Электронная библиотека » Murad bəy » » онлайн чтение - страница 5


  • Текст добавлен: 29 октября 2022, 11:40


Автор книги: Murad bəy


Жанр: Биографии и Мемуары, Публицистика


Возрастные ограничения: +16

сообщить о неприемлемом содержимом

Текущая страница: 5 (всего у книги 15 страниц) [доступный отрывок для чтения: 5 страниц]

Шрифт:
- 100% +

1948-ci il girmək üzrə idi. Dayımın illik hesabat dövrü gəlib çatmışdı. Yanvar ayı idi. Kolxozda dedi-qoduluq başlanmışdı. Kolxozçular arasında kolxoz sədrinə qarşı hesabat günü hərə bir cür danışırdı. Sədr haqqında biri müsbət, digəri mənfi cəhətdən danışırdı. Səs çoxluğu ilə dayım yenə kolxoz sədri seçildi. Ancaq bu seçkidən sonra dedi-qodu daha da çoxaldı. Qış çıxdı, yaz gəldi. Kolxozdan anonim məktublar yazılmağa başlandı. O dövrdə rayonun məsul işçiləri dəyişilmişdilər. Başqa kadrolarla təmin edilmişdi. İndi rayonda da dəyişikliklər edilirdi. Növbə bizim də kolxoza gəlib çatdı. Anonim məktublarını əldə əsas tutub dayımı 1948-ci ilin sentyabrında kolxoz sədrliyindən işdən çıxartdılar. Bununla bizim ailə bundan sonra tənəzzülə doğru getdi.

1949-cu il girdi. Yanvar-fevral aylarını geridə buraxıb mart ayında Novruz bayramına hazırlıq işləri görülürdü. İqtisadi cəhətdən vəziyyət bir elə də yaxşı deyildi. Kəndimizdə vəziyyət hər ildəki kimi olmasa da, axır çərşənbəni, Novruz bayramını bir təhər keçirdik. Məni əsgərliyə aparmaq üçün siyahıya aldılar. Dayım haqqında anonim məktublar yazırdılar. Hey rayondan gəlib dayım kolxoz sədr işlədiyi dövrü yoxlayırdılar. Bir cinayət işi tapmayıb gedirdilər. Bu il anam kolxoz emalından çıxmışdı. Anamla Əbülfəz, bir də dayımın azyaşlı qızları Məleykə, Fizzə, Xumar yaylağa öz qoyun-malımızı otarmağa getdilər. Bu il yay sezonu oğlanlar kənddə qaldıq. Öz təsərrüfatımızı becərmək üçün mən atla taxıl-küləşi daşıyırdım. İbrahim təsərrüfatın bütün işlərində işləyirdi. Almuradla Bahadur öz təsərrüfatımızda işləyirdilər. Tut bağlarında Xansənəm bacımızın rəhbərliyi ilə tut ağaclarından tutu çırpıb gətirir, qurudur, bəhməz bişirirdilər. Dayımı da imzasız məktublar əsasında hey rayona çağırırdılar.

Avqust ayında məni əsgərliyə aparmağa arayış verdilər. Dayım mənimlə rayon komissarlığına getdi. Komissar görən kimi dayımla salamlaşdı. «Nə var belə gəlmisən? – dedi. O da dedi ki, uşağı aparmağa çağırmısınız. Gəlmişəm ki, onu bu otpravka aparma. Komissar dayımın dostu idi. Adımı, familiyamı yazıb götürdü. Dedi ki, bu saat kəndə çıx get və buralarda görünmə. Dayım atı verib dedi ki, min, buradan çıx get, mən sabah gələcəm. Ata minib şəhərdən çıxdım. Bununla da bu otpravkadan qaldım. Mənimlə çağırılanların hamısını apardılar. Bir aydan sonra onların SSRİ-nin başqa-başqa respublikalarından məktubları gəldi. Ukraynadan, Belarusiyadan, Uzaq Şərqdən və sair.

Anamgilin hamısı yaylaqdan köçüb gəlmişdilər. Qış üçün hazırlıq işləri görülürdü. Əriştə, qovurma hazırlamaq da bu işlərin arasında gedirdi. Bu işləri soyuqlar düşməmiş görmək lazım idi. Ona görə də hamımız işlə məşğul olurduq. Gün çıxandan gün batana kimi.

Dayımı prokuror hey çağırırdı. Get-gələ salmışdı. Cinayət işi açmaq üçün bir şey tapa bilmirdi. Noyabr ayı girmişdi. Dayımı prokuror yenə də çağırmışdı. Bu dəfə imzasız məktub əsasında deyib ki, sən, Dırnıs-Kələki arası yol çəkdirmisən. Dayım da deyib ki, bəli. «Bəs sən orada partlayıcı maddə işlətmisən, onu haradan almısan?» Dayım demir. Bu iş üstündə savaşırlar. Dayıma deyir ki, gör sənin başına nə iş açacam. Kolxoza dayım işlədiyi dövrü yoxlamağa bir də komissiya yollayır. Bu yoxlama noyabr ayına kimi çəkdi.

Noyabrın 23-ə mənə əsgərliyə aparmağa otpravka gəldi. Dayımla Ordubad rayonuna getməli olduq. Evdə anamla, uşaqlarla öpüşüb-görüşüb çantaya bir az çörək qoyub yola saldılar. Əbülfəz hey deyirdi: «Qağa, məktub yaz, şəklini çəkdir, yolla». «Yaxşı yol» deyib dalımca su atdılar. Gəlib komissarlığın həyətinə çatdıq. Komissar görən kimi yenə də gəlib dayımla salamlaşdı və mənə dedi: «Hə qoçaq, gəlmisən?» Üzünü dayıma tutub dedi ki, uşağı uzaq yerə yollamayacağam. Bakıya gedəcək, Azərbaycan diviziyasında qulluq edəcək. Ancaq sənin işin çox pisdir. Bu gün prokuror plenumda çıxış etdi. Səni tutacaqlar. Uşağı yola salaq, sonra sənin işinlə məşğul olaq.

Rayondan cəmi 4 nəfər idik. Gətirib vaqona mindirib vağzaldan yola saldılar. Məndən 3-4 gün sonra prokuror dayıma sanksiya verib tutub. Bundan sonra ailəmizin iqtisadi vəziyyəti ağırlaşmağa başlayır. Ailəmizin ağırlığı anamın və İbrahimin üzərinə düşür.

1949-cu ilin qışı çox sərt keçdi. Həmin ildə yağan qar sinoptiklərin dediyinə görə, hələ indiyə kimi olmayıb. Qar əlindən tərpənmək olmurdu. Məni Bakıya yola salandan sonra bizi gətirib Biləcəri məntəqəsinə təhvil verdilər. Bir gün qalandan sonra bölüşdürüb Salyanski kazarma deyilən yerə piyada gətirdilər. Gəlib Salyanski kazarmada Azərbaycan diviziyasında qulluq etməyə başladıq.

1950-ci ilin yanvarında qarların yağması nəqliyyatın işini dayandırdı. Biz əsgərləri hər gün qar kürüməyə aparırdılar. Həftə ilə dəmir yolunda qar kürüyürdük. Moskva-Bakı qatarı sutkalarla yolda dayanmışdı. Güzdəkdən Bakıya gələ bilmirdi. Biz əsgərlər gecə-gündüz qar kürüyürdük. Gecələr Güzdək yolunda vaqonlarda yatırdıq. Bu qar Azərbaycanın bütün rayonlarında müşahidə olunurdu. Yanvar-fevral ayları bütün əhali şəhərdə qar kürüməklə məşğul olurdu. Nəqliyyatın dayanmaması üçün işin çoxu biz əsgərlərin üzərinə düşürdü. Evdən də məktub alırdım. Orada da kənddə də çoxlu qar yağdığını yazırdılar. Bu ilki qış qar ilə mübarizə ili kimi tarixdə yaddaşlarda qaldı.

Mən hər həftə evdən məktub alırdım. Vəziyyəti soruşurdum. Anam yazdırıb yolluyurdu ki, evdən nigaran qalma, biz səndən nigaranıq. Evimiz-ailəmiz lap yaxşı dolanırıq. Bu günlərdə dayımı da Bakıya gətirdilər. Məhkəmə oldu, ona 8 il iş verdilər. Anam yazırdı ki, gedib dayını görərsən. Yazırdı ki, uşaqlar da məktəbə gedib gəlirlər. Allah pis adamlara lənət eləsin. Allah kərimdir. Sağlıq olsun. Anam hər çətinlikləri görmüşdü. İki dəfə erməni-müsəlman davası, bir də Böyük Vətən Müharibəsinin iştirakçısı olmuşdu. Bu müharibələrdə 1906-1918-ci ildə qardaşlarını, bacılarını, anasını, atasını itirmişdi. Ona görə də həmişə Allaha şükür edərdi. Çox dindar arvard idi. Həmişə deyərdi ki, Allah bilən yaxşıdır. Allahın işinə qarışmaq olmaz. Həmişə Allaha şükür etmək lazımdır. Ona görə bizə – ailənin üzvlərinə namaz qılmağı, oruc tutmağı məsləhət görərdi. Həm də öyrədərdi. İbrahimlə Əbülfəz («Millət») namaz qılmağı, oruc tutmağı bilir və bu qaydalara əməl edərdilər. «Millət» hər namaz vaxtı anamla durardı. Onunla namaz qılardı. Orucluq vaxtı heç vaxt oruclarını keçirməz, tutardılar. Anamla İbrahim axır vaxtlara kimi davam edib tutardılar. 10 illik məktəbi qurtarana kimi ailəmiz bir yerdə yaşadı.

1949-50-ci illər bizim ailənin vəziyyəti ağır oldu. Kolxozlar birləşdirildi. Hamının qoyunu-malı siyahıya alındı. Hər təsərrüfatda 5 qoyun, keçidən artığını alırdılar. Bir inəkdən artıq saxlamaq olmazdı. Artığını alıb kolxoza təhvil verirdilər. Bizim də qoyun, keçimizin beşdən artığını almışdılar. Bir dənə qatırımızı, atımızı anam verməmişdi. Demişdi ki, bu əsgər olan oğlumuzundu, ondan sonra əl çəkmişdilər. Beləliklə, ailəmizdə qoyunumuzun, inəyimizin, qatırımızın olması ailənin yaşaması üçün iqtisadi cəhətdən yaxşı köməyi olmuşdu.

Bu illər – 1950-51-52-ci illər üçün anamın rəhbərliyi ilə ailə birtəhər dolanır, keçinirdi. Qardaşım İbrahimin gündüzlər kolxozda, gecələr kəndə təzə gəlmiş geoloqların yeraltı qazma işlərində çalışması, Almuradın sürücünün yanında köməkçi işləməsi, Bahadurun qatırla geoloqların yüklərini aparıb gətirməsi ailənin iqtisadi cəhətdən vəziyyətini yaxşılaşdırmışdı. Mən 3 illik əsgərliyim dövründə bir neçə əsgəri sahibi oldum – minamyotçu, topçu, zəhərləyici qazların istifadəsi və ona qarşı mübarizə, bir də 6 aylıq siyasi məktəbi oxuyub qurtarmışdım, (DPŞ – Diviziyonnu partiynı şkola). Əsgərlik vaxtımı başa vurub getmək vaxtı gəlib çatanda, mənə siyasi rəhbər dedi ki, gəl səni yollayaq hərbi uçilişə Tiflisə. Get oranı oxu gəl, hərbi hissədə rotada siyasi rəhbər kimi işlə. Razı olmadım. Dedim ailə vəziyyətimiz ağırdır. Anam təkdir, uşaqlar balacadır. Ona ailə vəziyyətimizi təfsilatı ilə danışdım. Dayımın tutulmağını dedim. Ondan sonra mənim işimi, sənədlərimi qaytarıb verdi. Dedi ki, buraxın getsin, özü razı olmur. Mənim sənədlərimi hazırlayıb 1953-cü il noyabrın 23-də bir neçə əsgər yoldaşlarımla bilet alıb gəldiyimiz Bakı – Yerevan qatarına mindirib yola saldılar. Onu da yada salım ki, 3 illik əsgərlik dövründə anam iki dəfə məni və dayımı görməyə gəlmişdi. O zaman gəlib getmək çox da asan deyildi. Mən də hər ay 2-3 dəfə dayımın yanına gedib-gəlirdim. Əsgər olduğum üçün görüşə tez buraxırdılar. Ona papiros, maxorka aparırdım. Əsgər adam idim, başqa şeyə qüvvəm çatmırdı.

Mən qatarla səhər tezdən Ordubad stansiyasında yerə düşüb şəhərə avtobusla gedib kənddən gələn-gedən maşını soruşdum. O zaman maşın çox az idi. Dedilər ki, Dırnısa poçtun maşını gedəcək. O maşını tapıb onunla Dırnısa gəlib çatdım. Oradan da piyada çemodan əlimdə Kələkiyə yola düşdüm. Yolda gəlib-gedən rast gəlmədi. Heç kimin xəbəri olmadan evə çatdım. Evdə qızlardan başqa heç kim yox idi. Qızlar görüşüb tez anama muştuluğa qaçdılar. Anam qonşudaydı. Kəndə səs yayıldı. Hamı göz aydınlığına gəldi. Əbülfəz də məktəbdən gəldi. Axşam qardaşlarım da işdən gəldilər. Hamı ilə görüşüb öpüşdük. Bir Almuraddan başqa. Dedilər ki, Almurad dağda Göhündürdə kəşfiyyatda işləyir. Ona sabah Göhündürə gedənlərlə xəbər göndərdilər. Almurad eşidən kimi kəsmə dağ yolu ilə gəldi. Dağdan gələndə tüfəngi də özü ilə götürmüşdü. Yolda dağ keçilərinə rast gələr deyə. Elə yolda dağ keçisinə rast gəlir və onu vurur. Amma çox böyük olduğuna görə gətirə bilmir. Qoyub orada gəlmişdi. Kənddən ora görünürdü. Gəlib görüşüb öpüşəndən sonra dedi ki, qağa, sən gəldin, ruzumuz bollaşacaq: «Bura gələndə Allahtəala qabağıma dağ keçisini çıxartdı. Birini vurub o daşın altına qoymuşam. Gedib gətirsinlər». Anam bir-iki cavana keçinin yerini dedi ki, gedib gətirsinlər. Uşaqlar gedib dağ keçisini gətirdilər. Ətindən bir az pay verdilər. Evimizdə deyib-gülmək, şadlıq ruhu qalxmışdı. Kəndimizin camaatının keçən illərə nisbətən iqtisadi cəhətdən vəziyyəti yaxşılaşırdı. Ona görə ki, geoloji kəşfiyyat idarəsi bizim kənddə yerləşirdi. Kəndin cavan uşaqları orada işləyirdi. Hər evdən bir-iki nəfər işləyirdi. Bizim ailədən də Almurad, İbrahim, Bahadur yay sezonu geoloqların yanında işləyirdilər. Mən də gələndən sonra onlara kömək edirdim. Onların əvəzinə arabir gedib işləyib gəlirdim.

1954-cü il yaxınlaşırdı. Dövlət get-gedə islahatlar edirdi. Vergilər azalırdı. Böyük bir amnistiya verildi. Bu amnistiyada dayımı buraxdılar. 1954-cü ildə ailə vəziyyətimiz get-gedə yaxşılaşırdı. İbrahim evlənmişdi. Bir oğlu da olmuşdu. O, ailəmizdən ayrılıb öz ailəsi ilə birlikdə yaşayırdı. Əbülfəz («Millət») 7-ci sinifdə oxuyurdu. Dərslərini tam hazırlıqlı oxuyurdu. O, səhərə kimi lampa işığında xalçanın üstündə uzanmış halda oxuyardı. Bəzi vaxtlar yuxu tutub o cur də qalardı. Xalçanın üstündə üstünə yorğan örtüb dəyməzdilər. O kitabxanın kitablarını da alıb gətirər, öz dərslik kitablarından əlavə səhərə kimi onları da oxuyub qurtarardı. Anam hey deyərdi ki, bala özünə yazığın gəlsin bir az, o kitabları az oxu, gözlərin zəifləyər.

Dayım gələndən sonra evimizin mal-qoyununu artırmağa başladı. Yenə də hər bir işə o rəhbərlik edirdi. O tutulandan sonra bir oğlu da olmuşdu – Seyfəddin. Onun 4 yaşı tamam olmuşdu. Ailənin ən kiçik uşağı o idi. Çox vaxt anamın yanında olardı, ondan əl çəkməzdi. Biz də 1954-cü ildən ayrı yaşadıq. Amma yenə də çox vaxt yemək-içməyimiz bir yerdə olardı. Evlərimiz bir-birinə çox yaxın idi. Anam qardaşını çox istəyirdi. Ondan uzaq olmaq istəmirdi. Həmişə yanında olmasını istəyirdi.

Məktəblər bağlanmışdı. Hərəmiz kəşfiyyat idarəsinin bir dəstəsində ayrı-ayrı yerlərdə işləyirdik. Dayım öz mal-qoyunumuzu becərmək, həm də kolxozun sağıcısı kimi işləmək üçün anamı aparıb yaylağa qoymuşdu. Anam 10 inəyə qulluq edirdi. Onları sağıb təhvil verirdi. Biz hamımız kənddə olurduq. İşləyib axşamlar evə gəlirdik. Əbülfəz də kənddə olurdu. Hərdən bir yaylağa gedib anamı görüb gələrdi. Bu il hələ məlum deyildi ki, 8 illik məktəbi harada oxuyacaq? Kəndimizdə oxumaq üçün orta məktəb yox idi. Dırnısa, ya da Ordubada getməli idilər.

Avqust ayı idi. Dayımı görmək üçün rayondan köhnə dostlarından bir neçə idarə müdirləri, müəllimlər gəlmişdilər. Dayım onlar üçün bir erkək kəsdi. Qonaqlıq verdi. Onların içində rayon müdiri də var idi. O qadın idi – Tovuz müəllimə. Müəllimlər biz ev uşaqları ilə tanış oldular. Əbülfəzlə olanda ondan soruşdular ki, neçənci sinifdə oxuyursan? Dayım tez dedi ki, 7-ci sinifi bu il qurtarıb. Müəllimlər Əbülfəzi sorğu-sual etdilər. O suallara düzgün cavablar verməklə müəllimlərin xoşuna gəldi. Tovuz müəllimə üzünü 1 nömrəli orta məktəbin direktoruna tutub dedi ki, bu uşağın adını, familiyasını yaz götür, bu gündən sizin tələbinizdir. Sonra dayıma dedi ki, sentyabrın 1-dən yolla gəlsin, Ordubad rayon 1 nömrəli orta məktəbdə oxuyacaq, sənədlərini biz özümüz tələb edəcəyik məktəbdən. Rayonun bütün məktəblərindən əlaçı tələbələri yığırıq ki, şəhər məktəbində oxusunlar.

Əbülfəzin sevincinin həddi-hududu yox idi. Sentyabr yaxınlaşırdı. Əbülfəz tez-tez yaylağa qaçır, anama deyirdi ki, mən bu il orta məktəbi Ordubadda oxuyacağam. Anam yaylaqdan sentyabra bir həftə qalmış gəldi. Əbülfəzə («Millətə») təzə paltar, ayaqqabı aldı. Məktəb üçün olan hər şey, dəftər-kitablar aldırıb hazır qoydu. Sentyabrın 1-dən bir-iki gün qabaq Əbülfəzi aparıb Ordubada qohumumuz Gülüş xala, Şamı əmigildə qoyduq. Anam Gülüş xalaya tapşırdı k, Əbülfəzlə öz uşaqları kimi muğayat olsun. Şamı əminin uşaqları çox idi. Beləliklə də, Əbülfəz («Millət») 1954-cü ilin sentyabrından Ordubad rayon 1 nömrəli orta məktəbində 8-ci sinifində oxumağa başladı.

1954-cü il bizim ailənin dönüş ili oldu. Demək olar ki, tənəzzüldən tərəqqiyə doğru qalxdıq. 1954-cü ilin noyabrı idi. Məni anamın təkidi ilə dayım evləndirdi. Anam mənə öz əmisi nəvəsi Firuzəni nişanlayıb, nişan üzüyü verib, 1954-cü ilin noyabrın 23-24-də evləndirib, toy elətdirib, evinə gəlin gətirdi. Anamın öz qohumunu gəlin gətirməsi, oğlanlarına bacı, özünə doğma qız kimi gələcəkdə Əbülfəzə mənəvi-iqtisadi dayaq olması, həm də özü üçün köməkçi, həmişə yanında yaşaması, ailədə mehribançılıq, dostluq, bir-birimizi ayrılmaz, sevimli bir ailəyə çevirmişdi.

Əbülfəzin Ordubadda oxuduğu müddət həmişə onun yaxşı oxumasından, tərbiyəsindən müəllimlər dayım şəhərə gedəndə razılıq edirdilər. O, 8-ci sinifi oxuduğu tədris ili Şamı əmigildə qaldı. 9-10-cu sinifləri oxuduğu müddət yataqxana şəraitində (məktəbin yataqxanasında) yaşamalı oldu. Ona görə ki, ev şəraiti ona yazıb-oxumağa imkan vermirdi.

1955-ci ildə 9-cu sinifi oxuyanda Almuradı, Bahaduru əsgərliyə apardılar. Evin işi-ağırlığı anamın, mənim üzərimə düşdü. Mən dağ-mədən kəşfiyyatında işləyir, anam da yenə fermada yay vaxtları sağıcı işləyir, yaylağa gedirdi. Əbülfəzlə Firuzə kənddə qalıb öz təsərrüfatımızla məşğul olurdular. Artıq ailəmizdə bir qız uşağı da üzv olmuşdu. Adını Əbülfəz qoydu – Səadət. Qardaşım İbrahim ayrı yaşayırdı. Dayım da ayrı yaşayırdı. Bu ildən etibarən bir ağsaqqal kimi hər şeyə nəzarət edirdi. Aldığım maaş evin 50 faizini ödəyirdi. Həm də Əbülfəzin həftədə gedib-gəlmək yol pulunu verməli idim. Bundan əlavə, qış gəlirdi, yanacaq da almaq lazım idi. Sobalarda odun yox, daş kömür yandırırdıq. Geoloji idarənin hesabına axşamlar dizel elektrik işığı verilirdi. Kəndimiz rayonda ən müasir kəndlərdən birinə çevrilmişdi. Pekarnı, kino klub, mağaza, hamam, voleybol meydançası və sair.

Yay vaxtları çayda göl tikilir, üzguçuluk öyrənmək işləri həyata keçirilirdi. Kəndin balaca olmasına baxmayaraq, kiçik şəhərcik halına düşmüşdü. Sonrakı illərdə yeməkxana və səhiyyə məntəqəsi açıldı. Bunlar son vaxtlara qədər fəaliyyət göstərirdi. Kəndin iqtisadi cəhətdən inkişafı artmışdı. Ailələr özləri üçün evlər tikir, ayrılır. Get-gedə kənd böyüməyə başlayırdı. Müharibədən qabaq 30 yaşayış ev, təsərrüfatı olan kənd indi 70-80 təsərrüfata çatmışdı. Mən də bunların içində olmaq şərti ilə.

Əbülfəz 9-10-cu sinifi oxuyanda yataqxana şəraitində yaşayırdı. Maşınlar işləmədiyi aylarda ona çantanı yeməklə doldurub aparıb verib yataqxanada yoldaşları ilə söhbətləşirdim. Onlar da uzaq kəndlərdən gəlmişdilər. Tividən, Biləvdən, Üstüpüdən və başqa kəndlərdən var idi. Hamısı bir-birinə çox mehriban dolanırdılar. Onların kəndləri çox uzaq olduğu üçün ayda bir dəfə gedib gəlirdilər. Əbülfəz ancaq maşın düşəndə gedib-gələrdi. Bəzi vaxtlar havalar yaxşı olanda piyada gələrdi. Beləliklə, məktəb həyatını yataqxanada yaşaması, öz-özünə qulluq etməsi, gələcəkdə institutda oxuyanda və islah-əmək düşərgəsində olduğu zaman onun karına gəlmişdi.

O, çoxlu kitab alıb gətirərdi. Nizaminin, Füzulinin kitablarını çox oxuyardı. Ədəbiyyata, tarixə çox meyl edərdi. Harada tarix kitabları görsəydi, alıb gətirər, oxuyardı. Çoxlu əl yazması olan şerlər oxuyardı. Anamdan keçmiş zamanlarda eşitdiklərini, gördüklərini danışmasını xahiş edərdi. Yay vaxtı tələbələrin tətilə çıxdığı vaxtlar Əbülfəz kənddən başqa yerə getməzdi. Kənddə Firüzə ilə bir yerdə qalıb balaca Səadətlə günlərini keçirərdi. İyul-avqust ayları çayda göl tikilirdi. Günlərinin çoxunu yoldaşları ilə gölün kənarında keçirərdi. Mən də istirahət günləri gəlirdim. Anam da yaylaqda olardı. Əbülfəz hərdənbir gedib anamın yanında qalardı.

Anam ömrü boyu son günlərinə qədər həmişə yaylaqlarda olardı. Yay vaxtı yaylağa getmək, maldarlıqla məşğul olmaq bizim ata-baba sənətimiz idi. Anam deyərdi ki, qoyunu, mal-qarası olan heç vaxt iqtisadi cəhətdən korluq çəkməz. Bizə həmişə məsləhət verərdi ki, qoyun-mal saxlayın. Evi ağartısız qoymayın.

1956-57-ci dərs ili Əbülfəz 10-cu sinifdə oxuyurdu. Məni geoloji kəşfiyyat idarəsində altı aylıq təkmilləşdirmə kursuna göndərdilər. O zaman AZİ-nin nəzdində açılmış yeraltı-yerüstü dağ mədənlərinin işlənməsi və istismarı üzrə kursa yolladılar. 1957-ci ilin noyabrında Bakı şəhərinə oxumağa gəldim. 150 manat aldığım maaşı almaq şərti ilə. Onun 70 manatını evə verirdilər, 80 manatını isə mənə yollayırdılar. O dövrü bu pul az deyildi. Yaxşı keçinmək olurdu. Bakıda oxuduğum dövr mənim dərslərim çox ağır idi. Ali məktəb proqramı keçirdilər. Mənimlə oxuyanların hamısı ali savadlı, institut qurtarmış insanlar idi. Bu isə mənim inkişafıma, oxumağıma çox böyük təsir etdi. Həm geoloji işdə, həm də dağ-mədən qazma işlərində. Bu dövrdə Əbülfəzdən məktub alırdım. Mən də ona məktub yazırdım. Yazırdım ki, hər həftə kəndə get, anamgildən xəbər tut, qoyma darıxsınlar. Dərslərini yaxşı oxu, hazırlaş, bu il axırıncı ilindi. Fikirləş, hansı fakültəyə girmək istəyirsən, mənə yaz.

Bizi iyul ayına kimi buraxmadılar, çünki dərs proqramı çox idi. İyunun axırında ixtisas üzrə 3 dövlət imtahanı olacaqdı. May ayının axırı idi. Əbülfəzdən mənə bir məktub gəldi. Yazmışdı ki, qardaş, mən imtahanları verməyə başlamışam. Sən get universitetə, öyrən gör şərqşünaslıq fakültəsinə hansı imtahanlar düşür. Bu il açılıb ərəb dili üzrə. Universitetə gedib həmin fakültəyə hansı imtahanların düşdüyünü öyrənib yazdım və yolladım ona. Dörd imtahan idi o zaman. Mən də iyun ayının axırı, iyulun 10-a kimi imtahanları verdim. Dedilər ki, vəsiqənizi sonra gəlib alarsınız.

İstilər düşmüşdü. Kəndin ən gözəl vaxtı idi. Anam bu il başqa yaylaqda, Ordubad kolxozunun fermasında işləyirdi. Gülüş xalagilin əkin torpağı – çayın mənbəyi olan Qapuçuq dağının ətəyindəydi. Bakıdan mən gələndə Əbülfəz kənddə idi. İmtahanlardan hələ ikisi qalırdı. İmtahanlar arası çox çəkdiyinə görə, həm də kənddə sevdiyi bir qız varmış. Mən bunu sonralar bilmişəm. Yoldaşım dedi ki, artıq gecdir, onu behləyiblər, sözünü alıblar. Bir-iki gün kənddə qalandan sonra yaylağa anamı görməyə getdim. Gedib anamı yaylaqda görüb bir-iki gün də yanında qaldım. Anam Xumar bacını yanınca yaylağa aparmışdı. O da ordaydı. Anama kömək edirdi. Bir yerdə, bir çadırda qalırdılar. Anama söylədim ki, Əbülfəz bu il Bakıda oxuyacaq. Allah qoysa, institutda oxuyacaq. Dedi ki, Allah eləsin, Amin.

Əbülfəz imtahanlarını verib qurtarandan sonra sənədlərini yığıb onu Bakıya yola salmağa gəldim. İmtahanlara bir həftə qalmış getdi. Bakıda heç bir tanış, qohum yox idi. Olan da dincəlməyə getmişdi. Mən Bakıda oxuduğum illər Dağlı məhəlləsində bir tanış gəlin var idi. Ona vəziyyəti danışmışdım. Demişdim ki, qardaşım imtahan verməyə gələcək, qalmağa yeri yoxdur. Dedi ki, bəs mən yoldaşımla dincəlməyə gedəcəyik. Ünvanı ver, gəlsin bizə, açarları verim ona. Biz çıxıb gedək dincəlməyə. Dediyi kimi də etdim. Əbülfəzi Bakıya yola salanda ünvanı verdim və dedim ki, həmin ünvana gedərsən. Əbülfəz birinci dəfəydi ki, Bakıya gedirdi. O, heç haranı tanımırdı. Qatardan düşən kimi taksiyə minib ünvanı göstərir. Taksi sürücüsü onu həmin ünvana çatdırır. Qapını döyüb səsləyir. Asya bacı tez qapıya çıxıb Əbülfəzin qabağına yüyürüb çantanı əlindən alıb deyir ki, gəl dalımca. Əbülfəzə deyir ki, mən səni səsindən tanıdım. Səsin Murad qardaşın səsinə oxşadı. Ona tez çay-çörək hazırlayır. Deyir ki, çox yaxşı vaxtında gəldin, biz iki gündən sonra kurorta gedəcəyik, bilet almışıq. Dincəl, səni aparıb gedib-gəlmək üçün universitetin yollarını tanış edim. Burdan çox yaxındır. Asya bacı iki gün Əbülfəzə çox yeri tanıdır. Üzü aşağı enəcəyik ora, gələndə də tramvayla gələrsən. Yoldaşı sürücü işləyirdi, onunla da tanış edir. Evin açarını Əbülfəzə verib kurorta gedirlər.

Əbülfəz isə başlayır imtahanlara hazırlaşmağa. Sənədlərini aparıb imtahan komissiyasına verir. Universitetin auditoriyası ilə tanış olur. Vaxtları olanda yoldaşları ilə birlikdə şəhəri gəzib dolanırlar. İmtahanlar başlayır. Birinci imtahanda yaxşı qiymətlə başlayıb yaxşı qiymətlə qurtarır. İmtahanların hamısını verib qəbul vəsiqəsini alır. Universitetin şərqşünaslıq fakültəsinin ərəb bölməsinin 1-ci kurs tələbəsi.

Avqust ayının axırıncı həftəsi idi. Kənddə hamı bizi təbrik edir, göz aydınlığı verirdi. Anam hələ yaylaqda idi. Atımız yox idi. Dayımın bir qatırı qalmışdı. Əbülfəz onu minib dağ yolu ilə gedib anamı görüb iki gündə yanında qalıb görüşüb gəldi. Sentyabrın 1-i yaxınlaşırdı. Qəbul olan tələbələr rayondan getmək üzrə idilər. Biz də Əbülfəzi yola salmağa hazırlaşırdıq. Maaşlar verilən vaxt idi. Mağazaya yaxşı bahalı kostyum gəlmişdi. Maaşımı alıb Əbülfəzi aparıb əyninə yaraşan bir kostyum və bir ayaqqabı aldım. Kostyum ona çox yaraşırdı. Alt-üst paltarlığını da almışdıq. Dayım bir erkək qoç kəsib qonaqlıq verdi. Rayondan məsul işçilər, müəllimlər gəlmişdilər. Rayondakı müəllimlərə qabaqcadan xəbər yollamışdıq. Əbülfəzin Ordubaddakı müəllimlərindən bir neçəsi qonaqlıqda iştirak edirdilər. Hətta o zaman erməni dilində çıxan «Kommunist» qəzetinin müxbiri Hartun da qonaqlıqda iştirak edirdi. Hamı təbrik edir, göz aydınlığı verir, dayımı qucaqlayıb öpürdülər. Qonaqlıq qurtarandan sonra axşam üstü Əbülfəzi yola salmaq üçün bizə geoloji idarənin maşınını verdilər. Ordubad dəmir yol vağzalına bir neçə cavan uşaqla gəlib onu Bakıya yola saldıq. 1957-58-ci illər Əbülfəzin institut həyatı başladı. Birinci kursda ərəb dili üzrə oxuyurdu.

Əziz oxucular! 1948-57-ci ilə qədər olan ailəmizin, Əbülfəzin qısaca da olsa, tarixi, həyatında olan əsas faktları yazdım. Bununla bildirmək istəyirəm ki, bizim təlim-tərbiyəmizdə anamın böyük rolu olub . O biz qardaşlara ana, həm də ata olub. Anamın bu əməyini biz qardaşlar layiqincə yerinə yetirə bilmədik. Ömür imkan vermədi. Dayımız Fərrux isə biz ailəyə öz ailəsi iə birlikdə rəhbərlik edib, atalıq qayğısı göstərib. Onların qayğısı sayəsində bizə heç bir kənar qohumların qayğısı, yardımı, köməyi lazım olmayıb. Bacardıqca bizim ailə başqa qohumlara yardım, kömək göstərib. Müharibənin ağır illəri dayımın, anamın müdrikliyi, rəhbərliyi sayəsində heç bir korluq çəkməmişik. İstər iqtisadi, istərsə də mənəvi cəhətdən. Xansənəm bacı biz qardaşlara həm bacı, həm də ikinci ana olub. Onun körpə uşaqları olmasına baxmayaraq, həmişə bizə qayğı göstərib. Öz uşaqlarından bizləri seçməyib. Bunu yazmaqda, siz oxuculara bildirmək istəyirəm ki, biz 1958-ci ilə kimi bir ailə kimi yaşamışıq. Ondan sonra hərə öz ailəsi ilə bir olub. Dayım, anam həmişə olduğu kimi yenə də ağsaqqalımız olublar. 1958-ci ilə kimi xatirələr burada bitir.

1957-58-ci ili Əbülfəzin institut həyatı başladı. O artıq Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin ərəb dili üzrə birinci kurs tələbəsi oldu. Birinci ili Əbülfəz üçün çox çətin oldu. Ona görə ki, Bakı mühitinə öyrənmək, kənd həyatından ayrılmaq, qardaş, anadan uzaq düşmək, ümumiyyətlə, ailədən uzaq olmaq onu darıxdırmışdı. Bunu sonralar özü söhbət edirdi. Birinci kursdan sonra istəyirdi ki, sənədlərini alıb hərbi məktəbə versin. Hərbçi olmaq istəyirdi. Müəllimlərinin, bəzi tələbə yoldaşlarının təkidi ilə bu fikirdən daşındı. İkinci kursdan sonra canı dildən ərəb dilini öyrənməyə başladı. Əbülfəz birinci kursda oxuyanda ondan tez-tez məktub alırdıq. Biz də ona tez-tez məktub yazardıq. Onun darıxmaması, çətinlik çəkməməsi üçün Bakıya gedib-gələndən bağlama yollayırdıq.

Almurad əsgərlikdə idi. Mən geoloji kəşfiyyat dəstəsində işləyirdim. Anam və yoldaşım qış olduğu üçün kənddə idilər. Evimizə bir qız uşağı da əlavə olundu. Onun adını anam qoymuşdu – Səlimə. Bu körpələri saxlamaqla anam məşğul olurdu. Mənim aldığım maaş bizim ailəni, Əbülfəzi ancaq görürdü. Hər ay Əbülfəzə korluq çəkməsin deyə anamın aldığı təqaüdü 20 manatı və mənim maaşımdan 30 manat da qoyub 50 manat yollayırdıq.

Beləliklə, Əbülfəz yaxşı qiymətlərlə birinci kursu qurtarıb kəndə gəldi. Anam yenə də yaylağa getmişdi. Əbülfəzlə Firuzə kənddə qalırdılar. Mən də hələ ki, dağda işləyirdim. Hər istirahət günləri kəndə, anamın yanına gələrdim.

1958-59-cu dərs ili başladı. Əbülfəz həmin il ikinci kursda oxuyurdu. Daha şəhər mühitinə öyrənmişdi. Çoxlu tələbə tanışları var idi. Tələbə-müəllimlər arasında hörmət qazanmışdı. Artıq o ədəbiyyat-tarix dərnəklərinə gedirdi. İdmanla məşğul olurdu. Güləş, üzgüçülük məşğələlərində iştirak edirdi. Həm də qabaqcıl tələbələr təşkilatlarında iştirak edirdi. Heç bir məşğələdən, dərsdən geri qalmırdı. 1959-cu ilin may ayında, məni geoloji idarəyə «kontora» çağırdılar. Dağdan gəldim. Kontora gedib məni nə üçün çağırdıqlarını soruşdum. Rəisin yerinə baş geoloq baxırdı. Dedi ki, bəs sənə Bakıdan, Baş İdarədən radioqramma gəlib. Bakıya getməlisən. Mənə ezamiyyə əmri verib Bakıya yola saldılar. Gəlib evdən Əbülfəz üçün nə lazımdırsa hazırlayıb bir bağlama götürüb yola düşdüm. Səhərisi qatarla Bakıya çatdım. Gedib Əbülfəzi yataqxanada tapdım. İstirahət günü idi. Tələbələrlə görüşdüm. Gətirdiyim sovqatdan Əbülfəz stolun üstünə tökdü. Hamıya payladı.

Mən səhərisi Baş İdarəyə getdim. Kadrlar şöbəsində olub özümü təqdim etdim. Mənimlə salamlaşıb yer göstərib söhbətə başladılar. Bildirdilər ki, sənin əmrin verilib, Kəlbəcər rayonuna getməlisən. Dedilər ki, rəis tapşırıb ki, gələndə onun yanında olum. Nazirin otağına daxil olan kimi «Yaxın gəlin» deyib mənimlə səmimi görüşdü. Anamı, dayımı soruşdu. Evdən hal-əhval tutdu. Başladı söhbət etməyə. Kadrlar şöbəsinə bildirdi ki, mən Kələkidə rəis işləyəndə bu ailəni yaxşı tanıyırdım. Mən orada işləyəndə bu oğlan əsgərlikdəydi. Bunun qardaşlarını İbrahimi, Almuradı, Əbülfəzi tanıyıram. Yaylaqda anasının qatığını, südünü, yağını çox yemişik, sərin ayranından içmişik. Tanışlıq verəndən sonra dedi ki, səni cavan kadr olduğun üçün, yeraltı qazma işləri aparmaq üçün, Kəlbəcər rayonuna yollayıram. Təzə obyektdir, səninlə birlikdə rəisin Nəzir müəllimdir. Get hazırlaş, ayın 20-də təzə maşın verəcəm – QAZ-51. Gəlib bir yerdə gedərsiniz. Nazir tanınmış geoloq Mütxət Mustafabəyli idi. Əmrimi alıb çıxdım. Əbülfəzlə görüşüb əhvalatı ona danışdım. Çox razı oldu. Çıxıb kəndə getdim.

Kəndə gəlib əhvalatı anama, dayıma, Almurada danışdım. Onlar da mənim Kəlbəcər rayonunda işləməyimə razı oldular. Almurad 6 ay idi ki, əsgərlikdən gəlmişdi. O da işə təzə düzəlmişdi. Dağda mexanizm bölməsində kompressorda işləyirdi. Mustafabəylinin salamını anama dedim. Anam məmnun olub dedi ki, hə bala, onun yoldaşına yaylaqda çox hörmət eləmişəm. Onda o hələ qız idi. Gündüzlər gedib dağda gəzib gəlib mənim yanımda qalardı. Heç kimin çörəyi heç kimdə qalmaz. Həmişə bacardıqca yaxşılıq edin, çörək verin, bir gün o özünüzə qaytarılacaq. Mənim bir nigarançılığım bizə vaxtı ilə qaçqınlıq zamanında yaxşılıq etmiş, yardım yollamış Hacı Zeynalabdin Tağıyevdən qalır. Onun bizə göndərdiyi unu, düyü, yağı, yardımları heç vaxt unuda bilmirəm. Onun qohumlarından, uşaqlarından, nəvələrindən olsa, tapıb hörmət edin. Qismət olsun, edərik, heç nigaran qalma, ana dedik.

Mən kənddən Bakıya qayıtdım. Gəlib Nəzir müəllimi tapdım. Salamlaşıb dedi ki, iki gündən sonra çıxacağıq. Gedək bazaya, bizə maşın veriblər, sürücü tapaq. Nə lazımdır, tapaq, yığaq, yükləyək maşına. 20-sində çıxaq. Dediyi kimi də etdik. Təzə maşın, təzə sürücü verdilər. Maşını dolduqca yükləyib gəlib Əbülfəzi də institutda tapıb görüşdüm. Səhər vaxtı çıxacaqdıq. Kəlbəcərə çatan kimi sənə məktub yazacam dedim. Görüşüb ayrıldım. Səhər vaxtlı yola düşdük.

Mən, sürücü, Nəzir müəllim üçümüz də birinci dəfəydi ki, Kəlbəcərə gedirdik. Yol bizə çox uzun gəldi. Səhər 6-dan çıxan axşam saat 12-də Kəlbəcərə çatdıq. Orada da geoloji kəşfiyyat dəstəsi var idi. Soruşub onların bazasına getdik. Orada bizə yer verdilər. Maşını qapıdan içəri salıb gözətçiyə tapşırdıq. Çox yorğun idik. Çay içib uzanıb yatdıq. Qaranlıq idi, heç bir yer görünmürdü. O zaman rayonda elektrik işığı yox idi. Lampa işığından istifadə olunurdu. Nadir hallarda dizel elektrik işığı verilirdi.

Səhər-səhər yuxudan ayılanda özümü qeyri-bir aləmdə hiss etdim. Hər tərəf hündür dağlarla əhatə olunmuşdu. Yamyaşıl yamacları, aşağı hissəsi meşəliklə örtülü, dağlardan axıb gələn Tər-tər çayının nəriltisi gələn qonaqlara yeni bir aləmdə olmasını göstərirdi. Təbiətin belə bir gözəl guşəsini ancaq şairlər, aşıqlar, alimlər öz şerlərində, nəğmələrində, romanlarında tərənnüm edə bilərlər. Mən təbiətin belə bir füsunkar gözəlliyini birinci dəfəydi ki, görürdüm.

Kəlbəcərlə tanış olandan sonra işə başladıq. Bizim iş yerimiz uca dağların arxasında idi. Ora ancaq at ilə getmək lazım idi. Yaxın kəndlərdən bizim yükləri daşımaq üçün atlar kirayə etdilər. Bizim yükləri, lazım olan şeyləri atlara yükləyib atlara minib yola düşdük. Qoç daşını (Qoç dağı da deyilir) aşırımını aşıb Tutxun çay vadisinə endik. Bura Kəlbəcərin ən ecazkar təbiəti olan yeri idi. Bu dərəyə Kəlbəcərin Şiveçaryası deyilirdi. Hətta Avropa alimlərindən biri deyib ki, Şiveçariyanı görməyibsə, getsin Kəlbəcərə Tutxun çayını görsün. Çox gözəl bir yerdir. Yol çox uzun idi. Çoxlu çaylar keçib gəlib düşərgəmizə çatdıq. Bəylik deyilən yerə. Buranın rayonla maşın yolu əlaqəsi yox idi. Ancaq piyada atla rayona gedib-gəlmək olurdu. Burda yerləşəndən sonra Əbülfəzə məktub yazdım. Buranın gözəlliyindən, təbiətindən, suyundan, meşələrindən yazdım. Yazdım ki, tətilə çıxan kimi gəl bura, dincəl.

Внимание! Это не конец книги.

Если начало книги вам понравилось, то полную версию можно приобрести у нашего партнёра - распространителя легального контента. Поддержите автора!

Страницы книги >> Предыдущая | 1 2 3 4 5
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации