Текст книги "Azan gəmilər limanı"
Автор книги: Yaşar Bünyad
Жанр: Современная зарубежная литература, Современная проза
сообщить о неприемлемом содержимом
Текущая страница: 1 (всего у книги 4 страниц) [доступный отрывок для чтения: 1 страниц]
Yaşar Bünyad
Azan gəmilər limanı
Hər dəfə sən kitab oxuyanda əlindəki kitaba görə ağaclar sevinir və ölümdən sonrakı həyata inanırlar.
Yaşar Bünyad. Azan gəmilər limanı.
Bakı, “Köhlən” nəşriyyatı, 2019.
© Yaşar Bünyad / 2019
© Köhlən Nəşriyyatı / 2019
ISBN 978-9952-8360-3-5
facebook.com/kohlanpress
instagram.com/kohlanpress
twitter.com/kohlanpress
055 3599923 / 050 2229511
Bütün hüquqlar qorunur. İcazəsiz olaraq hər hansı şəkildə yayımlanması QADAĞANDIR!
Yaşar Bünyad 1956-cı ildə Şamaxı rayonunun Əngəxaran kəndində anadan olub. S.M.Qənizadə adına 5 saylı orta məktəbi bitirəndən sonra, təhsilini Azərbaycan Kənd Təsərrüfatı institutunda davam etdirib.
1997-ci ildən 2015-ci ilə qədər Rusiyanın Saratov vilayətində yaşayıb. “Azan gəmilər limanı” müəllifin üçüncü kitabıdır. Bundan qabaq “İblis busəsi” (roman) və “Miqrant” (hekayələr) kitabları çap olunub.
Romanda Qismət adlı gəncin taleyindən bəhs olunur. Atası Qisməti müharibədən qurtarmaq üçün Rusiyaya qaçırdır. Müəllif Qismətin timsalında, doxsanıncı illərdə dolanışıq dalınca Rusiyaya gedən minlərlə azərbaycanlının həyat yoluna işıq salır.
Azan gəmilər limanı
Əzabdan qurtulan hər kəsə…
Batan gəminin suya atılan yükü kimi kənara atıram ümidlərimi. Ömrümün divarında bir gün yenə kəndir dayanıb qapı yerinə…
Vaqif Səmədoğlu
Göydən qar yox, elə bil daş yağırdı… Əslində quşbaşıydı yağan – lopa-lopa, ağappaq pambıq kimi. Baxan elə bilərdi, yüngül yel titrədən bəyaz tül pərdəydi, göydən asılıb yellənirdi qənşərində. Daş nə gəzirdi göylərdə?! Sərsəm adamın ağlına gələrdi bu. Hələ ki ağlı başındaydı. Qol-budağı çətirə bənzər küknar ağacının altına düşmüşdü, üst-başına ki tökülmürdü, nədən daş bilsin ki?
“Qəfil zərbədən gözlərimə zülmət çökmüşdü – nədi, dünya qaranlığa büründü, qeybdən gəlirmiş kimi anlaşılmaz səslər də qulaqlarımı deşirdi. Heç nə görmür, ancaq eşidirdim. Səslər çaşdırmışdı məni, səslər… Onsuz da aça bilmirdim – gözlərim xeyli yumulu qaldı, əllərim də üstündə. Nəydisə şaqqaşaraq şaqqıldayırdı, elə bil coşub-daşan dağ çayının qırağındaydım, yaz seli qənbər daşları biri-birinə çırpışdıra-çırpışdıra bir addımlığımdan qovub aparırdı. Sanki irəliyə bircə addım atsaydım, ata bilsəydim, quduz dalğalar qoynuna alıb lap dünyanın o başına aparacaqdı məni… Qulağımdı səsə düşən… İlahiii, bu nə vaxt bitəcək?! Bir canlı həniri duymaq üçün ciyər dolusu nəfəs alıb bağırmaq istədim, səsim içimdəcə öldü. Uğultunu “boğmaq” üçün başımı ovuclarımla bərk-bərk sıxdım, ovxaladım, ovxaladım… Beynimə tıxılıb qalmış hayhəşiri qovmağa çalışdım. Nə qədər vaxt ötmüşdü, on dəqiqəmi, bir saatmı, anlaya bilmirdim. Sanki yer kürəsinin bütün saatları çıq-çıq çıqqıldayırdı, amma əqrəbləri qırılmışdı – vaxtı göstərmirdi. Gecəsi gündüzünə qarışmışdı dünyanın. Kor dumanda itmiş gəmiydim – arxam haraydı, qənşərim hara, ayırd eləmirdim, eliyə bilmirdim, dayanıb təmkinlə gözləyirdim, nəyi gözləyirdim, duman ötəndən sonra hara gedəcəkdim, özüm də bilmirdim. Başımın içində, lap dərinliyində dolananlar mənə həm tanışıydı, həm də yad. Səbrimi basan, “hələ döz” deyən də o tanış duyğular idi, yad olanlar beynimi qarışdırırdı…”
…Handan-hana vücudunu tar-mar edən uğultu yavaşıdı, bir az toxtadı, başındakı küt ağrı səngidi, deyəsən ağlı başına qayıdırdı. Bəbəklərinə sarılmış qara tor da üsulluca əriyib yox oldu. Gözlərinə işıq qayıtdı. Bayaqdan içində ölmüş səsi də dirildi: “Sən özün kömək ol, İlahi! Eşidir…sən?..” Elə kallaşmışdı ki, səsini özü də tanımadı. Gör neçə il idi bu halları keçirmirdi. Gör neçə il idi beləcə ölüb-dirilmirdi. Neçə ildi heç Tanrıya da belə ağız açmırdı. Deyəsən Tanrı da ancaq əlacsız durumda ona üz tutan məxluqlarının etibarsızlığıyla çoxdan barışmışdı…
Uzaqda, lap uzaqlarda, cərgə-cərgə göyə tuşlanmış top lüləsinə bənzər bacalardan rəqs edirmiş kimi burula-burula göyə qalxan bozumtul tüstü diqqətini çəkməsəydi, ətrafda nə kəndi, nə də üfüq boyu uzanan ucsuz-bucaqsız ağcaqayın meşəsini ağlına gətirə bilməzdi. Ağaclar kimi kənd də qarın altında itibbatmışdı, təkcə kərpic bacalar məğrur-məğrur dikəlmişdi göy üzünə – qara-borana təslim olmurdu. Azca sevindi. “İtlər hürsəydi eşidilərdi. Kənd ola, iti hürməyə? Heç işıq da gözə dəymir. Deməli uzaqdı, çox…” Ani təsəllidən ürəyi sakitləşsə də, bu mənzərə ona boş ümiddən özgə bir şey vermədi; axı ora çatacaq, yetəcək halı nə gəzirdi?! Ona elə gəldi ki, düşdüyü halla necə, nə qədər getsə də, bu bəyazlıq bitən, tükənən deyil. Eee… uzağı yaxından ayırmaq olmurdu. Burada göylə yer iç-içəydi; sanki doyunca sevişib yorulan sevgililər qol-boyun olub sakitcə uyuyurdu. Özgə vaxt olsaydı, qarşısında açılan təkrarsız, göz oxşayan mavi-bəyaz mənzərəyə heyranlıqla baxıb sevinərdi. Ayın parlaq işığında ətraf elə qüsursuz, elə bakirəydi, sanki tanrıyla şərik olmağa iddialı rəssam fırçasından çıxmışdı. Onunsa ürəyi açılmırdı. Özgə vaxt olsaydı… İndi isə nəinki “dünyanı xilas edəcək” gözəlliyə, hətta başına gələnlərdən sonra gözündən düşmüş öz cılız varlığına belə nifrət edirdi. Yıxılanda, qarın üstüylə xeyli diyirlənmişdi. Əzələləri göynəyirdi. Deyəsən hündür qar təpəciyinə ilişib dayananda çiynini azca zədələmişdi də. Azca yox, lap əməllicə əzilmişdi. Özünə gələnə qədər xeyli arxası üstə qaldı. Başı üstündə şaxtanı vecinə almayan qoca küknar ağacının yamyaşıl iynəli budaqları çətirlənirdi. Budaqlarından sallanan qəhvəyi-gümüşü qozalar yeni il oyuncaqlarını xatırladırdı. Yadına düşdü ki, bayrama az qalır. “Atam deyərdi ki, əvvəllər hər evdə canlı yolka bəzənərdi, şam meşəsinin ətri bir həftə evdən getməzdi, o ləzzəti də çox gördülər, əvəzində eybəcər plastmas yolkalar evlərə ayaq açdı. Cansızlaşdı hər şey…” Duyğuları onu bir anlığa qarlı-çovğunlu rus çöllərindən qoparıb uzaqlara – qışı qarlı olsa da, küknarı, yeni il bayramı yamaq kimi görükən məmləkətinə apardı, xəyalən həyətlərini dolandı, ağacın çılpaq budaqlarında “bu da Qismətin qisməti” deyib saxladıqları büzüşmüş narıncı xurmaları qoxudu, evlərini addım-addım, otaq-otaq gəzdi, amma bayramdan əsər-əlamət görmədi; nə saxta, nə doğruçu yolka, nə də yanıb-sönən işıqlar vardı. Heç anası da gözünə sataşmadı. Yaxşı tanıyırdı anasını, yolka bəzəmək nədi, onsuz heç bayram qazanı da asmazdı axı. Evləri suyu qurumuş dəyirmanıydı ki durmuşdu. Kövrəldi… Xoş, çox tanış bir qoxu doldu burnuna. Uşaqlıqdan xoşladığı sabun qoxusuydu, şamlıqdan gəlirdi… İlk yadına düşən “peycer”i oldu. Əlini tez sağ böyrünə toxundurdu. Heç olmasa mesajlaşıb vəziyyəti başa salardı… Yanılmırdısa, səhər kəmərinə pərçim etmişdi, adət etdiyi kimi sol tərəfdən. “Zibilə qalmış, evdən çıxanda götürmüşdüm axı?” – deyib iki əlini də belində gəzdirdi. Yox idi. “Yəqin yıxılanda düşüb, bəlkə də vaqonda. İndi gəl, qarın içində peycer tap, görüm necə tapırsan! Zibil!.. Bir ətək pul vermişdim. Hayıf…”
Ancaq bilmədi peycerə, yoxsa ona verdiyi pula hayfı gəldi. Ayağa duranda hirsini soyutmaq üçün təpəciyi dağıtmaq gəldi ağlına. Amma nə xeyri, nə qədər əlləşdisə, qar küməsini dağıda bilmədi. Alt qat yaman bərk idi. Ayaqqabısının dabanıyla bir az tappıldatdı, tappıldatdı, amma təpəciyi azca dağıda bildi. Payızda meşədən kiminsə topladığı, lakin apara bilmədiyi quru ağac budaqları, daşınması rahat olsun deyə bir adamboyu doğranmış odun parçalarıydı, qış düşəni yağan qarın altında donub daşa dönmüşdü. Düzdü, donmuş odun kopasını təpiklədikcə bədəninin qırışığı açılırdı, azca istilik gəlirdi canına, amma bu mənasız “əyləncə” də onu tez yordu. Sakitləşməyə çalışdı.
“Bu təpəcik olmasaydı, yəqin, ya o yoğun gövdəli ağaca, ya Allah bilir, başqa nəyə çırpılıb şil-küt olacaqdım. Bəxtim gətirib. Yaxşı ki əvvəl çiynim toxunub. Başım dəysəydi, indi al qanın içindəydim. Ya da ölmüşdüm… Nə olardı!.. Ürəyimə gəlir ki, bəlkə tanrı məni sınağa çəkir? Yoxsa bu nə oyun idi mən düşmüşdüm?… Bir Tanrı milyardnan insana necə nəzarət edə bilər? Pah, lap elə indicə yadına mən düşürəm… Hələ heyvanları, bitkiləri demirəm… Görsəydi, bu günə düşməyimə imkan verməzdi. Vallah, düz deyirəm. Ümumiyyətlə, bu nə həyatdı mən yaşayıram, hə? Buna bəxti gətirmək demək olsa, deməli özümü hələ ki xoşbəxt sana bilərəm… Ürəyim bulandı. Xoşbəxt haa! Təsəlliyə bax, sən Allah! Tüpürüm belə bəxtə!”
Başına gələnləri, bu qarlı-qadalı məkana hansı şəraitdə düşdüyünü götür-qoy eləməyə başındakı küt ağrı, beyninin içindəki uğultu imkan verməsə də, toxtamağa, hər şeyi bittə-bittə yadına salmağa, dərk eləməyə çalışırdı. “Axı burda nə işim vardı?” Dağınıq idi fikirləri, yığıb-yığışdıra bilmirdi. Elə bil küknarlığa qarın içiylə diyirlənə-diyirlənə deyil, göydən düşmüşdü. Şəhərkənarı son dayanacağa gedən tramvay xətti boyu elektrik dirəkləri də heç görükmürdü. Bəyaz qar “udmuşdu” dirəkləri. Heç şəhərin işıqları da gözə dəymirdi. “Qismət…Görəsən babam adımı qoyanda hansı qisməti nəzərdə tutubmuş? Çox güman ki, Allah tamarzı valideynlərimə uzun illərdən sonra övlad, özü də oğul verdiyinə görə. Özgə ad qəhətmiş?! Bu da bir yazıdı – alın yazısı. Hər şey başqa cürə ola bilərdi axı…” Hələ ki, barmaqları sözünə baxırdı; əvvəlcə bütün bədən üzvlərinə toxundu, yaxşı-yaxşı yoxladı, boynunda, çiynində və sol dizindəki ağrını saymasa, şükür, çox yerinin salamat olduğuna sevindi. Burnundan axan qan da qurumuşdu. Azca toxtadı. Axı Allah eləməmiş, diz qapağı, ya qıçı sınsaydı, ha bağır, ha çığır, bu yiyəsizlikdə səsinə kim hay verəcəkdi? Ölüb qalacaqdı çöllükdə… Özünü okeanın tən ortasında gəmidən qovulmuş, üzməyi bacarmayan əlacsız, ümidsiz biri kimi hiss etdi və bu xof onu elə qorxutdu ki, udqunsa da, burula-burula xirtdəyinəcən qalxıb nəfəsini kəsən qəhərin acısını geri ötürə bilmədi. Səksəkəylə o yan-bu yana boylandı. Dünyadan əlaqəsi kəsildiyini, tək-tənha qaldığını indicə dərk etdi… və qorxdu. Özü də pis… İçində dərin bir boşluq vardı. Dibi görükməyən boşluq və qaranlıq! Göynəyirdi içi… Yeri-göyü silkələyəcək dəli bir çığırtıyla keyləşmiş vicudunu oyatmaq istədi. Ətrafında əli çatası, səsi yetəsi kimsənin olmadığını dərk etdikcə vahimədən bərəlmiş gözlərini qırpmadan qurğuşun kimi boğazına dolmuş qəhəri “qusmaq” üçün ağzını ayırıb var gücüylə bağırdı: “Aaaaaaa-aaaaa!!!.. Aaaağğıııı… ııııı…!!!” Yaxınlıqda bu əcaib naləni eşidən olsaydı, elə bilərdi küt qəməltiylə vəhşi öküz başı kəsirlər. Ancaq buza dönmüş göy üzündə çilik-çilik olan qorxunc bağırtını nə yaxında, nə də uzaqda eşidəcək kimsə yox idi. Küknar ağacının sıx budaqlarına qısılıb mürgülü-mürgülü ətrafa göz vuran bayquşları, veyil-veyil gəzişən qartımış qarğaları saymasaq, sanki dünya bomboş idi…
…Bu bəxt ki onda var, əgər atasının sözündən çıxıb döyüşə getsəydi, yəqin ki, indi torpağın altındaydı, çürüyüb qurdlara yem olmuşdu. Ölməsəydi də, ən yaxşı halda ayağının, ya qolunun birini, bəlkə ikisini də itirmişdi. Buna heç şübhəsi yox idi. Ancaq düşdüyü indiki vəziyyətini fikirləşdikləriylə müqayisə edəndə, nədənsə bir ayağını, lap iki qolunu da itirmiş döyüşçüyə həsəd apardı. “Heç olmasa yanında doğmaları olardı.” Havadan zəhrimar tökülürdü… Bir az soyuq, bir az həlim nə idisə gah yuxarıdan aşağıya, gah da aşağıdan yuxarıya kürəyində gəzişməyə başladı. Təpədən dırnağacan ürpəndi. Elə bil minlərlə qarışqa, ya da qırxayaq paltarının altından bədəninə daraşmışdı, dərisini örtmüş tüklərinin dibində qaçdıtutdu oynayırdı. Bədəni gah isinir, gah da buza dönürdü. Hətta, bədənini ürpəndirən məxluqları təsəvvürünə gətirib iyrənən kimi oldu. Üşütməsəydi üstündə nə vardısa, soyunub kənara atar, dayanmadan sinirlərini tarıma çəkən yaramaz təəssüratdan canını qurtarardı. Son vaxtlar özünü bu qədər narahat hiss etdiyi yadına düşmürdü. “Ay axmaq, dizəcən çıxan qarda qarışqa nə gəzir?” Qəfil gələn bu fikir ağlına batan kimi başa düşdü ki, vücuduna hakim kəsilən vicvicə qarışqa sürüsü deyil, vahimə və qorxudan oyanmış sinirləridi… “Bax, Qismət, insan belə havalanır! Deməli belə havalanır… Heç nədən. İşə bax e, sən demə, adi qarışqa, dünyanın ən zavallı həşəratı barədə fikirləşmək də adamı dəli edə bilərmiş?! Hələ ağlın başındadır, Allahına şükür elə. Özünü ələ al, düşdüyün vəziyyəti, şəraiti anla, aqibətinin sonunu düşün, yol tap… Yol… yol… Bəlkə yolum bitdi?!” Ayaq barmaqları sızıldamağa başladı. İki cüt corabı üst-üstə geyinmişdi, deyəsən ayaqqabısı balaca sıxdığından barmaqlarının ucu döyənək olmuşdu. “Bir bu çatmırdı!” İliyinəcən göynəyən bədəni düşmən qarşısında tərksilah olmuş döyüşçü qədər çarəsiz və aciz idi. “Siqaret çəkən olsaydım, üstümdə alışqanım, ya da kibritim olardı; yaxşı tonqal qalayardım, donmazdım. Odun axtarmağa da ehtiyac yox, budu, yığıb toplayıblar, yandırana minnət! Düzdü, odunlar yaş olar, amma küknar qozaları tez tutuşar, rayonda qaz kəsiləndə məktəbimizin həyətindəki eldar şamının iri qozalarını yığıb peçdə o qədər yandırardıq ki! Dızıldaya-dızıldaya qurunun oduna yaşın tutuşması, sonra da çırta-çırtla yanması başqa aləmdi… Gərək başlayam… siqaretə… zəhləm getsə də… Ən azından əsəblərimi sakitləşdirərdi… Əşi yox e, yoox… axmaq vərdişdi… Amma cibimdə alışqan-zad gəzdirsəm, pis olmaz. Ya da kibrit… Bircə səhər tez açılaydı…” Gecə indicə düşmüşdü ki?!…
“Nadirə nahaq inandım!… Nadirə nahaq inandım!…” – Sanki bütün olub keçənləri, keçmişini unudacaqmış deyə, havalıtək bunu təkrar edə-edə qurcalanır, vurnuxur, qəfil zərbədən silkələnmiş başından ətrafa “səpələnən yaddaşını” yığıb bərpa etmək istəyirdi. Yaddaşı sözünə baxmırdı heç. “Nadirə nahaq inandım… Axmağın yekəsiyəmmiş!… Xıdır kişi deyəndə ki yerrim olsa da, bu Nadirdən gözüm su içmir, kişidən inciyirdim. Nadirə Lenin burjuaziyaya baxan kimi baxırdı. Əşi, demə kişi adam tanıyan imış”. Onu vaqondan hansı itələmişdi, yadına sala bilmirdi, çünki Roma sınıq butulkanı boynuna dirəyib gödəkçəsinin zəncirbəndini açanda qorxudan gözlərini bərk-bərk yummuş, şüşə boğazını üzməsin deyə yerindən tərpənməmişdi. Ölümlə tük naziklikdə məsafədə olarkən ani səksəkədən dili-ağzı qıfıllanan, vahimədən quruyub qalan, beyni kütləşən adam başqa neyləyə bilərdi ki? “Əvvəldən bəla elə bil boyuma biçilib, məndən gen gəzməz”. Kənddə yaşayanda qonşu uşaqlarına qoşulub kolxoz bostanına oğurluğa getmişdi. Oğurluğun cinayət olduğunu qanmayan kənd uşağı iki-üç xiyar, üç-dörd pomidordan savayı bostandan nə apara bilərdi? Özü də gündüzün günorta çağı! (Oğurluğa gecə gedərlər!) Sən demə qarovulçu naharını bitirəndən sonra çardağın altında mürgü döyürmüş. Handan-hana bostana daraşmış uşaqların hay-küyünə oyanıb tüfəngdən havaya atəş açıb onları qovanda hərə bir yana səpələnib. Qismət həm yaşda, həm boyda balaca olduğundan, birinci güllə açılanda qorxudan ayaqları tutulub, sərilib dirriyin içinə. Qarovulçu onu yaxalayıb kolxoz idarəsinə aparanacan, qaçıb qurtulan uşaqlar onun atasına xəbər verir, özündən çıxan kişi gəlir idarəyə, əvvəlcə “oğru” yaxalamış qarovulçunu əzişdirir, ona qahmar çıxan cavan aqronoma iki yaxşı şillə çəkir ki, nolub, indi hamınız taraz adam olduz, biz oğru? Özünüz bütün günü maşınla daşıyırsız xarabanıza, dinmirik, hər gün arvad-uşağınıza, özünüzdən yuxarılara haram tikə yedirirsiz, bu bəs deyil, hələ ağlı kəsməyən uşağı da top-tüfənglə qorxuzursuz?! Pah, uşaq dağıtdı kolxozu, qoymayın!… Tüpürüm sizin kolxozunuza da, bostanınıza da, kişiliyinizə də!.. (Başqa söyüşlər də söymüşdü, deyiləsi deyil). Qismət atasının bu hərəkətindən qürrələnmiş, özlüyündə hər şeyin bitdiyini, atasının hirsinin soyuduğunu düşünmüşdü. Sən demə “toy” sonraydı, atası camaatın içində ona əl qaldırmaq istəməyib, amma evə çatanda, elə doqqazın ağzındaca toqqasını çıxardıb onu it küçüyü kimi zingildəyənə qədər çırpmışdı, anası da əlindən ala bilməmişdi. “Hər zatıqırığın qənşərində məni üzüqara etməyin qalmışdı! Mənim oğlum harama əl uzatmamalıdı, eşitdin?!” – deyib, toqqasını arvadının üstünə tullamışdı. O gündən hər dəfə atasının səsini eşidəndə ürəyi yerindən çıxardı, qaranəfəs olub otağına çəkilər, saatlarla dinib-danışmazdı. Yuxuda sayıqlaması, tər içində oyanıb qışqırması səngiməyəndə, anası: “Əllərin quruyaydı, Qəfər, necə ürəyün gəldi, əlün necə qalxdı fağır balama?” – deyib nalə döyərdi. Oğlunun günü-gündən ağırlaşan vəziyyətindən narahat olmuş atası onu rayonun ən yaxşı həkimlərinə göstərmişdi. Bir neçə aya xəstəliyinin bəzi əlamətləri yox olmuşdu. Rayon mərkəzinə köçəndən sonra iki ildən çox müalicə alsa da, xroniki qorxu sindromundan yaxa qurtara bilməmişdi Qismət. Balaca qorxan kimi bədəni qıclaşır, haldan-hala düşür, burnundan qan açılmayınca sakitləşmirdi…
…Qeyri-ixtiyarı əli boynuna toxundu. Barmağıyla hiss etdi ki, yüngülcə çərtilib. Sonra burun dəliklərində qurumuş qanı ovdu. “Öldürmək fikri olsaydı ani hərəkətlə boğazını üzə bilərdi. Təzə sınmış butulkanın şüşəsi ülgücdən də iti olur axı. Yəqin ayaq üstə öldüyümü görüb, daşınıb fikrindən… Onun məqsədi qorxutmaq olub, qorxutmaq!.. Yox, itələyən Roma deyildi. Dəqiq… Nadir?.. Yox, o, aralıydı deyəsən… Bəs o adını bilmədiyim sarıpişto, çopur gədə, bəlkə o?… Məni kim itələdi axı?!”
Hər şey o qədər qəfil və gözlənilməz olmuşdu ki! Diz qapağının zədələnməsi də, yəqin havada mayallaq aşıb tarappıltıyla yerə sərilməyindən olub. “Peycer”i də onda düşüb belindən… “Öldürüb cəmdəyimi zibil paketi kimi çölə tullaya bilərdilər. Qorxublar ki, sürücü onları ələ verər? Vaqonda sürücü qadından başqa onlara mane olacaq kimsə yox idi axı? Düzdü, butulkanı oturacağın kənarında sındırıb, söyüş söyə-söyə məni divara dirəyəndə, sürücü az qala tramvayın əyləcini basacaqdı, amma Nadir onun üstünə çığıranda tez fikrindən dönmüşdü. Hər ehtimala qarşı iri vint açanı əlində bərk-bərk saxlasa da qorxudan əsirdi, necə olmasa yaşlı qadındı, vaqonda da üç sərxoş, başıpozuq dəliqanlı. Cavanlar da ki içdi, üzün görməyəsən, dədələrini də tanımazlar. O qədər vəhşiliklər törədirdilər ki, danışılası deyil! Ucu-bucağı bilinməyən sahibsiz ölkə, hər tinbaşı yiyəsiz, avara uşaqlar, beşindən biri də narkoman… Allah göstərməsin, belələrindən nə gözləyəsən?!.. Yaxşı qurtarmışam…” Nə fikirləşdisə gödəkcəsinin sağdakı döş cibinin zəncirbəndini açdı. Pasportu, bileti yerindəydi. Sonra da əlini tələsik sol cibinə saldı. Cibin ağzı açıq, içi boş idi! “Heç nə yoxdu ki?! Bəs pullar?..” Əvvəlcə elə bildi neçə müddət gecəsini gündüzünə qatıb, istirahət, normal yuxu, doyunca yemək nə olduğunu bilmədən işləyib-yığdığı pullarını diyirlənəndə cibindən salıb. Ona görə də arxaya dönüb yuxarıdan aşağıya sürüşərək diyirləndiyi yerlərə göz gəzdirdi. Axşam olmağına baxmayaraq ayın sarımtıl işığında hər yan apaydın görünürdü, qara paketə büküb belini möhkəm səridiyi bağlamanı ağappaq qarın içində tapmaq çətin olmazdı. Diyirlənəndə bədəniylə tapdaq elədiyi yumşaq qarı ələk-vələk eləmək az vaxt çəkərdi. Birdən yadına düşdü ki, yox, bağlamanı döş cibinə qoyub zəncirini axıracan çəkmişdi, nə qədər diyirlənsəydi də pul bağlaması cibindən düşə bilməzdi. “Oğraşlar! Əclaflar! Götürüblər, hamısını götürüblər, ha-mı-sı-nı!.. İndi başa düşdüm… Ay sizin ananızı!..” – deməyilə, boğub içində saxladığı hıçqırıqları üşütmədən titrəyən çənəsinin, şaq-şaq şaqqıldayan dişlərinin səsinə qarışıb, az qala qulaqlarının pərdəsini dağıdacaqdı. İndicə dünya dağılsaydı belə qulaqlarındakı bu vəhşi uğultudan heç zad eşitməzdi. Gözlərinə də gücü çatmadı; nə illah elədisə, bayaqdan bəbəklərini yandıran acı göz yaşlarını boğub saxlaya bilmədi…
Hər tərəf süd kimi apaydın olsa da, üzündəki zəhrimarı gizlədə bilməyən uzun bir gecə vecsiz-vecsiz mürgü döyürdü… Deyəsən səhərin göz açmaq fikri yox idi. Elə bil, yer kürəsi də iki ayağını bir başmağa keçirib fırlanmaqdan vaz keçmişdi. Nə qədər sarsıdıcı, ürək üzücü dəqiqələr, saatlar vardı qabaqda, bilmirdi. Tənhalıq, soyuq, aclıq bir yandan, başında xəşil kimi qarışmış fikirlər, cavabsız suallar da bir yandan onun bu miskin, ağır-ağır can verən xəstəyə bənzər gecənin yaxasından qurtulacağına ümidini itirirdi…
“Müharibə ayrılıq və ölüm gətirir. Ayrılıq və ölüm doğuluşdan boyuma biçilmişdi sanki. Müharibə olmasaydı mənim burda nə azarım vardı axı?!”
…Həmişə inanardı ki, xeyir şərə qalib gələr; nəhəng divləri, yeddi başlı əjdahaları ağılla, təmkinlə də məğlub etmək olar, cırtdan olsan belə. Uşaq olanda babasından çox eşidərdi:
– Nağıllarda biri olur, biri yox. Həyatda isə “yox”lar daha çoxdur, lap çox… Heç düşünmüsənmi, nağıllar niyə xeyirin qələbəsiylə bitir?
– Bu ki yaxşıdı.
– Əlbət… Amma həyatda heç də belə olmur. Məncə, nağılları zor qarşısında aciz insanlar təskinlik üçün uydurublar. Ağlın gücüylə zora zor gələ bilmədiklərindən… Böyüyəndə görəcəksən ki, indi qorxduğun o “divlər”, “əjdahalar” əslində bizim kimi insandı, bizimlə eyni havadan udur, bir şəhərdə, bir küçədə, hətta eyni binada yaşayırlar. Başa düşdün?.. Nağıl düzüb-qoşmağa nə var ki?!
– Baba, Hitler əjdahaydı?
– Hitler? Hitler əclaf idi!.. Elə Stalin də…
– Stalin də? Axı o, faşistlərə qalib gəlmişdi?
– Milyonlarla günahsız insanın ölümü bahasınamı?.. Bilirsən, dünyanı əlində silah döyüşənlər yox, onları silahlandırıb ölümə göndərən əjdahalar idarə edir… Dünyanın yarısını qəssabxanaya, məzarlığa çevirmək qəhrəmanlıq deyil, bala, faciədi! Acgözlük, şöhrət, sərvət, paxıllıq, mənəm-mənəmlik, yersiz didişmələr varsa, müharibələr də olacaq. İndi də hər yerdə mənasız qanlar tökülür. O vaxt da eləydi, indi də. Qardaş qardaşın qanına susayıb… İnsanlar sevməyi bacarmır. Hamı qana yerikləyib elə bil… Böyüdükcə babasına haqq qazandırdı Qismət. Çünki bu balaca dünyada qan-qada çoxalıb, çoxalıb onun evinəcən yol eləmişdi, düz doqqazınacan! Hava da, su da, torpaq da qan qoxurdu. Kəndlər, şəhərlər kiçilir, qəbristanlıqlar böyüyürdü… Dünya isə əvvəlki boydaydı, heç böyümürdü…
– İndi nə nağıl deyən qocalar var, nə qulaq asan uşaqlar. İndiki uşaqlar çox tez yekəldilər, oyuncaqsız, sevgisiz qaldılar. Adamın ürəyi göynəyir. Hara baxırsan alver edən, ayaqqabı təmizləyən, maşın yuyan, dilənən uşaqları görürsən; cır-cındırda, kirin-pasın içində, əyləncəsi, oyuncağı, kitabı əlindən alınmış uşaqları… Onlar hələ yazılmayan nağılların qəhrəmanlarıdı… Yəqin ki, vaxt gələcək, sən də öz nağılını uyduracaqsan. Əlin çatmayanları nağıllarında tapmaq üçün…
Babasıyla höcətləşməyə nə cəsarəti, nə də hövsələsi olmamışdı Qismətin, amma inanmışdı ona. İnanmışdı ki, necə şirin, sonu nə qədər nikbin bitsə də, nağıl elə nağıldı, təsəllidi, cənnət-cəhənnəm kimi. “Nağıllarla aldadıblarmış bizi. Göydən də üç alma düşərmiş?!.. Böyüklər bizi uydurduğu şirin nağılların tilsiminə salıblar, gözümüz göylərdə alma gözləmişik… Sonradan anlamışıq ki, alma ya bağbanın başına düşər, ya da Nyutonun. Başına alma düşən hər bağbandan da Nyuton olmaz!”
İndı bu uzun, cansıxıcı gecənin bitməsini gözləməyə səbri tükəndikcə fikirləşirdi ki, nə qədər ki əjdahanın bir başını kəsəndə yerində ikisi, üçü əmələ gələcək, bu dünya şərdən xilas olan deyil, çünki əjdahalar günbəgün artmaqdadı…
…“Gecənin zülmətində ürəyimi yeyə-yeyə, keçi kimi qəmbər daşların üstüylə tullanıb Samur çayını keçəndə, olmayan ağlıma qayıtmaq düşmüşdü ha, gərək onda dönəydim. Cəhənnəm olaydı hər şey, atamın çəkdiyi xərc də, onun oğul sevgisi də!.. Qayıdıb gedərdim, tutub lap ön cəbhəyə aparaydılar, nolsun əlimə silah almamışam, öyrənərdim, guya könüllülərin hamısı hərbiçiydi?.. Yoxsa, halallıca yurdundan, rahat ev-eşiyindən tanımadığın, bilmədiyin yerə göndər ki, nə ola ola? Mən maymağ, bir kəlmə demədim ki, ay ata, məni bir oddan çıxarıb başqa oda niyə atırsan? Kimin var orda, kimimiz var? Qardaşın, dostun, kimin?… Axı müharibəyə gedənlərin hamısı ölmür, həm də öldürür?.. Lap öləcəydim, qoy öləydim, minaya düşəydim, lap it kimi gəbərib murdar olaydım! Guya dünya nəsə itirəcəkdi? Sən də, anam da uzağı bir il ağlayıb-sıtqayıb sonra kiriyəcəkdiz. O qədər oğlu ölən atalar, analar var ki!.. Nə bilmək olardı, bəlkə mənim alın yazım hünər göstərmək, şəhid olmaq idi?! Kim qəhrəman doğulur ki? “Mənim əsgər balam, kişi balam!” deyərdin uşaqlıqda, noldu?! Qoymadın kişi kimi yaşayıb, kişi kimi ölməyə. Qıymadın… İndi yəqin ki yorğanını başına çəkib xoruldayırsan, heç yadına da düşmürəm. Yadında olsam da, rahatsan. Bu buzxanada gəbərsəm heç xəbərin də olmayacaq… Bu çəkiləsi yük olmadı, dədə, vallah olmadı… “Bir ətək pul verib nasaz uşağı cəhənnəmə göndərmə” – demişdi yazıq anam… Sən nə cavab vermişdin? “Toyuq başı kəsəndə əlləri əsən gedib orda nə pox yeyəcək? Veyil-veyil tində durub onun-bunun dalına baxmaq deyil müharibə. Bəlkə o qədər xərc çəkib vayenkomatdan sənəd-sünədin boş yerə götürmüşəm, həə?! Yox! Gedər, ara sakitləşənəcən qalar, sonra Allah kərimdi, qayıdar daa. Onsuzda dərəbəylikdi, kimin toyuğu kimin samanlığında kürtə gedir, kimin küllüyündə eşələnir, bilən yoxdu.” Elə bilirdin eşitmirdim? Eşidirdim, ata, hər şeydən xəbərim vardı. Toyuq başı kəsməyi sən qadağan etmişdin. Qandan qorxduğuma görə əllərim əsirdi. Elə xəstələnməyimin də səbəbi sən deyildinmi, ata? Bircə dəfə günahını etiraf etmədin. Cəsarətin çatmadı. Bəlkə də içindən qovruldun, əzab çəkdin, gizlincə ağladın, amma dilinə gətirmədin… Demə sənin sevgin buymuş. Öz sevginlə məni, yeganə oğlunu dərin quyuya sallayıb, kəndiri kəsdin, ağzını daşla qapadın, bilirsən?.. İndi əzab çəkirəm, ata… Sənin sevginin əzabını… Bəlkə də başıma gələn bəlalarda atamı qəddarcasına günahlandırmaqda haqlı deyildim. Nə bilim. Axı o 90-cı ilə kimi cibində “partbilet” gəzdirsə də, Allaha inanırdı, azadlıq hərəkatına yardım göstərirdi, qırmızı partbiletini də ilk yandıranlardan idi. Və birdən-birə, oğlunu müharibəyə apararlar deyə əqidəsinə, amalına nədən dönük çıxmışdı? Ondan yaşlı kişilər əlinə silah götürüb vuruşarkən, soyuq səngəri isti yatağından üstün tutarkən ağzına su alıb durmağı bir yana, oğlunu da biqeyrətlər cərgəsinə qoşmağı mənə çatmırdı. Mən xəstəyəm, şikəst deyiləm ki?! Fəxrlə: “Mənim əsgər balam!” deyə əzizlədiyi oğul, namusunu, torpağını qoruyacaqdı axı. Məgər analar oğulları “düşmən çəpəri” deyə doğmurmu? Vətən yoxdursa oğul, düşmən yoxdusa çəpər nəyə, kimə gərəkdi?!” Cavab tapa bilmədiyi suallarla birgə cəsarətsizliyi, fərsizliyi onu üzürdü… O vaxtlar nizami ordu yox idi. Əvəzində, hər kənddə “düşmən çəpəri” olan dəliqanlılar, igidlər vardı, qeyrət-namus vardı, bir ovuc torpaq uğrunda ölümün gözünə dik baxan kişilər, qadınlar vardı, təkcə… təkcə silah yox idi. Silah!!! Ordu bir yana, məmləkətin düçar olduğu bəlanın nəticələrini dərk etməyən, bəlkə də dərk etmək istəməyən, qucaqda oturmağa adət etmiş, böyük imperiyanın dağılmasıyla barışmayan başıpozuq kommunistlər sağlam hökumət qurmağı bacarmadılar. Səriştələri yox idi. Heç demokratiyadan dəm vuranların da!.. Azad, müstəqil qərarlar çıxarmaqda acizlik, bəzən qorxaqlıq nümayiş etdirən rəhbərlər xalqı düşdüyü vəziyyətdən çıxarmaq əvəzinə evlərdə olan tək-tük ov silahlarını da müsadirə etmişdi. Döyüş meydanında əli yalın, başsız qaldığını görən camaat mal-qarasını, pula gedən hər şeyini silahla dəyişdirirdi, təki qeyrət əldən getməsin, namus tapdaq olmasın!.. Demə müharibənin özgə sifəti də varmış!
Atasının ən çox ehtiyat etdiyi, sorğusuz-filansız tutub cəbhəyə aparılacağıymış. Yararlısan, xətəsən, əsgərlikdə olmusan ya yox, soruşan nə gəzirdi, tutub mindirirdilər avtobusa, haydı, ön cəbhəyə! Neçə dəfə görmüşdü, bir az boy-buxunlu məktəb uşaqlarını da basmışdılar maşına. Ona görə institutdan tətilə gələndə bərk-bərk tapşırmışdı ki, evdən bayıra çıxıb sülənməsin. Bəlkə də anasının Cəvahir xala kimi dəli olmasından qorxurmuş?..
“…Cəvahir xalanın oğlunu küçədən tutub apardıqları üç ay olmazdı. Yazıq arvada xəbər gələndə ki, ermənilər İmranı əsir götürüb, az qala ürəyi partlayacaqdı. Yadımdadı, təp-təzə hərbi formada, sinəsinəcən sallanan cod saqqallı, qırmızı gözlü, yekəpər “komandir” soraq tuta-tuta gəlmişdi kəndə. Ağsaqqal-qarasaqqal onu dövrəyə almışdı. Arvada ürək-dirək verib demişdi ki, xala, uşağa görə narahat olma, ermənilərlə əlaqə saxlayıb əsirləri geri ala bilirik. Tək sənin oğlun deyil əsir düşən. Vəziyyət belədi ki, vicdansız əclaflar hər əsirə, hətta meyidə görə yanacaq, ya da pul tələb edir. Hökümət öz hayında, kömək yox, bizim də nə pulumuz var, nə yanacağımız. Onların şərtinə görə bir həftəyə çatdırmasaq… Bilirsiz, özbaşınalıq baş alıb gedir, vallah, it yiyəsini tanımır…
Sonra bir kağıza uşağın döyüşdüyü dəstənin yox, əsirləri dəyişməyə cavabdeh adamın ad-soyadını, olduğu qərargahın yerini yazıb tapşırmışdı ki, tələsmək lazımdı, deyilən vaxta əlli min pul olsa, bəlkə uşağı xilas etmək olar. Yenə özünüz bilin.
Daş düşmüşdü, kül ələnmişdi Cəvahir xalanın başına! “Can balam, can! İstəyimi ürəyimdə qoyan, sinəmə dağ çəkən balam, vay!.. Mənim əlli dənə bitim yox, indi neynim, qapı-qapı düşüb pul dilənim?.. Ay camaat, od parçası kimi uşağımı əlimdən alıb aparanda adıbədnam hökümətnən şərt kəsmişdim ki?! Ay Allah, sən hara baxırsan, yetim-yesir bəlaya düşəndə gözün niyə bağlanır, yuxu niyə basır səni?!” – deyib qarğımış, gah hökumətə ah-nalə tökmüşdü, gah da Tanrıya. Mitinqlərin səngiməyən vaxtlarında camaat elə bil dirçəlmişdi, yumruq kimi bir olmuşdu. Cəvahir xalaya kömək eləyən təsəlli verəndən çox olsa da, deyilən vədəyə cəmi otuz min pul toplanmışdı. Camaatın güzaranı güzaran idi ki?! Ömründə otuz min pul görməyən Cəvahir xalanın qardaşı Kəbir müəllim maşın tutaraq iki cavanla yola çıxıb yazılan ünvana getmişdi. İki gündən sonra İmranın meyidiylə kəndə qayıdan Kəbir müəllimin başına hava gəldi, çünki, “bilirəm, pul az olduğuna görə öldürdülər uşağı” deyib and-aman eləyəndə, ona heç kim inanmaq istəmirdi. Sonradan, Kəbir müəllimlə gedən cavanlar qorxa-qorxa təsdiqlədilər ki, İmranın meyidini kamandirin otağına gətirəndə uşaq istiydi, elə bil indicə canını tapşırmışdı… Hamı bilirdi ki, evə-eşiyə yovuşmurdu, qəbristanlıqda gecələyirdi Cəvahir xala. Boğazından su da keçmirdi. Yaşlılar deyirdi, arvad havalanıb, ya da bugün-sabahlıqdı, dəli olacaq, söz-zad kar eləmir, evə sığmır, ölmək istəyir…
İmranın yeddisi günü tezdən, kəndi başına götürən əcaib səsləri eşidib qəbristanlığa axışan camaat gözləri dəlik-dəlik olmuş, sir-sifəti tanınmaz hala düşmüş arvadın cəsədindən hələ də əl çəkməyən bir qoşun qarğa-quzğunu güclə qovub uzaqlaşdırmışdı…
…Kövrələndə astadan, dodağının altında mızıldaya-mızıldaya zümzümə etməyi xoşlayardı. Ancaq heç vaxt bərkdən oxumazdı, gülüşə hədəf olacağından qorxardı. Elə sən deyən səsi də yox idi. Zümzümə başqa məsələ. Özün üçün, içində oxuyursan, xoşhallanır, rahatlanırsan. Nə istəyirsən, necə istəyirsən oxu, kimə nə? Özündən başqası ki eşitməyəcək?.. Sözlər içəridə qovrulur, qovrulub bişir, eşiyə çıxa bilməsə də, bütün hüceyrələrini oynadır, canına hopur… “I-ı-ıı…ı-ıı-ıı…ı-ı-ıı-ıı…” Burun pərləri açılıb yığılır, guya balaban səsi çıxarırmış kimi fısıldayır, sanki yaddaşındakı mahnının notlarını, birdən çaşar deyə, ehtiyatla dal-dala düzürdü… “…sə-ni mə-nə ver… mədilər a-man… Ver-mə-di-lər… ver-mə-di-lər… a-man…” Ürəyi oxuyurdu Qismətin. Murdar soyuğu canından qova-qova içini azca isidirdi oxuduğu, gilə-gilə süzülən ilıq göz yaşı da yanaqlarını… “…Öl-düm a-man, a-man… yan-dım, a-man, a-mannn…” Vücuduna təcavüz etmiş soyuğu mızıldadığı nəğmə qova bilmədi; balaca ilıqlandırdı, gücü çatmadı; ya sözlər ürəyincə olmadı, ya da kobudlaşmış səsinin odu, hərarəti yetərincə…
Внимание! Это не конец книги.
Если начало книги вам понравилось, то полную версию можно приобрести у нашего партнёра - распространителя легального контента. Поддержите автора!Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?