Электронная библиотека » İmadəddin Nəsimi » » онлайн чтение - страница 4

Текст книги "Həqq Məndədir"


  • Текст добавлен: 13 января 2023, 17:57


Автор книги: İmadəddin Nəsimi


Жанр: Зарубежные стихи, Зарубежная литература


Возрастные ограничения: +16

сообщить о неприемлемом содержимом

Текущая страница: 4 (всего у книги 17 страниц) [доступный отрывок для чтения: 5 страниц]

Шрифт:
- 100% +
«Şəm’ oldu könlüm, üştə fəraqında yanədir…»
 
Şəm’ oldu könlüm, üştə fəraqında yanədir,
Hər kim bu rəsmə eşqə düşə, işi ya nədir?
 
 
Eşqində hər oxu ki, fələkdən atar qəza,
Amacam ol xədəngəvü könlüm nişanədir.
 
 
Şirin hədisü dadlu kəlamından özgə söz
Aşiqlərin qulağına sığmaz, fəsanədir.
 
 
Mişkin saçınla qaliyədən vəz’ olan bənin,
Ol dam içində mən bilirəm kim, nə danədir.
 
 
Ey surətin camalü məlahətdə binəzir,
Gəlgil ki, hüsn içində camalın yeganədir.
 
 
Ol yar üçün əzəldə qul oldum bəhanəsiz,
Kimdir bəhanəsiz qulu satan, bəha nədir?
 
 
Ey xanəgaha taət evidir deyən füzul,
Meyxanəyi həm aravü gör kim, nə xanədir.
 
 
Ey ömrünü murad ilə sərf etmək istəyən,
Ver dilbərin vüsalına kim, cavidanədir.
 
 
Mə’dənsiz altun olmazü kansız degil göhər,
Ey gövhəri-yeganə, rücuun nə kanədir?
 
 
Yarın vüsalın istə bu gün, qoyma yarına,
Yarın vüsalı yarına qalmaq gümanədir.
 
 
Zülfündə məskən eylədi canı Nəsiminin,
Canın həmişə məskəni şol aşiyanədir.
 
«Həqiqət həqqi biləndir, verən varını yəğmaya…»
 
Həqiqət həqqi biləndir, verən varını yəğmaya,
Təraş olub nəməd geyən dolaşmadı bu sevdaya.
 
 
Səfasız sufiyi gör kim, haram der, dinləməz sazı
Ki, əhli-həq olan kişi, nə qəm, girsə kəlisaya.
 
 
Təkəbbür olma, ey münkir, vücudun bəhrinə qərq ol,
Həzaran mə’ni assi edər ki, qərq olan bu dəryaya.
 
 
Çıxıb mənbərdə, ey vaiz, yeyin gərm olma, əbsəm dur,
Daha məşğul idi şeytan ki, səndən zöhdü təqvaya.
 
 
Nəsimi, qəlbini pak et, cahan sevdalarından keç
Ki, mən əbdəm və ol mövla ki, nəsnə girməz araya.
 
«Bəhri-mühitə düş kim, dəryayi-ə’zəm oldur…»
 
Bəhri-mühitə düş kim, dəryayi-ə’zəm oldur,
Adəmdən olma qafil, neçin ki, adəm oldur.
 
 
Ruhülqüdüs dəmindən şol mürdə kim, dirildi,
Mə’nidə şöylə bil kim, İsəbni-Məryəm oldur.
 
 
Əsrari-küntə-kənzən hər sinə məhrəm olmaz,
Arif gərək bu sirrə, niçün ki, məhrəm oldur.
 
 
Kirpiklərin oxundan bir ox bu yana göndər,
Çünki, bu yarəlinin zəxminə mərhəm oldur.
 
 
Surətdə gərçi dilbər mə’şuqədir və leykin
Mə’nidə, filhəqiqə, aşiq dəxi həm oldur.
 
 
Qəmginə şadlıqdır yarın qəmi və leykin
Qəmginə əm bulunmaz yarın qəmi, qəm oldur.
 
 
Hər arifin kim, oldu ayinəsi camalın,
Aləmdə şək degil kim, İskəndərü Cəm oldur.
 
 
Qalu bəlada zülfün canımla həmdəm oldu,
Yə’ni həmişə bil kim, ərvaha həmdəm oldur.
 
 
Cansız bədən nə bilsin ənfasını Məsihin,
Şol cana sor kim, anı bildi ki, dəm, dəm oldur.
 
 
Mənsur əgərçi həqdən rüsvayi-aləm oldu,
Andan ana nə qəm kim, rüsvayi-aləm oldur.
 
 
Ey Kə’beyi-həqiqi, lə’lin nə Zəmzəm olmuş,
Kim susamış, Nəsimi aydır ki, Zəmzəm oldur.
 
«Təvafi-Kə’bənin gərçi səvabı çoxdur, ey mövla…»
 
Təvafi-Kə’bənin gərçi səvabı çoxdur, ey mövla,
Könül Allah evidir gəl, təvaf etmək anı ovla!
 
 
Yedi göydən dəxi ə’la könüldür billah, ey arif,
Könül içində buldular rümuzi-sirri-ma övha.
 
 
Olar kim, aşiqi-həqdir, nedərlər hurü qılmanı
Ki, huri, xüldü qılmandır tüfeyli-aşiqi-şeyda.
 
 
Gəl ey həqq istəyən talib, müqəddəs vadini teyy et
Ki, zəhmətsiz ələ girməz nə kim, istərsən, ey dana.
 
 
Vücudun şəhrinə, gir gör, könül Turunda can gəldi,
Münacat etdi həqq ilə, təcəlli gördü çün Musa.
 
 
Kişi hər nəyi kim sevsə, odur həm zikri-təsbihi,
Netəkim, daima Vamiq dilində zikridir Əzra.
 
 
Müyəssər olmadı vəslin Nəsimiyə, əya dilbər,
Xəyalın munis etmişdir, dünü gün zikrisən, şaha!
 
«Qəmzəsi bimarü eyni natəvandır sanma kim…»
 
Qəmzəsi bimarü eyni natəvandır sanma kim,
Kimsə halin bilməz anın, üştə hali məndədir.
 
 
Dünyavü üqba cəmalin vəslinə oldu tüfeyl
Vəslini çün buldum anın ittisali məndədir.
 
 
Gərçi fəttandır gözün, aydır yanağın, ayə kim
Fitneyi-axirzəmanın məkrü ali məndədir.
 
 
Surətin pakizə nəqşi, layəzalı məndədir,
Məndən ayrılmaz bu surət, uş xəyalı məndədir.
 
 
Qəmzəsi bimarü eyni natəvandır sanma kim,
Kimsə halın bilməz anın, üştə halı məndədir.
 
 
Dünyavü üqba camalın vəslinə oldu tüfeyl,
Vəslini çün buldum anın, ittisalı məndədir.
 
 
Gərçi fəttandır gözün, aydır yanağın aya kim:
Fitneyi-axırzamanın məkrü alı məndədir.
 
 
Gərçi gözdən getdigin acı fəraq oldu, vəli
Hər cəhətdən baxıram, vəslin vüsalı məndədir.
 
 
Turi-eşqindir vücudum, şol cəhətdən layəzal,
Hüsni-rüxsarın təcəllisi, camalı məndədir.
 
 
Çün dodağın kövsərindən bulmuşam abi-həyat,
Səlsəbilin eyniyəm, Xızrın zülalı məndədir.
 
 
Zülfü xalın şərhini mən yazaram hərfən bəhərf,
Çün bu mövzün nöqtənin hərfin misalı məndədir.
 
 
Ərşi-rəhmandır camalın zülcəlal aydır anı,
Ey üzün Qur’an, bəyani-zülcəlalı məndədir.
 
 
Zülf ilə qaşın hürufun yazamaz hər yazıçı,
Əbcədin buldum bu lövhün cimü dalı məndədir.
 
 
Bulmuşam mülki-Süleymanı və Qarun gəncini,
Fəzli, həqdən çün vüsalin mülkü malı məndədir.
 
 
Sorma eşqin qiylü qalın hər fəqihü şeyxə kim,
Bilmədi divani-eşqin qiylü qalı məndədir.
 
 
Ey müsəlsəl zülfünün eşqində sərgərdan olan,
Gəl mana sor kim, cavabı, həm sualı məndədir.
 
 
Ta itabın zövqünü bildirdi lə’lin camına,
Cənnətin şirü şərabı, xəmrü balı məndədir.
 
 
Laməkanın aləmin gər seyr edərsəm nə əcəb,
Cəbrəiləm, ruhi-qüdsün pərrü balı məndədir.
 
 
Eşqə məhv oldu Nəsimi, ta ki, ayruq şəm’inə
Yanmasın pərvanə kim, eşqin kamalı məndədir.
 
«Aşiqəm hüsnünə, eşqin ehtimalı məndədir…»
 
Aşiqəm hüsnünə, eşqin ehtimalı məndədir,
Aqiləm, əmmarə nəfsin guşmalı məndədir.
 
 
Ta səmumun narına yandırmışam şeytanı mən,
Zill min yəhmumi-əshabun şimalı məndədir.
 
 
Fəzli-həqdən çünki mən əhləl-yəqini-cənnətəm,
Ta nəim firdövsi-məskunun sülalı məndədir.
 
 
Sidreyi-məhzur içində təlhi-mənzud uş mənəm,
Şol çəkilmiş zilli-məmdudun zilalı məndədir.
 
 
Çinü Maçinü Həbəş rüxsareyi-Rum üstünə,
Basmış zəngi saçın xeyli-xəyalı məndədir.
 
 
Sormuşam lə’lində cənnət irmağı ləzzatını,
Şəkkərin abü şərabı, şirü balı məndədir.
 
 
Məndən iç cami-müsəffa, saqiyi-şafi mənəm,
Eyni-hövzün, kövsərin abi-zülalı məndədir.
 
 
Vacibül-mümkün, vücudu biərəz cövhər mənəm,
Şəhpəri-zati-süfatın bimisalı məndədir.
 
 
Saili-eşqəm, gərəkdir cümlədən şafi cavab,
Sirri-xəttin həm cavabı, həm sualı məndədir.
 
 
Müshəfi üzündən açdı çünki zülfün, kirpigin,
Barəkallah, ol kəlamüllah falı məndədir.
 
 
Maziyü müstəqbəli bu eşqə təbdil etmişəm,
Bu dəmi arif bilir kim, eşq halı məndədir.
 
 
Baxmazam ənqayi-Qafa, qürbəti-lahuta mən,
Seyr ilə simurği-eşqəm, pərrü balı məndədir.
 
 
Ol nigari-nazənin siminbərü nəsrinbədən
Sərv qəddi, gül üzarı, xəttü xalı məndədir.
 
 
Əhli-irfana,m bilirəm xəlqi mən sima ilən,
İttisali-həqqü batil infisalı məndədir.
 
 
Çün Nəsimi adəmi bildi ilahın məzhəri,
Üştə rövşən məzhərin mədlul dalı məndədir.
 
«Həqqi bilən bilir bu gün eşqi hədisi-pürbəla…»
 
Həqqi bilən bilir bu gün eşqi hədisi-pürbəla,
Nəhvlə sərfi neylər ol, oldu şəhidi-Kərbəla.
 
 
Məntiq ilə məaniyi çox oxuma, bu gün yenə
Gəldi, gətirdi bigüman müdhəti-eşqi-həl-əta.
 
 
Rahəti-ruhi-canmısan, yoxsa pəri bu şəkl ilə
Kim, dünü gün oxur bu can surəti-lövhi-rəbbəna.
 
 
Qıldı nəzər bu canıma ol şəhi-layəzali-həyy,
Həyyi-qədimi-künfəkan gör ki, nədir bu gün sana.
 
 
Ol əzəli həbibi gör, ləmyəzəli təbibi gör,
Qıl canını fəda ana, gör bu süfatı basəfa.
 
 
Şirü şərabı ol verər canına bir nigah ilə,
Şirü şərabı içə gör, demə ki, ağudur mana.
 
 
Şəhd isə düşmənin əli, alma sunarsa ol balı,
İçmə əlində şəhdi sən, ol ki, xətadurur, xəta.
 
 
Möhnəti-eşqi-yar ilə gərçi çəkişsə can bu gün,
Günü budur, keçirməgil sən dünü günü pürbəla.
 
 
Çəkdi qəmin Nəsimiyi surət ilə məaniyə,
Can ilə kuşiş eylədi, buldu bu eşqdə səfa.
 
«Ey könül, hər bivücuddan can umarsan, nə əcəb…»
 
Ey könül, hər bivücuddan can umarsan, nə əcəb!
Bikərəmdən lütf ilən ehsan umarsan, nə əcəb!
 
 
Bişəriətlər nə bilsin ənbiyanın şərtini,
Bitəriqətdən rəhi-ərkan umarsan, nə əcəb!
 
 
Bibəsərdən mə’niyi-şövqü kamali-mə’rifət,
Bixəbərdən söhbəti-irfan umarsan, nə əcəb!
 
 
Hər qayanın lə’li olmaz, hər dənizin gövhəri,
Hər sədəfdən lö’löi-mərcan umarsan, nə əcəb!
 
 
Çün əzazil əhsəni-təqvimə baş endirmədi,
Anda sirri-Kə’beyi-hənnan umarsan, nə əcəb!
 
 
Divi-naməhrəm ki, dutmaz ismi-ə’zəmdən xəbər,
Əhriməndən rəhməti-rəhman umarsan, nə əcəb!
 
 
Hiç imiş zöhdü vü zərqi, zahidin əfsanəsi,
Şol fəqihdən mə’niyi-Qur’an umarsan, nə əcəb!
 
 
Umma hər qəlbi zəğəldən aşiqin əsrarını,
Kafirin könlündə sən iman umarsan, nə əcəb!
 
 
Ey Nəsimi, bivəfadan ummagil rəsmi-vəfa,
Bivəfadan əhd ilə peyman umarsan, nə əcəb!
 
«Çünkim gözümə gəlmədi hərgiz xəyali-xab…»
 
Çünkim gözümə gəlmədi hərgiz xəyali-xab,
Saqi, gətir piyaləyi, doldur şərabi-nab.
 
 
Fürsətdürü gəlin bu gecə içəlim meyi,
Şəm’ ilə mütribü mənü sən, şahidü şərab.
 
 
Mə’mur tutun nişat ilə can mülkünü müdam,
Bu ömri-nazənin çü bilirsiz qılır şitab.
 
 
Zaye’ keçirmə fürsətin, aldanma bir nəfəs,
Bir gün ola pürab ola çeşmü könül xarab.
 
 
Hərgiz zəmanə kimsəyi xoşnud qılmadı,
Hər fikr namüvafiqü hər fe’l nasəvab.
 
 
Nacins söhbəti degil illa yedi damu,
Fəzl ilə eylə ya ilah, əcrən minəl-əzab.
 
 
Divi-rəcimi adəmə həmsöhbət etməyə
Sahibnəzər bilir ki, xətadır, degil səvab.
 
 
Həmdəm nə rəsm ilə ola Cəbrilə Əhrimən,
Munis nə vəch ilə ola tuti ilə qürab.
 
 
Gəl, ey hərif, şimdi nəsihət qəbul qıl,
Cövr eyləmə hərifə ki, hacət degil itab.
 
 
Zərraq zahidin içəlim qanını səbuh,
Məhrum sufinin qılalım bağrını kabab.
 
 
Aləmdə kim ki, fitnə qapısını bağladı,
Əlhəq zəhi səadətü vallah zəhi savab.
 
 
Çün qılmadı piyalə, Nəsimi, bu gün sana
Bir dustkamlar içəlim dolu-dolu qab.
 
«Aç bu sərapərdəyi gir içəri, cana bax…»
 
Aç bu sərapərdəyi gir içəri, cana bax,
Gör nə təcəlli qılur pərtövi-canana bax.
 
 
Dost gözündə görüb sürməyi könül gözü,
Eşq ilə ondan dönüb təl’əti-sultana bax.
 
 
Əksini gör ol üzün istər isən görməyə,
Can ilə canan gözün, ayineyi-cana bax.
 
 
Açdın isə həq gözün görmək üçün həq üzün,
Küfrü əlində kimi şö’leyi-imana bax.
 
 
Sövmiəvü məscidə guşənişin oluban,
Kafiri kisvət geyib, sən bu müsəlmana bax.
 
 
Gözlərinin ayəti əksi əyan göstərir,
Dilər isən görməgə surəti-insana bax.
 
 
Niçün əgər şir isən meşədə zinharəsən,
Murçələrdən olub dedigi mərdanə bax.
 
 
Surəti-şirazidən gözünü ayırma kim,
Eylə ki, bu sən deyən dövləti-pünhana bax.
 
 
Canavü həm cahana versə əgər vəslini,
Al, ey Nəsimi, anı, qiyməti-ərzana bax.
 
«Gərçi eynimdən, nigara, surətin pünhan degil…»
 
Gərçi eynimdən, nigara, surətin pünhan degil,
Firqətindən yanaram kim, vəslilə həmsan degil.
 
 
Ey könül, nadan qatında razını faş eyləmə,
Əhli-irfandır bu razın məhrəmi, nadan degil.
 
 
Cəhlini rəf’ eylə, ey zahid, Allahı tanı kim,
Cəhl imiş, cəhl ol mərəz kim, qabili-dərman degil.
 
 
Nəfsini öldürməyən gər Bijənü Söhrab isə,
Pəhləvan olmaz adı, həm Rüstəmi-dəstan degil.
 
 
Ey könül, darüssəlamı dünyanın ləzzatına
Satma kim, şol bisəbatın dövrü cavidan degil.
 
 
Xızr ilə İsa, nigara, buldu vəslindən həyat,
Lə’lini kimdir deyən kim, çeşmeyi-heyvan degil?
 
 
Həq sevər xubu, nə mə’nidən mən anı sevməyim,
Sevməyən şol nəsnəyi kim, həq dedi, insan degil.
 
 
Surətin eşqi kimin kim, qılmadı canında kar,
Şol gəzən cismindəki mə’nidə cindir, can degil.
 
 
Gərçi asandır der, ey can, eşqini hər bixəbər,
Kim ki şol sevdaya düşdü, bildi kim, asan degil.
 
 
Arizumənd oldu könlüm vəslinə yarın, vəli
Buyruğu təqdirə keçməz, hökmünə fərman degil.
 
 
Eşq ilə meydana möhkəm ər gərəkdir kim, girə,
Hər hünərsiz hümmətisüstün yeri meydan degil.
 
 
Ey ki, sultan olmaq istərsən fəqir ol kim, yəqin
Kim ki, sultan oldu dərviş olmadı, sultan degil.
 
 
Gərçi yegrəkdir vəfadan səndən, ey dilbər, cəfa,
Sən vəfalısan, vəfa qıl kim, cəfa çəndan degil.
 
 
Ey mənə hərdəm deyən kim, baxma xubun üzünə,
Aşiqin axır gözü var, ol qədər nadan degil.
 
 
Tutma şeytani-rəcimin qövlünü, rəhmana uy
Kim, uyan şeytana cindir, tabeyi-rəhman degil.
 
 
Eşqilə can yoxdur ol bimə’rifət heyvanda kim,
Surətin nəqşində daim valehü heyran degil.
 
 
Ey Nəsimi, çün yəqin imanımış, iman yəqin,
Hər şəhadət kim, yəqindən tışradır, iman degil.
 
«Bu cism evinə, taliba, seyr edərək çün can gəlir…»
 
Bu cism evinə, taliba, seyr edərək çün can gəlir,
Bu evdə baqi sanma kim, bir-iki gün mehman gəlir.
 
 
Vardır sualım çün sana, vergil cavab, qalma dona:
Bu ruhi-qədimi mana, degil ki, sən qandan gəlir?
 
 
Çün xakdan edər səfər, mə’dən, nəbat olur şəcər,
Rövşən görər əhli nəzər k’ol22
  Ki ol.


[Закрыть]
tö’meyi-heyvan gəlir.
 
 
Çün tö’meyi-heyvan olur, o da ki, insü can olur,
İnsana vasil olmağa bidəstü pa pərran gəlir.
 
 
Çün tö’meyi-insan olur, ol ruh, ol heyvan olur,
Ətü dəri, iligü qan pəs tö’meyi-insan gəlir.
 
 
Biixtiyarü biədəd gəlir-gedər kim, vəsl ola,
Ta vəsl olunca adəmə çəndan gedər, çəndan gəlir.
 
 
Çün adəmə vasil olur, məqsud ana hasil olur,
Ol nütfədən insan olur, lö’lö kimi qəltan gəlir.
 
 
Çün tö’meyi-insan olur, insanü cismü can olur.
Pəs ruhi-insani olub, çün surəti-rəhman gəlir.
 
 
Ol aləmi-itlaqdan, ol şəmsi-din xəllaqdan,
Ayrıldığiçün zərrəvəş bu dünyaya nalan gəlir.
 
 
Bu aləmə çün kim gəlir kəsbi-kəmalü mə’rifət
Etməz olursa dəmbədəm, nadan gedər, nadan gəlir.
 
 
Çün min lüdən elminə ol olmadı alim, ey fəqih,
Əhli-nəzər önündə ol bir cahili-hirman gəlir.
 
 
Şol cahilü müşrik olan, ol kafirü əbtər olan,
Dəccala oldur xər olan, görməz ki, ol canan gəlir.
 
 
Çün mə’rifətdən xalidir, xali şu qiylü qalidir,
Ol hər zaman bu ərsədə üryan gedər, üryan gəlir.
 
 
Hər kim kitabi-nəfsinə olmadı alim, ey həkim,
Anın vücuduna ədəm dersəm, sana yalan gəlir.
 
 
Zərrati-aləm oldu çün ol şəmsi-dinin məzhəri,
Ol müshəfi-cananiyə əşya qamu tibyan gəlir.
 
 
Ol zati-paka masəva ayati-müshəfdir, vəli
Bu ənbiyavü övliya bil, filməsəl ünvan gəlir.
 
 
Ol müshəfi-ba bəsmələ insani-kamildir kim ol,
Hər yerdə bilgil kim, yəqin ol əbbi-insü can gəlir.
 
 
Çün Müştəri, Mərrixü Şəms növbətlərin edə tamam,
Zöhrə, Ütaridlə Qəmər, pəs dövr ilə Keyvan gəlir.
 
 
Qalu bəladə “la” deyən canlar ki adı cindürür,
Ol bibəsər bu dünyadan bican gedər, bican gəlir.
 
 
Həq sözə insaf eyləsən, ayinəni saf eyləsən,
Şunlar ki, bikr oldu yəqin, övrət gedər, oğlan gəlir.
 
 
Hər kim ki, adəmzadədir, etməzsə insana sücud,
Surətdə adəm, mə’nidə şeytan gedər, şeytan gəlir.
 
 
Şol naxələf ki, adəmə gördün kim olmadı xələf,
Nabaliğ ol oğlandurur, andan bəsi üdvan gəlir.
 
 
İsmi cəlalın məzhəri olan kişidə daima,
Xülqi-həsən, lütfü kərəm, həm fəzl ilə ehsan gəlir.
 
 
Gör kim vücudi-adəmi bə’d əz fəna nəş’ət verib,
Hər üzvü bir dürlü giyah olub qamu yeksan gəlir.
 
 
Məhbub ilə məhbubənin lə’li-ləbü dürri-dişi,
Sünbül saçı, arizi gül, yasəminü nö’man gəlir.
 
 
Xalü xətü zülfü anın can müshəfidir oxuram,
Gördüm mühəqqəq biqubar ol nəsx ilə reyhan gəlir.
 
 
Ol can ki, safi-dil olub keçdi cahandan, ey sənəm,
Billahi, ol hər dəmbədəm həmçün güli-xəndan gəlir.
 
 
Əhli-fəna olsa fəna, iqlimi-həftin varına,
Bil kim, həqiqət söz durur kim, Mehdiyi-dövran gəlir.
 
 
Şol kim fənadan filfəna buldu olub sahibqıran,
Ana bu xəlqin əksəri ənsarü həm ə’van gəlir.
 
 
İqlimdə bil fani olan əhli-sülukun zümrəsi,
Daravü Bəhmən, Keyqubad ya Xosrovü xaqan gəlir.
 
 
Bu kəsrətin ayatını ol vəhdətə ir, görü gör,
Müşrikdir ol kim, ta əbəd bihəddü bipeyman gəlir.
 
 
Bir zərrəyi ayrı görən ol şəmsi-dindən, ey qəmər,
Bil, vəhdətin iqliminə bidinü biiman gəlir.
 
 
Hər bir ülumun gərçi kim, vardır məqalı azü çox,
Elmi-lüdənni oxuyan dərviş gedər, sultan gəlir.
 
 
Bil bu ülumi-nəş’ətin payanı yoxdur, taliba,
Çünki bu bəhrin qətrəsi dəryayi-bipayan gəlir.
 
 
Hər salikin kim, ayağı mərdanə basmaz bu yola,
İmanidən ayrı düşər, ol kafirü şeytan gəlir.
 
 
İmanın əhli daima şövkətdədir, bilməzmisən,
Şirk əhlinə gör kim, səza matəmlə hüzn, əfğan gəlir.
 
 
Zər kimi qəlbin safi et, sən gövhərin sərrafısan,
Ol adilin fəzli ilə çün ortaya mizan gəlir.
 
 
Oxu kitabi-nəfsini, dilinlə eynin sağ ikən,
Qoyma bu günü yarına, sonra sənə peşman gəlir.
 
 
Əhli-fəsada çox təəb edərsə nola fəzli-rəb,
Əhli-yəminiz, beytimiz ağ oldu, coşan xan gəlir.
 
 
Ol şəmsi-canın üzünə bax, rövşən on dört xətti gör,
Oxu ki, sən gör Müştəri həmçün məhi-taban gəlir.
 
 
Sən bu siyərdən keç dəxi, gəl, ey təfərrüc əhli kim,
Çünkim, bu rikin siyhəsin gördün ki, biimkan gəlir.
 
 
Hər nə imarət eyləsən bil, ey mühəndis kim, yəqin
Edər xərab ol dəm anı, bu dünyaya viran gəlir.
 
 
Bu lövnü rəngü buyu qo fani olub gör kim, anın
Şəmsi-rəvan hər zərrədən birəngü biəlvan gəlir.
 
 
Rəng ilə bu əlvan odur, hər cism içində can odur,
Rövşən bu kim, ol şəmsi-can hər zərrədə pünhan gəlir.
 
 
Çövkanına can zülfünün top eylə başü canını,
Çün ol şaha oynamağa iki cahan meydan gəlir.
 
 
Gah adəmü xatəm olur, gah İseyi-Məryəm olur,
Gəh Nəmrudü Fir’on olur, gəh Musiyi-İmran gəlir.
 
 
Çün vəchi-həqdən bixəbər oldu xəvaric zümrəsi,
Der fəzrəbu fövqəl-ənuq, çün ol Şəhi-Mərdan gəlir.
 
 
Sən adəmin vəchinə dut vəchin, ana eylə sücud,
Sil bu siyəldən gözünü kim, biədəd peşman gəlir.
 
 
Ey mə’rifət zərrai, gəl saç danənin varın yerə,
Fəzli-xudadan aləmə çün rəhməti-baran gəlir.
 
 
Qıldı gədayi müğtənim fəzli-xudanın ne’məti,
Ey divü xənnasü həsud, gör kim, ana eyşxan gəlir.
 
 
Tövhidi iki görənə, gözsüz qulaqsız əhvələ,
Bilsin ki, cümlə kainat bir məzhəri-yəzdan gəlir.
 
 
Bundan da ayrı bir kamal olurmu kim, ol zülcəlal,
Aydır ki, mən sənsən, həmin şeytana ol üsyan gəlir.
 
 
Budur, səbəb qəhr etməyə şeytanı ol lütf issi kim,
Bu cavidani ne’mətə gör kim, necə küfran gəlir.
 
 
Vəhdət meyindən sun müdam, nuş eylə, cana, fariğ ol,
Gördün ki, ol saqiyi-can huri-nəsəb qılman gəlir.
 
 
Ə’mali-saleh, mə’rifət elmi-lüdəndir kəsb edən,
Bimə’rifət adam haman əhməq gedər, hümqan gəlir.
 
 
Gəl dürri pakü saf olub, dal vəhdətin dəryasına,
Gərçi Ədəndən bişümar dürrü gühər, mərcan gəlir.
 
 
Sən ey müvəhhid, fariğ ol, cəngü cidalın kəs anın,
Cəngü cidalı gedirər çün höccətü bürhan gəlir.
 
 
Ruhül-qüdüs kim, hər nəfəs verdikcə min bərzəx keçər,
Ol bibəsər ə’ma sanır kim, bu sözü asan gəlir.
 
 
Gəl, ey Hüseyni, same’ ol, sən ruhi-qüdsidən yana,
Gördün yəqin çün hər nəfəs avazeyi-Qur’an gəlir.
 

QƏZƏLLƏR

«Dünya duracaq yеr dеyil, еy can, səfər еylə…»
 
Dünya duracaq yеr dеyil, еy can, səfər еylə!
Aldanma anın alına, andan həzər еylə!
 
 
Bir halə qərar еyləməz əyyam, kеçər ömr,
Еy əhli-nəzər, baхma bu halə, nəzər еylə!
 
 
Payəndə dеgil dövləti, еy хacə, cahanın,
Əsbabinə aldanma, gəl andan güzər еylə!
 
 
Gər aşiq isən sidq ilə şol dilbər üçün, gəl
Can ilə cahan ortaya qoy, tərki-sər еylə!
 
 
Düşdü saçının zülmətinə könlüm, ilahi,
Şol hali pərişanə bu şami səhər еylə!
 
 
Çün hüsnünə хətm oldu bu gün dövri-məlahət,
Еy fitnələrin хatəmi, şəqqül-qəmər еylə!
 
 
Gər Musiyi-Imran kimi şol narə sataşdı,
Gəl, tabişini göstərü şərhi-şəcər еylə!
 
 
Dünya еvinin səltənəti bеş gün imiş çün,
Bünyadını yıх, ər kimi, zirü zəbər еylə!
 
 
Şol püstədəhanın хəbərin bildi Nəsimi,
Şirinlərə şol tüngi-şəkərdən хəbər еylə!
 
«Dərdə müştaq olmayan kimdir ki, dərman istəyə…»
 
Dərdə müştaq olmayan kimdir ki, dərman istəyə?
Qəbləl-mövti bilməyən, sən sanma ki, can istəyə.
 
 
Cövhəri olmaq gərəkdir, cövhəri bulmaq gərək,
Hər kimin könlündə vardır, vara ol kan istəyə.
 
 
Can ilə, dünyavü üqba hər kim ol tərk еtmədi,
Müddəidir, sanma kim, ol vara canan istəyə.
 
 
Хizrlə zülmatını tanımayan hеyvan kimi,
Nə bilə kim, qanda vara, abi-hеyvan istəyə?
 
 
Kim əzəl tanımadı kəndi vücudu şəhrini,
Ol gədahimmət nə yoldan vara sultan istəyə?
 
 
Ənbərin zülfü anın, kim ki, dolaşdı boynuna,
Başı top olsun anın, gər özgə çövkan istəyə.
 
 
Zülfünün küfrün əgərçi əhli-fəzl iman bilir,
Еy Nəsimi, sanma sən kim, kafər iman istəyə.
 
«Mərhəba, хoş gəldin, еy ruhi-rəvanım, mərhəba…»
 
Mərhəba, хoş gəldin, еy ruhi-rəvanım, mərhəba!
Еy şəkərləb yari-şirin, laməkanım, mərhəba!
 
 
Çün ləbin cami-Cəm oldu nəfхеyi-Ruhülqüdüs,
Еy cəmilim, еy cəmalim, bəhrü kanım, mərhəba!
 
 
Könlümə hеç səndən özgə nəsnə layiq görmədim,
Surətim, əqlim, üqulim, cismü canım, mərhəba!
 
 
Еy mələk surətli dilbər, can fədadır yoluna,
Çün dеdin ləhmikə ləhmi, qanə qanım, mərhəba!
 
 
Gəldi yarım naz ilə, sordu, Nəsimi, nеcəsən?
Mərhəba, хoş gəldin, еy хırdadəhanım, mərhəba!
 
«Mərhəba, хoş gəldin, еy dildar, хoş gördük səni…»
 
Mərhəba, хoş gəldin, еy dildar, хoş gördük səni,
Хoşmusan, еy bərgüzidə yar, хoş gördük səni.
 
 
Doğrusu, müştaq idik, cana, bəsi didarına,
Еy gözü nərgis, üzü gülnar, хoş gördük səni.
 
 
Gəlməyə çün afitabü gеtməyə çün mahitab,
Haliya, еy kövkəbi-səyyar, хoş gördük səni.
 
 
Müddəilər tə’n urarlar irqətindən halıma,
Bir dəхi bər kuriyi-əğyar, хoş gördük səni.
 
 
Dərdimənd olmuş idi miskin Nəsimi sənsizin,
Еy vüsalın dərdimə timar, хoş gördük səni.
 
«Еy Məsihadəm, niyşə can vеrmədin cansızlara…»
 
Еy Məsihadəm, niyşə can vеrmədin cansızlara?
Ol ki, hər dəm can ilə aydır ki, canan sizlərə.
 
 
Ləblərin abin məni-diltəşnədən qılma diriğ,
Nola dərman еyləsən bu dərdi dərmansızlara.
 
 
Abi-hеyvan qiymətin hеyvana sorma, Хızra sor,
Çünki idrak еyləməz hər dəgmə hеyvan sizlərə.
 
 
Hüsn içində Yusifi-Kən’ana təhsin еtməzəm,
Onların dövranı kеçdi, gəldi dövran sizlərə.
 
 
Barmaq ilən göstərərlər kim, üzündür qibləgah,
Ol şəhadətdən dönübdür küfri-iman sizlərə.
 
 
Dilbəra, könlündə yoхdur aşiqə qılmaq vəfa,
Хеyri qoymaz miskinə qılmağa şеytan sizlərə.
 
 
Çün Sülеyman mülkünü qoyduvü gеtdi dünyadan,
Qaldı andan sonra bu mülki-Sülеyman sizlərə.
 
 
Еşq içində binəva qaldım, hədər cəhd еylərəm,
Halımı ərz еdə bilmən, şahi-хuban, sizlərə.
 
 
Əhli-aləm ildə bir qurban еdərlər еyd içün,
Hər zaman qurbanınam, еy cümlə qurban sizlərə.
 
 
Lütfü еhsan vaхtıdır, şaha, mənə еhsan gərək,
Çün əzəldən qismət olmuş lütfü еhsan sizlərə.
 
 
Еy Nəsimi, хubların bir başı vardır, min dili,
Еşqilə bеl bağlama bu əhdü pеymansızlara.
 
«Ayrılıqdan yar mənim bağrımı büryan еylədi…»
 
Ayrılıqdan yar mənim bağrımı büryan еylədi,
Özünü bir yana saldı, məni bir yan еylədi.
 
 
Zə’fərana bənzimi göndərdi ol birəhm yar,
Düşməni хəndan еdib, dostunu giryan еylədi.
 
 
Aldı könlüm, qılmadı ol bivəfa bir gəz vəfa,
Yıхdı mə’mur şəhrini, gör nеcə viran еylədi .
 
 
Canımın zəхmindən, еy can, хab gəlməz еynimə,
Cigərimdə zəхmi-pеykan, tiri-müjgan еylədi.
 
 
Еşidərsə daş ərir həsrətdə ahü zarımı,
Ol güləndam yarı gör, könlümü zindan еylədi.
 
 
Cəhd qıldım çoх, vüsalə yеtmədim, çəkdim fəraq,
Tədbir ana nеyləsin, təqdiri-yəzdan еylədi.
 
 
Еy Nəsimi, sübhdəm var, ərz qıl dildarə sən,
Qəmzəyə vеrsin nəsihət, yoхsa çoх qan еylədi.
 

Страницы книги >> Предыдущая | 1 2 3 4 5 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации