Электронная библиотека » Anar » » онлайн чтение - страница 4

Текст книги "Sizsiz"


  • Текст добавлен: 28 октября 2022, 20:41


Автор книги: Anar


Жанр: Биографии и Мемуары, Публицистика


сообщить о неприемлемом содержимом

Текущая страница: 4 (всего у книги 15 страниц) [доступный отрывок для чтения: 5 страниц]

Шрифт:
- 100% +

… R.Rza “Rənglər”i çap etdirməklə indi çıxılması çətin olan bir vəziyyətə düşmüşdür. Əlbəttə, müəllif deyə bilər ki, burada bir çətinlik yoxdur. Bu nədir ki, mən bundan çətin vəziyyətlərə düşüb çıxmışam, hələ neçə il bundan qabaq formalizmə meyl etməyim üstündə məni möhkəm tənqid etdilər, nə oldu, nə itirdim?

… Novatorluğu “novatorluq” xatirinə deyil, əsərlərimizlə xalqımızın böyük işlərinə daha yaxından və daha layiqli kömək göstərmək xatirinə etməliyik. “Rənglər” müəllifi necə, beləmi etmişdir? Çox təəssüf ki, yox! Bəlkə müəllif yuxarıda göstərilən səhvləri səmimiyyətlə etiraf edəcəkdir. Yaxud bəlkə o: “İmkan verin düşünüm, o səhvlərin nədən ibarət olduğunu özüm üçün aydınlaşdırım; görüm qatıq həqiqətən ağdır, yoxsa qara, qurum qaradır, yoxsa ağ, qum yeməlidir, yoxsa yeməli deyildir” deyəcəkdir? Bu müddət ərzində formalizmin, mücərrədçiliyin tənqidinə bir çox məqalə həsr olunmuşdur. Hərgah R.Rza yoldaş “Rənglər” haqqında olan tənqidlərə kəmetina olmasaydı, indiyə kimi “rəngləri” özü üçün aydınlaşdırar, müəyyənləşdirər, əslində qatığın ağ, qurumun qara rəngdə olduğu haqda qəti fikir söyləyə bilərdi. Məlumdur ki, həyat həqiqətlərindən uzaq, bədii keyfiyyətlərdən məhrum olan bu “rənglər”in “çalar”larının bizim üçün heç bir ictimai-siyasi, tərbiyəvi əhəmiyyəti yoxdur. Əksinə, formalizm, abstraktsionizm kimi zərərli meyllər və onların müxtəlif “çalarlar”ı lazımınca tənqid olunmasa, döyülüb ədəbi mühitdən qovulmasa, oxucularımızda şeirə, sənətə ikrah hissi doğurar, sənət aləminə hərc-mərclik gətirər.

“Azərbaycan” jurnalı bu cür yazıları qeydsiz-şərtsiz çap etməklə həm bu yazıların müəllifinə, həm də oxuculara çox pis xidmət göstərmişdir.

(30 mart 1963).

6 aprel. 1963. “Şeir, yoxsa tapmaca” adlı məqalədən: …

“Rənglər” şeiri başdan-ayağa qədər bənzətmələr, müqayisələr üzərində qurulmuşdur. Lakin bu bənzətmələr, çox qəribə, gözlənilməz və mücərrəd görünür. Nə qədər baş sındırsan da, “Səbir kasasını daşdıran bir damla” ilə boz rəngin əlaqəsini, “bir aylıq balası kəsilmiş bir inəyin mələməsi” ilə narıncı rəngin uyğunluğunu, “namərdin tövbəsi” ilə sürməyi rəngin oxşarlığını tapa bilməzsən. Məhz hansı əlamətinə görə gərək “ilk dərs günü” badımcanı rəngə, “Təsəllisiz dərd” xurmayı rəngə, “sallaqxana qapısından girən qafil öküzlər” də, “insan əməli” də sarı rəngə uyğun gəlsin? Bilmirsən niyə “boynuburuq yetim” bənövşeyi rəngdə, amma “gözəllər” və “qəzəllər” məhz püsteyi rəngdə olmalıdır? Bilmirsən niyə “kiçiyin ögey qardaşı məhz kürən olmalıdır, “bir udum su” ancaq yaşıl rənglə tutuşdurula bilər və i. a. və s.


Müxtəlif parçalar içərsində işlənmiş “soyuq tənhalıq”, “cansız barmaqlar”, “boş ürəklər”, “kədər çökmüş üzlər”, “dəryalarla göz yaşı”, “milyonlarla qəbir daşı”, “yanmış ürək”, “şaxta qorxusu”, “hicran qorxusu”, “yanıqlı göz yaşı”, “gecənin tabutuna salınmış örtük”, “buz nəfəsli qaraltı”, “ömürlük dustaq”, “həsrətli gözlər”, “pərişan saçlar”, “titrək dodaqlar”, “nəğməsiz dağlar”, “kor bulaqlar”, “ovsuz ovlaqlar”, “odsuz ocaqlar” və bir sıra başqa ifadələr şeirlərə bir ümidsizlik əhval-ruhiyyəsi, qüssə və soyuqluq gətirmişdir.

Qoca Şərqin böyük mütəfəkkiri Nizami Gəncəvi əsrlərin arxasından baxa bilsəydi, yəqin ki, müasir şeirimizin bəzi nümayəndələrinə üzünü tutaraq deyərdi: Axı, mən də, bir zaman təbiətin hər an dəyişən gözəlliklərini, təravət və rayihəsini həyəcanla müşahidə etmişəm, sevilməyə layiq olan əsl insana da ürəyimdə yer vermişəm. Mən də rənglərdən yazmışam: qara, sarı, yaşıl, qırmızı, göy, səndəli, ağ… Amma insansız bu gözəlliklər nəyə gərəkdir? Əgər bu rənglər insanın itirilmiş səadətindən doğan məyusluğunu, onun dərin səmimiyyətini elmin gücü ilə tilsimləri açmaq qüdrətini, həyat eşqini, yaxşılıq, mənəvi saflıq kimi sifətlərini aşkara çıxarmağa kömək etmirsə nəyə lazımdır? Əgər bu rənglər xalqın böyük həyat təcrübəsindən, müdrik sözlərindən qida almazsa necə yaşaya bilər? (Göründüyü kimi, fərdi üslubu və düşüncə səviyyəsi etibarilə məqalə müəllifindən fərqlənməyən Nizami də “Rənglər” silsiləsinin fəal əleyhdarları cəbhəsindəymiş – A.).

“Bakı, 17.IV.63.

Oğlum məktubunu aldım. Sağ ol!

Doğrudur, xətti oxumaq üçün nüfuzlu mütəxəssislərdən ibarət bir komisyon düzəltməli olduq. Komisyonun işi (komisyon üzvləri: Təranə, Fidan, Nigar və mən idim) böyük müvəffəqiyyətlə nəticələndi; yazının demək olar ki, 60%-i üç saata, qalan 40%-dən 5-6% təxmin şəklində müəyyən etmək mümkün oldu. Bir təsəllimiz var ki, sən də mənim xəttimi oxumaqdan az zəhmət çəkməyəcəksən…

… Burda işlər yaxşıdır, Ev-eşik yerində, adamlar sağ-salamat, ədəbiyyat gül, bülbül, pərvanə və kaman qaşlar arasında çaşıb qalıb. Bilmir əsrin həqiqətinə inansın, kosmos əsrinin çağrışına qulaq versin, ya hüsn-camal aləmində ilişib qalsın, budağından üzülmüş bir yarpaq kolluqda ilişib qalan kimi. Bu məsələnin həlli müşküldür…

… Telefona çağırdılar…

Məktubu dünən başladım, bu gün davam edirəm. Telefonda yol. Sabit Rəhmanov idi. Bir xeyli çərənlədik, sonra da yuxum gəldi, yatdım. Dünən bütün günü yağış yağıb. Bu gün yaxşı gün çıxıb.

Lənkəran səfərim çox yaxşı oldu. Səni xatırladım. Əsgər olduğun zaman görüşdüyümüz qonaq otağında qalırdıq. Bütün həyət gül iyinə qərq olmuşdu. Bülbüllərin səsi (şeirə doluşan bülbülləri demirəm ha) adamı gecə yatmağa qoymurdu. Bir kəndə də getdik (Volodya Qafarov və Əli Kərim də mənimlə getmişdi). Bu kənd Dibol adlanır. Talışca bolluq kəndi, deməkdir. Şəkər Aslanov adlı bir cavan şair var, onların kəndidir. O da bizimlə getmişdi.

Çay becərirlər, düyü əkirlər, mal-qara saxlayırlar. Bu il Azərbaycanda yağan yağışlar bir təbii fəlakət halını alıb. Deyirlər yüz ildi bu vaxt belə yağış görünməyib. Bir çox yerlərdə çiyidi yerdə çürüdüb, cücərməyə qoymayıb. Təzədən əkməli olublar. Bu da çəkilən ağır zəhmətə əlavədir. Görünür, Allah ateizmin və din əleyhinə mübarizənin hayıfını bizdən çıxır.

Təzə nə yazırsan? Televiziyaya söz verdiyim pyesi qurtarmaq istəyirəm. Bu günlərdə Neft daşlarına gedəcəyəm. Görək nə çıxır. Sən neyləyirsən? Nə yazmısan? “İlin son gecəsi” necə oldu? Povest nə haldadır? İşləyə bilirsənmi? Məktub yaz, pul lazım olsa yaz!

… Qohum-qardaş hamısı sağ-salamatdır.

Öpürəm.

Rəsul.

18/V.63”.

Atamın və anamın vəfatından sonra onların uzun aylar boyu davam edən xəstəlikləri ilə bağlı binanın – Nərimanov prospektindəki xəstəxananın yanından keçmək mənimçün çox ağır idi. Amma, hər halda, gündə, ya günaşırı keçirdim, çünki hər ikisinin məzarlıqlarının yolu bu evin böyründəndir.

Hətta xəstəxananın içinə də – nə qədər çətin olsa da – getdim. Böyük bibim Kübra xanım burda yatırdı, ona dəyməyə gedirdim. Bibim: – “Bir bu yaya çıxa bilsəydim”, – deyirdi. Nə qədər tanış idi bu sözlər, nə qədər tanış idi bu hisslər.

Xəstəliyi ümidsizdi. Özü bilmirdi, biz bilirdik. – Bu nə sözdür, maşallah, səndə nə var ki, bir-iki həftəyə sağalıb duracaqsan, – deyirdim.

Nə qədər tanış idi bu təsəllilər dilimə, nə qədər vərdişli yalandı bu dediklərim.

Bibim atamın ölümündən bir il on gün sonra 82-ci il aprelin 10-da vəfat etdi.

Xəstəxananın, atamın diliylə desək, “xəstələr evinin” tanış dəhlizləri, palataları, həkimləri, tibb bacıları min bir acı xatirəmlə bağlıydılar, min bir göynəkli anımlar oyadırdılar. Amma dəhlizlərdə yumşaq divanlarda əyləşmiş, çəliklərinə dayanıb oturmuş xəstələri görəndə sanki çox yaxın, məhrəm adamlarımı görürdüm; axı, onların bir çoxu hələ o vaxtdan, atamın burdakı günlərindən qalmışdılar, onunla hal-əhval tutmuş, iki kəlmə söz kəsmiş, bir-birlərinə “sabahınız xeyir”, “gecəniz xeyrə qalsın” demişdilər. Gecələr “xeyrə qarşı” deyib səhərə çıxmayanlar da vardı.

Bir gün qonşum Əziz gəldi,

Həkim Əziz.

Ümidli, təsəllili sözlər dedi:

“Nə var ki, səndə,

Çox adam əhvalsız olur

Bakımızın məşhur küləyi

əsəndə”.

Getdi

“Yaxın gün şadlıq məclisində

görüşərik” – dedi..

Demə ömründən bir neçə ay.

neçə gün, neçə saat qalıbmış

Nə ağrılı, incikli keçdi

bu qış!

Qəribədir insan taleyi, qəribə.

Kim bilir nə vaxt,

Hardan dəyəcək zərbə.

Düşünürəm: özünün

günləri sayılı ikən,

bəlkə də onun inamlı

sözlərindən,

bir çimdik də olsa

qüvvət aldım mən,

Belə olur insanın

insana əvəzsiz hədiyyəsi.

Bir xoş baxışı,

bir ümidli sözü,

bir inamlı səsi.

Bu şeirdə söhbət atamgilin ev qonşusu həkim Əziz Talışınskidən gedir. Xəstəxanaya atama dəyməyə gəlmişdi. Gümrah, sağlam, şən idi. Atama ürək-dirək verirdi, dəhlizdə isə bizə: – Vəziyyəti çox ağırdır, – dedi, təəssüflə başını buladı.

Bir müddət sonra Əzizin ölüm xəbərini eşitdik.

“Ölüm gözlə qaş arasındadır” – deyirlər.

“Gözlə qaş arasındakı ölüm” mənim şüuruma, beynimə, ömrümə ilk dəfə haçan daxil olmuşdu?

Əlbəttə, ömrün bütün başqa illəri kimi uşaqlıq illəri də fəsillərlə bölünür. Amma mən indi – uşaqlığımı içəri dünyamda canlandıranda həmişə ailəmi yay fəslində görürəm.

1951-ci ilin yayıdır, Buzovnada bağdayıq. Anam şəhərdədir.

Atam, iki bacım və mən eyvanda oturmuşuq. Bol günəşli, amma mülayim bir gündür. İlıq meh əsir. Dəniz sakit, göy apaçıqdır. Atam bizə Mark Tvenin hekayələrini oxuyur. Hansı hekayələri oxuduğu də dəqiq yadımda qalıb: “Tennesidə jurnalistlik”, “Mən ziraət qəzetini nə sayaq redaktə edirdim”, “Saatsazlar”. … Gülürük, uğunub gedirik.

Elə bu dəqiqələrdə “Saatsazlar” hekayəsinin sonluğuna çataçatda, sürətlə gələn maşın darvazamızın qarşısında xırıppadan dayanır, qapımız şiddətlə döyünür.

Qapıya qaçırıq. Gələn anam və Cəfər Cəfərovun yoldaşı Zübeydə xanımdır. Hər ikisi həyəcanlıdır.

Mənim on üç yaşım var; atamın rənginin dəyişməsindən, anamın təlaşından hiss edirəm ki, nə isə olub. “Turənin halı xarablaşıb” sözlərini eşidirəm.

Turə – atamın ən kiçik bacısıdır, məni tez-tez kinoya aparan, mənə tez-tez dondurma alan istəkli bibimdir.

Atam otağa keçib paltarını dəyişən vaxt Zübeydə xanımdan soruşuram: “Düzünü deyin, nə olub?”. O, cavab vermir, üzünü tutub ağlayır.

Beş dəqiqədən sonra maşınla şəhərə yola düşürük. Yol boyu heç kəs dinib-danışmır.

Bakıda, evimizin qabağında maşından düşəndə atam anamdan soruşur: – Hər şey qurtarıb?

Anam: – Bilmirəm, Rəsul, bilmirəm, – deyir, – biz bağa getdiyimiz müddətdə hər şey ola bilər.

Hər şey bir neçə saat bundan qabaq, onlar hələ şəhərdəykən bitib, qurtarıb. – Turə keçinib.

Anamgil bağa gələndə bunu bilirmişlər, bu xəbəri atama hələ birbaşa çatdırmadan, onu Bakıya gətirməkçün gəliblər. Evimizə qalxırıq. Çöl qapımız taybatay açıqdır, ev adamla doludur. İlk dəfə yas görürəm, ağlaşma görürəm, xalqın əsrlər boyu yana-yana, göynəyə-göynəyə yaratdığı ələm sözlərin, ağı və oxşamalarını eşidirəm İlk dəfə ömrümə Ölüm daxil olur.

Otaq.

Masa.

Masanın üstündə

bir cənazə.

hansı həyat lövhəsi,

hansı sənət əsəri

var ki…

bir-an içində

çökə, ağır dağ kimi,

insanı birdən əzə

Cənazə sapsarı mum,

Mən bir yanda qurudum.

Bir yanda,

bir yanda da…

Əgər Allah var isə.

külli ixtiyar isə,

ağsaçlı bir ananın

qarşısında diz çöküb

gərək üzr istəyəydi

“Yoxdur,

yoxdur xəbərim,

bu şeytani-ləinin

əməlidir” deyəydi…

..Anamın gəlin qızı!

on ildən artıq olur

bu şeiri başladığım

Yazıb-yazıb pozuram.

Heç qurtara bilmirəm.

Yanıqlı xatirələr

Hey gəlir axın-axın.

Hara qaçım onlardan

Hara, hara bilmirəm!

… ünvanını bilsəydim,

düz yanına gələrdim.

Sən getdiyin yollardan

kim geri qayıdıb, kim…

Bilmirəm ki, tabutun

şamdır, yoxsa arçandır;

Sənin son səfərindir;

bizim səfər haçandır!!

Əlbəttə, on üç yaşlı uşaq ölümdən xəbərsiz ola bilməzdi. Tez-tez evimizin qabağından dəfn mərasimləri keçirdi. Anam qadağan eləsə də eyvana qaçıb maraqla küçəyə baxırdım, bir dəfə hətta açıq tabutda ölü sifəti də görmüşdüm və bu yuxuma girmişdi. “Ölülərə maraq edir cocuqlar” – Nazim Hikmətin bu müşahidəsi çox dəqiqdir.

Dəfnlərdə Şopenin “Matəm marşı” çalınırdı. Nədənsə, körpəlikdə bu marşı yaman sevirəmmiş. Bizdə bu marşın valı varmış – pianoçu Emil Gilelsin ifasında. Özümün, şübhəsiz, yadıma gəlmir, amma atam danışardı ki, balaca olanda – iki-üç yaşında, həmişə bu valı qoydurardın, “Ləsul, ölüm malşını çaldıl” – deyərdin, özün də gəlib oturardın dizimin üstündə, üzünü üzümə qoyub qulaq asardın.

Səkkiz yaşında olanda ölümlə daha yaxından tanış oldum. Atamın dayısı Məhəmmədhüseyn Rzayev 1946-cı ildə vərəmdən vəfat etdi. Onun oğlu, məndən altı yaş böyük Oğuz səhər tezdən bizə gəldi: “Baba (atasına “baba” deyirdi;) keçindi”, hıçqırıb ağladı.

Atam Moskvada idi. O vaxt kinematoqrafiya naziri vəzifəsində işləyirdi. Kino işçiləri ilə birlikdə mən də aeroporta onu qarşılamağa getmişdim.

Həmişə Moskvadan qayıdarkən məni görüb gülümsəyən atam indi üzümə də baxmadı.

Evə gəldik. Otağa daxil oldu, anasını, xalasını, bacılarını gördü və bərkdən hönkürüb ağladı.

Atamı ilk dəfə ağlayan gördüm və kişinin, həm də atamın ağlaması, özü də belə hönkürüb ağlaması ömrüm boyu qulaqlarımda qaldı.

Ancaq, hər halda, bu ölümün təfərrüatı hafizəmdə solğunlaşmışdı. Turənin vəfatı isə ölümün nə qədər yaxın olduğunu beynimə həkk etdi.

Ölüm yaxındadır, “bir əl uzadımındadır”, ən yaxın adamını, səni öpən, əzizləyən, kinoya, gəzməyə aparan bibini birdən-birə, 37 yaşında dünyadan qopara bilər.

… Aydın ilıq bir səhər

şəhərdən gəldi bağa

sevincli, gözəl xəbər.

Elə lap darvazadan

səs gəldi:

Oğlan!

Oğlan!

Sağlıq!

Muştuluq, filan!

Dünən Buzovnada bibimin salamat qurtarması, oğlu olması, təhlükənin sovuşması müjdəsinə sevinmişdik, anam şəhərə, onu görməyə getmişdi, bizim də kefimiz kök, damağımız çağ idi, Mark Tvenin hekayələrinə gülürdük.

Demə, biz Tennessi jurnalistlərinin başıpozuğundan şənlənəndə Turə yazıq artıq dünyayla vidalaşıbmış.

… İndi on bir yaşlı qızım Günel Mark Tvenin həmin hekayələrini oxuyur, uğunub gedir, ayrı-ayrı parçaları təkrar edib gülüşünü, sevincini mənimlə də bölüşmək istəyir. Mən isə bu hekayələrə gülə bilmirəm; Turənin sifəti gəlib durur gözlərim qarşısında.

Amma ölüm insan ömrünə əsl mənasında o vaxt girir ki, onun qorxusunu, xofunu, vahiməsini duyursan.

– Min-min ana içində,

anamı tanıyıram

gözlərimi bağlasalar belə.

Tanıyıram

ayaq basdığı torpağın qoxusundan,

qəlbimə dolub, boşalan

onu itirmək qorxusundan.

Mən bilmirəm anasını itirmək qorxusu atamın ürəyində haçandan yuva salıbmış, amma həmin adamı – yəni atamın anasını – nənəmi, Məryəm xanımı – biz ona atamın, bibilərimin diliylə “Ciji” deyərdik – cijini itirmək qorxusu mənim qəlbimə Turənin vəfatıyla, daxil oldu.

Ömrümdə ilk dəfə olaraq balasını itirmiş ana dərdi gördüm.

Neçə-neçə il keçib

o gündən və bu gündən.

Ürək yüngülləşməyib

bu itkinin yükündən.

Toy da, bayram da olur,

şənlik də, ad günü də.

Ancaq ki, ürəyimdə

damğa yanığı kimi

qalıb sənsiz ananın

“Verin mənim balamı!”

deyən fəryad günü də.

Anamın gəlin qızı!

Turənin yeddisindən, qırxından sonra da nənəmi tez-tez xısın-xısın ağlayan görürdüm, özü də çalışırdı ki, bizim gözlərimizdən yayınsın, bir bucağa çəkilib dərdini tək özü çəksin, heç kimlə bölüşməsin. O da yaxşı yadımdadır ki, nənəm bəzən saatlarla sakit-sakit susur, sonra birdən köksünü ötürüb, heç kəsə müraciət etmədən, öz-özünə: “nə bilim vallah, sən bilən yaxşıdır” – deyirdi.

Çox illər sonra, daxili monoloqun nə demək olduğunu qavramaq istərkən mən nənəmin bu halını xatırlayırdım. Deməli, o saatlarla içəri dünyasında özü-özüylə danışır, danışırmış, fikri qaynayırmış, sonra bu daxili mükalimənin, bu “düşüncələr axınının” nəticəsi, yekunu kimi ah çəkir, içindən gələn bir səslə bərkdən “nə bilim vallah, sən bilən yaxşıdır” deyə Allaha müraciət edir, bu izahsız zərbənin məntiqindən, mənasından baş açmayıb, səbri, təvəkkülü yenə də Tanrının dərgahıyla bağlayırdı.

Nənəmin təngənəfəsliyi vardı, qızının ölümü xəstəliyini şiddətləndirdi və o, sonbeşiyinin fərağına yalnız bircə il dözə bildi. 52-ci ilin yayında mətbəxdə əl-üzünü yuyarkən, birdən elə bil quruyub qaldı. Az qala yıxılacaqdı.

Anamla mən yüyürüb qolundan tutduq. Mənə baxıb gülümsünən kimi oldu, hətta hansı daxili bir qüvvəyləsə əlini azacıq qaldırıb başıma çəkdi, saçımı sığalladı – bu öz iradəsinə tabe olan son hərəkəti idi: nənəmi iflic vurmuşdu.

Bir neçə gündən sonra gözlərini həmişəlik yumdu. Qızının yanında basdırdılar.

Üç ildən sonra o biri nənəmi – anamın diliylə biz də ona Ana deyirdik – itirdik.

Bu ölümlərdən sonra ürəyimdə öz ata-anamı itirmək qorxusu yuva saldı. Elə bil ölümün də yaş növbəsi, ardıcıllıq sırası varmış. Elə bil ki, ürək qorxular üçün darısqaldır, orda yalnız bir, ya iki adamı itirmək qorxusu üçün yer var.

Qəribədir, atamla-anamın vəfatından sonra mən bu qorxunun Günelin qəlbində yuvalandığını görürəm. İlk dəfə yaxın adamlarını – babasını, nənəsini itirmiş qızcığaz – öz valideynləri üçün nigaranlıq keçirir.

1956-cı ildə on səkkiz yaşım tamam oldu, necə deyərlər həddi-buluğa çatdım. Həmin il bir çox mühüm ictimai-siyasi hadisələr baş verdi. Mənə elə gəlir ki, tək mənim deyil, bütün bizim nəslimizin yeniyetməlik çağı məhz bu il qurtardı. 1968-ci ildə gəncliyimiz qurtaran kimi.

1956-cı ildə qurultay keçirildi. Stalin və şəxsiyyətə pərəstiş dövrü haqqında bir çox həqiqətlər aşkara çıxdı. Macarıstan hadisələri bu il cərəyan etdi. A.A.Fadeyev bu ilin mayında intihar etdi. Böyük şair, böyük insan Səməd Vurğun bu il rəhmətə getdi.

Bu il sanki ictimai həyatda müəyyən bir dövr sona yetir, başqa bir dövr başlanırdı.

Bu il ilk dəfə atamın dilindən təsadüfən və ötəri şəkildə qaçırtdığı sözləri eşitdim: “Mənim nə ömrüm qalıb ki, bir il – iki il… ”

Bundan sonra 25 il – əsrin bir çərəyini yaşadı. Və bu 25 ildə onun ölüm haqqında fikirləri də, mənim qorxularım, nigarançılığım, qəlbimin səksəkəsi də ömrümüzə sarmaşıb bizimlə birgə yaşadılar:

Əvəzi Yola saldıq

xəstəliyi: diabet.

Bir gün Mikasız qaldıq

xəstəliyi: diabet.

Su oymuş qaya kimi

uçulur dörd bir yanım.

Bilirəm gec-tez gəlib

çatacaq mənə növbət.

hələlik növbətə var

bir il, bir gün, bir saat.

Yaşamaq istəyirəm,

sənə eşq olsun, həyat!

Düşünürdüm ki, hər şey ola bilər, mən atamdan tez ölə, bilərəm. Bu məni sevindirmirdi, yaşamaq, çox uzun yaşamaq istəyirdim, cavan idim, həyat hərisi, dirilik acıydım, amma məni həmin fikirdə ovudan o idi ki, heç olmasa onun ölümünü görməyəcəyəm.

Kim bilir, bəlkə də zəlzələ, fəlakət, müharibə, maşın, ya təyyarə qəzası hamımızı birdən aparacaqdı. Şübhəsiz, mən neçə-neçə başqa insanın müsibətinə bais olacaq zəlzələ, fəlakət, müharibə, qəza istəyini ömrümdə ağlıma belə gətirməzdim, amma bir gün atamsız qala biləcəyim də mümkünsüz, “dünyasında ola bilməz” bir şey kimi görünürdü mənə.

Yəqin ki, çox adamın uşaqlıq xəyalında yaşayan, bəzən böyüyəndə büsbütün vidalaşmadığı bir xülya – bəlkə bir gün ölümsüzlük dərmanı tapıldı və bizə də qismət oldu – xülyası da şüurumun hansı küncündəsə qıvrılıb qalmışdı.

Atamın xəstəlikləriylə, səhhətinin vəziyyətilə bağlı qorxu elə bil anam sarıdan nigaran olmağa qoymurdu. Bəlkə doğrudan da ürək darısqaldır, iki qorxuyçün, iki narahatlıqçün yer yoxdur orda.

“Anar bala, xoş gördük!

Buralar sağ-salamatlıqdır. Sən necəsən? Zökəmin keçdimi?

Ani bala, ssenarini (“Torpaq. Dəniz. Od. Səma” ssenarisini – A.) oxudum, diqqətlə, aramla. Ümumi təsirdən deməmiş bir neçə qeydimi sənə yetirmək istəyirəm. Ssenarinin bir çox yerində janr xüsusiyyətlərini nəzərə almamısan. Proza yolu ilə getmisən. Doğrudur, kino bütün ədəbi növlərdən ən çox prozaya yaxındır, ancaq eyni deyil, məhz yaxındır. Qayaların təsvirində kompanovka yoxdur. Burda və bütün əsər boyu unutma ki, hər söz, hər cümlə lenta metri, metrləridir…

… Eyni sözləri Kərim kişinin arabada gəlməsi haqqında demək olar. Sən bu epizodda bir boşluq, cansıxıcı ətalət, fərəhsiz həyat mənzərəsi vermək istəmisən. Tapdığın detallar arasında yaxşıları az deyil. Ancaq bütün uzun gəliş səhnəsi, ağaclar, onları əkmək, və sairə artıqdır, kinematoqrafik deyil. Bu səhnə çox sonradan başlaya bilər…

… İndiki halda qocanın ağac əkmək məsələsi təsadüfi olur…

… Azərin Ağca ilə görüşü də uzadılmışdır. Xüsusilə, ritual çox vaxt aparır…

… Nəğmə formasını aydın saxlamaq lazımdır. Bu əsər gərək dörd “тональность”da, dörd rəngdə, ahəngdə, avazda, xal düzümündə yazılmış nəğmələr olsun. Burda gərək torpağın sakitliyi, təmkini, doğmalığı, ayaq altında söykənəcək olduğu və s. göylərin dərinliyi, soyuqluq və tənhalığının insan nəfəsi, insan gözləri ilə isindiyi, əzizləşdiyi, Dənizin əzəməti, suyun həyat mənbəyi olduğu, odun amansız gözəlliyi, yandırıcı, təmizləyici qüdrəti aydın hiss olunsun. Bütün bunlar ümumi və mücərrəddir. Ancaq daxili məna belədir, bunun əyani əvəzliyini, ifadə formasını tapmaq, vermək lazımdır. Bir sıra yerdə bunlar var. Ancaq tapılmamış, fikri yayındıran, əsas ideya və məqsədə xidmət etməyən yerlər çoxdur. Mən səhifələrdə bir çox qeydlər eləmişəm ki, əsasən belə cəhətlərə aiddir.

… Əsərdən ümumi təsirim belədir ki, yaxşı düşünülmüş orijinal bir şeyin konkret ifadəsində tələsmisən. Əsərdə əvvəldən axıra davam edib getməli olan xətt – dörd nəğmənin poetik, fəlsəfi ifadəsi (воплошение) çox yerdə qırılır. Texniki detallar, bıtovoy təfərrüatla dumanlanır, yolundan çıxır. Rəngli boya ilə çəkilmiş lövhələrdə qrafik cizgilər görünür, bəzən fırça ilə çəkilmiş olan kənar xətlər – konturlar, düzçəkən xətt taxtası (линейка) ilə çəkilib. Bu ideal düz xətt əsərin mahiyyətinə uymur, bu xətlərdə olmayan kələ-kötürlük, əyrilik əsərdən qoparılmış canlı bir parça kimi hiss olunmur.

Dialoqlarda mümkün qədər hiss olunmalıdır ki, rusca danışan bu adamlar rus deyillər. Başqa xalqın nümayəndələridirlər. Onların düşüncəsində – dilində ümumi cəhətlərlə bərabər xüsusi ştrixlər də vardır.

Rəsul.

1964”.

1970-ci ildə Moskvaya ikinci dəfə təhsil almağa getmişdim. Rejissor emalatxanasında oxuyurdum.

Bir gün Bakıdan atam zəng elədi, dedi ki, Nigar bir az xəstələnib, qorxulu heç bir şey yoxdur, amma hər halda Moskvaya gətirmək istəyirəm. Elə gümrah səslə danışırdı ki, ta onlar Moskvaya gələnəcən işin nə yerdə olduğunu bilmədim. Hətta Moskvada onları – atamı, anamı, Təranəni vağzalda qarşılayanda da, mehmanxanaya gətirəndə də, anamın həmişə sakit sifətində nigarançılığa əsas verə biləcək bir şey sezmədim.

Yalnız səhərisi gün atam telefonda səsi əsə-əsə: “Nigarın epiqrizi çox pisdir, lap başımı itirmişəm”, – deyəndə təhlükənin nə qədər ciddi olduğunu dərk etdim. İndiyəcən atamdan “lap başımı itirmişəm” sözlərini eşitməmişdim.

Bakıda həkimlər anamda şiş tapmışdılar. Moskvaya, Kaşir şosesindəki onkoloji mərkəzə getməyi məsləhət bilmişdilər. Orada operasiya olunmalıydı.

Anamı xəstəxanaya apardıq, qəbul otağında ona xalat verdilər. Anam fürsət tapıb məni kənara çəkdi:

– Sənin ürəyin daha möhkəmdir, – dedi, – Rəsuldan, Təranədən muğayat ol, qoyma fikir eləsinlər.

Sonra hamımızla öpüşdü, gülə-gülə bizdən ayrıldı. Onun paltarını bizə verən tibb xidmətçisi:

– Ну прошайтесь – dedi, – вы ее больше не увидете. – Elə bil başımızdan qaynar su tökdülər.

Əlbəttə, bunu o mənada deyirdi ki, cərrahiyyə əməliyyatına qədər və əməliyyatdan bir neçə gün sonra (əməliyyat uğurlu keçərsə) xəstəylə görüşmək mümkün olmayacaq. Amma bu sözü elə kobud, elə köntöy dedi ki, uzun zaman özümüzə gələ bilmədik.

Şaxtalı, çovğunlu Moskva qışının erkən axşam qaranlığına çıxdıq.

Sonralar anam bu günlər haqda “Kaşir yolu” adlı silsilə şeirlər yazdı. Amma bu şeirlər Kaşir yolu haqqında yox, bu küçədəki bina haqqında, onun içindəki adamlar haqqında, əlac gözləyən xəstələr və şəfa verən həkimlər haqqında idi. Kaşir yolunun dastanını isə biz – atam, Təranə, mən yaza bilərdik – bu yollarda biz qalmışdıq.

Saat dörddə-beşdə qaralan dekabr axşamlarının cansıxıcı kədəri, havaya sovrulan qarların arasından görünən böyük binanın zəif, solğun işıqlı pəncərələri…

Bu kədərli, məhzun pəncərələrin birinin dalında mənim anam yatır, amansız ehtimallar, dəhşətli fərziyyələr içində operasiya gününü gözləyir.

Bu cərrahiyyə əməliyyatı onu yenidən həyata qaytara bilər. Ya da…

… Yuxuda dünyayla vidalaşırdım,

Dünya gözəl idi, ayrılmaq çətin…

Atam: – Новикова səninlə danışmaq istəyir, – dedi, – ona zəng vur… Mənə düzünü demir, bəlkə sənə dedi.

Professor Lüdmila Alekseyevna Novikova anamı operasiya edəcək cərrah idi.

Novikova mənə:

– Atanız da xəstə adamdır, – dedi, – ona demək düz olmaz, amma siz bilməlisiniz, ananızın ürəyi zəifdir, operasiyaya dözməyə də bilər. Operasiya uğurla keçsə də yalnız kistoloji analizdən sonra qəti demək olar – şiş bədxassəli idi, ya xoşxassəli…

Bütün bunları atama, Təranəyə, Bakıda qalıb hər gün, hər saat bizdən xəbər gözləyən Fidana, başqa qohumlara necə, nə şəkildə deyə bilərdim?

Ömrün xəzan çağındayam,

Təranə,

Payız bağındayam…

Xatirəli günlər

qızıl-qızıl yarpaqlar kimi tökülür,

ömrümün çılpaq budaqlarında

şəfəqli bir ümid gülür.

O sənsən, Təranəm.

o sənsən…

Ruzgarda yaşıl budaq kimi əsən,

O sənsən, Təranə,

o sənsən…

1971-ci il yanvarın 4-də əməliyyat uğurla keçdi, bir neçə gündən sonra kistoloji analizin nəticəsi də məlum oldu – şiş xoşxassəli imiş.

Bir neçə il atamın təşəbbüsüylə bu günü – yanvarın 4-ü anamın yenidən dünyaya gəldiyi gün kimi qeyd elədik.

Bundan neçə il qabaq da həkimlər anamda bu məşum xəstəliyin əlamətlərindən şübhələnmişdilər. Anamın dayısı oğlu, mahir cərrah Səlahəddin Rəfibəyli onda bir mütəxəssis kimi bizdən artıq narahatlıq keçirirmiş. O, bunu bizə ehtimalın yanlış olduğu aydınlaşandan sonra dedi.

1971-ci ilin yanvarında isə anam: “Xərçəng iki dəfə mənə hücum çəkib, bir, şey eləyə bilməyib, – dedi, – Allah üçüncüsündən saxlasın”.

Xərçəng üçüncü hücumunda onu apardı, amma anam özü bilmədi, bilmədi ki, xəstəliyi həmin o gülüb zarafata saldığı amansız, qəddar, əlacsız azardır.

“Anar bala, xoş gördük.

Sənin əlvan məktubunu güc bəla oxudum, təxminən sən mənim məktublarımı oxuyan kimi.

Tural xanın əməlləri hələ ilk başlanğıc dövründədir, (oğlum Turalın onda bir yaşı vardı – A.) qoy bir az dil açsın, onda sənin Nigara və mənə tutduğun divanın “nədir”, “niyə”lərin hayıfını səndən çıxacaq.

Buralarda üç gün dəhşətli istilər oldu 38-40°. Sonra da başladı yağış, soyuq. Bu gün bir balaca gözümüzü açmışıq…

… Bu gün Ağadadaş Qurbanovun dəfninə getmişdim. Salyanda mehmanxananın eyvanı uçub, bu bədbəxt, qızı və üç nəfər başqa adam yıxılıblar. Bir oğlan uşağı tamam salamat qurtarıb. Qalanlar yaralanıb, bir qolu sınanlar olub, bu zavallı bərk zədələnib, gecə xəstəxanada operasiya zamanı keçinib. Fəxri xiyabanda basdırdılar. (Bu Fəxri xiyaban da eybəcər bir anaxronizm heykəlidir. Ölüləri yaxşıya, pisə bölmə nə qədər mənasız və kobud bir işdir).

Rəsul.

24/VII.65”.

* * *

1973-cü ilin sentyabrında atamla bir yerdə Moskvaya Nəsimi yubileyinə getdik.

Bu illər ailəmiz üçün çətin vaxtlar idi – bizə çox əziz olan üç adam – atamın əmisinin və xalasının oğlu Niyazi Məmmədxanlı, Fidanın qaynatası Süleyman Vəzirov və atamın o zaman həyatda olan dostlarından ən yaxını Cəfər Cəfərov ağır, ümidsiz xəstə idilər.

Ənvər Məmmədxanlının kiçik qardaşı Niyazinin başı çox bəlalar çəkmişdi. Davanın ilk günlərindən 26 yaşındaykən cəbhəyə getmiş, Sevastopolun odundan-alovundan keçmiş, əsir düşmüş, faşist zindanlarında olmazın əzab-əziyyətlər çəkmişdi. Bir dəfə mənə: “Aclığın bütün növlərinə bələd oldum, – dedi, – ən ağır şəkli dilinə bir qırıq çörək vurub ac qalmaqdır, amma ac qalmaq ondan asandır”. Müharibə illərində evlərinə qara kağızı gəlmişdi, yasını saxlamışdılar. Qələbədən sonra qayıtdı, bir neçə ay ailəsinə qovuşandan sonra Sibirə sürgün edildi. Stalin dövrü qurtarandan sonra Bakıya qayıtdı, öz ixtisası üzrə – neft mühəndisi işlədi. Subay idi, evlənmədi də… Binədən qara yazılmış bəxti ömür möhlətini çox qısa müəyyənləşdiribmiş. Diaqnozu qəti və amansız idi.

Təqribən həmin vaxtlarda əlacsız xəstəlik Süleyman Vəzirovun da, Cəfər Cəfərovun da hökmünü vermişdi.

Cəfər Cəfərov bir neçə il Mərkəzi Komitəmin katibi işlədikdən sonra, 1971-ci ildə vəzifəsindən azad edilmişdi. O, işdən çıxarıldıqdan sonra tez-tez evlərinə gedərdim, uzun-uzun söhbətlər edərdik. Bir dəfə dedi: “Ömrüm boyu başıma çox işlər gəlib, amma heç vaxt indiki kimi bədbinləşməmişəm. Yəqin ki, bu yaş xüsusiyyətimlə əlaqədardır. Əvvəllər belə sarsıntılardan sonra dərhal özümü toplayırdım, çalışmaq, işləmək əzmim qat-qat artırdı, bilirdim ki, bir müddət keçəcək yenə fəal ictimai mövqe tutacam. Amma bu səfər heç bir ümidim yoxdur”…

C.Cəfərov işləri təzə təyin olunmuş katibə təhvil verəndə D.P.Quliyev: “Cəfər müəllim, o qədər təriflədiniz məni ki, gətirib sizin yerinizə qoydular,” – deyib.

Danil Piriyeviç Quliyevin ideoloji işlər üzrə katib təyin olunmasıyla bir çox məsələlər dəyişdi. Ensiklopediyaya və “Qobustan”a hücumlar başladı.

“Qobustan”a, yaxud mənə qarşı hücumlar “Kommunist” qəzetindən “Kirpi” jurnalınacan müxtəlif mətbuat səhifələrini bəzəyirdilər. Müxtəlif müşavirələrdəki çıxışları, başqa “şifahi janrları” hələ demirəm.

Budur, D.P.Quliyev yoldaşın kabinetindəyik. Məni və iki nəfər görkəmli filosof-alimi çağırıb. “Qobustan”ın təzə-köhnə nömrələrini onların qabağına qoyub, onların mötəbər rəyini soruşur.

Alimlərdən biri başını tutub:

– Vay, vay, vay, Danil Piriyeviç, bir görün burda nə yazıblar, – deyir, – yazıblar ki, Şuşada Pənah xana abidə qoymaq lazımdır.

D.Quliyev:

– Yox əşi – deyir, – yoldaş Anar, bəs siz buna necə yol vermisiniz?

– Moskvada bu şəhərin əsasını qoyan knyaz Yuri Dolqorukinin, Leninqradda Peterburqun əsasını qoyan çar Pyotrun, Tbilisidə Tiflisin əsasını qoyan Vaxtanq Qorqasilinin abidələri var, – deyirəm, – Şuşada, bu şəhərin binəsini qoyan Pənah xana heykəl ucaltmaq təklifində nə qəbahət var ki?

İkinci adam:

– Danil Piriyeviç, özü də görün bu təklifi kim verir? Elturan!

– Elturan kimdir ki?

– Bilmirəm kimdir, amma bu adamın adı Elturandır. Elturan bilirsiniz də nə deməkdir: yəni Turan eli – pantürkistlərin xülyası…

D.Quliyev məzəmmətlə başını bulayır, mənə baxır.

– Axı, mən bu adama necə deyim ki, adını dəyişsin? – deyirəm.

On il sonra, 1982-ci ildə H.Ə.Əliyev yoldaşla birlikdə Şuşada Vaqifin məqbərəsinin açılışına gedənlər arasında mən də vardım. Qonaqları şəhərin mədəniyyət abidələriylə tanış edirdilər. Qədim qala divarları üzərində Pənah xanın şəkli çəkilmişdi. “Qobustan”ın on il əvvəl verdiyi təklif həyata keçmişdi, düzdü başqa janrda, heykəl yox, şəkil (əfsus ki, bayağı və zövqsüz şəkil) janrında. Onu da deyim ki, qonaqlara izahat verən həmin o memar Elturan Avalov idi – adını dəyişib eləməmişdi. Onu da deyim ki, D.P.Quliyev çoxdandı ki, katib deyildi…

O vaxt katibin kabinetində isə filosof-alimlərin rəyləri diqqətlə dinlənilir və tam ciddiyyətlə qəbul edilirdi. Hər yerdə, hər sözdə “pantürkizm” axtarırdılar. “Qobustan”ın üz qabığındakı “toplu” sözündən, ensiklopediyada bu ya digər istilaha verilən işarələrin sayına qədər. Anamın bu zamanlar çıxmış Türkiyə haqqında yol xatirələri də ailəmizin “türkpərəstliyinə” yeni bir “sübut” olmuşdu. Yalnız “türkçülük” yox, başqa günahlarımız da damğalanırdı.


Страницы книги >> Предыдущая | 1 2 3 4 5 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации