Электронная библиотека » Muğanna İsa » » онлайн чтение - страница 1

Текст книги "Türfə"


  • Текст добавлен: 28 октября 2022, 21:00


Автор книги: Muğanna İsa


Жанр: Современная зарубежная литература, Современная проза


сообщить о неприемлемом содержимом

Текущая страница: 1 (всего у книги 7 страниц) [доступный отрывок для чтения: 2 страниц]

Шрифт:
- 100% +

İsa Muğanna

Türfə

(ƏsƏr)

Türfə gözəl deməkdir.

SafAğ elmindən və “Nəkşibəndi”likdən məlumat

Peyğəmbərin EvEyƏsƏl GurÜn – “Veysəl Qarani” nəslindən otuz üçüncü Şeyx Hacı Mahmud əfəndi Qarani on doqquzuncu əsrin yetmişinci ilində Həc ziyarətindən qayıdarkən İstanbulda Ağa Sofi peyğəmbərin möhüründə “Allah” əvəzində ƏlAğ oxuyub bu bir kəlmə OdƏr – Türk sözündən hədsiz xoşbəxtlik duyur, sonra yolunu Amasiya şəhərindən salıb oradakı köhnə mədrəsə yoldaşı və şəxsi dostu Seyid Yasinlə görüşür. Mədrəsəni bitirəndən sonrakı həyatını və fəaliyyətini danışanda deyir ki, o – Hacı Mahmud əfəndi son illərdə Qarabağın Zəhgəzur qəzasının Cejimli kəndində yaşayan Şair Şeyx Seyid Nigarinin şagirdi olub, Nəqşibəndi elmini öyrənib qəbul edib, Qarabağda, Qazax, Borçalı, Qaraçöp mahallarında çoxlu müriddərriş yetirib, Qazağın İncə dərəsindəki Astanbəyli kəndinin qəbristanında Türfə – ziyarətgah yaradıb. O ziyarətgaha ətraf mahallardan gələn zəvvarlara Nəqşibəndi elmindən moizələr oxuyur – dərs keçir, indi yolunu Amasiyadan salıb ki, Nəqşibəndi alimi Seyid Yasini də özü ilə aparsın, ziyarətgaha yığışan zəvvarlar çox olduğuna görə, yəni işin ağırlığına görə ona – Hacı Mahmud əfəndiyə kömək etsin.

Bağdad xilafəti Amasiyadakı mədrəsədə tədris zamanı keçilən Nəqşibəndi tarixini İslam tarixi ilə əvəz edib çox ciddi məhrumiyyət yaradıbmış, Seyid Yasin öz etiqadı barədə bir kəlmə danışmağa da imkan tapmırmış. Elə o günlərdə var-dövlətini yır-yığış eləyib, dostuna qoşulub Qazax mahalına gəlir.

İndi kimdən xəbər verim? Seyid Nigaridən.

Seyid Mirhəmzə Nigarinin əsli Qazax mahalının köhnə Qaraxanlı kəndindən imiş. Zəngəzurun Cejimli kəndinə köçməsinin səbəbi məlum deyil. Amma dəqiq məlumdur ki, Qazağın Ağköynək kəndindən şairə Şahnigar xanımı bütün varlığı ilə sevirmiş. Şahnigar xanım ömrünün lap cavan çağında vəfat etdikdən sonra şair Seyid Mirhəmzə sevgilisinin adını özünə təxəllüs götürür. Müasir tədqiqatçılar deyirlər Seyid Nigari Nəkşibəndiliyi qəbul edənə qədər bir bənd də şeir yazmayıbmış. Bu mülahizə, əlbəttə, uydurmadır. Çünki şairin Nəkşibəndiliyə həsr olunmuş şeirləri bişgin, hətta böyük bir sənətkarın əsərləridir. Həqiqət belədir ki, Seyid Nigari yaradıcılığının birinci dövründə yazdığı dini şeirləri atıb Nəkşibəndi dünyagörüşündə şeirlər yazmağa başlayıb. Hacı Mahmud əfəndi Ağköynəkdəki Ağların – SafAğ türklərin evlərində həmin şeirlərlə tanış olandan sonra Seyid Nigarinin yaradıcılığına vurulub, türfədə işlərini İncə dərəsinin Kəmərli kəndindən İsmeyil Əfəndiyə tapşırıb Zəngəzura getməyi də bu vurğunluqla izah olunur.

İndi kimdən xəbər verim? Seyid Məhəmməd Nəkşibəndidən.

Belə deyirlər ki, Seyid Məhəmməd Özbəkistanın Daşkənd şəhərindəndir. İpək parçalar və dəmir qablar üzərində naxışlar çəkdiyinə görə “Nəkşibənd” təxəllüsünü götürüb. Əmma bu aldadıcı söhbətdir. Fars sözü “bənd”in altında ən qədim dünyada təhrif sözlə “Midiya” adlandırılan BağOdEy (Bağday) ölkəsinin yaradıcıları, insanı insana bağlayan və Yer bəşəriyyətini Kainatın OdƏr bəşəriyyətinə bağlayan Bağların (“Allah”ların) Odu – həqiqəti – adı – rütbəsi gizlədilib. “Nəqş” sözünün altında isə Bağların naxışı – Yer kürəsi gizlədilib. “Nəkşibəndi” – Bağların naxışı deməkdir.

On dördüncü əsrdə xilafətin Amasiya mədrəsəsində yaratdığı məhrumiyyətə görə həmin mədrəsəni tərk edib Özbəkistana gedib orda mədrəsə açıb Seyid Məhəmməd Nəkşibəndi ilə biri-birindən zəngin bilikli müridlər yetirmiş, indi adları məlum olmayan mədrəsə müdərvişləri şeyxlər Türkiyəyə qayıdandan sonrakı əsrlərdə Nəkşibəndi elmi Türkiyədə və Azərbaycanda geniş yayılıb ki, bunun da çox ciddi səbəbləri var. Birinci səbəb budur ki, Nəkşibəndilik elm başlanğıcı deyil, davamı və axırıncı mərhələsidir. Bu, SafAğ adlanan elmdir ki, “Yer” – EyƏr (uca İşıq) planetində insan həyatının başlanğıcından başlanıb, “Yer”də elmin düşmənlərinin təzyiqi nəticəsində eramızın on dördüncü əsrində “Hürufi” adı altında gizlədilib, sonrakı əsrlərdə “Sufi”, “Səfi”, “Səfa” sözləri altında gizlədilib, nəhayət, “Nəkşibəndi”liyə gəlib çıxıb.

Nəkşibəndiliyin bu qədər geniş yayılmasının ikinci səbəbi elmin savadsız camaat üçün təzəliyi və heyrətli gerçəkliyi idi.

Müasir alimlər deyirlər Kainat dəyirmidir, Yer planetinin bir nöqtəsindən ucsan hərlənib-fırlanıb yenə həmin nöqtəyə qayıdarsan. SafAğ alimləri isə qədim OdƏr mədəniyyətindən yadigar qalmış məlumat əsasında deyirlər Kainat sonsuzdur; bizim Qalaktikadan – QalAğımızdan ucsan, Qalağın ikinci hissəsində işıq qeyri-adi dərəcədə güclü olduğuna görə adi gözlə baxanda zülmət kimi görünən şərti “zülmət dünya”ya düşərsən. Bizim QalAğda hələ günəş, planetlər olmadığı zamanlarda həmin zülmət dünyadan işıq gəmilərində Bağlar (“Allah”lar) gəliblər, beyinlərində gəzdirdikləri yaradıcı GurÜnün vasitəsi ilə QalAğdan “elementləri” – ƏlmənOdları bir dairəyə toplayıb əvvəlcə Günəşi yaradıblar. (Günəş milyon kilometrlərlə uzanan paslanmayan metaldan ibarətdir). Sonra müasir alimlərin “Yadro” adlandırdıqları, Günəş dairəsinin ortasında EyOdƏr planetini yaradıblar. Daha sonra ikinci planeti, Yerin təhrif dillərinin “Mer kuri” adlandırdığı EvƏrOdƏr planetini, daha sonra Yerin təhrif dillərinin “Yupiter” – “Zupiter” – “Zupatri” – “Duyaz Pitar” adlandırdığı OdAğÜz BağOdƏr planetini, daha sonra doxquzuncu “Yer” – EvƏr – OdƏr planetini yaradıblar. Daha sonra zülmət Qalaqdan EvƏr OdƏr, OdAğÜz BağOdƏr planetlərinə çox miqdarda, qadınlı, kişili OdƏr köçürüblər. Günəş daxilindəki EyOdƏr planetinin hava sahəsindən – “atmosfer”indən enerji alır, məsamələrindən keçirib Yeddi rəngdə soyuq işıq yaradıb planetlərə ötürür. Planetlərin hava sahəsinə – “atmosfer”inə yetişəndə yeddi rəngdən bir SafAğ işıq əmələ gəlir və nisbətən istiləşir, planetlərin torpağına səriləndə isə SafAğ işıq daha çox istiləşib yaradıcı xüsusiyyət kəsb edir. İlkin yaranışda “Yer” – EyƏr planetində yenə də GurÜnün vasitəsi ilə saysız-hesabsız vəhşi heyvan yaradılıbmış ki, planetdə həyat olsun. Bir zaman yetişib, vəhşi heyvanatın yeganə doğuluş planeti “Yer”ə işıq gəmilərində işıq silahı ilə silahlanmış ordu göndərilib ki, heyvanatı qırıb azaldıb, doğuluş üçün göndərilən insana həyat şəraiti yaransın. Bu ordu indiki Qrek xalqıdır, o zaman OdƏrlərin tərkibində GurAğ adlanırmış. GurAğlardan sonra yenə də OdƏrlərin tərkibindən indi “latın” adlanan ƏlOdÜn ordusu göndərilib, daha sonra indi “Ərəb” adlanan ƏrEv (Evin işığı) ordusu göndərilib, daha sonra indi “Pers” – “Pars” – “Fars” adlandırılan EvƏrƏs (Evin yaradan işığı) ordusu göndərilib. Bu dörd ordu – dörd xalq “Yer”də heyvanatı qırıb azaldıb insan həyatı üçün şərait yaradandan sonra, nəhayət, Bağlar özləri ilə yüz iyirmi dörd min qadınlı, kişili OdƏr gətiriblər. “Yer”də – EyƏrdə OdƏrlərin sarı (hökmdarı), indi “Süleyman peyğəmbər”, “Solomon” adlanan Ulu Bağ ƏsƏlmənin hökmü ilə işıq silahı ləğv olunur. Bu hadisədən GurAğlar – “Qrek”lər qəzəblənib öz əcdad xalqı olan OdƏrlərə qarşı aramsız müharibələrə başlayırlar. Əsrlər keçdikcə, irəli sananan əlliminlik tarixin ortalarından və geri sananan əlliminillik tarixdə “Latin”lar, “Ərəb”lər, “Fars”lar da müharibəyə qoşulurlar. OdƏrlər indi “İrak” adlanan ƏrAğ, indi “Rey” adlanan ƏrEy, indi Cənubi, Şimali Azərbaycan, Türkiyə adlanan ərazilərdən Qalam (Orta Asiya) adlanan ərazilərə köçürlər, vətəndən – BağOdEydən (Bağdaydan) – “Midiya”dan tərik düşdüklərinə görə “Tərikan”, “Türk” adlanıllar. Muharibənin bir az səngidiyi yeddinci əsrin axırında OdƏrlərin bir qismi indi “Kür” adlanan OdƏr çayının vadisinə, vadinin cənubuna, şimalına qayıdıb, on üçüncü əsrdə isə OdƏrlərin ikinci qismi indiki “Anadolu” – ÜnOdƏl və “Rum” – Ərim ərazisinə qayıdıb. Bu arada – 678-ci ildə Ulu Bağ Əsəlmən başından ölümcül yaralanıb, SafAğ işığa bükülüb işıq gəmisində OdAğüz BağOdƏr planetinə aparılıb, orada sağalandan sonra yenidən EyƏrə qayıdıb, bir də on doqquzuncu əsrin axırında, EyƏrdə vərəm xəstəliyinin cövlan etdiyi zaman OdAğÜz BağOdƏrə uçub, hələ qayıtmayıb.

İndi nədən xəbər verim? Bağların və OdƏrlərin taleyindən.

Bağlar deyirlər: “İnsana sözlə təsir etmək olar, təzyiq etmək olmaz.

Həyatda və müharibədə insanı öldürmək olmaz” Buna görə də işıq silahı qadağan ediləndən sonra OdƏr ordusuna ucundan qoşa işıq çıxan qılınc, başqalarına adi polad qılınc verilibmiş. Müharibədə Qrek, Latın, Ərəb, Fars əskiərlərini – “əsgərlərini” qılınc yox, qılıncın ucundan çıxan işıq vururmuş. İldırım vuran adam, bir müddət torpaqda qalanda ildırımın enerjisi canından çıxandan sonra dirildiyi kimi, qılıncın işığı vuran əsgərlər də bir müddət torpaqda döşəli qalandan sonra dirilir, qalxıb döyüş meydanından gedirmişlər. Adi qılıncla vurulan OdƏr əsgərləri isə ölürmüşlər. Beləliklə, müharibələrin illərlə yox, əsrlərlə uzandığı dövrlərdə EyƏrdə ölüm hakim olduqca Bağlar indi yerdə “Saturn” adlanan ƏsOlƏrün planetini, indi “Yer”də “Avrora” adlanan EvƏr planetini, indi “Yer”də “Mars” adlanan EvƏrƏs planetini, indi “Yer”də “Pluton” adlanan EvƏrOdÜn planetini, indi “Yer”də “Ay” adlanan Ağ planetini yaradıblar. Bu yeni yaranış yeni əhalini yerləşdirmək üçün idi. Yeni əhali isə “Yer”də hakim olan kütləvi ölümlə bağlıdır. Müharibələrdə qırılan əsgərlər öləndə daxillərindən SafAğ işık çıxıb cəsədin üstündə dairə şəklində toplananda o dairənin daxilində indi “Ruh” adlanan ƏrAğ (insanın kölgəsi – silueti) yaranır. İşık dairəsi – “şar” atılma sürəti ilə Kainata uçmağa başlayır, bu vaxt “şar”ın daxilinə Kainatdan “element”lər – ƏlmənOdlar çırpılır, ölən adamın bədəni bərpa olunur. Burada demək lazımdır ki, “Yer” alimləri “Ay” – Ağ planetinin üstündəki nəhəng kölgəni “Ağ dənizi” adlandırıblar, əslində isə o “Ay dənizi” Ağın daxilinə açılan boşluqdur. O boşluqdan Ağın içərisinə Günəş işığı düşüb həyat şəraiti yaradır. “Yer”dən uçan ƏrAğ – “Ruh” əvvəlki insana çevriləndən sonra Ağın içərisinə enir. Orada ona şüur verilir, SafAğ elmindən dərs keçilir. İnsan SafAğ insana çevriləndən sonra işık gəmisində uçub yeni yaranan planetlərdən birində və ya “Yer”dən doqquz dəfə böyük olan OdAğÜz BağOdər planetində əbədi həyata qovuşur. “Yer”də ölən insanlardan əməli saleh olanlar, yəni daxilində SafAğ işık gəzdirənlər indinin özündə əbədi həyata qovuşurlar.

Bağların taleyinə gəlincə, heç kəsdə şübhə olmasın ki, onlara ölüm yoxdur. İndi əfsanəvi “Simurğ quşu” adlandırılan SimƏrAğ (Uca SafAğ İşıq) gəmisində “Yer”i tərk etdikdən sonra da əbədidirlər.

Bağların (“Allah”ların) nə işlə məşğul olduqları barədə az-çox məlumatlardan sonra onların özləri haqqında da demək lazımdır?

QalAğımızda birinci Bağ, EyOdƏr planetinin sahibi EyOdər babamızdır. Ona EyOdƏr EyƏsÜn də deyirlər. (Ey – uca, Əs – yarat, yaradan deməkdir. EyƏsÜn – Uca Yaradan Ün deməkdir). EyOdƏr EyƏsÜn babamız öz beynindən uçurtduğu Ünü “Merkuri” – EyƏrOdƏr planetinin sahibi, oğlu BağBağÜnə (BağÜn – “beyin” Bağına) göndərir. BağBağün babamız Ünü OdAğÜz BağOdƏr planetinin sahibi, oğlu Bağ Ataya göndərir. Bağ Ata isə, işık gəmisində planetləri gəzən dörd oğluna göndərir.

Bağ Atanın birinci oğlunun Odu (həqiqəti) – “adı”, “rütbəsi” yuxarıda dediyim Əl – Oğul mənasında da işlənir. ƏsƏlmən – mənim yaradan oğlum deməkdir.

Bağ Atanın ikinci oğlunun Odu (həqiqəti) – “adı”, rütbəsi Sar ÜnEydir, (Uca Ün Sarı deməkdir, “Yer”də təhrif adları “Nuh”, “Noy”dur).

Bağ Atanın üçüncü oğlunun Odu (həqiqəti) – “adı” – “rütbəsi” EvƏrimdir. (Ev ) – Kainat mənasında işlənir, EvƏrim – Kainatın işığı deməkdir. “Yer”də təhrif adları “İbrahim peyğəmbər”, “Avram”dır).

Bağ Atanın dördüncü oğlunun Odu (həqiqəti) – “adı”, – “rütbəsi” EySardır, (Uca hökmdar deməkdir. “Yerdə təhrif adları “İsa peyğəmbər”, “İsayi Məsih”, “İisus”dur).

Nəkşibəndi elmini bilən “Aşıq”larımız – ƏsAğlarımız (Yaradan SafAğlarımız) “Aşıq” “Ələskərin” – ƏlƏs Odərin şeirindən “beş gözəlin aşiqiyəm” deyib BağAta ilə oğulllarını rəmz altında gizlədirlər. Bu rəmzi gizləmə adəti “Yer” dinlərinin qadağaları ilə bağlıdır. Çünki Bağ Atanı din kitağlarının bəzilərindən tamam çıxarıb, bəzilərində isə “Boq Otes”lə əvəz eləyiblər. Oğullarından Ulu Baq ƏsƏlməni təkcə yəhudilərə aid eləyib “Solomon” adlandırıblar, müsəlman aləmində isə kitabdan xaric “Süleyman peyğəmbərə”, “Süleyman padişaha” çeviriblər. SarÜnEyi həm müsəlman “Nuh”a, həm də xristian “Noy”a çeviriblər. EvƏrimi də həm müsəlman “İbrahim peyğəmbər”ə, həm yəhudi “Avram”a çeviriblər. EySarı yalnız “xristian” peyğəmbəri “Boq oğlu Boq”a, müsəlman aləmində “Məryəm oğlu İsaya”, “İsayi Məsih”ə çeviriblər. Həqiqətdə isə OdƏr bəşəriyyətinə, BağOdEy (Bağday) ölkəsinə və “Yer”in OdƏr xalqına aid olan Bağlarımızın Odları – “ad”ları – “rütbə”ləri bütün planetdə inkar edildiyinə, qadağan olunduğuna görədir ki, yaradıcı ƏsAğlarımız – “Aşıq”larımız həqiqəti yalnız rəmzlərlə ifadə etməyə başlayıblar.

Bağ Ata öz oğullarını QalAğda yeganə doğuluş planeti olan EyƏrdə dünyaya gətirdikdən sonra özü OdAğÜz BağOdƏr planetinə sahib olub, yüz nəfər Bağdan ibarət SimOd (uca həqiqət) məclisi ilə birlikdə planetləri idarə edir. Oğulları isə hələ “İslam”dan əvvəl “Yer”i tərk edib, sərbəst gəzinti ilə Planetlərdə olurlar.

“Yer”də EySarı “Yeganə Allahımız” adlandıran dairələr var. Əslində isə bu ifadə də təhrifdir. “Yer” bəşəriyyətinə məlumdur ki, “İisus”un “era”mızın birinci əsrində Şamda, əncir ağacının altında doğulması yalandır. EySar indi guya fateh sultanın dili ilə “İstan, bul” adlandırılan, əslində qədim ƏsOdÜnbil qalasının yaxınlığında, dəniz qırağında indi də mühafizə olunan daş evdə dünyaya gəlib. Otuz yaşında hər iki, üç ayda bir dil öyrənə-öyrənə səyahətə çıxıb, EyƏrdə həyat tarixinin yüz min ilinin irəli sananan əlliminillik və geri sananan ikinci əliminillik tarixi müddətində OdƏrlərdən azmış xalqların dillərində SafAğ elmindən moizələr oxuya-oxuya dünyanı gəzib, otuz dörd yaşında “İsraıl”də – ƏsƏrƏldə olarkən Qrek Kesarının əmri ilə edam olunub – çarmıxa çəkilib, çarmıxdan düşürüləndən sonra SafAğ işığın qüdrəti ilə dirilib, SafAğ işığa bürünərək OdAğÜz BağOdər planetinə uçub.

Bağ Atanın ikinci oğlu Sar ÜnEyin – “Nuh”un, “Noy”un, ikinci oğlu EvƏrimin – “İbrahim”in, “Avraamın “Yer”i nə vaxt tərk etməkləri mənə məlum deyil. Məlum olan budur ki, indi onlar da əbədiyyətdədirlər.

Bağlarımızın hamısının taleyi EyƏr planetində BağOdEy (Bağday) ölkəsinin bərpası ilə bağlıdır. Nə zaman bərpa olunacaq bu ölkə, bu da məlum deyil.

İndi kimlərdən xəbər verim? Seyid Yasinlə Hacı Mahmud əfəndinin həmkarları üç nəfər Nəqşibəndi alimindən.

Bunlardan birincisi İncə dərəsinin Kəmərli kəndindəki AğEylik – “Ağalıq” məhləsindən İsmeyil əfəndi İbrahimovdur, ikincisi Qazax mahalında qeyri-rəsmi Ələs adlandırılan kəndin sakini, mənim atam kiçik Mahmud əfəndidir, üçüncüsü Nəqşibəndilikdən əl çəkib Ələs natamam orta – yeddi illik məktəbdə direktor işləyən Əsəd Abuzər oğludur.

İsmeyil əfəndi sonuncu Qarabağ xanının ölümündən sonra Qarabağdan İncə dərəsinə köçmüş məşhur Ağ mollanın – SafAğ aliminin nəslindən İbrahim ağanın nəvəsi, İsgəndər ağanın oğludur. Hacı Mahmud əfəndinin Amasiya mədrəsəsində oxuduğu müddətdə İsmeyil əfəndi Trabzon mədrəsəsində oxuyub, əfəndi – alim rütbəsi alıb “başını sarıdıb”, yəni başına alimlik çalması qoydurub vətənə qayıdanda Hacı Mahmud əfəndi ilə Seyid Yasinə qoşulub Türfədə fəaliyyət göstərib. 1892-ci ildə Seyid Yasin, 1896-cı ildə Hacı Mahmud əfəndi vəfat etdikdən sonra İsmeyil əfəndi Türfədə tək qalıb. İkinci alim – mənim atam kiçik Mahmud əfəndi 1910-cu ildə Əsəd əfəndi Abuzər oğlu ilə birlikdə Trabzon mədrəsəsini bitirəndən sonra bir müddət Türfədə işləyiblər, sonra atam Qazax məscidində mollolığa başlayıb, əslində yenə də Nəqşibəndidən moizələr oxumaqla məşğul olub. Gəncə müftisi atamın fəaliyyətindən xəbər tutub Qazağa gəlib, bir neçə gün qalıb gedəndən sonra xəstələnib Qazağın xəstəxanasına düşüb. İsmeyil əfəndi ilə Əsəd Abuzər oğlu müftini Mahmud əfəndini zəhərləməkdə taqsırlandırıb məhkəməyə veriblər. Lakin məhkəmə “inandırıcı şahid, dəlil-sübut olmadığına görə” işi müftinin xeyrinə kəsib. Atam vəfat edib. Atamla birlikdə işləyən Əsəd əfəndi Abuzər oğlu məscidi tərk edib, Ələs kəndindəki natamam orta – yeddiillik məktəbdə direktor olub. 1918-ci ildə məşhur Andranik paşanın başçılığı ilə erməni ordusu Azərbaycana hücum çəkib, İncə dərəsini fəth edib əhalinin ələ keçən qismini qırıb, İncənin üç para kəndinin üçünü də yandırıb. İsmeyil əfəndinin ailəsi ilə Kəmərli əhalisi Salahlı kəndinin ətrafındakı düzənlikdə, dəyələrdə, qazma damlarda yaşamağa məcbur olub. 1920-ci ildə Şura höküməti qurulanda yurda qayıdıblar. İsmeyil əfəndi yandırılan evinin yanında birotaqlı, hündür, geniş daş ev tikdirib, cəmaatın vəsaiti ilə, Seyid Yasinlə Hacı Mahmud əfəndinin qoşa qəbirləri üzərində tikilən Türfədə yenidən fəaliyyətə başlayıb, Qazax GEPO -sunun təqibləri başlanana qədər işləyib.

İndi kimlərdən xəbər verim? OdƏrcə “rütbəsi” BağHəmOd (vahid həqiqət Bağı) adlanan peyğəmbərimizlə OdƏrcə rütbəsi SarOdEy (uca həqiqət Hökmdarı) adlanan bir xristian casusundan.

Peyğəmbərimiz BağOd (“Bağdad”) şəhərinin yaxınlığındakı ikinci BağOd (Məkkə) şəhərində hakim olduğu vaxtlar, daha doğrusu, 604-802-ci illərin ikiyüzillik antiOdƏr muharibənin ən şiddətli günlərində Ərim – (“Rim”) şəhərindən ikinci BağOda yuxarıda dediyim SarOdEy rütbəsində bir adam gəlir. Burada deməliym ki, Qreklər OdƏrlərin Kainatdakı OdƏr bəşəriyyəti ilə, Bağlarla əlaqələrini kəsmək məqsədi ilə çox məkrli bir üsul tapıbmışlar: OdƏr dilində şəhərlərin, kəndlərin, hətta dağların, çayların adlarını dəyişdirmək, planetlərdən gələn – eşidilən GürÜnü “Yer”də anlaşılmaz şəklə salmaq!.. Vizantiyalı Latinların, Assuriyalı Ərəblərin və Farsların köməyi ilə aparılan iki yüz illik müharibənin birinci yarısında OdƏrlərin torpaqlarını fəth etdikcə Qreklər hətta OdƏr dilinin əsasını dəyişdirməyə də müvəffəq olubmuşlar. Bu dərəcədə məkrli siyasətlə onlar hətta özlərindəki OdSarların (həqiqət hökmdarlarının) adlarını da dəyişdirib, Odu (həqiqəti) “Ki”, “Kı”, “Kü”, “Ko”, “Ka” sözlərilə əvəz edib, OdSarları “Kesar” adlandırıbmışlar, “Ərim” – “Rim” əhalisinin əksəriyyətinin OdƏr olduğuna görə BağOdƏr ƏrAg – “Patri arx” taxtında oturan OdƏr, BağBağÜn rütbəli elm xadiminin yanındakı SarOdEyin rütbəsini də “Ser kiEy” – “Sergiy” şəklinə salıbmışlar. Adını çəkdiym casus, BağBağÜnün adından gəldiyinə görə tezliklə BağOdda (“Məkkə”də) hakim olur, “Sergiy” adının yalnız təhrif dilli xristianlar arasında qaldığına görə öz həqiqi rütbəsi ilə məşhurlaşanda BağHəmOdun qatı düşməni Müaviyə ilə, Müaviyənin oğlu Yezidlə gizlin əlaqəyə girib əvvəlcə “İmam” – EyMən (mənim ucam) Əlini öldürtdürür, sonra BağHəmOdun rütbəsini ərəbcə “Muhamməd” şəklində yazdıraraq “Muhəmməd”in kitabını başdan ayağa qədər dəyişdirərək təhrif edə-edə ərəbcəyə tərcümə etdirir, Müaviyəyə göndərir ki, kitabı ərəblərin arasında yaysın. Bu işləri gördükdən sonra SarOdEy – “Sergiy” peyğəmbərin özünü zəhərləyib öldürür.

Beləliklə, SafAğ elmi əvəzinə “Təslim ol” mənasında “İslam” dini yaranır. BağÜn EvƏr (Bag ünü kainatın işığı) “rütbəsi” əvəzinə ərəbcə “peygünbər” ( əvvəlcədən xəbər verən) “rütbəsi” yayılır. BağÜn Evər BağHəmOdun ölümündən sonra “Ərəbistan”da və “Ərəb” ordusunun fəth etdiyi ölkələrdə “Quran” hakim olur. O vaxtdan keçən əsrlərdə “Quran”a saysız-hesabız təfsir – izah yazılsa da, bütün bəşəriyyət üçün hələ də qaranlıq qalan bu kitab din hakimiyyətinin zəhmi altında stolüstü kitaba çevrildiyinə görə ölkəmizdə heç kəs “Quran”ı inkar etmək fikrində deyil, lakin mənim həyatım, taleyim bu kitabla bağlı olduğuna görə SafAğ elmindən və “Nəqşibəndi”dən bu məlumatı yazdım. Bu məlumat mənim həyatımın bir növ müqəddiməsi sayıla bilər.

1

1929-cu ildə Qazax pedaqoji məktəbini – seminariyanı bitirəndən sonra mən tarix, ədəbiyyat fənnləri arasında vurnuxa-vurnuxa qalıb özümə ixtisas seçməkdə tərəddüd edirdim. Lakin seminariyada bizə “hürufilik”dən dərs deyən, Nəsiminin, Yunus İmrənin, Seyid Nigarinin divanlarından şeirlər oxuya-oxuya gəzən cavan şair Osman Sarıvəllinin həzin səsi qulaqlarımdan getmirdi. Bu səs məni atamın evimizdəki kitab tərəcəsində yadigar qalan kitabların üstünə apardı. Tiflisdə Zaqafqaziya müsəlmanlarının şeyxül İslamı Qayıbovun “Qeyrət” mətbəəsində çap olunmuş, adlarını çəkdiyim divanlar mənə ixtisas fənni seçməkdə kömək etdi və mən Qazax rayon maarif şöbəsinə gedib Ələs məktəbinə təyinat aldım. Əmma məktəbə getməyə tələsmədim. Mərhum atamın qohumu və həmkarı İsmeyil əfəndinin adı bizim evdə anamla mənim dilimizin əzbəri olduğuna görə, seminariyanı bitirməyim və təyinat almağım münasibətilə İsmeyil əfəndinin evinə getmək, sadlığımı onunla bölüşmək istədim.

İncə dərəsindəki üçpara kənddən birincisi – Astanbəyli dərənin girəcəyində, ikincisi Qaymaqlı kəndi dərənin orta təpələrində, üçüncüsü – Kəmərli kəndi dərənin axırında, Ərmən dağlarının meşələrindən qıjıltı ilə tökülən İncə çayının sağ-solunda, təpələrin döşlərindədir. İsmeyil əfəndinin evi isə kəndin ortasında, Ağ Mollanın adı ilə Mollaoğlular adlanan AğEylik – “Ağalıq” məhləsində, çay boyunca uzanan torpaq yolun qırağında, nəhəng cəviz ağacları ilə bəzənmiş dərənin ən səfalı yerində idi. Bizim kəndlə bu evin arasındakı üç kilometrlik yolu nə qədər iti addımlarla getsəm də, yanvarın şaxtasında bərk üşüdüm. Evin qabağında dörd dövrəsi söyüd çubuqları və qarğıdalı şaxları ilə döşənmiş çardağın altında ocaq görüb sevindim. Ocağın dövrəsində, alçacıq kətillərdə ağ xirqəli dərvişlər oturmuşdular. Məni görəndə qəribə, anlaşılmaz cəld hərəkətlərlə ayağa qalxdılar, qabağıma yeriyib, hamısı bir-biri kimi qoşa əllə əlimi sıxdılar. Dərvişləri mən birinci dəfə görürdüm. Buna görə də hərəkətlərindən təəccüblənib üzlərinə baxa-baxa qaldım. Sonradan sonraya mənlə axırıncı görüşüb, yoldaşlarından fərqli olaraq, – Dərviş Nəbi, – deyib adını da söyləyən dəyirmi sifətli, dikburun oğlan təəccübümü gördü:

– Əziz qonaq gələndə İsmeyil əfəndiyə əyan olur, – dedi. – sən Ələsdən çıxanda İsmeyil əfəndi görmüşdü səni, mənə o xəbər verdi ki, Mahmud əfəndinin oğlu Astan mənim yanıma gəlir, dərvişləri çağır, tanış olsunlar. Bayaqdan burda oturub biz də sənin yolunu gözləyirik, Astan qardaş. Xoş gəlibsən. Rəhmətlik atanı da biz lap uşaq vaxtımızdan tanıyırdıq. İsmeyil əfəndiynən bərabər o da dərs deyib bizə. Sənin seminariyanı qurtardığını eşitdik, şad olduq. Rəhmətlik Mahmud əfəndinin getdiyi yolnan getsən, daha çox şad olarıq.

Təəccübümə təəccüb qarışmışdı. Soruşdum ki:

– Mənim bura gəlməyim İsmeyil əfəndiyə necə əyan olub? Evində otura-otura mənim Ələsdən çıxdığımı necə görüb? Çox maraqlı işdi!

Dərviş Nəbi yoldaşlarına baxdı. Dərvişlər hamısı gülümsəyirdi. Hamısı da birdən dilləndi:

– Onu bilən bilir. Biz bilmərik. İsmeyil əfəndinin möcüzələri çoxdu, – dedilər.

– İçəri keç. Özü deyər. Çay, çörək hazırlatdırıb, yolunu gözləyir, – dedilər.

Dərvişlər eşikdə, çardağın altında qaldılar. İsmeyil əfəndi məni kandarda qarşıladı. Əlimi sıxıb üzümdən öpdü. Paltomu özü soyundurub paltarasılandan asdı.

– Gəl, gəl. Xoş gəlibsən, – deyib, qolumdan tutub, qapıdan azca aralıda gurultu ilə yanan odun sobasının yanına apardı, oradakı üç alçaq kətildən birində məni oturdub, ikincisini ortalığımıza qoyub, özü üçüncüdə üzbə-üz oturdu.

Mən istər-istəməz otağa göz gəzdirdim. Yuxarı başda üstünə böyük zili salınmış nəhəng, uzun taxt vardı. Taxtdan sağda, divarın dibi uzunu yorğan-döşək qalaqlanıb, üstünə abı rəngdə pərdə çəkilmişdi. Sol divarın dibi uzunu isə taxıl çuvalları, tərəcələrdə kitablar, qab-qacaq düzülmüşdü. Evdəki şərait eynilə bizim evdəki kimi, doğma, məhrəm olduğundan başqa İsmeyil əfəndinin sinəsinə tökülmüş dümağ, gur saqqalı, qadın gözləri kimi gözəl, mavi gözlərinin gülümsərliyi də lap ilk baxışdan mənə doğma, məhrəm göründü. Özümü də heyrətləndirən, olduqca həlim, mehriban səslə:

– Bağışlayın, sizi narahat elədim. Əmbə gəlməyə bilmədim, – dedim. -

– Evdə anamnan elə sizdən danışırıq. Atamnan çox yaxın olubsunuz, – dedim, – Atam rəhmətə gedəndən sonra bizi tək qoymayıbsınız, bir il evimizə gəlib-gedibsiniz.

İsmeyil əfəndi, əli saqqalında, ciddiləşmiş gözlərlə baxa-baxa başını tərpədirdi.

– Mahmudun vəfatı məndən ötrü çox ağır itgi idi, – dedi.

– Sən bilirsənmi ki, biz yaxınca qohumuk,– dedi.

– Bir az bilirəm. Anam danışıb, – dedim.

– Əmiuşağıyık, atannan da, anannan da əmiuşağıyıq, – dedi. Sənəm lap körpəlikdən yetim qalmışdı. Yanımda böyüyüb. Məktəbə qoydum, oxudu. Atan elçisi Əsəd müəllimi mənim üstümə göndərdi. Öz balam kimi toy elədim. Əvvəlcə Astanbəylidə, Türfədə işlədi atan. Sənin üç yaşına qədər… Üç yaşına qədər mənim, dərvişlərin qucağında olubsan. Yerdə xırda-xırda qarışqaları görəndə qucağımdan düşürdün, qarışqaları barmağıyın ucunnan bircə-bircə dənləyib ovcuna yığırdın, ovcunda yeriməklərinə baxa-baxa gülürdün. Mahmuda deyirdim oğlun qeyri-adi oğul olacaq. Seminariyada oxuduğun illərdə bir az aralı düşdün. Amma müəllimlərini görəndə soruşurdum. Şair Osman Sarıvəlli tərifləyirdi səni. Gözəl hafizəsi var deyirdi, bir şeiri bircə dəfə oxuyur, əzbərləyir deyirdi.

Sobanın istisi vurdukca qızışdım, daha da sərbəstləşdim. Anamın dediyinə görə yüz yaşı tamam olsa da, cavan oğlan kimi gümrah, təmiz, bəlağətli səslə danışan qohumuma qanım qaynadığını hiss edirdim, istər-istəməz gülümsəyirdim.

– Qarışqaları ovcuma yığdığım yadıma gəlmir, – dedim. – Dərvişlər də yadımda deyil. Amma siz yadımdasınız. Elə o vaxda belə ağsaqqaldınız. Olduqca mehribandınız.

Qapı açıldı, içəriyə gözlərindən İsmeyil əfəndiyə oxşayan, bəstəboy bir qadın gəldi, mənə salam verdi, – xoş gəlibsən, – dedi, qucağındakı sinini bizim ortalığımızdakı kətilin üstünə qoydu. Sinidə iki dəmir camda İncə dərəsinin bütün mahalda məşhur olan iri, kəhrəba buğdasından, qızartdak qarğıdalıdan və cəviz ləpələrindən bişirilmiş hədik, iki qarğı qaşıq, iki armudu stəkan çay və qənd qabında xırda-xırda doğranmış nabat vardı.

İsmeyil əfəndi qaşığın birini mənim qabağımdakı qabın qırağına qoyub:

– Nuş olsun, – dedi.

– Körpəlikdə sən hədiyi çox xoşlayırdın, – dedi.

– Bizim İncə dərəsinin dəmyə buğdasıynan, qarğıdalısıynan cəviz ləpələrinin hədiyi heç yerdə tapılmaz, – dedi. – Ye.

Mən acmışdım. Hədiyi iştəha ilə yedim. Nabatla çayı da iştəha ilə içdim. İsmeyil əfəndinin arvadı bu dəfə əlində çayniklə gəlib stəkanlarımıza çay süzdü, çayniki sininin qırağına qoyub çıxdı.

Mənim gözüm İsmeyil əfəndinin üzündə idi. Marağımı gizlətməyib istər-istəməz soruşdum ki:

– Dərvişlər dedilər məni Ələsdən çıxanda görübsünüz. Necə olur belə şeylər?

İsmeyil əfəndi gülümsünüb, saqqalını sığallaya-sığallaya:

– Səni mən ağ xirqədə gördüm, – dedi. – Bu o deməkdi ki, səni mənə göydən göstəriblər. Planetdən… Belə şeylər çox olur. Atan Ələsdən çıxıb bizə gələndə onu da göstərirdilər… Göylərə münasibətin necədi?

Bu gözlənilməz sual məni bir az çaşdırdı. Özümü yığışdırdım.

– Göylə münasibətim Bağlarımıza olan münasibətimdi, – dedim. – Osman Sarıvəlli hürufilikdən danışanda Bağa “həq” deyirdi. “Bulmuşam həqqi, ənəlhəq söylərəm. Həq mənəm, həq məndədir, həq söylərəm.” Mənə molla Əhəd izah elədi ki, “həq” sözü altında Hürufilər Ağ sözünü gizlədiblər. Yəni SafAğ insanı. Yəni Bağları. Nəsiminin rübaisini başqa cür dedi molla Əhəd. “Bulmuşam Ağı, Ağ söylərəm. Ağ mənəm, Ağ məndədi, Ağ söylərəm.” Mən bunu Osman Sarıvəlliyə dedim. Dedi: “Nəsiminin divanlarından Odər sözlərini çıxarıblar. Farsca “dəri” sözlərini. Oncun deyirlər Nəsiminin dərisini soyublar”.

İsmeyil əfəndinin qaşları dartıldı.

– Yəni həqiqətdə dərisi soyulmayıb?

– Soyulub, – dedim. – Molla Əhəd də təsdiq elədi. Bizim evə o, atamın vaxtından gəlib gedir. Seminariyadan tətilə çıxanda, yaylaqda dəyəsini bizim dəyənin yanında tikdirirdi. Qoyun sağınından sonra arxacda kürəyini qayaya söykəyib dincələndə məni yanına çağırırdı, Hürufilikdən, SafAğ elmindən danışırdı. Hürufilər elmi Quranın hərfləri altında gizlədərmişlər. Hər hərfi deyəndə, haman hərfin əslini – OdƏrcəsini nəzərdə tutarmışlar. “Əlif” – ƏlEv. “lam” -Əlim. “Bey” – Bağ. “Dal” – Odəl. “Sin” – Əsün. “Sim” – Əsim… Nəkşibəndillik də belədi.

– Çox şadam! Çox şadam! Çox şadam! – deyə İsmeyil əfəndi şadlığını dönə-dönə təkrar etdi – səni bax elə buna görə ağ xirqədə göstəriblər mənə. SafAğ elmini hələ onuncu əsrdə Mənsur Həllacın vaxtından rəmz altında gizlədirmişlər. Hürufilər lap möhkəm gizlədirmişlər. Yunus İmrə də “Allah” demir. ƏlAğın adını “Dost” sözü ilə əvəz eləyib. Seyid Nigari “ƏsAğ” əvəzində “Eşq” yazıb… İşimiz çox çətindi, Astan balam. Camaata başa salmaqdan ötrü gərək lap sadələşdirəsən, xırdalaşdırasan hər şeyi. “Ağ” deyirsən, SafAğ deməkdir deyirsən, o dəqiqə sual verirlər ki, niyə həm Ağ, həm də SafAğ?.. Deyirsən “Ağ”dan “SafAğ”dan başqa Bağ da var. Burda lap çaşırlar ki, niyə həm də “Bağ”?.. Gərək lap incə-incə izah eləyəsən ki, Odər dili zəngin dildir. Bir kəlmə – “Əl” sözü həm həqiqi Əl mənasında işlənir, həm Oğul mənasında işlənir, həm də “yaradan” mənasındadı. Eyni zamanda “Əs” sözü də “yaradan” mənasındadı. Qreklərin dilləri dəyişəndən sonra Bağların, OdƏr dilinin hikmətini başa düşüblər, ha çalışıblar ki, Odər dilini yenidən öyrənsinlər, öyrənə bilməyiblər, adını qoyublar: “Anlaşılmaz OdƏr dili”. – Birdən-birə çox ciddi, hətta zəhmli sifət aldı. – Mənim səndən təmənnam var, Astan balam. Sən mənə çox lazım olacaqsan! – dedi.

Mən nədənsə qızardığımı hiss etdim.

– Bu nə sözdü, İsmeyil əmi! Mən sizə məmnuniyyətnən qulluq eləməyə hazıram! – dedim. – Amma məktəbə təyinat da almışam. Ədəbiyyat fənni üzrə.

İsmayıl əfəndiyə ilk dəfə idi ki, “əmi” deyirdim. Deyəsən özü də bunun fərqinə vardı. Dodaqucu gülümsündü.

– Sağ ol! Çox sağ ol! – dedi. Sonra ciddiləşib bir xeyli susdu. Bu dəfə fikirli-fikirli:

– Bilirsənmi, əzizim, mənim işlərim xeyli çətinləşib, – dedi. – Tez-tez GEPO-ya çağırırlar, danışdırırlar. GEPO-nun sədri Şir Abbas özü Türfəyə gəlir, moizələrimə qulaq asır, gedəndə hər dəfə deyir: “Camaatı yoldan azdırırsan. Belə olmaz”. Diyəsən tutacaqlar məni. Həbs eləyəcəklər. Türfədə işin səmti dəyişə bilər, uzun illər ərzində zəhmətimiz hədər gedər… İndi sənə açığını deyim. Osman Sarıvəlliyə “Hürufiliyi mən anlatmışam, seminariyada “Hürufilik”dən dərs keçilməyi də mənim təklifimnən olub. Şir Abbas mənə təklif eləmişdi ki, Nəkşibəndilikdən əl çəkim, gedim seminariyada – pedaqoji məktəbdə direktor olum. Təklifini qəbul eləmədim. Dedi: “Mən səni xilas eləmək istəmirəm. Direktor ol!” Axırda dedim: “Fikirləşərəm”. Getmədim. Başıma bir iş gəlsə, bilirsənmi nə olar? “Quran” gətirərlər Türfəyə, din gətirərlər, pir kimi bir şeyə döndərərlər ziyarətgəhimizi. Mənim sözümə baxsan, məktəbdə dərsini də deyərsən, Türfəyə də ayaq açarsan, moizələri yazarsan, öyrənərsən. Həftədə bir dəfə, cümə axşamları məclisimiz olur, zəvvarlara dərs deyirəm, Yunus İmrədən, Seyid Nigaridən şeirlər oxuyuram, lazım gələndə izah eləyirəm şeirləri… Qurban kəsilir Türfədə, kasıblara, yetimlərə, xəstələrə, əlillərə qurban payı paylanır. Əlim başımda olmasa, hər şey dəyişər Türfədə… Nəzir-niyaz yığılır, dərvişlərə məvacib verirəm yığılan puldan. Dərvişlər məvacibsiz qalarlar, dağılışarlar… Bax belə bir təhlükə ərəfəsində göndərilibsən sən mənim yanıma… Amma təkid eləmirəm. Get anannan da məsləhətləş. Molla Əhədnən, Əsəd müəllimnən də məsləhətləş… Sən çox cavansan. GEPO hələlik dəyib-dolaşmaz sənə. Bir qədər gəlib-gedərsən Türfəyə. Çətinliyə düşsən, yenə məsləhətləşərsən dost-tanışlarnan, lazım olsa ara verərsən Türfədə fəaliyyətinə…


Страницы книги >> 1 2 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации