Текст книги "Hər gün ömürdən gedir"
Автор книги: Salam Qədirzadə
Жанр: Современная зарубежная литература, Современная проза
сообщить о неприемлемом содержимом
Текущая страница: 1 (всего у книги 4 страниц) [доступный отрывок для чтения: 1 страниц]
Salam Qədirzadə
Hər gün ömürdən gedir
Roman
Proloq
Bizim göylərdə uçanda təyyarədən aşağı baxsanız görərsiniz Xəzər qollarını geniş açaraq Abşeronu əziz övladı kimi öz bağrına basıb.
Bu yarımadanın zümrüd meşələri güllü-çiçəkli yaşıl məxmər yamacları, zirvəsi dumanda, buludlarda gizlənən dağları, qıjıltılı çaylar axan dərələri, yarğanları, insanı valeh edən mənzərəli yerləri o qədər də çox deyil. Lakin Abşeron Azərbaycan torpağının başqa guşələrinə bənzəməz. Buradakı qədim kəndlərin, köhnə bağların özünəməxsus ecazkar gözəlliyi təmiz qum üstə sərilmiş üzüm tənəkləridir; pərakəndə əkilmiş meyvə ağaclarıdır, bir də həyətlərdə ucalan astarı ağ, üzü yaşıl atlas yarpaqlı qovaqlar, çinarlardır. Şıltaq Xəzər kimi yarımadanın da təbiəti sərt və dəyişkəndir. İllah, xəzri əsəndə üzünü görmə! Ağacları az qala kökündən qoparıb çıxarmaq istəyir. Quşlar havada uça bilmir. Xəzəllər göyə sovrulur… Təlatümə gələn dənizdə min-min ağ köhlən atlar şahə qalxaraq sahilə çapır. Bağlar, həyətlər tanınmaz şəklə düşür. Sonra yağış çiləyib xəzrinin hirsini soyudanda, yaxud asta gilavar başlayanda ətrafda həlim bir sakitlik, asudəlik yaranır…
Yarımadanın kəndlərində yaşayanların xasiyyəti də mülayim deyil. Onlar adətən ucadan və sərt danışırlar. Sözü, kimliyindən asılı olmayaraq şax adamın üzünə deyirlər. Dalda qiybət qırmaq, gileylənmək kişilərin təbiətinə yaddır. Onlar ac qalarlar, əyilməzlər. Bəzən hap-gopları olsa da yaltaqlıq bilməzlər. Ailə, namus, qeyrət bu yerlərin başıpapaqlıları üçün Allah qədər müqəddəsdir.
Qocalar, ahıllar arvadlarını, qızlarını mümkün qədər örtülü saxlarlar. Bu əvvəllər belə olub, indinin özündə də belədir. Hətta bu gün də çadra örtən arvadlara rast gəlmək olar. Kişilərin, cavanların hamısı bığ qoyar və sonradan onu qırxdırmağı eyib sayarlar. Eləsinə kənardan rişxəndlə baxarlar, şəbədə edərlər. Qalstuk bağlamaq, şlyapa qoymaq isə bu yerlərdə heç əvvəldən dəbdə olmayıb.
Abşeron adamları səxavətli olurlar. Evlərinə pənah gətirəni qapıdan qaytarmazlar. Fağıra, kasıba əl tutmağı özləri üçün savab bilərlər. Kənd qırağındakı quyunu, yol kənarındakı əncir, tut ağaclarını ehsan elan etmək bu tərəflərdə qədimdən adətdir.
Küçədən ötən yolçular həmin yerlərdə ləngiyərək atlarını sular, arabanın, qazalağın içində dikəlib budaqlarda saralmış əncirdən, şirələnmiş tutdan yeyər, ev sahibinin valideynlərinə rəhmət söyləyərlər…
Həyətlərdə quyular üstdə ucalan və çox vaxt səssiz-səmirsiz hərlənərək hovuzlara, çənlərə, ləklərə su vuran nasoslu yel dəyirmanları da Abşeron kəndlərinin yaraşığıdır. Vaxtı ilə burada gözü bağlı atların, uzunqulaqların qoşulduğu dəmir “dolamaçalar” var idi. Mal dərisindən hazırlanmış iri dollarla dərin quyulardan birdəfəyə on beş-iyirmi vedrə su çıxarıb novlara əkin sahələrinə, hovuzlara və qara neftlə işləyən hamaların qazanxanalarına axıtmaq üsulu artıq köhnəlib dəbdən düşmüşdür.
Abşeron bir cəhətdən Təbrizə oxşar. Buranın da cavanları, ahılları savadından, peşəsindən asılı olmayaraq şair təbiətlidir. Elə kənd tapılmaz ki, onun qəzəl yazanları, şer qoşanları, bədahətən meyxana deyənləri olmasın. Hamısı da əruza mübtəladır.
Bu yerlərdə toylara, şənliklərə aşıq çağırmaq dəb deyil. Ancaq şadlıq məclisləri dünyasında muğamatsız keçinməz. Nardaran kəndində isə hər oxuyanı bəyənməzlər. Bu əvvəllər belə olub, indinin özündə də belədir. Çox vaxt məşhur xanəndələr belə ora getməkdən boyun qaçırırlar: “Nardaranlıların arasında ala qarğa balalamaz!” – deyirlər. Çünki muğamatın bütün dəsgahlarından, təsniflərindən xəbərdar olan, əruz vəznində oxunan qəzəllərin incəliklərini bilən kənd sakinləri tutduqları nöqsanları söyləməkdən çəkinməzlər… Xanəndə razılaşmayıb özünü doğrultmaq üçün nala-mıxa vuranda ona “vedrə bağlarlar”…
Abşeron camaatı qırxıncı illərə qədər rüşvət anlayışının nə olduğunu bilməzdi. Pul gücünə vəzifə almaq, məhkəmədən adam qurtarmaq, instituta tələbə qəbul etdirmək kimi nadürüst əməllər sonralar meydana çıxdı. Həm də bu “vəba” bəzi rayonlardan xərçəngsayağı ayaq açıb əvvəlcə Bakıya və tədricən ətraflarına yayıldı. Qabaqlar həkim uzun zaman xəstəyə xidmət göstərib, onu öz dava-dərmanı ilə sağaldandan sonra bəzən evinə uşaqla ya bir dəskirə* (kiçik səbət) yumurta, iki-üç dənə çolpa və yaxud da ən çoxu yarım şaqqa qoyun əti pay göndərərdilər. Bununla “doxturun borcundan” çıxardılar. (İndi həkimlər xəstənin dərdindən çox onun adamının kim olduğu ilə maraqlanırlar…)
Həyatın müqəddəslikdən saxtakarlığa yuvarlanması ən dəhşətli tənəzzüldür! Bu, bəşəriyyətin əsrlərdən zəmanəmizədək qoruyub saxladığı mənəvi nemətlərin elə darmadağın olunmasıdır ki, onu sonradan bərpa etmək qeyri-mümkündür!
Eh!.. Abşeron bağlarının bir “gəl! gəl!” – deyən dəsgahlı çayları vardı ki!..
Yan-yana cərgələnən pəncə yarpaqlı nəhəng əncir ağacları sanki boy atmağa, şaxələnməkdə, bəhər verməkdə bir-biri ilə bəhsə girərdilər. Onların meyvəsini yeməklə, pay-puş aparmaqla, doşab, riçal bişirməklə qurtarmazdı. Təzəcə dəyən əncirlərə diqqətlə baxanda göyçək qız sifətini xatırladırdı; adamın dərməyə heyfi gələrdi. Bir az da ağacda qalıb saralandan sonra dodağından bal damardı. Əlçatmaz budaqlarda dimdikləyib quşların yarımçıq qoyduqları belə həl əncilləri uşaqlar, qocalar daha çox xoşlayardılar.
Yaşıl əjdaha görkəmli meynələrin pırpızlaşmış qol-qanadları gah dikəlib təzədən aşağı əyilər, gah da mirvari dənəli isti tum üstdə qıvrılaraq uzanırdı. Kəhrəba salxımların şəffaf gilələrindən işıq gələrdi. Yeyəndə diş altda şabalıd kimi partlayardı; ağzında bal dadı, təzə doşab ətri hiss edərdin.
Onda belə idi Abşeronun bağları… Puşras xal salandan sonra kişmiş yetişərdi. Növbə qara şanıya, sarıgiləyə, şirəyiyə, ağ şanıya çatanda mövsümün “kəllə-növbət” çağları başlardı. Qum elə qızardı ki, ayaqyalın gəzmək olmazdı, isti yandırardı, ahar elərdi. Sentyabr aylarında həyətlərdə, evə yaxın yerlərdə bağların “sonbeşikləri” olan nar, heyva, alma, şaftalı ağaclarında asıla qalan müxtəlif biçimli, biri digərindən ləzzətli, rəngbərəng meyvələr uzaqdan göz oxşardı…
O zaman torpağa vurğun daimi bağ sahibləri bir-iki gözlü sadə daxma ilə kifayətlənərdilər. Onların yeganə təmtərağı ancaq əkib-becərdikləri sahənin məhsuldarlığında, meyvələrin ləzizliyində və bir də yaylaq sandıqları bu yerin səfasında olardı. Bağda dəbdəbəli, çoxotaqlı, döşəməsi parketli, mətbəxi, hamamı kəşanlı imarətləri dövlətlilər, harınlar tikdirərdilər. Bu əvvəllər belə olub, indinin özündə də belədir!
Çox qəribə, unudulmaz çağları vardı Abşeron bağlarının.
… Bir də görərdin ki, qoca sarvan, qumlu yollarda arxasınca gəzdirdiyi qoşa güvənli cəhazsız dəvənin ovsarını çəkərək ətrafa səs-küy salıb çığırır; sabah ertədən kəsəcəyi heyvanı nümayiş etdirir, ətini satmağa müştəri toplayır. Bağlara əks-səda düşdür:
– Ay yağlı dəvə əti alan! Qutablıq! Yağlı dəvə əti!…
Evlərdən, həyətlərdən yola çıxanlar sarvanı ləngidib əvvəlcə salamlaşar, sonra sifariş verərdilər:
– Mənə hürgücündən on girvənkə.
– Bizə beş-altı kilo yağlı yerindən.
– Bir o qədər də mənim üçün…
Dəvə sahibi deyilənlərin heç birini yazmazdı, hamısını yadda saxlardı.
Hələ diri ikən ətinin satıldığını fəhmlə duyan bu nəhəng gövdəli, zərif ürəkli heyvan tezliklə kəsiləcəyini bildiyindən nərə çəkib ağlardı, gözündən torpağa gildir-gildir yaş tökülərdi. Dəvəni dövrəyə alan uşaqlar kövrələrdilər. Hətta bəzisinin hönkürtüsü eşidilərdi…
Sabahısı bağlara qonaqlar yığışar, mətbəxlərdə, həyətlərdə sac üstündə bişən yağlı qutabın iyi ətrafı bürüyərdi…
1938-ci il öz gəlişi ilə Abşerona qasırğa gətirdi… Bağlar saraldı… bağlar soldu… bağlar mucul oldu… Sahibindən yetim qalan baxımsız bağlar dağa döndü…
Vaxt keçdi, zaman dolandı, bakılılar “Sarı sabahı əncirlə”, “Maştağa şanısı”na, “Təbrizi ağ tuta” həsrət qaldılar. Abşeron düzənliklərində səpələnmiş üzümlüklər, meyvəliklər isə artıq öləziməkdə idi. Bağ sahələri məndəcara çevrildi. Yaşıl ağacların cansızları məhv oldu, nəhənglərinin yerində onların sklet heykəlləri yarandı. Evlərin çoxu daş qalağına çevrildi. Suyu sovulmuş quyuları qum basdı, üstündə alaq, ot bitdi.
Sən demə, bağlar tək torpağın şirəsindən deyil, insan əllərinin hərarətindən də qidalanırmış!..
… Abşeron parça-parça təzədən adamlara paylandı. Bu dəfə Həsənin xarabaya dönmüş yerini Hüseynə, Hüseynin bərbad olmuş bağını Həsənə verdilər. Təzəhəvəs sahiblər ilk aylar qızğın zəhmətə qatlaşdılar. Bellər, kərkilər, yozanlar, çənglər işə düşdü. Yatmış torpaq diksinərək oyandı. Evlər ucaldı… quyular təmizləndi… Tinglər basdırıldı, sulandı… Mərzlər, çəpərlər qaydaya salındı… Günəş yerə baxıb gülümsədi. Bağlar cücərməyə, dirçəlməyə başladı. Lakin Abşeronun əvvəlki siması dəyişdi. Onun sakinləri kimi tikililəri də, nəqliyyatı da başqalaşdı. At, qazalaq, araba gedən qumlu yollara asfalt döşəndi, maşınlar şütüdü. Bağlarda, əcnəbi müsafirlər kimi gəldi-gedər meyvəsiz ağaclar, bəzək kolları peyda oldu. Bir vaxt öz şirinliyi, tamı, ətri ilə adı dillərdə gəzən “Corat qovunu”, “Maştağa şanısı”, “Zirə qarpızı” azaldı və sonralar tamam yoxaldı. Torpaq öz itirdiyinə təəssüflə köks ötürdü. Bu nadir nemətlərin qədrini bilməyən naşı bağ sahibləri isə əsla heyfsilənmədi.
Aylar, fəsillər, illər bir-bir gəlib keçdi…
Abşeron təkcə gözəlliyini deyil, bərəkətini də itirdi. Boy atmaqda, şaxələnməkdə, bəhər verməkdə bir-birilə bəhsə girən o nəhəng ağaclar, yaşıl əjdaha timsallı meynələr… Hamısı, hamısı cılızlaşdı və gördüyünüz günə düşdü.
Əvvəllər belə olmayıb, indi belədir bizim qədim bağlar…
1
Gözəl yaz səhəri idi. Sübhün gözü indicə açılırdı. Üfüqdə fəcrin qırmızı-qızılı və mavi çalarlarından yaranmış füsunkar mənzərəni seyr etdikcə ürəyə fərəh süzülürdü. Torpaqdan baş qaldıran körpə, zərif otlar günəşin ilkin, ilıq şüalarını ana südü kimi əmirdi, havadan baharın ətri duyulurdu. Bağlararası qumsal düzənliklərdə hara baxırdınsa, hər tərəf dalğası çəkilmiş sahil tək hamar, ləpəsiz və sakit idi. Lap uzaqlardan təkəm-seyrək xoruz banı eşidilirdi.
Qoşa sütunlu eyvanın hündür səkisi üstdə dayanmış Seyfəl bu yerləri birinci dəfə görürmüş kimi tamaşasından doymurdu. O, ilin bütün fəsillərində, aylarında bağda olmuşdu. Ancaq heç vaxt bugünkü ləzzəti almamışdı.
Dünən Seyfəl yeganə oğlu Şəfiqi evləndirmişdi; Bakının “Səadət sarayı”nda təmtəraqlı toy eləmişdi. Şənliyə qohumlar, dostlar, yaxın qonşular gəlmişdilər. Axşamdan xeyli keçənədək yeyib-içmişdilər… Musiqiçilər çalmışdı… oynamışdılar. Məclis dağılandan sonra arvadı Müşfiqə xanımla birlikdə gəlini, bəyi evə gətirmişdilər. Üzlərindən öpüb, onlara xeyr-dua vermişdilər. Və əvvəlcədən qərarlaşdıqları kimi adət üzrə bir neçə günlüyə cavanları ikilikdə qoyub gecəynən bağa gəlmişdilər…
Burada onların qabaqlarda olduğundan daha yaxşı şəraitləri vardı. Dünən gəlinin cehiz gətirdiyi mebelləri üçotaqlı mənzildə yerbəyer elədikdən sonra öz köhnələrini bağa aparmışdılar…
Seyfəl yorğun və yuxusuz olmasına baxmayaraq gecəni rahat yata bilmədi. Qıçı sancırdı. Lap erkən oyandı. Müşfiqəni oyatmasın deyə ehmalca geyindi, pencəyini çiyninə salıb eyvana çıxdı.
Hər il Bakıda istilər düşəndə onlar kənd yaxınlığındakı, yaylaq sandıqları bu doğma yurda köçürdülər. Ər-arvad üç ay sərasər burada yaşayırdılar. Müşfiqə müəllimə idi. Məktəblilərin yay tətili istirahət üçün ona kifayət edirdi.
Seyfəl isə məzuniyyəti qurtarandan sonra səhər işə gedib axşama yenə bağa qayıdardı. Hərdən şənbə, bazar günləri şəhərin səs-küyündən, bürkülü havasından qaçan Şəfiq də o vaxt nişanlı olduğu Fidanı götürüb, atasının “dədə-baba kondinsioneri” adlandırdığı həyətdəki çinarın sərinliyində dincəlməyə gəlirdi. Ağacın uca budağından asılmış yellənçəyə qoşa minərək “Quy… ha… qu!” deyə havada o baş-bu başa uçurdular. Arada fürsət tapınca, Şəfiq ata-anasından xəlvəti dodaqlarını Fidanın sifətinə yaxınlaşdırıb onun yanağından, alnından, gözündən öpürdü… Həyətdə yaranan şənlik səsindən, gürşad qəhqəhələrdən qocalar fərəhlənərdilər.
Seyfəl zənbilini götürüb kənd bazarına yollanırdı. Müşfiqə xanım nahara, şama ləziz xörəklər bişirməyə tədarük görürdü.
Fidan hər dəfə onlara gələndə Seyfəl üzümün ən yaxşı salxımlarını, meyvələrin ən qəşəngini dərib süfrəyə qoyurdu. Qadın, oğlunun nişanlısına bağlarını tərifləməkdən usanmırdı:
– Vallah, billah, ay Fidan, bizim bu Maştağa bağlarının, göz dəyməsin, misli-bərabəri yoxdur. Torpağı bərəkətli… havası səfalı… adamları nəcib. Bax… mən Seyfəllə neçə yol Pirşağı, Bilgəh, Nardaran, canım sənə desin, Buzovna bağlarında olmuşam. Oralar da pis deyil, ancaq bizimkilərə çatmaz. Yox a… Sən nə danışırsan… harda var Maştağanın ağ şanısı? Sarı ənciri… həyətlərdə əkilən turşməzə pamidoru?.. Nazik qabıqlı badımcanı?..
Arvadın dediklərini eşidən Seyfəl də başını tərpədərək kənardan onun sözlərini təsdiq eləridi:
– Elədir, qızım… hələ buralarda bir qovun-qarpız əmələ gələrdi ki… nə deyim?.. Bıçağı toxunduran kimi şaqqıltı ilə çatlardı. Kəsərdin – şirin, bal kimi! Fikir verən olmadı, naxələflər itirdilər tumunu. Bu torpağın qədrini bilmədilər. Mən bir Maştağanı iki Kislovodska dəyişmərəm.
İndi o, bağların sərin, təmiz havasını ciyərlərinə çəkdikcə bir daha bunun şahidi olurdu.
Həyətdə, evin qabağındakı çarhovuza və böyük çinarın ətrafına ötən ilin xəzan yarpaqları səpələnmişdi. Qonşunun damı üstdən keçən qoşa elektrik məftillərinə bahar muştuluqçusu qaranquşlar qonmuşdu. Üzbəüzdə, hamamxana ilə yanaşı neçə illərdən bəri qoyun-quzuya, ata, inəyə həsrət köhnə tövlə qəribsəyirdi. Bu həyəti, səliqəli ev-eşiyi Seyfəlin atası yaratmışdı. Sahəsindəki meyvə ağaclarını, üzüm tənəklərini öz əlləri ilə əkib-becərmişdi. Ailəsi ilə yay-qış burada qalardı. Arı kimi zəhmətkeş olan Əziz kişi vaxtı ilə bu məndəcar yerin cucaqlığını bildiyindən daş-kəsəyini yaşıllığa çevirmişdi, üzümlük salmışdı, meyvə ağacları əkmişdi. Üçüncü nəsil idi ki, bağın səfasını görürdü, barını yeyirdi… İndi onun nəvəsi; Seyfəlin oğlu memardı. Hələ çox cavan olsa da, Bakıda ucalan neçə-neçə yaraşıqlı imarətlərin, bağların, parkların layihəsini vermişdi. Adam baxanda iftixar edirdi. Şəfiq fərasətli oğuldu, gecə-gündüz çalışırdı, baş sındırırdı, gələcək üçün böyük arzularla, ümidlərlə yaşayırdı… Gəlin də oxumuş qızdı. Şəfiqin institunu iki il ondan sonra bitirmişdi. Sənəti inşaat mühəndisi idi. İş zamanı tikinti sahələrində Fidanı tanımaq çətindi. Əynində tozlu-torpaqlı kombinzon, axşamacan daş-divarların arasında olurdu. Atası yaşında ustalara, bənnalara göstərişlər verirdi.
Bəs Seyfəl neyləmişdi? O nə qoyub gedəcəkdi? Otuz il “taksi” maşınında sürücü işləmişdi. Ömrünün tən yarısını tanımadığı sərnişinləri şəhərdə o baş-bu başa daşımaqla keçirmişdi. Hamısı elə indidən unudulub getmişdi. Nə olsun ki, bir dəfə də qəza törətməmişdi, adı həmişə yaxşı sürücülər cərgəsində çəkilmişdi. Bəs altmış yaşlı bir kişinin həyatından nəslə yadigar nə qalırdı? Heç nə!.. İllərsə bir yerdə dayanmırdı…
Seyfəlin yadındadır: Təzə faytonları, qoşa atları vardı. Biri “Alov” idi, biri “Qətran”. Bağın o başından onların kişnərtisi eşidiləndə adama necə ləzzət verərdi!..
İllər ötdü… Zaman dəyişdi… hər şey unudulurdu. Sahibindən yetim qalmış fayton isə indi də tövlənin bir küncündə qəribsəyirdi.
O günlər heç yaddan çıxardımı? Əziz kişi hər səhər yerindən qalxcaq əvvəlcə atların axurlarına arpa-saman tökər, sonra tövləni təmizləməyə başlardı. Bu onunçün bir növ adətə çevrilmişdi. Atları qaşovlayıb, barmaqları ilə yallarını darar, heyvanların üz-gözünü, sağrısını tumarlardı. Belə vaxtlarda həmişə onlarla danışardı.
– Gecə hava şaxta idi, sizə soyuq olmadı ki, mənim “Alovum”, mənim “Qətranım?” – özü öz sualına cavab verərdi: – Yox… Əlbəttə yox. Siz ikiniz də qoçaqsınız… igidsiniz… Bərkdən-boşdan çox çıxmısınız…
Qıraqdan eşidən olsaydı, düşünərdi ki, Əziz kişi tövlədə kimlərləsə söhbət edir.
Eh!.. Ötən illərin köhnə xatirələri!..
Bəzən insan yeniliyə, mədəniyyətə qovuşduqca arxada qalan ibtidai, köhnə həyatın həsrətini çəkir, keçmiş günləri təzədən yaşamağı arzulayır…
– Ay Seyfi, nə dərin fikrə getmisən belə, – deyə Müşfiqə xanımın səsi onu şirin xəyaldan ayırdı. – Çayın hazırdır, evə keçib içsənə.
– Hə… Bu dəqiqə.
Seyfəl quyu üstə yollandı. Çəkdiyi soyuq su ilə əl-üzünü yuduqdan sonra yenə həyətə qayıtdı.
– Müşfiqə, elə xoş havadır ki, adam heç evdə oturmaq istəmir. Çayımı ver, burada, eyvanda içəcəyəm.
Seyfəl qarşısına kətil qoydu. Müşfiqə xanım süfrə saldı, çay, qənd gətirdi. Sonra özü də gəlib əri ilə yanaşı əyləşdi. Bir müddət heç biri dinmədi. Seyfəl haçandan-haçana stəkanını boşaldıb nə isə demək istədi, ancaq udqundu, danışmadı. Bunu arvadı da sezdi:
– Sən nəsə, sözlü adama oxşayırsan…
Seyfəli gülümsünərək ehmalca başını tərpətdi:
– Düz tapmısan, Müşfiqə, – dedi. – Bilirsən mən nə fikirləşirəm?..
O yenə susdu. Arvad oğrun nəzərlərini ərinin mis dərili sifətində gəzdirdi, intizarla gözlədi. Seyfəlin dən düşmüş qalın qaşlarına, cod bığlarına diqqət yetirdi. Kişinin gicgahları tamam ağarmışdı. Keçən il o altmış yaşı başa vurub təqaüdə çıxmışdı. Ancaq bədəncə gümrah qalmışdı, hərəkətləri hələ cəld idi. Ətrafını xırda qırışlar basmış gözləri nurunu itirməmişdi. Təkcə müharibədə yaralanmış sol qıçı ona narahatlıq verirdi.
– Bilirsən nə fikirləşirəm? – deyə Seyfəl bayaqdan əlində saxladığı boş stəkanı nəlbəkiyə qoydu. – Ay Müşfiqə, gəl biz daha… şəhər evimizə qayıtmayaq. Həmişəlik burda qalaq. Cavanlar da orda özləri üçün sərbəst yaşasınlar. Axı bizim nə vacib işimiz var şəhərdə?
Müşfiqə xanım hələ Seyfəlin bir sözünü iki eləməmişdi. İndi də dinmədi. Gözləri yol çəkdi.
2
Beş gündü bağda idilər. Seyfəl bir an sakit oturmurdu. Gah həyət-bacada vurnuxur, ev-eşiyi, mətbəxi səhmana salmaqda Müşfiqəyə kömək edir, gah da tövlədəki köhnə faytonla əlləşirdi. Arada at yerinə ona özü qoşularaq həyətə çəkir, ora-burasını düzəldir, xarab olmuş hissələrini təzələyir, çarxlarını çıxardıb yaylarını, oxlarını yağlayırdı. Seyfəl müharibəyə gedincəyədək atası bu faytonu işlədərdi. Onunla elektrik vağzalından yaxın yerlərə adam daşıyardı. Evin bazarlıq işlərini görərdi. Hərdən düşəndə toylardan qonşu kəndlərə gəlin də aparardı. Bu fayton Seyfəlin atası Əziz kişinin fərəhli məşğuliyyəti idi. Anası Xədicənin isə barmaqları qızıldı, evdə hana qurub gözəl naxışlı xalçalar toxuyardı; ilmələrinə, güllərinə baxanda adamın üzünə gülümsəyərdi. Bu sənətkar qarının sorağına uzaq-uzaq mahallardan gələrdilər… Ona sifarişlər verərdilər.
Xədicə hələ cavan vaxtlarında Əzizin faytonunun oturacaqları üçün hər yerin öz əndazəsində yaraşıqlı payəndazlar, xalçalar toxumuşdu. Qayınanasının yadigarı olan o töhfələri Müşfiqə indi də köhnədən qalmış qurama yorğanların arasında nəftəlinləyib saxlayırdı.
Müharibə başlanan ili vəziyyət dəyişdi. Qarı hananı evdə üzü divara söykədi. Ancaq qoyunçulardan yun almaqda, onları yenə əvvəllərdə olduğu kimi darayıb əlvan rənglərlə boyamaqda davam etdi. O, adlarını bilmədiyi, üzlərini görmədiyi döyüşçülər üçün gecə-gündüz isti əlcək, corab toxuyurdu. Ayda, iki ayda bir hazır olan sovqatlarını Əzizin düzəltdiyi qutulara yığaraq, aparıb hərbi komissarlığa təhvil verirdi.
Müharibənin dəhşətləri bütün qapılardan içəri soxularaq evlərin yuxarı başında əyləşmişdi. Əziz kişiyə də atları saxlamaq daha mümkün olmadı. Onları sovxozun istifadəsinə verdi. Faytonu isə… zamanın dəbdən düşmüş yadigarı kimi tövlənin bir küncünə çəkərək orada qorudu…
İndi o vaxtdan dünya silkələnib dəyişmişdi. Texnikanın yaratdığı inqilab atları, arabaları, faytonları yeni məişətə yabançı kimi sıxışdırıb yollardan çıxarmışdı… İş o yerə çatmışdı ki, şəhər uşaqları küçədə at, araba görəndə sevindiklərindən əl çalırdılar, atılıb-düşürdülər…
Seyfəl altmış illik ömrünün tən yarısını “taksi” maşınında sükan arxasında keçirmişdi. Səhərdən-axşama qədər şəhərdə fırlanıb hara getmişdisə, həmişə mənzil başına çatmağa tələsmişdi, gördükləri də ani, ötəri olmuşdu. Heç vaxt getdiyi yollarda ətrafa tamaşa edə bilməmişdi. Rezin təkərlər üstündəki bu sürət günləri, həftələri, ayları gödəltmişdi, Seyfəlin ömrünü qısaltmışdı. Haçan qocalmışdı, bilməmişdi. Son zamanlar o, asudəlikdə torpağa ayaq basıb, tələsmədən yeriməyə, göz doyumu yan-yörəsinə baxmağa daxili ehtiyac duymuşdu. Seyfəl ancaq indi öz istədiyinə qovuşmuşdu; dəmir motora, rezin təkərlərə, sükana əlvida deyib, istədiyi həyata qayıtmışdı.
Sabiq “taksi” sürücüsü qəribə hisslər keçirirdi. Elə bil o, otuz il sərasər şəhərin səs-küylü küçələri ilə maşını qovduqdan sonra gəlib Bakıdan çox da uzaqda olmayan bu səfalı, sakit guşəyə – mənzil başına çatmışdı. Daha bundan o yana gedəsi yeri yox idi. Qarşıda qumsal bağlar… “mavi dəniz…” nəhayətsiz üfüqləri…
Seyfəl hər işin ustası idi, faytona xırda-xırda əl gəzdirib nisbətən saz hala salmışdı. Qatlama çətrini, içərisinin yaşıl mahudunu, oturacaqlarını əvvəlcədən olduğu kimi səliqə ilə düzəltmişdi. Şam fənərlərinə qara lak çəkib təzələmişdi.
Müşfiqə bütün bunların necə əziyyətlə başa gəldiyini görsə də, işin nə ilə nəticələnəciyini hələ bilmirdi. Düşünürdü ki, bəlkə əri faytonu kiməsə satmaq niyyətindədir. Ancaq inanmırdı. Seyfəl atasının yadigarını heç başqasına qıyardımı? Yox! O bunu etməzdi.
Müşfiqə xanım şahid idi: əri təqaüdə çıxıb maşınını təhvil verən günü evə necə pərişan gəlmişdi. Xeyli vaxt darıxmışdı, qaradinməz olmuşdu. Sonralar Seyfəl bunu az qala ağlamsınaraq arvadına belə izah etmişdi:
– Bilirsən, Müşfiqə, insan uzun illər alışdığı, öyrəşdiyi bir şeydən – istəyir canlı olsun, istəyir cansız, ayrı düşəndə kövrəlir. Bu da bir növ məhəbbətdir. Fikir vermisən, hər il bağdan keçəndə adam ağlamaq istəyir… Mən ömrümün yarısını sükan arxasında keçirmişəm. Motorun səsinə, təkərlərin qıjıltısına, hətta benzinin iyinə öyrəşmişəm. İndi birdən-birə bunlarsız elə bil nəysə çatışmır, ürəyim sıxılır… hərdən durub qaraja getmək istəyirəm; maşınımın ora-burasını silib təmizləmək, qapısını açıb içərisində əyləşmək istəyirəm. Düzdür, qışın soyuğunda, yağışlı, qarlı günlərində yaralanmış qıçımdan əziyyət çəkdiyim də az olmayıb. Ancaq…
Müşfiqə ərinin kövrəldiyini görüb ona ürək-dirək vermişdi:
– O vaxt Şəfiq də bunu başa düşmüşdü. Deyirdi, atam icazə versəydi pullarımızı yığıb ona bir “Jiquli” alardıq… Ayağını yerdən götürərdi…
– Yox. Gileylənməyimə baxmayın, daha bəsdir… Dincəlmək istəyirəm.
* * *
Eh!.. Seyfəl “taksi”də adamlar, üzlər görmüşdü ki!.. Yazılsaydı, qalın bir kitab olardı.
Bir axşam – onda yayın isti günləri idi. Şəhər adamlarının əksəriyyəti bağlarda, istirahət evlərində, yaylaqlarda dincəldiyindən “taksi”lərə müştəri azalmışdı. Seyfəlin iş növbəsinin qurtarmasına hələ saat yarım qalırdı. Bir azdan maşını aparıb parka qoyacaqdı.
Mərkəz küçələrdə hərlənirdi. Qarşı tində dayanmış iki nəfərin minik gözlədiyini görən Seyfəl ayağını əyləcə basdı, səkinin qırağına yan alaraq maşını saxladı. Həmin şəxslər irəli gəldilər. Gözündə qara çeşmək olan başını pəncərədən içəri saldı:
– Starik, bizi Bilgəhə apararsan? – soruşdu.
Seyfəl axşamlar, gecələr uzaq yerə gedən sərnişini götürəndə əvvəlcə ona diqqətlə baxmağa, heç olmasa bir nişanəsini, əlamətini yadda saxlamağa adət etmişdi.
– Bilgəhə?..
– Bəli. Nədi ki? Fikrə getdin… Uzaqdı?..
– Yox… Keçin, əyləşin.
Onun qolunda göy sferblatlı yapon saatı vardı. Bu axşam qaranlığında niyə gün çeşməyi taxmışdı, bilmədi. Yoldaşı özündən beş-altı yaş cavandı. Qapıları açıb biri arxada, digəri Seyfəlin yanına oturdu. Görkəmlərindən, danışıqlarından dələduz adama oxşamırdılar.
Azacıq getmişdilər ki, dalda əyləşən göygöz cavan qarşıdakı telefon köşkünə işarə ilə:
– Ay kisi, burda bes dəqiqə əylən – deyə “ş” hərflərini “s” kimi tələffüz edərək dilləndi və maşın dayanınca aşağı endi. O, telefonla harasa zəng çaldı, kiminləsə ikicə kəlmə danışaraq yenə kabinəyə qayıtdı.
– Gəldilər! – deyə sevincək halda yoldaşına eşitdirdi. – Sənin adamiskən lap usaqdır ey… İyirmi bes yasındadı… çolpa!
Çox çəkmədi ki, böyründə dayandıqları hündür binanın həyətindən danışa-gülə çıxan qızlar tez-tələsik maşına təpildilər. İçərini kəskin ətir bürüdü. Hər ikisi göy cinsi şalvar və dikdaban qırmızı tufli geymişdi. Əyinlərindəki tül kimi nazik qolsuz, ipək koftadan bədənləri bütün çılpaqlığı ilə görünürdü. Qaraçeşməkli cavan qanrılıb müştəri gözü ilə arxadakı arıq, sarışın, “çolpaya” baxaraq Seyfələ əmr etdi:
– Starik, getdik!
Beş dəqiqə sonra şəhərdən ayrılıb geniş yola çıxdılar. Göygöz oğlan öz-özünə mızıldandı:
– Hə… demək belə-belə islər… – Və yanında küncə qısılmış döşü-başı açıq, dodaqları boyalı gombul qızdan soruşdu:
– Yaxsı, bu axsam planımız necədir?
– Restorandan çıxıb Jannagilin bağlarına gedəcəyik. Ata-anası Kislovodskidədir…
Sarışın qız rəfiqəsinin sözünə düzəliş verdi:
– Yesuntukidə.
– Onun nə mənası var? – deyə göygöz əlavə etdi. – Təki evləri bos olsun.
Sonrakı söhbətlərdən Seyfəl başa düşdü ki, yanında oturan hər kimsə, vəzifəli adamdır. Tanınmamaq üçün qara çeşmək taxmışdır.
– Mən heç sabah da evə qayıtmayacağam, – deyə o, arada gülə-gülə qızlara eşitdirdi. – “İki günlüyə Şamaxıya komandirovkaya gedirəm”. Arvada belə demişəm.
Gombul, yanındakı oğlanı öpə-öpə ona cavab verdi:
– Biz sabah səhər qayıdarıq, siz restorandan yemək-içmək götürüb o biri gecəni də Janna ilə qalarsız bağda. Ara xəlvət, tülkü bəy… İşıqları da yanmır…
– Lampamız var da… Amma, deyəsən neftimiz yoxdur.
Seyfəlin yanındakı qara çeşməkli yenə “adamişkəsinə” sarı çevrildi:
– Neftimiz yoxdur, lampaya araq töküb yandırarıq. Onun fikrini çəkirsən?..
– Necədir sənin üçün Janna? – deyə gombul, turac kimi qaqqıldadı. – Belə oğlanlar da var ey!..
Bayaqdan eşitdiyi bayağı, iyrənc söhbətlər, qondarma gülüşlər Seyfəli bezikdirmişdi. Qınayan olmasaydı, maşını saxlayıb onları yarı yolda düşürərdi. Ancaq… daha çox qalmamışdı, çatmışdılar.
– Ay kisi, sənə adres versək, sabah səhər dalımızca gələ bilərsən? – deyə başını gombulun çılpaq qolları arasından zorla xilas edən göygöz oğlan dilləndi. Seyfəl sözlərinə acılıq qataraq dilləndi:
– Xeyir! Gələ bilmərəm!!
– Niyə? – deyə qara çeşməkli ona sarı döndü. – Haqqını artıqlaması ilə verərik.
– Pulu bəyəm küçələrdən yığırsan?
– Gəlir də… Ordan… burdan…
– Əgər varın çoxdursa, xərclə bu ismətli, bu tərbiyəli xanımlar üçün!.. Mənə lazım deyil!
Seyfəl yaman əsəbiləşmişdi. Çırtma vursaydın qanı çıxardı. Oğlu yaşında cavanlar onun yanında hörmətsizlik edirdilər!
Göygöz donquldandı:
– Əvvəldən belə bilsəydik sənin masınına əyləsməzdik!
– Mən də belə bilsəydim, sizi heç maşınıma götürməzdim!
Restoranın qənşərində dayandılar. Qaraçeşməkli bir iyirmibeşlik çıxarıb onun üstünə atdı.
– Starik, sən gedə bilərsən!
Seyfəl sayğaca baxdı. Haqqını çıxıb pulun artığını qaytardı.
–Ay kisi, ancaq yaxsı tanımadın biz kimik! – deyə göygöz aşağı enəndə söz atdı. – Yoxsa çaşıb belə hörmətsizlik eləməzdin.
– Mən sizi çox yaxşı tanıdım! Hər kimsinizsə, dördünüz də bir yuvanın quşusunuz!
Maşın yerdən götürülüb geri dönərək sürətlə uzaqlaşdı… Bu əhvalat çoxdan, üç il əvvəl olmuşdu…
* * *
Şənbə günü axşamçağı qəfildən Fidanla Şəfiq darvazadan həyətə girdi. Onları birinci görən Müşfiqə xanım oldu. Cəld irəli cumub oğlunun, gəlininin boynuna sarılaraq üzlərindən öpdü.
– Xoş gəlmisiz, ay bala. Necəsiz? Yaman darıxmışdıq sizin üçün. Elə ürəyimə dammışdı ki…
Şəfiq anasının sözünü kəsdi:
– Sizə nə oldu bəs, bizi birdəfəlik atıb qaçdınız.
Səsə Seyfəl də gəldi. Oğlu ilə, Fidanla əl tutdu, keflərini xəbər aldı.
– Siz yoxlayanı yaxşıyıq, – deyə gəlin qaynatasına zarafatla cavab verdi.
Onlar danışa-gülə eyvana sarı addımladılar. Müşfiqə xanım samovara od salmağa hazırlaşanda Fidan irəli keçdi.
– Mama, sən zəhmət çəkmə, – deyərək kibriti ondan alıb öz işgüzarlığını göstərmək istədi. Seyfəl tövlənin dalına keçdi, doğranmış odun və çırpı gətirdi. Fidan tez-tələsik samovarı alışdırdı. Əlləri qoynunda qıraqda dayanmış Müşfiqə xanım zənnlə gəlininə baxaraq gülümsədi. Fikirləşirdi: “Necə də Şəfiqə yaraşır!”
Fidan ucaboylu, şux qamətli qızdı. İri, ala gözləri şölə saçaraq alışıb yanırdı. Mərmər yanaqları, hamar alnı, kaman kimi gərilmiş qara qaşları vardı. Üzünü elə bil südlə yumuşdu. Qırmızımtıl ətli dodaqlarına daim bir təbəssüm çökmüşdü. Əyninə biçilmiş qəhvəyi yun paltarı sağrılarına, dolğun dik döşlərinə darısqallıq edirdi. Toydan sonra Fidan sanki bir az da gözəlləşmişdi, ətə-cana dolmuşdu.
– Mama, axşama nə bişirəcəksən bizim üçün? – deyə gəlin arada qayınanasına sarı dönərək şıltaqlıqla xəbər aldı. – Axı bu gün birinci gəlişimizdir…
Seyfəl qımışdı: “Bu nə şeytan qızdır!” Müşfiqə Fidanın ərkyanalığına sevindi:
– Xətrin nə istəsə, adına qurban! Plovla aran necədir?
– Lap yaxşı!
Bir azdan samovar qaynadı. Müşfiqə evə keçib yemək stolunun üstünə süfrə saldı. Qənd, konfet gətirdi. Fidan stəkanlara çay süzdü…
Seyfəl tez qalxdı.
– Mən bir bazara dəyim, gəlirəm, – dedi. Zənbilini götürüb getdi.
Qadın bu dəfə nəzərlərini Şəfiqə tuşladı.Onu ancaq indi görürmüş kimi hündür boy-buxununu qürurla süzüb öyündü: “Göz dəyməsin, oğlumuz da yaraşıqlı cavandır. Sıx saçları, qalın qaşları, topa bığları qap-qara. Fidan belə qəşəng, ağıllı oğlan hardan tapacaqdı?! Namxuda-Maşallah, sinəsi, çiyinləri də enlidir. Pəhləvana oxşayır. Şəfiq danışığının, hərəkətinin yerini biləndir. Otuz yaşı var, hələ bir dəfə nə mənim, nə də atasının sözündən çıxmayıb. Yoldaşları, dostları xətrini çox istəyir. Nə qədər subaydı, bu əndamı yanmış qızlar telefonumuzu dağıdırdılar. Tez-tez zəng vurub, Şəfiqi görüşə çağırırdılar. Oğlumuz da ağıllı tərpəndi, onlara uymadı, özü seçib-sevdiyi Fidana evləndi. O vaxt Şəfiq mənə bir aləm sevinc bəxş elədi. Xoşbəxt yaşasınlar… Oğullu-uşaqlı olsunlar!!”
Araya çökən sükutu Şəfiqin səsi pozdu:
– Ana, atam darıxmır ki? – soruşdu.
– Yox ay bala, bir hovur rahat oturmur. Hər gün özünə təzə iş tapır…
– Bəs şəhərə haçan gələcəksiz?
Müşfiqə mənalı tərzdə gülümsədi.
– Atan deyir… daha həmişəlik burda qalacağam.
– Necə? Bəs sən?
– Mən onu bağda tək qoyub getməyəcəyəm ki.
Fidanla Şəfiq döyüküb qaldılar, sual dolu gözlərlə bir-birinə baxdılar. Gəlin pərtliyini gizlədə bilmədi:
– Bəlkə… Mənim gəlişim yerinizi dar eləyib?..
– Yox… yox! Elə fikirləşmə, adına qurban. Seyfəl daha yaşa dolub, dinclik, sakitlik istəyir. Mən, çoxdan – deyir, – belə həyat sürməyin həsrətində idim…
Şəfiq danışmağa söz tapmadı. “Atası niyə belə edirdi? Məqsədi nə idi? Yoxsa hər şeyi əvvəlcədən ölçüb-biçərək bu qərara gəlmişdi…”
Müşfiqə xanım şama bütün dəsgahı ilə ləzzətli plov bişirmişdi. Seyfəl konyak, şampan şərabı da alıb gətirmişdi. İlk dəfə olaraq dördlükdə yemək stolunun arxasında əyləşdilər. Birinci sağlığı, təbiətinə uyğun çox yığcam şəkildə Seyfəl dedi:
Внимание! Это не конец книги.
Если начало книги вам понравилось, то полную версию можно приобрести у нашего партнёра - распространителя легального контента. Поддержите автора!Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?