Электронная библиотека » Ənvər Məmmədxanlı » » онлайн чтение - страница 3

Текст книги "Hekayələr"


  • Текст добавлен: 6 декабря 2022, 08:21


Автор книги: Ənvər Məmmədxanlı


Жанр: Современная русская литература, Современная проза


Возрастные ограничения: +12

сообщить о неприемлемом содержимом

Текущая страница: 3 (всего у книги 12 страниц) [доступный отрывок для чтения: 3 страниц]

Шрифт:
- 100% +

Sonra o, bir dəfə də olsa dönüb geriyə baxmadı. Dağlardan enən cığırlardan, düzənlərdə uzanan yollardan sanki bir yuxu içərisində keçib gedirdi. Nə açılan səhərləri, nə də qaralan axşamları bir-birindən ayıra bilirdi. Nə qədər keçəndən sonra yaşadığı yerlərə gəlib çıxdığının, nə vaxt doğma bir evin qapısını döydüyünün fərqinə varmadı.

Qapını açan anası oğlunu görərkən qışqırıb özünü onun üstünə saldı:

– Qabağında ölüm, oğul, – dedi, – sən ki ova getmişdin, bu başın harada ağardı?

Anasının qolları arasında birdən-birə ölümcül bir yorğunluq duyan ovçu qeyri-ixtiyari gözlərini yumaraq:

– Uzaqlarda, anacan, – dedi, – uzaqlarda… Əfsanəli dağlarda.

* * *

O zamandan ovçu qapanıb evində qaldı. Bir-birini təqib edərək ehtirasla onu çağıran ov mövsümlərinə qarşı artıq biganə idi. Günləri fikir-xəyal içində keçirdi, gözləri divardakı solğun bir kölgəyə, bir vaxtlar tüfəngini asdığı, indisə boş qalan yerə sataşanda diksinirdi, gəlib saatlarla pəncərə ağzında otururdu, səhər alaqaranlığında evinin yanından ötüb uzaqlaşan çiyni ov tüfəngli kölgələr arxasınca zillənən gözləri yol çəkirdi.

Səhər və axşamlar növbə ilə onun pəncərəsindən ağ və qara pərdələr asır, lakin ovçu bunun fərqinə varmır, həyatı sürükləyib aparan zamanın qoşa dalğaları – nə gündüz, nə də gecə onu bağlanıb qaldığı bir nöqtədən, keçmişin xatirə sahilindən qopara bilirdi.

Lakin nə zaman ki tufan qopardı, nə zaman ki göydə qara buludlar çaxnaşardı, qalın meşələrdə ağacların təpələri qaynayardı, dağlardan boğuq bir uğultu qopardı, o zaman ovçunun da ürəyi kükrəyən bir dəniz kimi təlatümə gələrdi.

O amansız bir təlaş, tutqun bir həyəcan içərisində nəyə isə qulaq verərdi. Bütün bu gurultu və vıyıltılar içərisindən ovçunu başqa bir səs çağırardı.

Bu səs sanki uzaqlardan, maralsız qalmış dağlardan, pərisiz qalmış obalardan qopub gələr, dumandan onu haraylardı.

Bu zaman ovçu çiyinlərini əzən dağ ağırlığını aşırmaq üçün çırpınar, baş alıb hara isə qaçmaq ehtiyacı duyar, yenə uzaq dağların başına qalxıb günəşin doğmasını, üfüqlərin geniş çevrəsini, meşələrin qaynayıb dalğalanmasını görmək istərdi.

Nəhayət, bir gün ovçu qətiyyəti ilə ayağa qalxdı, cəld evdən çıxıb harasa getdi, yalnız axşamüstü qayıdaraq, özü ilə bərabər bir yığın kitab gətirdi. Sonra atadanqalma naxışlı, köhnə xurcunu tapıb, hər iki gözünü gətirdiyi kitablarla doldurdu.

İçəri girən anası oğlunun harasa getməyə hazırlandığını görüb təlaşa düşdü:

– Yenə səfərin haradır, oğul? – dedi.

Ovçu başını qaldıraraq:

– Uzaqlara, anacan, – dedi, – uzaqlara… Əfsanəli dağlara. Orada kitab yoxdur, mən oraya kitab aparmalıyam. Mövhumat cəngəlində məhv olan sevgilimin intiqamını almalıyam. Orada mövhum kölgələrə, batil etiqadlara atdığım güllə qayıdıb öz ürəyimə dəydi. Sonra ayıldım, şəxsi fəlakət mənim üçün müəllim oldu. İndi bu kitablardır mənim silahım, indi işıq saçan bu silahla mən əbədi olaraq qaranlığa qarşı vuruşacağam.

1939

AYRILDILAR…

Yan yoldan geri qayıtdılar. Qalın meşələrlə örtülü Qaraquş dağlarının başına qalxdıqları dik cığırla indi üzüaşağı enirdilər. Hər ikisi susmuşdu. Yalnız ayaqları altında sınan quru çör-çöplərin çatırtısı, cığır qırağından qopub aşağı diyirlənən xırdaca daşların cağıltısı eşidilirdi.

Adilə diqqətlə ayaqları altına baxırdı, ehtiyatla addımlayırdı, ipək donunu kol-kosdan qoruyurdu. İlyas isə qızın qolundan tutmuşdu ki, çınqıllı və çox əynəmli enişdə sürüşməsin və o vaxt ki, özü sürüşürdü, sol əlini atıb cığır qırağındakı ağacların yerə əyilmiş budaqlarından yapışırdı və sağ əli ilə sürüşüb gedən qızı geri dartırdı, ayaq üstündə saxlayırdı.

Bir dəfə elə oldu ki, bir-birinə sarılıb ayaq üstündə duruş gətirdilər və bu dəfə elə ki, üzləri bir-birinə çox yaxın oldu, gözləri qaranlıq gətirdi, nəfəsləri qısıldı və tezləşdi, o saat sanki görünməz bir əl arxadan dartdı, hər ikisini bir-birindən ayırdı.

Sonra yalnız əlləri bir-birindən üzülmək istəmədi və əlləri bir-birinin əlində gəldilər, Beşbulaq dərəsinin kənarına çıxdılar.

Buradan aşağıya, dərə dibinə enən dolama araba yolu sağdakı yastı təpələr arasından çıxırdı, güney tala göyşənləri içərisindən keçirdi, sonra Beşbulaq dərəsi dibindən yuxarı dırmaşırdı və yoxuş başında, təpə üstündə yerləşən kiçik bir dağ kəndinə qalxırdı.

Adilə başıyla sol tərəfə işarə elədi, fıstıq ağacları altındakı üstü çox hamar böyük bir daşı göstərdi. İlyas cəld irəli keçdi, pencəyini çıxardıb daşın üstünə sərdi. Adilə daş üstündə oturdu, əllərini saçlarına çəkdi. İlyas arxadan əyildi, qızın saçları arasında ilişib qalmış xırdaca, quru yarpaq qırıntılarını təmizlədi. Adilə başını qaldırıb aşağıdan yuxarı İlyasa baxıb gülümsədi:

– Oturaq, – dedi, – bir az burda… Bu gün çox yuxarı qalxdıq.

– Amma yol hələ yarı olmamışdı, geri qayıtdıq…

– Uzaqdan baxanda o dağ başı mənə çox yaxın göründü, yaxşı ki, tez başa düşdüm ki, nə qədər gec deyil qayıtmaq lazımdır.

– Əgər bircə dəfə qalxsaydın o ucalığa, ordan gördüyünü heç vaxt unutmazdın!

– Qocaman və yalqız bir ağac? Və başına o qədər ildırım düşüb ki, qara bir skelet kimi qalıb?

– Elədir, ağac skeletdir və hər səhər, hər axşam çox qocalmış bir cüt qartal o ağacın qara budaqlarına qonub, qüssəli gözləri ilə çox uzaqlara baxırlar…

– Bizi görəndə üstümüzə şığımazdılar?

– Qartallar təyyarələri görəndə dəli olurlar və təyyarələrin üstünə cumub məhv olurlar.

Ayaqları altında – dərə dibində qaynayan bir bulağın suyu dəmir lülədən içi yonulmuş uzunsov daş içərisinə tökülürdü, oradan da daşaraq dərədə şırıldayan kiçik bir çayın sularına qovuşurdu. Qarşıda yoxuş başındakı dağ kəndinin əyri-üyrü küçələrində, qaratikan kolundan vurulmuş qara çəpərlər arasında kənd uşaqları oynaşırdı və kənddən o tərəfdə meşəli düzənlər qaralırdı, sonra torpağın birdən kükrəyib yuxarı qalxdığı yerdə, bu mənzərəni bir-birinin ardınca qat-qat nəhəng divarlar kimi göyə yüksələn sıra dağlar tamamlayırdı.

Adilə yenə başını qaldırdı, İlyasa baxdı:

– Niyə oturmursan?

– Gəzək, bu gün çox gəzək, bir az dincini al, baş alıb gedək.

– Yox, əyləş burda söhbət eləyək. Bu axı, bizim sirr daşımızdır.

– Qoy bu gün istirahət eləsin. İki aydır, biz danışırıq, o qulaq asır…

Adilənin üzündən bir kölgə keçdi, əli ilə daşı oxşadı:

– Eşitdin, sirr daşı, səbir daşı? Sənə ürəyi yanan varmış burda…

İlyas arxadan əyildi, üzünü qızın saçlarına toxundurdu:

– Səni gördüyüm o gün – dedi, – bu daş, bu torpaq, o su – hamısı dil açdı… və nağıl başlandı… Adilə əllərini qaldırdı, arxasında dayanmış İlyasın boynu ardında daraqladı, bir an gözlərini yumdu, gülümsər bir yuxuya getdi, sonra sanki ayıldı, qollarını açdı və dedi:

– Nahara bir saat qalıb, otur, bu gün səndən çox şey soruşacağam. Çünki mamamın, papamın sənə yeni sualları var.

– Məgər iki aydan bəri hər gün verdiyim cavablar atanı və ananı qane salmadımı?

– Qəti qərara gəlmək üçün onlar sənin haqqında çox şey bilməlidirlər.

– Özüm haqqında danışa-danışa mən axırda sayıqlaya bilərəm.

– O balaca kəndin böyük gələcəyindən danışanda da mən darıxıram.

– Doğulduğum kənddir. Gərək bu zəif damarımı mənə bağışlayasan.

– Bağışlayıram, bu şərtlə ki, öz gələcəyindən, bizim gələcəyimizdən danışasan.

– O barədə bir dəfə danışdım, sən qulaq asmadın.

– Çünki gətirib axırda taleyimizi o kənd ilə bağladın. Mən isə şəhər qızıyam, işıqlı şəhər gecələrinin vurğunuyam, işıqsız kənd gecələrini sevə bilmirəm.

– Uzaq bir çay üstündə böyük elektrostansiya tikiləcək. Onda bu kənd gecələri də işıqlı olacaq və darıxma, bir həftədən sonra şəhərdə olacağıq.

– Burada sənə rast gəlməsəydim, darıxacaqdım. Bura da mamam gətirdi bizi, dedi bu yay kəndə gedək, həm ziyarət olsun, həm ticarət.

– O nə deməkdir?

– Yayı kəndə gedəndə atam kənddəki xəstələri müalicə eləyir, buradan qayıdanda mama şəhərdə təzə mənzilimizə təzə mebel alacaq.

İlyas dərənin o tayına baxdı. Orda artıq günəşin şüaları ağacların yarpaqlarında sarı bir alovla yanırdı. Və yoxuş başında, dikdir üstündə bir atlı dayanmışdı. Atlı başını dik tutaraq, uzaq dağlara sarı baxırdı, at isə qabaq ayağını qaldırıb səbirsizliklə torpağı döyəcləyirdi. Adilə aşağı əyildi, boz daş altından yaşıl fəvvarə kimi fışqıran bir çəngə ot içindən birini qırdı. Sonra başını qaldırdı və soruşdu:

– Mamam deyirdi ki, institutu qurtaranda o, şəhərdə mənzil ala biləcəkmi? Papam da dedi ki, indidən çalışsa, beş il sonra institutu qurtaranda ona növbə çatar.

– Nə üçün onlar elə güman eləyir ki, institutu qurtaranda mən şəhərdə qalacağam?

– Bəs hara gedəcəksən?

– Burdakı uşaqlara da dərs deyən lazımdır.

– Lazımdır, amma… axı mən şəhərdə, sən burda…

– Burdakı xəstələri də müalicə eləyən əllər lazımdır.

– Medinstitutu qurtaranda məni bura həkim göndərsələr, mamam özünü öldürər.

– Özümü öldürrəm deyənlər özünü öldürmürlər.

– Şəhərdə beşotaqlı mənzilimiz var, mamam deyir, üç otağın yatırı88
  Yatır – qiymətli şeylər, var-dövlət


[Закрыть]
– mebeli, xalıları, ağ royalı sənin cehizindir.

– Gələcəyin sevinci sənin cehizin olmalıdır.

– Elədir, amma şəhərdəki rahatlıq yaxşı döşənmiş geniş mənzillərə bağlıdır.

– Bəzən həddindən artıq rahatlıq ürəyi narahat edir.

– Hər halda kənddən şəhərə gedənlər bir də geriyə, o torpaq daxmalara qayıtmır. Sənin şəhərdəki qohumların…

– Mənim şəhərdə bir nəfər qohumum var.

– Bir nəfər olsun, geri qayıdıb?

– Yox.

– Nə üçün?

– Taleyi şəhərə bağlanıb.

– Kimdir o? Sən onun haqqında mənə danışmamısan.

– Dayımdır və hələlik təkcə onun haqqında danışmağa macal tapmamışam.

– Mamam deyir, onun ”Kommunist“ küçəsində gözəl mənzili var, deyir bir ər-bir arvad yaşayırlar, nə əcəb bacısı oğlu şəhərdə onların yanında qalmır?!

– Tələbə yataqxanasında yaşamaq mənim üçün daha xoşdur.

– Papam da deyirdi ki, o, məsul vəzifədə işləyir.

– Maman və papan mənə aid nə varsa məndən yaxşı bilirlər.

– Nə olar, mən onların yeganə övladıyam, papam deyir ki, adamları yoxlamaq lazımdır.

– Elədir, amma komsomola girəndə məni bu qədər yoxlamamışdılar.

– Bunu ona özün deyərsən – çünki bu axşam bizdə qonaqsan. Papam dedi ki, çağır onu axşam bizə gəlsin, özü danışacaq səninlə.

– Yaxşı olar, birdəfəlik nə lazımdırsa qoy özləri soruşsun!

– Amma yenə elə suallar ortaya çıxacaq ki, onlar mənim vasitəmlə səndən soruşacaqlar. Hara baxırsan?

– Göyə, buludlar altındakı o iki qara nöqtəyə.

Adilə də başını geri atdı, göyə baxdı.

Göyün dərinliyində ağ buludlar altında süzən iki dağ qartalı aşağıdan iki qara nöqtə kimi görünürdü.

– Kiş, kiş, qırılmışlar! – deyə Adilə əyildi, yerdən fındıq boyda bir daş götürdü və göyə, qartallara doğru tolazlamaq istədi.

İlyas qızın biləyindən tutdu:

– Atma, qorxub qaçdılar.

Adilə başını çevirib altdan yuxarı İlyasın gözlərinə baxdı. İlyasın gözlərində fərəhli işıqlar oynayırdı, Adilə də gülümsədi:

– Mən axmaqlıq eləyəndə elə bil sən dirilirsən.

– Sən öz hərəkətlərində və öz sözlərində gözəlsən!

Bu zaman qarşıdakı yoxuş başında dayanmış at kişnədi, sürəkli, əsəbi və yanıqlı bir səslə kişnədi. İlyas diksinən kimi oldu. Dönüb ona baxan Adilə soruşdu:

– Niyə elə hey o atlıya baxırsan?

– O at da, o atlı da kimi isə gözləyirlər. Amma kimin atıdır, atlı kimdir – burdan tanıya bilmirəm.

– Nəyinə lazımdır? Nə üçün maraqlanırsan?

– Heç…

– Onda qulaq as, nahara yarım saat qalıb, mamam deyirdi ki, nə üçün o, səni həmişə gündüzlər gəzməyə aparır, nə üçün aylı gecələr dalınca gəlmir?

– Nə aylı, nə aysız gecələrdə mənim anam məni gəzməyə buraxmır.

– Hələ də ana uşağısan, yoxsa kişi?

– Bir az ondanam, bir az bundan.

– Gecələr anan səni evdə saxlayıb neyləyir ki?

– Başımı dizi üstə qoyub gah layla çalır mənə, gah nağıl deyir.

– Sən onun sonbeşiyisən?

– Yox, məndən kiçik bacılarım, məndən böyük qardaşım var. Demişdim sənə yadından çıxıb.

– Onda nə üçün anan səni belə əzizləyir?

– O biri uşaqları yanındadırlar, kolxozda işləyirlər. Şəhərdə oxuyan tək mənəm. Deyir axırıncı dəfədir səni görürəm, ya mən öləcəyəm, ya sən bir də bu kəndə qayıtmayacaqsan. Bilmirəm, bəlkə, xəstədir, bizim analar xəstə olanda demirlər.

– Yox, xəstə deyil, səhər mən ona rast gəldim.

İlyas cəld başını çevirib Adiləyə baxdı:

– Harda? Nə cür onu tanıdın?

– Bura səninlə görüşə gəlirdim. Sizin evin yanından keçəndə, arxadan bir səs məni çağırdı: a qızım, bir dayan! Dönüb geri baxdım. Doqqazdan çıxan bir arvad mənə doğru gəlirdi. Yaxınlaşdı, hər iki əlini çiyinlərimə qoydu, “qoy bir az sənə baxım, qızım”, – dedi. Dərhal hiss elədim ki, sənin anandır. Çaşdım, qızardım, özümü itirdim, deməyə söz tapmadım.

– Bəs o?

– Bir az üzümə baxandan sonra dedi ki, ”get, qızım, səni yoldan elədim”.

Yenə bir an hər ikisi susdu.

Bu vaxt yoxuş başındakı o at yenə kişnədi və bu dəfə kişnərtisində elə ehtiraslı bir çağırış vardı ki, İlyasın gözləri yol çəkdi:

– Elə bil Tərlandır, o da belə səs salardı bu dağlara…

– Tərlan? – deyə Adilə maraqlandı, – kimdir ki o? Tanıdın burdan ora, o atlını?

İlyas qızın sualını başa düşmədi, döndü qıza baxa-baxa qaldı və indi gözlərində elə bir dalğınlıq və uzaqlıq vardı ki, Adilə nə isə bir cür oldu; sonra başını aşağı salıb sualını təkrar edərkən, qızın səsində artıq əsəbi bir titrəyiş vardı:

– Kimdir axı o Tərlan dediyin?

– Almagözlü, qız birçəkli, iti yerişli bir qaçağan idi. Və o gün… əlim ondan üzüldüyü o gün – mənim də ilk gəncliyim qurtardı.

– Sənin atın idi, papan bağışlamışdı?

– Yox, dədəm bizə, öz uşaqlarına heç bir şey bağışlamazdı. Amma dəridən-qabıqdan çıxardı ki, axşam uşaqları ac yatmasın. O öləndə mənim altı yaşım olardı. Ondan sonra bizi dayım saxladı. Tərlan da dayımın atı idi, amma mənim ucbatımdan o möcüzə məhv oldu.

– Möcüzə? – deyə Adilə başını qaldırdı.

– Mənim gözümlə onu görsəydin, sən də başqa söz tapa bilməzdin.

– Elə isə danış o möcüzədən, qoy ürəyimə qısqanclıq odu düşsün…

İlyas heyrətlə Adiləyə baxdı:

– Qısqanclıq odu?

– Üzündəki ifadəni özün görsən məni başa düşərsən. Əyləş, başımı qaldırıb sənə baxmaqdan boynum əyri bitdi.

İlyas qızın ayaqları yanında, keçənilki quru xəzəl üstündə oturdu, daşa söykəndi. Sonra danışmağa başlarkən, Adilə indi onun üzünü görmür, yalnız bir az dağınıq, sıx qara saçlarına baxırdı və bir dəfə ehtiyatla əlini onun saçlarına toxundurdu, lakin, deyəsən, İlyas bunu hiss eləmədi, elə bil indi o, öz-özüylə danışırdı:

– Üç il sonra dayım Rusiyadan, Vətəndaş müharibəsindən qayıdan payız, mənim artıq 13 yaşım tamam olmuşdu. Sentyabrın axırlarında dumanlı bir axşam, kənddə çıraqlar yanan vaxt, bax, orada – kəndin üstündəki o balaca təpədə kişnəyən bir atın səsi məni diksindirdi. Ürəyim döyündü, həyəcan içində bir an gözlədim. At bir də kişnədi. Artıq şübhəm qalmamışdı. İçəriyə, çırağı yandıran anamın yanına yüyürdüm.

– Dayım gəlir, ana, – dedim. Dayım gəlir. Anam diksindi, içini çəkdi, elə bildi ki, dayım artıq həyətdədir, özünü çölə, torpaq səkiyə atdı, mən də dalınca qaçdım.

– Bu saat gəlir ana, bu saat gələcək.

Anam gözlərini döydü:

– Kim xəbər gətirdi axı, – dedi. Həyətdə heç kəs yoxdur.

– Tərlanın səsini tanıdım, ana, təpə üstündə kişnəyən o at Tərlandı.

Anam çox məyus oldu, tək bir qardaşının həsrətindən yaş dolmuş gözləri ilə mənə baxdı, köksünü ötürdü:

– Allah sənə insaf versin, bala…

– Yox, gəlir, ana, gəlir… Bu saat yüyürürəm qabağına.

Mən səhv eləmədiyimə o qədər əmin idim ki, anam yenidən həyəcanlandı:

– Allah ağzından eşitsin, bala, Allah ağzından eşitsin. Onda tez yüyür, Arəstə bacıdan, əgər varsa, bir çimdik çay al gətir, evdə quru çay yoxdur.

Çəpərin yatıq yerindən adlayıb qonşumuz Arəstə xalagilə keçdim, sonra ovcumda sıxdığım bir qaşıq quru çayla çəpər üstündən atılıb öz həyətimizə keçəndə gördüm ki, dayım Tərlanın belində doqqazdan içəri girdi.

Evdəkilər hamısı qışqırışaraq həyətə töküldü. Dayım torpaq səki qabağında Tərlanın üstündən sıçrayıb yerə düşdü, qollarını geniş açaraq əvvəlcə bizi, çolma-çocuğu, xırım-xırdanı – hamımızı bir dəfəyə qamarlayıb bağrına basdı, sonra təmkinlə anamı qucaqlarkən, mənə sarı dönüb dedi:

– Tərlanı gəzdir, təri soyusun!

Cəld ovcumdakı quru çayı bacımın ovcuna boşaltdım, sonra Tərlanın cilovundan tutdum, armud ağaclarının arasıyla çox uzağa getdim. Elə ki həyətin aşağısına gəlib gözdən yayındım, o saat döndüm Tərlanın boynuna sarıldım. ”Tərlanım, kəhərim, qaragözlüm, sərvboylum“ və nə bilim daha nələr deyirdim və öpürdüm atın üzündən, doymurdum. Tərlan isə

Внимание! Это не конец книги.

Если начало книги вам понравилось, то полную версию можно приобрести у нашего партнёра - распространителя легального контента. Поддержите автора!

Страницы книги >> Предыдущая | 1 2 3
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации