Текст книги "Hekayələr"
Автор книги: Ömər Seyfəddin
Жанр: Современная русская литература, Современная проза
Возрастные ограничения: +12
сообщить о неприемлемом содержимом
Текущая страница: 2 (всего у книги 13 страниц) [доступный отрывок для чтения: 4 страниц]
FON SƏDRİŞTAYNIN ARVADI
O gün İstanbulda qalsam da, heç bir iş görə bilməyəcəkdim. Müdhiş, acı, izahı mümkün olmayan növbəti bir sinir yorğunluğu yenə məni yerimdə qıvrıldırdı. Bu qorxunc halı bilməyənlər nə qədər məsuddurlar! İnsanın birdən-birə bütün ümidləri, bütün zövqü, bütün sevinci qeyb olur. Gözünün önündə həyat, hava, üfüq, hər şey qaranlığa bürünür. Dostlar düşmən gözündə görünür. Sevgililərdən nifrət edilir… Mən bax bu sinir yorğunluğu deyilən atəşsiz cəhənnəmin içinə düşüncə özümü çöllərə atıram. Tənha kolluqlar, sevinc dolu keçmişə bənzəyən kölgəli yollar, ötən bir səadətin canlı xatirələri kimi budaqlarda uçuşan quşlar mənə ilahi bir təsəlli verir; yüngülləşirəm. Beynimdəki ağırlıq yumşalır. Gicgahlarımın atəşi sönür.
O gün yenə belə pərişan bir halda idim. Yüngülləşmək, beynimdəki qranit ağırlığı yumşaltmaq, başımın qaynayan hərarətini söndürmək üçün bir Boğaziçi vapuruna hoppanıb mindim. Bahar fəsliydi. Sərin külək əsir, vapur irəlilədikcə ağlım başıma gəlir, eynim açılırdı…
Göyərtədəydim; bəyaz, çəhrayı, bənövşəyi rənglərlə boyadılmış imarətlərə, yaşıl kolluqlara, mavi təpələrə baxırdım. Gözlərimdəki qırmızı qaranlıq silindikcə qulağım da eşitməyə başladı. Dizlərimdə, biləklərimdə, çiyinlərimdə yorğun ağrılar hiss edir, sinədolusu gərnəşmək istəyirdim. Bir az dikəldim. Başımı sağa çevirdim; yanımda oturmuş iri, qıpqırmızı bir alman kişi qar kimi ağ, kətan dəsmalla tərini silirdi. Bir-birinin üstünə aşırdığı qıçlarına, iri dizlərinə, toxunulsa qan fışqıracaqmış kimi görünən kök əllərinə baxdım. Sonra gözlərimi saralmış əllərimə, spazm vermiş dizlərimə çevirərək:
– Ah, gör nə gündəyəm!.. – dedim.
Həm də qeyri-ixtiyari olaraq düşünməyə başladım. Bax, bu, damarları möhkəm, qüvvətli, irigövdəli bir bəxtəvərdi! Kim bilir necə gözəl yeyir, necə iştahla içir, nə qədər asanlıqla həzm edirdi. İncə jaketinin üzərindən iri vücudunun qabarıqlığı bəlli olur, sağ cibində bir neçə qəzetin burması görünürdü. Yaddaşımın bir röya qədər rabitəsiz, intizamsız səhifələrini vərəqləyərək Almaniyanı, almanların sağlamlığını, səadətini, fərəhlərini xatırlayırdım. Bu necə bir ölkədi! Xalqı da qüvvətli, intizamlı, məsuddur!..
Bax, bu yanımdakı, eynilə növbə gözləyən bir əsgərdi. Mülki libas geymiş bir əsgər… Dəsmalını qatladı. Böyük bir intizamla iki qat, dörd qat, səkkiz qat, nəhayət, on altı qat etdi. Cibinə qoydu. Qəzetini oxumağa başladı. Vapur bir az sonra bir sahil körpüsünə yanaşırdı. Düşməyə hazırlaşanlardan bir türk bu can və qan abidəsinə doğru gəldi. Arsız bir türkcə ilə:
– Vay, fon Sədriştayn!.. – deyə hündürdən səsləndi, – hara belə?
– Tarabyaya…
– Xeyir ola?
– Almaniyadan bizimkinin bir qohumu gəlib. Onun ünvanını öyrənəcəyəm.
– . . .
Türkcə o qədər gözəl danışırdı ki, insan vücudunu, üzünü görməsə, adını eşitməsə, şivəsinə aldanacaq, türk sanacaqdı. Vapur təkrar qalxdı. Alman, qəzetini oxumaqda davam etmədi. Dəsmalı kimi diqqətlə qatlayıb cibinə qoydu. Sahilə baxmağa başladı. Bilmirəm necə oldu, nəzərlərimiz bir-birinə çarpdı. Mavi, iri, bir az qanlı alman gözləri… Fəqət o qədər sevimli, o qədər xoş ki…
Mən arxamdan belə birisinin mənə baxdığını hiss edəndə, rahatsız oluram. Hər kəs mənim kimidirmi – bilmirəm! Artıq bənövşəyi təpəli, bəyaz zolaqlı, cənnət sahillərə baxa bilmir, almanın gözlərini üzərimdə hiss edirdim. Bəli, mənə baxırdı. Hissimdə yanılmamaq üçün yavaşca gözlərimi çevirdim. Dərhal onun gözlərini gördüm; gülürdü. Ağzıyla deyil, bütün üzüylə, bütün vücuduyla gülürdü:
– Məni tanıya bilmədinizmi? – dedi.
– Xeyr… – dedim.
– Halbuki mən sizi tanıdım.
– Yanılırsınız, cənab, – deyə gülümsədim, – mənim heç bir alman tanışım yoxdur.
– Mən alman deyiləm.
– Necə yəni?..
– Türkəm…
– Axı adınız…
– Hə, adım, – deyə sözümü kəsdi, – bayaq mənimlə danışan gəvəzədən eşitdiniz. Fon Sədriştayn, deyilmi? Bu mənim adım deyil, ləqəbimdir. Mənim adım Sədrəddindir. Çox zəifləmisiniz, amma yenə sizi tanıdım. Mən sizin sinif yoldaşınızam.
Diqqətlə təkrar üzünə baxdım. Xeyr, xeyr… Yanılırdı! Mən belə bir Heraklı məktəbdə deyil, hətta bütün həyatımda görməmişdim. O nə köksdü, yarəbbi!
– Yanılırsınız, cənab, – dedim, – məktəbdə ikən yoldaşlarımın ən uzunboylusu, ən qüvvətlisi məndim. Sizin kimi sağlam gövdəli, div kimi bir adam məktəbimizdə deyil, hətta məmləkətimizdə yoxdur.
“Alman” gülməyə başladı.
– Bir az haqlısınız, – dedi, – amma mənim vücuduma baxmayın. Gözlərimə baxın. Məktəbdə ikən, hətta iki-üç il əvvəl mən son dərəcə cılızdım. Məktəbdə siz, bütün yoldaşlarım mənim cılızlığımla əylənir, arxamdan elə hey "Hi-hi! Sərçə pəhləvan!" deyə səslənirdiniz. Sərçə pəhləvan! İndi xatırladınızmı?
– ! ! !
Ağzım açıla qalmışdı. Qollarım yanıma düşdü. Elə böyük, xəyalın qəbul edə bilməyəcəyi elə bir heyrət içindəydim ki… Özümü toplaya bilmirdim. Keçmişin birdən önümdə açılan xatirəsi içində Sərçə pəhləvanı, sısqa Sədrəddini gördüm. İri, mavigözlü, incə, zəif, bitkin bir uşaq! İdman müəllimi onu dərsdə daim bir tərəfə ayırar: "Sən yalnız seyr et, oğlum", – deyərdi. O qədər zəifdi ki, müəllim, əgər turnikdə yellənəcək olarsa, qollarının mütləq qopacağını söylərdi. Xeyr, xeyr… Bu, mümkün deyildi. Sısqa Sədrəddin – yüyürməyə, laqqırtı vurmağa, deyib-gülməyə ərinən, tənbəllik edən Sərçə pəhləvan…
Qeyri-ixtiyari başımı yırğalayır:
– Xeyr, xeyr… – deyirdim. “Alman”:
– Vallah, mən, baxın, o Sərçə pəhləvanam! – deyirdi.
Axı bu necə ola bilərdi? Bu mümkünmüydü? İnsan bu qədər dəyişə bilərdimi? Hər şeyin bir hüdudu var. Bir sısqa nə qədər qüvvətlənsə də, bir Herakl, bir sağlamlıq heykəlinə çevrilə bilməzdi.
Güldüm, dodaqlarımı büzdüm:
– O halda dirilik suyu içmiş olmalısınız.
– Bəli, dirilik suyu içdim, – dedi, – fəqət Xızır əleyhissalamınkı kimi, heç sabahı olmayan zülmət gecələrdə aylarca gedərək tapdığı gizli bir bulaqdan deyil…
– Bəs hardan?
– Qırx səkkiz saatlıq bir yerdən, Almaniyadan!
– …
Bu sözdən bir şey anlamadım. Anlamadığımı o da gördü, güldü:
– Açıq söyləyim, – dedi, – Almaniyaya getdim. Bir alman qızıyla evləndim. Alman qadınının nə olduğunu siz bilməzsiniz. Bütün Almaniya, almanların zənginliyi, alman ordusunun qüvvəti alman qadınının əsəridir… Mən alman qadı– nıyla evlənməzdən əvvəl tərəzidə düz otuz okka55
Okka (ərəb.) – Asiya və ərəb ölkələrində işlədilən qədim ölçü vahidi; okkanın ağırlıq ölçüləri dövrə görə dəyişilmişdir. İslamiyyətdən öncə bir okka 2 kq 564 q ikən, islamiyyətdən sonra, əsasən də XX əsrin əvvəllərində bir okka 1 kq 282 q hesab olunurdu. Türkiyə Cümhuriyyəti qurulduqdan sonra 1931-ci ildə qəbul olunmuş qanuna görə, okka da daxil olmaqla köhnə uzunluq və çəki ölçüləri yeniləri ilə əvəzlənmişdir.
[Закрыть] gəlirdim. Bu gün doxsan beş kiloyam. Almaniyanın iyirmi milyon əhalisini yarım əsrdə altmış-yetmiş milyona çatdıran alman qadını məni də üç il içində doxsan beş kiloya qaldırdı. Əgər alman qadınını tanısanız, buna əsla təəccüb etməz, həm də çox təbii görərdiniz.
Hərarətlə alman qadını haqqında danışarkən dolu biləklərinə, enli qıçlarına, iri köksünə, ət basmış boynuna, qıpqırmızı sifətinə baxır, məktəbdəki məşhur sısqa, solğun Sərçə pəhləvandan belə bir xariqənin necə zühur edə biləcəyini düşünür, heç cür gözlərimə, qulaqlarıma inana bilmirdim. Sözünü kəsdim:
– Rica edirəm, necə oldu Almaniyaya getdiniz? Necə oldu evləndiniz? Necə oldu dirilik suyu içdiniz? Bunları danışın. Almaniyaya dair məlumatım var. Əbəs yerə zəhmət çəkməyiniz…
Fon Sədriştayn:
– Çox gözəl, çox sadə! – deyə danışmağa başladı… Dinlərkən əsəbiləşir, köksümdə sıxıcı bir ağırlıq duyurdum.
– Məktəbdən çıxdıqdan sonra sizinlə heç rastlaşmadıq. Xaricə getdiyinizi eşitmişdim. Mənim başıma nələr gəldi, nələr… Hökumət dairələrində dəftərxana müdirlərindən, katiblərdən, qapıçılardan heç bir tanışımız olmadığı üçün, təbii ki, heç bir dəftərxanaya işə girə bilmədim. Girsəm də, sözsüz ki, heç tərəqqi edə bilməyəcəkdim. Məcbur olub hökumət məmuriyyətindən vaz keçdim. Bir az çertyoj çəkdiyimi, yəqin, unutmamısınız. Almancanı da öyrənməyə çalışmışdım. Az-maz danışa bilirdim. Anadolu Şimendifer Şirkətinə66
Anadolu Şimendifer Şirkəti – dəmiryol şirkəti. “Simendifer” fransızca – dəmir yolu, funikulyor deməkdir.
[Закрыть] müraciət etdim. İmtahan verdim. Çertyoj şöbəsinə işə girdim. On lirə77
Türk lirəsi – Türkiyə Cümhuriyyətinin pul vahidi. Daha kiçik ekvivalenti quruşdur. 1 türk lirəsi 100 quruşa bərabərdir.
[Закрыть] maaşım vardı. Anam-atam mən hələ balacaykən ölmüşdülər. Məni bibim böyütmüşdü. Onunla bir yerdə qalırdım. Ancaq bilmirəm nədən, günü-gündən zəifləyirdim. Bibim dərdimə dərman tapılmadığına baxdıqca: "Evlənməlisən, Sədrəddin, sənin rahatlığa ehtiyacın var. Subaylıq sənə yaramır…" – deyirdi. Mən də bu sözə inandım. Evlənmək fikrinə düşdüm. Maaşım yetməzsə, bibim də ayda bir neçə lirə verəcəkdi. Qız axtarmağa başladı. Hər gün evdən qız görüb-bəyənməyə gedirdi. Nəhayət, çox gözəl, fransızca danışan, piano çala bilən bir qız tapdı. Qohumlarımızdan birinin evində guya bizi təsadüfən qarşılaşdırdılar. Danışdıq. Bir-birimizi bəyəndik. Bu, zərif, açıq-sarı saçlı, suyuşirin, kinolardakı aktrisalara bənzər incə bir qızdı. Sanki canlanmış, insan şəklinə düşmüş bir şeirdi. Uzatmayım… Nişanlandıq. Toy oldu. Arvadımı bibimin yanına gəlin gətirdim. Hardasa bir ay dinc dolandıq. Arvadım yemək saatlarında aşağı enir, otağında oturur, bir də küçəyə gəzməyə çıxırdı. İkinci ayın başında bibim: "Bu, gəlin deyil, Allahın cəzasıdır!.." – deyə deyinməyə başladı. Bir axşam gəldim. Arvadım qarşıma keçdi. Qaşlarını çatıb soruşdu:
– Sən məni xidmətçi deyəmi aldın?
– Xeyr, – dedim.
– Elə isə niyə aldın? – deyə təkrar soruşdu.
– Zövcəm deyə…
– Onda mən bu evdə durmaram.
– Nə üçün? – deyə əsəbiləşdim.
– Bibin mənə iş gördürmək istəyir, – dedi. – Mən heç bir iş görə bilmirəm. Görməmişəm. Həm də görməyəcəyəm. Sabah ya məni bu evdən çıxarar, ya da boşayarsan. Mən anamın evinə gedəcəyəm.
Əllərindən tutdum, bir az səbir etməsini, hirsinin keçib-gedəcəyini söylədim.
– Əbəsdir, əbəsdir… Vallah, qalmaram! – deyə and içib, aman edirdi.
Anamdan qalma bir evim vardı. Onu girov qoyaraq bir ev tutduq. Bir ev kirayələmək nədir, bilməzsiniz bəlkə… Mən o vaxt öyrəndim. Qapıya çatanacan üç yüz lirə tükəndi. Bir aşpaz, iki xidmətçi tutduq. Fəqət xatırlayın ki, maaşım on lirə idi… Odun, kömür, ərzaq-filan pulu iyirmi lirəni keçirdi. Altı lirə də evin kirəsi… Bu elədi iyirmi altı… Arvadım da on lirə tualeti üçün istəyirdi. Elədi otuz altı… Evi satdım. Əlimə min iki yüz lirəyə qədər pul keçdi. Bu pulla il yarım yaşadıq. Amma mən gələcəyimi düşünərək üzülür, günü-gündən zəifləyir, pərişan olurdum. Bir gün özümü müayinə etdirdim. Doktor:
– Diqqət edin, vərəm başlayır, – dedi.
Nə edəcəyimi bilmirdim. Halım arvadımın vecinə deyildi. Bəzək-düzək makinası kimi təmizlənir, pudralanır, boyanır, geyinir, gəzir, yeməyini yeyir, yatağında rahat-rahat yatırdı! Aşpaz ilə xidmətçinin əlində qalmışdım. Arvadım hətta mətbəxin harada olduğunu belə bilmirdi. Ehtiyat pulum tükəndikcə mən də ürək üzüntüsündən zəifləyirdim. Qorxdum. O vaxt özümü tərəzidə çəkdirmədim. Ehtimal ki, iyirmi okkaya qədər enmişdim! Yaz gəlincə bərk xəstələndim. Yatağa düşdüm. Həkimlər ümidlərini kəsmişdilər. Mütləq havamı dəyişməli olduğumu söyləyirdilər. Yeriyə bilmirdim. Dizlərim tutmurdu. Nəhayət, şirkətdən üç ay izin aldım. Olan-qalan pulumla Almaniyada yaşayan bir dostumun yanına getdim… Konstitusiya elan edildikdən sonra88
Türkiyədə konstitusiya 1924-cü il aprelin 20-də qəbul edilmişdir.
[Закрыть] elektrikçilik öyrənmək üçün İstanbuldan ayrılmış, Almaniyada ev-eşik quraraq bir daha geri dönməmişdi. Siz bu saat məni tanıyınca necə təəccübləndinizsə, mən də onu görüncə eynilə sizin kimi çaşıb-qalmışdım. Eninə-boyuna bəlkə bir metr enlənmişdi.
– Aman, bu nə haldı, sənə nə olub? – deyə ağzım açıla qalınca:
– Çaşma, bala, bura Almaniyadır, – dedi. – Burada yaşamaq sənətini bilirlər. Sən də bir az qal, görərsən.
Həqiqətən bir həftə keçmədən gördüm, öyrəndim. Dostum dedi:
– Boş yerə artıq xərcə düşmə. Bizim evdə qalarsan. Bir artıq otağımız var. Kirayəçi tapa bilmədik. Səndən iyirmi marka alaram. Orada yatarsan. Yemək üçün də hər gün bir marka yetər. Yalnız ərzaq xərci… Bişirmək üçün pul almarıq. Elədi ayda əlli marka. Burada yeyib-içər, kənarda artıq xərcləməzsən. Camaşırlarını biz pulsuz yudurarıq. Yalnız pivə pulu ayrı…
– Mən pivə içmirəm, – deməyimlə:
– Elə şey olmaz, cahilliyi burax, – deyə güldü. Pivəsiz burada yaşanmaz. Pivə içməsən, iştahan açılmaz. Çox yeyə bilməzsən. Yenə sısqa qalarsan.
Dostumun evində yaşadım. Pivə içməyə, yeməyə, hətta bir fil qədər yeməyə başladım. Mədəm pozulmur, çox gözəl həzm edirdim. Üç ayın içində tanınmayacaq bir hala gəldim. Ən çox mat qaldığım şey isə bu qədər az pulla belə çox yeyə bilməyimizdi. Dostumun fabrikdəki maaşı bizim pulla ayda səkkiz lirəni keçmirdi. Bu səkkiz lirənin içindən həm ev kirəsi verir, həm yeyib-içir, həm də qara gün üçün pul yığırdılar. Yemək, camaşır, tikiş daxil olmaqla evin bütün işini dostumun arvadı görür, yenə hər axşam gəzməyə çıxır, bazar günləri bizimlə bərabər uzun gəzintilərə gələ bilirdi. Bu, mat qalınası bir şeydi. Mən ondan çox çalışdığını, yorulub-yorulmadığını xəbər aldığım zaman gülər:
– Mən əziz imperatriçəmiz qədər çalışıram. Niyə yorulum ki? – deyirdi.
Sonra dərhal imperatriçələrinin həyatını, onun heç vaxt xidmətçidən istifadə etmədiyini, son dərəcə qənaətə riayət etdiyini, hətta böyük uşaqlarının geyimləri köhnələndə atmayıb bir yaş kiçik uşaqlarına geydirdiyini… Yeganə qızının da köhnə libaslarını söküb yenidən bəzədiyini, artıq xərc olmasın deyə ən ləzzətli yeməyi hətta bir dəfə yeməkdən vaz keçdiyini danışmağa başlardı. Bu iri, canlı, gözəl, qüvvətli qadının bəyaz və təmiz dişlərini göstərərək söylədiyi bütün bu qənaət hekayətlərini dinlərkən qeyri-ixtiyari olaraq İstanbulu, öz həyatımızı, zəifcanlı arvadımın israfçılığını, beş lirəyə ancaq ikicə dəfə geyilən bluzları, beş məcidiyyəlik99
Məcidiyyə – Osmanlı dönəmində 20 quruşluq gümüş pul
[Закрыть] ipək corabları, hər iki ayda bir dərziyə iyirmi lirəyə tikdirdiyi kostyumları, otuz lirəlik krujevalarını xatırladım. İstan– bula dönmək saatları yaxınlaşdıqca içimdə bir sıxıntı peyda olur, böyüyür, məni kədər boğurdu. Bu rahatlığı, səadəti məmləkətimdə tapacağım mümkün deyildi. İztirabımı dostuma açıb danışdım. Acıdı. Mənə haqq verdi. Fəqət:
– Bu rahatlıq, səadət Almaniyanın torpağında, daşında, coğrafiyasında deyil, alman qadınındadır, – dedi, – Almaniyanın səadətini, rifahını, zənginliyini alman qadını yaradıb. Sənə bir alman qızı tapaq. Onunla evlənib İstanbula qayıdarsan. Eynilə Almaniyadakı intizam, Almaniyadakı istirahət içində yaşarsan.
Bu, mümkünmüydü? Evli olduğumu söylədim. Arvadımı boşasam, bir neçə yüz lirə boşanma haqqı verməyə pulum olmadığını dedim. Dostum:
– Heç qorxma, – dedi. – Alman arvad səni on lirə ilə Türkiyə kimi ucuz bir yerdə yüz lirəlik rifah içində yaşadar. Bir ilin içində heç bir borcun qalmaz. Ölümdən qurtularsan.
Düşündüm, daşındım. Alman qadınını gördükdən sonra mənim israfçı, modabaz arvadım xəyalıma qorxunc bir ziyanverici kabus kimi gəlirdi. İstanbula dönmək, borc içində, rəzalət içində sürünərək ac, səfil ölmək… Yaxud alman qadını deyilən bir səadət maşını alaraq hər şeyi silib atmaq… Rahat, bütün qayğılardan azad, məsud yaşamaq… Bu iki yoldan birisinə mütləq gedəcəkdim. Ölüməmi? Yaşamağamı? Ölümü seçə bilmirdim. Qeyri-ixtiyari olaraq İstanbuldakı zənginlərin, ən çox maaş alan məmurların israfçı– lıq, idarəsizlik üzündən çəkdikləri səfalətləri, ən zəngin paşaların, bəylərin ölümlərindən bir ay sonra arvad-uşaqlarının dərhal dilənəcək dərəcələrə endiklərini ağlımdan keçirdim. İdarəsiz, qənaətsiz, intizamsız bir həyatın pul nöqteyi-nəzərdən nə qədər taleyi olsa da, yenə gələcəyi qapqaraydı. İstanbuldakı evimdən, arvadımdan ürkdüm. Qurtulmaq, yaşamaq üçün alman qadını qəti bir əlac, bir dərmandı. Bir dirilik suyu, abi-həyatdı! Təkrar evlənməyə qərar verincə qız tapmaq uzun sürmədi. Dostumun arvadı tərəfdən əqrəbası olan indiki arvadımı bir bazar günü mənə təqdim etdilər. Çox xoşuma gəldi. Atası iki il əvvəl vəfat etmiş bir mühəndisdi. Nişanlandıq. Qızın kiçik bir çehizi vardı. Nikahlandıq. Sizə and içərəm ki, rəsmi sənəd rüsumundan başqa artıq məsrəfim olmadı. Bal ayı səfərinə yollanırmış kimi İstanbul yolunu tutduq. Arvadım birincidərəcəli sərnişinlər arasında səyahət etməyimizə razı olmadı. Aldığımızı, qəzet puluna qədər bir dəftərə yazmağa başladı: "Pul qazanmaq ərin, qazanılan pulun alıcılıq qüvvəsini artırmaq isə qadının vəzifəsidir" deyirdi. İstanbula gəldik. Bəyoğluda bir hotelə düşdük. Mən yoxkən keçmiş zərif və qəşəng arvadım özü kimi yaraşıqlı, zərif bir bəyə aşiq olmuşdu… Onun arzusuyla əlüstü ayrıldıq. Yeni arvadımı evimə gətirdim. Aşpaz ilə xidmətçiləri görüncə ağlı çaşdı. "Bizdə bankirlər belə ayrı aşpaz, ayrı xidmətçi tutmaz" dedi. Hər üçünü başımızdan elədik.
– Evdə nə iş olsa, mən görəcəyəm, – deyirdi. – Yemək, camaşır, tikiş, təmizlik, bulaşıq, döşəmə silmək, ayaqqabıları təmizləyib boyamaq-filan…
Gəldiyimizin ertəsi axşamı evin kirəsini soruşdu. Mən altı lirə deyincə heyrətdən gözləri yerindən oynadı.
– Adam da varidatının yarısından çoxunu ev kirəsi verərmi? – deyə bərk heyrətləndi, türk xalqının heç hesab bilmədiyini söylədi: – Sizdə bir, iki, üç, dörd, beş, on, iyirmi, otuz rəqəmləri varmı? Ümumiyyətlə, yazınızda rəqəm işarətləri varmı? – deyə əcaib suallar verirdi.
Əvvəlcə artıq mebelləri satdırdı. Pullarını banka qoydu. O ay evi də dəyişdirdi. Heydərpaşada bir alman evinin üst qatını səkkiz məcidiyyəyə kirələdi. Bura mətbəxiylə, hamamxanasıyla ayrılmış bir bina mənzili kimiydi. İki otağı vardı. Birini yataq otağı elədi, birini də qonaq… Bu ikinci otaqda həm qonaqlarımızı qəbul edir, həm də yeməyimizi yeyirdik… Rahat, məsud yaşamağa başladıq. Kirə daxil olduğu halda aylıq məsrəfimiz tam beş lirə edirdi. Maaşımdan artan beş lirəni arvadım hər ay banka aparır, mebel– lərdən aldığımız pulların üzərinə əlavə edirdi. O vaxtdan bəri hər ay beş lirə xərcləyirik. Mən saat səkkizdə vağzala gedirəm. Hər gün günortaüstü arvadım bir səfər qazançasıyla yeməyimi, çörəyimi ayağıma gətirir, hər axşam gəlir, mən işdən çıxıram, bərabər gəzirik. Saat yeddinin yarısı olanda məni gəzintidə yalqız buraxır, evə qayıdıb səkkizin yarısına qədər yeməyi hazırlayır, mən gəlincə hazır süfrə arxasına keçirəm. Yeməkdən sonra skripkada klassik musiqilər çalır, klassik şeirlər oxuyur. Saat on birdə yatırıq. Arvadım altıda yataqdan qalxar. Səhər yeməyini hazırlar. Mənimlə bərabər bazardan o günün ərzağını almaq üçün çıxar. Bazar günləri yay-qış mütləq dağlara gəzməyə çıxarıq. Axşama qədər dolaşarıq. Arvadıma görə, ən gözəl əyləncə meşədə ayaqyalın gəzmək, meşələrin havasını udmaqdır. Üç ildir bax həyatımız bu proqram içində keçir. Bir gün olsun bu proqram pozulmadı.
Keçən il maaşım on beş lirə oldu. Arvadım bunun məsrəfimizə heç bir təsiri olmayacağını söylədi. Hər ay banka beş lirə yerinə on lirə aparmağa başladı. Arvadımın fikrincə, xərc varidata görə deyil, ehtiyaca görə olmalıdı. Varidat arta bilərdi. Amma varidatın artması məsrəfin çoxalması üçün məntiqi bir səbəb sayıla bilməzdi. Xərc yenə ehtiyacın dərəcəsində qalmalı idi. Bunu mən də götür-qoy etdim. Doğru olduğunu gördüm. Bir türkün aylıq varidatı iyirmi beş lirə ikən otuz lirə oldumu, o saat evini dəyişdirmək, daha bir xidmətçi tutmaq fikrinə düşər. Halbuki bizim şirkətin müdir müavini yüzlərcə lirə maaş aldığı halda məsrəfi ehtiyacına görədir. Yəni eynilə mənimki kimi… Onun da arvadı xidmətçidən, aşpazdan, nökərdən istifadə etməz. Bazara ərzaq dalınca da özü gedər, özü alar, özü evinə gətirər. Arvadım ancaq doğulan uşaqlar əlavə xərc istər deyir, çünki ehtiyac dəyişir.
Bəli, nəhayət, bizim də bir gün məsrəfimizin çoxalması vacib oldu. Arvadım hamiləydi. Bax mən əsl qənaətin nə olduğunu arvadımın hamiləliyində gördüm.
– Bir xidmətçi tutsaq… Sən hamiləsən… Rahatsız olursan! – dedim.
Arvadım qəti rədd etdi. Hamilə qadınlar üçün piyada gəzmək, iş görmək lazım olduğunu, hamiləlikdə oturmağın intihardan, ölümə can atmaqdan başqa bir şey olmadığını söylədi. Heç tərtibimiz pozulmadı. Yenə səhərlər bazara gedir, yeməyimi vağzala gətirir, axşamları bərabər gəzişirdik. Qarnı böyüdü, böyüdü, gəlib doqquzaylıq oldu. Mən:
– Lap yaxınlaşdı, artıq bir adam tutsaq… – dedim.
– Hələ vaxta var! – deyə cavab verdi.
Bir gün yenə səhər erkəndən evdən çıxdıq. O, bazara dönmək üçün məndən ayrıldı. Günortaüstü yeməyimi gətirdi. Axşamüstü gəldi, birlikdə yola düzəldik. Bir az gəzindik. Çox geniş bir manto geymişdi. Yenə axşam yeməyini hazırlamaq üçün bir saat əvvəl məndən ayrıldı. Mən arxasınca evə gələndə hər zamankı kimi süfrəni hazır gördüm. Oturdum, yeməyə başladıq. Şam etdiyimiz bir vaxtda o biri otaqdan:
– Vığğ, vığğ… – deyə bir səda gəlmədimi?!
– Bu nədir? – dedim. Arvadım tövrünü pozmadan təbii bir şey söyləyirmiş kimi:
– Uşaq! – dedi, – bu gün doğdum…
Gözlərim bərələ qaldı. Mən hələ bir alman qadınının nə olduğunu tam anlaya bilməmişdim.
– Nə deyirsən? – deyə hayqırdım. – Mamaçanı hardan tapdın?
– Onsuz doğdum, – dedi, – mamaça həkim deməkdir. Mən xəstəyəmmi? Mamaçaya nə lüzum var?
– Nə vaxt doğdun? – deyə təkrar qışqırdım. Arvadım halını pozmadan cavab verdi:
– Sənin yeməyini vağzala aparıb geri dönərkən ağrı duydum. Evə gəldim. Döşəməni silirdim. Ağrım artdı. Hamamda, camaşır ləyənini hazırladım. Doğdum. Çağamı çimizdirdim, bələdim, yatırtdım. Özüm də çimdim. Sonra yeməyi hazırladım. Gəzmək üçün gəldim, səni qarşıladım. İndi gəlincə beş dəqiqəliyə əmizdirdim…
Yerimdən dik qalxdım. Otağa doğru, bu öz-özünə doğulan körpəmi görməyə can atırdım. Məni tutdu:
– Otur, rica edirəm. Yeməyin intizamını pozma. Bitirəndə gedib görərsən… – dedi.
Yeməkdən sonra kiçik bir səbətin içində yatırdılmış övladımı gördüm. Açıq-mavi gözləri eynilə anasınınkına bənzəyirdi. İndi altıaylıqdır. Hələlik artıq xərc eləmirik. Arvadım dörd-beş yaşına çatmadan bir uşağın heç bir məsrəfə ehtiyacı olmadığını deyir… Bir həftə keçmədən uşağın da uyuması, ağlaması, yeməsi nizam-intizama daxil edildi…
Oh, əzizim, nə tez… Tarabyaya gəlib çatdıq. Mən burada düşürəm. Verin əlinizi sıxım. İndi anladınızmı, mən nə səbəbə doxsan beş kilo oldum. Alman qadını… Alman həyatı… İntizamla istirahət! Budur səadətin sirri! Allaha əmanət! Hər bazar ayaqyalın Çamlıca təpəsinə çıxarıq. Siz də gəlin, orada görüşərik.
– Madama məndən ehtiramlar! – dedim.
Əlimi sıxıb qalxdı, cəld yeridi. Dəniz körpüsündən enib digər yolçuların arasında gözdən itincəyə qədər arxasınca baxdım. Vapur körpüdən ayrıldı. Köksümdən əsəbi bir ağırlığın yüksəldiyini, nəfəs aldırmayacaq kimi boğazıma tıxandığını duyurdum.
Görünməz bir kabusun önündən qaçar kimi gözlərimi ovuşdurdum. Üzərində təmiz qağayıların uçuşduqları tünd Prussiya mavisi1010
Prussiya mavisi – qarayaçalan mavi rəng; tünd-göy
[Закрыть] rəngində dənizə baxdım. Qarşı sahil bənövşəyi təpələri, bəyaz sahil zolağı, tünd-yaşıl ağaclıqlarıyla sanki əbədi bir həzz yuxusuna dalmış kimiydi. Fon Sədriştaynın istirahətindən, hər anına məntiqlə hesab qarışan səadətindən, camaşır yuyan, yemək bişirən, döşəmə silən, ayaqqabı boyayan eşqindən diksinirdim. Ta orada… Bu kiçik imarətdə israfçı, hesab bilməz, sarışın bənizli, incə, zərif bir qadınla borc içində, mənəvi, maddi iztirablar içində təbiətin uyuşuq sükutu qarşısında səssiz, xumar yaşamaq daha gözəl deyilmiydi?
Açıq-mavi, əbədiyyətdən qopmuş canlı köpük parçaları halında, göyərtənin üzərindən sürü-sürü keçən qağayılar:
– Bəli, bəli… – deyə hüznlü səsləriylə bağırışır, sanki mənim ruhumun məyus sualına göylərdən ilahi bir cavab verirdilər.
Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?