Электронная библиотека » Anar » » онлайн чтение - страница 5

Текст книги "Sizsiz"


  • Текст добавлен: 28 октября 2022, 20:41


Автор книги: Anar


Жанр: Биографии и Мемуары, Публицистика


сообщить о неприемлемом содержимом

Текущая страница: 5 (всего у книги 15 страниц) [доступный отрывок для чтения: 5 страниц]

Шрифт:
- 100% +

Aktyor evində jurnalistlərin qurultayı çağrılmışdı. Mən gecikmişdim, özüm eşitmədim, amma dərhal qulağıma çatdırdılar ki, D.Quliyev çıxışında səni möhkəm vurdu. Məsələ ondaydı ki, bir neçə gün qabaq mənim “Literaturnaya qazeta”da məqaləm çıxmışdı. Tənqidimizə aid bəzi mülahizələrimi yazmışdım.

D.Quliyev çıxışında bu məqalədən danışmış, qurultaya Moskvadan qonaq gəlmiş məşhur jurnalist V.Peskova müraciətlə: “Ümumiyyətlə, mərkəzi mətbuatda Anarı çox çap edirlər, – demişdi, – xahiş edirik ora bizim fikrimizi çatdırın ki, az çap etsinlər”.

Səhərisi gün mən telefon edib D.Quliyevin qəbuluna getdim.

– Mənim məqaləmdə nə səhv var ki, siz onu qurultay kürsüsündən rüsvay edirsiniz? – dedim.

D.Quliyev:

– Doğrusu, sənin məqaləni oxumamışdım, – dedi, – mənə çox pis qələmə vermişdilər. Bu gün oxudum, axı nə varmış ki, orada belə…

Buna baxmayaraq, “Literaturnaya qazeta” üç nömrə dalbadal mənim yanlış fikirlərimi təkzib edən yazılar verdi – bu adi bir məqaləyə görünməmiş diqqət deməkdi. Yazılardan biri – Əkbər Ağayevin məqaləsi mənə cavab olaraq, xüsusi göstərişlə təşkil olunmuşdu. Yanılmıramsa bu Əkbər Ağayevin “Literaturnaya qazeta” səhifələrində dərc olunmuş ilk və hələ ki, axırıncı yazısıdır.

* * *

1972-ci il martın 6-da Natəvan klubunda tənqid məsələlərinə həsr olunmuş müşavirə çağrılmışdı. Məruzəçi atamın şeirlərini tənqid edirdi, ürəyini boşaldıb doyanda mənim yazılarıma keçir, onları alt-üst edirdi, deyib-deyib yorulanda yenə qayıdırdı atamın nöqsanlarına.

Ürəyim səksəkəliydi, elə bil iynə üstə oturmuşdum. Məruzəçinin bəlağətinə görə yox, ayrı səbəbdən. Başqa şeydəndi nigarançılığım!

Budur, foyeyə telefona çağırırlar. Evdən zəng vurublar, sevincək səslə: “Təbrik edirik, qızın oldu, – “deyirlər.

Salona qayıdıram, atamın qulağına – bir qız nəvən də oldu” – deyirəm.

Qucaqlaşıb öpüşürük. Salondakılar mat-mat bizə baxır. Məruzəçi də bir an susub duruxur, udqunur. Görəsən, onun sıyrılmış tənqid qılıncının altında mən nə fənd işlətmişəm, hara yol tapmışam, kimdən və hardan şad xəbər gətirmişəm. Bu nə xəbərdir belə ki, iclasın şıdırğı yerində ata-bala öpüşüb görüşürlər:

Məsələdən agah olan Bayram Bayramov:

– Elə bu da məruzəyə cavab idi, – deyir, – ölü fikirlərə, ölü sözlərə həyatın verdiyi cavab:

Axşam evdə anam:

– Gərək bu qızın adını Tənqidə qoyaq, – dedi, – yaman top-tüfəngli iclas günü gəlib dünyaya.

Qızın adını Tənqidə yox, Günel qoyduq.

* * *

Bir geniş iclas da yadıma düşür. İdeoloji məsələlərə həsr olunub, partiya və mətbuat işçiləri, yaradıcılıq təşkilatlarının, nazirliklərin nümayəndələri, alimlər, yazıçılar toplaşıb D.Quliyev çıxış edir. Sov. İKP MK-da keçirilmiş müşavirə haqqında məlumat verir “Gürcüstan KP MK-nın işində millətçilik təzahürləri kəskin tənqid edildi. Bizim ideoloji işlərimizdə beynəlmiləlçilik təqdir olundu. Gürcüstanın ideoloji katibinin çıxışı yaxşı təsir bağışlamadı. O öz işlərinə bəraət qazandırmağa çalışırdı, sübut etmək istəyirdi ki, Gürcüstanda heç bir millətçilik təzahürü-filan yoxdur. Mən isə özünütənqid mövqeyindan çıxış elədim. Dedim doğrudur, bizim beynəlmiləlçilik sahəsində işimiz burda yüksək qiymətləndirildi, amma bu o demək deyil ki, biz özümüz öz nöqsanlarımızı görmürük. Bizdə də müəyyən belə təzahürlər var, məsələn “Qobustan” jurnalının işində. Yoldaşlar: – yəni siz “Qobustan”ın redaktorunu ipə-sapa yatırda bilmirsiniz? – dedilər. (Çıxış rus dilindəydi. Odur ki, bu son ifadəni dəqiq gətirmək istəyirəm: нужели вы не можете обуздать редактора “Гобустана?”

İclasdan birbaşa D.Quliyevin kabinetinə getdim.

– Sizə deyirlər ki, məni “обуздать” eləmək lazımdır. Neçə aydır ki, işdən azad olunmağım haqda ərizə vermişəm. Bu ərizəyə haçan baxacaqsınız?

– Yəni doğrudan getmək istəyirsən?

– Lap doğrudan.

– Niyə?

* * *

Bir səhər məni telefon zəngi oyatdı. D.Quliyevin yanına çağırırdılar. Rəssam Toğrul Sadıqzadəni tapıb onu da özümlə gətirməliydim. “Qobustan”ın üz qabığında T.Sadıqzadənin bir tablosunu vermişdik. Tabloda Nərimanov, Kirov, Orconikidze və Mikoyan təsvir olunmuşdu. Bizi də məhz elə bu məsələyə görə çağırırdılar.

MK-nın liftində Toğrul Sadıqzadə: …

– Kimin yanına çağırıblar bizi? – deyə xəbər aldı.

– İdeoloji katib Danil Quliyevin yanına.

– Bəs katib Cəfərov deyil?

Məni gülmək tutur; Cəfərov artıq neçə vaxtdı katiblikdən çıxarılıb. Rəssamlar bəzən dünyadan bixəbər olurlar. Nə isə…

Bütün bu mərəkəyə səbəb nə idi? Sən demə, kiminsə ağlına gəlib ki, şəkildə Nərimanov Kirova, Orconikidzeyə, Mikoyana görə ön planda verilib. Bu isə kobud siyasi səhvdir.

– Axı o ön planda deyil, bir balaca çiyni qabağa çıxıb, – deyirəm.

– Kobud siyasi səhvdir.

– Şəkil İçəri şəhərin küçəsini təsvir edir, Nərimanov yerlidir, yerli adam, şübhəsiz qabağa keçib bələdçilik etməlidir, – deyirəm. Məntiqimin absurdu vəziyyətin absurdundan doğur.

– Ciddi siyasi səhvdir.

Toğrul Sadıqzadə:

– Mən bu şəkli tarixi fotolar əsasında çəkmişəm, – deyir. – Bax, bu da fotolar. Görürsünüz burda da Nərimanov bir az qabaqda dayanıb.

– Kobud səhvdir.

– Bu şəkil Bakıda və Moskvada sərgilərdə olub. “Qobustan”dan qabaq “Kommunist” qəzetində qat-qat daha böyük tiracla çap edilib.

Eyni cavab.

Toğrul Sadıqzadə:

– Bu lap ona oxşayır ki, – deyir, – bir rəssamı incidirlərmiş, sən nöş cücələri bikef çəkmisən?

Məni gülmək tutur. D.Quliyevin dodağı da qaçmır. “Qobustan”ı göstərib:

– 37-ci ildə sizə (yəni mənə – redaktora və Sadıqzadəyə – rəssama) bilirsiz neylərdilər? Tutub basardılar!

Toğrul yaxşı cavab verir, xoşuma gəlir:

– Narahat olmayın, – deyir, – tutulanımız da olub (Toğrul Sadıqzadənin atası Seyid Hüseyn və anası şairə Ummigülsüm şəxsiyyətə pərəstiş dövrünün gedib qayıtmayanlarındandır.

– Bir söz, bu üz qabığını dəyişmək lazımdır.

– Mən bunu edə bilmərəm, – deyirəm, – tiraj çap olunub.

– Mən sizə göstəriş verirəm.

– Onda yazılı surətdə verin, – deyirəm. – Şifahi göstərişlə mən belə iş edə bilmərəm. Mən mətbəədə fəhlələrə – naborşiklərə necə başa salım – nə səbəbə dörd nəfər görkəmli inqilabçının şəkli jurnaldan çıxarılır?

Əlbəttə, heç bir yazılı göstəriş-filan olmadı, “Qobustan” beləcə də çıxdı və heç kəsin ağlına gəlmədi ki, Nərimanovun çiyninin bir azacıq qabağa çıxması kobud siyasi səhvdir.

Mən bütün bu söhbətləri, mükalimələri bir kəlmə artırıb əksiltmədən, olduğu kimi yazıram, amma belə nəticə çıxmasın ki, D.P.Quliyevi sırf mənfi səciyyələndirmək və ondan, necə deyərlər, gecikmiş hayıfımı çıxmaq istəyirəm. Mən də bilirəm ki, daldan atılan daş topuğa dəyər və mən heç kəsin ardınca daş atmaq fikrində deyiləm. Demək istədiklərimi, razılaşmadıqlarımı, etirazlarımı D.Quliyev iş başında olanda onun özünə demişdim.

Bu qəmli yazıda belə söhbətlərin yeridirmi? Bilmirəm! Axı, hadisələr özü də indi mənə gülməli gəlir, o vaxtlarsa əsəb gərginliyi, qan qaraltısıydı. Amma mən bütün bunları çox da ürəyimə salmırdım. cavan idim, səhhətim sağlam idi, həyata ümidim çox idi. O da mənə təsəlli idi ki, keçmişlərdə də, indinin özündə də bir çox yazıçıların, redaktorların rastlaşdıqları böyük əziyyətlərin müqabilində mənim bu xırda-para çətinliklərim boş bir şeydi.

Bir də ki, nə mənim ərizəmə baxıb redaktorluqdan götürürdülər, nə də “Qobustan” bağlanırdı (belə gümanlar da var idi). Hətta “toplu” sözünü də saxlaya bildik.

Katib işləyərkən “Qobustan”ın yaranmasının və mənim redaktor təyin edilməyimin təşəbbüskarı olmuş Cəfər Cəfərov ölüm yatağında mənə dedi:

– Hər halda “Qobustan” bütün sınaqlara davam gətirdi və qaldı.

* * *

Amma ensiklopediyayla bağlı məsələlər qat-qat mürəkkəb və daha dramatik idi.

Şəksiz, mənim özümü atamla müqayisə etməyim gülməli çıxar; ancaq onu qeyd etmək istəyirəm ki, əgər “Qobustan”ın təşkili, yaxşı çıxması üçün bütün səylərim təqdir olunmaq yerinə tənələrlə qarşılanırdısa və bu mənə yer eləyirdisə, gör onda atam nə çəkirmiş. Axı, onun ensiklopediya kimi ağır bir işin yükünü öz üstünə götürməsi, həmdə sinninin bu yaşında, səhhətinin bu vəziyyətində bütün canını bu yolda qoyması əsl fədakarlıq idi. Azərbaycan tarixində ensiklopediya nəşrinin heç bir təcrübəsi yox idi, bu işdə nə ənənə vardı, nə səriştə, nə kadrlar. Dəqiq terminalogiya, bir çox sahələrə aid istilahlar, coğrafi adların qəti təsdiqliyi ilə müəyyənliyi yox idi, hələ heç Azərbaycan dilinin tam izahlı lüğəti də nəşr olunmamışdı. (Yəni elə indiyəcən bu lüğətin nəşri tamamlanmayıb – 4 cilddən yalnız ikisi çıxıb).

Coğrafi xəritələrə, tarix problemlərinə aid həll olunmamış mübahisəli məsələlər də az deyildi. Xalqın mənşəyi, dilinin yaranması, təşəkkülündən tutmuş adına qədər – bir çox problemlərə aid hər ağızdan bir səs gəlirdi. Tarixə, coğrafiyaya, mədəniyyətə, hətta məişətə aid bir çox hadisələrə, şəxsiyyətlərə, yerlərə, istilahlara qonşularımız ya şərik çıxır, ya etiraz edirdilər.

Bütün bu mürəkkəb məsələləri məhz ensiklopediya cildlərində qəti və mötəbər şəkildə, partiyalılıq, vətənpərvərlik, beynəlmiləlçilik mövqeyindən həll etmək lazım idi. Baş redaktorun azərbaycanlı, kommunist, ziyalı və Xalq şairi adına layiq şəkildə həll etmək…

Həm də bütün bunlar Azərbaycan ictimai həyatının spesifik xüsusiyyətləri şəraitində həll olunmalıydı. Ziyalılarımız arasında yuxarıda haqlarında bəhs etdiyim filosoflar kimiləri az deyildi. Ancaq filosof niyə – tarixçilər, dilçilər, yarımçıq şairlər arasında belələri tapılmazdı məyər? Özü də bu irad küləkləri hər tərəfdən əsirdi – sağdan da, soldan da, yuxarıdan da, aşağıdan da. Xəzrisi də vardı, giləvarı da, gicəvarı da…

Hazırlanmış, yığılmış, cildlənmiş birinci cildin buraxılıb-buraxılmaması haqqında rəy verən tarixçilərdən bəziləri kitabın çıxmasının qəti əleyhinə olduğunu yazırdılar. Belə rəylərdən biri və həmdə çox səciyyəvisi indi qarşımdadır. Müxtəlif məsələlərə irad tutan İqrar Əliyevin ən böyük etirazına səbəb “Azərbaycanlılar” məqaləsi idi:

“Azərbaycanlılar” məqaləsində çoxlu məntiqsizliklər var. Müəllif nəyin bahasına olursa olsun türkdilli qəbilələrin Qafqaz sahələrində olmalarının qədimliyini sübut etmək istəyir. Qeyd etməliyəm ki, necə deyərlər “türkpərəstlik” son vaxtlar bizim diletantlıq edən ziyalılarımızın bir qismi içində əsl azara çevrilib. Türkləri hər yanda axtarırlar… Skifləri türk elan edirlər. Qafqaz albanları arasında türkləri görmək istəyirlər və s. və i.a.”

Burada insaf və ədalət naminə onu deməliyəm ki, erməni yazıçısı Sero Xanzadyanın Babəkin şəxsiyyətilə və atamın “Babək” şeirilə əlaqədar olaraq föhş və böhtan dolu məktubuna (S.Xanzadyan bu məktubu Azərbaycan KP MK və Sov. İKP-ya göndərərək Rəsul Rzaya Sosialist Əməyi Qəhrəmanı adı verilməsinə etirazını bildirirdi) tutarlı cavab verənlərdən biri də İqrar Əliyev idi. Təbii ki, onun cavabı atamla yox, Babəkin tarixdə yeri və roluyla bağlıydı. S.Xanzadyan Babəki cani, quldur, qaniçən, uşaq əti yeyən qatil adlandırır, onun haqqında Azərbaycanda film çəkilməsi, adına rayon qoyulması münasibətilə qəzəblənirdi. Tarixi məxəzlər əsasında Babəkin şəxsiyyətinə qiymət verən İ.Əliyev cavabında yazırdı: “Rəsul Rzanın Səhl ibn Sumbat haqqında dediklərini Xanzadyan xunveybin ifadələri adlandırır. Bu xalis fitnəkarlıqdır… Rəsul Rza “Babək” şeirində tamamilə haqlı olaraq Səhlin adını həqarətlə çəkir və onu xain məxluq sayır. Xanzadyan “öz knyazı” üçün inciməsinin heç bir əsası yoxdur. Əgər Rəsul Rza xain və satqın Səhl ibn Sumbatı damğalayırsa, bunun erməni xalqına nə dəxli var? Gərək büsbütün vicdanını itirəsən ki, Rəsul Rzanın Səhl ibn Sumbata aid olan sözlərini ermənilərə, erməni xalqına şamil edəsən. Odur ki, biz Xanzadyanın “Rəsul Rza “Babək” kimi şeirləriylə Lenin milli siyasətinin ruhunu ləkələyir, həm də birbaşa SSRİ Konstitusiyasını pozur, erməni xalqının tarixini, erməniləri təhqir edir” kimi ittihamlarını yerli-dibli rədd edirik…

Biz Xanzadyanın Rəsul Rzanın tarixi təhrif etməsi haqqında iddialarını da rədd edirik. Rəsul Rza tarixi təhrif etmir, Xanzadyan Azərbaycan xalqının tarixinə böhtan atır… Bütün dediklərimizi əsas tutaraq Rəsul Rzayla bərabər biz də Babəki tam haqla qəhrəman adlandırır və şairin Babəkə aid sözlərini qürurla təkrar edirik: “İnsan var ki, işlərilə böyüyür”. (İqrar Əliyevin rusca yazılmış məktubunun surəti mənim arxivimdədir – A.)

Sero Xanzadyanın başdan-başa iftiralar və təhqirlərlə dolu bədnam məktubuna “Babək” filminin ssenari müəllifi Ənvər Məmmədxanlı da kəskin cavab yazmışdı: “S.Xanzadyanın qəhrəman Babəki ləkələmək və qaralamaq cəhdi – hər hansı məsuliyyət hissini itirmiş bir millətçinin növbəti fitnəkarlıqıdır” (sentyabr, 1980)

“Türkpərəstliyi” bilmirəm, amma ensiklopediyaya daş atmaq – daş atanın gücündən, iqtidarından asılı olaraq iri, ya xırda daşlar atmaq – doğrudan da bəzi tarixçilər, filosoflar, dilçilər, yazıçı – şairlər arasında azara çevrilmişdi. Ensiklopediyanı kökündən baltalamaq, heç vəchlə işıq üzünə çıxmağa qoymamaq üçün mötəbər ziyalılarla yanaşı həvəskar rəyçilər, öz şəxsi təşəbbüsüylə pəl vurmaq istəyənlər də canfəşanlıq edirdilər. Çox təəssüf ki, indi bütün bu son dərəcə səciyyəvi sənədlər əlimdə yoxdur. Belə rəylərdən, məktublardan, danoslardan ensiklopediyanın bir cildi həcmində qalın bir kitab tərtib etmək olardı. Kim bilir, bəlkə haçansa belə bir kitab, doğrudan da tərtib olunacaq. Bir sıra ziyalıların adlarını tarixə salacaq belə kitabı oxumaq nəyə desən dəyər…

Ən kəskin mübahisələr “azəri” terminiylə bağlıydı. Bəzi rəyçilər “azəri xalqı”, “azəri dili”, “azərilər” və s. ifadələrinin, bir sözlə “azəri termininin işlədilməsinə etiraz edirdilər. Bu qəbildən olan iradlara cavab olaraq Rəsul Rza Mərkəzi Komitəyə göndərdiyi məktubda (çünki iradlar da məhz Mərkəzi Komitəyə göndərilirdi qeyd edirdi:

“Azəri” məfhumunun işlədilməsi ensiklopediyanın nəşrindən çox əvvələ (hətta keçən əsrə aiddir. (“Azəri” termininin elmi və praktik baxımdan “azərbaycanlı” məfhumuna nisbətən daha düzgün və münasib olması haqqında fikrimi hələ maket çapdan çıxmamış MK-ya etdiyimiz arayışda bildirmişik. Respublikamızda dilçiliyə dair ədəbiyyatda xalqımız və dilimizlə əlaqədar “azəri” məfhumu işlənir. “Azəri” termini elmi ədəbiyyatdan başqa mətbuatda, radio və televiziya verilişlərində də çoxdan geniş işlədilir. Xalqımızın yaşadığı ölkənin “Azərbaycan”ın adında da “azər” sözü var. Bu söz “atar”, “atər” və b. formalarda ölkəmizin adı ilə əlaqədar ən qədim zamanlardan indiyə qədər işlədilir. Dilçi alimlərimizin “azəri” termini əleyhinə nəinki bir monoqrafiyasına, hətta belə sanballı bir elmi məqaləsinə də rast gəlməmişik.

Bununla belə ensiklopediyanın Baş redaksiyası “azəri” termini ilə əlaqədar respublikanın görkəmli tarixçilərinin iki gün davam edən müşavirəsini keçirmişdir. (“Azəri” məfhumundan narazı olduğunu nəzərə alaraq, E.Əlibəyzadəni də müzakirəyə dəvət etmişdik). Müşavirənin iştirakçıları (hətta əvvəl “azəri” məfhumuna çox kəskin etiraz edən mərhum prof. M.Şərifli də) “azəri” termininin elmi olduğunu təsdiq etdilər. E.Əlibəyzadə mövqeyində qaldı. Bütün bunları bir kənara qoyaq. Ola bilsin ki, E.Əlbəyzadə sadəcə olaraq öz “mövqeyindən” çəkilmək istəmir. Bu o qədər təəccüblü deyil. Təəccüblü budur ki, o, “azəri” terminin fars mənşəliliyini sübut etmək üçün İran hökumətinin hakim fars millətçiliyi siyasətinin məddahı və bunu elmi şəkildə əsaslandırmağa çalışanlardan biri olan İran tarixçisi Əhməd Kəsrəviyə isnad edir. Məgər Kəsrəvi “azəri” terminini başqa cür izah edərmi? Nə üçün biz Kəsrəvinin yolu ilə gedib, onun Azərbaycanın ta qədimdən irandilli xalqların ölkəsi olması, burada irandilli azərilərin yaşaması haqqında bədnam iddiasını qəbul etməliyik?” (Məktubun surəti Rəsul Rzanın arxivindədir – A.).

Atamın “azəri” terminini belə israrlı təkid etməsinin səbəbi xalqımızın adının yerli adı kimi deyil, millət adı kimi təsdiq olunması idi. Çünki “azərbaycanlı”, yəni Azərbaycanda yaşayan rus da ola bilər, ləzgi də… Ermənistanlı ruslar, Gürcüstanlı ermənilər olan kimi. Özbəkistanlı taciklər, Tacikistanlı özbəklər, Türkmənistanlı qazaxlar, Qazaxstanlı qırğızlar, Qırğızıstanlı tatarlar, Tatarıstanlı başqırdlar, Başqırdıstanlı çuvaşlar və s. olan kimi.

Ancaq erməni – yalnız erməni, gürcü – yalnız gürcü, rus – yalnız rus, özbək – yalnız özbəkdir. Türkmən, qazax, qırğız, tacik, tatar, başqırd, çuvaş və s. də elə. Azəri də ancaq azərilər ola bilərdi. Ola bilərdi, olmadı. Qoymadılar.

Yadımdadır, “azəri” sözünün damğalanıb aradan götürüldüyü günlərdə Moskvadan Böyük Sovet Ensiklopediyasının cildi gəldi bizə. Atamın təşəbbüsü, səyiylə burada millətimizin adı “Azərbaycanlı, azəri” kimi getmişdi. Yadımdadır, Mərdəkanda xəstəxanada yatırdı. Həmin cildi ora, xəstəxanaya apardım. Necə də uşaq kimi sevinirdi, ilahi! Elə bil dünyanı ona bağışlamışdın. Fərəhindən sanki azar-bezarını da unutmuşdu

Ensiklopediyanı isə hər tərəfdən didib-tökürdülər, belə çətinliklə qurulmuş binanı (yeri gəlmişkən deyim ki, sözün hərfi mənasında da ensiklopediya binasının tikilməsi də, binanın qarşısında H.Zərdabinin abidəsinin ucaldılması da atamın xidmətidir, amma onun gücünə ucalmış binada işləmək yerinə gələnlərə qismət oldu) daş-daş, kərpic-kərpic sökməyə, dağıtmağa çalışırdılar. Ensiklopediyaya dəyən zərbələr atamın qəlbinə, səhhətinə, ömrünə vurulan zərbələr idi…

* * *

Ölümündən sonra onun kağızlarını araşdırarkən ensiklopediyadakı işinə aid qovluqları da diqqətlə nəzərdən keçirdim. Neçə-neçə səhifələrdə müxtəlif iradlara, elmi mülahizələrə və elmdən uzaq danoslara maddə-maddə məntiqli, tutarlı cavablar verirdi.

Bəzən bürokratik iradlara bürokratik üslubda da cavab verirdi, ancaq haçansa, hardasa səbri tükənəndəmi, şairlik təbiəti soyuq idarəçilik təhkiyəsini üstələyəndəmi satirik qələmə sarılırdı, şeirlə boşaldırdı ürəyini:

Qoca bir vücud vardı,

gödəkboy, uzunburun,

Söz-söhbəti bu idi:

Əzin!

Qovlayın!

Vurun!

Qəribə adı vardı

bu qocalmış kişinin

Ad qoyanlar bilirmiş

yəqin onun işini.

Mirzə Kaftarlı!

Bəli.

İş-gücü həmişə

Böhtan, qiybət, yalandı.

Köhnə-kövşən eşməkdə

mütəxəssis şeytandı.

Şərini, böhtanını

Gündüz-gecə yazardı.

Goreşənlər bilirlər

hara, necə yazardı.

Atamın arxivində, ensiklopediya işlərinə, ensiklopediya dövrünə aid qovluqda elə sənədlər var ki, onlarla ürək ağrısıyla tanış olurdum. Respublikanın hörmətli, mötəbər şəxsiyyətlərindən olan Rəsul Rza hansı “Goreşən Kaftarlının” danoslarınasa idarənin baş mühasibiylə birgə imzaladığı hesabatla cavab verməyə məcbur idi və bu hesabatda belə bəndlər də var (şübhəsiz, danosda verilən ittihamnaməylə əlaqədar): “Volqa” № 54-95 avtomaşını Göyçay rayonuna ASE-nin baş redaktoru Rəsul Rzanı aparmışdı, çünki o həmin rayondan Azərbaycan Ali Sovetinin deputatı olduğu üçün seçicilərlə görüşə getməliydi”. Hətta öz idarə maşınında yay aylarında şənbə günü Buzovnadakı bağına getməsi haqqında da izahat verməli olub Xalq şairi, deputat, ensiklopediyanın baş redaktoru.

Ensiklopediyanın milli-patriotik ruhundan rəncidə olanlar, xalqımızın tarixini olduğu kimi, doğru-dürüst işıqlandırmaq istəyindən narazı qalanlar redaksiyanın işini müxtəlif, bəzən hətta “elmi don” geyindirilmiş bəhanələrlə, bəzənsə açıq-aşkar şantajla ləkələmək, “ipə-sapa” yatmayan” baş redaktoru ya ram etmək, itaətə gətirmək, ya da dolaşdırıb cana-boğaza yığmaq istəyirdilər. Hətta xeyirxahları belə: “Rəsul nə əcəb öz xoşuyla ərizə verib çıxmır – deyirdilər, – bu təzyiqlər, bu hücumlar qarşısında təkbaşına nə edəcək axı?” Atam isə: “Ərizə-zad verməyəcəyəm, çıxarırlar, çıxarsınlar, – deyirdi. Və onu çıxarmaq üçün nə çirkin yollara, nə bəd əməllərə əl atmırdılar? Axır ki, iş Sov. İKP MK yanında Partiya Nəzarəti Komitəsinə qədər gedib çıxdı. Ordan Azərbaycan Ensiklopediyasının Baş redaktorunu ləkələmək tapşırığı ilə məxsusi komissiya göndərildi. Moskvalı qonaqlara can-başla qulluq göstərən yerli “qonaqpərəstlər” də fürsəti fövtə vermədilər. Sokolov adlı bir məmurun hazırladığı hesabata cavabı atam Sov. İKP Siyasi bürosunun üzvü, Partiya Nəzarəti Komitəsinin sədri Pelşeyə göndərdi:

“Hörmətli A.Y.Pelşe yoldaş!

Sokolov yoldaşın arayışında ASE-nin işindəki bəzi faktlarla yanaşı, son dərəcə subyektiv, bu faktları birtərəfli izah edən əsassız müddəalar da var… Sokolovun arayışla tanış olmaq üçün mənə çox məhud vaxt verildiyinə görə, mən yalnız bəzi yadımda qalan maddələri təkzib edə bilərəm.

Birinci cildin maketini 4 aya, cildin özünü isə il yarıma buraxılacağını real saymaq üçün ya gərək obyektivlik hissini tam itirmiş olasan, ya da ensiklopediya nəşri kimi mürəkkəb işin spesifik xüsusiyyətlərindən heç baş çıxartmayasan. Halbuki, 1966-cı ildə, ensiklopediyanın nəşri haqqında qərar qəbul edilməsindən beş ay sonra Baş redaksiyanın bircə dənə otağı belə yox idi, ştatı isə yalnız tək bir baş redaktordan ibarət idi. Ensiklopediya kollektivinin guya başlı-başına buraxılması haqqında Sokolovun iddiası da həqiqətə uyğun deyil. Məlumdur ki, ASE kollektivi çox böyük iş görüb və qismən IV və V cildləri, habelə, Azərbaycan və rus dillərində xüsusi cildi hazırlayıb. 60 min kəlmə termindən ibarət sözlük nəşr olunub. Onu demirəm ki, respublikada ensiklopedik nəşr təcrübəsinin olmamasını, terminoloji məsələlərin, toponimika məsələlərinin bərbad vəziyyətini də nəzərə almaq lazımdır. Baş redaksiya onlarla əməkdaşını, mütəxəssisləri məlumat toplamaq üçün respublikanın şəhər və kəndlərinə göndərməli oldu və toplanan məlumatlardan bir çoxu ilk dəfə bizim tərəfimizdən qeydə alındı. Onlarla tarixi və coğrafi xəritələr də ASE tərəfindən hazırlanmış və nəşr olunmuşdur. Əgər bütün bunlar yoldaş. Sokolovun iddia etdiyi kimi kollektivin başlı-başına buraxılmasıdırsa, onda bəs gərgin, faydalı və mütəşəkkil iş nə deməkdir?

Təəccüb doğuran odur ki, Sokolov yoldaş nəyin bahasına olursa-olsun məni ləkələməyə çalışır. Rəsul Rzanın işə gec gəlməsi və işdən tez getməsi haqqında iddiası da, görünür, R.Hüseynovun verdiyi məlumatlara əsaslanır. Məsələnin mahiyyətinə gəldikdə isə, birinci Sokolov yoldaş bilməlidir ki, baş redaktorun iş günü normalaşmış deyil. İkincisi, onu da yaxşı bilməlidi, ki, ASE Baş redaksiyasındakı işimdən başqa mən xeyli ictimai vəzifə də daşıyıram: Asiya və Afrika ölkələri ilə Respublika həmrəylik Komitəsinin sədri, APN-in respublika ictimai idarə heyətinin sədri, Respublika Sülhü Müdafiə Komitəsinin sədr müavini, Yazıçılar İttifaqı Rəyasət heyətinin üzvü, Sumqayıt və Göyçay poeziya klublarının sədri, Terminologiya Komitəsinin üzvü, Sabir poeziya günləri Komitəsinin sədri, Böyük Sovet Ensiklopediyası Redaksiya heyətinin üzvü, Azərbaycan KP MK-nın təftiş komissiyasının üzvü və i. a. Aydındır ki, bütün bu ictimai işlər üçün mən sutkanın 24 saatından vaxt ayırmalıyam, hətta istirahətimin və yuxumun hesabına olsa da. Ancaq bütün bunlara baxmayaraq, mən ensiklopediyanın baş redaktoru vəzifəsini işin tam həcmində icra edirəm.

Sokolov yoldaş yazır ki, mən 1970-75-ci illərdə 18 kitabımı nəşr etdirmişəm. Bu irada birinci təbii cavab budur ki: Nə olsun? Amma işin həqiqi tərəfi odur ki, bu beş ildə mənim 18 yox, 9 kitabım çıxıb (arayış əlavə edirəm). Deyəsən Sokolovun gözündə rəqəmlər nədənsə ikiləşir. Yəni doğrudanmı Sokolov yoldaş elə hesab edir ki, mənim kolleqalarım – şairlər M.Bajan, P.Brovka, İ.Abaşidze – Ukrayna, Belorusiya və Gürcüstan ensiklopediyalarının baş redaktorları olandan bəri şeir yazmır və kitab nəşr etdirmirlər?

Mənim Göyçaydakı bağım haqqında Sokolov yoldaşın iddiaları da həqiqətdən uzaqdır. Burada Sokolov yoldaş rəqəmi ikiləşdirməkdən də keçib, üçləşdirib; 95 kvadrat metrlik Göyçay evimi 265 kvadrata çatdırıb. Bu Göyçaydakı evdən Yazıçılar İttifaqının dörd üzvü – mən, həyat yoldaşım, oğlum və əmim oğlu da istifadə edirlər. Moskvada, Kiyevdə, Tbilisidə, Daşkənddə və başqa böyük şəhərlərdə yaşayan yazıçıların səs-küydən uzaq bir yaradıcılıq guşələri – bağları olduğu kimi, mən də bu evi halal zəhmətimlə qazandığım pullara və dövlət təşkilatlarıyla müqavilə əsasında tikdirmişəm (bu barədə bütün sənəd və arayışları əlavə edirəm).

Partiyaya üzvlük haqqını da mən həmişə vaxtlı-vaxtında vermişəm, 1972-73-cü illərdə 8 ay ağır xəstə yatdığım üçün oğlum mənim üzvlük haqqımı səhv hesabladığına görə lazım olduğundan da bir qədər artıq məbləğdə verib. Bütün bu aydın faktları nə səbəbdənsə yanlış izah etdiyi və ədalətsiz qənaətə gəldiyi üçün qoy yoldaş Sokolov öz partiya vicdanı qarşısında cavab versin.

Mən heç vaxt razı olmaram ki, uzun illərin namuslu fəaliyyətimdən sonra, ömrümün 66-cı ilində mənə əsassız ittihamlar verilsin və mənim bir yazıçı və kommunist kimi bioqrafiyama kölgə düşsün. Məktubumun yeganə məqsədi budur.

Hörmətlə, Rəsul Rza.”

Əlbəttə, bu məktub cavabsız qaldı.

Atamın arxivində Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev yoldaşa göndərilmiş bir neçə məktubun surətləri də var. Məktublardan biri Qobustandakı daş karxanasının oradakı nadir qayaüstü rəsmlərin kor qoyulması haqqındadır. Bu barədə təcili tədbir görməyin vacibliyi qeyd olunur. Başqa məktublar ensiklopediyaya aiddir. Çapına, satışına icazə verilməsi və sairə məsələlər qaldırılır.

“ASE-nin 20 min nüsxə çap olunmuş birinci cildi bu vaxta qədər satışa buraxılmayıb. Hazırda 1972-ci il tarixi ilə buraxılması təklif olunur… Xahiş edirəm bu məsələlər haqqında göstəriş verəsiniz.”

Başqa bir məktub (əsli ruscadır)

Hörmətli Heydər Əliyeviç!

ASE-nin birinci cildinin buraxılması məsələsi hələ də həll olunmayıb, redkollegiyanın və redaksiya şurasının heyəti təsdiq olunmayıb. Lazım olan düzəlişlər və dəqiqləşdirmələri etmişik və bu barədə MK-ya 27 iyul 1972-ci il tarixli məktubla bildirmişik. Cildin buraxılış müddəti haqqında qərarın olmaması nəticəsində redaksiya çox ciddi çətinliklərlə üzləşir. Bizə ayrılmış kağız, lideron, karton və başqa materialları qəbul edə bilmirik və onlardan imtina etməyimiz ASE-nin gələcək təchizatını təhlükə qarşısında qoyur. O biri cildlərin materialları üzərində işləyə bilmirik, çünki onların məzmunu, bir çox cəhətdən birinci cildlə bağlıdır. İkinci cildin materiallarının bir hissəsi yığıla bilərdi, amma mətbəə qəbul etmir. Birinci cildin çap və buraxılış məsələsinin yubadılması çox böyük çətinliklər və əngəlliklərlə nəticələnə bilər. Respublikadan kənarda (Omskda, Leninqradda, Moskvada) böyük əziyyətlərlə çap etdirdiyimiz rəngli və ağ-qara xəritələr, əlaqədar orqanların təlimatına görə, köhnəlmiş hesab olunacaqlar, bu xəritələrin yenidən tərtib və çap edilməsi isə, böyük xərclərdən əlavə uzun müddət vaxt da tələb edəcək.

Sizin çox məşğul olduğunuzu yaxşı bilirəm, amma, ki, ASE-nin birinci cildinin ləngidilməsi və bununla bağlı olaraq kollektivin qeyri-normal fəaliyyəti yaradıcı əməkdaşları işdən soyudur və peşələrindən yadırğadır.

Sizə müraciət edərək ASE redaksiyasındakı son dərəcə gərgin vəziyyəti nəzərə almanızı, ən yaxın zamanda Azərbaycan Sovet Ensiklopediyasının birinci cildinin buraxılması məsələsini həll etmənizi və bununla da bizim kollektivin normal işləməsi üçün şərait yaratmanızı xahiş edirəm.

Rəsul Rza.

4 yanvar, 1972

Bütün bu ətraflı, müfəssəl sənədlər, məktublar arasında birdən kiçik, çox qısa bir kağız da gördüm. O biri məktubların makina surətlərindən fərqli olaraq bu atamın öz xətti, öz əl yazmasıydı, özü də rusca yazılmışdı:

Первому Секретарю ЦК КП Азербайджана тов. Алиеву Г.А.Уважаемый Гейдар Алиевич. Смертельно устал. Дальше не могу. Жду Вашего решения.

Расул Рза.

25.VIII.75

Belə bir ərizə yazdığından mənim xəbərim yoxdu. Məncə heç göndərməmişdi də onu. İnsan nə qədər dözümlü, mətin olsa belə onun zəiflik məqamları, hər şeydən bezdiyi anları da var. Yəqin belə dəqiqələrinin birində yazıb bu kağızı. Yazıb qoyub qovluğa. Çünki heç olmasa birinci cildi buraxmamış işdən çəkilmək istəmirdi. Ömrünün on ilini, səhhətini, əsəblərini qurban verdiyi işin heç olmasa bircə cildlik bəhrəsini görmək istəyirdi. Amma bu istək ürəyinin nisgili oldu.

Nisgil kimi də apardı onu özüylə…

* * *

Ərizəsiz-filansız azad etdilər onu. Daha doğrusu çıxartdılar.

Yadımdadır, Cəfər Cəfərov katiblikdən hələ təzəcə çıxarıldığı vaxt mənə:

– Rəsulu üç qat cəzalandıracaqlar, – dedi, – Deputat seçmədilər – bu bir, Moskvada Qurultayda Yazıçılar İttifaqının İdarə heyətinə düşmədi – bu iki. Gec-tez ensiklopediyadan da götürəcəklər – bu da olacaq üç…

Atam Azərbaycan Ali Sovetinin ilk çağırışından həmişə deputat olmuşdu (yalnız bir çağırışdan başqa, gərək ki, 1946-cı ildə seçkilərdə). O zaman kino naziri işləyərkən M.C.Bağırovun qəzəbinə keçmişdi, Bağırov yanıq verirmiş kimi: “Bax, bütün nazirləri deputat vermişik səndən başqa”,– deyirmiş. Atamın M.c.Bağırovla münasibətləri, gah əzizlənməsi, təqdir olunması, gah gözdən salınması, amma həmişə ləyaqətini saxlaması haqqında, Nizami yubileyində Rəfiligildə toqquşmaları, Bağırova qaytardığı sərt və mərd cavablar haqqında bir neçə adam maraqlı xatirə yaza bilərdi, amma kim yazacaq, yazsa da kim üzə çıxaracaq? Və haçan? Ümumiyyətlə, bütün bunlar – Azərbaycan ictimai həyatının qarışıq səhifələri, neçə-neçə insanın mənəviyyatında dərin izlər salmış, neçələrini gedər-gəlməzə aparmış, neçələrini hifz etsə də, ruhən şikəstləşdirmiş, Səməd Vurğun demişkən “asta-asta sıpıxıb” sudan quru çıxan “tilsimli qəhrəmanların” hər dönüşdə iştə-piştə olduqları, neçəsinin abrını saxlayaraq, şəxsiyyətini qoruyaraq kənara çəkilib, susub gizləndiyi dövran, o illərin təzadlı, dolaşıq, çoxyönlü həqiqətləri nə zamansa açılacaq, çözələnəcək, aşkarlanacaqmı? Kimin kim olduğu aydınlaşacaqmı? Ya hər şey – yaxşı da, pis də, mərdlik də, namərdlik də, bütövlük də, nakişilik də dövrün sıx dumanı içində əbədilik itib gedəcək? Kim bilir? Kim bilir…

* * *

Əgər kimsə, haçansa bu parçaları oxuyacaqsa, bəlkə də çiyinlərini çəkdi: “Bu nə söhbətlərdir belə, nə böyük işdir bəyəm – deputat seçməyiblər ya İdarə heyətinə düşməyib. Həqiqi şairçün, bütün bunların nə əhəmiyyəti ola bilər?”

Şübhəsiz, bütün bunlara hadisələrin içindən deyil, fövqündən, fəlsəfi, ümumbəşəri, zamandan yüksək zirvələrdən baxanda, belədir. Amma axı, bizim gerçəkliyin, illah da əyalət gerçəkliyinin ab-havasında yaşayırıq. Odur ki, bütün bunları vecinə almamaq çətindir…

Hər yaşda, ədəbi və ictimai mövqeyin hər mərhələsində başqa-başqa pisikdirmək üsulları var. Təzə başlayan müəllifin bir sətrini də çap etməyib onu elə beşiyindəcə boğmaq olar. İmzasını tanıtmış müəllifi tənqidin yaylım atəşləriylə sıradan çıxarmaq, şil-küt etmək mümkündür. Daha yüksək mövqeli yazıçını isə ətrafına təcrid çəpərləri çəkməklə, haqqında israrla susmaqla, onun yaradıcılığını görməməzliyə vuraraq və ondan qat-qat aşağı dayanan tay-tuşunu üfürə-üfürə şişirtməklə, hıqqana-hıqqana qaldırmaqla və neçə cür bu sayaq başqa fəndlərlə ruhdan salmaq, usandırmaq, əlini, dilini bağlamaq – sınanmış vasitələrdir… və bütün bunların təbii nəticəsi kimi telefonun birdən-birə susur, qapın döyülmür, küçədə səninlə salamlaşanda da əvvəlcə bərayi-ehtiyat o yan bu yana baxırlar – görən yoxdur ki…

Внимание! Это не конец книги.

Если начало книги вам понравилось, то полную версию можно приобрести у нашего партнёра - распространителя легального контента. Поддержите автора!

Страницы книги >> Предыдущая | 1 2 3 4 5
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации