Текст книги "Leyli və Məcnun"
Автор книги: Низами Гянджеви
Жанр: Детская проза, Детские книги
Возрастные ограничения: +12
сообщить о неприемлемом содержимом
Текущая страница: 1 (всего у книги 4 страниц) [доступный отрывок для чтения: 1 страниц]
Nizami Gəncəvi
LEYLİ VƏ MƏCNUN
(nəsrlə sadələşdirilmiş)
QEYSİN LEYLİNİ SEVMƏSİ
Bu hadisəni nağıl edən belə danışır ki, qədim zamanlarda ərəb torpağında Amiri tayfasının başçısı olan bir xəlifə vardı. Çox səxavətli, ürəyiaçıq və alicənab bir şəxs idi. Şöhrəti bütün aləmə yayılmışdı: varda, dövlətdə çoxlarını heyrətə salmışdı. Həm də çox əliaçıq idi, kimsəsizlərə, fağır-füqəraya əl tutardı. Lakin bu böyük insanın şöhrətinə bərabər bir də dərdi vardı. Onun övladı yox idi. İşıqsız şama bənzəyirdi. Bu xəlifə vardan, dövlətdən daha çox övlad istəyirdi. Bəxtini köməyə çağırar, Allaha yalvarıb ondan nicat diləyərdi. Özündən sonra bir varisinin olmasını istəyirdi. Nəslini davam etdirəсək, bir gün özü dünyada olmayanda onu yaşadacaq oğul arzu edirdi. Bu məqsədlə də min-min acın qarnını doyurur, nəzir-niyaz paylayır, fəqət bir nəticəsi olmurdu. Amma ümidini Allahdan üzmürdü, inanırdı ki, yardım üçün uzatdığı əllər boş qalmayacaq. Əgər qismət belədirsə, deməli, bu işdə nəsə bir hikmət var. Dünyada çox şey olsa da, biz onlardan yalnız bir neçəsinə nail oluruq. Ürəkdən nə qədər arzular keçsə də, gizlində qalmağı bu arzulara bir gözəllik və maraq verir.
Nəhayət, oğul həsrətilə qəlbi yanan bu ərəbin naləsini Allah eşitdi. Yanğısının üstünə su səpdi, ona bir oğul bəxş etdi. Gözəllikdə tayı-bərabəri olmayan bir körpə dünyaya gəldi – üzü aləmə nur saçardı, dodağı nar kimi qırmızı, özü isə çiçək kimi ətirli idi. Ata oğlunun üzünü görən andan xəzinəsini açdı, hədiyyələr, nəzirlər payladı. Uşaqla dayələr məşğul olurdular. Elə ki bu uşaq ikihəftəlik oldu, sanki beşikdən ay baxırdı, onun adını Qeys qoydular. Böyüyüb on yaşa çatdıqda gözəlliyi dillər əzbəri olmuşdu, onu görən hər kəs gözəlliyinə heyran olar, Tanrıdan can sağlığı diləyərdilər. Nəhayət, məktəb yaşı çatdı, bir dəstə qız və oğlanla bərabər məktəbə getdi. Məktəbdə elmin sirlərini öyrənir, öyrəndikcə də kamala dolurdu. Qeysin bu işdə hünəri vardı, fənləri öyrəndikcə daha da mükəmməl biliyə yiyələnirdi. Onunla gözəl bir dilbər otururdı. Bu qız da ağlı, kamalı ilə bərabər gözəlliyi ilə də görəni heyran edirdi. Üzü sanki ərəb ayı, saçları elə bil gecə idi, həyalı və abırlı idi. Saçları gecə (leyl), adı da Leyli idi. Hamı ona meyil salmışdı. Qeys də bu gözəli görən kimi biganə qala bilməyib könlünü ona verdi. Leyli də onun bu sevgisini cavabsız qoymadı – könüldən-könülə bir sevgi boy atdı. Eşq badəsindən içib məst oldular. Birlikdə elm öyrənər, lüğətdən söz axtarardılar, amma indi onların başqa “lüğətləri” vardı. Yoldaşları kitab açanda, onlar eşqdən söhbət açardılar. Başqaları hesab sayarkən onlar yalnız özlərini sayardılar. Beləcə, onların sevgisi günü-gündən güclənirdi. Zalım məhəbbət öz qılıncını çəkib bu iki gəncin qəlbini qarət etdi,ürəklərindən səbirlərini apardı. Onlar bu sevgini nə qədər gizli saxlamaq istəsələr də, bilmirdilər ki, “xoş iyi olan ətir qabda bağlı olanda belə rayihəsi duyular”. Bir müddət keçdikdən sonra isə “tuluqlar yırtıldı, eşşək yıxıldı” (ərəb məsəli), yəni sirr açılıb aləmə yayıldı. Elə ki bu sirr aşkar oldu, hamı onlardan danışmağa başladı. İki gənc bu sirri gizlətmək üçün müvəqqəti olaraq bir qədər uzaqlaşmağı qərara aldılar. Fürsət düşəndə bir-birlərinə baxar, aradabir gizlində söhbət edərdilər. Amma neyləsələr də, yayılan söz-söhbətin qarşısını ala bilmədilər. El-aləm onların məhəbbətindən danışmaqdan yorulub usanmadı. Eşqdən xəbəri olmayanlar Qeysi “Məcnun” deyə çağırdılar. Yazıq Qeys də əlacsız qalıb bu adı üstünə aldı. Elin tənəsi o qədər çoxaldı ki, axırda biçarə Leyli də camaatın “dəli” adlandırdığı Məcnundan gizlənmək məcburiyyətində qaldı. Ancaq Leylinin zərif ürəyi bu hicrana dözmürdü, gizlində gözündən yaşlar axıdırdı. Məcnun da öz sevgilisini görməyəndə gözündən yaş sel kimi axırdı. Küçəni, bazarı sərsəm kimi gəzirdi. Ah-vay edib nalə çəkirdi. Onun səsi aşiqlərin səsiydi, eşidənlərin ürəyi parça-parça olardı bu səsdən. Cahillər isə hər yerdə onun ardınca “Məcnun! Məcnun!” bağırardılar. Qeys də bu tənələrdən daha da qəmlənər, ürəyində fikirləşərdi: “Bir at sürmək istədim, at da əldən çıxdı, yüyəni də”. Onun fikrində yalnız Leylinin xəyalı dolanırdı, ürəyini onun eşqilə bölüb “iki para” eləmişdi ki, sevgilisi onu görəndə “qəlbi para” desin.
Məcnun yar dərdindəydi, yar isə uzaqdaydı. Qəm çəkirdi, qəm otağı bağlıydı. Gecələr gözünə yuxu getməzdi, dincliyi əldən getmişdi. Leylisiz dözə bilmirdi. Nə qədər çalışırdı ki, kədərini heç kim bilməsin, amma dərd-bəla canını üzürdü. Biçarə Məcnun gah başıaçıq, ayaqyalın çöllərə qaçar, gah da gecələr gizlincə nazlı pərisi üçün qəzəl oxuyaraq onu axtarar, qapılarını öpüb geriyə qayıdardı. Leyligilin qapısına bircə anda çatsa da, oradan elə bil bir ilə qayıdardı. Gedəndə bir quş kimi uçardı, gələndə yolunda tikan bitərdi. Gedənbaş sel kimi axardı, qayıdanda yolu çala-çuxur olardı. Kor-peşman evinə qayıdar, qəm-qüssə içində çapalayardı. Ümidsiz vəziyyətdə qalmışdı, hər yerdən əli üzülmüşdü. Bəxt üzünə gülsəydi, bir də getdiyi yerdən – Leyligilin qapısından qayıtmazdı.
MƏCNUNUN SƏHƏR YELİ İLƏ SÖHBƏTİ
Günü-gündən Məcnunun dərdi artırdı. İndi o, yuxusuz gözlərin sultanı, matəm ordusunun sərkərdəsi, sevda yollarının yalnız səsi, aşiqlər mülkünün qəm divanəsi idi. Məcnunun qəlbi məhəbbət eşqilə coşurdu. Hər gün sevda yuxusundan oyanıb Leylini görmək üçün onların yurdlarının kənarındakı Nəcd dağına gedərdi. Dağın ətəyini gəzib dolaşar, dilində “Leyli” kəlməsindən başqa bir ad olmazdı. Başqa ad çəkilsə də, heç əhəmiyyət verməzdi. Dağın ətəyinə çatanda sərxoş kimi yıxılıb-durar, ora-bura qaçar, dərddən əl çalıb oynayardı. Gözləri dolar, ürəyindəki dərdi coşanda ahı duyanları yandırardı. Belə ürək dağlayan anların birində o, səhər yelinə xitab etdi:
– Ey səhər yeli, tezdən oyanıb Leylinin yanına get, onun ipək telindən asıl. De ki, eşqindən yollara döşənəcək olmuş bu məzlum sənin xəbərini yalnız səhər yelindən ala bilir. Ona bir ovuc torpaq verib de ki, canını səndən əsirgəyən dərddən, qüssədən can versə, yaxşıdır, o adam bir ovuc torpağa dəyməz. De ki, əgər gözümdən bu yaşlar axmasaydı, ürəyim qəm odunda alışıb yanardı. Göydəki günəş belə mənim ahımdan alovlanır. Leyli mənim qəlbimin şamıdır, bircə məni düşünsün, öz pərvanəsini odunda yandırmasın. Mənim dərdim də, dərmanım da odur. Onun dodaqları qənddir, insaf edib bir az da aşiqinə şəkər payı göndərsin. Hər şey yaxşı idi. Heç bilmədim nə oldu, gözmü dəydi bizə? Nə oldu ki, mən yarımın gözündən düşdüm birdən-birə… Zəmanə bizi barmaqla göstərirdi. Yəqin, gözə gəlmişik. Bizim sevgimiz bir xəzinədir, üstünü örtməsək, yadlar gəlib oğurlayar.
MƏCNUNUN ATASININ ELÇİYİYƏ GETMƏSİ
Səhər açılmışdı. Məcnun bir neçə yoldaşı ilə Leylinin yurduna gəldi. Məhzun-məhzun şərqilər oxuyur, göz yaşı tökür, sərsəmlər kimi başına-gözünə döyərək inləyirdi. Leylinin çadırına çatanda tamam gücdən düşmüşdü. Leyli də bu dəm adəti üzrə çadırda oturub yollara baxırdı. O, Məcnunu görcək ah çəkdi. Məcnun da onu fəryadla səslədi. Bu anda Leyli səhər kimi işıqlanır, Məcnun isə şam kimi yanırdı. Leyli bağ içində gözəl bir bağ, Məcnun isə dağ üstünə dağ idi. Leyli qış görməmiş yasəmən gülünə, Məcnun isə xəzan vurmuş çəmənə bənzəyirdi. Onlar bir-birinə uzaqdan baxır, yaxınlaşmağa ürək eləmirdilər ki, görən olar. Qəriblər kimi uzaqdan-uzağa dayanmaqlarını da fələk çox gördü, bilinməsin deyə tez də ayrıldılar.
Bir müddət sonra bu hadisədən xəbər tutub onların yolunu kəsdilər. Daha iki aşiq bir-birini görə bilmirdi. Qəlbi hicran dolu Məcnun ağlayır, daha Leylini görə bilmədiyi üçün bir neçə nəfərlə birgə tez-tez Nəcdə gedirdi. Onun dərdi günü-gündən artırdı. Dağı dolaşaraq sızlayır, yenə ah-vay edirdi. Artıq sevda xəstəsi olduğu hamıya bəlli olmuşdu, hər kəs bu rüsvayçılıqdan danışırdı. Qohumları bu səbəbdən Məcnunun atasına şikayət edirdilər. Məcnunun atası məəttəl qalmışdı. Oğluna nə qədər məsləhət, nəsihət versə də, nazı ilə oynasa da, yenə bir faydası olmurdu, dərdinə çarə tapmırdı. Dostlarından məsləhət istəyəndə isə, “Bu dərd bir qızın həsrətidir, eşqdən başına hava gəlib” – deyirdilər.
Məcnunun atası Leyligilin qapısına elçi düşməyi qərar verdi. Səfər üçün tədarük görüldü, kəcavələr hazırlandı, qiymətli əşyalar dəvələrə yükləndi. Amirilərin bir dəstəsi Leyligilə elçiliyə getdilər. Leylinin atasıgil başqa qəbilənin sayılan şəxslərindən idi. Onlar da öz qəbiləsinin adətinə uyğun olaraq gələnləri çox böyük hörmətlə qarşıladılar. Qiymətli hədiyyələr verdilər. Leylinin atası onlardan nə məqsədlə gəldiklərini soruşdu. Amirilərin başçısı dedi:
– Məqsədim sizinlə qohum olmaqdır. Sənin qızını öz oğlum üçün istəyirəm. Gəl bu iki ürəyi birləşdirək. Bilirsən ki, mən öz zəmanəmin məşhur adamlarından biriyəm. Bu izdivac sənin də şöhrətinə şöhrət qatar, başucalığı gətirər.
Leylinin atası bir qədər fikrə gedib:
– Sənin danışdıqların xoş sözlərdir, şöhrətin və qüdrətin də mənə məlumdur. Bu işin mənə çox xeyirli olacağını bilirəm. Amma bu sevda baş tutan deyil. Oğlunu yamanca ərköyün böyütmüsən, necə gəldi, harada gəldi, gəzib dolaşır. Arxasınca hər kəs “divanə” deyir. Bizə də divanələr tay ola bilməz. Əvvəlcə oğlunun bu mərəzinə çarə elə, sonra məhəbbətdən danış. Bizim ərəblər gözdən tük çəkirlər: sənə razılıq versəm, mənə gülərlər. Bu işdən əl çək. Mənim qərarım belədir: bu söhbəti birdəfəlik qurtaraq.
Bu sözləri eşidən atanın ürəyi kaman kimi inlədi. Dinməzcə oradan çıxıb geriyə döndü. Çıxış yolu yalnız Məcnunu razı salaraq başqa qızla evləndirmək idi. Qohumlar, dostlar min dil tökərək Məcnuna dedilər:
– Bax, qəbiləmizdə nə qədər gözəl-göyçək qız var. Hansını istəsən, səninçün alarıq. Niyə özünə əziyyət verirsən? Gəl bu sevdadan əl çək. Qarşında yüz tanış ola-ola, niyə yad qəbilənin qızına könül verirsən? O, Amirilərdən deyil, unut onu!
Amma Məcnun qohumların bu təklif və tələblərindən daha da pərişan oldu. Köynəyini cırıb əynindən çıxardı, lüt qaldı. Dedi:
– Ölmüşün kəfən nəyinə lazımdır?
Dərdi, məlalı daha da çoxaldı, camaatdan ayrılıb gah dağda, gah çöllərdə yaşadı. Heç kimi yaxınına qoymadı. Dəli kimi evləri gəzir, hər yerdə “Leyli, Leyli” deyə çağırırdı. Ayaqyalın, başıaçıq gəzir, həsrətlə inləyir, Leylinin məhəbbətini vəsf edən şeirlər deyirdi. Oradan gəlib keçənlər bu beytləri eşidib yadlarında saxlar, yeri gəldikcə oxuyardılar.
Məcnun isə səhraları divanətək gəzirdi. Üz-gözü torpağa bulaşmış, əyni cırılmışdı. Tanınmaz hala düşmüşdü. Onu qınayanlara öz-özünə cavab verir, günahın onda yox, bu məhəbbət bəlasında olduğunu deyirdi. Zamanının bəd övladı olduğunu, eşqin viran qoyduğu könlünün divanə və sərxoş olmaqdan başqa çarəsinin qalmadığını söyləyirdi.
Atası isə yazıq oğlunun bu əhvalını eşitdikcə ona ürəyi yanır, gecə-gündüz onun sağalması üçün dua edirdi. Bütün müqəddəs yerləri, pirləri gəzir, Allahdan oğlu üçün şəfa diləyirdi. Bütün qohumlar da onunla birgə gedib dua edərdilər. Amma bunun bir faydası olmadığını görüncə belə məsləhət gördülər ki, atası Məcnunu Kəbəyə aparsın.
– Yəqin ki, oradan bir nicat olar, – dedilər.
Həcc ziyarəti vaxtı gələndə atası Məcnuna yalvararaq onu kəcavəyə oturtdu. Özü ilə bərabər Kəbəyə apardı. Kəbəyə çatınca Amirilərin başçısı xəzinəsini açıb nəzirlər paylamağa başladı. Kəbə kölgəsinə çatanda oğlunu saxlayıb dedi:
– Oğlum, daha bura oyun yeri deyil. Bura sənin dərdinə əlac tapmağa gəlmişik, qurban olum, dua edib bu eşq zəncirindən azad ola bilərsən. Əllərini göyə açıb Tanrıya yalvar, de ki, səni bu bəladan azad etsin, rəhmini səndən əsirgəməsin. Dua et ki, səni divanəlikdən azad edib doğru yola yönəltsin.
Məcnun atasından bu sözləri eşidib əvvəl ağladı, sonra gülərək irəli atılıb Kəbə halqasından tutdu. Halqanı öpərək dedi:
– Ey yeri, göyü yaradan! Mənə deyirlər ki, bu məhəbbəti unudum. Amma bilmirlər ki, mən eşqlə nəfəs alıb, onunla yaşayıram. Mən eşqdən yoğrulmuşam, onsuz mən heç nəyəm. Məni öldür, amma eşqimi yaşat. Deyirlər ki, Leylini yaddan çıxarım, ürəyimdən silim. Amma mən bunu bacarmıram. Qoy onun eşqilə yanıb alovlanım! Onun sevgisini mənim ürəyimdən çıxarma. Yalvarıram, mənim ömrümdən kəsib Leylinin ömrünə cala.
Ata bu sözləri dinlədikcə artıq oğlunun əlacsız olduğunu anlayır, onun qəlbindəki məhəbbətin nə olduğunu başa düşürdü. Geriyə qayıtdıqdan sonra bu hadisəni qohumlara, dostlara danışdı:
– Elə fikirləşirdim ki, bu biçarə Allahdan dərdinə dərman istəyib bu eşqi unutmağını diləyəcək. Ancaq bildim ki, davası, dərmanı olmayan xəstədir o. Kəbədə Allahdan o qızın məhəbbətinin qəlbindən çıxmamasını istədi.
Beləliklə, Məcnunun sorağı bütün aləmə yayıldı. Kimi təəssüf etdi, kimi qınadı. Bəziləri isə Leyliyə lağ edib gülürdülər, yazıq qız da tənələrdən yaxa qurtarmaq üçün daha çadırından bayıra çıxmırdı.
Bir gün bir neçə nəfər Leylinin atasının yanına gəlib dedilər:
– Görürsənmi, biyabanda gəzib dolaşan sarsağın biri yanında da bir sürü özü kimilərilə buralara gəlir, yeri öpür, qəzəllər oxuyur. Qəzəlləri yaxşıdır, mənalıdır. Amma bizi rüsvay edir bu hərəkətlərlə. Ona bir qulaqburması vermək lazımdır ki, qızının da, bizim də canımız qurtarsın.
Leylinin atası qəzəbləndi, Məcnunu bir də buralara gəldiyində öldürəcəyini dedi. Xəbər Məcnunun atasına çatdı. O da bəlanın qarşısını almaqdan ötrü bir dəstə adam göndərdi ki, Məcnunu tapıb oraya getməmək üçün dilə tutsunlar. Bu dəstə nə qədər axtarsa da, Məcnun heç yerdən tapılmadı. Hər kəs təəssüf etdi.
Bir müddət sonra yad qəbilədən bir nəfər Bəni-Səd adlanan yerdə Məcnuna rast gəldi. Onu nəcib bir adama oxşatdı. Nə sual verdisə, Məcnun dinməzcə dayanıb cavab vermədi. Bir şey öyrənə bilməyən yolçu yoluna davam edib Məcnungilin qəbiləsinə çatdı. Burada o, biyabanda rastlaşdığı qərib divanədən, onun əriyib çöpə döndüyündən, bir dəri, bir sümük qaldığından danışmağa başladı. Məcnunun atası anladı ki, bu, onun oğludur. Yola çıxıb oğlunu axtarmaq üçün biyabana üz tutdu. Axtara-axtara gəlib viranəlikdə Məcnunu bir daş üstdə oturan gördü. Oğlunu görən kimi ona dil tökməyə başladı, geri dönməyi xahiş etdi. Məcnun atasının sözlərini eşidəndə onun qarşısında diz çökərək dedi:
– Ata, sən bu bədbəxt aşiqi bağışla. Səndən üzr istəyirəm, taleyimin belə olduğunu, məni bu vəziyyətdə görməyini istəməzdim, amma məni taleyin ixtiyarına burax. Düzdür, yanında üzüm qaradır, amma mənim ki dərdimi bilirsən, artıq gecdir.
Atanın qəlbi sızladı:
– Ey gözümün ağı-qarası oğul, nə oldu sənə, kimlərin gözü dəydi?! Sənə nə oldu ki, özünü belə unutdun, qəmə batıb düşməni sevindirdin? Gəl atanın sözlərini dinlə, evə dön. Qoy dostların şənlənsin. Unutma ki, hər şeyin əvvəlində səbir var, səbirli olsan, bəlkə də bəxt üzünə gülər.
Məcnun atasına söylədi:
– Ey dünyalardan uca, şan-şöhrətli ata! Sən məni qayğıyla böyüdüb, hər istəyimi yerinə yetirmisən, məni gül içində gül kimi bəsləmisən. Mən də səni hörmətsiz etmək istəməzdim, amma ixtiyarım özümdə deyil, məni üzrlü hesab et. Bu, mənim peşəmdir. Çoxları məni qınayır ki, gülmürəm. Bəs ürəyim dərdlə çırpındığı halda mən necə gülüm ki? Mənim nəsibim əziyyət oldu. Adım dillərə düşdü, buna görə də indi məni unudun.
Atası onun bu sözlərindən çox kədərləndi, gözünün yaşı sel olub axdı. Təsəlli verərək oğlunu öpüb qucaqladı, sonra evlərinə apardı. Bir neçə gün evlərində qalan Məcnun qəfəsə salınmış quş kimi çırpınırdı. Artıq burada qərar tuta bilməyib yenə çöllərə üz tutdu. Məhəbbəti ürəyində coşdu, duyğular onu yenə Nəcd dağına çəkib apardı. Yenə dağın ətəyində dolanır, başı havalı qəzəllər söyləyir, aşiqlər onun şərqilərindən ilham alırdılar.
İBN-SƏLAMIN LEYLİNİ GÖRMƏSİ
Leylinin gözəlliyi haqda söz-söhbətlər günü-gündən artır, hamı onun necə zərif, məlahətli, cazibədar olduğundan danışırdı. Leyli isə qəm otağının pəncərələri bağlı halda otururdu. Bəzən isə səhərdən ta axşama qədər dama çıxıb yollara baxır, nə vaxtsa orada Məcnunu görəcəyinə ümid edirdi. Nəcd dağı tərəfdən gələn yeldən də, buluddan da Məcnun xəbərini duymaq istəyirdi. Leyli eşidirdi ki, buradan gəlib-keçənlər Məcnunun qəzəllərini söyləyir, hətta uşaqlar da onun beytlərindən əzbər bilirlər. Məcnunun şeirlərindən od tutub yanan Leyli öz yazdığı cavablarla yanğısını söndürə bilirdi. Gecələr gizlində qanıyla yazdığı şeirləri yoldan keçənlər aparıb Məcnuna çatdırırdılar ki, hədiyyə olaraq bir qəzəl alsınlar. Beləcə, aşiq və məşuqə xəyalən danışırdılar. Bu minvalla düz bir il keçdi.
Gözəl yaz günlərindən biri idi: təbiət min bəzəkli donunu geymiş, gül-çiçəklər pardaxlanmış, ətrafda xoş ovqat yaranmışdı. Gülün həsrəti ilə bülbül yenə öz nəğməsini oxuyurdu. Bülbül sanki Məcnun, nazlı gül isə Leyli idi. Qəbilənin gözəl qızları Leylini də özləri ilə bərabər gülşənə gəzməyə çıxardılar. Çəmənliyin gəzib dolaşaraq səfalı bir yerdə oturdular. Hamı deyib-gülüb şənlənirdi. Leyli də əvvəlcə bu şənliyə qoşuldu, amma bir az sonra kənara çəkilib sakitcə çəməndə oturdu. Qəm dəryasına qərq olmuş, ətrafındakılar gözünə görünmürdü. Xəyalında yenə Məcnunu düşünürdü. Onun bu halını görən qızlardan biri qayıtdıqdan sonra Leylinin anasına bu hadisəni danışdı. Leylinin anası nə edəcəyini bilmədi. Fikirləşirdi ki, belə davam etsə, qızı da Məcnunun vəziyyətinə düşəcək.
Elə həmin gün qızlar çəmənlikdə əylənərkən oradan bir atlı keçib gedirdi. Bu atlı Bəni-Əsəd qəbiləsinin sayılan şəxslərindən biri İbn-Səlam idi. O, hədsiz varlıydı. İbn-Səlam qızlardan kənarda oturmuş Leylini görcək qəlbən ona vuruldu. Yurduna qayıdan kimi Leyligilə elçi göndərməyə qərar verdi. Elçilərlə bərabər özü də Leyligilə gəldi, onun ata və anasının əllərindən öpərək qızlarını istədi. Valideynlər bu işə həvəslə razı olduqlarını söylədilər. Özləri də qəlbən şad oldular. Ancaq İbn-Səlama bir az səbir eləməyi məsləhət gördülər. Dedilər ki, Leyli bir az xəstədir, halı özündə deyil. Bir müddət keçsin. Gözləyək, əhvalı yaxşılaşsın, bundan sonra kəbininizi kəsdirərsiniz.
İbn-Səlam bu sözləri eşidib o qədər şadlandı ki, heç bilmədi neyləsin.
NOFƏLİN MƏCNUNA YARDIM ETMƏSİ
Leyli çox qüssə edirdi. Öz çadırına çəkilmişdi, oradan bayıra çıxmırdı. Məcnunun dərdi Leylini haldan salmışdı. Gecə-gündüz Məcnunu fikirləşir, yuxusu ərşə çəkilmişdi. Didərgin Məcnun da vəhşi çöllərdə dolaşmaqdan tamam arıqlamış, tanınmaz hala düşmüşdü. Sərgərdan gəzməkdən əyninin paltarları cırıq-cırıq olmuşdu. Vəhşi heyvanlar ona dost olub, onunla bir gəzirdilər. Məcnun ayrılığa dözə bilmir, tez-tez Nəcd dağına gedirdi. Vəhşi heyvanlar da onu tərk etmirdi.
Oralarda Nofəl adlanan çox cəsur, qoçaq və mehriban bir igid vardı. Şöhrəti hər yana yayılmışdı. Ərəblər ondan qorxub çəkinərdilər. Çox əzəmətli bir ordu başçısıydı. Eyni zamanda çox da dövlətli şəxs idi.
Bir gün Nofəl ova çıxmışdı. Məcnun da vəhşi heyvanlarla birgə gəzib-dolaşırdı. Ürəkləri riqqətə gətirən sevgi nəğmələri oxuyurdu. Nofəl Məcnunun halından xəbər tutduqda onun kim olduğunu soruşdu. Yanındakılar dedilər:
– O, bir eşq dəlisidir. Leyli adlı bir qızı sevir. Onun dərdindən divanə olub. O, qıza qəzəllər yazır, qız da ona cavablar göndərir. Yurdlarından didərgin düşüb, yemək-içməyini də buradan keçənlər, onun şeirlərini dinləməyə gələnlər verir.
Məcnunun dərdini eşidən Nofəl dedi:
– Yox, bu məqamda bir kişilik etmək gərəkdir. Belə bir dərdə düşənə kömək etmək lazımdır. Bu bəxtsizə əlimdən gələn köməyi əsirgəməməliyəm.
Bu sözləri deyən Nofəl atını mindi, sürüb birbaş Məcnunun olduğu yerə gəldi. Atdan düşüb Məcnunu yanına çağırdı. Süfrəsinə oturdub şirin-şirin söhbətlərə başladı. Bu söhbətlər yavaş-yavaş Məcnunu yumşaltdı. O da bir qədər söhbət edib, azacıq şadlandı. Müsahibini xoşsifət görüb söhbət etdi, ürəyini ona açdı. Lakin Nofəl görürdü ki, bu zavallı nədən söhbət etsə, yenə dilindən Leyli kəlməsi düşmür. Sevgilisinə ünvanladığı qəzəl, qəsidələri bədahətən deyir. Nofəl bundan daha da təsirlənərək qərarını Məcnuna bildirib dedi:
– Sən o dilbərin həsrətilə şam kimi yanmayacaqsan. Mən sənə kömək edəcəyəm. İstər pul, qızıl, istərsə də qılınc gücünə olsun, səni niyyətinə çatdıracağam.
Məcnun bu sözləri eşidəndə dizləri büküldü. Nofəlin qarşısında diz çöküb sözə başladı:
– Yəqin ki, mənim könlümü yerindən oynadan bu xəbəri yalan demirsən. Onu mənə verməzlər. O bir pəri, mən isə divanəyəm. Rica edirəm, əgər məni yarı yolda qoyub bu işdən usanacaqsansa, elə indidən əl çək. Məni saxlama, gedim dərdimi çəkim…
Nofəl bu sözlərdən tutuldu:
– Yox, – dedi, – sənə tezliklə kömək edəcəyəm, söz verirəm!
Nofəl əhdinə sadiq qalacağına Allaha and içdi. Beləcə, Nofəl Məcnunu özü ilə sarayına gətirdi. Məcnun da bu təklifdən çox xoşhal olmuşdu. Hamamda çimib, paltarlarını dəyişmiş, yemək yeyib, şərab da içmişdi. Əvvəlki halından əsər qalmamışdı. Nofəl də Məcnuna çox öyrəşmişdi, onsuz süfrəyə oturmur, bir əyləncə qurmurdu. Onlar çox mehriban
Внимание! Это не конец книги.
Если начало книги вам понравилось, то полную версию можно приобрести у нашего партнёра - распространителя легального контента. Поддержите автора!Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?