Электронная библиотека » Mişel Yoanq » » онлайн чтение - страница 2

Текст книги "Çingiz xan"


  • Текст добавлен: 6 декабря 2022, 08:01


Автор книги: Mişel Yoanq


Жанр: Биографии и Мемуары, Публицистика


Возрастные ограничения: +12

сообщить о неприемлемом содержимом

Текущая страница: 2 (всего у книги 10 страниц) [доступный отрывок для чтения: 3 страниц]

Шрифт:
- 100% +
Temuçinin oğurlanması

Günlərin bir günü Yesugeyin ailəsinin yaşadığı obanın yaxınlığında bir bölük tayciut atlısı peyda oldu. Bir neçə çadırdan ibarət ailə və məiyyəti yaxınlaşan təhlükəni, əslində, əvvəlcədən hiss eləmişdi. Ancaq qəfildən üstlərini alan bu qədər silahlı kişiyə qarşı neyləyə bilərdilər? Qaçmaqdan başqa çarə yox idi. Ən böyük təhlükə, şübhəsiz, o vaxt on beş yaşında olan Temuçinin başı üstünü kəsdirmişdi. Tarğıtay-Kuriltik, ilk növbədə, onu aradan götürmək fikrində idi. Bu səbəbdən də Temuçin vaxt itirmədən atının belində aradan çıxıb ətraf meşəliklərdə gizləndi. Qardaşları da arxasınca…

Tələm-tələsik ağac budaqlarından qırıb qalaq bağladılar ki, həm arxasında gizlənsinlər, həm də düşmənin ox yağışından qoruna bilsinlər.

Əslində, tayciutlar məsələni dinc şəkildə, qansız-qadasız yoluna qoymaq niyyətində idilər. «Əgər Temuçini bizə təslim etsəniz, sakitcə öz obamıza qayıdacağıq», – onlar Oeluna ismarıc yolladılar. Anlayanda ki, bu bazarlıq onun başındadı, Temuçin bir az da uzağa qaçıb sıx cəngəllikdə gizləndi. Tayciutlar yeniyetməni gizləndiyi yerdə tapmayınca tələsik küknar və qaraşam ağaclarının arasını gəzməyə başladılar. Tarğıtay-Kuriltik silahdaşlarına meşənin girişini nəzarətə götürməyi əmr etdi. Onun hesablaması belə idi ki, çox keçməz yeniyetmə oğlan gizlənməkdən yorular, ya da susuzlayar, aclıq onu taqətdən salar, beləliklə, təslim olmaq məcburiyyətində qalar. Lakin Yesugeyin cəsur oğlundan xeyli müddət xəbər çıxmadı.

Sonra isə Temuçin öz sevimli atının belində bir neçə dəfə mühasirəni yarmaq istəsə də, düşmənin keçilməz sipəri ilə qarşılaşıb geri çəkilməli, yenidən gizlənməli oldu. «Gizli tarix»in yazdığına görə, o, düz on gün meşədə qaldı. Nəhayət, gizləndiyi yerdən sivişib çıxmağa çalışarkən bədbəxtlikdən onu güdənlərin əlinə keçdi. Dərhal Temuçinin əl-qolunu dəridən hazırlanmış kəmərlə bağlayıb tayciutların başçısına təhvil verdilər.

Tarğıtay-Kuriltuk həmin dəqiqə onu öldürə bilərdi, ancaq nədənsə oğlana əl qaldırmadı. Onun mərdliyinəmi qıymadı, yoxsa ona yazığımı gəldi, yaxud öz planını sonrayamı saxladı? Bu sualın cavabı indiyədək məlum deyil. Ancaq bununla belə, o öz adamlarına əsirin boynuna kündə keçirməyi əmr etməklə kifayətləndi. Qədim zamanlardan Çində istifadə olunan bu qandal növü həm qorxulu, həm də dəhşətli idi. Ağacdan hazırlanan bu cür buxovdan adamın başını az qala ayağına tikib təhqiramiz şəkildə saxlamaq üçün istifadə olunurdu. Beləliklə, Temuçin günlərlə bu vəziyyətdə qaldı. Bu şəkildə onu oba-oba gəzdirirdilər ki, hamı ona gülsün, ələ salsın, məzələnsin.

Alçaldılan, bu səbəbdən də içindəki nifrət hissi getdikcə güclənən, quduzlaşmağa başlayan Temuçin qisas yanğısı ilə alışıb-yanırdı. Lakin öncə qaçmağa fürsət tapmalı idi.

Qədim qaynaqlarda deyildiyi kimi, «yayın ilk doğan Ayının on altıncı günü qırmızı halə çağında» tayciutlar Onon çayının sahilində bayram eləyirdilər. Əsirə nəzarəti sütül bir oğlana tapşırmışdılar. Temuçin o saat anladı ki, bir az əlli-ayaqlı tərpənsə, bu incə-mincə nəzarətçini aradan çıxara bilər. Çayın sahilində hamı nəşələnib ucadan, boğaz dolusu oxuyurdu, əsir heç kimin vecinə deyildi. Temuçin fürsətdən istifadə edib gənc qarovulçuya yaxınlaşdı, qəfildən üstünə sıçrayıb onu öldürərək aradan çıxdı. Çay lap yaxından axırdı. Tərəddüd etmədən suların qoynuna atıldı və özünü axının ixtiyarına buraxdı.

Başı, ayağı əvvəlki təki buxovlu olan Temuçinin bu cəldliyi, çevikliyi və iradəsi, həqiqətən, heyrətamizdir!

Hay-haraya ayağa duran tayciutlar vaxt itirmədən onu axtarışına başladılar; qamışlıqların, kolluqların arasını ələk-vələk elədilər. Ay bədirlənmişdi. Qaranlıqdan göz gözü görmürdü. Bu isə həm Temuçinin, həm də tayciutların işini çətinləşdirirdi.

Bu arada bəxt Temuçinin üzünə güldü: nə təhər oldusa, axtaranlardan biri onu gördü. Əlbəttə, düşünə bilərsiniz ki, bunun nəyi yaxşıdır? Sualın cavabını birazdan öyrənəcəksiniz.

Yesugeyin cəsur oğlu hələ də başı, ayağı ağac kündəyə bağlı, buxovun ağırlığından iki qatlanmış halda idi. Onu görən adam isə Sorkan-Sira idi: tayciutların vassalı! Lakin nədənsə o, Temuçini gördüyünü kimsəyə demədi, susdu. Yazığımı gəldi, Yesugey qarşısında hansısa borcundanmı çıxdı, yoxsa tayciutlarla arasında ədavətmi vardı? Bu suala da cavab vermək mümkün deyil. Lakin fakt budur ki, Sorkan-Sira Temuçini görüncə axtarışın yönünü dəyişdirdi, bununla da oğlan təhlükədən sovuşdu. Bütün gecəni boş-boşuna gəzməkdən yorulan tayciutlar axtarışı sabaha saxlayıb çadırlarına dağılışdılar. Onlar əmin idilər ki, boynunda kündə olan, üstəlik, atsız və silahsız bir adam çox da uzağa gedə bilməz…

Sorkan-Siranın bu yaxşılığını qiymətləndirib gizlicə öz doğma yurduna qayıtmaq əvəzinə Temuçin başqa yol seçir. O, xəlvətcə tayciutların obasına qayıdır və özünü xilaskarının alaçığına salır. Bu müdrik bir addım idi. Belə ki, əgər ev yiyəsi onu gizlətməkdən boyun qaçırardısa, onda Temuçin başqa üsula əl atacaqdı: Sorkan-Siranı hədələyəcəkdi ki, onu gördüyü halda yoldaşlarına xəbər verməyib!

Sorkan-Sira əvvəlcə Yesugeyin oğluna qonaqpərvərlik göstərmək istəmir, çünki qətlə yetiriləcəyindən qorxur. Ancaq oğulları yalvarıb-yaxarır ki, Temuçinin istəyinə yox deməsin. Bundan sonra ev sahibi onu buxovdan azad edir, gizlədir, özünə gəlməsi, gücünü bərpa etməsi üçün əlindən gələni əsirgəmir.

Ertəsi gün tayciutlar ikiqat əzmkarlıqla hər tərəfi ələk-vələk eləyib Temuçini tapmadıqdan sonra alaçıqları axtarmaq qərarına gəlirlər. Sorkan-Sira qonağını alaçıqdan xəlvətcə çıxıb çadırın yanındakı içi yun dolu arabada gizlənməyə razı salır. Tayfa başçısının adamlarından biri gəlir, uzun ətəyini çərməyib arabadakı yunun içinə baxmaq istəyəndə Sorka-Sira bu dəfə də cəld tərpənib Temuçini xilas edir. «Belə cəhənnəm istisində yunun içinə girmək özünü oda atmaq kimi bir şeydir. Buna yalnız ağlını itirmiş adam cəhd edə bilər», – deyə söz atır. Sorkan-Siranın sözlərini həqarət kimi qəbul edən həmin şəxs başçının dəstəsiylə oradan uzaqlaşır.

Temuçin həmin dəqiqə arabadan çıxır. Birtəhər özünə gəlir. Ona qızardılmış quzu və iki tuluq süd olmaqla yol azuqəsi qoyurlar. Sorkan-Sira öz səxavətini bir daha göstərir: oğlana yay-ox, bir də, at bağışlayır.

Temuçin doğma obasına doğru yola düzəlir. Sağ-salamat öz ailəsinin yanına qayıdan gənci qəhrəman kimi qarşılayırlar. Bununla o da öz yaxınları arasında layiq olduğu yeri tutur.

Obadakılar məşvərətə toplaşır, axırda qaldıqları düşərgəni tərk edib tayciutlardan mümkün qədər uzaqda binə salmağa qərar verirlər. Tezliklə Kentey dağlarının ucqarındakı Mavi göl yaxınlığında məskunlaşırlar…

Ov

Belə yerdə at sürəklərindən başqa elə bir əyləncə yoxdur. Köçərilərin indiyə qədər yaşatdığı bu at yarışlarında yəhər üstündən əyilərək yerdəki papağı, şalı, ya nəyisə dişləriylə götürmək, atı var gücüylə çaparaq yerə basdırılmış ağac parçasını nizə ilə vurmaq kimi bacarıqlar sərgilənirdi. Bundan başqa, ov ovlamaq da sevimli əyləncələrdən biri olmaqla yanaşı, həm də gündəlik azuqə ehtiyatını təmin etmək üçün vacib məşğuliyyət idi…

Sonralar on minlərlə döyüşçüyə başçılıq etdiyi vaxtlarda belə Temuçinin ov ehtirası sönməyəcəkdi.

Temuçin uşaqlıq çağlarından etibarən ova təlim keçmiş qartallarla çıxırdı. Qartalla ov etmək monqollarda şərəfli bir iş sayılırdı. Ən azı ona görə ki bu yırtıcı quşa ovun sirlərini öyrətmək, onu ələ alışdırmaq böyük ustalıq tələb edirdi…

Yesugeyin cəsur oğlu erkən yaşlarından xüsusilə sürək ovlarında kifayət qədər iştirak eləmişdi. Bu həmin vaxtlar idi ki, onda ailənin vur-tut on ədəd qatıra bənzər atı vardı; çətin dövr idi. Günlərin bir günü tayciutlar bunların səkkizini oğurladılar. O zaman belə oğurluqlar geniş yayılmışdı və bu cür hadisələr nəsildən-nəslə keçərək qanlı qisasçılıq zəncirinə çevrilirdi. Səkkiz atın oğurlanması Temuçinin ailəsini çətin vəziyyətdə qoydu. Əlində qalmış vur-tut iki atla neyləmək olardı? O vaxtlar mal-qara sürüsünü piyada otarmaq mümkün deyildi. Temuçin olub-qalan iki atdan birini yəhərləyib yüyənlədi, vaxt itirmədən oğruların izinə düşdü. İki gün onların iziylə getdi. Bəxtindən bir çobana rast gəldi. Çoban bir bölük atlının səkkiz atı qabaqlarına qatıb apardığını ona xəbər verdi. Hətta atları bir-bir rəngləriylə təsvir də elədi. Bu, Temuçinə bəs elədi ki, həmin atların özününkü olduğuna şübhə yeri qalmasın. O, gənc çobanı da yanına alıb yenidən oğruların dalınca götürüldü. Axırda cavanlar oğrulara yetişib oğurladıqları atları dava-dalaşsız onların əllərindən aldılar.

Öz ilxısına yenidən sahib olan Temuçin atların yarısını Boorçuya – ona yoldaşlıq eləmiş çobana vermək istədi. Ancaq cavan oğlan bundan imtina elədi, üstəlik, bunu da dedi ki, indən belə daim Temuçinə yardım əli uzatmağa hazırdır. Onun alicənablığı Temuçinin qəlbindəki incə telləri tərpətdi və qısa zaman içində bu gənclər arasında ömürboyu sürəcək dostluq yarandı. Boorçu dostunu öz atasının yanına apardı. Qovrulmuş əmlik quzu qonaqlığından sonra Temuçin doğma obasına qayıtdı.

Verdiyi sözü tutmaq…

İllər ötdükcə Temuçin və onun yaxınlarının dolanışığı əhəmiyyətli dərəcədə yaxşılaşmağa başladı. Onlar cah-calallı həyat sürməsələr də, hər halda, gün-güzəranları pis də keçmirdi.

Temuçinin ilxısı bir-birindən gözəgəlimli daylarla, dayçalarla bir az da böyüyür, yamyaşıl vadilərdə ot qırpa-qırpa oynaqlaşır. Mal-qaranın sayının artması ailəni gözləyən daha yaxşı gələcəkdən xəbər verirdi…

Belə bir vaxtda artıq yetkinlik yaşına çatan Temuçin Dey Setçenlə münasibətlərini bərpa etməyi qərara alır. Yesugeyin ölümündən sonra, yeddi ilə yaxın idi ki, onlar görüşməmişdi. Temuçin Müdrik Deyin qızıyla nişanlandığını unutmamışdı. Günlərin bir günü o, ögey qardaşı Belguteylə birlikdə adaxlısı gənc Börtəni görməyə gedir. Bu vaxt Börtənin artıq on altı yaşı vardı. Bəd gələn illərə – Yesugeyin faciəli ölümünə və aradakı gediş-gəlişin kəsilməsinə baxmayaraq Müdrik Dey sözünün üstündə durur, vədinə əməl edir: qızını Temuçinə ərə verir.

Temuçinin adaxlısı üçün nə qədər başlıq verdiyi məlum deyil. Ancaq gəlinin cehizi içində qayınanası üçün nəzərdə tutulmuş «sitkul» deyilən bir hədiyyə vardı. Bu hədiyyə sonralar Temuçinin yüksəlişində böyük rol oynamış, xaqanlara layiq samur xəzi idi…

Beləliklə, Temuçin evlənir. Var-dövlət sahibi olmasa da, indi onun daim güvəndiyi doğmalarının sırasına bir nəfər də əlavə olunmuşdu: bu onun həyat yoldaşı – xanımı idi. Artıq məhrumiyyətlərlə dolu ağır illər geridə qalmışdı. Temuçinin daha böyük hədəfləri vardı: o digər tayfalarla əlaqələr qurmaq, öz təsir dairəsini genişləndirmək barədə düşünürdü. Bu işdə isə xanımının böyük köməyi dəyəcəyini qısa vaxtda anladı. Börtə ağıllı, mətin və tədbirli qadın idi. Odur ki, həqiqətən də, qısa zamanda Temuçinin ən yaxşı məsləhətçisinə çevrildi. Hətta bir çox hallarda Börtənin məsləhətləri Temuçinin qərar verməsində həlledici rol oynayırdı.

Sonralar Temuçin çoxlu arvad və kənizlərə sahib olsa da, ilk xanımına qarşı bağlılığı ömürlük davam etdi.

Toğrula sədaqət andı

Temuçin atasının ölümündən sonra qüvvədən düşən bir çox anlaşmaları, münasibətləri yavaş-yavaş bərpa etməyə başladı. Bunlardan biri Temuçinin gələcəyi baxımından xüsusi əhəmiyyətə malik idi.

Məsələ burasındadır ki, Yesugey qüdrətli vaxtlarında özünü «keraitlərin hakimi» elan etmiş Toğrula taxt-taca yiyələnməkdə ciddi dəstək vermişdi.

Yesugeyin ölümündən sonra keraitlərlə əlaqə kəsilmişdi. Odur ki günlərin bir günü Temuçin bu tayfa və onun başçısı ilə münasibətləri bərqərar etmək fikrinə düşdü. Bu, vaxtında verilmiş qərar idi.

Temuçin doğma qardaşı Cuçi-Kazarla ögey qardaşı Belguteyi özü ilə götürüb dünyanın ən dərin gölü olan Baykala tökülən Tuul çayının sahilinə gəldi. Keraitlər məhz bu ərazidə yaşayırdılar. Onların mənşəyi barədə məlumatlar ziddiyyətlidir: XII əsrə qədər bu tayfa haqqında heç nə məlum deyildi. Sadəcə, Rəşidəddinin99
  Fəzlullah Rəşidəddin – 1247–1318-ci illərdə yaşamış tarixçi, həkim, dövlət xadimi. «Tarixlər toplusu» («Came ət-təvarix») əsərinin müəllifidir.


[Закрыть]
əsərlərində bir neçə kerait xaqanının şəcərəsinə rast gəlmək olar. İlk dəfə keraitləri birləşdirən Marqus-Buyrak xan sayılır. Bir sıra tarixçilər onu xristian kimi təqdim edir, bu isə onunla əsaslandırılır ki, adı (yəni Marqus) «Mark» sözündən gəlir. Vaxtilə Marqus-Buyrak xanın hökmranlığı altında olan keraitlərin bir hissəsi nestorianlığı1010
  Nestorianlıq (və ya nəsturilik) – V əsrdə Bizansda formalaşmış xristianlıq təriqəti. Bu təriqətin banisi Konstantinopol patriarxı (428–431) Nestorius olub. Nestorianlıq təliminə əsasən, «Tanrı anası» adlandırılan Məryəm əslində İsa Məsihi adi insan kimi dünyaya gətirib və yalnız sonradan o, Tanrı səviyyəsinə yüksəlib.


[Закрыть]
qəbul etmişdi.

Temuçin də məhz nestorian keraitlərin qonağı olacaqdı. O özü ilə bir çox qiymətli hədiyyələr də götürmüşdü. Toğrul xaqan keçmiş müttəfiqi Yesugeyin oğlunu ehtiramla qarşıladı. Temuçin ona dedi: «Nə vaxtsa sən özünü atamın andası elan etmisən, deməli, indi sən mənə ata əvəzisən. Mən artıq evliyəm. Xatunumun yolladığı hədiyyəni ilk görüşümüzün şərəfinə sənə təqdim edirəm».

Toğrul böyük məmnuniyyətlə hədiyyəni qəbul etdi və Temuçinə söz verdi ki, ona əlindən gələn köməyi əsirgəməyəcək. Üstəlik, gənc oğlana öyüd verdi ki, köhnə silahdaşı, dostu Yesugeyin mirasını bir yerə cəmləsin: tədricən monqol tayfalarını birləşdirsin!

Temuçin bu təklifə çox sevindi. Toğrul bu işdə də ona yardım göstərəcəyini böyük bir qətiyyətlə elan etdi. «Mən dağılıb dörd tərəfə səpələnmiş monqolları sənin iradənə tabe etmək üçün üzərimə düşən vəzifəni yerinə yetirəcəyəm!» – xaqan təntənəli şəkildə bildirdi.

Temuçin qulaqlarına inana bilmirdi: nəhəng bir ərazidə neçə-neçə tayfa-tirəni öz hakimiyyəti altında birləşdirən kerait xaqanından bu vədləri eşitmək onun üçün gözlənilməz idi. Düzdür, o, Toğrul xaqanın andasının oğludur, atası bir vaxtlar ad çıxarmış tayfa başçısı olub. Lakin bəs özü kimdir? Heç on ədəd atı olmayan xırda bir maldar! Elə isə, Toğrul xaqanı belə cazibədar vədlər verməyə nə vadar edirdi? Axı hələ ki Temuçin yalnız öz əsil-nəcabəti ilə öyünə bilərdi, həyatda heç bir böyük uğurun sahibi deyildi.

Temuçin bir qədər düşündükdən sonra belə qənaətə gəldi ki, Toğrul xaqanın vədləri onun sabiq müttəfiqi Yesugeyə dərin hörmətindən qaynaqlanır, vəssalam!

Bütün hallarda köhnə müttəfiqliyi bərpa etmək üçün böyük bir hökmdarın hüzuruna çıxmaq elə-belə iş deyildi. Temuçinin buna cəsarəti çatmışdı və ancaq alqışlamaq olardı. Obrazlı desək: qartal balası zirək tərpənib özünü qoca qartalın qanadları altında gizlədə bilmişdi. Güc, qüdrət toplayanadək bu ona hava, su kimi lazım idi!

Toğrul xaqanın Temuçini himayə edəcəyi barədə xəbər bir göz qırpımında ucsuz-bucaqsız monqol çöllərinə yayıldı.

Yesugeyin cəsur oğlu öz qardaşları ilə doğma obasına yenicə qayıtmışdı ki, uryanxay tayfasından Carkuday-Abuqan adında ixtiyar bir kişi oğlu Celme ilə birlikdə onun yanına gəldi. Görünür, qoca ya gec də olsa, Yesugeyə sədaqətini nümayiş etdirmək, ya da Temuçinlə Toğrulun keçmiş müttəfiqliyi bərpa etdiyini öyrənən kimi uzaqgörən davranıb oğlunu onun xidmətinə gətirmişdi. Sonralar Celme öz doğruluğu, dürüstlüyü və sədaqətli xidmətiylə Temuçinin ən yaxşı sərkərdələrindən biri olacaqdı…

Beləliklə, Temuçin kerait xaqanının vassalı olduğunu qəbul etdi, ardınca ətrafındakı adamların sayı çoxalmağa başladı. Həmin adamlar yaxın gələcəkdə Temuçinin ordusunun nüvəsini təşkil edəcəkdi.

Bu gəncə qısa vaxtda və bir çoxları üçün gözlənilməz sayıla biləcək uğuru gətirən nə idi? Şəxsiyyətinin cazibədarlığımı, yoxsa bu qoçağın başı üstündə getdikcə daha gur parlayan xoşbəxtlik ulduzunu görən adamların öz ümidini ona bağlamasımı?

Merkitlərin Börtəni oğurlaması

Temuçin tayciutların ailəsinə və yaxınlarına vurduğu yaraları sağaltmaq barədə düşündüyü bir vaxtda gözlənilməz və dəhşətli hadisə baş verdi: 1184-cü ildə – hansı ki onun hələ otuz yaşı tamam olmamışdı – merkitlər xanımı Börtəni oğurladılar.

Bu həmin vaxt idi ki, Kerulen çayının yuxarı axarında qurulan alaçıqlarda Temuçinin tayfa-tirəsi öz gündəlik qayğıları ilə məşğul idi. Günlərin bir günü durduqları yerdə Oelunun xidmətçisi olan yaşlı qadın Xoaçin nəsə həyəcan dolu, anlaşılmaz səs-küy eşitdi. Qulağını torpağa qoyub dinşədi. Bir sürü at ayağının səsini duydu. Tez qalxıb xəbərə qaçdı. Təlaşlı səslə bir bölük atlının onlara doğru gəldiyini xəbər verdi. Hamı bir andaca qarətçilərin hücumunu dəf etmək üçün hazır vəziyyətdə gözləməyə başladı.

Əslində, onlar tayciutların basqınını çoxdan gözləyirdilər. Odur ki bir qulaqları daim səsdə idi…

Elə ki üç yüzə qədər atlı onlara yaxınlaşdı, məlum oldu ki, bunlar merkitlərdir.

Merkitlərin mərhum Yesugeylə köhnə haqq-hesabı vardı. Belə ki, Temuçinin atası Oelunu məhz merkitlərdən qaçırmışdı. Aradan illər keçmiş, ancaq onlar bunu unutmamışdılar. Odur ki indi Yesugey soyundan bir neçə qadını qaçırmaq qərarına gəlmişdilər.

Temuçin və yaxınları dərhal anladılar ki, işlər şuluqdur: onlar vur-tut on atlı idilər, qarşılarında isə az qala bir qoşun vardı. Belədə qaçmağa üz qoydular. Hamı aradan çıxdı, bircə Temuçinin xanımı ilə Yesugeyin ikinci arvadı at çatmadığından obada qaldılar.

Qəribə görünə bilər ki, axı niyə kişilər öz qadın ailə üzvlərini tərk edib taleyin ümidinə buraxsınlar? Üstəlik, onların arasında hər bir merkitlinin həsrətində ola biləcəyi təzə gəlin olduğu halda…

Bəziləri bunu qadınlara qarşı laqeyd münasibətlə, bəziləri düşmən tayfanın qəfil basqınından doğan təşviş və həyəcanla izah edirlər.

Bir çoxlarının fikrincə isə Temuçin öz qadınını hiyləgərliklə yurdda saxlayıbmış ki, düşmənlərin başı ona qarışsın, qalanlar qaçıb qurtulsun. Artıq yəhər üstünə qalxmış, qaçmağa hazır oba əhlini arxayınlaşdırmaq üçün qoca xadimə qışqırdı: «Siz gedin, Börtəni mən gizlədərəm!» O, vaxt itirmədən belə də elədi: Börtəni arabaya yığılmış yun qalağının altında gizlətdi.

Birazdan merkitlər tərk edilmiş alaçıqlara doluşdular. Heç bir müqavimətə rast gəlmədən Yesugeyin xanımını ələ keçirdilər. Sonra xidmətçi qadını görüb kim olduğunu soruşdular. Qadın yun dalınca gəldiyini, arabaya doldurduğu yunu öz binələrinə aparacağını söylədi. Merkitlər ona inanmadılar, tələsik arabanı axtardılar və beləliklə, Börtəni də tutdular. Onların qələbə sevincini, qışqır-bağırını, ələ keçirdikləri əsir qadınlar qarşısında kinayə ilə necə qəhqəhə çəkdiklərini təsəvvürə gətirmək çətin deyil.

Merkitlər qaçıb aradan çıxanları təqib etmək fikrinə düşdülər, at ayaqlarının izi ilə bir qədər getdikdən sonra fikirlərindən daşındılar: bu izlər qarətçiləri ətrafı cəngəllik və bataqlıqla çevrəli olan meşəyə aparırdı. Onlar meşəyə girməyi təhlükəli hesab etdilər və geri qayıtdılar.

Merkitlər Temuçin və yaxınlarını da əsir götürmək fikrindən həm də ona görə əl çəkmişdilər ki, onsuz da Börtə və Yesugeyin dul arvadını tutmuşdular. Deməli, qisaslarını almış, namuslarını təmizə çıxara bilmişdilər.

Merkitlərin bir də geri dönməyəcəyinə tam əmin olandan sonra Temuçin və qardaşları, eləcə də digərləri meşədən çıxdılar. Ancaq buna baxmayaraq Temuçin obaya qayıtmağı düzgün saymadı: onlar bir müddət elə meşə kənarındaca, iri ağac budaqlarından düzəldilmiş çalıda qaldılar. Axırda təhlükənin tamamilə sovuşduğunu görüb öz yurdlarına dönməyə qərar verdilər.

Xanımı və atasının dul qadını əsir düşsə də, Temuçin belə hesab edirdi ki, böyük bir xatadan qurtara biliblər. Odur ki o üzünü müqəddəs Burxan-Xaldun dağına tutub Tanrıya dua elədi: «Qoca Xoaçinin ayıqlığı və tülkü gözləritək iti baxışları sayəsində bu bədbəxt həyatımı qurtara bildim; Burxan-Xaldun dağlarının ətəklərinə yetişib söyüd budaqlarından özümə koma düzəldə bildim… Hər sabah Burxan-Xaldun dağına qurban kəsəcəyəm, hər gün ona dua edəcəyəm. Qoy oğullarımın oğulları da onun bu yaxşılığını unutmasın!»

Sonra müqəddəs adətlərə uyğun olaraq qurşağını açıb boynuna saldı, on kərə yumruğunu sinəsinə döyüb üzüqoylu yerə əyilib Günəşə səcdə elədi.

Dağlar türk və monqol xalqları üçün qədimdən bəri müqəddəsdir. Onlar uluların əcdadı, igidlərin arxa-dayağı, heyvanların və quşların hamisi hesab olunur. Temuçinin üz tutduğu Burxan-Xaldun da belə müqəddəs məkanlardandır.

Günəşə gəldikdə o, türk və monqol xalqlarının dünyagörüşündə xüsusi yer tutan «Əbədi Mavi Göy» (Koekoe Mongka Tengri) inancı ilə bağlıdır. Monqol əsatirlərində Burxan-Xaldun Göyə – Tanrıya ucalmağın, Günəş isə bu ucalığın simvolu kimi göstərilir.

Kitabımızın növbəti səhifələrində Temuçinin həyatı boyu ondan dəfələrlə nicat umduğunun şahidi olacağıq.

Mavi Göyə həyatını xilas etdiyinə görə öz şükran dualarını çatdırdıqdan sonra Temuçin dərhal planlar qurmağa başladı: gözəl xanımı Börtəni və atasının dul qalmış ikinci arvadını necə qaytaracaq, bu rüsvayçılığın qisasını merkitlərdən necə alacaq? Axırda Temuçin belə qərara gəlir ki, kömək üçün onu öz qanadları altına alan Toğrul xaqana müraciət etsin. Axı Toğrul pərən-pərən düşmüş tayfa-tirəsini Temuçinin ətrafında toplayacağına dair söz vermişdi.

Merkitlər kifayət qədər güclü idilər, onlara hücum etmək qanlı bir müharibəyə başlamaq deməkdir. Belə bir müharibəyə isə hazırlıqsız girişmək olmazdı.

Toğrul xaqan sözünün üstündə durur. Kömək üçün üstünə gələn Temuçini əliboş qaytarmayaraq deyir: «Biz onları məcbur edərik ki, arvadın Börtəni və Yesugeyin dul qalmış ikinci arvadını qaytarsınlar. Hətta bütün merkit tayfaları əlbir olsa və bundan boyun qaçırsalar, biz qadınları onların əlindən zorla alarıq!»

Hadisələrin sonrakı gedişatı gözlənilən istiqamətdə cərəyan edir: merkitlər nə Temuçinin xanımını, nə də Yesugeyin ikinci qadınını xoşluqla qaytarmaq istəmirlər. Belə olduqda müharibə qaçılmaz zərurətə çevrilir.


Страницы книги >> Предыдущая | 1 2 3 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации