Текст книги "Şauşenkdən qaçış"
Автор книги: Стивен Кинг
Жанр: Современная русская литература, Современная проза
Возрастные ограничения: +16
сообщить о неприемлемом содержимом
Текущая страница: 1 (всего у книги 9 страниц) [доступный отрывок для чтения: 2 страниц]
Stiven Kinq
Şauşenkdən qaçış və ya cazibədar Rita Heyvort
Rass və Florens Doppa ithaf olunur.
I fəsil
Mən lazım olan hər şeyi yerin altından da olsa tapa bilən yaxşı oğlanlardanam. İstisnasız olaraq hər şeyi, lap cəhənnəmin dibindən şeytanın özünü də taparam. Belə oğlanlar Amerikanın istənilən federal həbsxanasında var. Ürəyinizdən xarici siqaret keçir? Buyurun! Oğlunuz, ya qızınızın buraxılış imtahanlarını, yaxud ad gününüzü, Milad bayramını qeyd etmək üçün, bəlkə də, elə-belə, heç bir səbəb olmadan bir şüşə brendi istəyirsiniz? Buyurun!
Mən Şauşenk həbsxanasına iyirmi yaşım yenicə tamam olanda düşmüşəm və bizim gözəl ailəmizin tək-tük üzvlərindənəm ki, tutduğum əmələ görə zərrə qədər də peşman deyiləm. Mən qətl törətmişəm. Əvvəlcə məndən üç yaş böyük olan arvadımın həyatını iri məbləğdə sığortaladım, sonra da onun atasının bizə hədiyyə etdiyi “Şevrole”nin əyləcini sıradan çıxartdım. Hər şeyi dəqiq ölçüb-biçmişdim. Bircə onu düşünməmişdim ki, arvadım yarıyolda dayanıb Kastl Hillə gedən qonşu qadını və onun balaca oğlunu maşınına mindirə bilər. Lazımi anda əyləc tutmayıb və maşın böyük sürət yığaraq avtobusları da vura-vura yoldan çıxıb, təpədən üzüaşağı şığıyıb. Şahidlər sonra iddia edirdilər ki, maşının sürəti saatda səksən kilometrdən az olmayıb və müharibə qəhrəmanlarının şərəfinə ucaldılmış abidənin özülünə çırpılan kimi məşəltək alovlanıb.
Əlbəttə, məni tuta biləcəkləri heç ağlıma da gəlmirdi, amma təəssüf ki, belə oldu. Və budur, mən burdayam. Meyn ştatında ölüm hökmü yoxdur, ancaq prokuror üç dəfə ölümə layiq olduğumu deyib mənə üç ömürlük həbs cəzası istədi. Bu məni amnistiya imkanından məhrum edirdi. Hakim mənim əməlimi “dəhşətli, misli görünməmiş dərəcədə alçaq və iyrənc cinayət” adlandırdı. Bəlkə, bu, həqiqətən belə idi, amma indi artıq hər şey arxada qalıb. Siz “Castle Rock Call” qəzetinin saralmış səhifələrini vərəqləyə bilərsiniz. Orada birinci səhifədə mənə iri başlıqlı yazılar həsr edilib, fotoşəkillərim çap olunub. Amma, vallah, Hitler və Mussolininin törətdiklərinin və prezident Ruzveltin “əlifba hörrəsi” agentliklərinin11
Franklin Ruzveltin (1882–1945) prezidentliyi (1933–1945) dövründə ABŞ-da yaradılan federal agentliklər uzun adlarının baş hərfləri ilə tanınırdılar. Buna görə onlara “Əlifba agentlikləri” deyirdilər. Agentliklərin sayının həddən çox olması idarəçilikdə qarışıqlıq törədirdi və “əlifba hörrəsi” ifadəsi də buna işarə olaraq meydana gəlmişdi.
[Закрыть] vurduğu ziyanın yanında bu, uşaq əyləncəsinə bənzəyir.
Soruşa bilərsiniz ki, mən günahımı yumuşammı? Özümə bəraət qazandırmışammı? Düzü, bu sözlərin tam mənasını anlamıram və həbsxana, yaxud koloniyada günahı necə yumaq mümkün olduğunu da bilmirəm. Məncə, bu, siyasətbazların söz oyunudur. Bəlkə, mənim azadlığa çıxmaq ehtimalım olsaydı, həmin sözlərin bir mənası olardı. Ancaq bu, gələcəyin işidir. Gələcək isə elə bir şeydir ki, məhbuslar onun barəsində düşünməyi özlərinə qadağan edirlər. Başqa bir neçə belə şey də var.
Mən cavan və yaraşıqlı, özüm də kasıb məhəllədən idim. Karbin-stritdəki ən dəbdəbəli evlərdən birində yaşayan gözəl və ağıllı bir qızı “ovlamışdım”. Qızın atası bircə şərtlə evlənməyimizə razı idi: gərək mən onun sahibi olduğu optika şirkətində işləyə və qocanın yolunu davam etdirəydim. Əslində isə qızın atasının məqsədi məni daim nəzarətdə saxlamaq idi – yaxşı təlim keçməmiş və hər an yiyəsini dişləyə biləcək vəhşi kimi. Bütün bunlar məndə elə böyük ikrah hissi oyadırdı ki, axırda törətdiyimə görə indi peşmanlıq çəkmədiyim işi gördüm. Ola bilsin, hər şeyi yenidən təkrar yaşamaq imkanım olsa idi, ayrı cür hərəkət edərdim. Ancaq bunun mənim “günahımı yumağım” və “günahımı dərk etməyim” anlamına gəldiyinə əmin deyiləm.
Nə isə, məqsədim özüm yox, Endi Düfresn adlı bir oğlan haqqında danışmaq idi. Amma onun haqqında danışmazdan qabaq gərək özüm barədə bəzi şeylərə aydınlıq gətirim. Bu, vaxtımızı çox almayacaq.
Dediyim kimi, mən Şauşenkdə bu lənətə gəlmiş qırx il ərzində ürəyiniz istəyən hər şeyi tapa bilən adamam. Söhbət təkcə anaşa, yaxud əla növ siqaret kimi qaçaqmallardan getmir, hərçənd onlar sifariş verilənlərin siyahısında birinci sırada durur. Mən vaxtını burada keçirən adamlar üçün minlərlə növ başqa mallar da tapıram, özü də sifarişlərin çoxunda qeyri-qanuni heç nə yoxdur. Onlar hər yerdə açıq satılır, sadəcə, cəzaçəkmə müəssisəsində onları tapmaq çox çətindir. Olduqca qəribə bir məhbus var idi. O, balaca bir qızı zorlamışdı, xeyli başqa uşağa da bədənini, cinsi orqanlarını açıb göstərmişdi. Mən onun üçün çəhrayı Vermont mərmərinin üç balaca parçasını tapdım. O da üç kiçik, gözəl heykəlcik düzəltdi: balaca oğlan uşağı, təxminən on iki yaşında oğlan uşağı və saqqallı cavan oğlan. Əsərlərinin adını belə qoydu: “İsanın üç yaş mərhələsi”. Hal-hazırda bu heykəlciklər ştatın qubernatorunun qonaq otağını bəzəyir.
Bu ad isə, əgər şimalda yaşamısınızsa, sizə yaxşı tanış olmalıdır – Robert Alan Kout. O, 1951-ci ildə Birinci Dövlət Bankını yarmağa cəhd etmişdi. Onun bu cəhdi qanlı qırğına səbəb olmuşdu, nəticədə altı adam ölmüşdü. İkisi quldur dəstəsinin üzvü, üçü bankın müştərisi, biri isə burnunu lazım olmayan vaxt bankın qapısından içəri soxduğu üçün alnına güllə çaxılmış polis idi. Koutun penni22
Penni – ingilis funt-sterlinqinin yüzdə birinə bərabər pul vahidi
[Закрыть] kolleksiyası vardı. Ona kolleksiyasını həbsxanada saxlamağı qadağan etmişdilər. Amma mən Koutun anasının və sürücü işləyən bir yaxşı oğlanın köməyi ilə – həmin oğlan bizim camaşırxanamıza xidmət göstərirdi – ona yardım edə bildim. Mən ona dedim:
– Bobbi, əgər sən pul kolleksiyanı oğru və fırıldaqçılarla dolu olan bizim bu daş çuvalda saxlayırsansa, deməli, ağlını itiribsən.
O, üzümə baxıb gülümsündü və dedi ki, malını necə saxlamaq lazım olduğunu bilir:
– Narahat olma, hər şey salamat qalacaq.
Elə də oldu. Bobbi 1967-ci ildə öldü, amma həbsxana rəhbərliyi onun kolleksiyasını aşkar etmədi.
Mən müqəddəs Valentin günü “xalq” üçün şokolad tapıb gətizdirmişdim. Melley adlı tamam başdanxarab bir irlandiyalı üçün “Makdonalds”da verilən südlü kokteyllər əldə etməyi bacarmışdım. Hətta pul “atışıb” seansın haqqını ödəyən iyirmi kişi üçün “İri ağız” və “İblis miss Consun içindədir” filmlərinin gecə nümayişini təşkil etmişdim. Düzdür, bundan sonra təxminən bir həftə təkadamlıq kamerada istirahət edəsi oldum. Amma eybi yoxdur. Necə deyərlər, könlü balıq istəyənin quyruğu suda gərək. Mən siyasət və seks mövzularında kitablar tapırdım. Ömürlük və ya uzun müddətə azadlıqdan məhrum edilənlər dəfələrlə məndən arvadlarının, yaxud tanış qadınlarının alt paltarlarını tapmağı xahiş etmişdilər. Sonra onların gecələr yatmayıb nə ilə məşğul olduqlarını, yəqin ki, özünüz anlayırsınız. Mən bütün bunları quru “çox sağ ol” qarşılığında etmirəm, hərdən qiymət çox baha olur. Ancaq mən təkcə pul xatirinə özümə əziyyət verməzdim. Burada pul nə deməkdir? Mən özümə “Kadillak” ala, yaxud Yamaykaya istirahətə gedə bilmərəm. Bəs mən bunları nə üçün, nəyə görə edirəm? Yaxşı qəssab nə üçün sizin evinizə həmişə təzə ət göndərməyə çalışır? Bax elə ona görə. Səbəb eynidir. Mən özümə ad qazanmışam və onu qoruyub saxlamağa çalışıram. Mən yalnız ikicə şeylə məşğul olmuram: silah və güclü narkotiklərlə. Mən heç kimə özünü, yaxud özünə oxşarını öldürməkdə kömək etmək istəmirəm. Həyatımda kifayət qədər qətl olub, doymuşam.
Bəli, mən işgüzar adamam. Endi Düfresn də 1949-cu ildə mənə yaxınlaşıb soruşanda ki Rita Heyvortu33
Rita Heyvort (ing. Rita Hayworth, 1918–1987) – Amerika kino aktrisası və rəqqasəsi, 1940-cı illərdə ən məşhur Hollivud ulduzlarından biri
[Закрыть] tapmaq mümkündürmü, mən cavab verdim: “Heç bir problem yoxdur!”. Həqiqətən də belə idi.
II fəsil
Endi 1948-ci ildə Şauşenkə düşəndə onun 30 yaşı var idi. O, qum rəngli saçları və ensiz balaca ovucları olan bəstəboy, cazibədar bir adam idi. Qızıl sağanaqlı eynək taxırdı. Dırnaqları həmişə səliqə ilə kəsilmiş və tərtəmiz olurdu. Mənim kişi haqqında belə şeyləri xatırlamağım gülməli görünə bilər. Ancaq onun dırnaqları məndə çox güclü təəssürat yaratdı və Endi gözümdə qalxdı. O, həmişə elə gəzirdi ki, sanki əynində smokinq, boynunda qalstuk var. Həbsxanaya düşənə qədər Portlenddə iri bir bankın vitse-prezidenti vəzifəsində çalışırmış. Razılaşın ki, belə cavan adam üçün pis vəzifə deyilmiş. Ələlxüsus bankların əksəriyyətinin necə mühafizəkar olduğunu nəzərə alsaq, heç pis deyilmiş. Üstəlik, əgər siz Yeni İngiltərədə yaşayırsınızsa, bu mühafizəkarlıq qat-qat artır. Çünki oranın insanları pullarını yalnız yaşlı, dazlaşmış, elə günü sabah ölə biləcək adamlara etibar edirlər. Endi arvadını və onun məşuqunu öldürdüyünə görə məhkum olunmuşdu.
Gərək ki, həbsxanada hər kəsin özünü günahsız hesab etdiyini demişdim. Burada olanların hamısı – şəraitin, bəxtsizliyin, səriştəsiz müstəntiqlərin, insafsız prokurorların, nə bilim, kütbeyin polislərin və s.-nin qurbanlarıdır. Mənə elə gəlir ki, buradakıların əksəriyyəti üçüncü növ adamlardır və onların ən böyük “bəxtsizliyi” analarının hamilə qaldıqları dövrdə uşağı saldırmamalarıdır.
Şauşenkdə keçirdiyim uzun illər ərzində cəmi on nəfərə qədər adamın günahkar olmadığına inandım. Endi Düfresn onlardan biri idi. Hərçənd Endiyə də tanış olduğumuz gündən illər sonra inandım. Əgər mən 1947-ci ildə Portlend məhkəməsində onun işinə baxan kollegiyanın üzvü olsa idim, çətin ki bu oğlanın tərəfini tutardım.
Sözün düzü, olduqca adi əhvalatdır. Bu cür qalmaqalların bütün ənənəvi elementləri öz yerindədir: cəmiyyətdə yaxşı tanınan qəşəng qadınla cavan idmançının meyiti bir yerdə tapılır, gələcəyi parlaq hansısa biznesmen isə müttəhimlər kürsüsündə əyləşdirilir. Və təbii ki, məhkəmə prosesi davam edən müddətdə qəzetlər qalmaqalı səngiməyə qoymur. Düfresnin açıq keçirilən prosesi çox uzun çəkir. Dairə prokuroru mərkəzi orqanlara müraciət etmək istəyir. Çalışır ki, Con K.Pablik44
Con Kyu Pablik – orta amerikalının ləqəbi
[Закрыть] bu işə diqqət yetirsin. Həmin günlər havaların çox soyuq keçməsinə baxmayaraq tamaşaçılar ağzına qədər dolan zalda özlərinə yer tapmaq üçün səhər saat dörddən yığışmağa başlayırmışlar. Maraq göstərənləri hətta şaxta da qorxutmurmuş. Faktlar isə belə imiş: Endinin Linda Kollinz Düfresn adlı arvadı 1947-ci ilin iyun ayında “Falmauz Hills Kauntri” klubunda qolf oynamağı öyrənmək qərarına gəlir. O, həqiqətən, dörd ay ərzində klubda dərs alır. Təlimatçı isə «Falmauz Hills»də işləyən Qlen Kventin adlı bir məşqçi olur. 1947-ci ilin avqustunda Endi arvadı ilə Kventinin sevişdiklərindən xəbər tutur. 1947-ci ilin sentyabr ayının 10-da Endi və Linda möhkəm dalaşırlar. Davaya səbəb qadının ərinə xəyanət etməsi olur.
Endi məhkəmədə bildirib ki, həmin gün arvadı onun hər şeydən xəbər tutmasından sevindiyini boynuna alıb. Deyib ki, yalan danışmaqdan, kələk gəlməkdən bezib, çünki həyatda ən çox bundan xoşu gəlmir. O, Endiyə boşanmağı təklif edib. Endi də cavabında deyib ki, səni boşanma prosesində yox, cəhənnəmdə görmək ehtimalı daha böyükdür. Arvadı üzünü çevirib və gecəni Kventinlə keçirmək üçün onun qolf klubu yaxınlığında kirələdiyi evə yollanıb. Səhər evə gələn qulluqçu ikisini də çarpayıda ölmüş vəziyyətdə tapıb. Hərəsinin bədənində dörd güllə yarası var imiş.
Məhkəməni Endiyə qarşı kökləyən ən çox bu fakt olub. Dairə prokuroru da son sözünü söyləyən zaman səsi titrəyə-titrəyə, böyük ruh yüksəkliyi ilə məsələnin məhz bu tərəfini qabardıb. Prokuror bəyan edib ki, Endi Düfresn təkcə sədaqətsiz arvadından qisas alan qəzəblənmiş ər deyil.
– Qarşımızda oturan qəddar yırtıcı, soyuqqanlı canidir, – deyə prokuror səsini yüksəldib. – Fikir verin: DÖRD və DÖRD! Altı yox, məhz səkkiz dəfə atəş açıb! O, bütün darağı boşaldıb, sonra sakitcə dayanıb, silahı yenidən doldurub və yenidən hər birinə atəş açıb.
Təbii ki, bu çıxış mətbuatın əsas mövzusuna çevrilib. Qəzetlər gurultulu başlıqlarla çıxıb: “Soyuqqanlı cani”, “Günahsız cütlüyə atılan səkkiz güllə” və sair bu kimi bayağı sözlər.
Levistondakı “Vays Pavnşop” silah dükanında işləyən satıcı cinayətdən iki gün qabaq mister Düfresnə 38 çaplı altıaçılan tapança satdığını bildirib. Klubun barmeni isə şahid qismində söyləyib ki, Endi sentyabrın 10-da axşam saat yeddidə bara gələrək sodalı susuz üç viski sifariş verib və bunu iyirmi dəqiqə ərzində içib. Viskinin pulunu ödəyəndə deyib ki, Qlen Kventinin yanına gedir və bundan sonra nə baş verəcəyini barmen səhər qəzetlərində oxuya bilər. Kventinin evindən bir mil aralıda yerləşən mağazanın satıcısı isə məlumat verib ki, Düfresn həmin axşam saat doqquza on beş dəqiqə işləmiş onun yanına gəlib, siqaret, üç şüşə pivə və bir neçə qalın salfet kağızı alıb. Məhkəmə-tibb ekspertinin rəyinə görə, Kventin və Linda Düfresn sentyabr ayının 10-u saat 23:00-la sentyabr ayının 11-i saat 02:00 arasında öldürülüb. İşin istintaqını aparan müstəntiq Kventinin qaldığı evdən yetmiş yard aralıda, küçənin tinində tapdığı maddi dəlilləri məhkəməyə təqdim edib. Bu dəlillər üstündə müttəhimin barmaq izləri olan iki boş İsveçrə pivəsi şüşəsindən, müttəhimin dükandan aldığı siqaretlərin iyirmiyə qədər kötüyündən, həmçinin onun 1947-ci ildə istehsal edilmiş “Plimut” maşınının təkər izlərini eynilə təkrar edən və tökmə üsulu ilə hazırlanmış plastik zolaqdan ibarət olub.
Evin yataq otağında dörd salfet kağızı tapılıb. Onlar güllə ilə deşilibmiş və qana bulaşıbmış. Müstəntiq bu qənaətə gilib ki, cani atəş səsini nisbətən boğmaq üçün tapançanın lüləsinə salfet dolayıbmış.
Söz alan Endi Düfresn baş verən hadisə barədə sakit, soyuqqanlı tərzdə, hər sözünü ölçüb-biçərək danışıb. Söyləyib ki, haradasa iyul ayının axırlarından etibarən qulağına şayiələr çatmağa başlayıb. Avqustun əvvəlində qeyri-müəyyənlikdən təngə gəldiyi üçün hər şeyi özü yoxlamağa qərar verib. Bir axşam Linda qolf məşqindən sonra Portlendə, guya alış-verişə yollanacağını deyib. Endi onu və Kventini sonuncunun kirayə etdiyi evə qədər güdüb (qəzetlər bura “Məhəbbət yuvası” adı vermişdi). Endi maşını döngədə saxlayıb və Kventin Lindanı öz avtomobili ilə kluba aparana qədər gözləyib. Qadın maşınını orada qoyubmuş.
– Siz demək istəyirsiniz ki, arvadınızı özünüzün yeni “Plimut”unuzda təqib etmisiniz? ‒ prokuror soruşub.
‒ Mən həmin axşam dostumla maşınımı dəyişdirmişdim, ‒ Endi cavab verib.
Onun öz hərəkətlərini belə soyuqqanlılıqla planlaşdırması hakim və andlı iclasçıların Endiyə olan mənfi münasibətini bir az da dərinləşdirib.
Endi dostunun maşınını qaytarıb özününkünü götürəndən sonra evə dönüb. Linda çarpayıda uzanıb kitab oxuyurmuş. Endi ondan Portlendə səfərinin necə keçdiyi barədə soruşub. Qadın cavab verib ki, hər şey çox gözəl olub, amma almağa bir şey seçə bilməyib. O vaxdan Endidə öz şübhələrində haqlı olduğuna əminlik yaranıb. O bunları olduqca sakit tərzdə, ifadə verdiyi müddət ərzində bir dəfə olsun kəsilməyən, ucalmayan, dəyişməyən asta, axıcı səslə danışıb.
‒ Həmin vaxtdan başlayaraq arvadınız qətlə yetirilən gecəyə qədər sizin psixoloji durumunuz necə olub? ‒ müdafiəçi soruşub.
‒ Mən dərin depressiya içində idim, ‒ Endi sakitcə cavab verib. O özünü öldürmək qərarına gəldiyi və hətta bu məqsədlə sentyabrın 8-də Levistondan tapança aldığı barədə danışıb. Özü də bunları eyni yeknəsəqliklə, restoranda rahat oturub menyunu oxuyan bir adam kimi, heç bir həyəcan keçirmədən söyləyib.
Müdafiəçi ona təklif edib ki, cinayət baş verən gecə, yəni Linda məşqçisi Qlen Kventinlə görüşə yollandıqdan sonra nələrin baş verdiyini andlılara desin. Endi bunları da danışıb və andlılarda özünə qarşı təsəvvürünüzə gətirə bilməyəcəyiniz dərəcədə pis fikir yaradıb.
Mən Endini otuz il ərzində çox yaxından tanımışam və deyə bilərəm ki, həyatımda onun qədər iradəli adama rast gəlməmişəm. Əgər kefi yerindədirsə, hərdən özü barədə bəzi xırda-para şeylər danışa bilər. Yox, qanı nəyə görəsə qaradırsa, heç nə öyrənə bilməyəcəksiniz. Bəlkə də, Endi nə vaxtsa, bir yazıçının dediyi kimi, “qəlbinin qara gecəsi”ni yaşayıb, amma bu barədə o heç vaxt və heç kimə danışmayacaq. Endi o adamlardandır ki, intihar etmək qərarına gələndə vay-şivən salmırlar, vida mərasimi təşkil etmirlər, heç kimə ürəkdağlayan məktublar yazmırlar. Əvəzində kağız-kuğuzlarını səliqəyə salırlar, bütün borclarını ödəyirlər, sonra isə düşündüklərini sakitcə və qətiyyətlə həyata keçirirlər. Məhkəmədə onun işini dolaşdıran da elə bu soyuqqanlılığı olmuşdu. Kaş ki o, azca da olsa, hislərini büruzə verə biləydi; məsələn, əgər Endi danışanda səsi titrəsəydi, birdən hönkürtüylə ağlasaydı, ya da, heç olmasa, dairə prokurorunun üstünə bağırsaydı, sizi inandırıram, bu onun xeyrinə olardı. Heç şübhə etmirəm ki, onu, məsələn, 1954-cü ildə əfv edərdilər. Ancaq o, bütün əhvalatı maşın kimi, hissiyyatsız avtomat kimi danışıb. Sanki andlı iclasçılara deyib:
– Mənim söyləyəcəyim həqiqət budur. Onu qəbul edib-etməmək isə sizin işinizdir.
Andlılar da qəbul etməyiblər.
Endi həmin gecə sərxoş olduğunu, ümumiyyətlə, avqust ayının 24-dən bəri çox içdiyini, bəzən özü üzərində nəzarəti itirdiyini söyləyib. Andlıları buna da inandırmaq çətin olub. Çünki qarşılarında əynində gözəl yun dəst kostyum, boğazında qalstuk olan, özünü əldə saxlamağı bacaran, soyuq və sakit baxışlı bir adam görüblər. Əlbəttə, arvadının əyalət məşqçisi ilə yaşadığı xırda eşq macərasına görə belə bir adamın içib lülqənbər olmasına inanmaq çətin idi. Mənim buna inanmağıma səbəb Endini yaxından tanımaq imkanımın olmasıdır. O andlıların isə belə imkanı yox idi.
Bizim tanış olduğumuz müddət ərzində Endi Düfresn ildə cəmi dörd dəfə spirtli içki sifariş verirdi. O, ad gününə, sonra isə Milad bayramına bir-iki həftə qalmış gəzinti üçün nəzərdə tutulan həyətdə mənə yaxınlaşırdı. Hər dəfə bir şüşə “Cek Deniels” sifariş verirdi. Məhbusların əksəriyyəti kimi o da ürəyindən keçəni həbsxanada qul təki işləməyinin qarşılığında verilən qəpik-quruşa alırdı. 1965-ci ildən əməyimizin dəyəri iyirmi beş faiz artırılsa da, gülünc dərəcədə az idi. Mənim əməyim sifariş edilən malın dəyərinin on faizi qədər qiymətləndirilirdi. Bunu “Blək Cek” kimi yüksəkkeyfiyyətli viskinin qiymətinə əlavə etsəniz, həmin içkidən ildə dörd şüşə almaq üçün həbsxana camaşırxanasında neçə saat qul kimi işləmək lazım olduğunu təsəvvürünüzə gətirə bilərsiniz.
Sentyabrın 20-də, öz ad günündə səhər Endi bir az viski içdi, axşam “yatmaq” siqnalından sonra isə içməyinə davam etdi. Səhərisi şüşəni içində qalanla birlikdə mənə verib dedi ki, öz uşaqlarımız arasında bölüm. Milad bayramında içdiyini də, Yeni il üçün sifariş etdiyini də, o biri – dördüncü şüşəni də yarıdolu mənə qaytarıb eyni təlimatı verdi. İldə dörd dəfə. Bu, əvvəllər dayanmadan vuran və içkili vəziyyətdə çox pis bir işə düşən həmin adam idi! Endinin başına gələn isə, həqiqətən, olduqca pis iş idi.
Endi andlılara bildirib ki, sentyabrın 10-dan 11-nə keçən gecə çox sərxoş olub və baş verənləri qırıq-qırıq xatırlayır. O, hələ səhərdən, Linda ilə dalaşmamışdan qabaq içməyə başlayıb. Arvadı Kventinlə görüşə yollananda ona mane olmaq qərarına gəlib. Yolüstü bir-iki qədəh gillətmək üçün kluba girib. Barın sahibinə səhər qəzetləri barədə nəsə dediyini, ümumiyyətlə, onunla söhbət edib-etmədiyini xatırlamır. Mağazada isə salfet yox, pivə aldığını xatırlayır.
– Axı salfet mənim nəyimə lazım idi? ‒ Endi sual verib.
Qəzetlərdən birində bu vaxt andlılardan üç xanımın diksindiyi yazılmışdı.
Sonralar, çox-çox sonralar Endi bu lənətə gəlmiş salfet kağızları barədə danışan satıcı haqda öz mülahizələrini mənimlə bölüşdü. Mənə də elə gəlir ki, hər şey məhz belə olmuşdu.
– İttihamçının konsepsiyasına əsaslanaraq fərz edək ki, ‒ Endi həbsxana həyətində gəzişəndə deyirdi, ‒ onlar gecə mənə pivə satan oğlanı öz sualları ilə bezdiriblər. Onun məni gördüyü vaxtdan üç gün keçib. Bütün qəzetlərin birinci səhifələri mənim işimə həsr olunub, hamı ancaq bu barədə danışır. Beş-altı polis isə, üstəgəl müstəntiq, üstəgəl prokuror yazığın üstünə düşüblər. Red, yaddaş çox namərd bir şeydir. Onlar belə bir sualdan başlaya bilərdilər: “Bəlkə, müttəhim sizdən salfet alıb?” Sonra isə eyni sualı dönə-dönə təkrar edə bilərdilər. Əgər bir xeyli adam sənin nəyisə yadına salmağını istəyirsə, çox güman ki, əvvəl-axır “yadına” salacaqsan.
Mən Endi ilə razılaşıb dedim ki, belə hal tamamilə mümkündür. Endi davam etdi:
– Şüura güclü təsir edən bir şey də var. Məhz buna görə mən belə düşünürəm ki, satıcı dediklərinin həqiqət olduğuna özünü inandırıb. Söhbət şöhrətdən gedir, Red. Təsəvvürünə gətir ki, müxbirlər bu cavan oğlana suallar verirlər, bütün qəzetlərdə onun şəkilləri çıxır… və nəhayət, o, məhkəmədə çıxış edir. Düşünürəm ki, o, “yalan detektoru”ndan keçirilsəydi, əgər keçirilməyibsə, yaxud anasının canına and içməli olsaydı, əgər içməyibsə, yenə belə deyərdi. Təsdiq edərdi ki, mən həmin salfet kağızlarını almışam. Həqiqətən də… yaddaş yaman namərd şeydir. Bircə şeyi bilirəm: mənim vəkilim söylədiklərimin yarısını uydurduğumu düşünsə də, salfet məsələsini fikirləşmədən inkar edirdi. Həqiqətən də, bu məsələdə bir uyğunsuzluq yaratmışdılar. Mən lülqənbər kefli idim. O dərəcə sərxoş idim ki, atəş səsini boğmaq barədə düşünə bilməzdim. Əgər mən atəş açmışdımsa, artıq heç nə barədə düşünməzdim, – Endi belə deyirdi.
O, maşını döngədə saxlayıb pivə içir, siqaret çəkir və gözləyirmiş. Kventinin mənzilinin pəncərələrindən süzülən işığa baxırmış. Pillələrlə bir qaraltının yuxarı qalxdığını, sonra aşağı düşdüyünü görüb. Və qaranlıq çöküb. Endi deyirdi ki, sonra baş verənləri yalnız təxmin edə bilər.
‒ Mister Düfresn, sonra siz mister Kventinin evinin pilləkəni ilə onu və arvadınızı öldürmək üçün qalxmadınızmı? ‒ müdafiəçi soruşub.
‒ Yox, belə şey olmayıb, ‒ Endi cavab verib. O haradasa gecəyarısına yaxın ayılmağa başladığını söyləyib. Dəhşətli başağrısı və bərk sərxoşluqdan sonra yaranan bütün əlamətləri hiss etməyə başlayıb. Evə gedib yatmağı və bütün işləri barədə səhər, ayıqbaşına fikirləşməyi qərara alıb.
‒ Evə gedən zaman yolda ağlıma gəldi ki, yaxşısı budur, özümə əzab verməyim və arvadımla boşanmağa razılaşım, ‒ Endi sözünü yekunlaşdırıb.
Prokuror yerindən hoppandı:
‒ Deməli, belə. Arvadınızla boşanmaq üçün yaxşı yol seçmisiniz, elə deyilmi? Siz onunla lüləsinə salfet doladığınız otuz səkkiz çaplı tapançanın köməyi ilə ayrılmısınız, düzdür?
‒ Xeyr, ser, belə şey olmayıb, ‒ Endi sakitcə cavab verib.
‒ Sonra da onun sevgilisini güllələmisiniz.
‒ Xeyr, ser.
‒ Demək istəyirsiniz ki, birinci Kventin payını alıb?
‒ Mən demək istəyirəm ki, onlardan heç birinə əsla güllə atmamışam. Mən iki şüşə pivə içmişəm və polisin kötüklərini tapdığı bütün o siqaretləri çəkmişəm. Sonra evə gedib yıxılıb yatmışam.
‒ Siz andlı iclasçılara dediniz ki, avqustun 24-dən sentyabrın 10-a kimi özünüzü öldürmək istəmisiniz?
‒ Bəli, ser.
‒ Hətta bunun üçün tapança da almısınız.
‒ Bəli.
‒ Mister Düfresn, cizə desəm ki, məndə heç də özünü öldürmək istəyən adam təəssüratı yaratmırsınız, buna necə baxarsınız?
‒ Nə olar ki, ‒ Endi cavab verib. ‒ Sizsə məndə kifayət qədər ağıllı və uzaqgörən adam təəssüratı yaratmırsınız. Mən, həqiqətən, özümü öldürmək həddinə çatmışdım, sizin bu barədə nə düşündüyünüz isə öz işinizdir.
Zalda yüngülcə səs-küy qalxıb. Andlı iclasçılar öz aralarında pıçıldaşıblar.
‒ Həmin o sentyabr axşamı tapançanızı özünüzlə götürmüşdünüz?
‒ Xeyr, axı mən demişdim…
‒ Hə, doğrudan da! ‒ prokuror kinayə ilə güldü. ‒ Siz onu çaya atmışdınız, elə deyilmi? Royal Riverə. Sentyabrın 9-da, səhər.
‒ Bəli, ser.
‒ Qətldən bir gün əvvəl.
‒ Bəli, ser.
‒ İnandırıcıdır, elə deyil?
‒ İnandırıcı olub-olmadığını bilmirəm, ser. Bu, həqiqətdir, vəssalam.
‒ Deyəsən, siz leytenant Minçerin ifadəsini eşitmisiniz?
Minçer çayın Pond Roud körpüsünə yaxın ətraf ərazisini yoxlamış qrupun rəhbəri idi. Endi tapançanı çaya həmin körpüdən atmışdı. Suyun dibində aparılan axtarışlar nəticə verməmişdi.
‒ Bəli, ser. Eşitmişəm.
‒ Onların üç gün apardıqları axtarışlar nəticəsində heç nə tapmadıqlarını eşitmisiniz? Axı, deyəsən, bu da inandırıcı səslənir.
‒ Ola bilər. Onların heç nə tapmadıqları faktdır, ‒ Endi sakit tərzdə cavab verib. ‒ Ancaq mən nəzərinizə çatdırmaq istərdim ki, Pond Roud körpüsü çayın Yarmut körfəzinə töküldüyü yerə çox yaxın yerləşir. Orada axın olduqca güclüdür və tapançanı körfəzə apara bilərdi.
‒ Və əlbəttə ki, arvadınızla mister Kventinin qanlı bədənlərindən çıxarılan güllələrlə sizin tapançanızın heç bir əlaqəsi yoxdur. Bu belədir, mister Düfresn?
‒ Bəli, ser.
‒ Bu, inandırıcı görünməlidir?
Qəzetlərin yazdığı kimi, bu vaxt Endinin bütün məhkəmə prosesi boyu yol verdiyi nadir emosional reaksiyalardan birini izləmək olardı. Onun dodaqlarından güclə sezilə biləcək istehzalı gülüş keçib.
‒ Ser, mən bu cinayətdə təqsirli olmadığım və tapançanı qətldən bir gün əvvəl çaya atdığım haqda dediklərim həqiqət olduğu üçün onun indiyə qədər tapılmamağında təəccüblü heç nə yoxdur.
Prokuror iki gün ərzində Endini sıxma-boğmaya salmışdı. O elə hey satıcının salfet barədə verdiyi ifadələri oxuyub dururdu. Endi bu salfetləri aldığını xatırlamadığını, eyni zamanda onları almadığına and da içə bilməyəcəyini söyləyirdi.
1947-ci ilin əvvəllərində Endi və Linda Düfresnlərin həyatlarını iri məbləğə sığortaladıqları düzdürmü? Bəli, elədir. Elə isə arvadının qətlindən sonra Endinin əlli min dollar almalı olduğu doğrudurmu? Doğrudur. Belə olan halda onun sevgililəri öldürmək məqsədilə Kventinin evinə gedib, həqiqətən də, hər ikisini öldürməsi doğrudurmu? Xeyr, bu, doğru deyil. Onda Endi baş vermiş hadisə barədə, polisin heç bir qarət izi aşkar etməməsini nəzərə alsaq, nə düşünür?
‒ Mən bunu deyə bilmərəm, ser, ‒ Endi cavab verib.
Məhkəmə gündüz saat birdə məşvərət üçün zalı tərk edib. Andlı iclasçılar dördün yarısı qayıdıblar. Pristav onların tez qayıdacaqlarını desə də, andlılar dövlət hesabına “Bentli” restoranında açılan gözəl nahar süfrəsinə qatıldıqlarından gecikiblər. Onlar mister Düfresni günahkar elan ediblər və əgər Meyndə ölüm hökmü olsaydı, Endi bu ecazkar dünyanı hələ ilk novruzgülləri açmamış tərk edərdi.
Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?