Электронная библиотека » Mişel Yoanq » » онлайн чтение - страница 1

Текст книги "Çingiz xan"


  • Текст добавлен: 6 декабря 2022, 08:01


Автор книги: Mişel Yoanq


Жанр: Биографии и Мемуары, Публицистика


Возрастные ограничения: +12

сообщить о неприемлемом содержимом

Текущая страница: 1 (всего у книги 10 страниц) [доступный отрывок для чтения: 3 страниц]

Шрифт:
- 100% +

Mişel Yoanq
Çingiz xan

At belində dünyanı fəth etmək çox asandır. Çətin olan atdan enib dünyanı idarə etməkdir.

Çingiz xan

I FƏSİL

Cənazəni basdırmağa aparanlar yolda qarşılarına kim çıxsa, öldürürdülər ki, «get o dünyada öz hökmdarına xidmət elə!»

Onlar belə düşünürdülər… Hökmdarları öləndə onun ən yaxşı atlarını da öldürüb yanında basdırırdılar ki, o dünyada miniyi olsun. Adətləri belədir…

Marko Polo

Matəm alayı

Salnaməçilər təsdiq edir ki, böyük xan – Çingiz ov zamanı atdan yıxılır. Elə o yıxılan bir daha ayağa dura bilmir. 1247-ci ildə indiki Monqolustandan qayıdan italiyalı rahib, Monqol imperiyası torpaqlarına səyahət edən ilk avropalı kimi tarixə düşən Covanni Plano Karpini (1182–1252) Roma papası IV İnnokentiyə xəbər çatdırır ki, ulu xaqanı ildırım vurub. Bəziləri isə kənizlərindən birinin ona zəhər içirdiyini söyləyirdilər.

Bir sözlə, xanın ölümünün əsl səbəbi barədə indiyədək müxtəlif versiyalar mövcuddur; biz isə məhz ilk varianta üstünlük verəcəyik.

Ömrünün son aylarında ölümün yaxınlaşdığını duyan Çingiz xan – Temuçin ən etibarlı sərkərdələrini və ilk qadınından olan iki oğlunu yanına çağırır. Məqsədi axırıncı göstərişlərini vermək, vəsiyyətini çatdırmaq idi.

O zaman ulu xaqanın altmış beş yaşı vardı, hərçənd bəzi qaynaqlara görə, böyük xan daha yaşlı idi: 70-i haqlamış, saçı-saqqalı çoxdan ağarmışdı…

Böyük xan ölüm yatağında var gücünü toplayır, di gəl, yenə qalxa bilmir. Qədim bir atalar sözündə deyildiyi kimi: «Monqol ki öz atından ayrı düşdü, ölməkdən başqa nə çarəsi var?»

Göylərin hökmü ilə dünyanı fəth etmiş Çingiz xanı ölüm yavaş-yavaş aparırdı. Bu həmin vaxtlar idi ki, onun qurduğu imperatorluq artıq bütün yer üzünü sarmışdı. Salnaməçilər də təsdiqləyirlər ki, «bu böyük ərazinin bir başından digər başına qədər birillik yol vardı».

Çingiz xan ölüm yatağında öncə öz nəhəng imperiyasını oğulları arasında böldü, sonra isə gələcək istila planlarını dəqiqliklə açıqladı. Salnaməçilər yazır ki, xan həmin vaxt yanında olan oğullarına və nəvələrinin hərəsinə bir ox verilməsini əmr edir. «Onu sındırın» – deyəndə hamısı əllərindəki oxu çox asanlıqla sındırır. Sonra xan oxları bir yerə dəstələyib dillənir: «İndi sındırın».

Heç kim bu bir qom oxu sındıra bilmir. Onda Çingiz xan öz törəmələrinə belə bir nəsihət verir: «Bu ox qoması kimi həmişə birgə olun ki, sizi heç vaxt təkləyib sındıra bilməsinlər».

…Ağı mərasimi bir neçə gün çəkdi. Sonra əsilzadələr, tayfa başçıları Çingiz xanın ilk qadını ağbirçək Börtənin yanına gələrək adət-ənənəyə uyğun şəkildə ona hörmət və ehtiramlarını bildirdilər. Bütün tayfa başçıları paytaxt Qaraqoruma gələnə qədər xeyli vaxt keçdi.

Nəhayət, şamanlar11
  Şaman – ruhlara, magiyaya inanan xalqlarda (əsasən, şimal xalqlarında) sehrbaz, ovsunçu, cadugər


[Закрыть]
mərhum xanı dəfn olunacağı dağa qaldırmaq üçün uyğun zamanın yetişdiyini söylədilər. Çingiz xanın cansız bədəninə qiymətli ipəkdən tikilmiş təmtəraqlı paltar geyindirdilər və onu tabuta qoydular. İç-içə keçirilmiş beş tabutdan ibarət olan xan sənduqəsini22
  Sənduqə – məzarın üzərindəki sinədaşı


[Закрыть]
bayraqlarla bəzədilmiş arabaya yerləşdirdilər, sonra isə onu göz yaşları içində son mənzilə yola saldılar.

Ənənəyə uyğun olaraq Temuçin dağları duman bürüyən vaxt nəhəng bir ağacın dibində dəfn olundu.

II FƏSİL

«Mən Tanrının cəzasıyam. Əgər heç bir günahınız olmasaydı, Tanrı sizi cəzalandırmağım üçün məni göndərməzdi»

Çingiz xan

Bozqırlar33
  Bozqır – Avrasiya materikinin arid kontinental iqlim zonasında susuz, ot bitkilərindən ibarət meşəsiz ərazi


[Закрыть]
oğlu

«Çingiz xanın əcdadı uca Tanrının (Səmanın) iradəsi ilə doğulmuş Börtə-Çino (Bozqurd) idi. Onun qadını Ko’ay-Maral (mənası: açıq-şabalıdı rəngdə olan Maral) idi. Onlar Onon çayının mənbəyində – Burxan-Xaldun dağında binə44
  Binə – əsasən, maldarlıqla məşğul olan əhalinin məskən saldığı yer


[Закрыть]
saldılar. Bu vaxt onların bir oğlu oldu – Bataki xan. Bataki xandan Tamaka, Tamaka xandan Korikar-merqan adında oğullar dünyaya gəldi…»

Monqol imperiyasını quran çingizilər və onların soy-kökündən bəhs edən «Monqolların gizli tarixi» adlı epik salnamə bu sözlərlə başlayır.

Bozqırlarda yaşayan sadə camaatın inancına görə, Çingiz xana qədər monqol əsilzadələrinin ulu babaları qurd və maraldan törəmişdilər.

Gələcəyin Çingiz xanı üstü keçə örtülü kasıb bir binədə – alaçıqda anadan olmuşdu. Monqol salnaməsində deyilir ki, körpə dünyaya gələndə barmaqlarını yumub sıxdığı sağ ovcunda qan laxtası vardı. Türk-monqol inanclarına görə, bu, gələcəkdə uşağın döyüş meydanlarında şöhrət qazanacağına bir işarə idi. Atası Yesugey oğluna onun anadan olmasına az qalmış məğlub elədiyi bir tatar döyüşçüsünün adını verir: Temuçin.

Əlbəttə, onun bu qərarı çoxunuza qəribə görünə bilər. Amma bozqır döyüşçülərinin inancına görə, yenilmiş düşmən öz enerjisini qalibə ötürməklə onun gücünə güc qatırdı.

«Temuçin» sözünün mənşəyi kimi türk-monqol kökənli «dəmir» (temur–dəmir) sözünü götürmək və onu «dəmirçi» kimi tərcümə etmək olar…

Körpənin atası kiyat adlı qəbilənin bir qolu olan Börçigin tirəsinin55
  Tirə – nəsil, tayfa


[Закрыть]
tayfa başçısı idi. O, dəfələrlə qonşu tayfalara qarşı döyüşlərdə iştirak etmişdi. Belə döyüşlərin birində «Bahadır» (yəni igid, cəsur) ləqəbini qazanmışdı. Sıradan bir boy başçısı olan Yesugey bahadır özünü kerait tayfasının hakimi elan etmiş Toğrul adlı birisi ilə ittifaqa girdi. Hərbi ittifaqlarını daha da gücləndirmək üçün Toğrul Yesugey bahadırla anda (qan qardaşı) oldu. O vaxt köçərilərdə belə bir adət vardı: daha yaxından dost olmaq istəyən iki kişi damarlarını çərtib qatıq dolu bir cama bir neçə damcı qan damızdırar, sonra da qarışdırıb yarı-yarıya içərdilər. Bununla da onlar qan qardaşı olardılar. Bu qan qardaşlığı sonralar Temuçinin taleyində əhəmiyyətli rol oynadı.

«Monqolların gizli tarixi»ndə (bundan sonra «Gizli tarix» adlandıracağıq) yer alan bir versiyaya görə, Yesugey öz gələcək həyat yoldaşıyla olduqca qeyri-adi bir şəraitdə rastlaşır: ov ovladığı əsnada merkit tayfasından bir atlının öz yurduna arabada gənc bir qadın apardığını görür. Yesugey qadını görən kimi qəlbi yerindən oynayır. Bu sanki ona Tanrının göndərdiyi bəxşiş idi. Dərhal ovu unudub atını öz binələrinə doğru çapır. Qardaşları Nukana-Tayşi və Daritayı yanına alıb bozqırda gördüyü gənclərin dalınca düşür. Gənclər bu qovalamacanın məqsədini çox tez başa düşürlər. Gənc qadın artıq hər şeyin gec olduğunu anladığından adaxlısını dilə tutur ki, aradan çıxsın. Oğlan da başqa çarəsinin qalmadığını görüb boz təpələrin arxasında qeyb olur. Yesugeylə yanındakılar heç bir çətinlik çəkmədən arabanı saxlayıb gözəl Oelunu əsir götürürlər… Bir müddət sonra isə həmin qəşəng qız Yesugey bahadırın qadını olur. Oelun axıradək Yesugeyin ən sədaqətli və sevimli xanımı olaraq qalır. Temuçindən başqa ona üç oğul bəxş edir: Cuçi-Kazar (Aslan), Kaçu-na və Temuge. Bir də, bir qız – Temulun. Yesugeyin o biri arvadından da iki oğlu olur – Bekter və Belgutey.

Bəs Yesugeyin bu qədər oğul-uşağı necə dolanırdı? Açığı, ailənin azuqə ehtiyatı o qədər də çox deyildi. Dolanışığın başlıca qaynağı olan maldarlıq bütün ailə üzvlərinin durmadan çalışmasını tələb edirdi. Uşaqlar körpə vaxtından mal-qoyun otarır, ormanlardan giləmeyvə toplayırdılar.

Temuçin güc və cəldlik tələb edən məşqlərdə olduqca qüvvətli və diribaş idi. Xüsusən də köçərilərin xüsusi əhəmiyyət verdiyi at çapmaqda! On yaşına çatanda atası onu nişanlamaq qərarına gəldi. Yesugey bununla həm də üzdə olan bir ailə və ya tayfa ilə qohum olmaq məqsədi güdürdü.

Monqolların öz tayfasından olanla evlənməsi yasaq idi. Ailə həyatı quranların dədə-babaları arasında heç bir qohumluq əlaqəsi olmamalı idi. Odur ki Yesugey oğlunu da yanına alıb yaxın adamlarının, bəlkə də, öz halal arvadının nişan verdiyi qonşu obalara axtarışa çıxır. Salnamədə deyildiyi kimi, yolu Oelunun mənsub olduğu onqxır tayfasına düşür. Tayfa başçısı Dey Setçenə (Müdrik Dey) gəlişinin məqsədini açıqlayaraq deyir ki, böyük oğluma qız axtarıram. İstisna edilmir ki, Yesugeyin həmin bəy barədə əvvəlcədən məlumatı varmış, yəni bura təsadüfi gəlməyibmiş.

Müdrik Dey Yesugeyi mehribanlıqla qarşılayır, Temuçinə nəzər salıb deyir: «Sənin oğlunun gözündə od, üzündə nur var». Sonra gecə gördüyü yuxunu danışır: «Gördüm eyni vaxtda Ayı və Günəşi qanadlarında saxlayan ağ bir şahin gəlib biləyimə qondu. Bu yuxu bizim elə bu xoş görüşümüzmüş, ağ şahin isə ancaq Temuçin ola bilər». Daha sonra Müdrik Dey qonağa öz qızını təqdim etməyi qərara alır: «Onun da on yaşı var, adı isə Börtədir».

Ertəsi gün Yesugey el adətincə Börtəyə elçi gəlir. Uzaqgörən Müdrik Dey şərt kəsir: «Razıyam, – deyir, – amma istərdim ki, Temuçin bir müddət mənim düşərgəmdə qalsın». Şübhəsiz, bununla o, gələcək kürəkəninin bacarıqlarını yoxlamaq istəyirdi. Yesugey razılaşır, ancaq bir məsləhət verir: «Oğlum itdən qorxur, onu nə özün itlə qorxut, nə də başqasına qorxutmağa imkan ver».

Beləcə, istəyinə çatan – oğlunu adaxlayan Yesugey öz yurduna dönmək üçün yola çıxır.

Bu zaman o, qarşılaşacağı faciəli ölümdən hələ xəbərsiz idi…

III FƏSİL

Onlar inəkləri sağmalı, sürüləri otarmalı, ən əsası isə bir yerdən başqa yerə sürməli idilər. Bir neçə həftə, bəzən də bir neçə gün ərzində obanın dörd bir tərəfində otlar quruyur, bu zaman başqa bir yerə köçmək lazım gəlirdi. Çadırları sökmək, yağ, qatıq və qımız düzəltmək, atlara, dəvələrə qulluq eləmək – bunlar bütün tayfalar üçün köçdən əvvəl xüsusi hazırlıq tələb edən adi məşğuliyyət idi.

Kapitan Mayn Rid «Yad xalqlar»

Yetim Temuçin

Yesugey doğma yurduna qayıdarkən Xirake’er (Sarı düz) deyilən yerin yanından keçməli idi. Burada, adətən, monqol və onqxır tayfalarının köçü düşürdü. Amma bu dəfə o, bir tatar obasına rast gəlir.

Yesugey sıçrayıb atdan düşdü. Tatarlar qonağı mehriban qarşıladılar, ona şərbət ikram etdilər. Lakin sonra məlum olacaqdı ki, onlar şərbətin içinə təsir müddəti uzun sürən ağu qatıblarmış. Bunun səbəbi nə idi: şəxsi qisas, yoxsa tayfalararası düşmənçilik? Məlum deyil. Bütün hallarda bircə o bəllidir ki, tatarların Yesugeylə hansısa haqq-hesabı olub və onu tanıdıqdan sonra belə bir sui-qəsdə qərar veriblər. Yesugey isə, görünür, köhnə düşmənlərini tanımayıbmış…

Tatarlardan ayrıldıqdan bir müddət sonra onun halı pisləşir. Onqxırların obasına çatanadək Yesugey yəhərin üstündə özünü güclə saxlayaraq düz üç gün yol gəlir. Onu atdan düşürüb ən yaxındakı çadırların birinə aparır, yatağa uzadırlar. Yesugey artıq ölümün yaxınlaşdığını hiss edir. Munlik adlı gənc bir oğlan can üstə olan bahadıra tərəf əyilir. Yesugey oğlanın qulağına bunları deməyə macal tapır: «İçim yanır… Gözün körpələrimin üstündə olsun. Bir də, dul qalacaq xanımımdan muğayat ol. Oğlum Temuçini də gətirərsən…» Belə deyib canını tapşırır. Belə çıxır ki, Munlik Temuçindən bir az böyük olduğuna görə oğlunu evə gətirməyi ona vəsiyyət edir. O da dərhal Yesugeyin son vəsiyyətini yerinə yetirib balaca Temuçini götürmək üçün Müdrik Deyin obasına yollanır.

Munlik Yesugeyin ölümünü gizlədir. Dey Setçenə uşağın öz atası üçün çox darıxdığı barədə xəbər aldıqlarını, odur ki onu aparmağa gəldiyini söyləyir. Bu, ağıllı fikir idi, əks halda Temuçin yetim qaldığı üçün Dey Setçenin yanında yarınökər vəziyyətinə düşəcəkdi. Müdrik Dey gələcək kürəkənini aparması üçün Munlikə icazə verir.

Ağır günlər

On yaşında yetim qalan Temuçin çoxuşaqlı ailənin böyük oğlu kimi çətin, məhrumiyyətlərlə dolu günlər yaşamalı oldu. «Ailə başçısı» vəzifəsi onun yeganə dayağı olan anası Oelunun boynuna düşdü. Ərinin ölümündən sonra tayfadaxili ixtilafların güclənməsi Oelunun təklənməsinə gətirib çıxardı. Sonda isə Yesugeyin ailəsini sürgün etmək qərarı verildi.

Oelun tayfa daxilindəki düşmənlərinə qarşı mərdliklə müqavimət göstərirdi. Ancaq qohumlarının hamısı ondan üz çevirdiyindən o, çətin vəziyyətdə qalmışdı. Qısa bir zamanda Yesugey ailəsini saya salmaq istəməyən tayciut xanı Ambakayın iki dul arvadı ilə gənc xanım arasında qalmaqal çıxdı. Dul qadınlar Yesugeyin xanımını ölülərin ruhuna yemək-içmək ikram edildiyi dini mərasimə dəvət etmədilər. Bu həmin vaxt həqarət sayılırdı, üstəlik, gənc qadını tayfanın dini mərasimlərindən tamamilə uzaqlaşdırmaq və düşmən hesab etmək anlamına gəlirdi. Belə olan halda Oelunun özü mərasimə qatıldı və ona qarşı təhqiramiz münasibəti açıq-aşkar qınadı. Qalmaqal böyüdü. Qarşılıqlı təhqirlərə keçdilər. Bütün tayciut tirəsi Oeluna qarşı çıxdı. Axırda Oelun və onun ailəsinə bəyan elədilər ki: «İstəsək, analı-oğullu hamınızı quru yurdda qoyub sürülərimizi yaylaqlara sürər, heç birinizi özümüzlə götürmərik!»

Elə bununla da biryolluq araları dəydi: tayciut tirəsindən olanlar başladılar alaçıqlardan əşyalarını yığışdırmağa. Barxanalarını bağlayıb ata-ulağa yüklədilər. Qadın və uşaqları arabalara mindirib ata süvar olan kişilər keçmiş başçılarının ailəsini təkbaşına qoyaraq sürüləri qabaqlarına qatıb binələrindən çıxdılar. Təkcə gənc Munlikin atası olan qoca Çaraka buna qarşı çıxıb hay-küy saldı. Atlıların dalınca qaçaraq onları yoldan saxlamaq istədi. Ancaq heç kimin onu saya salmadığını görüncə dərdini bu sözlərlə dilə gətirdi: «Dərin quyu qurudu, parlaq daş-qaş heç oldu». Bu vaxt qocanın kürəyinə namərdcəsinə kiminsə süngüsü saplandı. Çaraka Oelunun çadırına qədər birtəhər süründü, son kərə dilindən Yesugey bahadırın adı çıxdı. Sanki bununla o, Yesugeyin ölümündən sonra tayfaya düşən ixtilafa üsyan edirdi.

Temuçin bütün bu baş verənlərdən keçirdiyi dərin sarsıntı içində alaçıqdan çıxıb çöllüyə qaçdı. O, tək qalmaq istəyirdi, bu istəyi isə gələcək çətinliklərlə necə mübarizə aparacağını düşünmək ehtiyacından doğurdu. «Gizli tarix»də bu, Çingiz xanın birinci əsas xarakterik xüsusiyyəti kimi qeyd olunur.

Yaxınları tərəfindən tərk edilən və bir çətən külfətlə quru yurdda qalan Oelunun həmin ağır günlərdə nələr çəkdiyini təsəvvür etmək çox da çətin deyil. Bununla belə, Oelun üzləşdiyi məhrumiyyətlər qarşısında sınmadı: o özünə sadiq olan təbəələri bir yerə yığaraq düşmənlərinə qarşı savaş bayrağı qaldıra biləcək qədər cəsarətli qadın idi!

Sərgərdanlıq illəri

Boqtağını (qadın fəsi) gözünün üstünə basıb Onon çayının axarı boyu aşağı-yuxarı gəzə-gəzə giləmeyvə toplayan Oelun, beləcə, uşaqlarının qarnını az da olsa, doyura biləcəyinə ümid edirdi…

Çingiz xanın dövründə türk-monqol tayfaları iki əsas tirədən ibarət idi. Bunlardan biri ovçular və meyvəyığanlar tirəsi idi. Onlar Baykal gölünün meşəlik ərazilərindən böyük Balxaş gölünə qədər olan geniş sahəyə yayılmışdılar. Digəri isə köçəri çobanlar tirəsi idi ki, onlar da dağlıq Altaya doğru 1500 km məsafədə uzanan ucsuz-bucaqsız çöllərdə sürülərini otarmaqla məşğul idilər.

Ovçular öz ərazilərini nadir hallarda tərk edirdilər. Çünki həmin ərazilər onlar üçün əsas qida mənbəyi idi. Onlar dolanışıqlarını ovçuluqla təmin edir, eyni zamanda ovladıqları heyvanların dərisindən paltar tikir, sümüklərindən, buynuzlarından müxtəlif məişət əşyaları hazırlayırdılar. Ovçular kiçik qruplar şəklində ağac daxmalarda, ya da yer damlarında yaşayırdılar. Qışda hərəkət edə bilmək üçün sürçəklərdən (ayaq xizəyi) yararlanan bu tirənin mənsubları iribuynuzlu heyvanların müxtəlif növlərini (yak66
  Yak – Tibetdə yetişdirilən, iri buynuzları və uzun tükləri olan, gövşəyən iri heyvan


[Закрыть]
, inək, maral) əhliləşdirə bilmişdilər. Həmin heyvanların ətindən və südündən geniş istifadə olunurdu. Yaxınlıqda axar çay vardısa, tor və ya harpunla balıq tuturdular.

Yeri gəlmişkən, monqolların həyat tərzi bizə «nomad» sözünün ilkin mənasını xatırladır. «Nomad» – yunanca «nomas» sözündən törəyib «köçəri», «çoban» deməkdir.

…Temuçin və qardaşları, əsasən, güc, qüvvə yox, zirəklik, diribaşlıq tələb edən işlərlə məşğul idilər: onlar bütün günü giləmeyvə toplayır, qarmaq və ya tor vasitəsilə balıq tuturdular. Onların qarınlarını doyuracaq qədər qida toplaya bilməsi özlərinin məharətindən asılı idi. Bundan başqa, Yesugeyin dul qalmış cavan arvadının balaca bir mal-davar sürüsü vardı: yüz başa yaxın qoyun-keçi, at ilxısı və arabaya qoşmaq üçün öküzləri… Oelunun ətrafı isə hələ də böyük deyildi: bura yaxın qohumlarının az bir hissəsi, hələ də Yesugeyin ruhuna sədaqət nümayiş etdirən dostları, bir də, xidmətçilər daxil idi. Onlar əl-ələ verib sağ qalmaq uğrunda amansız mübarizə aparırdılar. Aralarında aydın iş bölgüsü vardı: arabaları, bir qayda olaraq, qadınlar idarə eləyirdilər, bir yerdən başqa bir yerə köçərkən çadırların dirəklərini, keçə örtüklərini də qadınlar sökür, onları arabalara da qadınlar yükləyir və ya boşaldırdılar. İnəkləri sağmaq, yağ tutmaq, qurut (qurudulmuş süzmə) hazırlamaq, gön-dəri aşılamaq və onlardan pal-paltar tikmək – bunlar da ev xanımlarının işləri sayılırdı. Kişilər isə ox-yay, yəhər-yüyən, araba hazırlayır, atları, dəvələri otarır, madyanları sağıb südündən qımız, eləcə də qımızı saxlamaq üçün tuluq düzəldirdilər.

Temuçin isə öz qardaşları ilə (eləcə də nökər-naibləriylə!) yuxarıda da dediyimiz kimi, gündəlik işlərlə məşğul olurdu. O, boş vaxt tapan kimi ulu əcdadlarının hələ üç min il öncə əhliləşdirdiyi atları minib çapmağı öyrənir, mahir miniciliyinə görə həmişə yaşıdlarından fərqlənirdi.

Yeri gəlmişkən, köçərini öz atından ayrı təsəvvür etmək mümkün deyil; ondan ötrü at – hərəkətin, yeyinliyin və azadlığın rəmzi, simvoludur…

Mərkəzi Asiya bozqırlarında

Temuçinin günləri giləmeyvə toplamaq və ya tayqanın cəngəlliklərində ov ovlamaqla bərabər, mal-qara otarmaq və heyvanları enəməklə77
  Enəmək – burada sahibinin öz heyvanını tanıması üçün onun qulağını müxtəlif formada kəsib işarələməsi nəzərdə tutulur


[Закрыть]
keçirdi.

Oelunun keçə örtülü bir neçə alaçıqda yaşayan ailəsi bəzən azuqə tapmaqda çətinlik çəkir, həftələrlə sincab və ya balıqla qarnını doyurmalı olurdu. Belə zamanlarda uşaqlar arasında çəkişmə düşürdü. Salnaməçilərin verdiyi məlumata görə, Temuçinin on iki–on üç yaşı olanda çaydan tutduqları balıq üstündə qardaşları ilə sözü çəp gəlibmiş. Belə ki, o, qardaşı Cuçi-Kazarla birləşib digər qardaşları Bekter və Belguteyin üstünə düşmüşdülər ki, tutduqları balığı onlar oğurlayıb. Axırda məsələni aydınlaşdırmaq üçün analarına müraciət edirlər. Lakin anaları tədbirli qadın olduğundan oğullarından heç birinin tərəfini saxlamır. Onlara izah eləyir ki, güc birlikdədir, illah da ki bir bədbəxtçilik baş verəndə: «Böyük, ya da kiçik, nə fərqi var? Siz qardaşsınız. Bir-birinizə qarşı belə davranmaq sizə yaraşarmı? Öz kölgəmizdən başqa, bilin ki, dostumuz yoxdur».

Ancaq Temuçin və qardaşı Cuçi-Kazar bu öyüdü qulaqardına vururlar. Onların çılğın və kinli xarakteri tezliklə faciəyə səbəb olur. Bir dəfə uşaqlar təzəcə vurduqları torağay üstündə yenidən mübahisə edirlər. Temuçin ilə Cuçi-Kazar Bekteri oxlayır. «Gizli tarix» təsdiqləyir ki, bu, düşünülmüş qətl olub: Temuçin kürəyində gizlətdiyi oxla arxadan ögey qardaşına yaxınlaşır. Eyni vaxtda Cuçi-Kazar da qarşıdan ona sarı gəlir. Bekter qardaşlarına analarının öyüdünü xatırladıb aman diləyir. Ancaq hədər yerə… İki qardaş bir yerdə onu oxun hədəfinə çevirirlər. Temuçin və qardaşının başlarını aşağı salaraq gəldiyini görəndə Oelun məsələnin nə yerdə olduğunu anlayır. Öz doğma oğullarını ögey qardaşlarını qətlə yetirdiklərinə görə o ki var söyür, danlayır. Onlara qarğışlar yağdıraraq hay-həşir salır, böyük oğlunu «yenicə doğduğu küçükləri dişləyən it», «öz balalarını yeyən vəhşi ördək» adlandırır.

Bu cür soyuqqanlılıq, qisasçılıq və başqasının həyatını yox saymaq, yəqin ki, yeniyetməlik illərindən Temuçinin xarakterinin əsas cəhətlərindən idi. Bekterin qətli gələcəklə bağlı bir həqiqətdən xəbər verirdi: Temuçin iradəsinə qarşı çıxanı, hətta qardaşı belə olsa, tərəddüd etmədən öldürməyə qadirdir!

IV FƏSİL

«Monqollar düşmən görəndə ona yaxınlaşar, hərəyə üç-dörd ox atarlar. Əgər bununla onların geri çəkilməsinə nail olmazlarsa, geri dönər, hiyləgərliklə düşməni özlərinə cəlb edib əvvəlcədən hazırladıqları tələyə salarlar. Yazıq onları qova-qova tələyə düşən düşmənin halına; tatarlar bir göz qırpımında onları dövrələyib məhv edərlər».

Plano Karpini

Tarğıtay-Kuriltikin qorxusu

Oelun bir zamanlar övladlarını yanına çağırıb deyəndə ki, onların öz kölgələrindən başqa dostu yoxdur, bu fikrində əsla yanılmamışdı. Zamanın sərt sınaqları qardaşları tədricən bir-birinə daha möhkəm tellərlə bağlamağa başladı. Yesugeyin oğlanları bərkdən-boşdan çıxıb möhkəmlənən qurd əniyi88
  Ənik – yırtıcı heyvan balası


[Закрыть]
kimi yavaş-yavaş gücə, qüvvətə dolurdular. Başlarına gələn bədbəxtliklər onları nəinki sındıra bilmiş, əksinə, daha da bərkitmişdi.

Oğlanların hər çətinliyə mətanətlə sinə gərmələri barədə deyilənlər tezliklə tayciutların başçısı Tarğıtay-Kuriltikin də qulağına çatdı. Bu həmin Tarğıtay-Kuriltuk idi ki, öz qolbəyilərinə Oelun və onun yaxınlarını tərk etməyi tapşırmış, bununla da Yesugeyin ailəsini təkbaşına qoymuşdu.

Tarğıtay-Kuriltik təlaşlanmağa başlamışdı, çünki Temuçin və qardaşlarının ondan qisas almaq fikrinə düşəcəklərindən qorxurdu. Bu səbəbdən də o nə qədər gec deyil, Yesugeyin övladlarının başını əkmək fikrinə düşdü. «Hələ cücədirlər, nə qədər ki böyüyüb qartal olmayıblar, başıma bir çarə qılmalıyam» – Tarğıtay-Kuriltik belə fikirləşirdi.


Страницы книги >> 1 2 3 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации