Текст книги "Sevginin səsi"
Автор книги: Nail Aydın
Жанр: Современная зарубежная литература, Современная проза
Возрастные ограничения: +16
сообщить о неприемлемом содержимом
Текущая страница: 1 (всего у книги 9 страниц) [доступный отрывок для чтения: 2 страниц]
Nail Aydın
Sevginin səsi
Yuxular üç şeyə yarayır:
Əlif: Bir şey istəyirsən. Amma istəməyinə belə izin vermirlər. Onda «yuxumda gördüm» deyirsən. Beləcə, istədiyini sanki özün istəmədən istəyirsən.
Be: Bir nəfərə pislik eləmək istəyirsən. Məsələn, kiməsə böhtan atacaqsan. Onda «yuxumda gördüm, filankəs xanımla zina eləyirmiş» deyirsən; ya da «filankəs paşaya qədəh-qədəh şərab gedirdi, yuxumda gördüm» deyirsən. Beləcə, inanmasalar belə, yaramazlığın bir qismi deyildiyinə görə dərhal hesaba yazılır.
Cim: Bir şey istəyirsən, amma nə istədiyindən baş aça bilmirsən. Bir qarışıq yuxu danışırsan. Dərhal yozub nə istəməli olduğunu, nə verə biləcəklərini sənə deyirlər. Məsələn, deyirlər ki, sənə ər, uşaq, ev lazımdı…
Bu yuxular, həqiqətən, yuxularımızda gördüyümüz şeylər deyil. Hamı günün günortaçağı gördüyü yuxunu gecə gördüyünü danışır ki, işə yarasın. Gecə gördükləri əsl yuxuları ancaq sadəlövhlər danışır. Onda ya səninlə lağlağı eləyirlər, ya hər dəfə olduğu kimi yuxunu pis yerə yozurlar. Əsl yuxularısa, görənlər də daxil olmaqla heç kəs ciddi qəbul eləmir. Yoxsa siz qəbul eləyirsiniz?
Orhan Pamukun “Mənim adım Qırmızı” romanından
Bu kitabı çox sevdiyim babam Fikrət müəllimə ithaf edirəm
Məktub kimi bir şey
“Bu mənim hekayəmdir. Onu özüm yaza bilmədiyimə görə təəssüflənirəm – mən indi başqa dünyadayam. Amma yazıldığı, onu yazan birisi olduğu üçün xoşbəxtəm. Onu tapmaq elə də çətin olmadı. Burada biz min səsin arasından öz arzularımızın səsinə oxşar səsləri tapa, onları eşidə, hər incəliyinə kimi duya bilirik. Bəzən səs sahiblərinin özləri də bura gəlirlər. Amma mən hekayəmi danışmaq üçün onun yuxularına gedirdim. Məni diqqətlə dinlədiyi, hekayəmi yazdığı üçün ona minnətdaram. Təşəkkür edirəm, cənab yazıçı.
Ondan, həyatı boyu üç-dörd şeirdən başqa heç nə yazmayan birindən roman yazmasını istəmək sizin dünyanızda qəribə görünə bilərdi. Amma burada arzular, yuxular onları həqiqətən yaşaya bilən insanlar tərəfindən yaradılır.
Əvvəlcə, mən də onun bunu edə biləcəyindən şübhəliydim. O yatdığı müddətdə məni dinləyir, oyandıqdan sonra isə heç nə etmir, heç nə yazmırdı. O, mənim tam da ümidsizliyə qapıldığım, indiki dünyamda da əvvəlki kimi yalanlar olduğunu düşündüyüm anda yazmağa başladı. Mənim əskiklərimi tamamladıqda isə seçimimin nə qədər doğru olduğunu anladım.
Kiçik məktubun sonuna gəldik. Sizi bezdirərək qeyd edirəm ki, mən indi başqa dünyadayam və mənim hekayəm iki dünya arasında yaşadıqlarım, anladıqlarım və hiss etdiklərimdən bəhs edir”.
Mən bu əsərin yazıçısıyam. Əgər belə demək mümkünsə. Həyatımın ən gözəl anlarını yaşayıram bu əsəri yazarkən. Dəyərli bir şey etdiyimə inanıram. Yazmağa başlamağım çox qəribə alındı. Baş qəhrəmanımızın məni qabaqlayaraq dediyi kimi üç-dörd şeir yazdığımı bilən dostlarım bəzi kiçik yazılarımı da oxuyunca məni yazıçı adlandırmağa, həvəsləndirməyə başladılar. Rutin keçən həyatınızda biriləri sizə belə maraqlı yanaşırsa bu sevindirir, fərqli olduğunuza inandırır. Xəyallar qurmağa başlayırsan və bir müddətdən sonra onları yuxularında görməyə. Bu, yəqin ki, tək mənim başıma gəlmir.
Amma o günlərdə tək mənim başıma gəldiyinə inandığım bir şeylər baş verdi. Sonralar uzun müddət yuxularımın qonağı olacaq birini görməyə başladım. Hər dəfəsində nəsə danışır (ilk başlarda eyni hissəni danışdığını sonradan deyəcəkdi) mənsə ayıldıqdan sonra bunun adi bir yuxu olduğunu zənn edirdim, çünki heç nə xatırlamırdım. Bir şeydən başqa: “Yaz!” Onun yuxuda mənə dediyi bu sözü, sanki, bütün gün kimsə qulağıma pıçıldayır, məni çağırırdı. Bir həftə dalbadal eyni yuxunu gördükdən sonra narahat olmağa başladım. Narahatlığım artdıqca marağım da artırdı. Axı bir səbəbi olmalıydı.
Gördüyüm yuxular haqqında daha çox düşünməyə başladım. Bütün fikrimi onlara yönəltməyə. Yuxularım həyatımın ayrılmaz bir parçasına çevrilməyə başladı. Beləcə onunla dostlaşdım, beləcə onun hekayəsini dinləməyə, yazmağa başladım, beləcə yuxu görmədiyim günlər daha maraqsız olmağa başladı. Çünki məhz onun hekayəsini yazmaq üçün qələmi əlimə aldığımda o zamana qədər etməli olduğum işin məhz bu olduğuna əmin oldum.
Yuxularımın qonağı isə (onun adı Nihaddır) mənə hər məqamda kömək edirdi. O danışdıqca başına gələnlər, yaşadıqları gözümün önündə canlanır, yuxudaykən zamanda səyahət də edirdim. Mən yazarkən onun məni çağırdığı yerdəydim.
Hekayəyə başlamazdan öncə mən də təşəkkür etməliyəm. Başda yuxularımın qonağı olmaqla qələmimə mürəkkəb olan hər kəsə.
Fizikadakı əyləncə nəzəriyyəsinə görə bəzi səslər ürək döyüntümüzün artmasına səbəb olur. Mənim üçün bu səs sənin gülüşündür, Mandira.
“Mənim adım Xandır” filmindən
20 Saniyə
Gözəl bir gün idi (Tipik başlanğıclar silsiləsindən. Hadisələrin gözəl bir gündən başlayıb dəyişdiyi. Amma o gün, doğrudan da, gözəl bir gün idi). Oktyabrda səhər və axşam arasında havanın fərqlənməyəcəyi qədər gözəl bir bir gün. Hər ehtimala qarşı pencəyini də özü ilə götürmüşdü. Əlində tutduğu portfeli, mavi kostyumu, göy qalstuk və ayaqqabıları ona əsl işgüzar görkəm verirdi. İşə həmişə vaxtında getməsinə baxmayaraq o gün daha gec gedirdi. Dünən gecəyə qədər işləmişdi və bu ona işə gec getmə haqqını verirdi. Gecənin ardından qalan xatirələri isə kiçik bir ağrısıydı.
Gecəni xatırlamaq çox da vacib deyildi. Hətta xatırlamamaq üçün musiqi dinləyir, fikirlərini qovur və gəzərək bir az daha ayılmaq üçün yolunu uzadırdı.
Birdən qəribə bir duyğuya qapıldı. Sanki, az əvvəl bir şey yaşanmışdı. Nə olduğunu bilmədiyi bir hiss keçirirdi. De javu deyildi, daha qəribə daha anlaşılmaz idi. Günəşli havada bədəni buz kəsilmiş kimi hiss elədi. Üşümürdü, amma yenədə pencəyini geyindi. Mahnının kəsildiyini də elə bu anda hiss etdi. Amma əlini sinəsinə atdığında İpadini tapa bilmədi. Bəlkə də, onu heç götürməmişdi. Yox, bu düşüncəsi axmaqlıq idi. Ən az iyirmi mahnıya qulaq asmışdı. Bəs o hardaydı? Bəlkə də, sadəcə götürdüyünü düşünmüşdü. Son üç ildə olan bütün suallar kimi bunu da bir kənara atdı. Yoluna davam edərək döngəyə yaxınlaşdı.
Elə bu vaxt iki gənc qaçaraq qarşısına çıxdı. Dönməyə macal tapmadı və özündən asılı olmadan gözlərini bağladı. Gözlədi. Artıq ona heç kimin dəyməyəcəyinə əmin olduqdan sonra gözlərini açdı və qaçan gənclərin arxasınca qışqırdı: “ Axmaqlar, az qala sifətimi dağıtmışdınız”. Belə qorxaq olduğuna görə özünü söyməyi də unutmadı. Sonra yerində başqası da olsaydı elə edəcəyini dedi. Başqalarının da həmişə elədiyi kimi. Özünü daha güclü göstərəcək, təsəlli verə biləcəyi bəhanəsini tapmışdı. Eynilə sizin kimi, əziz oxucu.
Bir az da getdikdən sonra səkinin bir hissəsinin parıldadığını gördü. Yəqin ki, axşamkı küləkdən pəncərələrdən biri sınaraq yerə tökülmüşdü. O gün həqiqətən də “gözəl bir gün idi”. Şüşələri tapdalamadan keçmək üçün sadəcə kiçik bir cığır var idi. Keçərkən qarşıdan gələn adamın yol vermək əvəzinə qarşısına çıxmağı onu lap əsəbiləşdirdi. Ağzını açıb kişiyə nəsə demək istəyirdi ki, kişi onun içindən keçib getdi. Donub qalmışdı, hərəkətsiz, heç nə anlamırdı. Getmək istəyirdiki, içindən bir qadının da keçib irəlilədiyini gördü. “Lənət olsun, axı nə baş verir?” Cığırda dayandıqca insanlar onun içindən keçməyə davam edirdilər.
Soldakı dükanın şüşəsinə baxdı. Küçədəki hər şey orada əks olunmuşdu. Bir şeydən başqa – Nihaddan. Orada özünü görmürdü. Şüşə qırıqlarına fikir vermədən dükana qədər yaxınlaşdı. Amma dəyişən heç nə yox idi. Əlini sakitcə ürəyinə doğru apardı. Döyünmürdü. Bir qədər də bu vəziyyətdə dayandıqdan sonra dedi:
– Nəhayət, mən ölmüşəm. (Hekayəsini niyə öldüyü andan danışdığını soruşdum. Cavabında sadəcə bunları söylədi: “Yenidən doğulduğum üçün”.)
Və birdən dəli kimi geriyə qaçmağa başladı. Bayaq qəribə bir şeyin baş verdiyini anlamışdı axı. Əvvəlcə adamlara dəyməmək üçün ehtiyat edirdi. Sonra “ölümün üstünlüklərindən” yararlanmağa başladı. Yola atıldı və elə başını döndərmişdi ki, avtobusun sürətlə üstünə gəldiyini gördü. Var gücü ilə qışqırdı, səs telləri partlayacaqdı az qala. Əgər ondan soruşsaydılar ən istəməyəcəyi ölümün bu olduğunu deyərdi, yəqin. Avtobus səni vurduğu az deyilmiş kimi hələ yerdə də sürüyür, son anlarını əzabla yaşadırdı. İllərlə yığdığı qorxu onu titrədən zaman avtobus da içindən keçdi.
Yanından keçən ambulansın siqnal səsiylə ayıldı. “Ölmək elə də pis deyilmiş, üstünlüklərini ilk andan göstərir”,– dedi və qaçmağa davam elədi.
Qaçaraq Sabir bağına çatdı və burdan da İçərişəhər metrosuna tərəf qaçmağa başladı. İqtisad universitetinin qarşısında yığılan izdihamı gördü. Yolun yarısı bağlanmışdı. Maşınların sayının həmişəkindən az olduğunun o an fərqinə vardı. Əvvəlcə tərəddüd elədi insanların yığıldığı yerə getməyə, amma əgər ölmüşdüsə necə öldüyünü bilməli idi. Ətrafa yığılan insanları, onları hadisə yerindən uzaqlaşdırmaq istəyən polisləri rahatlıqla keçdi. Dairənin ortasına çatdı. Bura dünyanın mərkəzi idi. Hər şeyin bitdiyi və ya başladığı yer. Burada, mərkəzdə onun cəsədi uzanırdı. Üzü bağlı idi, amma onun öz cəsədi olduğuna əmin idi. Ayaqlarından tanıdı, daha doğrusu, ayağından, şalvarının cırıq ətəyindən, yırtılmış ayaqqabısından. Ətrafa boylandı, əgər sağ olsaydı bu mənzərədən ürəyi bulanıb qusardı, necə ki ərtafdakı insanlar bunu görüb oradan uzaqlaşırdı. Amma onlar azalmırdı. Bədənini və ondan beşmetr aralıda qopub qalmış ayağını izləməyə gələnlər.
Ortalıqda isə ambulans yox idi. “Bu şəhərdə bu maşının bir dəfə də vaxtında gəldiyini görmədim”,– dedi. Bədəninəmi heyfsilənirdi, ona baxan insanların ah-naləsimi onu narahat edirdi, bunu bilmirəm. Cəsədinin yanında oturdu və gülməyə başladı. Hə, güldü. Dəli kimi, susmadan, qışqıraraq güldü. Cəsədini görən birinin keçirtdiyi hissləri sizə təsvir edə bilmərəm. Amma cəsədini görən birini görmək belə mənə ən qəribə anlarımdan birini yaşatdı.
Birdən gözü uzaqda dayanan ağ avtobusa sataşdı. “Yox, bircə bu yox”. Avtobusun yanına getdi. Polis sərnişinləri dindirirdi. Hər şey düşündüyü kimi idi. Onu avtobus vurmuşdu. Sərnişin avtobusu. Şahidlərdən biri “Avtobus hərəsini bir tərəfə tulladı” dedi. “Zavallı bədənim necə də əzab çəkib”.
Geriyə boylandı. Bədənini maşına qoyurdular. Qaçaraq getdi və ambulansda tibb bacısının yanında oturdu. Üzünü son bir dəfə görmək istəyirdi. Yolda çox çalışsa da üzərindəki örtüyü qaldıra bilmədi. Ona bu işdə tibb bacısı kömək oldu. Ayağa qalxan həmşirə sürücünün əyləcə basması ilə büdrəyərək yıxıldı və bu zaman cəsədin üzərindəki örtüyü də özü ilə çəkdi. Deyinərək ayağa qalxması və yenidən onun üzərini tam örtməsi iyirmi saniyə çəkdi. Cəmi 20 saniyə.
Bu iyirmi saniyə indiyə qədər yer üzündəki ən qarmaşıq üzləşmə idi, ən kədərli vida, ən təsirli səhnə. Ya da ən iyrənc. Avtobus onu asfalt boyunca sürükləmiş, paltarları dərisi yanana qədər cırılmışdı. Amma bunların heç biri o iyirmi saniyəni izah edəcək gücdə deyildi.
Üzü. Tamamən dağılmış, qana boyanmışdı. Bunun nə olduğunu anlaya bilərsinizmi? Səhər oyanıb güzgüyə baxdığınızı və əlinizi gəzdirdiyinizdə heç bir yara olmayan üzünüzü güzgüdə darmadağın olmuş halda gördüyünüzü təsəvvür edin. Dodaqlarınız artıq təbəssümü bildirməyəcək qədər partlaq, yanaqlarınız damarlarınızı göstərəcək qədər sıyrılmış, dağılmış ağzınız və burnunuzdan axan qan üzünüzün sıyrılmış dərisindən axan qana qarışmış. Amma bütün bunlar da o məşhur iyirmi saniyəni təsəvvür etməyə bəs deyildi. Çünki bu iyirmi saniyə onun görmək istədiyi bədəni ilə deyil, ruhu ilə görüş olmuşdu. Qəribəmi səslənir ruhun ruhu ilə görüşü?
Amma bu beləydi. Açıq qalmış gözlərində (insanlar bu “mənzərəni” görməsinlər deyə onun üzərini tez örtərkən gözlərini bağlamağı belə unutmuşdular) ruhunun izi qalmışdı. Həyatının, yaşadıqlarının, yaşaya bilmədiklərinin, sevdiklərinin və nifrət etdiklərinin, gözəl və kədərli anlarının izi. Bütün bunların arasında çox incə bir xətt var idi. İndi ruhunun bədəni ilə arasında olan sərhəd qədər incə. Amma bu iyirmi saniyə onun ağlını qarışdırmağa da bəs eləmişdi. Gözlərində son illərdə olmayan bir təbəssüm var idi. Ümid dolu, həyat dolu bir təbəssüm. Anlaya bilmədiyi bir şey. Bədəni ruhunun tərk etməsinə bu qədərmi sevinmişdi?
Bu iyirmi saniyə bütün həyatından daha uzun göründü, daha mənalı. Heç vaxt vermədiyi qədər sual verdi bədəninə, heç vaxt almadığı qədər cavab aldı. Bir sualdan başqa: “Gözləri niyə bu qədər sevincliydi ürəyinə rəğmən?” Bir daha baxdı bədəninə, üzünə, gözlərinə, gülümsəməsinə. Son dəfə. Üzünün örtülməsi ilə özünü maşından yerə atdı. Qorxmaya bilərdi. Artıq nə yaralayacaq bədəni, nə də itirəcək həyatı var idi.
Tənha ruh
Bir həftə keçmişdi. Geridə qala bir həftə ərzində ilk olaraq evə getmişdi. Evləri və iş yerinin arasında təxminən bir saatlıq yol var idi. Cəmi bir saat.
Amma evə çatarkən artıq tanışların, xəbəri alanların evə axın etməyə başladığını gördü. Bütün pis xəbərlər kimi bu da tez yayılmışdı. İnsanlar pis günlərində bir-birilərinin yanında olmaq istədikləri, bundan həzz aldıqları, yoxsa başqalarının pis gününü görərək öz günlərinə şükür etmə səbəbi tapdıqları üçünmü tez yayılırdı bu xəbərlər?
Anasının, bacısı Ayşənin ağlamaqdan gözləri şişmişdi. Bacısı, kiçik bacısı Ayşə. Onu heç vaxt belə görməmişdi. Saçına sığal çəkmək istədi, amma əli başının içindən keçdi. Elə bu an onu ümidləndirən bir şey oldu. Ayşə titrədi. Sanki onu hiss etmişdi.
“Ayşə, Ayşə, mən burdayam. Ayşə, məni eşidirsən?”. Amma eşitmirdi. Nə bacısı, nə də başqaları. Onu ümidləndirən bir şey olmuşdu. Ümidləndirən və onu qursağında qoyan bir şey.
Evə gələnlər başsağlığı verir, hadisənin necə olduğunu soruşur, kişilər atası Əhməd kişini axtarırdı. O isə xəstəxanadaydı, oğlunun cəsədini tanımaq üçün. Atası təxminən bir saat sonra gəldi. Bu bir saat ərzində Nihad özünün də gözlədiyindən rahat qəbul etdiyi ölümünün nələri dəyişəcəyini düşündü, dəyişikliklərin yalnız öz ailəsi üçün olacağını anlayaraq.
Atası gəldiyində Ayşə qaçaraq onu qucaqladı, hönkürməyə başladı. Qızını qucaqlayaraq onu sığalladı və özünü oğul itirən bir atanın tuta bildiyi qədər dik tutaraq:
– Cənazə hazırlıqlarına başlayaq, -dedi. Təəccüblü bir şey yoxdur. Ataların gözyaşları daima qəlblərinə axar.
Sabah öz yas mərasiminə baxırdı. İnsanların gözyaşları, ailəsinə başsağlığı verənlər, axmaq bir hörmət anlayışı üzündən yas mərasiminə gəlmiş uzaq qohumlar (onlardan bəziləri hətta öz aralarında zarafat etməkdən belə çəkinmirdilər). Bu anlardan birində Nihad özünü saxlaya bilmədi və bildiyi söyüşləri ard-arda sadaladı. Sonra cənazəyə hörmətsizlik etməmək üçün özünü tez ələ aldı.
Bədəni torpağa basdırılarkən yaxasını bağladı, qalstukunu bərkitdi. Sanki, özünü rəsmi görüşə hazırlayırdı. Mollanın dediklərinə qulaq asmağa başladı. Molla onun indi göylərdə olduğunu, cənnətə girmək üçün onun qapısında dayanıb bədəninin torpağa basdırılmasını gözlədiyini dedi.
Həyatı boyunca ölüm haqqında eşitdiyi hər sözün yalan olduğunu da anladı. “O burada nə edirdi?”,“Ölmüşdüsə hələ də dünyada nə işi var idi?”, “Niyə kostyumu hələ də əynində idi?”, “Niyə bir gün ayılacağı əbədi yuxuya getməmişdi?”və “Niyə qəbirstanlıqda tək-tənha idi?”. Bu suallar sonrakı günlərdə onu rahat buraxmayacaqdı.
Evə getmirdi. Evdəki yas havası onu sıxırdı. Amma günləri o qədər də pis keçmirdi. Son illərdə yaşadığı həyatı daha fərqli yaşayırdı. Küçələri heç olmadığı qədər ayıq gəzirdi. Dəfələrlə səhərə qədər gəzdiyi bu küçələrdə indi gördüklərini, küçə həyatını tam xatırlaya bilmirdi.
Uzun müddətdir etmədiyi bir şeyi də edirdi: düşünürdü. Küçələrdə yatan insanlara – bəziləri gedəcək yerləri olmadığından, bəziləri sırf bir inad uğruna, bəziləri isə hər şeyə yenidən başlamaq üçün küçələrdə qalırdı. Kiçik körpələri ilə qalan gənc analar da var idi onların arasında – baxır və düşünürdü:
– “Bu insanlar bu qədər dərdli idilərmi?” Bir həftəyə görməyəcəyi qədər çox şey görmüşdü.
Nihadla bu haqda maraqlı söhbətlərimiz olmuşdu. İyirmi illik həyatımda cəmi iki gecəni Bakı küçələrində keçirmişdim və səhərə qədər dostlarımla əylənərkən onun danışdıqlarının heç birinə fikir verməmişdim. Nihad bunu yalnız işıqlı həyatı görməyimlə izah etdi. “Yalnız Günəşə baxanlar qaranlığın olmadığını zənn edərlər”,– dedi.
Amma qaranlıq dünya var idi və evsizlər bu zülmətin tək sakinləri deyildilər: avaralar, oğrular, fahişələr və daha “nələr, nələr”.
“ Bəzən fahişələr və müştəriləri arasında gedən söhbətlərə də qulaq asırdım:
–Nə qədər?
–50.
–Bəlkə, biraz aşağı. Əsgər adamam.
– Onda heç bir qəpik də aşağı olmaz. Elə nəfəsimizi kəsən siz olursuz.
Bəzən isə onların arasında tanış simalar da görürdüm. Əslində, tez-tez. Son illərdə yaman dostlaşmışdıq və həyatlarının necə olması mənə maraqlı gəlirdi. Hərdən bu söhbətlər o qədər iyrənc hala gəlirdi ki, insan ehtirasının, bədəninin ruhunu necə alçaltmasının şahidi olurdum. Bu qədər alçalmağa dəyərmi heç?
Sərxoş olduğumdan gecələri necə keçirdiyim tam da yadımda deyil. Biz daha çox dərdləşərdik. Görəsən, mən də nə vaxtsa bu qədər alçalmışammı? Nəysə bu haqda sonra danışaram”.
Beləcə bir həftədə keçdi.
Gecələri adətən bir skamyada yatırdı, düzdü, daha əvvəlki qədər yatmasa da. Sabir bağındakı uzun skamyada gecələməyi xoşlayırdı. Şəhərin bu hissəsi işıqlı və daha sakit olduğu üçün. Bu gecə isə yatağını başqa yerdə salmışdı. Bir dayanacaqda. Artıq küçələrdə heç kim qalmamışdı. Əvvəlcə Sabir bağındaydı yenə. Qala qapılarının ağzında yerləşən bu park Bakı sakinlərinin ən sevimli yerlərindəndir. Keçmiş və müasir tarixin kəsişməsi, müxtəlif zamanların vəhdəti. Hər şeyi ilə bu sadə park insanları özünə çəkməyi bacarır.
Bu gecə isə yağış yağırdı. Əvvəlcə narın, sonra güclü, amma sakit. Gözəl bir payız gecəsi. Nihad sağ ikən payızı heç xoşlamazdı. Soyuq havalarda qalın geyinməli, paltarının təmiz qalmasına fikir verməlisən. Bu fəsildə həyatın necə keçdiyini belə hiss etmirsən. Amma indi üşümürdü, qalın geyinmək və paltarını təmiz saxlamaq kimi dərdləri də yox idi. Həyatında ilk dəfə payızı doya-doya yaşamaq imkanı əldə etmişdi. İyirmi səkkiz illik fikirləri iki həftədə dəyişmişdi. Payız necə də gözəl imiş.
Və bu payızda həmişə etmək istədiyi bir şeyi yenə edə bilmədi -yağış altında gəzinti. Bu onun uşaqlıqdan, ürəyi kimin üçünsə daha sürətlə döyünməyə başladığı gündən bəri olan arzusu idi. Sevdiyinlə birgə və ya onun xoş xatirələri ilə yağışın altında gəzmək, onu hiss etmək, islanmaq, sevişmək. Və bu arzu olaraq qalmışdı. Yağışı bölüşəcəyi biri və xatirələri olmamışdı ki heç. Yalnız bir dəfəsində çox yaxınlaşmışdı. Titrəyən əllərimlə bunu daha geniş yazmaq istərdim, amma Nihad bu haqda da daha sonra danışacağını dedi. Bu onun hekayəsi idi və mən yalnız qələmi tutan əl idim. Yalnız o danışdıqda onun səsini əks etdirə bilərdim.
“ Bəzi günlər yağışın altında islanırdım. Səhərlər anam gecəni yenə islaq gəldiyim üçün deyinirdi və mən yenə gecəni xatırlamırdım. Onsuzda bu mənim istədiyim deyildi. Bu damlalar xoşbəxtlik gətirmirdi”.
Düzdür, yağış daha onu islatmırdı. Amma onun hər damlasını hiss edirdi. Gözünü bağlayır və onun hər damlasını dinləməyə çalışırdı. Əvvəllər ona yalnız şırıltı kimi gələn səs indi həzin bir musiqi kimi səslənirdi. Gözəlliyinə varmadığı hər anı yaşayırdı. Çünki o da sağ ikən (son üç ili saymasaq) ətrafındakı insanlar kimi idi: Yağış başlayan kimi evə getməyə tələsən, özlərini avtobusa, taksiyə çatdıran insanlar kimi. Çünki hamısının sabah edəcək vacib işləri var idi. Bu günü yaşamasaydılar da olardı. Tək əskik tərəf bütün bunları bölüşəcək heç kimin olmaması idi.
O artıq dayanacaqda idi. Uzanmış və pencəyini üstünə sərmişdi. Yuxuya getməzdən əvvəl müxtəlif suallar soruşdu Tanrıdan: “Niyə hələ də təkəm?”, “ Niyə məni hələ də burda saxlamısan, axı bu, bizə ölüm haqqında deyilən hər şeyə tərsdir?”, “Bu lənətə gəlmiş yerdə məndən başqa ölən biri yoxdu məgər?”. Ümidsizcə suallar verdi, cavab almadan. Bu gecənin son olmasını diləyərək yuxuya getdi. Amma əgər son olmayacaqdısa da sabah bazar günü idi. Səhər oyananda başını kiminsə içində görməyəcəyinə əmin idi.
Kəsən yağış, buludları sürətlə qovan külək doğacaq günün daha gözəl olması üçün əlindən gələni edirdi, sanki. Hər şeyin fərqli olacağı bir günün gəlməsi üçün.
Günəşi gördüm
Siqnal səsləri ilə oyandı. Düşündüyündən daha az yatmışdı. Bu gün də burda olduğu üçün lənət oxudu. Dayanacaqdakı monitorun ekranında saata baxdı: 07:47. Yerində oturdu, düşüncəli şəkildə yolun digər tərəfinə baxdı, gün gözlərini qamaşdırırdı. Və birdən…
Və birdən gözləri yolun digər tərəfində duran qıza sataşdı. Qız üzərinə düşən günəş şüaları altında parlayırdı, sanki, Günəşdən bir parça qopmuş və Yer üzünə düşmüşdü. Gecədən qalan yağış suyu bu parıltını daha da gözəlləşdirirdi.
Orta boylu, zərif bir qız idi. Əynindəki ağ donu ona xüsusi bir gözəllik verirdi. Saçları, azacıq dalğalı qırmızı saçları çiyinlərinə tökülmüşdü. Dərisi və saçları – bu nə gözəl bir vəhdət idi. Nihad hələ ayılmamışdı. Yuxu görürdü. Əgər bu yuxu idisə onun əbədiyyət yuxusu olmasını arzuladı. Əgər ayılmışdısa onda bu qız cənnətin xəbərçisi idi. Yer üzündəki heç kim bu qədər gözəl ola bilməzdi. Bəs niyə cənnət elçisi? Bu gözəllik cəhənnəmi belə arzuolunan edərdi və onun olduğu yer cənnətdən fərqlənməzdi. Qıza baxaraq xəyallar qururdu Nihad, qurduğu xəyalların boş olduğunu da bilirdi eyni zamanda. Sanki, ürəyində iki səs eyni zamanda danışır, biri uçub getmək istədikcə digəri onun ayağından dartırdı.
Qız, yəqinki, indi yolu keçib gedəcək və onu bir daha görməyəcəkdi. Amma qəribə nəsə var idi. Bu qəribəliyin fərqinə varması bir az uzun sürmüşdü. Gün çıxsa da hava soyuq idi. Bunu ətrafdan keçən digər insanların qalın geyinməsindən hiss etmək olurdu, qızın əynində isə sadəcə ağ donu var idi. Don qızın dizlərindən bir az yuxarı idi, həm də açıq qollu. Qızın ayaqlarına baxdı. Ayaqqabısı belə yox idi. Heç üşüyənə də oxşamırdı. Yenidən baxışlarını yuxarı qaldırdı və qızın gözlərində donub qaldı. Qız gülümsəyərək ona baxırdı. Bir an belə gözlərini ayırmadan. Ətrafına baxdı, amma dayanacaqda ondan başqa heç kim yox idi. Qızın ona baxmasına şübhəsi yox idi. Bütün bədəni qəribə bir hisslə titrədi. Qorxu? Yox, bu qorxu deyildi. Axı ölü biri nədən qorxsunki? Həm qorxu olsaydı bu adı vermək daha rahat olardı. Daha əvvəl keçirmədiyi bir hiss deyildi nə də olsa.
Qız ona tərəf addımlamağa başladı. Hər addımında bu hiss daha da güclənir, onun ruhunu ələ keçirirdi. Düşüncələr bir an belə olsun onu rahat buraxmırdı. Dünən gecəki duası və az öncəki düşüncələri keçirdi ağlından: sanki bu anı daha əvvəl yaşamışdı, sanki bu addımlar ruhunu daha əvvəl titrətmişdi, sanki daha əvvəl ölüb cənnətə düşmüşdü. Bəlkə də, hər şey düşündüyü kimi idi. Artıq bu dünya ilə vidalaşmağın vaxtı gəlmişdi.
Qız isə kiçik addımlarla yaxınlaşırdı. Zaman daha yavaş axırdı. Hər addımı zamanı bir az daha dondururdu, baxışı bütün hisslərini dondururdu, gözəlliyi gülümsəməsi ilə birlikdə nəfəsini dondururdu. O, cəmi bir addımlıq məsafədə dayanmışdı. Susaraq bir müddət bir-birilərinə baxdılar. Nihadın keçirdiyi hiss onun simasında əks olunurdu. Donuq simasında, iri açılmış qəhvəyi gözləri təəccüblə baxırdı. Bu isə Qırmızısaçı (Nihad hər şeyi ardıcıl danışdığı üçün mən də belə yazırdım. Bu Nihadın ona qoşduğu ləqəb idi) yenidən gülümsətdi. Yalnız bu zaman Nihad bədənini bürüyən bu hissdən qismən də olsa qurtuldu və o da gülümsədi.
* * *
-Və hekayə bitər,-deyə zarafat etdim. O da gülümsəyərək “Və hekayə başlar” dedi. Sonra biraz sevgidən danışdıq. Həyatda heç kimlə danışa bilməyəcəyim rahatlıqla. Yuxu necə də gözəl imiş.
Sonra hekayəsini danışmağa davam elədi. Amma mən fasilə verərək söhbətimiz haqqında bir az (azacıq) yazdım. Hər dəfə qələmi tutan əl olmaq elə də yaxşı deyil. Hərdən qələmin özü də olmaq lazımdır. Çox uzatdım, deyəsən. Sizə bir sual verərək davam edim:
Nə yazmağımı istərdiniz? İlk görüş və xoşbəxt sonluq? Qırmızısaç və Nihad, onlar elə bu andaca, ilk görüşdə bir-birlərinə aşiq oldular və həyatlarının sonuna qədər birlikdə ruh kimi, xoşbəxt yaşadılar. Yox, bunu yazmayacam. Çünki belə olmayıb. Belə şeylər ancaq film… (cümləni tamamlamayacam).
Axı onlar hələ bir-birilərini tanımırlar. İndi onlar yerdə olsalar da başqa dünyada, başqa həyatdadırlar. Burada onları bir-birilərinə bağlayan dəli ehtirasları yoxdu. Bədənlərinin azacıq şəkil dəyişməsi, sərtləşməsi ilə sevgini tapdıqlarını zənn etmələri mənasızdı. İnsanların buna niyə sevgi dediklərini isə anlamamışam heç zaman. Bu ehtirasla sevginin arasında bir şey olmalı, adlandırılmalıdı. Eşq. Bəli, eşq. Ya da, məncə, eşq. Bu insanların bir-birilərini görmə, istəmə arzusudur. Ehtirasdan daha üstün, amma sevgi qədər məsum deyil. Eşq müəyyən bir dozaya malikdir, eşq qoruma və sahib olma arzusudur. Eşq sözlərin yetərsiz qalıb da baxışların, bədənlərin önə çıxdığı bir qavramdır. Eşq bəsitdir, yalançıdır, riyakardır. İstəklərini əldə etmə üzərində qurulmuşdur. İnsan onsuz yaşaya bilməyəcəyini düşünür, aşiqini görməyi arzulayır və bu istək onun bədənini, qəlbini deyildə ciyərlərini daha çox işğal etməyə başlayır. Onu görəndə nəfəs tempi dəyişir, daha çox şiddətlənir, ürəyi daha sürətlə döyünməyə başlayır. Dediyim kimi, eşq müəyyən bir dozaya sahibdir və bu doza getdikcə şiddətlənən bir vulkan kimidir. Əgər o bitənə qədər sevgiyə çevrilməzsə quruyar və yenidən püskürənə qədər ətrafa ehtiras külləri üfürər sadəcə.
Sevgiyə çevrilərsə… Ardını bilirsiniz, amma bu hər zaman olmur. Hətta çox nadir hallarda olur. İnsanların çoxu aşiq olduğu zamanda evlənir, uşaq sahibi olurlar. Zəncirləri artır, qalınlaşır və xoşbəxt olmasalar belə bir yerdə yaşamağa məcbur olurlar. Bitən eşqlərinin yerinə yenisi başladığında nə uşaqlarını, yoldaşlarını atıb gedə bilir, nə də ehtiraslarına qarşı çıxa bilirlər. Aldadırlar. Səhv etdiklərini bilsələr də xəyanət edirlər. Xəyanət dəqiqələri məhkumun hava alma dəqiqələri ilə müqayisə olunacaq dərəcədə olur. Həmin an azad olurlar. Havanı ciyərlərlərinə çəkir, Günəşi görmənin zövqünün çıxara bilirlər. Amma onun yanında qala bilmirlər. Yenidən evə dönməli, yoldaşlarının, uşaqlarının yanında olmalıdırlar. Bir saatın tamamında hücrəsinə qayıdan məhkumlar kimi.
Ona görə də, sevgini belə bəsit yaranan bir şey hesab etməyin. Eşq bədəndən, sevgi ruhdan yaranır. Açarı söz olan sevgi. İnsanlar danışdıqca, bir-birilərini tanıyıb tamamladıqca yaranır sevgi. Sevgi yarandımı böyüyür, böyüyür və böyüyür. Sevən insanlar sevdiklərinin yanında rahatlıq tapanlardır. Qəlbləri ilə, ruhları ilə rahatlıq tapanlar. Sevginin bünövrəsi sözdən kərpiclərlə hörülür. Ona görə sevən insanlar bir-birilərinin yanında saatlarla susaraq otura bilərlər. Sadəcə varlıqlarını hiss edərək. Sevgi eşq kimi ondan aralı qaldığında nəfəsinin kəsilməsi, özünü tənha hiss etməyin deyil, sevgi dünyanın o başında olsan belə gözünü bağladığında əlini tutmağın, nəfəsini duymağındır.
Sevginin divarları onu heç kimin dələ bilməyəcəyi qalın bir divarla örtülür. Hörmət ilə. Ən kiçik bir mübahisədə bütün eyiblərini açıb tökən, bir-birilərini alçaltmaqdan çəkinməyən tükənmiş eşqdən fərqli olaraq. Sevgi bütündür. Sevgi zamandır və Sevgi zamanın yox olduğu qavramdır. Ona görə də, mən bizim ruhların ilk görüşdə eşqlərindən yazmayacam. Tələsib sizə Qırmızısaçın da ruh olduğunu söylədiyim kimi.
* * *
-Salam,– Qırmızısaç dedi.
“Səsi yalnız bu qədər gözəl ola bilərdi”,– Nihad düşündü. Yalnızca bir söz və bu söz onun ruhunun dərinliklərinə qədər işləməyi bacarmışdı.
Qırmızısaç cavab gəlmədiyini görüb bu dəfə əlini uzadaraq dedi:
– Salam.
Nihad yavaşca əlini uzatdı və günlər sonra bir insana toxundu:
–Salam,– Nihad kəkələyərək cavab verdi. Ağlında o ana aid onlarca cavablanmamış sual var idi.
–Ağlında bəzi suallar olduğunu bilirəm, amma məndən qorxmaq lazım deyil.
–Siz kimsiz axı?
–Sizbir ölü üçün kifayət qədər zərifdir.
Lənət olsun, az qala ağlını itirmişdi,– Siz bunu necə bilirsiz?
–Yəni, bu qədər insanın yanımızdan keçərkən görünməz sənlə danışıb insanların məni dəli zənn etmələrinə icazə verəcəyimimi düşünürdün?
–Deməli, onlar səni də görmürlər?
–Görmürlər.
–Deməli, sən də?
–Deməli, deməli. Hə, deməli, mən də ölüyəm. Ya da ruham. İndi bunun elə bir fərqi yoxdu.
–Burada sonsuza qədər tək qalacağımı düşünmüşdüm,– üzü rahatlamış bir ifadə almışdı.-Bəs məni necə tapdın?
– İki gündür səni izləyirəm.
–Nə?
–İki gündür səni iz-lə-yi-rəm.
–Bəs niyə daha əvvəl gəlmədin yanıma? (bəs necə oldu da daha əvvəl fərqinə varmadım sənin?)
–Əvvəlcə əmin olmalıydım.
–Nədən?Ölü olduğumdan?
–Yox, bunu öyrənməyim elə də çox vaxtımı aparmadı. Səni dəniz kənarında gördüyüm axşam özünü qəribə aparırdın və heç kim sənin hərəkətlərinə fikir vermirdi. Ona görə də səni izləməyə başladım. Maşınların, insanların içindən keçirdin.
–Bəs nədən əmin olmalıydın?
–Sənin pis ruhlardan, ya da cinlərdən olmadığına-yarı zarafat dedi.
–Bağça uşaqları öləndə ruhları böyük olurmuş demək.
– Bu elə də gülməli deyil. Sən gördüyüm ilk ruhsan, yəni özümdən sonra gördüyüm. Əslində özümü də görə bilməmişəm. Ona görə də yanına gəlməmişdən necə biri olmağına əmin olmalıydım.
–Necə yəni sən də təksən?
–Yox, biz ailəliklə ruh kimi gəzirik.
–Zarafat yeri deyil.
– Onda daha ciddi suallar ver.
–Bir qız üçün çox kobudsan.
–Sən də bir oğlan üçün çox axmaq.
–Bağışla. İki həftədir təkəm və bu insanı bir az. Nəysə
–Sən də bağışla, – bir qədər susdular. Qırmızısaç Nihadın yanında oturdu.
–Bəs sən necə ölmüsən? – Nihad suallarına davam elədi.
–Bilmirəm.
–Bəs evə getməmisən?
–Getmişəm, amma bunu öyrənmək elə də maraqlı gəlməyib. Ölümümdən sonra anamın vəziyyəti pisləşmişdi və mən də onun yanında xəstəxanada qalmışdım. Qohumlar isə anam heç nə eşitməsin, halı daha da pisləşməsin deyə onun yanında danışmırdılar. Sayları elə də çox olmadığı üçün çənələrini tutmaq daha rahat olurdu. Bəs sən?
–Avtobus vurub. Hey, bu elə də gülməli deyil.
–Yanımda yolu keçməyi bacarmayan biri var.
–Günah məndə olmayıb.
– Nə bilirsən?
–Çünki heç vaxt başqa yerdən keçmirəm yolu.
–Meyidini görmüsən?
Nihad birdən iki həftə əvvəl gördüyü mənzərəni xatırladı. Bütün incəliklərinə qədər. Qopmuş ayağı, soyulmuş dərisi, üzü, gözləri. Ruhu titrədi.
–Yaxşısan?-Qırmızısaç narahatlıqla soruşdu.
–Bu haqda danışmaq istəmirəm.
–Bağışla, görünür, bu elə də yaxşı olmayıb.
–Eybi yox. Gəlsənə bir-birimizdən iki dəqiqədən bir üzr istəməyi yığışdıraq. Bu çox axmaq səslənir. Hər kiçik səhvə görə üzr gözləməməliyik. Başa düşüb özümüz bağışlamalıyıq. Bir-birimizdən başqa hələ ki,-heç kimimiz yoxdu, anlayışlı olmağımız lazımdı.
–Haqlısan.
Bu zaman dayanacağa iki qadın gəlirdi. Qırmızısaç və Nihad üstlərində əyləşməsinlər deyə tez ayağa qalxdılar. Və küçə boyu üzüyuxarı Filarmoniya bağına tərəf irəlilədilər.
Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?