Электронная библиотека » Владислав Шпильман » » онлайн чтение - страница 3

Текст книги "Pianoçu"


  • Текст добавлен: 19 декабря 2022, 09:01


Автор книги: Владислав Шпильман


Жанр: Современная русская литература, Современная проза


Возрастные ограничения: +16

сообщить о неприемлемом содержимом

Текущая страница: 3 (всего у книги 11 страниц) [доступный отрывок для чтения: 3 страниц]

Шрифт:
- 100% +

GETTO

O il payız uzandı, hərçənd noyabrın sonlarına doğru günəş daha gec-gec boylanmağa başladı, soyuq leysan yağış tökdü – belə günlərin birində ölüm ilk dəfə lap yanımızdan ötüb-keçdi. Bir axşam atam və Henriklə tanışlarımızın evində başımız söhbətə qarışdı, mən birdən saata baxanda dəhşət içində anladım ki, komendant saatına lap az qalıb. Təcili getmək lazım idi. Düzdür, evə onsuz da vaxtında çata bilməyəcəkdik, amma axı azacıq gecikəsi olsaq, böyük günah işlətməyəcəkdik ki. Odur ki risk etmək qərarına gəldik.

Paltolarımızı geyinib tələsik sağollaşdıq və küçəyə qaçdıq. Qaranlıq küçə bomboş idi. Yağış üzümüzə vururdu, şiddətli külək metal lövhələri əsdirirdi, hər yerdən gurultu səsi gəlirdi. Biz yaxalıqlarımızı yuxarı qaldırıb evlərin divarlarına sığına-sığına, mümkün qədər səssiz və tez-tez getməyə çalışırdıq. Döngədə jandarm patrul dəstəsi görünəndə artıq Zelnaya küçəsində idik, evə, demək olar, yaxınlaşmışdıq. Geri dönmək və ya gizlənməyin adı yox idi. Gözlərimizi qamaşdıran fənərlərin işığında eləcə dayanıb qaldıq, jandarmlardan biri üzümüzü rahat görə bilməsi üçün yaxına gəldi.

– Yəhudisiniz?

Sual daha çox ritorik idi, çünki o cavab gözləmirdi:

– Hə…

Onun səsində hədə və rişxəndlə yanaşı, təntənə də vardı – axı əlinə əla fürsət düşmüşdü. Onların nə edəcəyinin fərqinə varmağa macal tapmamış bizi üzü divara dirədilər, sonra bir neçə addım geri çəkilib avtomatlarının çaxmağını çəkdilər. Deməli, ölüm bu cür olurmuş, bizim ölümümüz… Onu artıq bir neçə saniyədən sonra qarşılayacağıq. Sonra kəllələri dağılmış şəkildə, qan gölü içində səhərəcən uzanıb qalacağıq, ta ki anamla bacılarım hadisədən xəbər tutub bura qaçıb gələcəklər. Tanışlarımız bizi gec saatda buraxdıqları üçün özlərini yeyib bitirəcəklər. Beynimdən bax bu cür fikirlər gəlib-keçdi, amma mən yenə də sanki nə baş verdiyini dərk etmirdim. Kiminsə pıçıldadığını eşitdim:

– Bu sondur!

Yalnız bir an sonra anladım ki, bu mənim öz səsimdir. Kimsə hündürdən ağlayırdı. Mən başımı çevirib fənər işığında yaş asfaltda dizi üstə dayanmış atamı gördüm. O, hönkürə-hönkürə jandarmlara yalvarırdı ki, bizi öldürməsinlər. Necə belə alçala bilirdi ki?! Henrik atamın üzərinə əyilib qulağına nəsə pıçıldadı və onu ayağa qaldırmağa çalışdı. Həmişə öz sarkazmı ilə seçilən qardaşım sanki həmin an şəfqət təcəssümünə çevrildi. Onu heç vaxt belə görməmişdim. Yəqin, bu günəcən daxilində iki adam daşıyırmış və mən ikincisini, ondan tamamilə fərqlənəni əvvəllər tanımış olsaydım, biz hər dəqiqəbaşı dalaşmaz, bir-birimizlə əla dil tapardıq. Mən yenə üzümü divara çevirdim. Vəziyyət ümidsiz idi. Atam ağlayır, Henrik onu sakitləşdirməyə çalışırdı, almanlarsa avtomatlarını bizə tuşlamışdılar. Fənər işığı gözlərimizi qamaşdırdığından onları görə bilmirdik. Birdən hansısa an ölümün bizdən yan keçdiyini anladım. Bu, qeyri-iradi şəkildə baş verdi. Onlardan biri bağırdı:

– Peşəniz?

Henrik sanki xüsusi heç nə baş verməyibmiş kimi qeyri-adi soyuqqanlılıqla hamımızın əvəzinə cavab verdi:

– Biz musiqiçiyik.

Jandarmlardan biri yaxınlaşıb boynumdan tutdu və elə qəzəblə silkələdi ki, sanki bizi öldürmək fikrindən özü vaz keçməyib.

– Bəxtiniz gətirib ki, mən də musiqiçiyəm! – sonra elə ilişdirdi ki, zərblə divara dəydim. – Cəhənnəm olun burdan!

Biz irəli qaçıb mümkün qədər tez zülmətə qarışmağa tələsdik, yetər ki fənər işığından qurtula bilək. Axı jandarmlar fikirlərini dəyişə də bilərdilər. Uzaqlaşarkən arxada mübahisənin qızışdığını eşitdik. Digər iki jandarm xilaskarımızı layiq olmadığımız halda bizə acıdığına görə məzəmmət edirdi. Axı günahsız almanların həlak olduğu bu lənətə gəlmiş müharibə şəksiz bizim ucbatımızdan başlamışdı.

Almanlar varlandıqları sürətlə də cəhənnəmə vasil olsaydılar, nə vardı ki! Alman quldur dəstələri hər ötən gün daha tez-tez yəhudilərin yaşadıqları mənzillərə soxulur, bütün qiymətli əşyalarını və mebeli mənimsəyir, onları yük maşınlarına dolduraraq aparırdılar. Qorxuya düşmüş insanlar dəyərli hər şeydən qurtulmağa çalışır, evdə yalnız diqqəti cəlb etməyəcək ən sadə şeyləri saxlayırdılar. Biz də bacardığımız qədər çox şeyi satdıq, amma bunu basqın qorxusu altında etmədik, sadəcə, vəziyyətimiz günü-gündən pisliyə doğru gedirdi. Ailədə heç birimizin alverçi bacarığı yox idi. Regina bəxtini sınadı, amma onda da heç nə alınmadı. Bacım bir hüquqşünas kimi çox ədalətli idi, ona görə də bazara çıxardığı əşyanı dəyərindən ikiqat artığa sata bilmirdi. Odur ki tezliklə ticarət fikrindən vaz keçdi və repetitorluğa başladı. Atam, anam və Qalina musiqi dərsləri, Henriksə ingilis dili dərsi keçirdi. O zaman bircə mən özümü işləməyə məcbur edə bilmirdim. Dərin bir depressiyaya düşmüşdüm, nadir hallarda bəstələdiyim konsertino üçün instrumentovka55
  İnstrumentovka – bir musiqi əsərini orkestrdə çalmaq üçün uyğunlaşdırma


[Закрыть]
ilə məşğul olurdum.

Noyabrın ikinci yarısında almanlar heç bir izah vermədən Marşalkovskaya küçəsinin şimal hissəsini tikanlı məftillə çəpərləməyə başladılar. Ayın sonunda isə əvvəl-əvvəl heç kəsin inanmaq istəmədiyi bir elan gözə dəydi. Nə qədər qara düşüncələrə qərq olsaq da, bu qədərini gözləmirdik: bütün yəhudilər dekabrın 1-dən başlayaraq üzərinə ağ-mavi rəngdə Davud ulduzu tikilmiş ağ sarğılar taxmalıydı. Son müddət dekabrın 5-i idi. Beləcə, qolumuzda nümayişkaranə damğa daşımaqla «kəsilməyə göndərilən mal-qara» kimi kütlədən seçilməliydik. Bu, yüz illər boyunca humanizmə doğru gedən bəşəriyyətin qət etdiyi yolun üzərindən qalın bir xətt çəkmək idi. Bu, qaranlıq orta əsrlərdə tətbiq edilən amansız, alçaldıcı üsullara qayıdış idi.

İndi ziyalı yəhudi tanışlarımızın çoxu könüllü şəkildə həftələrlə ev dustağı vəziyyətinə qatlaşırdı. Heç kəs qolunda sarğı küçəyə çıxmağa cürət etmirdi. Evdən çıxmaq qaçılmaz olanda sezdirmədən ötüb-keçməyə çalışır, baxışlarımızı yerə zilləyir, həm ağrı çəkir, həm də xəcalət təri tökürdük.

Uzun olduğu qədər ağır qış ayları gəldi. Sanki şaxta da qəsdimizə durur və almanlara varşavalıları təqib etməkdə yardımçı olurdu. Havanın temperaturu həftələrlə elə aşağı düşürdü ki, Polşanın ən qocaman sakinləri belə sonuncu dəfə nə zaman bu cür sərt qış keçirdiklərini xatırlaya bilmirdi. Kömür əldə etmək, demək olar ki, mümkün deyildi, onun qiyməti günü-gündən kəlləçarxa qalxırdı. Yadımdadır, elə günlər olurdu ki, buz kimi mənzildə tək əlacımız yataqdan qalxmamaq olurdu.

Ən şaxtalı günlərdə Polşanın qərb vilayətlərindən Varşavaya yəhudilərlə dolu qatarlar gəlməyə başladı. İnsanların çoxu elə yoldaca tələf olmuşdu. Doğma yurdlarından didərgin düşmüş və uzun yol qət etməli olan biçarələri soyuq vaqonlarda ac-susuz gətirirdilər. Vaqonlar təyinat yerinə çatanda gətirilənlərin yarısından azı sağ qalırdı, onların da çoxu ağır şəkildə donmuş olurdu. Ölənlərin meyitləri yer darısqal olduğundan məcburən bir-birinə sıxılmış sağ qalanların arasında dimdik durur, vaqonların rəzələri açılan kimi isə yerə yumbalanırdılar.

Sanki bundan daha betər heç nə baş verə bilməzdi. Amma bu yəhudilərə belə gəlirdi. Nasistlər tam fərqli düşünürdülər. Alman prinsiplərinə uyğun olaraq günü-gündən güclənən terror yeni sərəncamlara imza atdı. Birinci sərəncama görə, yəhudilər həbs düşərgələrinə işə getməli idilər. Biz orda «ari irqinin sağlam vücudunda parazit»liyin daşını atmaq üçün zəruri ictimai tərbiyə almalı idik. Düşərgəyə on iki yaşından tutmuş altmış yaşınadək sağlam kişilər və on dörd yaşından qırx beş yaşınadək qadınlar yollanmalı idilər. İkinci sərəncam qeydiyyat və göndərilmə ilə bağlı idi. Almanlar bununla özləri məşğul olmaq istəmirdilər və onu yəhudi icmasına tapşırmaq qərarına gəlmişdilər. Biz özümüz özümüzün cəlladı olmalı, öz sonumuzu özümüz müəyyənləşdirməli, belə demək mümkündürsə, almanların qanuniləşdirdiyi intiharı gerçəkləşdirməli idik. Göndərilmə yazın əvvəlinə planlaşdırılmışdı.

Yəhudi icması ziyalıları qorumaq üçün əlindən gələni əsirgəməməyi qərara aldı. Min zlotı qarşılığında siyahıya salınmış adamın adı silinir və hər hansı bir yəhudi proletarı ilə əvəzlənirdi. Şübhəsiz ki, min zlotının hamısı bu bədbəxtlərin əlinə düşmürdü: həyatlarını araq və məzə ilə bəzəmələri üçün icma rəhbərlərinin həmçinin pula ehtiyacları vardı.

Nəhayət, yaz gəldi. Gözlənilən göndərilmə həyata keçirilmədi. Bu növbəti dəfə təsdiqlədi ki, almanların heç də bütün rəsmi sərəncamları icra olunmur. Əksinə, yəhudilərlə almanlar arasında bir neçə ay sürən gərgin münasibətlərin buzları əriməyə başladı. Özü də sanki hər iki tərəfin fikri cəbhədə baş verənlərdə qaldıqca bu ərimə daha gerçək vəziyyət alırdı.

Biz müttəfiqlərin qış boyunca sakitcə hazırlaşacaqlarına və yazda həm Fransadan, həm Belçikadan, həm də Niderlanddan almanlara hücuma keçəcəklərinə, «Ziqfrid xətti»nin yarılacağına, onların Bavariyanı, Saar kömür hövzəsini və Almaniyanı tutacaqlarına, Berlinə girəcəklərinə və ən geci yayda Varşavanı azad edəcəklərinə ümid bəsləyirdik. Şəhər bu hücumu bir bayram kimi həyəcan içində gözləyirdi. Həmin arada almanlar Danimarkaya girdilər ki, bu da yerli «siyasətçi»lərimizin fikrincə, heç nəyi dəyişməyəcəkdi – onlar orda onsuz da mühasirəyə düşəcəkdilər.

Mayın 10-da hücum başladı, amma hücuma müttəfiqlər deyil, almanlar keçdi. Niderland ilə Belçika təslim oldu, Fransa təcavüzə məruz qaldı, amma yenə də ümidi itirməyinə dəyməzdi. 1914-cü il təkrarlanırdı. Hətta fransız qoşunlarının başında elə o dövrdəki adamlar dururdu: Peten, Veyqan – Foşa məktəbinin ən yaxşı komandirləri. Onların bu dəfə də almanları əvvəlkindən pis dəf etməyəcəklərini gözləmək olardı.

Mayın 20-si günorta yanıma tanış skripkaçı gəldi. Birlikdə Bethovenin çox sevdiyimiz, amma çoxdan çalmadığımız sonatalarından birini xatırlamaq istəyirdik. Bir neçə dostumuz da gəldi və anam mənə xoş olsun deyə nahar hazırladı. Gözəl günəşli gün idi, biz qəşəng qəhvə içir, anamın bişirdiyi piroqlardan yeyirdik, hamının kefi kök idi; almanların Parisə yaxınlaşdıqları artıq məlum idi, amma heç kəs xüsusi olaraq təşviş keçirmirdi, axı hələ Marna – təbii müdafiə sərhədi qalırdı. Burda hər şey Şopenin skerso si minorunun ikinci hissəsindəki fermata66
  Fermata – çalarkən, ya oxuyarkən səsi bir qədər uzatmaq və ya ara vermək lazım gəldiyini göstərən işarə


[Закрыть]
kimi dayanmalı idi, bundan belə almanlar elə hücuma keçdikləri sürətlə də öz sərhədlərinədək geri çəkilməli idilər. Üstəlik, müttəfiqlər bununla da kifayətlənməyib son qələbə akkordlarını vurmalıydılar.

Biz qəhvəmizi içib ifa etməyə hazırlaşdıq. Mən yaxşı ifanı qiymətləndirməyi və musiqidən zövq almağı bacaran diqqətli dinləyicilərin əhatəsində royal arxasına keçdim. Sağımda skripkaçı, solumda isə notları çevirmək üçün Reginanın gənc və gözəl rəfiqəsi dayanmışdı. Adama xoşbəxtlik üçün bundan artıq nə lazım idi ki?! Biz telefonla zəng etmək üçün aşağı mərtəbədə yerləşən dükana getmiş Qalinanı gözləməli olduq. O, geri qayıdanda əlində adını xatırlamadığım qəzetin xüsusi buraxılışı vardı. Baş səhifədə mətbəədə tapıla biləcək ən iri hərflərlə bu kəlmələr çap olunmuşdu: PARİS ƏLƏ KEÇİRİLİB!

Mən başımı royalın üzərinə salıb müharibə başlayandan bəri ilk dəfə hönkürdüm.

Zəfərlərindən məst olmuş almanlar indi onun dadını çıxarandan sonra yenə yaxamızdan yapışacaqlar, hərçənd Qərb cəbhəsində müharibə gedərkən də onların bizi unutduqlarını söyləmək olmazdı. Qarətlər, yəhudilərin köçürülməsi və Almaniyaya işləməyə göndərilməsi ara verməmişdi, amma buna artıq öyrəşməyə macal tapmışdıq. İndi bunlardan da betər şeyləri gözləmək lazım idi.

Sentyabrda ilk sürgünlər həyata keçirildi – yəhudilər Beljis və Xrubeşovdakı düşərgələrə göndərildi. Orda meliorasiya işlərində «düzgün tərbiyə» alan yəhudilər günlərlə qurşağacan su içində dayanıb çala qazırdılar. Onlara sutka ərzində yüz qram çörək və bir boşqab duru şorba verirdilər. İş vəd olunduğu kimi, iki il deyil, cəmi üç ay çəkirdi, amma elə bu müddət də həmin adamların tamamilə gücdən düşməsi üçün bəs edirdi. Üstəlik, çoxu da vərəmə yoluxmuşdu.

Varşavada qalan bütün kişilərsə işə yazılmalı və həftədə minimum altı gün fiziki işlə məşğul olmalı idi. Bundan yayınmaq üçün əlimdən gələni edirdim. Əsas da barmaqlarıma görə: buğumların cüzi şəkildə belə zədələnməsi, əzələlərin azacıq dartılması, ya da yüngül bir zədələnmə pianoçu karyerasına son qoymaq üçün kifayət edirdi. Henrik bu məsələyə tamamilə başqa cür yanaşırdı: onun fikrincə, yaradıcı işlə məşğul olan hər kəs ağır fiziki əməyi də sınaqdan keçirməli, onun nə bahasına başa gəldiyini öyrənməlidir. Odur ki qardaşım da könüllü şəkildə işə yazıldı və bununla da təhsilini davam etdirmək imkanından məhrum oldu.

Tezliklə hər kəsi sarsıdacaq iki hadisə baş verdi: birincisi, almanların İngiltərəyə hava basqını, ikincisi, gettoya aparan küçələrdən asılmış elan lövhələri idi. Bu elan lövhələri rayonda yatalaq xəstəliyinin yayıldığını xəbər verir və insanların ordan uzaq gəzməsi barədə xəbərdarlıq edirdi. Tezliklə almanların polyak dilində nəşr etdikləri yeganə Varşava qəzetində həmin mövzu ilə bağlı rəsmi açıqlama verildi: yəhudilər ictimai ziyanlı elementlərdir və yoluxucu xəstəliklər yayırlar! Onları heç də gettoda qıfıllamırdılar, bu sözün özü tamamilə yersizdir. Axı almanlar alicənab və mədəni xalqdır, onlar hətta yəhudilər kimi parazitlər üçün heç vaxt getto yaratmazdılar – axı yeni Avropa nizamı getto kimi orta əsrlər qalığı ilə bir araya gələ bilməz. Əksinə, şəhərdə təkcə yəhudilərin yaşayacağı ayrıca rayon təşkil etmək planlaşdırılır. Onlar orda özlərini azad hiss edəcək, öz ayinlə

Внимание! Это не конец книги.

Если начало книги вам понравилось, то полную версию можно приобрести у нашего партнёра - распространителя легального контента. Поддержите автора!

Страницы книги >> Предыдущая | 1 2 3
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации