Текст книги "Hekayələr"
Автор книги: Ənvər Məmmədxanlı
Жанр: Современная русская литература, Современная проза
Возрастные ограничения: +12
сообщить о неприемлемом содержимом
Текущая страница: 1 (всего у книги 12 страниц) [доступный отрывок для чтения: 3 страниц]
Ənvər Məmmədxanlı
Hekayələr
BUZ HEYKƏL
Qırx birinci ilin qışı. Şaxtalı bir gecə. Elə bil canlı-cansız ətrafda nə varsa donub buz bağlamışdır, hava cingildəyir, islıq çalır, daş çatdayır, ağac çıqqıldayır, torpaq çatırdayır, nəfəs tıxanır, tikan kimi boğazda qalır.
Və indi ağappaq bir zülmət içində, günçıxana tərəf ucsuz-bucaqsız qarlı çöllərlə tənha bir kölgə hərəkət edir.
O, gənc bir anadır, körpəsini bağrına basmışdır, yurdunu tapdayan yırtıcı düşmən əlindən baş götürüb qaçmışdır, namusunu qara əllərdən xilas eləmişdir, özünü və ciyərparəsini bu rəhmsiz gecənin ağuşuna atmışdır.
Və indi ağappaq bir zülmət içində, günçıxana tərəf üz tutub Böyük torpağa doğru gedir.
Qarşıda sahilləri meşəli böyük bir çay var, cəbhə xətləri o çay yaxasından keçir və zaman-zaman ordan gələn top gurultuları gecələr dağlardakı qar uçqunlarının çoxmərtəbəli nəriltiləri kimi şaxtalı gecəni titrədib lərzəyə salır.
Və ana tələsir, hava işıqlanmamış o, özünü cəbhə xəttinə yetirməlidir, körpəsini çayın o tayına – azad torpağa keçirməlidir, sinəsi üstündəki uşaq həyatını yenidən ocaq istisi, gündüz işığı, günəş ziyası ilə isindirməlidir.
Ana nəfəsini dərmədən gedir, yıxılır, qar içində batıb qalır, çırpınır, qar içindən ayağa qalxır, amma nə qədər yol gedirsə elə bil zaman da bu gecə donub hərəkət eləmir, saniyələr yerində sayır, irəli getmir və qarlı çöllərin sonsuzluğunda bir qarış tükəniş əlaməti görünmür.
Ana taqətdən düşür, şaxta zəhərlə suvarılmış qılınc kimi kəsir və anaya elə gəlir ki, bu qılınc indi onun qucağındakı körpənin həyatına qəsd edir və ananın alacalanmış gözləri daldalanmaq üçün bir bucaq, pənah gətirmək üçün bir sığınacaq axtarır.
Bir az irəlidə qoşa bitmiş bir cüt ağcaqayın ağacı iki ağ sütun kimi göyə ucalmışdır, ana o ağaclara doğru gedir. Qucağındakı körpəsi ilə o ağaclara söykənib dayanır, indi ayaq üstə dayanmaq üçün, nəyə isə istinad etmək üçün bu sonsuz qarlı çöllərdə bu bir cüt çılpaq ağcaqayın ağacından savayı ana üçün digər bir istinadgah yoxdur…
Şaxta isə buzlu bir alov kimi ananın üz-gözünü qarsır və ana, ürəyində qıvrılan bir qorxunun ağladığını, şivən qopardığını eşidir – körpə donur, körpə donacaq, qolları arasındakı kövrək bir nəfəs sönəcək, sinəsi üstünə buz bağlamış bir dünyanın ağırlığı çökəcək…
Lakin ana ürəyində ağlayan qorxuya üsyan eləyir – qoy dünya donub buzlağa dönsün, həyat yer üstündən qaçıb yer altına köçsün, yenə də ana ürəyinin hərarəti sönməyəcək və rəhmsizliyi ilə bədheybət olan heç bir kor qüvvə kiçik bir həyat fidanını ananın sinəsindən qoparda bilməz!
Və ana kəskin bir hərəkətlə əynindən yun jaketini çıxardır və bərk-bərk körpəsini büküb bürmələyir, amma şaxta qızmar bir dəmir kimi ananın üz-gözünü dağladıqca, iliklərinə işləyən soyuqdan vücudu tir-tir əsib titrədikcə, anaya yenə elə gəlir ki, bu donan, bu titrəyən körpəsidir və ana bu dəfə başından qalın şalını da qopardır və yenə körpəsini büküb-bürmələyir, özü isə yalın əyni ilə şaxta qarşısında müdafiəsiz qalır.
İndi o hiss edir ki, donur, şaxtanın buzlu kəməndindən qurtuluşa gümanı yoxdur və istinadı yalnız budur ki, söykəndiyi bu bir cüt ağcaqayın ağacı onu tutub ayaq üstündə saxlamışdır və ana yenə bir əli ilə əynindən nə isə qopardır və bir əli ilə əynindən nə qopardırsa hamısını bir-bir körpəsinin üstünə qalaqlayır və titrəyən son nəfəsini, eşidilməyən son sözünü də körpəsinin üstünə örtür – qorxma, tifilim, qorxma, ufacığım, son nəfəsimin istisi də sənindir…
Sonra ana susur, beynində batqın bir uğultu qopur, qulaqları dibində sınıq cingiltili mis simlər gərilir və gərilən bu simlər bir-birinin ardınca qırılır, ananın göz qapaqları kilidlənir, nəfəsi çilik-çilik olub ayaqları altına tökülür və ana şaxtanın buz zənciri ilə qoşa ağcaqayın ağaclarına bitişib hərəkətsiz qalır.
Və indi göydə ulduzları cingildədən amansız bir qış gecəsi anaya başqa bir don biçir, başqa bir örtü geyindirir və şaxtanın buz barmaqları dayanmadan ana üçün büllur naxışları ağ ulduzlu yeni bir libas toxuyur…
* * *
Ovxarlanmış bir qılınc tiyəsi kimi kəskin işığıyla göz qamaşdıran şaxtalı bir səhər açılmışdır.
Və iki ağ sütun kimi göyə ucalan qoşa ağcaqayın ağacları qarşısında çiyinləri ağxalatlı üç nəfər dayanmışdır.
Onlar gecə kəşfiyyatından qayıdan üç nəfər gənc döyüşçüdür, indi hər üçü başlarını açıb, yerlərindən qımıldanmadan, gördükləri bir mənzərə qarşısında donub qalıblar və onlar bütün ömürləri boyu qarşısında dayandıqları bu mənzərəni unutmayacaqlar…
Bu, donmuş gənc bir qadının buzdan tökülmüş buz heykəlidir.
Və onlar, üç nəfər gənc döyüşçü müqəddəs bir mehrab qarşısında dayanmış kimi nəfəslərini udublar. Nə vaxtdan bəri gəlib burda dayanıb durduqlarını unudublar və daş kimi ürəklərindən asılan hissin ifadəsi söz xaricində qaldığı üçün susublar.
Nəhayət, onlardan biri yerindən tərpənir, nə isə bilinməz bir qüvvə çəkib onu irəli aparır, yaxınlaşır, donmuş qadının buz heykəli qarşısında dayanır və bir an tərəddüddən sonra hansı bir sövq-təbii hissin və daha artıq dəlicəsinə bir ümidin təlqini ilə ananın qolları arasındakı üstü buz bağlamış düyünçəni yoxlayır, həyəcandan titrəyən barmaqları ilə qarı çırpır, dırnaqları ilə buz təbəqəsini qəlpə-qəlpə qopardır və ürək döyüntüsü ilə buz altındakı örtükləri çözür, açır, dağıdır və birdən… Ordan, düyünçənin dərinindən kiçik bir varlığın baxışları gözlərinə zillənirkən, bütün gözlədiklərinə və gözləmədiklərinə rəğmən bu ansızın körpə baxışından səksənir, döşündən itələnmiş kimi bir addım geri sıçrayır və sonra dönür təlaş içində ona baxan yoldaşlarına, susub durmuş bu sonsuz qarlı çöllərin səssizliyinə və donmuş, buz bağlamış bütün bu dünyaya üz tutub qıy vurur:
– Körpə sağdır, uşaqlar, eşidin, körpə sağdır və qoy bütün dünya eşitsin, körpə sağdır!
Və o vaxt ki hər üçü baş-başa verib ana qucağındakı körpənin üstünə əyilir, baxırlar, gözlərinə inanmırlar, baxırlar, boğazlarında düyünlənən qəhərdən heç biri heç bir söz deyə bilmir, səhər işığından gözləri qamaşan körpə isə donmuş ana qucağından heyrətlə onlara baxır və gülümsəyir – dəfələrlə od-alov içindən keçmiş üç gənc döyüşçünün gözlərində yaş durmur və hər üçü əllərinin tərsi ilə gözlərini silirlər.
Sonra başlarını qaldırırlar, yenidən ananın buz heykəlinə baxırlar və yerə kimi səcdə edərək, son dəfə ananın buz heykəli qarşısında baş əyirlər.
Vaxtdır – geri dönməlidirlər və hər üçü bir-birinin arxasınca sıraya düzülüb geri dönürlər və körpəni növbə ilə bir-birindən alıb sinələri üstə aparırlar və hər dəfə körpə kimin qucağında gedirsə, digər ikisindən biri öndə, biri arxada körpənin keşiyində mövqe tutub addımlayır.
Və indi gənc ananın buz heykəli artıq onlar üçün tuncdan tökülmüş əbədi bir heykəldir ki, ana ürəyinin ölməz şücaətini təcəssüm etdirən ən möhtəşəm bir abidə kimi həmişə onların xəyalında həkk olub qalacaqdır.
Bakı, 1944
ANANIN ÖLÜMÜ
Ana çoxdan ölüm yatağında idi və bu son günlər gözlərini aça bilmirdi, dili söz tutmurdu, huşu özündə deyildi.
Şam çoxdan ərimişdi, çoxdan tükənmişdi və o bir tikə titrək alov ki ilişmişdi dibində, ərinti üstündə qalmışdı, indi o da bir ilğım kimi yayxanırdı, üzülürdü, göz qırpırdı, amma sönmürdü ki, sönmürdü.
Və neçə gün, neçə gecə idi ki, bu can çəkişməsi davam edirdi.
Axşamlar kəndin gah yuxarı başındakı, gah aşağı başındakı evlərdən və səhərlər ananın çəpər arxası yaxın qonşularından yaşlı kənd qadınları macal tapıb bir yerə yığılırdılar və gəlib ananın yatağı yanında kilim üstündə bardaş qurub otururdular və növbə çəkirdilər ki, ana canını təslim eləyəndə gözlərini qapamaq üçün yanında bir simsarı, bir kimsəsi olsun.
O gün nəbzini tuta bilməmişdilər – yaxındakı dəmiryol stansiyasına adam göndərmişdilər və orda süpürgəçi vəzifəsində işləyən qoca bir mollanı tapıb gətirmişdilər ki, ”yasin“ oxusun.
Və qoca ilişmişdi, üç gün kənddə qalmışdı, gah gecəyarısı, gah axşamüstü və gah da səhər tezdən yasin oxumuşdu.
Amma hər dəfə içəridəkilər ananın döyüntüsü eşidilməyən ürəyinin artıq dayandığını yəqin eləyəndə və başlanan o sirli səssizlikdən qulaqlar cingildəyəndə elə bil ananın ürəyi yenidən dirilirdi və döyüntüsünün eşidilməz səsi ilə o uğursuz səssizliyi ananın başı üstündən geri qovurdu.
Bu vaxt qadınlar ”Allah, sən saxla“ nidasıyla bir-birinin üzünə baxırdılar və ana ürəyinin bu inadkarlığına mat qalırdılar ki, ananın ölüm əzabını bu qədər uzadırdı.
Sonra bəzən ananın qupquru nazik dodaqları tərpənən kimi olurdu, amma səsi çıxmırdı və belə dəqiqələrdə ananın çəpər arxası ən yaxın qonşusu Məsmə qarı ananın üstünə əyilirdi və dodaqlarının tərpənişindən ananın nə dediyini oxuyurdu:
– Deyir, ey rəbbim, nə olardı möcüzə göstərəydin: göydə bir quş oxuyaydı ki, Murad sağdır… Deyir, xudaya, nə olardı bu saat bir uşaq qaçıb gələydi, xoş xəbər gətirəydi ki, dava qurtardı…
Ananın oğlu müharibənin birinci günündən cəbhədə idi və bu oğuldan, bu yeganə övladdan başqa ananın heç kəsi yoxdu və indi bu oğul o qədər uzaqda idi ki, düşmən arxasındakı bir meşədən göndərdiyi üçkünc məktublar həftələrlə yol gəlib, sonra kəndə çatırdı.
Və bu il qış qurtaranda, məktub gəlməyəndə ana bir səhər yatağından qalxa bilmədi…
O vaxtdan həftələr keçmişdi və indi o labüd, qaçılmaz son gəlib çatmışdı. Artıq heç bir dava-dərman ananı həyata qaytara bilməzdi, buna görə idi ki, kəndin dünyagörmüş qarıları ananın neçə gün, neçə gecədən bəri uzanan bu can çəkişmə əzablarını yüngülləşdirmək üçün nə isə bir çarə, bir əlac tapmaq istəyirdilər, amma nə idi o çarə və nə idi o əlac – tapa bilmirdilər.
– Hə, onu deyirdim axı, öyrəli dili söz tutanda birdən dikəldi, yerindən qalxdı, əlimi qamarladı, sinəsinə basdı, Məsmə nənə, dedi, ölüm haqdır, amma mən ona görə bu qədər əzab çəkirəm, ona görə sizə də bu qədər zülm eləyirəm ki, xoşbəxt ölmək istəyirəm… O günə, Məsmə nənə, dedi, o günə, oğlumun əli əlimə dəyən günə mən bu ürəyimi qurban demişəm…
Qadınlar kövrəldilər, qara kağız alanların dərdi təzədən qövr eləyirdi, yollarını gözlədiklərinin nigarançılığı yenidən daş olub ürəklərindən asılırdı, amma özlərini boğurdular, xısın-xısın ağlayırdılar ki, səslərini ana eşitməsin, sonra əllərinin tərsi ilə gözlərini silirdilər və heyrətlə bir-birinin üzünə baxırdılar: xoşbəxt ölüm? Məgər vardımı bu dünyada belə bir ölüm?
Ana üçün vardı…
Vardı ki, sinəsi ölmüşdü, əlləri-ayaqları ölmüşdü, gözləri, dili, dodaqları ölmüşdü, ciyərləri, saçları ölmüşdü, təkcə ürəyi ölməmişdi, o ürəyi ki, həmişə yalnız oğlu üçün döyünmüşdü və indi yenə o ürək ananın bircə dəfə oğlunu görüb xoşbəxt ölməsi üçün bu qədər inad edirdi, təslim olmurdu, son zərbəsini vurmurdu və bununla da ananın can çəkişmə əzabını bu qədər uzadırdı.
Oğul! Hələ iki yaşı tamam olmamış atasından yetim qalmışdı və o vaxt ana hələ çox gözəl və çox gənc idi, amma neçə dəfə qapısına elçi gəlmişdisə, hər dəfə qapısı ağzından geri qaytarmışdı, gənc vücudunun, şəfqət istəyən ürəyinin, çiçəkli və təravətli qadınlığının bütün istək və diləklərini boğmuşdu.
Və oğul böyütmüşdü.
Elə mərd bir oğul ki, igid yaşına dolanda bütün kənd ananın adına oğlunun da adını qoşmuşdu və böyük-kiçik, xüsusilə balaca uşaqlar hər dəfə anaya ”Murad dayının anası xala“ deyəndə, ananın gülüşü, ana üçün ən xoşbəxt bir gülüş olmuşdu.
Sonra ana oğlunu şəhərə göndərmişdi, məhrumiyyətlərə qatlaşmışdı, ayrılığa dözmüşdü, səbir eləmişdi, “qoy oğlum şəhərdə böyük elm” oxusun, demişdi.
Aylar keçmişdi, illər dolanmışdı, oğul şəhərdə böyük elm oxumuşdu, təhsilini bitirmişdi, kəndə gəlmişdi və ilk sözü bu olmuşdu:
– Yır-yığış elə, ana, şəhərə aparıram səni, orda böyük bir fabrikdə işə başlamışam…
Və ana nə deyəcəyini bilməmişdi, oğlunun üzünə baxa-baxa qalmışdı, dədə-baba ocağından, torpağı altında ürəyinin parasını dəfn etdiyi bu yerlərdən ayrılıb getmək istəməmişdi, amma oğul fərağına dözməyə də artıq ürəyində taqəti qalmamışdı.
Və elə o gün şəhərdən gələn müharibə xəbəri bütün kəndi vəlvələyə salmışdı.
Oğul bir dəqiqə yubanmadan dəmiryol stansiyasına getmişdi, ordan şəhərə zəng eləmişdi, sonra axşamüstü qayıdıb gəlmişdi ki:
– Şəhər söhbəti sonraya qaldı ana, səbir elə, yolumu gözlə və heç vaxt məndən naümid olma…
Və yenə ana nə deyəcəyini bilməmişdi, amma o ifadə ki gözlərində zahir olmuşdu, oğul gözlərini qaçırtmışdı və elə o axşam şəhərə qayıtmışdı.
… İndi bu axşam yenə ölüm ilə ananın ürəyi arasında elə amansız və növbəti bir döyüş başlanmışdı ki, içəridəki qadınlar ananın üzünə baxa bilməmişdilər, başlarını aşağı salmışdılar.
Bu vaxt Məsmə qarı da gəlib çıxmışdı, amma qarı bu dəfə balaca qız nəvəsinin əlindən tutub içəri girmişdi. Qızcığaz elə qapı ağzındaca geniş açılmış gözləri ilə yatağında huşsuz yatan anaya baxanda və bərk-bərk nənəsinin böyrünə qısılanda, qarı yavaşdan onu irəli itələmişdi və qızcığaz yaxın getmişdi, ananın başı üstündə dayanmışdı, amma ananın üzünə baxmağa qorxmuşdu, gözlərini yummuşdu və birnəfəsə nənəsi ona nə əzbərlətmişdisə, təkrar eləmişdi:
– Xalacan, gözün aydın, dava qurtardı… Xalacan, dədəm, Murad dayı, Şirin bacının qardaşı Bədəl – hamısı ismarış göndərib ki, qırmızı vaqona minib kəndə gəlirlər… Sonra qızcığaz geri dönüb nənəsinin üstünə qaçmış və bu dəfə də Məsmə qarı qızcığazı içəridən çölə qovmuşdu ki, çıx, orda, artırmada məni gözlə.
Və içəridə kim vardısa, hamısının canından buz kimi soyuq bir gizilti keçmişdi, amma hamı sidq-ürəkdən inanmışdı ki, yalnız bu bir tikə məsum qız uşağının tərtəmiz, cingiltili səsi gedib can çəkən ananın huşuna çatacaq və ana oğlunun davadan sağ-salamat qayıtdığını eşidib, nəhayət, son dəfə rahat nəfəs alacaq, canını təslim eləyəcək və neçə gündən bəri çəkdiyi bütün bu əzaba son qoyulacaq.
Buna görə indi içəridəkilər hamısı başını qaldırmışdı, gözlərini anaya zilləmişdi və bu vaxt günlərdən bəri yatağında daş kimi hərəkətsiz düşüb qalmış ana yerindən tərpənən kimi olmuşdu, başını hara isə çevirmək istəmişdi, amma gücü çatmamışdı, gözlərini açmaq istəmişdi, aça bilməmişdi. Məsmə qarı tez yaxın gedib ananın üstünə əyilmişdi və yenə ananın dodaqlarının tərpənişindən nə dediyini oxumağa başlamışdı:
– Deyir, gəldiyin yollara anan qurban, oğul… Deyir, gözümü aça bilmirəm, üzünü görə bilmirəm, oğul… Deyir, əlini ver, əlin əlimə toxunsun, oğul…
Bu vaxt ananın əli sürüşüb taxt üstündən yerə düşmüşdü, bir-birinə qısılıb oturmuş qadınlar qorxub içlərini çəkmişdilər, hətta Məsmə qarı diksinərək və bir addım geri çəkilmişdi və hamı ananın taxtdan yerə düşmüş əlinə baxa-baxa qalmışdı.
Çünki ananın yerə düşmüş və açıq qalmış əli tərpənmirdi, amma elə bil nəyisə gözləyirdi, tərpənmirdi, amma elə bil nəyisə axtarırdı, tərpənmirdi, amma elə bil fəryad edib kimisə çağırırdı.
Və Məsmə qarı davam gətirməmişdi, hövlnak ayağa qalxmışdı, özünü açıq qapıdan artırmaya salmışdı, gedib orda, kəllə divardakı taxçanı eşib-eşələmişdi və axırda ordan yupyumru, hamar və qaramtıl bir daş tapıb çıxartmışdı.
Və bu daşı Məsmə qarı dəfələrlə gəlib anadan alıb aparmışdı, bu yupyumru hamar, qara daşla dəfələrlə böyük bir teşt içində abqora11
Abqora – qoradan hazırlanan turşu
[Закрыть] üçün qora22
Qora – üzümün dəyməmişi, kalı
[Закрыть] əzmişdi…
Sonra Məsmə qarı artırmadan qayıdıb içəri gəlmişdi, anaya yaxın getmişdi, yerə əyilmişdi və əlindəki bu qara daşı əlləri titrəyə-titrəyə ananın yerə düşmüş və açıq qalmış ovcuna qoymuşdu. Həmin dəqiqə ananın ovcundan rişələr keçmişdi: hərəkətsiz vücudu güclə sezilən bir titrəyişlə sarsılmışdı və əvvəlcə bir müddət bükülməyən barmaqları, nəhayət, bükülmüşdü, ovcundakı qara daşı bərk-bərk sıxmışdı… Və sonra hansı bir möcüzəyləsə ananın yerə düşmüş əli yuxarı qalxmışdı, sinəsi bərabərinə gəlmişdi və orda ovcundakı qara daşla bir yerdə taqqıltı ilə qupquru sinəsi üstünə düşmüşdü.
Və o şam ki çoxdan ərimişdi, çoxdan tükənmişdi, amma bir tikə alovu ilişmişdi dibində, ərinti üstündə qalmışdı, indi, nəhayət, o da sönmüşdü – ananın inadkar ürəyi son dəfə çırpınmışdı və son zərbəsini vurmuşdu.
Sonra o uğursuz və sirli səssizlikdən içəridəkilərin qulaqları cingildəyəndə, Məsmə qarı dərindən köksünü ötürmüşdü və hər iki əlini göyə qaldırmışdı:
– Ey bu vaxtın sahibi, – demişdi, – axır ki, o, əzabdan qurtuldu, sən də əgər adilsən, günahından keç, sən də əgər rəhmdilsən, bu aciz bəndənə, həmişə dərgahında boynunu bükənə rəhm elə!
Bakı, 1944
ƏFSANƏLİ DAĞLAR
(Uzaq dağlarımıza qalxan ilk məktəb müəlliminə)
O birinci dəfə idi ki, bu yerlərə ayaq basırdı. Üç gündü ki, bu uzaq dağlarda itirdiyi ovunu axtarırdı. Onu buralara aşağıdan, qalın aran meşələrində izinə düşdüyü bir maral çəkib gətirmişdi. Nabələd olduğu bu dağlarda isə o azıb yorulmuş və artıq ovunu tapmaqdan tamamilə ümidini kəsmişdi ki, birdən axtardığına rast gəldi. Ovçu onu meşənin dərinliyində, göydə çətirləri bir-birinə qarışmış qalın gövdəli, ucaboylu vələs ağacları arasında dayanmış gördü. Maral başını aşağı salıb ağac gövdəsinə söykənmiş, elə bil məruz qaldığı təqiblərdən yorulub indi dərin fikrə getmişdi.
Ovçu qəfildən onun üstünə çıxarkən qeyri-ixtiyari diksindi, sonra həyəcan içində tələsik və qəti bir hərəkətlə əlini tüfənginə atmaq istəyirdi ki, birdən maral ağır-ağır başını geri çevirdi, boynunu büküb qara, işıltılı qonur gözləri ilə ovçuya baxdı.
Lənətə gələsən səni, dəli şeytan! Yenə ovçunun əlləri sustaldı, yenə ovçu yerində donub qaldı. Heyvanın gözləri o qədər qəşəng, parlaq və cazibəli idi ki, ovçu bu dəfə də ona əl qaldıra bilmədi. Ona elə gəldi ki, əgər o, təbiətin bu nadir yaraşığına qəsd edərsə, əgər bu saat ona zillənmiş o qəribə gözlər qapanarsa, yanaqlardan süzülən bütün bu yaşıl işıqlar bir anda sönəcək, meşə üzərinə zülmət bir gecə enəcək, dağlar-qayalar belə fəryad edib haray qoparacaqlar. Sanki bu dəqiqə təbiət özü ürəyini tutub nəfəsini udmuş, rəngi qaçmış meşə çiçəkləri gözlərini geniş açmışdı.
Ovçu davam gətirməyib başını aşağı saldı, ayaqları altındakı qorxmuş çiçəklərə baxıb gülümsədi – o, təqib etdiyi ovuna imkan verirdi ki, qaçsın, uzaqlaşsın. Yox, görünür, o, bu maralı ovlaya bilməyəcəkdi. Artıq ikinci dəfə idi ki, maral onu bu cür sehrləyirdi. İkinci dəfə idi ki, o, bu günəş gözlü varlığa qıya bilmir, ürəyini gəmirən acgöz ovçuluq ehtirası ruhuna işləyən bir gözəlliyin amansız cazibəsi ilə üz-üzə gəlirdi. Ovçu şikarının yox olduğunu güman edərək başını qaldırdı. Lakin maral getməmişdi. Maral ona baxırdı. Ovçu heyrət içində gözlərini döydü. Bu zaman maral xəfif bir hərəkətlə başını buladı, sol biləyini qaldırıb dırnaqlarını iki dəfə yerə çırpdı, sonra yola düzəldi. Bu dəfə o qaçmayaraq ağır-ağır gedirdi. Bir qədər uzaqlaşıb yolunu kəsən pöhrəliyi döşü ilə yardı, sonra dayandı, boynunu büküb yenə geriyə baxdı.
Elə bil o, ovçunu harasa çağırırdı. Ovçu ovunun iradəsinə tabe olaraq maralın dalınca getdi. Maral qabaqda, ovçu arxada meşə ilə çox getdikdən sonra, nəhayət, onlar uçurumlu böyük bir dərəyə yetişdilər. Ovçu bütün cığırların bu uçurumlu dərə kənarında bitdiyini gördü. Elə bil buradan o tərəfə heç kəs keçməmiş, dərənin o biri tayı nə insan səsi eşitmiş, nə insan ləpiri görmüşdü…
Maral yana buruldu. Sonra dönüb geri baxdı, qonur gözlərinin lal çağırışı ilə o yenə ovçunu dalınca çəkib harasa aparırdı. Gizlin və sanki marala məlum bir cığırla aşağıya, uçuruma endilər, sonra divar kimi dik bir yoxuşa rast gəlib yuxarı dırmaşdılar. Ovçu yoxuş divarında üfüqi istiqamət almış ağac budaqlarından, üzüaşağı sallanıb bir-birinə sarmaşan müxtəlif bitkilərin uzun hörüklərindən yapışaraq özünü yuxarı qaldırır, girinti-çıxıntıları ayaqları altında pillə edib sanki dik bir divara dırmaşırdı. Qabaqda gedən maral isə tez-tez gah sağa, gah sola burulur, ayaqları altında qopan daşlar gurultu ilə aşağı töküləndə, ovçu cəld özünü ağacların gövdələri arxasına verib daldalanmağa məcbur olurdu. Nəhayət, onlar yoxuş başına qalxıb yüksək və hamar bir yaylaya çıxdılar. Burada, meşənin seyrələn yerində qarşılarında bir tala açıldı. Talanın yuxarı tərəfində əfsanəvi qala bürclərini andıran çılpaq qayalar yüksəlirdi. Onlardan biri, görünür, vaxtilə dəhşətli bir sarsıntı nəticəsində qopub aşağıya, talaya yumarlanmış, sonra isə bu nəhəng qaya parçasının böyrünə kiçik bir dağ kəndi sığınmışdı. Kənd cəmisi on dörd komadan ibarət bir oba idi.
Maral irəli gedib kənardakı ucqar bir komanın yanında dayandı. Komanın hörmə çubuq çəpərli həyətindən çıxan ensiz cığırın bir qolu qızıl lalələrlə örtülü kiçik bir dərəyə enir, digər qolu isə talanı kəsib keçərək meşə içində gözdən itirdi.
Ovçu dayanıb bir an ətrafı gözdən keçirdikdən sonra maralı nişan tutub ucqar komaya doğru yönəldi. Maral orada başını aşağı salıb komanın divarına söykənmiş, elə bil yenə nə barədə isə öz-özünə fikirləşirdi.
Ovçu artıq ona çatmışdı ki, birdən heyvan diksinib kənara sıçradı, ildırım kimi dərə döşüylə üzüaşağı götürüldü, bir dəqiqə sonra isə artıq sıx meşəyə girib gözdən itdi.
Ovçu koma yanında dayanıb uzun-uzadı maralın arxasınca baxdı, sonra birdən yorğunluq ona elə güc gəldi ki, tüfəngini çiynindən çıxardıb, özünü koma arxasındakı dikdir üstünə yıxdı. Ovçu bu cür yorğun-arğın çox oturub qaldı. Axşam günəşi odlu bir quş kimi üfüqdə yarımdövrə vurub, qərbdəki Yasamal dalına endi.
O zaman ovçu da ayağa qalxdı, obada gecələmək niyyəti ilə ucqar komanın qapısını döydü. Qapını açan, üzündə keçmiş gözəlliyindən solğun izlər qalmış alagöz bir qadın idi. O, ovçunu Allah qonağı kimi içəri buraxdı. Ovçu komaya girib qapı ağzında dayandı. Komanın yuxarı tərəfində baca altında ocaq yanırdı. Ocağın sağında çal qaşları altındakı gözləri dərin çuxurlara düşmüş bir qoca oturmuşdu. O, əlində yonduğu ağac parçalarından qaşıq və çömçə qayırırdı. Ocağın solunda həsir üstündə salınmış yataqda kim isə yorğan altında uzanmışdı.
Qoca içəri girən qonağın salamını alıb öz yanında, ocaq başında ona yer göstərdi, sonra üstünü çırparaq, yonub yanına tökdüyü yonqarı çəngələyib ocağa atdı. Ovçu bilirdi ki, əgər özü deməsə, heç kəs ondan – Allah qonağından – haradan gəldiyini, haraya getdiyini və kim olduğunu soruşmayacaq. Qoca kəhildəyib ayağa qalxarkən:
– Otur, oğlum, – dedi, – otur, mən də bu saat qayıdıram.
Qoca komadan çıxarkən ovçu yuxarı başa keçdi və bu zaman ocağın gözünü tutmuş yonqar topası birdən çatırdayıb alışdı, alov çırpınıb quş kimi qanad çaldı, közərən kösövlərdən qopan çırtdaqlar yuxarıya, bacaya doğru sıçradı.
Bu zaman komanın divarlarında rəqsə başlayan qırmızı şölə ocağın yanındakı yatağı da işıqlatdı, hələ də ayaq üstündə dayanmış ovçu isə qeyri-ixtiyari yataqdakının üzünə baxdı.
Güllü çit yorğan altında uzanmış gənc bir qızın qara saçları yastıq üzərinə dağılmış, solğun üzündəki qaşları elə çatılmışdı ki, elə bil o, yuxusunda gördüyü röyalara qarşı hirslənmişdi.
Ev sahibəsi gəlib yataq yanında oturarkən qız gözlərini açdı, sonra əlini alnına çəkib başını yana çevirəndə, hələ də ocaq başında ayaq üstə durmuş ovçunu görüb diksindi, cəld anasının əlindən tutub geniş açılmış gözləri ilə ovçuya baxa-baxa qaldı.
Qızın baxışları altında ovçunun da halı dəyişdi, bir qədər özünü itirib başını aşağı saldı. Qız dönüb anasına baxdı:
– O kimdir, anacan, o kimdir? – deyə soruşdu.
Anası əllərini qızının saçlarına çəkərək:
– Allah qonağıdır, bala, – dedi, – indicə qapını döyüb içəri girdi.
Qız həyəcan içində qalxıb yerində oturdu:
– Yox, bu, odur, anacan, bu, odur, – dedi.
Anası təlaş içində qızının çiyinlərini qucaqladı:
– Sakit ol, Pərican, sakit ol, elim-günüm, yoxsa səni yenə qara basır?
Bu dəfə qız artıq dinmədi. Yalnız başını çevirib komanın açıq qapısından, üzərinə axşam qaranlığı çökən dağlara baxdı, külək tərpədən meşələrdən gələn sirli uğultuya qulaq verdi, sonra birdən anasının sinəsinə qapanarkən, çiyinləri titrəyib əsdi.
Ovçu ayaq üstə donub qalaraq qızın titrəyən arıq çiyinlərinə baxır, ana isə qızını bağrına basıb pıçıldayırdı:
– Ağlama, gözünə qurban, nə var ki səndə, sağalacaqsan, ağlama, axı evdə qonağımız var. Qoy Əşrəf baba keçiləri sağsın, bu saat qonağımız üçün süfrə açarıq.
Qız başını qaldırıb yenidən ovçuya baxdı, indi onun gözyaşı ilə yuyulmuş gözlərində suları soyumuş payız dənizlərinin hüznü vardı. Ovçu bu baxışlar altında nə edəcəyini bilməyərək tüfəngini ocaq yanında divara söykərkən, qız ondan soruşdu:
– Səni bura mənim maralımmı gətirdi?
Ovçu diksinib heyrət içində qıza tərəf döndü, başının hərəkəti ilə qızın sualına cavab verdi. O zaman Pərinin başı yenidən yastıq üstünə düşdü, yol çəkən gözləri komanın tavanına, hisli pərdələrə dikildi, sonra o sanki öz-özünə danışırmış kimi:
– Axır ki gəlib çıxdın, – dedi. – Gecələr yuxuda görüb, gündüzlər yolunu gözləməkdən yorulub yatağa düşmüşdüm.
* * *
O gündən ovçu uzaq dağların əsiri olaraq qaldı. Pəri isə tezliklə yatağından qalxdı, az keçmədən yabanı bir dağ çiçəyi kimi açıldı, dodaqları lalə rəngli naxışlar çaldı, gözlərində günəşlər od tutub yandı, ürəyi fələklərə meydan oxuyan bir sevinc çeşməsi kimi qaynadı.
O zaman çoxdan bəri Pərinin mahnılarına həsrət qalmış dağlar, dərələr yenə onun səsini eşitdi, meşədən susmuş qumrular yenə ona səs verdi.
İndi kənddə artıq on beş koma vardı.
Əşrəf baba meşədən qırıb gətirdiyi çubuqlardan yastı-yapalaq bir koma hörmüş, Pəri ilə ovçu isə bu koma içində səadətlərinin sarayını göyə ucaltmışdılar.
Artıq Pərinin hər günü, bir günlük ömür sürən əlvan qanadlı bir kəpənəyə bənzəyirdi. Nazlı bir kəpənəyi andıran dan şəfəqi sərin və ipək qanadlarını Pərinin gözlərinə çəkir, qız ayılır, gözləri qarşısında qızıl qanadlı bir dağ səhəri görür, sonra bu zərif kəpənək havada rəqs edərkən, qanadlarından yerə qucaq-qucaq ulduzlar tökülür, axşama yaxın isə yorğun qanadlarını büküb qərbdəki Yasamal üzərinə sərilir, orada batan günəşin sarı simli şüalarında çırpınıb göz qırpır, sonra yavaş-yavaş əriyib yox olurdu. Sabahısı daha yaraşıqlı bir kəpənəyə bənzər başqa bir səhər açılır, axşam olurkən o da əvvəlkilər kimi qərbdəki Yasamal üzərində bir xəyala dönüb sönür, əbədiyyətin sonsuz dənizində bir zərrə kimi yox olurdu.
Pəri isə bu kəpənək – səhərlər arxasınca yüyürüb oynayan qayğısız bir körpə kimi idi. İndi ona elə gəlirdi ki, günəş onu oyatmaq üçün doğur, ay ona gülümsəmək üçün göyün ortasında süzür, dağdan qopan külək onun saçlarını oxşamaq üçün qanad açıb gəlir, dalğın gözlü axşamlar ona layla çalmaq üçün yer üzərinə enir.
Lakin bir gecə dağlarda şiddətli tufan qoparkən Pərinin məhəbbət röyaları ilk dəfə olaraq çalxanıb təlatümə gəldi və qızın əlvan səadət sarayından sanki bir kərpic qopub yerə düşdü.
Tufan gecə qəfildən qopdu.
Göy nəhəng bir mərmi kimi Pəri ilə ovçunun koması üstündə partladı. Hardasa meşədə külək sındıran bir ağacın fəryadı eşidildi. Pəri dik atılıb hövlnak yuxudan ayıldı. Ovçu da diksinib qalxaraq yatağında oturdu. Qız qaranlıqda özünü ovçunun üstünə ataraq qışqırdı:
– Oyan, laçınım, maralımı vurdular.
Ovçu Pərini qolları arasına alaraq:
– Qorxma, göyərçinim, – dedi, – qorxma, göy guruldadı. İstəyirsən su verim, iç!
Bu anda yenidən ildırım çaxdı, daxmanın içi süd kimi aydınlıq oldu. Pərinin geniş açılmış gözlərində, rəngi qaçmış üzündə bir-birinə sarmaşan işıltılar yanıb söndü.
Pəri su içib yuxudan tamamilə ayıldısa da, lakin yenə sakit ola bilmədi, ürəyi təlaş içində döyünməyə başladı. Bu tufanlı gecə ona nəyi isə xatırlatdı, çoxdan görmədiyi maral qızın yadına düşdü. Bütün bu günlər, həftələr qız öz sonsuz səadətinə elə qərq olmuşdu ki, maralını tamamilə unutmuşdu.
İndi yaralanmış bir yırtıcı kimi dağlarda, dərələrdə nərə çəkən küləyə, coşqun dağ çayları kimi şappıldayıb guruldayan meşələrə, dalbadal göydə partlayıb ətrafı sarsıdan ildırımlara qulaq asdıqca qız uçunur, maralını düşünür, ürəyi qorxu ilə dolurdu. Bütün bu illər ərzində gün olmamışdı ki, maral meşədən gəlib Pərini yoxlamasın. Qışda qarlı meşələrdə canavar sürüləri vurnuxanda heyvan qaçıb Pərinin həyətinə pənah gətirər, koma qarşısında qapı ağzında gecələyərdi. İndi neçə həftə idi ki, maral yox olmuşdu. Birinci dəfə idi ki, maral bu qədər uzun müddət meşədə qalıb obaya doğru gəlmirdi. Ovçunu gətirdiyi gündən heyvan gözdən itmiş, o gündən bəri bir dəfə də olsun Pəriyə baş çəkməmişdi.
Səhərin gözü açılar-açılmaz Pəri ayağa qalxıb meşəyə, maralı axtarmağa getdi. Ovçu isə ayılarkən Pərini komada görməyib təlaşa düşdü, lakin Əşrəf baba onu sakit eləyib özü ilə bərabər meşəyə, çoxdan yerini bələdlədiyi bir ağacı kəsməyə apardı. Pəri yalnız axşamüstü, Əşrəf baba ilə ovçudan çox sonra yorğun və fikirli halda meşədən qayıtdı. Bu vaxt ovçu daxmada, ocaq qırağında oturub tüfəngini silib təmizləyirdi. Pəri içəri girəndə başını çevirib tutqun baxışlarla qızı süzdü. Pəri ocaq başında oturub dalğın gözlərini oda zillədi, sonra başını qaldırıb ovçunun baxışlarını görərkən, yavaşdan köksünü ötürərək:
– Ah, laçınım, – dedi, – çox gəzdim, çox axtardım, axırda maralı tapdım, amma nə qədər elədim, gətirə bilmədim. Əvvəl bir az dalımca gəldi, sonra birdən dönüb meşəyə getdi. İndi ürəyim həmişə səksəkədə olacaq…
Ovçu gülərək başını buladı:
– Qəm yemə, göyərçinim, – dedi, – ovçun ölməyib ki, sən maralsız qalasan. Günü sabah bu dağların bütün marallarını qovub həyətinə gətirərəm.
Pəri şəfqətlə ovçunun boynuna sarıldı:
– Yox, laçınım, – dedi, – mənim bəxtim təkcə o marala bağlıdır. Bu dağlardakı marallar içində mən gərək təkcə onu göz bəbəyim kimi qoruyam.
Pəri yaxından ovçunun gözlərinə baxıb məzlum bir təbəssümlə gülümsədi.
Bu təbəssümdən ovçunun ürəyindən bir sızıltı keçdi, o, diqqətlə qızın gözlərinə baxaraq:
– Bəlkə, sən yenə xəstələnmisən, Pərican? – dedi. – Gecələr hərdənbir yuxuda inildəyirsən…
Pəri gözlərini aşağıya dikdi:
– Elədir, laçınım, gecə gördüyüm o uğursuz yuxunun vahiməsi hələ də ürəyimdən çıxmır. Qorxuram yuxum çin çıxa, elim-günüm, qorxuram maralımın başına bir xəta gələ… Gecə göy gurultusundan ayılanda qarışıq bir yuxu gördüm. Yuxuda kimsə göydə başım üstündə at çapırdı. Başımı qaldırıb yuxarı baxdım. Nə görsəm yaxşıdı, laçınım? Gördüm ki, yazıq maralım başını geri atıb, budaqlı buynuzlarını belinə qısıb göy üzü ilə baş alıb qaçır. Gözlərindən cin yağan qara yapıncılı bir ovçu da ov kimi qızartdaq bir at üstündə güllə kimi heyvanın dalısınca çapır. Hirsindən ovçunun gözlərinə qan sağılmışdı. Tez-tez atını qırmanclayıb maralımı qovur, hərdənbir az qalırdı ki, yazıq heyvanı haxlasın33
Haxlasın – haqlasın: yüyürüb çatmaq, dalınca qaçıb yaxalamaq
[Закрыть]. Göydə maralıma qahmar çıxan təkcə bir ay idi, laçınım, o da qara buludlarla əlbəyaxa olub çapalayırdı. Amma elə ki çırpınıb buludların əlindən çıxırdı, o saat yüyürüb maralımın yoluna işıq salırdı ki, heyvan büdrəməsin. Bir yerdə onlar hər ikisi, maral da, ay da qara buludların çəngəlində ilişib qaldılar. Ürəyim gup elədi, laçınım. Amma sonra gördüm ki, maralım buludları yardı, ayı da buynuzuna alıb açıq bir yerə çıxardı. Ay o saat havalanıb yuxarı qalxdı, yenə maralımın yoluna işıq saldı. Bunu görən qara paltarlı ovçunun aya da hirsi tutdu, qıy vurub çığırdı, hardansa cinlər qaçıb gəldilər, yuxarı atılıb yazıq ayı boğmağa başladılar. Ay qıpqırmızı qızarıb çırpınmağa başladı, bu vaxt ovçu bulud içindən çıxan bir ildırımın ucundan tutub qırmanc kimi atına vurdu, kürən atı qapqara qaralıb irəli sıçradı, ovçu tüfəngini çiynindən çıxardı… Güllə açıldı, maralıma dəyəndə mən çığırdım, laçınım, oyanıb üzümü sənin üstünə saldım…
Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?