıların şifrəsinin açılaraq oxunmasında böyük uğurlar əldə etmişlər. Həmin yüzilliklərdə Ön Asiyaya səyahət edən bilim adamları, hərbi məqsədlə bu bölgəyə göndərilən avropalı hərbçilər qədim abidələri tədqiq edərkən burda rast gəldikləri qədim yazı nümunələri haqqında öz ölkələrindəki elmi dairələrə, dövlət məqamlarına məlumatlar göndərirdilər. Bu abidələri tədqiq etmək üçün təşkil edilən çoxsaylı elmi ekspedisiyalar müxtəlif bölgələrdə bir çox arxeoloji mədəniyyət mərkəzləri aşkar etdilər. İkiçayarasının quzeyində e.q. V minilliyə aid Hələf mədəniyyəti, V minilliyin sonu IV minilliyə aid Ur şəhərinin yaxınlığında Ubeyd mədəniyyəti, IV minilliyə aid Uruk mədəniyyəti, yenə eyni tarixi dövrə aid Xuzistanda Suz mədəniyyəti aşkar edilmişdir.
Bunların ardınca İtalyan arxeoloqu R. Pumpelli tərəfindən Türkmənistanda X–IX minilliyə aid olan və elm aləmində Ön Asiya mədəniyyətinin mənbəyi hesab edilən Anau mədəniyyəti aşkar edildi.
Hindistanda e.q. III minilliyə aid edilən Harappa və Mohenco Daro mədəniyyətlərinin aşkar edilməsi ilə turanlıların öz ilkin vətənlərindən hərəkət istiqamətləri tam şəkildə müəyyən edilmiş oldu. Adları qeyd olunan bütün bu mədəniyyətlər onları aşkar edən bilim adamları tərəfindən ümumi şəkildə Turan mədəniyyəti adlandırılmışdır.
Tarixin ilkin dövrlərinə aid arxeoloji abidələrdə aşkar edilən çoxsaylı mixi yazı mətnlərinin şifrəsinin açılaraq oxunması nəticəsində İkiçayarasında VI minillikdən etibarən mövcud olan və böyük inkişaf mərhələsi keçmiş qədim dövlətlərin tarixini əks etdirən çoxsaylı əsərlər yazılmışdır. Mesopotamiya adlanan qədim İkiçayarasında və Misirdə IV minillikdən etibarən istifadə edilən ilk yazı növü piktoqrafik, yəni şəkili və ya təsviri yazı idi. Bu yazı inkişaf edərək mixi yazı sisteminə çevrilmişdir. Mixi yazını kəşf edən xalq sumerlərlərdir. Mixi yazının e. q. 3500-cü ilə aid gil lövhə üzərində olan ilk nümunəsi Sumerin Kiş şəhərində tapılmışdır. Ondan sonra Uruk şəhərində arxeoloji qazıntı zamanı tapılan mixi yazı sənədləri m.ö. 3300-cü ilə aid olmuşdur. 1886-cı ildə Misirin Amarn kəndində və 1906-cı ildə isə Türkiyənin Boğazköy qəsəbəsində mixi yazı lövhələrindən ibarət zəngin arxiv aşkar edildi. 1853-cü ildə İraqda Qoyuncuq adlı ərazidə qazıntı zamanı Assur hökmdarı Assurbanipalın paytaxtı olmuş Nineviyada Sumer, Akkad və Assur dillərində e. q. VII əsrə aid 25 min mixi yazı löhəsindən ibarət çox zəngin bir kitabxanası aşkar edilmişdir.
Alman alimi Q. Qrotofend 1621-ci ildə aşkar edilmiş və Karsten Nibur tərəfindən dərc edilmiş pers dilindəki Persopol mixi yazı mətninin şifrəsini 1802-ci ildə aça bildi.
İngilis ordusunun yüksək rütbəli zabiti olan H. Rauilson Qacar şahının ordusuna təlim vermək üçün göndərildiyi İranda 1827-ci ildə Bisütun qayası üzərindəki yazını aşkar etmişdi. Rauilson Ekbatan (Həmədan) şəhərinin yaxınlığında 105 metr hündürlükdə yerləşən və I Dara tərəfindən üç dildə yazdırılan e. q. 523-521-ci illərə aid Bisütun qaya kitabəsini öz həyatını təhlükəyə ataraq 1837-1844-cü illərdə surətini çıxarmağa nail olmuşdur.
Rauilson sonradan Bisütun mətnlərinin şifrəsini aça bildi və üç dildə: fars, elam-midiya və akkad dilində olan bu mixi yazı şifrəsinin açılması çox sayda digər mixi yazı mətnlərinin oxunuşunu asanlaşdırdı.
Bisütun yazısının elam-midiya mətnini 1855-ci ildə K. E. Norris oxuya bilmişdir. Onun başladığı işi isə mənşəcə alman aşkenaz yəhudisi olan, lakin elmi fəalliyətini Fransada davam etdirən Y. Oppert olmuşdur. Mixi yazıların şifrəsini çözən dünyanın məhşur alimləri bu yazıların dilinin hansı xalqa aid olması məsələsində xeyli baş sındırmışlar. Norris ikinci mətnin dilini iskit-sak dili. Oppert, Lenorman və Mortdmann midiya dili adlandrırdılar. Nəhayət, nə sami, nə də ari dil ailəsinə mənsub olmayan bu dilin turanlı xalqlara aid olması əksəriyyət tərəfindən qəbul görmüşdür. Çünki bu dildə yazılan mixi yazıların meydana çıxdığı dövrdə sami və ari irqi hələ tarix səhnəsinə qədəm qoymamışdılar.
Müasir dövrün bilim adamları Bisütun kitabəsindəki ikinci mətnin dilini idioloji səbəblərə görə midiya dili adlandırmaqdan imtina edərək onu elam dili kimi qələmə verirlər. Çünki Midiyalıların dilinin türk dilləri ilə qohum və aqlütinativ quruluşa malik olmasının qəbul edilməsi midiyalıların hind-iran mənşəli xalq olması haqqında avropasentristlərin və iranistlərin irəli sürdükləri tezisi puça çıxarmış olur.
Sumer-akkad dilinin və mədəniyyətinin mənşəyi haqqında Turan nəzəriyyəsinin banisi görkəmli ingilis alimi Henri Rauilsondur. 1851-ci ildə Assurbanipalın mixi yazı kitabxanasını kəşf edən Rauilson bu mətnlərin yazıldığı aqqulyutativ adlandırılan hecalı dilin turan-türk mənşəyinə malik olduğu fikrini ilk dəfə irəli sürərək Turanizmin əsasını qoymuşdur.
XIX əsrdə mixi yazı mətnlərini oxuyan Qədim Şərq tarixinin böyük biliciləri Henry C. Raulinson, K. Norris, Edvard Hincks, Jules Oppert, Francois C. Lenorman, Arçibald H. Sayce, Edouard Sayous, Yrjo Sakari, Yrjo-Koskinen, K. A. Hermann, Otto Donner, H. Gelzer, Friedrich Delitç, F. Eberhard Şrader, H. H. Houorth, Fritz Hommel, Sophus Ruge, Oskar Peşel, Riçard Gosche və başqaları qədim Sumer, Akkad və Elam dilinin Turan-Altay dil ailəsinə mənsub olduğu haqqında nəzəriyyənin ən qatı tərəfdarları idilər.
Turan dili terminindən öncə qədim dünyanın ari və sami olmayan dillərini adlandırmaq üçün E. Rask, H. Rauilson, Y. Oppert və başqaları iskit dili terminindən istifadə edirdilər. Sonra Turan dili termini üstünlük qazandı.
Öz qrammatik qruluşuna görə sami və ari dillərindən köklü surətdə fərqlənən bu dil aqlütinativ və ya iltisaqi qruluşa malik olub sözün kökü dəyişməz qalır və sözdüzəltmə şəkilçilər vasitəsilə həyata keçirilir.
XIX yüzilliyin ikinci yarısından etibarən Turan adı ari və sami olmayan bütün dilləri özündə birləşdirən bir termin kimi istifadə olunmağa başlandı. Məhşur ingilis alimi, tarixçisi və etnoloqu Baron M. Bunzen yazırdı ki, “Mən ilk dəfə 1847-ci ildə sami və ari olmayan dillərdə danışan xalqları Turan adı altında birləşdirməyə risk etdim”.
Beləliklə, H. Rauilson qədim mixi yazı mətnlərinin yazıldığı dili Turan dili, Baron Bunzen isə bu dildə danışan xalqları Turan xalqları adlandırmışlar.
1849-cu ildə Maks Müller Bunzenə yazdığı məktubda onun Turan dili və xalqı haqqındakı fikrini geniş təhlil etdi və dillər haqqında 1861-ci ildə irəli sürdüyü nəzəriyyəsində Turan dilini ari və sami dilləri ilə yanaşı bəşəriyyətin malik olduğu üçüncü bir dil ailəsi kimi müəyyən etdi. Maks Müller türk dilini Turan dilinin bir dialekti hesab edirdi və onun qrammatikasını tatar-türk qrammatikası adlandırırdı. O Turan dilini quzey və güney olmaqla iki qrupa ayırırdı. Quzey Turan qrupuna Ural-altay dillərini, Güney Turan qrupuna dravid dillərini, tamil, malay, tay və s. aid edirdi. (M. Müller. 1862, 198, 322)
Turan öntürk dilinin yayılma arealından bəhs edən fransız tarixçisi F. Lenorman yazırdı: “Aqlütinativ ifadələrdən ibarət olan turan dilində qədim tarixi zamanlarda Mesopotamiyadan şərqdəki ərazilərdə Midiyada, Susda, Babil və Xaldeydə danışırdılar. Anarian (ari olmayan) adlanan bu dildə aşkar edilən çoxlu mixi yazılı abidələr ümimi kökə bağlı olub morfoloji eyniyyət təşkil edərək inkişaf baxımından iki qrupa ayrılırlar. Birinci qrupa Midiya-Sus dili daxildir, proto midiya dili arilərin işğalından sonra da fəaliyyətdə olan və hətta İranın Əhəmənilər sülaləsi hökmdarları tərəfindən sarayın rəsmi dəftərxana dili kimi müəyyən edilən Midiyanın arilərə qədərki dilidir. Sus və onun ətrafında bu dildə e. q. VIII–VII əsrlərə aid bir çox yazılı abidələr aşkar edilmişdir. Akkad və Sumer dilindəki idioqrammları biz birlikdə sumer-akkad adlandırsaq daha dəqiq olar. Bu dil turan dilinin ikinci qrupunu və ya xaldey qrupunu təşkil edir. Bu dil Babil və Xaldeyin qədim qeyri-sami xalqının dilidir. Akkad və ya sumer-akkad vahid bir dildir və özünü çox qədim dövrlərin birinci ali yazılı dili kimi də müəyyənləşdirərək çin dilində olduğu kimi kristallaşmış və aqlütinativ dilin ilk ibtidai fazasının qrammatikasını özündə əks etdirmişdir”. (Lenormant F. 1895, Səh. 364)
Qədim İkiçayarası dillərin Turan-Altay dil ailəsini mənsubluğunu sübut edən başlıca dəlil Sumer dilinin də Altay dilləri kimi morfoloji baxımdan aqlütinativ yəni iltisaqi-bitişik quruluşa malik olması və lüğət tərkiblərində çoxsaylı eynimənalı sözlərin mövcud olması idi. Sumer mətnlərinin oxunuşu zamanı bu dilin lüğət tərkibində Altay dillərindəki sözlərlə məna baxımından eyniyyət təşkil edən yüzlərlə söz aşkar edildi. Sumer dili ilə müqayisə edilən heç bir dildə türk dillərində olduğu qədər eyni mənalı bənzər sözlər aşkar etmək bu günə qədər mümkün olmamışdır. Alman tarixçisi A. Unqnad yazır ki, sumerlilərin dili bir çox dillərlə müqayisə edilsə də, F. Hommelin bu dili türk dili ilə müqayisə edərək gəldiyi nəticə ən inandrıcı görünməkdədir. (A. Ungnad. 1923. Səh. 4)
Sumer və qədim dünyanın ari və sami olmayan digər xalqlarının dilləri və mixi yazının mənşəyi haqqındakı Turan nəzəriyyəsi XIX yüzillikdə Avropanın elm aləmində uzun illər davam edən çox böyük mübahisələrə və siyasi dairələrdə müəyyən narahatçılığa səbəb olmuşdur.
Türk tarixçi Prof. Yusif Ziya Özər yazırdı ki, Avropa bilim adamları ilkin mədəniyyətin turanlılar tərəfindən yaradılaraq sonradan bütün dünyaya yayıldığını açıq şəkildə etiraf etməkdən ehtiyat edirlər. Çünki bunu etiraf etdikləri təqdirdə ari irqinin keçmişinə böyük kölgə düşər və onların “bəşər mədəniyyətinin yaradıcıları” şöhrətinə zərbə vurulmuş olardı. Lakin bu çox yanlış təsəvvürdür, ona görə ki, arilərin əcdadı olan Ar tayfası da Tur tayfası kimi Türk boylarındandır. (Özer Yusif Ziya. 1932. Səh. 539)
Osmanlı Türk imperiyası XIX əsrdə öncəki qüdrətinə malik olmasa da Avropa dövlətləri onu hələ də təhlükəli bir düşmən kimi görürdülər. Ona görə də Qədim İkiçayarası xalqlarının dilinin və onlırın yaratmış olduqları ilkin mədəniyyətin Altay xalqlarına məxsus olması haqqında Turan nəzəriyyəsi tərəfdarlarının bir çoxu bu xalqın məhz türklər olduqlarını söyləməyə siyasi səbəblərə görə ehtiyat edirdilər. Sultan Mehmet Fatih İstanbulu fəth edərkən Roma papasına və Fransa kralına göndərdiyi məktubda da bu şəhəri fəth etməsinə səbəb olaraq yunanlılardan Troyanın intiqamını almaq olduğunu göstərirdi. Bu məktub tarixi bir sənəd kimi Türklərin qədim turanlı öntürklərə məxsus olan ərazilərə iddialı olduqlarını göstəricisi idi. Avropa dövlətlərinin siyasi dairələri hesab edirdilər ki, arilər və samilər tarix səhnəsinə qədəm qoymadan öncə dünya mədəniyyətinin yaradıcılarının və onun ilk sakinlərinin türklərdən ibarət olduğunu etiraf etmək türklərin dünya ağalığı haqqındakı iddialarına siyasi cəhətdən haqq qazandırmış olar. Bu baxımdan da adları yuxarıda qeyd olunan bilim adamlarının bir çoxu ehtiyatlı tərpənərək sumerləri, akkadları, elamları, xattiləri, kassiləri, urartuluları, midiyalıları və digər xalqları mənşə etibarı ilə turanlı adlandırdıqları zaman birbaşa türkləri deyil turanlı finləri, monqolları və ya macarları nəzərdə tutduqlarını qeyd edirdilər. Çünki bu xalqlar böyük siyasi iddialara malik olmayıb Avropa üçün də hər hansı bir təhlükə törətmək gücündə deyildilər.
Mixi yazının kəşf edilməsi və ümümiyyətlə İkiçayarası xalqlarının turani mənşəyə malik olması məsələsində ehtiyatlı olmağı bilim adamlarına tövsiyə edənlərdən biri Ernst Renan (1823–1892) idi. Məhşur fransız filosofu, tarixçi və dinşünası Renan təkcə elm aləmində deyil, Avropa siyasi dairələrində də önəmli nüfuza malik idi. Katolik dininin qatı təəssübkeşi olan Renan aryanizm nəzəriyyəsinin himayədarlarından biri, türk və islam əleyhdarı olmaqla yanaşı, antisemit kimi də ciddi tənqidlərə məruz qalmışdı.
Turan nəzəriyyəsinin əsas tərəfdarlarından biri olan Y. Oppert, Ernst Renanın Turan xalqlarının adlarının müəyyən edilməsi məsələsində ona xəbərdarlıq etməsini şərh edərək yazırdı: “Mən onun (Renanın) anariyan (ari olmayan) mixi yazını kəşf edən Turan xalqlarının adlarının müəyyən edilməsi məsələsində son dərəcə ehtiyatlı olmaq haqqındakı fikrinə tamamilə şərikəm”. (J. Oppert. 1898. səh. 13)
E. Renan Paris Asiya cəmiyyətinin 1868-ci il toplantisında mixi yazının kəşfinin turanlılara aid olması məsələsindən bəhs edərək demişdir: “Əgər biz sami və ari olmayanlar üçün Turan adını bir termin kimi qəbul etsək doğru bir ifadə işlətdiyimizə əmin olarıq. Lakin qəbul etmək lazımdır ki, Qədim Babil mədəniyyətinin bünövrəsini qoyanların fikrimizə görə yalnız dağıdıcılıqla məşğul olan və heç zaman özəl bir mədəniyyətə sahib olmayan Turanlı irqə mənsub macar, türk, finlərə aid edilməsi məsələsi bizi müəyyən mənada heyrətə salmaqdadır”. Renanın turanlı türklərə qarşı sərt mövqeyinə etiraz edən Lenorman yazırdı: “Mən düşünürəm ki, böyük elmi bilik təcrübəsinə malik olan Renanın Turan irqinə qarşı münasibəti çox sərtdir və bu irqi o yalnız Çingiz xanın və Teymurun vəhşi dağıdıcılığı ilə əlaqələndirir və onun bu böyük irqə qarşı ittihamları şübhə ilə qarşılanmalıdır. Türklər macarlardan və finlərdən daha az çevik, daha ağır və möhkəmdirlər. Onlar islamın tarixində gördüyümüz kimi yalnız müstəsna dağıdıcı rola malik deyillər. Onların tarixində böyük şəxsiyyətlər və şanlı səhifələr də vardır, onlar ərəblərdə çatışmayan bir cəhət olan dövlət qurmaq məsələsində böyük səriştəyə malikdirlər”. (Lenormant. 1877. 371, 372)
Böyük Britaniya ordusunun mayoru R.Konder uzun illər ərzində Mesopotamiya ölkələrində hərbi xidmətdə olmaqla bərabər xett/hitit tarixini, dilini və heroqlif yazı sistemini araşdırılmasına həsr olunmuş bir çox əsərlərin müəllifi idi. O araşdırdığı hitit heroqlif yazı sisteminin bir başa türk mənşəli olduğunu etiraf etməyin təhlükəli olduğunu qəbul edirdi. Ön Asiyanın qədim xalqlarının turanlı öntürk mənşəli olması haqqındakı elmi fikirlərə Britaniya siyasi dairələrinin mənfi münasibətini yaxşı bilən Konder yazırdı: “Mən xettlərin bu heroqlif yazı sistemini Altay yazı sistemi adlandırıram, çünki bu ad ümumi xarakter daşıyır və daha əhatəli və təhlükəsiz məfhumdur. Prof. Lenorman da akkad və protomidiya dilini təhlükəsizlik baxımından altay-uyğur dil ailəsinin türk və macar qolundan daha çox fin qoluna bağlamaqda haqlı idi. Altay dili məfhumu, heroqliflərin bu gün Suriyanın quzeyində və Kiçik Asiyada yaşamaqda davam edən türklərin və türkmənlərin əcdadları olan irqin mənsubları tərəfindən yaradıldığı haqqında mənim kəşfimin nəticəsini daha təhlükəsiz edir. Həqiqətən də bu gün Fələstində və Suriyada yaşayan türkmənlərin bura daha sonralar gəlmiş olsalar da xettlərin təmsilçiləri olduqları haqqında mənim üç il öncə risk edərək söylədiyim fikir bu gün daha dəqiq faktlarla sübut olunur”. (Conder R. 1889. Səh. 29–30)
Danimarka tarixçisi və siyasət adamı “Assur və Babil tarixi” əsərinin müəllifi Markus fon Nibur öz əsərinin giriş hissəsində yazırdı: “Mən özümü məzəmmət etməliyəm ki, çox qorxmuşam. Ona görə ki, mən Fərat və Hind çayları arasındakı bütün ölkələrin əhalisinin tatar və ya turanlılardan ibarət olduqlarını yazmışam. Mən əsərimin əsasını təşkil edən bu fikri inkişaf etdirmək üçün özümdə cəsarət tapmalıydım. Bu məsələdə mənə qarşı istehzalara dözməyə məcbur oldum”. (M. Nibuhr. 1857. Səh. 1)
E.Norris Bisütun kitabəsindəki ikinci mətnin iskit-sak dilində olduğunu və bu dilin türk və monqol dillərinə yaxın olduğunu Rauilsondan sonra ikinci olaraq bildirmişdir. (E. Norris. 1852. səh. 1)
M.Müller Turan dili məsələsi ilə əlaqədar M.Bunzenə 1849-cu ildə yazmış olduğu məktubda və digər əsərlərində Turan dil ailəsi haqqındakı tezislərini özünün dil nəzəriyyəsinin tərkib hissəsindən biri kimi təqdim etdi.
Maks Müller Bunzenə Turan dilinin klassifikasiya təsnifatı haqqında yazdığı məktubda deyirdi: “Mən cəsarət nümünəsi göstərərək cəmiyyətin müxtəlif siyasi formalarına uyğun olaraq dilləri öz xarakterlərinə görə ailə, hərbi və dövlət olmaqla üç ümumi sinifə bölürəm. Humboldtun morfoloji sinifləndirməsinə uyğun olaraq dilləri də izolyativ, aqlütinativ və flektiv dillər olmaqla üç sinifə bölürəm. Mən qeyd etməliyəm ki, hər bir siyasi orqanizmdə köçəri və ya ailəvi izləri aşkar edə bilərik. O baxımdan ari dilində çinlilərin və turanlıların keçmiş olduqları formasiyanın izlərini də aşkar edə bilərik”. (Max Müller. 1854. Səh. 23, 24.)
Müller yazırdı ki, Turan dili fərqli bir dildir, o ideyanı, fikirləri yalnız sözlə ifadə etməklə kifayətlənmir, fikirlər arasındakı münasibəti də ifadə edir. Turanlıların həyatı çinlilərinki kimi uzunömürlülərin təcrid olunmuş ailə həyatı deyil, qəbilənin spiralvari burulğanının əhatə etdiyi turanlı insanını və ailəsini öz qəbilədaşları ilə ünsiyyətdən yalnız nazik çadır divarı ayırır. Turan dili ilə ari dili arasındakı fərq köçəri dili ilə siyasi dil arasında olan fərqlə eynidir. Turan dilində şəkilçilər sözün kökünə əlavə olunaraq əsas sözdüzəldici element kimi çıxış edirlər. (Max Müller. 1854. Səh. 25, 26)
Müllerin Turan dilini sırf köçərilərə xas dil kimi səciyyələndirməsi elmi gerçəkliyi əks etdirmir. Böyük bilim adamları tərəfindən Türk-Turan dili adlandırılan Sumer dili möhtəşəm əsərlərin yazılmış olduğu bəşər tarixinin ilk yazılı ədəbi dilidir.
Müller ari dilini siyasi-dövlət dili, turan-türk dilini hərbi dil, çin dilini isə ailə dili kateqoriyasına daxil edirdi. Onun fikrincə Turan xalqı öz kökünü dəyişilməz şəkildə qoruyub saxlamaq baxımından instinktiv hissə malidkdir. Bu hiss sözdüzəltmə prosesində də özünü göstərir, onlar kökü dəyişməz saxlayaraq çoxlu şəkilçilərdən istifadə edirlər. (Max Müller. 1854. Səh. 27)
Müllerdən sonra Mesopotamiya və Ön Asiyanın qədim tarixini və dillərini araşdıran Avropa tarixçilərinin əksəriyyəti sami və ari dillərinin hələ primitiv inkişaf dövrü yaşadığı bir dövrdə Turan dilinin qədim dünyada bəşəriyyətin əsas ünsiyyət vasitəsi olduğunu sübut etmişdilər. Müller sami, ari və hami dillərinə aid olmayan digər dilləri Turan dil ailəsi adı altında birləşdirmişdi. Müller Turan dillərini quruluş etibarı ilə sami, ari və hami dillərindən köklü surətdə fərqləndirən əsas əlamətin onun aqlyutativ yəni hecalı-bitişik xarakter daşıması ilə izah edirdi. Onun fikrinə görə Turan dilləri iki bölümə ayrılırdı: 1-ci şimal qrupunu təşkil edən Ural-altay dillərinin özü, 2-ci dravid, tibet, tay, kolar və malay-polineziya dilləri.
Turan nəzəriyyəsinin tərəfdarlarından biri Elizabet Sevell “Qədim Misirin tarixi” adlı əsərində Turan dilinin bəşəriyyətin ilk dili olduğu fikrini müdafiə edərək yazırdı: “Dünyanın bir hissəsini təşkil edən Batı Asiyada məskunlaşmış ilk insanlar tatarlar və ya Turan əhalisi olmuşdur. Onların dili olduqca sadə idi və ədəbiyyat yaratmağa əlverişli deyildi. O insanların danışdığı ilk dil forması olmuşdur. İndiyə qədər malik olduğumuz bilgilər ən qədim dövrlərdəki danışıq ünsiyyət formasının Turan dili oluğunu sübut edir. Bu dil Qafqazdan Hind okeanına qədər, Aralıq dənizi sahillərindən Qanq çayının mənsəbinə qədər olan ərazidə yayılmışdı. Onun dialektləri Batı yarımkürəsinin bütün ərazisində istifadə olunurdu. Turan dili Asiyanın beşdə dörd hissəsində və Avropanın uzaq guşələrində danışılan dildir. Finlər, saamlar, monqollar, tatarlar, tibetlilər Hindistanın dağlı tayfaları, Asiyanın quzeyində və Avropanın doğusundakı əngin çöllərdə köçərilik edən tayfalar, o cümlədən türklər və macarlar da bu dildə danışırlar (E. Sewell, 1852. Səh. b1)
Macar alimi Qyarmati türk dillərinin macar dili ilə yaxınlığını təsdiq edən fikirlər irəli sürdü. Onun ardınca Klaprot Qafqaz dillərini araşdıraraq belə bir nəticəyə gəldi ki, osetin dilindən başqa bütün Qafqaz dilləri şimali Asiya və ya tatar samoyed dilləri ilə qohumdur. Remusat türk, monqol və mancur dillərinin qohumluğu fikrini rədd edir. Turan dilinin qarşılığı olaraq iskit dili terminini işlədən danimarkalı dilçi Rasmus Rask ilk dəfə olarak iskit turan dilinin Skandinav və Qrenlandiya dillərinin sələfi olduğu ideyasını irəli sürdü. O, iskit dilinin Amerikanın şimalına da yayıldığını və bu dilin ari dilinə qədərki dövrdə Ağ dənizdən başlayaraq Qafqaz vadilərinə qədər bütün Asiyaya, Böyük Britaniya, Qalliya və İspaniyaya, yayılaraq başlıca dil təbəqəsini təşkil etdiyini fikrini irəli sürmüşdür. (M. Müller. 1854, Səh. 12–13)
R.Rask tatar və fin dillərinin qohumluğunu təkcə leksikoloji yaxınlıqdan ibarət olmadığını vurğulayır. Rask iskit-turan irqini dörd qola bölür: 1) Quzey Asiya, 2) Tatar-tirk, 3) Quzey Amerika, 4) Monqol-tunqus. Aleksandr Kastren Raskdan fərqli olaraq Turan dilini dörd deyil beş qrupa bölür: 1) fin, 2) samoyed, 3) Türk-tatar, 4) monqol, 5) tunquz. Qobelenə görə Turan dili tatar, monqol, tunqus, finlərlə bir ailə təşkil edir. (M. Müller, 1854, Səh. 13–14)
Turan nəzəriyyəsinin, Mesapotamiyada qədim danışıq dilinin turan dili olması haqqındakı elmi fikirlərin ən barışmaz əleyhdarı samitoloq bilim adamı yəhudi əsilli Yozef Hallevi idi.
Onu qıcıqlandıran əsas məsələlərdən biri sami mənşəli assurların mixi yazı sisteminin Y.Oppert tərəfindən turani kökə malik olduğunu sübut etməsi idi.
O, bu məsələləri araşdrılması ilə əlaqədar 1870-ci ildə “Babilin turani dilləri haqqındakı baxışların tənqidinə dair” adlı bir neçə xüsusi məqalə həsr etmişdir. Halevi sami dilindən öncə Mesopotamiyada əsas danışıq və ünsiyyət dili olan və mütəxəssislər tərəfindən turani dil ailəsinə aid edilən sumer-akkad dilini qeyri danışıq, suni dil və yalnız kahinlərin istifadə etdiyi şifrə dili hesab edirdi. O sumer dilini inkar edən belə bir nəzəriyyə irəli sürmüşdü ki, Mesopotamiyada sami dilindən başqa hər hansı bir qeyri sami danışıq dili mövcud olmamışdır. Lakin sonradan sumer-akkad dilində çoxsaylı mixi lövhələrin tapılıb onun fikirlərinin yanlışlığı sübut olunsa da, o ölənə qədər 40 il ərzində öz fikrindən imtina etmədi və Turan nəzəriyyəsinə qarşı mübarizəsini davam etdirdi. Osmanlının Ədirnə şəhərində doğulan və uzun illər orada yaşayan Halevi qatı anti turanist və türk əleyhdarı idi. O bir filoloq kimi Ədirnədə və sonra Buxarestdə yəhudi və sami dillərindən dərs demişdi. Avropa elm aləmində də müəyyən nüfuza sahib olan Halevi Sionizm hərəkatının təşkilatçılarından biri idi və dünya ölkələrini gəzərək yəhudilərin xilası və birliyi uğrunda hərakata öncüllük edirdi. (Josef Halevy and tha “Sumerian Problem”, 1990. Səh. 12–13)
Qədim şərq tarixi və dil bilimcisi F.Lenorman 1875-ci ildə Halevinin Turan nəzəriyyəsinə qarşı yazdığı məqaləsini kəskin tənqid edən “Xaldeyin qədim dili və ondakı turani ifadələr” adlı bir məqalə ilə cavab verdi və onun akkad adlandırdığı sumer dilini turani dillərlə müqayisə edərək bu dilin turani dil ailəsinə mənsub olduğunu linqvistik dəlillərlə sübut etdi. Sonrakı linqvistik tədqiqatlar da sübut etdi ki, kök etibarı ilə turani və Ön türk dili olan Sumer dilindəki sami mənşəli sözlər bu dilə yüz illər ərzində sami akkadlarla sıx ünsiyyətləri nəticəsində keçmişdir. (J. Halevi and the “Sumerian Problem”, səh. 14)
Lenormanla yanaşı Y.Oppert və E.Şroder də Mesopotamiya xalqının və mədəniyyətinin yalnız sami mənşəli olması haqqında Halevinin irəli sürdüyü nəzəriyyəni kəskin tənqid etdilər. Arxeoloji qazıntılar nəticəsində aşkar edilən çoxsaylı mixi yazılı tabletlər Mesopotamiyada samilərdən öncə yayğın bir danışıq dilinin mövcud olduğunu sübut etdi və Halevinin tərəfdarı olan görkəmli alimlər F.Deliç və F.Turea-Danqen “akkadist”lərin tərəfinə keçdilər. Halevinin Lenormana qarşı kəskin dillə yazdığı “Akkad dili Turani dildirmi?” adlı cavab məqaləsi və turanlı öntürklər əleyhinə gətirdiyi qeyri-elmi dəlillər gələcəkdə Mesopotamiyanın qədim turani dilinin inkar edilməsi sayəsində türk əleyhdarlarının mühüm istinad mənbəyi oldu. (J. Halevi and the “Sumerian Problem”, 1990, Səh. 15)
Halevinin sumer dili və Turan nəzəriyyəsi əleyhinə 1874-cü ildə “Journal Asiaticue” jurnalında dərc etdiyi “Babilin yalançı turanlıları haqqında tənqidi müşahidələr” adlı digər bir məqaləsində Sumer dilinin Turan dili olmadığını, turanlıların heç vaxt Mesopotamiyada yaşamadıqlarını, sumer dilinin bir danışıq dili olmayıb yalnız sami və assur dilini ifadə etmək üçün bir ideoqrafik işarələr sistemi olduğunu, mixi yazının sami xalqlar tərəfindən kəşfi olduğunu iddia edirdi. Halevi samilərin dünya mədəniyyət tarixində önəmli bir rola malik olmadıqları haqqında ariyanizm ideoloqlarının fikirlərinə qarşı da etiraz edirdi.
Turan nəzəriyyəsinin böyük müdafiəçisi Y.Oppert özü alman əsilli aşkenaz yəhudisi idi və sefard əsilli bir yəhudi olan Halevinin türk əleyhdarı və sionist görüşlərini sərt tənqid edirdi. O, Halevinin bu məqaləsinə həmin jurnalın 1875-ci il nömrəsində elmi dəlillərə əsaslanan tutarlı bir məqalə ilə cavab verdi. O yazırdı ki, Halevi Susiana monarxlarının mətnlərindən xəbəri olmadığı üçün aşkar edilən 15 şəxs adına görə elamlıları samilər hesab edir. Lakin bu adların çoxunun qeyri sami mənası onun samilik maniyasının əleyhinədir. (J. Oppert, 1875, Səh. 442, 471)
J.Kuper Halevi haqqında yazırdı: “Görkəmli assuroloq olan Halevi sumerlərin mixi yazının yaradıcıları olduqları tezisini qəbul etmirdi və sumer dilini danışıq dili deyil, dini mətnlərin yazıldığı ölü dil hesab edirdi. Özü sami irqinə mənsub bir yəhudi olan Halevi mixi yazı kimi dahiyanə bir kəşfin samilər tərəfindən deyil, hansısa başqa bir irqə mənsub xalq tərəfindən kəşf edildiyi ideyasını heç cür qəbul edə bilmirdi. O özünün qırx illik elmi fəaliyyətini sumerizmlə mübarizəyə həsr etdi”. (Cooper Jerold, Sumerian and Arian, 1993, Səh. 172)
Halevinin Turan dili nəzəriyyəsinə və bu dilin daşıyıcıları olan turanlılara və sumerizmə qarşı hücumları bu nəzəriyyənin tərəfdarlarının sami dilinə və irqinə qarşılıqlı sayqısız ittihamlarına səbəb olurdu.
Alman Assuriyaşünaslıq məktəbinin banisi E.Şrader yazırdı ki, samilər epik əsərlər yaratmaq qabiliyyətini Babilin turanlı xalqı ilə kontaktları nəticəsində əldə edə biliblər və öz yazı sistemlərini və miflərini onlardan öyrəniblər. Bibliya əfsanələrini dərindən araşdıran Şrader samilərin öz şəxsi imkanlarından istifadə edərək öz epik ənənələrini inkişaf etdirmək məsələsində aciz olduqlarını çox əminliklə iddia edirdi. Şraderin bu iddiasını Halevi çox acıqla qarşıladı. (Cooper Jrold, 1993, Səh. 180–181)
Şrader samilərin İştar haqqındakı əfsanələrinin tamamilə sumerlərə məxsus olduğunu sübut edirdi.
O, samilərin malik olduqları yazı sisteminin, mifalogiyanın, tanrılar panteonunun və digər mədəniyyət ünsürlərini Babilin sami olmayan xalqına məxsus olduğunu sübut etmişdir. O, Babilin şimalındakı babillilərin, finikiyalıların və ibranilərin və bütövlükdə samilərin yerli xalq olmayıb Ərəbistandan gələrək ölkənin şərqində və cənubunda yayıldıqlarını sübut edirdi. (Cooper Jerold, 1993, Səh. 182)
Şrader deyirdi ki, ibrani yəhudilər ancaq Babilin sami olmayan xalqı ilə təmasdan sonra kəhanət qabiliyyətini mənimsəmişlər. Samilər mənimsədikləri təkallahlıq ideyasını Mesopotamiyanın cənubundakı turanlı xalqdan öyrənmişlər. Mixi yazı sistemini də Babilə Asiya yaylalarından gəlmiş qədim sakinlər kəşf etmişlər. Halevini xüsusən də özündən çıxaran məsələ Turanlılara samilərdən və digər insanlardan fərqli olan üstün keyfiyyətlərin şamil edilməsi idi. Lenormanın və Oppertin əsərlərində sumer dilinin və mifologiyasının və maqiya sisteminin turanlı xalqlarınkinə çox bənzədikləri sübut olunurdu. Halevi turanlı türkləri və macarları meşələrdən və çöllərdən gəlmə vəhşilər hesab edirdi. (Cooper Jerold, 1993, Səh. 182)
Lenorman Halevinin sumer və akkadların turanlı mənşəyə malik olmasını inkar edən fikirlərinə münasibət bildirərək yazırdı ki, bəşər irqinin böyük bir qolunu təşkil edən Turan xalqının erkən Kaldidə (Xaldeydə) məskunlaşması faktı artıq sübut olunmuşdur. O sumer-akkad dilinin turani mənşəyə malik olmasını şərtləndirən beş əsas amil müəyyən etmişdi. (Lenormant F., 1877, Səh. 267)
Müasir dövrdə bütün Assuroloqlar tərəfindən dəqiqliklə sübut olunmuş və qəti şəkildə ümumən qəbul edilmiş aşağıdakı dörd fundamental təkzibedilməz prinsip mövcuddur:
1. Sumer və ya akkad dili mövcuddur və heç kəs bunu şübhə altına ala bilməz.
2. Anarian adlanan qeyri ari dilli mixi yazı samilər gəlmədən öncə Dəclə və Fərat çayının aşağı axarlarında yaşayan bu xalq tərəfindən yaradılmışdır.
3. Bu dil aqqlyutativ dildir və onun dühası və qrammatikası sami dilindən tamamilə fərqlidir.
4. Bu dilin Midiyanın və Susiananın qeyri ari aqqlyutativ dilləri ilə qohumluğu mixi yazı mətnlərinin tədqiqi nəticəsində aydın olmuşdur. Bu dilin Turan və ya altay dil ailəsinə mənsubluğuna aid alimlərin verdikləri qərarı əks etdirən beşinci maddə də mövcuddur ki, bunun əleyhinə olanların dəlilləri bir o qədər də mükəmməl deyil. Mixi yazı sistemi Akkadın turan əhalisi tərəfindən kəşf edilmişdir və Xaldeyin akkad əhalisi assur dilindən öncə bu dildə danışırdılar. (Lenormant F., 1877, Səh. 267–268)
Lenorman Turan dilinin mövcudluğuna şübhə ilə yanaşanlara cavab olaraq yazırdı: “Mənim məqsədim orijinal mətnləri və xüsusən də akkad kitablarının parçalarını öyrənməklə qədim Xaldeyin və Babilin əhalisinin əsl mənşəyini müəyyən etmək sahəsindəki çətin problemin həllinə çalışmaqdı. Bu araşdırmalarımda bəzi bilim adamlarının fikirlərində müəyyən şübhələr mövcud olsa da Akkad xalqının turanlılardan ibarət olduğu haqda doğru bir qənaətə gəldim”. (Lenormant F., 1877, Səh. 371)
Lenorman özünün Turan dili nəzəriyyəsinin digərlərindən tamamilə fərqli mahiyyət daşıdığını vurğulayaraq yazırdı: “Mən Maks Müllerdən fərqli olaraq Turan adına daha konkret və yığcam məna verirəm, Turanlılar Arilərin təbii rəqibləridirlər, Kastrenin təklif etdiyi Altaylı adının əvəzinə elm qəti şəkildə Turanlı adını qəbul etmişdir. Mənim fikrimə görə Kastrenin təklif etdiyi Altaylı adı bu günki turan irqinin olduqca lokal bir qrupunu əhatə edir. Bizim bu adı erkən tarixi dövrlərdə qədim Asiyanın çox geniş ərazilərində məskunlaşmış olan qohum əhali qruplarına şamil etməyimiz yanlış olardı, çünki onlar Altay dağlarından yenməmişdilər. Onların çıxış məntəqəsi sivil bəşəriyyətin dörd böyük irqinin ümumu beşiyi olan ərazidə idi”. (Lenormant F., 1875, Səh. 381)
Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?