Электронная библиотека » Ömər Seyfəddin » » онлайн чтение - страница 1

Текст книги "Hekayələr"


  • Текст добавлен: 6 декабря 2022, 08:21


Автор книги: Ömər Seyfəddin


Жанр: Современная русская литература, Современная проза


Возрастные ограничения: +12

сообщить о неприемлемом содержимом

Текущая страница: 1 (всего у книги 13 страниц) [доступный отрывок для чтения: 4 страниц]

Шрифт:
- 100% +

Ömər Seyfəddin
Hekayələr

İLK CİNAYƏT

Mən əzəldən dərd içində yaşayan bir adamam! Bu sıxıntı, deyə bilərəm ki, ağlım kəsən andan başladı. Təxminən dörd yaşım olardı. O yaşımda törətdiyim cinayətdən sonra nəinki etdiyim, hətta düşündüyüm pisliklərin belə vicdanımda alovlandırdığı sonsuz cəhənnəm sıxıntıları içində hələ də qıvrılıram. Məni üzən hadisələrin heç birini unutmadım. Xatirələrim isə sanki yalnız qəm-qüssə üçün yaradılıb.

Dörd yaşıma qədər heç bir şey xatırlamıram. Bəzən xatirələr başımızda bir ildırım kimi çaxır. Tolstoy hələ doqquzaylıq bir uşaqkən özünün hamama soxulduğunu və bundan xoşlandığını xatırlayır. Amma mənim xatirəm dəhşətli bir sıxıntıyla başladı. İlk dəfə özümü şirkət vapurunda11
  Vapur – bərə, dəniz nəqliyyatı


[Закрыть]
xatırlayıram. Hələ də gözümün önündədir: sanki dünyaya o anda gəlmişdim. Anamın qucağı… Anamla yanındakı sarısaçlı, gənc bir xanım gülüşərək danışır, siqaret çəkirdilər. Anam siqaretini incə, gümüş bir müştüyə taxmışdı. Ondan müştüyü istədim. Anam:

– Götür, amma ağzına alma! – dedi. Siqareti müştükdən çıxarıb dənizə atdı. Deyəsən, yay fəsli idi. Çox aydın, günəşli bir hava vardı. Anam danışa-danışa mavi tüklü yelpiyini yavaş-yavaş yelləyirdi. Mən qucağından dartınıb düşdüm. Məni qollarımdan tutaraq yanında oturtdu. Barmağımı gümüş müştüyün halqasına taxır, anam görmədən ucunu ağzıma alır, dişlərimlə sıxırdım. Söhbət etdiyi sarısaçlı xanım mavi çarşab örtmüşdü. Mən ağappaq geyinmişdim. Başım açıq, saçlarım çoxdu, həm də dağınıqdı. Anam saçlarımı sığallayıb hamarlarkən başımı yuxarı qaldırdım. Günəşin şüasından parlayan vapurun kətan örtüyünün kənarında bir kölgə qımıldanırdı.

– Ana, bax, bax! – qışqırdım.

Anam da başını qaldırıb:

– Quş qonub, – dedi. Quşu istəyəndə isə anam: – Tuta bilmərik, – dedi.

Mən israr etdim. Anam çətiri ilə quşun qonduğu yerə yüngülcə vurdu. Amma quş heç qımıldanmadı da. Anam yanımızdakı xanıma sarı döndü:

– A, qaçmadı.

– Görəsən, niyə?

– Uça bilməyən bala quş olacaq mütləq.

– …

– Ana, mən quşu istəyirəm! – deyə əl çəkmədim.

Anam yelpiyini qoyub ayağa qalxdı, məni qoltuqlarımın altından tutub kiçik bir top kimi yuxarıya qaldırdı:

– Birdən-birə tutha!

Başım kətan örtüyə yaxınlaşdıqca gözlərim qamaşırdı. Əllərimi uzadıb tutdum. Bu, bəyaz bir quşdu… Anam əlimdən alıb öpdü, sarısaçlı xanım da, mən də öpdüm.

– Ah, zavallı hələ bambalacadır.

– Qağayı balasıdır.

– Yəqin, hələ uça bilmir.

– Dənizə düşərsə, boğular.

– …

Yaxınlıqdakı digər qadınlar da sözə qarışıb "yaşamaz!" dedilər. Anam bəyaz quşu "ah, zavallı, zavallı!" deyə uzun-uzadı oxşadıqdan sonra mənim ovcuma qoydu.

– Evə aparaq, bəlkə, yaşar, – dedi, – amma ehtiyatlı ol, sıxma, oğlum.

– Sıxmaram.

– Bax, belə tut, – deyib yenidən gümüş müştüyünə bir incə siqaret taxdı. Yanındakı xanımla yenə söhbətə daldı. Quşcuğazın tükləri o qədər bəyazdı ki… Toxundum… Qanadlarının sümükləri bərkdi. Ayaqları qırmızı, gözləri yupyumru idi. Qırmızı dimdiyinin kənarında sanki sarı bir şey yemiş və bulaşığı qalmış kimi sarı bir iz vardı. Qaçmaq üçün heç çırpınmırdı, çaşıb-qalmışdı. Boynunu uzadaraq çevrəsinə baxmağa çalışırdı. Gözlərimi qaldırıb anama baxdım. Yanındakı xanımla gülüşərək danışırdılar. Mənimlə maraqlanan olmadığını görüb körpə quşun uzanan incə boynunu yavaşca əlimlə tutdum. Bütün gücümlə sıxmağa başladım. Qanadlarını açmaq istədi. O biri əlimlə onları da tutdum. Mərcan ayaqları dizlərimə batırdı. Mənsə quşun boğazını getdikcə daha möhkəm sıxırdım. Sarısı getməmiş dimdiyi titrəyərək açılıb-qapandı. Çəhrayı sivri dili bayıra çıxdı. Yuvarlaq gözləri öncə böyüdü, sonra kiçilib söndü. Birdən-birə, sıxılmış əllərimi açdım. Bəyaz quşcuğazın ölüsü tirtap yerə düşdü.

Anam dönüb əyildi. Yerdən bu hələ isti məsum ölünü götürüb "Aaa… Ölmüş!.." dedikdən sonra gözünü mənə zilləyib baxdı:

– Neylədin?

– …

– Sıxdınmı?

– …

– De görüm?

– …

Cavab verə bilmirdim, səsim çıxdığı qədər ağlamağa başladım. Anamın əlindən quşun ölüsünü sarısaçlı xanım aldı:

– Ah, nə böyük günah!

– …

– Zavallı.

Başqa qadınlar da sözə qarışdılar. Qarşımızda oturan kök, yaşlı bir qadın cinayətimin üstünü açdı:

– Boğdu. Gözümlə gördüm, vallah, nə xain uşaqdır…

– …

Anam sapsarı saralmışdı, səsi titrəyirdi:

– Ah, insafsız! – deyə mənə acı-acı baxdı. Daha betər ağladım. O qədər ağladım ki… Məni artıq kiridə bilmirdilər. Nə vaxt, harada, necə kiridiyimi bu gün də xatırlaya bilmirəm. Sanki sonsuza qədər ağlamışdım.

Ağlım kəsəndən törətdiyim bu cinayətin üzərindən artıq otuz ildən çox bir vaxt keçib. İndi şirkət vapurlarının göyərtələrində oturarkən nə zaman bir qağayı görsəm, birdən-birə əhvalım pozulur. Bir uşaq hikkəsiylə ağlamaq istəyirəm. Ürəyimin içində dərin bir sızıltı böyüyür, böyüyür… Köksümü ağrıdır… "Ah, insafsız!" deyə məni məzəmmət edən anamın heç bitməyən qarğışını eşidirmiş kimi oluram.

AND

Mən Gönendə doğulmuşam. İyirmi ildir görmədiyim bu qəsəbə röyalarımda qəfil işıqlanan ani bir ilğım kimidir. Yarıdan çoxu unudulmuş, əski, uzaq bir röyadır sanki… O zaman gənc bir yüzbaşı22
  Yüzbaşı – kapitan. Türk ordusunda 6 illik rütbə


[Закрыть]
olan atamla hər zaman önündən keçdiyimiz Çarşı camesini, qarşısındakı kiçik, xarab halda olan fəvvarəsi, axarında minlərcə taxtalıq ağac gövdələri üzən çayı, bəzən yuyunmağa getdiyimiz suyu isti hamamın dərin hovuzunu indi xatırlamağa çalışıram. Amma bəyaz bir unutqanlıq dumanı önümü tutur. Rəngləri silir, şəkilləri qeybə çəkir… Uzunçəkən qürbətdən sonra vətəninə dönən bir adam doğulduğu yerin üfüqlərini qatı duman içində görüb sevdiyi məkanları uzaqdan sezə bilmədiyi üçün necə kədərlənirsə, mən də eynilə bu cür narahatlığa, səbirsizliyə bənzər ağrı-acı duyuram. Hər axşam naxır-naxır camışların, inəklərin keçdiyi tozlu, daşsız yollar, yosunlu, qara kirəmitli evlər, yıxılmağa hazır böyük divarlar, kiçik, taxta körpülər, ucsuz-bucaqsız tarlalar, alçaq çəpərlər də bu dumanlar içində əriyir…

Bu xəyallar içində yalnız evimizlə məktəbimizi gözümün önünə gətirə bilirəm.

Böyük bir bağça… Ortasında inşa edilmiş ağappaq bir ev… Sağ küncündə hər zaman oturduğumuz bəyaz pərdəli otaq… Səhərlər anam məni bir körpə kimi pəncərənin kənarına oturdur, dərsimi təkrarladır, südümü içirdirdi. Bu pəncərədən görünən iç həyətin o biri yanındakı böyük torpaq rəngli binanın şüşəsiz, qapaqsız tək bir pəncərəsi vardı. Bu qara dəlik məni çox qorxudurdu. Yeməklərimizi bişirən, camaşırlarımızı yuyan, döşəmələrimizi silən, atamın atına yem verən, ov itlərinə baxan xidmətçimiz Abil ananın hər gecə danışdığı qorxunc, bitməz hekayələrdəki ayını bu qaranlıq pəncərədə görürmüş kimi olurdum. Bu vəsvəsə ilə yuxu yozmaq marağında olan zavallı anama hər sabah ayılı röyalar uydurur; iri, yırtıcı bir ayının məni qapıb dağa götürdüyünü, meşədəki zağasına qapadığını, qollarımı bağladığını, burnumu, dodaqlarımı yediyini, sonra Bayramiç yolundakı su dəyirmanının çarxına atdığını söylər, ona çoxlu-çoxlu "Xeyirdir, inşallah…" dedirtdirirdim. Yozarkən mənim böyük bir adam, bəy, paşa olacağımı, mənə kimsənin pislik edə bilməyəcəyini əsaslandırıb izah etdikcə yalan söylədiyimi unudur, nə qədər sevinirdim…

Hansı küçələrdən, kiminlə gedərdim? Xatırlamıram… Məktəbimiz birmərtəbəli, divarları suvaqsızdı. Üstü qapalı bir iç həyəti, bir az irəlidə kiçik, ağacsız bir bağçası vardı. Bağçanın sonunda ayaqyolu, çox iri abdəst çəlləyi yerləşirdi. Oğlanlar və qızlar sinifdə qarmaqarışıq oturur, birlikdə oxuyur, birlikdə oynayırdılar. "Böyük xoca33
  Xoca – müəllim


[Закрыть]
" dediyimiz xınalı, seyrəksaçlı, donqarbel, uzunboylu, yaşlı, əldən düşmüş bir qadındı. Mavi gözləri sərtliklə parlar, dimdik kimi əyri, sarı burnuyla, tükləri tökülmüş xain, xəstə bir arıyeyən quşa bənzərdi. "Kiçik xoca" böyük xocanın oğluydu. Məktəblilər ondan heç qorxmazdılar. Bir az sarsaq adam təsiri bağışlardı. Mən arxadakı partalarda, Böyük xocanın uzun zopasını uzada bilmədiyi bir yerdə otururdum. Qızlar, bəlkə də, saçlarımın açıq-sarı olmasından mənə "Ağ bəy" deyirdilər. Oğlanlar ya adımı söylər, ya da "yüzbaşı oğlu" deyə çağırırdılar. Sinif qapısının açılmayan qanadında sallanan "gəldi-getdi" lövhəsi yastı, cansız bir üz kimi bizə baxır, qalın divarların tavana yaxın dar pəncərələrindən girən donuq bir işıq, durmadan bağıran, hayqıraraq oxuyan uşaqların kəskin qışqırtıları, səs-küyləri ilə sanki daha da ağırlaşır, bulanırdı…

Məktəbdə yalnız bir cəza növü vardı: şallaq… Cəzalılar, hətta qızlar belə falaqqaya yatırılardı. Falaqqadan qorxmayan, titrəməyən yoxdu. Kiçik xocanın ağır şapalağı, Böyük xocanın uzun zopası dəydiyi başda mütləq şiş qoyurdu. Mən heç döyülməmişdim. Bəlkə atama görə güzəşt edilirdi. Yalnız bir dəfə Böyük xoca yalan söylədiyim üçün quru, sümükləri çıxmış əlləriylə sol qulağımı çəkmişdi. O qədər bərk çəkmişdi ki, ertəsi gün də yanırdı, qıpqırmızıydı. Halbuki günahım yoxdu. Doğru söyləmişdim. Bağçadakı abdəst çəlləyinin kranı qırılmışdı. Böyük xoca bu işi edəni axtarırdı. Bu, mavi çəpkənli, qırmızı qurşaqlı, xəstə, zəif bir uşaqdı. Xəbərçilik etdim. Falaqqaya qoyulacaqdı. İnkar etdi. Sonra digər bir uşaq çıxdı. Kranı özünün qırdığını söyləyib yerə yatdı. Bağıra-bağıra zopaları yedi. Sonra Böyük xoca: "Niyə yalan söyləyib bu zavallıya iftira atırsan?" – deyə qulağımdan yapışdı. Üzünü büzüşdürərək hirsləndi. Çox ağladım, çünki yalan söyləmirdim. Bəli, kranı qıranda gözümlə görmüşdüm. Axşamüstü, uşaqlar məktəbdən evə dağılarkən döyülən uşağı tutdum:

– Niyə məni yalançı çıxardın? – dedim. – Kranı sən qırmamışdın…

– Mən qırmışdım.

– Xeyr, sən qırmamışdın. O biri uşağın qırdığını mən gözümlə gördüm.

Dirənmədi. Üzümə baxdı. Bir an eləcə durdu. Əgər xocaya söyləməyəcəyimə əmin etsəydim, səbəbini açıb deyəcəkdi. Mən yaman maraqlandım:

– Kranı Əli qırmışdı, – dedi, – mən də bilirdim. Amma o, çox zəif, həm də xəstədir. Özün görürsən, falaqqaya dözməz. Bəlkə də ölər, yataqdan yenicə qalxıb.

– Amma sən niyə onun yerinə döyüldün?

– Heç nə olmaz. Biz onunla and içmişik. O bu gün xəstə, mən isə yaxşıyam, qüvvətliyəm. Onu qurtardım…

Yaxşı anlamadım. Təkrar soruşdum:

– And nədi?

– Bilmirsənmi?

– Bilmirəm!

Güldü. Məndən uzaqlaşa-uzaqlaşa dedi:

– Biz bir-birimizin qolunu çərtib qanını içərik. Buna "and içmək" deyirlər. And içənlər qan qardaşı olurlar. Bir-birinə ölüncəyə qədər yardım edərlər, dərdli günlərində bir-birinə hayan olarlar.

Sonra öyrəndim ki, məktəbdə bir çox uşaq bir-biriylə and içmişdilər. Qan qardaşıydılar. Bəzi qızlar belə öz aralarında and içmişdilər. Bir gün, bu yeni öyrəndiyim köhnə qaydanın necə edildiyini də gördüm. Yenə arxa sıradakı partada oturmuşdum. Kiçik xoca abdəst almaq üçün bayıra çıxmışdı. Böyük xoca, arxasını bizə çevirmiş, yavaş-yavaş, namazını qılırdı. İki uşaq taxta saplı bir bıçaqla qollarını çərtdi. Çıxan böyük, qırmızı damlanı qolları üzərindəki bu çizgiyə sürtdülər. Qanlarını qarışdırdılar. Sonra bir-birinin qollarındakı qanı sordular.

And içərək qan qardaşı olmaq… Bu məni düşündürməyə başladı. Mənim də qan qardaşım olsaydı, xocaya qulağımı çəkdirməyəcək, üstəlik, falaqqaya yatacağım zaman məni qurtaracaqdı. Köhnə məktəbin içində özümü təktənha, dostsuz, qoruyucusuz sanırdım. Anama düşüncəmi, digər uşaqlar kimi birisiylə and içmək istədiyimi söylədim. Andın necə içildiyini izah etdim. Razı olmadı:

– Elə axmaq işləri xoşlamıram. Bax eləmə ha… – deyə məni fikrimdən daşındırmağa çalışdı.

Amma mən dinləmədim. And içmək ağlımda özünə yer etmişdi. Ancaq kiminlə? Bir təsadüf, gözlənilməz bir qəza mənə qan qardaşımı qazandırdı. Cümə günləri bizim evin bağçasına bütün qonşu uşaqlar toplaşırdılar. Axşama qədər birlikdə oynardıq. Arxamızdakı evlərin sahibi Hacı Budaqgilin mənim yaşda bir uşağı vardı ki, ən çox adı xoşuma gəlirdi: Mıstıq… Bu adı söylərkən dad duyar, dönə-dönə təkrarlardım. Elə uyumluydu ki… Qızlar Mıstığı bağçada, küçədə görüncə bu gözəl ada uydurulmuş qafiyələri bir ağızdan söylərdilər; hələ də xatirimdədir.

 
Mustafa Mıstıq,
Arabaya qısdıq,
Üç şam yaxdıq,
Seyrinə baxdıq!
 

– deyə bağırışır, əllərini yumruqlayıb ona qarşı durardılar. Mıstıq heç cırnamazdı. Hətta gülərdi. Biz də, bəzən bu dördlüyü bağıraraq təkrarlar, əylənərdik. Bu kiçik şeir mənim xəyalıma belə sirayət etmişdi. Röyamda bir çox arsız qızın Mıstığı böyük bir köçəri arabasına sıxışdıraraq, çevrəsində üç şam yaxaraq seyr etdiklərini görürdüm. Niyə Mıstıq özünü elə ağıllı aparırdı… Nə üçün bu qızlara bir-iki yumruq atmaz, sıxışdırıldığı qatran qoxulu arabadan qurtulmazdı? Hamımızdan güclüydü. Yupyumru uşaqdı; başı, qolları, ayaqları, bədəni, hətta əlləri də… Bütün uşaqları güləşdə yenərdi…

Yayda hər cümə səhəri böyük bir dəstə söyüd budağı gətirirdi. Bu budaqlardan özümüzə atlar düzəldər, cıdır oynar, yarışa çıxardıq. Yarışda da hamını keçərdi. Ona heç birimiz çata bilməzdik. Yenə belə bir cümə günü Mıstıq söyüd budaqlarıyla gəldi. Mən ən uzununu özümə ayırdım. O birilərini uşaqlara paylaşdırdım. Bir bıçaqla bu budaqların ucunu kəsər, qabıqlarından iki qulaq, bir burun çıxardar, eynilə bir at başına bənzədərdik. Bunu ən gözəl mən edərdim. Öz atımı hazırlayırdım. Mıstıqla digər uşaqlar növbələrini gözləyirdilər. Necə oldu, fərqinə varmadım, söyüdün qabığı birdən yarıldı. Bıçaq onun arasından sürüşərək sol əlimin şəhadət barmağını kəsdi. Sulu, qırmızı qan axmağa başladı. O anda ağlıma bir şey gəldi: and içmək… Barmağımın acısını unutdum, Mıstığa:

– Tez ol, – dedim, – bax, əlimi kəsdim. Sən də kəs, qan qardaşı olaq.

O, qara gözlərini yerə dikdi, iri, yuvarlaq başını yellədi:

– Bu nə deməkdi… And üçün qolu çərtmək nəyə lazımdı?

– Canım, nə zərəri var? – deyə etiraz etdim. – Ha qoldan, ha barmaqdan, qan eyni deyilmi? Tez ol, tez ol!..

Razı oldu. Əlimdən aldığı bıçaqla qolunu, üstəlik, bir az dərindən çərtdi. Qanı o qədər qatı idi ki, axmır, bir damla halında qabarır, böyüyürdü. Barmağımın qanıyla qarışdırdıq. Öncə mən sordum. Duzlu, ilıq bir şeydi. Sonra o da mənim barmağımı sordu.

Bilmirəm aradan nə qədər zaman keçdi. Bəlkə, altı ay… Bəlkə, bir il… Mıstıqla qan qardaşı olduğumuzu unutmuşdum nədənsə. Yenə birlikdə oynayır, məktəbdən evə birlikdə dönürdük. Bir gün hava çox isti idi. Böyük xoca bizə yarımgünlük tətil vermişdi. Eynilə cümə axşamı günü kimi… Mıstıqla tozlu küçəylə yavaş-yavaş gedirdik. Mən dəsmalımı fəsimin44
  Fəs – kişi papağı. Adı Mərakeşin Fəs şəhərindən götürülmüşdür. Osmanlı imperiyası və ondan asılı olan ölkələrin (Mərakeş daxil olmaqla) şəhər əhalisi və kənd ziyalıları arasında dəbdə olmuşdur. Gənclər, əsasən, qırmızı və ya yaşıl rəngli, yaşlılar isə qara və ya tündrəngli fəs qoyurdu. Fəs kəsik konus formasında astarlı olur, yuxarı kəsiyə rəngli saplardan 10-15 sm uzunluqda qotaz bənd edilirdi. Mahud və digər qiymətli parçalardan tikilirdi.


[Закрыть]
altına qoymuşdum… Tərimi silə bilmədiyim üçün üzüm su içindəydi.

Böyük, geniş bir yoldan keçirdik. Kənarda uçmuş bir divarın bünövrəsi vardı. Birdən-birə qarşıdan iri, qara bir köpək çıxdı. Arxasından bir neçə adam əllərində yekə dəyənək qovalayırdı. Bizə: "Qaçın, qaçın, qapacaq!.." – deyə bağırdılar. Qorxduq, çaşıb-qaldıq. Yerimizdə qurumuşduq. Öncə mən bir az özümü toplayaraq: "Aman, qaçaq…" – dedim. Gözləri atəş kimi parlayan köpək bizə yetişmişdi. O zaman Mıstıq: "Sən arxama çəkil!.." – deyə hayqırdı, önümə keçdi. Köpək ona cumdu. Bir-birinə çarpdılar. Sonra sanki güləşirmiş kimi boğaz-boğaza gəldilər. Köpək də dal ayaqları üstünə qalxmışdı. Bir az belə savaşdıqdan sonra ikisi də yerə yuvarlandı. Mıstığın kiçik fəsi, mavi ayaqqabısı yerə düşmüşdü. Bu savaş mənə çox uzun gəldi. Titrəyirdim. Əli dəyənəkli kişilər yetişdilər. Köpəyə bir neçə güclü zərbə endirdilər. Mıstıq qurtuldu. Zavallının qollarından, burnundan qan axırdı. Köpək, quyruğunu qısaraq qaçaraq uzaqlaşdı. Mıstıq: "Elə bir şey deyil… Ağrıtmır… Bir az cızıldı…" – deyirdi. Evlərinə apardılar. Mən də evimizə tələsdim. Anama başımıza gələni danışdım. Abil ana məni yerə uzatdı. Uzun-uzadı qasığıma, damarlarıma basdı. Dua oxuyaraq üzümə elə üflədi ki, sarımsaq qoxusundan asqırdım.

Ertəsi gün Mıstıq məktəbə gəlməmişdi. O biri gün yenə gəlmədi… Anama Hacı Budaqgilə gedib Mıstığa dəyməyi təklif etdim.

– Xəstədir, oğlum, – dedi, – inşallah, yaxşılaşanda yenə oynarsınız, indi onu narahat etmək ayıbdır.

Ondan sonra mən hər zaman Mıstığı yaxşılaşmış görəcəyim ümidiylə məktəbə gedərdim. Heyif ki, o bir də məktəbə gəlmədi… Köpək quduzmuş. Müalicə üçün Mıstığı Bandırmaya apardılar. Oradan İstanbula göndərəcəkdilər.

Nəhayət, bir gün eşitdik ki, Mıstıq ölüb…

Erkən qalxdığım açıq, buludsuz səhərlər hər kəs kimi mənə də uşaqlıq illərimi xatırladır. Yaddaşımda sonsuz və bənövşəyi bir dan yeri ölkəsi kimi qalan doğulduğum torpağı gözümün önündə canlandırıram. O dəqiqə, özüm də fərqində olmayaraq, sol əlimin şəhadət barmağına baxıram. Barmağımın birinci buğumunun üstündə hələ də bəyaz cizgi şəklində qalmış kiçik çapıq izi mənim üçün çox müqəddəsdir. Andı üçün ölən, həyatını məhv edən qəhrəman qan qardaşımın isti dodaqlarını təkrar barmağımın ucunda duyur, məni qurtarmaq üçün özündən böyük, qudurmuş, iri, qara çobaniti ilə güləşən o aslan qəhrəmanın xəyalını görürəm.

Bugünkü türk mentalitetindən uzaq, əxlaqsızlıq, mənəviyyatsızlıq, bayağılıq və miskinlik yağan bir cəhənnəmin dibində bu saf, nurlu cənnətin uzaq, ani ilğımı gözümün önündə açılır. Saatlarla Mıstığı anaraq zaman keçdikcə daha çox dəyəri artan kədərli xatirənin həzin dadını duyuram.

QAŞOV

Tövlənin iç həyətində oynarkən aşağıda, gümüşü söyüdlər altında görünməyən dərədəki çayın hüznlü şırıltısını eşidirdik. Evimiz iç çəpərdəki böyük şabalıd ağaclarının arxasında görünməz kimiydi. Anam İstanbula getdiyi üçün məndən bir yaş kiçik olan qardaşım Həsənlə artıq Dadaruhun yanından heç ayrılmırdıq. Bu, atamın işçisi, yaşlı bir adamdı. Səhər erkəndən tövləyə qaçardıq. Ən sevdiyimiz şey atlardı. Dadaruhla birlikdə onları suvarmağa aparmaq, çılpaq minmək doyulmaz bir zövq idi. Həsən qorxar, tək minə bilməzdi. Dadaruh onu qucağına alırdı. Torbalara arpa qoymaq, axura ot doldurmaq, altlarını kürümək əyləncəli bir oyundan daha çox xoşumuza gəlirdi. Hələ tumar – bu ən zövqlü şeydi. Dadaruh əlinə qaşovu alıb işə başladımı, çıq… çıq… çıq… çıq… sanki bir saat kimi səs çıxarırdı. O saat yerimdən oynar:

– Mən də edəcəyəm! – deyə əl çəkmirdim.

O halda Dadaruh məni Tosunun belinə qaldırar, qaşovu verər:

– Di başla! – deyərdi.

Bu dəmir ləvazimatı heyvanın gövdəsinə sürtər, amma o ahəngdar xışıltını çıxara bilməzdim.

– Quyruğunu yelləyirmi?

– Yelləyir.

– Hanı, baxım?..

Əyilirdim, uzanırdım, amma atın sağrısından quyruğu görünməzdi. Hər sabah tövləyə gələr-gəlməz:

– Dadaruh, tumar mənlikdir, – deyərdim.

– Bacarmazsan.

– Niyə?

– Hələ balacasan, ona görə…

– Bacararam.

– Böyü, sonra…

– Nə zaman?

– Boyun at qədər olanda....

At, tövlə işlərində təkcə tumarı bacarmırdım. Boyum atın qarnına belə çatmırdı. Halbuki ən əyləncəli şey buydu. Sanki qaşovun düzənli səsi Tosunun xoşuna gəlir, qulaqlarını qısır, quyruğunu enli bir qotaz kimi yellədirdi. Tumar tam bitənə yaxın narahat olur, o zaman Dadaruh "Höyt!.." deyə sağrısına bir şapalaq endirir, sonra o biri atları tumara başlardı. Bir gün təkbaşıma qalmışdım. Həsənlə Dadaruh dərə kənarına enmişdilər. Ürəyimdə bir tumarlamaq istəyi oyandı. Qaşovu tapa bilmədim. Tövlənin bucağında Dadaruhun pəncərəsiz kiçik bir otağı vardı. Buraya girdim. Rəfləri aradım. Yəhərlərin arasına-filana baxdım. Yoxdu ki, yoxdu! Yatağın altında yaşıl taxtadan bir sandıq dururdu. Onu açdım. Sevincimdən hayqıracaqdım. Anamın bir həftə öncə İstanbuldan göndərdiyi ərməğanlar içindən çıxan gümüşü qaşov par-par parlayırdı. Onu qapıb Tosunun yanına cumdum. Qarnına sürtmək istədim. Rahat durmurdu.

– Bəlkə, ağrıdır? – dedim.

Gümüş kimi parlayan bu gözəl qaşovun dişlərinə baxdım. Çox kəskin, çox sivriydi. Bir az korşaltmaq üçün divarın daşlarına sürtməyə başladım. Dişləri pozulan kimi yenidən sınadım. Yenə atların heç biri durmurdu. Hirsləndim. Acığımı sanki qaşovdan çıxmaq istədim. On addım irəlidəki çeşməyə qaçdım. Qaşovu yalağın daşına qoydum. Yerdən qaldıra bildiyim ən ağır bir daş taparaq üstünə var gücümlə endirməyə başladım. İstanbuldan göndərilən, üstəlik, Dadaruhun istifadəyə əli gəlmədiyi bu gözəl qaşovu əzdim, parçaladım. Sonra yalağın içinə atdım.

Atam hər sabah evdən çıxarkən bir kərə tövləyə baş çəkər, oyan-buyanına baxardı. Mən o gün yenə tövlədə yalqızdım. Həsən evdə xidmətçimiz Pərvinlə qalmışdı. Atam çeşməyə baxarkən yalağın içində qırılmış qaşovu gördü; Dadaruha hayqırdı:

– Gəl buraya!

Nəfəsim kəsiləcəkdi, bilmirəm nədən, çox qorxmuşdum. Dadaruh təəccübləndi, qırılmış qaşov ortaya çıxınca atam bunu kimin etdiyini soruşdu. Dadaruh:

– Bilmirəm, – dedi.

Atam gözlərini mənə çevirdi, dinməzcə üzümə baxdı.

– Həsən, – dedim.

– Həsənmi?

– Bəli, dünən Dadaruh yatarkən otağa girdi. Sandıqdan çıxardı. Sonra yalağın daşında əzdi.

– Niyə Dadaruha xəbər vermədin?

– Yatırdı.

– Çağır onu görək.

Çəpərin qapısından keçdim. Kölgəli yoldan evə doğru gedib Həsəni çağırdım. Zavallının heç nədən xəbəri yoxdu. Arxamca gəldi. Atam çox sərt adamdı. Bir baxışından ödümüz ağzımıza gələrdi. Həsənə dedi:

– Əgər yalan söyləsən, səni döyərəm!

– Söyləmərəm.

– Çox yaxşı, bu qaşovu niyə qırdın?

Həsən, Dadaruhun əlindəki alətə mat-məəttəl baxdı! Sonra sarısaçlı başını silkələyərək:

– Mən qırmadım, – dedi.

– Yalan söyləmə, deyirəm.

– Mən qırmadım.

– Doğru söyləsən, acığım tutmaz. Yalan çox pis şeydir.

Həsən inkarda dirəndi. Atam əsəbiləşdi. Üzərinə yeriyib "Utanmaz yalançı" deyə üzünə bir şapalaq endirdi.

– Apar bunu evə, bir də bunu burada görməyim. Qoy Pərvinlə otursun! – deyə bağırdı. Dadaruh ağlayan qardaşımı qucağına alıb evə apardı.

Artıq tövlədə yalnız mən oynayırdım. Həsən evə dustaq edilmişdi. Anam gəldikdən sonra da bağışlanmadı. Fürsət düşdükcə: "O yalançıdır", – deyirdi atam. Həsən yediyi şapalaq ağlına gəldikcə ağlamağa başlar, çətinliklə susardı. Zavallı anam mənim iftira ata biləcəyimi heç ağlına belə gətirmirdi: "Bu başıboş Dadaruh atlara əzdirmiş olmasın?" – deyirdi.

Növbəti il yaz gələndə anam yenə İstanbula getdi. Biz yenə də tək qaldıq. Həsənə tövləyə getmək hələ də yasaqdı. Gecələr yataqda atların nə etdiklərini, dayçaların böyüyüb-böyümədiyini məndən soruşardı. Bir gün birdən-birə xəstələndi. Qəsəbəyə həkim dalınca at göndərildi. Həkim Həsəni müayinə edib "Difteriya" dedi. Tarlada çalışan kəndli qadınlar evə tökülüşdülər. Cürbəcür quşlar gətirir, kəsib qardaşımın boynuna sarıyırdılar. Atam yastığın yanından heç ayrılmırdı.

Dadaruh çox susqun, fikirli idi. Pərvin hönkür-hönkür ağlayırdı.

– Niyə ağlayırsan? – deyə soruşdum.

– Qardaşın xəstədir.

– Yaxşılaşar da.

– Yaxşılaşmayacaq.

– Bəs nə olacaq?

– Qardaşın öləcək! – dedi.

– Öləcəkmi?

Mən də ağlamağa başladım. O, xəstələnəndən bəri Pərvinin yanında yatırdım. O gecə gözümə yuxu getmədi. Mürgü aparar-aparmaz Həsənin xəyalı gözümün önünə gəlir, "İftiraçı! İftiraçı!" deyə qarşımda ağlayırdı.

Pərvini oyatdım.

– Mən Həsənin yanına gedəcəyəm, – dedim.

– Nə üçün?

– Atama bir şey söyləyəcəyəm.

– Nə söyləyəcəksən?

– Qaşovu mən qırmışdım, onu söyləyəcəyəm.

– Hansı qaşovu?

– Keçənilki. Həsənə atamın acığı tutmuşdu…

Sözümü tamamlaya bilmədim. Dərin hıçqırıqlar içində boğulurdum. Ağlaya-ağlaya Pərvinə danışdım. İndi atama söyləsəm, Həsən də eşidəcək, bəlkə, məni bağışlayacaqdı.

– Sabah söylərsən, – dedi.

– Xeyr, indi gedəcəyəm.

– İndi atan yatıb, səhər açılanda söylərsən. Həsən də yatıb. Onu öpərsən, ağlarsan, səni bağışlar.

– Yaxşı!

– Di yat!

Səhərə qədər yenə gözlərimi yuma bilmədim. Səhər açılar-açılmaz Pərvini oyatdım. Qalxdım. Mən içimdəki vicdan əzabını yüngülləşdirmək üçün tələsirdim. Amma heyhat… Nə yazıq ki, zavallı, günahsız qardaşım o gecə ölmüşdü. Divanda oturmuş molla ilə Dadaruhu ağlarkən gördük. Atamın otaqdan çıxmasını gözləyirdilər.


Страницы книги >> 1 2 3 4 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации