Текст книги "Sufi hekayətləri"
Автор книги: Народное творчество
Жанр: Мифы. Легенды. Эпос, Классика
Возрастные ограничения: +16
сообщить о неприемлемом содержимом
Текущая страница: 1 (всего у книги 10 страниц) [доступный отрывок для чтения: 3 страниц]
Sufi hekayətləri
ÖN SÖZ
İslamda ezoterik cərəyan sayılan, tərki-dünyalığı və ali ruhaniliyi təbliğ edən sufizm (təsəvvüf) hələ də qırx qapı arxasında möhürlənmiş sirr olaraq qalır. Bununla belə, əsrlərin süzgəcindən keçmiş bu cərəyana qısa baxış keçirməyə cəhd edək.
Sufilər Allaha birbaşa qovuşmağın mümkünlüyünə inanan və həyatı boyu Haqqa can atan şəxslərdir. Onlar məlum məqsədlərinə tabe etdirdikləri həyatlarını Yol adlandırırlar.
Sufizm təcrübədən nəzəriyyəyə doğru yol alıb və onun ilk daşıyıcıları islam dünyasını dolaşan dərvişlər olub. Allaha gedən yolda vasitəçinin olmadığını söyləyən bu adamlar zaman-zaman təqibə məruz qalıb, hətta əqidələrinə görə edam olunublar. Hərçənd sonradan məşhur islam ilahiyyatçıları sufizmin inkişafına və qanuniləşməsinə təkan veriblər. Bunlardan Ömər Xəyyamın müasiri, böyük din mütəfəkkiri Məhəmməd əl-Qəzalinin adını çəkmək olar.
Məramı dünyəvi təlaşlardan azad, mənfi keyfiyyətlərdən qurtulmuş “kamil insan” yetişdirmək olan sufizm öz ardıcıllarını hər zaman ilhamlandırıb və estetika, etika, ədəbiyyat, incəsənətin inkişafında mühüm rol oynayıb. Cəlaləddin Rumi, Sədi Şirazi, Ömər Xəyyam kimi böyük mütəfəkkirlər buna bariz nümunədir.
Sufizm insanın ruh dünyasını kamilləşdirir. O, maddi dünyanın təsirini zəiflədir və şəxsin Allaha təmənnasız, sadiq xidmətinə rəvac verir. Sufinin Haqqa gedən Yolu Ustada (mürşid) itaətdən və onun göstərişlərinə əməl etməkdən keçir. Hərçənd Yola müstəqil də çıxmaq olar. Belə ki, ötən əsrlərin dahi ustadları özlərindən sonra gələnlər üçün xeyli nişan qoyublar. Bu şəxsiyyətlərin yazdıqları hələ də öyrənilməkdədir.
Oxucuya təqdim olunmuş “Sufi hekayətləri”ndə Cəlaləddin Rumi, Fəridəddin Əttar, Əhməd Yasəvi, Bəhaəddin Nəqşbəndi, Bəyazid Bistami, Şihabəddin Yəhya Sührəvərdi, İdris Şah kimi böyük ustadların və digərlərinin fikirləri yer alıb. Ən başlıcası müdrikliyi təlqin edən bu hekayətləri həm də İnsani keyfiyyətlərə və Eşqə çağırış kimi qəbul etmək olar.
USTAD SUFİLƏR
YAĞIŞ DUASI
Deyilənə görə, Qəsr əl-Arifin adlı ərazidə quraqlıq baş verir. Camaat Ustad Bəhaəddin Nəqşbəndinin yanına gəlib ondan yağışın yağması üçün dua etməsini diləyir. Sufi yanına gələnlərlə birgə bayıra çıxıb küçələri gəzməyə başlayır, nəhayət, körpəsini əzizləyən bir qadın görüb ayaq saxlayır.
– Yalvarıram, uşağını əmizdir! – Ustad deyir.
– Öz uşağımı nə vaxt əmizdirmək lazım olduğunu özüm bilərəm! – qadın cavab verir. – Niyə başın çıxmayan işə qarışırsan ki?!
Bəhaəddin şagirdlərinə qadının sözlərini kağıza yazıb camaat qarşısında oxumalarını buyurur.
ƏHMƏD YASƏVİ
Yasəvi təlim verməyə başlayanda müxtəlif niyyətli şagirdlərlə qarşılaşır. Onun söhbətlərini hər kəs maraqla dinləsə də, kütlə tezliklə müntəzəm tədris proqramı tələb etməyə başlayır.
Yasəvi onlara bildirir ki, bunun üçün xüsusi bina – təkyə11
təkyə – təriqətçilərin, dərvişlərin ayin icra etdikləri yer.
[Закрыть] tikməyi qərara alıb. Beləcə, yüzlərlə insan onun rəhbərliyi ilə altı ay tikintidə iştirak edir. İnşaat başa çatanda Yasəvi deyir:
– Bu binanın divarları arasında təhsil almaq istəyənlər lütfən sağ tərəfdə dayansın. Əleyhinə olanlarsa sol tərəfə keçsin.
İki qrup yaranandan sonra Yasəvi deyir:
– Sağ tərəfdə dayananları buraxıram: sizə heç nə verə bilməyəcəyəm, ona görə də haradan gəlmisiniz, ora da qayıdın. Yerdə qalanlar şagirdim ola bilər. Onların ilk işi isə təkyəni dağıtmaq olacaq.
Rədd edilmiş şagirdlər pərt vəziyyətdə qalır və Yasəvinin ağlının azdığı barədə şayiələr yayırlar. Amma məhz bu Allah divanəsinin yaxşını yamandan seçmə bacarığı Ustad Nəzəriyyənin binasını qurur.
BƏYAZİD BİSTAMİ
Böyük sufi ustadı Bəyazid hələ uşaq yaşlarında ikən Müəllimin yanına gedir. O, kəlmə belə kəsmədən oturub Müəlliminə baxar, bir müddət sonra sakitcə çıxıb gedərdi. Müəllim onunla düz on iki ildən sonra danışır:
– Oğlum, rəflərdəki kitabı gördünmü?
Bəyazid cavab verir:
– Bura gələndə heç vaxt sağıma-soluma baxmamışam və kitabların harada olduğunu belə bilmirəm. Yeganə məqsədim, sadəcə, qənşərinizdə oturub Sizə baxmaq və sükutunuzun gücünü özümə hopdurmaq idi.
Bunları eşidən Müəllim deyir:
– Oğlum, sən qəbul olundun!
Şagirdliyə namizədə qarşı bu cür münasibət həddən artıq sərt, insafsız görünə bilər. Amma belə yanaşma hər şeylə maraqlananları və kifayət qədər yetkin olmayanları ələməyə imkan verir. Ustad soruşmayacaq: “Sən kimsən? Məqsədin nədir?” Burnunu hər yerə soxanlara möminlərin dünyasında yer yoxdur. Bütün dünya onun ixtiyarında ola bilər, ancaq Həqiqəti dərk etmək onluq deyil.
DÜŞÜNCƏSİZLƏR
– Bu dünyanın adamları düşüncəsizdirlər, – Əcnabi deyir və şagirdlərinə fikrini sübut edəcəyinə söz verir.
Əcnabi elə həmin axşam varlı birisini evinə orucunu açmağa dəvət edir. Qonaq gəlib çıxır və onlar bir tikə quru çörəklə bir dənə xurma yeyirlər. Əcnabinin evində başqa yemək yox idi.
Evinə qayıdan zəngin sufiyə içində on min dinar olan pulqabını hədiyyə göndərir. Əcnabi hədiyyəni geri qaytarır, üstəlik, məktub da yazır: “Çörəyi yemək olar, qızıldan nə fayda var ki? Adamlar onun nəyəsə yaradığını düşünməkdə kökündən yanılırlar”. Sonra pula ehtiyacı olan birisini yanına çağırıb varlının qapısına getməyi və ondan on min dinar istəməyi buyurur. Adam qayıdanda Əcnabi soruşur:
– O sənə nə dedi?
Ehtiyacı olan cavab verir:
– Dedi ki, mənə heç nə verməyəcək.
Onda Əcnabi öz şagirdlərinə müraciət edir:
– Bu dünyanın adamları, şübhəsiz ki, düşüncəsizdirlər. Onlar qızılın da çörək kimi qiymətli olduğunu düşünürlər, hətta birini digərinə dəyişirlər. Halbuki qapılarına dürüst və pula ehtiyacı olan birisi gələndə ona rədd cavabı verməklə haqlı olduqlarını hesab edirlər. Əgər onlar özlərini normal sayırlarsa, gəlin biz onların hesab etdikləri dəli kimi olaq.
ATLI VƏ İLAN
Deyirlər ki, bilikli adamın “qəddarlığı” səfehin “xeyirxahlığından” yaxşıdır.
Yol gedən atlı zəhərli ilanın yerdə yatmış birisinin aralı qalmış ağzına girdiyini uzaqdan görür. Zavallının bədbəxt hadisənin qurbanı olacağını anlayıb atını tez ora çapır və hələ də yuxuda olan bixəbəri qamçılamağa başlayır. Yerindən dik atılan adam nə baş verdiyini anlamayıb gözlərini bərəldir. Atlı bu dəfə onu yaxınlıqdakı ağaca tərəf qovub yerə səpələnmiş çürük almaları yeməyə məcbur edir. Sonra yenə qamçısını işə salıb bu dəfə çaya tərəf qovur və suyu hortultu ilə içməyə məcbur edir.
– Axı günahım nədir ki, mənə bu qədər əzab verirsən?! – zavallı boğula-boğula söyləyir.
Amma amansız atlı biçarəyə qaş qaralanadək işgəncə verir. Sonda o dözməyib qusmağa başlayır və çürüntü ilə birgə ilanı da tüpürür. Yalnız onda qurtulduğunu anlayıb xilaskardan üzr istəyir və deyir:
– Nə baş verdiyini mənə əvvəlcədən söyləsəydin, müalicəni məmnuniyyətlə qəbul edərdim.
– Sənə hər şeyi əvvəlcədən söyləsəydim, mənə inanmazdın, ya da qorxudan qaçıb gedərdin, ən pisi isə olanları unutmaq üçün yenidən yuxuya gedərdin və onda axırın çatardı.
BƏYAZİD VƏ LOVĞA
Bir nəfər IX əsrin böyük sufilərindən olan Bəyazid Bistamini qınayıb deyir:
– Otuz ildir oruc tuturam, namaz qılıram, amma sənin vəd etdiyin təsəllini tapa bilmirəm.
– Üç yüz il də oruc tutsan və namaz qılsan, təsəlli tapan deyilsən.
– Niyə? – aydınlanma axtarışında olan soruşur.
– Çünki lovğasan, – müdrik cavab verir.
– Bəs bundan necə qurtulum?
– Bir çıxış yolu var, amma sənə uyğun gəlməyəcək.
– Yenə də de görüm.
– Bərbərin yanına gedib saqqalını qırxdırmalı, sonra üst paltarını soyunmalı, belbağıyla qurşanmalı və boynundan içi qozla dolu torba asmalısan. Bütün bunları edəndən sonra bazar meydanına yollan və dil boğaza qoymadan qışqır: “Boynuma zərbə vuran hər kəsə qoz verəcəyəm”. Sonra məhkəmə binasının qarşısında gəziş ki, şəhər qazısı səni bu vəziyyətdə görsün.
– Axı mən söylədiklərini etmək iqtidarında deyiləm. Yalvarıram, mənə başqa yol göstər.
– Bu, məqsədə doğru ilk və yeganə mümkün olan addımdır, – Bəyazid söyləyir. – Amma xəbərdar etdim axı, söylədiyim çıxış yolu xoşuna gəlməyəcək. Buna görə də sənə çarə yoxdur.
MİNNƏTDARLIQ MƏKTUBU
Rum ölkəsinin baş nazirinin qəbulundan evə qayıdan Şərif Şah dərhal şəhərin ən yaxşı xəttatına şit tərif və bayağı ehtiram dolu məktub yazdırır. Bunun şahidi olan bir mütəfəkkir ona deyir:
– Şərif Şah! Bu məktubu nazirə göndərsəniz, ya yaltaqlığınız onu özündən çıxaracaq və sizi bir daha evinə dəvət etməyəcək, ya da adamların guya səcdənizin ona təsir etdiyini düşünməsindən çəkinib sizə sarayda heç vaxt yüksək vəzifə tapşırmayacaq.
Şərif Şah gülümsünüb deyir:
– Tamamilə düzgün buyurursunuz. Nazirə qoyduğunuz diaqnoz əla filosof olmağınıza bariz sübutdur. Amma, deyəsən, barəmdə düşündükləriniz elə öz təkəbbürünüzü təhrif etdi. Məsələ burasındadır ki, indicə eşitdiyiniz sözləri məhz saraydakı qəbullardan uzaq durmaq üçün yazdırdım. Sarayda vəzifə almaq isə mənim üçün qəbula düşməkdən də arzuolunmazdır.
ANA HÜNƏRİ
Peyğəmbərin dövründə Umm Abdallah adında mömin bir qadının on səkkiz yaşlı oğlu xəstələnib ölür.
Qadın ah-vay etmir və fikirləşir ki, tarladan yorğun-arğın qayıdacaq ərinə bu hüznlü xəbəri necə çatdırsın. Kişi işdən qayıdıb oğlunu soruşanda deyir:
– Oğlumuz yatıb, onu oyatma.
Sonra qadın ərinə şam yeməyi verir və müsibətdən bixəbər ər məscidə gedib-gəlir, gecəni arvadının qoynunda rahatca yatır. Səhər qadın ərinə deyir:
– Dünən qəribə bir hadisənin şahidi oldum: qonşularımıza saxlamağa nəsə vermişdilər, sonra sahibi gəlib verdiyini geri istədi. Onda onlar nalə çəkib şikayətlənməyə başladılar.
Kişi deyir ki, qonşuları səfehdir. Bu sarsaqlar axı onların üzərinə qoyulmuş öhdəlikdən azad olmuşdular. Onda qadın ovladlarının ölüm xəbərini ərinə açıb deyir. Qadının hünərinə heyran qalan ər ağır itkini mətanətlə qarşılayır.
SUSQUN ŞEYX
Məşhur sufi şeyxi İbrahim ibn Ədhəm yolda bir atlıyla rastlaşır. Atlı ondan yolu soruşur. İbrahim əlini göyə qaldırır.
Atlı boş zarafat etməyi buraxıb ona şəhərin yolunu göstərməyi xahiş edir. Onda şeyx qəbiristanlığı göstərir.
Özündən çıxan atlı şeyxin üzünü qamçılayır. Bir kəlmə belə söyləməyən İbrahim bulaq başına gedib üzünün qanını yuyur.
Yoluna davam edən atlı az sonra bir dəstə adamla rastlaşır. Onlar kimisə axtarırdılar. Atlı onlardan kimi axtardıqlarını soruşanda bu cavabı alır:
– Biz günahlarla dolu şəhərimizə ayaq basmaq istəməyən İbrahim ibn Ədhəmi axtarırıq, onun pişvazına çıxmışıq.
Adamlar atlıya şeyxin yerini deyərsə, mükafatlandırılacağını söyləyirlər. Atlı onun zahiri əlamətlərinin necə olduğunu soruşur. Onlar İbrahimin geyimini təsvir edirlər: qolsuz, keçə əba. Az əvvəl şeyxlə rastlaşdığını anlayan atlı hönkür-hönkür ağlayır.
Xeyli axtarandan sonra, nəhayət, İbrahimi çay kənarında möhkəm yuxuya getmiş halda tapırlar. Atlı ondan üzr istəyir və bundan belə bir daha heç kəsin xətrinə dəyməyəcəyini vəd edir.
FƏZL-RƏBBİ KİMİ OL
Kasıb bir qoca bəzi məsələləri müzakirə etmək üçün Fəzl-Rəbbini görməyə gedir. Əldən düşmüş əsəbi qoca bilmədən əsasının dəmir ucluğunu Fəzl-Rəbbinin ayağına sancır.
Qocanı izzətlə dinləyən Fəzl-Rəbbi bir kəlmə belə söyləmir, hərçənd üzü ağrıdan gah kağıztək ağarır, gah da közərmiş dəmirtək qızarır. Qoca danışıb qurtarandan sonra Fəzl-Rəbbi ondan kağızı alıb imzasını atır.
Xahişinin yerinə yetməsindən məmnun qalan qoca, nəhayət, çıxıb gedəndən sonra Fəzl-Rəbbi ağrıya təslim olub yerə sərilir. Bu hadisənin şahidi olan adlı-sanlı bir adam soruşur:
– Ağa, qoca ağılsızlığının ucbatından əsasının dəmir ucluğunu ayağınıza batırdı. Ayağınızı qan götürüb getsə də, ağrıdan qovrulsanız da, bunu heç nə ilə büruzə vermədiniz.
Fəzl-Rəbbi cavab verir:
– Bəli, mən ağrımı gizlətdim, çünki qocanın pərt olacağından və utanaraq çıxıb gedəcəyindən, ona yardım edə bilməyəcəyimdən qorxdum. Axı onun mənə ehtiyacı vardı, qocanın qayğılarına mən də nəsə artıra bilməzdim.
Həqiqi insan ol: Fəzl-Rəbbinin fədakarlığından ibrət götür.
HƏQİQİ ARZULAR
Vaxtaşırı moizə oxuyan Rəşid Sitarzadə dinləyicilərin çoxsaylı suallarını həvəslə cavablandırırdı. Onun məclisinə gələnlər arasında tez-tez üç gənc də görünməyə başlayır. Onlar mərifətsizlik edib ustadın sözünü kəsir, mübahisə edir və zəhlətökən suallar verirdilər. Rəşid onlardan yaxa qurtarmaq qərarına gəlir. Moizələrin birindən sonra onlardan qalmağı xahiş edir.
– Siz mənim hər şeyi bilmək istəyən ən inadkar dinləyicilərimsiniz, – o deyir. – Mənə həmişə çoxlu maraqlı suallar verirsiniz. Buna görə hərənizin bir arzusunu yerinə yetirmək istəyirəm.
– Mən yaman çox papiros çəkirəm, – onlardan biri dillənir, – və əlbəttə ki, bu ziyanlı vərdişdən yaxa qurtarmaq istəyirəm.
– Əla, – Rəşid cavab verir. – Bəs siz?
– Mənsə musiqini sevirəm, – digəri cavab verir.
– Həmişə sirinqada çalmağı öyənmək istəmişəm!
– Lap yaxşı. Bəs siz, cavan oğlan?
– Mən işsizəm. İş tapmaq istəyirəm. Amma heç kəs məni işə götürmür, – deyə üçüncü cavab verir.
– Çox pakizə, – Rəşid Sitarzadə deyir. – Arzularınız həyata keçə bilər. Sabah yanıma gəlin, sizə adamları siqaretdən çəkindirən loğmanın, sirinqada çalmağı öyrədən musiqi məktəbinin və mənim zəmanətimlə iş verəcək şəxsin ünvanını deyim.
Rəşidin loğmanın harada yaşadığını, musiqi məktəbinin harada yerləşdiyini və kənddə kimin işçiyə ehtiyacı olduğunu öyrənmək fikri yox idi. Təxmin etdiyi kimi, bu gənclərdən heç biri bir daha onun yanına gəlmədi.
RUMİNİN BƏSİRƏTİ
İşləri düz gətirməyən təbrizli tacir Rumini görmək üçün Konyaya gəlir. Ustada təqdim etmək üçün özü ilə əlli qızıl sikkə də götürür. Otağa daxil olub Mövlananı görəndə həyəcandan özünü itirir.
Cəlaləddin deyir:
– Əlli qızılın qəbul olundu! Amma sən iki yüz itirmisən, gəlişinin səbəbi də budur. Allah səni cəzalandırıb, indisə yol göstərir.
Ruminin bəsirəti taciri heyran qoyur. Mövlana davam edir:
– Bir dəfə uzaq Qərbdə, xristian dünyasında, xristian dərvişin yanından ötüb-keçəndə onun üzünə tüpürmüsən, buna görə də işlərin pis getməyə başlayıb. Get onu tap və üzr istə, bizim də salamlarımızı çatdır.
Açıq kitab kimi oxunduğunu görən tacir lap özünü itirir.
– Bura bax, – Cəlaləddin deyir, – indi onu sənə göstərərik.
Ustad bu sözləri deyib divara toxunur və tacirin gözləri qarşısında Avropadakı bazar, bir də yerdə uzanmış dərviş canlanır. Tacir Ruminin yanından sarsılmış halda ayrılır.
O, dərhal Avropaya yollanır və xristian dərvişi tapır. Tacirin yaxınlaşmağı ilə onun dilə gəlməyi bir olur:
– Ustad mənimlə əlaqə saxladı.
Tacir dərvişin göstərdiyi istiqamətə baxır və Cəlaləddini görür. Mövlana deyir:
– Onun dağında yaquta da, çınqıla da yer var.
Konyaya qayıdan tacir Rumiyə xristian dərvişin salamını çatdırır və özü də dərviş icmasına qoşulur.
AXTARDIĞIN DAXİLİNDƏDİR
Bir dəfə sufi mistiki Rəbiyyə axşam saatlarında balaca evinin qabağında, küçədə nəsə axtarırdı. Günəş batmaqda, qaş qaralmaqda idi. Onun başına bir dəstə adam yığışır. Camaat soruşur:
– Nə edirsən? Nə itirmisən? Nə axtarırsan?
– İynə itirmişəm, – qadın deyir.
– Hava artıq qaralır, iynəni tapmaq çətin olacaq, gəl sənə kömək edək. Hara düşdüyünü xatırlayırsan? Küçə böyükdür, iynəsə balaca. Yerini dəqiq bilsək, tapmaq asan olar.
– Kaş ki bu sualı verməyəydiz, – Rəbiyyə deyir, – açığı, o, küçədə deyil, evdə düşüb.
Camaat gülə-gülə deyir:
– Ağlının azdığını onsuz da bilirdik! İynə evdə düşübsə, onu niyə yolda axtarırsan ki?
– Sadə və məntiqi səbəbdən, – Rəbiyyə cavab verir. – Evin içi qaranlıqdır, bayırsa hələ bir az işıqlıdır.
Camaat qəhqəhə çəkib dağılışmağa başlayır. Rəbiyyə onları geri çağırıb deyir:
– Ayaq saxlayın! Məhz siz belə edirsiniz; mənsə, sadəcə, nümunə götürürəm. Siz xoşbəxtliyi zahirdə axtarırsınız, halbuki əsas sualı verməyi unudursunuz: onu harada itirmisiniz? Mənsə deyirəm: onu daxilinizdə itirmisiniz. Siz səadəti sadə və məntiqi səbəbdən, duyğu orqanlarınız zahirə yönəldiyindən və orada azacıq işıq olduğundan xaricdə axtarırsınız. Mənsə öz təcrübəmdən çıxış edib deyirəm ki, xoşbəxtliyi orada itirməmisiniz. Mən də onu illər boyu zahirdə axtarmışam, amma bir gün daxilimə nəzər salıb heyrətləndim. Axtarmağına dəyməzmiş: axı o, həmişə içimdə olub…
QAYÇI
Ürək nevrozundan əziyyət çəkən bir nəfər Ruminin yanına gəlib deyir:
– Gəzmədiyim loğman qalmayıb, heç kəs dərdimə əlac tapa bilməyib. Sizə pənah gətirmişəm.
Ustad qonağı diqqətlə seyr edib azacıq fikrə gedir və deyir:
– Mənə qayçı gətirin.
Şagirdlər qayçını gətirənədək yerindəcə əsəbi halda qurdalanan qonaq sonda səbrini basa bilməyib soruşur:
– Olmaya ürəyimi kəsmək istəyirsiniz?
Rumi qəhqəhə çəkib deyir:
– Mən cərrah deyiləm, özü də qayçı ilə ürəyi əməliyyat eləmək barədə ilk dəfə səndən eşidirəm.
Nəhayət, qayçını gətirirlər və Rumi qonağın köynəyindəki düymələrdən birini kəsib tövsiyə edir:
– Bunun yerinə başqasını tikmə, üstəlik, ora toxunma.
Rumi həmin adama iki həftədən sonra gəlməyi tapşırır və deyir ki, bu müddət ərzində yaxşılığa doğru dəyişiklik olacağını gözləyir.
İki həftədən sonra qayıdıb gələn şikayətçinin bu dəfə üz-gözündən sevinc yağır:
– Həkim məni müayinə elədi, ürəyimi də dinlədi və hər şeyin qaydasında olduğunu dedi. Möhtərəm, olmaya siz düyməmdən zalım ruhları qovdunuz?
Rumi gülümsəyərək cavab verir:
– Həmişə köynəyinizin ürəyinizə yaxın olan düyməsini sıxır və oynadırdınız. Ürəyinizi gəmirən “ruh” elə bu düymə idi. Onu kəsməklə və sizə həmin yerə toxunmağı qadağan etməklə ürəyinizi əlinizin əsəbi hərəkətlərindən azad etmiş oldum.
MÜƏLLİMİN ÖHDƏLİKLƏRİ
Birisi Bəyazid Bistamidən xahiş edir:
– İcazə ver sənin ailənin üzvü olum.
– Bunun üçün bir neçə tələbimi yerinə yetirməlisən, – Bəyazid deyir. – Həqiqətən şagirdlik etmək istəyirsənsə, çoxlu öhdəliyin olmalıdır.
Namizəd soruşur:
– Bu nə öhdəliklərdir ki?
Müəllim cavab verir:
– Qış qapını kəsdirib. Meşəyə gedib çırpı yığmalısan. Növbədə mətbəx işləri var. Daha sonra nə etmək lazım olduğunu da deyəcəyəm.
Namizəd deyir:
– Amma mən Həqiqət axtarışındayam. Bu işlər mənə necə kömək edəcək ki? Çırpı yığmaqla Həqiqətə çatmaq arasında nə əlaqə var?
Müəllim deyir:
– Ya məni dinlə, ya da özünə başqa müəllim axtar. Tələb nə qədər cəfəng olursa olsun, onu yerinə yetirməlisən. Əks halda gerçəyi qəbul etmək nədir bilməyəcəksən. Mən də çırpının Həqiqətlə heç bir ortaq nöqtəsi olmadığını bilirəm, lakin buna hazır olmağın Həqiqətə dəxli var. Başqa işlər də həmçinin. Buyurduqlarımı sevə-sevə yerinə yetirməlisən. Bu səni Həqiqəti qəbul etməyə hazırlayacaq. Mən onu sənə indi açıqlaya bilmərəm. Gözləməyi öyrənməlisən.
Hələ də müqavimət göstərən şagird soruşur:
– Yaxşı, bəs Müəllimin vəzifəsi nədən ibarətdir?
Müəllim cavab verir:
– Müəllimin vəzifəsi oturub idarə etməkdir.
– Onda mənə Müəllim olmağa kömək et. Məni öyrət. Mən hazıram.
ADİLİK
Rəşid Sitarzadənin yanına bir dəstə yeni şagird gəlir. Bu adamlar sufinin möcüzələri barədə gəzən şayiələrdən əməlli-başlı təsirlənmişdilər və Həqiqətin mənbəyinə yaxınlaşdıqlarını düşünürdülər.
Rəşid deyir:
– Aranızdan bir nümayəndə seçin, hisləriniz barədə danışsın.
Namizədlərdən biri irəli çıxıb söyləyir:
– Biz Ali Varlıqdan vəcdə gəlirik, Biliyə ehtirasla can atırıq, Ənənəyə toxunuş bizi ucaldır.
Rəşid deyir:
– Hislərinizi yaxşı təsvir etdiniz. Həyəcanlandırıcı şeylər xoşladığınız üçün sizə adi həqiqətlər söyləyəcəyəm. Siz həyatdan öyrənməlisiniz. Həyatsa biliyə gedən yoldur və bu, yer üzündə ən adi həqiqətdir. Həyatı dərk etmək üçün ən adi həyati sınaqlardan çıxmalısınız, özü də bunun üçün onun maraqlı olması heç də şərt deyil.
Namizədlərdən biri səslənir:
– Nümayəndəmiz təkcə öz adından danışdı, niyə hamımız onun davranışının qurbanı olmalıyıq ki?!
Rəşid cavab verir:
– O hamının əvəzindən danışdığını düşünə bilər. Siz onun təkcə özünə cavabdeh olduğunu hesab edə bilərsiniz. Amma bir də onun hamının adından danışdığını düşünən mən varam. Olmaya nüfuzuma şəkk edirsiniz? Elə indicə dediyiniz də həyəcana susadığınızdan xəbər verir və təkzib etməyə çalışdığınızı təsdiqləyir!
ƏNVƏR ABBASİ
Ənvər Abbasi şairliyi və sitarda çalmağı ilə şöhrət qazanmışdı. Demək olar ki, hər axşam ifasını dinləmək üçün insanlar onun evinə yığışardılar. Musiqi alətində çalıb qurtardıqdan sonra bir çoxları onun Şərq fəlsəfi söhbətlərinə qulaq asmaq məqsədilə evində ləngiyərdilər.
Onun evinə gələnlər Abbasini son dərəcə ədəbli və başqalarına örnək ola biləcək dərəcədə nəzakətli hesab edirdilər. Amma Ənvər başqa evlərə dəvət olunanda özünü tam əksinə aparırdı. O, dəvət olunduğu yerə gecikir, elmi söhbətləri kəsir, məclisdə iştirak edənlərdən, heç olmasa, biri ilə höcətləşirdi.
Günlərin birində Abbasi bundan belə heç kəsə heç nə öyrətməyəcəyini bəyan edir. Sonra məmləkəti tərk edir və onu bir daha görən olmur.
Sufinin bu davranışından qayğılanan adamlar Ənvərlə tez-tez mübahisə edən Firuz Əndakinin yanına gəlir və ondan məsələyə aydınlıq gətirməsini xahiş edirlər.
Firuz deyir:
– Siz Abbasini tənqid etməyimi istəyirsiniz, amma onun necə dahi olduğunu söyləməliyəm. Onu öz müəllimim sayıram, sizlərəsə Ənvərin öz nümunəsində çatdırdığı nəzəriyyəsinin böyüklüyündən bir-iki kəlmə söyləyim. Abbasini heç vaxt öz nüfuzu maraqlandırmayıb, onu nəzəriyyəsinin odunda yandırıb. O, mübahisəyə başlayanda on nəfərdən doqquzu deyirdi: “Necə də kobuddur!” Onuncu isə söyləyirdi: “O, mübahisənin necə mənasız olduğunu göstərir!” Abbasi öz şan-şöhrətini qorumağa deyil, həqiqi biliyi onu qavramaq iqtidarında olanların naminə möhkəmlətməyə üstünlük verib.
Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?