Электронная библиотека » Vurğun Əyyub » » онлайн чтение - страница 2

Текст книги "Romantizm və romantika"


  • Текст добавлен: 29 октября 2022, 11:40


Автор книги: Vurğun Əyyub


Жанр: Зарубежная публицистика, Публицистика


Возрастные ограничения: +16

сообщить о неприемлемом содержимом

Текущая страница: 2 (всего у книги 12 страниц) [доступный отрывок для чтения: 3 страниц]

Шрифт:
- 100% +

Azərbaycan romantizmi və onun nümayəndələri haqqında ilk fikir söyləyən S.Hüseyn, A.Şaiq, C.Cabbarlıdan başlamış müasir tədqiqatçılara qədər hamının şərik olduğu bir fikir var: əski ədə-biyyatla yeni ədəbiyyat arasında uçurum yaradan, epiqon poezi-yanı kökündən yıxan, şeiri “Füzuli tilsimi”ndən ilk silkinib çıxa-ran Sabirlə birlikdə Hadi və Səhhət oldu. Bu o deməkdir ki, epi-qonçuluğa qarşı mübarizədə, təzə şeirin ideya-estetik prinsipləri-nin müəyyənləşməsində Azərbaycan romantizmi bir çox məsələ-lərdə olduğu kimi tənqidi realistlərlə eyni mövqedən çıxış etmiş-dir. 19-cu əsrin sonunda “təzə şeir” problemi ətrafında mübarizə-lər məktəb və tərbiyəyə aid ədəbi nümunələrin meydana çıxmağı ilə nəticələndikdə “Həyat” qəzetində Abbas Səhhətin “Təzə şeir necə olmalıdır?” (1905) məqaləsi göründü. A.Səhhətin məqaləsi-nin belə bir şəraitdə meydana çıxması yaranmış poetik nümunə-lərə etiraz əlaməti, onlarla qənaətlənməməyin ifadəsi idi. Görü-nür, şeirin inkişaf istiqaməti gənc şairi razı salmamışdı. O, deyi-lənlərdən və yazılanlardan fərqli olaraq, şeirə yeni bir istiqamət vermək istəyirdi. Lakin məqalədə müəllifin nəzəri konsepsiyası aydın və konkret şəkildə ifadəsini tapmamışdır. Yəqin ki, şairin o zamankı dünyagörüşü, hələ yeni-yeni formalaşan ədəbi zövqü buna imkan verməmişdir. Lakin bütünlükdə məqalənin ruhun-dan, məqsədindən (“ədəbiyyatımızın islahatı”) aydın hiss olunur ki, şair epiqon poeziyaya düşmən münasibət bəsləyir. Bu da ora-dan irəli gəlir ki, bədii sənətin həmin istiqaməti özünün real hə-yati məzmununu itirmiş, saxta bir şeyə çevrilmişdi. Təsadüfi de-yildir ki, şair məqalədə fikirlərinin ağırlıq nöqtəsini bu məsələ üzərinə salırdı. Müəllif yazırdı: “Şüəarayi-sabiqəmizin əşar və ədəbiyyatının təbii əhvala müğayir olduğundan oxuyan kəslərə kəsalət və nifrət gətirməyi və heç bir surətdə insan üçün mərifət və ibrət dərsi ondan hüsula gəlmədiyi məlumdur. Məsələn: qəd-din sərv ağacına oxşadılması, ya məhbubun üzünü bədr aya bən-zətdikləri kimi və yainki qaşları yaya və kirpikləri oxa təşbih tutduqları qəbil.” (28, II, 7)

Göründüyü kimi A.Səhhət “köhnə şeirin” əsas qüsurunu “in-san üçün mərifət və ibrət dərsi ondan hüsula gəlmədi”yində gör-müşdür. Aydın görünən budur ki, şair şeirdən mərifət və ibrət dərsi verə bilməsini tələb edir. Şairi bağlı olduğu ənənədən qopa-ran nə idi? Nə baş vermişdi ki, şair birdən-birə üzərində pərvəriş tapdığı köhnə şeirdən üz çevirmiş, ona qarşı hücuma keçmişdi? Axı, dünənə kimi o özü də zamanın ab-havasından uzaq şeirlər yazırdı. Səhhət 1905-ci ilə qədərki vəziyyətini 1911-ci ildə F.Kö-çərliyə yazdığı mənzum məktubunda belə təsvir etmişdi:

Bir zaman Nasehü Tərrah ilə Sabir bəndə,

Yaşayırdıq hamımız qəflət ilə fəxrəndə.

Birimiz mərsiyəguluqda böyük şair idi,

Birimiz sağərə mail, birimiz cananə.

Birimiz həcvdə Yəğma kimi çox mahir idi,

Laübali keçinirdi günümüz rindanə. (28, I, 161)

Səhhətin qarşı çıxdığı məsələlər aydın və konkretdir: mərsiyə-çiliyə, həcvə, həyati problemlərdən üz çevirib canana, meyə dair nəzm parçaları yazmağa etiraz! Bir zamanlar həvəslə qoşulduğu ənənəyə bu ədəbi “dönüklüyün”, özünü inkarın (yaxşı mənada) başlıca səbəbkarı, əlbəttə, zaman özü, orta əsrlərin hələ də hökm sürən mənəvi-ideoloji, ictimai-siyasi mənzərəsini çilik-çilik edən qüdrətli 1905-ci il inqilabının gətirdiyi yeniliklər idi. Birinci rus inqilabının astanasında Abbas Səhhətin müzakirəyə qoyduğu bu məsələ tədriclə inkişaf edib xüsusi bir ədəbi konsepsiyaya çevri-lir. Sənətkarın vətəndaşlıq mövqeyi məsələsi onun ədəbi görüşlə-rinin təməlində dayanır. Şairin bütün yaradıcılığı bu ideyanı aşı-lamağa çalışır. A.Səhhətin nəzəri mülahizələri bir çox qabaqcıl ro-mantik şairlərin ədəbi manafestinə çevrilir. O, müxtəlif şairlər tə-rəfindən daha da inkişaf etdirilir. Məhəmməd Hadi də A.Səhhə-tin mövqeyində dayanaraq yazırdı: “İndi əsri cədiddir. Fikirlər, xəyallar da əski fikirlər, köhnə, qədim hisslər deyildir, tazə və ye-ni fikirlərdir.” (13) Eynilə Abdulla Şaiq də şairlərdən yazdıqları əsərlərlə “camaatımızın əhvali-ruhiyyəsində başqalıqlar törətmə-yə müvəffəq” olmadıqları üçün şikayətlənirdi. (30, I, 123)

A.Səhhətin ədəbi görüşlərində diqqət yetirilməli bir incə cəhət də vardır. O da şairimizin “şüərayi-sabiqəmizin əşar və əbyatına” hörmətlə yanaşmasıdır. Diqqət etdikdə məlum olur ki, o heç də bütövlükdə klassik ədəbi irsimizə arxa çevirmir, onu inkar etmək mövqeyində dayanmırdı. A.Səhhətin, eləcə də bütün romantiklə-rimizin klassik irsə bağlılığı, klassik şairlərimizə olan məhəbbət-ləri onlar haqqında yazılmış az qala hər bir əsərdə göstərildiyin-dən burada onları təkrar etməyə lüzum yoxdur. Bu, 20-ci əsrin qarşıya qoyduqu vəzifələr ilə şair arasında uçurum yaradan, sə-nətkarları bir-birinin kölgəsinə döndərən qanun-qaydalara, bas-maqəlib ifadələrə, şablon bənzətmələrə etirazdır. 1905-ci il inqila-bının oyatdığı yeni hisslər, yeni dünyagörüşü müqabilində “əski ədəbiyyatın” poetikasına, insanı darıxdıran, bezdirən, nəm qoxu-yan hiss və fikirlərinə qarşı üsyandır. Hələ 19-cu əsrdə Avropa və rus romantikləri də ədəbiyyatda köhnə məzmun, darıxdırıcı hiss-lər, poetik ştamplar əleyhinə çıxırdılar. Ədəbiyyatşünas N.Toma-şevski yazırdı: “Teatrın təsirli, fail olması üçün, madam dö Stal deyirdi ki, ağlağan sentimental pyesləri səhnəyə yaxın qoyma-maq və ona yeni, mövzusuna görə vətəndaş qayəli repertuar ver-mək gərəkdir.” (133, 3)

1820-ci illərdə rus şairi Kyuxelbeker ironiya ilə poeziyada duy-ğusuzluqdan, eyni həyat lövhələrinin əsərlərdən əsərlərə keçmə-sindən yazırdı. (125, 14)

1859-cu ildə Fet də Tutçevin fikrinə şərik çıxaraq poetik dur-ğunluqdan şikayətlənirdi: “Ay, arzu, qız! Cır-cındır! Hə, doğru-dan da, onlar təkcə tənbəllərin ora-bura dürtüşdürmədiyi cır-cın-dıra çevrilirdilər.” (135, 148)

Yuxarıda gətirdiyimiz misallardan göründüyü kimi sənətdə köhnəliyə qarşı mübarizə bütün milli ədəbiyyatlarda olmuşdur. Bizim ədəbiyyatda M.F.Axundov tərəfindən epiqonçuluğa qarşı elan edilmiş "müharibə" 20-ci əsrin əvvəllərində tənqidi realistlər və romantiklər tərəfindən qalibiyyətlə başa çatdırıldı.

A.Səhhətin ədəbi-nəzəri görüşlərinin bədii ifadəsi olan əsərlər içərisində öz yaxın dostu, sabiq qələm yoldaşı Ağaəli bəy Nasehə yazdığı mənzum məktub mühüm yer tutur. Həmin məktubda “köhnə” və “tazə şeirə” münasibət, şairin vətən və xalq qarşısın-da borcu, vətəndaşlıq mövqeyi kimi məsələlər aydınlaşdırılmış-dır. Ədəbiyyatşünaslığımızda indiyə qədər bu şeirə nisbətən az fikir verilmiş, şairin nəzəri görüşlərinin tədqiqi baxımından geniş təhlildən kənarda qalmışdır. Halbuki “Tazə şeir necə olmalıdır?” məqaləsində hələ qısa tezis şəklində deyilən fikirlər bu mənzum məktubda bir az da əhatəli və sistemli şərhini tapa bilmişdir. Məktub göstərir ki, Səhhətin nəzəri görüşləri bir yerdə donub qalmamış, illər keçdikcə inkişaf edərək mükəmməlləşmiş, büllur-laşmışdır.

“Naseh” mənzum məktubunun ümumiləşdirilmiş iki qəhrə-manı var: “köhnə” şeirin nümayəndəsi Naseh və “tazə” şeirin ilk carçılarından sayılan Abbas Səhhət. Sənətə, onun idrakı və tərbi-yəvi əhəmiyyətinə münasibətdə bir-birinə zidd mövqe tutan bu iki şairin mubahisəsi əslində köhnə şeirlə yeni şeir, epiqonçu şa-irlə novator şair arasında gedən mübarizənin əksidir. Ədəbiyyat-şünas K.Talıbzadə də bu fikirdədir ki: “Bu iki müxtəlif ədəbi cəb-həyə məxsus şairin mübahisəsidir. Elə bil Şamaxı ədəbi məclisi-dir, Nasehlə Səhhət – “köhnə şeirlə” “yeni şeir”in nümayəndəsi üz-üzə dayanıb mübahisə edirlər, hərə öz möqeyini elan edir, təs-diqləyir, ancaq mübahisə çox qəti və prinsipialdır, Səhhət heç nə-yə güzəşt etmədən, ustadına hörmət dairəsində “köhnə şeir”in məhdudluqlarını bir-bir sayır, “yeni şeir”in məqsəd və vəzifələ-rini aydınlaşdırır.” (74, 249-250)

A.Səhhət yeni şeirlə bərabər yeni şair problemini ortaya atır. O, yeni şairin səciyyəvi xüsusiyyətlərini əks qütb kimi “köhnə şe-ir” yaradıcısının mənəvi süstlüyünə, əhlikefliliyinə, fəaliyyətsiz-lik və qeyri-mübarizliyinə qarşı qoyur. “Yeni şair kim olmalıdır?” – sualına Səhhət qətiyyətlə cavab verir: xalqın həyatı ilə nəfəs alan vətəndaş – şair! Bu vətəndaş – şairin xüsusiyyətləri epiqonçu şairlə müqayisədə daha aydın və əhəmiyyətli görünür. Epiqonçu şeirin xüsusiyyətləri mənzum məktubda həm Nasehin, həm də Səhhətin dilindən deyilmiş fikirlərdə öz əksini tapmışdır. Naseh deyir:

Şair azadə gərək, azadə,

Laübali dolana dünyadə.

Yaza vəsfi – ruxi – yarü xətü xal,

Oxuyanlar ola ta ki, xoşhal.

Sizlər azadə ikən olduz əsir,

Şüəra rəsmini etdiz təğyir.

Əhli-hal ikən olub maili – qal,

Olmusuz həmdəmi – cəmi – əffal. (28, I, 164)

Oxucuları “xoşhal” etmək üçün yarın vəsfini yazmağa, “xətü xalını” tərif etməyə çağıran yuxarıdakı fikirlərdə poeziyanı icti-mai həyatdan uzaq salmaq, sənətkarı vətəndaşlıq qayğılarından azad etmək kimi “sənət sənət üçündür” nəzəriyyəsinə dayanılı bir ruh hakimdir. Yeri gəlmişkən deyək ki, ədəbiyyatşünas K.Əli-yev adı keçən tədqiqatında Nasehin yuxarıda misal gətirdiyimiz fikirlərini səhvən A.Səhhətin adından vermiş, beləliklə, yazıçı azadlığı haqqındakı tezisini həmin misralara yanlış və uğursuz bir surətdə tətbiq etmişdir. (43, 102) Sözsüz ki, A.Səhhətin yazı-çının ictimai mühitdə dustaq olmasından şikayətlənməsini, həqi-qəti yazmaq üçün “qələm azadə”liyi tələb etməsini, Nasehin “la-übali dolanmağı” şair azadlığı kimi qələmə verməsi ilə eyniləş-dirmək olmaz. Səhhət gördüyünü, düşündüyünü yaza bilmək üçün sənətkar azadlığını irəli çəkir, Naseh isə şairin ictimai dərd-lərdən uzaq gəzib öz zövqü üçün yaşamağını arzulayırdı.

A.Səhhətin Nasehə verdiyi cəsarətli cavabda epiqonçu şairlə-rin mənəvi puçluğu, köhnə üsulun heç bir vəchlə “təqazayi-za-mana” uyğun gəlmədiyi göstərilir:

Bu zaman siz buyuran köhnə üsul

Eybdir, eyb: deyildir məqbul.

Çünki indi dəyişib vəzi cahan,

Başqadır, başqa təqazayi-zaman.

Varsa təlimə bizim rəğbətimiz,

Biləsiz kəsb deyil niyyətimiz.

Biz pula, dövlətə mail deyiliz,

Rəsmi-dirinə də qail deyiliz. (28, I, 164-165)

Misal gətirdiyimiz parçada dəyişən cahan və zamanla, dəyiş-məyən inikas üsulu arasındakı uçurum çox incə və yığcam şəkil-də deyilib. Yeni zaman yeni vətəndaş tərbiyəsini tələb edir. Buna görə də romantiklər öz yaradıcılıqlarında və fəaliyyətlərində məktəbə, maarifə böyük yer verirdilər. Epiqonçuların nəzərində isə romantik şairlərin bu vətəndaşlıq fəaliyyəti “kəsb üçün” imiş. Səhhət öz qələm yoldaşlarını müdafiə edərək, pula, dövlətə görə təlimə rəğbət göstərmədiklərini söyləyir. Bəs onların qəsdi, fikri nədir? Şair çox aydın cavab verir:

Fikrimiz tərbiyeyi-millətdir,

Qəsdimiz millətə bir xidmətdir. (28, I, 165)

M.Hadi də “Tərbiyeyi-ümumiyyə calibi-səadətdir” məqaləsin-də yazmışdı: “İnsanlar yalnız yaşamaq üçün deyil, mənsub oldu-ğu cəmiyyətə xidmət etmək üçün yaranmışdır…”(31)

Vətən dərdindən yazmaq, millət qayğısı çəkmək – göründüyü kimi romantik şairlərin vətəndaşlıq mövqeyi əsasən bu şəkildə ifadə olunurdu. A.Səhhət öz fikrində davam edərək daha sonra yazır ki, hər bir şair dövranın ayinəsidir. Xalqın vəziyyəti, onu cə-halət və gerilik girdabında saxlayan bəlalar isə köhnə şeirin ayi-nəsində görünə bilmir. Güldən, bülbüldən, yarın xətü-xalından yazmaqla “nehrə kimi çalxalanan” (M.Ə.Sabir) yeni zamanı qav-ramaq və izah etmək mümkün deyil. Elm və əxlaq “haiz olma-yan” şeir nə qədər “şirin məzmun”, ifadəcə ecazkar olsalar belə, xalqı qəflət yuxusundan oyatmağa qadir deyillər. Müstəbidlər əlində alətə çevrilən, işrətə uyan, bəxşiş naminə əqidəsini satan şairlər xalqa ictimai gerilikdən, milli zülmdən qurtuluş yolunu nişan verə bilməzlər:

Çün budur lazımeyi-istibdad,

İşrətə, qəflətə uysun əfrad.

Müstəbidlər yaşamaqçın rahət

Şairi əldə ediblər alət.

Bəxş edib şairə ənamü səlat,

Rahət etmiş bu da imrari-həyat.

Gecələr məst, günüz dərdi-xumar,

Yatmışı yatmış edərmi bidar?! (28, I, 166)

Məlumdur ki, romantizmdə şairin ictimai həyatda roluna bö-yük qiymət verilirdi. Öz idealları ilə cəmiyyət arasında kəskin tə-zadı görən romantiklər ideallarına çatmaq üçün sənətkarlardan yaşadıqları mühitdən ucada dayanmağı, əsərləri ilə bəşəri dəyər-ləri təbliğ etməyi, insanların qəlbində təmizliyə, munisliyə, qəh-rəmanlığa tələbat doğurmağı, beləliklə də, xalqın ictimai-sosial düşüncəsini genişləndirməyi tələb edirdilər. Əlbəttə, bu onların idealist dünyagörüşə malik olmalarından irəli gəlirdi.

İctimai bə-lalardan çıxış yolunu xalqın qabaqcıl ziyalılarının, sənətkarlarının yüksək vətəndaşlıq səviyyəsi ilə izah edən romantiklərimiz bir tərəfdən onları xalqın taleyi uğrunda mübarizələrə çağırırdılarsa, digər tərəfdən həmin səviyyədən aşağı dayananları tənqid atəşinə tutmaqdan da çəkinmirdilər. Məzmun və ideya cəhətdən xalq taleyinə biganə olan şeirləri A. Səhhət istehza ilə “meir” adlandırır, “sözün təhərindən tərifnamə yazıb bir böyük şəxsi mədh edən, tainki puldan-maldan alıb cibişdanına qoymaq” (28, I, 139) arzusu ilə qələmə sarılanları kinayə obyektinə çevirirdi.

Digər romantik şairimiz Hüseyn Cavid “Müharibə və ədəbiy-yat” məqaləsində yazıçıların, filosofların xalqın tərbiyəsində təsi-rini nəzərdə tutaraq deyirdi: “İngilislər məğrur və soyuqqanlıdır, düşüncəli və durbindir. Əlbəttə, bunlar, bu sifətlər mühitə, milli ruha, milli tərbiyəyə race sifətlərdir. Lakin Şekspir kimi dahilərin əməlpərvər, aləmşümul əsərləri, Herbert Spenser kimi böyük filosofların nüfuzlu, mətin, sarsılmaz və kəskin fəlsəfələri, şübhə-siz ki, hər ingilisdə, bütün xalq ruhunda böyük və səmimi bir tə-sirə malikdi.” (3, IV, 235)

Məhəmməd Hadi də “ictimai yazıçılar” ifadəsi işlədir, onların qələmlərini “inqilab bıçağı”na bənzədərək yazırdı: “Qalın qafala-rı incəldən, maziyə aşiq əfkari-natəraşidələri rəndələyən, kif at-mış damaqları silən həp ictimai yazıçılar olmuşdur.” (14)

A.Səhhət bu fikirdədir ki, keçmişdə müstəbidlər, dövlət başçı-ları xalqı üsyana çağıra biləcək, onlara əsil həyatın, mübarizənin yolunu başa salmaqa qadir olacaq şairləri daim bəxşişlər vasitəsi ilə əldə saxlamış, öz xeyirləri və rahat yaşamaqları üçün “gecələr məst, günüz dürdi-xumar” etməklə xalqdan uzaq salmışlar. Belə olan halda məst şair yatmış xalq qarşısında öz vətəndaşlıq borcu-nu yerinə yetirmək əvəzinə qəzəl, qəsidə, həcv yazmaqla xalqın əxlaqını pozmuş, əfsanələrlə onu yuxuya vermişdir. Nəzərə al-maq lazımdır ki, A.Səhhət qəzəl, qəsidə yazanları tənqid etməklə, heç də klassik ədəbiyyatda bu şeir formalarının rolunu danmırdı. O, 20-ci əsrin irəli sürdüyü məsələləri müasir dövrdə işıqlandıra bilməyən qəzəlin məzmunundan şikayətlənirdi. Səhhət kimi qə-ləm dostları A.Şaiq və H.Cavid də qəzəl və qəsidənin həmin cə-hətini nəzərdə tutaraq, forma daxilində azadlıq tələblərini irəli sürərək yazırdılar: “Mövzusu iki şəklə münhəsir qalan bir ədə-biyyat heç bir zaman yaşamış və hiss etmiş bir millətin ədəbiyyatı olmazdı, bunun üçün mənzum faciələr, mənzum teatrolar, məz-həkələr, hətta kiçik hekayələr yazmaq icab edər. Bunları bir qəsi-dəyə, bir məsnəviyə sığdırmaq qabil olurmu?” (4)

Məhz bu prinsipdən çıxış edərək, M.Hadi də mərhum şairin özü çap olunmasını məsləhət bilmədiyi halda Seyyid Əzimin həcvlərini nəşr etdirməyi “günahi-ədəbi və günahi-ictimai" (17) adlandırmışdı.

A.Səhhət sənətdə epiqonçuluq, sxolastika, eşqbazlıq, həcvgu-luq, mədhiyyəçiliyin əleyhinə şairin “vətəndaşlıq kodeksi”ni (K.Marks) qoyurdu. Bu kodeksə uyğun olaraq şairdən vətəndaş-lıq təəssübkeşliyi tələb edirdi. Elə bir təəssübkeşlik ki, şairin fikri milləti tərbiyə, məqsədi xalqa xidmət olsun. Şair qələm sahiblə-rini xalqı gözəl həyat və səadət uğrunda mübarizəyə səsləyən şeirlər yazmağa, fəaliyyət göstərməyə çağırırdı:

Yox, gərək biz gecə-gündüz çalışaq,

Dürlü-dürlü zəhəmata alışaq.

Qorxmayaq rəncü üqubətlərdən,

Qurtaraq bəlkə bu zillətlərdən. (28, I, 167)

Maraqlıdır ki, A.Səhhətin ədəbi-estetik görüşlərinin vətəndaş-lıq məzmunu genişləndikcə o, forma məsələlərinə ikinci dərəcəli məsələ kimi yanaşır. Şairin fikrincə, xalqa fayda verməyən şeir heç kəsə gərək deyil. “Özlərini sevənlərə” şeirindən misal gətirə-cəyimiz parça fikrimizi sübut edir:

Gər adın bir ədibi-danadır,

Qələmin möcüzi-Məsihadır.

Nəzmü təlifdə hünərvərsən,

Ya ki, bir şairi-süxənvərsən.

Sənə mafövqdən gəlir ilham,

Tüf, sənə, həm sənin kitabətinə,

Həm də təqririnə, fəsahətinə! (28, I, 63)

Bir az aşağıda görəcəyimiz kimi, Səhhət bu fikrini “Şair, şeir pərisi və şəhərli” əsərində bir az da açıq və aydın şəkildə demiş-dir. Şairin ədəbi görüşləri bu əsərində daha mükəmməl əksini tapmış, öz demokratizminə, vətəndaşlıq məzmununa görə şöhrət qazanmışdır. K.Talıbzadə yazır: “Sənətkarın ictimai vəzifələri haqqında görüşlər Abbas Səhhətin ədəbi manifesti hesab olunan “Şair, şeir pərisi və şəhərli” poemasında hərtərəfli şəkildə ifadə olunmuşdur. Şair göstərir ki, müasir tələblərə cavab verən, icti-mai inkişafa kömək edən ideyalı ədəbiyyatı ancaq ürəyi vətən-pərvərlik və vətəndaşlıq ideyaları ilə döyünən sənətkarlar yarada bilərlər.” (75.201)

Səhhətin vətəndaşlıq mövqeyi barədə düşüncələri əsərdə Şə-hərli obrazı ilə təcəssüm etdirilmişdir. Əsərdə Şəhərli obrazı Şairi onda məhz vətəndaşlıq keyfiyyətləri çatmadığına – millətin halı-na yanmadığına, “rəd kimi fəryad” etmədiyinə, biçarə vətəndaş-larına, sevgili dindaşlarına kömək göstərmədiyinə görə tənqid atəşinə tutur. Poemada həm Şeir pərisi, həm də Şəhərli Şairi çağı-rışları, öyüd-nəsihətləri ilə öz tərəfinə çəkmək istəyir. Şairin hansı cəbhəyə keçməsi öz dövrünə görə onlardan hansının mütərəqqi mahiyyətdə olduğunu aydınlaşdırır. Şeir pərisinin çağırışı, ifadə etdiyi məzmun zamanın çağırışlarına, ruhuna ziddir. Şeir pərisi-nin dedikləri 20-ci əsrin əvvəllərində geniş surətdə əksini tapan “sənət sənət üçündür” nəzəriyyəsini ifadə edir. O, Şairi “ev dərdi, qadın dərdi, uşaqlar dərdi” çəkməməyə, ictimai həyatın real löv-hələrindən, əzablarından uzaqlaşmağa, “cavidani-yaşayış”dan ruhani ləzzət almaq üçün göylər aləminə səsləyir:

Gəl mənimlə aparım övci-səmavata səni,

Orada nail edim dürlü füyuzata səni.

Orada könlün əlaiqdən olur varəstə,

Sənə təqdim edər əfvaci-mələk güldəstə.

Orada hürü pərilərlə edərsən xəndə,

Bəxtiyarlıqla yaşarsan əbədi fərxəndə. (28, I, 91)

Şeir pərisindən sonra şair Şəhərli ilə üz-üzə gəlir. Kəskin tən-qid, ittiham nidaları ilə başlanan Şəhərlinin nitqi Şairi fəaliyyətə sövq edən atəşin çağırışla, güclü patetika ilə bitir:

Sən də duzsuz, yaramaz, nasəlis əşarın ilə,

Lakin atəşli, ürəkdən çıxan əfkarın ilə.

İldırımlar saçaraq fırtınalar icad et!

Nəzmə çək, qəmli təəssürlərini inşad et! (28, I, 95)

Misaldan aydındır ki, Şəhərlini şeirin bər-bəzəyi, forma kamil-liyi, səlisliyi deyil, məzmunu, “zülm zəncirinin altında işgəncə” çəkən xalqın həyatını nə dərəcədə əks etdirə bilməsi maraqlan-dırır.

Eynilə M.Hadi də “Şair, hücreyi-iştiğalı və düşüncələri” (1910) şeirində şairi göylərdən, xəyal aləmindən ayrılıb ictimai həyatla qaynayıb qovuşmağa çağırır. O, şairin simasında sanki öz taleyi-nə, aldanışlarına ağlayır, “fərağət olmağa” bir otaq tapmadığı halda, xülyalara qapılmasına acıyır. Bununla bərabər, şeirdə tən-qid notları da güclüdür. Hadi şair-qəhrəmanını sənət aləmində, real gerçəkliyə, xalqının həyatına və gələcəyinə münasibətdə ay-dın vətəndaşlıq mövqeyi olmadığına görə tənqid edir:

Bu kargaha müdir olmaqın deyil caiz -

Ki, kəndini oluyorkən idarədən aciz!

Özün gəzib duruyorkən bir özgəyə möhtac,

İdareyi-bəşəriyyət sənə deyil möhtac.

Dolaşmağın nə gərək şeirgahi-lahuti,

Dolaş iş istər isən kargahi-nasuti.

O boşluğu dolaşınca, dolu cəhanı dolaş,

Həyat bunda, əməl bunda, bunda kəsbi-məaş! (7, I, 214)

M.Hadinin görkəmli tədqiqatçısı Əziz Mirəhmədov bu şeirin metodu haqqında ziddiyyətli fikirlər söyləmişdir. (67, 80-85) O, şeiri Hadinin “realizmə doğru atdığı yeganə ciddi addım” hesab edir. Belə isə bütünlüklə həmin şeirə həsr olunmuş bölmənin sər-lövhəsindəki (Realizmə doğru?..) sual işarəsini necə başa düşək? Əgər şeir “Hadi romantizminin özgün xüsusiyyətləri”ni əks etdi-rirsə, onda hansı realist meyllərdən söhbət açmaq olar? Bir halda ki, hörmətli Ə.Mirəhmədovun dediyi kimi “yalnız xülyapərəstli-yə istehza etməklə, yaradıcılığında xəyalın “xüsusi çəkisi”ni azaltmaq meyli ilə, canlı, real həqiqətə can atmaqla iş qurtarmır”, onda “realizm yoluna keçmək” üçün hansı meyllərdən söhbət ge-dir? Daha çox etiraz doğuran isə, əvvəla, Hadinin öz qəhrəmanını real gerçəkliyə dəvət etməsini, xəyal aləmindən yerə enmək çağı-rışını tədqiqatçının realizm kimi qələmə verməsidir. Real həyatı əks etdirmək hələ realizm olmadığı kimi, romantizm olmamaq da demək deyildir. Tədqiqatçılar təsdiq edir ki, romantizm özü də real gerçəkliyə yad deyil. O da həyat həqiqətlərindən çıxış edir. (98, 5; 129, 7; 127, 242; 101, 41) Real gerçəkliyə münasibət və on-dan çıxış yolu məsələsi bədii metodun xarakterini təyin edir. Ə.Mirəhmədovun fikrinə şərik çıxsa da, tədqiqatçı Kamran Əli-yev “Şair, hücreyi-iştiğalı və düşüncələri” şeirinin metodu haq-qında qəti bir söz demir. (43, 48-49) Bizcə, şeir romantizm meto-dunun tələblərinə cavab verir. Hadi öz qəhrəmanını zavallı və-ziyyətə salan ictimai səbəblər, mühit haqqında heç nə söyləmir, ancaq gerçəklik faktını təsvir edir. Bu da məhz romantizmə xas olan cəhətdir. Hadinin tənqidi şairi açizə çevirən mühitə, zəma-nəyə deyil, onun özünə, xəyalpərəstliyinə qarşıdır, ona göstərdiyi nicat yolu da (yaşadığı cəmiyyətə qarşı mübarizə yox, xəyaldan əl çəkmək) romantikcəsinədir. Nəhayət, şeir ifadə tərzinə, bədii təsvir vasitələrinə görə də romantik əsərdir.

Hörmətli alimimiz Ə.Mirəhmədov əslində Hadinin “bir dənə də olsun tutarlı, sanballı realist əsər” yaratmadığına təəssüflən-məklə, onun yaradıcılığında zorla realizm metodunun (!) işar-tılarını axtarmaqla ədəbi metod kimi romantizmin tarixi rolunu, əhəmiyyətini istər-istəməz kölgədə qoymuş olur. Əgər yaratsaydı belə “bir dənə də sanballı realist əsər” Hadinin sənətkar qiyməti-nə çətin ki, bir şey əlavə edə biləydi. Hadinin sənətkar gücü məhz onun romantizmində idi. Ədəbiyyatımız, mənəvi ehtiyacımız ba-xımından yarımçıq realist Hadi yox, bütöv, dolu romantik Hadi qiymətlidir.

M.Hadi “Qələmə”, “Qələm”, “Qələm nə söyləyir?” kimi şeirlə-rində qələmin qarşısında ciddi vəzifələr qoyurdu. Bu şeirlərdə qələm obrazının arxasında qələm sahibləri dururdu, şair də sözü-nü onlara deyirdi. Hadi göstərirdi ki, qələm sahibləri vətənin, xalqın gələcəyini azad və xoşbəxt görmək istəyirlərsə, boş sözlər-dən əl çəkib konkret məsələlərin həllinə girişməlidirlər. O, zalimə tərəf durub məzlumları ağladan sənətkarları vətəndaş olmaqa ça-ğırırdı:

Əgər amalın iqbali-vətəndir, urma boş lafi,

Həzizi məskənətdən milləti balayə isad et.

Muavin olmaq ilə zalimə ağlatma məzlumu,

Səzayi-rəhmət olmaq istər isən, tərki-bidad et. (7, I, 13)

Azərbyacan romantizminin vətəndaşlıq ruhunu doğru müşa-hidə və təsbit edən tədqiqatçı K.Əliyevin aşağıdakı fikirlərinə biz də şərikik: “Romantiklər xalqın taleyi üçün narahat olan, bir növ əzabları törədənləri ittiham edə bilən ədəbiyyatın tərəfdarları idi-lər. Onların azadlıq meyllərinin gücü sənətin istiqamətini məhz azadlıq çarpışmalarına doğru yönəltməyə qadir idi.” (43.64)

M.Hadi “Qələm” şeirində bütün cahanı darulfünunə, qələmi müəllimə, bəşəriyyəti isə təlimə möhtac uşaqlara bənzədərək ya-zıçılardan tərbiyəvi əsərlər, millətə yeni ruh aşılayan “nəğmeyi-milliyə”lər tələb edirdi. Şair ictimai həyatdan, mübarizələr mey-danından kənara çəkilib sükut içərisində dayanmaq vaxtı olmadı-ğını qələm sahiblərinin nəzərinə xüsusi tərzdə çatdırırdı:

Deyil vəqti-sükunət, nəğməsaz ol,

Təninən dazi-guşi-əhli-raz ol.

Sükutu tərk edib, eylə təranə,

Ola nəğmən maarifpərvəranə.

Dayanma, çal o canbəxşeyi-suru,

Həyatə dəvət et əhli-qüburu. (7, I, 140)

Hadi 1910-cu ildə yazdığı bir məqaləsində fikrini daha açıq şə-kildə ifadə edib yazırdı ki, mühərrirlər “Ruhları oxşayan, ürəkləri yumşaldan, qardaşlığı öyrədən fikirləri ortaya qoymalıdırlar. İd-rakımız səmasına ahənpüşzülam olan təbəqati-xurafatı söküb at-malıdırlar.” (10)

Romantiklərin yeni ədəbiyyat istiqamətində düşüncələri və mübarizələri, əslində yeni insan, yeni vətəndaş uğrunda mübari-zə idi. Buna görə də onlar vətənin azadlığı, gələcəyi, gənc nəslin xoşbəxtliyi üçün aparılan mübarizələrdə poeziyaya, sənətə böyük qiymət verir, sənətkarın, yaxud hər hansı bədii əsərin vətəndaşlıq çəkisini həm də onların vətəndaş tərbiyəsində tutduqları vəzifə, oynadıqları rol ilə ölçürdülər. Hadi inqilabı vücuda gətirən sə-bəblərdən danışarkən Volterlərin, Russoların, Miraboların, Ro-bespyerlərin “fəyyaz fikirləri, atəşin nitqləri, cəsur və kəskin qə-ləmləri” ilə bərabər “vətəni şairlərin (seçdirmə mənimdir-V.Ə) atə-şin nəğmələrini də” unutmurdu. (14) Burada diqqəti cəlb edən "vətəni şairlər" ifadəsidir. Həmin ifadəni vətənpərvər, yaxud və-təndaş-şairlər kimi başa düşmək olar. Qeyd edək ki, bu ifadə ədə-biyyatımızda yeni bir termin, yeni bir tanıtım idi.

Şair başqa bir məqaləsində hansı kitablara üstünlük verdiyini belə bildirirdi: “Ciddən şayani mütaliə ol kitabdır ki, yatmış his-sləri, sönmüş vicdanları, qararmış qəlbləri tənvir və təhrik etsin, ziyalandırsın.” (11) Burada Hadinin mütaliə olunacaq kitabların ideya-məzmun cəhətinə necə böyük əhəmiyyət verməsinin xüsu-si izahata ehtiyacı yoxdur. O “mürdələrə həyat”, azmışlara “ir-şad” bəxş edən kitablara nə qədər rəğbət bəsləmişsə, “sırf xəyal-dan ibarət olan divlərə, çinlərə, kabuslara, quli-biyabanlara nəşi-məngah edən, öz sayəmizdən özümüzü vəhşətləndirən, dəhşət-ləndirən kitabi-müzürrlərə” qarşı bir o qədər amansız olmuşdur. Elə həmin məqaləsində şair fikrinə davam edərək qətiyyətlə ya-zırdı ki, hər kəs “övladi-millətə pis və çirkin əxlaq ögrədən, nifaq və ixtilafa dəvət edən kitabları araya qoymamalı, böylə övraqın məhv və izalə olmasına çalışmalıdır.” Yuxarıdakı fikirlərin maya-sını vətənin gələcəyi olan vətəndaşların təlim-tərbiyəsinin vətən-daş-şairdə doğurduğu həyəcanlar, təşvişlər təşkil edir.

Gələcək nəslin tərbiyəsində ədəbiyyatın rolu barədə fəal və-təndaşlıq nigarançılığı Hüseyn Cavidin də ədəbi-estetik görüşlə-rində qabarıqdır. O da Hadi kimi bədii əsərlərin ideya-mövzusu-na diqqətlə yanaşır, vətəndaş tərbiyəsində onların rolunu bir az da mübaliğəli şəkildə ifadə edərək göstərirdi: “Əgər bir millətin fəlsəfə və ədəbiyyat kitabları həssas, xəyalpərvər, laübali qələm-lərlə yazılmışsa, şübhə yox ki, o millət, o nəsil cərəyanla qapılıb da həp o yolda hərəkət edər və mümkün deyil, axıntıya qarşı bir dürlü kürək çəkəməz.” (3, IV, 233)

Romantik şair fikrini sübut üçün misal gətirib deyir ki, bir gənc oxuduğu əsərlərdən bir qəhrəman seçər, həyatda onun kimi, o məsləkdə yaşamağa çalışar və “bu yazılan əsərlər isə, adətən, aləmşümul bir müəllim yerinə keçər, qarelərin ruhlarına nüfuz etməyə başlar…”, “İştə məzkur əsərlər zəhərli, əxlaqsız, kövşək bir mövzu təqib edərsə, er-gec bütün oxucularını da zəhərləmiş olar. Kəskin, ciddi və mətin bir yolda yazılmışsa, şübhəsiz qaredə də eyni fikri, eyni duyğunu oyandırmış olar.” (3, IV, 234)

Romantiklərimizin bu istiqamətdə söylədikləri fikirlərdən məqsəd yazıçıları vətəndaşlıq ruhlu və məzmunlu əsərlər yazma-ğa sövq etmək idi. Azərbaycan romantikləri həm bədii yaradıcı-lıqlarında, həm də ədəbi-nəzəri görüşlərində vətəndaş yazıçılara böyük qiymət verir, onlara olan rəğbətlərini gizlətmirdilər. A.Səhhətin, A.Şaiqin, M.Hadinin Sabirə, Seyyid Əzim Şirvaniyə və başqalarına həsr etdikləri şeir və məqalələrdə birinci növbədə həmin yazıçıların vətəndaşlığını ön plana çəkilir, onların millət, vətən qarşısında xidmətləri geniş şərh edilirdi. Bu şərhlərlə ro-mantiklərimiz bir tərəfdən haqqında danışdıqları sənətkarlara hörmət və məhəbbətlərini ifadə edirdilərsə, digər tərəfdən həmin sənətkarların vətənə, millətə xidmətlərini qabartmaqla yazıçılar-da vətəndaşlıq mövqeyini fəallaşdırmağa çalışırdılar. Nümunə üçün Səhhətin və Şaiqin Sabir haqqında yazdıqları məqalələrə diqqət edək. A.Səhhət yazırdı: “Sabir əfəndi millətdən ötrü çalı-şırdı. O, aşiq idi. Ondan gördüyü tən və ləndən, təfkir və təhqir-lərdən, yağış kimi üstünə yağan töhmət və nifrətlərdən əsla geri getməyib öz məsləkində kəmali-səbati-əzmlə davam etdi və sev-gili millətinə xidmətdən bir an qafil olmadı.” (28, II, 20)

A.Şaiq də böyük satirikimizin əsərlərini çəvahirat ilə dolu na-dir xəzinəyə bənzədərək deyirdi: “Sabir əfəndi millətinə soltanla-ra müyəssər ola bilməyən girənbəha cəvahirat ilə məmlüvv xəzi-neyi-nayab buraxdı da getdi.” (30, IV, 116) Göründüyü kimi hər iki şair Sabirin millət qarşısında xidmətlərini, millət üçün çalışdı-ğını xüsusi olaraq vurğulamışlar.

Sənətkarın vətəndaşlıq mövqeyini önə çəkib təqdir edən fikir-lərə təkcə Sabir deyil, başqa yazıçılar, mədəniyyət xadimləri haq-qında yazılmış məqalələrdə də sıx-sıx rast gəlirik. H.Cavid “Na-kamlıq” məqaləsində həyatdan gənc ikən getmiş Abdulla Surun “təşəbbüsatda bulunub vətən yavruları üçün, onların tərəqqiyatı üçün çalışıb-çapalamaqda” (3, IV, 216) olmasını nəzərə çatdırırdı. Yaxud Qurbanəli Şərifzadə haqqında yazdığı nekroloqda onu “səmimi millət xadimlərindən biri” kimi qiymətləndirərək xid-mətlərini belə qeyd edirdi: “Mərhum vaxtında bir çox qəzetlərdə iştirak edir, bəzi səmimi cəmiyyətlərdə çalışır, həqiqi bir millətse-vər (seçdirmə mənimdir-V.Ə) ruhu ilə öz arkadaşlarını düşünür-dü.“ (3, I, 238)

Azərbaycan romantikləri haqqında söhbət açdıqları sənətkar-ların vətən, millət yolunda xidmətlərinin əvəzində mürtəce qrup-lar, cahil insanlar tərəfindən həmişə məhrumiyyət, təhqir və lə-nətlərə məruz qaldıqlarını göstərir, lakin bütün bunlara baxma-yaraq onların öz vətəndaşlıq fəaliyyətlərindən əl çəkmədiklərini də xüsusi qeyd edirdilər. A.Səhhət yazır ki, Sabir “kəmali-məta-nətlə öz əzmində səbat edib sevgili millətindən gördüyü əza və cəfadan, yağış kimi üstünə yağan təfkir və təhqirlərdən əsla geri getməyib öz məsləkində davam edir.” (28, 11, 29) M.Hadi Seyid Əzimdən danışanda bu məsələyə daha çox yer ayıraraq, mərhum şairin qaraguruhlarla mübarizəsini qəhrəmanlıq səviyyəsinə qal-dıraraq göstərirdi ki, “S.Əzim çox-çox acı və yaxıcı təhqirlərə, zəhmət və əziyyətlərə sinə gərmiş, bununla bərabər yenə də tə-rəqqi və təalidə-millət xüsusundəki əfkarını söyləmədən bir dür-lü mən nəfs edəməmiş, söyləmiş, söyləmiş, söyləmişdir. Zülmət əsakirilə daima çarpışmışdır. İştə şücaəti-mədəniyyə, cəsarəti ədəbiyyə və ictimaiyyə buna deyirlər. Bu yoldakı mücahidə və mübarizələrində hər nə qədər təhəmmülsüz və taqətgüdaz mane-lərə təsadüf etmiş isə də inkisari-əmələ düçar olmamış, iləriyə doğru yürümüşdür. Sögmüşlər, dögmüşlər, lakin Fikrət bəgin de-digi kibi: “ona hər zərbə şəfa, hər açı söz bir müjdə, bir nəvid, bir bəşarət istiqbal olmuşdur.” (17) Səhhət və Hadi bununla müasir-ləri olan yazıçılara üz tutaraq sanki demək istəyirdilər ki, heç bir cəfa, zülm, maneə, hədə-qorxu sənətkara vətəndaşlıq borcunu və fəaliyyətini yerinə yetirməkdə mane ola bilməz, mane olmamalı-dır. Sənətkar hansı şəraitdə olursa-olsun fəal vətəndaşlıq mövqe-yini qoruyub saxlamalıdır.


Страницы книги >> Предыдущая | 1 2 3 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации