Текст книги "Yaxınlıq"
Автор книги: Oşo
Жанр: Зарубежная эзотерическая и религиозная литература, Религия
Возрастные ограничения: +16
сообщить о неприемлемом содержимом
Текущая страница: 2 (всего у книги 9 страниц) [доступный отрывок для чтения: 2 страниц]
İnsanlar bütün həyatlarını başqalarının dediklərinə inanaraq keçirir; onlardan asılı qalaraq yaşayırlar. Ona görə insanlar başqalarının fikirlərindən bu qədər çox qorxur. Pis olduğunu desələr pis olursan. Səni günahlandırsalar özünü günahlandırmağa başlayırsan. Günah iş tutmusan desələr, özünü günahkar hiss edirsən. Onların şərhlərindən asılı olduğun üçün onların fikirlərinə uyğunlaşmağa məcbursan; yoxsa fikirlərini dəyişərlər. Bu köləlik yaradır, gizli bir köləlik… Əgər yaxşı, qiymətli, gözəl, ağıllı olaraq tanınmaq istəyirsənsə, fikirlərindən asılı qaldığın insanlar üçün davamlı olaraq nələrdənsə keçməli, onlara güzəştə getməlisən.
Sonra başqa bir problem çıxır. İnsanlar fərqli olduqlarından sənin də zehnini fərqli-fərqli fikirlərlə doldurmağa davam edirlər. Fikirlərsə ziddiyyətlidir. Birinin dediyi o birisinə uyğun gəlmir; buna görə də sənin içində böyük bir qarışıqlıq var. Biri ağıllısan deyir, o birisi axmaqsan deyir. Necə qərar verəcəksən? Bölünürsən. Özündən, kim olduğundan şübhələnirsən. Bu xaos böyüyər, çünki ətrafında minlərlə insan var.
Bir çox insanla əlaqədəsən və hamısı da sənin zehnini, ağlını, öz fikirləriylə bəsləyir. Əslində heç biri səni tanımır – sən belə özünü tanımırsan – amma bütün bu yığıntı sənin içində düyün yaradır. Bu dəli edici bir vəziyyətdir. İçində çoxlu səs-küy var. Kim olduğunu nə vaxt soruşsan içəridən çoxlu cavab gəlir. Gah ananın, gah atanın, gah bir müəlliminin səsi və bunun kimi bir çox səs. Və hansının doğru cavab olduğuna qərar vermək qeyri-mümkündür. Necə qərar verilməlidir axı? Meyar, kriteriya nədir axı? Bu zaman insan itir. Bu, özünü itirməkdir.
Amma başqalarından asılı olduğun üçün də tənhalıqdan qorxursan, təkliyə qapandığın an özünü itirməkdən çox qorxursan. Hər şey dən əvvəl, onsuz da özünə sahib deyilsən, amma başqalarının söylədikləriylə yaratdığın mənliyini tamamilə geridə buraxmalı olursan. Ona görə də, öz içinə girmək çox, amma çox qorxuludur. Nə qədər dərinə girsən, yanıldığını daha çox anlayarsan. Ona görə, əslində özünü tanımağa başlayarkən, bu baş verməmişdən əvvəl, özün haqqındakı bütün fikirləri unutmaq məcburiyyətində olacaqsan. Bir boşluq olacaq, bir növ heçlik olacaq. Şəxsiyyətsiz olacaqsan. Tamamilə itəcəksən, çünki, bildiyin hər şey artıq əhəmiyyətsizdir və nəyin əhəmiyyətli olduğunu da hələ bilmirsən.
Xristian mistiklər buna "ruhun qaranlıq gecəsi" deyır. Bunun içindən keçmək lazımdır və bir dəfə keçsən üfüqün işartısını görərsən. Günəş doğar və insan özünü ilk dəfə tanıyar. Günəşin ilk şüaları və beləliklə hər şey tamamlanar. Səhər quşların ilk nəğmələri və sən hər şeyə çatırsan.
GERÇƏK OL
Dürüst olmaq həqiqi olmaqdır. Gerçək olmaq saxta olmamaq, maska taxmamaqdır. Gerçək üzün hər nədirsə, nə bahasına olursa olsun onu göstər. Unutma, bu başqalarının maskalarını açmalısan, onları ifşa etməlisən mənasını verməz. Onlar yalanlarıyla xoşbəxtdirlərsə bu onların qərarıdır. Gedib başqalarının maskalarını çıxarmağa çalışma, çünki hərkəs ümumiyyətlə belə fikirləşir – gerçək olmalıyam, həqiqi olmalıyam deyərlər – amma etdikləri şey gedib başqalarını soymaqdır. "Niyə özünü gizləməyə çalışırsınız? Bu geyimlərə ehtiyac yoxdur" deyərlər. Xeyr. Xahiş edirəm, bunu yadda saxla. Sən özünə qarşı dürüst ol. Dünyadakı başqa heç bir insanı islah etməyin lazım deyil. Əgər özün böyüyə bilsən bu yetərlidir, kafidir. Başqalarına nəsə öyrətməyə çalışma, kimsəni düzəltməyə çalışma, başqalarını dəyişdirməyə çalışma. Əgər özün dəyişə bilsən bu mesaj hər kəsə yetər.
Gerçək olmaq, öz ÖZünə, içinə bağlı qalmaqdır. Necə gerçək qalmaq olar ki? Üç şeyi xatırlamaq lazımdır. Bir – başqalarının sənə necə biri olmalı olduğuna dair söylədiklərinə əsla qulaq asma. Həmişə iç səsini dinlə. Yoxsa bütün həyatın boşa gedər. Anan mühəndis olmağını istəyər, atan həkim olmağını və sən şair olmaq istəyərsən. Bəs onda necə etməli? Əlbəttə anan haqlıdır, çünki, mühəndis olmaq iqtisadi baxımdan daha əlverişlidir. Atan da haqlıdır, çünki həkim olmaq mailiyyə baxımından daha sərfəlidir. Şair olmaq? Havalanmısan? Dəli olmusan? Şairlərə hər kəs nifrət edər. Kimsə onları sevməz. Onlara ehtiyac yoxdur, dünya şeirsiz də var ola bilər; sırf şeir yoxdur deyə problem çıxmaz. Dünya mühəndislər olmadan var ola bilməz, dünyanın mühəndislərə ehtiyacı var. Əgər ehtiyac duyulursansa bu – sən qiymətlisən deməkdir. Ehtiyac duyulmursansa dəyərin də yoxdur. Amma sən şair olmaq istəyirsənsə şair ol. Bəlkə dilənçi olarsan, lap yaxşı. Çox zəngin olmaya bilərsən amma bunu dərd etmə. Çünki əks halda, bəlkə böyük bir mühəndis olarsan və çox pul qazana bilərsən, amma əsla bundan doya bilməzsən. Həsrətlə yaşayarsan: varlığın yana-yana şair olmağın həsrətini çəkər.
Böyük bir elm adamından, Nobellə mükafatlandırılan bir cərrahdan soruşublar ki, "Nobel mükafatını alarkən çox da xoşbəxt görünmədiniz. Problem nə idi?" O da deyib ki: "Mən həmişə rəqqas olmaq istəmişəm. Əslində cərrah olmaq istəməmişdim. Amma indi sadəcə cərrah olmadım, çox yaxşı bir cərrah oldum və bu bir yükdür. Mən yalnız rəqqas olmaq istəmişdim və indi hələ də çox pis rəqs edirəm – bu da mənə acı verir, pis təsir edir. Kimisə rəqs edərkən görəndə özümü cəhənnəmdəymiş kimi bərbad hiss edirəm. Bu Nobel mükafatını neyləyəcəm? Rəqsin yerini verə bilməz, mənə rəqsi verə bilməz."
Unutma, iç səsinə bağlı qal. Səni təhlükəyə yönəldə bilər; o zaman təhlükəyə gir, amma iç səsinə bağlı qal. Ancaq o zaman bir gün xoşbəxtliklə istədiyin rəqsi edə bilərsən. Həmişə bunu güd: Sənin varlığın hər şeydən əvvəl gəlir. Başqalarının səni istifadə etmələrinə və nəzarət etmələrinə icazə vermə. Və o insanlardan çox var: hər kəs sənə nəzarət etməyə və səni dəyişdirməyə hazırdır, sən heç istəmədiyin halda sənə istiqamət göstərməyə hazırdır. Hər kəs sənə həyatın üçün bir bələdçi kitabçası verməyə çalışır. Bələdçi kitabçası sənin içindədir – gerçək planı, düsturu sən öz içində daşıyırsan. Daha doğrusu içinin ÖZündə.
Gerçək olmaq özünə sadiq qalmaqdır. Bu çox təhlükəli bir şeydir, çox az insan bunu bacarar. Amma kim bunu etsə, onu əldə edər. İnana bilməyəcəyi qədər böyük bir gözəllik, zəriflik, xoşbəxtlik əldə edər. Hər kəs məyus görünür, çünki, heç kim iç səsini dinləmədi. Bir qızla evlənmək istədin amma Xristiyan idi və sənsə bir Müsəlmansan: ananla atan icazə vermədi. Cəmiyyət qəbul etməzdi, təhlükəli idi. Qız kasıb idi, sən varlı idin, ona görə də zəngin, varlı bir qızla evləndin və bunu hər kəs qəbul etdi. Bir tək sənin ürəyin qəbul edə bilmədi. Buna görə də indi çirkin bir həyatın var. Fahişələrə gedirsən amma onlar belə kömək edə bilmir, onsuz da sən də həyatını pul üçün satdın, onlardan daha betərsən, bütün həyatın hədər getdi.
Həmişə iç səsini dinlə, başqa heç bir şeyi, heç bir kəsi dinləmə. Ətrafında min bir cür yoldan çıxaran şeylər var, çünki, hər insan bir şeylər satır. Bu dünya bir bazardır və hər kəs sənə bir şey satmağa, sırımağa çalışır. Hamı satıcıdır. Çoxlu sayda satıcı dinləsən, səni dəli edərlər. Kimsəni dinləmə. Yalnız gözlərini bağla və içəridəki səsi dinlə. Meditasiya budur: içəridəki səsi dinləmək. Bu ilk əvvəl gəlir. İkinci olaraq da – ancaq birincini eləsən bu ikinci mümkün olar – əsla maskadan istifadə etmə. Əsəbisənsə, əsəbi ol. Bu riskli ola bilər, amma gülümsəmə, çünki bu gerçək olmaz. Sənə hətta hirslisənsə belə gülümsəməyin öyrədildi, amma o zaman gülüşün saxta, bir maska olar. Sadəcə dodaqlarındakı bir hərəkət, vəssalam: başqa bir şey deyil. Ürəyin hirslə, zəhərlə dolub və dodaqlar gülümsəyir; bu bütünlüklə saxtakarlıqdır.
Bu vəziyyət özü ilə başqa şeyi də gətirər; gülümsəmək istədiyində də gülümsəyə bilməzsən. Bütün mexanizmin çaş-baş qalıb, çünki hirslənmək istədiyində hirslənmədin, nifrət etmək istədiyində nifrət etmədin. İndi sevmək istəyirsən, bir də baxırsan ki, mexanizm işləmir. İndi gülümsəmək istədiyində çətinlik çəkirsən. Əslində ürəyin gülüşlə doludur, qəhqəhə çəkmək istəyirsən, amma gülə bilmirsən. Ürəyində bir şey boğulur, boğazında bir şey düyünləniyir. Gülümsəmə gəlmir və gəlsə belə, qırıntı və ölü bir gülüş… Səni xoşbəxt etmir, içini rəngarəng, balaca, rəngli şarlarla doldurmur. Ətrafında işıldamır.
Hirslənmək istədiyində hirslən. Hirsli olmaq yanlış bir şey deyil. Gülmək istəyirsənsə gül. Yüksək səslə gülmək yanlış bir şey deyil. Yavaş-yavaş sistemin işə düşməyə başladığını görəcəksən. Sistemin həqiqətən işlədiyində görəcəksən ki, onun bir səsi var. Eynilə yaxşı işə düşən bir avtomobilin səsi kimi. Avtomobili sevən bir sürücü o anda hər şeyin yaxşı getdiyini bilər; orqanik bir bütünlük vardır, mexanizm yaxşı çalışır.
Bunu görə bilərsən; nə vaxt bir insanın mexanizmi yaxşı işləsə ətrafındakı həmin səsi hiss edə bilərsən. Yeriyərkən addımlarında bir rəqs əmələ gələr. Danışarkən sözlərində gizli bir şeir eşidilər. Sənə baxdığında həqiqətən baxar, soyuğu yox, istini hiss edərsən. Toxunduğunda həqiqətən toxunar; enerjisinin sənə keçdiyini, həyat axımının bədənində necə yer dəyişdiyini yerbəyer hiss edərsən. Çünki mexanizmi yaxşı işləyir.
Maska taxma; əks halda mexanizmində pozulmalar, ilişmələr yaradarsan. Bədənində bir çox yerdə düyün nöqtəsi var. Hirsini basdıran bir insanın çənəsi kilidlənər, düyünlənər. Bütün hirsi çənəsinə qədər yüksələr və orada qalar. Əlləri çirkinləşər, bir rəqqasın, rəssamın, pianoçunun əli kimi zərif hərəkət etməz. Xeyr! Çünki hirs barmaqlara gələr və kilidlənər. Unutma ki, hirsin iki çıxış nöqtəsi var – dişlər və barmaqlar. Bütün hirsli heyvanlar ya dişləyərlər, ya da pəncə atarlar. Barmaqlar və dişlər hirsin çıxış nöqtələridir.
Hirsini həddən artıq basdıran insanların dişlərində problem çıxdığına dair şübhələrim var. Dişləri pozulur, çünki orada çoxlu enerji var və sərbəst qala bilmir. Və hirsini basdıran insan daha çox yemək yeyir. Hirsli insanlar çox yeyir, çünki, dişlərin hərəkətə ehtiyacı var. Hirsli insanlar daha çox siqaret çəkir. Hirsli insanlar daha çox danışır. Tez-tez danışan, eyni söhbətləri təkrarlayan natiqlər, danışanlar ortaya çıxır çünki, enerjinin sərbəst qalması üçün çənənin hərəkətə ehtiyacı var. Hirsli insanların əlləri də kobudlaşır, çirkinləşir. Enerji sərbəst qalsa əllər də gözəlləşərdi.
Basdıracağın, əngəlləyəcəyin hər şeyin bədəndə həmin duyğunu daşıyan bir yer vardır. Ağlamaq istəməzsən, gözlər parlaqlığını itirər, çünki göz yaşları lazımlıdır; onlar çox canlıdır. Bəzən ağladığın zaman, yaxşıca içinə gir, özünü tamamilə burax, qoy göz yaşların axsın. O zaman gözlərin təmizlənər, gözlər təzələnər, gəncləşər.
Qadınların gözləri ona görə daha gözəldir, çünki onlar hələ ağlaya bilirlər. Kişilərin gözləri gözəlliyini itirdi çünki “kişilər ağlamaz” deyə yanlış bir fikir formalaşıb. Bir oğlan uşağı ağladığında anası, atası dərhal "qız kimi nə edirsən elə?" deyə müdaxilə edərlər. Nə dəxli var axı? Nə əlaqəsi var? Tanrı kişiyə də, qadına da eyni göz yaşı vəzlərini verib. Kişilər ağlamamalı idisə, göz yaşı vəzləri də olmazdı. Sadə riyazi bir yanaşma: niyə kişilərdə də, qadınlarda da eyni göz yaşı vəzləri var? Gözlərin ağlamaya ehtiyacı var və doya-doya ağlamaq çox gözəl bir şeydir.
Unutma, doya-doya ağlamasan, gülə də bilməzsən, çünki onlar eyni şeyin digər qütbləridir. Gülə bilən insanlar ağlaya da bilərlər, ağlamayan insanlar isə gülə bilməz. Bəzən uşaqlarda görmüsünüz; uzun müddət yüksək səslə güldükdən sonra ağlamağa başlayarlar. Bu iki qütb birləşər. Bəzi analar uşaqlarına "Çox gülmə, sonra ağlayarsan" deyərlər. Bu qismən doğrudur, çünki ikisi də eyni enerjidir, sadəcə fərqli qütblərdən çıxırlar. O zaman, ikinci əhəmiyyətli şey maska taxmamaqdır; nə olursa olsun gerçək ol. Və gerçək olmaqla əlaqədar üçüncü şey: Həmişə indidə qalmaqdır. İndidə qal, çünki bütün saxtalıq ya keçmişdən, ya da gələcəkdən sızar. Keçmiş keçmişdir. Artıq onu fikirləşmə və yük olaraq daşıma. Əks halda, indinin gerçəyini yaşamağına icazə verməz.
Və gələcək hələ gəlmədi. Boşuna gələcəklə baş yorma, yoxsa bu anına gələr və onu məhv edər. İndiyə sadiq qal, o zaman gerçək olarsan. İndi, burada olmaq gerçək olmaqdır. Keçmiş yoxdur, gələcək yoxdur; bu an var, hamısı budur və bu qədər sadədir hər şey. Bütün sonsuzluq da bu andadır.
Bu üç şeylə həqiqətə, gerçəyə çatarsan. O zaman hər dediyin gerçək olar. Ümumiyyətlə hərkəs elə düşünür ki, gerçəyi söyləmək üçün diqqətli olmaq lazımdır. Mən isə bunu söyləmirəm. Mən deyirəm ki, həqiqəti yarat, o zaman hər söylədiyin də gerçək olar.
GERÇƏK MƏNTİQLİ BİR ŞEY DEYİL.
Gerçək deyəndə məntiqli, rasional üsullarla əldə edilə bilən bir şeydən, nəticədən bəhs etmirəm. Gerçək deyərkən varlığın həqiqətindən, olmayan bir şeyi məcbur etməməkdən, nə olursa olsun olduğun şey olmaqdan, ikiüzlü olmamaqdan bəhs edirəm.
Kədərlisənsə, kədərlisən. O anın gerçəyi budur, bunu gizlətmə. Saxta bir gülümsəmə geyinmə, çünki o gülümsəmə səndə bölünmələr yaradar. İkiyə bölünərsən; bir parçan gülümsəyər – ki bu kiçik bir parçandır – amma əsl böyük parçan kədərli qalar. Bir bölünmə olar və bunu təkrarlamağa davam edərsən…
Hirsliykən hirsini göstərmirsən, bunun imicini pozacağından qorxursan çünki, insanlar sənin çox şəfqətli olduğunu düşünürlər, heç vaxt hirslənmədiyini söyləyirlər. Bu onların xoşuna gəlir, sənin də eqona sığal çəkir. İndi, hirslənmək sənin o gözəl imicini pozacaq; ona görə hirsi basdırırsan.
İçin od tutub yanır, amma üzdə şəfqətli, yaxşı, nəzakətli, şirinsən. Bax bu bölünmə halıdır. İnsanlar bunu həyatı boyu edirlər, sonra da bu bölünmə tamamilə yerləşir, kök atır. Yalnızkən və heç rol oynamağa ehtiyyac yoxkən belə roluna davam edirsən, artıq bu təbii bir şey halına gəlib. İnsanlar tualetdə belə gerçək deyildirlər, tamamilə yalnızkən belə saxtalıq, iki üzlülüyə davam edirlər. Artıq bu gerçək ya da saxta olmaq məsələsi deyil, yalnız vərdişdir. Ömür boyu bunun praktikasını keçiblər və praktika artdıqca iki hissə arasındakı məsafə daha da böyüyür.
Artıq birləşdirilməz hala gəlib çıxdıqda isə bunun adı şizofreniyadır. O biri hissənlə təmas qura bilmədiyin zaman, artıq demək olar ki, iki insan halına gəlirsən: Bu ciddi bir ağıl xəstəliyidir. Amma hər kəs bölünmüş vəziyyətdədir, ona görə də şizofrenlə normal arasındakı fərq yalnız bir dərəcə, etap, pillə məsələsidir. Nə olduğuna yox, nə qədər olduğuna söykənən bir fərqdir.
Gerçək deyəndə, rol oynamamaqdan bəhs edirəm. Olduğun kimi ol; bir an kədərlisən, yalnız o an kədərlisən. Və sonrakı an xoşbəxtsən, artıq kədərli qalmanın bir mənası yoxdur. Çünki bizə bu öyrədildi; tutarlı olmaq, tutarlı qalmaq, nəyisə qalıcı etmək. Bilirsən axı, məsələn, kədərlisən və sonra birdən kədər yox olar, amma o anda birdən də gülə bilməzsən. Bəs insanlar nə deyər? Havalanmısan? Bayaq kədərli idin, indi birdən-birə gülmək nə deməkdir? Bunu ancaq dəlilərlə uşaqlar edərlər, sənə yaraşmaz. Bir az gözləməlisən ki, buna görə müəyyən bir vəziyyət yaransın, yavaş-yavaş rahatla, ancaq o zaman təkrar gülə bilərsən.
Yəni ki, sadəcə kədərliykən gülümsəmə rolu oynamağın yetmir, gülmək istədiyin zaman da kədərli görünməlisən çünki səndən tutarlı, məntiqli olmağın gözlənilir. Əslində hər an özünə görədir və heç bir anın digəriylə tutarlı, əlaqəli olması lazım deyil. Həyat bir çaydır, ruh halları davamlı dəyişir. Tutarlı olacam deyə əlləşmənə ehtiyac yoxdur. Tutarlılığı beyninə salan insan saxta olmaq məcburiyyətində qalar, çünki yalnız yalanlar tutarlı ola bilər. Gerçək davamlı olaraq dəyişir. Gerçəyin öz ziddiyyətləri var. Bu da onun zənginliyidir, böyüklüyüdür, gözəlliyidir.
Kədərlisənsə kədərli ol; günahkarlıq hiss etmədən, yaxşı ya da pis deyə mühakimə etmədən. Bu sadəcə elədir, yəni burda yaxşı-pis məsələsi yoxdur. Və bitdiyi zaman da burax bitsin, getsin. Təkrar gülməyə başladığın zaman, "Bir az əvvəl kədərliydim, indi necə gülə bilirəm?" deyə günahkarlıq hiss etmə. Gülə bilmək üçün birinin zarafat etməsini, buzları qırmasını gözləyirsənsə, bu da ikiüzlülükdür. Xoşbəxtsənsə, xoşbəxt ol, rola ehtiyac yoxdur.
Və unutma, hər an atomik bir gerçəklikdir. Keçmişə də, gələcəyə də aludə deyil. Hər an atomdur. Bir-birlərini silsilə halında izləmirlər, sıralı bir şey deyildirlər. Hər anın öz oluşu var və sən də o olmalısan, o anda – başqa bir şey deyil. Bax, gerçək bu mənada gerçəkdir.
Gerçək həqiqətdir; gerçək səmimilikdir. Gerçək məntiqi bir şey deyil. Həqiqi olmağın ruhi vəziyyətidir, bir ideala uyğunluq deyil. Çünki əgər bir ideal varsa, saxta olarsan. Əgər Budda olmaq gerçək olmaqdır deyə düşünürsənsə, heç bir zaman gerçək ola bilməyəcəksən, çünki sən Budda deyilsən, o zaman Budda olmaq üçün özünü məcbur edərsən. Budda kimi otura bilərsən, haradasa mərmərdən bir heykəl halına gələ bilərsən, amma içində heç bir şey dəyişməz. Budda yalnız bir duruş, görkəm halına gələr. Əgər bir idealın varsa, anın gerçəyini yaşaya bilməzsən, çünki ideal həmişə ordadır və idealı təqlid etməlisən.
Gerçək insanın idealı yoxdur. Andan-ana yaşayar; anda necə hiss edirsə elə yaşayar. Mən insanların belə olmalsını istəyirəm; gerçək, həqiqi, içdən, öz ruhlarına qarşı hörmətli.
ÖZÜNÜ DİNLƏ
Həmişə öz duyğularını dinlə, ətrafa baxmağına ehtiyac yoxdur. Onsuz insanlara baxdıqda onların tam olaraq nə olduğunu da görə bilməzsən, çünki üzləri onların gerçək üzü deyil; sənin üzünün sənin gerçək üzün olmadığı kimi. Xarici görünüşləri içlərini əks etdirməz, sənin xarici görünüşün sənin içini əks etdirmədiyi kimi.
Bu cəmiyyətin ikiüzlülüyüdür; içi, ÖZü, gerçək üzü göstərməmək, gizləmək. Yalnız çox yaxın və anlaya biləcək birinə göstərmək. Amma yaxın olan kimdir? Sevgililər belə gerçək üzlərini bir-birlərinə göstərməzlər. Çünki bilə bilməzlər, çünki indi sevgili olan bir az sonra olmaya bilər. Beləcə hər kəs bir ada olar, qapılarını bağlayar.
Başqalarına baxma, özünə bax. Və nə bahasına olursa olsun, içindəkinin çölə çıxmasına icazə ver. Basdırmaqdan daha böyük risk ola bilməz. Basdırsan, bütün yaşamaq sevincini itirərsən. Basdırmağa davam etsən, bütün həyatını itirərsən. Bu zəhərdir, varlığını zəhərləyər.
Ürəyini dinlə və orada nə varsa çölə çıxart. Qısa zamanda çölə çıxarmaqda ustalaşacaqsan və bundan xoşbəxtlik duyacaqsan. Gerçək olmağı bir dəfə tanısan, bu elə gözəl bir şeydir ki, saxta olmaqla kifayətlənə bilməyəcəksən. Saxta olmağa davam etmənin səbəbi gerçəyin dadını bilməməyindir. Uşaqlığın ən başından etibarən gerçək basdırılır. Uşaq daha gerçəyin nə olduğunu tanımadan ona basdırmaq öyrədilər. Şüuraltı üsullarla, mexaniki üsullarla, nə etdiyini bilmədən basdırmağa davam edər.
Özünə qarşı gerçək ol; başqa bir məsuliyyətin yoxdur. İnsan öz varlığına qarşı cavabdehdir. Yalnız öz varlığına cavab verə bilərsən və Tanrı səndən niyə başqası olmadığını soruşmaz. Yəhudi mistik Josiah haqqında bir hekayə var. Ölərkən ona niyə Tanrıya dua etmədiyini sormuşdular, "Musa görəsən sənə şahitlik edəcəkmi?" demişdilər. "Tanrı mənə niyə Musa olmadığımı soruşmayacaq." deyə cavab vermiş, "Niyə Josiah olmadığımı soruşacaq."
Bütün məsələ budur: ÖZün olmaq. Bunu həll edə bilsən, o biri məsələlərin hamısı problem olmaqdan çıxar. O zaman həyat, yaşanacaq gözəl bir sirr halına gəlir. Həll ediləcək deyil, yaşanacaq və kefinə varılacaq bir şey…
ÖZÜNƏ GÜVƏN
Güvən deyilən şey ancaq ilk öncə ÖZünə güvənsən mümkün olar. Bu ən fundamental olan şey əvvəl sənin içində gerçəkləşməlidir. Əgər özünə güvənsən mənə güvənə bilərsən, insanlara güvənə bilərsən, yaradılışa güvənə bilərsən. Əgər ÖZünə güvənməzsən, başqa heç kimə güvənə bilməzsən.
Və cəmiyyət etibarı, güvəni kökündən yox edir. Özünə güvənməyinə icazə vermir. Başqa güvən növlərini öyrədir – ana,ataya güvən, kilsəyə güvən, dinə güvən, dövlətə güvən, Tanrıya güvən – amma özünə inam yox edilir. Özünə güvənməsən, o zaman güvənin digər formaları da saxta qalır; saxta qalmaq məcburiyyətindədir. Güvənin digər formaları plastik çiçəklər kimi qalır. Gerçək çiçəklərin böyüməsi üçün lazım olan köklərin yoxdur.
Cəmiyyət bunu bilərək, qəsdən edir, çünki, özünə güvənən insan cəmiyyət üçün təhlükəlidir. Köləlik üstünə qurulmuş bir cəmiyyət üçün güvən təhlükəlidir. Özünə güvənən insan azad insandır. Nə edəcəyi əvvəldən bilinməz və öz yolu ilə gedəcəkdir. Həyatı azadlıq olacaq. Hiss etdiyi zaman, sevdiyi zaman güvənəcək və onun etibarı, güvəni çox möhkəm və gerçək olacaq. Onun etibarı həyat dolu və həqiqi olacaq. Və duyduğu güvənin ona göstərdiyi istiqamətdə hər şeyi riskə atmağa hazırdır, amma yalnız hiss etdiyi zaman, ürəyinə toxunduğu zaman, zəkasına və sevgisinə toxunduğu zaman. Yoxsa, onu nəyəsə inanmağa məcbur edə bilməzsən.
Bu cəmiyyət inanc üstünə qurulub. Bütün quruluşu, öz özünü hipnoz etməyə bağlıdır. Bütün quruluşu insanlar deyil, robotlar və maşınlar, aparatlar yaratmaq üstünə qurulub. Asılı qalan insanlara ehtiyacı var. Və o yaratdığı insanlar davamlı olaraq hökm edilmə ehtiyacı duyarlar, öz diktatorlarını axtarırlar, Hitlerlərini, Mussolinilərini, Stalinlərini, Maolarını axtarırlar. Bu gözəl dünyanı həbsxanaya çevirdik. Bir yığın güc dəlisi olan insan bütün insanlığı bir sürüyə çevirdi. İnsanın həyatda qalmasına ancaq min bir axmaqlığa göz yumduqda icazə verilir. Yoxsa yox, mümkün deyil.
İndi bir uşağa Tanrıya inanmasını söyləmək axmaqlıqdır, tamamilə axmaqlıqdır. Tanrı var olmadığı üçün yox, uşaq hələ o susuzluğu, arzunu, həsrəti hiss etmədiyi üçün bu axmaqlıqdır. Uşaq hələ gerçəyi, həyatın ən uca gerçəyini axtarmağa hazır deyil. Hələ yaradılışın gerçəyini araşdıracaq qədər yetkin deyil. O eşq bir gün özbaşına, öz – özünə əmələ gələcək, amma o da uşaq heç bir inanc tərəfindən məcbur edilməzsə, baş verər. Araşdırma və bilmə susuzluğu, yanğısı əmələ gəlmədən kiməsə, nəyəsə– Xristiana, Müsəlmana, Hindiyə dönüşdürülsə, bütün həyatı boyu saxta, yarım yaşayacaq.
Bəli, o Tanrı haqqında danışar, çünki, ona Tanrının var olduğunu söyləyiblər. Həm də bir əmr kimi uşaqlığında ondan güclü olan insanlar; ana-atası, din adamları, müəllimlər söyləyiblər. Ona elə deyildi və o da həyatda qalmaq üçün bunları qəbul etməyə məcbur idi. Ana-atasına "yox" deyə bilməzdi, çünki onlar olmadan həyatda qala bilməzdi. "Yox" demək riskli idi, "bəli" demək məcburiyyətində idi. Amma bu "bəli" gerçək ola bilməz.
Necə gerçək ola bilər axı? Siyasi olaraq, qeyri-səmimi şəkildə "bəli" deyir, bunu həyatda qalmaq üçün edir. Ona din öyrətməmisən, ona oyun, diplomatiya öyrətmisən, ondan bir siyasətçi yaratdın. Gerçək bir varlıq olmaq potensialını yox elədin. Onu zəhərlədin. Zəka potensialını məhv etdin, çünki zəka, ancaq bilmək həsrəti, yanğısı yüksəldiyi zaman doğular. İndi o həsrət də əsla doğulmayacaq, çünki hələ həmin sual uşağın ruhunu ələ keçirmədən ona cavab verildi. Hələ acmamış, zorla yemək yedirildi. Aclıq olmadan bu yeməyi qəbullanmaq olmur, qəbullandırılmış. Bax, elə buna görə insanlar, içindən qəbullandırılmamış bir həyat keçən borular kimi yaşayırlar.
Uşaqlara qarşı çox səbirli olmaq lazımdır, zəkalarının inkişafına maneə törətməmək, onları zorla Xristian, Buddist, Müsəlman etməmək üçün çox diqqətli olmaq lazımdır. Sonsuz bir səbr lazımdır. Və bir gün uşaq özbaşına maraqlanmağa başladığında, o möcüzə baş verər. O zaman da, onu hazır cavablarınla doldurma. Hazır cavablar kimsəyə kömək etməz, hazır cavablar sıxıcı və axmaqcadır. Ona cavablar vermək yerinə onun zəkasını kəskinləşdirəcək mühitlər yarat. O zaman daha dərin suallar soruşar; sual onun varlığının içinə işləyər, sual bir ölüm-dirim məsələsi halına gələr.
Amma buna icazə verilmir. Ana-atalar çox qorxur, cəmiyyət çox qorxur. Uşaqlar azad buraxılsa kim bilir bəlkə də ana-atalarının qəliblərinə girməzlər, onlar kimi olmazlar, eyni qanunlara riayət etməzlər. Kim bilir zəkaları özbaşına inkişaf etsə nələr olar? O zaman idarə altına girməzlər. Bu cəmiyyət hər kəsi idarə etmək, hər kəsin ruhuna sahib çıxmaq üçün gedərək daha dərin siyasətlər yaradır.
Ona görə ilk edilən şey güvənlərini parçalamaq, yox etmək, uşağın özünə olan güvənini parçalamaqdır. Onu titrək və qorxaq bir hala gətirməlidirlər. Bir dəfə titrəməyə başladımı, idarə etmək çox asan olar. Özünə güvənsə idarə edilə bilməz. Özünə güvənsə öz istədiyini edər, öz yolundan gedər. Başqasının "et" dediyini əsla etmək istəməz. Öz səfərinə çıxar, başqasının arzularına görə hərəkət etməz. Əsla təqlidçi olmaz, əsla darıxdırıcı və ölü bir insan olmaz. Elə canlı və həyat dolu biri olar ki, onu kimsə idarə edə bilməz.
Güvənini parçala, o zaman onu sıxışdırıb, küncə qısdırarsan. Gücünü əlindən almısan, artıq bundan sonra həmişə ona hökm edəcək, əmr verəcək, onu idarə edəcək birinə möhtac olacaq. İndi yaxşı bir əsgər, yaxşı bir vətəndaş, yaxşı bir milliyyətçi, yaxşı bir Xristian, yaxşı bir Müsəlman, yaxşı bir Buddist ola bilər. Bəli, bunların hamısı ola bilər. Amma gerçək bir fərd ola bilməz. Köklərə sahib ola bilməz, həyat boyu kökləri olmadan yaşayar. Kökləri ola bilməz və kökləri olmadan yaşamaq, səfalət içində yaşamaqdır, cəhənnəmdə yaşamaqdır. Eynilə ağacların torpağa kök salmağa ehtiyac duyduğu kimi, insan da yaradılışa, varlığa kök salmağa ehtiyac duyar. Yoxsa zəkadan məhrum bir həyat sürər.
Bu yaxınlarda bir hekayə oxudum:
İllərin dostu olan üç cərrah tətildə rastlaşıb, görüşürlər. Dəniz sahilində oturarkən işlərindən bəhs etməyə başlayarlar. Birincisi deyər ki: "Mənə müharibə zamanı iki ayağını birdən itirmiş bir adam gətirdilər. Ona süni ayaqlar taxdım və bir möcüzə oldu. Adam dünyanın ən yaxşı qaçıcılarından biri oldu. Böyük ehtimalla önümüzdəki olimpiyadalarda çempion olacaq." İkincisi də danışar: "O bir şey deyil. Mən otuzuncu mərtəbədən yıxılmış bir qadına rast gəldim. Üzü demək olar ki, tamamilə silinmişdi . Möcüzəvi bir əməliyyat elədim. Bu yaxınlarda qəzetdə oxudum ki, qadını dünya gözəllik kraliçası seçiblər." Üçüncüsü təvazökar bir adam idi. O biriləri çönüb ondan soruşar: "Bəs sən nə etmisən son zamanlarda?" Adam cavab verər: "Əhəmiyyətsiz bir şeydir, onsuz da bu mövzuda danışmağıma icazəm də yoxdur". Bu ikisi maraqlanar ki: "Axı biz dostuq, bizə de, sirrini saxlayarıq. Narahat olma kimsə eşitməz." O da cavab verər: "Yaxşı, söz verirsinizsə… Bir nəfər mənə gətirildi. Yol qəzasında başını itirmişdi. Nə edəcəyəmi bilmədim. Nə edəcəm deyə düşünmək üçün bağçaya çıxdım. Qarşıma bir kələm çıxdı. Başqa bir şey tapa bilmədiyimdən mən də o kələmi götürüb başın yerinə taxdım. Və nə oldu bilin görək: həmin adam, Amerika Birləşmiş Ştatları prezidenti seçildi."
Uşağı məhv eləmiş olsanız belə, ABŞ prezidenti seçilə bilər. Zəka sahibi olmadan nailiyyətlər qazanmaq görülməmiş bir şey deyil. Əslində zəka sahibi olub nəyəsə nail olmaq daha çətindir, çünki ağıllı insan yaradıcıdır. Həmişə, zamanının ötəsindədir. Onu anlamaq üçün vaxt lazımdır. Zəkalı olmayan insanı asanca başa düşmək olar. Cəmiyyətdəki daşlaşmış anlayışa uyğundur; cəmiyyətin əlində onu mühakimə edəcək dəyərlər və meyarlar tapılar. Amma cəmiyyətin bir dahini qiymətləndirə bilməsi üçün illər lazımdır. Mən ağıllı, zəkalı olmayan insanın nailiyyətli, məşhur ola bilməyəcəyini söyləmirəm. Mən onun saxta olaraq qalacağını söyləyirəm. Və səfalət də buradadır: Məşhur ola bilərsən; amma saxtasansa bir yazıq olaraq yaşayarsan. Həyatın sənə nə zənginliklər yağdırdığını əsla bilə bilməzsən. Bunu anlaya biləcək bir zəkaya sahib olmazsan. Yaradılışın gözəlliyini əsla görməzsən, çünki onu tanıyacaq həssaslığın olmaz. Ətrafını saran saf möcüzəni görməzsən, çünki onu görə bilmək üçün möhtəşəm bir anlama, hiss etmə, "olmaq" tutumuna, bazasına ehtiyacın var.
Bu cəmiyyət, bütün diqqətini gücə, prestijə yönəltmiş bir cəmiyyətdir. Bu cəmiyyət hələ çox primitiv və barbardır. Bir neçə insan – siyasətçilər, din adamları, filosoflar, alimlər – hələ milyonlara hökm edir. Və bu cəmiyyət elə idarə olunur ki, heç bir uşağın ağıllı, zəkalı olmasına icazə verilmir. Ara-sıra bir Buddanın ortaya çıxması tamamilə təsadüfdür, cəmiyyətin sisteminin bir çatışmazlığının nəticəsidir. Qırx ildən bir necə olursa biri cəmiyyətin pəncələrindən xilas ola bilir. Qırx ildən bir, birisi cəmiyyət onu zəhərləmədən həyatda qala bilir. Bu yəqin ki, cəmiyyətin bir növ səhvi, bir yanlışı nəticəsində olur. Əks halda cəmiyyət sənin köklərini parçalamağı, özünə etibarını, güvənini yox etməyi bacarardı. Və bu bir dəfə oldumu artıq kimsəyə güvənməyin mümkün deyil. Bir dəfə özünü sevmə qabiliyyətin yox olsa artıq kimsəni sevməyin mümkün deyil. Bu mütləq bir gerçəkdir və bunun istisnaları yoxdur. Başqalarını sevməyin ancaq özünü sevsən mümkün olar. Amma cəmiyyət özünü sevməyi lənətləyər. Bunun eqoizm olduğunu söyləyər, narsistlik olduğunu söyləyər.
Bəli, özünü sevmək, özünə heyran olmağın narsizmə çevrilə bilər. Amma elə olmamalıdır. Özünü qavraya bilməməsi narsizmə dönər, ancaq öz-özünə batıb qalsa o zaman bir növ eqoizm halına gələr. Halbuki, özünü sevmək digər bütün sevgilərin başlanğıcıdır.
Özünü sevən insandan, əvvəl-axır sevgi daşmağa başlayar. Özünə güvənən insan başqalarına qarşı etibarsızlıq, güvənsizlik duymaz. Onu aldadacaq olan insanlara qarşı belə, onu aldatmış olan insanlara qarşı belə… Bəli, onlara qarşı belə güvənsizlik duya bilməz, çünki artıq güvənməyin başqa hər şeydən daha qiymətli olduğunu bilər.
Birini aldada bilərsən, amma necə aldadacaqsan? Bir az pulunu, ya da başqa bir şeyini ala bilərsən. Amma güvənin gözəlliyini tanıyan bir insan bu kiçik şeylərlə əylənməz. Səni yenə də sevəcək, sənə yenə də güvənəcək. Və sonra bir möcüzə olar: Əgər bir insan sənə həqiqətən güvənirsə onu aldatmağın qeyri-mümkündür, qeyri-mümkün.
Bu hər gün sənin həyatında da olur. Nə vaxt birinə güvənsən, o insanın səni aldatması qeyri-mümkün hala gəlir. Bir qatar stansiyasında oturarkən, yanında tanımadığın bir adam oturur və ona deyərsən ki: "Xahiş edirəm çamadanlarıma göz qulaq olun. Gedib bilet almalıyam." Və gedirsən. Heç tanımadığın bir xariciyə, yad adama güvənmisən. Amma o yadın səni aldatdığı haradasa heç görülməz. Ona güvənməmiş olsaydın səni aldada bilərdi.
Güvənin içində tilsimli bir şey var. Sən ona güvənmiş olduğuna görə indi səni necə aldatsın? Necə o qədər alçaq, əksik bir insan ola bilər? Əgər səni aldatsa özünü əsla bağışlaya bilməz.
İnsan şüurunda güvənmək və güvənilməyə dair daxili bir keyfiyyət var. Hər kəsin güvənilməkdən xoşu gəlir. Bu, digər insandan gələn hörmətdir; hələ bir yad adama güvənildiyində isə bu ona daha da çox hörmətdir. Ona güvənməyin üçün heç bir səbəb yoxdur, amma güvənirsən. Onu yüksək bir yerə qoyursan; ona elə dəyər verirsən ki, o yüksəklikdən düşməsi qeyri-mümkün hala gələr. Əgər düşsə, özünü əsla bağışlaya bilməz, o günahkarlığı həyatı boyunca daşımaq məcburiyyətində qalar.
Özünə güvənən insan, bunun gözəlliyini anlar və görər ki, özünə nə qədər güvənsə o qədər böyüyər; özünü nə qədər buraxsan və rahatlasan o qədər sakitləşərsən, o qədər soyuq qanlı, səssiz və dinc olarsan. Bu elə gözəldir ki, gedərək daha çox insana güvənərsən, çünki sən nə qədər güvənsən, dincliyin o qədər dərinləşər. Sükunətin varlığının ən dərinlərinə, ÖZünə qədər yayılar. Və nə qədər güvənsən o qədər yüksəklərə çıxarsan. Güvənə bilən insan, əvvəl-axır güvənin məntiqini anlayar. Və bir gün bilinməyənə güvənməyi yoxlaması qaçılmazdır – bu ehtimal çox yüksəkdir.
Внимание! Это не конец книги.
Если начало книги вам понравилось, то полную версию можно приобрести у нашего партнёра - распространителя легального контента. Поддержите автора!Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?