Электронная библиотека » Riçard A. Qabriel » » онлайн чтение - страница 2

Текст книги "Hannibal"


  • Текст добавлен: 19 декабря 2022, 09:00


Автор книги: Riçard A. Qabriel


Жанр: Биографии и Мемуары, Публицистика


Возрастные ограничения: +12

сообщить о неприемлемом содержимом

Текущая страница: 2 (всего у книги 10 страниц) [доступный отрывок для чтения: 3 страниц]

Шрифт:
- 100% +

Hannibalın ordusu

Karfagenin nizami ordusu yox idi. Zərurət olanda karfagenlilər külli miqdarda pul xərcləyərək çağırışçı və muzdlulardan ibarət ordu yaradırdılar. Karfagenin təxminən 2500 silahlı vətəndaşdan ibarət Müqəddəs dəstəsi vardı. Bu silahlı dəstə daimi olsa da, böyük ehtimalla dövrümüzdəki polis rolunu oynayırdı. Müharibələr zamanı isə Müqəddəs dəstə ordu ilə birgə hərəkətə keçirdi. Məsələn, M.ö. 341–311-ci illərdə Siciliya döyüşündə olduğu kimi…

Ehtimal edilir ki, zərurət yarandıqda çağırışçı və muzdlulardan ibarət ordu elə Müqəddəs dəstənin əsasında yaradılırdı. Məsələn, Appian xəbər verir ki, Karfagendə 24 min piyada əsgər üçün kazarmalar və 4 min atla 300 fil üçün tövlələr tikilmişdi.

Karfagenlilər muzdlulardan istifadəyə xüsusi önəm verirdilər. Belə ki, Yunanıstanla Romadan fərqli olaraq Karfagendə kiçik fermerlər az idi və onlar ordunu lazımi sayda döyüşçülərlə təmin edə bilməzdilər. Torpaqların böyük hissəsi zadəganların əlində idi ki, onlar da ordunun cins atlarla təminatını üzərlərinə götürürdülər. Karfagenin sərəncamında xeyli afrikalı təbəə vardı. Sonralar ispan təbəəsi və müttəfiqləri, digər Karfagen şəhər və kəndlərinin sakinləri də ordu sıralarına cəlb edilməyə başlandı.

Bəs ayrı-ayrı zamanlarda Karfagen ordusunun nə qədər döyüşçüsü olub? Məsələn, M.ö. 255-ci ildə Baqradas çayının vadisində baş verən döyüşdə Karfagenin tərəfində 12 min piyada döyüşçü vuruşub. Sonralar Haminkar İspaniyaya gedəndə onun 17 minlik piyada əsgəri vardı. Həmin əsgərlərin əksəriyyəti muzdlular idi. Yaxud, Hannibal özü İtaliyaya yürüş etməzdən öncə 11 min karfagenli piyada əsgəri Hasdrubala kömək məqsədi ilə qoyub və 20 min piyada ilə Alp dağlarından keçib.

Karfagen ordusunun tərkibində liviyalı ağır silahlı və yüngül silahlı piyadalar vardı. Ağır piyada döyüşçü nizə və qalxanla silahlanmışdı, bundan başqa, zirehli libas geyinirdi. Yüngül piyadanın da nizəsi və balaca yumru qalxanı vardı, lakin yaraq-əsləhəsi yox idi.

Karfagenin mavrlardan ibarət yüngül silahlı piyadalarının olduğu məlumdur.

Bundan başqa, karfagenlilər oxatan dəstələri də yaratmışdılar. Əlimizdə Hannibalın İtaliya yürüşləri zamanı həmin dəstələrdən faydalandığı barədə heç bir məlumat yoxdur. Yəqin ki, onun ordusunda uzaq məsafəyə silah atan yeganə döyüşçülər sapandatanlar idi. Bu döyüşçülərin hər birinin iki sapandı vardı. Biri uzaq, digəri yaxın məsafəyə atmaq üçün nəzərdə tutulmuşdu.

Karfagen ordusunda həmçinin atıcı maşınlar da vardı. Publi Ssipion (oğul) Yeni Karfageni işğal edərkən 120 böyük katapult66
  Katapult – qədimdə qalaların mühasirəsi zamanı ox, daş və s. atmaq üçün işlədilən qurğu; mancanaq


[Закрыть]
, 281 kiçik katapult, eləcə də digər hərbi qurğular ələ keçirmişdi. İkinci Pun müharibəsinin sonunda isə romalılar karfagenlilərdən 2 min atıcı maşını hərbi qənimət kimi götürmüşdülər.

Karfagen süvari dəstəsi isə zadəganlardan təşkil edilirdi. Onlar bahalı atlara və güclü silahlara malik idilər. Karfagendə süvari dəstələr daha erkən yaradılıb. Yəqin ki, bu, tarlaları numidiyalılardan qorumaq zərurətindən irəli gəlib. Numidiyanın Liviya ilə sərhəddi vardı. Odur ki Karfagen Liviyanı və onun qiymətli taxıl sahələrini numidiyalı atlıların hücumundan qorumalı idi.

Karfagenli süvarinin əynində yaraq-əsləhə, başında dəbilqə, əlində qalxan və qısa nizə vardı.

Qeyd etmək lazımdır ki, Hannibalın ordusunda müxtəlif xalqların nümayəndələrinə rast gəlmək olardı. Zaman keçdikcə bu müxtəliflik də artırdı. Onun qoşunlarında numidiyalılar, ispanlar və romalıların qallar adlandırdığı keltlər döyüşürdü. Sonralar ordunun tərkibinə, deyəsən, yunanlar da daxil olublar. Belə ki, Livinin yazdığına inansaq, Zamadakı döyüş zamanı Hannibalın ordusunda 4 min makedoniyalı vuruşurdu.

Hannibal müxtəlif ölkələrdən, tayfalardan və mədəniyyətlərdən olan döyüşçüləri vahid orduda birləşdirməyə heç vaxt cəhd etməyib. Onların hər biri ayrıca dəstəni təşkil edirdi. Hər dəstənin də özünəməxsus silahları və döyüş taktikası vardı. Bu fərqli dəstələrdən bacarıqla istifadə etmək Hannibalın hərbi zəkasını təsdiqləyən önəmli faktlardan biridir.

Karfagenli sərkərdə İtaliya torpaqlarındakı müharibələr zamanı qall və italik77
  İtalik – Appenin yarımadasında yaşayan qədim xalq


[Закрыть]
tayfalarına arxalanıb. Onlar əsasən muzdlu kimi döyüşürdülər. Onlar romalı döyüşçülərdən heç də az təcrübəli deyildilər.

Karfagen ordusunun ən böyük gücü ispan ağır süvari dəstəsi idi. İspaniyada atçılıq inkişaf etmişdi və dözümlü ispan atları dağlıq yerlərdən keçməyə alışdırılmışdı. Bu isə ispan süvari dəstəsini döyüşlərdə olduqca çevik edirdi. Yəhərdən istifadə etməyən ispanlar balaca xalçalarla keçinirdilər. Onlar atları yüyən və cilovla sürürdülər.

Hannibalın ispan ağır süvari dəstəsi Makedoniya çarı II Filipin süvari qoşununun, belə demək mümkünsə, Karfagen variantı idi. II Filipə qədər yunan süvari qoşunu qısa nizələrlə silahlanmışdı. Ondan piyada qoşunun cinahdan və arxadan mühafizəsi üçün istifadə olunurdu. İlk olaraq məhz II Filip süvari qoşunlardan düşmən piyadasını yarmaq üçün faydalanıb. O bu süvari dəstələrin sayəsində Yunanıstanı, oğlu Böyük İsgəndər isə Asiyanı fəth edib.

Haminkar İspaniyada ikən buradakı süvari dəstələri və onun güclü atları ilə tanış oldu. İspan atlılarının qorxunc qılıncları ölüm saçırdı. Bu cür silahlar və düşmənlə mümkün olduğu qədər yaxın döyüşmək təcrübəsi Haminkarın xoşuna gəldi. Bundan faydalanmaq fikrinə düşdü. Nəticədə romalılara qarşı ciddi üstünlük əldə edildi.

Ardı-arası kəsilməyən döyüşlərdə zəngin təcrübə toplamış Haminkar, şübhəsiz ki, tarixdən də xəbərdar idi: o, ispan süvari dəstələrinin II Filipin süvari qoşunları kimi döyüşdüyünü bilirdi. İstənilən halda Haminkarla Gözəl Hasdrubalın Hannibala miras qoyduğu süvari dəstələri əsərimizin qəhrəmanı üçün böyük əhəmiyyətə malik idi.

***

Hannibalın ordusundan danışarkən qall piyada qoşunu ilə bağlı da ayrıca bəhs etmək lazımdır. Bu qoşunun böyük hissəsi İtaliyada Po çayının vadisində yaşayan tayfalardan toplanmışdı. M.ö. 390-cı ildə qallar Romaya hücum çəkib qarət etdilər. Onlar növbəti yüz il ərzində də dəfələrlə Mərkəzi İtaliyaya soxulmuşdular. Hannibal İtaliyaya gəlməzdən yeddi il əvvəl qalların 70 minlik ordusu Apennini keçərək, romalıların Po çayı vadisinə soxulmasına mane olmağa çalışdı. Romalılarla uzun müddət münaqişədə olan qalların Hannibalın müttəfiqinə çevrilməsi və onun İtaliyadakı ordusunun 40 faizini təşkil etməsi təəccüb doğurmur. Bu tayfanın döyüşçüləri müharibə, şan-şöhrət və qarət naminə yaşayırdılar.

Dəbilqə, böyük qalxan və uzun qılıncla silahlanmış qallar ağır piyada döyüşçülər idi. O dövrdə ən yaxşı zirehləri qallar hazırlasalar da, maraqlıdır ki, bəziləri qurşağadək çılpaq döyüşürdülər. Onlar Aralıq dənizi xalqlarından qat-qat hündür və güclü idilər. Romalıları öz boy-buxunları, açıq rəngli dəriləri, uzun saçları, hərbi rəqsləri və vahiməli döyüş çağırışları ilə qorxudurdular. Qalların hücumları qarşısıalınmaz idi, baş kəsmək adətləri isə dəhşət doğururdu. Romalı tarixçilər bu tayfanın zəif nöqtələri arasında səbirsizliklərini, təlaşa meylli olmalarını və döyüş yerlərini tez tərk etmələrini göstərirlər.

Ağır piyada qoşunu təşkil edən qalların əsas silahı uzunluğu bir yard (təxminən bir metr) olan ikiağızlı qılınc idi. Qılıncını başının üzərində bir neçə dəfə hərlədən qall onu düşməninin üzərinə balta kimi endirirdi.

Qallar fərdi döyüşə üstünlük verirdilər.

Onların süvari dəstələrində isə əsasən əyanlar, tayfa başçıları xidmət edirdilər. Dəmir zirehli döyüşçülərin başında dəbilqə, əllərində yumru qalxan olurdu. Əsas silahları nizə və qılınc idi. Qall süvari dəstələri, adətən, qəfil hücuma keçir yaxud kəşfiyyata gedir, aparıcı mövqeləri ələ keçirərək düşmənə ağır zərbə vururdular.

Döyüş zaman qallı əsgərləri idarə etmək çətin başa gəlirdi. Odur ki karfagenli sərkərdələr çox zaman onlardan düşmənin mərkəzi sıralarını yarmaq üçün istifadə edirdi. Bu cür taktika ağır itkilərə gətirib çıxarırdı və qallar bəzən Hannibalın onları qurban verməsindən şikayətlənirdilər.

Numidiya yüngül süvari dəstələri isə Hannibalın ən yaxşı və ən etibarlı döyüşçüləri idi. Onlar bəzən Karfagenin düşməninə, bəzən də müttəfiqinə çevrilsələr də, əsas etibarı ilə muzdlu kimi döyüşürdülər. Bu dəstələr müasir Əlcəzair ərazisinin bir hissəsini tutan Numidiyadan gəlmişdi. Livi numidiyalı «atlar və atlıların arıq, lakin qıvraq olduğunu» yazırdı: «Onlar zirehsiz idilər, silahları isə təkcə nizədən ibarət idi».

Numidiyalı atlıların, həqiqətən də, qılıncları yox idi. Erkən yaşdan at minib-çapmağı öyrənən numidiyalıların başqa bir qəribə cəhətləri vardı: onlar atlarını yəhərsiz çapır, təhlükəsizlik üçün heyvanın boynuna kəndir atmaqla kifayətlənirdilər. Yüyən və cilovdan istifadə etməyən numidiyalılar atları ayaqlarının və çubuğun, eləcə də çıxardıqları səslərin köməyi ilə idarə edirdilər. Müdafiə məqsədi ilə balaca yumru qalxanlardan yararlanırdılar. Bəzən isə hətta bundan da imtina edir, sadəcə, qollarına dəri geyməklə kifayətlənirdilər.

***

Hannibalın ordusunda fillərdən də geniş istifadə olunurdu.

Xatırlatmaq yerinə düşər ki, bu nəhəng heyvanlardan hərbi vasitə kimi istifadə edilməsi faktı ilə ilk dəfə Makedoniyalı İsgəndər qarşılaşıb. Həmin hadisə farslarla müharibə zamanı baş verib. Onlar isə bu fəndi, yəqin ki, hindlilərdən öyrənmişdilər. Hind çarı Porun filləri Gidasp döyüşündə İsgəndərin ordusuna əməllicə başağrısı yaşadıb. Həmin döyüş M.ö. 326-cı ildə baş vermişdi.

Karfagenlilər isə ilk dəfə fillərlə M.ö. 310-cu ildə qarşı-qarşıya gəliblər. Həmin vaxt Sirakuzlu Aqafokl Afrikaya soxularaq Karfageni ələ keçirmək istəmişdi. Bundan başqa, M.ö. 278–276-cı illərdə Siciliyada baş verən müharibə zamanı da fillər silah aləti kimi istifadə olunub. Karfagenlilər məhz həmin müharibədən sonra öz ordularına filləri də daxil etmişdilər. Belə ki, fillər döyüş arabalarını əvəzləyirdilər.

Karfagenlilər ilk dəfə fillərdən Akraqas (M.ö 262-ci ildə), sonra isə Panorma döyüşündə (M.ö. 250-ci ildə) yararlanıblar. Yunanlar və karfagenlilər nəhəng hind fillərini əldə edə bilmədiklərindən Afrikanın meşə fillərinə təlim keçmək məcburiyyətində qalırdılar. Bu zaman daha çox yaşı 5-i keçməyən gənc filləri tutmağa çalışırdılar, hərçənd onları 10 yaşından başlayaraq əhliləşdirirdilər. Meşə filləri 20 yaşında tam hazır olur və 40 yaşınadək xidmət edə bilirdi. Bu heyvanlar vəhşi təbiətdə 60 il yaşadığı halda insanların yanında yaşları 40-ı ötmürdü. Saatda 3 mil88
  Mil – 1609 metrə bərabər uzunluq ölçü vahidi


[Закрыть]
qət edə bilən həmin fillər gün ərzində ağır yüklə 15 hətta 20 mil getməyi bacarırdılar.

Birinci Pun müharibəsi zamanı Karfagen ordusunda 300 fildən ibarət dəstə vardı.

Daha bir maraqlı fakt: Hannibalın otuz yeddi filinin hamısı Alp dağlarından sağ-salamat keçə bilmişdi. Sərkərdə Trebbi çayı (İtaliya) yaxınlığında baş verən döyüş zamanı bu heyvanlardan piyada qoşununu mühafizə etmək üçün istifadə etmişdi. Belə ki, fillər romalıların cinahlardan hücumunun qarşısını almışdı. Hannibal bataqlıqdan keçəndə göz infeksiyasına mübtəla olarkən isə ətrafındakılar ona yolun qalan hissəsini filin üstündə getməyi məsləhət görmüşdülər. Çünki bu halda yerdən xeyli yuxarı ilə gedəcək və yeni infeksiyaya tutulmayacaqdı.

Fillər İspaniyadakı döyüşlər zamanı da böyük rol oynayıb. Publi Ssipion (oğul) bütün həlledici döyüşlərdə karfagenlilərin filləri ilə qarşılaşmalı olurdu. Oğul Ssipion fillərdən o qədər çəkinirdi ki, dəstələrinin nizamını belə dəyişmişdi. İndi onların arasında bəlli məsafədə keçid qoyulurdu. Həmin keçidlər fillərin hücumundan yayınmağa imkan verirdi.

Fillərin Karfagen ordusunda daha bir mühüm rolu vardı. Bu heyvanlar ömürlərində fil görməyən düşmən döyüşçülərini dəhşətə gətirirdi. Üstəlik, fillərin hücumunu dəf edə bilmək üçün rəqiblər atlara ayrıca təlim keçməli olurdular. Yalnız xüsusi təlim görmüş belə atlara malik süvari döyüşçülər bu nəhəng heyvanlarla mübarizədən salamat çıxa bilirdilər.

Lakin bütün döyüş vasitələri kimi fillərin də öz qüsurları vardı. Məsələn, ox və nizə yağışına tutulan nəticədə yaralanan fillər azğınlaşır, bu zaman onları idarə etmək çətinləşir, bəzən mümkünsüzə çevrilirdi. Belə vaxtlarda onlar adətən arxaya doğru qaçır və karfagenli əsgərləri tapdalayıb keçirdilər. Üstəlik, döyüş planı da alt-üst olurdu. Bəzi tarixçilərin yazdığına görə, karfagenli çarvadarlar99
  Çarvadar – yük heyvanı ilə muzdla yük daşımaqla məşğul olan adam


[Закрыть]
özləri ilə uzun mıx və çəkic daşıyırdılar. Fil sahibinə tabe olmadığı təqdirdə çarvadar onun kəlləsinə mıx çalır və zavallı heyvan anındaca ölürdü. Buna baxmayaraq, fillər bir çox tarixi qələbənin qazanılmasında mühüm rol oynayıblar.

Görəsən Hannibal çətin yürüşlərə niyə özü ilə filləri də aparırdı? Axı romalılar bu heyvanları yaxşı tanıyır və onlarla necə mübarizə aparacaqlarını bilirdilər. Məsələn, məşhur yunan sərkərdəsi Pirr M.ö. 280-ci ildə romalıları məhz fillərin sayəsində məğlub etmişdi. Bundan nəticə çıxaran romalılar beş il sonra baş verən Benevent döyüşündə iki fili öldürmüş, səkkizini də ələ keçirmişdilər.

İstisna edilmir ki, Hannibal bu heyvanlardan daha çox düşmən üzərində psixoloji üstünlük qazanmaq üçün yararlanırdı. Yuxarıda vurğuladığımız kimi bu nəhəng heyvanların döyüş meydanındakı varlığı istər-istəməz qarşı tərəfdə narahatlıq və təşviş yaradır, onu əlavə güc sərf etməyə məcbur edirdi.

Hannibalın döyüş taktikaları

Artıq bilirsiniz ki, Karfagen ordusu müxtəlif qruplardan ibarət idi. Bu qrupların hərəsi bir xalq və ya tayfadan təşkil olunmuşdu. Üstəlik, hər qrupun özünəməxsus döyüş üslubu və silahları vardı. Belə bir ordunu idarə etmək asan deyildi. Buna baxmayaraq, karfagenli sərkərdələr həmin işin öhdəsindən məharətlə gəlirdilər.

Bir mühüm məqamı qeyd etmək lazımdır: Haminkarla Gözəl Hasdrubal öz əsgərlərinə qarşı olduqca ədalətli və mərhəmətli davranırdı. Məhz bu məqam hər iki sərkərdənin bəzi ispan tayfaları ilə sıx əlaqələr yaratmasında həlledici rol oynamışdı. Hasdruballa Hannibal hətta ispan şahzadələri ilə evlənmişdilər. Hərçənd İspaniyadakı Roma ordusuna sərkərdəlik edən Publi Ssipion (oğul) da yerli tayfalarla münasibətdə mərhəmətli və ədalətli olmaq üçün əlindən gələni əsirgəmirdi. Bu səbəbdən bir çox ispan tayfaları onu öz hökmdarları kimi salamlayıb, himayədarları hesab edirdilər.

Lakin Karfagen ordusunda əsgərlərə qarşı həmişə mərhəmətli və ədalətli davranıldığını söyləmək olmaz. Hərbi nizam-intizamı qoruyub saxlamaq üçün karfagenli sərkərdələr bəzən amansız və qəddar ola bilirdilər. Onlar əsgərləri döyür, şikəst edir və barələrində ölüm hökmü çıxarırdılar. Eyni təcrübədən Hannibalın Karfagen ordusuna rəhbərlik etdiyi vaxtda da istifadə olunurdu. Ancaq bu bir çox tayfaların onun ordusunda həvəslə xidmət etmək istəməsinə əngəl yaratmırdı.

Hannibal zamanında Karfagen ordusunda əvvəlcədən müəyyənləşdirilmiş döyüş taktikaları tətbiq edilmirdi. Qoşunların savaş meydanında uğuru əksər hallarda döyüşün gedişatından asılı idi. Bu zaman sərkərdələrin təcrübəsi işə düşür, onlar situasiyaya uyğun qərarlar verirdilər. Zəfər əldə etmək üçün bəzən ayrı-ayrı hərbi taktikaları ümumiləşdirmək lazım gəlirdi. Bu olduqca mürəkkəb vəzifə idi və sərkərdələr onun yarada biləcəyi çətinliklərdən xəbərdar idilər.

Karfagen ordusunun piyada qoşunu kifayət qədər güclü və təcrübəli olsa da, Hannibal həlledici anlarda daha çox süvari dəstələrə güvənirdi. Nəticədə karfagenlilər süvari qoşunu elə də ürəkaçan durumda olmayan romalılar üzərində aşkar üstünlük qazanırdılar. M.ö. 202-ci ildə baş tutan Zama döyüşü istisna olmaqla, yerdə qalan bütün hərbi əməliyyatlarda Hannibalın süvari dəstələrinin üzərinə ciddi iş düşmüşdü. Karfagenli süvari dəstələri düşmənin piyada qoşununa cinahlardan və arxadan hücüm çəkə bilir, bununla savaşın gedişatını dəyişirdi. Hannibal həmin taktikanı da Makedoniyalı II Filipdən öyrənmişdi. Məsələ burasındadır ki, karfagenli sərkərdənin dostlarından biri Sosil adlı yunan idi. Qədim tarixçilərin yazdıqlarından belə məlum olur ki, Sosil Hannibala yunan dili ilə yanaşı yunan və makedon döyüş taktikalarını öyrədib. Bununla belə, Hannibal yunan döyüş taktikalarını Haminkarın ordusunda xidmət edərkən də mənimsəyə bilərdi.

Karfagenli sərkərdənin hər savaş zamanı üstünlük verdiyi ümumi qaydalar vardı. Bunlardan biri düşmən qarşısına çıxan çayı, yaxud dağlıq və ya meşəlik kimi mürəkkəb maneəni dəf etməyə macal tapmadan ona hücum çəkmək idi. Nümunə kimi romalıların Trebbi çayını keçərkən başlarına gələnləri göstərmək olar. Həmin vaxt onlar tamam əldən düşmüşdülər, üstəlik, soyuqdan tir-tir əsirdilər. Nəticədə karfagenlilərin qəfil hücumu ağır məğlubiyyəti qaçılmaza çevirdi. Başqa bir qayda döyüşün baş verdiyi ərazinin coğrafi göstəricilərindən maksimum şəkildə istifadə etmək idi. Karfagenli sərkərdələr tez-tez cinahlarda ağır hərbi birləşmələr yerləşdirir, bu zaman düşmənə manevr etməsi üçün mümkün qədər az yer saxlayırdılar. Bəzən bunun üçün piyada və süvari dəstələrlə yanaşı, fillərdən də istifadə olunurdu. Coğrafi mövqe əlverişlidirsə, Karfagen süvarilərinin bir hissəsi rəqibin qoşununu döyüş meydanından sıxışdırıb çıxarır, digər hissəsi isə arxadan qəfil hücuma keçirdi.

Bir sözlə, Hannibalın ordusu əksər qələbələrini ağıllı şəkildə düşünülmüş və dəqiqliklə icra edilmiş hərbi qərarlar nəticəsində qazanmışdı.

Karfagenlilərin düşməni – romalılar

Roma ordusu uzun müddət legion adlanıb. Legion manipula adlı hərbi dəstələrə, bu hərbi dəstələr isə senturiyalara bölünürdü.

Roma ordusunda 100 illər boyunca əsasən romalıların özləri xidmət edirdilər. 17 yaşından 46 yaşınadək bütün kişilər hərbi xidmətə çağırıla bilərdi. Piyada qoşunlarda xidmət müddəti 20, süvari dəstələrdə isə 10 il idi. Yoxsul romalıları daha çox hərbi donanmalarda qulluğa götürürdülər.

M.ö. 400-cü ildə orduda qeyri-romalıların da xidmət etməsinə icazə verildi. Oğlan uşaqları hərbi xidmət haqqında ilk bilikləri atalarından öyrənirdilər. Orduya çağırılan gənclər bir neçə həftə ərzində təcrübəli hərbi tribunların başçılığı ilə təlim keçir və yalnız bundan sonra legionun tərkibində döyüşə yollanırdılar. Növbəti təlimə görə isə legionun rəhbəri məsuliyyət daşıyırdı.

Respublikanın əsası qoyulandan sonra (M.ö. 509-cu ildə) ilk Roma qoşunu yunan hərbi ənənələri üzərində formalaşmışdı. Onların hətta silahları yunan döyüşçülərinin silahlarını xatırladırdı. Romalı əsgərlər qısa nizədən, yumru qalxandan, dəbilqədən, yaraq-əsləhədən, ayaq süpərisindən1010
  Süpəri – qədim döyüşçülərdə ayağı dizdən topuğa qədər örtən dəmir sipər


[Закрыть]
və qılıncdan istifadə edirdilər.

M.ö. 343–341-ci illərdə baş verən Samnit müharibəsindən sonra romalılar o vaxtadək cinahlara bölünən legionu manipullara bölünən legionla əvəzlədilər. Üstəlik, əvvəlkindən fərqli olaraq yüngül taxta qalxanlardan və skutumlardan1111
  Skutum – ortasında dəstəyi olan uzun qalxan


[Закрыть]
istifadə etməyə başladılar. Romalılar skutumlarla yanaşı, pilumlardan1212
  Pilum – nizə növü


[Закрыть]
da faydalanırdılar və hər iki silahı Samnit müharibəsindəki rəqiblərindən – Mərkəzi İtaliyada məskunlaşmış qədim xalq olan samnitlərdən götürmüşdülər. Manipulyar legion, adətən, 4300 piyada əsgərdən və 300 atlıdan ibarət olurdu. Zəruri zamanlarda legionun sayı 5200 piyada döyüşçüyədək artırıla bilərdi.

Manipulyar legion Pun müharibələri boyu əsas hərbi birləşmə idi. Lakin romalılar karfagenlilərin ispan ağır piyada qoşununa tab gətirə bilməyəcəklərini anlayanda legionun sayını daha da artırmalı oldular.

Roma ordusunun özünəməxsus düzülüşü vardı. Ən gənc və zirək, bununla belə, az təlim görmüş döyüşçülər yüngül piyada qoşunlarına cəlb edilirdi. Onlara velit1313
  Velit – qədim Roma ordusunda piyada dəstələri


[Закрыть]
deyilirdi, döyüşlərdə daha çox ox və nizə atıcısı kimi çıxış edirdilər. Ön xətti təmsil edən ikinci qrup döyüşçülər isə qastatlar adlanırdı və dəbilqə, sinəbənd, ayaq süpəri kimi yaraqlarla silahlanırdılar. İkinci xətdə ən yaxşı və ən təcrübəli döyüşçülər – prinsiplər düzülürdülər. Prinsiplər əsasən 30 yaşlarında olan və canları döyüşlərdə bərkimiş veteranlar idi. Onlar qastatlar kimi silahlanmışdılar. Üçüncü xətt 40-45 yaşlı veteranlardan – triarilərdən ibarət idi. Uzun nizələrlə silahlanmış triarilərin öz vəzifəsi vardı. Belə ki, irəlidəki iki ön xətt düşmənə tab gətirməyəndə onlar geriyə çəkilən qastatlarla prinsiplərin qarşısını kəsir, hər iki qrupun yenidən toparlanmasına imkan yaradırdılar. 4200 döyüşçüdən ibarət legiona 1000 velit, 1200 qastat, 1200 prinsip, 600 triari və təxminən 100 zabit daxil idi.

Romalıların döyüş taktikaları da öz dövrünə görə kifayət qədər ağıllı düşünülmüşdü. Manipullar ordunun əsas taktiki bölməsi idi və hər birinin tərkibinə 120 əsgər daxildi. Döyüşün gedişində onlar da yarıya bölünərək iki senturiya yaradırdılar. Manipullar şahmat düzülüşü ilə yerləşirdilər. Ön xəttin döyüşçüləri düşmənə güc gələ bilməyəndə tədricən geri çəkilir, bu zaman ikinci xəttin əsgərləri döyüşə atılırdı. Beləcə, fürsətdən istifadə edən ön xəttin döyüşçüləri yenidən toparlanmağa macal tapırdı. Həmin manevr bir neçə dəfə təkrarlanır və nəticədə ön xətdəki döyüşçülərin uzun müddət tam gücü ilə vuruşması təmin edilirdi.

Xətlər arasındakı bu cür yerdəyişmə daha bir üstünlük yaradırdı. O dövrdə ön cərgələr məğlubiyyətə uğrayan kimi əsgərlər qaçıb canlarını qurtarmağa çalışırdı. Lakin xətlər arasındakı mütəmadi yerdəyişmə fərarilik cəhdlərinin qarşısını alırdı. Publi Ssipion (oğul) öz əsgərlərini bu manevrlə döyüşdürən ilk romalı sərkərdə idi.

Tarixdə vahid ordunun tərkibində vəziyyətə uyğun sərbəst şəkildə qərarlar verə və həmin qərarlar üzrə hərəkət edə bilən ilk əsgərlər də romalılar olub. Bu da onlara bir çox döyüşlərin gedişatını kökündən dəyişmək imkanı yaradıb.

Daha bir maraqlı məqam: romalılar karfagenlilərlə döyüşdə daha çox yunanlarda rast gəlinən qısa qılınclardan istifadə ediblər. İkinci Pun müharibəsi zamanı isə İspaniyada bəzi legionlar tədricən falkatalarla1414
  Falkata – oraqşəkilli qılınc


[Закрыть]
silahlanmağa başladılar. Bu qısa qılınclar uzun təkamül yolu keçdikdən sonra məşhur qladiusa – ispan qılıncına çevrildi. Roma qladiusunun uzunluğu iyirmi düym1515
  Düym – 2,54 santimetrə bərabər uzunluq ölçüsü


[Закрыть]
, eni isə təxminən üç düymə çatırdı. Möhkəm poladdan düzəldilən bu qılınclar sınmadığından romalı əsgərə psixoloji cəhətdən ciddi üstünlük qazandırırdı. Hərçənd həmin qılıncdan istifadə etmək üçün yüksək hazırlıq və bacarıq tələb olunurdu.

Romalıların müharibədəki aparıcı hərbi gücü ağır piyada qoşunları idi. Bu qoşunlar mərkəzdə dayanır və düşmən ordusunu zəiflədənədək zərbələr endirirdi. Karfagenlilər savaş zamanı çox vaxt qalları irəli verdiyindən və mərkəzi mühafizə etmək üçün cinahlarda düzülmüş ispan piyada qoşunlarına bel bağladığından bu romalıların işinə yarayırdı. Belə ki, onlar ispanlarla müqayisədə daha nizam-intizamlı və inadkar təsir bağışladıqlarından çox keçmirdi ki, düşmən üzərində üstünlük əldə edirdilər.

Buna baxmayaraq, Roma ordusunun zəif yerləri də az deyildi. Məhz həmin zəif yerləri yaxşı dəyərləndirən karfagenli sərkərdələr uğur qazanmağı bacarmışdılar. Birincisi, romalılarda peşəkar zabitlər az idi. Bu zabitlər çox vaxt mülki şəxslər olurdu. Başqa bir problem də vardı. Orduya növbə ilə iki konsul başçılıq edirdi: bir gün biri, ertəsi gün digəri. Bu cür rəhbərlik xeyli dərəcədə ikihakimiyyətlilik yaradır, fikir ayrılığına gətirib çıxarır və qoşunların döyüş qabiliyyətini aşağı salırdı. Düşmən cəbhəsindəki belə vəziyyətlərdən Hannibal dəfələrlə istifadə etmişdi.

Romalıların daha bir zəif yeri süvari dəstələri idi. Bu dəstələr tez-tez nizamsızlıq nümayiş etdirir, hədəfi düzgün müəyyənləşdirmir, döyüş meydanında necə gəldi vuruşurdular. Hannibal romalıların süvari dəstələrinin səriştəsizliyindən istifadə edərək bir neçə həlledici qələbə qazanmışdı.

Romalılardan fərqli olaraq, Hannibalın süvari qoşunları əla təlim keçmiş və yaxşı silahlanmışdı. Karfagenlilər Romanın süvari qoşunlarını döyüş meydanında pərən-pərən salır, yalnız bundan sonra piyada qoşunlara keçirdilər. Hətta Publi Ssipion (oğul) kimi bacarıqlı və qəddar sərkərdə belə süvari qoşunlardakı vəziyyəti dəyişə bilməyib. O, sonda romalılardan əlini üzmüş və ispan muzdlularından ibarət süvari dəstələr yaratmalı olmuşdu.

Karfagenlilərlə müqayisədə qarşı tərəfin daha bir ciddi əskikliyi kəşfiyyat işinin zəif qurulması idi. Bu səbəbdən də romalılar Hannibalın planlarından və hədəflərindən, demək olar, məlumatsız idi. Onlar mütəmadi şəkildə çıxılmaz vəziyyətdə qalırdılar: nə karfagenlilərin hücumlarından, nə də başqa təhlükələrdən vaxtında xəbər tuturdular. Müxtəlif vaxtlarda Romanın altı legionuna pusqu qurulması və darmadağın edilməsi də dediklərimizi təsdiqləyir.

Hannibal isə yuxarıda da vurğuladığımız kimi güclü kəşfiyyat xidmətinə sahib idi. O, peşəkar casuslarla yanaşı, tacirlərdən və s. kəşfiyyat məqsədilə mahir şəkildə faydalanırdı. Üstəlik, karfagenli sərkərdə kəşfiyyat xidmətindən yalnız düşmən barədə zəruri bilgilər toplamaq üçün yararlanmırdı. Eyni zamanda ondan qarşı tərəfdə təxribatlar yaratmaq, Roma ilə müttəfiqləri arasına nifaq salmaq üçün istifadə edirdi.

Bir sözlə, iki amansız rəqibin – Karfagenin və Romanın arasında istər orduların quruluşu, istərsə də döyüş strategiyaları və taktikaları baxımından kəskin fərqlər vardı. Elə onların bir-biriləri ilə hərbi mübarizəsinin taleyini də məhz həmin fərqlər müəyyənləşdirirdi…


Страницы книги >> Предыдущая | 1 2 3 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации