Электронная библиотека » İmadəddin Nəsimi » » онлайн чтение - страница 2

Текст книги "Həqq Məndədir"


  • Текст добавлен: 13 января 2023, 17:57


Автор книги: İmadəddin Nəsimi


Жанр: Зарубежные стихи, Зарубежная литература


Возрастные ограничения: +16

сообщить о неприемлемом содержимом

Текущая страница: 2 (всего у книги 17 страниц) [доступный отрывок для чтения: 5 страниц]

Шрифт:
- 100% +
«Mən mülki-cahan, cahan mənəm mən…»
 
Mən mülki-cahan, cahan mənəm mən!
Mən həqqə məkan, məkan mənəm mən!
 
 
Mən ərş ilə fərşü kafü nunam,
Mən şərhü bəyan, bəyan mənəm mən!
 
 
Mən kövnü məkanü kün-fəkanam,
Bilgil ki, nişan, nişan mənəm mən!
 
 
Mən surəti-mə’nidə həqəm həq,
Mən həqqi-əyan, əyan mənəm mən!
 
 
Bir gövhərəmü qədim əzəldən,
Ey gövhəri-kan, kan mənəm mən!
 
 
Mən atəşi-nuri-eşqi-həqqəm,
Musaya zəban, zəban mənəm mən!
 
 
Mən cümlə cahanü kainatam,
Mən dəhrü zaman, zaman mənəm mən!
 
 
Mən ayəti-müshəfü kitabam,
Ey nöqtədəhan, dəhan mənəm mən!
 
 
Mən qövs ilə həm kamanü tirəm,
Ey tirü kaman, kaman mənəm mən!
 
 
Cəmşidi-zamani-aləm oldum,
Cəmşidi-zaman, zaman mənəm mən!
 
 
Mən nəqşü xəyalü xəttü xalam,
Mən hərfü lisan, lisan mənəm mən!
 
 
Mən gənci-nihani, küntə kənzəm,
Mən gənci-nihan, nihan mənəm mən!
 
 
Mən zatü sifati-kün-fəkanam,
Mən ruh ilə can, can mənəm mən!
 
 
Mən kafirə mövt, müsibət oldum,
Mö’minə iman, iman mənəm mən!
 
 
Mən cənnətü abi-kövsər oldum,
Ey səhni-cinan, cinan mənəm mən!
 
 
Mən bəhri-mühitü həm giranam,
Ey bəhri-giran, giran mənəm mən!
 
 
Mən sirrəmü tövhidəm, hədisəm,
Həm qeybü güman, güman mənəm mən!
 
 
İnsanü bəşərsən, ey Nəsimi,
Həq der ki, haman, haman mənəm mən!
 
«Bir şaha sən qulluq eylə, söhbətindən can bitər…»
 
Bir şaha sən qulluq eylə, söhbətindən can bitər,
Bir sədəfdən çaşnı dadgil, dürr ilə mərcan bitər.
 
 
Söhbət etmə, söhbət etmə dəgmə hər nadan ilə,
Nadanın tərbiyətindən həm yenə nadan bitər.
 
 
Qafil olma əhli-dillər söhbətindən bir zaman,
Əhli-dillər söhbətindən şö’leyi-iman bitər.
 
 
Məskənətdən sən qaçarsan, gizli gəncdir bilmədin,
Lacərəm bu məskənətdən nisbəti-sultan bitər.
 
 
Ol əli kəsgil, buraxgil, xeyri yoxdur, şərri çox,
Dutgil imdi ol əli kim, xeyr ilə ehsan bitər.
 
 
Zalım oldun, zülm əkərsən yenə kəndi tarlana,
Zalımın zülmü şərindən tarlada üsyan bitər.
 
 
Bağçaya varma, varırsan sorma dapusu nədir,
Barı bir bağçaya girgil, gül ilə reyhan bitər.
 
 
Şol ağaca bənzəmə kim, kəsib oda yaxalar,
Balta zəxmindən əmindir anda kim, rümman bitər.
 
 
Ey Nəsimi, dürlü-dürlü dərdlər ol canındadır,
Bir eşik yastana gör kim, dərdinə dərman bitər.
 
«Əya, mö’min, gər istərsən səadət…»
 
Əya, mö’min, gər istərsən səadət,
Özünə peşə qıl daim se adət.
 
 
Əvvəl təb’i-lətifü xülqi-niku,
İkinci həm kərəm, cudü səxavət.
 
 
Üçüncü, olma hərgiz bivüzu sən,
Yeri, həq buyruğun tut, qıl ibadət.
 
 
Xoşa ol mö’mini-pakü müvəhhid
Ki, ola anda həm bu üç xəsalət.
 
 
Həyadır birisi, biri ədəbdür,
Biri dəxi nədir: xövfi-qiyamət.
 
 
Dəxi üç nəsnə könlü rövşən eylər,
Həqiqət bil sən əz ruyi-iradət.
 
 
Biri müshəf, biri axar su derlər,
Bu iki nəsnəyə baxsan kifayət.
 
 
Üçüncü, sün’i-həqdi hüsni-ziba,
Təsərrüfsüz təfərrüc qıl fərağət.
 
 
Dəxi könlü edər üç nəsnə qəmgin,
Qulaq ur kim, edəm sana hekayət.
 
 
Yaman qonşu, yaman yoldaşi-bədxu,
Yaman övrət siyasətddir, siyasət.
 
 
Yəqin cənnət üzün görməz bir adəm
Ki, var canında anın üç əlamət.
 
 
Biri kəzzablıq, birisi qeybət,
Biri olmaq bəxil, əhli-ədavət.
 
 
Gəlir üç nəsnədən azari-mərdüm,
Var, etmə özünə anı sənaət.
 
 
Biri böhtan, biri kəcgəngəl etmək,
Biri küstaq olub, qılmaq zərafət.
 
 
Nəsimi, sən yəqin əhli-nəzərsən,
Bu üç nəsnəyi qıl kəndunə adət:
 
 
Biri lütfü kərəm, həm xülqi-niku,
Biri – heç kimsəyə baxma həqarət.
 
 
Bu sözlər xoş nəsihətdür bilənə,
Se adətdir, vəli eyni-səadət.
 
«Ey qılan də’va ki, şaham, ədlü insafın qanı…»
 
Ey qılan də’va ki, şaham, ədlü insafın qanı?
Çün səfa əhlindən oldun, məşrəbi-safın qanı?
 
 
Hər quşun olmaz səadətli hümatək kölgəsi,
Çünki simurğam deyərsən, laməkan Qafın qanı?
 
 
Əhli-irfanın yeri mə’nidə çün ə’raf imiş,
Çün sən ariflərdən oldun, ürfü ə’rafın qanı?
 
 
Möhtəsib bazara girdi, həqqi batildən seçər,
Qəlbim aridir deyən, şol doğru sərrafın qanı?
 
 
Başımı top eylərəm, meydana girdim, oynaram,
Ey bu meydandan qaçan, şol urduğun lafın qanı?
 
 
Lütf əgər həqdən umarsan, göstər ehsan, lütf qıl,
Lütfü ehsanından uman yara əltafın qanı?
 
 
Kafü nun əmrindən oldu mayəkun məkan ilə,
Gər bu lövhün əbcədisən, nun ilə kafın qanı?
 
 
Ey Nəsimi, çün ulaşdın şeş cəhətdən yar ilə,
Bicəhət oldu hüdudun, həddü ətrafın qanı?
 
«Qanı bir əhdü peymanı bütün yar…»
 
Qanı bir əhdü peymanı bütün yar?
Qanı bir qövlü gerçək, doğru dildar?
 
 
Qanı həqqi bilən bir gerçək ər kim,
Ola doğru anın dilində göftar?
 
 
Qanı dil ilə iqrar eyləyən kim,
Həqə yoxdur anın könlündə inkar?
 
 
Qanı bir incuyi-ari sədəf kim,
Buluna anda min lö’löi-şəhvar?
 
 
Qanı Mənsurləyin bir əhli-həq kim,
Asıla eşq içində başı bər-dar?
 
 
Qanı gerçəkləyin bir həqqə aşiq,
Qanı görmüş həqi bir əhli-didar?
 
 
Qanı qəflət şərabından bir ayıq,
Qanı əsrüklərin cəm’ində huşyar?
 
 
Qanı əhdində bir sabitqədəm kim,
Qoyam adın anın doğru vəfadar?
 
 
Qanı sadiqlərin razına məhrəm,
Qanı aşiqlərin rəncinə timar?
 
 
Qanı dünyada, yarəb, şol əmin kim,
Kim, anda gizlənə min dürlü əsrar?
 
 
Yar ilə çünki bir oldu Nəsimi,
Nə qəm, gər cümlə aləm olsa əğyar.
 
«Üzünə əhli-nəzər surəti-rəhman dedilər…»
 
Üzünə əhli-nəzər surəti-rəhman dedilər,
Oxuyanlar bu kəlamüllahı Qur’an dedilər.
 
 
Səb’əxan hafizə sordum qaşın ilə üzünü,
Həqq ilə batili fərq edici fürqan dedilər.
 
 
Üzünə, arizinə xazini-cənnati-nəim,
Xüldü firdövsi-bərin, rövzeyi-rizvan dedilər.
 
 
Ləblərin çeşməsinə Xızrü Skəndər, Dara
Zəmzəmü kövsər ilə çeşmeyi-heyvan dedilər.
 
 
Ləbi-lə’lin şəkərindən bal utandı, əridi,
Səni Şirini-zaman Xosrovi-xuban dedilər.
 
 
Sibqətüllah və mən əhsənə həqdən üzünə,
Abidun gözlərinə sibqeyi-sübhan dedilər.
 
 
Müntəhi sidrə boyun qaməti şümşadi-səhi
Ki, boyun sidrəsinə sərvi-xuraman dedilər.
 
 
Üzün üstündə saçın cəm’i pərişan kimidir,
Aşiqin könlünə məcmui-pərişan dedilər.
 
 
Aşiq ol, eşq ilə bil məntiqi-eşqin dilini,
Mö’minə Nuhi-nəcat, kafirə tufan dedilər.
 
 
Əkrəmüzzeyf əmanət dedi peyğəmbəri-həq,
İzzət etgil bu gün ol nitqə ki, mehman dedilər.
 
 
Mən ərəfna tanıyan nəfsini ol kimsənədir,
Bildi rəbbini, anın adını insan dedilər.
 
 
Səcdə qıl, məscidi bul, sacidü məscudunu bil,
Kim ki, torpağa sücud etmədi, şeytan dedilər.
 
 
Möhkəm ayatü dəlilü rüxü vəchül-həsənə
Ki, Nəsimi sözünə höccətü bürhan dedilər.
 
«Üzündür gülsitan, billah, degilmi…»
 
Üzündür gülsitan, billah, degilmi?
Sözündür kün-fəkan, billah, degilmi?
 
 
Ələl-ərş istiva rəhman yəqin kim,
Üzündür ol məkan, billah, degilmi?
 
 
Rüxün bağında, ey hurisifətlü,
Cahan oldu cinan, billah, degilmi?
 
 
Saçındandır Xətavü Çinü Ruma,
Səba ənbərfəşan, billah, degilmi?
 
 
Dodağındır ki, sirri-küntə kənzən
Bəyan eylər, bəyan, billah, degilmi?
 
 
Xətindən buldum ərrəhmanü taha,
Budur səndən nişan, billah, degilmi?
 
 
Ləbin abi-həyatındandır, ey can
Ki, Xızr oldu rəvan, billah, degilmi?
 
 
Sana Şirindəhan, ey Xosrovi-hüsn,
Deyən şirindəhan, billah, degilmi?
 
 
Qaşınla kirpigin, üzün günündə,
Əcəb tirü kaman, billah, degilmi?
 
 
Səni həq görməyən zahirdə ə’ma,
Gözündən həq nihan, billah, degilmi?
 
 
Üzündən çün cahan gəldi vücuda,
Gözündən həq nihan, billah, degilmi?
 
 
Ləbin eşqində can vermək həmişə
Həyati-cavidan, billah, degilmi?
 
 
Dəhanından hədisi qılmayan guş,
Sözü qeybü güman, billah, degilmi?
 
 
Üzündür, ey qəmərsurətli fitnə,
Zaman axırzaman, billah, degilmi?
 
 
Həq oldu könlümün şəhrində zahir,
Zəhi Mazandaran, billah, degilmi?
 
 
Vüsalın kişvərin fəth eyləyən can,
Şəhi-kişvərsitan, billah, degilmi?
 
 
Qılından incə gördüm, incədir həm,
Belin nazikmiyan, billah, degilmi?
 
 
Səvadi-ə’zəmilə Misri-came’
Üzündür, ya filan, billah, degilmi?
 
 
Saçınla arizin can müshəfidir,
Adı nurü düxan, billah, degilmi?
 
 
Üzündür Kə’bəsi əhli-səlamın,
Mübarək xanədan, billah, degilmi?
 
 
Məni vaiz bu gün-fərdaya salar,
Yalançı qissəxan, billah, degilmi?
 
 
Mana can sordu kim, zülfün nə yerdir,
Dedim, darül-aman, billah, degilmi?
 
 
Üzündən ta qəmər fərqü təfavüt
Zəminü asiman, billah, degilmi?
 
 
Deyən kim, nöqtədir adı dəhanın,
Əcaib xürdədan, billah, degilmi?
 
 
Cahanı dutdu hüsnün dasitanı,
Zəhi xoş dasitan, billah, degilmi?
 
 
Qiyamət qamətindən oldu zahir,
Bəlayi-nagəhan, billah, degilmi?
 
 
Nəsimi cövhəri-fərd oldu, anın
Məkanı laməkan, billah, degilmi?
 
«Mərhəba, insani-kamil, canımın cananəsi…»
 
Mərhəba, insani-kamil, canımın cananəsi,
Aləmin cismi sədəfdir, sənmisən dürdanəsi?
 
 
Vəchini səb’ül-məsani oxuyan gündən bəri,
Gör ki, nə divana düşmüş aşiqin divanəsi.
 
 
Ta səqahüm şərbətindən içdi bu xəstə könül,
Seyri-öv ədnayı buldu, qaynadı xümxanəsi.
 
 
Çün bizə mə’lum olubdur mə’niyi-ümmül-kitab,
Arifəm, səm’imə sığmaz zahidin əfsanəsi.
 
 
Şol Xızır biçarə içmiş abi-heyvan dedilər,
Ta ləbin eyninə irməz, yoxdur onun xanəsi.
 
 
Əhsəni-təqvim bilən nəçük ənəlhəq deməsin?
Bəs nədən bərdar olubdur Mənsurun divanəsi?
 
 
Kafirin bütxanəsi var, mö’minin – Beytülhəram,
Aşiqin yar eşigidir Kə’bəvü bütxanəsi.
 
 
Şəm’i-vəhdətdir camalın, söhbəti rövşən qılır,
Qarşıda xoş-xoş yanadır Seyyidin pərvanəsi.
 
«Nə tubadır boyun, yarəb kim, irdi ərşə balası…»
 
Nə tubadır boyun, yarəb kim, irdi ərşə balası,
Nə sünbüldür saçın gör kim, cahanı tutdu sevdası.
 
 
Günəş təl’ətli üzündür bu gün aləmdə, ey dilbər
Ki, hər mə’nidə kamildir, bulunmaz mislü həmtası.
 
 
Nə yəğmaçı moğolçindir gözün, yarəb ki, dövründə
Yayılmışdır yasağından yedi iqlimə yəğması.
 
 
Sədəfdən gərçi, ey dilbər, çıxar qiymətli incular,
Vəlakin özgə cövhərdir dişin lö’löi-lalası.
 
 
Camalın vəslini həqdən dilər aləmdə hər aşiq,
Vəli şol dürri-məknunun bulunmaz qə’ri-dəryası.
 
 
Qaradır geydigi ya gög həmişə zahidin, yarəb,
Nə matəm düşmüş ana kim, tükənməz heç anın yası?
 
 
Şərabü şahidin zikri dilimdən getmədi ta kim,
Məni sevdadan əsritdi nigarın eyni-şəhlası.
 
 
Riyalı zahidin daim işi təzvirü iğvadır,
Vəli kar etməz ol divin mana təzvirü iğvası.
 
 
Qül Allahümmə malik çün mana tə’vizi-hirz oldu,
Xilas oldum yüvəsvisdən, gedir sən də bu vəsvası.
 
 
Bu gün-fərdadan, ey vaiz, məni qorxutma, əbsəm dur
Ki, qorxusuzdur ol arif ki, imruz oldu fərdası.
 
 
Üzün lövhündə, ey huri, ilahı görməyən qafil,
Yəqin kim, güzgüsü anın üzündən getməmiş pası.
 
 
Nəsimi çün səni buldu, irişdi cümlə məqsuda,
Muradı cümlə xətm oldu, tamam oldu təmənnası.
 
«Dün gecə bir dilbər ilə eyşimiz mə’mur idi…»
 
Dün gecə bir dilbər ilə eyşimiz mə’mur idi,
Leykin ol xunxarə gözlər uyxudan məxmur idi.
 
 
Gözlərin süzmüş və üzmüş canını aşiqlərin,
Asılı zülfündə yüz min Şiblivü Mənsur idi.
 
 
Sözlərindən zahir oldu şol Məsihin mö’cüzat,
Dodağından bir işarət aşiqə pək dur idi.
 
 
Hüsnü lövhündə yazılmış xubların şahı, deyü,
Sümmə ənşə nahu xəlqən axərin məşhur idi.
 
 
Zülfü sübhanəlləzi-əsra, biəbdi ayəti,
Yanağı üzrə müsəlsəl xətt ilə məstur idi.
 
 
Boyu tuba, üzü cənnət, adə kəlurcun qaşı,
Gözləri vənnəcm, anın sinəsi vəttur idi.
 
 
Həmnişin idi Nəsimi dün gecə bir yar ilə,
Könlü şadü vəxti xürrəm, məclisi pürnur idi.
 
«Ey binəzirü vahid, hüsnün camal içində…»
 
Ey binəzirü vahid, hüsnün camal içində,
Üzün qiyamət eylər xoş xəttü xal içində.
 
 
Sübhi-əzəldə hər kim buldu səninlə vüslət,
Qaldı səninlə daim eyşi-vüsal içində.
 
 
Mən məndə həqqi buldum, həqqəl-yəqin həq oldum,
Uyxuda qaldı münkir nəqşü xəyal içində.
 
 
Ey aləmin həyatı, eşqin nə nar imiş kim,
Qərq eylədi cahanı abi-zülal içində.
 
 
Fərdiyyətin kamalı oldu sənə müsəlləm
Kim, qayətə irişdi hüsnün kamal içində.
 
 
Ağzınla zülfi-mişkin müşkati-nuri-həqdir,
Gəl həqqi xəlqə göstər şol mimü dal içində.
 
 
Ey istəyən liqayı, yarın günündə həqdən,
Fərdaya düşmə, qalma fikri-məhal içində.
 
 
Üzünlə xəttü xalın şol şəmsi-xavəridir,
Heç kimsə görməz anı hərgiz zaval içində.
 
 
Üzün şəmayilindən, qaşın dəlayilindən
Qövğayi-fitnə düşdü bədrü hilal içində.
 
 
Ruhül-əminə sordum əsrarını dodağın,
Nitqi dutuldu, qaldı ol bu sual içində.
 
 
Eşqin qəmidir, ey can, şadlığı əhli-eşqin,
Şad olmayan bu qəmdən qalsın məlal içində.
 
 
Ey məkr içində sufi, aldanmaz ala, dilbər,
Get, ömrünü çürütmə təzvirü al içində.
 
 
Şol qəmzə şivəsindən bir hala düşmüşəm ki,
Baxan bu hala, istər düşmək bu hal içində.
 
 
Üzün kimi Nəsimi, ey xubların əmiri,
Xurşidi-ləmyəzəldir miğü zilal içində.
 
«Ey ruhi-qüdüs, cifeyi-murdara yapışma…»
 
Ey ruhi-qüdüs, cifeyi-murdara yapışma!
Gülzari-cinanı qoyuban xara yapışma!
 
 
Məhbubi-əzəl, yari-əbəd var ikən, ey yar,
Əğyar ətəgin dutmavü əğyara yapışma.
 
 
Mənsur kimi istər isən mənzili-ali,
İtirmə bəqa darı, fəna dara yapışma!
 
 
Ey küpəyi incudan edən, məndən eşit pənd,
Söz dürrünü dut, lö’löi-şəhvara yapışma!
 
 
Qaludan əgər aləmə iqrar ilə gəldin,
İqrarını tərk eyləmə, inkara yapışma.
 
 
Ey mə’rifətin müshəfi, uş kənz ilə müsbah,
Miftah budur, məcməi-muxtara yapışma!
 
 
Mənlik satanın çünki dəğəl çıxdı qumaşı,
Var, ari mətah istə, bu bazara yapışma!
 
 
Kəsb eyləməyən axirəti, anı dəli bil,
Ey əql iyəsi, dünyayi-qəddara yapışma!
 
 
Saçı qaranın zülfünə yapışdı Nəsimi,
Ey badə verən ömrünü, zünnara yapışma!
 
«Çarə yoxdur yara, əbsəm, ey könül, yar istəmə…»
 
Çarə yoxdur yara, əbsəm, ey könül, yar istəmə!
Dərdə çün dərman bulunmaz, rəncə timar istəmə!
 
 
Dünyanın yarından istərsən vəfa, əqlin qanı,
Hasil olmaz nəsnəyi, fikr eylə, zinhar, istəmə!
 
 
Münkirin iqrarı yoxdur həqqə, ey sahibnəzər,
Həqqə iqrar eylə sən, münkirdən iqrar istəmə!
 
 
Möhnəti çoxdur cahanın, zülmətindən gəl, saqın,
Ey gözüm aydınlığı, zülmətdən ənvar istəmə!
 
 
Güzgünü arıtmayınca, ey liqadan bixəbər?
Surətin görmək təmənna etmə, didar istəmə!
 
 
Dünyanın miqdarı yoxdur, gər bilirsən qədrini,
Qədrinə inanma, andan qədrü miqdar istəmə.
 
 
Dəgmə naməhrəm nə bilsin aşiqin əsrarını,
Məhrəm ol, əsrara gir, ya məndən əsrar istəmə.
 
 
Bunca möhnət çəkməyincə hər dikəndən bir zaman,
Bülbüli-aşiq kimi çağırma, gülzar istəmə!
 
 
İstəyən murdarı kərkəsdir müdam, ey türfə quş,
Həzrətin şahbazı ol, yə’ni ki, murdar istəmə!
 
 
Varlığı fanidir, ey qafil, bəqasız dünyanın,
Şol bəqasızdan bəqa mümkün degil, var, istəmə!
 
 
Gərçi həqdən vahid oldu nur ilə anəstunar,
Ey Nəsimi, çün ulaşdın nuruna, nar istəmə!
 
«Sən sana gər yar isən var, ey könül, yar istəmə…»
 
Sən sana gər yar isən var, ey könül, yar istəmə!
Yarü dildar ol sana, sən yarü dildar istəmə!
 
 
Bivəfadar çün bu aləm, kimdən istərsən vəfa?
Bivəfa aləmdə sən yari-vəfadar istəmə!
 
 
Gül bulunmaz bu dikənli dünyanın bağında çün,
Əbsəm ol, bihudə gülsüz yerdə gülzar istəmə!
 
 
Mə’rifətdir xalis altun, sikkəsi fəzlü hünər,
Altunu tanı, zəğəldən ari dinar istəmə!
 
 
Həqqə münkirdir fəqih, inanma ol şeytana kim,
Yoxdur ol cinxilqətin zatında iqrar, istəmə!
 
 
Ari göftar, ey könül, gerçəklərin nitqidürür,
Hər diliəgridə yoxdur ari göftar, istəmə!
 
 
Cifədir dünya, anın talibləri adı kilab,
Olma kəlb anın kim, oldu adı murdar, istəmə!
 
 
Şərbəti ağuludur fani cahanın, sən anın
Şərbətindən nuşudaru umma, zinhar istəmə!
 
 
Dünyanın sevgisi ağır yük imiş, məndən eşit,
Nəfsini yük etmə ana, ey səbükbar, istəmə!
 
 
Bir əmin məhrəm bulunmaz, ey Nəsimi, çün bu gün,
Xəlqə faş etmə bu rəmzi, kəşfi-əsrar istəmə!
 
«Ey qəflətin meyindən məstü xərabü heyran…»
 
Ey qəflətin meyindən məstü xərabü heyran,
Gər həqqi tanımışsan, qanı dəlilü bürhan?
 
 
Nəfsi-xəbisə uymaq nadanların işidir,
İşin nədir gör axır, fikr eylə, olma nadan?
 
 
Çün hər nə kim, əkərsən, anı biçərsən axır,
Dünyada əkmə anı kim, adı oldu üsyan.
 
 
Tərk eylə səyyiatı, saleh əməl qazan kim,
K’anın cəzası həqdən həm lütf imiş, həm ehsan.
 
 
Əyyamını həyatın badi-həvaya vermə
Kim, itirən həyatı üqbadadır peşiman.
 
 
Müflis ticarət eylər sərmayəsiz və leykin,
Sə’yi əbəsdir anın, sevdası cümlə xüsran.
 
 
Naqis vücuda çün kim, nöqsan gəlir həmişə,
Cəhd eylə kamil ol kim, gəlməz kamala nöqsan.
 
 
Dünyayi-dun qəmindən sayru olub sararma,
Aləmdə kimsə çün kim, bulmaz bu dərdə dərman.
 
 
Hirsü həsəd sifatın tərk eylə, ayrıl andan,
Neçin kim, ol sifətdən nacidir ayrılan can.
 
 
Çün əscədu buyurdu adəm qatında həq, gəl
Həqqin xitabına uy, qıl səcdə, olma şeytan!
 
 
Divin libasını qo, Xızr ilə yoldaş ol kim,
Zülmətdə zahir olmaz heyvana abi-heyvan.
 
 
Həqqin rizasın istə, qüfranə qabil ol kim,
Şol uca qədrü bəxtin kəsbi degildir asan.
 
 
Əbd olma, ey Nəsimi, fani cahana çün kim,
İmanü din içində sənsən əmirü sultan.
 
 
Olmazsa mülkü malın, andan nə qəm, nə qüssə,
Övladi-təyyibinsən, həm adəmü həm insan.
 
«Kim ki, aldandı cahanın ağulu ləzzatına…»
 
Kim ki, aldandı cahanın ağulu ləzzatına,
Düşdü şol mənsubəsi çox dünyanın şəhmatına.
 
 
Divi-məl’undur, saqın, əmmarə nəfsin mərkəbi,
Minmə, gər azğun degilsən nəfsi-şumun atına!
 
 
Də’va eylərsən ki, həqqi bilmişəm, sadiq degil,
Çün dəlilin yoxdur, ey münkir, anın isbatına.
 
 
Zülfü qaşın, kirpigindir tilkə ayatül-kitab,
Üştə müshəf, gəl bax anın surəvü ayatına!
 
 
Taətü zikrü namazı məkrü fəndir zahidin,
Arif ol, aldanma billah, zahidin tamatına!
 
 
Nəfxeyi-surun sədası dutdu afaqı, eşit,
Ey olan aşiq, həmirin ənkərəl-əsvatına!
 
 
Kafirin bütxanəsidir dünyanın kaşanəsi,
Yoxdur imanı anın kim, səcdə qıldı latına.
 
 
Cami-Cəmşid oldu hər şey, surətindən uy verür,
Ey günəş, feyzin irişdi aləmin zərratına!
 
 
Zatının eynidir Allahın süfatı, ey bəşər,
Leykin ol bildi bu rəmzi kim, irişdi zatına.
 
 
Surətin gör kim, nə müğləqdir anın mə’nisinə,
Kimsənin əqli irişməz kəndi idrakatına.
 
 
Çün camalından Nəsimi əbcədin qıldı tamam,
Eynü mimin əmməsindən irdi vəssafatına.
 
«Yoxdur vəfası dünyanın, aldanma anın alına…»
 
Yoxdur vəfası dünyanın, aldanma anın alına,
Rəngindən oldu münfəil, hər kim boyandı alına.
 
 
Nəqdi dəğəldir dünyanın, anınla bazar eyləmə,
Niçün ki, hər kim qəlb ilə eylərsə bazar, alına.
 
 
Çün cümlə qiylü qal imiş darül-qürurun hasili,
Şol bisəbatın düşməgil bihudə qiylü qalına.
 
 
Arısı yalandır, saqın, dadlusına aldanma kim,
Acıdır anın şəkkəri, ağu qatılmış balına.
 
 
Əsli dənidir dünyanın, zatında yoxdur bir əlif,
Tərkibinə gəl bax anın, şol yavü nunü dalına.
 
 
Fani cahanın sevgisi damu odudur yandırır,
Qaç ol qarıdan, ey könül, aldanma zülfü xalına.
 
 
Möhnətdir anın dövləti, zəhmətdir anın həşməti,
Müdbirdir ol kim, bağladı qəlbin anın iqbalına.
 
 
Təzvirü böhtandır işi, həm qövlü fe’li müxtəlif,
Halın sana şərh eylədim, fikr eylə anın halına.
 
 
Divi-rəcimin atıdır əmmarə nəfsin mərkəbi,
Tərk eylə divin atını, yapışma anın yalına!
 
 
Möhkəm oyunçudur fələk, mənsubəsindən gəl saqın,
Ey bibəsirət, bax anın şol surəti-əhvalına.
 
 
Şol bimisalın eşqinə verdi Nəsimi könlünü,
Dünya nola, ya axirət kim, qala mülkü malına?
 
«Yerin yağmur həyatıdır, həyat uçmaq nəbatıdır…»
 
Yerin yağmur həyatıdır, həyat uçmaq nəbatıdır,
Bahar onun səbatıdır ki, göstərər bu aləmdən.
 
 
Havada tutiyü qumru, çəməndə çəngü saz eylər,
Dutar ahəngini quşlar kimi zilü, kimi bəmdən.
 
 
Ağaclar hüllə puşindən, ya qönçə badə nuşindən,
Çəmən sərxoşi cuşindən, qədəh pürlə’li-şəbnəmdən.
 
 
Nə qafil evdə qalmışsan, sən ey qafil, bu mövsümdə,
Çü bülbül güldən ayrılmaz, ya aşiq yarü həmdəmdən.
 
 
Çü bilirsən sərəncamı, keçirmə püxtədən xamı,
Qənimət gör bu əyyamı, bu gün sən camı çək cəmdən.
 
 
Çü gördün güllər açılmış, suçular qeybə içilmiş,
Bulara qarşı biz daxi nuş etdik, içdik ol cəmdən.
 
 
Ələ gətir nigarını, ye, iç onunla varını,
Bu gün xoş keç qo yarını, qərəz xoş andır adəmdən.
 
 
Əyağa əl uralım uş, bu dəm eyşi sürəlim uş,
Dəmimiz xoş görəlim uş, neçələr qaldı bu dəmdən.
 
 
Gör ol salusü məhrumu, məni zöhd ilə qorxudur,
Sanasan kəndi dün gəlmiş bərat ilə cəhənnəmdən.
 
 
Bu asi qulların cürmü cahana imdimi gəldi,
Bizə ol dəmdə qalıbdır günah Həvvavü Adəmdən.
 
 
Nəsimi, asiyə uydun, vəli bunu dəxi duydun
Ki, cürmün bilənə rəhmət qılır həq matəqəddümdən.
 
«Gəl, ey dilbər, iki aləmdə cansan…»
 
Gəl, ey dilbər, iki aləmdə cansan,
Gəl, ey ruhi-rəvanım, sən nə cansan?!
 
 
Fələk üstündə heyrandır, mələk mat,
Nə dəryasan, nə gövhərsən, nə kansan?
 
 
Həyati-Xızr axar daim ləbindən,
Anınçün çeşmeyi-abi-rəvansan.
 
 
Gözündən fitnə yayıldı cahana,
Məgər kim, fitneyi-axırzamansan!
 
 
Saçın buyu Xətavü Rumu dutdu,
Bu buy ilə məgər ənbərfəşansan?!
 
 
Saçından çün bəlirdi küntəkənzən,
Bəyan eylə, bəyan, şərhi-bəyansan!
 
 
Cahan oldu bu gün hüsnündə mə’mur,
Məgər ki, hüsn ilə kişvərsitansan!
 
 
Cahanın səhl imiş sudü ziyanı,
Ziyansız aşiqə sən biziyansan!
 
 
Bəladır qamətin, amma və lakin
Bu qədd ilə bəlayi-nagəhansan.
 
 
Camalındır bu gün aləmdə, ey can,
Əyan oldu cahan, həqdən əyansan.
 
 
Dəmadəm hüsnünə heyran olur can,
Məgər kim, sən həyati-cavidansan!
 
 
Cahan yandı bu gün eşqin oduna,
Yaxarsan aşiqi, atəşzəbansan!
 
 
Səba zülfün tozunu yelə verdi,
Məgər kim, sünbüli-ənbərnihansan!
 
 
Mana sən nəqlini ərz etmə, vaiz,
Anınçün kim, yalançı qissəxansan!
 
 
Nəsimi çün səni buldu əzəldən,
Həqiqət bildi ki, sən laməkansan!
 
«Əgərçi candasan, candan nihansan…»
 
Əgərçi candasan, candan nihansan,
Degilsən candan ayrı, bəlkə cansan.
 
 
Kişi verməz nişan səndən əgərçi,
Yerü gög dopdolu külli nişansan.
 
 
Necə gizlədəyim məndən səni kim,
Nəyə kim baxıram, andan əyansan.
 
 
Xəcil eylər rüxün hüsn ilə ayı,
Məgər sən fitneyi-axırzamansan?
 
 
Ərəb nitqi dutulmuşdur dilindən,
Səni kimdir deyən kim, türkmansan?
 
 
Canı tərh eylədim, bezdim cahandan,
Səni bildim ki, can ilə cahansan.
 
 
Görən sənsən, görünən sən gözümdə,
Nə var söyləmisən, külli lisansan.
 
 
Həqiqət, vəhyi-mütləqdir bu sözlər,
Bu sözü bil kim, andan tərcümansan.
 
 
Nəsimi, çün bu gün dövran sənindir,
Cahanda xosrovi-sahibzamansan.
 
 
Ətəgin silk, əlin çək kün-fəkandan,
Nə axır zübdeyi-kövnü məkansan.
 
«Tərk eyləməz can eşqini, min gəz gər anı yaxasan…»
 
Tərk eyləməz can eşqini, min gəz gər anı yaxasan,
Hicrində layiq görmə kim, hər dəm bu canı yaxasan.
 
 
Ey istəyən didarını, Musa kimi mə’şuqənin,
Vacib budur eşqində kim, canı, cahanı yaxasan.
 
 
Axırzamanın fitnəsi, bürqə camalından götür,
Ta eşqə üzərlik kimi pirü cavanı yaxasan.
 
 
Ey eşqə münkir müddəi, gir aşiqin tövhidinə,
Ta sərbəsər içindəki şirkü gümanı yaxasan.
 
 
Anəstünarın sirrini faş etdi şəm’indən üzün,
Ta nuruna pərvanətək kövnü məkanı yaxasan.
 
 
Ey qiyməti eşqin gühər, könlümdür onun mə’dəni,
Çün kan gərəkdir gövhərə, niçün bu kanı yaxasan?
 
 
Namü nişanü şöhrətin afətdir əhli-eşq üçün,
Var, ey könül, cəhd eylə kim, namü nişanı yaxasan.
 
 
Canıma eşqin odu çün kar eylədi, yaxdı tamam,
Şimdi gərəkdir, qaliba, bağrımda qanı yaxasan.
 
 
Ey axıdan dürdanəyi kirpiklərindən dəmbədəm,
Eşqin odundan qorxuram k’abi-rəvanı11
  K’abi rəvanı – Ki abi-rəvanı, axar suyu.


[Закрыть]
yaxasan.
 
 
Ey lata tapan bibəsər, gəl gör bu mahın surətin,
Ta latü üzza başına deyri-muğanı yaxasan.
 
 
Çaxdı Nəsiminin dili Allahi-nurun sirrinə,
Ey nari-qüdsi, qandasan, ta ol zəbanı yaxasan.
 

Страницы книги >> Предыдущая | 1 2 3 4 5 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации