Текст книги "Qardaşım Elçibəy haqqında xatirələrim"
Автор книги: Murad bəy
Жанр: Биографии и Мемуары, Публицистика
Возрастные ограничения: +16
сообщить о неприемлемом содержимом
Текущая страница: 2 (всего у книги 15 страниц) [доступный отрывок для чтения: 5 страниц]
Hamı «adı-sanı ilə yaşasın, uzun ömürlü olsun» deyib süfrə başında əyləşdilər. Süfrədə ağartı məhsullarından hamısı var idi. Sonra süfrəyə kabab, soyutma ət yeməkləri gəldi. Kababı atamızın özü bişirirdi. Yeyib-içib hərə öz alaçığına dağılışdılar. Kəndə gedən də yola düşüb getmək istəyirdi. Dayım, İbrahimin gətirdikləri gilas, gilənar, tut vedrələrini orda olan fermaçılara payladı. Yola düşəndə uşaqlar yenə də onlar gözdən itənəcən dalınca «uçastok-uçastok» – deyib qışqırdılar.
Günlər-aylar gəlib keçirdi. Avqust ayı girmişdi. Otlar solmağa, taxıl zəmiləri yetişməyə başlayırdı. Yaylaqda hərə öz işinin dalınca gedirdi. Mən də anama kömək edir, hər gün su gətirir, çörək, süd bişirmək üçün odun, çır-çırpı yığıb gətirirdim. Almurad da 6-ya keçirdi. Orada anama kömək edir, anam bir yerə gedəndə uşağın yanında qalırdım. Gündə bir dəfə Mələk bacı gəlir, uşağın paltarını aparıb arxda yuyub gətirir, bu minvalla günləri başa vururduq. Mələk bacı anamın əmisi nəvəsi idi. Yaylaqda yeniyetmə qız o idi. 16-17 yaşa dolmuşdu. Rəfiqələri köçmüşdü. Leyla bacı, Kübra, Zabitə – bu il onlar yaylaqda yox idilər. Yeniyetmə oğlanlar da hazırlaşırdılar. Onlardan Əli, Salman, Mirhaşım, Bəşir, Əliabbas, Ağaqulu və başqaları. Onların hamısı tətildə olduğu üçün taxıl yığımı kampaniyasında kolxozda işləyirdilər. Sentyabr yaxınlaşırdı. Məktəb yaşlı uşaqlar kəndə bacı, qardaşla gedirdilər. Yaylaqda uşaqların səs-küyü azalırdı. Məni anam sentyabrın 10-a kimi yaylaqda saxladı.
Mən 2-ci sinifə keçmişdim. Uşaqlar, yaşıdlarım yaylaqdan getdikləri üçün mən də darıxırdım. Məktəbə getmək üçün ayın 10-da dayım yaylağa, fermaya baş çəkmək üçün və bacısını görməyə gəldi. Bacı-qardaş bir-biri ilə görüşəndən sonra soruşdu ki, «uçastok» necədir?» Anam tez uçastoku gətirib dayımın qucağına verdi dedi ki, bu da sənin uçastokun. Uşaq 3 aylıq idi. Artıq gülümsəyir, qığıldayır, əllərini oynadırdı. Dayım uşağın üzündən öpüb anama verdi. Anam dedi ki, gedəndə Muradı da apar, bir həftədir məktəbdən qalır. O da dedi ki, bəs sənə kim kömək edəcək? Anam da dedi ki, indi iş azalıb, özüm hər işi görəcəyəm. Yaxşı, onda hazırlaş. Bir həftədən sonra İbrahimi yollayacağam, gəlsin sizi köçürsün. Anam razılaşıb dedi ki: İbrahimi yolla gəlsin. Axşam üstü kəndə yola düşdük.
Sentyabrın 20-i anam yaylaqdan gəldi. Həmişəki kimi kənddə olan qohum-əqrəbalar anamla görüşüb xeyir-dua edib gedirdilər. Kənd əhli qışın gəlişi üçün hazırlıq işləri görür, anbarlara mal-qara üçün ot-saman, xəzəl yığırdılar. Mən də, qardaşım İbrahim də məktəbdən sonra anbarımıza qış üçün odun, çır-çırpı toplayıb bağlayırdıq. Mal-qara tövlələrə yığılırdı. Qoyun sürüləri arandan qışlağa gəlmişdi. Noyabr ayının axırları, dekabrın şaxtalı günləri gəlirdi.
1938-ci ili başa vurmaq üzrəydik. Yaxın günlərdə kolxozun bir illik hesabatı olmalıydı. Dayım hesabatına ciddi hazırlaşırdı. Kənddə söz-söhbət gəzirdi. Bu hesabatda Fərruxu kolxoz sədrliyindən çıxaracaqdılar. Hesabat günü gəlib çatdı. Dekabrın axırı idi. İki kənddən kolxozçular toplaşmışdı. Hər tərəfdə dəstə-dəstə kolxozçular pıçıldaşırdılar. Rayondan gələn ikinci katib bir dəstə sədrlə birlikdə «iclasa başlamaq olar» dedi. Hamı məktəbdəki kluba daxil oldu. İclasın sədri, katibi seçildi. Kolxoz sədrinə söz verildi. O bir illik hesabatını verib qurtaradan sonra kolxozçular danışdılar. Hamı sədrin yaxşı işləməyindən danışdı. Kolxozçular danışdıqdan sonra ikinci katib söz alıb danışdı. O sədrə razılıq edib dedi: «Partiya belə bir məsləhət görüb ki, Fərrux Əhmədovu şəhərdə (Ordubadda) başqa bir işlə təmin edəcək. Partiyanın bu məsləhətindən çıxmaq olmaz. Biz hamımız partiyanın sözünü yerinə yetirməliyik. Bundan sonra 1939-cu ilin yanvarın 1-dən kolxozun sədri sizin tanıdığınız partiya üzvü Yusifov Ağaları məsləhət görüb. Kim razıdır əlini qaldırsın».
Kolxozçular əl qaldırıb saldılar. Bununla seçki qurtardı.
Xatirələrimi oxuyan əziz oxucular. Mən öz xatirələrimdə qalan yaddaşımı sizin ixtiyarınıza verirəm. Bununla mən qardaşım Elçibəyin (uçastokun) anadan olma tarixini sizə tarixi faktla təqdim edirəm. Hər bir maraqlanan alim, tarixçilər bu tarixi faktlara müraciət etsinlər. Həyatı, doğumu haqqında mən burda xatirəmdə olanı-qalanı heç bir kənar söhbətləri göstərməmişəm. Nə yazmışam düzgün və həqiqətdir. Kənar adamlar heç vaxt ailə üzvlərindən, qardaşlarından artıq bilə bilməz. Ona görə xahiş olunur ki, burada yazılan, göstərilən faktlardan istifadə edin. Burada yazılan hər bir cümlədən, hər bir söhbətdən, siz tarixçilər, şairlər, yazıçılar bir roman, bir poema, şer, bir tarixi kitab yaza bilərsiniz. Mən qardaşı Murad nə jurnalistəm, nə yazıçıyam, nə tarixçi. Ona görə sizdən xahiş edirəm bu cümlələrdə mübtəda, xəbər öz yerində olmasa, bağışlayın. Hələlik bu qədər. Bunlar 1938-ci ilin xatirələri idi. 1939-cu ilin yaddaşda qalan xatirələrini yazmağa başlayıram. Siz oxuculara can sağlığı. Mənə də səbr allah təala əta etsin. Amin.
2004-cü il. Murad M.B.
1939-1940-cı il yanvar ayı keçmişdi. Dayım Fərrux Ordubad rayon şəhər yeməkxanalarının müdiri təyin edilmişdi. Atamız Qədirqulu kolxozun baş çobanı vəzifəsindən azad edilmişdi. Yeni gələn kolxoz sədri kolxozda yer dəyişmə kampaniyası aparırdı. Atamız fermada iştirak edir, həm də öz qoyunlarımızı saxlayırdı. Bahar ayları yaxınlaşırdı. Ətraf kolxozlardan təkliflər gəlirdi. Atamıza kolxoz çobanı olmağa hələ ki razılıq verilmirdi. Mart ayı gəldi. Bayram oldu. Novruz bayramımızı şənliklə keçirdik. Bütün ailə bir yerdə idi.
Aprel ayı Əylisdə yaşayan qarabağlılar Pirdavdanlılardan kəndə gəlib atamızı bu il – yəni 1939-cu ilin yaylaq mövsümü qoyunlarını otarmasını, həm də quzuları otarmaq üçün özü ilə bir quzuçu gətirməsini xahiş etdilər. Atamız dedi ki, bir həftəlik razılıq verin qohumlarla məsləhətləşim, sonra razılıq verərəm. Bu minvalla gedib dayımla razılaşdı. Ondan sonra razılıq verdi. May ayında Əylis kəndinə gedib danışıq aparıb gəldi. Gələndən sonra evdə anama dedi ki: «Hazırlaşın, bu il yaylağa əylisli qohumlarla gedəcəyik. Ata-baba yaylaqlarımıza gedib kəndimizi, el-obamızı ziyarət edib, həm də yaylaqlanıb gələrik. Dünya ölüm-itimdi. Bəlkə bir də o yerlərə gedə bilmədik. May ayının axırına kimi hazırlaşın».
Bir neçə gündən sonra atamız hazırlaşıb Əylis kəndinə çobanlıq etməyə getdi. Özü ilə bərabər Mirbabanı da əmisi Miryəhyadan icazə alıb quzuları otarmaq üçün apardı. Beləliklə, may ayı qurtarmaq üzrə idi. Yaylağa qalxmaq vaxtı gəlib çatmışdı. Atamız gəlib kənddən qoyun-quzumuzu yığıb Əylisə apardı. Anama da dedi ki, uşaqlar məktəbi qurtaran kimi yığışın yola düşün. Məktəbdə oxuyan mən, qardaşım İbrahimdir. Almurad hələ məktəbə getmirdi. Onun yaşı çatmırdı məktəbli olmağa, altı yaşının içindəydi. Əbülfəz on bir aylıq idi. Yaşı tamam olmağa bir ay qalırdı.
İyun ayı gəlib çatdı. Dayım Ordubaddan gəlib yaylağa getmək üçün yol tədarükün hazırladı. Bizim üçün pal-paltar alıb gətirmişdi. Anama da parça, çit, arşın malı almışdı ki, özü tiksin, geysin. Yol azuqəsi üçün qənd, çay, pul verib İbrahimə dedi ki, gedib atımı tutub dağdan gətirərsən. Anan uşaqla ona minər. Atın yüyənini heç vaxt əlindən buraxmazsan ha. O biri atımızı da yükləyərsən, Almuradı da onun üstündə apararsan, Murad da sənə kömək edər.
Bir gündən sonra dayım bizimlə görüşdü, anamla öpüşdü, Əbülfəzi qucağına alıb qolları üstə qaldırıb atıb-tutdu. O üzündən bu üzündən öpüb anama verib dedi ki, uşaqdan muğayat ol, yol uzun yoldu, soyuğa-zada vermə. Xudahafizləşib öz işinə getdi.
Biz Əylisdən xəbər gözləyirdik. İyun ayının altısında xəbər gəldi ki, sabah yəni, yeddisində köç Əylisdən tərpənəcək. Bu il bizimlə kənddən İlyas Əligil də gedirdilər. Onların mal-qarasını aparmaq üçün Nüs-Nüsdən qohumları gəlmişdi. Biz də mal-qaramızı, axşamdan onların mallarına qatıb verdik ki, aparsınlar. Biz səhər gələcəyik. Belə də oldu. Səhər açıldı. Anam, mən, Almurad kənddə bir-bir qohumlarla görüşüb qocalarla vidalaşırdıq. Vida vaxtı bəzi qohumlar mənlə, Almuradın cibinə bir manat, üç manat pul qoydular. Dedilər ki, yolda konfetə verərsiniz. Onda bir, üç manat çox pul idi. Səhər-səhər bizi kənd əhli təmtəraqla yola saldılar. Hamı bir ağızdan deyirdi ki, uçastokdan muğayat olun, tezliklə görüşərik. Anam ata minib uçastoku qucağına alıb yola düşdük. Kənd uşaqları bizi kəndin kənarına kimi əl edib salamladılar. Bəzi balacalar uçastok-uçastok deyib qışqırırdılar. Biz öz yolumuza davam etdik.
Bir il bundan qabaq getdiyimiz yolla irəliləyirdik. Bu il getdiyimiz yol daha bizə tanış idi. Heç bir əziyyət sorğu-sual olmadan gedirdik. Mal-qara axşamdan getdiyinə görə, yollarda səs-küy yox idi. Günortaya yaxın biz gəlib Nüs-Nüs kəndinə çatdıq. Kəndin ən gözəl vaxtı idi. Bağlarda gilas yetişmişdi. Mal-qaranı gətirən bizdən qabaq gəlib çatmışdılar. Anasına demişdi ki, xalamgil indi gələcəklər. Lala xala tez samovarı qaynadıb hazır qoymuşdu. Süfrə salıb bizi gözləyirdi. Biz gəlib Lala xalagilin evinə çatdıq. Onların evi kəndin lap yuxarı başında idi. Lala xalanın bacısı Tavat xala da bizimlə bu il yol yoldaşı idi. Lala xala bizi qarşıladı. Hamımızı evə dəvət etdi. Hal-əhval tutandan sonra oğluna tapşırdı ki, atlara ot versin. Biz hamımız tökülüşüb çaydan axan təmiz su ilə əl-üzümüzü yuyub balkona keçdik. Anam Əbülfəzi mənə verib, dəstəmaz alıb günorta ibadətinə o biri otağa keçdi. Balkonda qalın döşək, döşəkçələr divar boyu düzülmüşdü. Hərə özünə münasib yerdə oturub çay içməyə başladı. Anam ibadətin qurtarıb gəldi. Uşağı qucağımdan alıb yuxarı döşəkçənin üstündə oturub uşağı da yanında yerə döşəyin üstünə uzatdı.
Oxuculara deyim ki, «Uçastok» çox sakit uşaq idi. Harda qoysan, orda sakitcə əlləri ilə oynayırdı. Bu şərtlə ki, mədəsi tox ola, çətin-çətin ağlardı. Çay-çörək yeyib içəndən sonra biz uşaqlar Lala xalanın oğlanları ilə bağda gilas yığmağa getdik. Bağdan gilas yığıb yol üçün balaca səbətləri doldurub gətirdik. Anam üçün də ayrı yığmışdıq. Dincəlib durub yolumuza davam etdik. Axşama kimi yol getməliydik. Düşərgəyə çatmaq üçün Güllü zəmiyə (fəhlə dərəsi) Ələngəz dağının ətəyinə çatmalı idik. Düşərgə orada yerləşirdi.
Bir daha oxuculara təkrar deməyimi, yazmağımı məsləhət görmürəm. Ona görə ki, bu yolumuzun düşərgələrini yuxarıda sizə xatırlatmışam. Getdiyimiz yollar, yaylaqlar, çaylar, kəndlər biz köçəri tayfaların – Ağqoyunlu dövlətinin tərkibində olub. Bizimkilər də Ağqoyunlu tayfalarının bir qolu kimi bu yerlərdə yaşayıb kənd salıb. Yarı oturaq, yarı köçəri həyatı keçiriblər babalarımız. Oxucularıma bildirmək istəyirəm ki, bu yerlərdə türk mənşəli xalqlar, tayfalar yaşayıblar. Tarixçilər bunu yaxşı bilərlər.
Qərəz Nüs-Nüs kəndindən yola düşəndə Lala xala dedi ki, siz gedin, mal-qara ilə işiniz olmasın. Bu axşam qalarlar, burda dincələrlər. Sabah tezdən verərəm, uşaqlar gətirib Güllü zəmidə sizə verərlər. Arxayın olun, yolunuzu rahat gedin.
Biz səs-küysüz yolumuza davam edib axşamüstü gəlib Güllü zəmiyə çatdıq. Hərə öz yerinə, yurd yerinə düşüb alaçığını qurub, rahatlandı. İndi yurd yerində bir canlanma var idi, gəl görəsən. Qoyun-quzunun mələrtisi, mal-qaranın böyürtüsü, biz köçərilərin bir-birini çağırması sanki Ələngəz dağının ətəklərindən axan su insan, heyvan ahənginə qatışıb, böyük bir orkestirin çıxartdığı melodiya səsinə bənzəyirdi.
Yuxarıda göstərdiyim düşərgədə bir neçə gün qaldıqdan sonra yolumuza davam edib, Ələngəz aşırımını aşıb «Buğukər» meşəsinə çatdıq. Qaranlıq dərə deyilən yerdə qaldıq. Burda qaldığımız vaxt həmişə olduğu kimi bu dəfə anam uşağı (uçastoku) götürüb, yaxınlıqdakı Buğukər pirinə ziyarət etməyə getdik. Bizlə bərabər bir neçə ailə də gedirdi. Bu dəfə uşaq çox idi, qurbanlıq da aparırdıq. Ağsaqqallar da çox idi. Əylisli qohumlar da bizimlə birlikdə idi. Qurbanlıq aparırdılar. Çox uzaq deyildi, 1 km olardı. Biz uşaqları içəri buraxmadıq. Qadınlar, körpə uşağı olanlar gedib ziyarət edib, çıxandan sonra ağsaqqallar girib ziyarət etdilər. Biz qurbanlıqları pirin başına dolandırdıq, gətirib orada olan, pirə qulluq edən mücavirə verdik. Kəsib hazırladı, öz payını götürəndən sonra kabablıq doğrayıb, verdi pirə gələnlərə. Meşədən odun yığıb biz uşaqlar ocağı çatdıq. Ziyarətə gələnlər hərə öz payını götürüb, şişə düzüb, kabab bişirdilər. Nahar vaxtı idi. İbadətini qurtaran qadınlar, kişilər gətirdikləri yeməklərdən yağ, pendir, şor, qatıq, çörək süfrə açıb, yeyib-içib bir də piri ziyarət edib, çıxırdılar. Bu dəfə anam, mən, Almurad, uşağı da (uçastoku) qardaşım İbrahim qucağına alıb, pirin içərisinə daxil olub, pirin başına fırlanıb, çölə çıxdıq. Hamı hazırlaşırdı getməyə. Anam pirdə ibadət edib, çıxıb gələndən sonra biz də yollandıq alaçığımıza.
Bəli, bir neçə gün burda qalandan sonra köçümüz tərpəndi qabaqdakı düşərgə olan ata-baba torpaqları olan «Dübək» dağına. Bu dağdan ata-anamızın ermənilər tərəfindən 1918-ci ildə dağıdılmış kəndi görsənirdi. Yəni Pirdavdan kəndi. Pirdavdandan Şabadın, Oxçu kəndləri örüşləri, çəmənləri, çayları Dübək dağından ayna kimi görsənirdi. Anam hər gün bizi bu təpənin üstünə gətirərdi, oradan baxardıq. Nişan verərdi, ora Sakkarsudur. O dağın üstü qumlu düzdür, çiçəkli yaylaqdır. O qayalıqdan yuxarı məkandır. Pirdavdanın əsas yaylaqları orada yerləşir. Ora həm də Zəngilanın adamlarınındır. Bəyləri də yay vaxtı gəlib bir-iki ay yaylaqlanıb gedərdilər. O uzaqda Qapıçıq dağının ətəklərində Qapıçıq çayı, dağıdılmış Şabadın kəndidir. Ondan aşağı erməni kəndi Gecalandır. Ondan aşağı isə Sakkarsu çayı ilə Qapuçuq çayı birləşən yerdə Oxçu kəndidir. Güney tərəfdə Atqız kəndidir. Bu kəndlərin hamısının xarabalıqları görsənirdi. Bir Atqız kəndində bir-iki yerdən tüstü çıxırdı. Anam deyirdi: «Atqızın sağ qalan adamlarından gəlib dağılmıış evlərində yaşayırlar.
Dübəkin gözəl ətirli otlarından, pencərlərindən yığıb gətirərdik. Qırxbuğum, quzuqulağı və başqaları. Onlardan doğrayıb ovub kətə bişirərdik. Yeməklə doymaq olmurdu. Anam deyərdi ki, baharın o vaxtı bütün görsənən otlar bir neçə otları çıxmaq şərti ilə hamısı insan üçün dərman, yeməlidir. Ancaq bu şərtlə düzgün istifadə edəsən. Bəzisini çayda dəmləyib içəsən, bəzisini bişirib xörəkdə yeyəsən. Anam həmişə ot çayı, ot xörəyi hazırlayırdı. Axır zamanlara kimi.
İyun ayının 20-də bizim köçümüz Dübəkdən tərpənib Yağlı Dərə yaylağına doğru irəlilədi. Biz də anam, mən, Almurad, qardaşım İbrahim bir yerdə köçlə birlikdə yola düşdük. Anam atın üstündə uşaq qucağında arxada tərkində Almurad oturmuşdu. İbrahim atın yanında gedirdi. Mən də yüklü atın yanınca gedirdim. Dübək aşırımını enib Sakkarsu çayını keçib Pirdavdanın çəmənliklərinə daxil olmuşduq. Anam kəndə yaxınlaşanda yenə də qəhərlənib bayatı deyirdi. Hamımız qəhərlənirdik. Kəndin xaraba divarları görünürdü. Kənddən yuxarı qəbristanlığın kandarında pirin dağıdılmış günbəzi görünürdü. Pirə yaxınlaşan anamgil atdan düşüb piri ziyarət edib yolumuza davam etdik. Çünki eldən dala qalmaq olmaz.
Yolboyu qoyun, mal-qara əlindən getmək asan deyildi. Hamı öz atının, ulağının yanında gedirdi ki, geri qalmasın. Gecalan kəndini keçib Qapuçuq çayından Yağlı Dərənin qovuşduğu yerə gəlib çatdıq. Qapuçuq çayını keçmək üçün körpüdən keçməli olduq. Körpü sən deyən yaxşı körpü deyildi. Piyadalar keçmək üçün idi. Ona görə anamı uşaqla atdan endirib körpüdən keçməli olduq. Çay çox gur gəlirdi. Suyu çox idi. Mal-qara, at, ulaq hamısı çaydan keçməli oldu. Axşam üstü gəlib yurd yerinə çatdıq. Artıq qoyun-quzu sürüləri yurd yerində idi. Atamız, Qədirqulu, quzuçu Mirbaba bizi gözləyirdilər. Yurd yerinə çatan kimi yükləri Mirbabanın köməkliyi ilə düşürdülər.
Uşaq artıq atasının qucağındaydı. Onu atıb-tuturdu. Köməkli alaçığımızı qurub dörd bir yanını otdan, daşdan təmizləyib, ocaq yerini düzəldib ocağımızı yandırdıq. Anam qab-qacağımızı çıxarıb yemək hazırlamağa başladı. Yurd yerində bir canlanma var idi ki, gəl görəsən. Yağlı Dərədə yeni həyat başlayırdı. İnsanların harayı, qoyun-quzunun mələşməsi yaylağa bir gözəllik verirdi. Bu gündən yaylaq həyatımız zamana uyğun belə başladı.
İyun ayının 23-dür. «Uçastok»un 1 yaşı sabah tamam olacaqdı. Ona görə anam uşağın yaşının tamam olması üçün atamıza dedi ki, sabah uşağın 1 yaşı tamam olur, bir qurbanlıq kəsmək lazımdır. Ətini burada olan bütün alaçıqlara paylayaq. İyirmiyə yaxın alaçıq (oba) var idi.
O dövrdə ad günü qeyd etmirdilər. Yaş günü yada düşürdü, o da 1 yaş tamam olanda. Qurbanlıq kəsərdilər, hədik bişirərdilər. Bunları da hamıya paylayardılar. 24 iyunda qurbanlıq kəsildi, hədik bişirildi. Bütün alaçıqlara paylanıldı. Yaylaqda sanki bir toy-bayram şənliyi keçirilirdi. Qadınlar-kişilər gəlib anamı, atamı təbrik edir, uşağa (uçastoka) böyük oğlan – insan olsun deyib gedirdilər.
İyun ayı gəlib keçdi. Qardaşımız İbrahim bizi yaylaqda yerbəyer edib kəndə qayıtdı. Onda İbrahimin 15-16 yaşı var idi. Anam İbrahimi yola salanda dedi ki, sağ-salamat get. Dağ yolu açılanda, qar əriyəndə gəl bizi gör. Çünki dağ yolu çox yaxın idi, bir günlük yoldur. Dayına çoxlu salamlar de. Onun da yolunu gözləyirik. Mən 11 yaşdaydım. İbrahim gedəndən sonra yaylaqdakı işlər mənim üzərimə düşdü. Anama kömək etmək, su gətirmək, odun gətirmək, mal-qaranı örüşə ötürmək, anamın işi olanda Almurada, uşağa (uçastoka) baxmaq, saxlamaq və ilaxıra.
Almuradın 6 yaşı tamam olub 7-ə keçirdi. O hər gün buzovları, evdə qalan quzuları yaxın örüşə, otlağa yaşıdlarıynan birlikdə ötürüb gələrdi. O çox şuluqçu idi. Obada olan itlərlə dostluq edərdi. Evdən, alaçıqdan şor, çörək, ət, ət sümükləri itlərə paylayardı. Obada olan itlərin hamısı onu tanıyır, onu görəndə gəlib yanında atılıb düşərdilər. Xəlvətə salıb yaxında olan erməni qoyun yatağındakı itlərlə bizim itləri boğuşdururdu. Erməni çobanları gəlib həmişə anama şikayət edərdilər. Anam onlara deyərdi ki, uşaqdır. Siz uşaq olmamısınız? Uşağı bağışlamaq olar. Çobanlar da bir söz deməyib gedərdilər.
Beləliklə, günlər gəlib keçirdi. Yaylaqda olanda dağ yolu açılanda gəlib-gedən qonaqlar çox olurdu. Həm Ordubadın dağ ətəyi kəndlərindən, həm də Qafanın dağ ətəyi kəndlərindən. Ordubad tərəfdən gələnlər qoyun, quzu, mal, ətlik alıb aparırdılar. Qafanlılar da öz mal, qoyun-quzu ətliklərini Ordubad bazarına aparıb satırdılar. Bu gedib-gəlmə avqust, sentyabr aylarında olurdu. Ona görə ki, zirvədəki qarlar tamam əriyib yox olurdu. Aşırımdakı piyada yollar açıq olurdu. Özü də çox yaxın (kəsmə). Bu vaxtı Kələkidən, Unusdan, Dırnısdan gələn çox olurdu. Gələnlər bizə meyvə – alma, armud, qoz və başqa meyvələr gətirirdilər. Kənddən də yeni xəbərlər gətirirdilər. Qayıdıb gedəndə bizə dəyib gedirdilər. Anam onların yol çörəklərini, yağ-pendir, şor yığıb verərdi ki, aparın. Qardaşı Fərruxa, oğlu İbrahimə tapşırıq yollayardı, sağ-salamat olmağımızı deyərdi.
Avqust ayı girmişdi. Yaxında axan çayın suyu azalmşdı. Su isinmişdi. Günortadan sonra biz uşaqlar hamımız çayın ətrafına toplaşardıq. Kimi suya girər, kimisi soyunub çayda çimərdi. Mən də «Uçastok»u götürüb Almurad da yanımca çayın qırağına gəlib daşın üstündə oturub uşaqlara baxardıq. Almurad çayın qırağında dayaz yerdə suyun içində oynayardı. Təkdən bir də mən də uşağı gətirmədiyim vaxtlar soyunub çayda çimərdim.
Beləliklə, avqust ayı qurtarmaq üzrəydi. Sentyabr yaxınlaşırdı. Məktəbə getmək vaxtıdır. Avqust ayının axır 10 günlüyündə kənddən (Kələkidən) dayım Fərrux, qardaşım İbrahim yaylağa gəldilər. Görüşüb-öpüşüb hal-əhval tutandan, dincəlib durandan sonra anam hazırladığı, ətdən bişirdiyi soyutmanı gətirib süfrəyə qoydu. Ev əhli hamımız alaçıqdaydıq. Həm də quzuçu Mirbaba da o günü bizdəydi. Yeyib-içəndən sonra dayım üzünü atamıza, Mirbabaya tutub dedi: «Sizin danışığa görə vaxtınız azalır (Müqaviləyə görə). Bu yaxında quzu qırxını başlayır. Mirbabanın vaxtı qurtarır, səninki də sentyabrın axırına kimidir. Mən sabah İbrahimlə ağırlıqları – motalları, yunları və başqa şeyləri – atlara yükləyib gedəcəyik. Siz də öz işlərinizi, haqq-hesabınızı kəsib gələrsiniz. Gələn həftə İbrahimi yollayacağam gəlsin Muradı, Almuradı aparsın, məktəbə gedəcəklər. Onlar axşamı birlikdə alaçıqda yatıb sübh tezdən atları yükləyib yola düşdülər. Anam onları çayın kənarına kimi yola saldı.
Bir neçə gündən sonra quzu qırxını başladı. Qırxım günü belə bir adət var idi. Toy-bayram edərdilər. Bizim yaylaq uzaq olduğu üçün çalğıçı dəstəsi gələ bilməmişdi. Bir qara zurna çalan, bir də çoban tütəyi çalan var idi. Bunlar yığışıb bir ansambl yaratdılar. Qırxım günü çalıb-oxumaq üçün obada olan cavan – qoca o günü səbrsizliklə gözləyirdi.
Quzu qırxımı təyin etdikləri gün gəlib çatmışdı. Qoyun-quzu sürüsü gündəkindən tez gəlmişdi. Qoyun-quzu yatağına hamıdan tez toplaşmışdı. Hərə öz quzularını tapıb, tanıyıb, tutub onu sevə-sevə o tərəfinə-bu tərəfinə keçirdilər. Oba əhli toplaşmağa başlayırdı. Quzuçu üçün gətirdikləri hədiyyələri quzuçu Mirbabaya verirdilər. Salamlaşıb onu tərifləyirdəlr. Qadınlar ət xörəyi bişirmək üçün gətirdikləri qazanları ocaq düzəldib hazırlayırdılar. Biz balaca uşaqlar analarımıza kömək edirdik. Qazanların altını yandırmaq üçün odun-su gətirirdik. Qara zurna, balaban çalanlar da gəldilər, qırxın başladı. Çalğıçılar öz işlərinə başladılar. Çobanlar havası çalınmağa başladı. Birinci çobanlar rəqs etməyə başladılar. Biz balaca uşaqlar da onlara qarışdıq, oynadıq. Quzular kəsildi, ətlər doğranıb qazanlara töküldü, ocaqlar yanmağa başladı. Hərə öz quzusunu gətirib qırxmağa başladı. Cavan qadınlar, qızlar, gəlinlər yataqdan bir az kənarda palazları açıb sürfələri düzəldirdilər. Nahar vaxtı gəldi. Xörəklər hazır oldu. Hamını süfrə başına səslədilər. Hərə öz ailəsi ilə oturub bişmiş soyutma ətdən, kababdan yeməyə başladı. Arabir musiqiçilər oyun havası çalırdılar. Biz balaca uşaqlar süfrənin kənarında dövrə vurub oynayırdıq. Beləliklə, quzu qırxınını başa vurduq.
Bu ilki yaylaq mövsümünü ayın 1-ə kimi (sentyabrın) hamı öz quzularını seçib aparmalıydı. Danışığa görə, quzuçu vaxtını bilməlidir. Otardığı aylara görə, 3 ay müddəti 10 quzusu olan bir quzu ayırıb quzuçu Mirbabaya verirdilər. 20-yə kimi quzu 3 aylıq əmək haqqı olmuşdu. Bununla quzu otarmaq vaxtı qurtardı.
Biz səbrsizliklə İbrahimin kənddən gəlməyini gözləyirdik. Hamıdan çox Almurad tələsirdi. O bu il məktəbə getməliydi. Sentyabrın 2-i də gəldi çıxdı. Anam məni, Almuradı yola salmaq üçün axşamdan hər şeyi hazırladı. Kəndə aparılası toğluları ayırıb Mirbabanın toğluları ilə birlikdə inəyin birini də buzovuyla birlikdə sübh tezdən yola çıxdıq. Anam bizi çayarası deyilən yerə kimi yola saldı. Biz 4 nəfər – 3 qardaş, bir də Mirbaba idi. Yağlı Dərə aşırımını aşıb Ordubad yaylaqlarına enməyə başladıq. Gəlib Urmus Yağlı dərəsində Məmmədhüseyn çeşməsinin üstündə dincəlib nahar edib yolumuza davam etdik. Axşam gəlib kəndə çatdıq. Dayımın yoldaşı Xansənəm bacı bizi qarşıladı. Biz ona bacı deyirdik. Bizim ikinci anamız sayılırdı. Çay-çörək yeyib yatdıq. Səhər durub yuyunub geyinib Almuradın əlindən tutub Unus məktəbinə getdik.
Mən ikinci sinifə getdim, Almuradı da birinci sinifə qoydum. Dərsin axırında direktor gəlib dedi ki, Almuradın yaşı hələ çatmır. O gələn il gələr, 7 yaşı olanda. Beləliklə, hərə işində oldu.
Mən birinci növbə dərsə məktəbə gedib gələndən sonra Almuradı, dayım oğlu Bahaduru götürüb gətirdiyimiz toğluları aparıb bağda otardıq. Gəviz yığıb uşaqlarla çuxur atma oynayırdıq. Anamla-atamız sentyabrın 20-ə gəlməli idilər. Biz onların gəlməyini gözləyirdik. «Uçastok» üçün çox darıxırdıq.
Axır anamgil gəlib çıxdılar. Gələndə yolda bir möcüzə baş vermişdi. Anam möcüzəni belə nəql edirdi. Görüşə gələn qohumlara, cavanlara biz uşaqları yola salandan sonra obamızı Məntəqə deyilən yerə köçürmüşdük. Ora Qapuçuq çayının Yağlı Dərə çayı ilə birləşən yeri idi. Sentyabr ayı oranı fermalar üçün süni mayalanma məntəqəsi edirdilər. Qoyunların süni mayalanması üçün iyirmi gün orada qalandan sonra hərə öz qoyununu ayırıb başqa sürülərə qoşub köçməyə başladılar. Biz də öz qoyunlarımızı Əylisli qohumlarımızın sürülərinə qoşub özümüz də qabağımızda iki inək, iki dana, iki yaşda bir day, bir də kəhər at, mən uşaqla ata minib mallar qabağımızda çay yuxarı gəlirdik. Yol çay qırağı ilə uzanırdı. Payız olduğuna görə, çayın suyu çox azalmışdı. Bir də gördüm çayın o tayından bir bozumtul heyvan gəlir. O da çay yuxarı. Qədirquluya dedim, a kişi, o nədir bizə tərəf gəlir? Ayıya oxşayır. Baxıb güldü. Nə ayı, o dağ təkəsidir, qorxma. Biz getdikcə o da bizimlə bərabər çay yuxarı gəlirdi. Biz gəlib Yastı çeşmənin üstünə çatdıq. Bu çeşmənin suyu çox sərin, həm də çox dadlı idi. Kim gəlsəydi, bu sudan içməmiş getməzdi. Biz ayaq saxlayıb çeşmədən su içib səhər çörəyi yeyib yola düşdük. Dağ təkəsi gəlib çayın o tayından durub bizə baxırdı. Çox yaxına gəlmişdi. Hətta onun neçə yaşar olduğunu saymaq olurdu. Arxasına əyilən buynuzu ilə lap çayın qırağına yendi. Dayanıb bizə baxırdı. Aramız 10 metr ancaq olardı. Kişi dedi ki, bu bizim qismətimizdi. Keçib onu tutalım. Kişi daşların üstündən tullandı ki, onu tutsun. O tullanıb mənim yanıma gəldi. Uşaq mənim qucağımdaydı. Məni gəlib iyləyirdi. Qədirqulu bu tərəfə gələn kimi təkə o taya tullandı. Bu vəziyyət bir neçə dəfə təkrar olundu. Dağ təkəsi aralanıb bizdən kənara getmək istəmirdi. O taya-bu taya tullanmaqdan kişi yoruldu. Axır mən uşağı bir sal daşın üzərinə uzadıb yanında durdum. Təkə bu dəfə də çaydan tullanıb gəldi. Daşın üzərinə uzanmış uşağın başı üzərində durub mənə baxırdı. Uşağın üzünü yalamaq istəyirdi. Mən əlimi uzadıb onun gözünü, başını, ayaqlarını tumarladım. Qədirqulu gələn kimi yenə də atılıb çayın o tayına tullandı. Qədirqulu dedi ki, bu dəfə yanınıza gələndə mən gəlib çatana kimi dal ayaqlarından bərk yapış saxla. Qədirqulu çayın o tayına keçən kimi təkə yenə də bizim yanımıza tullanıb gəldi. Yenə də mən onu tumarladım, üzündən öpdüm. O da uşağın üzünü iylədi. Üzünü qiblə tərəfə tutub baxdı. Mən onun dal qılçalarını əlimin içinə almışdım. Qədirqulunun gəlməyini görüb tullanmaq istədi. Mən bərk-bərk yapışıb ayaqlarımı daşa dirəyib saxladım. Təkənin qabaq ayaqları daşın o tərəfinə düşmüşdü. Ayaqlar boşluqda qalmışdı. Yerə dəymirdi. Buna qədər Qədirqulu özünü yetirdi. Tez buynuzlarından tutub mənə dedi ki, dal ayaqlarını bərk-bərk saxla, qibləyə çevirib bıçağını çıxardı. Baxdım gördüm ki. təkənin gözündən yaş gəlir. Dedim gəl buraxaq. Dedi ki, bu bizim qismətimizdir. Allahtəala bizə qurbanlıq yollayıb, uşaq üçün. İçini-içalatını təmizləyib, yuyub hamısını dayçanın üstünə yığıb buynuzunu da başının üstündə atın bir tərəfinə bağlayıb yola düşdük.
Gəlib Xəlil yurdunda gecələyib səhərisi gəlib çıxdılar. Kənddə anam bu söhbəti danışıb qurtarandan sonra gətirdiyimiz təkənin ətini bütün kəndin evlərinə payladıq. O vaxt kəndimizdə cəmi 28 müsəlman ailəsi var idi. Biz qarabağlılar Pirdavdandan gələnlər və 6-7 erməni evi var idi. Ona görə hər ailəyə təkənin ətindən çatdı. Bu möcüzəyə hərə bir söz deyirdi. Hətta ağsaqqallar deyirdilər ki, buna oxşar Allahtəala İsmayıl peyğəmbərə də qurbanlıq göndərmişdi. Bu Allahtəalanın işidir.
Əbülfəzin (Uçastokun) yaşı 1 il 3 aylıq idi. Hər şeyi hiss edir, danışır, oynayır, gülür və sair. Evimizin istəkli, sevimli bir uşağı olmuşdu. Artıq payız girmişdi. Oktyabr ayı idi. Hamı kimi bizim ailə də qışa hazırlıq işləri görməyə başlayırdı. Soyuqlar düşməmiş qış üçün odun, ot, saman anbarlarını doldurmaq lazım idi. Qışı yaxşı çıxarmaq üçün keçən ildəkinə nisbətən qanuna görə, hər ailəyə 10 qoyun, 1 inək, 1 at saxlamalı idi. Artıq heyvan, mal-qara, qoyun kolxoza verilməliydi. Artıq mal-qara, heyvan saxlamaq olmazdı. Gəlib tövlələri yoxlayıb artığını yığıb kolxoz fermasına təhvil verirdilər. Bizim də artıq qoyun-quzudan çox az kolxoza verildi. Ona görə ki, dayım bizi təsərrüfat üzvü yazdırmışdı. Mən İbrahim bir təsərrüfat, Qədirqulu anam bir təsərrüfat, dayım Fərrux bir təsərrüfat idi. Anamın dayısı oğlu Bəşir bir təsərrüfat idi. 4 təsərrüfatın malı-qoyunu bir yerdəydi. Ona görə bizə ot-ələf çox lazım olurdu. Atın birini, inəyin birini satıb anamgil ev almışdılar. Dayımgil, biz, anamgil bir yerdə yeməyimizi, içməyimizi, mal-qara tövləmiz bir yerdə olurdu. Evlərimiz bir-birinə çox yaxın idi. Demək olar ki, bitişik idi.
39-cu ilin qışını çıxarmaq çox da pis olmadı. Dayım rayonda işləyirdi. Yeməkxanaların müdiri idi. Hər ay 3-4 tay un kisəsi yollayırdı. Dəyirmana getmək, buğda üyütmək lazım olmurdu. Anam qışda geyinmək üçün bizə yun corablar toxuyardı. Gözəl naxışlı corablar olardı. Kəndin arvadlarının hərəsinin öz naxışı olardı. Corabların üstünə baxanda tez tanınardı ki, bunu hansı nənə toxuyub. Anamın da toxuduğu corablar tez tanınardı. Qız-gəlinlər, yeniyetmələr gəlib anamdan öyrənib onlar da toxuyardılar. Kim toxuyur-toxusun, bu naxışlı corablar Mehrnisə xalanındır deyərdilər. Axır zamanlara kimi bu naxışlı corabları kəndimizdə toxuyardılar.
1940-cı il girmişdi. Qış çıxmaq üzrəydi. Bayram yaxınlaşırdı. Hamı bayramı yaxşı keçirtmək üçün hazırlıq işləri görürdü. Hər şey, hər yer təmiz və təzə olmalı idi. Birinci axır çərşənbəni keçirib sonra Novruz bayramına hazırlaşırdılar. Bizim kənddə belə bir adət var idi. Novruz bayramında bayram axşamı hamı aş, plov bişirərdi. Təzə ət, sarı yağ (inək yağı), zəfəran, kişmişli olardı. Bayram günü səhər-səhər cavanlar, gəlinlər, qızlar bir dəstə kəndin evlərini gəzib qoca, qarı, kişiləri görüb bayramlarını təbrik edirdilər. Süfrəyə düzülmüş yumurta, şəkərbura, paxlava, şirniyyat, meyvə, alma, armud, nar, limon, cəviz, hər şey olardı. Bunlardan xoşladığından ağzını şirin edib, gətirdiyin hədiyyəni süfrəyə qoyub, o birilərini görməyə gedirdin. Beləliklə, bütün kənddəki evləri gəzirdin. İkinci dəstə uşaqlar, balacalar olardı. Onlar ancaq yumurta alardılar. Bayram hədiyyələrini bura yığırdılar. Bu uşaqlar 5-10 yaşına qədər olardı. Bunlardan sonra 20 yaşından yuxarı bir dəstə bütün evləri gəzib bayramı təbrik edirdilər. Axırda da bir evdə oturub süfrə başında yeyib-içib durardılar. Bununla kənddəki görüş qurtarardı. Bayramın ikinci günü yaxın kənddə olan qohumları gedib görərdilər. Onların bayramlarını təbrik edib gələrdilər. Hədiyyəsiz olmazdı. Bu minvalla mart ayı çıxınca uzaqda yaşayan qohum-dostların görüşünə getmək, təbrik etmək olardı.
Mart ayı çıxandan sonra təsərrüfat işləri başlayırdı. Kimi bağ-bağçasını belləyir, ağac əkir, yer şumlayır, kimisi də qoyun-quzusunu çölə çıxarır, otarırdı. Quzularını birinci dəfə çölə çıxardıb gəzdirməyə, otarmağa aparırdı. Kolxozumuz iki kənddən ibarət idi. Kələki-Unus kəndləri bir kolxoz idi. Kələki kəndi hamısı fermada işləyirdi. Ona görə Qarabağdan gələnlər ata-babadan qoyunçuluqla məşğul olmuşdular. Qoyun, mal-qara saxlamaqda çox bilgiləri var idi. Unus kəndi isə təsərrüfatla məşğul idilər. Bağ-bağça, kənd təsərrüfatından bilgiləri qarabağlılardan çox idi. Hər kənd kolxozda öz işi ilə məşğul idi.
Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?