Электронная библиотека » Murad bəy » » онлайн чтение - страница 3


  • Текст добавлен: 29 октября 2022, 11:40


Автор книги: Murad bəy


Жанр: Биографии и Мемуары, Публицистика


Возрастные ограничения: +16

сообщить о неприемлемом содержимом

Текущая страница: 3 (всего у книги 15 страниц) [доступный отрывок для чтения: 5 страниц]

Шрифт:
- 100% +

Bu il kolxozda ferma müdiri anamın əmisi oğlu Mədət kişi idi. Atamız Qədirqulu kişiyə yaxın kolxozlardan baş çoban təklif etmişdilər, getməmişdi. Həm də Mədət dayı qoymamışdı, razılıq verməmişdi. Dedi ki, apreldən öz kolxozumuzun fermasında işləyəcəksən. Əmim qızı Mehrnisə də kolxozun emalında may ayından işə başlamalı idi. Beləliklə, Qədirqulu kişini apreldən baş çoban, Mehrnisəni may ayından emalçı götürdü. Qoyun-quzu, mal-qara da bu il qış mövsümündən pis çıxmamışdı, yaxşıydı.

Beləliklə, həmişəki kimi yaylaq vaxtı gəlib çatdı. İyun ayının 15-də yaylağa qalxdıq. Birinci kolxoz mal-qarası, qoyun sürüləri qalxırdı. Üç-dörd gündən sonra camaatın qoyun sürüləri Xəlil yurduna qalxırdı. Xəlil yurdunda yeni bir canlanma başlanmışdı. Mənim yaşıdlarım, uşaq yoldaşlarım hamısı gəlib çıxmışdı. Bunlarla birlikdə mal-qaranı örüşə ötürüb yanacaq üçün odun, qurumuş qanqal çöpləri, qurumuş mal gərməsi yığıb yandırmaq üçün gətirirdik. Bu il Almurad da kömək edirdi. Gedib su gətirir, buzovları örüşə aparıb ötürür, xırda işlərdə anama kömək edirdi. İyun ayının 23-ü anam dedi ki, «uçastok»un sabah iki yaşı tamam olur. Onun üçün bir heyvan kəsmək lazımdır. Obada olanlara pay verək. Qalanlarını da öz ailəmizə, kənddə qalan ailə üzvlərinə də yolluyum. Bunu atamıza deyən kimi sabahısı gün sürünü tez gətirib öz erkəklərimizdən 3 illik birini kəsdi. Yenə də ətdən hər alaçığa pay verəndən sonra qalan ətdən doğrayıb qazana töküb soyutma və kabab bişirib hamımızı bir süfrə başına yığıb nahar etdik. Yenə də balacalar – on iki yaşına kimi olanlar dəstə-dəstə «uçastok»un görüşünə gəldilər. Gedəndə də «uçastok»-«uçastok» deyib qışqırırdılar. Mən çox cırnayırdım. Onlara hücum edib qovalayırdım. Anam deyərdi ki, niyə hirslənirsən? Cırnama, cırnadıqca deyəcəklər, sakit ol. Bir neçə gündən sonra uşaqlar bir ağızdan məni çağırdılar. Ay qara Murad, qapqara, biz Qaşqara gedirik. İndi lap hirslənirdim. Anam da dedi ki, gördün, adam cırnayanda belə edirlər. Səbrli ol, heç fikir vermə, qoy desinlər, bir neçə gündən sonra deməyəcəklər.

Qaşqar obadan 2 km aralı dağın dibindəydi. Orda yaxşı baldırğan olurdu. Gedib yığıb gətirdik. Sərin bulağı var idi. Apardığımız pendir çörəkdən yeyib su da içib gəlirdik. Bəzi vaxtlar dağa dincəlməyə gələnlər, imkanlı adamlar orada Qaşqarda çadır qurub bir-iki həftə dincəlib gedirdilər.

Anam sağılan kolxoz qoyunlarının südünü pendir edir, inəklərin südünü isə qatıq çalıb tuluxlara, nehrələrə töküb çalxalayıb yağ edib iki gündə bir gəlib aparırdılar. Kolxoz anbarına təhvil verirdilər. «Uçastok» getdikcə boy atır, yeriyir, qarğıdan at minib alaçığın yanında oynayırdı. Çox sakit uşaq idi. Heç vaxt anamı incitməzdi. Çox adam onu «uçastok» yox, «uçili» çağırırdı. Beləliklə, get-gedə bir müddət bir neçə il «uçili» çağırdılar. Mənə də təkdən bir Qara Murad deyib çağırırdılar. Daha hirslənməzdim. Beləliklə, uşaqlıq dövrümüzü yaylaqda başa vururduq.

Sentyabr ayı yaxınlaşırdı. Xəlil yurdunun yan-yörəsində yerləşən əkilən taxıl zəmiləri yetişməyə başlayırdı. Ot biçini qurtarıb taxıl biçini başlayırdı. Kənddən biçinçilər taxıl biçməyə gəlmişdilər. Hamı biçinə getməliydi. Sağıcılar, mal-qara otaranlar, cavan uşaqlar, yaylaqda olanlar hamı köməyə gedirdi. Obada sakitlik hökm sürürdü. Yaylaqda bir anam qalırdı, bir də bir neçə köməkçisi olan yaşlı qadınlar. Bir həftəyə Xəlil yurduna yaxın olan taxıl zəmilərini biçib qurtardılar. Sonra qoyun-quzu qırxını başladı. Sentyabr ayı girənə kimi qurtardılar.

Sentyabr ayı girdi, məktəb açıldı. Bu il Almurad birinci sinifə gedəcək. Mən isə üçüncü sinifə. Qardaşım İbrahim altıncı sinifdə oxuyacaq. Anam bizi, mənimlə Almuradı, məktəbə yola saldı. Kəndə gedənlərə qoşulub axşam üstü kəndə çatdıq. Dayım arvadı Xansənəm bacı (biz ona bacı deyirdik) bizi qarşıladı. O üzümüzdən, bu üzümüzdən öpüb xoş gəldiniz deyib əlimizdə olan çantaları alıb içəri qoydu. Pal-paltar verib sabun-dəsmal götürüb isitdiyi isti su ilə bizi çimdirdi. Sabah məktəbə təmiz getmək üçün.

Dayımın da iki uşağı var idi. Biri oğlan, biri qız. Bahadur da Almuradla birinci sinifə gedəcəkdi. Sabah açılanda hamımız əl-ələ verib Unus kəndindəki məktəbə yola düşdük. Bizi müəllimlər gülərüzlə qarşıladı. Hansı sinifdə oxuyacağıq, oranı göstərdilər. Başladıq birinci dərsi oxumağa, tanış olmağa. Bu dərs ilində birinci sinifdə oxuyanlara rəngli şəkilləri çox olan əlifba kitabları paylamışdılar. Almurad kitabı alıb çox sevinclə gətirib mənə göstərdi. Bax, gör nə qəşəng uşaqların şəkilləri var. Mən də deyirdim ki, kitabı təmiz saxla, cırıb etmə.

Anamgil yaylaqdan sentyabrın axırına kimi gələcəydilər. Biz gündə məktəbə gedir, məktəbdən sonra bağa gedib tut, cəviz ağaclarının dibində oturub həm dərs oxuyur, həm də ki uşaqlar gəlib yığmasınlar deyə qoz ağaclarını gözləyirdik. Anamın gələcəyi günləri sayırdıq. Gəlmək vaxtı getdikcə qısalırdı. Həftədə bir dəfə dayım Ordubaddan atı ilə gəlirdi. Onda kənddə maşın yolu yox idi. At onun işlədiyi kantorun atı idi. Bir-iki gün qalıb gedərdi. Uşaqların hamısına geyim, paltar alıb gətirərdi.

Ayın axırında anamgilin dağdan köçü gəlib çıxdı. Hamımız sevinirdik. Yenə də həmişəki kimi dayımgilnən bir yerdə yeyib-içib bir ailə kimi yaşayırdıq. Sentyabr ayının əvvəlində Sıxbac deyilən yerdə kolxozun ot tayasını yandırmışdılar. Kəndə gəlib-gedən çox olurdu. Rayondan orqan işçiləri tutmağa, sürgün etməyə adam axtarırdılar. Axır bir fağırın üstünə yıxıb tutub apardılar. Hələ indiyə kimi ondan bir xəbər olmadı. O gedən getdi. Kolxoz sədri Ağalar Yusifovu çıxartmaq istəyirdilər. Kənd əhli yenə də dayım Fərrux kişini tələb edirdilər. Yeni il 1941-ci il hesabat dövrü Ağaları çıxardıb Fərruxu kolxoz sədri seçdilər. Ağalar kişini də rayonda maliyyə işində işləməyə yolladılar.

Əziz oxucular. 1939-40-cı illəri yaddaşımda olanları sizə çatdırdım. Qabaqda 41-ci il gəlir. Hələ heç kim bilmir ki, xalqımızın ən dəhşətli ili olacaq. Neçə-neçə gəlinlər dul qalacaq, nə qədər uşaqlar yetim qalacaq, neçə qapılar bağlı qalacaq. O cümlədən anamın yoldaşı müharibəyə gedəcək. İki yetimin üstünə iki yetim də artacaq.

Dörd oğlan uşağı atasız qaldıq. Anamın bu ildən sonra əziyyəti birə-ikiqat artdı. Oğlanlarının qayğısına qalmaq, gecə-gündüz fermada işləyib biz qardaşları böyüdüb ərsəyə çatdırmaq arzusu ilə yaşadı, çalışdı.

1941-ci il başladı. Hələ heç kim qabaqda nə olacaq, nələr baş verəcəyini bilmirdi. Hərə öz işində çalışır, işləyirdi. Fermada olanlar fermada, təsərrüfatda olanlar təsərrüfatlarında çalışırdılar. Bizim də ailə bağ-bağçasını təmizləyib bayramın girməyini gözləyirdi. Yenə də həmişə olduğu kimi axır çərşənbəni keçirmək üçün hazırlıq işləri görülürdü. Kəndimizdə axır çərşənbəni keçirmək üçün belə bir adəti var idi. Cavan uşaqlar dağa çıxıb gəvən gətirərdilər. Hər daşın üstünə yığardıq. Hətta tövlələrin üstünə də. Deyərdik ki, görəsən, kimin tonqalının alovu yüksəkliyə qalxır? Bu il «uçili»ni də dama çıxardıb tonqalın üstündən tullandıracaqdıq. Qoyun-quzunu əmizdirib yerbəyer etdikdən sonra qaranlıq düşəndə tonqallara od vurulardı. Səs-küy bir-birinə qarışırdı. Gəvənləri yan-yana götürüb göyə tullayardıq. Axşam şənliyimizi belə keçirərdik. Gündüzdən qovurğa qovurub, plov bişirib cürbəcür şirniyyatlar alıb, qoz ləpəsi, fındıq, bütün meyvələrdən süfrəyə düzüb hazır vəziyyətdə saxlayırdılar. Oturub plovu yeməkdən sonra qapıları gəzməyə gedərdilər. Ələlxüsus ərgən oğlan-qızlar bir qabda su götürüb qapının dalında durardılar. O günü hamı istəyərdi yaxşı sözlər danışsın. Gözəl sözlər eşidən kimi suyu pəncərəyə vurub qaçardılar. 10 yaşa çatan uşaqlar da evdən 7 cür şirniyyat, meyvə bir qaba yığıb qonşuya aparıb deyərdik ki, anam deyir bunu dəyişsin. Ev yiyəsi də götürüb boşqabı boşaldıb öz süfrəsində olandan 7 ləvin şey yığıb verərdi. Bu minvalla kəndin bütün evlərini gəzərdik.

Bunlar qurtarandan sonra hamı yığışırdı bir evə. Ələlxüsus da cavan oğlan-qızlar olardı. Burda bir qab qoyub içərisinə bir-bir əlini salıb suyun içindən bir əşya çıxarardıq. Kiminki çıxdı, o adam oxunan can gülümə uyğun arzusuna çatardı. Beləliklə, saat 2-də hamı dağılıb evlərinə gedib yatardılar. Səhərin alaqaranlığını gözləyərdilər. Hələ işıqlaşmamış vedrələri götürüb çaya qaçardıq. Çay çox uzaq deyildi. Kəndimizin qırağı ilə axırdı. Hamı can atırdı ki, çayın üzərindən birinci tullansın. «Ağırlığım-azarlığım bu çaya tökülsün» – deyib bir-iki dəfə o tərəfə-bu tərəfə tullanıb əl-qolunu çırmalayıb ayaqlarını soyunub yuyunardı. Bəzi cavanlar soyunub çayda çimərdilər. Vedrələri su ilə doldurub bir xeyli qoz boyda çay daşlarını yığıb gətirərdik. Birinci qoyun-quzu tövləsinin qapısını açıb daşlardan hər bucağa atardıq. Sonra da sudan qoyun-quzunun üstünə, tövləyə çiləyərdik. Bir də vedrələri doldurub evə aparardıq. O suyu evdə qazanlara töküb qızdırıb yuyunardılar. Bununla axır çərşənbəni yola salardıq. 3-4 gündən sonra Novruz Bayramına hazırlıq işləri başlayardı. Bayram adət-ənənəmizi yuxarıda yazmışam. Bir də təkrar etməyə dəyməz.

Novruz bayramını həmişəki kimi təm-təraqlı keçirdik. Bu il «uçili»n 2 yaş 9 aylıq idi. Əlindən tutub yaxın qohumlarımızın bayramını təbrik etməyə apardım. Bütün qohumlarımız ancaq rəngli yumurta verirdilər. Onun xeyli rəngli yumurtası var idi. Sevincək gətirib evdə boşqabın içinə düzmüşdü. Bir neçə gün bizə bayramlığa gələn yaşıdları ilə yumurta döyüşdürdü. Udanda atılıb düşərdi, sevinərdi. 41-ci ilin bayramını – çərşənbəsini yola saldıq. Qabaqda bizi, bütün milləti nə gözləyir, heç kəs bilmirdi. Hərə öz işi ilə məşğul idi. Anam öz işində, atamız da öz işində işləyirdi. Anamın işi az idi. Qış olduğuna görə, inəklərdən sağılan süd az idi. Onu iki gündən bir emal edib yağını, şorunu çəkib anbara təhvil verirdi. Süd az olduğu üçün köməkçisi yox idi. Emal işlərini tək görürdü.

Aprel-may ayları süd sağımı çoxaldı, artdı. Bu vaxtı anama köməkçi verdilər. Anam öz əmi nəvəsi Mələk bacını yanına köməkçi götürdü. Mələk bacının 16-17 yaşı olardı. Çox zirək, təmizkar qız idi. Biz qardaşlar həmişə onu «bacı» – deyə çağırardıq. Lap indinin özündə də 78 yaşı olmasına baxmayaraq, «Bacı» – deyib çağırırıq. Allah onun canını salamat eləsin.

1 May bayramı yaxınlaşırdı. Hamı – kolxozçular, məktəblilər 1 May bayramını yaxşı keçirmək üçün hazırlıq işləri görürdük. 1 May bayramının nümayişini keçirmək üçün sovetlikdə – yəni Dırnıs orta məktəbinin həyətində dörd kolxozun kolxozçuları, məktəbliləri əllərində yazılı şüarlar, bayraqlar, ora toplaşırdı. Hər məktəb öz idman oyunlarını göstərərdi. Hər kolxoz sədri götürdüyü öhdəlikdən danışırdı. Şüarlar deyib tribunadan düşərdi. Gurultulu alqışlar altında bu il mən də, qardaşım İbrahim də, Almurad da iştirak edirdik. Dayımın çıxışı bütün iştirakçıların, rayondan gələn təhkimçinin də ürəyindən oldu. Çox uzun, gurultulu alqışlar altında tribunadan əl eləyirdi. Biz qardaşların da sevincinə ruh verirdi. Beləliklə, 1 May bayramı qurtardı. May ayını başa vurub həmişəki kimi adət-ənənə üzrə yaylağa – Xəlil yurduna getməyə hazırlaşırdıq.

Məktəblilər yay tətilinə buraxılmışdılar. Yuxarı siniflərin imtahanları qalırdı. Məktəbimiz 7 illik idi. 8, 9, 10-cu sinifləri Dırnıs məktəbində oxuyurdular. Təsərrüfatçılar təsərrüfatda işləyirdilər. Biz fermada işləyən qarabağlılara indi «qaçqın» deyil, «qarabağlı» deyirdilər. Biz, yəni qaçqınlara indiyə kimi üç ad vermişdilər. Birinci, 1918-ci ildə qaçqın düşəndə Zəngəzur qaçqınları, 1926-cı ilə kimi tərəkəmələr, 1927-ci ildən sonra 1933-34-cü il tarixindən sonra isə qarabağlılar adlandırırdılar. Bəli, biz belə bir etap keçirdik.

İyun ayının 15-də yaylağa qalxmaq vaxtı gəlib çatdı. Kolxoz öz köçünü birinci qaldırmışdı. Qoyun-quzu, mal-qara hamısı yaylaqdaydı. Eləcə də bütün qarabağlıların alaçıqları qurulmuşdu. Bir neçə gün olardı ki. yaylaqda yeni həyat canlanırdı. Səssiz-küysüz bir ay dincini alan bu dağlar, təpələr, dərələr yaylağa gələn insanlara, qoyun-quzulara, mal-qaraya ağuşunu açıb qoynuna alıb onlara lay-lay çalır, salamlayırdı.

İyun ayının 20-də hələ heç kim bilmirdi ki, sabah nələr eşidəcəklər? Xeyirmi, yoxsa şərmi? Yaylaqda olan bütün qoca-cavan, uşaqlı-böyüklü deyib-gülür, bir-birilərini səsləyirdilər. İyun ayının 22-i dünyaya dəhşətli bir xəbər yayıldı. Hitler Almaniyası müqaviləni pozaraq Sovetlər Birliyinə hücuma keçib. Bu xəbər biz yaylaqda olanlara bir gün sonra gəlib çatdı. Hamı təşfvişə düşdü. Kəndlə yaylaq arasında gündəlik xəbər aparıb, xəbər gətirmək, əlaqə saxlamaq sürətləndi. Xəbərlərdən biri o idi ki, cavanları səfərbərliyə çağırırlar, bizlərdən də yaşı 18-dən yuxarı cavanlara arayış gəlmişdi müharibəyə aparmağa.

İyun ayı çıxmışdı. İyul ayında hamını müharibəyə səfərbərliyə çağırırdılar. Hitler Almaniyası Ukraynanı, Belarusiyanı işğal etmişdi. Bütün Pribaltika ölkələri Alman ordusunun əlindəydi. Almanlar ildırım sürəti ilə irəliləyirdilər. Hər gün bir xəbər gəlirdi ki, yaylaqdan filankəsin oğlunu apardılar. 3 günlüyə kağız veriblər aparacaqlar, filan şəhəri almanlar alıb. Bu cür dəhşətli xəbərlər getdikcə çoxalırdı. Kolxozda olan işçiləri – fermada işləyənləri hələ ki, çağırmırdılar. Dayım kolxoz sədri tez-tez yaylağa çıxır, fermaçılara ciddi tapşırıqlar verib gedərdi.

Kolxozda iş rejimi daha da ciddiləşirdi. Bütün məhsullar yığılıb qramına kimi kolxoz anbarına təhvil verilirdi. Arpa, buğda, noxud, lobya, qoz, tut. Təsərrüfatda nə var, hamısı fermada olan məhsullar da – yağ, pendir, yun, şor, ət – bunların toplanışına ciddi nəzarət edilirdi. Hər ay sovetlikdən 10-15 nəfəri müharibəyə aparırdılar.

Bu il «uçili»nin yaylaqda 3 yaşı tamam oldu. Bu üç yaşı qeyd edə bilmədik. Müharibə xəbərini yaydıqları üçün (atalar düz deyib ki, 3-13 rəqəmləri nəsdir) yaş gününü keçirə bilmədik. Zaman öz işindəydi. Onun qanunlarını pozmaq olmaz. Həyat isə müharibə olmasına baxmayaraq irəliləyirdi. İşləmək, gecə-gündüz yaşamaq üçün biz ailənin də üzərinə məsuliyyət düşürdü. Heç kimdən geri qalmamaq üçün hər işə gedirdik. Hərəmiz başardığımız işlə məşğul olurduq.

İyul-avqust aylarını yaylağa yaxın ot, taxıl biçininə köməyə gedirdik. Yaşımızın az olmasına baxmayaraq, gücümüz çatan işləri görürdük. Ot, taxıl dərzlərini yığıb bir yerə toplayırdıq. Bunların hamısı dəmiyə yerləriydi (susuz yer). Yığılan ot, taxıl dərzlərini (bağlamalarını) ata, ulağa yükləyib Unus kəndinə xırmana aparırdılar. Xırmanda öküzlərlə döyüb taxılı anbara, samanı da başqa anbara yığırdılar. Bu işlərdə 10-12 yaşlı uşaqlar fəal iştirak edirdilər. Məktəb açılana kimi bu il yaylaq mövsümünü belə başa vurub məktəbə hazırlaşırdıq.

Sentyabr ayı gəldi. Həmişə olduğu kimi yaylaqdan mən, Almuradla birlikdə gəldik. Dərs başlanmışdı. Dayımın yoldaşı həmişə olduğu kimi bizi geyindirib səhər öz uşaqları ilə, qızı Məleykə, oğlu Bahadurla məktəbə yola saldı. Biz bu il dördümüz də səhər-səhər məktəbə gedirdik. Qardaşımız İbrahim ikinci növbə gedirdi. Hamımız bir yerdə yeyib-içib bir yerdə də yatırdıq. Xansənəm bacı gələn qonağa və bizə qulluq edirdi. Biz də bacımıza kömək edirdik. Hamımız iş görmək qabiliyyətinə çatmışdıq. Anam «uçili» ilə yaylaqda qalmışdı. Onlar sentyabrın axırında gələcəkdilər. Bu il müharibə olmasına baxmayaraq payızda yetişən meyvələri qurudub bir dənəsinə kimi kolxoz anbarına briqadirlərə təhvil verirdilər. Cəviz, tut, alça, alma qaxı, cürbəcür meyvələrin qaxlarını qurumuş halda. Bu meyvələrin yığılmasında biz məktəblilər də fəal iştirak edirdik. Məktəbdən qabaq, məktəbdən sonra briqadirlər hamını işə çağırırdılar. Müharibə gedirdi. Cəbhədən dəhşətli xəbərlər gəlirdi. Gündəlik qəzetlərdən yeni-yeni şəhərlərin alınması, ölənlərin, yaralıların sayı barədə oxuyurduq.

Sentyabr çıxdı. Oktyabr gəldi. Soyuqlar düşməyə başladı. Qış üçün sobaları yandırmaq üçün odun, gərmə toplayırdıq. Kolxozun təsərrüfat işləri azalırdı. Bir kartof yığımı qalırdı. Onu da cavanlı-qocalı tökülüb bir-iki həftəyə toplayıb kolxoz anbarına təhvil verirdilər. Kolxoz heyəti tərəfindən çox ciddi nəzarət edirdilər. Kolxozçular da öz həyətyanı torpaqlarında yetişən meyvəni – alma, armud, heyva və başqalarını yığıb anbarlarına qış üçün saxlayırdılar. Saxladıqları, bəslədikləri erkəkləri kəsib qovurub (qovurma) qışda istifadə etmək üçün saxsı küpələrə doldururdular. Bunları bişirdikləri xörəklərin içərisinə töküb yeyirdilər. Bizim ailə hər il qovurmalıq üçün iki-üç erkək bəsləyib kəsərdik. Bunu anam dağdan gələndən sonra edərdi. Adət belə idi. Kəsilən qovurmalıq üçün erkəklər o gününü yaxın qonşu, qohumları çağırıb qonaqlıq verərdilər. Ya da ki, bişmiş ətin suyundan bir qazana bir neçə tikə ət qoyub yollayardılar. Uzaqda kəndin kənarında yaşayan qohumlar, qonşular da yaddan çıxmazdı. Buna qanbozbaş deyərdilər. Yəni bişirəndə əti ət-yağ halına keçməmiş suyundan götürüb hər boşqaba töküb qurumuş lavaş çörək doğrayıb doğranmış baş soğanla yeyərdilər. Bir-iki pörtlənmiş ət tikəsi ilə birlikdə. Bunu yazmaqda məqsədim odur ki, çox bölgələrdə bu cür yemək olmur. Bu ancaq Naxçıvan mahalında yayılmış adət-ənənədir.

Müharibə gedirdi. Hər həftə, hər ay adamları müharibəyə yola salırdılar. Oktyabr ayında bizim ailədən anamın dayısı oğlunu da müharibəyə apardılar. Ona Bəşir əmi deyirdik. O, Ordubad-Culfa arasında dəmir yolu tikintisində işləyirdi. Ucaboylu, yaxşı görkəmli bir cavan oğlan idi. 24-25 yaşındaydı. Atasını, anasını erməni-müsəlman savaşında öldürmüşdülər. Dörd yaşında xalasıgil gətirmişdilər. Yetim qalmışdı. Çox diribaş uşaq olduğu üçün uşaq evlərində olmuş, oxuyub 5-ci sinifi qurtarmışdı. Sonra qaçıb gəlib anamın yanına. Bir neçə il bizdə qalandan sonra gedib dəmir yolu tikintisində işləyirdi. Yaxşı işlədiyi üçün bir neçə fəhlənin briqadiri qoymuşdular. Yaxşı maaş alırdı. Hər ay evə gələndə biz uşaqlara təzə paltar alıb gətirərdi. Yaxşı işlədiyi üçün pul mükafatı, bir samovar vermişdilər. Axır zamanlara kimi o samovar qalırdı. Başqaları kimi onu da müharibə uddu. Getdi gəlmədi. Bizim evdə onun bir samovarı qaldı. Onu görəndə, qaynadanda Bəşir əmi yada düşürdü. Kənddən bir neçə cavan onunla getdi, gəlmədilər. Mirhaşım, Ağaqulu, Salman, Abbasəli 41-ci ildə gedib gəlməyənlərdir.

Bu qış da çox bərk soyuq oldu. Çoxlu qar yağırdı. Qış sərt keçirdi. Dekabr çıxmaq üzrəydi. 42-ci ilin yanvarı yaxınlaşırdı. Alman ordusu Leninqradı mühasirəyə almış, Moskvaya yaxınlaşmaqda idi. Qorxulu vəziyyət alınmışdı. İndi 45 yaşından yuxarı adamları da müharibəyə yığırdılar. Dayımı bir neçə dəfə aparmağa çağırmışdılar. Kolxoz sədri olduğu üçün raykom aparmağa qoymamışdı.

Fevral ayı atamızı Qədirqulu kişini aparmağa çağırdılar. Bir neçə günlük yol çörəyi götürüb yola saldıq. Hamımızla görüşüb öpüşüb dayım aparıb Dırnıs sovetliyindən yola saldı. Kənd soveti orada yerləşirdi. Müharibəyə gedənlər ora yığışır, kənd sovetliyi aparıb rayonda voyenni komissara təhvil verirdi. Oradan da dəmir yolu vağzalında müharibəyə yola salırdılar.

İki aydan sonra bayram qurtardı. Bir də gördük gecə qapı döyüldü. Kimsən deyəndə, dedi ki, mənəm. Səsindən tanıdıq. Tez hamımız yuxudan qalxıb qucaqlaşıb görüşüb peçi yandırdıq. Qaçıb dayımgilə xəbər verdik. Muştuluqladıq. Səs-küyə yaxın qonşular da durub gəldilər, gözaydınlığı verdilər. Hamı sakitləşəndən sonra çay içib, çörək yeyib söhbətə başladı. Dedi: «Bizi Ordubad vağzalından yola saldılar. Bir həftəyə kimi yol getdik. Gedib Afçalıya çıxdıq. Tiflis tərəfdə orada bizi töküb baraklara apardılar. Ora yerləşdiriləndən sonra yığılan adamları dəstə-dəstə seçib vaqonlara hərbi paltarla mindirib müharibəyə yola saldılar. Bizi – mənimlə gedən bir neçə nəfəri yeməkxanada işləmək üçün ora apardılar. Kartof gətirmək üçün oradan da vağzala aparıb gələn ərzaqları boşaldıb hərbi yeməkxananın anbarına gətirdik. Gündüzlər işləyib gecə gəlib barakda yatırdıq. Elə vaxt olurdu ki, gəlib görürdük ki, yerimizdə yatıblar, çox vaxt yatmırdıq. 20 gündən sonra komissiyaya apardılar. Həkim yoxlamasında mənə dedilər ki, sən yaşlısan, olmaz. Ağzıma baxıb dedilər ki, dişin tökülüb. İki-üç dişim çıxmışdı. Mənimlə Unusdan gedən İsgəndər kişiyə də dedilər ki, dişi tökülüb. Kağızlarımızı verib bir zabitə tapşırdılar ki, öz Vətənlərinə yola sal. Biz gəlib işlədiyimiz yeməkxanada bir neçə konserva bankası, suxarı çörək, soğan-çörək çantaya yığıb biz tərəfə gələn vaqona mindirib yola saldılar. Gəlib Ordubad vağzalına çıxdıq. Oradan kəndə piyada gəldik.

Səhər açılanda hamı gəlib anama, dayıma göz aydınlığı verirdilər. 42-ci ilin aprel ayı girmişdi. Bu il yağan qar çox olduğuna görə, bəzi yerlər qarla örtülmüşdü. Quzeylərin qarı hələ tərpənməmişdi. Müharibədən çoxlu yaralı əsgərlər gəlirdi. Bəzilərinin bir qolu yox, bəzilərinin qılçasının biri yox, əlləri-ayaqları yaralı gəlirdilər.

Almanlar Qafqaz dağlarına yaxınlaşırdılar. Vəziyyət çox ciddi idi. Belə bir şüar çıxmışdı: «Hər şey müharibə üçün, hamı müharibəyə!» 16 yaşından 60 yaşına kimi olanları müharibəyə çağırırdılar. Yenə də kolxoz sovetindən atamıza bildiriş gəldi. Onu müharibəyə çağırırdılar. Yenə də ailəmizə, evə qəmginlik düşdü. Bu günlərdə dayımı da çağırmışdılar. Dayım yeznəsi Qədirqulu kişini götürüb rayona getdilər. Gedəndə hamımızla görüşüb-öpüşüb çantalarını çiyinlərinə aşırıb getdilər. Dallarınca baxa-baxa qaldıq. Anam hey deyirdi. Allah kömək elə, ailəmiz başsız qalmasın. Dallarınca su atıb qayıdıb evə gəldik.

Dayım Ordubada gedib raykoma deyər ki, məni, yeznəmi müharibəyə aparırlar, kolxoza sədr yolla. Katib durub dayımı götürüb komissarlığa gətirib. Orada komissara deyib ki, biz kiminlə işləyəcəyik? «Mən sədr gedirəm, sən də kolxoza çoban». Çox hirsli-hirsli çığırıb. Komissar görər ki, düzgün iş tutmayıb. Sakit durar, dinməz. Sakitləşəndən sonra komissar deyər ki, ikisini də müharibədən saxlaya bilmərəm. Sədrlərə müharibəyə aparmasınlar deyə bron gəlib. Katib dayımı da, Qədirqulu kişini də götürüb evə gətirir. Çay-çörək yeyəndən sonra deyir: «Fərrux, indi vəziyyət çox çətindir. Şəhərdə qoca-cavan qalmayıb. Belə getsə, hamımız müharibəyə gedəcəyik, ölkə invalidlər, şikəstlər ölkəsi olacaq. Sən get işinin üstünə, mən sənə bron çıxardım. Komissar dedi ki, belə bir qanun çıxıb. Yeznə, sən də Allaha təvəkkül, bu dəfə də get. Görək nə olur? Katib sağollaşıb işinə gedir. Dayım da yeznəsini götürüb komissarlığa, sovetlik katibinə verir. Kolxoz soveti katibi deyir ki, mən sizi gözləyirdim, sənədləri komissara verməmişəm. Dayım deyir ki, mənim adımı oradan çıxart. Məni komissar buraxıb, sənədlərimi özümə qaytar. Sənədlərini alıb dəmir yol vağzalına gedib müharibəyə gedənləri yola salanları gözləyir. Axşam üstü komissarın maşını içi adamla dolu gəlir. Hamı öz qohum-qardaşını götürüb vaqona mindirib yola salırlar.

Atam 1942-ci ilin aprel ayından ikinci dəfə müharibəyə gedəndən sonra bir daha heç geri qayıtmadı. Məktub da almadıq. Rayondan onunla gedənlərdən heç biri geri qayıtmamışdı. Bir neçə aydan sonra itkin düşmüş kağızı verdilər. Kənddən bir neçə adamı da müharibəyə apardılar. Bunlardan Hacı, Mirata, Səhlalı, Əşrəf, bir neçə də erməni uşaqları. Kənddən 1943-cü ilə kimi müharibəyə getməyə adam qalmamışdı. Qalanlar yaşı çatmayan yeniyetmələr, bir də qocalar idi.

Kolxoz öz təsərrüfat və ferma işlərinə ciddi nəzarət edirdi. «Hər şey müharibəyə» şüarı altında çalışırdıq. 10-12 yaşlı oğlan-qızları işə çağırırdılar. Məktəb qurtaran kimi təsərrüfatda işləmək, ot yığmaq, taxıl zəmilərinə tökülmüş sünbülləri yığmaq, xırmanda işləmək, vəl sürmək və sairəyə çağırırdılar. Fermada işləmək üçün buzovları otarmaq, evdə qalan qoyun-quzzunu otarmaq və başqa işlər. Bizim də ailəyə bu görülən işlərdən düşürdü.

Anam yenə də emalda işləyirdi. Mən yaylağa qalxanda kolxozun buzovlarını örüşə aparıb gətirirdim. Almuradla birlikdə qardaşım İbrahimlə təsərrüfatda hərə bir işə gedirdi. Həm də öz təsərrüfatlarımıızda olan işləri kənddə qalan dayımın yoldaşı uşaqları ilə görürdülər. Həm kolxozda işləyir, həm də birlikdə öz təsərrüfatımızda. Belə bir qanun çıxmışdı. Hər bir işi, qüvvəsi çatan kolxozçu minimum əmək haqqını doldurmalıydı. Əmək (zəhmət) haqqı qadınlar üçün 45, kişilər üçün 60-dan yuxarı olmalıydı. Kim bu əmək haqqını doldurmasaydı, əmək haqqına verilən məhsul ona verilmirdi, ya da faizi azaldılırdı. Ona görə də hamı çalışırdı ki, əmək haqqını yerinə yetirsin, işləsin.

1942-ci ilin yaylaq mövsümü gəldi. Yenə də yaylağa qalxmağa başladıq. Hərə öz köçünü Xəlil yurduna qaldırırdı. Dayım kolxozdan at, qatır ayırıb yatağımızı, qab-qacağı, emalın bütün əşyalarını yüklədib yaylağa yola saldı. Bu il dayımın uşaqları da bizimlə yaylağa getdilər. Bahadur, Məleykə Almuradla həmyaşıdlar idi. Yaylağa qalxıb hərə öz işi ilə məşğul olurdu.

Bu il «uçili»nin 4 yaşı tamam olurdu. Artıq yaşıdlarına qoşulub yaylaqda olan uşaqlar onu ata mindirib alaçığın dörd tərəfində fırladırdılar. Çox vaxt balaca vedrəni götürüb arxdan su doldurub gətirirdi. Anama kömək edirdi. Kənddən gələnlərin qabağına yüyürüb gəlib kim olduğunu deyirdi. Bu il dayım – kolxoz sədri yaylağa tez-tez gəlirdi. Həm bizi görməyə, həm də kolxoz fermasının işçilərinə tapşırıqlar verib gedərdi. Müharibə lap yaxınlaşmışdı. Qafqaz dağlarının ətəklərində atışmalar gedirdi. Bakı təhlükə altındaydı. Ona görə Bakını hər tərəfdən qoruyurdular. Həm dənizdən, həm də quru tərəfdən. Ölənlərin, yaralıların sayı getdikcə artırdı. Gündə ölən, itkin düşənlərin xəbərini ailələrinə xəbər verirdilər. Bu il yaylağa müharibədən qara xəbərlərin sayı tez-tez gəlirdi. Müharibədən qayıdan yaralıların, şikəstlərin sayı çoxalırdı. Bizim kənddən də Əli yaralanıb gəlmişdi. Onu xarici dillər institutundan aparmışdılar. Alman dili fakültəsində oxuyurdu. İki-üç aydan sonra yenə də apardılar. Yarası sağalmışdı. Getdi, bir də geri qayıtmadı.

Hər il olduğu kimi bu il də yaylaq vaxtını başa vurub kəndə gəldik. Məktəbə gedənlər məktəbə gedir. Məktəbdən sonra kolxozun bağlarından cəviz yığmaqda kolxozçulara kömək edirdik. Sentyabr ayında payız məhsulları itkisiz təmiz yığılıb kolxoz anbarına təhvil verilirdi. Kartof, lobya, noxud, taxıl – bütün meyvələr kolxoz anbarına yığılırdı. Dayım bu sahədə çox ciddi idi. İsrafçılığa yol vermirdi. Oktyabr ayı yığılan məhsulun dövlətə çatanını verib tədarükün qalanını bütün əmək haqqına paylayırdı. Taxıldan tutmuş, bal, yağına kimi qramına qədər. Müharibə getməsinə baxmayaraq, yaxşı dolanırdılar. Hətta uzaq yerdə yaşayan qohumlarına qədər düşəndə yardım edirdilər. Fermada işləyənlər daha da yaxşı dolanırdılar. Həm kolxozdan aldığı əmək haqqına görə, həm də öz mal-qarasını, qoyun-quzusunu saxladığına görə.

Bizim də o dövrdə inəyimiz, qoyunumuz, keçimiz başqalarına nisbətən çox idi. Üç təsərrüfatın başçısı adına yazılırdı. Keçən ilin qışı kimi bu il də çox tez düşdü. Soyuqlar oktyabrdan başladı. Qar yağmağa başladı. Bu qış mövsümü ailəmiz dayımgillə bir yerdə yaşayırdı. Bir yerdə yatır, bir yerdə yeyib-içirdik. Məktəbə bir yerdə gedib-gəlirldik. Dayım bütün ailəyə rəhbərlik edirdi. Anama tapşırırdı ki, uşaqların yeyib-içməyinə yaxşı fikir ver, qoyma xəstələnsinlər. Anam yaxşı türkəçarə işlərindən bilirdi. Biri xəstələnən kimi yaylaqdan yığıb gətirdiyi otlardan istifadə edirdi. Hətta kimin uşağı xəstələnsə, gəlib anamdan məsələhət alırdılar. Xəstələnmiş uşağı birinci anama göstərirdilər. O məsləhət görsəydi, xəstəni rayona xəstəxanaya həkimə aparardılar. Sovetlikdə bir həkim var idi. O da erməni idi. Kənddən kim onun yanına xəstə uşaq aparsaydı, soruşardı ki, Mehrnisə arvada göstərmisiniz, ya yox? Ondan sonra uşağa dərman yazardı.

Allahtəala hər iki tərəfdən insanları imtahana çəkirdi. Həm müharibə, həm də soyuq qar. Hər gün qar yağırdı. Onda evlərin üstündə örtük şifer, dəmir yox idi. Yağan qarı damların üstündən təmizləmək, kürümək üçün bir az çətin idi. Tezdən durub damların üstündən qarları təmizləyib, eləcə də tövlənin üstünü, yan-yörəsini təmizləyib, mal-heyvana ot verirdik. Gəlib çay-çörək yeyib məktəbə gedirdik. Bu işlər mənə və məndən balaca Almurada, Bahadura düşürdü. Soba üçün odun hazırlamaq, bir az ağır işlər İbrahimə düşürdü. Ailəmizdə beləcə iş bölgüsü var idi. «Uçili»nin də. Günorta heyvanları suvarmaq üçün çaya aparanda onu da ata mindirib aparıb gətirirdik. O çox sevinirdi. Atı suvarmaq üçün çaya aparanda çox vaxt özü minib aparıb gəzdirirdi. Bu iş bir vərdiş halına keçmişdi. Bu qış dövründə «uçili» 5 yaşına keçmişdi. Beş yaş, beş ay içindəydi. O hər şeyi başa düşürdü. Əlifba kitabını götürüb hərfləri öyrənirdi. O anamdan namaz qılmağı da öyrənirdi. Hətta orucluq ayında əhya günlərində bir neçə gün oruc da tuturdu. Hər axşam olanda anamı məcbur edib deyərdi ki, nağıl danış. Çay-çörək yeyib qurtaran kimi anam bizə nağıl danışırdı. Folklordan, bayatılardan, ağılardan söyləyərdi. Biz həvəslə yığışıb qulaq asardıq. Anamın yaddaşı çox yaxşı idi. Nə danışsan, yaddaşında saxlayardı. Hamımız öz dərsimizi, kitabımızı anamın yanında oxuyardıq. Sabirin şerlərini, Abdulla Şaiqin «Tülkü Həccə gedir» şerini yaddaşında saxlayıb bizə qayıdıb əzbərdən deyərdi. Anam 3 illik o zaman savadsızlığı ləğv etmək kənd məktəblərində 36, 37, 38-ci illərdə açılmış kursda oxumuşdu. Anam deyərdi ki, əlifbanı öyrənəndən sonra ikinci ili müəllimə şerlər oxuyub. Deyirdi ki, müəllim danışdığı şeri yaddaşımda saxlayıb sabahkı dərsdə müəllimə əzbər danışardım. Mən yaxşı yazmağı, oxumağı bacarmırdım. Amma müəllim söylədiyi dərsləri yaddaşımda saxlayıb özünə söyləyirdim. Sinifə girən kimi müəllim (o erməni dığası) «Kim dərsini bilir?» – soruşanda tez əlimi qaldırardım. Deyirdi ki, xala, sən çox yaxşı bilirsən. Başlayardı dərslərini o biri qadınlardan soruşmağa. Jurnalda həmişə mənə əla qiymət yazardı. Ona görə anamın yaddaşı çox iti idi. O çoxlu xalq nağılları danışardı bizə. Uzun qış gecələri qonşu oğlan-qızlar da bizə gələrdilər. Anamın nağıllarına, dastanlarına qulaq asardılar. Bizim içimizdə yaşca böyük olan Mələk bacının da yaxşı yaddaşı var idi. Anamın bu nağılları, folklorları olan şerlər, bayatılar, deyimlər bizə orta məktəbd çox kömək edirdi.

Əziz oxucular! 41-42-ci illəri bizim ailə başqa ailələr kimi acılı-şirinli yola saldıq. Müharibə gedir, cəbhədən acı xəbərlər gəlirdi. 43-cü ilə qədəm qoyurduq. Həyəcanlı xəbərlər eşidirdik. Minlərlə şəhər-kəndlərin dağılması, insanların qırılması, əsir düşməsi xəbərlərini qəzetlərdən oxuyur və eşidirdik. Şəhərlərdə-kəndlərdə aclıq, dilənçilik getdikcə çoxalırdı. Aclıq-dilənçilik bizim kolxozda, kənddə hələ ki, hiss olunmurdu. Ona görə ki, bütün kolxozçular birlikdə təsərrüfatda, fermada işləyirdi. Məhsulun yığılmasına və bölünməsinə hamı nəzarət edirdi. Kolxoz sədri də hamıdan ciddi idi. Bizim ailədə aclıqdan korluq hiss etmirdik. Ona görə ki, hamımızın iş qüvvəsinə çatan əmək günü alırdıq. Həm də öz inəyimiz, qoyunumuz çox idi. Onlar bizə bəs edirdi. Aclıq çəkməyə qoymurdu. Əmək gününə düşən məhsul artıqlaması ilə bizim ailəmizə bəs edirdi. Ailəmiz dayımgillə bir yerdə 10 nəfər idik. Kənar adamlar bilməzdilər ki, biz ayrı-ayrı ailələrik. O zaman kolxoza rayondan tez-tez yoxlamalar gələrdi. Həm kolxozu yoxlayardılar, həm də kolxozçulara müharibə haqqında məlumat verərdilər. Kolxozçular hamı bir yerə toplaşıb dinləyərdilər. Hətta məktəblilər də qulaq asardılar. Onlar dayımgildə qalardılar. Biz uşaqlarla söhbətlər edərdilər. Dərslərimizi soruşar, yazı dəftərlərimizi alıb baxardılar. Beləliklə, rayon işçiləri bizi tanıyırdılar, «uçili»ni də. Onu yanlarına çağırıb soruşurdular ki, adın nədir, məktəbə nə zaman gedəcəksən? Hətta nə olacaqsan? O həmişə deyərdi ki, mən böyüyəndə əsgər olacam. Qonaqlar da gülüşərdilər. «Uçili» getdikcə böyüyür, boy atır, yaxşı danışır, şerlər deyirdi, onun yazıb-oxumağa həvəsi artırdı.


Страницы книги >> Предыдущая | 1 2 3 4 5 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации