Текст книги "Quşların intiharına ağlamayın"
Автор книги: Zahid Sarıtorpaq
Жанр: Современная зарубежная литература, Современная проза
сообщить о неприемлемом содержимом
Текущая страница: 1 (всего у книги 5 страниц) [доступный отрывок для чтения: 1 страниц]
Zahid Sarıtorpaq
Quşların intiharına ağlamayın
Hər dəfə sən kitab oxuyanda, ağaclar sevinir və ölümdən sonrakı həyata inanırlar…
Zahid Sarıtorpaq. Quşların intiharına ağlamayın.
Bakı, “Köhlən” nəşriyyatı, 2019.
© Zahid Sarıtorpaq / 2019
© Köhlən Nəşriyyatı / 2019
İSBN: 978-9952-8371-0-0
facebook.com/kohlanpress
instagram.com/kohlanpress
twitter.com/kohlanpress
(+994 55) 359-99-23
…bilirəm, bu gün nəinki quşların, hətta “doğru”yla “oğru”nu bir-birindən ayıran “d” hərfinin də intihar etdiyini eşitsəniz,yenə gözünüzü döyəcəksiniz, tükünüz belə tərpənməyəcək…
Birinci bölüm
Quşların Pirqasımlı yaxınlığında özlərini maşınlara çırpıb intihar etdiyini neçə gündü hər yerdə danışırdılar. Kənddən bir az aralı keçən magistral yolda görünməmiş hadisə baş verirdi. Yolun hər iki qırağı boyunca uzanıb gedən taxıllığın arasından, deyilənə görə, qəfil üç-üç, beş-beş qalxan, qaranquş kimi iti uçuşlu, sərçə kimi bozumtul rəngli, bu yerlərə xas olmayan uzunsov, qəribə quşlar civildəşə-civildəşə özlərini sürətlə keçən maşınların qabaq şüşələrinə çırpır, o andaca ölüb asfaltın üstünə tökülürdülər…
Xəstəliyin üzüb yatağa saldığı Minaxanım bu xəbəri onun üçün hər gün çörək alıb gətirən qonşu qadından eşitdi, qəribə hallar yaşadı. Özü də bilmədi ixtiyarsız olaraq niyə içindən acı bir sızıltı keçdi, nədən gözləri doldu.
Yatağa düşəndən bəri, hər səhər gözlərini açar-açmaz yerinin içindəncə boylanıb divardan asılmış güzgüdə, elə bil, mumyalanmış bir meyitə baxırdı. Üstü pas rəngli pulcuq-pulcuq ləkələrlə örtülü köhnə güzgünün toranlığında sanki özgə bir dünyanın adamını görürdü. Özlüyündə: “gör nə günlərə qaldım, Allah, ta özümə də oxşamıram heç…” – düşünürdü. Amma bilmirdi ki, əksinə, əsl özünə oxşayan çağı elə indi yetişib. Anlamırdı ki, əslində, insan bu dünyada ancaq ölüm ayağında özünə oxşamağa başlayır… Ağlına batmırdı ki, sürdüyü ömür – qapısı cəftəsiz bir ev, ölümsə, Novruz bayramında papaqatdı oynayan bir uşaqdı eynən. Bilmirdi ki, həmin “uşaq” indi bu evin qapısı arxasında gizlənib “papağını” atıb içəri… Qarşıda onu nələr gözlədiyini hələ dərindən dərk eləmirdi. Bəs vəziyyəti anlamış olsaydı, neyləyəcəkdi? Bu damın altında o “papağa” qoymağa nəyi vardı? Gözünü yumunca, üstünə qarışqalar daraşası, sızım-sızım sızlayan bir yaralı canı vardı, vəssalam. Deyəsən, duyuq düşüncə, əlacsız qalıb axırda elə onu qoyacaqdı “papağın içinə”. Elə qapının arxasındakının da istədiyi bu idi… Deyəsən, artıq onun da səbri tükənmişdi, yavaş-yavaş qapını döyürdü ki, “nooldu?.. vaxt keçir axı, qurtar görək, ay ev yiyəsi… – daha doğrusu – ay can yiyəsi, day tələs görək, bir az tez elə, sovqatımı ver, çıxım gedim…”
* * *
Aradan bir-iki gün də keçdi. Səhərlərin birində, dan yeri sökülər-sökülməz, Tufan qəfil dərəsinə soxulan dəli bir külək yabanı qızılgül kolları arasında yırtıcı quş kimi qanadlarını necə çırpdısa, saysız-hesabsız çəhrayı gül ləçəkləri, elə bil, perikmiş kəpənək sürüsünə döndü, uçuşaraq göyün üzünü bürüdü…
Onun yaşadığı Qırıqqala məhəlləsi bu qədim şəhərin kənarındaydı. Oradan həmin dərəyə qədər yüz-yüz əlli addım ancaq olardı. Bir vaxtlar hər gün o yolu göz qırpımında quş kimi səkə-səkə gedib-gələn Minaxanım indi yatağının içindəncə pəncərəyə sarı boylanıb göy üzünə dikələn gül sovruğunu gördü, sanki hər şeyi başa düşdü, gözlərini yumdu: “hə… deməli, axırımdı day, axırımdı… – pıçıldadı, – di gəl apar sovqatını, zalım fələy, gəl apar, belin qırılsın elə!..” – deyib əllərini yanına döşədi… Ancaq canı hələ tam üzülməmişdi, hələ qalxıb divardan tuta-tuta üç-beş addım yeriyə bilərdi, yəqin elə buna görə də “qapının dalındakı” ürək eləyib içəri girmirdi…
Amma çox keçmədi, halı təmiz çöndü, Bakıya – Qaraqıza birtəhər zəng elədi ki, ”bacı, durma gəl, ölürəm day… İrzaya da de, üzünü orda isladıb, burda qırxdırsın, yubanmasın…” Sonra da məsələyə heç bir dəxli olmadan, Pirqasımlı yolunda quşların intihar etməsindən qəribə bir yanğıyla danışdı, özünü saxlaya bilməyib hönkürdü…
Qaraqız onun tavrından almadı, düşündü: “yox, bu xına o xınaya oxşamır, məsələ ciddidi deyəsən, birdən yubanaram, iş işdən keçər”. Nə qədər əlləşsə də, Rzaya xəbər eləyə bilmədi, telefonuna zəng çatmadı. Evində dayəlik etdiyi Şövqiyyə xanıma vəziyyəti başa salıb, icazə aldı. O dəqiqə də yır-yığışını eləyib, təcili Bakı avtovağzalına gəldi, maşına oturub “umudum sənədi, ay Allah, o bircə bacımı əlimdən alma, noolar…” deyib, içini yeyə-yeyə düzəldi yola. Ürəyinin bir parçası saydığı, dayəsi olduğu Gilənarla yol uzunu bir neçə dəfə zəngləşib-danışdı, tövsiyələrini verib, özündən muğayat olmasını dönə-dönə tapşırdı. Rzanın nömrəsini nə qədər yığsa da, bir şey alınmadı. Bir də mənzil başına çathaçatda təsadüfən onunla əlaqə saxlaya bildi və hər şeyi anlatdı. Rza da: “Gedib görsən vəziyyət doğrudan da pisdi, xəbər eləyərsən gələrəm. İşlərimizi başlı-başına buraxıb ikimiz də birdən getsək yaxşı olmaz” – söylədi. Qaraqız incisə də, özlüyündə onunla razılaşdı, çünki Rza düz deyirdi, işləri başlı-başına buraxmağın bədəli ağır olardı. Bunları fikirləşdikcə, alnını çarəsizcəsinə avtobusun pəncərəsinə söykəyib yaş dolu gözlərini yolun kənarı boyunca bir-bir ötüb arxada qalan dəngil-düngül ağaclara, kollara dikdi.
* * *
Bacısı gələndən iki gün sonra Minaxanımın halı bir az da pisləşdi. Vəsiyyətini eləyib qurtarana qədər Qaraqız elə bildi onun əli bir parça buzdu, indicə ovcunda əriyəcək…
Hərçənd, bacısını ölüm yartağında görəndən Qaraqızın öz canını da bir soyuqluq bürümüşdü, sümükləri sızıldayır, əl-ayağı üşüyür, barmaqları soyuqdan tökülürdü, elə bilirdi onu şaxta kəsib. Ancaq heç vaxt deməzdin ki, o, üşüyə bilər, üzünə baxanda yanaqları pörtmüş olurdu, deyirdin, qaynar bir hamamdan indicə yüyürüb eşiyə, indicə çimib çıxıb. Səliqəylə darayıb başının arxasında bürmələdiyi, bir dənə də ağ teli olmayan saçlarına, elə bilirdin gənəgərçək yağı çəkib, adamın gözünə yamyaş dəyirdi. Keçmişdə, burda yaşadığı gənclik illərində üzünə baxmaq olmurdu: ərə getməmiş qızlara məxsusqalın, cod qaşları, ömründə heç kimə sevgi etirafı eləməmiş göyümtül, ətli dodaqlarının üstünü, batıq çənəsini bürümüş seyrək, yöndəmsiz tükləri, belə demək mümkünsə, ölmüş bir qadın gözəlliyinin xarabalığında bitmiş bədbəxtlik adlı kol-kosa bənzəyərdi. Amma indi yaşı keçmiş olsa da, tamam dəyişmişdi, xeyli cavan görünürdü.
Qaraqız vaxtilə rayondakı pedaqoji litseyi əla qiymətlərlə bitirib, xarici dillərə qəbul olmuşdu, amma imkansızlıqdan Bakıya gedib təhsil ala bilməmişdi, ibtidai sinif müəlliməsi işləmişdi. Onda anası sağ idi, bacısının isə sağlam vaxtlarıydı. Onlar pirin üstə xidmətkarlıq edirdilər. Qaraqız isə gecə-gündüz kitab oxumaqdan, mütaliədən, ingiliscəylə yanaşı digər xarici dilləri öyrənməkdən əl çəkə bilmirdi… Ancaq nə qədər savadı artıb, dünyagörüşü dəyişsə də yenə üz-gözündən, yeriş-duruşundan çox sadəlövh görünürdü. İndi şəhərdə yaşasa belə, ilk baxışdan adama elə gəlirdi ki, o, bu dünyanın adamı deyil. Bakıda Hidayət adlı bir məhkəmə sədrinin evində on dörd ilə yaxındı həm qulluqçu işləyir, həm də onun Gilənar adlı qızına dayəlik edirdi. O mühit hər halda Qaraqızın təkcə vücuduna yox, elə ruhuna da əl gəzdirmişdi.
Onun bu dünyada kimi vardı ki? Adıyla, varlığıyla nəfəs aldığı Gilənarı bir qırağa qoyaq, – kimi vardı axı? Bircə can üstə olan, özündən on yaş böyük bacısı Minaxanım idi, bir də onu aparıb müdirinin evində işə düzəldən, yeganə qohumu – anasının əmisi nəvəsi Rzaydı, vəssalam, başqa heç kimi yoxuydu. Əslində, heç cür barışa bilmədiyi, uzaq uşaqlıq illərinə gömüb gəldiyini düşünsə də, içində hələ də diri-diri gəzdirib sirrini heç kimə vermədiyi, onunla hansısa əlaqəsi ola biləcəyi heç kimin ağlına gəlməyən bəzi adamlar vardı ki, Qaraqız onların nəinki özlərini, heç adlarını da xəyalının ucundan keçirmək istəmirdi. O adamlara taleyindən, ömründən keçmələrinə izn verdiyi üçün özünü bağışlaya bilmirdi… “Uşaqlığım, yeniyetməliyim yad sərnişinlərlə dolu bir qatar kimi keçdi məndən, bir qatar kimi… Amma Pirqasımlı yolundakı quşlar sayağı çırpmadım özümü ona, intihar etmədim, edə bilmədim…” deyə romantik düşüncələrə qapılırdı indi. Çünki uşaq vaxtı günlərini Yalqızlar Pirinin üstündə keçirən anasının, bacısının yanına – Tufan dərəsinə gedəndə, kömürçü Abdulun bir qıçı şikəst oğlu Canpolad dəfələrlə onu tovlayıb xəlvətə çəkmiş, aldadaraq başına yüz cür iyrənc oyun açmışdı və qorxutmuşdu ki, “Aşur babanın urfu haqqı, anana desən anan öləcək, bacına desən bacın. Əgər mən deyəni eləməsən özün öləcəksən. Başqa adamlara desən yatıb ayılmayacaqsan. Bunları yuxuda Aşur baban özü deyib mənə…” Qaraqız da inanmışdı. Çünki gözünü açandan dünyada Aşur babasından güclü bir kimsənin olduğunu eşitməmişdi. Sonra Canpoladın dostu Yolçu da onu aldadıb qorxutmuşdu: “mənə yox desən bu gecə Aşur baba hirslənib evinizi uçurdacaq… özü deyib yuxuda…” Onda Qaraqızın on üç yaşı vardı. Həmin uşaqlar ondan üç-dörd yaş böyük idilər, başına olduqca iyrənc oyunlar açmışdılar. Aradan uzun-uzun illər ötsə də Qaraqız bu günəcən sirrini bir kimsəyə deməmişdi. Hələ o vaxtlar tez-tez həmin məsələylə bağlı hönkürüb ağlayardı, anası deyərdi ki, “a bala, de görüm, axı noolub sənə?”
– “Yox… ana, desəm, sən öləcəksən, öləcəksən, öləcəksən…” – deyib inadından dönməzdi. Anası da deyərdi ki, “vallah, sən dəli olmusan…” İndi yadına salanda miskin keçmişinə ögümək istəyirdi, başına gələnləri gözləri önünə gətirəndə, hirsindən ödü ağzına gəlirdi az qala. Hərçənd Yolçu Qarabağda əsgərlik çəkən qardaşına dəyməyə gedərkən avtomobil qəzasına düşüb ölmüşdü, Canpoladsa Rusyətə çörək dalınca gedib ilişib qalmışdı oralarda. Yəni Qaraqızın bu yaşda onlarla rastlaşmaq problemi yox idi ki, ölüb yerə girsin. Əvvəllər bu haqda çox fikirləşir, olub-keçənləri ürəyinə dərd edir, “belə getsə, özümü öldürəcəm” deyirdi. Çıxış yolu tapmayanda, ömrünün gələcək adlı tək bircə nəfəsliyi vardı ki, onun aynasını qırıb dərindən ah çəkirdi. O dar nəfəslikdən yer üzünün bütün kişilərinə nifrət etdiyini hayqırırdı. Sonra da çarəsizcəsinə: “olan olub, torba dolub” – söyləyir və təsəllini bu düşüncələrdə tapırdı: “Uşaq olmuşam, neyləyim? Allah özü görür ki, məni aldadıblar…”
Bakıdan gələndən iki gün sonra Rzaya xəbər elədi ki, “vəziyyət yaxşı deyil, Minaxanımın canı gəlib durub ağzının içində, keçinməmiş özünü çatdır, yoxsa ortada tək qalaram”.
Neçə gün idi qonşu qadınlar gecə keçənəcən can üstə olan xəstənin yanında otursalar da axırda gedir, Qaraqıza: “bir şey olsa xəbər eləyərsən…” – deyirdilər.
Halsız olsa da, hərdən hadisələri qarışdırsa da Minaxanımın ağlı-düşüncəsi yerindəydi, yaddaşı itməmişdi. O gecə çarəsiz gözlərini bacısının üzündə gəzdirib sakitcə pıçıldadı:
– Qaraca, bacı qurban… Dədəmizin axırıncı günü gəlir eey gözümün qabağına… Sən də yəqin unutmamısan… Yadındadı?
İki gün idi ki, Qaraqızın ürəyi bacısının söhbətlərindən yara olmuşdu. O, elə hey xatirələri “qurdalayır”, elə günlərdən, elə anlardan söz salırdı ki, sakit dinləmək olmurdu.
– Ay bacı, belə şeyləri nöş yadına salırsan axı? Yaxşı şeylərdən danış, sən Allah…
– Sözümü kəsmə… De görüm, yadındadı?
Qaraqız bacısının inadkarlığını bilirdi, ona görə sakitcə köksünü ötürüb:
– Yox, – dedi, – onda çox balacaydım… Amma bilirəm ki, dədəmiz səksən ikidə ölüb…
Minaxanım gözlərini yumub bir qədər eləcə qaldı, sonra dərindən bir ah çəkdi, kipriklərini bərk-bərk bir-birinə sıxdı, gözünün suyu süzüldü. Ardınca da elə bil deyəcəklərini örtülü göz qapaqlarının arxasından söz-söz oxuyub pıçıldamağa başladı:
– Səksən ikidə yox… səksən birdə… Hə, dəqiq bilirəm, səksən birin yazıydı, səksən birin… Alça ağacımız təzəcə gülləmişdi. Hava istiydi. Həyətdə köhnə çarpayımıza uzatmışdılar onu. Özü belə istəmişdi. Yəqin evdə ürəyi darıxırdı. Off… bacı… İndi bilirəm yazıq dədəmiz nə çəkirmiş. Yanında anamızdan, bir də dostu Bədəl əmidən başqa heç kim yoxuydu. Ana qayıtdı ki, “a Mirzə, gözünü yuxarı nə çox zilləyirsən, yəqin oralarda dinclikdi, hə? Yəqin oralarda hər şey ürəyincədi, hə?” Bilirdin də ana rəhmətliyin solaxay suallar verməyini… Yeri gəldi-gəlmədi, tutuzdururdu elə haa… “Yox… – dedi rəhmətlik dədə, – yox, Pakizə… Orda nə əmin-amanlıq ola bilər axı?…” Gözünün yaşını örpəyinin ətəyinə silə-silə, dünyadan bixəbər, avam anamız soruşdu: “Niyə?” Hə, Qaraca, sən də durmuşdun alça ağacımızın altında, tayqıç kuklanı oynada-oynada yenə baş barmağını sorurdun həmişəki kimi, hə, lap gözümün qabağındadı, çox balacaydın onda, çox balaca… dörd yaşın vardı, səni hamımız çox istəyirdik, hamımız…
Minaxanımın gözündən bir cüt yaş gilələnib üzünün qırışıyla aşağı süzüldü, Qaraqız yaylıqla quruladı. O isə udqunaraq sözünə davam elədi:
– Hə, anamız rəhmətlik soruşdu ki, “niyə, a Mirzə?” Atamız behiştlik gülümsədi. Bu onun sonuncu dəfə gülümsəməsiydi, indiyəcən gözümün qabağındadı, ona görə sonuncu dəfə deyirəm ki, elə həmin axşam öldü… Hə, dədəmiz işığı öləzimiş gözlərini dostu Bədəl əmiyə çevirib güclə eşidiləcək o xırıltılı səsiylə: “Bu nə danışır, a Bədəl, – dedi, – göyün üzündə haçan əmin-amanlıq olub axı, hə? Ora yerdən də dolaşıq xarabadı, elə deyil, sən Allah?…” Bir xeyli udqundu, udqundu, axı yazıq dədəmizin boğazındaydı o adıbatmış. Keşkə elə mənim də boğazımda olaydı, başımda olaydı, amma qanımda yox… Qaraca, keşkə, tez aparaydı məni bu çərdəymiş… Sənə də sitəm eləməyəydim bu qədər…
Qaraqız bacısının getdikcə daha da soyuyan əlini ovcunda yüngülcə sıxıb-silkələdi, etirazını sanki bununla bildirdi: yəni ki, “bəsdi, bacılı, bəsdi, sənə canım qurban, borcumdu qulluğunda durmaq…”
Minaxanımın ağ qanı qırmızı qanını yeyirdi. Bir gün öncə evə çağırdığı tanış həkim də Qaraqıza xısınlamışdı ki, dava-dərmanın artıq əhəmiyyəti yoxdu, nə yaşasa qənimət bilin.
Xəstəlik tapandan üzü bu yana həkimlərə, müalicəyə, həm də dolanışığına çəkilən bütün xərclərini Qaraqız ödəyirdi. Ondan başqa kim ödəyəcəkdi ki? İndi “keşkə, tez aparaydı məni bu çərdəymiş… sənə də sitəm eləməyəydim” deyəndə, xəstə bacısı həmin şeylərə işarə vururdu.
Minaxanım sözünə davam elədi:
– …hə, dədəmiz sonra dedi: “Bax, Pakizə, göyün üzü çox dolaşıqdı, çox… Fikir versən görərsən ki, orda həmişə ley qaranquşdan qorxur, qaranquş sərçədən qorxur, sərçə də leydən… Heç ordan baş açmaq olur ki? Orda da hər şey dolaş-bulaşdı… orda dinclik nə gəzir, Pakizə, rahatlıq hardadı, a zalım qızı?.. Baxıram daa, nə bilim niyə baxıram… Bəlkə elə bilirsən mən qarışqayam, hə? Qarışqa kimi, ölümqabağı qanad çıxardıb uçub gedəcəm göyün üzünə, hə?” Hə, ölümündən bir neçə saat qabaq belə demişdi dədəmiz… İndi bilirsən niyə yadıma saldım bunu? Hardan biləsən axı… Ona görə ki, bacı… mən indi göyə olmasa da, səhər-axşam bu evin içində tavana, divarlara baxıram, amma niyə baxdığımı, vallah, anlaya bilmirəm, dədəmiz demişkən, baxıram daa, nə bilim niyə baxıram… Hərçənd qapı-pəncərəmiz divarlarımıza, divarlarımız tavanımıza, tavanımız döşəməmizə yaraşır… Lap Ələddin mənə yaraşan kimi… yaraşır, vallah… Bu sözləri dilinə gətirincə Minaxanımın gözlərindən yenə iki damla iri göz yaşı qumsallıq rənginə çalan yanaqlarına süzüldü, Qaraqız yaylıqla silənə qədər, elə bil, orayaca hopdu.
Ələddin Minaxanımın yaralı yeriydi… O, indi can üstə olan bu nakamın, bu bədbəxtin Qarabağ döyüşləri təzə başlayanda könüllü cəbhəyə gedib orada itkin düşmüş, hələ də öldüsü-qaldısı bilinməyən nişanlısıydı. Ələddindən Minaxanıma qalan bu günə kimi heç vaxt barmağından çıxarmadığı bir nişan üzüyü, bir də məktəb illərində yazdığı xatirə dəftəriydi ki, onu da zavallı qadın nakam sevgilisindən yadigar olaraq əzizləyə-əzizləyə ölüm yatağınacan göz-bəbəyi kimi qorumuşdu.
O, udqunub sözünə davam elədi:
– Niyə də yaraşmasın axı?.. Sən də hamısına yaraşırsan, hamısına, bacı… Ev-eşik sənə yaraşır, sən də ev-eşiyə… Heç nədən qorxma… Qorxma, bacı qurban… Lap məni ölmüş də görsən, yenə qorxma… Lap tavandan Ələddin əlini uzadıb məni aparsa da qorxma… Burda hər şey sənə qahmardı… Bircə mən qəribəm, mən qərib… Mən heç nəyə, heç kimə yaraşmıram çünki… Məni özünə yaraşdıran, yanına aparır day… Tufanım əsəndə bildim bunu… Sən bildin də… babamızın tufanı əsdi, özü də necə… Elə əsdi ki, Qara, gül deyilən şey qalmadı dərədə… Amma yol o qədər uzundu, o qədər uzundu, qurtarmaq bilmir eey, bilmir… Off… Qaraca… Getmədin… getmədin Coşquna… getmədin o cür oğlana, özünü bədbəxt elədin… Yazıq Coşu dəliydi səndən ötrü, yaxın qoymadın özünə… Gedib çıxdın Bakıya, sevindim ki, day özünə bir arxa-dayaq tapıb öylənərsən. Etmədin, eləmədin, tapmadın… Axırı da ki, belə…
Coşu dediyi qonşu Məhbubənin oğlu Coşqun idi. Bir dəfə hələ on beş, on altı yaşları olanda, anası Qaraqızı axşam çağı onlara qulluğa göndərdi, bu vaxt işıqlar qəfildən söndü. Özündən dörd-beş yaş böyük, əsgərlikdən təzəcə gəlmiş Coşqun onu ötürməyə çıxdı, zülmət qaranlıqda qəfil qucaqlayıb dodaqlarından necə öpdüsə, necə sordusa, Qaraqız bu təmasdan düz bir həftə beşik kimi yırğalandı. Amma sonra Coşqun min oyundan çıxsa da, neyləsə də Qaraqızın ondan xoşu gəlmədi, nə qədər dalınca düşsə də “hə” demədi. Ümumiyyətlə, Canpoladdan, Yolçudan sonra Qaraqızda oğlanlara qarşı özündən ixtiyarsız dəhşətli bir nifrət hissi formalaşmışdı, qorxurdu, özünü hədsiz dərəcədə aciz sayırdı, heç kimi yaxınına buraxmaq istəmirdi. Vaxt başı hər şeyi anlayandan sonra, içində bircə dərd gəzdirirdi: “Hamısı əclafdı, hamısı… Getmək… buralardan cəhənnəm olub getmək… Canpoladın, Yolçunun onu görəndə qımışan murdar sifətlərini bir daha görməmək…” Coşu barədə Minaxanım hər dəfə soruşanda, “ürəyimə yatmır bacı, yatmır, Aşur baba haqqı. Onunku yalançı istəkdi…” deyib dad döyürdü, özündən asılı deyildi, Coşqun olmur, kim olur olsun, hamıdan – bütün oğlanlardan uzaq olmağa çalışırdı. Elə qızlardan da. Hə, qızlardan da qaçırdı. Özü də bilmirdi niyə. Bəlkə də yalqızlığa çəkilib oxuyub-yazmasının, mütaliə etməsinin özəyində də elə bu adama yovuşmazlığı dururdu.
Minaxanımın nədənsə indi haqqında söhbət açmadığı, unutduğu bir Müslüm də vardı hələ. O, yaxınlıqdakı dağ kəndindən olan bir yük maşını sürücüsüydü, yekəpər bir oğlan idi. Onu Qaraqız xatırlamaq belə istəmirdi. Qapılarına bir-iki dəfə elçi göndərmişdi, Qaraqızın da müəllimə işləyən vaxtlarıydı. Bir bəhanə tapıb: “İstəmirəm. Savadsızdı, həm də kifirdi…” demişdi. O da bunu eşidincə, acığa düşüb, bir daha adını tutmamışdı. Əslində, Qaraqızın imtina etməsinə səbəb bu cür bəhanələr deyildi. Səbəb içində çiliklənmiş, ruhunu doğram-doğram eləyən qürur hissiydi, sözsüz. Müslümdən sonra, ümumiyyətlə qapılarına elçi deyilən şey gəlməmişdi… Yəqin ki, bu məsələdə Canpoladın, Yolçunun da rolu olmuşdu, çünki rayon yeridi, ola bilməz ki, elədikləri o murdar əməllər haqda hardasa söz salıb “kişi-kişi” qürrələnməsinlər. Söz də ki, çıxdı, rayon yerində, Allah eləməsin, ildırım sürətiylə yayılır mütləq – lap Pirqasımlı yaxınlığındakı quşların intihar xəbəri kimi…
– … off… hanı bəs sənin tayqıç kuklan, hə? İtirmisən? Barmağını sorursan yenə?.. Sor… sor… qorxma, gecə yatanda barmağına istiot vurmayacam day, yazıqsan… Özün də quşların intiharına ağlama… Babamızın tufanına da ağlama. Ağlama haa… özünü oda salarsan…
Minaxanım haldan-hala düşdükcə hadisələri qarışdırır, qapıdan, pəncərədən, tavandan, divardan, olandan-keçəndən qarmaqarışıq söhbət açıb, gedib bacısının körpə çağlarına baş vurur, tayqıç kuklasını, barmaq sormağını yadına salırdı, axırda da gəlib quşalrın Pirqasımlı yolundakı intiharına çıxırdı. Artıq nə danışdığını bilməyən ciyərparasına Qaraqız nə cavab verəydi axı? Bircə onu hiss elədi ki, elə bil, can üstə olan Minaxanımın əli ovcunun içində əriyib-əriyib lap bir tikə qalıb. Barmaqları çöp kimiydi, sanırdı ki, sıxsa qırılacaq. Odu ki, ta sıxıb-sıxcalamadı, üşüməkdə olan o göyərmiş barmaqları qalın dodaqlarına söykəyib, gözünün qorasını tökə-tökə öpdükcə öpdü…
O, vəsiyyətini elədi. Hər şey Qaraqızın fikirləşdiyi kimi, ürəyinə necə dammışdısa eləcə də oldu. Bacısı söhbəti dolaşdırsa da hər dəfə, elə bil, ötəri də olsa özünə qayıdırdı, ağlı üstünə gəlincə dönə-dönə tapşırırdı ki, onu Tufan dərəsində, Yalqızlar Pirinin həndəvərinə səpələnmiş nakamların məzarları arasında basdırsınlar, böyründə də boş bir yer qoysunlar, bəlkə haçansa Ələddin qayıtmış olar… Bir də: “qayıt Bakıdan, bacı, – deyirdi, – qayıt daha, bəsdi o xarabada ömrünü çürütdün… Pirə yiyəlik eləməyə heç kimimiz yoxdu… Özün qayıt ora, özün. Noolsun ki, oxumuş adamsan, noolsun məllimsən, dayəsən, tərbiyəçisən, nəsən… Oraların səliqə-sahmanına özün fikir ver, qoyma qızılgüllüyə heyvan-qara salsınlar, qoyma oralara bir ins-cins hərlənsin… babamızın urfu tutar… qoyma, sən Allah, qoyma… Bu dəfə tufan nə apardısa, cəhənnəmə, başına sadağa… Çalış bundan sonra tufanacan yığ ləçəkləri… hə, hökmən yığ… Gələndə Rzaya tapşır, hücrəyə əl gəzdirsin ki, soyuqlarda daldalanmağa yerin yaxşı olsun… Dəftəri də… bacı… Ələddinin dəftərini deyirəm eey, verərsən Rza saxlasın… Səndə qalsa, qorxuram, it-bata düşər, çünki Bakıya gedəli həmişə yuxulu kimisən, huşun üstündə olmur elə bil… Qara, bacı qurban, ölsəm, qoy nişan üzüyüm barmağımda qalsın, çıxartma, noolar, qoy eləcə gedim göra… Çünki Ələddin deyərdi: “onu barmağından çıxardığın gün, mən öləcəm…”
Amma Qaraqız Rzadan eşitmişdi ki, Ələddin Minaxanıma nişanlı ola-ola pozğun bir qadınla gəzirmiş, günü onunla eyş-işrətdə keçirmiş. Bu barədə Qaraqız bacısına heç vaxt, heç nə deyə bilməmişdi, onun ürəyini yaralamaq istəməmişdi, “haçansa özü eşidər, özü bir çarə qılar” fikirləşmişdi. Ancaq bəzən də düşünürdü ki, yəqin Minaxanım bu barədə bilir və bilə-bilə də susur. Çünki yeniyetmə çağlarında özü də dükançı İslamın oğlu Qədirlə – evli kişiylə qısa müddətə də olsa, gizli-gizli görüşmüşdü. Qədir aldatmışdı ki, arvadını boşayıb onu alacaq və beləcə zavallı qızcığaz düşmüşdü tora. Amma yaxşı ki, bu, çox uzun sürməmişdi. Qədirin arvadı duyuq düşüb ərinin başına oyun açmışdı.
Can üstə olan bacısının nigaran olduğu Tufan dərəsinin hər iki yamacını bürümüş, nəsil-nəsil göz açıb gördükləri, babalarının kol-kosla çəpərə aldığı, qayğısını çəkib qoruduqları yabanı qızılgüllük idi – Yalqızlar pirindən gündoğana sarı dərə boyunca uzanıb gedən mürəbbə qızılgüllüyü. Hər il iyunun əvvəlləri Qaraqız az müddətə icazə alıb gəlir, bacılar beş-altı gün içində ləçəkləri yığıb toplayır, sonra bazar alverçilərinə bir yerdən satırdılar. Yaxşı da pul qalırdı. Çox qəribədi, demək olar ki, hər il iyunun əvvəllərində, – beş gün tez, beş gün gec, – qəfil bu dərədə bir tufan qopur, bir tufan qopur, gəl görəsən… Bu vaxt, məhsulu yığmağa macal tapa bilməmək bacılar üçün fəlakətə çevrilirdi, yetişmiş qızılgül ləçəkləri bir göz qırpımında göyün üzünə sovrulurdu. Bu dəfəki tufan təkcə qızılgülləri deyil, Minaxanımın da saplağını qırmışdı, indi ləçək-ləçək qeybə sovrulurdu ruhu…
Hücrə deyəndə isə, bu, pirin üstündə mağaraya oxşayan bir qayalığın arasında tarixi bilinməyən köntöy bir tikiliydi. Rəvayətə görə, bacıların ata tərəfdən ulu babalarından qalmaydı. Bura yağışda, küləkdə bir daldalanacaq idi sadəcə. Həm də, kim bilir neçə yüz ildi gəlib sonu bu bacılarda yoxa çıxan bir nəslin ümid yeri, pənah yeriydi. Pirin üstə qoyulan sədəqələr, nəzir-niyazlar onlara çatırdı. Deyilənə görə, məzarı pirə çevrilən, sevdiyinə qovuşa bilməyən o nakam, bu qızların ulu babalarının doğmaca qardaşı Dərviş Aşur olub. Ona Divanə Aşur da deyirmişilər. Eşq divanəsiymiş. Zorla başqasına ərə verilən sevgilisi zəhər içib özünü öldürəndən sonra, o, çəkilib bu mağarada cəmi qırxca gün yaşayıb və iztirabdan ölüb. Vəsiyyətinə görə orda da dəfn olunub. Deyirlər, həmin gün o dərədə elə bir tufan qopub ki, üç gün göyün üzü çəhrayı qızılgül ləçəkləriylə örtülüb və guya ayrı-ayrı adamlar Dərviş Aşuru sevgilisiylə əl-ələ tutub o tufanın içiylə göyün üzünə – qeybə doğru gedən görüblər…
Ağlı kəsəndən sonra, Qaraqız ağır günlərində, dara düşəndə: “Aşur babam, hardasan?” – deyib imdad diləyərdi, sonra gözlərini yumub onu içində gözləyər, handan-hana qaranlıqlardan sıyrılan işıqlı surətini dirildib ona tapınar, öz mübhəm dialoqlarını qurar və ulu babasıyla uzun-uzadı dərdləşərdi. Bu haqda heç kimə danışmazdı, heç kimə. Elə bilərdi ki, danışsa hər şey alt-üst olacaq, heç nəyin daşı daş üstə qalmayacaq…
Dərviş Aşurun məzarına el içində dərin bir inam vardı. Zaman-zaman nakamları, yalqızları, qəribləri burada dəfn etmək bir adətə çevrilmişdi, dərənin gündoğana baxan qırağı kiçik bir qəbiristanlığa dönmüşdü. Axır vaxtlar el içində bir adət də yaranmışdı: təzə evlənənlər toy günü buraya gəlir, Dərviş Aşurun qəbrini – Yalqızlar Pirini ziyarət edib üstünə nəzir qoyurlar. Bu isə imkansız bacılara, daha doğrusu, Minaxanıma maddi dayaq idi.
Səhərə yaxın Minaxanım keçindi. Özü də eləcə, ordan-burdan danışa-danışa.
Minaxanım ölsə də, Qırıqqala məhəlləsində insanlıq hələ ölməmişdi. Qaraqız xəbər eləyən kimi, qonşular tökülüşüb gəldilər, səhər tezdən kişilər köməkləşib həm mağar qurdular, həm də gedib qəbri qazdılar, arvadlarsa meyiti yudular, kəfənlədilər, üstündə ağı deyib ağladılar: özü də görüntü xatirinə yox – sidq-ürəkdən etdilər bunu… Çünki, bu məhəllədə hamı bir-birinə can yandırırdı, çünki imkansızlar məhəlləsiydi bura…
* * *
Üstünə xardal rəngli iri bir çəyirtkə qonmuş mərmər baş daşındakı qaşqabaqlı şəkilə qəfil gözü sataşan Rza diksindi, özü də necə!.. İxtiyarsız yerə çökdü, “Bismillah!” deyə-deyə sağ əlini üç dəfə torpağa toxundurub başına qoydu. Çoxdandı belə üşənməmişdi. Lap uşaqlıqdakı kimi, canından elə bir gizilti keçdi ki, başının içi uzun-uzadı uğuldadı. Balaca olanda, diksinincə bütün bədəni eynən bu cür güməşərdi. Belədə ağlamsınardı. Nə olguğunu soruşanda, dodaqlarını büzüb deyərdi: “başımın içinə samaylot girib…” Elə bil, həmin uğultu illərin o başından gəlib, gəlib, qəfil yenə beyninə doldu, qulaqları batdı. Haçandan-haçana özünə gəldi, əlini uzadıb çəyirtkəni qovaladı. “Xıdır dayı… Xıdır dayı… Allah sənə rəhmət eləsin… Allah sənə rəhmət eləsin…” deməkdən başqa söz tapmadı. Bu daşı onun üstünə yəqin ki, təzə salmışdılar, Rza birinci dəfəydi görürdü. Özünə gəlincə, şəklin altında cızılmış doğum-ölüm tarixi arasındakı illərin fərqini hesabladı, başını yelləyib ürəkdən bir ah çəkdi: “Sən nə yaşadın axı, ay zalım, nə yaşadın axı?..” – dedi. Sonra da düşündü ki, görəsən bu bədbəxtin bir gülümsəyən şəkli yoxuydumu? Niyə bu qaşqabaqlı şəkli vurublar baş daşına?
Xıdır onun ana tərəfdən qohumuydu. Dünyadan cavan getmişdi: qırx yaşına az qalmış elektrik cərəyanı vurub öldürmüşdü. Ölənəcən mədəniyyət evində bədii rəhbər işləmişdi. Sağlığında onu bu balaca şəhərin toy məclislərində həmişə başda otuzdurardılar. Tamadalıq eləyərdi. Füzulini əzbər bilirdi. Onun qəzəllərini saatlarla, yorulmadan, özü də musiqi sədaları altında çox gözəl deməyi, misra-misra şərh eləməyi vardı. Bu qədim, bu balaca şəhərdə az qala hamını yoluxdurmuşdu Füzuliyə. Çoxları onun yanına gəlir, qəzəli ahənglə ucadan necə deməyi, misraları necə çözməyi, məclislərdə camaata hansı şəkildə çatdırmağın yollarını öyrənirdilər. O zaman şeir, sənət camaatın həyatında, elə bil, bir oksigen yastığıydı, adama elə gəlirdi ki, hamı sözlə nəfəs alır. Xıdır da bildiklərini həvəslə öyrədir, sanki bundan qürur duyurdu. Hələ Rza yeddidə oxuyanda, atası yanına salıb onu da aparmışdı Xıdırgilə və demişdi ki, “qohum, bu qırışmala da Füzulidən bir şey öyrət”. Ancaq bu söz xiridarı nə qədər əlləşsə də ona heç nə öyrədə bilməmişdi. Çünki söz qavramağı zəif idi, yadında heç nə qalmır, dinlədiklərini bir qulağından alıb o birindən buraxır, elə bil, oxuduqlarını beynindən küləklər sovururdu. Yaddaşına ilişib qalanlarısa dolaş-bulaş eləyir, tərs-avand deyirdi. İndi soyuq, qapqara qəbir daşından qaş-qabaqlı baxan bu rəhmətlik o vaxt onun həvəssiz olduğunu duymuş, başını sığallayıb demişdi: “Ə, darıxma, öyrənəcəksən. Dayı canı, asandı eyy, halvadı lap. Məsələn, de görüm: Məni candan usandırdı…” Rza isə, bir gözü atasında, bir gözü Xıdırda, utana-utana, barmaqlarını övkələyə-övkələyə sözləri səhv-dəyişik salıb kəkələmişdi: “Məni… canan… uzandırdı…” Xıdırla atası uğunub getmişdilər. Görünür, atası o vaxt həm də pərt olmuşdu, çünki Rza təzədən nə qədər cəhd eləsə də, heç nə alınmamışdı. Buna görə də kişi başını bulayıb demişdi: ”ə, dur görüm, avara oğlu, avara! Dur getdik! Bu fərasət ki səndə var, səni canan uzandırana qədər, məni mürdəşir uzadacaq yuyat yerinə…” Yenə gülüşmüşdülər. Rza yazıq neyləyəydi axı? İçində qəzələ-məzələ sevgi-filan yoxuydu, sadəcə, atası belə istəyirdi. Əslində, Rza çox zirək bir oğlan idi, yaşıdlarından hər cəhətdən seçilirdi, necə deyərlər, lap ilanın gözünə darı salan birisiydi, amma söz adamı ola bilmirdi. Sonralar o, atasının xətrinə, zülümlə də olsa, Fizulidən bir-iki qəzəl əzbərləmişdi, di gəl, adam arasında deyə bilmirdi, o dəqiqə dili dolaşır, çaşırdı. Bir sözlə, nə qədər özünü toparlayıb, necə deyərlər, başında-beynində tozanaq qoparsa da, onunku alınmırdı ki alınmırdı…
Rza yolun qırağı boyunca uzanıb gedən qəbiristanlığa girib valideynlərinin məzarlarını ziyarət elədi. Sonra da göz gəzdirib Mirzənin, Pakizənin məzarlarına sarı baxdı ki, görsün Minaxanıma qəbir qazıblar, ya yox. Əslində, şəhərə girməmişdən öncə, qəbirisitanlığın yanında, elə bu məqsədlə maşını saxlayıb düşmüşdü. Amma gözünə bir şey dəyməyincə fikirləşdi ki, “hə, yəqin hələ keçinməyib…” Sonra da yadına düşdü ki, axı onların nəslindən olan nakamları bu qəbirstanlıqda deyil, Yalqızlar Pirinin yanında dəfn ediblər. Minaxanımın da qəbrini orada qazarlar yəqin… Odu ki, yoluna davam etməyi düşündü. Çoxdan baş götürüb getdiyi, düşəndə bir dəfə gəldiyi doğma şəhərinin girəcəyində yolun qırağını bürümüş bu məzarlığı salanları həmişəki kimi yenə özlüyündə qınadı. Yenə fikirləşdi ki, “niyə şəhərə girəndə birinci qəbirlər qarşılamalıdı adamı? Bu xarabada ölü basdırmağa başqa yer yoxuydumu görən?”
Geri qanrılıb bir də Xıdırın məzarına baxdı. Xardal rəngli iri çəyirtkə yenə baş daşındaydı.
* * *
O, gəlib çıxanda, camaat Minaxanımı dəfn edib təzəcə qayıtmışdı. Pərt oldu, amma özünü o yerə qoymadı: “Qismət beləymiş…” – dedi. Üç gün yas mərasiminə ağsaqqallıq edib, gələni-gedəni yola verdi.
Qaraqız bacısının son nəfəsdə dediklərini ona çatdırdı, sonra da əlavə elədi:
– Minaxanım vəsiyyətində dönə-dönə tapşırdı ki, mən Bakıdan qayıdım, pirə yiyəlik eləyim. Amma bunu eləyə bilməyəcəm, eləyə bilməyəcəm heç vaxt! Qoy bacımın ruhu məni bağışlasın. Necə eləyim axı, Rza, necə eləyim?
Danışdıqca dili-dodağı titrəyən, gözlərindən ixtiyarsız yaş tökən Qaraqıza Rzanın yazığı gəldi, alnını ovuşdurub fikrə getdi.
Внимание! Это не конец книги.
Если начало книги вам понравилось, то полную версию можно приобрести у нашего партнёра - распространителя легального контента. Поддержите автора!Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?