Электронная библиотека » Andre Klot » » онлайн чтение - страница 3

Текст книги "Fateh Sultan Mehmed"


  • Текст добавлен: 19 декабря 2022, 09:00


Автор книги: Andre Klot


Жанр: Биографии и Мемуары, Публицистика


Возрастные ограничения: +12

сообщить о неприемлемом содержимом

Текущая страница: 3 (всего у книги 10 страниц) [доступный отрывок для чтения: 3 страниц]

Шрифт:
- 100% +

II Mehmed Baltaoğluna qəzəblənir

Aprelin 12-dən başlayaraq qala divarları, nəhayət ki, top atəşinə tutulmağa başladı. Atəş gecə-gündüz davam edirdi. Bir çox mazqallar, qüllələr, bürclər dağılsa da, divarlarda əsgərlərin içəri keçə biləcəyi böyüklükdə deşiklər açmaq alınmırdı. Belədə, macar əsilli bir nəfərin tövsiyəsi ilə eyni nöqtəni vurmaq əvəzinə, həmin nöqtənin ətraflarını atəşə tutmağa başladılar. Nəticədə vəziyyət dəyişdi. Şəhər müdafiəçiləri işlərini-güclərini atıb ağac parçaları və torpaq dolu çəlləklərlə divar deşiklərini bağlamağa girişdilər. Eyni zamanda bir neçə dəfə qaladan çıxıb kiçik hücumlarla Osmanlı ordusunun diqqətini yayındırmağa çalışsalar da, uğursuzluğa düçar oldular və məhv edildilər.

Bunun ardınca II Mehmed Konstantinopoldan təxminən on kilometr uzaqda yerləşən Tarabya qalasına hücuma keçdi. Sultanın niyyəti Bizans döyüşçülərində daha böyük təşviş yaratmaq və müqavimətin mənasızlığını başa salmaq idi. Qala ələ keçirildi, onun 40 nəfər müdafiəçisi isə qətlə yetirildi. Daha sonra Studion qalası tutuldu. Bu zaman Baltaoğlu isə Mərmərə dənizindəki Böyükadanı ələ keçirmişdi.

Konstantinopol müdafiəçiləri vəziyyətlərinin çıxılmaz olduğunun fərqindəydilər, lakin Osmanlı ordusuna qarşı dirəşməyə davam edirdilər. Beləcə, bir həftə keçdi. Qala divarları ciddi zərər görmüş, Sent-Roman kilsəsi yıxılmışdı. Buna baxmayaraq, bizanslılar hətta II Mehmedi heyrətləndirəcək qədər cəld, çevik tərpənib qala divarlarının daha çox zərər görən yerlərini təmir etməyi bacarmışdılar. İşi belə görən osmanlılar üç qat dəriylə örtülmüş, qala divarlarından bir qədər hündür ağac qüllə düzəltdilər. Onu şəhərə daxil olmaq üçün qala divarına yaxınlaşdırdılar. Lakin bizanslılar elə həmin gecə qülləyə od vurub yandırdılar.

Aprelin 18-də II Mehmed səhər tezdən şəhər qapılarına hücum əmri verdi. Azaplar1111
  Azap – Osmanlı ordusunda piyada əsgər. Azap dəstələri daha çox evlənməmiş, subay gənclərdən könüllülük prinsipilə təşkil edilirdi.


[Закрыть]
kərənay və nağara sədaları altında nərə çəkərək qala divarlarının qarşısında qazılmış müdafiə xəndəklərini aşdılar. Qapılara od vuruldu. Hündür nərdivanlarla divara dırmaşan Osmanlı əsgərləri şəhərin mühafizəçilərinə ox və mərmi yağdırır, uzun nizələrinin ucuna qarmaq bağlayıb onların müdafiə sığınacaqlarını uçurur, yandırırdılar. Həmin günkü toqquşma axşamadək davam etdi. Lakin Konstantinopola daxil olmaq yenə alınmadı.

Belədə II Mehmed hücumun miqyasını genişləndirmək qərarına gəldi. O, qarşı tərəfdə əsgər sayının az olduğundan xəbərdardı. Bu səbəblə də XI Kostantinin həm dənizdə, həm də quruda eyni vaxtda savaşa bilməyəcəyini düşünürdü. Deməli, şəhərə Haliç tərəfdən də hücum etmək zərurəti yaranırdı. Sultan dərhal Baltaoğluna əmr yollayıb ondan Haliçin girişini kəsən Bizans döyüş gəmilərinə basqın etməyi və zəncirləri qırıb atmağı tapşırdı. Lakin əmrin icrası uğursuzluqla nəticələndi. Bu zaman II Mehmed Haliçin girişində lövbər atmış gəmilərə atəş aça biləcək toplar tökdürməyə qərar verdi. Elə sultanın özünün çəkdiyi çertyoj əsasında ustalar tezliklə topu hazır vəziyyətə gətirdilər. İlk atəşdən sonra düşmən gəmilərindən biri ikiyə bölündü. Lakin bu dəfə də bizanslılar başqa yol tapdılar: gəmilərini top mərmilərinin çatmayacağı uzaqlığa çəkdilər.

Aprelin 20-də Boğazda üç Genuya gəmisi, bir də üstündə Bizans bayrağı olan başqa bir gəmi göründü. Külək kəsdiyindən gəmilər dayanmağa məcbur olmuşdular. Osmanlı sultanı məsələdən hali olan kimi Baltaoğluna əmr göndərdi: «Bu düşmən gəmilərini ələ keçirməyincə geri qayıtma!»

Baltaoğlu dərhal hərəkətə keçdi. Tarixin ən amansız dəniz döyüşlərindən biri başladı. Osmanlı donanmasının ardı-arası kəsilmir, mütəmadi olaraq köməyə əlavə qüvvələr gəlirdi. Döyüşün uzandığından xristianlar ümidsizliyə qapılmışdı. Elə bu vaxt birdən-birə güclü bir külək qopdu. Küləyin şişirtdiyi yelkənlər düşmən gəmilərini hərəkətə gətirdi. Onlar sürətlə Haliçin girişinə qədər irəliləyərək böyük bir fəlakətdən qurtuldular.

Sultan II Mehmed həmin vaxt at belində, sahildə dayanmışdı, vuruşmanı izləyirdi. Həyəcanlı və sevincli görünürdü. Donanmasının düşmən gəmilərini ələ keçirəcəyinə inanırdı. Külək qalxdığını görəndə qan beyninə vurdu, hirsindən yanıb-yaxıldı. Bir söz demədən atını qırmanclayıb geri döndü. Həmin döyüşdə genuyalılar və bizanslılar otuza yaxın adam itirmişdilər. Osmanlı ordusunda isə yüzlərlə ölü və yaralı vardı. Baltaoğlu da yaralılar arasındaydı, gözündən vurulmuşdu.

II Mehmedin qəzəbi dinmək bilmirdi. Baltaoğlu son iki döyüşdə qarşı tərəflə müqayisədə qat-qat güclü donanmaya sahib olmasına baxmayaraq düşmən qarşısında aciz qalmışdı. Əsəbindən dişi bağırsağını kəsən sultan donanma rəhbərini xəyanətdə suçladı və ona «Başını öz əlimlə kəsəcəyəm!» dedi. Sonra isə əlinə dəyənək alıb Baltaoğlunu döyməyə başladı. Ətrafındakıların yalvarışları olmasaydı, bəlkə də, «Kapitanı-dərya»nı1212
  Kapitanı-Dərya – Osmanlı dövlətində donanma başçılarına verilən ad


[Закрыть]
öldürəcəkdi.

Axırda Baltaoğlunu vəzifəsindən azad edən gənc sultan onun yerinə Həmzə bəyi təyin etdi. Həmzə bəy I Mehmedin sədr-əzəmlərindən olmuş Amasyalı Bəyazid paşanın qardaşı idi.

Aradan bir az keçmiş II Mehmed öz ağıllı məsləhətləri ilə Osmanlı ordusuna dəstək verən Şeyx Ağşəmsəddindən qəribə bir məktub aldı. Ağşəmsəddin sayılıb-seçilən din adamıydı. Eyni zamanda bir çox elmlərlə məşğul idi, dərin biliyə və böyük təcrübəyə sahib idi. Tarixdə II Mehmedin müəllimi olaraq da tanınır.

Şeyx Ağşəmsəddin tələbəsinə məktubunda hücum əmrlərinin yerinə yetirilməsi, döyüş mövqelərinin düzgün seçilməsi ilə bağlı ciddi əskikliklər olduğunu bildirir, buna görə məsuliyyət daşıyanların niyə mühakimə edilmədiyini soruşurdu. Eyni zamanda əsgərlərə şəhəri ələ keçirəcəkləri təqdirdə talanlara icazə veriləcəyini elan etməyi məsləhət görürdü. Yazırdı ki, belədə onlar daha böyük şövq və şücaətlə Konstantinopol üzərinə yeriyəcəklər. «Əlbəttə, külli-ixtiyar Ulu Tanrının əlindədir. Lakin siz də zəfər qazanmaq üçün hər şeyi eləməlisiniz» – o yazırdı.

Şeyx Ağşəmsəddinin tövsiyələri, yəqin ki, gənc sultanın beyninə batmışdı. Odur ki, son hücumdan bir gün öncə əsgərlərinə şəhəri üç gün boyu yağmalamağa izin verəcəyini bildirəcəkdi…

Gəmilərin qurudan yeridilməsi

Osmanlılar dəniz döyüşlərində özlərini qurudakı qədər rahat və güclü hiss eləmirdilər. Bu səbəbdən o zamanlar belə bir məşhur söz də yaranmışdı: «Tanrı qurunun hökmdarlığını türklərə, dənizlərin hökmdarlığını isə kafirlərə verib». Lakin vaxt gələcəkdi ki, «Qanuni» ləqəbli Osmanlı sultanı Süleyman nəinki quruda, «Barbarossa» (italyan dilindən tərcümədə «qırmızı saqqal» deməkdir) ləqəbli Xeyrəddin paşa1313
  Xeyrəddin Paşa – Osmanlı tarixinin ən məşhur dənizçilərindən biri və donanma başçısı və Osmanlı dövlətinin paşa rütbəsi almış ilk dəniz komandanıdır.


[Закрыть]
sayəsində Aralıq dənizində belə hökm edəcəkdi…

Hələliksə, II Mehmed belə bir ağıllı, cəsur, məharətli donanma başçısından məhrum idi və bu gənc sultanı narahat edir, düşündürürdü. O bilirdi ki, Osmanlının ən önəmli əskiklərindən biri dəniz müharibələrində təcrübəsizliyidir. Əslində Baltaoğluna son anda mərhəmət göstərməsinin bir səbəbi də bu idi. Bütün məsuliyyəti sadəcə «Kapitanı-dərya»nın üzərinə yükləmək nə qədər doğrudur?

Lakin bir həqiqət də dəyişməz olaraq qalırdı: Konstantinopol üzərinə müdafiəsi zəif təşkil olunmuş Haliç istiqamətindən hücuma keçmək ən doğru yol idi. Buna görə də öncə onu ələ keçirmək lazım idi. Osmanlı donanmasının qarşısını dəniz tərəfdən zəncirlər və xristian gəmiləri kəsdiyindən Haliçə ancaq qurudan girmək mümkündü. Bəs bunu necə etməli?

Çox götür-qoydan sonra II Mehmed dünya tarixinin ən ağlasığmaz qərarlarından birinə imza atdı: hərbi gəmilərindən bir qismini quru yolla Haliçə keçirmək fikrinə düşdü! Özü də arada nə az, nə çox, düz dörd kilometr yarımlıq məsafə olduğu halda! Lakin gənc sultanın niyyəti qəti idi. O, çoxsaylı döyüşçünü bu dörd kilometr yarımlıq məsafəni təmizləmək üçün səfərbər etdi. Saysız-hesabsız əsgər ərazidəki çala-çuxurları doldurdular, ağacları kəsdilər. Ardınca kəsilmiş ağacları bir-birinə möhkəm bağlayıb şpal şəklində düzdülər və genuyalılardan alınmış yağlar vasitəsilə sürüşkən hala gətirdilər. Yeri gəlmişkən, Konstantinopolun fəthi zamanı genuyalılar gah bizanslılara, gah osmanlılara kömək edirdilər.

Daha sonra gəmiləri quruda yeritməyə – atlara, öküzlərə qoşub həmin şpalların üzəri ilə Pera təpələrinə qədər çəkməyə başladılar. Ardınca yetmiş iki ədəd iki kürəkli gəmi bir neçə böyük gəmidən ibarət donanmanı həmin yüksəklikdən aşağı endirdilər. Şahidlərin sonralar yazdığına görə, gəmilər sanki dənizdəymiş kimi hərəkət edirdilər.

Qala divarlarının üstündəki bizanslılar heyrət içində idilər: onlar gözlərinə inana bilmir, qarşılarındakı mənzərəni təəccüb və çarəsizlik içində izləyirdilər!

Artıq qala divarlarının ən zəif yerləri osmanlıların aramsız atəşi altındaydı. Bizanslılar vəziyyətdən çıxış yolunu rəqib donanmasına od vurmaqda gördülər. İtalyan kadırğalarından birinin kapitanı Giakomo Koko könüllü olaraq komandanlığı öz üzərinə götürdü. Aprelin 28-də səhər tezdən iki gəmi yun və pambıqla yükləndi. Bununla yanaşı, içərisində barıt və digər partlayıcı, eləcə də alışqan maddələr olan üç kiçik gəmi limandan ayrıldı. Koko digər gəmiləri gözləmədən hücuma keçdi. Bir neçə dəqiqədən sonra qulaqbatırıcı gurultu qopdu. Giakomonun kadırğasına mərmi düşmüşdü. O, təxminən min döyüşçüylə bərabər sularda qərq oldu. Digər kadırğa da zədələndi, ancaq batmadı. Bu vaxt osmanlılar əks-hücuma keçib iki xristian gəmisini əsir almağa çalışdılar. Döyüş iki saat çəkdi. Xristianlar səksən əsgər və bir gəmi, osmanlılar isə kiçik bir gəmi itirdilər.

Bizanslıların türk donanmasına od vurmaq planı acınacaqlı nəticələnmişdi. Bu daxili mübahisələrə gətirib çıxardı. Fiaskoya görə məsuliyyəti genuyalılarla venesiyalılar bir-birinin üstünə atırdılar. Axırda az qala əlbəyaxa oldular. XI Konstantinin səbri daraldı və dedi: «Bəsdir! Başımıza gələnlər az deyilmiş kimi, bir də siz öz aranızda qırğına çıxmayın!»

Bu zaman artıq Haliçə daxil olmağı bacarmış gənc sultan qazandığı uğurun davamını gətirmək üçün dayanmadan çalışırdı. O, Konstantinopolun mühasirəsini tamamlamaq məqsədilə indiki Balat ilə Kasımpaşa istiqamətləri arasında körpü qurdurdu. Bu körpü gəmilər və taxta çəlləklər bir-birinə birləşdirilərək qurulmuşdu. Uzunluğu 500, eni isə 4,5 metr idi. Üstündən beş atlı yanaşı keçə bilirdi. Məqsəd Haliç limanı vasitəsilə qarşı sahillər arasında əlaqəni gücləndirməkdi.

İndi Osmanlı ordusu bir yandan, donanması isə digər yandan Konstantinopolu məngənə kimi sıxırdı. Bizanslıların əli hər yerdən üzülmüşdü, onlar artıq çarəni göydə axtarır, dualardan mədəd umurdular. Konstantinopolu aclıq və qıtlıq bürüməkdəydi. Şəhər əhalisinin təlaşı getdikcə artırdı. Osmanlılara qarşı müqavimətin mənasızlığını anlayanların, döyüşmək istəməyənlərin sayı çoxalır, yalnız bir ovuc insan hələ də dirəşməyə davam edirdi. Həmin günlərlə bağlı tarixçi Xioslu Leonard belə yazırdı: «Çox heyif! Siz, ey məsuliyyətini unudan, yalnız var-dövlət düşkünü olan bizanslılar! İmperatorumuz çarəsizlik içindədi… Yeni hərbi birliklər yaratmaq üçün göz yaşı tökə-tökə sizdən pul istədi. Lakin yoxsul olduğunuzu, qara qəpiyinizin qalmadığını deyib boyun qaçırdınız. Ancaq düşmən Konstantinopolu tutanda nə qədər zəngin olduğunuz üzə çıxdı…».

Deyilənə görə, qala divarlarının təmiri üçün toplanan 70 min qızıl pul iki rahibə verilmiş, onlar isə həmin pulları gizlətmişdilər. Həmin pullar sonradan osmanlılar tərəfindən tapılaraq yağmalandı.

Bu arada latınlarla bizanslılar arasında ixtilaf da dərinləşirdi. Onların yüz illərdir davam edən məzhəb qarşıdurması pik həddə çatmış, açıq düşmənçiliyə çevrilmişdi. Buna baxmayaraq, XI Konstantin hələ də Avropadan yardım alacağına ümid bəsləyirdi. Elə həmin günlərdə II Mehmedə bir xristian donanmasının Konstantinopola yaxınlaşdığı xəbəri çatdı. Bu xəbəri kimin çıxardığı bəlli deyil, lakin ağ yalan olduğu tezliklə təsdiqini tapdı. Çox keçmədən Yanoş Hunyadinin də bizanslılara kömək üçün yürüşə hazırlaşdığı barədə xəbər yayıldı. lakin o da təsdiqini tapmadı. Görünür, kimlərsə gənc sultanı hələ də Konstantinopolun fəthi fikrindən daşındıracağına inanırdı…

Gənc sultan hər şeyin fərqindəydi, ancaq indi onu yalnız öz arzusuna çatmaq düşündürürdü. İndi təxribatçılarla və xainlərlə haqq-hesab çəkmək vaxtı deyildi.

Nəhayət, XI Konstantin Avropa ölkələrinin yardımından əlini tamam üzdü. Yaxın ətrafı ona Konstantinopolu tərk etməyi, Moreya və ya Albaniyaya üz tutmağı məsləhət görürdü. İmperatora təklif edilirdi ki, paytaxtı yenidən ələ keçirmək üçün oralarda, bəlkə də, lazımi qüvvə toplaya bilər. Hətta genuyalı sərkərdə Yustinian dedi ki, imperatorun təhlükəsiz şəkildə çıxıb gedə bilməsi üçün sərəncamındakı döyüş gəmilərini XI Konstantinin ixtiyarına verir. İmperator susdu, bir müddət düşündü. Nəhayət, qətiyyətli bir səslə dilləndi: «Tanrının kilsələrini, rahibləri, bu gözəl şəhəri və onun əhalisini necə tərk edə bilərəm? Xeyr, dostlarım, sizinlə birlikdə qalacağam!»

Mayın 7-də və 12-də Osmanlı ordusu Konstantinopolu fəth edə bilmək üçün daha iki hücum gerçəkləşdirdilər. Xüsusilə ikinci hücum daha genişmiqyaslı idi: 50 min döyüşçü davulların sədası altında, «Allah, Allah!» nidaları ilə düşmən üstünə yürüdü. Lakin bu dəfə də istənilən nəticə əldə edilmədi.

Bu arada Osmanlı ordusuna Anadoludan yeni birliklər qoşulur, əlavə qüvvələr gəldikcə əsgərlərin əhval-ruhiyyəsi daha da yüksəlirdi. Silah-sursat cəhətdən ordunun heç bir korluğu yoxdu. Sərkərdələr təcrübəli və ağıllı idilər.

Mayın 26-da II Mehmed vəzir-vəkilini, sərkərdələrini, ağsaqqalları və bəyləri, yüksək rütbəli əsgərləri məşvərətə çağırdı. Çandarlı Xəlil paşa bu dəfə də bizanslılarla ixtilafa son qoyulması və mühasirənin qaldırılması zərurətindən danışdı: «Əgər Konstantiniyyəni alsaq, bütün xristianlar bizə qarşı birləşəcəklər. Bu isə xanədan üçün yaxşı nəticələr doğurmayacaq. Doğru olan odur ki, Boğazı tərk edib bizi gözləyən fəlakətdən canımızı qurtaraq» – sədr-əzəm dedi.

Zağanos paşa isə növbəti dəfə qətiyyətli şəkildə bunun əleyhinə çıxdı: «Bir yolumuz var – dərhal hücuma keçmək!» Ardınca da əlavə elədi: «Xristianlar bölünmüş vəziyyətdir, qarşımızda tab gətirə bilməzlər. Avropadan Bizansa heç bir kömək gəlməyəcək. Gəlsə belə, ordumuz onlarınkından daha güclü və böyükdür. Bəyəm İsgəndər bizimkindən də kiçik bir orduyla dünyanı fəth etmədimi?!»

Bir sözlə, yenidən ikitirəlik yarandı. Konstantinopolun fəthi tərəfdarları ilə əleyhdarları öz mövqelərini əsaslandırmaq üçün müxtəlif arqumentlərlə çıxış edirdilər.

II Mehmed artıq son qərarı vermək zamanının yetişdiyini başa düşürdü. Bu onun və sultanı olduğu dövlətin gələcəyi üçün həlledici qərar olacaqdı. Gənc hökmdar fikrini qətiləşdirdi: Konstantinopolun fəthi qaçılmazdır, vəssalam! Sultan üzünü məşvərətə toplaşanlara tutub alovlu bir nitq söylədi: «Bu müharibədən qalib çıxacağımız təqdirdə bizi misilsiz bir var-dövlət gözləyir. Konstantinopol bitmək, tükənmək bilməyən zənginliyə sahibdir. Onu fəth edin və sərvətlərinə sahib olun. Lakin bunu da unutmayın ki, Konstantinopolu fəth etməklə siz təkcə misilsiz bir qənimət əldə etməyəcəksiniz, eyni zamanda dünyanın ən məşhur, ən gözəl şəhərlərindən birinin fatehi kimi adınızı tarixə qızıl hərflərlə yazdıracaqsınız! Konstantinopol alınmaz, məğlubedilməz deyil. Artıq onun divarları laxlamaqdadır. Qala qarnizonunda az sayda adam var və əsla sizə müqavimət göstərmək iqtidarında deyillər. Hər qülləni vur-tut iki, ya üç əsgər qoruyur. Onlar da gəlmələrdir və məqsədləri döyüşmək deyil, muzdlarını alıb aradan çıxmaqdı. Əmin olun ki, güclü sel kimi üstlərinə getdiyimizi görsələr, silahlarını atıb qaçacaqlar. Zəfər bizimdir! Biz Konstantiniyyəni alacağıq!»

II Mehmed bir daha əsgərlərə üç gün boyunca talana icazə verəcəyini deyib sərkərdələrinə son döyüş üçün tapşırıqlar verdi. Axırda da dedi: «İndi isə çadırlarınıza gedin və dincəlin!»

Bundan sonra gənc sultan çadırından çıxdı, atına mindi. Mühafizəçiləri ilə birlikdə ordusunun bütün mövqelərini gözdən keçirdi. Əsgərlərin əhval-ruhiyyəsini öyrəndi. Ardınca çadırına çəkildi.

Konstantinopolun müdafiəçiləri həmin vaxt qala divarları üzərindən osmanlıların düşərgəsində yaşananları təqib edirdilər. Aydınca görürdülər ki, həlledici hücum üçün hazırlıqlar başlayıb. Bəzi salnaməçilərin yazdığına görə, sayı iki minə çatan böyük nərdivanlar qala divarları boyu düzülmüşdü. İşi belə görən bizanslıların təlaşı, əndişəsi daha da artmışdı.

İmperator XI Konstantin də şəhərin aqibətini müəyyənləşdirəcək savaşa az qaldığının fərqindədir. Odur ki Aya Sofyaya getdi. Bura toplaşanların xeyir-duasını aldı, kimin xətr

Внимание! Это не конец книги.

Если начало книги вам понравилось, то полную версию можно приобрести у нашего партнёра - распространителя легального контента. Поддержите автора!

Страницы книги >> Предыдущая | 1 2 3
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации