Текст книги "Qardaşım Elçibəy haqqında xatirələrim"
Автор книги: Murad bəy
Жанр: Биографии и Мемуары, Публицистика
Возрастные ограничения: +16
сообщить о неприемлемом содержимом
Текущая страница: 4 (всего у книги 15 страниц) [доступный отрывок для чтения: 5 страниц]
1942-ci ilin noyabr ayı girmişdi. Cəbhədən yeni-yeni xəbərlər gəlirdi. Stalinqrad hələ mühasirədə idi. Orada ölüm-dirim məsələsi gedirdi. Bütün qüvvələr ora cəmləşmişdi. Sovet qoşunlarının əks hücumu başlamışdı. Sovet qoşunlarının noyabr-dekabr hücumları Stalinqradı azad etdi. Stalinqradın azad edilməsi qələbəsi Böyük Vətən müharibəsində dönüş ilinin başlanğıcı oldu. Bu vuruşmada hər iki tərəfdən ölənlərin, əsir düşənlərin sayı minlyonlarla idi. Düşmənin əsgəri, hərbi texnikası darmadağın edilmiş, əsir alınmışdı. 42-ci ilin dekabrından cəbhədən sevindirici xəbərlər gəlidi. Artıq Sovet Ordusu yeni kəndləri, şəhərləri geri alırdı. Qafqaz cəbhə boyu əks hücuma keçmişdilər. Qoşunlarımızın bu irəliləyişinə hamı sevinirdi. Kənddə kolxozçular üçün məlumatlar verirdilər. Oxumaq üçün qəzetlər paylayırdılar. Məktəb yaşlı uşaqlar da küçədə, damda, həyətdə sürüşür, qar-topu oynayır, atılıb düşürdülər. «Uçili» də onlarla oynayıb vaxtını keçirirdi. Biz məktəbdə oxuyan uşaqlar məktəbə gedir, məktəbdən sonra damların qarını təmizləyirdik. Böyük damların, kolxoz tövlələrinin üstündə aşıq oynayardıq. Qış dövründə uşaqlıq dövrümüzü beləcə başa vururduq.
Artıq 43-cü ilə qədəm qoymuşduq. Yaxın kəndlərdən, cəbhədən gələnlər olurdu. Anam onların görüşünə gedərdi. Ailəsinə göz aydınlığı verib gələrdi. Beləliklə, müharibəyə gedənlərdən yaralılardan hospitallardan məktublar gəlir, ölən, itkin düşənlərdən qara xəbər gəlirdi.
Əziz oxucular! Mənim 41-42-ci illərdə öz ailəmiz haqqında yadımda qalan və gördüklərimi qısaca da olsa qeyd etdim. Bu illər acılı, əziyyətli illər olsa da, bir-birimizə olan qohumların mehribanlığı getdikcə möhkəmlənirdi. Bir-birilərini soraqlaşıb hal-əhval tuturdular, iqtisadi cəhətdən köməklik edirdilər. Bu müharibə illərində 41-42-ci ildə kəndimizdə nə bir evlənən oldu, nə də bir ərə gedən olmadı. Bizim ailəyə dayım himayədarlıq edirdi. Onun razılığı olmadan bir iş görməzdik. Bu illəri dayımın bir qızı da olmuşdu – Fizzə. Ailəmizin bir üzvü də artmışdı. Beş dayımın ailəsi, beş də bizim ailə – 10 nəfər. Hər bir işimiz, yaşayışımız bir yerdə olurdu. 41-42-ci ili başa vurduq, 43-cü ilə başladıq.
1943-cü il yanvar-fevral ayları müharibənin ən dəhşətli illəri idi. Həm qarın-soyuğun dəhşətli olması, həm də cəbhədən tez-tez ölüm xəbərləri gəlirdi. Kəndlərdən müharibəyə gedənlərin ölüm xəbərləri gəlirdi. Arxa cəbhədə iqtisadi vəziyyət getdikcə pisləşirdi. Çörək tapılmırdı. Şəhərlərdə kartoçka sisteminə keçilmişdi. Kolxozlarda da vəziyyət çətinləşirdi. Yığılan məhsulun çoxunu dövlətə verirdilər. Kolxozçulara vergi günü-gündən artırılırdı. Ət, yun, yumurta, yağ. Təsərrüfatdan gəlir vergisi yığılırdı. Əhalinin vəziyyəti getdikcə ağırlaşırdı. Cəbhədən fevral-mart aylarında sevindirici xəbərlər gəlirdi. Artıq Stalinqrad ətrafı alman ordularından geri alınmışdı. Ordumuz günü-gündən yeni məntəqələr, şəhərlər azad edirdi. İkinci cəbhənin açılmasını xəbər verirdilər. Əhali arasında əhval-ruhiyyə yaxşılaşırdı. Bədbinlik üzlərdən götürülürdü. Kolxozlarda iş rejimi çox ciddi idi. Ələlxüsus da fermada bir inək və ya bir qoyun tələf olanda böyük səs-küyə səbəb olurdu. Ona görə də kolxoz sədri dayım qış mövsümü bütün kolxozun mal-qarasını, qoyununu, atını, öküzünü kolxozçulara bölüşdürüb onları qışdan sağ-salamat çıxarıb apreldə təhvil alardı. Hamı da çalışardı yaxşı bacarıb təhvil versin. Ona görə də ölüm, itki olmurdu. Mal-qara arasında bu işlərdən bizim ailəyə də saxlayıb becərməyə düşərdi.
Bu müharibə illərində kəndimizin əhalisi iqtisadi cəhətdən korluq çəkmirdi. Çərşənbəni – bayramı çox da təmtəraqlı keçirmirdik. Aprel ayı girmişdi. Təsərrüfatda işləyən təsərrüfata, fermada işləyən fermaya ayrılmışdı. Hərə öz işi ilə məşğul olurdu. Anam da öz işinə kolxozda emalçı işinə başlamışdı. Biz də vaxtında məktəbə gedir, məktəbdən qayıdandan sonra təsərrüfatda öz mal-heyvanımıza baxır, aparıb ot, su yedirir, bəzi işlərdə anama kömək edirdik. Artıq «uçili»nin bir-iki aydan sonra 6 yaşı tamam olacaq. O da bizimlə bərabər işə gedir, quzuları otarır, atı aparıb çayda suvarıb gətirir, xırda işlərdə ailəyə kömək edirdi. O artıq əlifbanı sərbəst oxuyur, şerlər əzbərləyir, yazı yazır, oxumağa çox həvəsi var idi. Hətta qəzetlərin başlıqlarını tez-tez oxuyardı. Yaz vaxtı bağda-bağçada olardı. Gülləri çox sevərdi. Ələlxüsus bənövşə gülünü. Bənövşə gülünü toplayıb yığıb gətirər, stəkana su töküb pəncərənin qabağına qoyardı. O güllərin hamısını sevərdi. Həmişə əlində gül olardı. Hara getsə əlində görmək olardı.
May yaxınlaşırdı. Məktəbimiz 1 May bayramına hazırlaşırdı. Qırmızı parçaların üstünə şüarlar yazılırdı. Bayraqlar açılırdı. Məktəbin, kolxoz idarəsinin qapılarının üstündən asılardı. Bu il 1 May baramının nümayişini kənddə keçirdik. Məktəblilər şer oxudular, hazırladıqları idman oyunlarını da nümayiş etdirdilər. Ordumuzun qələbələrindən danışdılar. «Hər şey müharibəyə kömək üçün!» şüarı altında qurtardı. May ayı kəndin ən gözəl aylarından biri idi. Hər yer yam-yaşıl, ağaclar yarpaqlayır, çiçəkləyirdi. Mayın axırında birinci gilas və tut yetişərdi. İyun ayının 15-ə kimi tam yetişərdilər. Bunların hamısından biz uşaqlar yeməyə can atardıq. Dəstə-dəstə gedib briqadirdən xəlvət kolxoz bağlarından yığıb yeyib gələrdik. Yazda uşaqlıq dövrümüzü belə keçirərdik.
İyun ayı girmişdi. Yaylaq vaxtı yaxınlaşırdı. Məktəblilər yay tətilinə çıxmışdı. Bəzi yuxarı siniflərin imtahanları qalırdı. Bu imtahanları da verib yaylağa qalxmağa hazırlaşırdıq. Həmişə olduğu kimi iyun ayının 16-17-də biz qarabağlılar kolxoz ferması ilə birlikdə yaylağa – yəni Xəlil yurduna qalxdıq. Xəlil yurdu ab-havası yam-yaşıl təbiəti ilə öz köhnə yurdçularını – uşaqlı-böyüklü, qocalı-cavanlı, qoyunlu-quzulu qarşılayıb salamlayardı. Ələlxüsus da öz körpəsini – «uçastok»unu – Əbülfəzini ağuşuna alıb sevərdi, nə isə qulağına pıçıldayardı. «Mən səninlə fəxr edəcəm, səni bütün dünya tanıyacaq. Sən mənim yurdumda anadan oldun. Sənin adın mənim yurdumda səslənəcək – ƏBÜLFƏZ». Bunu dilsiz-ağılsız Xəlil yurdu təbiəti Əbülfəzin qulağına pıçıldayırdı.
Hər il olduğu kimi yaylaq həyatı başladı. Hərə öz işi ilə məşğul olurdu. 24 iyun idi. «Uçili»nin 6 yaşı tamam idi. Anam bizə bişirdiyi kətədən «uçili»nin yaşıdlarına paylayır, qonşulara da pay göndərirdi. Bənövşə qarını da yaddan çıxarmadı. Onun da payını yolladı. Müharibə getdiyinə görə, vəziyyət ağır keçdiyi üçün mən anamın hazırladığı məhsulları – yağ-pendiri iki gündən bir qatıra, ulağa yükləyib aparıb kənddə dayımın nəzarəti altında anbara təhvil verirdim. Mən 14 yaşındaydım. Hər işə yollayırdılar. Sərbəst iş görə bilirdim. Qatırla yaylağa odun gətirmək, ot daşımaq, xırmana küləş dərzlərini daşımaq və başqa işləri görürdüm. Almurad və dayımın uşaqları da böyüyürdülər. Onlar da yüngül işlərdə anama kömək edirdilər. İbrahim də kənddə olan təsərrüfatımızla məşğul olurdu. Həm də kolxoz təsərrüfatında işləyirdi. Xansənəm bacımla kənddə qalırdılar. Madar düzündəki tut bağlarımızda tutu yığıb qurudur, hətta qış üçün doşab da hazırlayırdılar. Başqa meyvələri də qış üçün yığıb qurudurduq. Müharibə getdikcə Qafqazdan uzaqlaşırdı. Müharibəyə getməyə adam qalmamışdı. Yeniyetmələri siyahıya alırdılar. 17 yaşından yuxarı qardaşım İbrahimi də əsgər aparmağa siyahıya almışdılar. Bakı təhlükədən qurtarmışdı. Bakıya işləmək üçün neft mədənlərindən 14-15 yaşı olanlardan Bakıya fezoya yığıb məcburi aparırdılar.
Hətta 8-9-cu sinifdə oxuyanlardan da aparıb 1-2 ay oxutdurub neft mədənlərində işləyənlərin arasında adlı-sanlı neft ustaları oldu. Kənddə qocalar, qadınlar, bir də kiçik yaşlı uşaqlar qalmışdu. Tək-tük də müharibədən qayıdan yaralılar idi. İşçi qüvvəsi getdikcə azalırdı. İqtisadi cəhətdən əhalinin vəziyyəti ağırlaşırdı. Bu ondan asılı olurdu ki, kənd təsərrüfatı vergilərini günü-gündən, ilbəil artırırdılar. Əhalidə olan malı-qoyunu saxlamaq çətinləşirdi. Öz qoyun, inəklərindən satıb taxıl, pal-paltar alırdılar.
1943-cü ilin yaylaq mövsümünü başa vurub kəndə gəlmişdik. Payız girmişdi. Hamı qış üçün hazırlıq işləri görürdü. Yanacaq üçün odun, ot-ələf toplayırdılar. Həm də kolxozun mal-qarası üçün yem toplayıb anbarlara yığmaq, tövlələri təmir etmək və sair. Bizim ailə də bu işlərdən geri qalmırdıq. Bizim də qoyunumuz, mal-qaramız keçən ildəkinə nisbətən azalmışdı.
Dekabr ayı girmişdi. Bərk şaxtalar düşmüş, qar yağmışdı. Anam yenə də həmişəki kimi bizə yun corablar toxuyur, həm də biz oğlanlar üçün yun əlcək toxumuşdu. Müharibə üçün yun corab, əlcək göndərmək də yaddan çıxmırdı. Anamın toxuduğu bu yun corablar bizi qışdan sağ-salamat çıxarırdı. 6 yaşlı «uçili»yə də corab-əlcəklə bir yerdə yun jaket toxumuşdu. İqtisadi cəhətdən bir elə korluğumuz yox idi. Yaxın kəndlərdən gələn imkansızlara da əl tuturduq.
1944-cü il girmək üzrə idi. Tutulan torpaqlar günbəgün geri alınırdı. Cəbhədən fərəhləndirici xəbərlər gəlirdi. Arabir yeniyetmələrdən əsgərliyə aparırdılar. Növbə qardaşım İbrahimə də gəlib çatmışdı. 18 yaşına girmişdi ki, çağırış vərəqəsi gəldi. Anam onun üçün yun corab, əlcək toxuyub hazırlamışdı. Cəbhədən yeni şad xəbər gəldi. Leninqradın blokadası 1944-cü ilin yanvar-fevral aylarında tam götürülmüşdü. Artıq müharibə Pribaltika ölkələrində gedirdi. Əhalinin iqtisadi vəziyyəti getdikcə ağırlaşırdı.
Kəndimiz iqtisadi cəhətdən pis deyildi. Hamının inəyi-qoyunu var idi. Onların südü, qatıığı, yağı olduğu üçün çətinlik çəkmirdilər. Mal-qarası, qoyunu olanlara vergilər daha çox gəlirdi. Getdikcə bu heyvanları saxlamaq çətinləşirdi. «Hər şey müharibəyə!» şüarı səslənirdi. Yanvar ayı bizim ailəyə yenə çağırış vərəqəsi gəldi. Qardaşım İbrahimi əsgərliyə apardılar. Onu aparanda kənd camaatı gülə-gülə yola salırdı. Müharibə çox uzzaqda olduğu üçün, bir də camaat vərdiş etmişdi. Əsgərliyə gedənlərin ardınca su atır, xeyir-dua verirdilər. «Tezliklə qayıdacaqsan, müharibə qurtarır» – deyə ürək-dirək verib yola saldılar.
İbrahimin getməyi bizim ailənin vəziyyətini bir az da çətinləşdirdi. İndi işin çoxu anamın və mənim üzərimə düşdü. Qalan uşaqlar iş qabiliyyətinə malik deyildilər. 1944-cü ilin qışını yola saldıq. Çərşənbə bayramı çətinliyə baxmayaraq biz uşaqlar od qalayıb üstündən tullanırdıq. Qovurğamız, yumurtamız, təndir kökəsi əskik olmurdu. Sürfələrimizin təm-təraqlı olmasını qeyd edirdilər. Kolxozumuz da rayonda hər cəhətdən hər kolxozdan irəli gedirdi. Kolxozun iş rejimi hərbi rejim kimi işləyirdi. Dayımın sədrliyi altında hamı ciddi işə çıxır, istər təsərrüfatda, istərsə də fermada. Heç kim – kolxozçu, işçi icazəsiz bir yerə gedə bilməzdi. Ailəmizdən bir İbrahimi əsgərliyə apardılar. Dayımın bir qızı da oldu. Say-hesabı ilə ailəmiz yenə də 10 nəfər oldu. 4 biz, 6-ı da onlar. Anamın qız doğan qadından xoşu gəlməzdi. Anama deyəndə ki, niyə belə deyirsən, hər ikisi Allah payıdır, cavab verərdi ki, ay bala, qızın qayğısı çoxdur, onu böyütmək, ölüncə qayğısına qalmaq lazımdır. Anam yaşlananda, ancaq qız-qız deyə-deyə dünyasını dəyişdi.
Bir aydan çox olardı ki, Xumara ad qoyulmamışdı. Rayondan kolxoza qonaqlar gəlmişdi. Yay girmişdi. İlin ən yaxşı vaxtı idi. Anamgil, uşaqların hamısı yaylaqda idi. İbrahim əsgərliyə getdiyi üçün kənddə bu il mən qalmışdım. Qonaqları dayım nahara evə gətirdi. Erkək kəsilmişdi. Qonaqlar dayımdan kabab yemək istəmişdilər. Rayonun ən yüksək rütbəli adamları idi. Yemək vaxtı o biri yan otaqdan Xumarın ağlamaq səsi gəldi. Çağa səsinə rayonun baş həkimi dedi: «Bu çağa səsidir, ay Fərrux». Qohumlardan biri tez dilləndi: «Bəs biləsən ki, Fərruxun təzə bir qızı da olub». Qonaqlar hamısı dayımı təbrik etdilər. Baş həkim soruşdu ki, ad qoymusunuz, ya yox. Dedilər ki, hələ adı qoyulmayıb. Baş həkim dedi ki, lap yaxşı, mənim də bir qızım olub, adını da Xumar qoymuşam. Bu uşağın adını mən Xumar qoyuram. O gündən çağanın adı Xumar oldu.
Yay idi. Hamı böyüklü-kiçikli işlə məşğul idi. Mən də gah anamın yanına yaylağa gedir, gah da kənddə kolxozun ot, küləş toplanmasında işləyirdim. Bu il «uçili»nin 7 yaşı tamam olur. O sentyabrın 1-də birinci sinifə gedəcəkdi. Mən 7-ci sinifdə, Almuradla Bahadur 4-cü, Məleykə 3-cü, Fizzə isə məktəbli deyildi. Bu il ailədən birlikdə 4 nəfər məktəbə gedəcək. Sentyabrın 1-ini səbrsizliklə gözləyirdim. Mən tez-tez anamın yanına yaylağa gedib-gəlir, nə lazım olsa, aparıb gətirirdim. Qoymurdum anam fikir etsin. Oğlu İbrahimin yazdığı məktubu aparıb oxuyurdum. Təskinlik tapırdı. Anama deyirdim ki, dayımın sözünə görə, İbrahimi çox uzağa aparmayıblar, Bakıdan bir az aralı Qusarda qulluq edir. Orada qulluq edənlərin hamısı azərbaycanlılardır (Azərbaycan diviziyasıdır). İşlər azalsın, qışda gedib İbrahimi görəcəyik, səni də aparacam.
Hələ yaylaqdan gəlməyə bir ay var idi. Almurad da mənə qoşulub yaylaqdan kəndə gəldi. Kənddə Almurad yaşıdlarına qoşulub çayda düzəltdiyimiz göldə çimir, bir də yaylağa getməyə fikri yoxdur. Xansənəm bacı ilə tut bağımıza gedib tutları yığıb gətirirdi. Gün isinən kimi gölə qaçırdı. Mən də kolxoz işindən sonra həmyaşıdlarımla gün batınca sərin düşənə kimi gölün kənarında dincəlirdik. Hər il yay mövsümü vaxtımızın çox hissəsi çayın kənarında göldə çimirdik. Suda üzməyi burada öyrənirdik. Uşaqların hamısı yaxşı üzməyi bacarırdılar. Bu suda üzməyi bilməyimiz hərbi təlim vaxtı böyük çayları, gölləri keçəndə kənddən əsgərliyə gedən uşaqların hamısının karına gəlmişdi. Beləliklə, uşaqlıq dövrümüzü yay mövsümündə belə keçirdik.
Sentyabr gəlir. Məktəblərin açılmasına az qalır. Mən «uçili»ni, Bahaduru, Məleykəni gətirmək üçün yaylağa getdim. Anam üçün hər meyvədən yığıb apardım. Yaylaqda birinci qabağıma «uçili» gəldi. Atılıb boynumu qucaqladı: «Məni aparacaqsan, ya yox». Alıb qatırın üstünə qoyub dedim: «Sizin hamınızı aparacağam. Məktəb açılır». Məktəb deyəndə sevincindən atılıb düşmək istədi. Anamın alaçığına yaxınlaşdım. Anamla görüşüb öpüşdüm. «Uçili» qatırın üstündə hey çığırırdı: «Ay ana, məktəbə gedəcəm, məktəbə». Qatırdan endirib dedim ki, get hazırlaş, gedəcəyik. Axşam üstü uşaqları götürüb kəndə yola düşdük. Anam xeyir-dua verib bizi yola saldı. Dalımızca su atdı. Əbülfəz atın üstündə hamıya əl edə-edə Xəlil yurdundan aralandıq. Bahadur, Məleykə, mən atın dalınca Zəy dərəsinə endik. Kəndə doğru irəlilədik.
Kənddə yenə də uşaqları Xansənəm bacı qarşıladı. Əbülfəzi qucağına alıb o üzündən bu üzündən öpüb «Maşallah, böyük oğlan olmusan» dedi. Öz oğlu, qızı ilə də görüşüb onları hazırladığı isti su ilə çimizdirib otağa gətirdi. Süfrə salıb, çay-çörək verib rahatlandırdı.
İki gündən sonra sentyabrın 1-i gəldi. Almurad, Bahadur, Məleykə, Əbülfəz bir-birinə qoşulub Unus məktəbinə getdilər. Mən də onların dalınca məktəbə çatanda məktəbin həyətində müəllimlər gələn şagirdləri qarşılayırdılar, salamlayırdılar. Bütün şagirdlər toplaşandan sonra direktor çıxış etdi: «Xoş gəlmisiniz!» sözləri ilə başlayıb dərslərimizi yaxşı oxumağı tövsiyyə etdi. Birinci sinifdə oxuyanları sıraya düzüb sinif rəhbəri Əsgər müəllimi göstərib «Uşaqlar, sizin müəlliminiz Əsgər müəllimdir» dedi. 1-ci sinifdən 5-ci sinifə kimi oxuyan şagirdlər səhər tezdən 9.00-da gəlməlidirlər, 5-ci sinifdən 7-ci sinifə kimi olan siniflər saat 12.00-da dərsə başlamalıdır. Beləliklə, 1944-45-ci ilin dərs ili başlandı. 7-ci sinifi bitirmişlərə mən də içində olmaq şərti ilə direktor bildirdi ki, siz Dırnıs orta məktəbinə getməlisiniz, sənədlərinizi Dırnıs orta məktəbinə yollamışam. Gedib orada oxuya bilərsiniz.
Məktəblilər məktəbdən gələndə Əbülfəzin əlində təzə əlifba kitabı var idi. Kitabı səliqə ilə gətirib üzərinə qəzet çəkib taxçaya qoyub çörək yeyib oynamağa qaçdı. O çox vaxt çaydakı gölün yanına qaçardı. Suda oynamağı, çimməyi çox sevərdi. Sular soyumağa başlayırdı. Çayda uşaqların çimməyi get-gedə azalırdı. Əbülfəz hələ üzməyi bacarmırdı. Gölün kənarında suya girib çıxırdı. Uşaqlar ona təzə-təzə üzməyi öyrədirdilər. Vaxt çox az idi. Soyuqlar düşməyə başlayırdı. Bu yay mövsümü Əbülfəz göldə üzməyi öyrənə bilmədi.
Birinci rüb qurtarmışdı. Uşaqlar aldıqları qiymət cədvəlini gətirib dayıma göstərirdilər. Hamıdan çox əla qiymət Əbülfəzinki idi. Hamısı əla idi. Yazı dəftərində əla qiymətlər çox idi. Məktəbin direktoru İsmayıl müəllim dayıma deyib ki, uşağı – Əbülfəzi ikinci sinifdə qoyun oxusun. Çünki birinci sinifin dərsliyini çox yaxşı bilir, yazıb oxuyur. Dayım qoymadı ki, uşağı gərginliyə salmaq olmaz.
Mən birinci rüb Dırnıs orta məktəbinə gedə bilmədim. Ona görə ki, budumdan böyük bir çiban çıxmışdı. Müalicəsi çox uzun çəkdi. Həkim deyirdi ki, kəsmək lazımdır. Rayon xəstəxanasına aparmaq lazımdır. Anam aparmağa razı olmadı. Özü türkəçarə ilə müalicə edib sağaltdı. Noyabrda Dırnıs orta məktəbinə 8-ci sinifə getdim. Kənddən orada oxuyan qızlar var idi. İki-üç də erməni uşaqları oxuyurdu. Onlar məktəbin həyətinə girəndə mənə 8-ci sinifi göstərib dedilər: «Burada oxuyacaqsan». Sinif otağını göstərib getdilər. Mən heç bir müəllimi tanımırdım. Qapıda durub içəri girməyə utanırdım. Heç bir tanış yox idi. Dərs başlamışdı. Zalda heç bir adam görünmürdü. Zəng çalındı. Tənəffüsə çıxdılar. Sinif otağından çıxan müəllim mənə baxıb soruşdu: «Burada niyə durmusan? Kimi gözləyirsən?» Mən Unus məktəbindən gəldiyimi dedim. Adımı soruşdu. Dedi ki, jurnalda adın var, keç içəri. Sinif otağına girdim. 4-5-ci partada yer göstərdi. Hamısı qız idi, 2 oğlan var idi. 23 şagird olduq. 20 qız, 3 oğlan. Mən qızların içində utanırdım. Bir neçə həftədən sonra hamısı ilə tanış olmağa başladım.
Soyuqlar düşməyə başladı. Gah yağış, gah da sulu qar yağırdı. Səhər-səhər durub inəklərə yem verib məktəbə gedirdim. Məktəb 3 km kənddən uzaqda idi. Almuradgil də Unusa gedirdilər. Hamımız səhər-səhər getdiyimizə görə, işin çoxu anamın üzərinə düşürdü. Ev işləri, təsərrüfat işlərinin öhdəsindən birtəhər gəlirdik. Müharibəyə gedənlərdən 3 nəfər yaralanıb qayıtmışdı. Onların 2 nəfəri azərbaycanlı, 1 nəfəri erməni idi. Səhlalı, M.Əşrəf, Seryoja. Kənddən 20 nəfərdən 3 nəfər qayıtmışdı. Qalanlarının ailələrinin gözü yolda idi. Qardaşım İbrahimin Qusardan məktubu gəlirdi. Gəlin məni görün yazırdı.
1945-ci il girmişdi. Müharibənin səsi uzaqlardan gəlirdi. Sovet torpaqlarından alman ordusu çıxarılmışdı. Müharibə artıq Avropa dövlətlərində gedirdi. Almanların torpaqlarına yaxınlaşırdı. Cəbhədən gündə bir şəhərin alınmasını xəbər verirdilər. İqtisadi cəhətdən vəziyyət getdikcə pisləşirdi. Çörəyin, paltarın, yeyinti mallarının qıtlığı yaranmışdı. Şəhərlərdə kartoçka sistemi davam edirdi. Hələ ki, bu çətinlik bizə az təsir edirdi. Ayaqqabı, paltar, geyim çatışmırdı. Göndən çarıq tikib geyirdik. Dayım parça alıb gətirərdi. Kəndimizdə Ordubaddan olan dərzi var idi. Erməni idi. Parçanı anam ona verib bizə şalvar, pencək, köynək tikdirərdi. Yaxşı dərzi idi. Anam da ona əvəzində yağ, pendir, şor verərdi. Bu müharibə illərində paltarlarımızı Karapet qonşu tikərdi. Bayram günləri hamımız təzə paltar geyərdik. Bir də gedərdi gələn bayrama. Başqa kəndlərə baxmış biz iqtisadi cəhətdən pis dolanmırdıq. Hamımız məktəbə gedib-gəlir, ev işlərində anamıza kömək edir, təsərrüfatımızda işləyir, qoyun-quzumuza qulluq edirdik. Bir sözlə, hər işə gedirdik. Artıq Əbülfəz də bizə kömək edirdi.
Artıq qış ayları çıxmaq üzrəydi. Bayram yaxınlaşırdı. Plov bişirmək üçün düyü çatışmırdı. Hamı düyü soraqlıydı. Baha olsa da tapıb plov bişirməliydilər. Bayram üçün saxladıqları cəviz, yağ, fındıq, quru meyvə qaxları və sair çıxardıb hazırlıq işləri görürdülər. 1945-ci ilin bayramını keçirmək üçün yumurtalar rəngbərəng boyanırdı. Bir az keçən ilə nisbətən bayramı keçirtmək üçün bir canlanma var idi. Cəbhədən yaxşı xəbərlər gəlirdi. Danışırdılar ki, müharibə tezliklə qurtaracaq. Əhali arasında ruhlanma var idi. Hamı o günü gözləyirdi. Çərşənbə Novruz bayramını keçirdik. Çox pis də olmadı. Yumurta döyüşdürmək hələ də davam edirdi. Əbülfəz də bunlarda yaşıdlarından geri qalmırdı. O da yumurta oyununu çox sevirdi.
Cəbhədən xəbər verirdildər ki, ordumuz Berlinə yaxınlaşır. Bir-iki həftəyə Berlini alacaqlar. Ölüm-dirim vuruşması gedir. Aprel ayı girmişdi. Kolxozçular bağları təmir edir, uçulmuş barıları düzəldir, ağacların diblərini boşaldır, peyin tökür və başqa işlər görürdülər. Yeni ağac tingləri əkir, ağaclarda budama işləri gedirdi. Kəndimizdə nə yol, nə də telefon xətti var idi. O zaman radioqəbuledici yox idi. Qadağan olunmuşdu. Bunların hamısı Dırnısda yerləşirdi. Poçt da orada idi. Mən hər gün dərsə gedəndə məktub, qəzet olanda verirdliər gətirirdim.
9-u aprel idi. Səhər-səhər məktəbə getdim. Saat 10-da Dırnısa xəbər gəldi ki, müharibə qurtarıb, dərs olmayacaq, hamı evə. Rayondan nümayəndə gəlib dedi ki, mitinq olacaq. Mən kitablarımı qoltuğuma vurub kəndə doğru qaçdım. Üzü yoxuşa qaçırdım. Yolumuz çay qırağı ilə gedirdi. Kolxozçular bağlarda işləyirdilər. Dayanıb qışqırırdım. «Muştuluğumu verin, müharibə yatıb!» deyə-deyə kəndə çatdım. Kolxoz idarəsinə gedib dedim ki, muştuluğumu verin, müharibə yatıb. Mühasib o zaman müharibədən təzə gəlmiş Səhlalı kişi idi. Sevincək çölə çıxıb hər tərəfə uşaq yolladı. Müharibənin yatması xəbərini almaq üçün Unus və Pəzməri kəndlərində bağlarda işləyən bütün kolxozçular, məktəblilər idarənin qabağına toplaşdılar. Bu vaxta kimi rayondan da nümayəndə gəldi. Yaxşı bir mitinq oldu. Hamı bir-birini təbrik edir, göz aydınlığı verirdi. «Gedənlərimiz tezliklə qayıdacaq» deyirdilər. Beləliklə, tarixə may ayına bir bayram da əlavə olundu. 9 May Qələbə bayramı. Bu tarixdən sonra hər il bütün ölkədə 9 May bayramı qeyd olundu.
Yaz, yay, payız fəsilləri hər il olduğu kimi iş rejimi təkrar olunurdu. Kolxozda indi məqsəd kimi müharibə üçün yox, müharibənin vurduğu yaraları, dağıtdığı fabrik, zavodları, şəhərləri bərpa etmək, quruculq işləri görmək dururdu.
Əziz oxucular! Müharibə bütün ailələr kimi bizim ailəyə də ağır yara vurmuşdu. Atamız Qədirqulu, əmi dediyimiz Bəşir müharibə qurbanı oldular. Bir daha onlardan xəbər gəlmədi. Kəndimizdən gedən qohum-qonşular kimi. Uzaq Şərqdə Yaponiyada hələ müharibə gedirdi. O çox uzun çəkmədi. Üç aya qurtardı. Müharibədən qayıdan kəndimizdə bir nəfər oldu. O da Mirata idi. Bu müharibələr yatandan sonra qardaşımız İbrahim də buraxılıb gəldi. O müharibədə iştirak etməmişdi. Qusardan kənara getməmişdi. Əsgərlikdən xəstəliyinə görə, təxris olunmuşdu. Meşəyə odun qırmağa gedəndə ayağına ağac düşüb əzmişdi. Ona görə vaxtından tez buraxılmışdı.
1945-ci ilin yayını, payızını həmişə olduğu kimi başa vurduq. Əbülfəz ikinci sinifə gedirdi. Dərslərindən əla qiymətlər alırdı. Müəllimlər hər rüb onun yazıb-oxumasını, davranışını, məktəb qayda-qanunlarına riayət etməsini valideynlər yığıncağında tərifləyirdilər. Onu məktəb əşyaları ilə mükafatlandırırdılar. 1946-cı il girmişdi. İqtisadi vəziyyət getdikcə çətinləşirdi. Hər yerdə yolçulara rast gəlmək olurdu. Kəndimizə bunlardan çox gələrdilər. Bunların heç birini anam qapıdan boş qaytarmazdı. Onları dindirər, yanındakı balaca uşaqların başını sığallayar, dərdlərinə şərik olardı. Hər axşam qaranlıqda bizi – məni, Almuradı küçəyə yollayırdı. Deyirdi ki, baxın görün çöldə, bayırda yolçu olar, soyuqdan donar, gətirin evə. Biz də gedib küçəni gəzib yolçu olsaydı, götürüb gələrdik evə.Evimiz o zaman çox balacaydı. Ancaq gələn qonağı, yolçunu yerləşdirirdik. Qış sobanı yandırırdıq, isti olurdu. Gələnlər uzanıb yatırdı. Səhər durub çay-çörək yeyib-içib gedərdilər.
1946-cı illər İrandan azərbaycanlıları öz yurd-yuvalarından qovmuşdular. Qış ayları idi. Culfadan köçənlər Ordubadın kəndlərinə dağılmışdılar. Onlar bizim kəndə də gəlib çıxmışdılar. Onlardan bir ailəni dayım bizə gətirib anama təhvil vermişdi. Demişdi ki, bunlardan muğayat ol. Onlarla iki-üç gün bir yerdə yaşadıq. Əbülfəz maraqlanıb hey onlarla sorğu-sual edirdi. Yaşının balaca olmasına baxmayaraq, onlar da vəziyyətləri haqqında nağıl edirdilər. Əbülfəz hey anamdan soruşurdu ki, bunları niyə qovublar? Anam onu başa salırdı. Deyirdi ki, onları farslar, şah qovub. O soruşurdu ki, fars kimdir? Anam da deyirdi ki, onlar başqa millətdirlər, bizim milləti gözləri götürmür. Bunlar da bizim millətdir, bizə qohumdurlar. Hə bala, qohumdurlar, Amma bu millətin bir padşahı yoxdur onlarla dava edə. Sən nağıl deyirsən. Bizim padşah çox güclüdür, bəs niyə onlara kömək etmir. Kömək etmədi də, sözünə yalan çıxdı. Milləti qırğına verdilər. Bunlar da indi bizim kimi qaçqın oldular, ay oğul. Millətin qalanı hərə bir yerə dağıldı. Balaca Əbülfəz üzünü qonaqlara tutub anama deyir: «Mən bu millətə padşah olacam, oxumaq lazımdır».
İki gündən sonra qonaqları gəlib apardılar. Dedilər ki, öz adamlarıdı. Bütün kəndlərə dağılanları yığıb Gəncə, Qarabağ zonasına apardılar. Əbülfəz «Bu millətin axırı nə olacaq?» deyə hey düşünməyə başladı. O gündən hər sözünün başında «Millət, Millət» deyərdi. Həmin ildən sonra onu ailədə Millət deyib çağırmağa başladılar, ta son zamanlara kimi. İnstitutu qurtarana qədər.
Əziz oxucular! Bu müharibə illərində kəndimizdə heç bir nəfər evlənən, nə də bir nəfər ərə gedən olmamışdı. Bu illərdə tək-tük eşidirdik ki, yaxın kəndlərdən evlənən və ya ərə gedən olurdu. Mələk bacının nişanlısı müharibədən qayıdıb gəlmişdi. O, Zəngilan rayonunun Burünnü kəndindən idi. Əli əmisi oğlu idi. Artıq xəbər gəlmişdi. Elçi gəlmişdilər. Bu payız aparacaqlar. Kəndimizdə ilk toy olacaqdı.
Bu müharibə illərində kəndimizin ağsaqqalı Miryəhya ağa, Əbdülrəhman kişi kəndimizin oxumamış ağbirçək qadın həkimi Bənövşə qarı rəhmətə getdilər. Allah onların qəbirlərini nur ilə doldursun. Amin!
Payız gəldi. Mələk bacının toyu oldu. Onu at ilə Ordubada aparıb oradan da qatarla Zəngilana yola saldılar. Mələk bacının anama köməkliyi qurtardı. Anama dedik ki, bəs bizim bacımız kim olacaq, Anam dedi: «Bundan sonra dayınızın qızları sizlərə bacı olacaq, hərənizə bir bacı. Məleykə – İbrahim, Almurad – Fizzə, Murad – Xumar, Millət – Tovuz sizin bacılarınız olacaq. Bu bölgü ilə onlar bizə bacı oldular. Sonralar Xumarın xahişi ilə Əbülfəz – Xumar, Murad – Yasəmən oldu. Dayımın 5 qızı var idi. Onlar hamısı bizim bacılarımız oldular. Anamın bu bölgü vəsiyyətini indiyə kimi bacı-qardaş kimi yerinə yetiririk. Çox adamlar bilməzdilər, bunlar bizim dayımız qızlarıdır. Hamı bacı kimi tanıyır. Allah bu mehribançılığı bizim əlimizdən almasın. Amin!
1946-cı ildə vergilər artırdı. Hər ailə üçün yumurta, toyuğun oldu-olmadı, 50 yumurta verməlisən. Yağ, ət, yun, dəri – hər şeyə vergi gəlirdi. Kənddə vergi yığanların sayı getdikcə artırdı. Kolxozda əmək haqqına düşən məhsulun çoxu vergiyə gedirdi. İbrahimin əsgərlikdən gəlməsi bizim ailənin işini bir az sürətləndirdi. Hərəmiz bir işə gedirdik. Həm öz işimizə, təsərrüfatımıza, həm də məktəbdən tətilə çıxan vaxtı kolxoz işinə gedirdik. Kolxozlara ilbəil tədarük planını artırırdılar. Kolxozun vəziyyəti ağırlaşırdı. Fermada da onların təsiri biruzə verirdi. Mal-qoyunu çoxaldırdı. Yem çatışmırdı. Qışı da çıxartmaq üçün baytarlığın yaxşı olmaması, mal-qaranın ölməsinə səbəb olurdu. Kolxozda ölən mal-qoyunun yerinə kolxozçulardan məcburi alıb yerinə qoyurdular. Mal-qoyun saxlamaqdan imtina edirdilər. Kasıbçılıq əhali arasında getdikcə artırdı. Nə etmək olardı? Gecə-gündüz çalışmaq lazım gəlirdi. Həmişəki illərdə olduğu kimi 1946-cü ili də başa vururduq. 1947-ci ili qarşılamağa hazırlaşırdıq.
Bütün ölkə müharibə qurtarandan sonra qabağa 5 illik planlar gəlirdi. Bu 5 illik planda əski dağıdılmış şəhərlərin bərpasına, Volqa-Don kanalının çəkilməsinə fikir verilirdi. Bu xəbərlər qəzetlərdə səslənirdi.
Kənd təsərrüfat məhsullarının çatışmazlığı əhalini dilənçi halına salmışdı. Şəhər yerlərində vəziyyət çox ağır idi. Mən bunu yazmaqla oxuculara bildirirəm ki, bu ağır dövrdə biz necə yaşamışıq, işləmişik, oxumuşuq?
Müharibənin bu ağır illərində bizim ailə iqtisadi cəhətdən heç bir korluğu olmadı. Dayımın kolxoz sədri işləməsi, anamın emalda işləməsi, bizim bir ailə kimi bir yerdə yaşamağımız, mal-qoyunumuzun çox olması, dayımın rəhbərliyi altında bir qazanıb bir yeməyimiz, bir-birimizlə mehriban olmağımız bu ailəni müharibə illərindən çox yaxşı çıxartdı.
Atalar düz deyib: «Harada birlik var, orada dirilik var». Bu birlik bizim ailənin 1946-cı ili başa vurmasına çox yardımçı oldu. Yaddaşımda olanı, gördüklərimi bu xatirədə sizə təqdim edirəm. Yazılarımda qüsurlar osla, Siz oxuculardan üzr istəyirəm. Mən burada öz ailəmiz haqqında qısa da olsa, məlumat verirəm. Çox da kənara çıxmadım. Əsas olan hadisələri burada qeyd etmişəm. Ailənin yaşayış tərzi və əsas «millət»in, yəni Əbülfəzin uşaqlıq dövrü birinci, ikinci sinifdə oxumaq dövrünü əhatə edir. Bütün oxuculara, maraqlananlara öz təşəkkürümü bildirirəm. Onlara uzun ömür, can sağlığı arzulayıram.
1947-ci ildir. Müharibənin qurtarmasının 2 illiyi 9 Mayda qeyd olundu. Bu illərdə ancaq quruculuq işlərindən danışıldı. Kəndimizə avtomaşın yolunun çəkilməsi haqqında danışıldı. «Bu işdə hamı canı dildən işləməli, 2 km yolu ilin axırına kimi qurtarmalı, avtomaşın Kələkiyə gələndə siz kolxozçuların ixtiyarına verəcəyəm» deyən kolxoz sədri dayımız Fərrux kişi söz verdi. Alqışlarla tədbiri qurtardılar. Bu işi başlamaq üçün hazırlıq işləri görməyə başladılar. Belə bir məsləhət gördülər ki, yaz-yay təsərrüfat işlərini qurtarsınlar. Sentyabr-oktyabr ayı Dırnıs-Kələki arası avtomaşın yolunun çəkilməsi başlansın. Hamı öz işi ilə məşğul olmağa, təsərrüfata gedən təsərrüfata, fermaçılar fermaya çalışmağa getdilər.
Bu il 47-48 dərs ilində mən 9-cu, Almurad 7-ci, «Millət» isə 3-cü sinifdə oxuyacaq. «Millət» dərslərini əla qiymətlərlə qurtarır, hətta yuxarı sinif kitablarını oxuyur, mütaliə edirdi. Ailədə heç kim ona dərs oxuyanda, yazı yazanda maneçilik etmirdi. Hər işi özü sərbəst edərdi. Bir işi görəndə də anam onu heç bir işə göndərməzdi. Ancaq özünün könlü istədiyi vaxt anama kömək edərdi. Ev işlərində də, oynamaqda da yaşıdlarından geri qalmazdı.
Hər il olduğu kimi, yay mövsümünü yaylaqda olduq. Payız düşmüşdü. Yol tikintisi başlanmışdı. Bütün kolxozçular, hətta məktəblilər də kömək edirdi. Yol qayalıqdan keçməliydi. Ona partlayıcı maddə lazım idi. Bu çox qorxulu və qadağan idi. Bu partlayıcı maddəni o zamanlar dağ-mədən işləri gedən yerlərdə tapmaq olardı. Rayonda Parağaçay mədəni var idi. Partlayıcı maddə orada işlədilirdi. Bizim kənddən orada işləyən fəhlə və dağ-mədən ustaları var idi. Onların vasitəsi ilə o maddəni əldə edib gətirdilər. Mədənin rəisi deyib ki, elə edin, yuxarı orqanlardan heç kim bilməsin. Bu partlayıcı maddələrlə 500 metr olan qayalığı dağıdıb Dırnıs-Kələki yolunu açdıq. Kolxozçuların köməyi ilə açılış günü kolxozda heyvan kəsib qonaqlıq verildi. Bütün böyüklü-kiçikli burada iştirak etdilər. Kələkiyə bu yolla Dırnıs kolxoz avtomaşının sürücüsü, müharibə veteranı Cəbrayıl kişi gətirdi. Maşın kənddən gələn kimi hamı başına toplandı. Sürücünü alqışladılar. Dayım ona bir erkək bağışladı. Cəbrayıl kişi erkəyi maşina qoyub öz təşəkkürünü bildirib geri qayıtdı. O zaman tək-tük kolxozçularda maşın var idi. Həm də ki rayonda belə maşın az idi. Bir neçə gündən sonra kəndə rayondan maşın gəlib-gedirdi.
Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?