Электронная библиотека » Ələsgər Siyablı » » онлайн чтение - страница 4

Текст книги "Dünya tarixinin Turan Dövrü"


  • Текст добавлен: 29 ноября 2022, 17:21


Автор книги: Ələsgər Siyablı


Жанр: Прочая образовательная литература, Наука и Образование


Возрастные ограничения: +12

сообщить о неприемлемом содержимом

Текущая страница: 4 (всего у книги 61 страниц) [доступный отрывок для чтения: 20 страниц]

Шрифт:
- 100% +

Almaniyanın XVIII–XIX əsr görkəmli antropoloqu İohan F.Blumenbax ilk dəfə bəşəriyyəti 1) Qafqaz (ağ irq), 2) Monqoloid (sarı irq), 3) Malay (qəhvəyi irq), 4) Neqroid (qara irq), 5) Amerikan (qırmızı irq) olmaqla 5 irqə bölmüşdür. O, Qafqazı bəşər irqinin beşiyi adlandırırdı. Blumenbax “ağ irqə” mənsub etdiyi avropalıları Qafqaz irqinə aid edirdi. O, Qafqaz irqi insanlarını gürcülərin timsalında ən mükəmməl insan tipi hesab edirdi. Blumenbax ural-altay xalqlarını Qafqaz irqinə deyil Monqoloid irqinə aid edirdi.

Amerikanın görkəmli arxeoloq və etnoloqu Daniel Brinton İohan Blumenbaxın Qafqaz irqi adlandırdığı “ağ irqi” “avroafrika” irqi adlandırmışdır. O yazırdı ki, “Mən sarı monqol və qara Afrika irqindən fərqlənən irqi “avroafrika” irqi adlandırıram. Çünki bu irq Şimali-qərbi Afrikanı və batı Avropanı əhatə edirdi. Qərbi Asiyada bu irq ən qədim tarixi zamanlarda olduğu kimi bu gün də üç böyük qol olan hind-german, sami və qafqaz qollarını özündə birləşdirmişdir. Ümumiyyətlə, qafqaz tayfaları hər zaman quzeydə, arilər mərkəzdə, samilər isə güneydə məskunlaşmışlar. Onun fikrinə görə ari irqi iddia edildiyi kimi Mərkəzi Asiyada deyil, Batı Avropada təşəkkül tapmış, ordan hərəkət edərək Hellospont və Bosfor vasitəsilə Kiçik Asiyaya və İrana, sonra isə Hindikuş dağlarında onların bir hissəsi ayrılaraq cənuba, Əfqanistan və Hindistana, digər hissə isə quzeyə Baktriyaya doğru hərəkət etmişdir. (Daniel Brinton. The Protohistoric of Western AsiaSəh. 78)

Albay A.Billerbekin irəli sürdüyü tezisə görə arilər m.ö. XIII yüzillikdə Qafqaz üzərindən keçərək Batı Asiyaya gəlmişlər və e.q. 800-cü ilə qədər Persiyanın hökmran irqinə çevrilmişlər. O zamana qədər Persiyada hakim irq monqollar, yəni türklər olmuşlar. (Daniel Brinton. 1895, Səh. 80)

Turanlıların aid edildiyi irqi tiplərdən biri də Aral irqi nəzəriyyəsidir. Alman assuroloqu Artur Unqnad bəşəriyyətin ən böyük irq ailəsini təşkil edən Aralıq dənizi (Mediterrane) irqinin bir neçə qola ayrıldığını və sumerlərin onun dördüncü qolunu təşkil etdiyini yazır.

Unqnad irəli sürdüyü digər bir nəzəriyyə Aral irqi nəzəriyyəsidir. O Sumer irqini Aral irqi adlandırmağın daha doğru ola biləcəyi fikrini irəli sürür.

Unqnad Xəzər dənizinin Güney doğusunda Damqan yaxınlığında aşkar edilən e.q. IV minilliyə aid Tepe-hisar arxeoloji mədəniyyətinə mənsub uzun başlı-dolixokefal insanlarının Aral dənizi mənşəli olduqları fikrini irəli sürür. Həmin irqin mənsubları sonradan Amudərya və Sırdərya vadilərinə, daha sonra Hindistana və quzey-batıya doğru Babilə qədər yayılmışlar. Bu insanları Xəzər hind-ari irqinə aid edən Kappersin əksinə olaraq Unqnad onları sumer irqinə və ya “aral” irqinə aid etməyin daha doğru olacağını qeyd edir. (Artur Ungnad. Subartu, Səh 6.)

Unqnad qafataslarının arxasında dik çıxıntıya malik insanları Ön Asiyanın ən qədim xalqı adlandırır. Antropologiya elmində qafatasların arxasında dik çıxıntı “Tuberkulum Turkum” yəni türk çıxıntısı adlanmışdır.

İkiçayarasında ilkin mədəniyyətin əsasını qoyan bu insanların məskunlaşdıqları Suriyanın quzeyi, İkiçayarası ərazi və sonradan Assuriya adlanan ərazi ən qədim zamanlarda Subartu adlanırdı. Qafataslarının arxasında dik çıxıntıya malik bu insanlar subar irqini təşkil edərək subar dilinə və özəl bir subar mədəniyyətinə malik idilər. (A.Ungnad, 1936, Səh. 23)

Sumer və subirlərin eyni kökdən olduqları fikrini müdafiə edən Emil Forrer subir dilini İkiçayarasının bir sumer dialekti kimi qəbul edir. (A.Ungnad. 1936, Səh. 230)

Turan nəzəriyyəsinin ən böyük müdafiəçilərindən biri olan böyük fransız assuroloqu Fransua Lenorman yazırdı ki, mən Asiyanın doğusunda yaşayan insanları turanlılar, dillərini isə Turan dili adlandırmışam. Lenorman turanlıların ilkin vətəni haqqında “yüksəliş və təkrar dönüş” adlandıra biləcəyimiz bir nəzəriyyə irəli sürmüşdür. Həmin nəzəriyyəyə görə Altay dağları turanlılar üçün üzərinə qalxaraq yüksəlmək və yeni yerləşim məntəqəsini tapmaq üçün bir çıxış nöqtəsidir. Hər dəfə Altay dağlarında məskunlaşaraq artıb çoxalan, qüdrətli bir axına çevrilən turanlı türklər yenidən öz yurdlarını tərk edərək yer üzərinə yayılırlar və bu hadisə tarixin müxtəlif dövrlərində yenidən təkrarlanır. Lenormana görə Kastrenin irəli sürdüyü Altaylı adı turanlıları məhdud bir məkana bağladığından bu ad daha geniş mahiyyət daşıyan Turan adı ilə əvəz olunmalıdır. (F.Lenormant. 1875, Səh. 381)

Turanlıların və türklərin aid edildikləri irq tiplərindən ən önəmlisi də, Aralıq dənizi irqidir. Aralıq dənizi irqinin sosial və fiziki təsvirini ilk dəfə 1851-ci ildə şotland antropoloqu Vilyam Rhipli vermişdir. Onun fikrincə Aralıq dənizi irqinə mənsub insanların qafatasları dolixokefal, gözləri badam formasında tünd qəhvəyi və ya qara, mülayim genişlikdə və ya uzunsov sifət, ensiz, nazik burun, tez bozlaşan qəhvəyi və ya qara saçlara malikdirlər. Onlar orta boylu bədən quruluşuna, dəriləri zeytun rəngində və tünd çalara malikdir.

Aralıq dənizi irqinin ən böyük tədqiqatçılarından olan Amerikalı antropoloq, Harvard universitetinin professoru Karleton S.Kun bəşər irqlərinin tədqiqinə dair bir çox əsər nəşr etmişdir. Onun irəli sürdüyü konsepsiyaya görə yuxarı paleolit-mezolit dövründə Avropa əhalisi neandertal qarışığına malik Homo sapienslərdən ibarət olmuşdur. Lakin neolit dövründə onlar Şimali Afrikadan və Yaxın Şərq tərəfdən gələn aralıq dənizi tipinə aid insanların güclü axını ilə qarşılaşdılar. Bunun sonucu olaraq təmiz Aralıq dənizi tipi yalnız Avropanın güneyində qorunub saxlanmışdır. Avropanın mərkəzində isə bu qarışım nəticəsində yeni bir insan tipi irqi olan Alp irqi meydana çıxdı. K.Kun türkləri və Sumerləri dolixokefal qafatasına malik tip olaraq Aralıq dənizi irqinə aid edirdi.

Sumerlərin ilk sülalə dövrünə aid arxaik tanrı heykəlləri sıx saqqallı, düz burunlu, saçları düz və ya dalğavari şəkildə təsvir olunmuşdur.

Onun fikrinə görə Avropaya zəngin çəmənlik və bərəkətli çöllər axtarışı ilə gəlib yerləşən insanlar nə sumerlilər, nə də babillilər deyildilər, lakin onlara qohum olan bu xalqların köçləri mədəniyyətəqədərki metal dövründə baş vermiş və Mesopotamiyanın mədəni təsirinə məruz qalmışdılar. Oksus və Yaksart ətrafı əraziləri əhatə edən mərkəzdən bir neçə istiqamətdə köç dalğası baş vermişdir. Arilər gəlmədən öncə İran yaylasının əhalisi uzun başlı dolixokefal idilər. (Coon C.S. 1939, Səh. 91)

Ural yaylasında yaşayan fin-uqor xalqları türklərlə birlikdə Altay dil ailəsinə mənsub olub ural və sumer dilləri ilə qohumluq əlaqəsinə malik olmuşlar. Altaylılar ağ rəngdə və avropoid idilər. Hunların Avropaya gedən hissəsi də ağ rəngli avropoidlər idilər. Türklər tarixən əsasən ağ dərili avropoid altaylılardan ibarət idilər. Onların az bir hissəsi monqoloidlərlə qarışmışdılar. Türkmənlər, azərbaycanlılar, osmanlı türkləri, səlçuklular ağ rəngli evropoidlər olub əsl türklərdirlər və onlar heç bir zaman monqoloid qarışığına malik olmamışlar. Sibirdə yaşayan monqollar, tunquslar daha sonrakı dövrlərdə Monqolustandan və Altaydan gələrək burda türklərlə qaynayıb qarışmışlar. (Coon C. S, 1939, Səh. 239)

Azərbaycan türklərini, türkmənləri Aralıq dənizi irqinə aid edən K.Kun fikrini geniş şəkildə izah edərək yazırdı: “Xəzər dənizinin şərqində və Aral dənizinin cənubunda yaşayan türkmənlər Orta Asiyada Aralıq dənizi irqinin davamçılarıdırlar. Türkmənlər əsas etibarı ilə dolixokefaldırlar.

Türkmənlərə ən yaxın qohum xalq olan Qafqazda və İranın böyük ərazisində məskunlaşmış azərbaycan türkləri monqoloidliyə daha az məruz qalmışlar. Azərbaycanlıların böyük hissəsi türkmənlərlə eynidirlər, az bir hissəsi yerli qafqazlılarla qaynayıb qarışmışlar. Azərbaycanlıların böyük hissəsi uzun qafalı dolixokefaldırlar, az hissəsi monqoloidlərlə qarışmış broxikefal tipinə mənsubdurlar”. (Coon C. S. 1939, Sh. 422, 424)

Karleton Kun Aralıq dənizi tipinə aid etdiyi Sumerlərdən fərqli olaraq bu ərazidə “Armenoid” adlandırdığı subbraxikefal tipinə mənsub kəllə sümüklərinin də aşkar olunduğunu yazır. Yumrubaşlıqları ilə seçilən və “armanoid” adlandrılan bu tip III minillikdən etibarən bölgədə görünməyə başlayıb azlıq təşkil edirlər. (Coon C. S. 1939, Səh. 89)

Yüz illər ərzində yaşadıqları ərazilərin coğrafi iqlim şəraitinin təsiri ilə bəzən fərqli fiziki xüsusiyyətlərə malik olan, lakin eyni dildə danışıb ümumi etnik kökə bağlı olan Ön Türklər antropoloji əlamətlərinə görə müxtəlif irqi tiplərə aid edilirdilər.

III fəsil
Tur, Turan, Türk adları və onların mənası haqqında

Tur, Turan və Türk adlarının etimologiyası uzun illər ərzində bilim adamları arasında müəyyən mübahisə və müzakirələrə səbəb olmuş və onların mənasının izahı ilə əlaqədar bəzən bir birini təkzib edən çoxsaylı şərhlər irəli sürülmüşdür.

Rəsmi tarixşünaslıqda Turan adının mənşəyi və bu eponimin etimalogiyası yalnız Avestaya, Şahnaməyə və yenə də fars dilli “Xudaynamə”yə əsaslanaraq izah edilir.

Avesta ənənəsinə görə indiki İranın şimal şərqindən yuxarıda yerləşən bölgə Turan adlanırdı. Bu adın Avestadakı “Tuiriyanam Dahyunam” sözündən yarandığı və mənasının köçəri iranlı tayfalarını nəzərdə tutan “turların ölkəsi“ olduğu haqqında fərziyyələr irəli sürülmüşdür. Bu fərziyyələrə görə Sonrakı dövrlərdə bu söz “tura” və “Turan” forması alaraq turların ölkəsi anlamı daşımışdır.

Turan ölkəsinə öz adını vermiş olan turlar haqqında ən erkən yazılı məlumat e.q. VI əsrə aid edilən Kiçik Avesta mətnləri hesab olunur. Köçəri heyvandarlıq təsərrüfatı ilə məşğul olan Turan tayfaları ilə oturaq həyat sürən İran arasındakı yüzilliklər boyu davam edən qarşıdurma ilk olaraq məhz Avestada təsvir olunmuşdur.

Turan və Tur adının etimalogiyasının iran dilləri əsasında izahına qarşı 1875-ci ildə ilk çıxış edən böyük assuroloq Y.Oppert olmuşdur. Qədim mixi yazı mətnlərindəki elmi linqvistik dəlilləri əsaslanan Oppert Turan nəzəriyyəsinin banilərindən və sona qədər başlıca müdafiəçilərindən biri olmuşdur. O Turan adını və turanlıların etnik kökünü ari və iranlı mənşəyə bağlayan avrosentrist nəzəriyyəni puça çıxaran elmi fikirlərin müəllifidir. Avestanı, sanskrit mətnlərini və Firdovsinin “Şahnamə“ dastanını əsas qaynaq kimi qəbul edən Turan nəzəriyyəsi əleyhdarları araşdrıcılar Tur və Turan adının Avestadakı və sanskrit mətnlərindəki “turiya“ sözündən yarandığını iddia edirdilər. Onlar iran dilli mətnlərə əsaslanaraq köçəri turların da mənşə etibarı ilə iranlı arilər olduğu haqqında uydurma tezisləri əks etdirən çoxsaylı kitablar yazmışdılar.

XIX əsrin ortalarından başlayaraq XX əsrin əvvəllərinədək uzun illər ərzində Turan nəzəriyyəsinin ən qatı əleyhdarı və bu haqda bir çox məqalələrin müəllifi M.Halevi idi. Bu məsələdə Halevini kəskin tənqid edən Oppert 1875-ci ildə Haleviyə qarşı yazdığı cavab məqaləsində Turan adının mənşəyi məsələsinə tam aydınlıq gətirmişdir. “Journal Asiatuque”də dərc olunan bu məqalə ya bilərəkdən, ya da, diqqətsizlik üzündən unudulmuş, orda irəli sürülən elmi müddəalara heç bir tarixi əsərdə istinad edilməmişdir.

Sumerləri heç bir şübhəyə yer qoymadan turanlı hesab edən Y.Oppert elmi linqvistik dəllilərə istinad edərək yazırdı: “Sumer dili nə sami, nə də ari dillərinə aid deyil. Bu dil Turan dil qrupuna aiddir. Turan anlayışı geniş məna daşıyır. Anarian (ari olmayan) yazısını kəşf edən xalqın dili tam haqlı olaraq Turan dili adlanmalıdır. Turan dilində “Tur” adam, oğul deməkdir və bu sözdən kasta, tayfa mənası daşıyan mürəkkəb sözlər də yarana bilir. “Tur“ sözündən Turtan, Turqal, Turquman kəlimələri yaranıb. Sumerlərin Tur sözü Zənd Avestaya keçərək orda “tuirya” şəklində ifadə olunur ki, bu ad Afrasiyabın hökmranlıq etdiyi Turan adının ekvivalentidir. Turan Firudinin oğlanları Səlm, Tur və İrəç üçlüyünün əfsanəsində Asiya yaylalarını təcəssüm etdirir. Turlar Turun millətinə mənsub olub Aryaya və Sayrama (samilərə) qarşı mübarizə aparan insanlardır. Sonradan o Sem/Selm ilə yaxınlaşmışdır. Sumer dili əsas etibarı ilə Turan dilidir. “Oppert yazırdı ki, əslində, Zənd Avestada adı çəkilən və Əfrasiyabın dövləti Turanın prototipi olan “Tuirya” ölkəsi elə Sumerdir. (Oppert J. 1875, V-5, səh. 464)

Oppert bu dəyərli araşdırması ilə, əslində, Ön Asiyada ari və samilərin turanlılara qarşı mübarizəsini özündə əks etdirən tarixi hadisələrin Avestada iranlıların tarixi əfsanələri kimi təqdim olunaraq təhrif olunduğu fikrini irəli sürmüşdür.

Oppert Tur sözünün iddia edildiyi kimi iran mənşəli deyil, etimaloji baxımdan turanlıların öz dillərinə məxsus eponim olduğunu və bu sözün sonradan ari və sanskrit dilinə keçdiyi haqqında fikrini elmi cəhətdən əsaslandırmışdır. Oppert Avestada Turya adının əks olunduğu himnin Sumer əfsanələrindəki “Oda müraciət” himninin sanskrit dilinə tərcüməsindən ibarət olduğunu və onun sonradan Avestaya daxil edildiyini tərcümə mətnlərindən nümunələrlə sübut edir. (Cooper J. 1993, Səh. 186)

Assuroloq J.Kooper də Oppertin bu fikrini təqdir edərək yazırdı: “Beləliklə, Oppert Zənd Avestadakı Tur sözünün iran dillərinə aid olmadığını, etimaloji baxımdan Turan mənşəli söz olduğu və Sumerin elə Turan olduğu fikrini irəli sürmüşdür”. (Cooper J. 1993, Səh. 186)

Oppertin Turan və Turya sözünün sumer mənşəyi haqqındakı bu cəsarətli fikri ariyanizm tərəfdarlarının böyük narazılığına və ona qarşı kəskin hücumlara səbəb olmuşdur.

J.Halevi Assuriya adının mixi yazılarda və o cümlədən Bisütun və digər kitabələrdə Aturiya və Atur şəklində yazıldığını əsas götürərək Turan adının da bu sözdən yarandığını və sami mənşəli olduğu fikrini irəli sürürdü. Lakin Turan adının sami və ari deyil, mənşə etibarı ilə turanlıların öz dillərinə məxsus olduğu haqqında Oppertin mövqeyini müdafiə edən Fransız sumeroloqu və tarixçisi F. Lenorman yəhudi mənşəli assuroloq M.Halevinin Turan adını sami mənşəli hesab etməsinə qarşı çıxış edərək yazırdı: “M.Halevinin iddia etdiyi kimi turları İran ənənəsinə görə sami mənşəli Suriyalı hesab etmək yanlışdır. Tura adı iddia edildiyi kimi Assur adının pers qaya kitabələrində yazıldığı Athur adından yaranmamışdır. Pers gələnəkləri bizim turanlı adlandırdığımız xalqı birmənalı şəkildə bir şimal xalqı və bir irq olaraq Turan kimi qəbul edir. Turan adı protomidiya, akkad, uqor-fin və türk-tatar dillərində eyni şəkildə “oğul, ulu irqin oğlu, rəhbər” mənasında olan Tur sözündən yaranmışdır. Qədim iranlıların Turya adlandırdıqları Turanlılar özlərinə “Tur” adını ona görə qəbul etmişlər ki, bütün xalqlar öz köklərini nəcib qanın daşıyıcısı olan ulu bir əcdada bağlayırlar. Tur eponiminin qədim kökü Ön Asiyanın qədim sumer akkad, midiya, elam kimi turanlı xalqların dilində “ulu irqin oğlu, rəhbər” anlamı daşıyan və ulu bir əcdad olan Tura bağlıdır. (Lenormant F, 1875, Səh. 381)

Əslində, Halevi doğru olaraq qeyd etdiyi kimi Assuriya ərazisi samilər bura gəlmədən öncə burdakı yerli turanlı xalqın dilində Aturiya, Turan kimi ifadə olunurdu və Tur kökünə bağlı çoxsaylı yer adları mövcud idi ki, bu haqda digər bölümlərdə bəhs olunacaqdır.

Bir çox görkəmli tarixçi və linqvistlər Turan adının kökünün sumer dilindəki “tur” sözünə bağlı olduğu fikrini müdafiə edirdilər.

Görkəmli dilbilimçisi, dillər haqqında nəzəriyyənin banisi Maks Müller Turan adını “sürətli olan, daima hərəkətdə olan, ətrafda dolaşan” kimi izah edir. Türk adı əslində Turan irqinin ən qədim kollektiv adı olmuşdur. Çin müəllifləri hələ e. q. V əsrdə Hiunq-nuların bir qolu kimi Tukuelər haqqında bəhs edərkən bunu təsdiq etmişlər. Etimoloji baxımdan Türk adı arilərin Himalayın quzeyində yaşayan atlı köçərilərə və iskit-sak xalqına verdikləri Tura, Tuvaşa, Turuşka adlarından yaranmışdır. (Max Müller. 1854, Səh. 78)

Lakin Müller yanlışlıqla etimaloji baxımdan Türk adını arilərin Himalayın quzeyində yaşayan atlı köçərilərə və iskit-sak xalqına verdikləri Tura, Turvaşa, Turuşka adlarından yaranmış olduğunu yazır. Gerçəklikdə isə Turvaşa, Turuşka adları Türk adının həmin dillərdə təhrifə uğramış fonetik şəkilləridir.

Alman Sumerşünası, sumer dilinin lüğətini tərtib etmiş F.Delitç Tur sözünün sumer dilində çox mənalı söz olduğunu yazır: Tur-oğul, həyət, giriş qapısı, qapı, doğulma, ana bətni kimi anlamlar daşıyır. NinTur Sumerlərdə ana tanrıdır. (F.Delitzsch, Sumerische glossar, Səh. 163)

Fransız Lenorman da Tur sözünün geniş izahını verərək yazırdı ki, Sumer dilində Turqal və Nirqal eponimləri mövcuddur. Sumer dilində “tur” oğul deməkdir, “qal” böyük, əzəmətli deməkdir, “nir” isə rəhbər, prins anlamı daşıyır. Nir-qal böyük, əzəmətli başçı, rəhbər deməkdir. Beləliklə, Turqal əzəmətli başçı, tanrının əzəmətli oğlu anlamındadır. Turan, turlar və türk etnonimlərinin kökünü təşkil edən Tur eponimi ulu əcdada, tanrıya bağlı olaraq ulu əcdadın, ulu irqin oğlu və rəhbəri deməkdir. (Lenormant F., 1877, Səh. 357–358)

Qədim turanlı öntürklərin dilindəki Tur sözü Türk ləhcələrinin bir çoxunda doğulmaq anlamında tur/tuur/tour/törə şəklində ifadə olunur, “tuq” isə dini mənada əlamət/işarə deməkdir ki, qədim turani dilində malik olduğu eyni mənanı kəsb edir. (Radlov V., 1905, Səh. 1253–1254; ДТС, S. 584)

Türk dillərində kökünü Tur sözünün təşkil etdiyi nəvə anlamında torun sözü də mövcuddur.

Etimoloji baxımdan sumer sözü olan Tur sonradan ari və sami dillərinə keçərək vətəndaşlıq qazanmış, lakin bu sözün mənşəyi araşdırılmadan yanlışlıqla həmin dillərə aid bir kəlimə kimi qələmə verilmişdir. Assur dilində sumer dilindən alınma çöxsaylı sözlər mövcuddur ki, bunlardan ən geniş istifadə olunanlardan biri də Tur sözüdür. P.Leander assur dilindəki sumer sözlərinin araşdırılmasına xüsusi bir əsər həsr etmişdir. (Leander P. 1903.)

Tur sözünün izahını verən Y.Oppert bu sözün “sakkanak” adında olduğu kimi assur dilinə onun saklar adlandırdığı turanlılardan keçdiyini yazır. Assurlarda general mənasında olan “Tur-tan” adı sak/iskitlərdən assurlara keçmişdir.

Turkman adı

Türk xalqlarının böyük bir qolunu təşkil edən Türkmən adının etimalogiyası müxtəlif şəkillərdə izah olunur. Prof.Dr. İbrahim Kafesoğlu Türkmən adının etimologiyasına dair geniş bir məqalə həsr etmişdir. (İbrahim Kafesoğlu. Türkler cild 4. 2002, Səh. 1001–1008)

Azərbaycan tarixçisi Ramil Ağayev də Türkmən adının izahına həsr etdiyi məqalədə etnonimin geniş izahını verir. O, F.Kırzıoğlunun Türkmən adının mənşəyinə dair belə bir maraqlı fikrini sitat gətirir: “F.Kırzıoğlu qıpçaqlara həsr etdiyi əsərində türkmanlarla bağlı məsələlərə də toxunur. Onun türkman sözünün mənşəyi ilə bağlı fikirləri maraqlıdır. Müəllif türkman sözünü Çin mənbələrində rast gəlinən “tü-kü-mön”, “Tövrat”dakı saka “torqomalar” və bəzi qaynaqlarda eradan əvvəlki hadisələrdə adı çəkilən “dargaman” adı ilə bağlı olması ehtimalını irəli sürür. O, VIII əsr ərəb müəlliflərindən Vəhəb bin Münəbbihin əsərində rast gəlinən və hökmdar Zülqərneynlə qarşılaşdığı güman edilən “torgümanlar” adlı xalqa diqqət yönəldir.

Lakin Türkman etnoniminin əsl kökünün qədim turanlı öntürklərə məxsus eponim olan Turqumannu adının təşkil etdiyi qədim mənbələrdə öz əksini tapmışdır. Türkmən adının izahı ilk dəfə Mahmud Kaşğarinin “Divani lüğət-it Türk” əsərində verilmiş, türkmənlər və Makedoniyalı İsgəndərlə əlaqədar bir əfsanə də təqdim olunmuşdur”. (R.Ağayev. Türkman anlayışı və onun etimologiyası ərəb və fars dilli müəlliflərin əsərlərində. Geostrategiya jurnalı № 3, May-iyun 2015)

Məqalədə çox doğru olaraq Türkman adının əsl kökünün qədim turanlı öntürklərə məxsus eponim olan Tarqumannu adının təşkil etdiyi yazılsa da, bu etnonimin qədim tarixi kökləri izah edilməmiş, onun mənşəyinin məhz sumerlərə məxsus olduğu və eponimin lüğəti mənası izah edilməmişdir.

Bizə məlum olan yazılı ədəbiyyatda Türkmən adı ilk dəfə ilkin Orta əsrlər ərəb müəlliflərinin əsərlərində öz əksini tapmışdır.

Qafqazı, Azərbaycanı, İranı fəth edən, Türküstana, yəni Xorasana və indiki Türkmənistana gələn sami ərəblər qədim dövrlərdən etibarən Mesopotamiyada ünsiyyətdə olduqları və onların Turquman adlandırdıqları turan mənşəli insanlarla dil və antropoloji baxımdan eyniyyət təşkil edən türklərlə qarşılaşmış və qədim ənənəyə uyğun olaraq onları da Turquman adlandırmışlar.

İbn Haldun yazır ki, ərəb müsəlman ordusu hicri 111-ci ildə (729–730) Tiflis nahiyəsində olan “turkuman” ölkəsi üzərinə hücum edərək onları məğlubiyyətə uğratdı. İbn Haldun öz əsərində xəzərləri və türklərin eyni kökə malik olduqlarını vurğulayaraq xəzərlərin turkmam olduqlarını və bütün türklərin Yafəs nəslindən olduqlarını yazır. Yaqut Həməvi də öz əsərlərində türkmanlardan bəhs etmişdir. O, hələ islamaqədərki dövrdə Mərv ətrafında “Türkman” adlı kənd olduğunu bildirir. Onun yazdığına görə, ərəb xəlifələrindən Hişam bin Əbd-ül-Malik (724-743-ci illər) oğuzların hökmdarına elçi göndərib onu İslama dəvət etsə də o, bunu qəbul etmədi. O, Muğanda türkmanlara məxsus otlaqların yerləşdiyin yazır. (Ramil Ağayev. Geostrategiya jurnalı № 3, May-iyun 2015)

Sami ənənsinə görə Turqum dedikdə türklər nəzərdə tutulur və xalqların şəcərə cədvəlinə görə Xəzər və ya Quzər Yafəsin soyundan olan Turqumun yeddinci oğlu idi və onun bütün oğlanları türk adları daşıyırdılar.

Yuxarıdakı sitatdan göründüyü kimi ərəblərin Turquman adlandırdıqları türklərlə ilkin qarşılaşdıqları zaman hələ onlar islamı qəbul etməmişdilər. Ona görə də, Türkman adının “türk-iman” yəni islamı-müsəlmanlığı qəbul etmiş “imanlı” türklər şəklində izah edilməsi özünü doğrultmur.

Oppert və Lenorman kimi böyük assuroloqlar Tarqumannu adının sumerlərə məxsus olduğunu və mənasının “insan oğlu” anlamı daşıdığını yazmışlar.

Oppertin izahına görə Assur mətnlərindəki “Tur-qumannu” sözü onun iskit adlandırdığı turanlı öntürklərin dilində “insan oğlu” mənasındadır, yəhudi/ibrani dilindəki “tur-qisli”, “droqman” sözləri sak/iskit Turan mədəniyyətindən miras qalan ifadələrdir, “tur” sözü yəhudi və ərəb dillərində oğul mənasında işlənən “ben/bin” sözlərinin qarşılığıdır. (J.Oppert, Exispedition, Səh. 140)

Mixi mətnlərdə Tur-qumannu sözü tərcüməçi mənasında işlədilir, bu söz sumerlərə məxsus olan və onlardan miras qalan sözdür və gerçək anlamı “insan oğlunun dilində danışan” anlamı ifadə edir.

Qədim sumer mətnlərini assur dilinə tərcümə edən katiblər və ənənəvi olaraq bütün tərcüməçilər Tarqumannu adlandrılırdılar. Yəni assurlar sumer dilindəki mətnlərin assur dilinə tərcüməsini insan oğlunun dilindən assur dilinə tərcümə kimi mənalandrırdılar. Bütün hallarda sözün kökü fonetik dəyişikliyə uyğun olaraq Tur və ya Tor kəliməsidir. Turqumannu sözü tərcüman/tərcüməçi şəklində ərəb dilinə də keçmiş və bir çox dillərdə də müxtəlif fonetik formalada öz əksini tapmışdır.

Bibliyada türk adını özündə əks etdirən bir çox şəxs adları və eponimlər mövcuddur. Bəşəriyyətin etnik tarixinin əfsanələr formasında əks olunduğu və tarixi qaynaq kimi də qəbul edilən bu müqəddəs kitabda türklərin kökləri Qoq-Maqoq, Qimri, Aşquz və Tiras adları ilə əlaqələndrilirdi. Lakin məhz Turquman adı bilavasitə Türk adını özündə ifadə edən eponimdir. İkiçayarasının qədim turanlı xalqlarının dilindəki bu söz sami yəhudi dilində fonetik dəyişikliyə uğrayaraq Qomerin oğlu Torqarma formasında ifadə olunmuşdur. Əslində, sözün kökü ibrani dilində “Thurma” şəklindədir, alman dilində orijinala uyğun olaraq “Thorgarma” formasında tərcümə olunur, lakin nədənsə Rus tərcümələrində və bir çox müəlliflər tərəfindən yanlışlıqla Toqarma şəklində yazılaraq təhrif olunur. Görünür, rus tərcüməçilər diqqətləri Thurqarm sözünün kökünü təşkil edən “Turq/Turk” adından yayındırmaq üçün onu bilərəkdən təhrif etmişlər. Yaradılış kitabının azərbaycanca tərcüməsində də bu ad Togərma şəklindədir. Bu sözün İkiçayarasının qədim turanlı Öntürklərin dilində mənası Tur insanları və ya Tur insan oğulları anlamındadır və turanlı öntürkləri nəzərdə tutur.

Sonrakı dövrlərdə Turquman adı fonetik dəyişikliyə uğrayaraq Türkman şəklini almışdır. Türkman adının etimologiyası yanlış şərh olunaraq Türkman, yəni “mən türkəm” və ya islamı ilk qəbul edən türklər olaraq “türk iman” yəni imanlı türk kimi izah edilmişdir. Fikrimizə görə Türkmən və ya Türkəman etnoniminin kökündə sumerlərə məxsus Turqumannu sözü durur, yəni sözün kökü daha qədimlərə, Sumer dövrünə gedib çıxır. H.Petersen, E.Sturtevant kimi görkəmli hititoloqlar, o cümlədən İ.Qelb, O.Szemerenyi və bir çox bilim adamları da Hititlərin Tarkuma sözünü sumer-akkad sözü olan Tarqumannu sözündən yarandığını təsdiq edirlər. Sözün mənasını onlar şərh etmək, tərcümə etmək kimi izah edirlər.

Mixi yazı mətnlərində sözün ideoqramı TRG şəklində əks olduğu halda bir çox müəlliflər onu Turq deyil Tarq şəklində oxumağa üstünlük verirlər, ərəb dilində isə söz gerçək yazılışına uyğun olaraq Turquman, italyanca Turcimanno, ispanca Truchiman şəklində ifadə olunur. Ərəblərin turquman, ibranilərin tirqem, italyanların droqomanno, almanların Droqoman, farsların dilmanc söləri də eynən Tarqumannu sözündən yaranmışdır. (Jose V.G. Trabazo, 2014, Səh. 296)

Sumer dilinin böyük ustadları Oppert və Lenorman və digər müəlliflər isə “tarqumannu” sözünün sumer dilində olduğunu yazmış və onun aydın semantikasını da vermişlər. Bu sözün hind-avropa dillərində izahı yoxdur.

Assur mətnlərində Turqumannu sözü tərcüməçi anlamında geniş şəkildə əks olunmuşdur.

İtalyan hititşünası Joze Trabazo Sumerlərin Turqumannu sözünün xatti/hitit dilinə Tarkummae şəklində ifadəsinə xüsusi bir məqalə həsr etmişdir. Akkad dilindəki tarqumannu luvi dilində tarkummiya şəklində ifadə olunur və mənası Draqomana və ya tərcüməçi deməkdir. Bu söz uqarit dilinə tarqumiyanu şəklində xett dilindən keçmişdir.

Kammenhuberin yazdığına görə bu söz erməni dilinə tarqman şəklində xett dilindən deyil akkad və ya başqa naməlum dildən keçmişdir. Tarqumannu sözü məhz akkad dilindən ibrani dilinə tirqem ərəb dilinə – turquman, italyan dilinə turcimanj/truchiman və dünyanın digər dillərinə keçmişdir. Manzelli xett dilindəki tarkummae sözünün mənasının şərh etmək, yorumlamaq kimi izah edir. (Jose Virgilio G. Trabazo. 2014, Səh. 296)

Bəzi müəlliflər akkad dilinə sumer dilindən alınma bir söz olan Tarqumman sözünü sami mənşəli kimi izah etməyə cəhd edirlər. V.Soden, Tişler və bir çox müəlliflər Tarqumannu sözünün bəzi müəlliflər tərəfindən iddia edildiyinin əksinə bir sami-akkad mənşəli söz olmadığı fikrini müdafiə edirlər. Kammenhuber də bu sözün akkad dilinə digər bir naməlum dildən keçdiyini yazır. (Jose Trabazo. 2014, Səh. 296)

Sumerlər bir dövlət kimi dağılıb süquta uğradıqdan və onun xalqı dünyanın müxtəlif ərazilərinə yayıldıqdan sonra da onların dili “insan oğlu” dili mənasında olan Tarqumanu adı ilə uzun illər ərzində elm, mədəniyyət və dini ibadət dili kimi mövcud olmuşdur. Tarquman dili uzun illər ərzində Suriyada danışıq dili olmuşdur. İvrit dili danışıq dili kimi aradan çıxdıqdan sonra yəhudi icması öz dini ədəbiyyatlarını aramey dilində şərh etməyə məcbur oldular. Bu şərhlər Tarqum adlanırdı. Aramey dili Tarquman dili ilə sami dilinin qarışımından ibarət bir dil olmuşdur. Bu Tarqumların ən qədimi e.q. III əsrdə Fələstində “Tarqum Onkelos” adı ilə meydana çıxdı.

Fələstin Tarqumunun yazıldığı dil Qalileyin qərbi aramey dili Bibliyanın da tərcümə olunduğu Xristian versiyası Fələstin suriya dili idi.

Şərqi aramey dili Babilin yəhudi icmasının dili idi. Bu Babil Tarqumunun yazıldığı dildir. Bu dil suriya dilinin bir dialektinə çevrilmişdi. Bu suriya aramey dili ilkin xristian ədəbiyyatının yazıldığı dildir. Bu liturqiya, yəni dini ibadət dili ərəblərdən Hindistana qədər geniş bir ərazidə yayılmışdı. III əsrdən XIII əsrə qədər davam edən bu dil Roma papaları tərəfindən latın dili ilə əvəz edildi.

Şərqi suryani dili Turaya, yəni Tur dili adlanır. Bu Türkiyədəki Tur Abdində yaşayan Yakov-Yaqub xristianlarının dilidir. Suriyanilər Türkiyədə və Azərbaycanda aysorlar adlanırlar.


Страницы книги >> Предыдущая | 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации