Электронная библиотека » Sevinc Ədalətqızı » » онлайн чтение - страница 1

Текст книги "Əhməd Cavad haqqında xatirələr"


  • Текст добавлен: 28 октября 2022, 20:40


Автор книги: Sevinc Ədalətqızı


Жанр: Биографии и Мемуары, Публицистика


сообщить о неприемлемом содержимом

Текущая страница: 1 (всего у книги 5 страниц) [доступный отрывок для чтения: 1 страниц]

Шрифт:
- 100% +

Əhməd Cavad haqqında

XATİRƏLƏR

“Xatirə Ədəbiyyatı” silsiləsindən 38-ci kitab






Ön söz

Onca çırpınmalardan sonra, nəhayət ki, Əhməd Cavad sevgisiylə daha bir möhtəşəm kitab işıq üzü görür. Bu səbəbdən də heç cür duyğulanmamaq, qürrələnməmək olmur. Şərəfli ömrünün keşməkeşli anlarını vətən üçün xərcləyən, eləcə də bundan böyük qürur duyan, şeiriyyəti alovlu, “Azərbaycan, Azərbaycan!” nidalı, istiqlal fədaisi Əhməd Cavad və onun bitməyən Azərbaycan yanğısı! Həyatında bitib-tükənməyən, gəldikcə davamı gələn, hətta sonu bilinməyən ağrı-acılar, mühakimələr, təqib-təzyiqlər, çarpışmalar və müsibətlərlə dolu ömür salnaməsi! Bütün yaşam boyunca cavan ömrü fırtınalı, qasırğalı yellərdə keçən, yüksək əməl, təmiz vicdan, böyük ürək sahibi, həqiqət aşiqi! Bir də Əhməd Cavadın ömür payına düşən ölməz eşqi, əbədi sevdası, bir ömrə sığmayan məhəbbət hekayəti! Taleyinin vəfalı, sadiq Şükriyyəsi! Budur, şairin hər səhifəsi vətənə, xalqa, doğma yurda, el-obaya dərin və ülvi məhəbbətlə dolu ömür kitabı. Bu şərəfli ömür kitabını hissə-hissə vərəqlədikcə alnına yazılmış cəmi qırx beş illik keşməkeşli həyatının acılı-şirinli günlərinin şahidi olmaqla yanaşı bu böyük insanın sorağını müxtəlif illərdə yaddaşlara hopmuş xatirələrdən alacağıq. Bu xatirələri bir kitaba cəm etməkdə məqsədimiz ondan ibarətdir ki, elin yaddaşında zaman-zaman yaşayacaq unudulmaz şəxsiyyətin, öz vətəni, xalqı naminə etdiyi təmənnasız və əvəzsiz xidmətlər qarşısında bir vətəndaşlıq, bir insanlıq borcumuz olsun.

Özündən sonra qoyub getdiyi silinməz izləri xeyirxah əməllərdə bulunan fədakar insan – Əhməd Cavad! Əsl millət, vətən fədaisi! Gerçək budur, Əhməd Cavad doğma xalqının qəlbində özünə bir abidə qurub… İstiqlalımızın möhtəşəm abidəsi Əhməd Cavad! O, Əhməd Cavad ki, haqqında saatlarla fəxarətlə, şərəflə, böyük qürur hissi ilə dönə-dönə danışmaq olar. Bəlkə də, zamana sığmaz… Ən başlıcası, Əhməd Cavad yüksək əməllərilə bir ömrə, bir zamana sığmayan şəxsiyyətlər sırasındadır. Ömür salnaməsinin dolanbac yollarında məğrur, nikbin görkəmlə, əzəmətlə mübarizə və mücadiləyə doğru addımlayan dağ vüqarlı insan! Şairin müqəddəs məsləki, arzusu, məramı qarşısında ünvanına nə qədər xoş sözlər yağdırsaq, haqqında dastan belə yaratsaq, yenə azdır ki, azdır!..

Xəmiri əzəldən vətən sevgisiylə yoğrulan, qədim Şəmkir torpağında doğulub boya-başa çatan, Gəncə ədəbi mühitində formalaşan və zənginləşən yüksək əməllər və müqəddəs məslək sahibi Əhməd Cavad! Yalnız öz məsləkinə boyun əyən və əzəldən canını torpağına qurban deməklə öz əqidəsi, amalı naminə haqq yolunda şəhid olan Əhməd Cavad! Bəli, “Şəhid Şair Əhməd Cavad!” Adına, şəxsiyyətinə, məsləkinə layiqli nida!

İstiqlalımız doğulan andan “Mənəvi Atası”, müdrik sima Məhəmmədəmin Rəsulzadənin açdığı Azərbaycan davasına hələ gənc yaşlarından bütün varlığı ilə qoşulan Turan yolçusu Əhməd Cavad! Bəli, böyük öndər Məhəmmədəmin bəyin “Mənəvi Övladı” Əhməd Cavad!

Onun enişli-yoxuşlu, bəzən yorğun, bəzən durğun, bəzən fərəhli, bəzən acımasız həyat yolu mücadilə və mübarizələrdən ibarət, fikri, düşüncəsi “Haqq və Dönməzlik” şüarı ilə həqiqət üzərində qurulub. Bunu ürək ağrısı ilə söyləməmək qeyri-mümkündür. Belə ki, tale Əhməd Cavadın üzünə hər zaman gülməmiş, əcəlin qara kölgəsi ömür yollarını daim onunla birgə dolaşmış, hərləyib-fırlayıb sonunda ölüm kabusunun tərkinə alaraq ömrünün qırx beşinci payızında haqlamışdı. Görünür, əcəlin vədəsi 37-nin dolaylarında, burulğanında imiş. Şairin həndəvərində dolaşmaqla şərəfli ömrünə nöqtə qoyub keşməkeşli yaşamını “ölüm hökmü” ilə nəticələndirəcəkdi. Haqqında ölüm hökmü çıxarılsa da, insanlığa sığmayan dəhşətli işgəncələrə düçar olub qəflətən canını tapşıran şairimiz cismən aramızda olmasa da, ruhən bizimlədir.

Bən bu gün məsləkim üstündə ölürsəm, nə zərər,

Məsləkli ölüm bil ki, o dünyaya dəyər!

Şairin yeganə suçu məhz Ana vətənini ürəkdən, cani-qəlbdən sevməsi idi. Milli dəyərlərə sığınmış ruhunu perikdirən dövranın amansız gərdişi idi ki, alovlu şeiriyyətinə qara kölgə salmağa çalışırdı. Onun milli ruhlu düşüncələrinə, fikir və əqidəsinə düşmən kəsilən mənfur Stalin rejiminin haqsız siyasi tələbləri şair qələmini istədiyi mövzulardan kənar durmağa vadar edirdi. Əhməd Cavad bir yığın ruhu çürük söz əhlinin, hətta hansı ağıla, hansı məzhəbə qulluq etdikləri bəlli olmayan bir sıra “bolşevik simalar”ın əhatəsində qanadıqırıq quş kimi çırpınaraq dururdu. Şair qəlbi yaralı idi. Onun məlhəmi isə haqqı və asayişi əlindən alınaraq ömrünü gənc çağında başa vurmuş “Müstəqil Azərbaycan”ı, üçrəngli bayrağı, himni, gerbi, doğma ana dili, bir də onunla birgə mübarizələrə atılmış məsləkdaşlarının varlığı idi. Əhməd Cavad qəlbi doğma xalqını, doğma vətənini yağılar, canilər əlində deyil, azad, müstəqil görmək istəyirdi. Əhməd Cavad haqq bağıran səsiylə istiqlaliyyəti çeynənmiş bir ölkədə çırpınırdı ki, Oğuzların, Elxanların miras qoyduğu qədim Türk məskəni Azərbaycanda üçrəngli bayrağı yenidən göylərə qaldıranlar sırasında olsun. Simasızlığın, məddahlığın baş alıb getdiyi, böhtan, şər qüvvələrin ayaq tutub yeridiyi “mənfur 37 dönəmi”ndə ona dəfələrlə yaxınları və məsləkdaşları tərəfindən ölkəni tərk etmək təklif edilsə də, “Ayrılan deyiləm canım-gözüm, gözüm-canım Azərbaycanımdan!” – söyləmişdi. Belə ki, şair əzəldən canını qurban dediyi Türk yurduna – Azərbaycanına verdiyi sözünü sonadək tutdu.

Hələ məşum 37 rüzgarının əsməsindən öncə Əhməd Cavadın başı nələr çəkmədi ki… Şəninə yağdırılan böhtanlar, qarayaxmalar zaman-zaman şairi izlədi. Bəzən bütün bunları yaşaya-yaşaya, şair demişkən, “Fələk də bəxtinə acıyar sandı”. Lakin fələyin çarxı döndüyü andan etibarən onunla heç də mülayim rəftar etmədi, əksinə, onu çox sınağa, imtahana çəkdi, kövrək qəlbini qəm, möhnətlə yüklədi. Bunalsa da, ayaqda qalmağa çalışdı. Bu onun müsbət cəhətlərindən idi. Əcəldən möhlət istədi. Bunun üçün dönə-dönə çarpışdı. Amansız tale qarşısında bacardıqca özünü şax tutmaqla məğlub deyil, qalib olmağa can atdı. Çünki arzusu, muradı, məqsədi vardı. Təbii ki, milləti üçün, vətəni üçün! Ruhunu, varlığını oxşayan üçrəngli bayrağını yenidən başı üzərində dalğalanan görməsi üçün! Bu yolda özünü fəda edəcəyindən əsla çəkinmirdi də. O tək özünü deyil, ailəsini də fəda edəcəkdi…

Çəkdiyi çilələrin sayı-hesabı bilinmirdi şairin. Duyğusal anlar tərkində qalarkən bütün var-qüvvəsilə saf vicdanına sığınaraq taleyin ona hazırladığı məşəqqətli sınaqlardan hər dəfə alnıaçıq, üzüağ çıxmalı idi. Ruhu qaranlıqlar məngənəsində sıxılıb daralsa da, onun haqq səsini boğmağa çalışan mənfur rejimin qanlı caynağından qurtulmayacağını anlamış, çoxdan sezmişdi. Bilirdi, belə olsa, gec-tez haqq-ədalət öz yerini tutacaq. Buna kəsinliklə əmin idi şair. Köləliyi əsla qəbul etməyən, qüruruna sığışdırmayan şair məkrli, ikiüzlü, ləyaqətsiz insanları özünə cəlb edən, səmimiyyətsiz bir sinfin, kütlənin cərgəsinə necə qoşula bilərdi? Dövr, zaman ixtiyarsız şəkildə bunları tələb edirdi. Əgər sağ qalmaq istəyirsənsə, dövrün diqtəsilə yazmaqla, köhnə dünyanın bağrına daş basmaqla, yeniliklə ayaqlaşmaqla, bir sözlə, rejimə boyun əyməklə çulunu sudan çıxarmalısan. Amma onun kimlik şüurunda alçalmaq, əyilmək adlı mənfi xüsusiyyətlər tamamilə yad idi. Zatən onun qürurlu, nikbin təbiətində ona arxa çevirmiş “bir yığın söz xiridarları”nın mənasız cəfəngiyyatı ilə uğraşmaq xüsusiyyəti də yox idi. Şəninə tuşlanmış min bir böhtan, iftira qarşısında başını dik tutub şax dayanmağa əzəldən adət etmişdi. Çünki Əhməd Cavad, “Alçalan yaşamaz, ölər!” – demişdi. Yaradan əzəldən onu belə xəlq etmişdi. Adı tək özü də mərdü-mərdanə!

Nə yazıqki, Əhməd Cavad adı uzun müddət yasaqlandı. Ta ki Azərbaycan öz müstəqilliyini bərpa edənədək. Günahsız şairin təmiz adı üstündən ləkə götürülənədək. Zamanın çarxı dönəndən sonra – 1990-cı ildən başlayaraq suların aram-aram durulduğu vaxta təsadüf etdi bu olay. Sanki Əhməd Cavad yenidən kəşf edildi, yenidən xalqa qaytarıldı. Onun azadlıq və istiqlal mübarizəsi yaddaşlarda əbədi həkk olunaraq zamanın fövqündə dayandı. Heç bir qüvvə onu öldürə bilmədi, əksinə, tarix boyu əbədi yaşayanlar sırasında durdu.

İllərlə vətənə, xalqa xidmət uğrunda ömrünü fəda etmiş insanın xatirəsini ürəklərdə, yaddaşlarda yaşatmaq üçün əlimizdən gələni əsirgəməyib onun təmiz və pak adını özünə qaytarmağa, hüquqlarını bərpa etməyə can atırıq. Bütün bu çırpıntılar Əhməd Cavad üçündür. Qətiyyətlə əminik, bu qədər çək-çevirdən sonra gün gələcək şairin o müqəddəs və şərəfli adı üzərində “Mənəvi Atası”nın vəd etdiyi “Həqiqət Günəşi” bir daha parlayacaq, Əhməd Cavad canı qədər sevdiyi doğma xalqına, millətinə yenidən qaytarılacaq. Bu ifadələri vurğulamağım heç də səbəbsiz deyil. Bu gün Əhməd Cavad şəxsiyyəti və sənətinin doğru-düzgün, dərindən araşdırılıb tədqiq edilməyə daha böyük ehtiyac var. Buna görə şairin qoyub getdiyi zəngin, çoxşaxəli irs diqqətdən kənar qalmamalı, Əhməd Cavad ünvanlı yeni ədəbi axtarışların üzə çıxarılmasına təkrar imkan verilməli və şərait yaradılmalıdır. Məgər Əhməd Cavad xalqının azadlığı, müstəqilliyi uğrunda canını fəda etməyibmi? Bu gün azad, müstəqil addımlarla yürüdüyümüz torpaqda qürurla dalğalandırdığımız üçrəngli bayrağımızın, sədaları ilə ayağa qalxdığımız dövlət himnimizin yaranmasında Əhməd Cavadın haqqı və payı yoxdurmu? Əlbəttə ki, var! Gerçəkdən də, bu tarixi olaylar yüksək əməl etibarilə danılmazdır. Gerçəkdən də, Əhməd Cavada aid sadaladığım bütün yüksək keyfiyyətlər xəyalımızda onun doğma paytaxtımızda ucaldılmış məğrur, şax, əzəmətli heykəli, abidəsi canlanır. Bu xülyanın gerçəkləşməsi ümidilə çırpınaraq dururuq. Əhməd Cavad əzəməti, Əhməd Cavad qüruru, Əhməd Cavad vüqarı, Əhməd Cavad yolu, Əhməd Cavad şəxsiyyəti Türk-Azərbaycan mənəviyyatının insanlıq, ləyaqət timsalı, vicdan və qeyrət rəmzidir.

Elə bu gün də şairin doğulduğu qədim Şəmkir torpağına ayaq basıb onun doğma yurdu Seyfəli kəndində hansı qapını döyürsən-döy, hansı ocağa üz tutursan-tut, barəsində bu xoş sözləri eşitmək olar: “Kişinin boynumuzda haqqı, üstümüzdə xətir-hörməti var!” Gerçəkdən də, Əhməd Cavad işıqlı, xeyirxah əməlləri ilə, nəinki öz həmyerlilərinin, hətta bütün Türk-Azərbaycan millətinin qəlbində yaşayan əbədi, unudulmaz şəxsiyyətdir və daima belə qalacaq.

Əhməd Cavad istiqlaliyyətimizin elə parlaq, nəhəng kəhkəşanıdır ki, çevrəsində dolaşaraq bərq vuran ulduzlar ondan xüsusi nur, ziya almış bir sıra vətən aşiqləri, mücadilə yolçularıdır. Əhməd Cavad müdrik, uzaqgörən şəxsiyyət olduğu qədər bütün azadlıq mübarizlərinin, Turan yolçularının möhtərəm ustadıdır. Şairin də dediyi kimi:

Şeirim sınıq bir türk sazı, ağladaraq tellərini,

Adaq-adaq gəzmək istər könlüm Turan ellərini!

Bən bir Turan yolçusuyam, əlimdə bir sönük məşal,

Aman, şeirim, hümmət eylə, aman, təbim, bir qanad çal!

Açın qəlbin qubarını, baxın, nədir baş yazısı?

Əvvəl Allah göndərəndir, sonra türkün bayatısı!

Turan öylə bir müqəddəs Kəbədir ki, hər bir daşı

Kölgəsində düşər yerə türkün əyilməyən başı!

Şairin məhvinə bais olan prinsiplər, “Öldü var, döndü yox” şüarına sığınan türklük sevdası, Turan xülyası danılmaz gerçəkdir. Şair hətta məşum dəmirbarmaqlılar arasında da “Haqq”ı söyləməsilə şərəfli görəvini layiqincə yerinə yetirib. Çünki onun gedər-gəlməzə düçar olduğu durumda dönüş yolu yox idi. Bircə dönüş yolu var idisə də, o da Haqqa doğru idi… Şairi haqlayan acı və şərəfli alın yazısı Tanrının hökmü ilə dünyaya gəldiyi andan taleyində müəyyənləşmişdi.

Nə yazıq, şairin türklük şüarı, türklük məfhumu cəmiyyət arasında peyda olmuş danosbazlar tərəfindən heç də müsbət qarşılanmayıb, daima qınaq obyektinə çevrilib, şəninə böhtan və ləkə yaxanların əlində mühüm tənqidi vasitə olub. Bütün varlığı və inancıyla özünü kommunizmə səmimi göstərənlər qarşısında boyun əymədən dəfələrlə susmaq məcburiyyətində qalmışdı. Həqiqətdən boyun qaçıran bir yığın “rəngi solğun”, “ruhu az” mənəviyyatsızların tikanlı sözlərinə əhəmiyyət verməməyə çalışırdı. Sanki dövr, zəmanə şairi buna alışdırmışdı. Fəqət bunların da bir həddi var idi, təbii ki. Səbir kasası daşmaq üzrə olan şairin daxilində baş qaldıran üsyan artıq onu hayqırmağa, həqiqəti sillə kimi dövranın məşum sifətinə çırpmağa vadar edirdi.

Daha, “Zülmə qarşı üsyankaram, əzilsəm də, susmaram!” – söyləyəcək və gün gələcək, düz yetmiş il sonra şairin bu ibrətamiz misraları tarixin nəsildən-nəslə hopmuş yaddaşından köçürülüb nadir tapıntı kimi ortaya çıxacaqdı.

Ustad Əhməd Cavad Azərbaycan ədəbi mühitində dəsti-xətti, imzası ilə sayılıb-seçilən, simaca nümunəvi, bənzərsiz şəxsiyyətdir. Hələ şairin pedaqoji fəaliyyəti, yaratdığı tərcümə məktəbi bir yana qalsın. Bir neçə dil bilməsi, bədahətən şeir söyləmək qabiliyyəti, bir sıra dini və dünyəvi elmlərə yaxından bələd olması şairin parlaq, yüksək, mədəni keyfiyyətlərindən xəbər verən müsbət xüsusiyyətlərdir. Belə insani və mədəni keyfiyyətlər hər adama nəsib olmur bu həyatda. Əhməd Cavad yiyələndiyi yüksək keyfiyyətlərinə qibtə edilən, səlist nitqli, zəkalı, dərrakəli, şüurlu, dərin düşüncəli, mötəbər şəxsiyyət idi.

Bu kitabda toplanılan xatirələr əsasında Əhməd Cavadın yarım qalan ömründən yarpaq-yarpaq, hissə-hissə canlanan ibrətamiz həyat hekayələri əksini tapıb. Onun ömür kitabının hər yarpağı vətənə məhəbbət, xalqa sədaqət, yurda bağlılıq, bayrağa sevgi və ehtiramın təcəssümüdür.

Bu gün haqqında bağladığımız “Əhməd Cavad haqqında xatirələr” ünvanlı bu dəyərli kitabda onu dönə-dönə böyük qürurla yad edən, dərin hüzn və ehtiramla xatırlayan doğmalarının dilindən eşitdiyimiz ibrətamiz və olduqca maraqlı əhvalat və olaylardan bəhrələniriksə, nə xoş biz Cavadsevərlərə və nə xoş geniş oxucu kütləsinə…

“XAN Nəşriyyatı”nın “Xatirə Ədəbiyyatı” silsiləsində ərsəyə gəlmiş bu kitabı uzunmüddətli axtarışların məhsulu hesab edirəm. Onu da qeyd etmək istəyirəm ki, şair haqqında toplanıb qələmə alınmış keşməkeşli xatirələr toplusunun nəşrinin həyata keçirilməsi onun ruhuna dərin ehtiramın və böyük sayğının təzahürü anlamına gəlir. Bir çox uğura imza atan “XAN Nəşriyyatı”nın növbəti xeyirxah əməlini təqdirəlayiq bilərək bu kitabı Cavadşünaslığa növbəti ərmağan kimi dəyərləndirirəm! Eyni zamanda kitabı şairin doğumunun yüz iyirmi beş, ölümünün səksəninci il dönümü qarşısında dəyərli töhfə sayıram. Fəxarət hissi ilə böyük, çox böyük bir şəxsiyyət barəsində xatirələr kitabının ərsəyə gəlməsində əməyi olan hər kəsin hünər və ləyaqətini qəlbən alqışlayıram. O cümlədən nəşriyyat rəhbərliyinin və əməkdaşlarının göstərdiyi bu böyük təşəbbüs qarşısında dərin, sonsuz minnətdarlıq hissinə böyük ehtiyac duyuram!

“Əhməd Cavad haqqında xatirələr” adlı bu kitabın geniş oxucu kütləsi tərəfindən rəğbətlə qarşılanacağına, böyük maraq doğuracağına kəsinliklə əminəm! Axarlı və davamlı olması diləyi ilə!

Sevinc ƏDALƏTQIZI


Atam Əhməd Cavad


Atamı hər dəfə xatırlayanda iki hiss keçirirəm; bir tərəfdən, ağır kədər, o biri tərəfdən, iftixar hissi! Bu hisslərlə hər dəfə onu düşünəndə gözümün qarşısında ucaboylu, göy gözlü, işıqlı, məğrur və nikbin insan canlanır. Həyatının ən çətin, ən qəmli anlarında belə onu sarsılan, sısqayan, bir küncə qısılıb şikayətlənən, kədərə qapılan görməmişəm. Hər şeyə nikbin, xeyirxah gözlə baxmağa adət etmişdi. Bu, təkcə adət deyildi. Onun varlığından, daxilində qaynayan duyğulardan süzülüb gələn sehrli, inamlı, güclü bir işıq idi.

Bir də atamı xatırlayanda onu at üstündə görürəm. Atı çox sevərdi; onu minəndə tamam dəyişər, sanki başqa adam olardı. Yay aylarında Şamxorun Seyfəli kəndindən müxtəlif yerlərə atla gedərdik. Atam çox vaxt qardaşım Aydınla məni özü ilə aparardı. Həmişə onun atı məni keçərdi. Elə bilərdim, mindiyim at pisdir, əfəldir. Bir dəfə dözə bilməyib dedim ki, sənin atın yaxşıdır. Atam qəhqəhə çəkib gülə-gülə dedi ki, gəl atları dəyişək. Mən də sevinclə onun sürdüyü ata qalxdım. Yola düşdük. Bir də gördüm, atam atı sürətlə sürüb qabaqda gedir. Bu, xeyrimə olmasa da, xatirimdə əbədi qaldı. Heç zaman bu epizodu unutmaram. Burada fövqəladə bir şey yoxdur. Amma atam Əhməd Cavadın xarakterindəki bir cəhəti – həyata qaynayıb-qarışmasını, həyat sevgisini çox gözəl büruzə verir. Əhməd Cavad tənhalığı, sükunəti sevməz, həmişə adamlar arasında, təbiətin qoynunda olmağa can atardı. Təsadüfi deyil ki, istirahətə uzağa getməz, uşaqlıq və gənclik illərini keçirdiyi Seyfəli kəndinə təşrif gətirərdi. Demək olar, elə bu kənddə ailəsi ilə birlikdə qalardı. Göz açdığım, həyatı dərk etdiyim gündən atamın şeirlə yaşadığını görmüşəm. Ətrafında həmişə ədəbiyyat və incəsənət adamları olsa da, təkcə onlarla dostluq etməzdi. Adi, sıravi adamlarla dostluğundan da çox danışmaq olar. Əlaqə saxlayıb, dostluq etdikləri də ədəbiyyat və sənətlə əlaqədar idi. Ədəbiyyatsız, sənətsiz onun həyatını təsəvvürə gətirmək mümkün deyil. Atam gecələr işləməyi sevərdi. Hər gecə onunçün təzə misraların yaranması demək idi. O da yaxşı yadımdadır, atamın şeirləri qəzetdə çap edilən kimi dərhal yayılar, güclü əks-səda doğurar, hətta əzbər deyənlər də tapılardı. Məktəbdə, həyətdə, küçədə tez-tez məndən atamın şeirlərini soruşar, ya da istəyərdilər. Əhməd Cavad ədəbiyyata, sənətə həmişə yüksək tələbkarlıqla yanaşardı. Heç zaman tələsməzdi. Şeiri əvvəlcə ürəyində yaşadar, bir-iki gün bu barədə danışar, ayrı-ayrı misralar deyər, fikirləşər, düşünər, bundan sonra üzə çıxarardı. Onun sürətlə, cızma-qara eləyib, yüngül yolla şeir yazdığını görməmişəm. Elə bilirəm, atamın ən yaxşı, ən gözəl şeirləri elə bu tələbkarlığı ilə meydana çıxıb. Əlbəttə, bəzən elə həvəslənər, elə ilhamlanardı ki, özünü saxlaya bilməyib şeir qoşardı. Məsələn, eşitdiyimə görə, məşhur “Göygöl” şeirini elə Göygölün özünə bədahətən söyləyib. Yəqin, Göygölün gözəlliyindən vəcdə gələn şairin ürəyində şeir cücərməyə başlayıb, qeyri-adi ilhamın, həvəsin məhəbbətin gücünə sürətlə yaranıb. “Kür” şeirinin necə yaranmasının şahidiyəm. Əvvəlcə Əhməd Cavad bu çayla bağlı müxtəlif məlumatlar topladı, sonra onun haqqında çıxan ədəbiyyatla tanış oldu, coğrafiyasını, tarixini öyrəndi. Bununla kifayətlənməyib Kür hansı şəhərin, rayonun böyründən keçirsə, o şəhər, rayon haqqında da xeyli material oxudu. Sonra “Kür” şeirini həvəslə, ilhamla yazmağa başladı və müvəffəqiyyətlə başa çatdırdı. Əhməd Cavad onu müasir dövrün tələbləri əsasında – yeni quruculuğa cavab verəcək fikir və duyğularla tam inamla yazıb. Təəssüf ki, xoş niyyət, təmiz arzular və sovet xalqının əsl istəkləri ilə səsləşən motivlərlə dolu bu şeir də bədxah tənqidə məruz qaldı. Ümumiyyətlə, atam yeni sovet cəbhəsinə keçmək üçün bütün varlığı ilə çalışar, həmişə partiyamızı, xalqımızı, bütün cahana səs salan quruluşumuzu tərənnüm etməyə can atardı. Amma qəribə idi, hər dəfə beş-altı şeiri Türkiyə qəzetlərində çap olunduğu üçün, az qala, onu çarmıxa çəkirdilər. O dövrün qəzetlərini vərəqləyib atam haqqında çıxan yazıları oxuyanda adamı dəhşət bürüyür.

Bu yerdə xeyirxah bir insanın adını çəkməyə bilmərəm. Hamı Əhməd Cavadın üstünə düşmüş, şeirləri xaricdə çıxdığı üçün amansız tənqid atəşinə tutulmuşdu. Eninə-uzununa döşəyirdilər. Bunların arasında qocaman ədibimiz Əbdürrəhim bəy Haqverdiyevin balaca məqaləsi çap olunmuşdu. Böyük ədib də Əhməd Cavadı tənqid edirdi. Amma necə?! İnsan kimi, ağsaqqal kimi, müdrik kimi! Üstəlik atama böyük inam bəsləyir, bütün qəlbi ilə inanırdı. Əgər hamı belə münasibət bəsləsəydi, bəlkə də, atam tutulmaz, bəlkə də, fəlakət baş verməzdi.

“Kür” şeiri ilə bağlı başqa bir fikrimi də bildirmək istəyirəm; Əhməd Cavad ilhamlı, qaynar şairdi, belə güclü şeirlərin sayını artıra bilərdi. Onu elə həvəsdən salırdılar, heç nə yaza bilmirdi. Əgər möhkəm iradəli və nikbin adam olmasaydı, çox şeyə dözməzdi.

Çox vaxt ürəyində pöhrələnən mövzulardan, hiss və duyğulardan qaçmaq məcburiyyətində qalırdı. İstəyirdi, dövrün tələblərinə cavab verən maraqlı bir şey yazsın, buda onu yolundan sapdırır, çaşdırır, güclə nəsə yazır, “Kür” şeirində olduğu kimi yenə atəşə tutulurdu. Həvəslə, ilhamla yaza biləcəklərini isə sonraya saxlayırdı. Beləliklə, gör nə qədər şeir, nə qədər əsər eləcə qəlbində qaldı, üzə çıxmadı. Təəssüf, yenə təəssüf!

Atam bəraət qazanandan sonra 1958-ci ildə “Şeirlər” adlı kitabı çapdan çıxanda çox sevindim. Kitaba yazılmış giriş məqaləsini oxuyanda isə dilxor oldum. Yenə Əhməd Cavada, onun şeirlərinə ciddi ittihama bənzəyən tənqidi qeydlər vardı. Axı Əhməd Cavad tənqidi xirtdəkdən yuxarı görmüşdü. Bəs deyilmi?! Bir şeyi başa düşmək lazımdır, Əhməd Cavad məhdud adam deyildi, geniş düşüncəli, hərtərəfli, zövqlü, mədəni şəxsiyyət kimi tanınırdı. Belə adam haqqında “yeniliyi aydın ifadə etməkdə çətinlik çəkirdi” demək böyük ədalətsizlikdir, böyük səhvdir. Əhməd Cavad təpədən-dırnağa əsl şair təbiətli, bütün varlığı ilə xalqa, torpağa bağlanan, onun arzu-istəkləri ilə nəfəs alan, ilhamlı, coşqun insan kimi yazıb yaradırdı. Onun həyat yolu əziyyətli, çətin, eyni zamanda müsibətli olsa da, həmişə nikbin qalıb. Halbuki yenə həmin məsələdə onu bədbin kimi qələmə vermək cəhdi olduqca pis və xoşagəlməzdir. “Bu lirik əsərlərin bəziləri öz ruhi etibarilə bədbinlik və ruh düşkünlüyü ilə doludur” fikri əsassız, göydəndüşmədir, otuzuncu illərin damğalı sözlərini təkrar etməkdən başqa bir şey deyil. Çünki həzin, intim duyğulu şeirlər heç də təkcə bədbinlik və ümidsizlik duyğularını aşılamır. İnsan həyatında hər şey olur, sevinc də, kədər də, lap elə bədbinlik və ümidsizlik də! Əgər atam bu duyğulardan yazıbsa, burda pis nə var?! Onun sovet dövründəki yaradıcılığını götürsək, poeziyasında nə qədər işıqlı, maraqlı cəhətlərin olduğunu görə bilərik. Əvvəla, deməyi borc bilirik ki, Əhməd Cavad Leninə, Oktyabra, yeni quruculuğa dair ardı-arası kəsilmədən, dalbadal çoxlu şeir yazıb, gəncliklə ayaqlaşmağa çalışıb, dövrün, həyatın nəbzini tutmağı bacarıb. İkincisi, onun şeirlərində yeni əməllərin, işlərin, xarüqələrin, dostluq, qardaşlıq və beynəlmiləlçilik duyğularının tərənnümü çox güclü olub.

Əhməd Cavad poeziyasının, heç şübhəsiz, əsas və aparıcı qüvvəsi lirikadır. Bu lirika yüksək insani duyğularla – insani gözəllik və məhəbbətlə doludur. Uzağa getməyək, elə “Göygöl”şeirini götürək. Buna təkcə təbiət lövhəsinin təsviri kimi baxmaq olmaz. Bizcə, Əhməd Cavad bu gözəllik duyğusunu ürəyimizdə oyada bilib. Bu şeir Göygölə həsr olunan yüzlərlə əsərin içində ən yaxşılarındandır:

Kəsin eyşi-nuşi, gələnlər, susun,

Dumandan yorğanı, döşəyi yosun.

Bir yorğun pəri var, bir az uyusun,

Uyusun dağların maralı Göygöl!

Dəhşətli 1937-ci ildən əvvəl atamın başına başqa fəlakət gəldi. Məktəbi təzəcə bitirmiş, 16 yaşında Almaz adlı bacım ağır xəstəlikdən vəfat etdi. Bu, atam üçün gözlənilməz zərbə oldu. Çox sevdiyi, ürəkdən bağlandığı bu mehriban, gözəl qızını xilas etmək üçün bütün qüvvəsini işə saldı. Bakıda müraciət etmədiyi həkim qalmadı. Ən nəhayət, Sxaltubaya apardı. Orada Moskvadan gələn professora ümid bağladı. Professor isə ciddi müayinədən sonra onda “sarqoma” xəstəliyinin olduğunu söyləyib geri çəkildi. Atam qızını həyata qaytarmağa çalışır, bununçün dəridən-qabıqdan çıxırdı. Amma bacara bilmirdi. Bəli, atam onu dirildə, həyata qaytara bilməsə də, bu ölümə elə gözəl şeir yazdı ki, balasını əbədiyyətə qovuşdurdu. Bu elə təsirli, elə güclü şeir oldu, bizcə, ölən insanı yenidən həyata qaytardı. Həm şeirin özü canlandı, həmdə sevimli qız! İlahi bir qüvvənin sehri ilə yaradılan misralar böyük məhəbbətin yanğı dolu ifadəsidir, sanki söz-söz yox, köz-köz alışıb yanırdı. Təkcə “Can verən sən idin, canı çıxan mən” misrası nə qədər güclüdür! Atamın qapqara saçları qızının ölümündən sonra tamam ağardı. Çoxu bunu heyrət içində qarşıladı.

Bu faciədən sonra qarşıdan atam üçün ikinci faciə gəlirdi. Hər şeyi duyur, bilir və anlayırdı. Bir ildən çox heç yanda işləmədi. Yaxına da qoymur, şeirlərini çap etmirdilər. Bununla belə atam özünü sındırmır, şax və məğrur gəzirdi. Onun Türkiyəyə getməyə bütün imkanları vardı. Bəli, vardı, asanlıqla, heç kəsin xəbəri olmadan, sakitcə çıxıb gedə bilərdi. Bunu isə xəyalına gətirmək istəmirdi. Uşaqlarını, ailəsini, ömür-gün yoldaşını ilahi bir məhəbbətlə sevən adam onları atıb özünü qorumaq naminə uzağa gedərdimi?! Qətiyyən! “Sədəf” adlı roman yazmışdı, onu Yazıçılar İttifaqında oxuyurdular. “Ədəbiyyat qəzeti” səhifələrində “Sədəf” romanın müzakirə edilməsi haqqında məqalə də çap olundu. Sonra bu roman necə oldu, hara yoxa çıxdı, bilmədim. İndi də tapılmır. Məşəqqətli, ağır günlər başladı. Atamı aparandan sonra məni, anamı da həbs etdilər. Nədənsə bu ağır günləri yada salmaq istəmirəm. Müəyyən müddətdən sonra bizi həbsdən buraxsalar da, atamdan – Əhməd Cavaddan xəbərimiz olmadı.

Ağır və çətin günlərin birində qəribə bir təsadüf məni elə sarsıtdı ki, uzun müddət özümə gələ bilmədim. Küçə ilə gedərkən birdən yerdə atamın “Dalğa” şeirlər kitabını gördüm. “Qoşma” kitabından sonra bu, atamın ikinci kitabı idi. Əyilib götürdüm. Aydındı, kimdisə “xalq düşməni”nin kitabını evində saxlamaq istəməmişdi. Heç kəsi qınamaq olmaz. Həyat mürəkkəb və anlaşılmaz hadisələrlə doludur. Odur ki, kitabı uzun müddət əlimdə tutub yerimdən tərpənmədim. Sonra sövqi-təbii duyğu ilə onu yavaş-yavaş vərəqlədim. Gördüm, ayrı-ayrı şeirlərin altından xətt çəkilib, bir neçə şeirin yanında “əla” sözü yazılıb. Bir neçə vərəq qatlanıb. Bu sarsıntı içində qum dənəciyi boyda xoş duyğu bədənimdə oyandı. Demək, “Dalğa” oxunub, əldən-ələ gəzib, şeirlərdən, ayrı-ayrı misralardan istifadə olunub. Yerdən tapdığım o kitabı evə gətirdim, onu indi də arxivimdə qoruyub saxlayıram: atamdan qalan ən qiymətli yadigar kimi!

Atam haqqında çox sonralar – əllinci illərdə məlumat əldə edə bildim. Onu həbs edəndən sonra möhkəm incidib, əzab, işgəncə veriblər. Nəyisə boynuna qoymağa çalışıblar, atam heç bir sənədə qol çəkməyib, mübahisə edib, razılaşmayıb, fikrindən dönmədən, qətiyyətlə axıra qədər qoruyub saxlayıb. Nəhayət, ağır, çətin işgəncələrə tab gətirməyib, keçinib. Ürəyi ən zərif, ən incə duyğularla dolu insanı əzabla öldürmək! Bundan dəhşətli nə ola bilər?!

Həmişə bu ağır səhnələri yox, atamın dostaları ilə birlikdə keçirdiyi xoş günləri xatırlamağı daha çox sevirəm. Axı onun saysız-hesabsız dostları vardı. Onların arasında Bülbülün adını ehtiramla çəkmək istəyirəm. Bülbül İtaliyaya getməmişdən əvvəl bizim evə tez-tez gələrdi. Atamın xətrini çox istəyir, şeirlərinə qulaq asmağı sevirdi. Sonra Cahan Talışinskayanın adını ehtiramla çəkməyi lazım bilirəm. Cahan Talışinskaya Cabbar Qaryağdı ilə birlikdə bizə qonaq gələrdilər. Atamda qəribə bir cazibə, sehr vardı, yəni onunla bir dəfə görüşən, yenə görüşməyə böyük ehtiyac duyurdu. Xüsusilə, qadınlar onu çox sevirdilər. Cahan Talışinskaya, Özbəkistanın məşhur aktrisası Tamara xanım atamın məclislərində dəfələrlə olmuş, şeirlərini dinləmiş, bəzilərini repertuarlarına salmışdılar.

Atamın Hüseyn Cavidlə ailəvi yaxınlığı vardı. Cavanlardan isə Mikayıl Müşfiqlə xüsusi dostluq edirdi. Müşfiq təzə şeirini ilk dəfə Əhməd Cavada oxuyardı, Əhməd Cavad da ona. Atam Müşfiqin hafizəsinə heyran qalardı. Hər dəfə onu ağız dolusu tərifləyərdi. Şamxorda dost-tanışlarının sayı daha çox idi, ona görə hamısını xatırlaya bilmirəm. Köhnə kommunistlərdən Qasım Çaparlının və Məmməd Namazovun adlarını çəkməyə ehtiyac duyuram. Seyfəli kəndində uşaqlıq, gənclik dostlarına bəslədiyi məhəbbəti ayrı məhəbbət idi. Bir şey yaxşı yadımda qalıb. Atam Nərimanov adına texnikumda ədəbiyyat dərsini keçərkən tələbələrin ona necə böyük sevgisi vardı, bunu təsvir etməkdə acizəm. Elə bayram olmazdı ki, onlar atamı təbrik etməyə gəlməsinlər.



Niyazi AXUNDZADƏ

Niyazi Axundzadə

Atam Əhməd Cavad

(İkinci xatirə)

Atam Əhməd Cavad haqqında düşünəndə onun qohumları, dostları ilə münasibətləri, şagirdlərinə, tələbələrinə, ətrafında olan yoldaşlarına, ümumiyyətlə, rast gəldiyi insanlara bəslədiyi qayğısı, məhəbbəti yadıma düşür. Həmişə nəcibliyi, xeyirxahlığı və alicənablığı ilə fərqlənən bu adamı təkcə öz müşahidələrimin deyil, eyni zamanda ona yaxın olan yoldaşlarının söhbətlərinin əsasında qiymətləndirmək istəyirəm. Lirik şair kimi geniş kütlənin hüsn-rəğbətini qazanan Əhməd Cavad işdə, ailədə, ictimai yerlərdə özünün yüksək mədəni rəftarı, insani keyfiyyətləri ilə dərhal diqqəti cəlb edirdi. O hər zaman hər yerdə eyni idi, sakit, sadə, mehriban… Şirin-şirin söhbət etməyi, öyüd-nəsihət və məsləhət verməyi, yol göstərməyi sevirdi. Nəciblik və xeyirxahlıq etmək isə Əhməd Cavadın təkcə idealı, arzusu yox, həm də gündəlik iş və qayğısına çevrilmişdi.

Ailəmiz atamın doğma ocağı Şəmkir rayonunun Seyfəli kəndi ilə sıx bağlı idi. Demək olar ki, yay günlərimiz təbiətin ən gözəl guşələrindən olan bu kənddə keçib gedirdi. Başqa vaxtlarda da atam bu kənddən uzaq olmur, onun qayğıları, problemləri ilə yaşayır, qohumları, həmyerliləri, dostları ilə həmişə əlaqə saxlayırdı. Ona görə şairlə kənd camaatı arasında dərin ünsiyyət yaranmışdı. Bu ünsiyyətin mayasında məhəbbət, ehtiram, hörmət vardı. Atam bu kənddən olan ən uzaq adama belə çox yaxın münasibət bəsləyir, onu öz qohumlarından ayırmırdı.

Yay aylarında atamla birlikdə Bakıdan qatarla Şəmkir stansiyasına, ordan arabalarla Seyfəli kəndinə – evə gəlməyimizi, bir neçə gündən sonra atlar və ulaqlarla yaylağa köçməyimizi tez-tez kövrək duyğularla xatırlayıram. O vaxtı atam Əhməd Cavad həmişə müxtəlif adamların əhatəsində görünər, yanına gəlib gedənlərin sayı-hesabı olmazdı.

İyirmi-otuzuncu illərdə Seyfəli kəndində atamın ailəsindən başqa savadlı ailə yox idi. Məktəbdə dərs deyən müəllimlər isə başqa rayonlardan, şəhərlərdən gəlmişdi. Çoxusu bir-iki il işləyib çıxıb gedirdi. Atam çalışırdı, kənd məktəbini bitirən uşaqlar ya Bakıda, ya Gəncədə təhsil alsınlar. Buna görə onları həvəsləndirir, istiqamətləndirir, hər cür qayğı və köməklik göstərməyə çalışırdı. Bunun nəticəsi get-gedə özünü göstərirdi. Gəncə pedaqoji məktəbini bitirən cavanlar kəndə qayıdıb müəllimlik edir, mədəni həyatın canlanması üçün əllərindən gələni əsirgəmirdilər. Beləliklə, Seyfəli kəndində ziyalı ailələr yaranırdı.

Onlardan biri gözəl müəllim Qasım Bayramov oldu. Əvvəl Gəncədə, sonra Bakı Pedaqoji İnstitutunda təhsil alıb kəndə qayıdan Qasım müəllim həvəslə fəaliyyətə başladı. Tezliklə ailə qurdu. Qasım Bayramov sağlığında həmişə atamdan vəcd, həvəs və məhəbbətlə danışır, onun qayğıkeşliyini yüksək qiymətləndirirdi.

Əli Məsimov da atam Əhməd Cavadın yetirmələrindəndir. O da kənddə ali təhsilli müəllim kimi gözəl fəaliyyət göstərib. Mədəni, tərbiyəli ailə qurub, ağıllı-kamallı övladlar bəsləyib, böyüdüb.

Внимание! Это не конец книги.

Если начало книги вам понравилось, то полную версию можно приобрести у нашего партнёра - распространителя легального контента. Поддержите автора!

Страницы книги >> 1
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации