Текст книги "Hekayələr"
Автор книги: Süleyman Sani Axundov
Жанр: Современная русская литература, Современная проза
Возрастные ограничения: +12
сообщить о неприемлемом содержимом
Текущая страница: 1 (всего у книги 12 страниц) [доступный отрывок для чтения: 3 страниц]
Süleyman Sani Axundov
Hekayələr
HEKAYƏLƏR
KÖVKƏBİ-HÜRRİYYƏT11
Kövkəbi-hürriyyət − azadlıq ulduzu
[Закрыть]
Şahzadə nağıla başlayaraq deyir:
− Şahım, zamani-sabiqdə, Süleyman peyğəmbərin əsrində, tərəfi-şimalda bir tayfeyi-əzim sakin idi. Bu tayfanın vətəni bir cənnətmisal məkan idi ki, təbiət öz gözəlliyini orada sübuta yetirmişdi. Lakin bu torpaq bir mərəzi-bidərmanə mübtəla olub o gözəl nemətlərdən məhrum qalmışdı. Bu mərəz pirlik mərəzi idi: belə ki, 18 yaşında cavanın saçı-saqqalı ağarıb beli ikiqat olurdu. Əlləri, ayaqları əsib gözlərinin nuru gedirdi. Səksən yaşında bir qocaya dönürdü. Bu xalqdan iyirmi beş yaşına çatan olmamışdı. Bir gün bu tayfa məclisi-kübra qurub mərəzlərinə çarə tapmağa şüru22
Şüru − başlamaq
[Закрыть] etdilər. Lakin aciz qalıb məyus oldular. O vaxt onlardan biri kürsüyə qalxıb dedi:
− Qardaşlar, biz özümüz bu azara çarə tapa bilmədik. Mənim başıma bir fikir düşmüş, söylərəm, bəyənsəniz, onu əmələ gətirərik. Tərəfi-cənubda, Asiya torpağında bəni-İsrail tayfasının arasında alim bir şəxs var. Bu alim hər bir çətin işə əlac və hər bir dərdə dərman bilir. Ağıllı adamlar seçib onun hüzuruna göndərək və dərdimizə çarə istəyək.
Hamı bu təklifə razı oldu. Elçilər seçib hədiyyələrlə bərabər o alimin yanına göndərdilər. Elçilər o zaman gəlib çatdılar ki, alim həzrətləri əyləşib, işə məşğul idi. Elçilər divanxanaya daxil olub təzim etdilər və dedilər:
− Ey tilsimlər açan, heyvanların, quşların dilini bilən, ey əcinnəyə hökmü çatan. Biz əhli-şimalıq. Yerimiz cənnətmisal bir yerdir. Xuda hər nemətini bizə əta33
Əta − klassik ədəbiyyatda vermə, veriş, bağışlanma mənalarında işlənmiş söz
[Закрыть] etmişdir. Lakin biz bir mərəzi-bidərmana mübtəla olmuşuq. Hənuz cavan ikən piraniyə44
Piraniyə − qoca, ağsaqqal, ixtiyar, nurani
[Закрыть] dönürük. Ey sultani-hökmran, bizə bir nəzər et. Bax, qamətimiz bükülüb, saç-saqqalımız ağarmış, lakin heç birimizin yaşı iyirmidən ziyadə deyildir. Bu nə mərəzdir? Lütf elə, çarəsini söylə.
Alim dedi:
− Ey əhli-şimal, bu azarın dərmanı kövkəbi-hürriyyətin şəfaətidir. O ulduz torpağınızın şərq tərəfində bir dağ dalında pünhandır. O dağ təbii deyil, onu divlər hörüb sizi kövkəbi-hürriyyətin şəfaətindən məhrum etmişlər; zamani ki onu dağıtdınız, kövkəbi-hürriyyətin nuru canınıza sirayət edib ruh və bədənlərinizi təzələyəcəkdir. Sizləri cavanlaşdırıb öz təbii halınıza salacaqdır.
Elə ki elçilər dərdlərinin çarəsini bildilər, alimə artıq razılıq edib şad və xürrəm öz vətənlərinə qayıtdılar və vətəndaşlarını işdən hali etdilər, onlar da balta, bel, kürək, ling və qeyri alət gotürüb dağı dağıtdılar və kövkəbi-hürriyyətin üzü açıldı. Onun şöləsi üstlərinə düşüb cümləsini cavan etdi. İnsanlar ruha gəlib, al libaslara girib bayram etdilər.
Lakin şadlıqları artıq davam etmədi. Bir müddət keçəndən sonra qara buludlar kövkəbi-hürriyyətin üzünü tutub onu yenə pünhan etdi.
YUXU
Yuxumda özümü bir qaranlıq yerdə gördüm. Gözlərim heç şey seçmirdi. Lakin ayaqlarımın altında torpaq olduğunu hiss edirdim. Bir müddət keçərək gözlərim zülmətə öyrəşdi. Yavaş-yavaş ətrafımdakı əşyanı seçməyə qadir oldum. Müqabilində bir səhra açıldı, orada qoyun sürüsü göründü. Sürüyə tərəf yönəldim, yaxınlaşdıqda belə bir şəkil gördüm: qoyunlar başlarını yerə əyib, gözlərini ota dikib guya otlamaq istəyirlər, lakin hərəkətsiz durmuşlar. Çobana gəldikdə o da çomağının ucunu ovuclarına alıb çənəsinə dirsək vermişdi. Onda da heç bir hərəkət yox idi. Mən təəccübdə ikən gözlərimə meşə və çay sataşdı. Oraya getdim. Meşədə çoxlu heyvan və quş var idi. Fəqət bunlar da hərəkətsiz, sükuta getmişdilər. Hətta çayın suyu görünərək sanki yuxuya dalıb dayanmışdı. Məni heyrət götürdü. Bu anda sağ tərəfimdə qəbiristan və orada insanlar göründü.
− Gedim, onlardan harada olduğumu soruşum, − deyə yola düşdüm. Gəlib çatdıqda gördüm ki, qəbirlər arasında əmmaməli, fəsli, papaqlı, sarıqlı insanlar dərin yuxuya getmişlər.
− Xudaya, bu nə məxluq və nə məkandır ki, mənə rast gəlmiş?..
Bu fikirdə ikən gözümə bir günbəd dəydi. Yanına getdim. Günbədin heç bir qapısı yox idi. Lakin mərmər divarın üzərində barmaq işarəsi, qapı bura olduğunu göstərirdi. Diqqətlə baxdıqda bu yazını seçdim. "Bura zülmət aləmidir. İşıqlığa çıxmaq istəyənlərin yolu buradır".
Yazının altında belə bir üçbucaq çəkilmişdi:. Onun hər guşəsindən qızıl qarmaqlar asılmışdı. Bu tilsimi açmaq qəsdi ilə sağ qarmağı çəkib sol və üst qarmaqla bitişdirdim, qapı açılmadı. Sonra sol qarmağı üst və sağ qarmaqla bitişdirdim, yenə də açılmadı. Axırda üst qarmağı sol və onu da sağ qarmağa tərəf çəkib bitişdirdim, o saat qapı açıldı. Mən girdim, qapı yenə üzümə örtüldü. Bir qədər getdikdən sonra bir meydana çıxdım. Buradan 72 yol ayrılırdı.
Bunların hansı məni işıqlığa çıxarar – fikrində ikən yol başında, dirək üzərində barmaq şəkli "İ" hərfini işarət etdiyini gördüm, o yolu tutub getdim. Başqa bir meydana çıxdım. Orada da yol başında qondarılmış dirək üzərində "R" hərfi yazılmışdı. Bu minval ilə hər meydanda, dirək üstündə "Ş", sonra "A" və axırda "D" hərfləri göstərişi ilə qapıya çıxdım. Bu qapının üzərində dirəklər üstündə yazılmış hərflər mürəkkəb olub "İrşad" ləfzi55
Ləfzi − söz, kəlmə
[Закрыть] yazılmışdı. Qapını açdıqda günəş pəncərədən gözlərimə düşüb məni oyatdı.
Küçədən:
− "İrşad", "İrşad", təzə qəzet, − sədası gəlirdi.
QONAQLIQ
Bol yedilər, bol içdilər. Qəhvə gəldi. İçərkən ortalığa belə bəhs düşdü.
Hökumətin sütunu kimdir?
− Əlbəttə, bəylər! − ev sahibi dedi. − Biz nücəbasız hökumət yaşaya bilməz. Hökumətin sütunu bizik.
Tacir dedi:
− Ticarət olmazsa, pul olmaz. Pulsuz da heç bir hökumət yaşaya bilməz. Hökumətin sütunu biz tacirlərik.
Alim dedi:
− Hökumətləri yaşadan bilikdir, onsuz heç bir quruluş davam edə bilməz, pozulub məhv olar. Hökumətin sütunu alimlərdir.
Ruhani dedi:
− Rəiyyəti hökmranlar itaətində saxlayan, onlara tabe etdirən biz ruhanilərik. Bizsiz əxlaqlar pozular, üsyanlar qalxar, qanlar tökülər, hökumətlər də yıxılar. Bizik hökumətin sütunu.
Zabit dedi:
− Söylədiklərinizi təsdiq edirəm. Lakin düşmən vətənin üstünə hücum etdikdə döşlərini verib onu müdafiə edən kimdir? Əlbəttə, biz. Hökumətin sütunu biz əsgərlərik.
Qonaqlar eyvana çıxıb qəlyan, siqar çəkməyə məşğul oldular. Bəhs yenə təzələndi. O vaxt bir qoca kəndli arabadan taxıl kisələrini fəhlələrin dalına verirdi, onlar da anbarlara yığırdılar. Ev sahibi bəy dedi:
− O qoca kəndlini həkəm seçək, nə desə, ona razı olaq.
Hamısı bu təklifə razı oldu. Kişini işdən avara edib çağırdılar, bəhslərini söylədilər. Kəndli dedi:
− Ey ağalar, düzünü axtarsanız, hökumətin sütunu biz kəndlilərlə o qan-tər içində yük daşıyan fəhlələrdir. Biz əkməsək, biçməsək, onlar da işləməsə, heç bir hökumət yasaya bilməz. − Bunu deyib cəld işinə getdi.
TUTUQUŞU
(nağıl)
Biri vardı, biri yoxdu, bir çal-çəpəri dağılmış, gülləri soluxmuş, ağacları yarıqurumuş bir köhnə bağ vardı. Bağın quşları bu xarabada çox məşəqqət ilə gün keçirirdilər. Günlərin bir günündə bu bağa haradansa bir bülbül uçub gəldi və bir neçə nəğmə oxumaqla bağdakı quşları başına cəm etdi. Quşlar yığılan kimi bülbül onlara bir fəsih və bilic nitq söylədi. Bu nitqdən quşlar bir şey anlamadılarsa da, yenə çoxları alqışlayıb "Əhsən! Əhsən!" dedilər. Sonra bülbül özünün gözəl vilayətlərini buraxıb bu bağa gəlmək qəsdini bəyan etdi və dedi:
− Mənim əziz qardaşlarım! Mən yaşıl çəmənləri, laləzar gülşənləri buraxıb bu viranəyə gəldim ki, siz bədbəxt qardaşlarımı da özüm kimi musiqi işlərinə aşna edim. Haydı, əfəndilərim, başlayalım!
Bunu deyib bülbül bir dəstgahda cəmi muğamatı tamam etdi və sonra quşlarla təliminə şüru etdi. Qarğalar qarıldaşdı, bayquşlar ulaşdı, sağsağanlar qığıldaşdı, sərçələr curuldaşdı, xülasə, hər quş öz anasının öyrətdiyi səslə oxumağa başladı. Bülbül nə qədər çalışdı, quşlardan heç biri onu yamsılamağı da bacarmadı. Ancaq bircə tutuquşu öz adətinə görə onun təqlidini çıxardırdı. Axırda bülbül quşlardan naümid olub onları tutuquşuna tapşırdı və özü də gəldiyi vilayətə qayıtdı. Bülbül gedəndən sonra tutuquşu bülbülün ədası ilə bir "konsert" məclisi düzəltdi. Dəvət olunmuş qonaqlar həmin gün məclisə yığıldılar. Tutuquşu bir uca yerə çıxıb kərahətli66
Kərahətli − iyrənc
[Закрыть] bir səslə qarğa kimi qarıldadı, sağsağan kimi qığıldadı, hətta qurbağa kimi də quruldadı, ancaq bir bülbül kimi oxuya bilmədi. Siçan bunu eşidib dedi:
− Ay tutu dayı! Qabaqlarda pis də olsa, öz ana dilində oxuyurdun, amma indi bülbülün də adını biabır etdin və hər tərəfdən avara qalmısan.
QAN BULAĞI
İyulun isti günlərinin birində dağların arası ilə uzanan əyri-üyrü, eniş-yoxuş yol ilə iki atlı gedirdi. Bunların biri iyirmi yaşında gənc, digəri yetmiş sinninə varmış bir qoca idi. Bu iki şəxsin yaşlarında bu qədər böyük fərq olduğu halda, zahirlərində bir o qədər fərq görünməyirdi. Hər birisinin əynində pişmət, çərkəzi çuxa, belində kəmər, xəncər və qılınc, başında dəri papaq, çiynində qara yapıncı və boynunda ağ baslıq var idi. Qocanın at üstündə əyləşməsi, əzasının hərəkəti, alıcı quş kimi baxışı gəncdən seçilməyirdi. Lakin qocalıq nişanəsi üzünün qırışından və uzun ağ saqqalından görünürdü. Yol getdikcə daralırdı. Dağlardan enib indi qayadöşü incə bir yol ilə gedirdilər. Onun yuxarı tərəfi divar kimi ucalan sıldırım qayalar, alt tərəfi göz qaraldan uçurum dərələr idi. Bu qorxulu yol ilə səfər etmək qeyrilərə namümkün olduğu halda, Dağıstan əhalisinə və onların atlarına adi bir şeydir.
Vaxt günortaya yaxınlaşmışdı. Susuzluqdan hər iki süvari yanırdı. Ələlxüsus susuzluq gəncə artıq təsir eləyirdi. Onun gözləri səbirsiz və iztirab ilə su arayırdı. Bu halda gəncin qulağına su şırıltısı gəldi.
− Baba, muştuluq olsun, irəlidən su səsi gəlir, − deyə cavan atını sürdü.
Qoca təbəssüm ilə ona nəzər salaraq başını yırğaladı. Gənc bulağa çatdıqda gördü ki, suyun rəngi qırmızıya çalır. Buna baxmayaraq susuzluğunu tezcə rəf etmək üçün qurtum su içər-içməz:
− Bu nə cür sudur? − deyə ayağa qalxdı. Bu halda qoca gəlib ona çatdı və gülümsəyərək dedi:
− Susuzluğunu rəf etdinmi, oğlum?
− Xeyr, baba, bu bulağın suyu içməli deyil, zəhər dadı verir, rəngi də qana bənzəyir, − deyə cavab verdi.
− Elədir, oğlum, bu, "Qan bulağı"dır, bunun suyu dəmir ilə qarışmış, bu su qansızlara və bəzi naxoşlara dərmandır…
Cavan sordu:
− Bu "Qan bulağı" adını nədən almış, baba?
− Bir az səbir et, oğlum, bulağın hekayəsini sənə söylərəm. İndi isə ardımca sür, bu yaxında içməli su var, − deyə qoca atını sürdü.
Bir qədər getdikdən sonra gözəl bir bulağa rast gəldilər, atdan endilər. Cavan xurcunundan yemək çıxarıb süfrə salmağa məşğul oldu. Nahardan sonra qoca yapıncısını yerə sərib üstünə uzandı. Cavan onun "Qan bulağı" barəsində verdiyi vədəyə müntəzir, qarşısında əyləşmişdi. Qoca gözlərini yumub bir müddət sükuta getdi. Gənc elə fikir etdi ki, qoca vədəsini unudub yuxuya daldı. Lakin fikri yanlış idi. Bir azdan sonra qoca gözlərini açdı, başlığını büküb dirsəyinin altına qoydu və dərindən bir ah çəkib dedi:
− Ulu Qafqaz, ulu dağlar! Hər bir daşın bir tarixdir. Kimlər gəlib sinəndən keçmədi, çaylarını qızıl qana döndərmədi!..
Oğlum, bu dərə bu torpağı iki yerə təqsim77
Təqsim − bölmə
[Закрыть] edir. Belə rəvayət edirlər ki, qədim zamanda bu dərənin o tərəfində böyük bir qəbilə, başında Misir xan adında bir rəis və bu tərəfində digər bir silsilə Surxay xanın rəisliyi ilə sakin olurmuşlar. İttifaqən bu iki xanın arasında qan davası düşür, bunlar bir-birini tələf etməyə başlayırlar. Bir müddət keçmiş Misir xan və Surxay xan bir də baxıb görürlər ki, cəmi oğlanları və yaxın əqrəbaları bu qan davasında baqi qalır. Lakin hər iki rəis yeni övladlarının dünyaya gəlməsinə müntəzir olur ki, onların köməkliyi ilə düşməndən intiqamını alsın. İttifaqən bunların bir gecədə iki övladı təvəllüd edir. Surxay xanın oğlu, Misir xanın qızı olur. Bu ittifaqdan nə qədər Surxay xan şad olursa, bir o qədər də Misir xan qəmgin və məyus olur. Misir xanın anası oğlunu belə məyus və qəmgin gördükdə deyir:
− Oğlum, qəm etmə, bilirəm səni pərişan edən nədir. Məgər qız tayfası düşməndən intiqam ala bilməz? Onlara da oğlan kimi tərbiyə versən, igidlikdə hər kəsdən geri qalmazlar.
Bunu eşitcək Misir xan yerindən sıçrayıb qalxır və anasını qucaqlayaraq deyir:
− Ana, fikrin çox gözəldir, ancaq de görüm, qızım olmağını kim bilir?
− Məndən və arvadından başqa kimsə bilməyir, − deyə anası cavab verir.
− Çox gözəl, indi mənim qızım olmağını gərək bir adam bilməsin. Sabahdan oğlum olduğunu elan edəcəyəm, sən deyən tərbiyəni də qızıma özüm verəcəyəm, lakin bu sirrin gizli qalması səninlə anasından asılıdır.
− Arxayın ol, oğlum, əmrin yerinə yetər, − deyə anası cavab verdi. On gündən sonra Misir xan qızına Teymur xan namını verir və bu sirr pünhan qalmaq üçün həmin bu müqabilimizdəki qayanın döşündə bir köşk bina edib orada sakin olur.
Teymur xan atasının nəzarəti altında tərbiyə alaraq nağıl olunan köşkdə böyüməyə başlayır. Onun oyun şeyləri tüfəng, xəncər, qılınc və yoldaşları bu qayalar sakini laçın, qaraquş, tərlan kimi yırtıcı quşlar olur. Belə tərbiyə nəticəsi olaraq on yaşında Teymur xan at minmədə, tüfəng atmada, qılınc vurmada igid cavanlardan geri qalmayır. Bunlardan artıq, insanları heyrətə gətirən Teymur xanın vəsfə gəlməyən gözəlliyi olur.
Bu tərəfdən Surxay xanın oğlu Paşa xan Teymur xan kimi igidlikdə və gözəllikdə məşhur olur.
Bu iki uşaq böyüyüb on səkkiz yaşına çatır, bunların igidliyi və gözəlliyi ətraf və əknafa yayılır. Bu vaxta qədər görüşmək bunlara mümkün olmamışdı. İttifaqən bu iki cavan yek-digərinə rast gələrsə, biri və bəlkə də, ikisi də tələf olmaqlarını hiss edirmişlər. Bununla bərabər, görüşmək arzusu hər ikisində gündən-günə qüvvətlənir. Oğlum! Əcdadımızdan bizə irs qalmış qana-qan etmək adətinə qurban olan bu cavanlar axırda bir-biri ilə görüşürlər.
Belə ki, baharın gözəl səhərlərinin birində Teymur xan ov arxasınca, sərhədləri olan bu dərəni aşıb o tərəfə keçir. O zaman Paşa xan da ova çıxmış olur. Bu iki aslan gördüyün "Qan bulağı"nın başında bir-birinə rast gəlir. Bir müddət bir-birinin gözəl camalına heyran olub qalırlar. Paşa xan Teymur xanın fövqəladə gözəlliyinə heyran olur. Teymur xan isə on səkkiz ilin ərzində qadınlığa müğayir yırtıcı, qaniçici quş kimi aldığı tərbiyənin onda qadınlıq hissini hələ puç etmədiyini indi anlayır, eşq odu onun ürəyini yaxıb yandırır, hər zaman igidləri xofa salan gözləri indi Paşa xana xumar-xumar baxıb ondan aman gözləyir. Paşa xan heyrətdən ayılıb Teymur xanın kim olduğunu duyursa da, sorur:
− Sən kimsən?
− Sən özün kimsən?
− Mən bu torpağın sahibi Surxay xanın oğlu Paşa xanam.
− Mən də bu torpağın sahibi Misir xanın övladı Teymur xanam.
Bu sual-cavabdan sonra hər ikisi bir-birinə düşmənçilik nəzəri ilə baxmağa başlayır.
Axırda Paşa xan:
− Camalın çox gözəldir, büna söz yox, görək qılınc vurmağın necədir? – deyə qılıncını çıxarır.
Onun cavabında:
− İndi qılınc vurmağımı da görüb bəyənərsən, − deyə Teymur xan da qılıncını çıxarıb Paşa xanın üstünə hücum edir.
Oğlum, necə ki göy üzündə əvvəl şimşək parlayıb sonra gurultu sədası gələr, elə də bu iki cavanın qılıncı od parladıb bu qayalara səs salır. Xeyli müddət çarpışırlar, lakin bir-birinə zəfər yetirə bilməyirlər. Bu halda günəş dağın dalında tülu edir. Onun zərrələri Teymur xanın gözlərinə ox kimi sancılıb qamaşdırır və bu anda Paşa xan fürsət tapıb qılıncı Teymur xanın sinəsindən vurur. Teymur xan yıxılır. Qan çeşmə kimi sinəsindən axıb baharın təzə-tər otlarını və çiçəklərini boyayır.
Paşa qılıncını atıb Teymur xanın yarasını bağlamaq qəsdi ilə sinəsini açır.
− Aman, yarəb, sən qadın imişsən! – deyə qışqırır və Teymur xanın başını dizi üstə alıb: − Söylə, söylə, gözəlim! O soluq nəfəsinlə mənə lənətini, nifrətini izhar elə, − deyə fəryad edir.
Teymur xan zəif səs ilə cavabında:
− Paşa xan, sənə eşqimi izhar edirəm. Bu çirkin adətə lənət və nifrət! Ah, təbiət nə gözəldir! Paşa, mən gedirəm, əlvida!
− Toxta, bir az toxta, gözəlim, Paşa da səninlə gedir.
Paşa xan xəncərini çıxarıb öz sinəsinə vurur və Teymur xanı ağuşuna alıb deyir:
− İndi qoy mənim də qanım səninkinə qarışsın!
Oğlum, o vaxt bu dağlarda zəlzələ zühur edir və həmin yerdən dağ aralanıb iki növcavanı ağuşuna alır. Bir müddət keçərək gördüyün Qan bulağı qaya arasında cari olur. Rəvayətə görə, həmin bulağın suyu Paşa xan ilə Teymur xanın qanından əmələ gəlmişdir.
ÜMİD ÇIRAĞI
İlk baharın son gecəsi idi. Əlvan çiçəklər və otlar ilə bəzənmiş, buludlara qədər yüksəlmiş dağ başında düşən Ş… şəhərinin əhalisi dərin yuxuya dalmışdı. Yalnız iki balaca otaqdan: yalnız yanında özü kimi balaca bağçalı bir evdən işıq gəlirdi. Pəncərədən çırağın zəif şöləsi bağçaya düşərək oranın zəngin böcək və pərvanələrini öz tərəfinə çəkirdi. Masa başında oturmuş, mütaliəyə məşğul, zəif əndamlı, sarımtıl bənizli, qıvırcıq saçlı bir gənc, çənəsinə dirsəklənərək kitab oxuyur, ara-sıra yorğun qara gözləri biixtiyar qapanaraq rahatlıq edirdi. O zaman uzun, ox kimi kirpikləri çöhrəsinə kölgə salır, başı masa üzərinə əyilir, bir müddət belə mürgüləyirdi, sonra diksinərək başını qaldırır, gözlərini ovxalayır, qalxıb pəncərəni açır, başını dışarıya çıxararaq bağçanın saf havasını dərindən tənəffüs edirdi.
Qaranlıqda qalmış pərvanə və böcəklər pəncərənin açılmağından istifadə edərək otağa soxulur, çırağın ətrafında uçuşurdular. Gecənin dərin sükutu və zülməti gəncin qəlbinə xof buraxır, onu diksindirirdi.
− Bu nə uşaqlıqdır? − deyə gənc pəncərəni qapayır və sonra əvvəlki yerini tutaraq özlərini şöləyə atan pərvanələrə baxır: − Bu heyvancıqlar qaranlığı sevməzlər. Gör necə özlərini oda atırlar? Nə qədər işığa məftun bir məxluq, − deyə söylənirdi. Bu zaman nəzəri masanın üstə durmuş cib saatına sataşır.
− Ah, gecə yarıdan keçmiş, lakin mən hazır deyiləm. Sabah son imtahanlarımı verəcəyəm. Orta təhsilimi bitirmək bugecəki səy və qeyrətimə bağlıdır. Atam yox, mənə yardım edəcək kimsəm yox, öz nicat və səadətim öz əlimdədir. Səy və qeyrət lazımdır. Sabah orta məktəbi bitirib ali məktəbə girəcəyəm. Orada bir neçə il təhsil alıb həkim olacağam, vətənim üçün mənfəətli bir üzv olacağam. Zavallı anamı məişətin bu ağır zəhmət və əziyyətindən xilas edəcəyəm.
Əli ilə o biri otağa işarə edərək:
− Yat, anacığım, rahat ol və gələcək səadətimizə də inan, − deyə yenə də mütaliəyə başlayır.
Gəncin zənni yanlış idi, zavallı qadın bir neçə saat işlədikdən sonra rahat olmaq istədisə də, yata bilmədi. Gözlərini oğlunun qapısına dikərək uzun və dərin fikrə getmişdi. Ağır, qaragünlü məişəti birər-birər gözlərinin önündən gəlib-keçdi.
Budur, on səkkiz yaşında bir qız ikən özü kimi bir zəhmətkeşə arvad oldu. İçərisində yaşadığı evə sahib oldu. Övlad arzusu çəkərək bir gözəl oğula ana oldu.
Ah, nə böyük bir səadət. Lakin rəhmsiz fələk tezliklə bu səadəti yasa döndərdi. Bir il bəxtiyar yaşadıqdan sonra istəkli əri xəstə düşüb vəfat etdi. Onu biryaşlı uşaq ilə sahibsiz qoydu. O gündən bədbəxt ana çalışır, seltək göz yaşları tökür, lakin körpə oğluna baxdıqca ağır məişətini unudur, beşiyini yırğalarkən deyirdi:
− Yat, oğlum, yat, yat, ümid çırağım, yat, cəmi səadətimi, cəmi ömrümü sənin uğrunda sərf etməyə and içirəm.
Qeyrətli ana bu müqəddəs vəzifəsini çox gözəl ifa etdi. Oğlunu böyütdü, oxutdu, bu yaşa yetirdi. İndi təhsilini bitirmək üçün övladı belə çalışır, zəhmət çəkir. Onun incə ana qəlbi sıxılır, övladının əziyyətinə razı olmayır, onun zəhmətlərinə dözə bilməyirdi. Lakin bu zəhməti ona səadət qapısını açacağını da gözəlcə düşünürdü.
Ən artıq sıxılacaq bir şey varsa, o da oğlunun məktəbə getmək məsələsidir ki, bir neçə il bir-birindən ayrı düşəcəklərdi, bu isə ona qeyri-mümkün bir imtahan görünürdü. Yazıq ananın qəlbini hər dəqiqə deşən, onu rahat buraxmayan bir məsələ vardı. O da bir il bundan əqdəm ərinin qohumlarından biri dalaşarkən bir cavanı öldürməsi idi. Düşmənləri qatilin həbsə alınıb sürgün edilməsinə iktifa etmək88
İktifa etmək – kifayətlənmək
[Закрыть] istəməyirdilər. Qana qan etmək fikri bəsləyirdilər. Bu səbəbdən zavallı qadın bu ili daim qorxu içərisində yaşayır, oğlunu gözlərindən iraq buraxmaq istəməyirdi.
Gecə keçər, oğlu yatmaz, ana axır buna səbir etməyib qalxar, şala bürünər, oğlunun otağına girər, övladının başını qucub qıvrıcıq saçlarından öpər.
− Ana, nə üçün durdun?
− Oğul, yata bilmədim. Qəlbimdə bir qorxu, bir iztirab hiss edirəm. Qorxuram sənə düşmən tərəfindən bir xətər toxuna.
− Anacığım, xof və iztirabın əsilsizdir, öz otağımda, gözünün önündə dərs oxuyuram. Mənə nə ola bilər? Mən bir məktəbliyəm, kimsə ilə də düşmənçiliyim yox, arxayın ol, mənə heç bir kimsə tərəfindən xətər toxunmaz, get, ana, rahat ol.
− Bəs sən, oğlum, yatmayacaqsan? Oxuduğun yetər, dur, sən də rahat ol, çırağı söndür.
− Yox, ana, səhəri açsam da, sabahkı imtahanlarımı hazır etməliyəm. Maraq etmə, bir gecəni yatmamaqla mənə heç bir şey olmaz, lakin bir ilimi qayib etmək hər ikimiz üçün fayda verməz. İndi daha mənə mane olma, − deyə gənc kitab oxumağa başlayır, anası da otağına çəkilir.
Bir saat belə keçir. Qəflətən bir tüfəng açılıb dağlara səda salır, dərin sükutu pozur. İkinci bir qadın çığırtısı bu sədaya cavab verir, yatmış qonşuları oyadır.
Gənc tələbə yerə sərilir. Bir saat bundan əqdəm böyük ümidlər bəsləyən gənc, bir qəddar düşmənin, rəhmsiz düşmənin gülləsinə qurban oldu.
Sahibsiz ananın ümid çırağı söndü… Yenə zülmət, yenə dərin sükunət… lakin balaca otaqdan:
− Yox, oğlum, sən ölməmisən, ancaq yatmısan. Yat, ümidim, rahat ol, sabah yenə duracaqsan, imtahanlarını verəcəksən, anacığını bəxtiyar edəcəksən… Həzin, qəlbləri oxşayan oxşama sədası gəlirdi.
Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?