Электронная библиотека » Muğanna İsa » » онлайн чтение - страница 2

Текст книги "Türfə"


  • Текст добавлен: 28 октября 2022, 21:00


Автор книги: Muğanna İsa


Жанр: Современная зарубежная литература, Современная проза


сообщить о неприемлемом содержимом

Текущая страница: 2 (всего у книги 7 страниц) [доступный отрывок для чтения: 2 страниц]

Шрифт:
- 100% +

Bu qəlibdən fikirləri mənə çox dedi. Yenə Bağlar, planetlər, SafAğ elmi haqqında bir aləm şey danışdı. Mən qayğılandım, gərginləşdim.

Susurdum.

Axırda İsmeyil əmi mənə Türfəyə getməyi, müqəddəslərin qəbirlərini ziyarət etməyi məsləhət gördü.

Axşam idi. Şər qarışırdı. Astanbəyli kəndinin girəcəyində təpə döşündə, sıx-sıx əkilmiş dağdağan ağaclarının arasında, qəbiristanda qaranlıq düşdüyünü görüb o günü Türfəyə gedə bilmədim.

Axşam evdə İsmeyil əmi ilə görüşümü bütün təfərrüatı ilə anama danışdım. Anam bir xeyli fikrə gedib, birdən heç gözləmədiyim halda EySarın adını çəkib:

– ƏlAğ EySar özü köməyin olsun, ay oğul, – dedi. Mənim ürəyim çırpındı. Çünki anamın İsmeyil əmidən, üstəlik də atamdan dərs aldığını unutmuşdum. Buna görə də birdən-birə EySarın adını eşidəndə həyəcanlanmaya bilmədim. Anamın boynunu qucaqlayıb üzündən öpdüm.

– Səhər məni tez oyat, – dedim. – Dərslər bağlanmamış Əsəd müəllimi görüm, təyinatımı verim, həm də İsmeyil əmiynən söhbətimi danışım, görüm nə deyir.

2

Səhər anamın məni oyatması lazım gəlmədi. Bütün gecəni yorğan-döşəyin arasında çevrikə-çevrikə qalıb yata bilməmişdim. Odur ki, anamın çay-çörək hazırlamasını da gözləməyib məktəbə getdim.

Məktəbimiz üz-üzə tikilmiş, hərəsi üç sinifli üç ayıbalası binadan ibarət idi. Geniş həyətin ortasında nə zamansa qurumuş, qabığı tər-təmiz töküldüyünə görə gövdəsi şumallaşmış quru ağac ağarırdı. Ağacın lap alçaqdakı budağından ağır dəmir zəng asılmışdı. Müəllimlərdən məktəbə hansı tez gəlsəydi, o da zəngi çalardı. Kilsə zəngi kimi zil gumbultu bütün kəndə yayılıb camaatı da oyadırdı. Bu dəfə zəngi vurmaq mənim öhdəmə düşdü. Özü də deyəsən çox çaldım. Birinci Əsəd müəllim özü gəldi. Gülüb: – Bəsdi, bəsdi, ay təzətoylu! – dedi. Elə oradaca, ağacın yanında təyinnaməni verdim, oxudu.

– Xoş gəlibsən, – dedi. – Amma bəri başdan deyim ki, dərs yoxdu. Ədəbiyyat dərslərini özüm deyirəm. Ailəm çoxdu, dərsdən əl çəkə bilmərəm. Sənə hələlik həftədə, on gündə bir-iki saat verərəm, məvacib yazaram. Sonrasına baxarık. Razısanmı?

Əlbəttə, razılaşdım. Sonra dərslərin başlanmasına hələ yarım saat qaldığına görə elə buradaca söz açıb İsmeyil əfəndi ilə görüşümü, qocanın təklifini danışdım. Sözümü təzə qurtarmışdım ki, müəllimlər gəldilər, mənlə görüşdülər, seminaryanı qurtardığıma, təyinnnaməyə görə təbrik elədilər. Şagirdlər gələndə həyətdəki bu qeyri-adi yığıncaqla maraklandılar. Səlim müəllimin şagirdlərlə çox sadə rəftarına mən çoxdan bələd idim. Buna görə də yuxarı sinif şagirdləri mənlə görüşəndə Əsəd müəllim zarafatyana danışıb:

– Hələlik Astanbəyli Türfəsində mollalıq eliyəcək istəkli eloğlunuz, sonrasına baxarıq, – dedi.

– Molla?.. Molla!.. Molla!.. – deyə şagirdlər öz aralarında pıçıldaşdılar. Bu pıçıltıdakı təəccüb mənim dikqətimi cəlb etdisə də şagirdlərə heç nə demədim.

Dərsin başlandığını xəbər verən kiçik zəng cingildədi. Şagirdlər sinifə, müəllimlər müəllimlər otağına getdilər. Həyətdə tək qaldım. Ürəyimə nə isə çox qəribə, anlaşılmaz qəriblik hissi gəldi. Belə bir hissi Astanbəyli kəndinin qurtaracağında, Türfənin yanında dayananda da hiss eləmişdim. Elə bil haradasa qərib bir məkanda yol ayrıcında qalmışdım, hayana gedəcəyimi bilmirdim.

Evə qayıdanda, çay içib qaymaqla çörək yeyəndə də, o günü qapı-bacada qurdalananda da, axşamısı kəndin ortalığındakı mal töylələrinin qabağında anam inəklərimizi sağına gedəndə ona qoşulub inəklərimizi yoluxanda da, sağınçıların əllərində alovları titrəşən qara çıraqların işığında da qəriblik hissindən yaxa qurtara bilmədim. Yalnız lap axşamdan yatağa uzananda gözlərimə yuxu gedəndə yarıyuxulu fikirləşdim ki, bu qəriblik məndə təzə hissdir; seminariyadan, müəllimlərimdən, yoldaşlarımdan ayrılıb yeni şəraitə düşmüşdüm və bu şəraitdə məni nə gözlədiyini bilmirdim.

Demə, yeni şəraitdə son dərəcə gözlənilməz hadisələr olacaqmış.

Səhərisi axırıncı – yeddinci sinif şagirdlərindən qısaboy sısqa bir oğlan gəldi: Son vaxtlar çox sınıxdığından, zorla tanıdım.

– Zeynal deyilsənmi? – dedim.

– Hə, – dedi. – Əsəd müəllim tapşırdı sənə deyim ki, sabah dərsə gələsən.

– Yaxşı, gələrəm, – dedim və Zeynalın nə üçün bu qədər sınıxdığını soruşmaqdan özümü zorla saxladım.

Səbəbi çox qanqaraldıcı hadisəni xatırlatmaqdan çəkinməyim oldu. Yanvarın əvvəlində bedkom sədri Zaloğlu Qazaxdan gəlib, camaatı kəndin ortalığına yığıb xəbər vermişdi ki, çoxdan bəri haqqında məzəli-məzəli söhbətlər gedən “kolxoz”u qurmağın vaxtı çatıb. “Kolxoz” haqqında söz-söhbətdən biri bu idi ki, kəndin özü boyda bir yorğan gətiriləcək, bütün camaat o yorğanın altında yatacaq. Bu söhbətə hamı gülsə də, gülməyənlər də vardı. “Var-dövlətimiz bir yorğanın altında yatacaq, özümüz yox”, – deyirdilər. Zaloğlu xəbəri danışanda var-dövlət haqqında söhbət doğru çıxdı. Dedi: “mal-heyvanımızı kolxoza qoyacaqsınız, ferma olacaq, ferma müdiri təyin olunacaq. Qədir kişi kimi çoxlu sürüləri olan adamlara qolçomak deyiləcək, sürüləri əllərindən alınacaq, bütün camaatın olacaq”.

Yığıncaq axşama qədər dağılmadı. Axşam isə qanqaralığın əvəzində gülməli bir hadisə oldu. Adı çəkilən Qədir kişi ovcunu böyründə gizlədib Zaloğlunun qabağına yeriyib pıçıltı ilə nə isə deyirdi. Camaat maraqlandı, məlum oldu ki, Qədir kişi ovcunda qızıl tutub, “Ay Zal, ay Zal, əlimə bax!” – deyə dalbadal təkrar edir, Zaloğlu Zal isə özünü eşitməzliyə vurur, yalnız hərdən “A kişi, əl çək, güllələdərəm!” – deyir. Bu əhvalatın üstündən heç iki gün də keçmədi, məlum oldu ki, Zaloğlu gedib GEPO-ya – Şir Abbasa şikayət eləyib ki, Ələsdəki Qədir kişi on sürü, on min qoyunnan “kolxoza” vermək əvəzinə ona – Zaloğluna rüşvət təklif eləyir. O həftə Şir Abbas gəldi, nə gəldi: Qədir kişini çağırtdırıb begkom idarəsinin divarına söykədi, özü ilə gətirdiyi Partizan Əli adında əli tüfəngli adama: “İşini gör!” – dedi və Partizan Əli “işini gördü”: Qədir kişini güllələdi.

Zaloğlu : “Sürülərini kolxoza verməyənlərə görk olsun bu qolçomaq Qədirin meyidi!” – dedi.

Qohumları Qədir kişini kilimə büküb apardılar, ağlaşmasız, səssiz-küysüz dəfn elədilər. O gündən Qədir kişinin ölüsünün adı “Əlimə bax Qədir”, sonra “Qolçomak Qədir” qaldı. Qədir kişinin oğlu Zeynalın adı isə “Qolçomaq oğlu” qaldı. Dedilər “Qolçomaq oğlunu məktəbdən qovacaqlar”. Təkcə Əsəd müəllim idarənin qabağında: “Hamı eşitsin, Stalin yoldaş deyib “oğul ataya cavabdeh deyil” – dedi. Qolçomak oğlunun özünə isə: “Dərsinə gəl, bala,” – dedi.

O vaxtdan iyirmi günə qədər vaxt keçmişdi, Zeynal adamların gözü qabağındaca ətini töküb arıqlamış, lap sısqa, uzunburun bir oğlana çevrilmişdi. Mən Zeynalı evə çağırdım, bir nəlbəki qaymağa qonaq elədim. Səhərisi Əsəd müəllimin çağırışı ilə məktəbə gedəndə isə, sinif otağının qabağında qəmli-qəmli boynu bükük dayanmış “Qolçomak oğluna əl verdim.

– Çox fikir eləmə. Dərslərində möhkəm ol,” – dedim. Zeynal isə cavabımda “Sənə qurban olum!” – deyib ağladı.

Demə, Əsəd müəllim arxamızda dayanıb bizə baxırmış.

– Fikir eləyir ki, məktəbdən qovulacaq. Bu məktəbə cavabdeh mənəmsə, mən sənə deyirəm: Sən, bala, nəinki məktəbimizi bitirəcəksən. Səni mən özüm seminariyaya da qəbul elətdirəcəm! – dedi.

Direktoruma fəxrlə baxdım.

– Sağ olun, Əsəd müəllim, insafınıza, ədalətinizə görə çox sağ olun! – dedim. Və burada birinci dəfə Əsəd müəllimin can-cüssəsinə diqqət yetirdim. Bu vaxta qədər nəzərimdə görkəmli boy-buxunu olan Əsəd Abuzər oğlu bədəncə lap balaca imiş. Qolları bədəninə görə xeyli uzun, əlləri isə iri, ətli idi. Mənim əvvəlki təəssüratımla bugünkü təəssüratımın təzadlı olmağının səbəbi isə bu idi ki, atamın vəfatından keçən illərdə və xüsusilə bu son üç ildə Əsəd müəllim əməlli-başlı qocalmışdı, sümüyü xırdalaşmış, yalnız qolları, əlləri dəyişməmişdi.

Mənə baxıb:

– Bu gün dərsim Mirzə Ələkbər Sabirdəndi, – dedi. – Sabirdən bir şey bilirsənmi?

Dedim:

– Şeirlərinin çoxunu əzbər bilirəm.

– Çox yaxşı. Gəl səni sinifə təqdim eləyim.

Zeynal Əsəd müəllimin münasibətinin müqabilində bir söz deməsə də, xeyli dirçəlmişdi.

Təqdim eləmək nəyə lazımdı, Əsəd müəllim, – dedi.

– Bizə dərs də deyəcək, mollalıq da eliyəcək.

Aydın idi ki, Zeynal açılışdığına görə çox danışdı, artıq sözləri də buna görə dedi. Onun artıq sözlər danışdığına Əsəd müəllim də diqqət yetirdi.

– Yaxşı, yaxşı, keç sinifə, – dedi.

Biz sinifə girəndə uşaqlar partaları taqqıldadaraq cəld ayağa qalxdılar.

Əsəd müəllim:

– Əyləşin, – dedi və məni göstərdi: – Eloğlunuz Astan müəllim Mahmud oğlu Əfəndiyevi tanıyırsınız. Mən dərsə gəlməyəndə o sizə ədəbiyyatdan dərs deyəcək. Ədəbiyyat, bilirsiniz, elmlərin cəmi deməkdir. Elmlərin cəmi isə yüksək bilik və mənəviyyat deməkdir. Astan müəllim sizin mənəviyyatınızı zənginləşdirəcək. Hörmətini saxlayın.

Belə uca, mənalı sözlər deyib getdi.

Mən maraqla üzümə dikilmiş nəzərlər altında sinifə göz gəzdirdim və ilk baxışdanca heyrətdən donub qaldım. Sinifdə on nəfər oğlan və bircə qız vardı. On nəfər partalarda iki-iki oturmuşdu. Qız isə divarın dibində, birinci partada təkcə oturmuşdu. Gözüm ona sataşar-sataşmaz, dediyim kimi, donub baxa-baxa qaldım. “Necə gözəldi! İlahi necə gözəldi!” – deyib ürəyimin çırpıntısını eşitdim.

Qız da mənə baxırdı. İri-iri açılmış yam-yaşıl, qabarıq, bir az süzgün gözləri heyrətdən böyümüşdü. Bu böyümüş gözlərin parıltısında məhəbbətlə, həsrətlə dolu qığılcımlar qaynaşırdı… mən mərhum atamın qara şəvə saqqallı sifətini, qabarıq, yam-yaşıl gözlərini heç vaxt unutmurdum. Özümün atama oxşadığıma isə fikir vermirdim. Yalnız bu qızın gözlərinin yam-yaşıl rənginə heyrətlə baxanda özümün gözlərimin eyni ilə onunku kimi olmağından daha çox heyrətləndim.

Sinifdə kim isə açıq mənalı – eyhamlı ifadə ilə “ıhı”, “ıhı” elədi. İstər-istəməz dönüb baxdım. Gözlərim sol divarın dibində birinci partada oturmuş uzun oğlanın istehza ilə qıyılmış qıyıq gözləri ilə qarşılaşdı.

Oğlanın gözləri mənim vəziyyətimə açık-açığına gülürdü, iynələyirdi, sancırdı.

Mən oğlanın istehzasına əhəmiyyət verməməyə, özümü ələ almağa çalışıb, müəllim stolunun arxasında oturub, sinif jurnalını açdım, ilk tanışlıq üçün siyahını oxumağa başladım. Şagirdlər bir-birinin ardınca “Mənəm”, “mənəm” deyirdilər. Axırıncı oğlanın – Qüdrət Abbas oğlunun adını, familiyasını oxuyanda birinci partadakı oğlanın ötkəm səsini eşitdim; “mənəm” əvəzində “Burdayam”, – dedi. Başını qaldıranda gözlərinin iynə istehzasını yenə üzümdə gördüm, istər-istəməz başımı endirib siyahıda axırıncı şagirdin – Calla Zal qızının adını, familiyasını oxuyub, özümdən asılı olmayarak yenə qıza baxdım və yenə həmin heyrətdən böyümüş, məhəbbət və həsrətlə dolu gözləri gördüm. Qız niyə belə baxırdı? Mən özümü adi, sadə bir oğlan saydığım halda gözəllər görəli mənə niyə ilk baxışdan vurulmuş kimi baxırdı !

Qarşımda yerə öldürücü istehzanın “ıhi, ıhı”sını və arxa cərgələrdə pıçıltılı gülüşlər eşitdim. Məni tər basdı. Cəld ayağa qalxdım. Ömrünü sabun bişirməklə keçirmiş xəstə Sabirin acınacaqlı həyatını necə danışdığımı bilmədim. Arada gözüm Calla Zal qızına sataşdıkda ürəyim daha şiddətlə çırpınırdı. Calla isə qətiyyən özünü itirmədən, eyni heyrətlə, məhəbbətlə, həsrətlə baxırdı. Dərs saatı elə bil birə iki uzanırdı. Sabirin tərcümeyi-halını danışıb qurtarıb, şeirlərin təhlilinə başladım. Birinci şeiri – “Fəhlə, sən də özünü insanmı sanırsan? Əbləh gəda, insanlığı asanmı sanırsan?” bəndindən başlayarak mümkün qədər sakit oxumağa, sakitcə də təhlil etməyə çalışdım:

– Şeir fəhlə sinfinə düşmən sinfin adından, böyük sarkazmla yazılıb, – dedim və bu an eşiyə zəngin çalındığını eşidib dərhal səsimi kəsdim və cəld eşiyə çıxdım.

Pencəyimin altında köynəyim tərə batmışdı. Sifətim də, saçlarım da tər içində idi.

Belə halda müəllimlər otağına getməyib həyətdə – meydanda bir xeyli gəzindim. Yalnız az-çox sakitləşəndən sonra müəllimlər otağına gedib salam verdim. Həyətdə görüşdüyümüzə baxmayarak müəllimlər yerbə-yerdən ayağa qalxıb əl verdilər, “Xoş gəlmisən” – dedilər. Mən bu münasibətdə atama hörməti hiss etdim, nisbətən sakitləşdim. Əmma bu an Əsəd müəllimin gülüşlə birgə səsini eşitdim.

– Qızı gördün? Calla Zal qızına necə baxdın?

Əsəd müəllim dal divarın dibində, uzun stol arxasında təkcə oturub gülümsəyirdi: sualının mənasını, eyhamını başa düşməyib mümkün qədər sakit:

– Gördüm, – dedim.

Əsəd müəllim yenə güldü:

– Beşinci, altıncı siniflərdə belə deyildi. Bu il lap birinci dərsdən hamımız məəttəl qaldıq. Burda dedim: “Məktəbimizə Məcnunsuz Leyli gəlib. Gedin baxın. Belə gözəli görmək özü də savabdı”.

Mən nə isə demək xatirinə:

– Doğrudan da Leylidi, – dedim.

Sinifə zəng vuruldu. Qoşa saatın ikincisinə tərəddüdlə, açığı, qorxa-qorxa getdim. Və ilk dəqiqədən yenə özümü itirdim: yazı taxtasına təbaşirlə yazılmışdı: “Astan plyus Calla, bərabərdir sıfr”.

Ağzımdan qəzəbli nida qopdu:

– Kim yazıb?!

Bir xeyli dillənən olmadı.

Sonra arxadan Zeynalın səsi gəldi:

– Niyə demirsən, ay Qüdrət?

Uşaqların çoxu ciddi və narahat idi. Təkcə yenə də Qüdrət Abbas oğlunun gözləri tikanlı idi.

Birdən dikəlib, arxaya – Zeynala baxıb:

– Deyirəm, – dedi. Sonra mənə sarı dönüb:

– Mən yazmışam, – dedi.

Bir az ara verib, mənim çaşdığıma açıqca gülə-gülə:

– İcazənizlə izah eləyim, – dedi və nisbətən ciddiləşib, tamamilə sərbəst səslə başladı ki, Biz, gördüyümüz kimi, on nəfərik. Sentyabrda Callanın ətrafında danışığımız oldu. Onumuz da belə qərara gəldik ki, məktəbi qurtaranda Calla birimizi sevib ərə getsin, qalanlarımız toyda təmiz ürəklə iştirak eləyib xeyir-dua verək. Sizin bu gün Callaya belə məftunluqla baxmağınız bizim qərarımızı poza bilər. Mən bunu hamıdan qabak başa düşüb çox narahat oldum. Və bu yazı taxtasındakı yazını çox qətiyyətlə yazdım ki, bizə ədəbiyyatdan, mənəviyyatdan dərs deyən müəllim özü də mənəvi dərs alsın, bu on nəfərin arzu-istəyinə mane olmasın… Mən qurtardım. Xahiş edirəm siz də açık danışın, bizdə qənaət hasil olsun.

Mən başa düşdüm ki, mənə belə sərbəstcə meydan oxuyan bu ağıllı cavanı sındırmak çox çətindir, bəlkə heç mümkün deyil. Çünki açıqca görünürdü ki, o özü Callaya vurğundur.

Dedim:

– Əvvəlcə gəl bu yazını necə yazmısan, eləcə də öz əlinlə poz.

Qüdrətin gözlərinin qıyığı daha da sıxılıb sərtləşdi.

– O sıfrı pozmak üçün yazmamışam, – dedi. – Çünki düz yazmışam!

Mən yenidən pörtdüm. Başqa çıxış yolu tapmayıb sinifə üz tutdum.

– Siz də bu fikirdəsiniz?

Cavab verən tapılmadı.

Zeynal da susurdu.

Dedim:

– Soruşuram, siz də bu Qüdrət qəhrəman kimi fikirləşirsiniz? Cavab verin! Yoxsa, bu sinifdə müəllim, şagird münasibəti saxlamak çətin olacak.

Sinifdə ikinci dəfə dərin sükut çökdükdə mən başa düşdüm ki, bu qıyıkgöz oğlanın burda möhkəm nüfuzu var. Qüdrət mənim bu fikrimi özü də təsdiq etdi; birdən dik qalxıb, uca səslə:

– Düzünə qalsa, biz sizin bizə dərs deməyinizi istəmirik! – dedi. – Bilirik, siz Astanbəyli kəndinə Türfəyə gedirsiniz. Əsəd müəllimin dediyi mənəviyyat dərsi hara, mollalık hara!

Onun bu son sözləri mənə İsmeyil əminin Şir Abbas barədə sözlərini xatırlatdı.

Şir Abbas boydan gödək, kürəkdən, sifətdən qeyri-adi dərəcədə enli bir adam idi. Boğazında hulqumu elə qabarık idi ki, kişi danışanda hulqumu tərpənirdi, səsi nər-nər nərildəyirdi. Adının böyründəki “Şir” ləqəbi də bu nəriltiyə görə idi. Anamın dediyinə görə Şir Abbas həftənin altı gününü Qazaxdakı evində qulluqçu adı ilə saxladığı qeyri-qanuni arvadının yanında qalır, bazar günləri isə, yanında candar-mühafizəçi kimi saxladığı uzun-hokqar qaynı Partizan Əli ilə faytonda, ya da at belində Ələsə, köhnə arvadının, yəni Qüdrətin anasının yanına gəlirdi. O günü Zal oğlu Zal, Şir Abbasın həyətində hökmən qoç qurbanı kəsirdi, öz əli ilə kabab çəkirdi, Qaratəpə bazarından aldığı qırmızı çaxırla kəl buynuzunu doldurub bağıra-bağıra, yəni bütün kəndə eşitdirə-eşitdirə: “İçirəm bu kəl buynuzunu fəxrimiz Şir Abbasın sağlığına! Arxamız, dayağımız GEPO Abbasın sağlığına! “ – geyirdi və sonra ikinci buynuzu doldurub, Qüdrətə verib: “İç, gələcək qaynatayın sağlığına!” – deyirdi. Belə açıq-saçıq münasibət Şir Abbasın oğlunu da açıq-saçıq eləmişdi; Qüdrət on üç yaşında ikən üzünü ülgüclə qırxan, əkə-pikə kişi olmuşdu.

Mən bu kişinin qabağında acizliyimi hiss etdim. Bununla belə, Əsəd müəllimlə danışmağı lazım bildim. Lakin Əsəd müəllim məktəbdən getmişdi. Özümü Əsəd müəllimin evinə getməkdən güclə saxlayıb onun əvəzində evdə anama hər şeyi danışdım. Anam köyrəldi.

– Anan ölsün, anan ölsün, atam-anam, ay oğul, – dedi. – Onu yaxşı fikirləşibsən ki, Əsəd müəllimnən hökmən məsləhətləşmək lazımdı. Əsəd müəllim gözəl adamdı. Kənddə kimin işi dara düşür, hamı Əsəd müəllimdən məsləhət alır. Atannan tələbə yoldaşı olub. Qazaxda xəstəxanaya düşəndə getdi Tiflisdən həkim gətirdi, atanı yoxlatdırdı, İsmeyil əminnən getdilər Gəncədə məhkəməyə ərizə verdilər ki, Mahmud əfəndini zəhərləyiblər. Ordan gəldi, mənə dedi: “Bu gözəlliyin sahibini tək buraxmaq olmaz. Yığış, mənnən gedək Qazağa”. Apardı məni atannan görüşdürdü, kişinin ölümünə qədər Qazaxda qaldım… Qəbrinin üstündə çıxış elədi, dedi: “Mahmud əfəndi bizim başımızın ucalığıydı. Xatirəsini əziz saxlayacağıq…” Sonra məni yenə Qazağa apardı, revkomun sədriynən, bir də GEPO-nun sədriynən görüşdürdü. Demə Əsəd müəllim GEPO-nun işçisiymiş. Sədr mənim savadlı olduğumu biləndə əlimi sıxdı, dedi sənnən tanış olduğuma görə çox şadam. Sizin kəndiniz çox çətin kənddi, tərs kənddi, hökümətimiz qurulanda çoxlu qaçaq olub kəndinizdə, Qaçax Kərəmin qardaşı Ələsin başçılığıynan hökümətə qarşı durublar. Camaatımızın hələ də tərbiyəyə ehtiyacı var. Mən sənə vəzifə tapşırıram. Camaatdan eşitdiyini, bildiyini Əsəd müəllimə de, Əsəd müəllim bizə çatdırar. Mahmud Əfəndiyevin yoldaşını mən belə görmək istəyirəm…

Anamın dili açılmışdı. Mənim bu vaxta qədər bilmədiyim şeylər danışırdı. Əsəd müəllimin anama diqqəti mənə xeyli qəribə göründü. GEPO sədrinin sözlərini eşidəndə isə daha susa bilməyib, kobudcasına soruşdum ki, Agentsənmi?!

– Hə, – dedi. – Əsəd müəllim agentlərin böyüyüdü. Hər nə sözümüz olsa ona deyirik. Sənə bunu danışdım ki, kimnən məsləhətləşmək istədiyini biləsən. Çox yaxşı, çox gözəl insandı Əsəd müəllim. Hökmən köməyi dəyəcək sənə.

Səhərisi yatıb yuxuya qaldım. Günortadan sonra anamın təkidi ilə məktəbə getdim. Müəllimlərin siniflərə dağılışmasını gözləyib Əsəd müəllimin stolunun qabağına getdim. “Astan plyus Calla bərabərdir sıfra” söhbətindən başlayarak, hər şeyi yerli-yataqlı danışıb Əsəd müəllimdən məsləhət istədim.

Əsəd müəllim fikrə getdi. Sonra isə həlim, yumşaq səslə:

– Bilirdim. Danışmasan da bilirdim hər şeyi. Bu məktəbdə, bu kənddə mənim bilmədiyim şey yoxdu, – dedi. – O uşağın valideyni Şir Abbas Zaloğluynan yaxındı, – dedi-. Atasına çatdırıb əhvalatı. Atası da Zaloğluna çatdırıb. Zaloğlu çox zalım adamdı. Şir Abbasın oğluna o özü müştəridi. Hökmən ona vermək istəyir qızını. Buna görə də əhvalatı şişirdib. İdarədə camaata danışıb… Sənin sinifi tərk eləməyin də məni çox narahat eləyir. Birinci gündən, birinci dərsdən nüfuzu itirmək ağır işdi.

Tədris hissə müdirindən axırıncı saatı səndən ötrü alım, qayıt sinifə, imkanlarını səfərbər elə, sındır o həyasız oğlu həyasızı. Yoxsa, rahat oturmaz o, gunu bu gün yenə nə isə bir hoqqa çıxarar.

Ürəyimdən olmasa da, Əsəd müəllimin məsləhətinə yatdım.

Əsəd müəllim məni sinifin kandarına qədər müşayiət etdi. Orada dayanıb içəridəki sükuta dikqət yetirdi.

– Müəmmalı sükutdu. Möhkəm ol, – deyib qayıtdı.

Mən kandarda bir az da ayaq saxladım. Beynimdə Qüdrətə qarşı ittihamnamə qaynayırdı: “Sən sinifdə özünü ləyaqətlə aparmağı bacarmırsan. Üstəlik, sinifdə baş verənləri kənara çıxardırsan. Dünən burda olanları atana xəbər vermisən. Atan da Zaloğluna danışıb. Zaloğlu da camaata danışıb. Sən intriqantsan. Abır-həyadan məhrumsan. Bu yaşda bu dərəcədə həyasız olan yaşlaşanda necə olacaq?!..” – İttihamnamə idi. – Lakin sinifə girər-girməz hər şeyi unutdum; yazı taxtasında daha biabırçı yazı vardı.

“Astan, sən də özünü insanmı sanırsan?

Əbləh molla, insanlığı asanmı sanırsan?!”

Başa düşdüm ki, bu qədər əndazəsiz təhriq dözmək mümkün deyil. Yazı taxtasının üstündən pozqu yastığını götürüb yazını pozdum və səbrimi basaraq Qüdrətə baxdım.

– Mən sənə dedim ki, mən molla deyiləm. Türfədə hələ ağzımı da açmamışam. Amma İsmeyil Əfəndiyə qulaq asmışam. Qədim Azərbaycanın – BağOdEyin – Bağdayın – Midiyanın haqqında o qədər maraqlı danışıb ki, gecələr yuxumda da o moizədə eşitdiklərimi görürəm. Mirzə Ələkbər Sabirin yaradıcılığı haqqında dərsi sabaha saxlayıb, İsmeyil əfəndinin danışdıklarını deyəcəm, dinləyin görün Mollayam ya yox. Mən əminəm ki, diqqətlə dinləsəniz öz vətənimiz haqqında qədim məlumatla birlikdə dünyamız haqqında necə bir elmin mövcudluğu barədə təsəvvürünüz olacaq.

Qüdrətin gözlərində iynələri bir laqeydlik əvəz etdi. Şagirdlər isə yerbə-yerdən qımıldanıb, açıq maraq göstərdilər. Təkcə Calla sinif yoldaşlarına təəccüblə baxıb, gözlənilmədən dillənib, qalınaraq səslə:

– Danışın, danışın! – dedi.

Şagirdlər onun marağı ilə də maraqlanıb, yenə tərpənişdilər. Arxadakı partalardan da – Danışın, danışın, – dedilər.

Axırda Zeynal təkcə: – Danışın! – dedi.

Mən Callaya təşəkkür hissi ilə baxanda yam-yaşıl gözlərdə yenə hamanca məhəbbəti, həsrəti gördüm və əməlli-başlı toxtayıb, danışmağa başladım:

– Dünyamız haqqında elm SafAğ elmi adlanır. Əvvəlcə onu deyim ki, bizim xalqın arasında və bütün dünyada nə isə bir günahı olmayan adam yoxdur.

Nə olub? Niyə beş-üç nəfər əməli saleh adam tapılmır ki, onlar da bizim Türfədə yatan müqəddəslər kimi Allaha yaxın olsunlar.

– Mən qəsdən “Allah” dedim. Çünki bizim günah sahibləri olmağımızın səbəbi elə budur ki, kainatda saysız-hesabsız Allahlarımız olduğu halda biz o Allahların heç birini tanımırıq, o əzizlərin səslərini – Ünlərini eşitməyən kar-korlar kütləsiyik. Allahlarımızı ona görə tanımırıq ki, lap qədim zamanlardan bəri düşmənlərimiz qılınclarını xirtdəyimizə dirəyib deyiblər: “Kəlmeyi şəhadətinizi deyin”. Biz də onların bizə öyrətdiyi şəkildə kəlmeyi şəhadət demişik: “La ilahə illallah”. Yəni “Allahdan başqa Allah yoxdur”. Heç fikrimizə də gəlməyib ki, aya, bu kainatı, günəşi, planetləri, bəşəriyyəti, heyvanatı, nəbatatı, cəmi təbiəti bir olan Allah hansı möcüzə ilə yaradıb? Təfərrüatı ilə elmin adını deyəcəm, qüdrətinə sizi inandıracam.

Bizim alimlər deyirlər: Kainat dəyirmidir. Yerdən hansı nöktədən uçsan fırlanıb yenə həmin nöktəyə qayıdarsan. Bu fikir – fərziyyə kökündən səhvdir. Yerdən, bir nöktədən uçsan qayıtmazsan, sonsuzluğa gedərsən. Çünki kainat sonsuzdur. Bu nə qədər qəribə, hətta əcayib görünsə də, həqiqət belədir. Sonsuzluğa uçsaq bizim Qalaktikamızdan – QalAğımızdan çıxanda zülmətə düşərik. Çünki bizim Qalağımızdan kənardakı QalAğda işıq o qədər güclüdür ki, bizim gözlərimiz o işığı zülmət kimi görür. Bizim Qalaktikamızın – QalAğımızın tamam boş zaminda o zülmət dünyada işıq gəmilərində Allahlar gəliblər. Allahların adları, Yerdə, Ərəb dilində – Təhrif dildə “Allah”dır, əsli isə zülmət dünyadakı OdƏr bəşəriyyətinin dilindədir. Od – həqiqət deməkdir, Ər – İşıq deməkdir. OdƏr – həqiqət işığı deməkdir. O bəşəriyyətin içərisindən bizim Qalaktikamıza gələn Allahların adı isə ƏlAğdır. Ağ – SafAğ, yəni tər-təmiz insan deməkdir. Əl isə Oğul deməkdir. Demək, Allahlar SafAğ insanların Oğullarıdırlar. O ƏlAğlara Bağ da deyirlər, bizim Yer planetimizdə Bağ adını da təhrif eləyib “Boq” adlandırıblar. İndi deməliyəm ki, həmin Bağ ƏlAğlar bizim Qalağa gələndə ilk növbədə günəşi yaradıblar. “Günəş” də təhrif olunmuş addır. Əsli – OdƏrcəsi OdÜnƏsdir. Od, dedim, həqiqətdir. Əs – Yaradan deməkdir. Ün də, dedim, səsdir. OdÜnƏs – yaradan Ün həqiqətidir. Nə üçün Ün həqiqətidir? Çünki Bağların beyinlərindən çıxan Ün bir növ proqramdır. O proqramm Kainatdan elementləri – ƏlMənOdları qovub bir yerə toplayır və QalAğda lazım olan şeyi yaradır. “Günəş” – OdÜnƏs milyon kilometrlərlə uzanan xüsusi metaldan ibarətdir. Günəşin daxilində – tən ortasında EyOdƏr planeti var. Ey – uca deməkdir. Od, dedim, həqiqət deməkdir, Ər, dedim, işıq deməkdir. EyOdƏr – Uca həqiqət işığı deməkdir. Günəş – OdÜnƏs daxilindəki EyOdƏr planetinin atmosferindən enerji alıb, özünün xırda-xırda məsamələrindən keçirib soyuk işıq yaradır, QalAğa ötürür. QalAğda ilk dəfə yeddi planet yaradılıbmış. EyOdƏr planetindən sonra ikinci planet EvƏr OdƏr adlanır. EvƏr – Evin işığı deməkdir, OdƏr, təkrar edirəm, həqiqət işığı deməkdir, Yerdə EvƏrOdƏr planetinin adı da təhrif olub, “Merkuri” adlanıb. Soyuk işıq EvƏr OdƏr – “Merkuri” planetinin atmosferinə toxunanda bir qədər, az-maz istilənir. EvƏr OdƏrin torpağına səpiləndə isə daha çox istilənir və yaradıcı xüsusiyyət kəsb edir. QalAğımızda üçüncü planetimizin adı OdƏrcə OdAğÜz BağOdərdir. Üz – məna deməkdir. OdAğüz – SafAğ həqiqətinin mənası deməkdir. Mən isə hələlik bu üç planetin adını deyirəm, bir də Yer planetinin adını deyirəm. Yer planetinin OdƏrcə adı – EyƏrdir, Uca İşıq deməkdir. Nə üçün üçünün adını dedim? Çünki Yer – EyƏr planeti EyƏrdən doqquz dəfə böyük olan OdAğÜz BağOdƏr planetindən idarə olunur.

Kimlər tərəfindən idarə olunur? İndi bunu deyəcəm.

EyOdƏr planetinin sahibi EyƏsÜn babamızdır. EyƏsÜn – Uca yaradan Ün deməkdir. İkinci planetin sahibi BağBağÜn babamızdır. BağBağÜn – BağÜnün Bağı deməkdir. Çünki EyOdƏr EyƏsun babamızın Ününü BağBağÜn babamız eşidib OdAğÜz BağOdƏr planetinin sahibi Bağ Atamıza göndərir. Bağ Atamız, isə Ünü Oğullarına göndərir.

Bağ atamızın dörd oğlu var.

Birinci Oğlunun adı Ulu Bağ ƏlƏsMəndir. ƏlƏsMənin adı EyƏrdə – “Yer”də təhrif olunub; Qrekcə, Yəhudicə Solomon olub, Ərəbcə Süleyman olub. Süleyman padişah, Süleyman peyğəmbər deyirik.

Bağ Atanın, ikinci Oğlunun adı Sar ÜnEydir. EyƏrdə təhrif olunub: Ərəbcə “Nuh”dur, başqa dillərdə “Noy”dur.

Üçüncü Oğulun adı EvƏrimdir. Evimizin işığı deməkdir. Bu da EyƏrdə təhrif olunub: yəhudicə Avraam, Ərəbcə – İbrahim olub. Biz İbrahim peyğəmbər deyirik.

Dördüncü Oğulun adı ƏlAğ EySardır. Bu da EyƏrdə təhrif olunub. Ərəblər “İsa” deyirlər. Qreklər, latınlar, Yəhudilər “Yisus” deyirlər.

EySarın tərcümeyi-halı da təhrif olunub. Qədim ƏsOdÜnbilin, indiki İstanbul qalasının yaxınlığında balaca bir daş ev var. Türklər o evi “İsa peyğəmbərin anadan olduğu ev” adlandırırlar. O ev ziyarətgahdır. Çünki “İsa” – EySar bizim OdAğÜz BağOdƏr planetində oturan ƏlAğımızdır. EySar EyƏrdə olanda otuz yaşında öz xəlifələri – müavinləri ilə birgə EyƏr planetini səyahətə çıxıb. Hər ölkədə iki-üç ay qalıb o ölkənin dilini öyrənmiş, SafAğ həqiqətlərindən moizələr oxuyurmuş. Otuz dördüncü ildə “İsrailə” – ƏsƏrƏlə gəlib, bildiyiniz kimi, orda Qrek Kesarının əmri ilə edam olunub – çarmıxa çəkilib. SafAğ işığın sayəsində yaraları bircə gecədə sağalıb və Eysar dirilib SafAğ işığa bürünüb OdAğÜz BağOdƏr planetinə, Bağ Atanın SarEyinə uçub, EyƏr planetini addım-addım gəzib, bütün dilləri öyrəndiyinə görə EySar EyƏr üzündəki bütün xalqların ƏlAğı təyin olunub. Bir vaxt gələcək, ƏlAğ EySar öz qardaşları ilə birlikdə EyƏrə qayıdacaq. O vaxta qədər OdƏr dili təfəkkür – elm dili kimi bərpa olunacaq. Əsli ƏsƏlim, yaradan Əlim – Oğlum olan “İslam” dilinin də əsli bərpa olunacaq. İndiki zamanda baş tutmaz bir əfsanə kimi görünür. Lakin nəzərə almaq lazımdır ki, EyƏr üzündə bütün dillər OdƏr dilinin təhrifindən yaranıb. Yəni dillərin tərkibində OdƏr dilinin əsli yaşayır. Məsələn, indiki Ərəb dilində “Səlamün əleyküm” deyilir. “Səlamün əleyküm”ün əsli – OdƏrcəsi ƏsƏlim ƏlEydir. Yəni yaradan Əlim – Oğlum uca Əldir – uca Oğuldur. Uca Əl – Uca Oğul isə Bağ Atanın birinci Oğlu ƏsƏlMən – “Solomon” – “Süleyman”dır. “İslam” dininin adı ƏsƏlimin adından azıb. İlk “müsəlman” Bağ ƏsƏlimdir.

“Günəş” – OdÜnƏs QalAğımıza yeddi rəngdə işıq göndərir. Yeddi rəngdən tək bir SafAğ işıq törəyir. Elmimiz də SafAğ adlanır, Bağlarımızın Ataları, Oğulları da.

Kainatı idarə edən Bağ ƏlAğlarımızın SafAğ elmidir.

Nizaminin “İskəndərnamə”sində sual olunur: dünyamız nədən yaranıb? Qrek alimlərinin hərəsi bir cür cavab verir. Axırda Nizami özü deyir: “Dünyamız sözdən yaranıb, yəni Ündən yaranıb”. Bağlarımızın Ününün içərisində insanın, planetlərin, heyvanların, nəbatatın proqramı olur, dünyamızda – EyƏrdə hər şey Bağ ƏlAğların Ünlərindəki proqramla yaranır. Hətta ana bətnində uşaq da Ünlə idarə olunur.

Bizim hər birimizin alın yazımız beynimizə göndərilən Ündür. Əməli saleh adamlar Ünü hətta eşidirlər, bizim Türfəmizdə yatan müqəddəslər kimi müqəddəs olurlar. Heyif, çox heyif ki, bəşəriyyətimizdə belə müqəddəslər barmaqla sayılırlar. Günahlarımız başımızdan aşıb, ey şagirdlər. Ən böyük günahımız isə budur ki, müsəlmanıq, saysız-hesabsız Bağ ƏlAğlarımıza “bir olan Allah” deyirik. BağÜn Evərimizə “peyğünbər”, “peyğənbər” deyirik. BağHəmOdumuza – vahid həqiqət Bağımıza “Mühamməd”, “Məhəmməd” deyirik. Halbu ki, BağHəmOdumuzun əlində işlətdiyi möhür də OdƏr dilində olub, oxuduğumuz “Quran” da OdƏr dilində verilib, BağHəmOdumuz zəhərlənib öldürüləndən sonra “Quran” OdƏrcədən – qədim dilimizdən ərəbcəyə tərcümə olunub, başdan ayağa təhrif olunub, nə qədər təfsir, şərh yazılırsa heç biri əslini vermir. Çünki “Quran”ın adı “GurÜn”dən, birinci surəsi “ÜnAğ”dan son surəsinə qədər təhrifdir. Təkcə birinci surəni oxuyun: “İnək” adlanır. Halbu ki, əsli – OdƏrcəsi ÜnAğdır. Dərdimiz o qədər böyükdür ki, özümüzün “Müsəlman” adımızdan başlamış vətənimizin adı da, şəhərlərimizin, kəndlərimizin, dağlarımızın, çaylarımızın adlarına qədər dəyişdirilib. Necə dəyişdirilib? Bu ayrıca, xüsusi söhbətdir. ƏlAğ qoysa, vətənimizin həqiqi tarixi haqqında həqiqəti də eşidərsiniz.

Eşiyə zəng çoxdan vurulmuşdu. Lakin mən sözümün heç olmasa bir qismini tamamlamağa çalışıb zəngə əhəmiyyət verməmişdim. Sevindim ki, şagirdlər də zəngə fikir verməmişdilər.

Dərs gününün axırı idi. Həyətə – meydana çıxdım. Şagirdlər də ardımca sinifdən çıxıb dağılışmağa başladılar. Maraqlı idi ki, gedib-gedib dayanıb geriyə – mənə baxırdılar. Nə baş verirdi? Bəlkə peşimançılıq çəkirdilər? Hətta Qüdrətin də dönüb mənə baxdığını görəndə inandım ki, doğrudan da peşimançılıq çəkirdilər. Bu məni sevindirməyə bilməzdi. Lakin sevincimin böyügündən xəbərsiz idim. Bu böyük sevincin səbəbi bu idi ki, Calla məktəbin həyətindən çıxıb yolda dayanmışdı, mənə baxırdı. Başa düşdüm ki, məni gözləyir. Cəld yerimdən qopub, iti addımlarla Callanın yanına getdim. Birlikdə, yanaşı addımlamağa başladıq.

Əvvəlcə danışa bilmədik. Hərdən bir-birimizə baxa-baxa sıxıntılı gülümsəyirdik. Səbəbi görünür bu idi ki, məhəbbət çox gözlənilmədən alovlanmışdı.

Yolun yarısına, bizim evin bərabərinə çatanda mən sıxıntımı boğub dedim:

Внимание! Это не конец книги.

Если начало книги вам понравилось, то полную версию можно приобрести у нашего партнёра - распространителя легального контента. Поддержите автора!

Страницы книги >> Предыдущая | 1 2
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации