Электронная библиотека » Seyid Cəfər Pişəvəri » » онлайн чтение - страница 3

Текст книги "Zindan xatirələri "


  • Текст добавлен: 28 октября 2022, 20:40


Автор книги: Seyid Cəfər Pişəvəri


Жанр: Биографии и Мемуары, Публицистика


сообщить о неприемлемом содержимом

Текущая страница: 3 (всего у книги 11 страниц) [доступный отрывок для чтения: 3 страниц]

Шрифт:
- 100% +

Bu dəstəyə daxil olanlardan bir-iki nəfəri istisna etmək şərti ilə qalanları məhkəmə zamanı çox zəlil və alçaq hərəkətlərə yol verərək prokurora acizliklə yalvarıb və iltimas etməkdən belə çəkinmədilər. Məhkəmə müttəhimlərdən heç də yaxşı olmadığına görə onlara özlərini müdafiə etmək haqqı, danışmaq icazəsi də vermədi. Onlar yalnız son müdafiələrini yazılı surətdə məhkəmə rəisinə təqdim edə bildilər. Bu yazılar isə əsla oxunmadı. Məhkəmə rəisi demişdi ki, bütün qüvvələrin baş komandanlığının əmri hər hansı qanundan yüksək sayılır. Müttəhimlərin mühakiməsi, onların məhkəməyə aparılması və zindana qaytarılması işləri həqiqətən dəhşətli idi. Altmış-yetmiş nəfər müttəhimi yüz əlli nəfər əsgərin mühafizəsi və müşayiəti ilə məhkəməyə aparırdılar. Hərbi nazirlik binasının ətrafını qoruq etmişdilər. Hərbi məhkəmə tam dəbdəbə ilə təşkil olundu. Prokuror isə könlü nə istəyirdi, onu deyirdi. Vəkillər məhdudlaşdırılmışdı. Onlar müvəkkillərinin müdafiəsi haqqında artıq danışdıqda, məhkəmə rəisi dərhal sözü kəsir, mövzudan kənara çıxmasını bəhanə edərək danışığa son qoyurdu. Müttəhimlərin arvad-uşaqları hərbi nazirliyin ətrafındakı küçələrdə ürək döyüntüsü ilə dayanıb, qollarına zəncir vurulmuş adamlarını görmək və məhkəmənin nəticəsindən xəbərdar olmaq istəyirdilər.

Məhkəmə çox kəskin qərar çıxartdı. Qırx nəfər edama, qalanlar isə üç ildən on beş ilədək həbs cəzasına məhkum olundular. Haqqında edam hökmü çıxarılan adamlardan iki nəfəri hökmü eşidən kimi dəli oldu. İranban və Şahzadə Xaqani hökm həyata keçirilən zaman təbii vəziyyətdən çıxmışdılar. Zəndini dəlilər evinə göndərdilər. Digərləri isə təqribən qeyri-adi hala düşdülər. Buna baxmayaraq, onların əməllərini davam etdirənlər, yenə də öz hərəkətlərindən əl götürməyərək zindanda polisə yaxınlaşır, yerlərini şirin salmaq üçün casusluq və xəbərçilik edirdilər.

Xainlərin digər tipi ikitərəfli işləyənlər idi. Onlar həm Polis idarəsini əldə saxlamaq, həm də məhbuslar daxilində özlərinə hörmət qazanmaq istəyirdilər. Bu tip mühafizəkar olduğu üçün, çox təhlükəli idi. Çünki açıq və aydın surətdə polis tərəfinə keçmiş adamların təklifi məlum idi. Lakin bunlar ikiüzlülük edir, özlərini başqalarına yaxınlaşdırır və adamların etimadından istifadə edərək həssas vaxtlarda bəzi məsələləri Siyasi İdarəyə çatdırırdılar.

ZİNDAN CASUSLARI

Mən mərkəzi zindanın yeddinci koridorunda yaşayırdım. İki nömrəli müvəqqəti həbsxanadan əlavə mərkəzi zindanın ikinci, dördüncü və yeddinci koridorlarında da yaşamışdım. Bu koridorlar keçmiş üsuli-idarənin siyasət mərkəzinin ən həssas nöqtəsi idi. Biz siyasi məhbusların başlıca nümayəndəsi hesab edilirdik. Hətta Teymurtaşı, hərbi nazir Sərdar Əsədi və digər hökumət müttəhimlərini bizim yanımıza gətirməyə cürət etmirdilər. Polis məqamları tərəfindən göstərilən hər hansı təzyiq və işgəncə tədbiqləri ilk dəfə bizə tətbiq olunurdu. Zindanda işləməyə gələn hər hansı yeni qulluqçu öz iqbal və taleyini bizim müqəddəratımız üzərində sınaqdan keçirirdi. Siyasi İdarə işçilərinin heç biri bizim işlərimizə qarışmadan tərəqqi edə bilmir, rütbə və dərəcə əldə etməyə nail olmurdu. Zindan rəisi Rasix sərhəng Giqoya belə demişdi: “Bu qapıların arxasına qanlı əllər basılmışdır. Mən onlara yaxınlaşıb orada yaşayan adamlarla danışa bilmərəm”.

Beləliklə, üzərimizə qoyulmuş həmin siyasi ad nəticəsində biz polislər və bəzi məhbuslar üçün bir növ dükana (alverə) çevrilmişdik. Görüşünün xüsisi şəklə düşməsini, tək kamerada yaşamaq, azad tiryək çəkmək, bütün koridorları azad dolanmaq, bir kasa süd və ya iki yumurta almaq, zindan daxilindəki müəssisələrdə işləmək, heç olmasa nəzarətçi və ya xörək paylamaq vəzifəsinə keçmək, çayçılıq edib məhbusları soymaq, bir sözlə başqalarının bədbəxtliyindən istifadə etmək istəyən bütün adamlar üçün ancaq bir vasitə, bir sadə yol var idi ki, o da bizə göz olmaqdan ibarət idi. Zindan məmurları məhbusların zindana gəldikləri birinci gündən bu yolu onlara göstərirdilər. Qısa sözlə desək, alış-veriş vasitəsinə çevrilmişdik. Hamı yalnız bizə əzab-əziyyət vermək yolu ilə zindan məmurlarından müəyyən güzəştlər ala bilirdi. Hətta sonralar iş o yerə gəlib çatmışdı ki, biz ikilikdə bir-birimizlə danışa da bilmirdik. Fərruxini demək olar ki, əxlaqsız və cəfəng qoca, ərbab Güdərzi ölümə verdi. Bədbəxt şair öz həmyerlisinə inanaraq təzə şeirlərini onun vasitəsi ilə kiməsə çatdırmaq istəmişdi. O isə namərdcəsinə uzun-uzadı bir raportla birlikdə həmin şeirləri zindanın rəisinə çatdırmışdı. Şeirlər məzəli, ciddi, eyni halda təsirli və kəskin idi. Bu şeirlər əldən-ələ keçərək, nəhayət, şahın əlinə çatmışdı. Beləliklə, Fərruxinin öldürülməsi haqqında fərman verildi.

Mötəbər bir adamın dediyinə görə, məhbusların son ümümi aclıq elan etmələri haqqındakı xəbəri Lapidus və ayrı bir tanınmış məhbus polisə raport vermişdi. Lapidus göstərdiyi həmin xidmətə görə zindan çayxanasına başçı təyin edildi. Digərinin haraya aparıldığından isə xəbər tuta bilmədim.

Məhbusların kitab, qələm, kağız və s.-dən istifadə etmələrinin qadağan olunması “…” nin raportunun nəticəsi idi. Bir sözlə, qeyd etməliyik ki, zindandakı casus tipləri kəmfərasət, zərərli və təhlükəli idilər. Məhrumiyyətlərimizin çoxu həmin tiplərin əli ilə törənirdi. Zindanın rəisi açıqcasına deyirdi: “Füzul olmasa şah qalanın içində nələr baş verdiyini haradan biləcəkdir”.

Zindanda füzul çox idi. Onlar isə hamıdan artıq məhz bizə əzab və əziyyət törədirdilər.

ZİNDANDA QALMALI OLDUM

Neçə ay davam edən istintaqın sona çatmasından sonra məni nisbətən təmiz olan səkkiz nömrəli otağa köçürdülər və onun qapısını açıq qoydular. Lakin başqa məhbuslarla əlaqə yaratmağımı qadağan etmişdilər. Bu zahiri bir hədə-qorxu idi. Bu işin əməli olmadığını özləri də, yəni zindan məmurları da yaxşı başa düşürdülər.

Casuslar hər gün ardıcıl surətdə öz raportlarını verirdilər. Bundan başqa, otağımı dəyişənlər özlərinin gizli bir casusunu da məhbus kimi qələmə verərək, ona tapşırmışdılar ki, məni gözdən qoymasın. O, qəribə bir adam idi. Boyu uca, üzü arıq, sifəti sarı və çimçəşdirici, dişləri isə qurt yemiş və qaralmış idi. O, oruc tutur və namaz qılırdı. Mən isə onu ilk gündə tanımışdım. O, öz pis təbiətini gizli saxlaya bilmirdi. Mənim üçün o, böyük bir maneəyə çevrilmişdi. Nəhayət, onu tanıdığımı özünə başa salmaq qərarına gəldim. Bununla özümü əzab və əziyyətdən xilas etmək istəyirdim. Çünki Siyasi İdarə polis özünü gizlədə bilmədikdə, dərhal onu əvəz edirdilər. Buna görə də mən ona açıqca dedim: “Gözümün qabağından get, əgər səni Siyasi İdarə göndərmişsə, döş nişanını mənə göstər ki, öz təklifimi başa düşüm”.

Digər bir casus həmin məsələni dərhal Siyasi İdarəyə çatdırmışdı. Buna görə də həmin gün axşam çağı Təhmasibi adlanan bu ağanı zindandan çıxarıb apardılar. Deyilənə görə, 1304– cü ildə (1925-1926-cı illər) ağayi Müsəvinin dəstəsini də həmin adam girə salmışdı. Az qalmışdı ki, onları da edam etsinlər.

1310-cu ilin fərvərdin və ordibeheştini (1931-ci ilin aprel və may ayları) intizarla keçirdim. Bir tərəfdən, taleyimlə barışaraq digər məhbuslar kimi öz mühitimin kiçik və məhdud hadisələri ilə başımı qatıdım. Digər tərəfdən isə hər saat zindandan azad olacağımın intizarını çəkirdim. Hətta Füruzeş özü də demişdi: “Bu haqda saraydan məktub yazmışlar. Biz müxalif olmasaq sizi buraxmaq olar. Hələlik biz də müxaliflik göstərmirik. Yalnız nəzmiyyə rəisinin Gorgandan16 qayıtmasını gözləyirik.

Bu, heç də yalan deyildi. Keçmişdə etdiyi yaxşılıqlarından danışdığım adam mənə buraxılmağım üçün müqəddimə hazırlanması haqqında sifariş də göndərmişdi. O, Ayrum gələndən sonra zindandan buraxılmağımı bildirmişdi. Hətta bir gün Nəsrullah İsfəndiyari həmin hökmü mənə göstərərək dedi: “İş qurtarmışdır. Ancaq heç bir siyasi işə qarışmayacağın haqqında iltizam verməlisən”.

Bütün bunlara baxmayaraq, mən şübhə edirdim. Belə sadəlikdə həbsdən buraxılacağıma inana bilmirdim. Ayrumun qayıtması qurban gününədək uzandı. Keçmiş adətim üzrə həmin gün səhər tezdən otaqdan çıxıb həyətdəki hovuzun kənarında idman etmək istəyirdim. Purafər hələ yatmışdı. Dəbir dəstəmaz alırdı. Sərhəng Giqo primusu yandırıb çay qoymaq istəyirdi. Zahirdə məhbusların həyatı adi vəziyyətdə davam edirdi. Baharın havası yüngül və ruhu oxşayan idi. Adam zindanın məhdudiyyətlərini az qala unutmaq istəyirdi. Qış fəslindən fərqli olaraq günəşin şüaları zindanın dərin həyətinin divarları üstünda oynayır, qəmgin ürəkləri sevindirirdi. Həmin günün mənim üçün ağır saatlardan biri sayılacağını hələlik bilmirdim. Hələ əl-üzümü yuyub qurtarmamışdım ki, “D” əl-ayağını itirmiş bir şəkildə yanıma gəldi. O günlər biz bir-birimizlə danışmırdıq. Lakin ciddi işlər zamanı bu cür müvəqqəti küsülü hallarının təsiri ola bilməzdi. O, “bilirsən nə olub, xəbərin var?” – deyə həyəcanla mənə müraciət etdi.

– Nə xəbər var? Nə olmuşdur?

– Gecə yarısından təxminən bir saat keçmiş neçə nəfər təzə məhbus gətirdilər. Deyilənə görə, onlar da siyasi motivlə təqsirləndirilmişlər.

– Burada pis bir iş yoxdur. Siyasi müttəhimləri olmayan bir ölkə nəyə lazımdır. Siyasi müttəhimin olması özlüyündə millətin siyasi şüurunun yüksəldiyini göstərir. Məlumdur ki, ölkədəki işlər adi qayda ilə cərəyan etmir. Xoşagəlməz hadisələr çoxdur və günü-gündən artır. Bunun əksi baş versə idi, onda təəccüblənmək olardı.

“D” dedi:

– Axı bu işin sənin və mənim zindandan buraxılmağımızda təsiri ola bilər?

Mən dedim:

– Bu təsir kimlərin nə kimi ittihamlarla tutulmasına bağlıdır.

Söhbətimiz hələ qurtarmamışdı ki, birdən-birə zəng çalındı. Polkovnik Paşa xan gözlənilmədən daxil oldu. O, digər otaqlara diqqət yetirmədən birbaşa təzə gətirilən məhbusların otağına girdi. Azacıq fasilədən sonra, təzə məhbuslara bir qədər siqar və kibrit gətirilməsi haqda göstəriş verdi. Biz isə keçmiş adət üzrə dağıldıq. Hər kəs öz otağına gedib qapıları bağlayıb oturaraq gələcəkdə hadisələrin necə olacağını gözləməyə başladı. Biz belə xəyal edirdik ki, keçmişdə olduğu kimi yenə də gedəcəkdir. Lakin bu fikir düzgün çıxmadı. Ağayi polkovnikin həmin otaqda dayanması bir saatdan artıq çəkdi. O, kağız və karandaş da tələb etmişdi. Biz təqribən öz vəziyyətimizi başa düşmüşdük.

Polkovnik otaqdan çıxıb getdikdən sonra, mən maraqlanaraq özümü bir təhər təzə məhbusların saxlanıldığı kameraya çatdırdım. Orada ağayi Tacbəxşi gördüm. Biz bir-birimizi yaxşı tanıyırdıq. Paşa xan isə həmin kamerada yubanmışdı.

Mən dedim: “Tacbəxş, nə var nə yox? Paşa xan səndən nə istəyirdi? Səni nə üçün həbs etmişlər? Nə hadisə baş verib?”

Onu öz bacısı oğlu ilə birlikdə, müəyyən qonaqlıqda tutub, ev sahibi və onun başqa dostları ilə bir yerdə zindana gətirmişdilər. Çox əl-ayağa düşmüşdü. Nəzərə xoflu görünürdü. Bəlkə də özünü bu şəkildə göstərmək istəyirdi.

Mən Paşa xan haqqındakı sualımı təkrar etdim. O, cavab vermək istəmirdi.

Dedim:

– Tacbəxş, axı Paşa xan bu qədər dayanan adam deyildi. O, belə işlər görməz. Bütün zindanda cəmi beş-altı dəqiqədən artıq dayanmazdı. De görüm, nə hadisə baş verib, gözlə, nahaq yerə camaat üçün narahatlıq törətməyəsən.

– Yox baba, məgər uşaqsan? Mən sizi nə üçün zəhmətə salım? Paşa xanın mənimlə ailəvi qohumluğu vardır, əhvalımı soruşurdu… – dedi.

– Tacbəxş, mən səninlə öz tanışlıq borcumu yerinə yetirdim. Şübhəsiz ki, hər kəs öz işini daha yaxşı bilir.

– Onların haqqında nigaran olma. Bəlkə də indiyədək onları buraxmışlar. Gözlə, elə bir iş görməyəsən ki, adamları səbəbsiz olaraq tutub, zəhmətə salsınlar.

Tacbəxş çoxlu and-aman içib sən öl, mən ölüm deməklə söz verdi ki, adamların haqqında əsası olmayan və mənasız sözlər dilinə gətirməyəcəkdir.

Mən qayıtdım. Lakin bilirdim ki, o, yalan danışır. Bilirdim ki, o, ilk xəyanət addımını atmışdır.

Mən Tacbəxşi on il bundan əvvəl tanıyırdım. Ondan vicdansızlıq görməmişəm və bu haqda bir söz də eşitməmişdim. Lakin Tacbəxşin əsəbləri zəif, mənfəəttələb və fəal adam olmadığını bilirdim. Onun maaş almasına baxmayaraq, onun-bunun qulağını kəsir, hətta ailə üzvlərindən və yaxın dostlarından da qoparardı. Onun pulları hara xərclənməsindən heç kəs baş çıxara bilməzdi. Bacısı və qohumları onun laqeydliyindən həmişə şikayət edirdilər.

Mən Tacbəxşdən ayrıldıqdan sonra başqa bir otağa getdim. Orada mənə aydın oldu ki, o, Polis idarəsində başqalarının əleyhinə bir çox sözlər demişdir.

Kavə Musa da belə hərəkət etmişdi. Lakin Kavəni əzab-işgəncə vermək yolu ilə yalan danımağa məcbur etmişdilər.

D-nın buraxılması üçün ilk hazırlıq işi düzəlmişdi. Onu həmin gün buraxdılar. Purafərə çoxlu pul xərclədikdən sonra çıxıb getdi. Məni isə uzun müddət təzyiq və zorakılıqdan sonra, həmin dəstəyə mənsub edərək, buraxılmağım haqqında verilən vədəyə əməl etmədilər. Mənə dedilər ki, həqiqəti açıb deməsən səni buraxmayacağıq. Sonra isə işgəncə və əzab yolu ilə Şəban Kavəni məcbur etdilər ki, tanımadığı halda mənlə üzləşərək, günahlarını mənim boynuma atsın. Beləliklə, zindana yeni gəlmiş ağalar məni satdıqdan sonra buraxıldılar. Lakin mən təklifsiz vəziyyətdə yenə də zindanda qaldım.

ZİNDANIN MƏNZƏRƏSİ

Biz zindanda cürbəcür adamlar gördük. Yol kəsmək və adam öldürmək ittihamı ilə oraya bir ildə xeyli məhbus gətirmişdilər. Müstəntiq onların bir çoxundan hələ etiraf ala bilməmişdi. Bir neçə ay onları ayrılıqda saxladıqdan və başçıları “Quran” ilə istixarə etdikdən sonra demişdi: “İstixarə yaxşı gəldiyi üçün gedib etiraf edəcəyəm ki, bu qaranlıq otaqdan özümü xilas edim”. Etirafdan sonra onu məhkum edib güllələdilər. Bu hadisədən sonra həqiqətən yol kəsib, qatil olan şəxs müvəqqəti həbsxanadan zindana gətirildi. O, bütün günahlarını boynuna aldı. Lakin başqa bir məhbusu onun avəzinə edam etdikləri üçün həqiqi qatilin etiraflarına əhəmiyyət verməyib onu zindandan buraxdılar.

Məhəmməd xan Yəzdinin fəxr etdiyi məsələlərdən biri vaxtı ilə isveçlilərin əli altında işləməsi idi. O seyirdi: “İsveçlilər çox ciddi adamlar idilər. Zindanda təklifi müəyyən olunmamış məhbuslara rast gəldikdə dərhal qapını açıb onları xaricə buraxırdılar. Zindan rəisi vəzifəsində işləyən isveçli deyirdi: Müstəntiq bunu bilməlidir ki, mən təklifi müəyyən olunmamış məhbusları qanunsuz olaraq zindanda saxlaya bilmərəm””.

Adyutant Yəzdinin özü zahiri təmizkarlığa böyük maraq göstərirdi. Hər gün bir neçə oğru məhbusu yanına salaraq bütün otaqları guya təmizlətdirərdi. Həqiqətdə isə onları təmizlətmək mümkün deyildi. Uçulmuş, rütubətli divarları, bir-birinə bağlı olan qoxulu ayaq yollarını heç də süpürgə ilə təmizləmək mümkün deyildi. Lakin adyutant bu məsələdə o qədər ifrata yuvarlanardı ki, bu iş əksər hallarda bizim üçün bir başağrısına çevrilərdi. Bütün bunlara baxmayaraq, iki nömrəli koridor keçmiş zindanın qismən yaxşı guşəsi hesab olunurdu. Oğrular və yolkəsənlər ümumi həbsxananı və onun “döngəsini” başqa yerlərdən üstün tuturdular. Lakin “döngə” adlanan bu yer daha dəhşətli idi. Həyətin küncündə yerləşən bu kiçik daxmaya əsas etibarı ilə yeni gətirilən adamlar salınardı. Onlar bir neçə gündən sonra dəhşətli bir vəziyyətdə həmin yerdən çıxarılıb başqa otağa köçürülürdü. Ümümiyyətlə, burada daima azı yüz adam çılpaq, ayaqyalın və qeyri-müntəzəm şəkildə ən ağır şəraitdə yaşayırdı. Bu qaranlıq, rütubətli yer o qədər çirkli idi ki, istər yay, istərsə də qış fəslində onun qarşısından keçən adamlar burunlarını tutmaq məcburiyyətində qalardılar. Arı yuvasına oxşayan bu yerdən daima sızıltı və nalə səsi eşidilərdi.

Qeyd olunan “döngə” uzun və qaranlıq bir tövləyə oxşayırdı. Yalnız günorta vaxtı onun tavanındakı kiçik deşiklərdən azacıq günəş şüaları daxilə düşərək yerə döşənmiş çirkli palazların ləkəsini sanki artırıb, oranın mənzərəsini daha da pisləşdirirdi. Buna baxmayaraq, həmin şüalar məhbuslar üçün böyük nemət sayılırdı. Onlar bir neçə dəqiqəlik fürsətdən (günəş işığından) istifadə edərək bədənlərini gecə-gündüz yeyib, deşən bitlər və cücülərdən intiqam alardılar.

Həmin “döngədə” yaşayanlar arasında heç bir qayda-qanun yox idi. Burada hər hansı bir hərəkət eyib sayılmırdı. Söyüş söymək adi söhbət qaydasına çevrilmişdi. Əslində həmin döngəni çarəsiz məhbusların üsyankar ruhu adlandırmaq olar. Burada yaşayanlar cəmiyyət daxilindəki nəzakət qaydalarına istehza edirdilər. Onlar kəsif və iyrənc bir ictimaiyyətə mənsub olsalar da əxlaq və nəzakət qaydalarını da bilməmiş deyildilər.

Onlar ictimaiyyətin namus, abır, həya və başqa qaydalarını boş və mənasız hesab edirdilər. Bu haqda danışan adamlara da istehza ilə baxırdılar.

Buraya gətirilmiş yeni məhbuslar az sonra çarəsiz qalıb başqa məhbuslara qoşularaq buradakı mühitə uyğunlaşırdılar. Hətta onlar bir neçə gündən sonra yeni qaydalar yaradaraq zindandakı köhnə qaydaları daha da təkmilləşdirirdilər. Bu “döngə”, eyni halda zindan məmurları üçün bir çörək ağacı idi. Yeni məhbuslar, bir qayda olaraq, əvvəl buraya gətirilirdi. İmkanı olan məhbuslar nə qiymətə olursa-olsun bu dəhşətli yerdən köçürülməyə çalışırdılar. Zindan dəllalları nisbətən varlı olub, kiçik günahla həbsə alınmış və qısa müddətdən sonra buraxılacağına ümid olunan adamlardan xüsusilə istifadə edirdilər. Zindanın müdiri belə adamların maddi imkanı haqqında əvvəlcədən polislərə və dəllallara məlumat verirdi. Beləliklə, məhbusla dəllal arasında çənə vurmaq çox da uzun çəkmirdi. Məhbuslar bütün ciblərini boşaltdıqdan sonra zindanın başqa kamerasına köçürülürdü. Pulu olmayan məhbuslar isə öz paltarlarını, saat və başqa əşyalarını zindan rəisinə verib onu razı salırdılar. Bu iş zindan məmurlarının bir növ gəlir mənbəyinə çevrilmişdi. Zindanda işləyənlərin bir çoxları bu yol ilə böyük sərvət toplamışdılar. Bu, həm də zindandakı şeylərin çox ucuz satılması ilə əlaqədar idi. Məsələn, zindandan xaricdə qiyməti yüz tümən olan pencək-şalvar zindanda cəmi beş tümənə alınırdı. Hətta saat kimi bahalı şeyləri də çox ucuz qiymətə alırdılar.

Ümumi həbsxanada da cəmiyyət zindandan xaricdəki kimi müxtəlif idi. Zindanın rəisi və müdiri ilə bilavasitə əlaqə saxlaya bilən əyan və varlıların vəziyyəti yaxşı idi. Onlar, hətta çayxanası belə olan birinci və ikinci kameralara göndərilirdilər. Bu kameralarda yatanlara kənardan yemək gətirilməsinə icazə verilir və bütün sahələrdə azad buraxılırdılar. Hətta, saqqallarını da öz kameralarında qırxırdılar. Çılpaq məhbusların həmin otaqların pəncərəsi qabağından keçməsi qadağan olunmuşdu. Onlar yatan zaman həyətə çıxmağa icazə verilmirdi. Bu cənablar üçün qapıçısı olan xüsusi ayaqyolu müəyyən edilmişdi. Onların qaldıqları kameraları çirkli bataqlıq daxilində səfalı bir adaya oxşatmaq olardı.

Bunlardan başqa, daha aşağı təbəqələrə mənsub məhbusların yaşadığı kameralar da var idi. Onların hər biri üçün xüsusi rəis təyin edilmişdi. Məhbuslar hər gecə bu rəisə rüşvət verməli idilər. Otağın rəisi olmaq istəyən məhbus isə xüsusi rüşvət verməkdən əlavə, öz üzərinə müəyyən öhdəçiliklər də götürməli idi. Məhbuslar bu vəzifəni əldə etmək üçün ağlagəlməz dərəcədə can atırdılar. Otaq rəisinin naharı, axşam yeməyi, paltar və hamam xərci başqa məhbuslar tərəfindən ödənilirdi. Hər bir məhbus siqar, çay və s.-dən başqa rəsmi surətdə hər gün yer kirayəsi də verməli idi.

Ayaqyolu rəisinin gəliri başqa rəislərin gəlirindən daha artıq idi. Hər bir ayaqyolu üçün gündə əlli tümən kirayə alınırdı. Rəisi isə hər gün zindan müdirinə ən azı iyirmi tümən pul verməli idi. Şübhəsiz ki, o vaxtın iyirmi tüməni böyük pul idi və bu pula neçə nəfər çilovkabab yeyə bilərdi. Ayaqyolu rəisi ilə əlbir olan zindan müdiri isə həmin pulu alıb ana südü kimi həzm edirlər.

Zindan müdiri əslində çox zirək adam idi. O, gizli yol ilə zindana tiryək, siqar və s. gətirilməsi işlərini elə təşkil etmişdi ki, qaçaqçılar üçün heç bir maneə törənmirdi. Bu qəbil mallarının qiyməti gündən-günə artırdı. Onun təcrübəsiz olan əlbirləri tutulduqda isə onlara zahiri bir cəza verməklə işi ört-basdır edərdi.

Yaxşı olar ki, öz həyatımdan sizin üçün sadə bir misal söyləyim. Günlərin birində polisin getdikcə artan tələbatından əsəbiləşərək dedim: “Yenə də allah şahın atasına rəhmət etsin ki, məmurları qorxudur. Yoxsa Seyid Mustafa xan bizi küçələrin tininə göndərib keçmiş dustaqbanlar kimi yolçuluğa da vadar edərdi”.

Bütün bunlara baxmayaraq, biz rüşvət verən deyildik. Doğrusu, rüşvət vermək üçün heç bir şey də yox idi. Amma imkan olsaydı belə, yenə də verməzdik. Onların özüdə siyasi məhbuslardan bir şey tələb edə bilmirdilər. İlk günlərdə vəziyyət belə idi. Sonralar isə onlara da əl atdılar. Lakin köhnə siyasi məhbuslar əvvəldən yoxsul idilər və axıra qədər də rüşvət vermədilər. Zindan məmurları özləri də bilirdilər ki, necə deyərlər, məscid bəzi işlərin yeri deyil. Bütün bunlara baxmayaraq, lotular mənim sözlərimi zindan rəisinə çatdıraraq, onu mənə qarşı əsəbi etmişdilər. Nə isə bir gün o, məni öz yanına çağırdı. Bu zaman Neyrumənd yenicə müavin olmuşdu. O, gizli olaraq rəis olmaq üçün çalışırdı. Bəzilərinin dediyinə görə, o, Muxtarinin vasitəsi ilə bu işə göndərilmişdi. Bəzilərinin fikrincə isə şah onu saray komissarlığından qovaraq bu işə təyin etmişdi. Hər halda, məni çağıran gün o da orada hazır idi. Şiddətli mübarizələrin aparılmasına baxmayaraq, yenə də Polis idarəsinin məmurları siyasi məhbuslardan çəkinirdilər. Onlar siyasi məhbuslarla rastlaşdıqda nəzakət dairəsindən kənara çıxmır və isveçrəli müşavirlərin dövründən qalan keçmiş ehtiramı adət üzrə gözləyirdilər.

* * *

Məni də sorğu-sual üçün apardılar. İçəri girdikdən sonra göstərilən səndəldə əyləşdim. Rasix həmişəki kimi, ərizələri qabağına töküb baxır və məhbusları növbə ilə çağırırdı. Bu dəfə o, özünü mənə yenilik tərəftarı olan bir adam kimi göstərməyə çalışırdı. Rasix göstərmək istəyirdi ki, məhbusların yolçuluğa göndərilməsi yolu ilə onlardan istifadə etmək fikrində deyil. Mən sakitcə oturmuşdum. Neyrumənd çox ciddi qiyafə ilə əyləşmişdi. Rasix isə məhbusların hər birini boş cavablar ilə başından edirdi. O, hamı haqqında təqribən eyni sözü təkrar edərək “ keçən gün prokurorla, məhkəmə rəisi ilə sənin haqqında danışmışam” deyirdi. Qəbula gələn məhbusların içərisində Qəzvin bıçaqçəkənlərindən birisi var idi. Onun qoluna çox əcaib bir xal döymüşdülər. Rəis həmin xuliqanı başdan ayağa qədər süzdükdən sonra öz hesabına görə “atalıq” nəsihətlərinə başladı…

Sonra Qasımxan adlı siyasi bir məhbusu çağırdılar. Onu casusluq ittihamı ilə tutmuşdular. Neçə il idi ki, təklifsiz olaraq zindanda qalırdı. O, çalışırdı ki, hərbi məhkəmə onun təklifini müəyyənləşdirsin.

Qasım içəri girəndə rəis ərizələrə baxırdı. O, özünü çox əsəbi göstərməyə səy edirdi. Qasımxan salam verdikdən sonra öz ərizəsinin məzmununu təkrar etmək istədikdə rəis hər bir iş ilə tanış olan adam kimi onun sözünü kəsərək dedi: “Bilirəm Qədir, sən, nə demək istəyirsən”. Yazıq Qasımxan udqunduqdan sonra özünün Qədir olmadığını bildirmək istədi. Lakin rəis macal verməyib əlavə etdi: “Bəli, mən dünən gecə Siyasi İdarədə sizin barənizdə söhbət etmişəm. Siz nə üçün Zəncana getmirsiniz? Oranın ki, ab-havası yaxşıdır”. Qasımxan hey çalışırdı ki, özünün Qədir olmadığını rəisə başa salsın. Lakin rəis dolu kimi sözləri yağdırıb, macal vermirdi. Yazıq Qasımxan öz-özünə deyirdi ki, mənim işimin Zəncan ilə nə kimi əlaqəsi var? Bu vəziyyət çox gülünc idi. Rəis onunla Azərbaycan dilində danışırdı. Qasımxan isə zorla çalışırdı ki, farsca cavab versin. Lakin farsca bilmədiyi üçün çox gülməli olurdu. Mən güc ilə öz gülməyimin qarşısını almaq istəyirdim. Nəhayət, yazıq Qasımxan çox çətinliklə başa sala bildi ki, o, Qədir Məmmədqulu oğlu deyil, onun işi başqadır.

Qasımxan getdikdən sonra təsadüfən ərizə sahibi Qədiri çağırdılar. Rəis isə adət üzrə onun ərizəsini digər “sərəncam verilmiş” ərizələrin üstünə ataraq ayrı bir ərizə götürmüşdü. Bu isə təsadüfən Qasımxanın ərizəsi idi. Səhnə yenidən başlandı. Qədir deyirdi: “Cənab rəis, bəs mənim işim hara çatdı? Nə üçün məni əbəs yerə Bəndər Pəhləvidən Zəncana sürgün etmişlər? Orada heç bir iş tapa bilmərəm. Mən bunun üçün Tehrana gəlib Siyasi İdarəyə müraciət etdim. Mən ki, qaçqın deyildim, nə üçün məni tutub dörd il təklifsiz saxlamışlar?”

Yalnış ərizəni oxumaqdan əl çəkmək istəməyən rəis, yeni məhbusun da sözünü eşitmək istəməyərək, əvvəlki sözlərini təkrar edib dedi: “Ağayi Qasımxan, mən sizə dəfələrlə demişəm ki, işinizə bu tezliklə yetişiləcək. Dünən qoşun prokuroru ilə sizin haqqınızda tam iki saat danışmışam. Hədər yerə bu ərizələri yazıb bizim vaxtımızı almayın”. Nəhayət, bu tərzdə ərizələrə baxmaq işi başa çatdı. Növbə mənə yetişdi. Söhbətimiz çox ciddi oldu. O dedi: “Eşitmişəm mənim əleyhimə təxribat aparırsınız. Mən hədə-qorxudan çəkinmirəm. Sözünüz varsa yazın, mən rədd edərəm. Daha təxribat və daldada danışmaq nəyə lazımdır?”.

Mən cavabında dedim:

– Əvvəla, mən heç kəs haqqında təxribat aparmıram. Bu işi də bacarmıram. Onu da yaxşı bilirəm ki, ərizənin heç bir faydası yoxdur.

O dedi:

– Nə üçün? Siz nə vaxt ərizə yazdınız ki, cavabsız qoydular?

– Özüm yazmamışam, lakin ərizə yazan məhbusların nə kimi nəticə əldə etdikləri mənə məlumdur. Misal üçün Əbdülqadir Azadın yazdığı ərizə və onun nəticəsi! Bu sizin özünüzə də məlumdur. Yazıq qoca kişinin xəstə olduğuna baxmayaraq neçə ay onu qaranlıq otağa saldınız.

Bu zaman Rasixdən daha zirəng olan Neyrumənd söhbətə qarışaraq qəzəblə dedi:

– Siz nə fikir edirsiniz? Kim sizə demişdir ki, biz məhbusların ərizələrini açıb oxumadan rədd edirik. Belə bir işi hansı axmaq görə bilər. Azad pis adamdır. O, həqiqətə uyğun gəlməyən töhmətlər yazmışdır. Əgər gündə beş yüz nəfərin tif xəstəliyi nəticəsində ölməsini iddia edən Abbas Kandininin ərizəsi ilə hesablaşsaq, onda gərək saxlanılan məhbuslardan əlavə, bir az da kənardan məhbus gətirməli olaq.

Görünür, Azadın haqqındakı söhbətlər zindan rəisini yaman yandırmışdı. O dedi:

– Əbdülqadir kimdir? Eşitdiyimə görə, Qumda lotuluqla məşğul olmuşdur.

– Bunların mənə dəxli yoxdur. Neçə illərdir bizi saxlamısınız, hələ də təklifimizi məlum etməmisiniz.

– Mənə nə, mən nəçiyəm. Mən ki, sizi azad edə bilmərəm.

– Bizi qanunsuz olaraq saxlamağa sizin haqqınız yoxdur. Siz bu işdə məsulsunuz.

– Mən yuxarıdan verilən əmrin əleyhinə hərəkət edə bilmərəm.

– Etsəniz nə olar?

– Nə olacaq? Arvad-uşağımız acından ölər.

– Oğrular da bu sözü deyir. Bəs bizim arvad-uşağımız yoxdur? Onlar adam deyil.

Bu xoşagəlməz danışıqlardan sonra bir il müddətində mənə qohumlarımla görüş icazəsi verilmədi. Bundan başqa, mən olan kameraya daha iki nəfər məhbus əlavə edərək məni artıq narahat etməyə çalışdılar.

Yuxarıda qeyd edilənləri xatırlatmaqla bunu nəzərə çatdırmaq istəyirəm ki, zindan ayaqyolusunun və yeni məhbusların saxlandıqları dalanın kirayəsini artırmaq üçün əldən-ayaqdan çıxan bu adamlar diktatorluq üsuli-idarəsinin onlara tapşırdığı ləyaqətli şəxslər haqqında nə qədər soyuqqanlılıq və laqeydlik göstərirdilər.

Köhnə zindanın bir nömrəli koridoru ən ağır guşələrdən biri sayılır. Polis idarəsinin ən alçaq cinayətləri məhz burada həyata keçirilirdi. İsveçlilərin dövründə varlı və qüdrətli məhbuslar bir aydan artıq burada saxlanılmırdı. Lakin qanun olan dövrdə, islahat dövründə, nəzmiyyəni guya xalqın idarə etdiyi bir dövrdə siyasi məhbusları illər boyu həmin koridorun qaranlıq və rütubətli kameralarında saxlayıb, bir dəqiqə belə bayıra çıxmağa qoymurdular. Məhbusların bir çoxu həmin kameralarda dörd ay saxlanıldıqdan sonra iflic olmuşdular. Yazıq Məmmədbağır burada vərəm xəstəliyinə tutularaq ağır vəziyyətdə öldü. Məhəmməd Ənzabi başqa bir dərdlə dünyasını dəyişdi. Azərbaycanlı gənclərin bir çoxu öz görmə qabiliyyətlərinin yarısını burada itirdilər. Məhəmməd Nünəkərani həmin kameradan çıxdıqdan sonra uzun müddət düzəlmədi. İkinci koridorda saxlanılan biz siyasi məhbuslar, birinci koridorda əzab və işgəncəyə məruz qalmış məhbusların ah-naləsindən gecələr yata bilmirdik. Hətta ən məharətli oğru və yolkəsənləri belə orada bir neçə gündən artıq saxlamırdılar. Birinci koridordan buraxılan adamların üzünə baxmaq mümkün deyildi. Onların saralmış sifətləri, şişmiş gözləri, nazilmiş boyunları, bükülmüş qədləri insanı dəhşətə gətirirdi. Həsən ağa Şimir birinci dərəcəli cəllad idi. Bu cəlladın yoğun və qorxunc səsini eşidən hər şəxs ömrü boyu onu unuda bilməzdi.

Bir nömrəli koridorda saxlanılanlar öz qohumları ilə görüşə bilmirdilər. Onlara papiros verilmirdi. Kənardan yemək gətirilməsinə imkan vermirdilər. Polislər burada tam özbaşınalıq edirdi. Şallaq vurmaq və söyüş söymək adi hal olmuşdu…

ÖLÜM DALANI

… Mühəndis Markov Qəsr zindanının planını hazırlarkən bir neçə şeyi yaddan çıxarmış və bir neçə yeri də artıq tikdirmişdi. Zaman keçdikcə zindandakı qayda-qanunun gündən-günə pisləşməsilə əlaqədar olaraq polis işçiləri zindan binasını təkmilləşdirərək, oranı Asiya formalı despotizmin əsl işgəncə mərkəzlərindən birinə çevirmişdilər. Markovun əlavə tikdirdiyi yerlərdən biri yemək salonlarından ibarət idi. Eşitdiyimə görə, polkovnik Paşa xanın göstərişi əsasında zindan binasının istifadəyə verildiyi birinci ildə həmin salonları zindan karxanalarının sərəncamına vermişdilər. Bizi Qəsr zindanına aparan zaman qeyd olunan məsələ sona çatmışdı. Təknəfərlik kameralarda düzəldilmiş əl-üz yumaq yerləri də bir ildən artıq davam etmədi.

Zindanın çatışmayan cəhətlərindən biri də burada “ölüm dalanı” adlanan yerin düzəldilməsi idi. Görünür, əvvəldə mühəndis Markova qanuni bir zindan tikilməsi göstərişi verilmişdi. Buna görə də o, həmin göstəriş əsasında mədəni ölkələrdəki zindanlara oxşar bir plan tərtib etmiş, xüsusi müttəhimlərin saxlanılması üçün yerlər ayırmışdı. Hətta, təknəfərlik kameralarda saxlanılan məhbuslar üçün xüsusi koridor ayırmış və elə otaqlar tikilmişdi ki, daha məhbusların həyətə çıxarılmasına ehtiyac olmasın. Yazıq Markov haradan biləydi ki, hər tərəfdən silahlı qüvvələrlə əhatə olunan bir zindana ölüm dalanı da lazımdır! O, qanuni zindanda siyasi məhbusları səssiz-sədasız boğmaq üçün qaranlıq zirzəmilərin lazım olduğunu haradan biləydi? Belə bir dəhşətli binanı mən həbsdə olduğum üçüncü ildə tikdilər.

Söz yox ki, qanuni zindanlarda da qaranlıq kameralar vardır. Şuluqluq edən məhbusları cəzalandırmaq məqsədilə bir-neçə saat orada saxlayıdılar. Lakin Qərbdəki qaranlıq kameralar belə məhbuslar üçün deyil, çox “hörmətli” adamlar (siyasi məhbuslar) üçün hazırlanmışdı. Bu kameraların ilk qonaqları Milli Şura Məclisinin vəkili Sovlətüddövlə Qaşqayi və onun oğlu Nasir xan oldu. Mən bunların keçmişi və gələcəkləri, məslək, əqidə və sinfi mövqeləri haqqında danışmaq istəmirəm. Hər nə karə olsalar da, onların hər ikisini Qanuni-Əsasinin ziddinə olaraq həbsə almışdılar. Bütün qanunlara zidd olaraq onlar mühakimə edilmədən, təklifsiz bir vəziyyətdə həbsə salınmışdılar. Bu ata və oğulun zindandakı davranışları çox mətnli və abırlı idi. Onlar birinci koridorda tək kameralarda saxlanılır, əzab və əziyyətə məruz qalırdılar.

Внимание! Это не конец книги.

Если начало книги вам понравилось, то полную версию можно приобрести у нашего партнёра - распространителя легального контента. Поддержите автора!

Страницы книги >> Предыдущая | 1 2 3
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации