Электронная библиотека » Nail Aydın » » онлайн чтение - страница 2

Текст книги "Sevginin səsi"


  • Текст добавлен: 29 ноября 2022, 15:03


Автор книги: Nail Aydın


Жанр: Современная зарубежная литература, Современная проза


Возрастные ограничения: +16

сообщить о неприемлемом содержимом

Текущая страница: 2 (всего у книги 9 страниц) [доступный отрывок для чтения: 2 страниц]

Шрифт:
- 100% +

Filarmoniya bağı və ətrafı– Bakının ən sevilən yerlərindən biri olan kiçik bir park. Parkın bir tərəfi Xəzərə tərəf uzanır, bir tərəfi isə Qala divarları ilə örtülərək gözəl bir mənzərə yaradır. Bakı səhrasında vahədir Filarmoniya bağı. Ağaclar, çiçəklər, fəvvarələr. Bakıda Bakını unutmaq istəyənlərin məkanıdır bura. Filarmoniyadan yüksələn həzin musiqi sədaları altında çəmənliklərində uzanan sevgililər, qaçaraq oynayan uşaqlar, ailəsi ilə dincələnlər və yenicə tanış olmuş ruhlar.

Az əvvəl ardı-arası kəsilməyən suallar verən Nihad yenə susmuşdu. Uşaqlıqdan bəri olduğu kimi. Başqa insanların yanında elə də çox danışmayan, rahat-rahat tanışlıqlar qurmayan biri idi. Buna görə dostları az idi. Çoxu da uşaqlıq dostları idi. Amma onların yanında özünü xoşbəxt hiss edir, bütün dərdlərini unudurdu. Dostun anlamı da bu olsa gərək. Qızların yanında isə dili topuq vurardı, söhbətdən söhbətə keçər, ya da heç danışa bilməzdi. Amma Qırmızısaç susmağa bu qədər səbirli deyildi, deyəsən:

–Adın nədir?

–Doğrudan a, hələ də adlarımızı bilmirik? Mən Nihad.

– Mənsə Leyla.

Leyla – dünyada bundan gözəl ad varmı, görəsən? Hər səslənişində əsrlərdən qalan sevgini göstərən, hər kəsin arzuladığı, amma heç kimin çata bilmədiyi məhəbbətin simvolu. Bu ad səslənəndə, sanki, səs telləri deyil də ürəkdə bir yerlər titrəyir. Hər qadın bu ad qədər sevilmək istər, şübhəsiz, hər kişi də bu adı sevən qədər sevmək.

–Nə oldu? Yenə susdun.

–Hə. Fikrim dağıldı bir anlıq.

–Həmişə belə az danışırsan?

– Mən, əslində, suallarımın səni sıxdığını düşünmüşdüm.

– Yox, uzun müddətdir heç kimlə danışmırdım, ya da tək qalmaq mənə zamanı daha uzun göstərirdi. Danışmağa ehtiyacım var.

– Danışmağa vaxtımız çox olacaq onsuzda.

–Belə düşünürsən?

–Bəs necə? Ətrafımızda danışmağa bir-birimizdən başqa heç kim yoxdu. Fərqli düşünməyə səbəb var?

– Axmaq.

–Nə?

–Heç.

–Mənə axmaq dediyini eşitdim.

–Bəs onda niyə soruşursan?

– Səbəbini bilmək istəyirəm.

– Nə vaxt ölmüsən?

–Bu mənim sualımın cavabı deyil.

–Nə vaxt ölmüsən?– Leyla sualını təkrarladı. Boğmağa çalışsa da qəzəbini tam gizlədə bilmirdi. Bu Nihadı bir az qorxutdu. Şeytanın da mələk olduğunu unutmuşdu.

–Çox iyrənc sualdı.

–Amma bu sənin ölü olduğunu dəyişdirmir.

–İki həftə əvvəl.

–Deməli, iki həftə əvvəl. İki həftə əvvəl nə düşünürdün?! Yəqin ki, ölümün ağlına belə gəlmirdi. Etmədiyin nələrsə qalmışdı ertələyə-ertələyə. Ya da qırxil sonrası üçün də planların hazır idi. Məncə ikincisi. Elə paltarından görünür.

–Hey, axı geyimimin nə dəxli var? Həm də bu kifayət qədər bahalı kostyumdur. –Dediyinin mənasız olduğunu özü də anlamışdı.

–Sözümü kəsmə! Qırx il sonrası üçün də planların hazır idi, yəqin. Amma öldün. Etmədiyin o qədər şey qalmışdı ki, sevdiklərinə, sevgilinə demədiyin sözlər. İndi isə gəlib burda mənə vaxtımızın olduğunu deyirsən.

–Mənim sevgilim yoxdu, -Nihadın hər dəfə boş sözlərlə araya girməsi Leylanı özündən daha çox çıxarırdı.

–Ooo, demək, sevgilin yoxdur, iyirmi yeddi yaşında ailənin tapdığı bir qızla evələnəcəkdin, otuz yaşa kimi iki uşaq, xoşbəxt ailə. Yəqin uşaqlarının oxuyacağı yerlər belə hazır idi. Onlar da böyüdükdən sonra sənin kimi təhsilli, planlı, qalstuklu gicbəsərlər olacaqdılar.

–Hey, niyə belə əsəbisən? Buna heç bir anlam verə bilmirəm, – amma yenə də qalstukunu çıxartdı və “bahalı” pencəyinin cibinə qoydu. – Məni tanımırsan və haqqımda belə danışmağa ixtiyarın da yoxdu.

–Axı başa düşmürsən. Biz ölmüşük, ruhumuzun nə vaxt göylərə gedəcəyi isə bəlli deyil. Burda niyə qaldığımızı onsuzda anlamıram. Niyə vaxtımızı susaraq keçirəkki?

– Hə, bəlkə də, hər şey sən deyən kimidir. Amma hamı sən ola bilməz. Mənim də xasiyyətim belədi. Hər halda buna görə mənə gicbəsər demək lazım deyildi.

–Bağışla.

–Yenə? – incik bir təbəssümlə soruşdu. Amma bu insanlardakı kimi özünü məcbur edib gülən təbəssümlərdən deyil. Ruhların hissləri yalançı olmur.

– Hə. Doğrudan, üzgünəm sənə elə dediyim üçün. Görünür, ölmək mənə pis təsir eləyib– hər ikisi güldü.– Axı belə qalmaq, susmaq, heç kimə dərdini izah edə bilməmək çox çətindi. Heç nə bizə deyildiyi kimi deyil.

–Haqlısan, heç nə bizə deyildiyi kimi deyil. Bəlkə də bunun bir səbəbi var.

–Bəlkə də.

–Leyla.

–Hə?

–Mənim iyirmi səkkiz yaşım var.

–İyirmi səkkiz? Heç göstərmirsən. Nədir, yoxsa evlisən?

–Yox, sənə sevgilim olmadığını demişdim.

–Bunun üçün sevgi həmişə vacib deyil.

– Ola bilər bu kimin üçünsə belədi. Amma mənim üçün yox.

Uzun bir müddət susdular. Parka gəlib gedənlərə baxırdılar: zaman-zaman kədərlə, sevinclə, həsrətlə. Amma onlar da evlərinə getməyə başlamışdılar. Hava artıq daha tez qaralır, soyuq isə hava qaralmamışdan şəhəri bürüyürdü.

–Nihad, mən çox yorğunam. Yatmaq istəyirəm.

Sizə əsərin əvvəlindən bəri bəhs elədiyim yatmaq səhnəsi çoxmu absurd görünür? Görünməsin. Bədənləri olmayan, fiziki cəhətdən yorulmayan varlıqlar niyə yatsınlarki? Belə düşünürdünüz? Düşünməyin. Sözlərimi də yanlış anlamayın. Bunlar əmr deyil, xahişdir. Onsuzda yazımı buraya qədər oxuduğunuz üçün sizə minnətdaram. Amma bunun ardını da gətirməmə izin verin. Z-ni görən kimi ağlınıza o saat zibil gəlməsin, əziz oxucum, çünki bu söz zərif də ola bilər.

Bunu izah etməmişdən əvvəl mütləq qeyd etməliyəm ki, ruhlar yuxu görmürlər. Bu ağlınızda qalsın. Çünki insanların yatarkən yuxu görmələrinin səbəbi ruhlarının bədənlərini tərk edərək digər aləmlərə getmələridir. Ona görə də ruhlar yuxu görmürlər. Amma yatırlar. Və bu onlara insanlara olduğundan daha vacibdir.

Onlar ruh olduqları üçün yatırlar. Mənəviyyatla dolu olduqları üçün. Bu da qəribə səslənir, deyilmi? Barmaq kəsiyinin depresiyyadan daha dəhşətli göründüyü bir aləmdə yaşadığınızdandır. Amma bu daha dəhşətli bir yorğunluqdur. Sizə izahını necə verə bilərəm? Hə, tapdım. Bütün günü gəzdikdən sonra oturduğunuzu düşünün. Bir müddətdən sonra ayaqlarınızda kiçik sızıldamalar hiss edəcəksiniz. Bu getdikcə şiddətlənəcək və ayaqlarınızdan yuxarı qalxaraq bütün bədəninizi sarmağa başlayacaq. Yerinizdən qalxmağa taqətiniz belə qalmayacaq. Halbuki o anadək nə qədər güclü idiniz.

Onlarda da beləydi. Həm də bu bir günün deyil illərin yorğunluğu idi. Bədənləri olmadığından hissləri daha üstün gəlirdi indi. İllərin sevincləri, peşmanlıqları, kədərləri indi bütün ruhlarını bürümüşdü onların. Mənəviyyatla dolub-daşırdı hər ikisi. Daxilllərində gizli qalan özləri daha çox üzə vururdu. Bəlkə, buna görə Leyla daha çox danışan, Nihad isə daha susqun birinə çevrilmişdi. Fikirləri artıq onları rahat buraxmırdı. Daha çox düşünürdülər, özlərinə daha çox sual verirdilər, bəzən daxili səsləri o qədər güclü olurduki, bunu insan qulağı eşitməyə qadir belə deyildi. Ona görə də, onlar yatmalıydılar. Buna nə ad verirsinizsə verin. Ya yorulduqları üçün, ya daxili səslərindən qurtulmaq istədikləri üçün, ya da onunla mübarizə aparmağa güc toplamaq üçün.

Qala qapılarından içəri girib qərb tərəfə qalxmağa başladılar. Qədim qalanın içərisində olan parka tərəf gəldilər. Maşınların az-az işlədiyi, ətrafında çox az ev olan parka (oranı çox sevirəm) tərəf. Bir tərəfi Şirvanşahlar sarayına, digər tərəfi şəhərin qədim evlərinə baxan və soyuq payız axşamında tənha qalan parka. İki yanaşı skamya seçərək başları bir-birinə tərəf uzandılar. Leyla yorğun olsa da dərhal yatmadı. Ya da yata bilmədi. Bir müddət ölümlərindən, hələ də burda qalmaqlarının sirli tərəflərindən danışdılar. Leyla yorğunluqdan yatıb qalana qədər.

Nihad qalxdı və Leylanın skamyasının önündə əyləşdi. Bu qızın daha fərqli cəhətlərini görəcəyini və onda nələrisə dəyişəcəyini hiss edirdi. Saçları üzünə tökülmüşdü. Astaca onları qırağa çəkdi və Ayın da bütöv olduğu gecədə onun qədər gözəl ay parçasını izləməyə başladı. Üzündə qəribə bir təbəssüm vardı Leylanın. Nihad bir anlıq o təbəssümün özü ilə bağlı ola biləcəyini düşündü və bu belə onu xoşbəxt etməyə bəs elədi. Düşüncələri ilə xoşbəxt olanlardan idi Nihad.

Yenidən skamyasına uzandı və bir müddət böyük şəhərlərin standart göy üzünü izləməyə başladı. Ulduzların olmadığı göy üzünü. Birtəhər beş ulduz tapdı və onları sayaraq yatdı. İnanca görə beş ulduz sayaraq yatarsan tutduğun arzunu yuxundan görərmişsən. Amma o qədər həyacanlı idi ki, arzu tutmağı da unutmuşdu.

Arzu tutsaydı belə ona ruhların yuxu görmədiyini deməzdiniz, deyilmi?

Tablolar və rənglər

İlk günləri bir-birilərini tanıyaraq keçirirdilər. Sərt dialoqu çoxdan unutmuşdular. İndi aralarında daha yumşaq, qısa söhbətlər, lakin yenə də uzun sükutlar olurdu. Leyla iyirmi beş yaşında idi, ya da iyirmi beş yaşında ölmüşdü. Evin qək qızı idi. Qısaca, hamı kimi idi və hamıdan fərqli. Nihadı isə artıq tanıyırıq.

Üç-dörd gün sonra Leylanın ağlına bir fikir gəlmiş və Nihadı məcbur yaxınlıqdakı qəbirstanlıqlardan birinə aparmışdı. Nihad, deyəsən, bu qeyri-adiliklərə öyrəşməli olacaqdı. Çünki öz yasına belə getməyən biri (insanlar adətən öz yaslarına getməzlər, nəysə bunu bir kənara qoyaq) o gündən başlayaraq Nihadla birlikdə qəbirstanlıqları gəzir, bəlkə özləri kimi birinin olacağına ümid edirdilər. Mollaların söhbətlərinə qulaq asır, ruhun insan bədənindən ayrıldıqdan sonra göylərə qalxaraq dərin bir yuxuya getməsindən və yalnız “Böyük Gün” gəldiyində oyanacaqlarından bəhs etdikləri söhbətləri dinləyirdilər. Eyni söhbətlər, eyni kədər və ağlayışlar. Mənə görə, onsuzda cəmiyyətimizdəki ən qeyri-səmimi yerlər yas mərasimləridir. Yasdan qayıtdıqdan sonra çox ağladıqlarından, ya da özlərini buna məcbur etdiklərindən – “Ağlamaqdan başım ağrıyır”– şikayətlənən insanlar var. Sırf digərləri onun mərhuma nə qədər dəyər verdiyini görsünlər deyə. Bu yaşlar isə onun cansız bədəninə zərrə qədər də gərək deyil.

Artıq bir müddətdən sonra mollalarda səhv tutmağa da başlamışdılar. Mollaların da hamısı öz işlərinin ustası deyildi. Digərlərinin söylədikləri ilə tutuşmayan məlumatları eşitdiklərində artıq bu işə bir son verməyi qərara aldılar. İki həftə keçmişdi. Bu elə də az bir zaman deyil.

Artıq qəbistanlığa getməməyi qərara almaq bildirməsə də Leylanı məyus etmişdi. Yolda daha az danışır, heç gülmürdü. Qəbirstanlıqdan çıxdıqdan sonra bir xeyli yol getmişdilər. Artıq insanların arasına qarışmışdılar. Leylanın danışmadığını görən Nihad da susmuşdu. Susmaq insanların ən böyük ehtiyaclarındandır. Çoxları bilməz.

Ətraflarından – bəzi halda içlərindən– keçən insanların söhbətlərinə qulaq asaraq yeriyirdilər. Onlarda isə fərqli söhbətlər yox idi. Hamısı günəşli, amma soyuq havadan şikayətlənirdilər. “Qalın geyinirsən isti olur, nazik geyinirsən soyuq olur” və sairə, və sairə. Əsrlərin köhnəlməyən bəşəri dərdləri. İnsanların illərdir fikirləşdikləri, amma hələ də həllini tapa bilmədikləri, bütün insanlar üçün fəlakət sayıla biləcək “fəlakət”lər.

Nihadın bu mövzudakı zarafatı Leylanı güldürdü. Nihad bu mövzuda ardı-arası kəsilməyən zarafatlar etməyə başladı. Bu zarafatların bəziləri gülməli, bəziləri isə deyildi. Amma iki həftənin yorğunluğu onlarda əsəb pozğunluğu yaratmışdı. Demək olar ağızdan çıxan hər sözə qışqıraraq gülürdülər. Əgər onları görən və eşidən olsaydı üzərlərinə qəribə baxışlar zilləyər, bu qədər rahat olduqları üçün qınayardılar. Yolda gedərkən bir oğlan və qızın ucadan güldüklərini düşünsə-nizə. Nə fikirləşərsiniz? Axı küçənin ortasında bu tərzdə gülünəcək nə ola bilər. Yəqin ki, əxlaqlarında problem var. Xüsusən də qızın.

Amma bu artıq onların vecinə deyildi. İnsan öldükdən sonra daha yaxşı anlayır. Hər insan bir dəfə ölüb dirilməlidi, həyatda bir dəfə ölümün üzünü görməlidir. Bəlkə o zaman həyatın mənasını anlayar, özünü lazımsız sərhədlərlə çevrələməz, həyatlarını hədəflərlə müəyyənləşdirilmiş dar yollara salmazdılar. Daha çılğın olar, daha geniş maraq dairəsinə sahib, daha rahat dostluqlar quran biriləri, qısacası daha azad insanlar olardılar.

Gülmək istədikdə gülər, ağlamaq istədiklərində ağlayardılar. Yaşarkən insan bunları düşünmür, nəyə lazım olduğunu bilmədiyi qəliblərə salır özünü, çox vaxt onlarda tapır. Onların düşüncələri ilə müstəqil idarə olunurlar. Daha sərbəst olan, dostluq qurmaqda problem yaşamayan qızlar mütləq ki, fahişədirlər. Yaxşı, bu bir az ağır oldu. Amma mütləq ki, o çox yaxın olub, uzaqdan dost görünümü yaratmaq istədiyi oğlanla yatmışdır. Yəni, başqa bir şey mümkündürmü? Bir qızın oğlanla bu qədər yaxınlıq qurmağına başqa nə səbəb ola bilər?

Ya da saçını uzadıb, sırğa taxan oğlan, qızlarla daha yaxın olan biri. Bunları etməsə də olar. Hansısa ictimai yerdə özünü saxlaya bilməyib ağlayan oğlan. O, oğlan deyildir. Utancdır kişilik adına. Mavidir o. Başqa hansı oğlan qulağına sırğa taxar, bütüb gün qızların əhatəsində olar ki? Onlar daşlanmalı və cəmiyyətdən qovulmalıdırlar. Amma içlərinə girsək, dərinliklərinə baxmaq imkanımız olsa bir dəfə axşam 8-də evdə olan hər kəsin bu rahatlığın arzusunda olduğunu görərik. Yoxsa niyə hər gecə seriallara baxıb ordakı personajlara bu qədər bağlansınlar ki? Özlərini onların yerinə qoyduqları üçün hər halda. Onların yerinə qoyub xəyallarda yaşadıqları üçün. Bu sizə birini xatırlatdımı? Dediyim siz deyilsiniz, Nihaddır. Axı sizə onun düşüncələrlə xoşbəxt olan birisi olduğunu söyləmişdim.

Fərqlilərdə var, təbii ki, bu qəliblərdən çıxan və ya ona heç girməyən insanlar. Öz həyatlarını yaşamaq üçün əxlaqsız və ya mavi damğasını yeyənlər. Amma onsuzda çox zaman başqalarının sözləri onların vecinə olmur. Leyla ilə Nihad uzun müddət bu haqda müzakirə apardılar. Söhbətin zarafatlardan bu yerə necə çatdığından isə soruşsanız heç birinin xəbəri yox idi. Keçən günlər ərzində bir-birilərinə daha yaxın olmuşdular. Leylanın gülərüzlülüyü, səmimiliyi Nihada da təsir etmişdi. Artıq hər hansı bir mövzu haqqında danışmaq kimi problemləri olmur, eyni bir şey haqqında saatlarla danışa bilirdilər.

Nihad artıq özünü dostlarının yanında olduğu kimi hiss eləyirdi. Bəlkə, daha da yaxşı. Çünki çox vaxt söhbətin dərinliklərinə qədər getmirdilər (Nihad bunu fərqli düşüncələrə sahib olmaları ilə izah edirdi, belə fərqliliklərlə necə dost qala bildikləri isə maraqlıydı. Ara-larından birini çıxmaq şərtilə söhbətləri çox vaxt qızlar və futbol kimi ucuz mövzularda qalır, vaxtlarının çoxunu oyuna sərf edirdilər).Ya da bu qədər yaxşı hiss etməsinin səbəbi artıq yalnızca Leyla ilə söhbət etmə imkanına sahib olması və Leylanın ona özünü yaxşı hiss etdirməsi idi. Amma hər şeyə – hətta ölümündən sonra onları cəmi bir dəfə ziyarət etməsinə– rəğmən onları çox sevirdi. Həyatdakı ən xoş anları onlarla bağlı idi, hər zaman onun yanında olan dostları. Bir dəfə getməyinin səbəbi də var idi, təbii ki. Ölümündən bir həftə sonra hər zaman oturduqları, saatlarla danışıb güldükləri, oyun oynadıqları çay evinə getmişdi. Və o gün uzun müddət buraya gəlməməyi qərara almışdı. Dostları onun yasını saxlayır, onun xatirələrindən danışır və bəzən də göz yaşlarına sahib çıxa bilmirdilər. Dostlarının onu bu qədər çox sevmələri onun sevgisinin də boş olmamasını göstərsə də onları belə görmək sadəcə dayanılmaz idi. “Təsəvvür et, dostun sənə görə ağlayır, sən isə onun çiyinlərini qucaqlayıb, gözyaşlarını silə bilmirsən” demişdi bir qədər kövrək səslə.

Bu kövrəkliyin arxasında bir az təəssüf də var idi, peşmanlıq da. Necə keçdiyini bilmədiyi son illərdə onlara kifayət qədər vaxt ayırmamışdı. Dostları ona kömək etmək, yanında olmaq istəyirdilər. Amma Nihadın ehtiyac duyduğu yeganə şey tək qalmaq idi. Heç kim onu başa düşməzdi, düşə bilməzdi.

–Nihad, bəlkə, Günəşin batmasını seyr edək– Leylanın səsi onu düşüncələrindən ayırdı. Bu zaman göydələnin qarşısında dayanmışdılar. Leylanın təklifinə təbəssümlə cavab verdi:

–Niyə də yox? Bunu heç zaman etməmişəm.

–Təxmin etmişdim.

–Necə?

Leyla cavab əvəzinə Nihadın əlindən tutub ardınca apardı. Ruh olmanın üstünlüklərindən yenə də faydalanmağa başladılar. Onları heç kim görmədiyi üçün istədikləri yerə gedə bilirdilər. Binanın damına çıxdılar və qərbə tərəf ayaqlarını binadan aşağı sallayaraq oturdular. Hava buludsuz, şəffaf idi. Mavi səma üfüqdə dağlarla kəsişərək uzanır və arxasında kölgə kimi görünən yerlərdə neçə-neçə sirləri saxlayırdı. Günəş yavaş-yavaş əyilir, sanki, səma və dağların kəsişdiyi yerə çatmaq üçün can atırdı. Hava getdikcə rəngini dəyişir, səmada çəhrayı tonlar yaranmağa başlayırdı. Nihad bu mənzərəni ilk dəfə seyr edən hər insan kimi (Sözsüz ki, hər biriniz Günəş batdığı zaman səmanın rəngini dəyişməsini görmüsünüz. Amma neçəniz qürubu tam anlamıyla seyr etmisinizki?) hüzurla dolmuş, bütün dərdlərini unutmuş kimiydi. Bu hündürlükdən küçədə gəzən insan topluluğunu izləmək də əyləncəli idi. Onların sayı getydikcə artırdı. Yəqin ki, iş saatı bitmişdi.

–Leyla, sən nə işləyirsən? Yəni işləyirdin?

–Uşaq evində tərbiyəçi idim.

– Heç yerdə oxumamısan?

– Oxumuşam.

–Yəqin ki, pedaqogika üzrə oxumusan hə?

–Yox, Xəzər universitetində Beynəlxalq Münasibətlər fakültəsini bitirmişəm. Qırmızı diplomla.

– Beynəlxalq Münasibətlər fakültəsini qırmızı diplomla bitirmək və uşaq evində tərbiyəçi işləmək? – Nihad təəccübünü gizlətməyərək soruşdu– Axı niyə? Bu işi görə biləcək yüzlərlə insan var. Amma o ixtisası qırmızı diplom ala biləcək səviyyədə bitirən adamlar isə elə də çox deyil.

–Uşaqları çox sevirdim.

–Onları başqa cür də sevə bilərdin. Bunun üçün təhsili zay edib tərbiyəçi işləmək lazım deyildi.

–Hər halda bu, mənim seçimim idi: Xəzər universitetində oxumaq da, uşaq bağçasında tərbiyəçi işləmək də. İncimək lazım deyil, amma sadəcə bunu müzakirə etmək istəmirəm. Sənə danışmağa hazır olmadığım şeylər var, ya da özümə xatırlatmaqdan qorxduğum. İnsanların həyatında bəzi dönüş nöqtələri olur. Məndə də oldu və karyera mənim üçün mənasını itirdi.

– Yox, incimirəm. Sadəcə anlamıram.

–Bəs sən? Sən nə işləyirdin?

–Mən bankda. Kreditlərin verilməsi şöbəsində işləyirdim.

–Yəni?

–Yəni, müraciət edən insanları araşdırır, onların aldığı kreditləri ödəyib-ödəyə bilməyəcəkləri haqqında nəticə çıxarırdım.

–Sıxıcı işə oxşayır.

–Elə idi.

–Necə? Məgər, işini sevmirdin?

–Elə də yox.

–Bəs onda niyə işləyirdin.

–Sevmirdim, amma məcbur idim.

–Nihad, insan həyatda heç nəyə məcbur deyil. İşini sevmirdinsə başqa bir şey yoxlaya bilərdin, yenidən təhsil ala bilərdin.

–Yenidən dörd il oxumaq?

–Sevmədiyin bir işdə işləyib bir ömür itirməkdənsə dörd il oxumaq daha yaxşı deyilmi, səncə?

–Əslində belə bir fikrim var idi. Psixologiya üzrə ikinci təhsilimi almaq.

– Psixologiya? Maraqlıdı. Bəs nəyə görə psixologiya?

–Çünki psixologiya arzularıma körpü olacaqdı. Dörd il oxuyacaqdım sonra isə sevdiyim işlə məşğul olacaqdım. Müxtəlif insanlar tanıyacaq, müxtəlif hekayələr eşidəcəkdim.

–Körpü. Bəs körpünü keçəndə?

–Körpünü keçəndə kitablar yazacaqdım, romanlar, hekayələr. Yazdığım əsərlər hər yerdə oxunacaq, aşiqlər bir-birilərinə eşqlərini mənim sözlərimlə elan edəcəkdilər, atalar oğullarına mənim sözlərimlə yol göstərəcəkdilər. Sözlərim onlar üçün qaranlıqda işıq, bir sığınacaq olacaq, onlara yoldaş olacaqdı. Sonra mən yenə körpülər keçəcək yenə yazacaqdım. Evim belə olmayacaqdı. Karavanda yaşayacaq, heç yerdə iki-üç ildən artıq qalmayacaqdım, bəlkə, heç o qədər də yox.

–Niyə? Axı bir yerdə yaşamağın nəyi pisdir? Həm karavanda nə qədər yaşaya bilərdinki?

–Pisdir. Çünki insanlar bağlandıqca bağlanır, kök salırlar. Vərdişləri yaranır, qalmaq üçün getdikcə daha çox səbəbləri olur. Dostluqlar, şərait qururlar özlərinə və sonra onlardan ayrılmaq daha çətin gəlir. Monotonlaşırlar. Bu kimin üçünsə yaxşı ola bilər. Bir yerə bağlı olub gələcəyini sığortalamaq. Amma mənim arzularım üçün əngəl idi. Daha çox yerə getməliydim, daha çox görməli, kitablarımı oxuyan-oxumayan daha çox insanla söhbət etməli idim. Yalnız bu zaman yazdıqlarım onlara doğma gələr, məni özlərindən biri kimi görərlərdi. Və bir gün, bir gün hər hansı bir kafedə, ya da kitab evində insanların əlində kitablarımı, onların həvəslə oxunmalarını görmək. Bu, yəqin ki, mənim həyatımın ən gözəl anı olardı, – bu sözləri deyərkən gözləri həsrətlə uzaqlara baxırdı. Əlçatmaz uzaqlara.

–Axı burda qalmağın yazmamağın üçün bəhanə deyildi. Onsuzda niyə getmədiyini başa düşə bilmirəm.

–Qorxdum.

–Axı nədən?

–İtirməkdən. Bu qədər ili, qurduğum həyatı itirməkdən. Ailəm, dostlarım, demək olar ki, hər kəs bu istəyimə soyuq yanaşdılar. Çünki bu digər işlərdən daha çətin görünürdü onlara. Kitab yazmaq sadəcə yazıb bitirməkdən ibarət deyil. Hamısı arzuma yalnız iqtisadi cəhətdən yanaşırdılar. “Tutaq ki, kitab yazdın bəs necə satacaqsan?”, “Pul qazanmaq istəyirsənsə daha ciddi işlərlə məşğul olmalısan”. Heç kim bunun puldan daha önəmli olduğunu düşünmürdü.

Oxuduğum fakültənin prestiji oranı qurtardıqdan sonra psixologiya oxuma istəyimi gülünc hala salırdı başqalarının nəzərində. Belə yeri qurtarıb rahat iş tapmaq olardı, yaxşı maaşlı bir iş. Altmış yaşına kimi xoşbəxt olmadığım bir işdə işləyəcək olmağım isə heç birinin vecinə deyildi. Çünki mənim yaxşı evim, maşınım olacaqdı (bu Leylaya ilk görüşdə söylədiklərini xatırlatdı). Amma işləməkdən axşam evə yorğun qayıdacağım, vaxtım olmadığından maşınımı doya-doya sürməyəcəyim heç kimin vecinə deyildi. Və bəzi seçimlər etməli idim. Mən sevgini seçdim. Onun verəcəyi xoşbəxtliyi yaşamaq üçün çox gözləmək istəmədik.

– Sevmək gözləmək deyilmi? Yəni sevən insan üçün zamanın bu qədərmi önəmi var? Hələ onunla birlikdə kəşf edəcəyin yeni dünyalar varsa önündə.

–Bunu o zaman düşünmürsən. İnsan sevərkən başqa heç nə düşünmür. Digər bütün insanları, arzularını, həyatını, hər şeyi, amma hər şeyi onun uğrunda heç düşünmədən fəda eləyə biləcəyini düşünür sadəcə.

–Bu saydıqlarının heç biri sevgidən önəmli deyil, əslində.

– Bilirəm. Mən qaldım, magistratura oxudum, işə girdim, yüksəldim. İşləməkdən yazmağı da, xəyallarımı da, karavanda gəzəcəyim şəhərlərin adlarını belə unuttum. Bu hala nə vaxt gəldiyimi hiss etmədim belə.

– O? Xoşbəxtliyi birlikdə gözlədiyin qadın?

– O getdi. Sadəcə getdi. Bəlkə bir gün danışaram.

– Peşmansanmı?

– Deyiləm. Verdiyim qərarlara, yaşadığım hisslərə görə peşman deyiləm. Hər dəfəsində bir şey öyrəndim. Sevginin mənasının dəyişəbildiyini öyrəndim, məsələn. İnsanın hədəflərini, arzularını sevgiyə görə tərk etməməli olduğunu öyrəndim. Əgər hər birimizin həyatda müxtəlif yeri, rolu varsa bunu müəyyən edən arzularımızdır. Əgər yaşadığın hisslər səni yolundan döndərməyə, bir yerə bağlı saxlamağa çalışırsa bu sevgi deyil. Bağlılıqdır, birgə yaşama istəyidir. Amma sevgi deyil.

– Davam elə, xahiş edirəm. Səni dinləmək istəyirəm, – Leylanın gözlərində həyatında uzun müddət olmayan bir parıltı vardı. Nihadı tanımağın gətirdiyi parıltı. Artıq neçə gündür ki, Nihadla birlikdə yaşayırdı, amma bu günlər ərzində onun belə dərin ola biləcəyi ağlına gəlməmişdi. Nihad da hamı kimi sadə, başqalarında biraz daha utancaq adi bir insan idi. Amma indi Nihad danışdıqca Leyla onun dünyasına girməyə başladığı üçün özünü xoşbəxt hiss edirdi.

– Nə deməyimi istəyirsənki?

– Arzular və sevginin arasındakı bağlılıqdan danışmanı.

– Dediyim kimi bu həyatda yerimizi müəyyənləşdirən sevgi və arzulardır. Arzular tablo, sevgi isə onun rəngidir. Sevgi üçün bütün arzularını tərk etdiyini düşün. Bir ton rəngin var, amma rəngləyəcək, demək olar ki, heç nəyin yoxdu. Bütün həyatın boyu özünə tapa bildiyin kiçik bir yeri rəngləyirsən ancaq. Boya qopur, ətrafa səpələnir. Səni hərəkət etməyə qoymur və bu sənə əzab verməyə başlayır. Sevgin azalmır, amma dəyərini artıq əvvəlki kimi anlaya bilmirsən. Sevirsən, amma nə qədər çox sevsən də sevginlə yaşaya bilmirsən. Çünki o səni boğur və qurtulmalı olduğunu düşünürsən. Qarışıq və nizamsız sevgindən.

Ya da çox gözəl bir bağ tablon olduğunu düşün, amma ağ-qara. Sevgisiz arzuların kimi ağ-qara. Çiçəkləri bir-birindən ayırd edə bilmirsən, bağdan axan arxın hər tərəfi bürüyən xırda otların rəngilə yaşıla büründüyünü görmürsən, çünki orda suyun olub-olmadığı belə şübhəlidir sənə. Günün hansı çağını yaşadığını belə bilmirsən. İndi orda olsan çəmənlikdə səhər şehində gəzəcəyinimi, yoxsa günün istisindən ağacın kölgəsinə sığınıb dincələcəyini bilmirsən. İndi özümə baxıram da məndə vəziyyət daha pisdir, deyəsən. Çünki artıq nə xəyallarım, nə də onları rənləmək üçün sevgim var.

– Onu unutdunmu?

– Bilmirəm. Keçən illər ərzində bir daha sevmədim, bu illərin necə keçdiyini hiss etmədim əslində. Ətrafımda sevdiyim insanlar, dostlarım var idi. Amma bunlar xoşbəxt olmaq üçün kifayət idimi? Deyilmiş. Çünki karavan ağlımın bir tərəfində qaldı həmişə, mən onu unutsam da, ya da unutmağa çalışsam da o özünü, orada yaşaya biləcəyim illəri xatırlatdı mənə. Xəyallarımı unutduğumu dedim. Əslində, sadəcə unutmaq istədim. Bəlkə də, peşmanam bunları yaşama imkanını əlimdən verdiyim üçün. Amma indi bunun elə bir önəmi yoxdu.

– Mənsə bütün bunları eşitmək istəyərəm. Bütün hekayələrini, həyatını.

– Mən də. Mən də sənin. Amma başqa vaxt. Sabah havanın necə olacağını bilmirik. Bəlkə də, belə gözəl bir mənzərəni bir daha izləmək üçün uzun müddət gözləməli olacağıq. Bu söhbəti açaraq mənzərənin kefini daha da qaçırmayaq. Susaq.

Günəş artıq səmayla dağların qovuşduğu yerə çatmışdı. Səmanı çəhrayı rəngə boyamış, özü isə qızarmağa başlamışdı utandığından. Sevgilisinin yanına qaçıb da ona görəndə dili tutulub danışa bilməyən aşiqlər kimiydi Günəş qürub zamanı. Utancını gizləmək, ya da sevgisini tənha yaşamaq üçün Günəş yavaş-yavaş dağların arxasında gizlənməyə başladı. Səma da qapıldı içinə, qaraldıqca qaraldı. Üzünü yalnız Günəşin görə biləcəyi tərəfə çevirdi. Bu zaman uzaqdan onların sevgisinə gizlincə tamaşa edib ilham alan ulduzlar parlamağa başladılar.

Внимание! Это не конец книги.

Если начало книги вам понравилось, то полную версию можно приобрести у нашего партнёра - распространителя легального контента. Поддержите автора!

Страницы книги >> Предыдущая | 1 2
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации